© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BEŞİNCİ BÖLMƏ
KOVACH UKRAYNAYA qarşı
(Ərizə n. 39424/02)
QƏTNAMƏ
STRASBURQ
7 fevral 2008-ci il
QƏTİ
07/05/2008
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci §-na əsasən qətidir. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Kovaç Ukraynaya qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (beşinci bölmə) hakimlər,
Peer Lorenzen, Sədr,
Karel Jungwiert,
Volodymyr Butkevych,
Margarita Tsatsa-Nikolovska,
Javier Borrego Borrego,
Renate Jaeger,
Mark Villiger,
və Claudia Westerdiek, Bölmə Katibindən ibarət tərkibdə,
15 yanvar 2008-ci il tarixdə qapalı məşvərət keçirərək,
Aşağıdakı qərarı çıxarır:
PROSEDURİş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Ukrayna vətəndaşı cənab Mikola Mikolayoviç Kovaç (“ərizəçi”) tərəfindən 17 oktyabr 2002-ci ildə Məhkəməyə təqdim edilmiş Ukraynaya qarşı ərizə (Nº39424/02) əsasında başlanmışdır.Ərizəçi, Kiyevdə vəkil işləyən x. Petrova tərəfindən təmsil olunmuşdur. Ukrayna Hökumətini (“Hökumət”) onun nümayəndəsi c. Yuriy Zaytçev təmsil etmişdir.Məhkəmə 14 fevral 2006-cı il tarixində ərizə barədə cavabdeh Hökumətə məlumat verməyi qərara aldı. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq, qərara alındı ki, ərizənin qəbul edilənliyinə və mahiyyətinə birlikdə baxılsın.
FAKTLARİŞİN HALLARIƏrizəçinin sonrakı şikayətlərinə səbəb olan hadisələr
4. Ərizəçi Zakarpatya regionunda birmandatlı 72 saylı seçki dairəsində (Одномандатний виборчий округ № 72) 31 mart 2002-ci il parlament seçkilərində namizədliyini irəli sürmüşdü.
5. Dairədə qeydə alınmış namizədlər arasında, həmin vaxt Zakarpatya regionu Bereqovo rayon Dövlət Administrasiyasının (Берегівська державна адміністрація Закарпатської області) rəhbəri vəzifəsini tutan cənab G. də var idi.
6. 13 və 28 mart 2002-ci il tarixlərində yerli macardilli Bereginfo və Karpati Igaz Szo qəzetlərində seçicilərə aşağıdakı müraciət yayımlamışdı:
“Biz qəti şəkildə inanırıq ki, bazar günü [Cənab G.]-ni müdafiə edərək və ölkəmiz üçün mümkün olan ən yaxşı gələcək naminə ona inanaraq, şərəfləndirəcək hər kəs bunu vicdan rahatlığı ilə edə bilər. O, bütün maraqlara hörmət edən və bu maraqları ən yüksək səviyyədə təmsil və müdafiə edəcək yeganə namizəddir. O, işgüzardır və sizin etibarınızdan sui-istifadə etməyəcək və gələcəkdə seçicilərin dəstəyini ən yaxşı şəkildə qoruyub saxlayacaq biridir.”
7. Bu müraciətin sonunda aralarında 72 saylı Dairənin Seçki Komissiyasının katibi x. D. və sədri c. O.-nun imzalarının da olduğu çox sayda imza vardı.
8. 31 mart 2002-ci il tarixində parlament seçkiləri keçirildi. Seçki zamanı cənab G. tərəfindən 72 saylı dairəsinin 14 saylı məntəqəsində müşahidəçi kimi iştirak edən bir şəxs akt tərtib edərək göstərdi ki, o bir şəxsin qutuya bir neçə (o sayın yeddi olduğunu düşünürdü) bülleten atdığının şahidi olmuşdur. Aktı iki seçici də imzalamışdı. Cənab G. tərəfindən 45 və 58 saylı seçki məntəqələrinə göndərilmiş müşahidəçilər də seçki qanunvericiliyinin pozulması barədə oxşar aktlar tərtib edərək bildirdilər ki, müvafiq olaraq beş və on bülletenin qutuya atıldığının görmüşlər.
9. Kompüterləşmiş sistemin ilkin nəticələrinə görə, ərizəçi 33567, onun əsas rəqibi olan cənab G. isə 33524 səs toplamışdı. 14 saylı məntəqədə 1570 mümkün səsdən ərizəçi 537, cənab G. isə 291 səs almışdı. 45 saylı məntəqədə 1244 seçicidən 711-ci ərizəçiyə, 372-si onun rəqibinə səs vermişdi. 58 saylı məntəqədə 830 səs verilmişdi ki, bundan 475-i ərizəçiyə, 219-u cənab G.-yə verilmişdi. 67 saylı məntəqədə 1 480 seçicidən 765-i səsini ərizəçinin, 387 isə rəqibinin xeyrinə istifadə etmişdi. Toplamda yuxarıdakı dörd məntəqədə ərizəçi 2488, rəqibi isə 1269 səs toplamışdı.
10. 2 aprel 2002-ci ildə 36 saylı qərarı ilə 72 saylı Dairənin Seçki Komissiyası yuxarıdakı müşahidəçi məruzələrinə əsaslanaraq, seçki qanunvericiliyinin pozuntuları səbəbilə 14, 45 və 58 saylı məntəqələrin seçki nəticələrini etibarısz elan etdi. Müəyyən olundu ki, 1 aprel 2002-ci ilin gecəsi qutuların bağlanması və sayımının bitməsindən sonra 67 saylı Məntəqə Seçki Komissiyasının üzvləri qeyri-qanuni olaraq möhürlənmiş qutuları açmış və seçki hesabatlarının əslini və çox sayda etibarısz bülleteni oradan götürmüşdülər. Ertəsi gün həmin Məntəqə Seçki Komissiyasının sədri həmin səsvermə hesabatlarını və bülletenləri 72 saylı Dairənin Seçki Komissiyasına gətirmişdir. Bu hərəkət üçün heç bir əsas göstərilməmişdir. Bununla əlaqədar, 67 saylı məntəqənin də nəticələri etibarsız elan edilmişdir. Eyni tarixdə, ərizəçi bu qərardan Mərkəzi Seçki Komissiyasına (Центральна виборча комісія, bundan sonra “MSK”) şikayət vermişdir.
11. 72 saylı Dairə Seçki Komossiayası 37 saylı qərarı ilə seçkinin son nəticələrini elan etdi. Ona görə, ərizəçi 31079, cənab G. isə 32255 səs toplamışdı. Bu nəticə, yuxarıda istinad edilən ilkin hesabatdakı səslərdən 14, 45, 58 və 67 saylı məntəqələrin nəticələrinin çıxılmasından sonra yaranmışdı. Beləliklə, cənab G. dairədən parlamentin üzvü seçilmişdir.
2. Dörd seçki məntəqəsində seçki nəticələrinin ləğvi ilə əlaqədar proseslər
12. 3 aprel 2002-ci ildə 14, 45, 58 və 67 saylı məntəqələrin Seçki Komissiyası rəhbərləri və üzvləri MSK-ya bildirişlər göndərmişlər ki, heç bir müstəqil müşahidəçi səsvermə və səslərin sayılması zamanı hər hansı bir qanun pozuntusu ilə əlaqədar onlara heç nə bildirməyiblər və qanunsuzluqlardan şikayət edən müşahidəçilər bu haqda sənədləri səslərin sayılmasından sonra, “nəticələr namizədlərdən birinə sərf etmədiyi” üçün hazırlamışlar.
13. Ərizəçinin 2 aprel 2002-ci il tarixli şikayətinə baxan MSK, 750 saylı 5 aprel tarixli qərarı ilə 36 saylı qərarı ləğv etmiş və 72 saylı Dairə Seçki Komissiyasına göstəriş vermişdir ki, həmin məntəqələrdə nəticələrin ləğvini əsaslandırsın. MSK Parlament Seçkiləri haqqında Qanunun 70-ci Bölməsinə isitnad edərək müşahidə etdi ki, həmin qərar lazımi qaydada əsaslandırılmamışdır və iddia olunan qanun pozuntuları və hər məntəqədə qanunsuz olaraq qutulara atılmış bülletenlərin ümumi səs sayının on faizindən çox olması barədə əhəmiyyətli sübutlar mövcud deyildir.
14. 72 saylı Dairə Seçki Komissiyası 6 aprel 2002-ci il tarixində iclas keçirərək doqquz səs lehinə, iki səs əleyhinə və üç bitərəf olmaqla 14, 45, 58 və 67 saylı məntəqələrdəki seçki nəticlərinin əvvəlki əsaslarla etibarsız hesab olunması barədə 40 və 41 saylı qərarları qəbul etmişdir. Bu qərarlarda Seçki Komissiyası Parlament Seçkiləri haqqında Qanunun 72-ci Bölməsinin 12-ci bəndi, 70-ci Bölmədə sadalanan hallardan başqa, «seçicilərin iradəsini müəyyən etməyi qeyri-mümkün edən digər hallarda» da seçki nəticələrinin etibarsız elan edilməsinə icazə verir. Komissiya əlavə etmişdir ki, 72-ci Bölmə bu «digər hallar»ın siyahısını nəzərdə tutmadığından, onu müəyyənləşdirmək onun müstəsna səlahiyyətindədir. Nəhayət, 72 saylı Dairənin Seçki Komissiyası belə nəticəyə gəlmişdir ki, onun müəyyən etdiyi və müşahidəçilər tərəfindən göstərilən qanun pozuntuları seçicilərin iradəsinin müəyyən edilə bilmədiyi «digər hallar» hesab oluna bilər.
15. 9 aprel 2002-ci ildə ərizəçi 40 və 41 saylı qərarlardan şikayət vermişdir. O bildirmişdir ki, 72 saylı Dairə Seçki Komissiyası MSK-nın 5 aprel 2002-ci il tarixli qərarındakı «kifayət qədər əsaslandırmaq» barədə göstərişlərinə əməl etməmişdir.
16. 12 aprel 2002-ci il tarixli 858 saylı qərarı ilə MSK ərizəçinin 9 aprel 2002-ci il tarixli şikayətini rədd edərək bildirdi ki, Parlament Seçkiləri haqqında Qanunun 72-ci Bölməsinə əsasən, seçki nəticələrinin etibarsız hesab olunması üçün mövcud olan «digər hallar»ı müəyyən etmək dairə seçki komissiyasının səlahiyyət dairəsindədir.
17. Ərizəçi bu qərardan Ali Məhkəməyə şikayət vermişdir. Sonuncu 24 aprel 2002-ci ildə MSK-nın Parlament Seçkiləri haqqında Qanunun 72-ci Bölməsində nəzərdə tutulan «digər hallar»ın müəyyən edilməsi üzrə Dairə Seçki Komissiyasının müstəsna səlahiyyəti barədə qərarını qüvvədə saxlamışdır.
3. Digər seçki qanunvericiliyi pozuntuları ilə bağlı proseslər
18. 3 aprel 2002-ci ildə ərizəçinin müşahidəçisi cənab V. digər namizədlərin müşahidəçilərinin və 72 saylı Dairə Seçki Komissiyasının sədri və iki üzvünün iştirakı ilə seçki qanunvericiliyinin pozulması barədə akt hazırlamışdır. Müəlliflərə görə, Bereqovo Dövlət Administrasiyası binasının zirzəmisində yerləşən ofisinin şəraiti qutuların təhlükəsiz və toxunulmaz şəkildə saxlanılmasını təmin etmək üçün adekvat deyildi. Xüsusən, onlar iddia edirdilər ki, qapılar və səsvermə kabinələri möhürlənməmişdi və qapılardan birinin hətta qıfılı belə yox idi.
19. 5 aprel 2002-ci ildə ərizəçi MSK-ya qalibin cənab G. olması barədə 72 saylı dairənin 37 saylı qərarından şikayət vermişdir.
20. 7 aprel 2002-ci ildə, MSK-nın 750 saylı qərarından sonra (yuxarıdakı 130-cu bəndə bax), 14, 15, 58 və 67 saylı məntəqələrdə səslər yenidən sayılmışdır. Yeni sayımdan sonra, 7 aprel 2002-ci ildə 72 saylı Dairə Seçki Komissiyası dairədəki səsvermənin nəticələri barədə özünün 37 saylı qərarındakı nəticələri təkrarlayan ətraflı seçki hesabatı hazırlamışdır.
21. Həmin gün, Dairə Seçki Komissiyasının bir üzvü, iki məğlub namizədin iki müşahidəçisi ilə birgə MSK-ya bir memorandum ünvanlamış, 67 saylı Məntəqə Seçki Komissiyası seçki bülletenlərinin dəstələrini möhürləməmiş, bəzi bülletenlər xarab olmuş və bu amillərə görə bülletenlərin yenidən sayılmasından əvvəl onlara üçüncü şəxslərin çıxışının qarşısının alınması mümkün olmamışdır.
22. 14 aprel 2002-ci ildə 72 saylı Dairə Seçki Komissiyası səsvermənin nəticələri barədə düzəliş edilmiş hesabatını (aşağıdakı 27-ci paraqrafa bax) yayımlamışdır.
23. Eyni tarixdə 67 saylı Məntəqə Seçki Komissiyasının sədr müavini və üç üzvü MSK-ya bir memorandum ünvanlayaraq bildirmişdir ki, qanuna zidd olaraq, Dairə Seçki Komissiyasının sədr müavini və cənab G. tərəfindən müşahidəçi olan bələdiyyə şurasının və Dövlət Administrasiyasının dörd məmuru ilə birgə onların evlərinə gələrək, düzəliş olunmuş seçki hesabatını imzalamağı xahiş etmişlər. Sənədə imza atanlar 14 aprel 2002-ci il tarixli hesabatdakı rəqəmlərlə əlaqədar şübhələrini də ifadə etmişlər.
24. 15 aprel 2002-ci ildə düzəliş edilmiş hesabat MSK-ya göndərilmişdir.
25. 16 aprel 2002-ci ildə ərizəçi MSK-ya müraciət edərək, 14 aprel 2002-ci il tarixli hesabatı etibarsız elan etməyi xahiş etdi. 13 və 28 mart 2002-ci il tarixlərində Bereginfo və Karpati Igaz Szo qəzetlərindəki seçicilərə çağırışa istinad edərək, komissiyanın sədri və katibəsinin onun rəqibinin seçki kampaniyasında iştirakını tənqid etdi. O, həmçinin, qeyd etdi ki, seçki materiallarının saxlandığı şərait və 7 aprel 2002-ci ildə keçirilmiş yeni sayımın nəticələri şübhə doğurur.
26. 72 sayli Dairə Seçki Komissiyası 18 aprel 2002-ci il tarixli məktubu ilə MSK-ya məlumat verdi ki, Zakarpatya Regional Polis Departamentinin (ГУ МВС України в Закарпатський області) göstərişlərinə uyğun olaraq, komissiyanın ofisi lazımi qaydada qorunmuşdur və ofisə heç bir qeyri-qanuni giriş qeydə alınmamışdır.
27. 18 aprel 2002-ci il tarixli qərarı ilə MSK ərizəçinin 5 və 16 aprel 2002-ci il tarixli şikayələrini araşdırdı və rədd etdi. MSK qeyd etdi ki, yeni sayımdan sonra hazırlanan hesabat bəzi məlumatları, xüsusilə də, etibarsız bülletenlərin sayını əks etdirməmiş, 14 aprel hesabatı isə bu qüsurları aradan qaldırmışdır. MSK daha sonra qeyd etdi ki, düzəliş edilmiş seçki hesabatına əsasən cənab G. ən çox səs toplamış namizəd olduğuna görə, 2 aprel 2002-ci il tarixli 37 saylı qərar qanunidir. Bundan əlavə, yeni sayımın təşkil olunması formasının səsvermənin nəticələrinə təsir etməsi barədə heç bir əlamət yoxdur. Bununla əlaqədar, MSK 72 saylı Dairə Seçki Komissiyasının ofisinin təhlükəsizliyi barədə 18 aprel 2002-ci il tarixli məktubuna istinad etdi.
Nəhayət, MSK müəyyən etdi ki, ərizəçi 72 saylı Dairə Seçki Komissiyasının sədri və katibinin işdən azad olunması üçün heç bir əsas göstərməmişdir.
28. Ərizəçi bu qərardan Ali Məhkəməyə şikayət verdi və sonuncu, 22 aprel 2002-ci il tarxili qərarı ilə onu rədd etdi. O qərar verdi ki, 18 aprel 2002-ci il tarixli qərarı MSK-nın səlahiyyətləri çərçivəsində və daxili qanunvericiliklə nəzərdə tutulmuş qaydada qəbul edilmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Ukrayna Konstitusiyası
29. Konstitusiyanın müvafiq maddəsi aşağıdakıları nəzərdə tutur:
“Maddə 76
“...Seçki günü iyirmi bir yaşı olan hər bir Ukrayna vətəndaşı seçmək və, vətəndaş son beş ildə Ukrayna ərazəsində yaşamışdırsa, Parlament üzvü seçilmək hüquna malikdir...”
B. 18 oktyabr 2001-ci il Parlament Seçkiləri haqqında (həmin vaxtda qüvvədə olan) Qanun
30. Həmin vaxt Ukrayna seçki sistemi Qanunun 1-ci Bölməsi ilə tənzimlənirdi. O, qarışıq proporsional sistem üzrə qurulmuşdu və Verkhovna Radanın (Ukraynanın təkpalatalı parlamenti) 450 üzvündən 225-i təkmandatlı dairələrdən sadə səs çoxluğu (“first past the post”) ilə seçilirdi (bax: Sukhovetskyy v. Ukraine, no. 13716/02, ECHR 2006‑...) və digər 225-i isə partiyaların siyahıları üçün nəzərdə tutulmuşdu (bax: Melnychenko v. Ukraine, no. 17707/02, ECHR 2004‑X).
31. Qanunun 18-ci Bölməsinə əsasən, seçki komissiyaları sistemi MSK, dairə və məntəqə seçki komissiyalarından ibarət idi. Hər dairə bir neçə məntəqədən ibarət idi.
32. Qanunun 29-cu Bölməsi nəzərdə tuturdu ki, seçkilərdə namizədlər seçki komissiyalarının qərarlarından, hərəkət və hərəkətsizliklərindən yuxarı seçki komissiyalarına və ya məhkəmələrə şikayət verə bilərdi. Yuxarı seçki komissiyaları belə bir şikayətin və məhkəmə qərarının ardından və ya təşəbbüsü ilə aşağı seçki komissiyasının qərarını ləğv edə, yeni qərar qəbul edə və ya həmin komissiyaya məsələni yenidən araşdırmağı tapşıra bilərdi. MSK-nın qərar, hərəkət və hərəkətsizliyindən Ali Məhkəməyə şikayət verilə bilərdi.
33. Qanunun 70-ci Bölməsi məntəqədəki seçki nəticələrinin məntəqə seçki komissiyaları tərəfindən etibarsız hesab edilməsi prosedurunu tənzimləyir.
Bölmənin 1-ci bəndi aşağıdakıları nəzərdə tuturdu:
“Məntəqənin seçki komissiyası, bu Qanunun seçicilərin iradəsini müəyyən etməyi qeyri-mümkün edən pozuntusu halında, məntəqədəki seçki nəticələrini etibarsız elan edə bilər. Məntəqə seçki komissiyası yalnız aşağıdakı hallarda seçkinin nəticələrini etibarsız elan edə bilər:
1. əgər qeyri-qanuni səsvermə müəyyən edilibsə (adına qeyd olunmuş şəxsdən başqa bir şəxs bülleteni qutuya salması; səsvermə hüququ olmayan şəxs tətəfindən səs verilməsi; məntəqənin seçici siyahısında olmayan və ya səhvən o siyahıya salınmış şəxs tərəfindən səs verilməsi; bir seçici tərəfindən bir neçə dəfə səs verilməsi) və qanunsuz səslərin sayı səslərin ümumi sayının 10%-dən çoxunu təşkil edərsə;
2. əgər səsvermə qutusuna qutunun içərisindəkiləri müəyyən etmək mümkün olmayacaq dərəcədə zərər dəyibsə və ya məhv edilibsə və zərər dəymiş bülletenlərin sayı səslərin ümumi sayının 10%-dən çoxunu təşkil edərsə.
3. əgər seçki qutusuna atılmış bülletenlərin sayı səsvermədə iştirak edən seçicilərin sayından 10% və ya daha çox artıq olarsa.”
34. Qanunun 72-ci Bölməsi dairə seçki komissiyaları tərəfindən məntəqə komissiyalarının seçki hesabatlarının araşdırılması prosedurunu tənzimləyirdi.
Bölmənin 12-ci bəndi aşağıdakıları nəzərdə tuturdu:
“Əgər dairə seçki komissiyası 70-ci Bölmənin 1-ci bəndində sadalanan və məntəqə seçicilərinin niyyətlərini müəyyən etməyin mümkün olmadığı halların olduğunu məyyən edərsə, həmin məntəqənin seçki nəticələrini etibarsız elan edə bilər.”
35. 2004-cü il Parlament Seçkiləri haqqında Qanun (7 iyul 2005-ci tarixli dəyişikliyi ilə) proporsional seçki sistemi nəzərdə tutur. 2004-cü il Qanununun 90-cı Bölməsi məntəqə seçki komissiyasının, qanunsuz səslərin sayı ümumi sayın 10%-ni ötdüyü təqdirdə, nəticələri etibarsız elan etmək səlahiyyətini onda saxlayırdı. 92-ci Bölmə nəzərdə tuturdu ki, səslər yenidən sayılandan sonra dairə seçki komissiyaları 90-cı Bölmədə göstərilən hallar və ya komissiya üzvləri və ya namizədlərin müşahidəçiləri tərəfindən bilərəkdən qeyri-qanuni hərəkətlər edildiyi müəyyən olunduğu təqdirdə, məntəqə üzrə seçkilərin nəticələrini ləğv etmək səlahiyyətinə malikdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. İŞİN ƏHATƏ DAİRƏSİ
36. Məhkəmə müşahidə edir ki, hazırki ərizənin cavabdeh Hökumətə kommunikasiyasından sonra və Hökumətin işin qəbuledilənliyi və mahiyyətinə birgə baxılmasına etirazından sonra ərizəçi əlavə şikayətlər irəli sürərək seçki kampaniyası dövründə özünün və tərəfdarlarının dövlət orqanları tərəfindən təzyiqlərə məruz qoyulduğunu iddia etmişdir. Ərizəçi həm də şikayətində göstərmişdir ki, onun əsas rəqibi olan cənab G. Bereqovo rayon Dövlət Administrasiyası vəzifəsindən seçki kampaniyası və onun nəticələrinə təsir etmək üçün istifadə etmişdir.
37. Hökumət şərh verməmişdir.
38. Məhkəmənin fikrincə, yeni şikayətlər ümumi olaraq hazırki işə aid olsalar da, ərizəçinin Məhkəmə qarşısında qaldırdığı 2002-ci il parlament seçkiləri zamanı 72 saylı dairədəki səslərin sayılması prosedurunun ədalətsizliyi barədə ilkin şikayətlərinin izahı deyildir. Bu səbəbdən Məhkəmə hesab edir ki, bu məsələləri hazırki ərizənin kontekstində ayrıca araşdırmaq məqsədəuyğun deyildir (bax: digərləri ilə birlikdə, Piryanik v. Ukraine, no. 75788/01, § 20, 19 aprel 2005, və Lyashko v. Ukraine, no. 21040/02, § 29, 10 avqust 2006).
II. 1 SAYLI PROTOKOLUN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
39. Ərizəçi şikayət edir ki, 72 saylı dairədə seçkilərin təşkili şəraiti xalqın öz qanunverici orqanını seçmək üçün fikrini ifadə azadlığını təmin etməmişdir. O, xüsusilə, 14, 45, 58 və 67 saylı məntəqələrdə nəticələrin ləğvindən və sonradan səslərin yenidən sayılmasının iddia olunan ədalətsizliyindən şikayət edir. O, həmçinin, şikayət edir ki, dairə sədri və katibi yerli qəzetdə seçicilərə çağırış ünvanlayaraq öz qərəzliliklərini nümayiş etdirmişlər. O, 1 saylı protokolun aşağıdakıları nəzərdə tutan 3-cü maddəsinə istinad edir:
“Razılığa gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın öz iradəsini sərbəst ifadə edə biləcəyi şəraitdə, ağlabatan dövriliklə gizli səsvermə yolu ilə azad seçkilər keçirməyi öhdələrinə götürürlər.”
A. Qəbuledilənlik
40. Hökumət iddia edir ki, ərizəçi Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq dövlətdaxili hüquq-müdafiə vasitələrini tükətməmişdir. Konvensiya və onun Protokolları Ukrayna qanunvericiliyinin bir hissəsini təşkil etsə də, ərizəçi heç vaxt MSK və ya Ali Məhkəmə qarşısında Konvensiya müddəalarının pozuntusu ilə əlaqədar şikayət qaldırmamışdır.
41. Ərizəçi bununla razılaşmır.
42. Dövlətdaxili müdafiə vasitələrinin tükəndirilməsi qaydası ümumiyyətlə tələb edir ki, sonradan beynəlxalq səviyyədə qaldırılması istənilən şikayət əvvəlcədən daxili məhkəmələr qarşısında ən azı mahiyyətcə və daxili qanunvericilikdə nəzərdə tutulan formal qaydalara və müddətlərə riayət edilərək qaldırılmalıdır (bax: Azinas v. Cyprus [BP], no. 56679/00, § 38, ECHR 2004‑III). Ərizəçinin 14, 45, 58 və 67 saylı məntəqələrdə səsvermə nəticələrinin ləğvi və 7 aprel 2002-ci ildə səslərin yenidən sayılmasının iddia olunan ədalətsizliyi ilə əlaqədar şikayətlərini MSK və sonradan Ali Məhkəmə qarşısında qaldırmış olduğu mübahisə doğurmur. Ona görə də bu məsələlər bütünlüklə yerli dövlət orqanlarının diqqətinə çatdırılmışdır. Hökumət hər hansı daxili qaydaya görə Konvensiyaya istinad olunması məcburiyyəti və ya 1 saylı Protokolun 3-cü maddəsinə əlavə istinadın işin MSK və ya Ali Məhkəmə tərəfindən baxılması və həllinin nəticəsinə necə təsir edə biləcəyi ilə bağlı heç nə bildirməmişdir. Bu səbəbdən, Məhkəmə ərizəçinın şikayətlərini daxili dövlət orqanları qarşısında müvafiq qaydada qaldırmış olduğunu hesab edir və etirazı rədd edir.
43. Məhkəmə hesab edir ki, şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulduğu kimi açıq-aşkar əsaslandırılmamış deyildir. Məhkəmə həmçinin hesab edir ki, onlar hər hansı başqa əsasla qəbuledilməz sayıla bilməz. Ona görə də onlar qəbuledilən elan edilməlidir.
44. Yerli qəzetdə yayımlanan və 72 saylı Dairə Seçki Komissiyasının sədri və katibinin imzaladığı seçicilərə çağırışla əlaqədar ərizəçinin şikayətinə gəlincə, Hökumət iddia edir ki, ərizəçi bu şikayəti MSK və Ali Məhkəmə qarşısında qaldırmadığından daxili müdafiə vasitələrini tükəndirməmişdir. Ərizəçi bildirir ki, bu məsələ onun 16 aprel 2002-ci ildə MSK-ya ünvanladığı şikayətində qaldırılmışdır. Əgər ərizə yalnız bu məsələ ilə əlaqədar olsa idi, Məhkəmə MSK-dan sonra Ali Məhkəməyə müraciət etmədən dövlətdaxili müdafiə vasitələrinin tükəndirmiş olmağın mümkünlüyünə şübhə edir. Bununla belə, hazırki işin Seçki Komissiyasının sədri və katibinin tərəfliliyi ilə əlaqədar halları ərizəçinin azad seçki hüququn pozulması barədə şikayətinin digər aspektləri ilə sıx baglıdır. Bu səbəbdən Məhkəmə Hökumətin etirazına işin mahiyyəti ilə birgə baxmağı uyğun hesab edir. Şikayət hər hansı başqa əsasla qəbuledilməz deyil və qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
1. Tərəflərin təqdimatları
45. Ərizəçi iddia edir ki, o, rəqibindən daha çox səs toplamış lakin ədalətsiz səs sayma prosedurunda Dairə Seçki Komissiyasının özbaşınalığı nəticəsində Parlamentdəki yerindən məhrum olmuşdur.
46. Hökumət hesab edir ki, 72 saylı dairədə seçkilər zamanı ciddi qanun pozuntuları olmamış, bəzi baş vermiş yanlışlıqlar barədə qısa müddətdə və müvafiq qaydada məlumat verilmiş və MSK tərəfindən onlar düzəldilmişdir.
47. Hökumət bildirir ki, iki namizəd, yəni ərizəçi və cənab G. arasıdakı fərq cüzi idi və hətta az sayda səs belə tarazlığı dəyişə bilərdi. Hökumət iddia edir ki, “yararsız səslər” adlanan və yalnız Ukraynaya deyil, başqa sistemlərə də xas olan bir fenomenin 72 saylı dairədə də seçkilərin nəticələrinə təsir etməsi faktı Dövlətin “qanunverici orqana seçkilərin xalqın öz iradəsini sərbəst ifadə edə biləcəyi şəkildə keçirilməsini təmin etmək” öhdəliyini yerinə yetirməməsi hesab oluna bilməz. Hökumət daha sonra bildirir ki, 72 saylı Dairə Seçki Komissiyası belə əsaslandırılmış nəticəyə gəlmişdir ki, dörd məntəqədə baş vermiş seçki qanunu pozuntuları seçicilərin niyyətini müəyyənləşdirməyə mane olmuşdur. Bu qərara MSK və Ali Məhkəmə tərəfindən yenidən baxılmış və qanuni və əsaslandırılmış hesab edilmişdir.
2. Məhkəmənin dəyərləndirməsi
48. 1 saylı Protokolun 3-cü maddəsi ilk baxışda Konvensiya və onun protokollarının təminat verdiyi hüquqlardan fərqlənir, çünki hər hansı fərdin bir hüququnu elan etməkdənsə, Yüksək Razılığa gələn Tərəf üçün xalqın iradəsinin ifadəsini təmin edəcək azad seçkilər keçirmək öhdəliyi şəklində tərtib edilmişdir. Bununla belə, Protokolun 3-cü maddəsinin hazırlıq işlərini və bu maddənin bir bütün olan Konvensiyanın kontekstində təfsir olunmasını nəzərə alınaraq, Məhkəmə müəyyən etmişdir ki, o, fərdin seçmək və seçilmək hüququna təminat verir (bax: digərləri ilə birlikdə, Mathieu-Mohin and Clerfayt v. Belgium, 2 mart 1987 qərarı, Series A no. 113, pp. 22-23, §§ 46-51; Hirst v. the United Kingdom (No. 2) [BP], no. 74025/01, § 56-57, ECHR 2005-IX; və təzəlikcə Ždanoka v. Latvia [GC], no. 58278/00, § 102, 16 mart 2006). Bundan əlavə, Məhkəmə hesab etmişdir ki, bu maddə fərdin seçkilərdə namizədliyini irəli sürmək və seçildikdən sonra parlamentdə öz yerini tutmaq hüququnu təsbit edir (bax: Lykourezos v. Greece, no. 33554/03, § 50, ECHR 2006‑...).
49. 1 saylı Protokolun 3-cü maddəsində təsbit olunan hüquqlar hüququn aliliyi prinsipi ilə idarə olunan səmərəli və mənalı demokratiyanın fundamentinin yaradılması və saxlanımlası üçün çox böyük əhəmiyyət daşıyır. “Təxmin edilən məhdudiyyətlər” mümkündür və Dövlətlərə bu sahədə təqdir səlahiyyəti tanınmalıdır. Bu sahədə Dövlətin, bütün vətəndaşlara bərabər davranılması şərtilə, geniş təqdir səlahiyyəti vardır. Bununla belə, bu o demək deyildir ki, bütün səslər seçkilərin nəticəsi baxımından mütləq eyni çəkiyə malik olmalıdır və ya bütün namizədlərin qələbə üçün eyni imkanları olmalıdır. Belə ki, heç bir seçki sistemi “yararsız səslər”i aradan qaldıra bilməz (bax: yuxarıda istinad edilən Mathieu-Mohin and Clerfayt işi, § 54).
50. Bununla belə, 1 saylı Protokolun 3-cü maddəsinin qaydalarına riayət olunub-olunmadığını müəyyən etmək Məhkəmənin vəzifəsidir və o əmin olmalıdır ki, şərait hüquqları mahiyyətindən, səmərəliliyindən məhrum edəcək dərəcədə məhdudlaşdırmamışdır, məhdudiyyətlər legitim məqsəd naminə qoyulmuşdur və istifadə olunan vasitələr qeyri-proporsional deyildir (bax: Labita v. Italy [BP] no. 26772/95, § 201, ECHR 2000-IV). Universal səsvermə prinsipindən hər hansı bir yayınma qanunverici orqanın, oraya seçilənin və onun qəbul etdiyi qanunların demokratik cəhətdən etibarlılığını məhdudlaşdırmaq riski daşıyır. Hər hansı bir qrupun və ya əhalinin hər hansı kateqoriyasının seçkilərdən uzaqlaşdırılması 1 saylı Protokolun 30-cu maddəsinin məqsədləri ilə uyğun olmalıdır (see Sukhovetskyy v. Ukraine, no. 13716/02, § 52, ECHR 2006-...).
51. Hazırki işdə ərizəçinin şikayətləri namizəd olaraq qeydiyyatdan keçdiyi seçki dairəsində sayımın həyata keçirilməsi qaydası ilə əlaqdardır. Ərizəçi xüsusilə, 14, 45, 58 və 67 saylı seçki məntəqələrindəki səsvermə nəticələrinin ləğv edilməsi barədə qərarların ədalətli və ağlabatan olmamasından şıkayətlənir.
52. Hökumət “Yararsız səslər”dən yayınmağın qeyri-mümkün olmasına istinad edərək bildirir ki, 72 saylı Dairə Seçki Komissiyasının mübahisələndirilən qərarı seçicilərin azad seçimi barədə seçki qanunvericiliyinin pozulmasının ciddi nəticələrini aradan qaldırmaq məqsədi daşıyırdı. Məhkəmənin, pozuntunun dərəcəsi və son nəticəyə təsiri nəzərə alınmadan, qanun pozuntusunun baş verdiyi səsvermə məntəqəsindəki bütün səslərin sayılmamasının 1 saylı Protokolun 3-cü maddəsinin məqsədləri baxımından legitim məqsəd daşıdığına şübhələri vardır. Bununla belə, aşağıdakılar səbəbilə, Məhkəmə bu məsələ ilə bağlı qəti fikrini bildirmir.
53. İnsan hüquqlarını müdafiəsi aləti olan Konvensiyanın predmet və məqsədi tələb edir ki, onun müddəaları o şəkildə təfsir və tətbiq olunsun ki, o müddəlarda nəzərdə tutulanlar nəzəri və xəyali deyil, praktik və səmərəli olsun (bax: məsələn, United Communist Party of Turkey and Others v. Turkey, 30 yanvar 1980-ci il qərarı, Reports 1998-I, pp. 18-19, § 33, və Chassagnou and Others v. France [BP], no. 25088/94, 28331/95 və 28443/95, § 100, ECHR 1999‑III).
54. Podkolzina Latviyaya qarşı işində, Məhkəmə təkrar etmişdir ki, 1 saylı Protokolun 3-cü maddəsində təsbit edilən və əsl demokratik rejimin konsepsiyasının bir parçası olan seçkidə namizədliyini irəli sürmək hüququ, əgər kimsə bu hüquqdan hən hansı anda özbaşına şəkildə məhrum edilə bilərsə, xəyali olardı. Yəni, Dövlətlərin abstrakt şəkildə namizədliyin irəli sürülməsi üçün şərtləri müəyyən etmək sahəsində təqdir səlahiyyəti olsa da, hüquqların səmərəliliyi prinsipi tələb edir ki, bu və ya digər namizədin həmin şərtlərə uyğun olmadığı barədə yerli orqanların nəticəsi, özbaşına qərarların qarşısının alınması üçün, bir sıra kriteriyalara uyğun olmalıdır. Belə bir nəticə, xüsusilə, qərəzsizliyi ilə bağlı minimal təminatlar verə bilən bir orqan tərəfindən qəbul edilməlidir. Oxşar olaraq, bu orqanların təqdiri artıq dərəcədə geniş olmamalı və daxili qanunvericilikdə kifayət qədər dəqiqliklə göstərilməlidir. Nəhayət, bir namizədin uyğun olmayan hesab edilməsi proseduru ədalətli və obyektiv qərarın verilə bilməsini təmin edəcək və müvafiq orqan tərəfindən hər hansı sui-istifadənin qarşısını alaca biləcək şəkildə olmalıdır (Podkolzina v. Latvia, no. 46726/99, § 35, ECHR 2002‑II).
55. Hazırki iş namizədliklə əlaqədar şərtlərə deyil, cavabdeh dövlət orqanları tərəfindən seçki nəticələrinə baxılması qaydası ilə bağlıdır. Dövlətin bu sahədəki təqdiri də genişdir, lakin Məhkəmənin hər hansı qərarın özbaşına qəbul edilib-elimədiyini araşdırmasını istisna edə bilməz.
56. Məsələn, iki əvvəlki işdə İ.Z. Yunanıstana qarşı (bax: I.Z. v. Greece, no. 18997/91, Komissiyanın 28 fevral 1994-cü il qərarı, Decisions and Reports (DR)) və Babenko Ukraynaya qarşı (bax Babenko v. Ukraine (dec.), no. 43476/98, 4 may 1999) işlərində Konvensiya orqanları məğlıb namizədlərin seçki prosesinin ədalətsizliyi ilə bağlı şikayətlərini araşdırmışdı. Bu şikayətlər seçkinin nəticələrinə ciddi təsirin olmaması və şikayət olunan vəziyyətin xalqın azad fikir ifadəsinə müdaxilə hesab olunmaması səbəbi ilə rədd olunmuşdu. Bununla belə, bu yanaşma hazırki işə tətbiq oluna bilməz və Hökumət də öz müşahidələrində qəbul etmişdir ki, bu dörd məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsi ərizəçinin deyil, cənab G.-nin qalib elan olunmasına gətirib çıxarmışdır.
57. 2001-ci ilin Parlament Seçkiləri haqqında Qanunu nəzərdə tutur ki, seçki məntəqəsində səsvermənin nəticələri 70-ci Bölmədə göstərilən hallarda və ya alternativ olaraq, 72-ci Bölmədə göstərilən seçicilərin niyyətini müəyyənləşdirməyin qeyri-mümkün olduğu “digər hallarda” etibarsız hesab edilə bilər (bax: yuxarıdakı 33və 34-cü §-lar).
58. Qanunun 70-ci Bölməsi xüsusi olaraq bir şəxsin bir neçə dəfə səs verməsi halını nəzərdən keçirir və elan edir ki, həmin məntəqədə səsvermə nəticələri o zaman etibarsız elan edilə bilər ki, qeyri-qanuni bülletenlərin sayı ümumi səslərin sayının on faizindən çoxunu təşkil etsin. 72-ci Bölməyə gəlincə isə, hansı halların “digər hallar” hesab oluna biləcəyinə izahat verə biləcək hər hansı hüquqi akt və ya ölkədaxili təcrübə mövcud deyil. Xüsusilə, digər halların 70-ci Bölmədə nəzərdə tutulmayan hallar olub-olmaması və ya onların seçki komissiyalarına və şikayət əsasında məhkəmələrə “digər hallar”ı 70-ci Bölmənin əhatə etdiyi məsələri də ehtiva edən bir hal kimi təfsir etmələrinə imkan verib-verməməsi aydın deyildir. Əlavə olaraq, 70-ci Bölmə səsvermə nəticələrinin etibarsız elan olunmasına gətirib çıxaran halları sadalayır, 72-ci Bölmə isə birbaşa hadisələrlə əlaqədar deyil və hesabatların araşdırılması prosedurunu tənzimləyir.
59. 2001-ci il Parlament Seçkiləri Haqqında Qanunun 72-ci Bölməsinin aydın olmaması və seçki hüquqlarına yerli orqanlar tərəfindən verilən təfsirin potensial risk daşıması onların xüsusi diqqətini tələb edir. Lakin Dairə Seçki Komissiyası öz 40 və 41 saylı qərarlarında sadəcə olaraq əvvəlki qərarlarına istinad etmiş və iddia etmişlər ki, müəyyən olunan və müşahidəçilər tərəfindən bildirilən qanun pozuntuları seçicilərin niyyətinin müəyyənləşdirməyin qeyri-mümkün olduğu digər hallardandır. İstinad olunmuş əvvəlki 36 saylı qərarda müəyyən olunmuşdu ki, 14, 45 və 58 saylı məntəqələrdə cənab G.-nin müşahidəçisinin şahidi olduğu etibarsız bülletenlərin qutulara atılması və 67 saylı Məntəqə Seçki Komissiyasının üzvlərinin möhürlənmiş qutuları açaraq oradan seçki hesabatları və çox sayda etibarsız bülleten götürməsi faktı (bax: yuxarıdakı 10-cu paraqraf) bu məntəqələrdə nəticələrin ləğvi üçün kifayət edən əsasdır.
60. Bu qərarların, sonradan MSK vəAli Məhkəmənin verdiyi qərarların heç birində nə 2001-ci il Qanununun 70 və 72-ci Bölmələri arasındakı uyğunsuzluq barədə, nə də seçkilərdə iştirak edən müxtəlif aktorların etibarlılığı barədə məsələ müzakirə olunmamışdır. Bundan başqa, bu qərarların heç birində bu pozuntuların 14, 45, 58 və 67-ci məntəqələrdəki səsvermə nəticələrini seçicilərin niyyətinin müəyyənləşdirilməsinin qeyri-mümkün edəcək dərəcədə təsirləndirdiyi səbəbi (xüsusilə, 70-ci Bölmənin ) aydınlaşdırılmamışdır.
61. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, dörd məntəqədə səsvermə nəticələrinin ləğv edilməsi qərarları özbaşına və Hökumət tərəfindən iddia edilən hər hansı legitim məqsədə qeyri-proporsional hesab edilməlidir. Bundan belə çıxır ki, 1 saylı Protokolun 3-cü maddəsinin pozuntusu baş vermişdir.
62. Belə olan halda, Məhkəmə hesab edir ki, ərizəçinin qəzetlərdə seçicilərə çağırış ünvanladıqlarına görə 72 saylı Dairə Seçki Komissiyası üzvlərinin qərəzliliyi və 7 aprel 2002-ci il tarixdəki yeni sayımın yerli qanunvericiliyə zidd olaraq həyata keçirilmiş olması və qutuların təhlükəsizliyinin təmin olunmaması barədəki şikayətlərini araşdırmağa ehtiyac yoxdur. Məhkəmə daha sonra qeyd edir ki, Hökumətin Seçki Komissiyası üzvlərinin tərəfkeşliyi barədə şikayət ilə əlaqədar daxili vasitələrin tükəndirilməmiş olması barədəki iddiası da baxılmamış saxlanılmalıdır.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
63. Konvensiyanin 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Maddi ziyan
64. Ərizəçi bildirir ki, onun maddi ziyanla əlaqədar iddiası Verkhovna Rada-nın üzvü olaraq alacağı itmiş məvaciblə bağlıdır. O, təzminat olaraq, seçiləcəyi təqdirdə alacağı parlament üzvünün təxmini maaşına uyğun olaraq 144,000 ABŞ Dolları (USD) (107,250 Avro (EUR)) tələb edir.
65. Hökumət bildirir ki, tapılan pozuntu ilə ərizəçinin tələbi arasında səbəb-nəticə əlaqəsi yoxdur.
66. Yuxarıdakı 55-ci paraqrafda göstərildiyi kimi, dörd məntəqədə seçki nəticələrinin ləğvi, ərizəçinin deyil, cənab G.-nin qalib elan edilməsinə gətirib çıxarmışdır. Doğrudur ki, seçilsəydi, ərizəçi parlament üzvü olaraq məvacib alacaqdı. Lakin bu, tələb olunan məbləği vermək üçün kifayət etmir, çünki Lykourezos Yunanıstana qarşı işdə olduğu kimi (yuxarıda istinad edilən bu işdə ərizəçinin mandatından istifadəsinə davam etməsinə imkan verilməmişdi) bu məbləğ seçiləcəyi təqdirdə əldə edə biləcəyi digər gəlirlərlə borc kimi əvəzləşdirilə bilərdi. Ərizəçi parlament üzvü olaraq ala biləcəyi maaşı göstərsə də, dəqiq itkisinin məbləğıni göstərməmişdir. Bu səbəbdən, bu ərizəçinin bu başlıq altındakı tələbini rədd edir.
B. Mənəvi ziyan
67. Ərizəçi seçki hüquqlarının pozulması nəticəsində hiss etdiyi narahatlıq və stresə görə təzminat olaraq 56,000 USD (41,715 EUR) tələb edir.
68. Hökumət hesab edir ki, ərizəçinin tələb etdiyi məbləğ əsaslandırılmamış və şişirdilmişdir.
69. Məhkəmə qəbul edir ki, ərizəçi pozuntu nəzticəsində mənəvi ziyan çəkmişdir. Buna görə də, bərabərlik əsasında və işin hallarını nəzərə alaraq, bu başlıq altında ərizəçiyə 8,000 Avro ödəməyi əmr edir.
C. Xərc və məsrəflər
70. Ərizəçi bu başlıq altındakı tələbini müəyyən olunmuş müddətdə təqdim etmədiyindən, Məhkəmə bununla bağlı heç bir təzminat müəyyən etmir.
D. İcraatın gecikdirilməsinə görə faiz dərəcəsi
71. Məhkəmə məqsədəuyğun hesab edir ki, icraatın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankının kredit faizinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARLA MƏHKƏMƏ, YEKDİLLİKLƏ
1. Hökumətin Seçki Komissiyasının üzvlərinin tərəfkeşliyi barədə şikayətlərlə əlqədar dövlətdaxili müdafiə vasitələrini tükəndirməmiş olması barədəki etirazını mahiyətə birləşdirir və hesab edir ki, onu araşdırmağa ehtiyac yoxdur;
2. Elan edir ki, qalan şikayətlər qəbulediləndir;
3. Qərara alır ki, 1 saylı Protokolun 3-cü Maddəsinin pozuntusu baş vermişdir;
4. Qərara alır ki,
(a) cavabdeh dövlət mənəvi ziyana görə Ərizəçiyə Məhkəmə qərarının, Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndinə uyğun olaraq yekun xarakter aldığı tarixdən etibarən üç ay ərzində cavabdeh Dövlətin yerli pul vahidinə çevrilərək, 8000 (səkkiz min) avro, üstəgəl tələb olunan bütün vergilər ödənilsin;
(b) yuxarıda qeyd olunan üç ay müddəti başa çatdıqdan sonra ödəniş həyata keçirilənə qədər yuxarıda göstərilən məbləğdən gecikdirmə müddəti üzrə Avropa Mərkəzi Bankının yuxarı kredit faizi, üstəgəl üç faiz əlavə edilsin;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində hazırlanmış və 7 fevral 2008-ci ildə Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə əsasən yazılı şəkildə açıqlanmışdır.
Claudia WesterdiekPeer Lorenzen
KatibSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy