Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 194
Mart 2016-cı il
***
Korneykova (Korneykova) və Korneykov (Korneykov) Ukraynaya qarşı – ərizə № 56660/12
24.3.2016 tarixli qərar [V Bölmə]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
Hamilə qadının doğuşa qədər və doğuşdan sonra qandallanması; ananın və yeni doğulmuş körpənin saxlanma şəraitinin pis olması; saxlanma yerində yeni doğulmuş körpəyə yetərli tibbi yardım göstərilməməsi; məhkəmə iclaslarında hamilə qadının dəmir qəfəsə salınması: pozuntular baş verib
Faktlar – 2012-ci ildə hamiləliyinin beşinci ayında olan birinci ərizəçi soyğunçuluqda şübhəli bilinərək polis tərəfindən saxlanılmış və daha sonra məhkəmə araşdırması yekunlaşana qədər həbsdə saxlanmışdı. O, həbsdə saxlanılarkən oğlunu, yəni ikinci ərizəçini dünyaya gətirmişdi.
Avropa Məhkəməsinə şikayət ərizəsində o, Konvensiyanın 3-cü maddəsinə əsasən şikayət etdi ki, doğum evində qalarkən qandalla çarpayısına bağlanıb, doğuşdan əvvəl və sonra məhkəmə iclaslarında metal qəfəsə salınıb və məhkəməyəqədər həbsdə saxlanılarkən özünün və uşağının saxlanma şəraiti və onlara göstərilən tibbi yardım adekvat səviyyədə olmayıb.
Hüquqi məsələlər – Maddə 3
a) Doğum evində qandallanma barədə iddia – Məhkəmə bunu yetərincə sübut edilmiş hesab etdi ki, birinci ərizəçi doğum evində davamlı olaraq qandallanıb. O xatırlatdı ki, xəstə olan və ya digər səbəbdən zəif olan şəxsə qandalın və ya məhdudlaşdırıcı vasitənin tətbiqi təhlükəsizlik tələblərinə mütənasib deyil və onun bilərəkdən və ya bilməyərəkdən haqsız olaraq alçaldılması deməkdir. Hazırkı işdə birinci ərizəçi doğuşun gözlənildiyi gün gətirildiyi xəstəxanada ginekoloji müayinə stuluna bağlanmışdı. Onun vəziyyəti nəzərə alınsaydı, zorakı şəkildə davranması və ya qaçmağa cəhd etməsi təhlükəsinin olduğunu, çətin ki, təsəvvür etmək mümkün olardı. Faktiki olaraq, onun xəstəxana personalına və ya polisə qarşı aqressiv davrandığı, yaxud qaçmağa cəhd göstərdiyi və ya öz təhlükəsizliyinə qarşı təhlükə yaratdığı heç vaxt iddia edilməmişdi. Bundan başqa, onun əsassız olaraq qandallanması doğuşdan sonra da davam etmişdi, halbuki bu zaman onun durumu xüsusilə həssas idi. Məhkəmə həmçinin bu fakta önəm verdi ki, onu hər zaman üç mühafizəçi müşayiət edirdi, bu isə hər hansı potensial risklərə reaksiya göstərmək üçün kifayət idi. Müvafiq olaraq, mübahisələndirilən tədbir qeyri-insani və ləyaqəti alçaldan rəftar təşkil edirdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) Ərizəçinin saxlanıldığı fiziki şərait – Birinci ərizəçinin yetərincə qidalanmamasının, özünün və yeni doğulmuş oğlunun qeyri-adekvat sanitariya-gigiyena şəraitində saxlanmasının, eləcə də açıq havada gəzintiyə yetərincə çıxmamasının nəticələri məcmu halında götürüldükdə qeyri-insani və ləyaqəti alçaldan rəftar təşkil edirdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
c) Saxlanma yerində ikinci ərizəçiyə göstərilən tibbi yardım – Dövlət orqanları yeni doğulmuş körpə olan, saxlanma yerində anası ilə birlikdə saxlanılan ikinci ərizəçini adekvat tibbi nəzarət və qulluqla təmin etmək öhdəliyini daşıyırdılar. O, xüsusilə həssas durumda idi və bu durum onun mütəxəssisin sıx tibbi müşahidəsi altında olmasını tələb edirdi. Bu işin materialları Məhkəmənin belə nəticəyə gəlməsi üçün yetərli əsas təşkil edir ki, ikinci ərizəçi, demək olar ki, üç ay ərzində pediatr tərəfindən müayinə olunmayıb. Onun yaşının çox az olduğunu nəzərə alsaq, təkcə elə bu hal belə qənaətə gəlmək üçün kifayətdir ki, bu işdə adekvat tibbi yardım standartlarına riayət edilməyib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
d) Birinci ərizəçinin məhkəmə iclasları zamanı metal qəfəsə salınması – Məhkəmənin presedent hüququna əsasən, məhkəmə baxışı zamanı şəxsin metal qəfəsdə saxlanması özü-özlüyündə insan ləyaqətinə zidd olan hal təşkil edir və 3-cü maddənin pozuntusudur (Svinarenko və Slyadnev Rusiyaya qarşı [BP], ərizələr № 32541/08 və 43441/08, 17 iyul 2014-cü il, 176 saylı Məlumat bülleteni). Hazırkı işdə birinci ərizəçi onun işi üzrə altı məhkəmə iclasında qəfəsdə saxlanmışdı. Birinci iki məhkəmə iclası zamanı o, hamiləliyinin erkən mərhələsində idi, qalan dörd iclasda isə artıq uşaq əmizdirən ana idi və məhkəmə zalında körpəsindən dəmir barmaqlıqlarla ayrılmışdı. Hətta birinci ərizəçinin sadəcə qəfəsdən kənarda saxlanmasının tətbiq edilmiş həbs qətimkan tədbirinin məqsədinə zidd olaraq onun azad edilməsinə bərabər sayıla biləcəyi barədə daxili məhkəmənin hakiminin mövqeyi nəzərə alınmış olsa belə, bu cür məhdudlaşdırıcı tədbirə heç cür haqq qazandırmaq olmazdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: mənəvi ziyana görə birinci ərizəçiyə 12.000, ikinci ərizəçiyə isə 7.000 avro təyin edildi.
(Bax: Saxlanma şəraiti və məhbuslarla rəftar, Yetkinlik yaşına çatmayanların müdafiəsi və Məhbusların sağlamlıqla bağlı hüquqları mövzusunda tematik materiallar)
Full & Egal Universal Law Academy