Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 200
Oktyabr 2016-cı il
***
Kitanovska Stanoykoviç (Kitanovska Stanojkovic) və başqaları "keçmiş Yuqoslaviya respublikası Makedoniyaya" qarşı – ərizə № 2319/14
13.10.2016 tarixli qərar [I Bölmə]
Maddə 2
Pozitiv öhdəliklər
Ərizəçiyə qarşı soyğunçu hücumda təqsirli bilinən şəxs barəsindəki ittiham hökmünün icrasının yubadılması: pozuntu baş verib
Faktlar – Birinci ərizəçi evində baş vermiş soyğunçuluq zamanı ciddi xəsarət almışdı. Onun əri, yəni ikinci və üçüncü ərizəçilərin atası da eyni insident zamanı hücuma məruz qalmış və aldığı xəsarətlər nəticəsində sonradan ölmüşdü. Hücum edənlər ağırlaşdırıcı hallarla soyğunçuluğa görə məhkum edilmiş və azadlıqdan məhrumetmə cəzası almışdılar. Lakin hücum edənlərdən biri cəzasını çəkməyə başlamazdan əvvəl on səkkiz ay ərzində ərizəçilərin qonşuluğunda yaşamaqda davam etmişdi. Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçilər şikayət etdilər ki, azadlıqdan məhrumetmə cəzasının icrasının yubadılması Konvensiyanın 2-ci maddəsinin pozulmasına səbəb olub.
Hüquqi məsələlər – Maddə 2: Hücum edənlər tərəfindən birinci ərizəçiyə qarşı güc tətbiqinin onun ölümü ilə nəticələnməməsi sadəcə təsadüfün nəticəsi idi. O, həyat üçün təhlükəli xəsarətlər almışdı və buna görə də 2-ci maddə bu işin hallarına tətbiq edilə bilərdi. Məhkəmə qeyd etdi ki, hücum edənlər soyğunçuluq faktından sonra məhkum ediliblər və cəzalandırılıblar. Ərizəçilər cinayət işinin icraatının aparılmasını və ya nəticəsini tənqid etməmişdilər və Məhkəmə nəzərə aldı ki, dövlət orqanları cinayət prosesi ilə bağlı 2-ci maddədən irəli gələn prosessual öhdəliklərini yerinə yetiriblər. Lakin 2-ci maddədən irəli gələn cinayət istintaqının səmərəliliyi tələbi həm də dövlətlərin üzərinə yekun məhkəmə qərarlarını ləngimədən icra etmək öhdəliyini qoyan tələb kimi şərh oluna bilər. Bu onunla əlaqədardır ki, yaşamaq hüququ kontekstində çıxarılmış hökmün icrası dövlətin bu maddə üzrə daşıdığı prosessual öhdəliyin tərkib hissəsi sayılmalıdır. İşin faktlarına gəlincə, Məhkəmə hesab etdi ki, cavabdeh dövlətin hakimiyyət orqanları azadlıqdan məhrumetmə cəzasının gecikdirilmədən icra edilməsi üçün zəruri olan səyləri göstərməyiblər və bütünlüklə dövlət orqanlarının təqsiri ucbatından baş vermiş ləngimələrin müddəti ağlabatan sayıla bilməzdi. Buna görə də Məhkəmə bu nəticəyə gəldi ki, cavabdeh dövlətdə qüvvədə olan azadlıqdan məhrumetmə cəzalarının icrası sisteminin bu işdə səmərəli olmadığı üzə çıxıb və müvafiq olaraq, Konvensiyanın 2-ci maddəsinin prosessual aspektinin pozuntusu baş verib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: mənəvi ziyana görə 5.000 avro təyin edildi.
Full & Egal Universal Law Academy