Konstantin Stefanov (Konstantin Stefanov) Bolqarıstana qarşı – ərizə № 35399/05
27.10.2015 tarixli qərar [IV Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsi
Mülkiyyətdən maneəsiz istifadə
Məcburi təyinatla məhkəmə işinə təyin olunmuş vəkilin öz işini yerinə yetirməkdən imtina etdiyinə görə cərimə olunması: pozuntu baş verməyib
Faktlar – Vəkillik fəaliyyəti ilə məşğul olan ərizəçi 2005-ci ildə cinayət prosesində rayon məhkəməsi tərəfindən məcburi qaydada müttəhimin vəkili təyin olundu. Birinci məhkəmə iclasında ərizəçi müttəhimi yalnız bu şərtlə müdafiə edəcəyini bildirdi ki, ölkədaxili məhkəmə bu işə görə onun zəhmət haqqını qanunla müəyyən edilmiş minimum səviyyədə və ya daha yuxarı səviyyədə müəyyənləşdirsin. Məhkəmə iclasına sədrlik edən hakim bundan imtina etdiyinə görə ərizəçi müttəhimi müdafiə etməkdən imtina etdi və iclas zalını tərk etdi. Nəticədə o, 260 avroya ekvivalent olan məbləğdə cərimələndi. O, bu qərardan şikayət verdi və sonda şikayəti rədd edildi.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Cərimə təyin olunması ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna müdaxilə təşkil edirdi. Müdaxilənin qanuniliyi məsələsinə gəlincə, müvafiq daxili qanunvericilik müddəaları istər məcburi qaydada təyin olunan vəkilin zəhmət haqqının hansı hallarda məhkəmələr tərəfindən müəyyənləşdirilməsi baxımından, istərsə də onun məbləği baxımından ziddiyyətli idi. Lakin Avropa Məhkəməsi qeyd etdi ki, daxili məhkəmə ərizəçini Cinayət Prosessual Məcəlləsinin müddəası əsasında cərimələyib, onun müddəaları isə ölkədaxili hüquq sistemində ərizəçinin istinad etdiyi müddəalardan üstün tutulur. Ərizəçinin vəkil olduğunu nəzərə alsaq, bu əsas prinsip, habelə Məcəllənin konkret müddəasının məzmunu və mənası onun üçün kifayət qədər aydın idi və həmin müddəanın tətbiqinin nəticələrini öncədən görmək olardı. Bundan başqa, ərizəçinin zəhmət haqqı barədə hər hansı mübahisə məhkəmə prosesinin lazımi qaydada aparılması tələbindən üstün tutulmamalıdır, sonuncu isə öz növbəsində belə mübahisələrin həll olunduğu yerə çevrilməməlidir. Beləliklə, Məhkəmə bu qənaətə gəldi ki, ərizəçi əlçatan, dəqiq və nəticələri öncədən görülə bilən qanunvericilik müddəası əsasında cərimələnib və həmin müddəa ədliyyə sisteminin rəvan fəaliyyətini təmin etməkdən ibarət qanuni məqsəd daşıyıb.
Cəmiyyətin maraqları ilə ərizəçinin hüquqlarının müdafiə edilməsi tələbi arasında ədalətli balansın təmin edilib-edilmədiyinə gəlincə, Məhkəmə ilk növbədə qeyd etdi ki, üzrlü səbəb olmadan məhkəmə iclasının başlanmasının gecikdirilməsi ədliyyə sisteminin rəvan fəaliyyətinə maneə yaratmaq demək idi. Cavabdeh dövlət bu cür davranışın necə cəzalandırılmalı olduğu barədə qərar verməkdə geniş qiymətləndirmə sərbəstliyinə malikdir. Ən əsası, ərizəçi üçün prosessual təminat mövcud idi, belə ki, o, bu cəzadan şikayət edə bilərdi və bunu etmişdi. Mübahisələndirilən cərimənin təyin olunması ilə nəticələnmiş qərarın qəbulu prosesinin ədalətsiz və ya əsassız olduğunu göstərən heç nə yox idi. Yekun olaraq, cərimənin məbləği müvafiq hüquq normasına uyğun olaraq təyin oluna bilən maksimal həddə olsa da, o, qadağanedici, sərt və ya qeyri-mütənasib xarakter daşımırdı. Nəhayət, hazırkı situasiya vəkillərin müdafiəçi qismində rəylərini sərbəst ifadə etmək hüququna aid olan və ifadə azadlığı nöqteyi-nəzərindən araşdırılmış olan işlərdəki situasiyadan fərqləndirilməlidir.*
Belə vəziyyətdə cəmiyyətin maraqları ilə ərizəçinin mülkiyyət hüququna hörmət edilməsi tələbi arasında ədalətli balans təmin edilmişdi. Buna görə də bu müdaxilə ərizəçinin üzərinə həddən artıq ağır yük qoyan müdaxilə deyildi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
* Misal üçün bax: Nikula Finlandiyaya qarşı, 31611/96, 21 mart 2002-ci il, 40 saylı məlumat bülleteni; və Moris Fransaya qarşı [BP], 9369/10, 23 aprel 2015-ci il, 184 saylı məlumat bülleteni.
Full & Egal Universal Law Academy