Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 194
Mart 2016-cı il
***
Koçerov (Kocherov) və Sergeyeva (Sergeyeva) Rusiyaya qarşı – ərizə № 16899/13
29.3.2016 tarixli qərar [III Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət hüququ
Yüngül dərəcədə əqli çatışmazlığı olan atanın kifayət qədər əsaslı səbəb göstərilmədən valideynlik hüququnun məhdudlaşdırılması: pozuntu baş verib
Faktlar – Yüngül dərəcədə əqli çatışmazlığı olan birinci ərizəçi 1983-cü ildən 2012-ci ilədək psixonevroloji internatda yaşamışdı. 2007-ci ildə onun və həmin internatın digər sakininin qızı, yəni ikinci ərizəçi dünyaya gəldi. Uşaq doğulduqdan sonra birinci ərizəçinin razılığı ilə uşaq evinə yerləşdirildi və bir neçə il orada qaldı. 2012-ci ildə birinci ərizəçi internatdan buraxıldı və ikinci ərizəçini öz himayəsinə götürmək istədiyini bildirdi. Lakin daxili məhkəmələr onun uşaq üzərində valideynlik hüququnu məhdudlaşdırdılar. Beləliklə, ikinci ərizəçi uşaq evində qaldı, amma bununla belə, birinci ərizəçinin onunla mütəmadi əlaqə saxlamasına icazə verildi. 2013-cü ildə o, valideynlik hüququnun məhdudlaşdırılmasının ləğvinə nail oldu və ikinci ərizəçi onunla birlikdə yaşamaq üçün onun yanına köçdü.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçilər şikayət etdilər ki, birinci ərizəçinin valideynlik hüququnun məhdudlaşdırılması nəticəsində onların qovuşması bir ilə təxirə salınıb ki, bu da Konvensiyanın 8-ci maddəsinin pozuntusudur.
Hüquqi məsələlər – Maddə 8: Məhkəmə ilk növbədə qeyd etdi ki, baxmayaraq ki, birinci ərizəçinin uşaq üzərində valideynlik hüququnun məhdudlaşdırılması ərizəçilərin bir-birindən ayrılması ilə nəticələnməmişdi və ya birinci ərizəçinin uşaqla görüş hüquqlarına təsir göstərməmişdi və müvəqqəti xarakter daşıyırdı, hər halda onların ailə həyatına müdaxilə təşkil edirdi.
Daxili məhkəmələrin qərarı bir sıra səbəblərə əsaslanmışdı: uşaq ilə valideynləri arasında iddia edilən ünsiyyət çətinlikləri; birinci ərizəçinin uzun müddət internatda yaşaması; uşaq tərbiyəsi sahəsində yetərli bacarıqlara malik olmaması; əqli qüsurunun olması; uşağın anasının fəaliyyət qabiliyyətinə malik olmaması; və birinci ərizəçinin maddi vəziyyəti. Bu mülahizələr bu işdə ziddiyyətə girən maraqlar arasında balansın gözlənilməsi məqsədi üçün əhəmiyyətli görünsə də, Məhkəmə onların yetərli sübutlara əsaslandığına şübhə ilə yanaşdı.
Daxili məhkəmələr tərəfindən iddia edilən ünsiyyət çətinlikləri ilə bağlı həmin məhkəmələrin sərəncamında olan sübutlar bir-birinə zidd idi. Açıq-aydın bir-birinə zidd olan bu cür sübutlarla üzləşmiş daxili məhkəmələr uşağın psixoloji və emosional durumunu və atasına münasibətini müəyyənləşdirmək üçün uşağın hərtərəfli və müstəqil psixiatriya ekspertizasından keçirilməsi barədə göstəriş verə bilərdilər, amma bunu etməmişdilər. Beləliklə, Məhkəmə bu faktın daxili məhkəmələrdə inandırıcı şəkildə sübut edildiyinə əmin deyil ki, qızın atasının himayəsinə verilməsi uşaq üçün daha bir il uşaq evində qalmasını zəruri edən dərəcədə ağrılı ola bilərdi.
Birinci ərizəçinin uşaq tərbiyə etmək üçün yetərli bacarıqlara malik olmadığı barədə iddiaya gəlincə, çətin ki, bu hal özü-özlüyündə valideynlik hüququnu məhdudlaşdırmaq və ya uşağı uşaq evində saxlamaq üçün qanuni əsas sayıla bilərdi. Bundan başqa, psixiatriya ekspertizasının rəyi və uşaq evinin arayışları təsdiq edirdi ki, birinci ərizəçi müstəqil insandır və özünün və uşağının qayğısına qalmaq iqtidarındadır. Öz növbəsində daxili məhkəmələr, belə görünür ki, birinci ərizəçinin emosional və əqli baxımdan yetkinliyi və qızının qayğısına qalmaq iqtidarında olması məsələsini təhlil etməyə cəhd göstərməmişdilər.
Birinci ərizəçinin əqli qüsuruna gəlincə, dövlət orqanlarına təqdim edilən rəydən belə məlum olurdu ki, onun sağlamlıq durumu öz valideynlik vəzifəsini tam yerinə yetirməsinə imkan verir. Lakin daxili məhkəmə bu sübutu nəzərə almamışdı.
Bundan başqa, uşağın maraqları ilə atasının maraqları arasında balansın təmin edilməsində ananın uşağa təhlükə yaradıb-yaratmaması məsələsi birbaşa əhəmiyyət kəsb etsə də, daxili məhkəmələr ikinci ərizəçinin təhlükəsizliyi ilə bağlı ehtiyatlanmalarını sadəcə bu faktla əsaslandırmışdılar ki, ana fəaliyyət qabiliyyətinə malik deyil, amma onun davranışının ikinci ərizəçini təhlükə altında qoyduğunu və ya qoya biləcəyini təsdiqləyən heç bir sübut göstərməmişdilər. Beləliklə, onların ananın hüquqi vəziyyətinə istinad etmələri birinci ərizəçinin valideynlik hüququnun məhdudlaşdırılması üçün yetərli əsas deyildi.
Nəhayət, birinci ərizəçinin iddia edilən maddi çətinlikləri hər hansı digər əsaslı səbəblər olmadığı halda uşağı onun himayəsinə verməkdən imtina üçün özü-özlüyündə yetərli əsas sayıla bilməzdi.
Yuxarıda qeyd edilənlərin işığında birinci ərizəçinin ikini ərizəçi üzərində valideynlik hüququnun məhdudlaşdırılması üçün daxili məhkəmələrin istinad etdiyi səbəblər müdaxiləyə haqq qazandırmaq üçün yetərli deyildi və beləliklə müdaxilə qarşıya qoyulmuş qanuni məqsədə mütənasib deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: mənəvi ziyana görə birinci ərizəçiyə 5.000 avro, ikinci ərizəçiyə isə 2.5000 avro təyin edildi.
(Bax: Valideynlik hüquqları və Əlillər və Konvensiya mövzusunda tematik materiallar)
Full & Egal Universal Law Academy