Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 200
Oktyabr 2016-cı il
***
K.S. və M.S. Almaniyaya qarşı – ərizə № 33696/11
6.10.2016 tarixli qərar [V Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Mənzil toxunulmazlığına hörmət hüququ
Daxili qanunvericiliyi və beynəlxalq hüququ pozmaqla əldə edildiyi iddia edilən sübutların əsasında axtarış orderinin verilməsi: pozuntu baş verməyib
Faktlar – Almaniyanın vergi orqanları ərizəçilərin Lixtenşteyn bankına yerləşdirilmiş vəsaitləri barədə məlumat aldıqdan sonra ərizəçilərə qarşı vergidən yayınma ittihamı üzrə araşdırmaya başlamışdılar. Bu məlumatlar bankın işçisi tərəfindən qanunsuz olaraq daşıyıcıya köçürülmüş və vergi orqanlarına gedib çıxmazdan əvvəl Almaniyanın məxfi xidməti tərəfindən əldə edilmişdi.
Həmin məlumatların əsasında prokuror ərizəçilərin evində axtarış aparılması üçün məhkəmədən order almışdı. Axtarışın qanunsuzluğu barədə ərizəçilərin şikayəti son nəticədə Federal Konstitusiya Məhkəməsi tərəfindən rədd edilmişdi, həmin məhkəmə belə hesab etmişdi ki, bərqərar olmuş presedent hüququna əsasən, prosessual normaların pozulması yolu ilə əldə edilən sübutların cinayət prosesində istifadəsinə icazə verməyən mütləq qayda yoxdur. Federal Konstitusiya Məhkəməsi sübutların beynəlxalq hüquq və daxili qanunvericilik normalarının pozulması yolu ilə əldə edilib-edilmədiyini araşdırmağı zəruri hesab etməmişdi, belə ki, aşağı məhkəmə bu faktı qəbul etmişdi ki, ola bilsin sübutlar qanunsuz yolla əldə edilib.
Konvensiya üzrə icraatda ərizəçilər şikayət etdilər ki, yaşadıqları yerdə aparılmış axtarış Konvensiyanın 8-ci maddəsini pozub, belə ki, axtarış orderi qanunsuz yolla əldə edilmiş sübutlar əsasında verilib.
Hüquqi məsələlər – Maddə 8: Axtarış ərizəçilərin mənzil toxunulmazlığı hüququna müdaxilə təşkil edirdi. O, qanunla nəzərdə tutulmuşdu, belə ki, Cinayət Prosessual Məcəlləsinin 102 və 105-ci maddələrinə əsaslanırdı və Federal Konstitusiya Məhkəməsinin bərqərar olmuş presedent hüququna əsasən, prosessual normaların pozulması yolu ilə əldə edilən sübutların cinayət prosesində istifadəsinə icazə verməyən mütləq qayda mövcud deyildi. Belə olan halda ərizəçilər (zərurət olduqda hüquqi məsləhət almaqla) öncədən görə bilərdilər ki, Lixtenşteyndə əldə edilmiş məlumatların qanun pozuntusu yolu ilə əldə edilməsinə baxmayaraq, dövlət hakimiyyəti orqanları onların əsasında axtarış orderi verə bilərlər. Axtarış qanuni məqsəd daşıyırdı, belə ki, cinayətin qarşısının alınmasına yönəlmişdi.
Daha sonra Məhkəmə müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmadığını nəzərdən keçirdi. O, bununla əlaqədar olaraq bu məsələləri araşdırdı ki, birincisi, sui-istifadə hallarına qarşı müdafiəni təmin edən adekvat təminatlar mövcud idimi və ikincisi, görülmüş tədbir mütənasib idimi?
a) Sui-istifadə hallarına qarşı təminatlar – Almaniyanın qanunvericilik və praktikasında sui-istifadə hallarına qarşı adekvat və səmərəli təminatlar nəzərdə tutulmuşdu. Bu qənaətə gələrkən Məhkəmə qeyd etdi ki: i) belə tədbirlər adətən yalnız Cinayət Prosessual Məcəlləsində müəyyən edilmiş məhdud şərtlər daxilində (hüquq pozuntusunun törədildiyinə dair əsaslı şübhə olduqda və aparılacaq axtarış nəticəsində sübutların aşkara çıxacağı güman edildikdə) hakimin qərarı əsasında tətbiq edilə bilərdi; ii) daxili qanunvericilikdə prosessual normaların pozulması yolu ilə əldə edilən sübutların cinayət prosesində istifadəsinə icazə verməyən mütləq qayda mövcud olmasa da, Federal Məhkəmənin presedent hüququ konstitusion təminatlara sistematik olaraq məhəl qoyulmadan bilərəkdən törədilən və ciddi xarakter daşıyan pozuntuya və sui-istifadə hallarına yol verməklə əldə edilmiş bu cür sübutların istifadəsini qadağan edirdi; və iii) regional məhkəmə axtarış orderinin qanuniliyi məsələsini nəzərdən keçirərkən həmin presedent hüququnu tətbiq etmişdi.
b) Mütənasiblik – Digər səbəblərlə yanaşı aşağıdakı səbəblərə görə söyləmək olmazdı ki, Lixtenşteyndən alınmış məlumatlar əsasında axtarış orderi verərkən daxili məhkəmələr malik olduqları qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşıblar: i) axtarış orderinin verilməsinə səbəb olmuş hüququ pozuntusu (vergidən yayınma) ciddi pozuntu idi; ii) həmin dövrdə Lixtenşteyndən alınmış məlumatlar ərizəçilərin vergidən yayındıqlarını güman etməyə əsas verən əlçatan yeganə məlumatlar idi, buna görə də axtarış orderi, yəqin ki, onların həqiqətən vergidən yayınıb-yayınmadıqlarını müəyyənləşdirməyin yeganə yolu idi; iii) müvafiq dövrdə qanunsuz yolla əldə edilmiş vergi məlumatlarından axtarış orderinə haqq qazandırmaq üçün istifadə edilməsinə icazə verən bərqərar olmuş ölkədaxili presedent hüququnun işığında vergi cinayətlərinin araşdırılması üçün əhəmiyyət daşıyan məlumatları əldə etmək məqsədi ilə Almaniyanın dövlət orqanlarının daxili qanunvericiliyi və beynəlxalq hüququ bilərəkdən və sistematik surətdə pozduqlarını, yaxud qəsdən bu niyyətlə hərəkət etdiklərini göstərən heç bir əlamət yox idi; iv) axtarış orderini verərkən Almaniyanın dövlət orqanları Konvensiyada nəzərdə tutulmuş mühüm hüquqlardan birinin pozulmasının birbaşa nəticəsi olaraq əldə edilən real sübutlara əsaslanmamışdılar; v) axtarış orderinin məzmunu və tətbiq dairəsi kifayət qədər konkret idi, araşdırılan vergidən yayınma cinayəti orada aydın və ətraflı şəkildə göstərilmiş və sübut qismində axtarılan əşyalar qeyd edilmişdi; və vi) ərizəçilər özəl mənzillərində aparılmış axtarışın onların şəxsi nüfuzuna mənfi təsir göstərdiyini iddia etməmişdilər.
Xülasə, ərizəçilərin 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilə demokratik cəmiyyətdə zəruri idi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
(Həmçinin bax: Buk Almaniyaya qarşı, ərizə № 41604/98, 28 aprel 2005-ci il, 74 saylı Məlumat bülleteni; və Smirnov Rusiyaya qarşı, ərizə № 71362/01, 7 iyun 2007-ci il, 98 saylı Məlumat bülleteni; və ümumi məlumat üçün bu mənbələrə də bax: Fərdi məlumatlarım mühafizəsi mövzusunda tematik material və Fərdi məlumatların mühafizəsinə dair Avropa hüququ barədə təlimat)
Full & Egal Universal Law Academy