Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 31
İyun 2001-ci il
***
Kress (Kress) Fransaya qarşı [BP] – ərizə № 39594/98
7.6.2001 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ:
Tərəflərin bərabərliyi
Dövlət Şurasındakı müzakirələrdə Hökumət komissarının iştirak etməsi: pozuntu baş verib
Ədalətli məhkəmə araşdırması hüququ:
Çəkişmə xarakterli məhkəmə araşdırması
Dövlət Şurasına təqdim edilmiş izahatların proses iştirakçısı olan tərəfə təqdim edilməməsi: pozuntu baş verməyib
Faktlar: Strasburq xəstəxanasında ümumi narkoz altında ginekoloji əməliyyat olunduqdan sonra ərizəçi damar xəstəliklərindən əziyyət çəkirdi ki, bu da onun əmək qabiliyyətini 90% itirməsi ilə nəticələnmişdi və həmçinin çiyninə qaynar çay tökülmüşdü. Ərizəçi ekspertiza təyin edilməsi üçün təcili icraat qaydasında vəsatət verdi. Strasburq İnzibati Məhkəməsinin sədri ekspertiza üçün həkim təyin etdi, o isə əməliyyat zamanı heç bir tibbi səhvin baş vermədiyi qənaətinə gəldi. 1987-ci ilin avqustunda ərizəçi ziyanın kompensasiyası üçün İnzibati Məhkəmədə xəstəxanaya qarşı iddia qaldırdı. 1990-cı ilin mayında İnzibati Məhkəmə yeni ekspertiza təyin olunması barədə göstəriş verdi və 1991-ci ilin sentyabrında iş üzrə qərarını çıxardı, qərara əsasən, ziyana görə kompensasiya yalnız ərizəçinin çiyninin yanması ilə əlaqədar təyin olundu. 1993-cü ilin aprelində Nansi İnzibati Apellyasiya Məhkəməsi ərizəçinin apellyasiya şikayətini rədd etdi. Sonuncu isə Dövlət Şurasına kassasiya şikayəti verdi və şikayət ərizəsində bütün dəlillərini təqdim etdi. Məhkəmədə onu Kassasiya Məhkəməsinin və Dövlət Şurasının vəkillər kollegiyasının üzvü təmsil edirdi. O, dinləmədə Hökumət komissarının təqdim etdiyi şifahi izahatlarla tanış olmaq və onlara cavab vermək imkanına malik olmamışdı. Bununla belə, o, işlə bağlı müzakirələr üçün hazırladığı memorandumunda yekun qeydlərini bildirdi və məhkəmə qərar çıxarmazdan əvvəl vəkil onları məhkəməyə təqdim etdi. 30 iyul 1997-ci il tarixli qərarı ilə Dövlət Şurası kassasiya şikayətini rədd etdi.
Hüquqi məsələlər: 6-cı maddənin 1-ci bəndi (ədalətli məhkəmə araşdırması hüququ) – Bu şikayət ərizəsində qaldırılan məsələlər müxtəlif Avropa ölkələrində Kassasiya Məhkəməsi və ya Ali Məhkəmə yanında Baş vəkilin və ya digər bu kimi vəzifəli şəxslərin rolu ilə əlaqədar olan bir neçə işdə Məhkəmə tərəfindən araşdırılmış məsələlərə əsas etibarı ilə oxşardır. Lakin ilk dəfədir ki, onlar inzibati məhkəmələrdəki işlə əlaqədar qaldırılır və buna görə də bu məsələni nəzərdən keçirmək lazımdır ki, öncə həmin işlərdə Məhkəmə tərəfindən müəyyən edilmiş prinsiplər hazırkı işə də tətbiq edilə bilərmi? Fransada inzibati məhkəmələr bir sıra özəl xüsusiyyətlərə malikdir və bu məhkəmələrdə Hökumət komissarının rolu dövlət müşavirinin rolu ilə eyni deyil və bu institut Fransanın inzibati məhkəmələrindəki icraat üçün səciyyəvi olan özünəməxsus institutdur. Bununla belə, tabelilik qaydasında hər hansı rəis qarşısında cavabdeh olmayan Komissarın müstəqil hakim statusu özü-özlüyündə belə bir iddiaya haqq qazandırmaq üçün yetərli deyil ki, onun izahatlarının tərəflərə təqdim edilməməsi və tərəflərin onlara cavab vermək imkanına malik olmaması ədalətli məhkəmə araşdırması prinsipinə zidd hal sayıla bilməz. Bununla əlaqədar olaraq, onun prosesdə oynadığı faktiki rola və konkret olaraq onun izahatlarının məzmununa və nəticələrinə xüsusi önəm verilməlidir.
a) Hökumət komissarının izahatlarının açıqlanmamasına və dinləmədə onları cavablandırmaq imkanının olmamasına əsaslanan şikayət – Hökumət komissarı izahatlarını öncə iş üzrə açıq dinləmədə şifahi şəkildə bildirmişdi və müvafiq olaraq, prosesdə iştirak edən tərəflər, hakimlər və ictimaiyyət həmin dinləmədə onların məzmunu ilə tanış olmuşdular. Tərəflərin bərabərliyi hüququ dinləmədən əvvəl izahatların digər tərəfə, yaxud məruzəçi hakimə və ya məhkəmə heyətindəki hakimlərə açıqlanması hüququnu təmin etmir. Müvafiq olaraq, tərəflərin bərabərliyi prinsipi pozulmamışdı. Lakin ədalətli məhkəmə araşdırması hüququ həm də o deməkdir ki, prosesdəki tərəflər Məhkəmənin qərarına təsir göstərmək məqsədi ilə təqdim edilmiş bütün sübutlardan və izahatlardan, hətta onlar milli məhkəmə xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş olsa belə, xəbərdar olmaq və onlara dair şərhlərini bildirmək imkanına malik olmalıdırlar. Dövlət Şurasındakı icraatda vəkillər dinləmədən əvvəl Hökumət komissarından izahatlarının məzmununu ümumi şəkildə onlara bildirməsini xahiş edə və iş üzrə müzakirələr üçün təqdim etdikləri memorandumda onları cavablandıra bilərdilər; Hökumət komissarı tərəflərin dinləmədə toxunmadıqları hər hansı məsələni şifahi şəkildə qaldırardısa, sədrlik edən hakimi tərəflərin həmin məsələyə dair arqumentlərini təqdim edə bilmələri üçün iş üzrə dinləməni təxirə salmalı idi. Beləliklə, Dövlət Şurasındakı cari prosedur tərəflərin hüquqlarının qorunmasına yetərincə təminat verirdi və ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi üçün çəkişmə prinsipinə riayət edilməsi baxımından heç bir problem yaratmırdı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
b) Dövlət Şurasındakı müzakirələrdə Hökumət komissarının iştirakına əsaslanan şikayət – Hökumət komissarının həqiqətən hakim funksiyasına malik olduğu barədə Hökumətin arqumentini bu fakt zəiflədirdi ki, onun səs vermək hüququ yox idi; üstəlik, bu ideyanı qəbul etmək çətindir ki, bəzi hakimlər fikirlərini açıq iclasda ifadə edə bilərlər, digərlər isə bunu yalnız qağalı müşavirə zamanı edə bilərlər. Məhkəmə həmçinin öncə gəldiyi bu qənaəti ("a" bəndinə bax) nəzərə aldı ki, ərizəçi prosesdə Hökumət komissarının səlahiyyətləri ilə balans təşkil edən yetərincə təminatlara malik idi. Baxmayaraq ki, komissarın rəyi onun dövlət müşaviri səlahiyyətindən irəli gəlmirdi, qərəzsizliyin zahiri əlamətləri doktrinası ilə bağlı təşəkkül tapmış presedent hüququna aid işlərdə Məhkəmənin tutduğu mövqedən fərqli olaraq bu halda Hökumət komissarının hakim funksiyasının zahiri əlamətlərinə də önəm verilməlidir. Hökumət komissarı tərəflərdən birinin təqdim etdiyi əsasların rədd edilməsi və ya qəbul olunması barədə rəyini açıq şəkildə ifadə edərkən tərəflər haqlı olaraq komissarı onlardan birinin tərəfini tutan şəxs hesab kimi bilərdilər; bu məsələlərdə təcrübəsiz olan tərəf, həmin tərəfin arqumentlərini rədd etmək və ya qəbul etmək barədə komissarın tövsiyələri əsasında komissarı ya öz rəqibi, ya da müttəfiqi saya bilərdi; nəhayət, prosesdəki tərəf komissarın onun əleyhinə izahatlar təqdim etdikdən sonra məhkəmə heyətinin hakimləri ilə birlikdə qapalı müşavirədə iştirak etmək üçün müşavirə otağına getdiyini gördükdə onda qeyri-bərabərlik hissi yarana bilərdi. Yəqin ki, işin materiallarına baxaraq onlarla tanış olan sonuncu şəxs olaraq Hökumət komissarı müzakirələr zamanı hakimlərin qaldırdığı sualları cavablandıra bilərdi. Lakin komissarın məhkəmə heyətinə sırf texniki yardım göstərməsindən məhkəmənin əldə etdiyi fayda prosesdəki tərəfin daha üstün marağı ilə tutuşdurularaq müqayisə edilməli və bu zaman komissarın müzakirələrdə iştirakı vasitəsilə məhkəmə qərarına təsir göstərə bilməməsi təmin edilməli idi. Fransanın hazırkı hüquq sistemində bu təminat yox idi. Bundan başqa, funksiyası Hökumət komissarınınkına çox bənzəyən Avropa İttifaqı Məhkəməsindəki Baş vəkil müzakirələrdə iştirak etmirdi.
Nəticə: pozuntu baş verib (yeddi səsə qarşı on səslə).
6-cı maddənin 1-ci bəndi (ağlabatan müddət) – İnzibati icraat on il bir aydan artıq davam etmişdi. Konkret olaraq Dövlət Şurasındakı icraatın dörd il bir aydan bir az artıq davam etdiyini nəzərə alsaq, prosesin müddəti həddən artıq uzun sürmüşdü.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41 – Prosesin ədalətliliyi məsələsi ilə bağlı pozuntunun müəyyən edilməsi ərizəçinin məruz qaldığı mənəvi ziyana görə yetərli kompensasiya hesab edildi. Digər tərəfdən, Məhkəmə prosesin uzun sürməsi səbəbindən ərizəçinin məruz qaldığı mənəvi ziyana görə 80.000 fransız frankı (FRF) təyin etdi. Avropa Məhkəməsindəki icraata çəkilmiş məhkəmə xərclərinə və digər məsrəflərə görə Məhkəmə 20.000 FRF təyin etdi.
Full & Egal Universal Law Academy