Avropa İnsan Hüquqları Məhkəməsi
KUDLA (KUDŁA) POLŞAYA QARŞI məhkəmə işi
(Ərizə Nº 30210/96)
QƏRAR
Strasburq
26 oktyabr 2000-ci il
Kudla Polşaya qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi,
hakimlər:
cənab L. Vildhaber (L. Wildhaber), sədr;
xanım E. Palm (E. Palm);
cənab J.-P. Kosta (J.-P. Costa);
cənab A. Pastor Ridruexo (A. Pastor Ridruejo);
cənab G. Bonello (G. Bonello);
cənab Y. Makarçik (J. Makarczyk);
cənab P. Küris (P. Kūris);
cənab R. Türmən (R. Türmen);
xanım F. Tuklens (F. Tulkens);
xanım V. Strajnitska (V. Strážnická);
cənab P. Lorensen (P. Lorenzen);
cənab M. Fişbax (M. Fischbach);
cənab J. Kasadevall (J. Casadevall);
xanım H.S. Qriv (H.S. Greve);
cənab A.B. Baka (A.B. Baka);
xanım S. Botuçarova (S. Botoucharova);
cənab M. Uqrexelidze (M. Ugrekhelidze);
habelə Seksiya katibinin müavini cənab P.J. Mahoneydən (P.J. Mahoney) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
7 iyun və 18 oktyabr 2006-cı ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul etdiyi aşağıdakı qərarı elan edir.
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 11 saylı Protokolu qüvvəyə minənə qədər tətbiq edilən müddəalara uyğun olaraq, Avropa İnsan Hüquqları Komissiyası (“Komissiya”) tərəfindən 30 oktyabr 1999-cu ildə və Polşa vətəndaşı cənab Andrjey Kudla (“ərizəçi”) tərəfindən 2 dekabr 1999-cu ildə Məhkəməyə təqdim edilmişdir (11 saylı Protokolun 5-ci maddəsinin 4-cü bəndi və Konvensiyanın keçmiş 47-ci və 48-ci maddələri).
2. İş Konvensiyanın keçmiş 25-ci maddəsinə əsasən ərizəçi tərəfindən 12 aprel 1995-ci ildə Komissiyaya təqdim edilmiş Polşa Respublikasına qarşı ərizə (N 30210/96) əsasında başlanmışdır.
3. Ərizəçi konkret olaraq iddia etmişdir ki, ibtidai həbsdə olduğu müddətində lazımi tibbi yardım almayıb, onun həbsi əsassız olaraq uzun sürüb, “işinə ağlabatan müddətdə baxılması” hüququna hörmət edilməyib və ona qarşı cinayət prosesinin həddən artıq uzanmasına qarşı şikayət etmək üçün səmərəli daxili hüquqi müdafiə vasitəsinə malik olmayıb.
4. Komissiya 20 aprel 1998-ci ildə ərizəni qismən qəbul olunan elan etmişdir. 26 oktyabr 1999-cu il tarixli məruzəsində (Konvensiyanın keçmiş 31-ci maddəsi) [Katibin qeydi: Məruzəni dəftərxanadan əldə etmək olar] o, belə bir fikir ifadə etdi ki, Konvensiyanın 3-cü maddəsi pozulub (on üç səsə qarşı on dörd səslə); 5-ci maddənin 3-cü bəndi pozulub (yekdilliklə); 6-cı maddənin 1-ci bəndi pozulub (yekdilliklə); və 13-cü maddənin pozulub-pozulmadığını araşdırmağa ehtiyac yoxdur (doqquz səs qarşı on səkkiz səslə).
5. Məhkəmədəki icraatda ərizəçi hüquqi yardımla təmin edilmişdir, onu Krakovda (Polşa) vəkillik fəaliyyəti ilə məşğul olan cənab K. Tor və cənab P. Solay təmsil edilmişlər. Polşa Hökumətini (“Hökumət”) onun nümayəndəsi – xarici işlər nazirliyinin təmsilçisi cənab K. Drzevitski təmsil etmişdir.
6. 6 dekabr 1999-cu ildə Böyük Palatanın Komitəsi qərara aldı ki, işə Böyük Palata tərəfindən baxılmalıdır (Məhkəmə Reqlamentinin 100-cü Qaydasının 1-ci bəndi). Böyük Palatanın təşkili Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq həll edildi. Məhkəmənin sədri göstəriş verdi ki, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin maraqları naminə (24-cü Qayda, 43-cü Qaydanın 2-ci bəndi və 71-ci Qayda) iş Mikulski Polşaya qarşı məhkəmə işi üzrə (ərizə N 27914/95) təşkil olunmuş Böyük Palataya həvalə olunsun.
7. Ərizəçi və Hökumət hər ikisi öz yaddaş qeydlərini (memorandumlarını) təqdim etdilər.
8. Sonradan Böyük Palatanın sədri Hökuməti dəvət etdi ki, ərizəçi 4 oktyabr 1993-cü ildən sonra Krakov istintaq təcridxanasında saxlanıldığı müddətdə tərtib edilmiş ərizəçinin tibbi sənədlərini təqdim etsin. Hökumət müvafiq sənədləri 12 may 2000-ci ildə təqdim etdi. Onların surətləri 25 may 2000-ci ildə ərizəçiyə göndərildi.
9. 7 iyun 2000-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 2-ci bəndi).
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
cənab K. Drjevitski, nümayəndə;
xanım M. Vasek-Vyaderek, vəkil;
cənab K. Kalinski, vəkil;
cənab V. Dsyuban, məsləhətçi;
b) ərizəçinin adından:
cənab K. Tor, vəkil;
cənab P. Solay, vəkil.
Məhkəmə cənab Solayın, cənab Drjevitskinin, cənab Kalinskinin, xanım Vasek-Vyaderekin və cənab Torun müraciətlərini dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
A. Ərizəçinin həbsi və ona qarşı məhkəmə prosesi
10. 8 avqust 1991-ci ildə ərizəçi Krakov regional prokurorunun (Prokurator Wojewódzki) yanına gətirilərək dələduzluqda və saxtakarlıqda ittiham olundu və barəsində həbs qətimkan tədbiri (ibtidai həbs) seçildi. Ərizəçi müxtəlif xəstəliklərdən, xüsusən depressiyadan əziyyət çəkdiyi barədə prokurora məlumat verdiyinə görə dövlət orqanları onun həkim tərəfindən müayinə olunması barədə göstəriş verdilər. Bir neçə gün sonra aparılmış müayinədən sonra ərizəçi həbsxanada saxlanılmaq üçün yararlı hesab edildi. O, Krakov istintaq təcridxanasına yerləşdirildi.
11. Bundan sonra naməlum tarixdə ərizəçi həbs qərarından şikayət verdi. 21 avqust 1991-ci ildə Krakov regional məhkəməsi (Sąd Wojewódzki) onun şikayətini rədd edərək müəyyən etdi ki, onun ittiham olunduğu cinayətləri törətdiyini göstərən ciddi əlamətlər var. Məhkəmə tibbi müayinənin nəticələrinə istinad edərək onun səhhəti ilə bağlı azadlığa buraxılması üçün heç bir əsas görmədi.
12. 1991-ci ilin avqustundan 1992-ci il iyulun sonunadək ərizəçi təxminən otuz dəfə azadlığa buraxılması üçün ərizələr və azadlığa buraxılmasına qarşı qərarlardan şikayətlər verdi.
13. Bu arada 1991-ci ilin oktyabrında ərizəçi həbsxanada intihara cəhd etdi. 4 noyabr 1991-ci ildə o, naməlum müddətə aclıq aksiyasına başladı.
14. 1991-ci ilin noyabrında dövlət orqanları ərizəçinin həkimlər tərəfindən müayinə olunması barədə göstəriş verdilər. 25 noyabr 1991-ci ildə Yagellon Universitetinin məhkəmə psixiatriyası fakültəsinin ekspertləri tərəfindən müvafiq rəy tərtib edildi. Həkimlər hesab etdilər ki, ərizəçinin səhhəti adi həbsxanada saxlanmaq üçün yararlı deyil və tövsiyə etdilər ki, həbsdə saxlanma davam edəcəyi təqdirdə o, həbsxanadakı xəstəxananın psixiatriya palatasına yerləşdirilsin. Sonradan ərizəçi Bitom həbsxanasının xəstəxanasına aparıldı, orada o, daxili xəstəliklər palatasına yerləşdirildi və əqli durumu ilə bağlı müalicə aldı. Ərizəçi naməlum müddət ərzində xəstəxanada qaldı. Sonra o, geriyə – Krakov istintaq təcridxanasına köçürüldü.
15. 1992-ci il yanvarın 20-də və fevralın 27-də ərizəçi məhkəmə təbabəti mütəxəssisləri tərəfindən müayinə olundu. Onlar hesab etdilər ki, onun həbsxanada psixiatriya müalicəsinə ehtiyacı var, amma onu həbsxanadakı xəstəxananın psixiatriya palatasına yerləşdirməyə ehtiyac yoxdur.
16. 30 aprel 1992-ci ildə ərizəçiyə qarşı ittiham aktı Krakov regional məhkəməsinə təqdim edildi. Ümumilikdə ona və onunla birlikdə təqsirləndirilən doqquz nəfərə qarşı iyirmi doqquz ittiham irəli sürüldü. İşin materialları on doqquz cilddən ibarət idi. İttiham tərəfi doxsan səkkiz şahid ifadəsinin dinlənilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırdı.
17. 15 iyun 1992-ci ildə məhkəmənin müraciəti əsasında Krakov Psixiatriya Klinikasının və Yagellon Universitetinin məhkəmə psixiatriyası fakültəsinin həkimləri ərizəçinin psixoloji durumu barədə rəy verdilər. Onların rəyində deyilirdi:
“Pasiyent davamlı olaraq intihara meyllilik nümayiş etdirir. Tibbi müayinə nəticəsində biz müəyyən etdik ki, o, intihar barədə düşüncələrlə müşayiət olunan dərin depressiya sindromundan əziyyət çəkir. İntihar barədə düşüncələrin intensivliyi və onun artıq intihara cəhd etdiyi nəzərə alınaraq, o, psixiatriya müalicəsi almalıdır. Onun həbsdə saxlanılması həyatına qarşı ciddi təhlükə yaradır (növbəti intihar cəhdi ilə bağlı ciddi risk mövcuddur)...”.
18. 27 iyul 1992-ci ildə Krakov regional məhkəməsi həbs barədə qərarı ləğv etdi.
19. 26, 27 və 28 oktyabr və 14 və 15 dekabr 1992-ci ildə məhkəmə ərizəçinin işi üzrə dinləmələr keçirdi. 8 fevral 1993-cü ilə təyin olunmuş dinləmə ləğv olundu, çünki ərizəçi məhkəməyə gəlməmişdi. Onun vəkili məhkəməyə arayış təqdim etdi ki, ərizəçiyə beş günlük xəstəlik kağızı verilib; lakin məhkəmə qərar çıxardı ki, ərizəçi üç gün müddətində məhkəmə eksperti tərəfindən verilmiş tibbi arayış təqdim etməlidir, “bunu etməsə, onun məhkəməyə məcburi gətirilməsi üçün preventiv tədbirlər [środki zapobiegawcze] tətbiq ediləcək”. Ərizəçi tələb olunan arayışı təqdim etmədi, lakin 12 fevral 1993-cü ildə məhkəməyə məlumat verdi ki, Svinouystsedə klimatik müalicə alır və 7 mart 1993-cü ilədək orada qalmalı olacaq. Ərizəçi məhkəmə çağırışlarının ona təqdim edilməsi üçün ünvan göstərmədiyinə görə 18 fevral 1993-cü ildə məhkəmə ərizəçinin dinləmələrə gəlmədiyini əsas gətirərək onun yerinin müəyyən edilməsi və təkrar həbsə alınması üçün onun barəsində “axtarış” qərarı qəbil etdi. 16 mart 1993-cü ilə təyin olunmuş növbəti dinləmə ərizəçinin gəlməməsi ucbatından ləğv olundu.
20. 18 fevral 1993-cü il tarixli həbs qərarı 4 oktyabr 1993-cü ilədək icra olunmadı, həmin tarixdə ərizəçi yol hərəkəti qaydalarını pozduğuna görə polis tərəfindən həbsə alındı. O, Krakov istintaq təcridxanasına salındı.
21. Regional məhkəmə dinləmələri 6 oktyabr və 15 və 17 noyabr 1993-cü ilə təyin etdi, amma sonradan onların hamısını ləğv etdi, çünki ərizəçinin əqli durumu (xüsusən onun diqqətini cəmləyə bilməməsi) onun məhkəmə araşdırmasına lazımi qaydada iştirak etməsinə imkan vermirdi. Həbsxana həkiminin 17 noyabr 1993-cü il tarixli qeydlərində onun durumu aşağıdakı kimi təsvir edilmişdi:
“Bu günkü məhkəmə prosesində iştirak etmək iqtidarındadır (diqqətini cəmləşdirməkdə çətinlik çəkdiyinə görə bu iştirak məhdud olmalıdır)”.
Sonrakı ekspert rəyinə əsasən (bu rəy məhkəmə tərəfindən 1993-cü ilin sonunda alınmışdı), ərizəçi həmin dövrdə “əqli xəstəlikdən əziyyət çəkmirdi” və onun əqli durumu “onun həbsdə saxlanmasına mane olmurdu”.
22. Bu arada 18 noyabr 1993-cü ildə ərizəçinin vəkili həbs barədə qərardan şikayət verərək iddia etdi ki, ərizəçi 27 iyul 1992-ci ildə azad edildikdən sonra güclü depressiya ilə bağlı davamlı müalicə alıb və birinci instansiya məhkəməsinə gəlməməsi psixoloji vəziyyəti ilə əlaqədar olub, amma şikayəti uğursuz nəticələndi.
23. 1993-cü ilin oktyabrında və 1994-cü ilin noyabrında ərizəçi azad edilməsi üçün daha iyirmi bir vəsatət və şikayət verdi, amma vəsatətləri və imtina qərarından verdiyi bütün şikayətlər uğursuz nəticələndi.
24. 13, 14 və 16 dekabr 1993-cü ildə məhkəmə dinləmə keçirdi. 1994-cü il yanvarın sonuna təyin edilmiş dinləmələr ləğv olundu, çünki ərizəçi 26 yanvar 1994-cü ildə böyük dozada dərman atmaqla intihara cəhd etmişdi (aşağıda 63-64-cü bəndlərə bax).
25. Məhkəmə araşdırması 14, 15 və 16 fevral 1994-cü ildə davam etdi. 9 və 10 mart 1994-cü ilə təyin edilmiş dinləmələr ləğv olundu, çünki iclasa sədrlik edən hakim xəstə idi. Sonrakı dinləmələr 14, 15 və 16 iyun 1994-cü ildə keçirildi. Bu arada ərizəçi Vrotslav həbsxanasının xəstəxanasında psixiatriya müayinəsindən keçdi (aşağıda 58-ci bəndə bax).
26. Növbəti dinləmə 11 iyul 1994-cü ildə keçirildi. 12 və 14 iyul 1994-cü ilə təyin edilmiş dinləmələr ləğv olundu, çünki ərizəçi öz müdafiəçisinə verdiyi vəkalətnaməni geri götürmüşdü. Məhkəmə araşdırması 20, 21 və 22 sentyabr, 25 və 26 oktyabr və 14 və 15 noyabr 1994-cü ildə davam etdi. 20, 21 və 22 dekabr 1994-cü ilə təyin edilmiş dinləmələr ləğv olundu, çünki ərizəçi ilə birlikdə təqsirləndirilən şəxslər həmin vaxt xəstəxanaya qəbul olunmuşdular.
27. Bu arada 17 noyabr 1994-cü ildə ərizəçi Krakov regional məhkəməsinin sədrinə həbsdə saxlanılmasının və işi üzrə məhkəmə prosesinin uzun sürməsindən şikayət etdi. O, konkret olaraq şikayət etdi ki, onunla birlikdə təqsirləndirilən digər doqquz nəfərin hamısı azadlığa buraxılıb, amma o hələ də həbsdə saxlanılır, halbuki indi onun həbsdə saxlanılmasının ümumi müddəti iki ili keçib. O, iddia etdi ki, dinləmələrin protokollarında şahidlərin ifadələri əks olunmayıb, məhkəmə onun və vəkilinin arqumentlərini protokollara daxil etməyib və onun işin faktlarına dair öz versiyasını sərbəst surətdə ifadə etməsinə icazə verməyib. Ona qarşı həmin vaxt dörd ildən artıq davam etməkdə olan cinayət prosesi, onun ifadəsi ilə desək, “dəhşətdir”.
28. 7 dekabr 1994-cü ildə ərizəçi həbsxanada aldığı psixiatriya müalicəsi ilə bağlı məhkəməyə şikayət etdi. Sədrlik edən hakim həbsxana müdiriyyətindən izahatlar istədi. Müdiriyyət ona ərizəçinin məruz qaldığı bir sıra tibbi müayinələr barədə məlumat verərək həmin müayinələrin təfsilatlarını bildirdi və müvafiq tibbi rəylərin surətlərini təqdim etdi.
29. Təxminən eyni vaxtda ərizəçi məhkəməyə vəsatət verdi ki, səhhəti ilə əlaqədar onu azad etsin. O, həmçinin ailəsinin vəziyyətinə də istinad edərək bildirdi ki, həddən artıq həbsdə saxlanılması ailəsini ciddi gərginliyə məruz qoyub. 8 dekabr 1994-cü ildə Krakov regional məhkəməsi vəsatəti rədd etdi.
30. 4 yanvar 1995-ci ildə Krakov Apelyasiya Məhkəməsi (Sąd Apelacyjny) ərizəçinin şikayətinə baxaraq regional məhkəmənin qərarını qüvvədə saxladı və qərara aldı ki, ərizəçinin işdə göstərilən cinayətləri törətməsi ilə bağlı əsaslı şübhə olduğuna görə və qaçıb gizlənməsi riski mövcud olduğuna görə onun həbsdə saxlanılması davam etməlidir. Məhkəmə həmçinin hesab etdi ki, ərizəçinin ailəsinin vəsiyyəti çətin olsa da, bu, onun azadlığa buraxılmasının lehinə dəlalət edən hal deyil.
31. 25 yanvar 1995-ci ildə ərizəçinin vəkili həbs qərarının ləğv edilməsi və ərizəçinin polis nəzarətində olmaqla azadlığa buraxılması üçün Krakov regional məhkəməsinə vəsatət verdi. O, vurğuladı ki, 23 yanvar 1995-ci ildə ərizəçi özünü asmağa çalışaraq yenə də həbsxanada intihara cəhd etdi (aşağıda 69-70-ci bəndlərə bax). Bu hadisə, onun xroniki depressiyası ilə birlikdə götürülməklə, ərizəçinin davamlı olaraq həbsdə saxlanılmasının onun həyatına qarşı təhlükə törədəcəyinə dair aydın xəbərdarlıq idi. Vəkil həmçinin qeyd etdi ki, ərizəçi yalnız dinləmələrdə iştirak etmədiyinə görə təkrar həbsə alınıb. Bu səbəb daha onun həbsdə saxlanılması üçün əsas ola bilməz, çünki ona qarşı sübutlar artıq dinlənilib və ərizəçinin həbsdə saxlanılması məhkəmə araşdırmasının lazımi qaydada aparılması məqsədinə xidmət edə bilməz.
32. 13 fevral 1995-ci ildə Krakov regional məhkəməsi vəsatəti rədd etdi. O, qərara aldı ki, həbsxana müdiriyyətinin verdiyi məlumata görə, ərizəçinin intihar cəhdi diqqəti özünə cəlb etmək məqsədi daşıyıb və onun həbsdə saxlanılmasının ilkin səbəbləri hələ də qüvvədədir. Həbsxana müdiriyyətinin 10 fevral 1995-ci il tarixli məlumatda deyilirdi:
“[Regional] məhkəmənin təqsirləndirilən şəxslə bağlı müraciətinə cavab olaraq təsdiq edirik ki, məhkəmənin sərəncamında olan Andrjey Kudla ... bu il yanvarın 23-də saat 4.45-də diqqəti öz işinə cəlb etmək üçün intihara cəhd edib.
Növbəti həkimin, psixiatrın və psixoloqun məlumat və rəyləri əsasında müəyyən edilib ki, məhbus özünü reaktiv depressiya formasında büruzə verən əqli nasazlıqdan əziyyət çəkib. Məhbusun hərəkəti nəticəsində boynunun dərisində asılmadan sonra kəndirin qoyduğu zolaq izləri formasında yüngül sıyrıntılar əmələ gəlib; hə hansı nevroloji dəyişikliklər müşahidə olunmayıb.
Məhbus cinayət prosesinin çox uzun sürdüyünü hesab etdiyi üçün və özünü ona qarşı ittihamlardan kənara çəkmək üçün bu tamaşanı həyata keçirib.
Emosional problemlərinə baxmayaraq, o, situasiyaya nəzarət edir və [həbsxana müdiriyyətinə] təzyiq göstərir.
Həbsxana rəisinin qərarına əsasən bu davranışına görə ona intizam cəzası verilməyib. Məhbusun psixikasını qaydaya salmaq üçün [onunla aparılmış] müzakirələr onun davranışı ilə əlaqədar olaraq sağlamlığına və həyatına qarşı yaranan real təhlükələri ona izah etmək məqsədi daşıyıb.
Sonrakı (intihar cəhdindən sonra həyata keçirilmiş) psixiatr məsləhətləri zamanı reaktiv depressiya simptomlarının zəiflədiyi müşahidə edilib.
O, subyektiv iztirab hissindən irəli gələn, özünü məhv etməyə yönələn davranış ehtimalı ilə əlaqədar olaraq digər məhbuslarla bir kamerada saxlanılmaqda davam edir. O, çətin məhbus kimi təsnifləşdirilir və buna görə də daimi müşahidə altında və həbsxananın təhlükəsizlik və tibb personalının nəzarəti altında saxlanılır.
[Möhür və imza aydın oxunmur]”.
33. 25 fevral 1995-ci ildə ərizəçinin vəkili regional məhkəmənin qərarından şikayət verərək bildirdi ki, ərizəçinin əqli sağlamlığı əhəmiyyətli dərəcədə pisləşib və o, daim depressiyadan əziyyət çəkir. O, məhkəmədən xahiş etdi ki, həbsxana müdiriyyətinin qiymətləndirməsinə güvənmək əvəzinə ərizəçinin sağlamlıq durumunun qiymətləndirilməsi üçün psixiatr və digər tibb ekspertləri təyin etsin. O, həmçinin iddia etdi ki, məhkəmə prosesi həddən artıq uzun sürüb və ərizəçi artıq iki il dörd ay həbsdə keçirib.
34. 2 mart 1995-ci ildə Krakov Apelyasiya Məhkəməsi şikayəti rədd etdi. Məhkəmə hesab etdi ki, tibb ekspertlərinin çağırılmasına ehtiyac yoxdur və məhkəmə prosesinin lazımi qaydada həyata keçirilməsi üçün ərizəçinin həbsdə saxlanılması davam etməlidir. Bir qədər sonra 8 mart və 1 iyun 1995-ci ildə ərizəçi azad edilməsi üçün dörd vəsatət verdi və həbsdə saxlanılması barədə qərarlara qarşı şikayətlər təqdim etdi, amma onun cəhdləri uğursuz oldu.
35. 13, 14 və 15 mart, 3, 4 və 5 aprel və 4, 5, 30 və 31 may 1995-ci ildə regional məhkəmə dinləmələr keçirdi və şahidlərin ifadələrini dinlədi. Əvvəlki iclaslara gəlməyən müəyyən şahidlər məhkəməyə polis tərəfindən gətirildilər.
36. 1 iyun 1995-ci ildə Krakov regional məhkəməsi ərizəçini dələduzluqda və saxtakarlıqda təqsirli bilərək altı il müddətinə azadlıqdan məhrum etdi və 5.000 zlotı (PLN) məbləğində cərimə etdi. 2 iyun 1995-ci ildə ərizəçi və vəkili apelyasiya şikayəti vermək niyyətləri barədə məlumat verdilər.
37. 1 avqust 1995-ci ildə ərizəçi ədliyyə nazirinə şikayət etdi ki, birinci instansiya məhkəməsi hökmün əsaslandırılmış mətnini qanunla müəyyən edilmiş yeddi gün müddətində hazırlamayıb. O, bildirdi ki, gecikdirmə artıq iki ay təşkil edir.
38. Bir qədər sonra ərizəçi azadlığa buraxılması üçün vəsatət verərək iddia etdi ki, həddən artıq uzun müddət ərzində həbsdə saxlanması onun sağlamlığına və ailəsinin rifahına olduqca mənfi təsir göstərib. 14 avqust 1995-ci ildə Krakov regional məhkəməsi vəsatəti rədd etdi. 31 avqust 1995-ci ildə ərizəçinin şikayətindən sonra Krakov Apelyasiya Məhkəməsi bu qərarı qüvvədə saxladı və qeyd etdi ki, təyin olunmuş cəzanın ağırlığı onun həbsdə saxlanmasını zəruri edib.
39. Tarixi məlum olmayan digər bir gündə ərizəçi işi üzrə məhkəmə prosesinin həddən artıq uzun sürməsindən ədliyyə nazirinə şikayət edərək qeyd etdi ki, Krakov regional məhkəməsi hökmün əsaslandırılmış mətnini qanunla müəyyən edilmiş müddətdə ona təqdim etməyib. Bu, apelyasiya prosesinin əhəmiyyətli dərəcədə uzanmasına səbəb olub. 28 avqust 1995-ci ildə Ədliyyə Nazirliyinin Cinayət Departamentinin başçısı şikayətin cavabında ərizəçiyə məlumat verdi ki, hökmün əsaslandırılmış mətninin iki yüz səhifədən artıq olacağı güman edilir və onun qanunla müəyyən olunmuş müddətdə riayət edilməməsi onunla əlaqədardır ki, məruzəçi hakim məzuniyyətdədir.
40. 27 sentyabr 1995-ci ildə regional məhkəmənin müraciəti əsasında ərizəçi Krakovdakı Yagellon Universitetinin məhkəmə təbabəti fakültəsinin tibb kollegiyasının psixiatrları tərəfindən müayinə olundu. Onların rəyinin müvafiq hissəsində deyilirdi:
“... İşin materiallarından və tibb ekspertlərinin rəylərindən göründüyü kimi, müttəhim Vrotslav həbsxanasının xəstəxanasındakı psixiatriya palatasında müayinə olunub. Xəstəxanada müşahidə altında olduğu müddətdə onun intihara cəhd etdiyi və şüurunun uzun müddət yerində olmadığı müşahidə edildi. Vrotslav ekspertlərinin psixiatriya rəyindəki... əhatəli yekun nəticələri göstərir ki, müttəhimdə əqli nasazlıq və situasiyaya depressiv reaksiya özünü büruzə verir, bunlar onun həbsxanada saxlanmasına qətiyyən mane olmur, bu şərtlə ki, o, ambulator şəraitdə psixiatr yardımı ilə təmin edilsin.
[Ərizəçi] izah etdi ki, hələ də istintaq təcridxanasındadır və özünü çox xəstə hiss edir, o, kəllənin yuxarısından boyuna doğru olan nahiyədə daim başağrıları hiss edir. Çox zaman, xüsusən də gecə vaxtı nəfəsi təngiyir və çətin nəfəs alır. Belə hallarda o, həbsxana əməkdaşlarından yardım istəyib və onlar onu tibb palatasına aparıblar. Əksər hallarda həkim ona relanium [diazepam] yazıb, amma bu dərman onun əzablardan azad etməyib. O, iddia etdi ki, gecə vaxtı ən azı 30 milliqram, gündüz vaxtı isə ən azı 15 milliqram dozada relanium qəbul etməkdə davam edib. Özünün dediyi kimi, o, bu dərmana “öyrəşib” və onsuz qala bilmir. O, daim yorğunluq hiss edir, gecələr yatmır, davamlı olaraq həbsdə saxlanması onu bezdirib. O, bunu həddən artıq böyük cəza hesab edir, çünki artıq ona verilə biləcək hər hansı cəzanı “artıqlaması ilə çəkib”. Müttəhimlə söhbət zamanı müşahidə edildi ki, boyun nahiyəsində onun dərisi sıyrılıb. Köynəyinin boyunluğunu aralayarkən boyun nahiyəsinin ön tərəfində dəridə zolaqvarı sıyrıntı aşkar edildi, o, özünü asan qurbanın boynunda aşkar edilən sıyrıntılara uyğun idi. Müttəhim izah etdi ki, ... döşəkağı ilə özünü asmağa cəhd edib, amma onu xilas ediliblər. Bu onun ikinci intihar cəhdi idi və o, nə üçün belə davrandığını izah edə bilmədi. O, bildirdi ki, özünü müəyyən anlarda ağlını itirmiş kimi hiss edir və belə vaxtlarda özünü öldürməyə cəhd edir, o, bunu əsasən özünü asmaqla, habelə dərmanlar atmaqla və ülgüclə özünü kəsməklə edir. O, iddia etdi ki, bir dəfə ailəsində mübahisə baş verən zaman evi tərk edib və bir neçə həftə sonra özünə gələndə görüb ki, Svinouystsedəki pansiondadır. O, oraya necə getdiyini başa düşməyib və həmin həftələr ərzində başına nə gəldiyini də bilməyib.
Müayinə altında olan şəxs hazırda şifahi ünsiyyətə yaxşı girir, söhbətə meyllidir, əhvalı bir qədər yüngülləşib, amma gərginlik, əsəbilik və güclü ədalətsizlik hissləri keçirir. O, düzgün müalicə olunmadığını bildirir. O, bəzi dərman qəbul edir ki, onlar onun əqli durumunu yaxşılaşdırmır və o, hesab edir ki, bu müalicə onu yalnız “psixotrop davranışa” məruz qoyur.
Psixiatriya müayinəsindən sonra müttəhim mütəxəssis tərəfindən müayinə olunmaq üçün elektroensefaloqrafiya departamentinə göndərilib.
Həmin müayinənin nəticələri rəyə əlavə olunur.
Rəy
Kişi cinsindən olan 33 yaşlı müttəhim Andrjey Kudlanın müayinəsi və müttəhim xəstəxanada olarkən bir neçə həftə ərzində aparılmış əvvəlki müayinələrin və tibbi və psixoloji müşahidələrin nəticələrinin təhlili göstərir ki, onun hazırkı əqli durumu əqli nasazlığın və situasiyalara çətin reaksiya vermənin nəticəsidir. Bu pozuntular xaraktercə psixi pozuntular deyil, amma sonrakı intihar cəhdləri sübut edir ki, onun sağlamlığına qarşı real təhlükə var. Bu səbəbdən biz həmçinin hesab edirik ki, məhkəmə prosesi müttəhimin həbsxanada bundan sonrakı dövrdə də qalmasını tələb edirsə, o, xəstəxana palatasına göndərilməli və mütəxəssis heyətinin nəzarəti altında olmalıdır. Həmçinin onun psixiatr və psixoloq tərəfindən müayinəsi təmin olunmalıdır.
Ekspert həkim Elzbyeta Skupyen
Ekspert həkim Andrjey Zyeba”
41. 6 oktyabr 1995-ci ildə ərizəçi hökmün əsaslandırılmış mətnini aldı və ondan bir neçə gün sonra apelyasiya şikayəti verdi. İşin materialları 14 noyabr 1995-ci ildə Krakov Apelyasiya Məhkəməsinə göndərildi.
42. 22 fevral 1996-cı ildə Apelyasiya Məhkəməsi ittiham hökmünü ləğv edərək və işə yenidən baxılması barədə qərar çıxardı və qərarı belə əsaslandırdı ki, birinci instansiya məhkəməsi düzgün təşkil edilməyib və prosessual müddəalarda çoxlu pozuntulara yol verilib. apelyasiya iclası zamanı ərizəçinin vəkili məhkəmədən xahiş etdi ki, ibtidai həbs qərarını ləğv etsin, amma cəhdi uğursuz oldu.
43. 11 aprel 1996-cı ildə işin materialları regional məhkəməyə göndərildi. Sonradan regional məhkəmə ərizəçinin işi üzrə icraatın ayrılması barədə qərar çıxardı və ərizəçinin məhkəmə araşdırması digər yeddi müttəhimin məhkəmə araşdırmasından ayrılıqda keçirildi.
44. 30 aprel 1996-cı ildə ərizəçi ona təyin edilmiş preventiv tədbirin (qətimkan tədbirinin) götürülməsi və ya dəyişdirilməsi barədə vəsatət verdi. 28 may 1996-cı ildə Krakov regional məhkəməsi qərar qəbul etdi, qərarda deyilirdi:
“... İşin hazırkı mərhələsində prosesin lazımi qaydada aparılması həbs tədbirindən fərqlənən digər preventiv tədbirin təyin edilməsi ilə təmin oluna bilər. ... Buna görə də məhkəmə həbs qərarını bu şərtlə ləğv edir ki, ərizəçi bu qərarın ona təqdim edildiyi tarixdən sonra bir ərzində 10.000 PLN girov qoymalıdır...”.
45. Ərizəçi bu qərardan şikayət verdi və onun maliyyə imkanları nəzərə alınaraq girov məbləğinin azaldılmasını xahiş etdi, yaxud alternativ olaraq təklif etdi ki, məhkəmə araşdırmasının lazımi qaydada aparılmasını təmin etmək üçün məhkəmə onu polis nəzarətində olmaq şərti ilə azadlığa buraxsın.
46. 11 iyun 1996-cı ildə birinci instansiya məhkəməsi ekspert-psixiatrdan istədiyi rəyi aldı. Ekspert müəyyən etdi ki, ərizəçi intihar düşüncələri ilə müşayiət olunan xroniki depressiya vəziyyətindədir. O, hesab etdi ki, ərizəçi dinləmələrdə iştirak edə bilər, amma davamlı olaraq həbsdə saxlanılması onun həyatına təhlükə yarada bilər, çünki onun intihara cəhd etməsi ehtimalı mövcuddur.
47. 20 iyun 1996-cı ildə Krakov apelyasiya Məhkəməsi ərizəçinin 28 may 1996-cı il tarixli qərara qarşı şikayətini rədd edərək qərara aldı ki, törədilmiş hüquq pozuntularının vurduğu ziyanların məbləği və həmin hüquq pozuntularının ciddi xarakteri nəzərə alınsa, təyin olunmuş girov məbləği böyük deyil. Məhkəmə belə bir fakta xüsusi əhəmiyyət verdi ki, 1992-ci ilin iyulunda ərizəçinin həbsi barədə birinci qərar ləğv olunduqdan sonra ərizəçi qaçıb gizlənmiş və bu səbəbdən yenidən həbsə alınmışdı. Məhkəmə əlavə etdi ki, girov onun məhkəmə araşdırmasına gəlməsini təmin etmək və məhkəmə prosesinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətməyə yönələn hər hansı növbəti hərəkətlər etməsinin qarşısını almaq məqsədini daşıyır. Buna görə də onun işinin bütün halları nəzərə alınmaqla girovun məbləği lazımi səviyyədə təyin olunub.
48. Az sonra ərizəçi ombudsmana (Rzecznik Praw Obywatelskich) şikayət etdi ki, hazırda onun həbsinin ümumi müddəti üç ili aşıb. Şikayət Krakov apelyasiya Məhkəməsinin sədrinə göndərildi, o isə 12 iyul 1996-cı ildə ərizəçiyə məktub göndərdi. Məktubun müvafiq hissəsində deyilirdi:
“... Siz 30 aprel 1992-ci ildə dələduzluq və saxtakarlıqda ittiham olunmusunuz. İttiham aktı on müttəhimlə əlaqədar olub və doxsan səkkiz şahiddən ifadə alınıb. Proses ona görə yubanıb ki, 1993-cü ilin oktyabrında həbsə alınana qədər məhkəmədən gizlənmisiniz. Siz azad edilmək üçün çoxlu vəsatətlər vermisiniz. ... Birinci instansiya məhkəməsinin qərar çıxardığı tarixdən işin materiallarının apelyasiya Məhkəməsinə göndərildiyi tarixə qədər baş vermiş yubanmaya işin materiallarının həcmi ilə və məhkəmənin əsaslandırılmış qərarının mətninin uzun olması ilə (müvafiq olaraq 29 cild və 140 səhifə) haqq qazandırmaq olar. ... Əsaslandırılmış qərarın mətni 16 avqust 1995-ci ilədək hazır idi və məruzəçi hakim məzuniyyətdə olduğuna görə sizə 16 sentyabr 1995-ci ildə göndərilmişdi. Yeganə yubanma sizin azad edilmək barədə 30 aprel 1996-cı il tarixli vəsatətinizə baxıldığı zaman baş vermişdi, ona 28 may 1996-cı ildə baxılmışdı, çünki 1996-cı il mayın 1-dən 5-dək dövlət bayramı idi...”.
49. Bu arada ərizəçi yenə də Krakov regional məhkəməsinə vəsatətlə müraciət etdi ki, polis nəzarətində olmaq şərti ilə azadlığa buraxılsın, yaxud 28 may 1996-cı ildə məhkəmənin təyin etdiyi girov məbləği azaldılsın. 2 iyul 1996-cı ildə məhkəmə vəsatəti rədd etdi. Ərizəçinin vəkili bu qərardan şikayət verdi və iddia etdi ki, 11 iyun 1996-cı il tarixli psixiatr rəyinin işığında ərizəçi azad edilməlidir, çünki onun həyatı təhlükə altındadır.
50. 18 iyul 1996-cı ildə Krakov apelyasiya Məhkəməsi şikayəti rədd edərək qeyd etdi ki, ərizəçinin həyatına qarşı təhlükə “mütləq” deyil, çünki o, həbsxanada psixiatriya müalicəsi ala bilər. Məhkəmə hesab etdi ki, 1992-ci ilin iyulunda azad edildikdən sonra ərizəçinin davranışı nəzərə alınaraq, 10.000 PLN girov ödənilmədiyi təqdirdə məhkəmə araşdırmasının lazımi qaydada həyata keçirilməsini təmin etmək üçün onun həbsdə saxlanılması davam etməlidir.
51. 31 iyul 1996-cı ildə ərizəçi yenidən regional məhkəməyə vəsatət verdi ki, girov məbləği azaldılsın, yaxud o, polis nəzarəti altında olmaq şərti ilə azad edilsin. O, bildirdi ki, bu qədər böyük məbləğdə pulu ödəmək üçün kifayət qədər vəsaiti yoxdur. 19 avqust 1996-cı ildə məhkəmə vəsatəti açıq-aydın əsasız olduğuna görə rədd etdi. O, qeyd etdi ki, girov məsələsi ilə bağlı ərizəçinin arqumentləri “ədalət mühakiməsi orqanları ilə əsassız mübahisədir” və girovu təkcə ərizəçi özü deyil, üçüncü şəxslər də verə bilər.
52. Bir qədər sonra ərizəçi regional məhkəməyə vəsatət verdi ki, tələb olunan məbləği ödəyə bilməsi üçün onu azadlığa buraxsın. 10 sentyabr 1996-cı ildə məhkəmə bu vəsatəti rədd edərək qərara aldı ki:
“... Məntiqə görə [ərizəçi] girov ödənildikdən sonra azad edilməlidir. Təqsirləndirilən şəxsin hadisələrin ardıcıllığını əks istiqamətə dəyişmək barədə vəsatəti prosessual normalara və normal məntiqə ziddir və buna görə də rədd edilməlidir...”.
53. Təkrar məhkəmə araşdırması 10 oktyabr 1996-cı ildə başladı, amma ərizəçi ilə birlikdə təqsirləndirilən şəxslərdən birinin ona qarşı digər cinayət prosesi ilə bağlı həbsə alınması ucbatından təxirə salındı.
54. Ərizəçinin ailəsi məhkəməyə 10.000 PLN girov məbləğini ödədikdən sonra 29 oktyabr 1996-cı ildə Krakov regional məhkəməsi həbs qərarını ləğv etdi.
55. Sonrakı iki dinləmə 18 mart və 17 aprel 1997-ci ilə təyin olundu, amma yenidən təxirə salındı, çünki ərizəçi ilə birlikdə təqsirləndirilən digər bir müttəhim xəstələnmişdi. Növbəti dinləmələr 6, 21 və 23 oktyabr 1997-ci il tarixlərinə təyin olundu. Daha sonra regional məhkəmə 1998-ci il üçün dinləmələri aşağıdakı tarixlərə təyin etdi: 15 yanvar, 26 fevral, 29 mart, 6 və 28 aprel, 2, 22 və 24 iyun, 13 iyul, 23 sentyabr, 3 və 30 oktyabr və 17 və 24 noyabr. 4 dekabr 1998-ci ildə məhkəmə hökm çıxardı. Ərizəçi ona qarşı ittihamlarda təqsirli bilindi və altı il müddətinə azadlıqdan məhrum edildi.
56. O, 19 aprel 1999-cu ildə hökmdən şikayət verdi. 27 oktyabr 1999-cu ildə Krakov apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirdi və ərizəçinin cəza müddətini beş il azadlıqdan məhrum edilməyədək azaltdı.
57. Bundan sonra ərizəçi kasasiya şikayəti (kasacja) verdi. 24 fevral 2000-ci ildə Krakov apelyasiya Məhkəməsi ərizəçinin bu cür şikayətlər üçün müvafiq formal tələbləri yerinə yetirdiyini müəyyən edərək, onun şikayətini Ali Məhkəməyə (Sąd Najwyższy) göndərdi. Ali Məhkəmədəki icraat hələ də davam etməkdədir.
B. 4 oktyabr 1993-cü ildən 26 oktyabr 1996-cı ilədək həbsdə olduğu müddətdə ərizəçinin aldığı tibbi müalicə (Krakov istintaq təcridxanasında aparılan tibbi qeydiyyat kitabında göstərilmiş məlumatlar)
58. Ərizəçi yalnız bir dövr istisna olmaqla 4 oktyabr 1993-cü ildən 26 oktyabr 1996-cı ilədək Krakov istintaq təcridxanasında saxlanıldı: 9 mart 1994-cü ildə o, Vrotslav həbsxanasındakı xəstəxanaya köçürülmüşdü, ərizəçi ona qarşı aparılan məhkəmə prosesində məhkəmənin göstərişinə əsasən orada psixiatr müşahidəsi altında oldu.
59. Tibbi qeydiyyat kitabında göstərilir ki, ərizəçi həbsə alındıqdan az sonra həkim tərəfindən müayinə olunub. 6 oktyabr 1993-cü ildə ərizəçi psixiatr tərəfindən müayinə olunması üçün müraciət etdi. Müayinə oktyabrın 15-də keçirildi. Ərizəçiyə reactio situatione (situasiyaya depressiv reaksiya) diaqnozu qoyuldu. O, bundan öncə üç dəfə həbsxana həkimi tərəfindən müayinə olunmuş, yaxud ondan məsləhət almışdı.
60. 1993-cü ilin noyabrında ərizəçi həbsxana həkimi tərəfindən səkkiz dəfə müayinə olundu. Qeyd edildi ki, o, xroniki yuxusuzluqdan və iştahasızlıqdan, daha sonra isə başağrılarından, başgicəllənmələrdən və diqqətini toplamaqda çətinliklərdən əziyyət çəkir.
61. 10 dekabr 1993-cü ildə ərizəçi psixiatr tərəfindən müayinə olundu. Ona əqli nasazlıq və depressiv reaksiya diaqnozu qoyuldu. Həmin ay ərzində o, həbsxananın ambulator müalicə palatasında daha dörd dəfə həkimlərdən məsləhət aldı və müayinə olundu. O, yuxusuzluqdan şikayət etdi və dərmanlarının dəyişdirilməsini xahiş etdi. 24 dekabr 1993-cü ildə həkim onun psixiatr tərəfindən müayinə olunmasını tövsiyə etdi.
62. 4 yanvar 1994-cü ildə ərizəçi gözlərinə qaranlıq çökməsindən və başağrılarından şikayət etdi.
63. 26 yanvar 1994-cü ildə ərizəçi yüksək dozada dərmanlar ataraq intihara cəhd etdi. Növbətçi həkim tibbi qeydiyyat kitabında aşağıdakı qeydləri etdi:
“Pasiyent şüursuz haldadır, hər hansı şifahi təmasa girmir. ... [Kamera yoldaşlarının] verdiyi məlumatdan belə çıxır ki, dünən o, dərmanlarının axşam dozasını qəbil edib, ... heç kim onun hansısa başqa dərman atdığını görməyib.
Diaqnoz: intoxicatio medicamentosa acuta per os susp [daxilə qəbul edilmiş dərmandan kəskin zəhərlənmə].
Tibbi tövsiyələr: xəstəxanada müşahidə altında olmaq və təcili psixiatriya müalicəsi almaq”.
64. Ərizəçi həbsxananın xəstəxanasına qəbul edildi və 1994-cü il yanvarın 27-dən 28-dək orada qaldı, ona “status post intoxicationem medicamentosam” [dərmandan zəhərlənmədən sonrakı dövr] diaqnozu qoyuldu. O, bir neçə tibbi testdən keçirildi (qan hüceyrələrinin morfologiyası, sidiyin toksikoloji müayinəsi, elektrokardioqram).
65. 27 fevral 19944-cü ildə ərizəçi psixiatr tərəfindən müayinə olundu və ona əsəb pozuntusu diaqnozu qoyuldu.
66. 1994-cü il mayın 26-dan (ərizəçinin Vrotslav həbsxanasındakı xəstəxanadan qayıtdığı tarixdən) 1994-cü ilin noyabrınadək ərizəçi həbsxananın ambulator həkimlərindən on üç dəfə məsləhətlər aldı. O, əsasən yuxuya getməsindəki çətinliklərdən şikayət etdi və bir neçə gün davam edən başağrılarına məruz qalmasından, habelə üşüməsindən və dərisindəki xəstəlikdən şikayət etdi. 1994-cü ilin sentyabrında o, bir neçə dəfə psixiatrın qəbuluna yazılmasını xahiş etdi. O, 9 noyabr 1994-cü ildə psixiatr tərəfindən müayinə olundu və ona əsəb pozuntusu diaqnozu qoyuldu.
67. Bu arada 5 noyabr 1994-cü ildə növbətçi həbsxana həkimi ərizəçi üçün əlavə psixiatr müayinəsi təyin olunmasını xahiş etdi. 7 dekabr 1994-cü ildə psixiatr ərizəçini müayinə edərək əvvəlki diaqnozu təsdiq etdi. Tibbi qeydiyyat kitabında ərizəçinin başgicəllənmədən və yuxu pozuntusundan şikayət etdiyi qeyd olundu.
68. 2 yanvar 1965-ci ildə növbətçi həkim ərizəçi üçün yenə əlavə psixiatr müayinəsi təyin olunmasını xahiş etdi. 11 və 13 yanvar 1965-ci ildə həkim qeyd etdi ki, ərizəçi müayinənin nəticələri barədə ona məlumat verməyib. 13 yanvar 1965-ci ildə ərizəçiyə adı göstərilməyən dərman verildi.
69. 23 yanvar 1965-ci ildə ərizəçi özünü asmaqla intihara cəhd etdi. Həmin gün həkimlər tibbi qeydiyyat kitabında iki qeyd etdilər. Növbətçi həkim tərəfindən yazılmış birinci qeydin müvafiq hissəsində deyilirdi:
“Təxminən saat 4.30-da o, divardakı sanitariya qurğusundan özünü asmaqla açıq-aydın intihara cəhd etdi. Qan təzyiqi 110/60-dır. ... Sol burun deşiyində az miqdarda qan damlaları var. Zərərçəkənin boyunda onun özünü asdığı ilgəyin yerlərinə uyğun dərinin sıyrıntıları müəyyən edildi. ... O, şifahi ünsiyyətə girmək istəmir. ...
Diaqnoz: özünü asmaqla açıq-aydın intihar cəhdi.
Tibbi tövsiyələr: psixiatriya testi...”.
Daxili orqanlar üzrə mütəxəssisin yazdığı ikinci qeyddə deyilirdi:
“Pasiyentin ümumi vəziyyəti yaxşıdır. ... Məntiqi söhbətlər etməyə qadirdir. O, bildirdi ki, bu onun birinci intihar cəhdi deyil.
Diaqnoz: intihar cəhdindən sonrakı durum.
Tibbi tövsiyələr: psixiatriya testi. Pasiyentin müalicə üçün xəstəxanaya qəbul edilməsi tələb olunmur”.
70. 24 yanvar 1994-cü ildə ərizəçi psixiatr tərəfindən müayinə olundu, sonuncu aşağıdakı rəyi verdi:
“Pasiyent şifahi ünsiyyətə yaxşı girir, emosiyaları qaneedicidir. ... O, ... 1994-cü ilin iyununadək Vrotslav həbsxanasındakı xəstəxananın psixiatriya palatasında olub. İntihar cəhdini belə izah edib: “Mən daha bacarmıram”. O, narahatdır. Yuxusu qaçıb, iştahası pozulub, yeməyə qarşı ikrah hissi duyur, yediklərini qusur. Onun işi üç ildir ki, davam edir, amma məhkəmə hökmü çıxarılmayıb, o, əvvəllər məhkum olunmayıb. O, etdiyi hərəkətlərdən qorxuya düşüb: “Heç bilmirəm mənə nə olmuşdu”.
Diaqnoz: özünü asmaqla intihar cəhdindən sonrakı durum. Situasiyaya depressiv reaksiya”.
71. 3 fevral 1995-ci ildə ərizəçi yenidən psixiatr tərəfindən müayinə olundu. Həkimin qeydlərində deyilirdi:
“Təmasa yaxşı girə bilir. Situasiyadan tamamilə baş çıxarır, balanslı əhval-ruhiyyədədir. Psixoz simptomları yoxdur. Şikayətləri: “Özümü pis hiss edirəm, bu məni bezdirib, yaxşı yatmıram, özümü asacağam”.
Diaqnoz: əqli pozuntu, özünə qarşı aqressiv reaksiya”.
72. 1995-ci ilin martında ərizəçi altı dəfə həkimlər tərəfindən müayinə olundu. Bu müayinələrdən ikisi psixiatrlar tərəfindən aparıldı. Birinci müayinədən sonra tərtib edilmiş tibbi arayışın müvafiq hissəsində deyilirdi:
“Krakov, 7 mart 1995-ci il
Tibbi arayış
Məhbusun sağlamlıq durumu barədə
Məhbusun şikayətləri, əvvəlki xəstəlikləri və tədbirlər: O, hazırda aşağıdakı şikayətlərini bildirdi: diqqətini toplamaqda çətinlik çəkir, ruhi həyəcan hiss edir, daxilində gərginlik duyur, qarınüstü nahiyədə ağrı hiss edir. Xəstəlik tarixçəsində onun tez-tez intihara cəhd etdiyi göstərilir, o cümlədən özünü asmaqla və yüksək dozada dərmanlar qəbul etməklə belə cəhdlər edib. O, psixiatrların mütəmadi nəzarəti altındadır. ...
7 mart 1995-ci ildə psixiatrdan məsləhətlər alıb. Situasiyaya reaksiyasında depressiv xüsusiyyətlər var. Məhkəmə prosesində iştirak etmək iqtidarındadır...”.
31 mart 1995-ci ildə aparılmış ikinci müayinədən sonra həkim aşağıdakıları qeyd etdi:
“Təmasa yaxşı girə bilir. Situasiyadan tamamilə baş çıxarır, bədbin əhval-ruhiyyədədir. Şikayətləri: gərginlik, ... yuxusunun pozulması, diqqətini toplamaqda çətinliklər.
Diaqnoz: əsəb pozuntusu”.
73. 1995-ci il aprelin əvvəlindən dekabrın sonunadək ərizəçi özünün və ya həbsxana həkimlərinin müraciəti əsasında ən azı ayda bir dəfə psixiatrlar tərəfindən müayinə olundu. Bundan başqa, o, digər xəstəlikləri ilə bağlı müalicə aldı. Ərizəçinin əqli durumuna gəldikdə, tibbi qeydiyyat kitabından görünür ki, o, mütəmadi olaraq depressiyadan, yuxusunun pozulmasından, gərginlikdən, diqqətini cəmləməkdə çətinlik çəkməsindən və səhhətinin yaxşılaşmanın olmamasından şikayət edib.
74. 1996-cı il yanvarın əvvəlindən avqustun sonunadək ərizəçi iyirmi üç dəfə həkimlər tərəfindən müayinə olundu, bunlardan on ikisi psixiatrlar tərəfindən həyata keçirildi.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
75. Həmin vaxt həbs qətimkan tədbirini tənzimləyən normalar 19 aprel 1969-cu il tarixli Qanunun – Cinayət Prosessual Məcəlləsinin (Kodeks postępowania karnego) “Preventiv tədbirlər” (Środki zapobiegawcze) adlı 24-cü fəslində yer almışdı. Məcəllə daha qüvvədə deyil. Onu 1 sentyabr 1997-ci ildə qüvvəyə minmiş 6 iyun 1997-ci il tarixli Qanun (adətən onu “Yeni Cinayət Prosessual Məcəlləsi” adlandırırlar) əvəz edib.
76. Məcəllədə “preventiv tədbirlər” sadalanır, o cümlədən həbs qətimkan tədbirinin, girov müqabilində azad edilmə və polis nəzarəti altında olmaqla azad edilmə tədbirlərinin adı çəkilirdi.
309-cu maddədə preventiv tədbirlərin təyin olunmasına haqq qazandıran ümumi əsaslar əks olunmuşdu. Həmin maddədə deyilirdi:
“Təqsirləndirilən şəxsə qarşı sübutlar onun cinayət əməli törətdiyini kifayət qədər təsdiq edirsə, məhkəmə proseslərinin lazımi qaydada həyata keçirilməsini təmin etmək üçün preventiv tədbirlər təyin oluna bilər”.
217-ci maddənin 1-ci bəndində həbs qətimkan tədbirinin əsasları müəyyən edilmişdi. Həmin maddənin 1 yanvar 1996-cı ilə qədər tətbiq edilən versiyasının müvafiq hissəsində deyilirdi:
“Həbs qətimkan tədbiri aşağıdakı hallarda təyin oluna bilər:
1) təqsirləndirilən şəxsin yoxa çıxacağı və ya gizlənəcəyi ilə bağlı əsaslı risk mövcuddursa (xüsusən onun [Polşada] müəyyən yaşayış yeri yoxdursa və ya kimliyini müəyyən etmək mümkün deyilsə); yaxud
2) təqsirləndirilən şəxsin şahidləri yalan ifadələr verməyə təhrik etməyə və ya hər hansı digər qanunsuz vasitələrlə məhkəmə prosesinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətməyə cəhd edəcəyi ilə bağlı əsaslı risk mövcuddursa; yaxud
3) təqsirləndirilən şəxs ciddi cinayətdə ittiham olunursa və ya Cinayət Məcəlləsində müəyyən edilmiş qaydada təkrar cinayət törədibsə; yaxud
4) təqsirləndirilən şəxs cəmiyyətə ciddi təhlükə yaradan cinayətdə ittiham olunursa.
...”.
1 yanvar 1996-cı ildə 217-ci maddənin 1-ci bəndinin 3-cü və 4-cü yarımbəndləri ləğv olundu və bu maddə bütövlükdə yenidən tərtib edildi. Həmin tarixdən sonra həmin maddənin müvafiq yarımbəndlərində deyilir:
“1) təqsirləndirilən şəxsin yoxa çıxacağı və ya gizlənəcəyi ilə bağlı əsaslı risk mövcuddursa (xüsusən onun kimliyini müəyyən etmək mümkün deyilsə və ya onun [Polşada] daimi yaşayış yeri yoxdursa və ya); yaxud
2) [1 yanvar 1996-cı ilə qədərki versiyada olduğu kimi].
217-ci maddənin 2-ci bəndində deyilirdi:
“Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə və ya qanunla azı səkkiz il azadlıqdan məhrum etməyədək cəza təyin oluna bilən cinayəti qəsdən törətməkdə ittiham olunursa, yaxud birinci instansiya məhkəməsi onu ən azı üç il azadlıqdan məhrum etmə cəzasına məhkum edibsə, ona ağır cəza təyin ediləcəyi ehtimalı məhkəmə prosesinin lazımi qaydada həyata keçirilməsini təmin etmək üçün şəxsin həbsdə saxlanılmasını davam etdirmək tələbatına haqq qazandıra bilər”.
Məcəllə konkret qətimkan tədbirinin saxlanılmasında müəyyən dərəcədə qiymətləndirmə sərbəstliyini nəzərdə tuturdu. Məcəllənin 213-cü maddəsinin 1-ci bəndi və 218-ci və 225-ci maddələri belə bir qaydaya əsaslanırdı ki, həbs qətimkan tədbiri son anda əl atılmalı olan preventiv tədbirdir və yalnız daha yumşaq tədbirlər yetərli olmadıqda təyin olunmalıdır.
213-cü maddəsinin 1-ci bəndində deyilirdi:
“Preventiv tədbir [o cümlədən həbs qətimkan tədbiri], onun səbəbi daha mövcud olmadıqda, yaxud konkret tədbirin ləğvinə və ya bu və ya digər dərəcədə az ağır tədbirlə əvəz olunmasına haqq qazandıran yeni hallar meydana çıxdıqda, dərhal ləğv edilməli və ya dəyişdirilməlidir”.
225-ci maddədə deyilirdi:
“Həbs qətimkan tədbiri yalnız buna zərurət olduqda təyin edilməlidir; girov müqabilində, yaxud polis nəzarətində olmaqla azad edilmə yetərli hesab edilərsə, bu tədbir təyin edilə bilməz”.
“Zərurətdən irəli gələn həbs” ilə (məsələn, üç ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına qarşı apelyasiya icraatı davam etdiyi müddətdə həbsdə saxlanma ilə) bağlı müddəalar 1 yanvar 1996-cı ildə “Cinayət Prosessual Məcəlləsinə və digər cinayət qanunvericiliyinə dəyişikliklər haqqında” 29 iyun 1995-ci il tarixli Qanunla ləğv olundu.
Son nəticədə 218-ci maddədə aşağıdakılar nəzərdə tutuldu:
“Əgər bunun əksinə dəlalət edən hər hansı xüsusi səbəblər yoxdursa, həbs qətimkan tədbiri konkret olaraq aşağıdakı hallarda ləğv oluna bilər:
1) həmin tədbir təqsirləndirilən şəxsin həyatına və ya sağlamlığına ciddi təhlükə yarada bilərsə;
2) təqsirləndirilən şəxs və onun ailəsi üçün həddən artıq ağır nəticələr doğura bilərsə”.
77. Polşa qanunvericiliyinə əsasən, “girov müqabilində azad edilmə” tutulmuş şəxsin məhkəməyə gələ bilməyəcəyi halda konkret məbləği məhkəməyə ödəməyi öhdəsinə götürməsi demək deyil, bu o deməkdir ki, tutulmuş şəxs azad edilməzdən əvvəl tələb olunan zəmanət məbləğinin məhkəməyə ya özü, ya da zamini tərəfindən ödənilməsi şərti ilə azad edilir.
78. Məcəllənin 219-cu maddəsində həbs qətimkan tədbiri müddətində təqsirləndirilən şəxsin müalicəsi məsələsinə toxunulurdu. Orada aşağıdakılar nəzərdə tutulmuşdu:
“Təqsirləndirilən şəxsin sağlamlıq durumu onun tibb müəssisəsində müalicə olunmasını tələb edirsə, o, həmin müəssisədən savayı başqa yerdə saxlanıla bilməz”.
79. Cinayət Prosessual Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulurdu ki, təqsirləndirilən şəxs istənilən vaxt azad edilməsi üçün vəsatət verə bilər. Həmin maddədə deyilirdi:
“Təqsirləndirilən şəxs istənilən vaxt preventiv tədbirin ləğv olunması və ya dəyişdirilməsi üçün vəsatətlə müraciət edə bilər.
Belə vəsatətlə bağlı qərar ən geci üç gün müddətində prokuror tərəfindən, yaxud ittiham aktı təqdim edilibsə, işə baxan səlahiyyətli məhkəmə tərəfindən qəbul edilir”.
80. Cinayət Prosessual Məcəlləsinin 371-ci maddəsinin 1-ci bəndində apelyasiya şikayəti verildiyi təqdirdə birinci instansiya məhkəməsinin hökmünün əsaslandırılmış mətninin hazırlanması üçün müddət müəyyən edilirdi. Həmin bənddə deyilirdi:
“Hökmün əsaslandırılmış mətni apelyasiya şikayətinin verilməsi niyyəti barədə məlumat verildikdən sonra yeddi gün ərzində hazırlanmalıdır; iş mürəkkəb olduqda həmin mətni göstərilən müddətdə hazırlamaq mümkün deyilsə, məhkəmənin sədri həmin vaxtı konkret müddətə uzada bilər...”.
81. Məcəllədə “apelyasiya tədbirləri” adlanan iki əsas apelyasiya vasitəsi nəzərdə tutulmuşdu: 374-cü və sonrakı maddələr əsasında yalnız məhkəmə hökmlərindən verilə bilən apelyasiya şikayəti və 409-cu və sonrakı maddələr əsasında yalnız məhkəmə qərardadlarından və preventiv tədbirlər barədə qərarlardan verilə bilən apelyasiya şikayəti. Cinayət prosesinin gedişində ədalət mühakiməsi orqanı tərəfindən hərəkətsizlik zamanı hər hansı müdafiə vasitəsini nəzərdə tutan konkret müddəa yox idi (və hələ də yoxdur).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
82. Ərizəçi iddia etdi ki, 4 oktyabr 1994-cü ildən sonra həbsdə olduğu müddətdə lazımi psixiatriya müalicəsi almayıb. O, Krakov istintaq təcridxanasında saxlanılıb, orada psixiatriya palatası olmayıb və onun xroniki depressiyasını müalicə etmək üçün ciddi səy göstərilməyib. Onun bildirdiyinə görə, bu, onun həbsxanada təkrar-təkrar intihar cəhdləri etməsinə səbəb olub və belə rəftar Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan mənada qeyri-insani və ləyaqəti alçaldan rəftar təşkil edib, həmin maddədə deyilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.
83. Ərizəçi iddia etdi ki, Cinayət Prosessual Məcəlləsinin 219-cu maddəsi dövlət orqanlarının üzərinə belə bir vəzifə qoyurdu ki, ərizəçinin sağlamlıq durumunun onun müvafiq tibb müəssisəsinə yerləşdirilməsini tələb edən vəziyyətdə olub-olmadığını ən azı nəzərdən keçirsinlər (yuxarıda 78-ci bəndə bax). Onlar çox yaxşı bilirdilər ki, o, intihara meyllidir və fövqəladə həbs şəraiti onun vəziyyətini qaçılmaz olaraq daha da ağırlaşdıracaq. Onların buna əmin olmaları üçün çoxlu dəlillər vardı, belə ki, o, davamlı olaraq həbsdə saxlanması ucbatından həyatına qarşı təhlükə mövcud olduğuna görə bundan əvvəl də məhkəmə araşdırması davam etdiyi müddətdə azad edilmişdi.
84. 4 oktyabr 1993-cü ildən 29 oktyabr 1996-cı ilədək, yəni üç il müddətində o, yenidən həbs qətimkan tədbirinə məruz qalmışdı. Həmin müddətdə o, yalnız bir dəfə 219-cu maddədə nəzərdə tutulan mənada “tibb müəssisəsində” müalicə almışdı. 1994-cü ilin martında o, məhkəmə qərarı əsasında bir neçə aylığa Vrotslav həbsxanasındakı xəstəxananın psixiatriya palatasına yerləşdirilmişdi. Ərizəçinin fikrincə, məhkəmə bunu yalnız ona görə etmişdi ki, 1994-cü ilin yanvarındakı intihar cəhdindən sonra onun səhhəti hiss olunacaq dərəcədə pisləşmişdi.
85. Ərizəçi daha sonra iddia etdi ki, həmin qısamüddətli mütəxəssis müalicəsindən sonra o, yenidən Krakov istintaq təcridxanasına köçürülmüş, amma orada onun növbəti intihar cəhdlərinin qarşısını ala biləcək heç bir müalicə almamış və məhkum olunmuş cinayətkarlarla birlikdə çətin həbsxana şəraitində saxlanılmışdı. O, bunu psixoloji cəhətdən dözülməz hesab edirdi və 23 iyun 1995-ci ildə yenidən intihara cəhd etdi. O, iddia etdi ki, həbsxana müdiriyyəti intihar cəhdini qəsdən və əsassız olaraq diqqəti cəlb etmək məqsədi daşıyan yalançı cəhd kimi qələmə verib və bu hadisə barədə məhkəməyə məhz bu cür məlumat verib. Amma müdiriyyət onu qeyd etməyib ki, bir gün sonra on diaqnoz qoyularkən onun davranışı “situasiyaya depressiv reaksiya” kimi qiymətləndirilib.
O, əlavə etdi ki, bu diaqnoza baxmayaraq, həbsxana müdiriyyəti onun durumunu yaxşılaşdırmaq və ya onu lazımi psixiatr yardımı ilə təmin etmək üçün əhəmiyyətli heç bir şey etməyib. Birinci instansiya məhkəməsi nəinki onun sağlamlıq durumuna və həbsdə saxlanma şəraitinə davamlı nəzarəti təmin etməyib, hətta onun durumu barədə həkimlərin rəylərini də nəzərdən keçirməyib. Məsələn, o, 1996-cı il iyunun 11-dən oktyabrın 29-dək həbsxanada saxlanılmışdı, halbuki ekspert-psixiatrın birinci qeydlərində onun vəziyyəti çox ciddi durum kimi qiymətləndirilmişdi və orada deyilirdi ki, onun davamlı olaraq həbsdə saxlanması həyatını risk altında qoyur. Xülasə, həbsdə saxlanmasının onun həyatı üçün təhlükə doğurduğu faktına məhəl qoymadan onun həbsdə saxlanması və lazımi tibbi yardımla təmin edilməməsi Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara bərabərdir.
86. Hökumət şikayət edilən rəftarın 3-cü maddənin tətbiq dairəsinə düşməsi üçün tələb olunan minimal qəddarlıq səviyyəsinə çatdığını şübhə altına alaraq bunları ərizəçinin subyektiv hissləri hesab etdi. Hökumət hər şeydən əvvəl iddia etdi ki, Məhkəməyə təqdim etdiyi tibbi sübutların işığında şübhə olmamalıdır ki, müvafiq dövlət orqanları ərizəçinin sağlamlıq durumunu diqqətlə və tez-tez yoxlayıblar və onu vəziyyətinə uyğun tibbi yardımla təmin ediblər.
87. Dövlət orqanlarının ərizəçini Cinayət Prosessual Məcəlləsinin 219-cu maddəsinə uyğun olaraq “müvafiq tibbi müəssisəyə” yerləşdirmək vəzifəsini yerinə yetirmədiklərinə gəldikdə, Hökumət qeyd etdi ki, tibbi qeydlər göstərir ki, hər dəfə zərurət olduqda o, həbsxananın xəstəxanalarına qəbul edilib. Vrotslav xəstəxanasında yuxarıda qeyd edilmiş həkim müşahidəsi altında olmaqdan savayı, o, həm də ikinci dəfə intihara cəhd etdikdən sonra xəstəxanaya yerləşdirilib. Belə olan halda bu məsələ ilə bağlı dövlət orqanlarının hərəkətlərində heç bir qüsur tapıla bilməz.
88. Hökumət əlavə etdi ki, ərizəçinin lazımi tibbi yardım alıb-almadığının, yaxud onun səhhətinin həbsxanada saxlanılmaq üçün yararlı olub-olmadığının məhkəmələr tərəfindən yoxlanılmadığını da söyləmək olmaz. Məhkəmələr tez-tez həbsxana müdiriyyətindən ərizəçinin səhhətini soruşublar və zərurət olduqda psixiatriya müayinələrinin nəticələrini yoxlayıblar, yaxud hətta vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə müdaxilə də ediblər. Məsələn, birinci instansiya məhkəməsi ərizəçinin həbsxanada aldığı psixiatriya müalicəsi ilə bağlı şikayətinə (ərizəçi həmin şikayəti 7 dekabr 1994-cü ildə etmişdi) dərhal reaksiya verib və müvafiq həbsxana xidmətlərindən izahat istəyib. Bundan əlavə, məhkəmə bir neçə dəfə psixiatrlardan ərizəçinin səhhəti ilə balı rəy hazırlamalarını xahiş edib.
89. Sonda Hökumət Məhkəməni mövqeləri çoxluğun mövqeyindən fərqlənən Komissiya üzvlərinin ifadə etdikləri rəyi dəstəkləməyə çağırdı, həmin üzvlərin fikrincə, dövlət orqanları ərizəçinin psixi durumuna daha çox diqqət yetirə bilərdilər, amma bununla belə, onların ərizəçiyə qarşı rəftarı qeyri-insani və ya ləyaqəti alçaldan rəftar sayıla biləcək dərəcədə qəddar rəftar deyildi.
90. Məhkəmə artıq bir çox hallarda müəyyən edib ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin təməl dəyərlərindən birini təsbit edir. O, şəraitdən və qurbanın davranışından asılı olmayaraq, işgəncəni, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı mütləq ifadələrlə qadağan edir (bir çox digər qərarlar arasında bax: V. Birləşmiş Krallığa qarşı, Böyük Palatanın qərarı, ərizə N 24888/94, b. 69, AİHM 1999- IX; və Labita İtaliyaya qarşı, Böyük Palatanın qərarı, ərizə N 26772/95, b. 119, AİHM 2000-IV).
91. Lakin 3-cü maddənin əhatə dairəsinə düşmək üçün pis rətfar minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimum səviyyənin qiymətləndirilməsi nisbidir: o, işin bütün hallarından, məsələn həmin rəftarın davam etmə müddətindən, onun fiziki və (və ya) ruhi təsirlərindən, eləcə də bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (misal üçün bax: Raninen Finlandiyaya qarşı, 16 dekabr 1997-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1997-VIII, s. 2821-2822, b. 55).
92. Məhkəmə hesab edir ki, rəftarın “qeyri-insani” olması üçün o, digər əlamətlərlə yanaşı, düşünülmüş olmalı, saatlarla tətbiq edilməli, habelə ya faktiki bədən xəsarəti, ya da fiziki və ruhi əzab yetirməılidir. O, rəftarı ona görə “ləyaqəti alçaldan” hesab edir ki, o, qurbanlarda təhqiredici və alçaldıcı olan qorxu, əzab və acizlik hisslərini yaradır. Digər tərəfdən, Məhkəmə dəfələrlə vurğulayıb ki, əzab vermənin və alçaltmanın 3-cü maddənin pozuntusu hesab edilən rəftar və ya cəza təşkil etməsi üçün o, hər bir halda qanuni rəftarın və ya cəzanın müəyyən forması ilə əlaqədar olan qaçılmaz əzabın və alçalmanın hüdudlarından kənara çıxan elementə malik olmalıdır (müvafiq dəyişikliklərlə bax: Tirer Birləşmiş Krallığa qarşı, 25 aprel 1978-ci il tarixli qərar, A seriyaları, c. 26, s. 15, b. 30; Sörinq Birləşmiş Krallığa qarşı, 7 iyul 1989-cu il tarixli qərar, A seriyaları, c. 161, s. 39, b. 100; və V. Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, b. 71).
93. İnsanı azadlıqdan məhrum edən təbirlərdə bu element çox zaman mövcud ola bilər. Hər halda demək olmaz ki, ibtidai həbs özlüyündə Konvensiyanın 3-cü maddəsi üzrə problem doğurur. Həmin maddə məhbusun konkret tibbi müalicə alması üçün sağlamlıqla bağlı səbəblərə görə onu azad etməkdən və ya mülki xəstəxanaya yerləşdirməkdən ibarət ümumi öhdəlik müəyyən edən müddəa kimi şərh edilə bilməz.
94. Bununla belə, bu maddəyə əsasən, dövlət şəxsin həbsxanada insan ləyaqətinə hörmət edilən şəraitdə saxlanmasını təmin etməlidir, habelə təmin etməlidir ki, cəza tədbirinin icra tərzi və metodu ona əzab verməsin və ya həbsdə saxlanılmağa xas olan səviyyəni aşan dərəcədə ağır olmasın, habelə həbsdə saxlanmanın praktiki tələbləri nəzərə alınmaqla, onun sağlamlığı və rifahı lazımi qaydada qorunsun, o cümlədən o, lazımi qaydada tibbi yardımla təmin edilsin (müvafiq dəyişikliklərlə bax: Aerts Belçikaya qarşı, 30 iyul 1998-ci il tarixli qərar, Qərarlar toplusu, 1998-V, s. 1966, 64-cü və sonrakı bəndlər).
95. Məhkəmə ilk öncə qeyd edir ki, hazırkı işdə 4 oktyabr 1993-cü ildən 29 oktyabr 1996-cı ilədək həbsdə saxlandığı dövrdən əvvəl və həmin dövrdə ərizəçinin xroniki depressiyadan əziyyət çəkdiyini və həbsxanada iki dəfə intihara cəhd etdiyini heç kim şübhə altına almır. Ona əqli sağlamlığın və ya əsəblərin pozuntusu və situasiyaya depressiv reaksiya diaqnozu qoyulub (yuxarıda 58-67-ci və 69-72-ci bəndlərə bax).
96. Məhkəmə daha sonra qeyd edir ki, Hökumətin ona təqdim etdiyi tibbi sübutlar (Hökumət həmin sübutları Komissiyaya təqdim etməyib) göstərir ki, həbsdə olduğu müddətdə ərizəçi mütəmadi olaraq tibbi yardım istəyib və həmin yardımı alıb. O, müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olunub və psixiatr yardımı alıb (yuxarıda 59-74-cü bəndlərə bax). 1993-cü il oktyabrın əvvəlindən dekabrın sonunadək o, bir neçə dəfə həbsxanada psixiatrlar tərəfindən müayinə olunub (yuxarıda 59-61-ci bəndlərə bax). 1993-cü ilin sonunda birinci instansiya məhkəməsi psixiatr rəyini alıb, rəydə təsdiq edilib ki, ərizəçinin səhhəti onun həbsdə saxlanmasına imkan verir (yuxarıda 21-ci bəndə bax).
1994-cü ildə onun intihara cəhd etməsindən az sonra (Məhkəmənin əlindəki sübutların işığında həmin cəhdin dövlət orqanlarının hər hansı nəzərə çarpan nöqsanlarının nəticəsi olduğu və ya həmin qüsurlarla əlaqədar olduğu təsdiq edilmir) ərizəçi 1994-cü il martın 9-dan 26-dək Vrotslav həbsxanasındakı xəstəxanada psixiatr müşahidəsi formasında mütəxəssis müalicəsi ilə təmin edilib (yuxarıda 58-ci bəndə bax). Vrotslavda həkim müşahidəsi altında olduqdan bir qədər sonra o, 1994-cü il noyabrın 9-da və dekabrın 7-də daha iki dəfə əlavə müayinə olunub (yuxarıda 66-67-ci bəndlərə bax).
97. Belə görünür ki, bu, onun 1995-ci ilin yanvarında daha bir dəfə özünü öldürməyə cəhd etməsinin qarşısını almayıb (yuxarıda 69-cu bəndə bax). Lakin Məhkəmə ərizəçinin həqiqətən intihara cəhd etməsi ilə və ya dövlət orqanlarının iddia etdiyi kimi belə niyyətin olmadığı və həmin cəhdin yalnız diqqəti cəlb etmək və ya səhhətindəki pozuntulardan əziyyət çəkdiyini ifadə etmək məqsədi daşıdığı ilə bağlı fikir bildirməyi zəruri hesab etməsə də, əlində olan materiallar əsasında hesab etmir ki, baş verənlərə görə dövlət orqanları məsuliyyət daşıyırlar.
98. Eyni ilə, Məhkəmə ərizəçinin sonradan psixiatr müşahidəsi altında saxlanmamasında dövlət orqanlarının təqsirkar hesab edə bilməz. Əksinə, o, bu qənaətə gəlir ki, 1995-ci ilin əvvəlindən 1996-cı il oktyabrın 29-da azad edilənə qədər ərizəçi ən azı ayda bir dəfə psixiatrlar tərəfindən müayinə olunub. Təkcə 1996-cı ildə, yəni azadlığa buraxılana qədər o, on iki dəfə müayinə olunub (yuxarıda 70-74-cü bəndlərə bax).
99. Məhkəmə razılaşır ki, ərizəçinin psixoloji durumu mahiyyət etibarı ilə onu adi məhbuslarla müqayisədə daha əlverişsiz vəziyyətə salmışdı və onun həbsdə saxlanılması onun narahatlıq, təşviş və qorxu hisslərini müəyyən dərəcədə gücləndirə bilərdi. O, həmçinin belə bir faktı nəzərə alır ki, intihara cəhd ehtimalı mövcud olduğuna görə ərizəçinin davamlı olaraq həbsdə saxlanılmasının onun həyatına təhlükə yaratdığı barədə psixiatr rəyinə baxmayaraq, o, 1996-cı il iyunun 11-dən oktyabrın 29-dək həbsxanada saxlanılıb (yuxarıda 46-50-ci bəndlərə bax). Lakin əlində olan sübutların və bütövlükdə işə aid faktların əsasında Məhkəmə bunu sübut edilmiş hesab etmir ki, ərizəçinin məruz qaldığı pis rəftar Konvensiyanın 3-cü maddəsinin tətbiq dairəsinə düşmək üçün kifayət edəcək səviyyəyə çatıb.
100. Müvafiq olaraq, hazırkı işdə bu maddənin pozuntusu baş verməyib.
II. KONVENSİYANIN 5-ci MADDƏSİNİN 3-cü BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
101. Ərizəçi ikinci şikayətində bildirdi ki, onun barəsindəki həbs qətimkan tədbiri həddən artıq sərt tədbir idi və iddia etdi ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub, həmin bəndin müvafiq hissəsində deyilir:
“. Bu maddənin I bəndinin “c” yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, ... ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəmədə iştirak etmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər”.
A. Nəzərə alınmalı olan müddət
102. Sözügedən məhkəmə prosesində ərizəçi barəsində iki dəfə həbs qətimkan tədbiri seçilib. O, birinci dəfə 8 avqust 1991-ci ildə həbsə alınıb və bir ilə yaxın, yəni 27 iyul 1992-ci ilədək həbsdə saxlanılıb. Sonra o, 4 oktyabr 1993-cü ildə tutulub və 29 oktyabr 1996-cı ildə girov müqabilində azad olunanadək üç il yaxın həbsdə keçirib (yuxarıda 10, 18-20 və 54-cü bəndlərə bax).
103. Lakin Polşanın Konvensiyanın keçmiş 25-ci maddəsi üzrə fərdi şikayət hüququnu tanıyan bəyanatı 1 may 1993-cü ildə verilib və ərizəçinin həmin tarixdən əvvəl həbsdə olduğu müddət Məhkəmənin zamana görə (ratione temporis) yurisdiksiyası xaricindədir.
104. Bundan başqa, Məhkəmə təkrarən bildirir ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi ilə həmin maddənin 1-ci bəndinin “c” yarımbəndi arasında mühüm əlaqə olduğunu nəzərə alaraq, birinci instansiya məhkəməsində məhkum olunmuş şəxs, həmin yarımbənddə göstərildiyi kimi, “hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı ... səlahiyyətli məhkəmə orqanı qarşısında durmaq” üçün tutulmuş şəxs sayıla bilməz, o, 5-ci maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulduğu kimi, “səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra ... qanuni həbsə alınmış” şəxs sayıla bilər, həmin yarımbənd şəxsin “səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra” azadlıqdan məhrum edilməsinə icazə verir (misal üçün bax: B. Avstriyaya qarşı, 28 mart 1990-cı il tarixli məhkəmə qərarı, A seriyaları, c. 175, s. 14-16, b. 36-39). Müvafiq olaraq, ərizəçinin 1 iyun 1995-ci ildən (həmin tarixdə birinci instansiya məhkəməsi tərəfindən ərizəçi barəsində birinci ittiham hökmü çıxarılmışdı) 22 fevral 1996-cı ilədək (həmin tarixdə ittiham hökmü ləğv olunmuş və iş yenidən baxılmağa göndərilmişdi) həbsdə saxlanması 5-ci maddənin 3-cü bəndinin məqsədləri üçün nəzərə alına bilməz.
105. Buna görə də Məhkəmə bu qənaətə gəlir ki, nəzərə alınmalı olan müddət iki il dörd ay üç günə bərabərdir və iki müxtəlif dövrdən ibarətdir: birinci dövr 4 oktyabr 1993-cü ildən 1 iyun 1995-ci ilədək, ikinci dövr isə 1996-cı il fevralın 22-dən oktyabrın 29-dək davam edib.
B. Həbsdə saxlanma müddətinin ağlabatan olub-olmaması
106. Ərizəçi bildirdi ki, dövlət orqanları onun həbsini yetərincə əsaslandırmayıblar. Birincisi, 4 oktyabr 1993-cü ildən sonra onun həbsə alınmasına haqq qazandıran heç bir əsaslı səbəb olmayıb, çünki o, xəstə olduğu barədə tibbi arayış təqdim etmişdi və buna görə də 1993-cü ilin fevral və mart dinləmələrində onun iştirak etməməsi üzrlü idi. Bundan başqa, lap əvvəldən açıq-aydın bəlli idi ki, həbsdən savayı digər tədbirlərin, məsələn, girov müqabilində azadlığa buraxılma və ya polis nəzarəti altında olmaqla azad edilmə tədbirinin, yaxud da onların hər ikisinin tətbiqi məhkəmə araşdırmasında onun iştirakını təmin edə bilərdi.
107. O, bildirdi ki, istənilən halda, məhkəməyə qədər həbsdə saxlanma iki il dörd ay çəkib ki, bu müddət “ağlabatan” sayıla bilməz. Əslində o, sözügedən prosesin gedişində həbsdə sadəcə iki il dörd ay deyil (bu, Məhkəmənin zamana görə yurisdiksiyası çərçivəsinə və 5-ci maddənin 3-cü bəndinin tətbiq dairəsinə düşən müddətdir), ümumilikdə dörd il on üç gün müddətində qalıb.
108. Hökumət bunun cavabında bildirdi ki, ərizəçinin 4 oktyabr 1993-cü ildə təkrar həbsə alınmasının əsas səbəbi onun 1993-cü ilin fevral və mart aylarında məhkəməyə gəlməməsi deyil, ərizəçinin sağlamlıq durumu ilə bağlı məhkəmə ekspertinin tibbi arayışını təqdim etmək üçün müəyyən edilmiş müddətə onun vəkili tərəfindən riayət edilməməsi idi.
109. Hökumət iddia etdi ki, ərizəçinin həbsi onun öz davranışından irəli gəlmişdi. Bu tədbir onun qaçıb gizlənməsi riski nəzərə alınaraq təyin edilmişdi, çünki o, 1992-ci ilin iyulunda azadlığa buraxıldıqdan sonra ədalət mühakiməsindən gizlənmişdi. Bundan sonra birinci instansiya məhkəməsi ərizəçinin girov müqabilində azadlığa buraxılması məsələsini nəzərdən keçirdi. Onun yenidən qaçıb gizlənməsi riskini azaltmaq üçün məhkəmə 10.000 zlotı (PLN) məbləğində girov təyin etdi, bu məbləğ ərizəçinin törətdiyi hüquq pozuntuları nəticəsində vurulmuş ziyanın müqabilində münasib sayıldı, amma ərizəçi bunu böyük məbləğ hesab etdi və bir neçə ay həmin məbləği ödəmədi. Buna görə də onun azadlığa buraxılmasının yubadılması ondan tələb olunan girov məbləğinin gec ödənilməsi ilə bağlı idi və bu yubanmaya ərizəçinin özü səbəb olmuşdu. Hökumət hesab etdi ki, dövlət orqanları ərizəçinin işinə baxılmasında lazımi səy göstəriblər və prosesdə hər hansı dayanmalar onların davranışı ucbatından baş verməyib. Bunu nəzərə alaraq, Hökumət Məhkəməni dəvət etdi ki, ərizəçinin həbsdə saxlanma müddətinin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada “ağlabatan müddət” həddini aşmadığı barədə qərar çıxarsın.
110. Məhkəmə təkrarən bildirir ki, həbsdə saxlanma müddətinin ağlabatan olub-olmaması mücərrəf şəkildə qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin həbsdə qalmasının ağlabatan olub-olmadığı hər bir işin xüsusi hallarına uyğun olaraq qiymətləndirilməlidir. Konkret işdə davamlı həbsə yalnız o halda haqq qazandırmaq olar ki, təqsirsizlik prezumpsiyasına baxmayaraq, Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuş fərdin azadlığına hörmət hüququnu üstələyən həqiqi ictimai maraq tələbinin konkret əlamətləri mövcud olsun (digər qərarlar arasında bax: Labitanın işi üzrə yuxarıda adı çəkilən qərar, 152-ci və sonrakı bəndlər).
Konkret işdə təqsirləndirilən şəxsin ibtidai həbsinin ağlabatan müddət həddini aşmamasını təmin etmək vəzifəsi ilk növbədə milli məhkəmə orqanlarının üzərinə düşür. Bu məqsədlə onlar təqsirsizlik prezumpsiyası prinsipini lazımi qaydada nəzərə almaqla, 5-ci maddəsində nəzərdə tutulmuş fərdin azadlığına hörmət edilməsi haqqında qaydadan kənara çıxmağa haqq qazandıran həqiqi ictimai maraq tələbinin mövcud olmasının lehinə və ya əleyhinə dəlalət edən bütün faktları araşdırmalı və azad edilmə barədə vəsatətlərin rədd edilməsinə dair qərarlarında göstərməlidirlər. Mahiyyət etibarı ilə Məhkəmə bu qərarlarda göstərilən səbəblər əsasında və ərizəçinin şikayətində qeyd etdiyi faktlar əsasında Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozulub-pozulmadığı barədə qərar çıxarmalıdır (bax: Müller Fransaya qarşı, 17 mart 1997-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1997-II, s. 388, b. 35).
111. Həbs edilmiş şəxs tərəfindən cinayət törədildiyinə dair əsaslı şübhənin olması davamlı həbsin zəruri ilkin şərtidir, lakin müəyyən müddət keçdikdən sonra həmin şübhə kifayət etmir. Belə hallarda Məhkəmə azadlıqdan məhrum etməyə məhkəmə orqanları tərəfindən göstərilən digər səbəblərlə haqq qazandırmağın mümkün olub-olmadığını müəyyən etməlidir. Belə səbəblər “aktual” və “yetərli” olduqda, Məhkəmə həmçinin səlahiyyətli milli orqanlar tərəfindən prosesin aparılmasında “xüsusi səy” göstərilib-göstərilmədiyini müəyyən etməlidir (yenə həmin qərara bax).
112. Məhkəmə qeyd edir ki, bunu şübhə altına alan yoxdur ki, dövlət orqanlarının “axtarış” barədə qərarı qəbil etmələrinin və ərizəçi barəsində yenidən həbs qətimkan tədbiri seçilməsinin əsas səbəbi onun tibbi arayışı təqdim etmək üçün nəzərdə tutulan müddətə riayət etməməsi və Svinouystsedə müalicə olunduğu müddətdə məhkəmə çağırışlarının ona təqdim edilməsi üçün ünvanını göstərməməsi idi (yuxarıda 19-cu bəndə bax). Krakov regional məhkəməsinin və Krakov Apelyasiya Məhkəməsinin ərizəçinin qaçıb gizlənməsi riski barədə rəyləri bu iki fakta əsaslanmışdı, bu riskin mövcudluğu məhkəmə prosesinin lazımi qaydada aparılmasını təmin etmək üçün onun həbsdə saxlanmasına haqq qazandırırdı. Bu məhkəmələr 4 oktyabr 1993-cü ildə həbsə alındıqdan sonrakı illərdə ərizəçinin azad edilmək barədə verdiyi çoxsaylı vəsatətləri rədd edən qərarlarının demək olar hamısında bu rəyi təkrar etmişdilər (yuxarıda 29-34-cü bəndlərə bax).
113. Regional məhkəmə ərizəçi tərəfindən ödənilməsi tələb olunan girov məbləğini müəyyən edərkən onun nəzərə aldığı əsas amillərdən biri yenə də qaçıb gizlənmə riski idi (yuxarıda 44-47-ci bəndlərə bax). Bu risk ondan tələb olunan girovun dəyəri ödənilənə qədər onun həbsdə saxlanmasını zəruri etmişdi (yuxarıda 49-54-cü bəndlərə bax) və ərizəçinin dələduzluq və saxtakarlıq cinayətlərini törətdiyinə dair əsaslı şübhə ilə yanaşı, onun sözügedən müddətdə həbsdə saxlanmasının əsas səbəb idi.
114. Məhkəmə razılaşır ki, ərizəçinin sözügedən cinayətləri törətdiyinə dair əsaslı şübhədən əlavə, bu əsasın özü ilk dövrlərdə onun həbsdə saxlanmasını zəruri edə bilərdi. Lakin vaxt ötdükcə bu səbəb aktuallığını itirirdi və 4 oktyabr 1993-cü ildə təkrar həbsə alınana qədər ərizəçinin artıq bir ilə yaxın həbsdə qaldığını nəzərə alsaq (yuxarıda 10-18-ci və 102-103-cü bəndlərə bax), yalnız çox ciddi səbəblər ərizəçinin daha iki il dörd ay ərzində həbsdə saxlanmasına 5-ci maddənin 3-cü bəndi ilə haqq qazandırılmasının mümkün olduğuna Məhkəməni inandıra bilərdi.
115. Hazırkı işdə Məhkəmə hər hansı belə bir səbəb aşkar etmədi, xüsusən də yuxarıda adları çəkilən məhkəmələr yuxarıda qeyd edilmiş iki fakta istinadən ərizəçinin məhkəmə qərarına əməl etmədiyini dönə-dönə təkrar etsələr də, qeyd etdikləri riskin bütün müvafiq dövr ərzində faktiki mövcud olduğunu göstərən hər hansı halı göstərməmişdilər.
116. Müvafiq olaraq, Məhkəmə bu qənaətə gəlir ki, məhkəmələrin öz qərarlarında istinad etdikləri səbəblər ərizəçinin sözügedən müddət ərzində həbsdə saxlanmasına haqq qazandırmaq üçün yetərli deyil.
117. Buna görə də, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu baş verib.
III. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
118. Ərizəçi daha sonra iddia etdi ki, onun “ağlabatan müddətdə” ədalətli məhkəmə araşdırması hüququna hörmət edilməyib və müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub, həmin bəndin müvafiq hissəsində deyilir:
“Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... məhkəmə vasitəsilə, ... ağlabatan müddətdə işinin ... araşdırılması hüququna malikdir”.
A. Nəzərə alınmalı olan müddət
119. Prosesin başlanğıc tarixi bağlı hər hansı mübahisə yoxdur; hamı razılaşır ki, həmin tarix 8 avqust 1991-ci ildə ərizəçinin ittiham edildiyi andan başlayıb. Lakin 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün prosesin hələ də başa çatmamış hesab edilib-edilməməsi məsələsində tərəflər arasında razılıq yoxdur.
120. Ərizəçi iddia etdi ki, “ona qarşı ittiham” hələ də həllini tapmayıb, çünki onun kasasiya şikayətinə Ali Məhkəmədə hələ mahiyyəti üzrə baxılmayıb.
121. Hökumət iddia etdi ki, məhkəmə araşdırması 27 oktyabr 1999-cu ildə, yəni Krakov Apelyasiya Məhkəməsi yekun qərarını qəbul edərkən başa çatıb, ərizəçinin Ali Məhkəməyə kasasiya şikayəti verib-verməyəsi isə əhəmiyyət daşımır, çünki bu şikayət müstəsna hüquqi müdafiə vasitəsidir və onun vasitəsilə yalnız yekun qərarlarından şikayət edilə bilər.
122. Məhkəmə xatırladır ki, 6-cı maddənin 1-ci bəndi dövlətləri apelyasiya və ya kasasiya məhkəmələri təşkil etməyə məcbur etmir. Bununla belə, bu cür məhkəmələri təsis etməyən dövlətdən tələb olunur ki, qanun qarşısında cavab verməli olan şəxslərin dövlət orqanları qarşısında 6-cı maddədəki fundamental təminatlara malik olmalarını təmin etsinlər (digər qərarlar arasında bax: Delkort Belçikaya qarşı, 17 yanvar 1970-ci il tarixli qərar, A seriyaları, c. 11, s. 13-15, b. 25; və Brualla Qomes de la Torre İspaniyaya qarşı, 19 dekabr 1997-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1997-VIII, s. 2956, b. 37).
6-cı maddənin apelyasiya və ya kasasiya məhkəmələrinə tətbiq edilmə qaydası sözügedən məhkəmə proseslərinin konkret xüsusiyyətlərindən asılıdır, bununla belə, şübhə ola bilməz ki, apelyasiya və ya kasasiya prosesləri 6-cı maddənin tətbiq dairəsinə düşür (müvafiq dəyişikliklərlə bax: Tualib Yunanıstana qarşı, 9 iyun 1998-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1998-IV, s. 1427-1428, b. 46). Müvafiq olaraq, belə proseslərin müddəti məhkəmə prosesinin ümumi müddətinin ağlabatan olub-olmadığı müəyyən edilərkən nəzərə alınmalıdır.
123. Beləliklə, Ali Məhkəmənin ərizəçinin işi üzrə qərara çıxardığını göstərən hər hansı sübut olmadığına görə Məhkəmə bu qənaətə gəlir ki, proses doqquz ildən artıq uzanıb. Lakin özünün zamana görə yurisdiksiyasını (yuxarıda 103-cü bəndə bax) nəzərə alaraq, Məhkəmə yalnız 1 may 1993-cü ildən sonra ötən yeddi ilə beş aya yaxın müddəti nəzərdən keçirə bilər, hərçənd, o, həmin tarixədək prosesin hansı mərhələyə gəlib çatdığını da nəzərə alacaqdır (misal üçün bax: Humen Polşaya qarşı, Böyük Palatanın qərarı, ərizə N 26614/95, 15 oktyabr 1999-cu il, qərar dərc olunmayıb).
B. Araşdırılan müddətin ağlabatan olub-olmaması
124. Məhkəmə prosesin müddətinin ağlabatan olub-olmadığını işin konkret hallarının işığında qiymətləndirəcək və öz presedent hüququnda bərqərar edilmiş meyarları, xüsusən işin mürəkkəbliyini, habelə ərizəçinin və dövlət orqanlarının davranışını nəzərə alacaq. Sonuncu məsələ ilə əlaqədar olaraq işin ərizəçi üçün nə dərəcədə əhəmiyyətli olması da nəzərə alınacaqdır (bir çox digər qərarlar arasında bax: Filis Yunanıstana qarşı (N 2), 27 iyun 1997-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1997-IV, s. 1083, b. 35; və Portinqton Yunanıstana qarşı, 23 sentyabr 1998-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1998-VI, s. 2630, b. 21).
125. Ərizəçi bildirdi ki, məhkəmə orqanları məhkəmə araşdırmasını pis təşkil etdiklərinə görə işi özləri mürəkkəbləşdiriblər. Birincisi, ərizəçi ilə birlikdə doqquz müttəhim ittiham olunub, halbuki onlara qarşı irəli sürülən ittihamlarla ona qarşı irəli sürülən ittihamlar arasında heç bir əlaqə yox idi. Bu, doxsan səkkiz şahidin məhkəməyə çağırılması ilə nəticələnib, halbuki onlardan yalnız yeddisinin ifadəsi ərizəçinin işi ilə bağlı idi. İkincisi, ilkin məhkəmə araşdırmasında məhkəmə düzgün təşkil olunmamışdı, nəticədə hökm ləğv olundu və yeni məhkəmə araşdırması barədə qərar qəbul edildi. Üçüncüsü, məhkəmə onun işinin icraatının ayrılması barədə gec qərar qəbul etdi, həmin qərar onun birinci instansiya məhkəməsindəki ittiham hökmü ləğv edildikdən sonra çıxarıldı. Əgər məhkəmə bunu başlanğıcda etsəydi, ona qarşı ittihamlar daha tez həllini tapardı.
126. Ərizəçi daha sonra iddia etdi ki, dövlət orqanlarının onun işini səmərəli araşdırmamaları prosesin bu qədər uzun çəkməsinin əsas səbəbi idi. Bundan başqa, 1996-cı ilin fevralından 1997-ci ilin sentyabrınadək on doqquz aylıq uzun müddət ərzində regional məhkəmə prosessual tədbirlərin görülməsində lazımi səy göstərməmişdi. Buna görə də onun məhkəmə araşdırmasının həddən artıq uzun sürməsinə görə məhkəmələr tam məsuliyyət daşıyırlar.
127. Hökumət bununla razılaşmadı və iddia etdi ki, sübutların həcmi böyük olduğuna görə, ərizəçiyə və onunla birlikdə təqsirləndirilən şəxslərə qarşı ittihamların sayı, habelə dinlənilmiş şahidlərin sayı çox olduğuna görə iş mürəkkəb idi.
128. Hökumətin fikrincə, ərizəçi prosesin uzanmasına kifayət qədər şərait yaratmışdı. O, bir sıra dinləmələrə gəlməmişdi. O, qaçıb gizlənmiş, bununla da 1993-cü ilin martından oktyabrınadək məhkəmə araşdırmasının dayanmasına səbəb olmuşdu. O, psixiatr müşahidəsi altına verilməsi və xəstəxanalara yerləşdirilməsi zərurəti də prosesdə gecikmələrə səbəb olmuşdu. Xülasə, proses əsasən onun davranışı ucbatından uzun sürmüşdü.
129. Müvafiq dövlət orqanlarının davranışına gəldikdə, Hökumət qeyd etdi ki, onlar tərəfindən hər hansı hərəkətsizlik əlamətləri yox idi. Əksinə, məhkəmələr işə baxılması üçün lazımi səy göstərmişdilər və onlar tərəfindən bəzi əhəmiyyətsiz gecikdirmələr olsa da, ərizəçinin işində “ağlabatan müddət” tələbinə riayət edilmişdi.
130. Məhkəmə hesab edir ki, hətta iş bir qədər mürəkkəb olsa belə, bunun bütövlükdə prosesin uzun sürməsinə haqq qazandırdığını söyləmək olmaz.
Doğrudur, ərizəçi 1993-cü ilin fevralında və martında məhkəməyə gəlməmişdi və nəticədə məhkəmə araşdırması 1993-cü ilin oktyabrınadək təxirə salınmışdı (yuxarıda 19-21-ci bəndlərə bax). Lakin Məhkəmə hesab edir ki, prosesin hər hansı sonrakı mərhələsində ərizəçinin məhkəmə araşdırmasını ləngidən davranış nümayiş etdirdiyini, yaxud məhkəmə araşdırmasının lazımi qaydada həyata keçirilməsinə əngəl törətdiyini göstərən heç bir sübut yoxdur. Bunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin davranışı məhkəmə prosesinin uzanmasına şərait yaratmayıb.
Hökumət iddia etdi ki, məhkəmələr bəzi yubanmalara görə məsuliyyət daşısalar da, bütövlükdə işi ağlabatan müddətdə həll ediblər. Lakin Məhkəmə qeyd edir ki, ədalət mühakiməsinin vaxtında həyata keçirilməsi ilk növbədə məhkəmələrin öhdəsinə düşürdü, xüsusən ona görə ki, məhkəmə araşdırmasının xeyli hissəsi ərzində ərizəçi həbsdə idi və ciddi depressiyadan əziyyət çəkirdi. Bu, onun işinə baxılmasında məhkəmələrin xüsusi səy göstərmələrini tələb edirdi.
Bununla bağlı Məhkəmə qeyd edir ki, ərizəçi barəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış birinci ittiham hökmü 22 fevral 1996-cı ildə ləğv edildikdən sonra təkrar məhkəmə araşdırması 10 oktyabr 1996-cı ilə təyin edilmişdi, amma yalnız 18 mart 1997-ci ildə xeyli yubanmadan sonra başladı. Sonra proses 1997-ci ilin oktyabrınadək təxirə salındı (yuxarıda 42-ci və 53-55-ci bəndlərə bax). Güman ki, prosesin təxirə salınmasına ərizəçi ilə birlikdə təqsirləndirilən şəxslərin davranışı ən azı qismən səbəb olmuşdu (yuxarıda 53-cü və 55-ci bəndlərə bax). Hər halda prosesdə irəliləyişin olmaması ümumilikdə bir il səkkiz aya yaxın yubanmaya səbəb oldu, Məhkəmə bu yubanmaya haqq qazandıra bilən əsas görmür və onu 6-cı maddənin 1-ci bəndinin tələbinə zidd hesab edir.
131. Müvafiq olaraq, Məhkəmə hazırkı işin baxılmasına sərf olunan müddəti ağlabatan hesab etmir.
Buna görə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu baş verib.
IV. KONVENSİYANIN 13-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
132. Ərizəçi sonda iddia etdi ki, onun işi üzrə məhkəmə prosesinin həddən artıq uzun sürməsi məsələsini dövlət orqanı qarşısında qaldırmaq üçün səmərəli hüquqi müdafiə vasitəsinə malik olmayıb. Müvafiq olaraq, onun fikrincə, Konvensiyanın 13-cü maddəsi pozulub, həmin maddədə deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”.
133. Hazırkı işdə Məhkəmədən tələb olunur ki, ərizəçinin iddia etdiyi Konvensiya hüququ ilə, yəni 6-cı maddənin 1-ci bəndi ilə təmin edilən “ağlabatan müddətdə məhkəmə araşdırması” hüququ ilə əlaqədar olaraq iştirakçı dövlətlərin 13-cü maddədə nəzərdə tutulmuş öhdəliyinin, yəni şəxsi “dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitəsi” ilə təmin etmək öhdəliyinin hüdudlarını müəyyən etsin. Ərizəçi iddia etdi ki, 13-cü maddə bu cür “səmərəli hüquqi müdafiə vasitəsinin” olmasını tələb edən maddə kimi şərh olunmalıdır, Hökumət isə buna etiraz etdi. Komissiya bu məsələni həll etməyi zəruri hesab etmədi.
A. Tərəflərin arqumentləri
1. Ərizəçi
134. Ərizəçi həm özünün yaddaş qeydində (memorandumunda), həm də Məhkəmədəki dinləmədə əsasən mövqeləri çoxluğun mövqeyindən fərqlənən Komissiya üzvlərinin rəyə istinad etdi, onlar ərizəçinin 13-cü maddə üzrə şikayətini araşdırmağa ehtiyac olmadığını, lakin eyni zamanda bu maddənin pozulduğunu hesab etmişdilər. Bundan əlavə, ərizəçi Komissiyanın Mikulski Polşaya qarşı məhkəmə işi üzrə məruzəsinə (ərizə N 27914/95, Komissiyanın 10 sentyabr 1999-cu il tarixli məruzəsi; dərc olunmayıb) istinad etdi, həmin məruzədə Komissiya ərizəçiyə qarşı cinayət prosesinin uzun sürməsi ilə bağlı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulmadığını müəyyən etsə də, belə bir fikir ifadə etmişdi ki, ərizəçi şikayətinin mahiyyəti üzrə məhkəmə prosesinin həddən artıq uzun sürməsi məsələsini səlahiyyətli dövlət orqanı qarşısında qaldırmaq üçün səmərəli hüquqi müdafiə vasitəsinə malik olmayıb və bu səbəbdən 13-cü maddə pozulub.
135. Ərizəçi də Komissiyanın Mikulskinin işi üzrə məruzəsində qeyd etdiyi kimi belə hesab etdi ki, müəyyən işlərdə (məsələn, şəxsin məhkəməyə müraciət hüququna hörmət edilməməsindən şikayət etdiyi işlərdə) 6-cı maddənin 1-ci bəndinə 13-cü maddə üçün aparıcı norma kimi baxmaq mümkün olsa da, bu fikir işin ağlabatan müddətdə araşdırılması hüququnun pozulması ilə bağlı şikayətlərə şamil oluna bilməz. Belə işlərdə Konvensiyanın 13-cü maddəsi prinsipcə 6-cı maddənin 1-ci bəndinin pozulub-pozulmamasından asılı olmayaraq tətbiq edilir.
136. O, həmçinin qeyd etdi ki, fərdin 13-cü maddə üzrə səmərəli hüquqi müdafiə vasitəsinə malik olmaq hüququ onun Konvensiya hüquqlarının pozulmasının müəyyən edilib-edilməməsindən deyil, həmin hüquqların pozulması ilə bağlı əsaslı tələbinin olub-olmamasından asılıdır.
137. Ərizəçinin sözlərinə görə, ərizəçi barəsindəki cinayət prosesinin uzun sürməsinə qarşı onun səmərəli şəkildə etiraz etməsi üçün və “ağlabatan müddətdə məhkəmə araşdırması hüququnu” həyata keçirməsi üçün Polşa qanunvericiliyində hər hansı hüquqi müdafiə vasitəsi nəzərdə tutulmayıb. Nəticədə onun 13-cü maddədə nəzərdə tutulmuş “dövlət orqanı qarşısında səmərəli hüquqi müdafiə vasitəsi” hüququna hörmət edilməyib.
2. Hökumət
138. Hökumət bütün bu məsələlərdə ərizəçi ilə razılaşmadı. O, özünün yaddaş qeydində (memorandumunda) Komissiyanın ifadə etdiyi fikrə şərik çıxdı və bildirdi ki, hazırkı işdə məhkəmə prosesinin həddən artıq uzun sürməsi ilə əlaqədar olaraq “səmərəli daxili hüquqi müdafiə vasitəsinin” olmaması ilə bağlı Konvensiyanın 13-cü maddəsinin pozulub-pozulmadığını araşdırmağa ehtiyac yoxdur.
139. Dinləmədə Hökumət daha sonra iddia etdi ki, Mikulskinin işində Komissiyanın qəbul etdiyi yanaşma 6-cı maddənin 1-ci bəndi ilə 13-cü maddə arasındakı münasibətlə əlaqədar Məhkəmənin bərqərar olmuş presedent hüququna zidd idi və həmin işdə Komissiyanın rəyi sonuncu maddənin yardımçı xarakteri ilə qətiyyən bir araya sığmırdı. Bu kontekstdə Hökumət vurğuladı ki, Məhkəmənin qəbil etdiyi çoxlu qərarlar var ki (Hökumət misal olaraq Kadubets Slovakiyaya qarşı məhkəmə işi üzrə qərarı (2 sentyabr 1998-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1998-VI) və Brualla Qomes de la Torrenin işi üzrə yuxarıda adı çəkilən qərarı qeyd etdi, həmin qərarlarda o daim bildirib ki, “13-cü maddənin tələbləri 6-cı maddənin tələbləri ilə tam əhatə olunur və həmin tələblərdən daha yumşaqdır”, yaxud da “13-cü maddəyə münasibətdə 6-cı maddənin 1-ci bəndinin rolu ondan ibarətdir ki, o, sonuncuya münasibətdə aparıcı normadır və 13-cü maddənin tələbləri 6-cı maddənin tələbləri ilə tam əhatə olunur ”. Qeyd etmək lazımdır ki, Məhkəmə eyni yanaşmanı Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə münasibətdə də nümayiş etdirib, həmin bənd də 6-cı maddənin 1-ci bəndi kimi sırf prosessual xarakterli hüququ təmin edir.
140. Hökumət həmçinin Pitsetti İtaliyaya qarşı (26 fevral 1993-cü il tarixli qərar, A seriyaları, c. 257-C), Cüzeppe Tripodi İtaliyaya qarşı (ərizə N 40946/98, 25 yanvar 2000-ci il tarixli qərar; dərc olunmayıb) və Builli Fransaya qarşı (ərizə N 38952/97, 7 dekabr 1999-cu il tarixli qərar; dərc olunmayıb) məhkəmə işlərinə istinad edərək bildirdi ki, Məhkəmə “ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması” hüququnun pozuntusunu müəyyən etdikdən sonra daim qərara alıb ki, məhkəmə proseslərinin uzun sürməsi ilə bağlı səmərəli hüquqi müdafiə vasitəsinin olmadığına dair şikayəti 13-cü maddə üzrə araşdırmağa ehtiyac yoxdur. Hökumət vurğuladı ki, Komissiyanın özü hazırkı işdə Pitsettinin işindən sitat gətirib. Mikulskiinin işində Komissiya hesab edib ki, ədalətli məhkəmə araşdırması hüququnun pozulmadığı müəyyən edildiyi üçün 13-cü maddə üzrə qərar çıxarmağa lüzum yoxdur, lakin həm də bu qənaətə gəlib ki, ərizəçi həmin hüququnun pozulması ilə bağlı “əsaslı tələbə” malikdir və buna görə də burada 13-cü maddənin daha yumşaq təminatları tətbiq edilə bilər.
141. Hökumət bildirdi ki, belə nəticə Komissiyanın Pitsettinin işi üzrə rəyinə ziddir, həmin işdə Komissiya hesab edib ki, Konvensiya pozuntusunun məhkəmə prosesi kontekstində baş verdiyi iddia edilən hallarda 13-cü maddə tətbiq edilmir (bax: Pitsettinin işi üzrə yuxarıda adı çəkilən qərar, Komissiyanın rəyi, s. 41-42).
142. Hökumət bildirdi ki, o, Konvensiyanın 6-cı maddəsi ilə 13-cü maddəsi arasındakı münasibətlə bağlı Məhkəmənin hazırkı aydın və ardıcıl presedent hüququnu yenidən nəzərdən keçirmək üçün inandırıcı əsas görmür. Hökumət konkret olaraq Komissiyanın Mikulskinin işində bildirdiyi belə bir arqumentini tənqid etdi ki, məhkəmə proseslərinin uzun sürməsi ilə bağlı şikayətlərin çox olduğunu nəzərə alaraq, 13-cü maddənin ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququna tətbiqi dövlətdaxili səviyyədə 6-cı maddədəki əsas prosessual təminatlardan birinin gerçəkləşdirilməsində mühüm praktiki əhəmiyyət kəsb edə bilər. Əksinə, Hökumət iddia etdi ki, ayrıca yeni hüquqi müdafiə vasitəsinin yaradılması (bu, hər cür praktiki məqsədlər baxımından əlavə apelyasiya hüququnun bərqərar edilməsi deməkdir) yalnız daxili məhkəmələrdəki prosesləri uzada bilər.
143. Bu məsələ ilə bağlı Hökumət iddia etdi ki, dövlətin ədliyyə sistemində iş yükü həddən artıq çoxdur və məhkəmələrdəki proseslərinin uzun sürməsi ilə bağlı şikayətlər üçün yeni məhkəmə vasitəsinin və ya digər vasitələrin yaradılmasını dövlətdən tələb etməklə vəziyyəti düzəltmək ağlabatan deyil. Məhkəmə proseslərinin uzun sürməsinə struktur qüsuru kimi baxılmalıdır və onunla mübarizə üçün daha əhatəli tədbirlər tələb olunur.
144. Bundan başqa, Hökumət əlavə etdi ki, yuxarıdakı yanaşmanın hərfi mənada başa düşülməsi belə bir absurd nəticəyə səbəb ola bilər ki, 13-cü maddənin pozulmasından şikayət edən şəxslər üçün də “dövlət orqanı qarşısında səmərəli müdafiə vasitəsi” mövcud olmalıdır. Bütün bu səbəblərə görə Hökumət bu qənaətə gəldi ki, Konvensiyanın 6-cı maddəsi 13-cü maddəyə münasibətdə aparıcı normadır və buna görə də sonuncu maddə məhkəmə proseslərinin uzun sürməsi ilə bağlı ərizəçinin şikayətinin 6-cı maddənin 1-ci bəndi üzrə araşdırıldığı hallara tətbiq edilə bilməz.
145. Hökumət sonda bildirdi ki, Məhkəmə işi 13-cü maddə üzrə araşdırmağı zəruri hesab etsə belə, həmin maddənin pozuntusu baş verməyib. Hökumət etiraf etdi ki, Polşada məhkəmə prosesindəki yubanmalardan şikayət etmək üçün xüsusi müdafiə vasitəsi yoxdur. Lakin o bu fikirdədir ki, ərizəçiyə qarşı cinayət prosesində ərizəçi həbs müddətinin uzadılması barədə qərarlara qarşı şikayətlərində və ya Cinayət Prosessual Məcəlləsinin 214-cü maddəsi üzrə azad olunmaq üçün verdiyi vəsatətlərdə prosesin uzun sürməsi məsələsini qaldıra bilərdi (yuxarıda 79-cu bəndə bax). Eləcə də ərizəçi işə baxan məhkəmənin sədrinə və ya ədliyyə nazirinə şikayət verə bilərdi. Bu, həmin şəxslərin onun işini inzibati nəzarətə götürmələri ilə nəticələnərdi. Əgər hakim məhkəmə araşdırmasını səmərəli şəkildə və xatında aparmasaydı, inzibati nəzarət prinsipcə hakimə intizam sanksiyalarının tətbiq edilməsi ilə nəticələnə bilərdi.
Bu cür şikayətçi üçün birbaşa müdafiə vasitəsi nəzərdə tutulmasa da, Hökumət iddia etdi ki, onun qeyd etdiyi müdafiə vasitələrinin məcmusu Konvensiyanın 13-cü maddəsinin tələbləri üçün yetərlidir.
B. Məhkəmənin qiymətləndirməsi
1. Şikayəti 13-cü maddə üzrə araşdırmağa ehtiyac varmı?
146. Məhkəmənin 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən etdiyi əvvəlki işlərin çoxunda Məhkəmə 13-cü maddə üzrə paralel şikayət barəsində qərar çıxarmağı zəruri hesab etməyib. Çox vaxt bunun səbəbi ondan ibarət olub ki, həmin işlərdə 6-cı maddənin 1-ci bəndi 13-cü maddəyə münasibətdə aparıcı norma hesab edilib.
Beləliklə, barəsində fərdin mübahisə açdığı Konvensiya hüququ daxili qanunvericilikdə “mülki hüquq” kimi tanınıbsa (məsələn, mülkiyyət hüququ), o halda həmin hüquq 6-cı maddənin 1-ci bəndi ilə də qorunur (misal üçün bax: Sporronq və Lönnrotun işi, 23 sentyabr 1982, A seriyaları, c. 52, s. 31-32, b. 88). Belə hallarda bütöv məhkəmə prosesi baxımından 6-cı maddənin 1-ci bəndinin təminatları daha ciddidir və 13-cü maddədəki təminatları da özündə ehtiva edir (misal üçün bax: Brualla Qomes de la Torrenin işi üzrə yuxarıda adı çəkilən qərarı, s. 2957, b. 41).
6-cı maddənin 1-ci bəndinin “cinayət-hüquqi” aspektinin və 13-cü maddənin tətbiq dairəsinə düşən apelyasiya və ya kasasiya proseslərinin lazımi qaydada aparılmamasına qarşı ərizəçinin şikayət etdiyi hallarda da Məhkəmə analoji məntiqi tətbiq edib (bax: Kamazinski Avstriyaya qarşı, 19 dekabr 1989-cu il tarixli qərar, A seriyaları, c. 168, s. 45-46, b. 110 – Ali Məhkəmədəki proseslərin etibarsız sayılması ilə bağlı).
Belə hallarda eyni mövzuda şikayətlərə 13-cü maddənin daha yumşaq tələbləri üzrə yenidən baxılması hüquqi maraq kəsb etmir.
147. Lakin bu işdə olduğu kimi, fərdin iddia etdiyi və “dövlət orqanı” qarşısında qaldırmaq istədiyi Konvensiya pozuntusu ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudursa, yəni 6-cı maddənin 1-ci bəndinə zidd olaraq bu hüquq pozulubsa, o halda 6-cı və 13-cü maddələrdəki təminatların qismən və ya tam üst-üstə düşməsi baş vermir. Konkret işdə ərizəçinin mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı cinayət ittihamı irəli sürülərkən onun ağlabatan müddətdə ədalətli məhkəmə araşdırmasından faydalanıb-faydalanmaması məsələsi daxili qanunvericiliyə əsasən ərizəçinin həmin məsələ ilə bağlı şikayətini bildirməsi üçün səmərəli hüquqi müdafiə vasitəsinə malik olub-olmaması məsələsindən fərqli olan ayrıca hüquqi məsələdir. Hazırkı işdə 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş “məhkəmələr” tərəfindən həll edilməli olan məsələ ərizəçiyə qarşı cinayət ittihamlarının həll edilməsi məsələsi idi, eyni zamanda, 13-cü maddənin məqsədləri üçün “dövlət orqanı” tərəfindən ərizəçinin şikayəti ilə bağlı həll edilməli olan məsələ isə məhkəmə prosesinin həddən artıq uzun sürməsindən fərqlənən ayrı bir məsələ idi.
Bununla belə Məhkəmə tərəfindən keçmişdə baxılmış və bu işlə müqayisə oluna bilən işlərdə Məhkəmə 6-cı maddənin 1-ci bəndində yer alan “ağlabatan müddət” haqqında tələbin pozulduğu qənaətinə gəldiyinə görə həmin işlərdə 13-cü maddə ilə təmin olunan səmərəli hüquqi müdafiə vasitəsinin olmaması ilə bağlı paralel şikayətə dair qərar çıxarmaqdan yayınıb (digər nümunələr arasında yuxarıda adı çəkilən bu qərarlara: Pitsettinin işi, s. 37, b. 21; Buillinin işi, b. 27; Cüzeppe Tripodinin işi, b. 15).
148. Məhkəmənin fikrincə, ona davamlı olaraq təqdim edilən ərizələr toplusunun işığında Məhkəmənin presedent hüququna yenidən baxmağın vaxtı çatıb, həmin ərizələrdə yeganə və ya əsas iddia ondan ibarətdir ki, ağlabatan müddət ərzində məhkəmə iclasının keçirilməsi təmin edilməyib və 6-cı maddənin 1-ci bəndi pozulub.
Bu məsələ ilə bağlı pozuntuların tez-tez müəyyən edilməsi Məhkəməni vadar edib ki, “ədalət mühakiməsinin həyata keçirilməsində həddən artıq yubanmalar” olduqda və “həmin yubanmalarla bağlı tərəflər daxili hüquqi müdafiə vasitəsinə malik olmadıqda” diqqəti milli hüquq sistemləri daxilində qanunun aliliyinə qarşı yaranan “mühüm təhlükəyə” cəlb etsin (misal üçün bax: Bottatsi İtaliyaya qarşı, Böyük Palatanı qərarı, ərizə N 34884/97, b. 22, AİHM 1999-V; Di Mauro İtaliyaya qarşı, Böyük Palatanı qərarı, ərizə N 34256/96, b. 23, AİHM 1999-V; A.P. İtaliyaya qarşı, Böyük Palatanı qərarı, ərizə N 34256/97, b. 18, 28 iyul 1999, qərar dərc olunmayıb; və Ferrari İtaliyaya qarşı, Böyük Palatanı qərarı, ərizə N 33440/96, b. 21, 28 iyul 1999, qərar dərc olunmayıb).
149. Bu mülahizələrin fonunda Məhkəmə anlayır ki, bir qədər öncə 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən etsə də, indi ərizəçinin şikayətinə ayrıca götürülmüş 13-cü maddə üzrə baxılmasına ehtiyac var.
2. Ağlabatan müddətdə ədalət məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edən şikayətlərə 13-cü maddənin tətbiqinin mümkünlüyü
150. Hökumət iddia etdi ki, məhkəmə prosesinin uzun sürməsi barədə ərizəçinin şikayətinə 6-cı maddənin 1-ci bəndi əsasında baxılan işlərə 13-cü maddə tətbiq edilə bilməz. O, həmçinin Komissiyanın Pitsettinin işi üzrə belə bir rəyinə istinad etdi ki, iddia edilən pozuntu məhkəmə prosesi kontekstində baş veribsə, belə hallarda 13-cü maddə tətbiq edilə bilməz (yuxarıda 139-144-cü bəndlərə bax).
151. Məhkəmə hesab edir ki, 6-cı maddədə təsbit olunmuş “məhkəməyə müraciət” hüququnun hər hansı aspektlərinə 13-cü maddənin tətbiqinin mümkünsüzlüyü prinsipini əsaslandıran heç bir şey 13-cü maddənin mətnində yoxdur. Həmçinin 13-cü maddənin tərtibçilərinin onun tətbiqini bu cür məhdudlaşdırmaq niyyəti güddüklərini düşünməyə əsas verən heç bir şey yoxdur.
Hamı razılaşar ki, 13-cü maddənin təmin etdiyi müdafiə mütləq deyil. İddia edilən pozuntunun və ya pozuntular kateqoriyasının baş verdiyi kontekstdə hüquqi müdafiə vasitəsinə mümkün məhdudiyyətlərin qoyulması zəruri ola bilər. Belə hallarda 13-cü maddəyə bu cür işlərə tətbiq edilən maddə kimi baxılmır, onun “səmərəli hüquqi müdafiə vasitəsi” barədə tələbi isə konkret kontekstdən irəli gələn hüquqi müdafiə vasitəsinin tətbiq dairəsini məhdudlaşdıran tələb kimi qəbul edilməlidir (bax: Klass və başqaları Almaniyaya qarşı, 6 sentyabr 1978-ci il tarixli qərar, c. 28, s. 31, b. 69). Bundan başqa, “13-cü maddə iştirakçı dövlətin qanunlarının Konvensiyaya zidd olduğunu əsas gətirərək həmin qanunlara dövlət orqanı qarşısında şikayət edilməsinə imkan verən hüquqi müdafiə vasitəsini təmin edir” (bax: Ceyms və başqaları Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, c. 98, s. 47, b. 85). Beləliklə, 13-cü maddə 6-cı maddənin 1-ci bəndi ilə təmin olunan məhkəməyə müraciət hüququnun daxili qanunvericilikdə nəzərdə tutulmamasına qarşı fərdin şikayət etməsinə imkan verən səmərəli hüquqi müdafiə vasitəsinin təmin olunmasını tələb edən maddə kimi başa düşülə bilməz.
Lakin məhkəmə araşdırmasının ağlabatan müddətdə təmin edilmədiyi barədə iddiaya gəldikdə, 13-cü maddənin tətbiqinin bu cür şərhi mümkün olmur.
152. Əksinə, Konvensiyanın bərqərar etdiyi insan hüquqlarının müdafiəsi sistemində 13-cü maddənin yeri onun tətbiqinə qoyulan məhdudiyyətlərin minimuma endirilməsinin lehinə dəlalət edir.
1-ci maddəyə uyğun olaraq (həmin maddədə deyilir: “Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın I bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər”), Konvensiya ilə təmin olunan hüquq və azadlıqların həyata keçirilməsini və onlara əməl olunmasını təmin etmək vəzifəsi dövlət orqanlarının üzərinə düşür. Buna görə də Avropa Məhkəməsinə şikayət mexanizmi insan hüquqlarını təmin edən milli hüquq sistemlərinin yardımçı mexanizmidir. Həmin mexanizmin yardımçı xarakteri Konvensiyanın 13-cü maddəsinin və 35-ci maddəsinin 1-ci bəndində aydın ifadə edilib.
Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi barədə qaydanı bərqərar edən 35-ci maddənin 1-ci bəndinin məqsədi iştirakçı dövlətlərə imkan yaratmaqdan ibarətdir ki, onlara qarşı Məhkəməyə təqdim edilmiş şikayətlərdə göstərilən pozuntuların qarşısını alsınlar və ya baş vermiş pozuntuları düzəltsinlər (son dövrə aid qərarlar arasında bax: Selmuni Fransaya qarşı, Böyük Palatanın qərarı, ərizə N 25803/94, b. 74, AİHM 1999-V). 35-ci maddənin 1-ci bəndində yer alan qayda 13-cü maddədə (35-ci maddənin 1-ci bəndi bu maddə ilə sıx bağlıdır) əks olunmuş belə bir ehtimala əsaslanır ki, fərd onun Konvensiyada təsbit olunmuş hüquqlarının pozulması ilə bağlı səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalıdır (yenə həmin qərara bax).
Beləliklə, 13-cü maddə insan hüquqlarını ilk növbədə dövlətlərin öz daxili sistemləri vasitəsilə qorumalı olduqlarını birbaşa ifadə edərək fərdin həmin hüquqlardan səmərəli istifadə edə bilməsi üçün əlavə təminat bərqərar edir. Konvensiyanın tərtib edilmə tarixçəsindən göründüyü kimi (bax: Collected Edition of the “Travaux Préparatoires” of the European Convention on Human Rights, c. II, s. 485 və 490 və c. III, s. 651), 13-cü maddənin məqsədi fərdləri Məhkəməyə müraciət edərək beynəlxalq şikayət mexanizmini işə salmazdan əvvəl digər Konvensiya hüquqlarının pozuntularına görə milli səviyyədə hüquqlarının bərpasına nail olma vasitələri ilə təmin etməkdir. Bu nöqteyi-nəzərdən, fərd Konvensiya üzrə tələbini ilk növbədə milli orqana təqdim etmək imkanına malik olmasa, onun ağlabatan müddətdə məhkəmə araşdırması hüququnun səmərəsi az olar; 13-cü maddənin tələblərinə 6-cı maddənin 1-ci bəndinin müəyyən etdiyi ümumi öhdəliyin, yəni fərdlərin məhkəmə proseslərini həddən artıq uzatmamaq öhdəliyinin bir hissəsi kimi deyil, 6-cı maddənin 1-ci bəndinin tələblərini möhkəmləndirən tələblər kimi baxmaz lazımdır.
153. Lakin Hökumət iddia etdi ki, məhkəmə proseslərinin həddən artıq uzadılmamasını 13-cü maddə əsasında tələb etmək dövlətlərin üzərinə yeni öhdəliyin – “apelyasiya hüququnu” (konkret olaraq işə mahiyyəti üzrə yenidən baxılması hüququnu) bərqərar etmək öhdəliyinin qoyulmasına bərabərdir, halbuki bu öhdəlik yalnız Konvensiyanın 7 saylı Protokolunun 2-ci maddəsinə əsasən yalnız cinayət işləri ilə bağlı təmin edilir; təcrübədə belə hüquqi müdafiə vasitəsinin tətbiqi yalnız dövlətdaxili məhkəmə proseslərini uzada bilər (yuxarıda 142-143-cü bəndlərə bax).
154. Məhkəmə Hökumətin arqumentlərini qəbul etmir.
Məhkəmə prosesinin əsassız olaraq uzadılmasından şikayət etmək üçün hüquqi müdafiə vasitəsi hər hansı cinayət ittihamının və ya mülki hüquq və vəzifələrin “müəyyən edilməsinə” qarşı apelyasiya şikayətini özündə ehtiva etmir. İstənilən halda, Konvensiyanın tələblərinə əməl etmək şərti ilə, iştirakçı dövlətlər, Məhkəmənin bir çox əvvəlki işlərdə müəyyən etdiyi kimi, 13-cü maddənin tələb etdiyi müdafiə vasitəsinin təmin edilməsində və həmin maddədə nəzərdə tutulmuş Konvensiya öhdəliyinin yerinə yetirilməsində müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər (misal üçün bax: Kaya Türkiyəyə qarşı, 19 fevral 1998-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1998-I, s. 329-330, b. 106).
Əlavə hüquqi müdafiə vasitəsi barədə tələbin daxili məhkəmə proseslərini daha da ağırlaşdıracağı barədə ehtimala gəldikdə, Məhkəmə qeyd etmək istərdi ki, hazırda məhkəmə proseslərinin həddən artıq uzanmasına qarşı müdafiə vasitələri ilə bağlı iştirakçı dövlətlərin hüquq sistemlərində üstünlük təşkil edən konkret nümunələr olmasa da, Məhkəmənin daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsinə dair qayda ilə bağlı öz presedent hüququndan irəli gələn nümunələr göstərir ki, belə vasitələrin yaradılması və səmərəli fəaliyyəti mümkündür (misal üçün bax: Qonzales Marin İspaniyaya qarşı, ərizə N 39521/98, AİHM 1999-VII; və Tome Mota Portuqaliyaya qarşı, ərizə N 32082/96, AİHM 1999-IX).
155. 13-cü maddə, Hökumətin iddia etdiyi kimi, 6-cı maddənin 1-ci bəndi ilə təmin olunan ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququna tətbiq edilə bilməyən maddə kimi şərh edilməli olsaydı, fərdlər şikayətlərini mütəmadi olaraq Strasburq Məhkəməsinə təqdim etməyə məcbur olardılar, halbuki həmin şikayətlər, Məhkəmənin fikrincə, ilk növbədə milli hüquq sistemi çərçivəsində həll edilməlidir. Nəticədə Konvensiyanın bərqərar etdiyi insan hüquqlarının müdafiəsi sisteminin səmərəli fəaliyyəti uzunmüddətli perspektivdə həm milli, həm də beynəlxalq səviyyədə zəifləmiş olardı.
156. Yuxarıdakı mülahizələrin işığında Məhkəmə hesab edir ki, 13-cü maddənin düzgün şərhi ondan ibarətdir ki, həmin maddə 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş işə ağlabatan müddətdə baxılması tələbinin pozulması ilə əlaqədar olaraq dövlət orqanı qarşısında səmərəli hüquqi müdafiə vasitəsini təmin edən maddədir.
3. 13-cü maddənin tələblərinə riayət edilməsi
157. Məhkəmə bir çox hallarda bildirib ki, Konvensiyanın 13-cü maddəsi Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlara riayət edilməsinə milli səviyyədə nail olmağa imkan verən müdafiə vasitələrinin olmasını təmin edir (onların daxili qanunvericilikdə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq). Beləliklə, şikayəti Konvensiya əsasında mahiyyəti üzrə həll etmək və pozulmuş hüququ bərpa etmək üçün 13-cü maddəyə əsasən daxili müdafiə vasitəsini tələb etmək olar, hərçənd, iştirakçı dövlətlərə bu maddə üzrə öhdəliklərini yerinə yetirmələrində müəyyən qiymətləndirmə sərbəstliyi verilir (bir çox digər qərarlar arasında bax: Kayanın işi üzrə yuxarıda adı çəkilən qərar).
İştirakçı dövlətlərin 13-cü maddə üzrə öhdəliklərinin hüdudları ərizəçinin şikayətindən asılı olaraq müxtəlifdir; lakin 13-cü maddənin tələb etdiyi müdafiə vasitəsi həm hüquqi, həm də praktiki cəhətdən “səmərəli” olmalıdır (misal üçün bax: İlhan Türkiyəyə qarşı, Böyük Palatanın qərarı, ərizə N 22277/93, b. 97, AİHM 2000-VII).
“Müdafiə vasitəsinin” 13-cü maddədə nəzərdə tutulan mənada “səmərəliliyi” prosesin ərizəçinin xeyrinə nəticələnəcəyinə əminlikdən asılı deyil. Həmin maddədə nəzərdə tutulmuş “dövlət orqanı”nın məhkəmə orqanı olması da vacib deyil, amma bununla belə, həmin orqan məhkəmə orqanı deyilsə, onun səlahiyyətləri və verdiyi təminatlar həmin orqan qarşısındakı müdafiə vasitəsinin səmərəli olub-olmadığının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Eyni zamanda, ayrıca bir müdafiə vasitəsi özlüyündə 13-cü maddənin tələblərinə cavab verməsə belə, daxili qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrinin məcmusu həmin tələblərə cavab verə bilər (bir çox digər qərarlar arasında bax: Silver və başqaları Birləşmiş Krallığa qarşı, 25 mart 1983-cü il tarixli qərar, A seriyaları, c. 61, s. 42, b. 113; Çahal Birləşmiş Krallığa qarşı, 15 noyabr 1996-cü il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1996-V, s. 1869-1870, b. 145).
158. İndi Məhkəmə müəyyən etməlidir ki, ərizəçinin işi üzrə məhkəmə prosesinin uzun sürməsindən onun şikayət etməsi üçün Polşa qanunvericiliyə əsasən ərizəçinin ixtiyarında olan vasitələr iddia edilən pozuntunun və ya onun davam etməsinin qarşısını almaq üçün “səmərəli idimi” və ya artıq baş vermiş pozuntuya görə adekvat kompensasiyanı təmin edirdimi?
159. Məhkəmə ilk öncə qeyd edir ki, Hökumət məhkəmə prosesinin uzun sürməsindən ərizəçinin şikayət edə bilməsi üçün hər hansı hüquqi vasitənin olduğunu iddia etməyib, sadəcə onu bildirib ki, bəzi müdafiə vasitələri 13-cü maddənin tələblərinə cavab verirdi. Lakin Hökumət göstərməyib ki, ərizəçi həmin hüquqi müdafiə vasitələrinə əl atmaqla hüququnun bərpasına (istər pozuntunun qarşısının alınması, istərsə də kompensasiya baxımından) nail ola bilərdisə, bunu necə edə bilərdi (yuxarıda 145-ci bəndə bax). Məhkəmə güman etmir ki, hər hansı ayrıca müdafiə vasitəsi və ya onların kombinasiyası ərizəçiyə qarşı ittihamların müəyyən edilməsini sürətləndirə və ya ərizəçini artıq baş vermiş yubanmalara görə adekvat kompensasiya ilə təmin edə bilərdi. Hökumət dövlətdaxili praktikada sözügedən vasitələrdən istifadə etməklə ərizəçinin bu cür kompensasiyaya nail olmasının mümkünlüyünü təsdiq edən hər hansı nümunə təqdim etməyib.
Bunun özü göstərir ki, qeyd edilən vasitələr 13-cü maddənin məqsədləri baxımından “səmərəlilik” standartına cavab vermir, çünki Məhkəmənin artıq bildirdiyi kimi, tələb olunan müdafiə vasitəsi həm hüquqi, həm də praktiki cəhətdən səmərəli olmalıdır (yuxarıda 157-ci bəndə bax).
160. Müvafiq olaraq, Məhkəmə qərara alır ki, hazırkı işdə Konvensiyanın 13-cü maddəsinin pozuntusu baş verib, çünki ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin olunan “ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququnu” həyata keçirə bilmək üçün daxili hüquqi müdafiə vasitəsinə malik olmayıb
V. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
161. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Ziyan
162. Ərizəçi uzun müddətdə həbsdə saxlanması ucbatından kommersiya fəaliyyətindən əldə edəcəyi mənfəətləri itirdiyinə görə maddi ziyan başlığı altında 480.000 zlotı (PLN) tələb etdi.
Ərizəçi daha sonra Məhkəmədən xahiş etdi ki, Konvensiyada nəzərdə tutulmuş hüquqlarının pozulması nəticəsində məruz qaldığı mənəvi əzablara və iztirablara görə ona 800.000 ABŞ dolları və ya bu məbləğin zlotı ilə ekvivalenti təyin edilsin.
163. Hökumət hesab etdi ki, göstərilən məbləğlər qeyri-adi dərəcədə yüksəkdir. O, Məhkəmədən belə qərar çıxarmasını xahiş etdi ki, pozuntunun müəyyən edilməsinin özü ədalətli kompensasiya təşkil edir. Yaxud alternativ olaraq, o, Məhkəməni analoji işlər üzrə öz presedentləri əsasında və dövlətin iqtisadi vəziyyətini nəzərə almaqla ədalətli kompensasiya təyin etməyə çağırdı.
164. Məhkəmə əlində olan sübutlar əsasında bu nəticəyə gəlir ki, ərizəçi iddia etdiyi maddi ziyana həqiqətən müvafiq dövrdə həbsxanada saxlanması ucbatından məruz qaldığını sübut etməyib. Buna görə də, maddi ziyan başlığı altında ona hər hansı kompensasiya təyin etmək üçün əsas yoxdur.
165. Digər tərəfdən, Məhkəmə ərizəçinin mənəvi ziyana məruz qaldığını (məsələn, həbsdə saxlanma müddətinin və məhkəmə araşdırmasının uzanması nəticəsində iztirablara məruz qaldığını və məyusluq keçirdiyini) sözsüz qəbul edir ki, bu da sadəcə Konvensiyanın pozuntusunun müəyyən edilməsi faktı ilə kompensasiya oluna bilməz. Məhkəmə qiymətləndirməni ədalət prinsipi əsasında həyata keçirərək mənəvi ziyan başlığı altında ərizəçiyə 30.000 PLN təyin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
166. İşinin icraatı ilə bağlı Avropa Şurasından hüquqi yardım almış ərizəçi Məhkəmədəki icraata çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 30.400 dollar məbləğində kompensasiya tələb etdi.
167. Hökumət özünün yaddaş qeydində (memorandumunda) Məhkəməni buna dəvət etdi ki, tələb olunan məhkəmə xərclərinin və digər məsrəflərin yalnız faktiki və zəruri olaraq çəkilən və miqdarca ağlabatan olan hissəsinin (əgər belələri varsa) əvəzinin ödənilməsini təyin etsin. Dinləmədə Hökumət bildirdi ki, tələb olunan məhkəmə xərcləri və digər məsrəflər ifrat dərəcədə yüksəkdir.
168. Məhkəmə ərizəçinin tələbini özünün presedent hüququnda bərqərar edilmiş prinsiplərin işığında qiymətləndirdi (bax: Nikolova Bolqarıstana qarşı, Böyük Palatanın qərarı, ərizə N 31195/96, b. 79, AİHM 1999-II; Öztürk Türkiyəyə qarşı, Böyük Palatanın qərarı, ərizə N 22479/93, b. 83, AİHM 1999-VI; və Vitold Litua Polşaya qarşı, ərizə N 26629/95, b. 88, AİHM 2000-III).
Məhkəmə yuxarıdakı meyarları hazırkı işə tətbiq edərək və qiymətləndirməni ədalət prinsipi əsasında həyata keçirərək, məhkəmə xərclərinə və digər məsrəflərə görə ərizəçiyə 20.000 PLN təyin edilməsini ağlabatan hesab edir, bu məbləğdən tutula bilən hər hansı əlavə dəyər vergisi məbləği onun üzərinə əlavə olunmalı və ərizəçinin Avropa Şurasından hüquqi yardım qismində aldığı 10.589 fransız frankı həmin məbləğdən çıxılmalıdır.
C. İcranın gecikdirilməsinə görə faiz
169. Məhkəmədə olan məlumata görə, bu qərarın qəbul edildiyi tarixə Polşada qanunla qəbul edilmiş faiz dərəcəsinin miqdarı illik 21% təşkil edir.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. Yekdilliklə qərara alır ki, Konvensiyanın 3-cü maddəsi pozulmayıb;
2. Yekdilliklə qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub;
3. Yekdilliklə qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub;
4. Bir səsə qarşı on altı səslə qərara alır ki, Konvensiyanın 13-cü maddəsi pozulub;
5. Yekdilliklə qərara alır ki:
a) cavabdeh dövlət üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:
i) mənəvi ziyana görə – 30.000 PLN (otuz min Polşa zlotısı);
ii) məhkəmə xərclərinə və digər məsrəflərə görə – 20.000 PLN (iyirmi min Polşa zlotısı); bu məbləğdən tutula bilən hər hansı əlavə dəyər vergisi məbləği onun üzərinə əlavə olunmalı, həmin məbləğdən 10.589 (on min beş yüz səksən doqquz) fransız frankı çıxılmalı və bu məbləğ bu qərarın qəbul edildiyi tarixdə tətbiq edilən məzənnə üzrə zlotıya çevrilməlidir;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər illik 21% təşkil edən adi faiz dərəcəsi ödənilməlidir;
6. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 26 oktyabr 2000-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunmuşdur.
Pol Mahoney (Paul Mahoney)
Katib
Luzius Vildhaber (Luzius Wildhaber)
Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq bu qərara cənab Kasadevallın qərarla qismən üst-üstə düşməyən rəyi əlavə olunur:
HAKİM KASADEVALLIN QƏRARLA QİSMƏN ÜST-ÜSTƏ DÜŞMƏYƏN RƏYİ
1. Mən çoxluğun belə bir fikrinə şərik çıxmıram ki, Məhkəmə öz presedentlərindən kənara çıxmalı və məhkəmə prosesinin müddəti ağlabatan həddi aşdığına görə 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən etdiyi hazırkı işdə 13-cü maddədə nəzərdə tutulmuş səmərəli hüquqi müdafiə vasitəsinin olmadığına əsaslanan şikayət barəsində də qərar çıxarmalıdır.
2. Xüsusən 13-cü maddənin mətnini (onun mətni geniş əhatəli olduğu qədər də yığcamdır) nəzərə alsaq, 6-cı maddənin 1-ci bəndində təsbit olunmuş “məhkəməyə müraciət hüququnun” müxtəlif aspektlərinə onun tətbiq edilməsinin qarşısını alan heç nə yoxdur.[1] Mən bu məsələni anlamaqda bir çətinlik görmürəm. Digər tərəfdən, bu yeni presedentin Məhkəmə üçün, iştirakçı dövlətlər üçün və hər şeydən əvvəl Konvensiyanın təmin etdiyi müdafiədən yararlanmaq istəyən şəxslər, yəni ərizəçilər üçün yarada biləcəyi hər cür mürəkkəbliklər məndə aşağıdakı səbəblərə görə “müalicənin xəstəlikdən daha betər” olacağı qorxusunu yaradır.
3. Birinci səbəb Məhkəmənin öz presedentlərindən kənara çıxması üçün gətirdiyi əsaslarla bağlıdır. Mən qərarın 147-ci bəndindəki əsaslandırmanı nəzəri cəhətdən qəbul edə bilərəm, orada deyilir ki, bu işdə olduğu kimi, fərdin iddia etdiyi və dövlət orqanı qarşısında qaldırmaq istədiyi pozuntu ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudursa, o halda 6-cı və 13-cü maddələrdəki təminatların qismən və ya tam üst-üstə düşməsi baş vermir. Lakin əsaslandırmanın qalan hissəsi, yəni məhkəmə proseslərinin uzun sürməsi ilə bağlı Məhkəməyə çoxsaylı işlərin təqdim edilməsinə əsaslanan hissəsi, heç bir hüquqi əhəmiyyət kəsb etmir.[2]
Qərarın 148-ci bəndində qeyd edilən halla, yəni İtaliyada məhkəmə proseslərinin uzun sürməsi ilə əlaqədar olaraq Məhkəmə 1999-cu ilin iyulunda qərara almışdı ki, eyni pozuntulara dair çoxlu şikayətlərin yığılması situasiyanın hələ də həll olunmadığını və prosesdəki tərəflərin hələ də daxili hüquqi müdafiə vasitəsinə malik olmadıqlarını göstərir. Pozuntuların bu cür üst-üstə yığılması Məhkəmənin belə qərara çıxarmasına səbəb olmuşdu ki, İtaliyada Konvensiyaya zidd olan praktika mövcuddur.
Doğrudur, o vaxtdan bəri üzv dövlətlərin çoxunda yalnız və ya əsas etibarı ilə məhkəmə proseslərinin uzun sürməsi ilə əlaqədar olaraq pozuntuların Məhkəmə tərəfindən müəyyən edilməsi halları çoxalıb. Lakin Konvensiyanın dili ilə desək, Məhkəmənin vəzifəsi yalnız iddiaçıların ona təqdim etdiyi işlərə baxmaqdan və onları həll etməkdən ibarətdir.
Qərarın 149-cu bəndində Məhkəmənin dediyi kimi, məhkəmə proseslərinin uzun sürməsi ilə bağlı şikayətlərin yığılması ilə əlaqədar olaraq indi ərizəçinin şikayətinə ayrıca götürülmüş 13-cü maddə üzrə baxılması, mənim fikrimcə, hüquqi məsələdən daha çox, sərfəli məsələ təəssüratını yaradır.
4. Üstəlik, əminlik yoxdur ki, Konvensiyanın Avropa səviyyəsində təqdim etdiyi məhkəmə müdafiəsi sadəcə Məhkəmənin ikiqat pozuntunu (birincisi, prosesin həddən artıq uzun sürməsi ilə və ikincisi, həmin pozuntudan şikayət etmək üçün səmərəli vasitənin olmaması ilə bağlı pozuntunu) müəyyən etməsi səbəbindən güclənmiş olacaq. Konvensiyaya zidd praktikanın mövcudluğunun müəyyən edildiyi halda olduğu kimi, əlavə olaraq 13-cü maddənin pozuntusunun müəyyən edilməsi də müəyyən üzv dövlətlərin məhkəmə sistemində yer alan endemik struktur problemlərinin öhdəsindən gəlmək üçün özlüyündə yetərli deyil. Bu, Məhkəmənin iş yükünün azalmasına (ən azı orta müddətli dövr üçün) kömək etməyəcək.
5. 13-cü maddənin pozuntusunun bu cür müəyyən etməsinin məqsədi subsidiarlıq prinsipinə uyğun olaraq dövlətləri öz vəzifələri ilə üz-üzə qoymaq və prosesin həddən artıq uzun sürməsindən tərəflərin şikayət edə bilməsi üçün öz daxili hüquq sistemlərində səmərəli hüquqi müdafiə vasitəsini nəzərdə tutmalarını təmin etməkdir. Belə müdafiə vasitəsinin yaradıldığını fərz etsək, onda bunu başa düşmək mənim üçün çətindir ki, Konvensiyanın 35-ci maddəsinin tələb etdiyi kimi, prosesin uzun sürməsinə qarşı şikayət etməyə imkan yaratmaq məqsədi daşıyan əlavə hüquqi müdafiə vasitəsini ilk növbədə tükəndirmək öhdəliyi prosesin əsassız olaraq uzun sürməsindən ibarət struktur problemini necə həll edə bilər.
Belə məhkəmə prosesinin əsas prosesə nisbətən daha ağlabatan müddətdə keçiriləcəyinə heç nə ilə zəmanət vermək olmaz. Həmçinin belə məhkəmə prosesinə başlanılması nəticəsində əsas prosesin sürətlənəcəyinə də heç nə ilə zəmanət vermək olmaz. Son nəticədə bu situasiyanın nəticələrindən yalnız prosesdəki tərəf əziyyət çəkəcək.
6. Mən həmçinin düşünürəm ki, presedent hüququndan bu cür kənarlaşmadan sonra Məhkəmə tərəfindən həll edilməli olan başqa məsələlər də zəruri olaraq meydana çıxacaq. Məhkəmənin bərqərar olmuş presedent hüququna uyğun olaraq, məsələn, 13-cü maddənin tələb etdiyi müdafiə vasitəsi “həm hüquqi, həm də praktiki cəhətdən səmərəli” olmalı və müvafiq şəxsi “lazımi yardımla” təmin etməlidir.[3] Lakin məhkəmə araşdırmasının ağlabatan müddətdə keçirilməsi tələbinin pozulmasının sadəcə daxili məhkəmələr tərəfindən müəyyən edilməsi (sözügedən hüquqi müdafiə vasitəsi tükəndirildikdən sonra) və hətta lazımi halda mənəvi ziyana görə kompensasiya təyin edilməsi, əsas məhkəmə prosesi hələ başa çatmayıbsa, həmin müdafiə vasitəsini səmərəli etməyəcək.
Bu halda bir neçə il sonra ərizəçi 6-cı maddənin 1-ci bəndinin pozulduğuna istinad edərək şikayətini Məhkəməyə təqdim etməyə məcbur olacaq və belə halda haqlı olaraq 13-cü maddənin pozulduğundan da şikayət edəcək. İnsan hüquqlarının müdafiəsinin səmərəliliyi bununla güclənməyəcək, əksinə zəifləyəcək.
7. Məhkəmə təkrarən bildirir ki, dövlətlər “13-cü maddənin tələb etdiyi müdafiə vasitəsinin təmin edilməsində müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər”[4] və həmin maddənin “səmərəli hüquqi müdafiə vasitəsi barədə tələbi konkret kontekstdən irəli gələn hüquqi müdafiə vasitəsinin tətbiq dairəsini məhdudlaşdıran tələb kimi qəbul edilməlidir”[5], amma bununla belə, səmərəlilik tələbi işin mahiyyəti üzrə qərar çıxaran orqandan fərqli və müstəqil olan başqa orqan tərəfindən təmin edilməlidir, çünki məhz həmin orqan ağlabatan müddətdə qərar qəbul edilməsinə görə və beləliklə həm də ərizəçinin şikayətinə görə cavabdehlik daşıyır. Bundan başqa, belə orqanın qərarları məcburi hüquqi qüvvəyə malik olmalıdır, çünki əks təqdirdə səmərəlilik tələbi yerinə yetirilməmiş olardı.[6]
8. Nəhayət, qeyd etmək istərdim ki, bir çox işlərdə üzv dövlətlərin ali məhkəmələrindəki proses həddən artıq uzandığına görə Məhkəmə ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu müəyyən edib.[7] Tərəflər məhkəmə prosesin sürətləndirilməsi üçün və ya ölkələrindəki ən yüksək məhkəmə instansiyası tərəfindən 6-cı maddənin 1-ci bəndinin pozulmasından irəli gələn itkiləri ilə bağlı kompensasiyanın təmin edilməsi üçün kimə üz tutmalıdırlar?
9. Yuxarıda qeyd edilən bütün mülahizələrə görə mən Konvensiyanın 13-cü maddəsinin pozulduğu barədə qərar çıxarılmasını zəruri hesab etmiş çoxluqla razılaşa bilmərəm. Mənim fikrimcə, hazırkı işdə 6-cı maddənin 1-ci bəndinin pozuntusunu müəyyən etməklə kifayətlənmək olardı.
[1] Qərarın 151-ci bəndi.
[2] “... [Məhkəməyə] davamlı olaraq təqdim edilən ərizələr toplusunun işığında ...” (qərarın 148-ci bəndi).
[3] Digər qərarlar arasında bax: Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1996-VI.
[4] Qərarın 154-cü bəndi.
[5] Qərarın 151-ci bəndi.
[6] Kompensasiya təyin etmək səlahiyyətinə malik olmayan Parlament Komissiyasına verilən şikayət səmərəli hüquqi müdafiə vasitəsi deyil (bax: Silver və başqaları Birləşmiş Krallığa qarşı, 25 mart 1983-cü il tarixli qərar, A seriyaları, c. 61, s. 43, b. 115).
[7] Misal üçün bax: Ruis-Mateos İspaniyaya qarşı, A seriyaları, c. 262, s. 23, b. 51; habelə son dövrlərə aid qərarlar arasında bax: Qast və Popp Almaniyaya qarşı, ərizə N 29357/95, AİHM 2000-II; Savyidu Yunanıstana qarşı, ərizə N 38704/97, 1 avqust 2000-ci il (qərar dərc olunmayıb); yaxud Quisset Fransaya qarşı, ərizə N 33933/96, AİHM 2000-IX).
Full & Egal Universal Law Academy