© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Kudreviçus və başqaları Litvaya qarşı [BP] – ərizə № 37553/05
15.10.2015 tarixli qərar [BP]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Dinc toplaşmaq azadlığı
İki gün ərzində əsas yollarda nəqliyyatın hərəkətini bağladıqlarına görə fermerlərə cinayət sanksiyalarının tətbiqi: pozuntu baş verməyib
Faktlar – Ərizəçi fermerlər kənd təsərrüfatı sektorundakı problemlərə cavab olaraq Hökumətin heç bir hərəkət etməməsinə diqqəti cəlb etmək üçün dinc etiraz aksiyası keçirməyə icazə almışdılar. Əvvəlcə nümayişlər icazələrə uyğun olaraq dinc şəkildə keçirilirdi. Lakin Hökumətlə danışıqlar dayandırıldı. Hökumətə təzyiq göstərmək üçün ərizəçilər icazələrin hüdudlarından kənara çıxdılar və iki günlüyə üç əsas şose yolunu bağlayaraq nəqliyyatın işini əhəmiyyətli dərəcədə pozdular. Onların tələbləri yerinə yetirildikdən sonra blokadaya son qoyuldu. Sonradan ərizəçilər "iğtişaş törətməyə" görə məhkum olundular və icrası bir il müddətinə təxirə salınmaqla altmış günlük həbs cəzası aldılar. Həmçinin onlara göstəriş verildi ki, hakimiyyət orqanlarının ilkin razılığı olmadan yaşadıqları ərazini yeddi gündən artıq müddətə tərk etməsinlər.
26 noyabr 2013-cü il tarixli qərarla Məhkəmənin Palatası üç səsə qarşı dörd səslə müəyyən etdi ki, Konvensiyanın 11-ci maddəsi pozulub (bax: Məlumat bülleteni № 168). 14 aprel 2014-cü ildə Hökumətin vəsatəti əsasında iş Böyük Palataya göndərildi.
Hüquqi məsələlər – Maddə 11:
a) 11-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi – Ərizəçilərin məhkum edilməsi zorakılıqda iştirakla və ya zorakılığa təhrik etmə ilə əlaqədar deyildi, yolların bağlanması nəticəsində ictimai qaydanın pozulması ilə əlaqədar idi. Nəqliyyatın işinin pozulması ictimai yerdə keçirilmiş toplantının dolayısı ilə səbəb olduğu mənfi nəticə sayıla bilməzdi, belə ki, bu, fermerlərin bilərəkdən etdikləri hərəkətlərin nəticəsi idi. Toplaşmaq azadlığının həyata keçirilməsi kontekstində digərlərinin həyata keçirdiyi fəaliyyətləri ciddi şəkildə pozmaq məqsədi ilə bilərəkdən nəqliyyatın hərəkətinə fiziki maneələr yaratma və həyatın gündəlik axarını pozma halları Konvensiyanın 11-ci maddəsi ilə qorunan azadlığın əsasını təşkil edən hallar deyildi və belə vəziyyətlərdə 11-ci maddənin ikinci bəndi əsasında müvafiq hərəkətlərin "zəruriliyini" qiymətləndirilməyə ehtiyac yarana bilərdi. Ərizəçilərin məhkum edilməsinə səbəb olmuş davranışları elə xarakterdə və dərəcədə deyildi ki, dinc toplaşmaq azadlığı hüququnun təmin etdiyi müdafiə onların nümayişdə iştirakına şamil olunmasın. Onların demokratik cəmiyyətin dayaqlarını sarsıtmaq niyyətində olduqlarını göstərən heç nə yox idi. Buna görə də, 11-ci maddə bu işə tətbiq edilə bilərdi.
b) Şikayətin mahiyyəti – Ərizəçilərin məhkum edilməsi onların dinc toplaşmaq azadlığı hüququna müdaxilə təşkil edirdi. Bu müdaxilənin daxili qanunvericilikdə hüquqi əsası vardı. Cinayət Məcəlləsinin müvafiq müddəasına daxili məhkəmələrin verdikləri şərh nə əsassız, nə də proqnozlaşdırıla bilməyən şərh idi. Dinc toplantıların keçirilməsi üçün verilmiş icazələrdə təşkilatçılara məsuliyyətə cəlb edilmələrinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdi. Ərizəçilər aydın dərk etməli idilər ki, blokadanın götürülməsi barədə polisin qanuni və aydın əmrlərinə tabe olmamaları onların məsuliyyətə cəlb olunmasına səbəb ola bilər. Beləliklə, müdaxilə "qanunla nəzərdə tutulmuşdu" və "iğtişaşın qarşısını almaq" və "digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək" kimi qanuni məqsədlər daşıyırdı.
Nümayişlərin icazə verilmiş ərazilərdən şose yollarına keçirilməsi icazədə göstərilmiş şərtlərin açıq-aydın pozuntusu idi. Bu addım hakimiyyət orqanlarına hər hansı ilkin məlumat verilmədən və icazələrdəki şərtlərin dəyişdirilməsi xahiş edilmədən atılmışdı. Ərizəçilər həmin şərtlərin tələblərindən xəbərsiz ola bilməzdilər. Bundan başqa, onların hərəkətlərinə hətta cari hadisəyə dərhal reaksiya vermək zərurəti ilə haqq qazandırmaq üçün elə bir əsas yox idi. Məhkəmə fermerlərin sərəncamında qanuni maraqlarını müdafiə etmək üçün alternativ və qanuni vasitələrin, məsələn, inzibati məhkəmələrə şikayət etmək imkanının olduğu barədə daxili məhkəmələrin qənaətini sual altına almaq üçün səbəb görmədi.
Bilərəkdən yolların bloklanması fermerlərin tələblərinin qəbul edilməsi üçün hökumətə təzyiq göstərmək məqsədi daşıyırdı və bu xüsusiyyət hazırkı işi o işlərdən fərqləndirirdi ki, həmin işlərdə Məhkəmə nümayişlərin həyatın gündəlik axarının, o cümlədən nəqliyyatın işinin müəyyən dərəcədə pozulmasına səbəb ola biləcəyini qeyd etmişdi. Nümayişçilərin digərlərinin həyata keçirdiyi fəaliyyətlərin qarşısını aldığı və ya həmin fəaliyyətlərdə dəyişikliklərə səbəb olduğu işlərdə Məhkəmə bu qənaətə gəlib ki, sanksiyaların tətbiqi digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi kimi qanuni məqsədə mütənasib idi. Məhkəmə hesab etdi ki, hazırkı işdə də tam əsasla eyni qənaətə gəlmək olar, belə ki, nümayişçilərin aksiyaları bilavasitə onların təqdir etmədikləri fəaliyyətə qarşı deyil, digər bir fəaliyyətə fiziki əngəl törətməyə yönəlmişdi ki, bunun da onların etirazının obyekti ilə heç bir əlaqəsi yox idi.
Məhkəmənin presedent hüququndan göründüyü kimi, nümayişçilər tərəfindən ictimai yerdə dinc toplaşmaq hüququnun həyata keçirilməsinin normal halda yarada biləcəyindən daha artıq dərəcədə həyatın gündəlik axarının və digərlərinin həyata keçirdiyi qanuni fəaliyyətlərin bilərəkdən ciddi şəkildə pozulması Məhkəmənin presedent hüququnda nəzərdə tutulan mənada "qınanılmalı hərəkət" sayıla bilərdi və beləliklə, bu cür davranış cəzaların, hətta cinayət xarakterli cəzaların tətbiqinə haqq qazandıra bilərdi. Hətta ərizəçilər zorakılıq aktları törətməsələr də və digərlərini belə aktlarda iştiraka təhrik etməsələr də polisin göstərişlərinə və yol istifadəçilərinin tələbat və hüquqlarına kobudcasına etinasızlıq göstərməklə üç əsas şose yolunun az qala tam bağlanması elə davranış idi ki, onu "qınanılmalı" hərəkət adlandırmaq olardı. Belə vəziyyətlərdə cavabdeh dövlətə müəyyən qiymətləndirmə sərbəstliyinin verilməli olduğunu nəzərə alsaq, o, sözsüz ki, ictimai qaydanı qorumaq maraqlarının fermerlərin Hökumətlə danışıqlarında irəliləyişə nail olmaq məqsədi ilə ərizəçilərin yolları bloklamasının güddüyü maraqlardan üstün tutulmalı olduğunu hesab etmək hüququna malik idi.
Hakimiyyət orqanlarının davranışına gəlincə, polislər ərizəçilərə yolların blokadasını götürmək barədə göstərişlər verməklə və məsuliyyətə cəlb oluna biləcəkləri barədə xəbərdarlıq etməklə kifayətlənmişdilər. Hətta ərizəçilər bu qanuni göstərişlərə tabe olmadıqda belə, polislər toplantıları dağıtmamağı qərara almışdılar. Fermerlərlə yük maşınlarının sürücüləri arasında gərginlik yaranarkən polislər ciddi qarşıdurmaların qarşısını almaq üçün mübahisə edən tərəfləri sakitləşməyə çağırmışdılar. Ərizəçilərin davranışının ciddi pozuntulara səbəb olduğuna baxmayaraq, hakimiyyət orqanları yüksək dərəcədə dözümlülük nümayiş etdirmişdilər. Bundan əlavə, onlar toplantının dinc şəkildə keçirilməsini və bütün vətəndaşların təhlükəsizliyini təmin etmək üçün nümayişçilərin maraqları ilə şose yollarının istifadəçilərinin maraqlarını balanslaşdırmağa çalışmış və bununla da üzərlərinə düşə biləcək hər hansı pozitiv öhdəliyi yerinə yetirmişdilər.
Ərizəçilərə təyin olunmuş sanksiyalara gəlincə, tətbiq edilmiş cəza 60 günlük həbs cəzası kimi yüngül bir cəza idi və onun da icrası bir il müddətinə təxirə salınmışdı. Ərizəçilər cərimə cəzasına məhkum edilməmişdilər və bir il davam etmiş məhkumluqlarının yeganə real nəticəsi ondan ibarət idi ki, yaşadıqları ərazini yeddi gündən artıq müddətə tərk etmək istədikləri təqdirdə icazə almalı idilər. Ərizəçilər üçün bu cür narahatlığın yaranması onların səbəb olduğu ictimai qaydanın ciddi pozuntusu ilə müqayisədə qeyri-mütənasib sayıla bilməzdi.
Nəhayət, ictimai yolda nəqliyyatın hərəkətinə maneə yaratmanın hüquqi xarakteristikası (bu əməlin cinayət, yoxsa inzibati xəta sayılması) məsələsində üzv dövlətlər arasında vahid yanaşma olmadığına görə, dövlət hakimiyyəti orqanları ərizəçiləri onların davranışına görə cinayət məsuliyyətinə cəlb etməklə malik olduqları geniş qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmamışdılar. Digər şəxslərə daha yüngül cəzanın verilməsi hökmən o demək deyildi ki, ərizəçilərə təyin olunmuş sanksiyalar qeyri-mütənasib idi.
Xülasə, dövlət hakimiyyəti orqanları bir tərəfdən "iğtişaşın qarşısını alınması" və "digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi" kimi qanuni maraqlar, digər tərəfdən isə toplaşmaq azadlığının tələbləri arasında ədalətli balansı gözləmişdilər və onların qərarları faktların qəbul oluna bilən şəkildə qiymətləndirilməsinə əsaslanmış və münasib və yetərli əsaslara söykənmişdi.
Hakimiyyət orqanları tərəfindən görülmüş tədbirlərin Avropa İttifaqı Məhkəməsinin (AİM)* presedent hüququnun işığında əsaslı olub-olmadığı barədə tərəflərin irəli sürdükləri arqumentlərin Məhkəmə tərəfindən araşdırılmasına ehtiyac yox idi. AİM-in rolu üzv dövlətlərin malların sərbəst hərəkətini təmin etmək öhdəliklərini yerinə yetirib-yetirmədiklərini müəyyənləşdirməkdən ibarət idi, hazırkı işdə Məhkəmənin vəzifəsi isə ərizəçilərin toplaşmaq azadlığı hüququnun pozulub-pozulmadığını müəyyənləşdirmək idi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
(Bax: Bukta və başqaları Macarıstana qarşı, ərizə № 25691/04, 17 iyul 2007-ci il, Məlumat bülleteni № 99; Lukas Birləşmiş Krallığa qarşı (qərardad), ərizə № 39013/02, 18 mart 2003-cü il; Barrako Fransaya qarşı, ərizə № 31684/05, 5 mart 2009-cu il, Məlumat bülleteni № 117)
*Oygen Şmidberger və başqaları Avstriyaya qarşı (Eugen Schmidberger, Internationale Transporte and Planzüge v. Austria), C-112/00, 12 iyun 2003-cü il tarixli qərar; və Avropa Komissiyası Fransaya qarşı, C-265/95, 9 dekabr 1997-ci il tarixli qərar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy