Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 201
Noyabr 2016-cı il
***
Kiril Zlatkov Nikolov (Kiril Zlatkov Nikolov) Fransaya qarşı – ərizələr № 70474/11 və 68038/12
10.11.2016 tarixli qərar [V Bölmə]
Maddə 35
35-ci maddənin 3(b) bəndi
Əhəmiyyətli ziyanın olmaması
Ədalətli məhkəmə araşdırması hüququndan istifadə məsələsində ayrı-seçkilik: şikayət qəbuledilən deyil
Faktlar – Ərizəçi mütəşəkkil cinayətkarlıqla əlaqədar olan cinayət əməlinə görə cinayət təqibinə məruz qalmışdı. O, Cinayət Prosessual Məcəlləsinin 161-1-ci maddəsində müəyyən edilən, işin istintaqını aparan hakimlər kollegiyaları tərəfindən rəsmi istintaqa cəlb edilmiş şəxslərin dindirilməsinin audio və videoyazısının aparılmasını nəzərdə tutan təminatdan istifadə etməmişdi, həmin maddənin yeddinci bəndi sözügedən cinayət əməlləri ilə, yaxud Fransa xalqının fundamental maraqları ilə və terrorizmlə əlaqədar hallarda bu cür audio və videoyazının aparılmasını istisna edirdi. Konstitusiya Şurası sözügedən müddəanı bərabərlik prinsipi pozulduğuna görə Konstitusiyaya zidd elan etmişdi. Lakin Kassasiya Məhkəməsi ərizəçinin kassasiya şikayətini rədd etmiş və belə əsas gətirmişdi ki, Konstitusiya Şurasının qərarı yalnız həmin qərarın dərc edildiyi tarixdən etibarən ərizəçinin durumunda olan şəxslərə şamil olunur. Buna görə də ərizəçi, digər məsələlərlə yanaşı, şikayət etdi ki, ədalətli məhkəmə araşdırması hüququndan istifadə məsələsində ayrı-seçkiliyə məruz qalıb.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddə: Ərizəçinin dindirilməsinin audio və videoyazısının aparılmamasının onun barəsindəki cinayət prosesi çərçivəsində onun hüquqlarına hər hansı mühüm təsirə malik olduğunu, yaxud ümumiyyətlə onun fərdi situasiyasına təsir etdiyini göstərən heç bir sübut yox idi.
İstənilən halda, barəsində ərizəçinin şikayət etdiyi ədalətli məhkəmə araşdırması hüququndan istifadə məsələsində ayrı-seçkilik onu Konvensiyanın 35-ci maddəsinin 3(b) bəndində nəzərdə tutulan mənada "əhəmiyyətli ziyana" məruz qoymamışdı.
Müvafiq olaraq, Cinayət Prosessual Məcəlləsinin mübahisələndirilən maddəsinin ləğv edildiyini nəzərə alsaq, Konvensiya və onun Protokolları ilə təmin edilən insan hüquqlarına riayət edilməsi bu şikayətə mahiyyəti üzrə baxılmasını tələb etmirdi; Məhkəməyə təqdim edilmiş bu məsələ ölkədaxili səviyyədə artıq həll olunmuşdu və buna görə də bu iş bu sahədə yalnız tarixi nöqteyi-nəzərdən maraq kəsb edirdi. Bundan başqa, 6-cı maddənin 1-ci bəndi ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddə üzrə şikayət daxili məhkəmə tərəfindən lazımi qaydada araşdırılmışdı.
Nəticə: şikayət qəbuledilən deyil (əhəmiyyətli ziyanın olmamasına görə).
Məhkəmə daha sonra yekdilliklə bu qənaətə gəldi ki, 5-ci maddənin 3-cü bəndi pozulmayıb, belə ki, ərizəçi işin istintaqını aparan hakimin yanına qanunla müəyyən edilmiş müddətdə gətirilmişdi və həmin müddət Məhkəmənin presedent hüququnda müəyyən edilmiş dörd günlük maksimum müddəti aşmamışdı. Bundan əlavə, ərizəçinin işin istintaqını aparan hakimin yanına nə üçün daha tez gətirilməməsini işin halları yetərincə izah edirdi.
Full & Egal Universal Law Academy