© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
KUDREVİÇUS (KUDREVIČIUS) VƏ BAŞQALARI LİTVAYA QARŞI məhkəmə işi
(Ərizə № 37553/05)
QƏRAR
Strasburq
15 oktyabr 2015-ci il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Kudreviçus və başqaları Litvaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Böyük Palata),
hakimlər:
Din Şpilmann (Dean Spielmann), sədr,
Josep Kasadeval (Josep Casadevall),
Elizabet Ştayner (Elisabeth Steiner),
Angelika Nyussberger (Angelika Nußberger),
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
George Nikolau (George Nicolaou),
Luis Lopes Gerra (Luis López Guerra),
Miryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Qanna Yudkivska (Ganna Yudkivska),
Andre Potoki (André Potocki),
Helena Yaderblom (Helena Jäderblom),
Aleş Peyçal (Aleš Pejchal),
Yohannes Silvis (Johannes Silvis),
Kşişfot Voytsiçek (Krzysztof Wojtyczek),
Egidiyus Küris (Egidijus Kūris),
Yon Fridrik Kölbro (Jon Fridrik Kjølbro),
habelə Böyük Palatanın Katib müavini Sören Prebensendən (Søren Prebensen) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
9 aprel 2015-ci ildə və 9 sentyabr 2015-ci ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən beş Litva vətəndaşı – cənab Arunas Kudreviçus (Arūnas Kudrevičius), cənab Bronyus Markauskas (Bronius Markauskas), cənab Arturas Pilota (Artūras Pilota), cənab Kestutis Milyauskas (Kęstutis Miliauskas) və cənab Virginiyus Mikolaytis (Virginijus Mykolaitis) (“ərizəçilər”) tərəfindən 8 oktyabr 2005-ci ildə Məhkəməyə təqdim edilmiş Litva Respublikasına qarşı ərizə (№ 37553/05) əsasında başlanıb.
2. Ərizəçiləri Vilnüsdə vəkillik fəaliyyəti ilə məşğul olan iki vəkil – cənab K. Stungis (K. Stungys) və cənab E. Losis (E. Losis) təmsil ediblər. Litva Hökumətini (“Hökumət”) onun nümayəndəsi xanım K. Bubnite (K. Bubnytė) təmsil edib.
3. Ərizəçilər konkret olaraq iddia etdilər ki, iğtişaş törətməyə görə məhkum edilmələri onların toplaşmaq və ifadə azadlığını pozub və məhkum edilmələri üçün əsas olmuş qanun Konvensiyanın 7-ci maddəsinin tələblərinə cavab verməyib.
4. 21 may 2008-ci ildə ərizə barədə Hökumətə məlumat verildi.
5. Ərizə Məhkəmənin İkinci Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 26 noyabr 2013-cü ildə hakimlər Qvido Ratmondi (Guido Raimondi), Danute Yoçyene (Danutė Jočienė), Draqolyub Popoviç (Dragoljub Popović), Andraş Sayo (András Sajó), İşıl Karakaş (Işıl Karakaş), Paulo Pinto de Albukerke (Paulo Pinto de Albuquerque), Helen Keller (Helen Keller), habelə Bölmənin katibi Stenli Neysmitdən (Stanley Naismith) ibarət tərkibdə təşkil edilmiş İkinci Bölmənin Palatası şikayət ərizəsinin Konvensiyanın 7-ci və 11-ci maddələrinə aid hissəsini yekdilliklə qəbul olunan, qalan hissəsini isə qəbul olunmayan elan etdi. Palata üç səsə qarşı dörd səslə qərara aldı ki, Konvensiyanın 11-cu maddəsi pozulub və Konvensiyanın 7-ci maddəsi üzrə şikayəti ayrıca araşdırmağa ehtiyac yoxdur və cavabdeh dövlət ərizəçilərin hər birinə mənəvi ziyana görə 2.000 avro ödəməlidir.
6. 26 fevral 2014-cü ildə Hökumət Konvensiyanın 43-cü maddəsi və Məhkəmə Reqlamentinin 73-cü Qaydası əsasında işin Böyük Palataya göndərilməsi barədə vəsatət verdi. 14 aprel 2014-cü ildə Böyük Palata vəsatəti təmin etdi.
7. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyənləşdirildi.
8. Ərizəçilər və Hökumət hər biri yazılı qeydlərini təqdim etdilər (59-cu Qaydanın 1-ci bəndi).
9. Açıq dinləmə 26 noyabr 2014-cü ilə təyin olundu. Lakin 27 oktyabr 2014-cü il tarixli faksla ərizəçilərin nümayəndəsi cənab K. Stungis bildirdi ki, dinləmədə yetərincə dolğun iştirak etmək üçün Məhkəmənin rəsmi dillərindən hər hansı birini kifayət qədər bilmir və ona yardım göstərə biləcək müvafiq biliklərə malik başqa bir vəkil də tapa bilmir. Buna görə də o vəsatət verdi ki, iş onun iştirakı olmadan dinlənilsin və faks göndərişinə ondan tələb olunmayan doqquz səhifəlik sənəd əlavə etdi, həmin sənəddə o, mahiyyət etibarı ilə Hökumətin Böyük Palatadakı icraatda təqdim etdiyi qeydlərdə əks olunmuş arqumentlərə cavab vermişdi. 30 oktyabr 2014-cü il tarixli məktubla Məhkəmə Hökumətə məlumat verdi ki, ərizəçilərin nümayəndəsinin mövqeyini nəzərə alaraq açıq dinləmə keçirməmək məsələsini nəzərdən keçirə və tərəflərə bir-birinin qeydlərinə yazılı cavablarını təqdim etmək imkanı yarada bilər. 3 noyabr 2014-cü il tarixli faksla Hökumət bildirdi ki, işə açıq dinləmə keçirilmədən baxılmasına etiraz etmir və eyni zamanda ərizəçinin arqumentlərinə yazılı cavabını təqdim etməsinə imkan yaradılarsa bunu yüksək dəyərləndirər.
10. 4 noyabr 2014-cü ildə sədr açıq dinləməni ləğv etməyi, işin ilk müzakirəsini 26 noyabr 2014-cü ilə təyin etməyi və tərəfləri bir-birinin ilkin qeydlərinə cavab olaraq 17 dekabr 2014-cü ilədək əlavə yazılı qeydlərini təqdim etməyə dəvət etməyi qərara aldı. Ərizəçilərin nümayəndəsinə məlumat verildi ki, təyin olunmuş müddət ərzində hər hansı əlavə yazılı qeydlərini təqdim etməzsə, onun 27 oktyabr 2014-cü il tarixli faks göndərişinə əlavə etdiyi sənəd Böyük Palatadakı icraatda Hökumətin irəli sürdüyü arqumentlərə onun cavabı kimi qəbul ediləcək.
11. 2014-cü ilin noyabrında ərizəçilərin nümayəndəsi (cənab K. Stungis) vəfat etdi. Ərizəçilər cənab E. Losisi yeni nümayəndə təyin etdilər və o aydınlıq gətirdi ki, cənab K. Stungisin 27 oktyabr 2014-cü il tarixli faks göndərişinə əlavə etdiyi sənəd (yuxarıda 9-cu bəndə bax) Hökumətin arqumentlərinə ərizəçilərin cavabı kimi qəbul edilməlidir. Müvafiq olaraq, bu barədə Hökumətə məlumat verildi. O, 17 dekabr 2014-cü ildə yazılı qeydlərini təqdim etdi.
FAKTLAR
I. İŞİN HALLARI
12. Birinci ərizəçi cənab Arunas Kudreviçus (bundan sonra "A.K.") 1970-ci ildə anadan olub və Utenos rayonunun Vaytkunay kəndində yaşayır; ikinci ərizəçi cənab Bronyus Markauskas (bundan sonra "B.M.") 1960-cı ildə anadan olub və Klaypeda rayonunun Tryuşelyay kəndində yaşayır; üçüncü ərizəçi cənab Arturas Pilota (bundan sonra "A.P.") 1973-cü ildə anadan olub və Mariyampole rayonunun Ojkasvilyay kəndində yaşayır; dördüncü ərizəçi cənab Kestutis Milyauskas (bundan sonra "K.M.") 1959-cu ildə anadan olub və Mariyampole rayonunun Yungenay kəndində yaşayır; beşinci ərizəçi cənab Virginiyus Mikolaytis (bundan sonra "V.M.") 1961-ci ildə anadan olub və Vilkavişkis rayonunun Varakişke kəndində yaşayır.
A. Fermerlərin nümayişləri
13. 15 aprel 2003-cü ildə bir qrup fermer müxtəlif kənd təsərrüfatı məhsullarının topdansatış qiymətlərindəki enişlə və məhsulları üçün subsidiyaların çatışmazlığı ilə əlaqədar kənd təsərrüfatı sektorundakı vəziyyətə etiraz etmək üçün Seymin (Litva parlamentinin) binası qarşısında nümayiş keçirərək dövlətin tədbir görməsini tələb etdilər. 22 aprel 2013-cü ildə parlament kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsini və subsidiyaların artırılmasını nəzərdə tutan qərar qəbul etdi. Ərizəçilərin sözlərinə görə, bu qərar hökumət tərəfindən icra edilmədi.
14. Fermerlərin maraqlarını təmsil etmək üçün təsis edilmiş təşkilat olan Kənd Təsərrüfatı Palatası (Žemės ūkio rūmai) 16 may 2003-cü ildə problemlərin mümkün həlli yollarının müzakirəsi üçün toplaşdı. Hüquqi tənzimləmə sahəsində hər hansı müsbət dəyişikliklər olmayacağı təqdirdə görülməsi nəzərdə tutulan tədbirlər sırasına inzibati məhkəmələrə şikayətlər vermək daxil idi. Bu arada qərara alındı ki, diqqəti kənd təsərrüfatı sektorundakı problemlərə cəlb etmək üçün əsas magistral yollara yaxın (prie magistralinių kelių) olan üç məkanda etiraz aksiyaları təşkil edilsin.
15. 2003-cü ilin mayında Kalvariya bələdiyyəsi Kalvariya şəhərində "bazarın yaxınlığında" 13-16 may 2003-cü ildə saat 8-dən 23-dək, 17 may 2003-cü ildə saat 8-dən 15-dək və 19-20 may 2003-cü ildə saat 8-dən 23-dək dinc toplantılar keçirilməsinə icazə verdi. Təşkilatçılara İnzibati Xətalar Məcəlləsinə, habelə Cinayət Məcəlləsinə, o cümlədən sonuncunun 283-cü maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilmələrinin mümkünlüyü barədə xəbərdarlıq edildi (aşağıda 62-ci bəndə bax). Hökumətin bildirdiyinə görə, analoji xəbərdarlıqlarla müşayiət olunan analoji icazələr 21-23, 24 və 26-30 may 2003-cü il tarixləri üçün də verilmişdi.
16. 8 may 2003-cü ildə Pasvalis bələdiyyəsi "Baltik şosesinin altmış üç kilometrliyində və şose yolunun yaxınlığında yerləşən maşın parkında" nümayiş keçirilməsi üçün icazə verdi. Həmçinin fermerlərə 2003-cü il mayın 15-dən 25-dək on gün ərzində kənd təsərrüfatı texnikalarını nümayiş etdirmək icazəsi verildi. 12 may 2003-cü ildə toplantının təşkilatçılarına İnzibati Xətalar Məcəlləsinə, habelə Cinayət Məcəlləsinə, o cümlədən sonuncunun 283-cü maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilmələrinin mümkünlüyü barədə məlumat verildi.
17. 19 may 2003-cü ildə Klaypeda bələdiyyəsi "Vilnüs-Klaypeda şose yoluna iyirmi beş metrdən yaxın olmamaqla Divupyay kəndinin yaxınlığındakı ərazidə" 19-25 may 2003-cü ildə saat 11-dən 23-dək toplantı keçirilməsinə icazə verdi. İcazədə göstərilmişdi ki, dinc toplantı təşkil etmək hüququ, digər sənədlərlə yanaşı, Konstitusiyada və "Toplaşmaq haqqında" qanunda təsbit olunmuş müddəalara uyğun olaraq verilir. Orada həmçinin göstərilmişdi ki, təşkilatçılar və iştirakçılar qanunlara riayət etməli və hakimiyyət orqanları və polis tərəfindən verilən istənilən göstərişlərə tabe olmalıdırlar; buna əməl etməmələri onların inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmalarına səbəb ola bilər. Toplantının təşkilatçılarından biri kimi göstərilmiş ikinci ərizəçi B.M. icazənin ona təqdim edildiyi barədə sənədi imzaladı.
18. Klaypeda polisi nümayişçilərin icazələrdə müəyyən edilmiş məhdudiyyətlərdən kənara çıxmaq niyyətlərinin ola biləcəyi barədə məlumat aldı. Buna görə də B.M.-ə zəng vuruldu və nümayişlər zamanı qanunsuz hərəkətlərin qarşısını almaq üçün onunla görüş təşkil edildi.
19. Nümayişlər 19 may 2003-cü ildə başladı. Fermerlər təyin olunmuş ərazilərdə toplaşdılar.
20. 21 may 2003-cü ildə fermerlər Dirvupyay kəndi yaxınlığında, Vilnüs-Klaypeda şosesində, Panevejis-Pasvalis-Riqa şose yolunun altmış üç kilometrliyində və Kaunas-Mariyampole-Suvalkay şose yolunun doxsan dörd kilometrliyində yerləşən yolları bağladılar və orada nümayiş keçirməkdə davam etdilər.
21. Hökumət vurğuladı ki, polis nümayişçilərin ölkənin üç əsas yolunu bağlamaq niyyətində olduqları barədə hər hansı ilkin rəsmi xəbərdarlıq almamışdı. Hökumət nümayişlər zamanı fermerlərin və nümayişçilərin davranışını aşağıdakı kimi təsvir etdi:
a) 21 may 2013-cü ildə günorta saat 12 radələrində təxminən 500 nəfərlik qrup Vilnüs-Klaypeda şose yoluna doğru hərəkət etdi və orada dayanaraq nəqliyyatın hərəkətini dayandırdı.
b) 21 may 2013-cü ildə günorta saat 12 radələrində təxminən 250 nəfərlik qrup Panevejis-Pasvalis-Riqa şose yoluna doğru hərəkət etdi və orada dayanaraq nəqliyyatın hərəkətini dayandırdı. Bu bloklama 23 may 2003-cü il günorta saat 12-dək davam etdi. Birinci ərizəçi nümayişçiləri maşın parkından şose yoluna doğru hərəkət etməyə təhrik etdi.
c) 21 may 2013-cü ildə saat 11.50-də 1.500 nəfərlik qrup Kaunas-Mariyampole-Suvalkay şose yoluna doğru hərəkət etdi və orada dayanaraq nəqliyyatın hərəkətini dayandırdı. Bundan əlavə, həmin gün saat 15 ilə 16.30 arasında üçüncü, dördüncü və beşinci ərizəçilər traktorları şose yoluna sürdülər və orada saxladılar. Bu bloklama 22 may 2003-cü il saat 16-dək davam etdi.
22. 22 may 2003-cü ildə fermerlər hökumətlə danışıqları davam etdirdilər. Danışıqlar uğurla nəticələndikdən sonra ertəsi gün fermerlər yolların blokadasını dayandırdılar.
B. Nümayişlərin nəticələri
23. Nəqliyyatın hərəkətinin dayandırılmasının miqyası və müddəti məsələsində tərəflər arasında fikir ayrılığı var.
24. Ərizəçilərin sözlərinə görə (aşağıda 121-ci bəndə bax), yolların bloklanmasının baş verə biləcəyindən xəbərdar olan polis nümayişlərin keçiriləcəyi yerlərin yaxınlığında alternativ hərəkət marşrutları hazırlamışdı ki, yolların bloklanması malların axınını dayandırmasın. Həqiqətən sözügedən günlərdə malların axını "hətta adi günlərdəkindən daha yaxşı" idi. "Yolların bloklanmasının baş verdiyi yerlərdəki postlardan alınan məlumatlar" da bunu təsdiqləyə bilərdi.
25. Ərizəçilərin vəkilinə ünvanladığı 24 avqust 2004-cü il tarixli məktubda Dövlət Sərhəd Mühafizəsi Xidməti qeyd etdi ki, Litva ilə Polşa arasındakı Kalvariya sərhəd-keçid məntəqəsi yaxınlığında mayın 21-dən 23-dək hər iki istiqamətdə yük maşınlarının (iki kilometrdən on kilometrədək) bir neçə növbəsi yaranıb. Həmin məktubda deyilənlərə əsasən, "sərnişin avtomobillərinin heç bir növbəsi yaranmamışdı". Bundan əlavə, Lazdiyay dövlət sərhədi postunda (Litva-Polşa sərhədindəki başqa bir post) heç bir növbə yaranmamışdı.
26. Hökumət öncə qeyd etdi ki, Vilnüs-Klaypeda şose yolu ölkənin üç iri şəhərini birləşdirən əsas magistral yol idi, Panevejis-Pasvalis-Riqa şose yolu (o həm də Baltik şosesi adı ilə tanınır) və Kaunas-Mariyampole-Suvalkay şose yolu isə ölkəyə daxil olmaq və ölkəni tərk etmək üçün istifadə edilən tranzit şose yolları idi. Hökumətin bildirdiyinə görə, hər üç yol gömrük postlarının yaxınlığında təxminən 48 saat ərzində bloklanmışdı.
27. Hökumət konkret olaraq iddia etdi ki, Kaunas-Mariyampole-Suvalkay şose yolunun bloklanması və buna görə də nəqliyyatın sərhəd-nəzarət məntəqəsindən keçməsinə əngəl yaradılması səbəbindən Litva və Polşada Kalvariya sərhəd-keçid məntəqəsində ağır yük maşınlarının və minik avtomobillərinin növbələri əmələ gəlmişdi. Ağır yük maşınları nəqliyyat tıxaclarından qurtulmaq üçün başqa marşrutlarla getmək məcburiyyətində qalmışdılar. Kalvariya gömrük postunun işi pozulduğuna görə Kaunas ərazi gömrük orqanının üzərinə öz kadrlarını səfərbər etmək və fəaliyyətlərini Dövlət Sərhəd Xidməti və Polşa gömrük orqanları ilə əlaqəli şəkildə yenidən təşkil etməyə hazırlaşmaq vəzifəsi qoyulmuşdu. Nəticədə Kaunas ərazi gömrük orqanı əlavə xərclərə məruz qalmışdı; lakin maddi ziyanın konkret məbləği hesablanmamışdı.
28. Kalvariya polisinin hesabatına əsasən, 22 may 2003-cü ildə yol bloklanmışdı. Polşadan Litvaya qayıdan yük maşınları polislər tərəfindən Kalvariya sərhəd-keçid məntəqəsindəki maşın parkına istiqamətləndirilirdi. Saat 11.40 radələrində yük maşınlarının sürücüləri fermerlərə yaxınlaşdılar. Onlar fermerləri fiziki güc tətbiq edəcəkləri ilə hədələyərək yolların bloklanmasına son qoymalarını tələb etdilər. Polis münaqişə tərəflərini sakitləşməyə və fermerlərlə baş nazir arasındakı danışıqların nəticələrini gözləməyə çağırdı. Hökumətin bildirdiyinə görə, fermerlər və yük maşınlarının sürücüləri arasında kiçik mübahisələr oldu, amma daha ciddi qarşıdurmalara yol verilmədi. Saat 16.15 radələrində fermerlər danışıqların müsbət nəticəsi barədə telefonla məlumat aldılar və bir traktoru yoldan kənara sürdülər. Bundan sonra hər iki istiqamətdə nəqliyyatın hərəkəti bərpa olundu.
29. Hökumət həmçinin qeyd etdi ki, 22 may 2003-cü ildə saat 14-dən 16-dək Vilnüs-Riqa şose yolunun bloklanması səbəbindən ağır yük maşınları sərhədi keçə bilməyiblər və hər iki istiqamətdə nəqliyyatın, müvafiq olaraq, 1.600 və 700 metrlik növbələri yaranıb. Minik avtomobilləri çınqıllı yollarla hərəkət etməli olublar.
30. 1 sentyabr 2003-cü ildə Pasvalis polisi arayış tərtib edərək bildirdi ki, 19-23 may 2003-cü ildə fermerlər Panevejis-Pasvalis-Riqa şose yolunun altmış üçüncü kilometrliyində maşın parkında nümayiş keçiriblər. 21 may 2003-cü ildə günorta radələrində fermerlər şoseyə çıxıblar və nəqliyyatın hərəkətini dayandırıblar. Onlar yalnız sərnişin nəqliyyatının və təhlükəli maddələri daşıyan nəqliyyat vasitələrinin keçməsinə icazə veriblər. Malları daşıyan nəqliyyat vasitələrinə və minik avtomobillərinə gəlincə, yolun hər iki tərəfində hər bir saatdan bir on nəqliyyat vasitəsinin keçməsinə icazə verilib. Vəziyyəti yaxşılaşdırmaq üçün polislər nəqliyyatın blokadadan yan keçərək qonşu kəndlərlə hərəkət etməsinə imkan yaratmağa çalışıblar. Lakin həmin qonşu kəndlərdəki yolların pis vəziyyətdə olması səbəbindən malları daşıyan yük avtomobillərinin heç də hamısı həmin yollarla hərəkət edə bilməyiblər və fermerlər keçməyə icazə verənə qədər şose yolunda qalmalı olublar. Bəzi yük maşınları torpağa batıb qalıblar və onları dartıb çıxarmaq üçün xüsusi maşınların gətirilməsi lazım gəlib. Polislər bildirdilər ki, fermerlər 23 may 2003-cü ildə saat 16-da şosenin blokadasını götürüblər.
31. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, 2003-cü ilin mayında və sentyabrında dörd logistika şirkəti polisə və Litva Milli Daşıyıcılar Assosiasiyası "Linava"ya məlumat vermişdi ki, fermerlərin nümayişləri zamanı yolların bloklanması nəticəsində 25.245 Litva liti (LTL – təxminən 7.300 avro) məbləğində maddi ziyana məruz qalıblar. Şirkətlər bildirmişdilər ki, bu ziyanla bağlı məhkəmədə iddia qaldıracaqlar.
32. Hökumət iddia etdi ki, son nəticədə maddi ziyanla bağlı bir iddia qaldırıldığına baxmayaraq (aşağıda 40-cı bəndə bax), nəqliyyatın işinin dayanması ucbatından birdən artıq daşıyıcı şirkət maddi ziyana məruz qalmışdı. "Linava"nın bildirdiyinə görə, "Vilnüs Dobilas" şirkəti 6.100 LTL (təxminən 1.760 avro) məbləğində, "Rokauta" şirkəti 4.880 LTL (təxminən 1.400 avro) məbləğində və "İmmensum" şirkəti 3.600 LTL (təxminən 1.050 avro) məbləğində ziyana məruz qalmışdı. Bundan başqa, 26 may 2003-cü il tarixli məktubda "Ridma" şirkəti qeyd etmişdi ki, yolların bloklanması ucbatından məruz qaldığı itki 10.655 LTL (təxminən 3.000 avro) təşkil edib.
C. Ərizəçilərə qarşı cinayət prosesi
1. Məhkəməyəqədər araşdırmalar və birinci instansiya məhkəməsi qismində Kaunas şəhərinin rayon məhkəməsində aparılmış məhkəmə araşdırması
33. İğtişaşa səbəb olma şübhəsi əsasında ərizəçilərə və bir neçə başqa şəxslərə qarşı məhkəməyəqədər araşdırmalara başlanıldı. 2003-cü ilin iyulunda B.M., V.M., A.P. və K.M. barəsində qərar çıxarıldı ki, yaşadıqları ərazini tərk etməsinlər. 2003-cü ilin oktyabrında bu tədbir ləğv olundu.
34. 1 oktyabr 2003-cü ildə polis fermer A.D.-yə 40 LTL (təxminən 12 avro) məbləğində cərimə təyin etdi. Ərizəçilərin sözlərinə görə, polisin cəriməyə dair protokolunda göstərilmişdi ki, 21 may 2003-cü ildə fermer A.D. fermerləri Kalvariya bələdiyyəsi ərazisindəki Kaunas-Mariyampole-Suvalkay şose yolunu bağlamağa aparıb; yolun ortası ilə hərəkət edərək arabanı qarşısına çəkib və yolda qoyub və beləliklə nəqliyyatın hərəkətinə mane olub. Bu hərəkətləri ilə A.D. "Yol hərəkəti qaydaları"nın 81-ci bəndini (aşağıda 67-ci bəndə bax) pozub olub və beləliklə İnzibati Xətalar Məcəlləsinin 131-ci maddəsində (aşağıda 66-cı bəndə bax) nəzərdə tutulmuş inzibati xətanı törətmiş olub.
35. Hökumət qeyd etdi ki, 1 avqust 2003-cü ildə A.D.-yə qarşı cinayət prosesinə xitam verilib, çünki o, ictimai qaydanın ciddi pozuntusuna səbəb olmuş toplantının nə təşkilatçısı, nə də təhrikçisi idi; hesab edildi ki, onun hərəkəti (yolun ortası ilə hərəkət edərək arabanı qarşısına çəkmək) Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndinin tətbiq dairəsinə düşmür. Hökumət daha sonra qeyd etdi ki, analoji əsaslara görə üç digər şəxs barəsində də cinayət prosesinə xitam verilib. Dördüncü şəxs barəsində cinayət təqibinə isə onun parlament üzvü qismində immunitetə malik olması səbəbindən xitam verilib.
36. 4 dekabr 2003-cü ildə ittiham aktları məhkəmələrə göndərildi. B.M. və A.K. Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş iğtişaşlara təhrik etmə əməlində ittiham olundular.
37. Prokuror qeyd etdi ki, B.M. fermerlərin 16 may 2003-cü il tarixli toplantısında iştirak etmişdi, həmin toplantıda fermerlər qərara almışdılar ki, mayın 19-da əsas şose yollarının yaxınlığında nümayişlər keçirsinlər və əgər hökumət onların tələblərini mayın 21-i saat 11-dək yerinə yetirməsə, həmin şose yollarını bağlasınlar. Mayın 19-da B.M. fermerlərə demişdi ki, mayın 21-də yolları bağlasınlar. Nəticədə həmin gün saat 12.09-da 500-ə yaxın fermer Vilnüs-Klaypeda şose yoluna gəlmişdilər. Fermerlər yolda dayanmamaq barədə polisin tələblərinə tabe olmaqdan imtina etmişdilər. Nəticədə mayın 23-cü saat 13-dək nəqliyyatın yolu bağlanmışdı. Yaxınlıqdakı yollarda nəqliyyat tıxacları yaranmış və rayonda yol hərəkəti mümkünsüz hala gəlmişdi.
38. A.K.-ya gəlincə, prokuror iddia etdi ki, o da fermerləri şose yolunu bağlamağa təhrik etmişdi. Nəticədə 21 may 2003-cü ildə günorta təxminən 250 nəfər Panevejis-Pasvalis-Riqa şose yoluna gəlmiş, yolu bağlamamaq barədə polisin tələblərinə tabe olmaqdan imtina etmişdilər. Yol mayın 23-ü saat 10.58-dək bağlı qalmışdı. Yaxınlıqdakı yollarda tıxaclar əmələ gəlmişdi. Saloçyay-Qrenktale sərhəd-nəzarət postunun normal fəaliyyəti pozulmuşdu.
39. V.M., K.M. və A.P. Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndinə əsasən iğtişaş zamanı ictimai qaydanı ciddi şəkildə pozmaqda ittiham olundular. Prokuror iddia etdi ki, 21 may 2003-cü ildə saat 11.50 radələrində təxminən 1.500 nəfər Kaunas-Mariyampole-Suvalkay şosesinin doxsan dörd kilometrliyində yola çıxmışdılar. Təxminən saat 15 ilə 16 arasında yuxarıda adı çəkilən ərizəçilər üç traktorla şose yoluna çıxmış və traktorları yolun hərəkət hissəsində qoymuşdular. Bu üç ərizəçi ictimai qaydanı pozmamaq və traktorları yolda qoymamaq barədə polisin göstərişlərinə əməl etməkdən imtina etmişdilər. Traktorlar 23 may 2003-cü il saat 16.15-dək yolda qalmışdı. Nəticədə şosenin səksən dördüncü kilometrindən doxsan dördüncü kilometrinədək yol bağlanmışdı. Yaxınlıdakı yollarda nəqliyyat axınının artması ucbatından tıxac əmələ gəlmiş və rayonda yol hərəkəti dayanmışdı. Kalvariya və Mariyampole sərhəd-nəzarət postlarının işi pozulmuşdu.
40. Cinayət prosesi çərçivəsində logistika şirkəti fermerləri Panevejis-Pasvalis-Riqa şose yolunu bağlamağa təhrik etmiş şəxs qismində A.K.-ya qarşı mülki iddia qaldıraraq həmin yolun bağlanması ucbatından məruz qaldığını iddia etdiyi itkiyə görə 1.100 LTL (təxminən 290 avro) məbləğində kompensasiya tələb etdi.
41. Kaunas şəhərinin rayon məhkəməsində bir neçə dinləmə keçirildi və bu dinləmələrdə bir sıra şahidlər ifadə verdilər.
42. 20 sentyabr 2004-cü ildə Kaunas şəhərinin rayon məhkəməsi Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndinə əsasən ərizəçiləri iğtişaşlara təhrikçilikdə və iğtişaşlarda iştirak etməkdə təqsirkar hesab etdi.
43. B.M.-i məhkum edərkən rayon məhkəməsi hadisələrin videoyazılarına, yazılı sübutlara və bir şahidin ifadəsinə əsaslandı. Məhkəmə bu nəticəyə gəldi ki, B.M. ictimai qaydanı ciddi şəkildə pozmaq, yəni iğtişaş törətmək məqsədi ilə toplantı təşkil edib. B.M. fermerlərin 16 may 2003-cü ildə keçirilmiş toplantısının rəhbərlərindən biri idi, həmin toplantıda fermerlər əsas şose yollarının yaxınlığında etiraz aksiyaları təşkil etməklə məqsədlərinə nail olmağa cəhd etməyi qərara almışdılar. Rayon məhkəməsi qeyd etdi ki, ikinci ərizəçi fermerlərin hərəkətlərini koordinasiya etmiş və nəticədə 21 may 2003-cü ildə təxminən 500 nəfər Vilnüs-Klaypeda şose yoluna gəlmiş və onu bağlamışdılar. Bunun nəticəsində nəqliyyatın hərəkəti 2003-cü il mayın 23-dək bloklanmışdı. Bundan irəli gələn ictimai qaydanın ciddi pozuntusu bilərəkdən törədilmiş və iğtişaş kimi xarakterizə olunmuşdu. Rayon məhkəməsi B.M.-in bu iddiasını rədd etdi ki, o və digər fermerlər zərurətdən irəli gələrək bu cür hərəkət ediblər, çünki yolun bağlanması hökumətin diqqətini onların problemlərinə cəlb etmək üçün son imkan idi. Fermerlərin alternativ variantı vardı, yəni onlar inzibati məhkəmələrə şikayət verə bilərdilər. Fermerlər özləri 16 may 2003-cü il toplantısında bu alternativin olduğunu qeyd etmişdilər (yuxarıda 14-cü bəndə bax). Rayon məhkəməsi daha sonra qeyd etdi ki, hərəkətləri ilə təhlükəli vəziyyət yaratmış şəxs yalnız o halda zəruri müdafiə arqumentinə əsaslana bilərdi ki, təhlükəli situasiya ehtiyatsızlıqdan yaranmış olsun (Cinayət Məcəlləsinin 31-ci maddəsinin 2-ci bəndi – aşağıda 65-ci bəndə bax). Lakin B.M.-in hərəkətləri bilərəkdən törədilmişdi və buna görə də onun iğtişaş təşkil etməkdə təqsirkar hesab edilməsi doğru qərar idi.
44. Rayon məhkəməsi əsasən videoyazıların və yazılı sübutların əsasında bunu sübuta yetirilmiş hesab etdi ki, A.K. da toplantını ictimai qaydanı ciddi şəkildə pozmaq məqsədi ilə təşkil etmişdi. O, 16 may 2003-cü il toplantısında iştirak etmişdi və yollara yaxın yerlərdə etiraz aksiyaları keçirmək barədə qərardan xəbərdar idi. Fermerlər dəstəsi 21 may 2003-cü ildə Panevejis-Pasvalis-Riqa şose yolunu bağlayarkən ictimai qayda ciddi şəkildə pozulmuşdu. Yolun həmin hissəsində nəqliyyatın hərəkəti dayanmışdı ki, bu da sürücülərə və malları daşıyanlara narahatlıqlar yaratmışdı. Rayon məhkəməsi qərarında bildirdi ki, "21 və 22 may blokadası zamanı A.K. kütlənin hərəkətlərini koordinasiya edir, yəni bəzi nəqliyyat vasitələrinin keçib getməsi barədə göstərişlər verir, [fermerləri] şose yolunda qalmağa və oradan çıxmamağa təhrik edir, Kalvariya bələdiyyəsinin ərazisindəki və Klaypeda rayonundakı etirazların iştirakçıları ilə əlaqə saxlayır [və] mobil telefon vasitəsilə fermerlərin adından hakimiyyət orqanları ilə danışıqlar aparırdı". Rayon məhkəməsi vurğuladı ki, toplaşmış fermerlər (təxminən 250 nəfər) "A.K.-nın hərəkətlərinə tabe olur və göstərişlərinə əməl edirdilər". Rayon məhkəməsinin fikrincə, A.K.-nın hərəkətləri Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndinə əsasən iğtişaş təşkil etmək kimi xarakterizə olunurdu.
45. "Linava"nın təqdim etdiyi yazılı sübutun əsasında rayon məhkəməsi həmçinin bu qənaətə gəldi ki, Panevejis-Pasvalis-Riqa şose yolunda blokadanı təşkil etməklə A.K. üç daşıyıcı şirkətə maddi ziyan dəyməsinə səbəb olub. Şirkətlərdən biri 1.100 LTL (təxminən 290 avro) məbləğində mülki iddia qaldırdığına görə (yuxarıda 40-cı bəndə bax) rayon məhkəməsi həmin iddianı təmin etməyi qərara aldı.
46. Yazılı sübutların, audiovizual materialın və iki şahidin ifadəsinin əsasında rayon məhkəməsi V.M., K.M. və A.P.-ni iğtişaş zamanı ictimai qaydanın ciddi şəkildə pozulmasına səbəb olmaqda təqsirkar hesab edərək müəyyən etdi ki, 21 may 2003-cü ildə saat 11.50 ilə 16.15 arasında onların hər üçü traktorları Panevejis-Pasvalis-Riqa şosesinin doxsan dördüncü kilometrliyində yola sürmüşdülər. Onlar ictimai qaydanı pozmamaq və traktorları yolda saxlamamaq (ant važiuojamosios kelio dalies) barədə polisin qanuni əmrlərinə tabe olmaqdan imtina etmiş və 22 may 2003-cü il saat 16.15-dək traktorları orada saxlamışdılar. Nəticədə təxminən 150 nəfərin yola toplaşması səbəbindən Kaunas-Mariyampole-Suvalkay şose yolunun səksən dördüncü kilometrindən doxsan dördüncü kilometrinədək nəqliyyatın hərəkəti dayanmış, yolda tıxaclar əmələ gəlmiş və Kalvariya və Lazdiyay sərhəd-nəzarət məntəqələrinin normal işi pozulmuşdu.
47. Beş ərizəçinin hər birinə altmış günlük həbs cəzası (baudžiamasis areštas) verildi. Rayon məhkəməsi həmçinin qeyd etdi ki, ərizəçilərin hamısının müsbət xasiyyətnamələri var və onların təqsirlərini ağırlaşdıran heç bir hal yoxdur. Müvafiq olaraq, onları azadlıqdan faktiki məhrum etməklə cəzanın məqsədinə nail olunacağını düşünmək üçün heç bir əsas yoxdur. Buna görə də rayon məhkəməsi onların cəzasının icrasını bir il müddətinə təxirə saldı. Ərizəçilərə göstəriş verildi ki, hakimiyyət orqanlarının ilkin razılığı olmadan yaşadıqları ərazini yeddi gündən artıq müddətə tərk etməsinlər. Bu tədbir bir il ərzində, yəni cəzanın təxirə salındığı müddət ərzində davam etməli idi.
48. Həmçinin rayon məhkəməsi iğtişaşların təşkilində ittiham olunmuş iki digər şəxsə sübutların olmaması səbəbindən bəraət verdi.
2. Kaunas regional məhkəməsində apellyasiya icraatı
49. 18 oktyabr 2004-cü ildə ərizəçilər Kaunas regional məhkəməsinə apellyasiya şikayəti verdilər. Onlar digər məsələlərlə yanaşı qeyd etdilər ki, digər bir fermer – A.D. eyni pozuntuya görə inzibati hüquq əsasında cəzalandırılıb (yuxarıda 34-35-ci bəndlərə bax).
50. Ərizəçilər daha sonra iddia etdilər ki, Avropa İttifaqına (bundan sonra "Aİ") üzv olan dövlətlərdə yolların bloklanması nümayiş forması kimi qəbul edilib və nümayiş keçirmək hüququ Konvensiyanın 10-cu və 11-ci maddələri ilə təmin edilib. Onlar digər sənədlərlə yanaşı Aİ Şurasının 7 dekabr 1998-ci il tarixli 2679/98 saylı qərarına (aşağıda 77-ci bəndə bax) və həmin qərarın tətbiqinə dair Avropa Komissiyasının 22 mart 2001-ci il tarixli məruzəsinə (COM (2001)160), habelə Oygen Şmidberger və başqaları Avstriyaya qarşı (Eugen Schmidberger, Internationale Transporte and Planzüge v. Austria) iş üzrə Avropa İttifaqı Məhkəməsinin (bundan sonra "AİM") qərarına istinad etdilər (aşağıda 74-76-cı bəndlərə bax).
51. 14 yanvar 2005-ci ildə Kaunas regional məhkəməsi bu qənaətə gəldi ki, rayon məhkəməsi işin bütün hallarını hərtərəfli və qərəzsiz şəkildə qiymətləndirib. Apellyasiya instansiyası məhkəməsi qeyd etdi ki, iğtişaş törətmə cinayəti ictimai qaydaya, cəmiyyətin təhlükəsizliyinə, insanların salamlığına, ləyaqətinə və əmlakın salamatlığına qarşı təhlükə yaradır. Bu cinayətin obyektiv tərəfi (məhz ictimai qaydanı pozmaq üçün) insanların toplantısını təşkil etməkdən və onların qərarını həyata keçirməkdən ibarətdir, indiki halda bu qərar yolların bloklanmasını təşkil etməkdən ibarət idi. Bu hərəkətlərin cinayət əməli təşkil etməsi üçün onlar həm də bilərəkdən törədilməlidir, yəni ittiham olunan şəxslər dərk etməlidirlər ki, davranışları qanunsuzdur. B.M. və A.K. ilə əlaqədar olaraq regional məhkəmə qeyd etdi ki, nümayişlər zamanı bu iki ərizəçi digər şəxslərə deyiblər ki, yolların bloklanması barədə qərar çıxarılıb. Müəyyən edildi ki, B.M. və A.K. yolların bloklanmasının qanunsuz olduğunu dərk edirdilər və onlara təşkilatçı qismində məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilmişdi. Bununla belə, onlar fermerlərin hərəkətlərini koordinasiya etməkdə davam etmiş və fermerlərin yolları bağlı saxlamaqda davam etməsində israr etmişdilər. B.M. və A.K.-nın hərəkətlərinin birbaşa nəticəsi olaraq 21 may 2003-cü ildə kütlə şose yollarına çıxmış, onları bağlamış və bununla da nəqliyyatın hərəkətini dayandırmış və digər şəxslərin sərbəst və məhdudiyyətsiz hərəkət etmək kimi konstitusion hüquq və azadlıqlarını pozmuş, malların daşıyıcılarına ziyan vurmuş və beləliklə ictimai qaydanı ciddi şəkildə pozmuşdular.
52. Regional məhkəmə V.M., K.M. və A.P.-nin məhkum edilməsinin əsaslılığı məsələsində rayon məhkəməsinin qənaətini paylaşdı. O qeyd etdi ki, traktorları şose yoluna sürməklə və beləliklə nəqliyyat tıxacının yaranmasına səbəb olmaqla, habelə dövlət sərhəd nəzarəti xidmətinin işini pozmaqla və traktorları yolda saxlamamaq barədə polisin qanuni tələblərinə tabe olmaqdan imtina etməklə bu üç ərizəçi ictimai qaydanı ciddi şəkildə pozmuşdular. Şose yolu bağlandıqdan sonra polisin və sürücülərin fermerlərlə danışıqlar aparması nəticəsində bəzi sürücülərin keçib getməsinə imkan verilməsi bu hüquq pozuntusunun təhlükəlilik və ya qanunsuzluq dərəcəsini azaltmırdı. Regional məhkəmə həmçinin vurğuladı ki, əsas şose yolunun bloklanması təhlükəli nəticələrə səbəb olmuşdu və yol hərəkəti qaydalarının pozuntusu kimi adi inzibati hüquq pozuntusu sayıla bilməzdi. Törətdikləri hüququ pozuntusunun digər fermer A.D.-nin törətdiyi hüquq pozuntusu ilə eyni olduğuna və ona sadəcə yol hərəkəti qaydalarını pozmağa görə inzibati sanksiya tətbiq edildiyinə dair ərizəçilərin arqumentinə gəlincə (yuxarıda 49-cu bəndə bax), regional məhkəmə qeyd etdi ki, o, inzibati məhkəmə deyil və buna görə də inzibati xətaya dair şərh verə bilməz.
53. Regional məhkəmə Konvensiyanın 10-cu maddəsinə əsasən ərizəçilərin ifadə azadlığı hüququna malik olduqlarını bildirsə də, qeyd etdi ki, ictimai qaydanı qorumaq və cinayətin qarşısını almaq maraqlarından söhbət getdiyi hallarda bu hüquq məhdudiyyətsiz deyil. İfadə azadlığına analoji məhdudiyyətlər Litva Konstitusiyasının 25-ci maddəsində sadalanır (aşağıda 61-ci bəndə bax). Bu məsələ ilə bağlı regional məhkəmə vurğuladı ki, B.M. və A.K.-nın etirazda iştirak edən digər şəxslərin hərəkətlərini istiqamətləndirən davranışları onların cəzaya məruz qalmadan fikirlərini ifadə etmək forması hesab oluna bilməzdi, çünki onlar ictimai qaydanı pozmuşdular və beləliklə onların hərəkəti cinayət məsuliyyətinə səbəb olmuşdu.
54. Regional məhkəmə daha sonra qeyd etdi ki, sadəcə hökumətin topdansatış qiymətlərini qaldırmaqdan imtina etməsi və ya iddia edildiyi kimi zəruri tədbirlər görməməsi cinayət əməlini onun ictimai təhlükəlilik elementindən məhrum etmir.
3. Hüquqi məsələlərlə əlaqədar Ali Məhkəmədə apellyasiya icraatı
55. 2 mart 2005-ci ildə ərizəçilər hüquqi məsələlərlə əlaqədar apellyasiya şikayəti verdilər.
56. 4 oktyabr 2005-ci ildə yeddi hakimdən ibarət geniş tərkibli kollegiyadan təşkil olunmuş Ali Məhkəmə (aşağıda 70-ci bəndə bax) apellyasiya şikayətini rədd etdi. Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş iğtişaş törətmə cinayətinin (aşağıda 62-ci bəndə bax) mahiyyətinin izahını verərkən Ali Məhkəmə onun ictimai qayda əleyhinə cinayət kimi təsnifləşdirildiyini qeyd etdi, bu, həmin cinayətin obyektiv tərəfi (nusikaltimo objektas) idi. Yuxarıda qeyd edilən bənddə bu cinayətin əhatə etdiyi əməllərin təsviri verilmiş və orada aşağıdakı xüsusiyyətlər nəzərdə tutulmuşdu: ictimai zorakılığa səbəb olma məqsədi ilə toplantı təşkil etmə, əmlaka zərər yetirmə və ya digər formada ictimai qaydanı pozma, yaxud bu hərəkətləri toplantı zamanı törətmə. Ali Məhkəmənin rəyinə görə, iğtişaş elə bir situasiya kimi xarakterizə olunmalıdır ki, bu zaman bir yerə toplaşmış insanlar ictimai qaydanı bilərəkdən və ciddi şəkildə pozur, ictimai zorakılığa səbəb olur, yaxud əmlaka zərər yetirir. Cinayətin subyektiv tərəfi birbaşa qəsdin (kaltė pasireiškia tiesiogine tyčia) mövcudluğu idi. Belə ki, təqsirkar şəxs: 1) Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndində cinayət kimi sadalanan əməli törətdiyini dərk etməli və 2) bu hərəkəti bilərəkdən etməli idi.
57. Hazırkı işin hallarına gəlincə, Ali Məhkəmə müəyyən etdi ki, aşağı məhkəmələr ərizəçinin hərəkətlərini Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş əməl kimi xarakterizə etməkdə haqlı idilər. Xüsusən birinci instansiya məhkəməsi 283-cü maddənin 1-ci bəndinin tətbiqi üçün zəruri olan bütün şərtləri düzgün müəyyənləşdirmişdi, yəni hadisə kütlə tərəfindən törədilmiş, şose yollarının bağlanması, nəqliyyatın hərəkətinin bloklanması və dövlət sərhəd nəzarəti xidmətinin işinin pozulması vasitəsilə ictimai qayda pozulmuşdu. Ərizəçilər törətdikləri cinayətlərə görə həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun olaraq cəzalandırılmışdılar və onlar barəsində ittiham hökmləri Cinayət Məcəlləsinin normalarına uyğun olaraq təyin edilmişdi. Buradan belə nəticə çıxırdı ki, ərizəçilərin məhkum edilməsi qanunvericiliyə uyğun olaraq baş vermiş və bu zaman Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndi pozulmamışdı.
58. Ali Məhkəmə həmçinin bildirdi ki, ərizəçilər Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş təminatlarla qorunan hərəkətlərə, yəni fikirlərini ifadə etdiklərinə və ya ideyaları yaydıqlarına görə deyil, ictimai qaydanı ciddi şəkildə pozduqlarına görə məhkum edilmişdilər.
59. Nəhayət, Ali Məhkəmə regional məhkəmənin bu fikrini bölüşdü ki, ərizəçilərin hərəkətləri zəruri müdafiədən irəli gələn hərəkətlər hesab oluna bilməzdi (yuxarıda 54-cü bəndə bax). Südün alış qiymətlərində eniş və kənd təsərrüfatı üçün subsidiyalar ayrılmasında digər problemlər əmlaka qarşı açıq-aydın və ya real təhlükə yaratmırdı, çünki sözügedən əmlak hələ maddiləşməmişdi. Dövlət ərizəçiləri onların əmlakından məhrum etməmişdi, onların hökumətin kənd təsərrüfatı siyasətindən narazı qalmaları isə ərizəçilərin məhkum edilməsinə səbəb olmuş hərəkətlərinə haqq qazandırmırdı.
60. 17, 18, 20, 21 oktyabr və 7 noyabr 2005-ci il tarixli qərardadlarla Ali Məhkəmə ərizəçiləri icrası təxirə salınmış cəzalarını çəkməkdən azad etdi.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Konstitusiya
61. Konstitusiyanın 25 və 36-cı maddələrində deyilir:
Maddə 25
"[Fiziki şəxsin] öz rəyinə malik olmaq və onu sərbəst ifadə etmək hüququ var.
[Fiziki şəxsin] məlumat və ideyaları axtarmasına, əldə etməsinə və yaymasına maneə yaradılmamalıdır.
Öz rəyini ifadə etmək və məlumatları almaq [və] yaymaq azadlığına [fiziki şəxsin] sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi həyatının və mənəviyyatının müdafiəsi və ya konstitusiya quruluşunun qorunması üçün qanunla nəzərdə tutulanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
Öz rəyini ifadə etmək və məlumatları yaymaq azadlığı cinayət hərəkətləri, yəni milli, irqi, dini və ya sosial nifrətə, zorakılığa, ayrı-seçkiliyə təhrik, [yaxud] böhtan və dezinformasiya təşkil etməməlidir. ..."
Maddə 36
"Vətəndaşların silahsız dinc toplantılara yığışmasına qadağa qoyula və ya maneə yaradıla bilməz. Bu hüquqa dövlətin və ya cəmiyyətin təhlükəsizliyinin, ictimai qaydanın, əhalinin sağlamlığının və ya mənəviyyatının, yaxud digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün qanunla nəzərdə tutulanlardan və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz".
B. Cinayət Məcəlləsi
62. 25 oktyabr 2000-ci ildə rəsmi məlumat bülletenində (Valstybės žinios) Cinayət Məcəlləsi dərc olundu. O, 1 may 2003-cü ildə qüvvəyə mindi. 283-cü maddənin 1-ci bəndində ictimai qayda əleyhinə cinayətlər kateqoriyasına aid edilmiş iğtişaş törətməyə görə cinayət məsuliyyəti müəyyən edilir və aşağıdakılar nəzərdə tutulur:
Maddə 283. İğtişaş törətmə
"1. İctimai zorakılıq hərəkətləri törətmək, əmlaka ziyan vurmaq və ictimai qaydanı digər formada ciddi şəkildə pozmaq üçün insanların toplantısını təşkil edən və ya buna təhrik edən, yaxud iğtişaş zamanı zorakılıq hərəkətləri törədən, əmlaka ziyan vuran və ictimai qaydanı digər formada ciddi şəkildə pozan şəxs qısamüddətli həbsə cəzasına (baudžiamasis areštas) və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilir".
63. 75-ci maddənin 1 və 2-ci bəndlərində nəzərdə tutulur ki, şəxs qabaqcadan planlaşdırılmış bir və ya bir neçə az əhəmiyyətli və ya az ağır cinayət törətdiyinə görə üç ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilibsə, məhkəmə cəzanın icrasını bir ildən üç ilədək təxirə sala bilər. Cəzanın icrası o halda təxirə salına bilər ki, məhkəmə cəza müddəti faktiki olaraq çəkilmədən cəzanın məqsədinə nail olunacağını güman etmək üçün yetərincə əsas olduğunu qərara alsın. Cəzanın icrasını təxirə salarkən məhkəmə məhkum edilmiş şəxsin qabaqcadan cəzanın icrasına nəzarət edən orqanın razılığını almadan yaşadığı ərazini yeddi gündən artıq müddətə tərk etməməsi barədə göstəriş verə bilər.
64. 97-ci maddəyə uyğun olaraq, cinayət törətdiklərinə görə məhkum edilmiş və barələrindəki ittiham hökmü qüvvəyə minmiş şəxslər məhkumluğu olan şəxslər sayılır. Barəsindəki cəzanın icrası təxirə salınmış istənilən şəxs cəzanın icrasının təxirə salındığı müddət ərzində məhkumluğu olan şəxs hesab olunur.
65. 31-ci maddədə zərurilik konsepsiyasının (būtinasis reikalingumas) anlayışı verilir. Orada deyilir ki, şəxs onun özünü, digər şəxsləri və ya onların hüquqlarını, cəmiyyətin və ya dövlətin maraqlarını təhdid edən real təhlükənin qarşısını almağa cəhd edərkən törətdiyi hərəkətə görə cinayət məsuliyyətinə cəlb olunmur, bu şərtlə ki, həmin təhlükəni başqa vasitələrlə aradan qaldırmaq mümkün olmasın və dəymiş ziyanın həcmi onun qarşısını almağa çalışdığı ziyandan az olsun. Bununla belə, öz hərəkətləri ilə təhlükəli vəziyyət yaradan şəxs zəruri müdafiə arqumentini yalnız o halda əsas gətirə bilər ki, təhlükə vəziyyət ehtiyatsızlıqdan (dėl neatsargumo) yaranmış olun.
C. İnzibati Xətalar Məcəlləsi və "Yol hərəkəti qaydaları"
66. İnzibati Xətalar Məcəlləsinin 1241-ci maddəsinin həmin dövrdə qüvvədə olan mətnində sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulurdu. Həmin maddədə deyilirdi ki, şose yollarında maşını dayandırmaq və parklamaq üsuluna və müddətinə dair qaydaların sürücü tərəfindən pozulması 100 LİT-dən 150 LİT-dək (təxminən 30-45 avro) məbləğdə cərimə ilə cəzalandırılır. Məcəllənin 131-ci maddəsində piyadaların yol nişanlarına riayət etməməsinə və ya yolun hərəkət hissəsi ilə gəzməsinə görə inzibati məsuliyyət nəzərdə tutulurdu. Bu xəta 30-50 LTL (təxminən 8-15 avro) məbləğində cərimə ilə cəzalandırılırdı.
67. "Yol hərəkəti qaydaları"nda nəzərdə tutulur ki, piyadalar səki ilə hərəkət etməli və əgər səki yoxdursa yolun sağ tərəfi ilə bir cərgədə getməlidirlər ("Qaydalar"ın 81-ci bəndi).
D. "Toplaşmaq haqqında" qanun
68. "Toplaşmaq haqqında" qanunun bu işə aidiyyəti olan hissəsində aşağıdakılar nəzərdə tutulur:
Maddə 8. Qadağan olunan toplantılar
"Toplantılar aşağıdakı hallarda qadağan olunur:
...
2) iştirakçılar nəqliyyat vasitələrini yol hərəkəti təhlükəsizliyinə təhlükə yaradan üsulla, toplantı iştirakçılarının təhlükəsizliyini və sağlamlığını təhlükə altında qoyan tərzdə və ya ictimai qaydanı və asayişi pozan şəkildə sürdükdə;
..."
Maddə 17. Polisin təşəbbüsü ilə toplantıya son qoyulması
"Toplantının gedişində qanuna riayət edilməsini təmin etmək vəzifəsi daşıyan polis əməkdaşlarının təşəbbüsü ilə toplantıya o halda son qoyula bilər ki, açıq şəkildə xəbərdarlıq edildiyi zaman toplantının təşkilatçıları və ya iştirakçıları:
1) toplantının bu Qanunla müəyyən edilmiş təşkili qaydasını bilərəkdən və kobud şəkildə pozurlar...;
2) toplantı üçün yaradılmış imkanlardan istifadə edərək Litva dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və konstitusiya quruluşunun əleyhinə cinayətlər törətməyə cəhd edir və ya şəxsin həyatına, sağlamlığına, azadlığına, şərəf və ləyaqətinə, yaxud ictimai təhlükəsizliyə, dövlət idarəçiliyinə və ictimai qaydaya qarşı bilərəkdən digər cinayətlər törədirlər;
3) fərdi qaydada və ya qrup halında nəqliyyatın və ya dövlət müəssisələrinin, təşkilatların və yerli hakimiyyət orqanlarının fəaliyyətini pozan, fəaliyyətinin pozulmasına səbəb olan və ya real təhlükə yaradan hərəkətlər edirlər..."
69. İnzibati Xətalar Məcəlləsinin 1887-ci maddəsinə əsasən:
"“Toplaşmaq haqqında” qanunun pozulması 500 LİT-dən 2.000 LİT-dək cərimə ilə və ya otuz günədək inzibati həbslə cəzalandırılır.
Digər iri miqyaslı tədbirlərdə ictimai qaydanın pozulması 100 LİT-dən 500 LİT-dək cərimə ilə cəzalandırılır".
E. "Məhkəmələr haqqında" qanun
70. Həmin dövrdə "Məhkəmələr haqqında" qanunda nəzərdə tutulurdu ki, Ali Məhkəmə qanunların və digər normativ aktların şərhi və tətbiqi məsələsində vahid məhkəmə praktikasını müəyyən edir. Ali Məhkəmə həmçinin məhkəmələrin praktikasını təhlil edir və onlara riayət etməli olduqları tövsiyələr verir. İşin mürəkkəbliyindən asılı olaraq Ali Məhkəmə işləri üç və ya yeddi hakimdən ibarət kollegiyalarda və ya plenar iclasda həll edə bilər (23, 27 və 36-cı maddələr).
III. AVROPA İTTİFAQININ MÜVAFİQ QANUNVERİCİLİYİ VƏ PRAKTİKASI
A. Avropa İttifaqı Məhkəməsinin ("AİM") presedent hüququ
1. Avropa Komissiyası Fransaya qarşı məhkəmə işi
71. AİM malların sərbəst hərəkətinə maneə yaradılması məsələsini Fransanın cənubunda baş vermiş ciddi insidentlərlə əlaqədar olan Avropa Komissiyası Fransaya qarşı məhkəmə işində (iş № C-265/95, 9 dekabr 1991-ci il tarixli qərar) araşdırdı. İspaniya və İtaliyadan gətirilən kənd təsərrüfatı məhsulları Fransa fermerləri tərəfindən məhv edilmiş və müvafiq məhsulların topdansatış və pərakəndə satış sektorlarında zorakılıq və vandalizm aktları törədilmişdi. AİM vurğuladı ki, "Avropa Birliyinin təsis edilməsi haqqında müqavilə"yə uyğun olaraq, Avropanın daxili bazarı üzv dövlətlər arasında malların sərbəst hərəkəti qarşısındakı maneələrin aradan qaldırılması ilə xarakterizə olunur. Müqavilənin 30-cu maddəsində üzv dövlətlər arasında idxalata kəmiyyət məhdudiyyətlərinin və ekvivalent təsirə malik tədbirlərin tətbiqi qadağan olunurdu. Buna görə də, Birlikdaxili ticarət sahəsində idxalat qarşısında istər birbaşa və ya dolayı, istərsə də faktiki və ya potensial maneələrin hamısı ləğv edilməli idi. Həmçinin Müqavilənin 5-ci maddəsi ilə birlikdə götürülməklə 30-cu maddəsi o hallarda tətbiq edilirdi ki, bu zaman üzv dövlət malların sərbəst hərəkətinin qarşısında həmin dövlətin özü tərəfindən yaradılmayan maneələri aradan qaldırmaq üçün tələb olunan tədbirləri görməkdən yayınırdı.
72. AİM razılaşdı ki, bu sahədə hansı tədbirlərin daha məqsədəuyğun olduğunu müəyyənləşdirməkdə dövlətlər müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər. Lakin aydın məsələ idi ki, Fransada digər üzv dövlətlərdə istehsal olunmuş kənd təsərrüfatı məhsullarına münasibətdə törədilmiş zorakı hərəkətlər həmin məhsulların Birlikdaxili ticarəti sahəsində maneələr yaradırdı. Sözügedən insidentlər 10 ildən artıq idi ki, mütəmadi baş verirdi; müəyyən hallarda fermerlər Fransanın hakimiyyət orqanlarına nümayişlərin qaçılmaz olduğu barədə xəbərdarlıq edir, çox zaman sifətləri açıq olan şəxslər tərəfindən törədilən hərc-mərclik və vandalizm aktları bir neçə saat davam edir və videokameralar tərəfindən qeydə alınırdı. Buna baxmayaraq, pozuntu törədənlər çox az hallarda müəyyənləşdirilir və məsuliyyətə cəlb olunurdu. Bu, AİM-in belə qənaətə gəlməsi üçün yetərli idi ki, Fransa hökuməti tərəfindən görülmüş tədbirlər öz ərazisində kənd təsərrüfatı məhsullarının Birlikdaxili sərbəst ticarətini təmin etmək baxımından açıq-aydın qeyri-adekvat idi və Fransa "Avropa Birliyinin təsis edilməsi haqqında Müqavilə"nin 5-ci maddəsi ilə birlikdə götürülməklə 30-cu maddəsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişdi. Bu isə bütövlükdə ticarətin aparılmasına çəkindirici təsir göstərən qeyri-sabit mühit yaratmışdı və Fransa fermerlərinin çətin durumu Birlik qanunvericiliyinin düzgün tətbiq edilməməsinə haqq qazandıra bilməzdi, belə ki, həmin qanunvericiliyin tətbiqinin ictimai qaydaya qarşı dövlət tərəfindən aradan qaldırıla bilməyən təhlükə yarada biləcəyi sübuta yetirilməmişdi. Doğrudur, müəyyən hallarda polisin məsələyə müdaxilə etməməsinə ictimai qaydanın ciddi şəkildə pozulması təhlükəsi ilə haqq qazandırmaq olar, amma bu arqument yalnız hər hansı konkret insidentlə əlaqədar irəli sürülə bilər və sözügedən bütün insidentlərə şamil olunan ümumi arqument kimi irəli sürülə bilməz.
2. Oygen Şmidberger və başqaları Avstriyaya qarşı məhkəmə işi
73. Oygen Şmidberger və başqaları Avstriyaya qarşı (Eugen Schmidberger, Internationale Transporte and Planzüge v. Austria) məhkəmə işində (iş № C-112/00, 12 iyun 2003-cü il tarixli qərar) AİM "Avropa Birliyinin təsis edilməsi haqqında müqavilə"nin 5-ci maddəsi (hazırda bu maddə ləğv olunub və mahiyyəti etibarı ilə "Avropa İttifaqı haqqında Müqavilə"nin 4-cü maddəsinin 3-cü bəndi ilə əvəz edilib) ilə birlikdə götürülməklə 30, 34 və 36-cı maddələrinin (hazırda "Avropa İttifaqının fəaliyyəti haqqında Müqavilə"nin 34, 35 və 36-cı maddələri) şərhi və Birlik qanunvericiliyinin pozulması səbəbindən fərdlərə vurulmuş ziyana görə üzv dövlətin məsuliyyətə cəlb olunmasının şərtləri haqqında ilkin qərar çıxardı. Bu işin qaldırılmasına səbəb o idi ki, ətraf mühitin mühafizəsi qrupunun Brenner magistral yolunda nümayiş təşkil etməsinə Avstriyanın hakimiyyət orqanlarının qeyd-şərtsiz icazə verməsi nəticəsində magistral yol təxminən 30 saat ərzində nəqliyyatın hərəkəti üçün tamamilə bağlanmışdı. Bu hal, bayram günləri avtomobillərin hərəkətinə öncədən qoyulmuş ümumi qadağa ilə birlikdə götürülməklə, ağır yük avtomobillərinin əksəriyyəti üçün Brenner magistral yolunun (Birlikdaxili əsas tranzit marşrutunun) arada bir neçə saatlıq qısa fasilələrlə açılmaqla sonrakı dörd gün ərzində bağlı qalmasına səbəb olmuşdu.
74. Avropa Komissiyası Fransaya qarşı məhkəmə işində müəyyən edilmiş olan üzv dövlətlərin bu sahədə daşıdıqları pozitiv öhdəliklərə dair prinsiplərə (yuxarıda 71-72-ci bəndlərə bax) istinadən AİM qərara aldı ki, barəsində şikayət edilən nümayişin qadağan edillməməsi malların sərbəst hərəkətinin məhdudlaşdırılmasına bərabər idi. O daha sonra bu məsələni araşdırdı ki, nümayişə qadağa qoyulmamasının obyektiv əsası var idimi? O qeyd etdi ki, nümayişin konkret məqsədləri özlüyündə "Avropa Birliyinin təsis edilməsi haqqında müqavilə"yə əsasən üzv dövlətin məsuliyyətinin müəyyən edilməsi məsələsində əhəmiyyət kəsb etmirdi, bu məsələdə yalnız milli hakimiyyət orqanlarının güddükləri məqsəd, yəni ifadə və toplaşmaq azadlıqlarından ibarət təməl hüquqlara hörmətlə yanaşmaq məqsədi əhəmiyyət daşıyırdı. İstər "Avropa Birliyinin təsis edilməsi haqqında müqavilə"nin təməl prinsiplərindən biri olan malların sərbəst hərəkəti, istərsə də Konvensiyanın 10 və 11-ci maddələri ilə təmin edilən hüquqlar ictimai maraqların üstün tələbləri naminə müəyyən məhdudiyyətlərə məruz qala bilərdi. İndi onu müəyyənləşdirmək qalırdı ki, malların sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlərə Avstriyanın dözümlülüklə yanaşması qarşıya qoyulmuş qanuni məqsədə mütənasib idimi?
75. AİM bununla bağlı qeyd etdi ki, Şmidbergerin işi Avropa Komissiyası Fransaya qarşı məhkəmə işindən fərqləndirilməlidir, belə ki: a) nümayişçilər icazə üçün müraciət etmişdilər; b) malların sərbəst hərəkəti qarşısında maneələr coğrafi baxımdan məhdud miqyaslı idi; c) nümayişçilərin məqsədi müəyyən növ malların və ya müəyyən mənbədən daxil olan malların ticarətinin məhdudlaşdırılmasına nail olmaq deyildi; d) nəqliyyatın hərəkətinin pozulmasını mümkün qədər məhdudlaşdırmaq üçün səlahiyyətli orqanlar tərəfindən müxtəlif inzibati və yardımedici tədbirlər görülmüşdü (ictimai təşviqat aparılmış, müxtəlif alternativ marşrutlar təyin olunmuş, nümayiş keçirilən yerdə təhlükəsizlik tədbirləri görülmüşdü); və e) nümayiş bütövlükdə Birlikdaxili ticarətin aparılmasına çəkindirici təsir göstərən qeyri-sabit mühit yaranmasına səbəb olmamışdı. Belə olan halda Avstriya belə düşünməkdə haqlı idi ki, nümayişə açıq qadağa qoyulması dinc toplaşmaq azadlığına yolverilməz müdaxilə təşkil edərdi və nümayişin məkanı və (və ya) müddəti ilə bağlı daha sərt şərtlər həddən artıq məhdudiyyət kimi başa düşülərdi. Bununla əlaqədar olaraq AİM aşağıdakıları bildirdi (onun qərarının 90-92-ci bəndləri):
"90. ... Səlahiyyətli milli hakimiyyət orqanları ümumi şose yolunda sərbəst hərəkət üçün nümayişin doğuracağı qaçılmaz nəticələri mümkün qədər məhdudlaşdırmağa çalışmaqla yanaşı, həm də bu maraq ilə nümayişçilərin marağını balanslaşdırmalı idilər, belə ki, sonuncular ictimaiyyətin diqqətini aksiyalarının məqsədlərinə cəlb etmək istəyirdilər.
91. Bu tip aksiya adətən onun iştirakçısı olmayanlara da qaçılmaz olaraq təsir göstərir, bu xüsusən sərbəst hərəkət imkanına aiddir, amma bu narahatlığa prinsipcə dözmək olar, bu şərtlə ki, qarşıya qoyulmuş məqsəd mahiyyət etibarı ilə aksiya iştirakçılarının rəyinin açıq və qanuni şəkildə nümayiş etdirilməsindən ibarət olmalıdır.
92. Bu baxımdan Avstriya Respublikası bu məsələyə etiraz etmədən bildirir ki, istənilən halda, dəstəklənə bilən bütün alternativ həll yolları nəzarətdə saxlanması çətin olan reaksiyaların baş verməsi təhlükəsini doğura və Birlikdaxili ticarətin və ictimai qaydanın daha ciddi şəkildə pozulmasına, məsələn, icazəsiz nümayişlərə, nümayişi təşkil edən qrupun tərəfdarları və əleyhdarları arasında qarşıdurmaya, yaxud təməl hüquqlarından istifadə etmək hüququnun pozulduğunu hesab edən nümayişçilər tərəfindən zorakılıq aktlarına səbəb ola bilərdi".
76. AİM bu nəticəyə gəldi ki (onun qərarının 94-cü bəndinə bax), "bu önəmli işdə yaranmış vəziyyətdə üzv dövlətin hakimiyyət orqanlarının nümayişi qadağan etməməsi faktı "[Avropa Birliyinin təsis edilməsi haqqında] müqavilə"nin 5-ci maddəsi ilə birlikdə götürülməklə 30 və 34-cü maddələrinə zidd deyildi.
B. Avropa İttifaqı Şurasının 2679/98 saylı qərarı
77. "Üzv dövlətlər arasında malların sərbəst hərəkəti ilə əlaqədar daxili bazarın fəaliyyətinə dair" Aİ Şurasının 7 dekabr 1998-ci il tarixli 2679/98 saylı qərarının 2-ci maddəsində deyilir:
"Bu Qərar üzv dövlətlərdə tanınan təməl hüquqların, o cümlədən tətil etmək hüququnun və ya azadlığının həyata keçirilməsinə hər hansı şəkildə təsir göstərən qərar kimi şərh oluna bilməz. Belə hüquqların sırasına üzv dövlətlərdə konkret sənaye münasibətləri sistemləri çərçivəsində nəzərdə tutulan digər hərəkətləri etmək hüququ və ya azadlığı da daxil ola bilər".
IV. MÜQAYİSƏLİ HÜQUQ
78. Məhkəmə Avropa Şurasına üzv olan 35 dövlətdə, yəni Albaniya, Avstriya, Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya Respublikası, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Lixtenşteyn, Lüksemburq, keçmiş yuqoslav respublikası Makedoniya, Moldova, Monteneqro, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İsveçrə, Türkiyə, Ukrayna və Birləşmiş Krallıqda ictimai nümayişlər kontekstində nəqliyyatın hərəkətinə maneə yaratmaq üçün nəqliyyat vasitələrindən istifadə edilməsinə dair mövcud normativ aktları araşdırdı.
79. Qanunvericiliklərin müqayisəli şəkildə araşdırılması göstərir ki, ictimai nümayişlərdə nəqliyyat vasitələrindən istifadə məsələsi bir qayda olaraq üzv dövlətlərin qanunvericiliklərində xüsusi olaraq tənzimlənməsə də, nəqliyyat vasitələrindən istifadə etməklə və ya digər üsullarla ümumi yollarda nəqliyyatın hərəkətinə maneə yaradılması aşağıdakı on ölkədə cinayət əməli kimi cəzalandırılır: Azərbaycan, Belçika, Fransa, Yunanıstan, İrlandiya, İtaliya, Portuqaliya, Rumıniya, Türkiyə və Birləşmiş Krallıq. Məhkum edildiyi təqdirdə təqsirkar şəxs müxtəlif müddətlərə azadlıqdan məhrumetmə (Yunanıstanda ən azı üç ay, İtaliyada bir ilədək, Fransa və Rumıniyada iki ilədək, Azərbaycan və Türkiyədə üç ilədək, Portuqaliyada beş ilədək, Belçikada on ilədək) və ya cərimə cəzası (İrlandiya və Birləşmiş Krallıqda) ala bilər.
80. Bir sıra ölkələrdə nəqliyyatın hərəkətinə maneələr yaradılmasının ağır nəticələrə, məsələn, əmlaka ziyan vurulmasına və ya insanların ölümünə və sağlamlığına zərər yetirilməsinə səbəb olduğu (məsələn, Çexiya Respublikası, Gürcüstan, Macarıstan, keçmiş yuqoslav respublikası Makedoniya, Moldova, Rusiya, İsveçrə və Ukraynada), yaxud müəyyən qınanılmalı hərəkətlərlə, məsələn, təhdidlərlə və ya zor tətbiqi ilə müşayiət olunduğu (Estoniya və Slovakiyada) və yaxud toplantılar üçün nəzərdə tutulmuş qanuni tələbləri pozduğu (Kiprdə), yaxud da insanların polisin əmrinə tabe olmadığı və ya müqavimət göstərdiyi (Avstriyada) xüsusi hallarda azadlıqdan məhrumetmə də daxil olmaqla cinayət sanksiyaları nəzərdə tutulur. Konkret olaraq, ictimai nümayişlər kontekstində küçələri nəqliyyat vasitələri ilə bloklamağa məcbur etmə cinayəti ilə əlaqədar Almaniyada məhkəmələrin oturuşmuş presedent hüququ mövcuddur.
81. Yol hərəkəti təhlükəsizliyi qaydalarını və ya ictimai toplantıları tənzimləyən normaları pozmaqla nəqliyyatın hərəkətinə maneə yaratmaya görə qeyri-cinayət sanksiyaları Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Estoniya, Finlandiya, Latviya, Moldova, Lüksemburq, Polşa, Rusiya, Serbiya, Slovakiya və İsveçrə qanunvericiliklərində nəzərdə tutulur, həmin ölkələrdə belə pozuntular cərimə ilə cəzalandırılan az əhəmiyyətli hüquqpozma və ya inzibati xəta sayılır.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 10 VƏ 11-Cİ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
82. Ərizəçilər şikayət etdilər ki, cinayət məsuliyyətinə cəlb olunmaları, müvafiq olaraq, Konvensiyanın 10 və 11-ci maddələrində nəzərdə tutulmuş hüquqlarını – ifadə azadlığı və dinc toplaşmaq azadlığı hüquqlarını pozub.
Həmin maddələrin müvafiq hissələrində deyilir:
Maddə 10
"1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyinə malik olmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. ...
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər".
Maddə 11
"1. Hər kəsin dinc toplaşmaq azadlığı ... hüququ var.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. ..."
83. Hökumət bu iddiaya etiraz etdi.
84. Məhkəmə öncə qeyd edir ki, Böyük Palatadakı icraatda təqdim etdikləri qeydlərdə ərizəçilər digər məsələlərlə yanaşı iddia etdilər ki, işin Böyük Palataya göndərilməsi barədə vəsatəti imzalamış Hökumətin nümayəndəsi qərəzsiz sayıla bilməz, çünki o, parlament nəzarətini həyata keçirmiş şəxs olub və 2004-cü ildə kənd təsərrüfatı siyasətinin bəzi mühüm məsələləri ilə bağlı fermerlərin şikayətinə baxıb. Lakin onlar nə Konvensiyanın və ya Məhkəmə Reqlamentinin hər hansı müddəasına istinad etdilər, nə sözügedən Reqlamentin 44A (Məhkəmə ilə əməkdaşlıq etmək vəzifəsi), 44B (Məhkəmənin göstərişinin yerinə yetirilməməsi), 44C (İşə baxılmasında effektiv iştirakdan imtina) və ya 44D (Tərəflərin yolverilməz çıxışları) qaydalarının məqsədləri üçün nöqsan sayıla biləcək hər hansı konkret faktı və ya halı göstərdilər, nə də Hökumətin vəsatətini araşdırmış beş hakimdən ibarət məhkəmə kollegiyasının apardığı icraatı hər hansı digər şəkildə sual altına ala biləcək digər əsas gətirdilər. İstənilən halda, 43-cü maddənin 3-cü bəndində nəzərdə tutulmuş ifadə, yəni "kollegiya tələbi qəbul edirsə, onda Böyük Palata qərar çıxarmaqla işi həll edir" (kursiv əlavə olunub) ifadəsi o demək deyil ki, kollegiyanın qərarı yekun qərar deyil və həmin qərardan şikayət verilə bilər. Buna görə də Məhkəmə bu məsələyə baxmaq üçün heç bir səbəb görmür.
85. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçilər eyni faktlarla əlaqədar olaraq Konvensiyanın iki maddəsinə – 10 və 11-ci maddələrinə istinad ediblər. Məhkəmənin rəyinə görə, hazırkı işin halları baxımından 10-cu maddə 11-ci maddəyə münasibətdə ümumi xarakter daşıyan müddəa (lex generalis) sayıla bilər, sonuncu isə bu halda xüsusi xarakter daşıyan (lex specialis) müddəadır (bax: Ezelin Fransaya qarşı, 26 aprel 1991-ci il, 35-ci bənd, A seriyaları, № 202). Ərizəçilərin şikayətində əsas vurğu ondan ibarətdir ki, onlar dinc toplantılar keçirdiklərinə görə məhkum ediliblər. Buna görə də Məhkəmə hesab edir ki, ərizəçilərin şikayəti yalnız 11-ci maddə üzrə araşdırılmalıdır (bax: Şvabe Almaniyaya qarşı, ərizələr № 8080/08 və 8577/08, 101-ci bənd, ECHR 2011-VI, çıxarışlar; həmçinin bax (müvafiq dəyişikliklərlə): Qalstyan Ermənistana qarşı, ərizə № 26986/03, 95-96-cı bəndlər, 15 noyabr 2007-ci il; və Primov və başqaları Rusiyaya qarşı, ərizə № 17391/06, 91-ci bənd, 12 iyun 2014-cü il).
86. Eyni zamanda, 11-ci maddənin müstəqil rola və xüsusi tətbiq dairəsinə malik olmasına baxmayaraq, toplaşmaq azadlığından istifadənin məqsədi şəxsi fikirləri ifadə etməkdən (bax: Ezelinin işi üzrə yuxarıda istinad edilən qərar, 37-ci bənd; Azadıq və Demokratiya Partiyası (ÖZDEP) Türkiyəyə qarşı [BP], ərizə № 23885/94, 37-ci bənd, ECHR 1999-VIII; Faber Macarıstana qarşı, ərizə № 40721/08, 41-ci bənd, 24 iyul 2012-ci il; və Nemtsov Rusiyaya qarşı, ərizə № 1774/11, 62-ci bənd, 31 iyul 2014-cü il), habelə ictimai müzakirələr üçün məkanı təmin etməkdən və etirazı açıq şəkildə ifadə etməkdən (bax: Eva Molnar Macarıstana qarşı, ərizə № 10346/05, 42-ci bənd, 7 oktyabr 2008-ci il) ibarətdirsə, o halda bu maddə 10-cu maddə ilə əlaqəli şəkildə də nəzərdən keçirilə bilər.
A. Dinc toplaşmaq azadlığı hüququnun həyata keçirilməsinə müdaxilə baş vermişdimi?
1. Tərəflərin arqumentləri
a) Ərizəçilər
87. Ərizəçilər iddia etdilər ki, məhkum edilmələri onların dinc nümayiş təşkil etmək və belə nümayişdə iştirak etmək hüququna müdaxiləyə bərabərdir.
b) Hökumət
88. Palatadakı icraatda Hökumət bildirdi ki, ərizəçilərin dinc toplaşmaq azadlığı hüququna heç bir müdaxilə baş verməyib. O qeyd etdi ki, ərizəçilərin və digər iştirakçıların dinc toplantılar təşkil etməsinə icazə verilmişdi. Onlar bu azadlıqdan istifadə etdilər və buna görə onların heç biri cəzalandırılmadı. Ərizəçilər toplaşmaq azadlığı hüququnu həyata keçirdiklərinə görə deyil, iğtişaşlar təşkil etməklə ictimai qaydanı ciddi şəkildə pozduqlarına görə məhkum edilmişdilər.
89. Bununla belə, Böyük Palatadakı icraatda təqdim etdiyi qeydlərində Hökumət bildirdi ki, ərizəçilərin dinc toplaşmaq azadlığı hüququna müdaxilə baş verdiyini şübhə altına almır.
2. Palatanın qərarı
90. Palata bu qənaətə gəldi ki, baxmayaraq ki, onların dinc toplaşmaq hüququnu həyata keçirmələrinə icazə verilmişdi, ərizəçilər hər hansı zorakılıqla müşayiət olunmayan toplantı zamanı etdikləri hərəkətlərlə əlaqədar məhkum edilmişdilər ki, bu da onların 11-ci maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilə təşkil edirdi (Palatanın qərarının 67-ci bəndinə bax).
3. Böyük Palatanın qiymətləndirməsi
a) Konvensiyanın 11-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi
91. Birincisi, Məhkəmə müəyyənləşdirməlidir ki, hazırkı işin faktları Konvensiyanın 11-ci maddəsinin tətbiq dairəsi düşürmü? O bir daha xatırladır ki, toplaşmaq azadlığı hüququ demokratik cəmiyyətdə təməl hüquqdur və ifadə azadlığı hüququ kimi o da belə cəmiyyətin dayaqlarından birini təşkil edir. Buna görə də ona məhdud çərçivəli şərh verilə bilməz (bax: Taranenko Rusiyaya qarşı, ərizə № 19554/05, 65-ci bənd, 15 may 2014-cü il). Bu hüquq həm qapalı, həm də açıq məkanlarda keçirilən, istər statik formada, istərsə də yürüş formasında cərəyan edən toplantıları əhatə edir; bundan əlavə bu hüquq istər ayrı-ayrı iştirakçılar, istərsə də toplantını təşkil edən şəxslər tərəfindən həyata keçirilə bilər (bax: Cavit An Türkiyəyə qarşı, ərizə № 20652/92, 56-cı bənd, ECHR 2003-III; Ziliberberq Moldovaya qarşı (qərardad), ərizə № 61821/00, 4 may 2004-cü il; və Barrako Fransaya qarşı, ərizə № 31684/05, 41-ci bənd, 5 mart 2009-cu il).
92. Konvensiyanın 11-ci maddəsi yalnız "dinc toplaşmaq" hüququnu qoruyur və bu anlayış təşkilatçıların və iştirakçıların zorakılıq törətmək niyyətində olduqları nümayişə şamil olunmur (bax: Stankov və Birləşmiş Makedoniya təşkilatı "İlinden" Bolqarıstana qarşı, ərizələr № 29221/95 və 29225/95, 77-ci bənd, ECHR 2001-IX). Beləliklə, 11-ci maddədə nəzərdə tutulmuş təminatlar bütün toplantılara şamil olunur və yalnız təşkilatçılarının və iştirakçılarının zorakılıq niyyətində olduqları, insanları zorakılığa təhrik etdikləri və ya demokratik cəmiyyətin dayaqlarını hər hansı digər formada rədd etdikləri toplantılar istisna təşkil edir (bax: Sergey Kuznetsov Rusiyaya qarşı, ərizə № 10877/04, 45-ci bənd, 23 oktyabr 2008-ci il; Alekseyev Rusiyaya qarşı, ərizələr № 4916/07, 25924/08 və 14599/09, 80-ci bənd, 21 oktyabr 2010-cu il; Faberin işi üzrə yuxarıda istinad edilən qərar, 37-ci bənd; Gün və başqaları Türkiyəyə qarşı, ərizə № 8029/07, 49-cu bənd, 18 iyun 2013-cü il; və Taranenkonun işi üzrə yuxarıda istinad edilən qərar, 66-cı bənd).
93. Hazırkı işdə Litva məhkəmələri müəyyən etmişdilər ki, fermerlərin bəziləri şose yollarını bağlamaq üçün nəqliyyat vasitələrindən, xüsusən traktorlardan istifadə ediblər. Ərizəçilər bunu təkzib etmədilər. Lakin sözügedən nəqliyyat vasitələri polis əməkdaşlarına və ya ictimaiyyətin hər hansı üzvünə bədən xəsarəti yetirməmişdi. Baxmayaraq ki, fermerlərlə yük maşınlarının sürücüləri arasında kiçik mübahisələr olmuşdu, daha ciddi qarşıdurmalara yol verilməmişdi (yuxarıda 28-ci bəndə bax). Üstəlik, dövlət hakimiyyəti orqanları hər hansı konkret zorakılıq aktı və ya zorakılıq niyyətləri ilə əlaqədar nə ərizəçilərə, nə də digər fermerlərə irad bildirməmişdilər.
94. Bununla bağlı qeyd etmək maraqlı olar ki, şəxsin niyyətləri və ya davranışı dinc xarakter daşıyırsa, nümayişin gedişində digərlərinin epizodik zorakılıqları və ya digər cəzalandırılmalı hərəkətləri nəticəsində həmin şəxsin dinc toplaşmaq azadlığı hüququndan istifadə etməsinə son qoyulmamalıdır (bax: Ziliberberqun işi üzrə yuxarıda istinad edilən qərar). Toplantını təşkil etmiş assosiasiyanın üzvü olmayan, amma nümayişə qoşulan şəxslərin zorakılıq törətmək niyyətində olmaları özlüyündə üzvlərin toplaşmaq hüququnu aradan qaldırmır (bax: Primov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 155-ci bənd). Hətta ictimai nümayişi təşkil edənlərin nəzarəti xaricində olan hadisələr nəticəsində nümayişin iğtişaşla nəticələnməsi riski real olsa belə, həmin nümayiş 11-ci maddənin 1-ci bəndinin tətbiq dairəsindən kənar hesab edilmir və bu zaman bu nümayişə tətbiq edilən hər hansı məhdudiyyət həmin maddənin 2-ci bəndinin şərtlərinə uyğun olmalıdır (bax: Şvabe və M.G.-nin işi üzrə yuxarıda istinad edilən qərar, 103-cü bənd; və Taranenkonun işi üzrə yuxarıda istinad edilən qərar, 66-cı bənd).
95. Məhkəmə daha sonra qeyd edir ki, fermerlərin dinc toplantılar keçirməsinə və kənd təsərrüfatı texnikalarını nümayiş etdirməsinə icazə verilmişdi. Bu toplantılar siyasi məqsəd daşıyırdı və siyasi ideyaları ifadə etməyə, xüsusən hökumətin siyasətinə etiraz etməyə və kənd təsərrüfatı sektoruna subsidiyalar ayrılmasına nail olmağa yönəlmişdi.
96. Nümayişçilər 2003-cü il mayın 19-dan 21-dək təyin olunmuş ərazilərdə qalmışdılar (yuxarıda 19-20-ci bəndlərə bax). Bu sonuncu tarixdə fermerlər şose yollarına çıxmış və traktorları orada saxlamış, bununla da ölkənin üç əsas yolunu bağlamış və Litvanın hakimiyyət orqanları tərəfindən verilmiş icazələrin şərtlərindən kənara çıxmışdılar.
97. Bununla belə, ərizəçilərin məhkum edilməsi zorakılıqda iştirakla və ya zorakılığa təhrik etmə ilə əlaqədar deyildi, yolların bağlanması nəticəsində ictimai qaydanın pozulması ilə əlaqədar idi. Məhkəmə daha sonra qeyd edir ki, hazırkı işdə nəqliyyatın işinin pozulması ictimai yerdə keçirilmiş toplantının dolayısı ilə səbəb olduğu mənfi nəticə sayıla bilməzdi, belə ki, bu, diqqəti kənd təsərrüfatı sektorundakı problemlərə cəlb etmək və hökuməti onların tələblərini qəbul etməyə sövq etmək istəyən fermerlərin bilərəkdən etdikləri hərəkətlərin nəticəsi idi (həmçinin aşağıda 169-175-ci bəndlərdə Məhkəmənin qeyd etdiyi arqumentlərə də bax). Məhkəmənin rəyinə görə, müasir cəmiyyətlərdə toplaşmaq azadlığının həyata keçirilməsi kontekstində digərlərinin həyata keçirdiyi fəaliyyətləri ciddi şəkildə pozmaq məqsədi ilə bilərəkdən nəqliyyatın hərəkətinə fiziki maneələr yaratma və həyatın gündəlik axarını pozma halları az-az baş verməsə də, bunlar Konvensiyanın 11-ci maddəsi ilə qorunan azadlığın əsasını təşkil edən hallar deyil (misal üçün bax: Barrakonun işi üzrə yuxarıda istinad edilən qərar, 39-cu bənd – bu işdə arxadan gələn nəqliyyatın hərəkətini yavaşıtmaq üçün magistral yolun bir neçə zolağında nəqliyyat vasitələrindən ibarət barrikada qurmaqla nəqliyyatın hərəkətini çətinləşdirən fəaliyyətlərdə iştirak etdiyinə görə ərizəçinin məhkum edilməsi onun 11-ci maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilə hesab edildi; həmçinin bax: Lukas Birləşmiş Krallığa qarşı (qərardad), ərizə № 39013/02, 18 mart 2003-cü il – sualtı atom qayığının saxlanılmasına etiraz olaraq keçirilən nümayiş zamanı ictimai yolun bloklanmasına aid olan bu işdə hesab edildi ki, 11-ci maddənin müddəaları həmin nümayişə şamil olunur; Stil və başqaları Birləşmiş Krallığa qarşı, 23 sentyabr 1998-ci il, 92-ci bənd, Reports of Judgments and Decisions 1998-VII – bu işdə Məhkəmə hesab etdi ki, birinci və ikinci ərizəçilərdə narazılıq doğurmuş fəaliyyətlərə (ov fəaliyyətlərinə və magistral yolun inşasına) qarşı onlar tərəfindən fiziki maneələr yaradılması 10-cu maddədə nəzərdə tutulan mənada onların öz rəylərini ifadə etmə forması idi; və Driman və başqaları Norveçə qarşı (qərardad), ərizə № 33678/96, 4 may 2000-ci il – bu işdə Məhkəmə hesab etdi ki, qayıqlarla manevr edərək balina ovuna maneə yaratmış "Qrinpis" (Greenpeace) təşkilatının fəalları 10-cu və 11-ci maddələrin müddəalarına istinad edə bilərlər). Belə vəziyyətlərdə 11-ci maddənin 2-ci bəndi əsasında müvafiq hərəkətlərin "zəruriliyini" qiymətləndirilməyə ehtiyac yarana bilər.
98. Bununla belə, Məhkəmə hesab etmir ki, nümayişçilərin etiraz doğurmuş və ərizəçilərin məhkum edilməsinə səbəb olmuş davranışları elə xarakterdə və dərəcədə deyildi ki, Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş dinc toplaşmaq azadlığı hüququnun təmin etdiyi müdafiə onların nümayişdə iştirakına şamil olunmasın. Məhkəmə həmçinin ərizəçilərin 10-cu maddəyə əsasən ifadə azadlığı hüququna malik olduqlarını Kaunas regional məhkəməsinin etiraf etdiyini qeyd edir (yuxarıda 53-cü bəndə bax) və hesab edir ki, ərizəçilərin demokratik cəmiyyətin dayaqlarını sarsıtmaq niyyətində olduqlarını göstərən heç nə yoxdur.
99. Bu, Məhkəmənin belə qənaətə gəlməsi üçün kifayətdir ki, ərizəçilər 11-ci maddədə yer alan təminatlara istinad etməkdə haqlıdırlar və beləliklə, bu maddə hazırkı işə tətbiq edilə bilər.
b) Müdaxilənin mövcudluğu
100. İkincisi, Məhkəmə onu müəyyənləşdirəcək ki, ərizəçilərin toplaşmaq azadlığı hüququna müdaxilə baş veribmi? O bir daha xatırladır ki, müdaxilə tam hüquqi və ya faktiki qadağa formasında olmaya da bilər və hakimiyyət orqanları tərəfindən görülən digər müxtəlif tədbirlərdən ibarət ola bilər. 11-ci maddənin 2-ci bəndində yer alan "məhdudiyyət" ifadəsi istər toplantıdan əvvəl və toplantı zamanı görülmüş tədbirləri, istərsə də sonradan görülmüş tədbirləri, məsələn, cəza tədbirlərini özündə ehtiva edən ifadə kimi şərh olunmalıdır (bax: Ezelinin işi üzrə yuxarıda istinad edilən qərar, 39-cu bənd; Kasparov və başqaları Rusiyaya qarşı, ərizə № 21613/07, 84-cü bənd, 3 oktyabr 2013-cü il; Primov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 93-cü bənd; və Nemtsovun işi üzrə yuxarıda istinad edilən qərar, 73-cü bənd). Məsələn, mitinqə öncədən qadağa qoyulması mitinqdə iştirak etmək niyyətində olan şəxslərə çəkindirici təsir göstərə bilər və hətta sonradan mitinq hakimiyyət orqanları tərəfindən maneə yaradılmadan keçirilsə belə, həmin qadağa müdaxiləyə bərabər sayıla bilər. Mitinqdə iştirak etmək məqsədi ilə şəxsin həmin yerə gəlməsinə imkan verilməməsi də müdaxilə təşkil edir. Eyni sözlər həmçinin mitinq zamanı hakimiyyət orqanları tərəfindən görülmüş tədbirlərə, məsələn, mitinqin dağıdılmasına və iştirakçıların həbs olunmasına və mitinqdə iştiraka görə cərimələrin təyin edilməsinə də aiddir (bax: Kasparov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 84-cü bənd, sonrakı istinadlarla).
101. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçilər tərəfindən dinc toplaşmaq azadlığının təkcə icazə verilən məkanlarda deyil, həm də nümayişçilər icazənin şərtlərindən kənara çıxaraq ictimai yollara çıxdıqları zaman orada da maneəsiz həyata keçirilməsinə imkan verilmişdi. Doğrudan da toplantılar, hətta yollar nümayişçilər tərəfindən blokladıqdan sonra da, polis tərəfindən dağıdılmamışdı. Bununla belə, nümayişlərin sonrakı hissəsində ərizəçilər yolların bloklanmasının təşkilində və həyata keçirilməsində oynadıqları rola görə sonradan məhkum edildilər. Artıq yuxarıda qeyd edildiyi kimi, bu baxımdan onların davranışı qınanılmalı olsa da zorakı xarakterli davranış hesab edilməmişdi. Buna görə də Məhkəmə bunu qəbul etməyə hazırdır ki, ərizəçilərin sözügedən nümayişlərdə iştirak etdiklərinə görə məhkum edilmələri onların dinc toplaşmaq azadlığı hüququna müdaxiləyə bərabər idi. Bununla bağlı qeyd etməyə dəyər ki, Böyük Palatadakı icraatda Hökumət müdaxilənin mövcudluğunu şübhə altına almadı (yuxarıda 89-cu bəndə bax).
102. Belə müdaxilə "qanunla nəzərdə tutulmayıbsa", 2-ci bənddə göstərilmiş qanuni məqsədlərdən birini və ya bir neçəsini daşımırsa və sözügedən məqsədə və ya məqsədlərə nail olmaq üçün "demokratik cəmiyyətdə zəruri" deyilsə, 11-ci maddənin pozuntusunu təşkil etmiş olur (bir çox digər qərarlar arasında bax: Vyerentsov Ukraynaya qarşı, ərizə № 20372/11, 51-ci bənd, 11 aprel 2013-cü il; və Nemtsovun işi üzrə yuxarıda istinad edilən qərar, 72-ci bənd).
B. Müdaxilə "qanunla nəzərdə tutulmuşdumu"?
1. Tərəflərin arqumentləri
a) Ərizəçilər
103. Ərizəçilər iddia etdilər ki, Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndi əsasında məhkum edilmələri (yuxarıda 62-ci bəndə bax) "qanunla nəzərdə tutulmamışdı". Konkret olaraq, yuxarıda adı çəkilən bənddə qeyd edilmiş "ictimai qaydanın ciddi şəkildə pozulması" ifadəsinin aydın anlayışı verilməmişdi və buna görə də o, sözügedən cinayət əməlinin xüsusiyyətini qanuni olaraq xarakterizə edən ifadə sayıla bilməzdi. B.M. və A.K. israr etdilər ki, qanun əsasında deyil, fermerlərin toplantısında fikirlərini ifadə etdiklərinə və dinc nümayiş zamanı rəylərini müdafiə etdiklərinə görə təqsirkar sayılıblar və məhkum ediliblər. Digər üç ərizəçi – V.M., K.M. və A.P. iddia etdilər ki, sadəcə olaraq traktorlarını şose yoluna sürdüklərinə və orada saxladıqlarına görə məhkum ediliblər, hərçənd ki, həmin yol artıq polislər və fermerlər tərəfindən bloklanmışdı. Müvafiq olaraq, cinayət hökmü həddən artıq sərt tədbir idi və onların hərəkətlərinə, A.D.-nin işində olduğu kimi (yuxarıda 49-cu bəndə bax), İnzibati Xətalar Məcəlləsinin 1241 və ya 131-ci maddələrinə (yuxarıda 66-cı bəndə bax) uyğun olaraq inzibati xəta kimi yanaşılmalı idi.
104. Ərizəçilər daha sonra qeyd etdilər ki, Hökumət presedent qismində parlament binası yanında baş vermiş "iğtişaşı" göstərib (aşağıda 191-ci bəndə bax). Lakin hazırkı işdən fərqli olaraq həmin işdə nümayişçilər zorakılıq tətbiq etmiş, əmlakı məhv etmiş və polisə müqavimət göstərmiş, onlara fiziki və mənəvi zərər yetirmişdilər. Ərizəçilərin niyyəti isə, əksinə, zorakılıq tətbiq etmək və ya zərər yetirmək deyildi, Litva fermerlərinin sosial və maliyyə ehtiyaclarını nümayiş etdirmək idi.
b) Hökumət
105. Hökumət bildirdi ki, ərizəçilərin dinc toplaşmaq azadlığı hüququna hər hansı mümkün müdaxilə qanunla nəzərdə tutulmuşdu. Ərizəçilər ictimai qaydanın ciddi şəkildə pozulmasına görə cəza nəzərdə tutan Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndi əsasında məhkum edilmişdilər. Qalstyanın işi üzrə Məhkəmənin qərarına (yuxarıda istinad edilmiş qərar, 107-ci bənd) istinad edərək və ictimai qaydanın pozuntusunu təşkil edən əməllərə müxtəlifliyin xas olduğunu nəzərə alaraq, Hökumət hesab etdi ki, daxili qanunvericilik norması kifayət qədər dəqiq şəkildə ifadə edilib (həmçinin aşağıda 188-191-ci bəndlərdə Konvensiyanın 7-ci maddəsi ilə əlaqədar Hökumətin qeyd etdiyi arqumentlərə bax).
106. Hökumət daha sonra ərizəçilərin bu arqumentini əsassız arqument kimi şübhə altına aldı ki, onların hərəkətləri inzibati hüquq pozuntusu kimi təsnifləşdirilməli idi. Kənd təsərrüfatı maşınlarının ictimai yolda parklanmasına və qadağan olunmuş yerdə tərk edilməsinə görə nəzəri cəhətdən İnzibati Xətalar Məcəlləsinin 1241 və ya 131-ci maddələrinə (yuxarıda 66-cı bəndə bax) uyğun olaraq ərizəçilərə inzibati məsuliyyət tədbiri tətbiq edilə bilərdi. Lakin həmin maddələrdə nəzərdə tutulmuş inzibati qanunvericilik pozuntusu hazırkı işdə ərizəçilərin törətdikləri hərəkətləri əhatə etmirdi. Birincisi, ərizəçilər insan kütləsinin tərkib hissəsi qismində hərəkət etmişdilər. İkincisi, traktorlar nəinki parklanmış və nəzarətsiz tərk edilmişdi, həm də şose yolunu bloklamaq üçün istifadə edilmişdi ki, bununla da digər şəxslərin hüquqlarına və dövlət müəssisələrinin normal fəaliyyətinə təhlükə yaranmışdı. Nəhayət, nəzərdə tutulan konkret nəticə yolları bloklamaq idi. Beləliklə, ərizəçilərin niyyəti sadəcə parklama qaydalarını pozmaq deyil, ictimai qaydanın ciddi pozuntusunu törətmək idi.
2. Palatanın qərarı
107. Palata belə hesab etdi ki, müdaxilə Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan mənada "qanunla nəzərdə tutulmuşdu" (Palatanın qərarının 79-cu bəndinə bax).
3. Böyük Palatanın qiymətləndirməsi
a) Ümumi prinsiplər
108. Məhkəmə bir daha özünün presedent hüququnu xatırladır, belə ki, onun presedent hüququna əsasən, Konvensiyanın 8-ci və 11-ci maddələrində yer alan "qanunla nəzərdə tutulmuş" ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə hüquqi əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinadən tələb edir ki, həmin qanun müvafiq şəxs üçün əlçatan olmalı və onun əsasında hərəkətin nəticələrini öncədən görmək mümkün olmalıdır (digər qərarlar arasında bax: Rotaru Rumıniyaya qarşı [BP], ərizə № 28341/95, 52-ci bənd, ECHR 2000-V; "VgT Verein gegen Tierfabriken" İsveçrəyə qarşı, ərizə № 24699/94, 52-ci bənd, ECHR 2001-VI; Qaveda Polşaya qarşı, ərizə № 26229/95, 39-cu bənd, ECHR 2002-II; Maestri İtaliyaya qarşı [BP], ərizə № 39748/98, 30-cu bənd, ECHR 2004-I; Vyerentsovun işi üzrə yuxarıda istinad edilən qərar, 52-ci bənd; Qorzelik və başqaları Polşaya qarşı [BP], ərizə № 44158/98, 64-65-ci bəndlər, ECHR 2004-I; və "Pastorul sel Bun" sindikatı Rumıniyaya qarşı [BP], ərizə № 2330/09, 153-cü bənd, ECHR 2013, çıxarışlar).
109. Məhkəmə xatırladır ki, hər hansı norma vətəndaşın öz hərəkətlərinin doğura biləcəyi nəticələri mövcud vəziyyətdə ağlabatan dərəcədə aydın görə bilməsi üçün (ehtiyac olduqda müvafiq məsləhət almaqla) kifayət qədər aydın ifadə edilməyibsə, “qanun” sayıla bilməz (misal üçün bax: Cavit Anın işi üzrə yuxarıda istinad edilən qərar, 65-ci bənd). Lakin təcrübə göstərir ki, qanunvericilik normalarını tam dəqiqliklə ifadə etmək mümkün deyil, xüsusən ona görə ki, cəmiyyətdə üstünlük təşkil edən baxışlara uyğun olaraq vəziyyət dəyişir (digər qərarlar arasında bax: Ezelinin işi üzrə yuxarıda istinad edilən qərar, 45-ci bənd). Vacib deyil ki, konkret hərəkətin nəticələrini öncədən tam yəqinliklə görmək mümkün olsun: təcrübə bunun mümkün olmadığını göstərir. Digər tərəfdən, müəyyənlik olduqca arzu edilən olsa da, həddən artıq mühafizəkarlığa yol verilməməli və qanun dəyişən şəraitlə ayaqlaşa bilməlidir. Müvafiq olaraq, bir çox qanunlar qaçılmaz olaraq elə terminlərlə ifadə edilir ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyən olur və onların şərhi və tətbiqi məsələsi praktikaya aid məsələlərdir (digər qərarlar arasında bax: "Sandi Tayms" Birləşmiş Krallığa qarşı (№ 1), 26 aprel 1979-cu il, A seriyaları, № 30; Rekvenyi Macarıstana qarşı [BP], ərizə № 25390/94, 34-cü bənd, ECHR 1999‑III; Ziliberberqin işi üzrə yuxarıda istinad edilən qərar; Qalstyanın işi üzrə yuxarıda istinad edilən qərar, 106-cı bənd; və Primov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 125-ci bənd).
110. Milli məhkəmələrə həvalə edilmiş qərar çıxarma funksiyası birmənalı olaraq şərh məsələsində qalan hər hansı şübhələri dağıtmağa yönəlib; buna görə də Məhkəmənin daxili qanunvericiliyə əməl edilməsini yoxlamaq səlahiyyəti məhduddur, belə ki, daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə milli hakimiyyət orqanlarının, xüsusən məhkəmələrin işidir (bax: Kruslin Fransaya qarşı, 24 aprel 1990-cı il, 29-cu bənd, A seriyaları, № 176-A; Kopp İsveçrəyə qarşı, 25 mart 1998-ci il, 59-cu bənd, Reports 1998-II; "VgT Verein gegen Tierfabriken" işi üzrə yuxarıda istinad edilən qərar, 52-ci bənd; Mkrtçyan Ermənistana qarşı, ərizə № 6562/03, 43-cü bənd, 11 yanvar 2007-ci il; və Vyerentsovun işi üzrə yuxarıda istinad edilən qərar, 54-cü bənd). Bundan başqa, daxili qanunvericiliyin müddəalarının tələb olunan dəqiqlik dərəcəsi (həmin müddəalar hər bir halı əhatə edə bilməz) sözügedən sənədin məzmunundan, hansı sahəni əhatə etməsindən və ünvanlandığı şəxslərin sayından və statusundan əhəmiyyətli dərəcədə asılıdır (bax: Foqt Almaniyaya qarşı, 26 sentyabr 1995-ci il, 48-ci bənd, A seriyaları, № 323; və Rekvenyinin işi üzrə yuxarıda istinad edilən qərar, 34-cü bənd).
b) Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
111. Hazırkı işdə ərizəçilərin məhkum edilməsi Litva qanunvericiliyində hüquqi əsasa malik idi, yəni Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndinə əsaslanırdı, həmin bənddə iğtişaş törətməyə görə cəza nəzərdə tutulmuşdu (yuxarıda 62-ci bəndə bax). Cinayət Məcəlləsi əlçatan olsa da, həmin bəndin tətbiqinin doğura biləcəyi nəticələri öncədən görməyin mümkünlüyünü aydınlaşdırmaq qalır.
112. Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulur ki, "ictimai zorakılıq hərəkətləri törətmək, əmlaka ziyan vurmaq və ictimai qaydanı digər formada ciddi şəkildə pozmaq üçün insanların toplantısını təşkil edən və ya buna təhrik edən, yaxud iğtişaş zamanı zorakılıq hərəkətləri törədən, əmlaka ziyan vuran və ictimai qaydanı digər formada ciddi şəkildə pozan şəxsə" beş ilədək azadlıqdan məhrumetmə cəzası təyin olunur. Dövlət hakimiyyəti orqanları ərizəçiləri zorakılıq hərəkətləri törətməkdə və ya əmlaka ziyan vurmaqda ittiham etməmişdilər. Lakin onlar iddia etmişdilər ki, ərizəçilər "ictimai qaydanı digər formada ciddi şəkildə pozublar". Konkret olaraq, videoyazıların, yazılı sübutların və şahid ifadələrinin əsasında rayon məhkəməsi bu qənaətə gəlmişdi ki, A.K. və B.M. yolları bağlamaq məqsədi ilə bilərəkdən fermerlərin etirazlarını təşkil etmiş və onların hərəkətlərini koordinasiya etmişdilər (yuxarıda 43 və 44-cü bəndlərə bax), digər ərizəçilər – V.M., K.M. və A.P. isə traktorları şose yoluna sürmüş və orada saxlamış və bu hərəkətlərini dayandırmaq barədə polisin qanuni əmrlərinə tabe olmaqdan imtina etmişdilər (yuxarıda 46-cı bəndə bax). Bu qənaətlər Kaunas regional məhkəməsi tərəfindən təsdiq edilmiş və həmin məhkəmə qeyd etmişdi ki, A.K. və B.M.-ə təşkilatçı qismində məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilmişdi və onlar hərəkətlərinin qanunsuzluğunu dərk edirdilər (yuxarıda 51-ci bəndə bax). Nəhayət, Ali Məhkəmə Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndi əsasında cəzalandırılan cinayətin mahiyyətinə dair izahat verərək digər məsələlərlə yanaşı bildirmişdi ki, iğtişaş elə bir situasiyadır ki, bu zaman bir yerə toplaşmış insanlar ictimai qaydanı bilərəkdən və ciddi şəkildə pozur, yolların bloklanması, nəqliyyatın hərəkətinin dayandırılması və dövlətin sərhəd-nəzarət orqanının işinin pozulması isə bu pozuntuya səbəb olan vasitələrdir (yuxarıda 56 və 57-ci bəndlərə bax).
113. Məhkəmə qəbul edir ki, Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndində istifadə edilmiş "ictimai qaydanın pozulması" anlayışı öz xarakterinə görə müəyyən dərəcədə qeyri-müəyyəndir. Lakin gündəlik həyatın axarı potensial olaraq sonsuz sayda üsullarla pozula bilər, buna görə də qadağan olunmuş məqsədə nail olmaq üçün işlədilən qanunsuz üsulların tam siyahısının sadalanmasını milli qanunverici orqanından gözləmək qeyri-real olardı. Bu səbəbdən Məhkəmə hesab edir ki, 283-cü maddənin 1-ci bəndindəki terminlər onun presedent hüququndan irəli gələn keyfiyyət tələblərinə cavab verir.
114. Bundan başqa, Məhkəmə bu fikirdədir ki, hazırkı işdə daxili məhkəmələrin bu bəndə verdikləri şərh nə əsassız, nə də proqnozlaşdırıla bilməyən şərh idi və ərizəçilər onların yuxarıda təsvir edilən, yolların uzun müddətə bloklanmasına və nəticədə gündəlik həyatın axarının, nəqliyyatın işinin və iqtisadi fəaliyyətlərin pozulmasına səbəb olan hərəkətlərinin "ictimai qaydanın pozuntusu" sayıla və Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndinin tətbiqi ilə nəticələnə biləcəyini mövcud şəraitdə ağlabatan dərəcədə öncədən görə bilərdilər.
115. 25 oktyabr 2000-ci ildə dərc olunmuş Cinayət Məcəlləsinin 283-cü maddəsinin ilk dəfə ərizəçilərin işində tətbiq edilməsi faktı bunu dəyişmir. Əslində Cinayət Məcəlləsi 1 may 2003-cü ildə qüvvəyə minmişdi (yuxarıda 62-ci bəndə bax) və ərizəçilərin irada səbəb olmuş davranışı 21-23 may 2003-cü ildə baş vermişdi, belə ki, hər hansı hüquq normasının ilk dəfə tətbiq ediləcəyi gün nə vaxtsa gəlib çatmalı idi (Konvensiyanın 7-ci maddəsi ilə əlaqədar bax (müvafiq dəyişikliklərlə): Huhtamaki Finlandiyaya qarşı, ərizə № 54468/09, 51-ci bənd, 6 mart 2012-ci il, sonrakı istinadlarla).
116. Belə vəziyyətdə ərizəçilərə aydın olmalı idi ki, polisin qanuni əmrlərinə tabe olmamaları onların məsuliyyətinə səbəb ola bilər.
117. Bu arada Məhkəmə onu da qeyd edir ki, dinc toplantıların keçirilməsi üçün verilmiş icazələrdə təşkilatçılara İnzibati Xətalar Məcəlləsinə, habelə Cinayət Məcəlləsinə, o cümlədən sonuncunun 283-cü maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilmələrinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdi (yuxarıda 15-17-ci bəndlərə bax). Həmçinin qeyd etmək lazımdır ki, polis nümayişçilərdən aydın şəkildə tələb etmişdi ki, yolların blokadasını götürsünlər.
118. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə bu nəticəyə gəlir ki, barəsində şikayət edilən müdaxilə Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan mənada "qanunla nəzərdə tutulmuşdu".
C. Müdaxilə qanuni məqsəd daşıyırdımı və "demokratik cəmiyyətdə zəruri" idimi?
1. Tərəflərin arqumentləri
a) Ərizəçilər
119. Ərizəçilər iddia etdilər ki, süd, taxıl və ətin qiymətinin tənzimlənməsini hökumətin davamlı şəkildə və bilərəkdən yubatması və kənd təsərrüfatı sektoruna vəsait ayrılması barədə parlamentin 22 aprel 2003-cü il tarixli qərarını icra etməkdən imtina etməsi (yuxarıda 13-cü bəndə bax) fermerləri (və xüsusən kiçik fermerləri) çətin vəziyyətə salmışdı, belə ki, onlar öz istehsal xərclərini ödəyə bilmir, itkilərə məruz qalır, bəzən isə mal-qaralarını satmağa məcbur olurdular. Hökumətin hərəkətsizliyi və fermerlərlə danışıqları dayandırmaq barədə birtərəfli qərarı kənd yerlərində vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirmişdi. Ərizəçilərin rəyinə görə, yuxarıdakıları nəzərə alsaq, məhkum edilmələrinə səbəb olmuş hərəkətlərində cinayət tərkibinin obyektiv və subyektiv elementləri yox idi.
120. Ərizəçilər hesab etdilər ki, onların yollarda blokada qurmaq qərarı fermer olaraq öz maraqlarını müdafiə etmək üçün əl atdıqları son vasitə idi. Bu, nümayişçilərin hüquqlarının qorunması üçün başqa vasitələrin mövcud olmadığı vəziyyətlərdə Avropada qəbul edilmiş olan nümayiş forması idi. Belə hallarda dinc toplaşmaq azadlığı nəticə etibarı ilə malların sərbəst hərəkəti üçün yaranan minimal çətinliklərdən üstün tutulmalı idi. Bununla bağlı ərizəçilər iddia etdilər ki, Aİ Şurasının 2679/98 saylı qərarında (yuxarıda 77-ci bəndə bax) yolların bloklanması tətil aksiyasının forması kimi tanınırdı.
121. 21 mayda yolların bloklanması başlanmazdan əvvəl, həmin Qərara uyğun olaraq, Litvanın hakimiyyət orqanları fermerlərin nümayiş keçirmək niyyətindən artıq xəbərdar idilər. Yolların bağlana biləcəyindən xəbərdar olaraq polislər fəaliyyət planlarını və nümayişlərin keçiriləcəyi yerlərin alternativ marşrutlarını hazırlamışdılar və beləliklə malların axınında mümkün fasilələr yaranması ehtimalı azalmışdı. Fermerlər özləri nəqliyyatın köməkçi yollara yönləndirilməsini təmin etmək üçün tədbirlər nəzərdə tutmuş və onları tam həyata keçirmişdilər. Ərizəçilərin sözlərinə görə, həmin gərgin günlərdə malların axını "hətta adi günlərdəkindən daha yaxşı" idi. "Yolların bloklanmasının baş verdiyi yerlərdəki postlardan alınan məlumatlar" bunu təsdiqləyirdi. İctimai təhlükəsizliyin daha da zərər çəkə biləcəyi barədə Hökumətin iddiası (aşağıda 189-cu bəndə bax) sırf fərziyyə idi.
122. Ərizəçilər həmçinin bildirdilər ki, nümayiş dinc xarakterli idi və heç bir insident baş verməmişdi: ictimai qayda pozulmamış və digər şəxslərə məxsus olan əmlaka və ya insanların sağlamlığına heç bir ziyan yetirilməmişdi. Əksinə, yolların bloklanması simvolik aksiya idi və hökumətin diqqətini cəlb etmək məqsədi daşıyırdı. Fermerlərin hörmət etdikləri şəxslər olan A.K. və B.M. nümayişçilərin arasında nizam-intizamı qoruyurdular. Bundan əlavə, fermerlərin seçilmiş nümayəndələri südün qiymətlərində kompromisə gəlmək üçün hökumətlə hələ də danışıqlar aparırdılar. Fermerlər dinc tərzdə hərəkət edir və onların hərəkətlərini məhdudlaşdırmaq üçün xüsusi polis bölmələrinin və ya ordunun müdaxiləsini tələb edən heç bir addım atmırdılar. Onların niyyəti ictimai qaydanı pozmaq deyildi, sosial ədalət uğrunda dinc nümayiş keçirmək idi. Məhkəmə tərəfindən mülki zərərlə əlaqədar yalnız bir iddia tələbi təmin edilmişdi ki, onun da məbləği 1.100 LTL (təxminən 290 avro) təşkil edirdi (yuxarıda 45-ci bəndə bax). Fermerlər üçün önəmli olan məsələ ilə müqayisədə bu məbləğ əhəmiyyətli deyildi.
123. Yolları bağlamaqla fermerlər qismən tələblərinin təmin edilməsinə nail olmuşdular – südün satış qiyməti və kompensasiya ödənişləri artırılmışdı. Hökumət subsidiyalar ayırmağa razılıq verən kimi nümayiş dayandırılmışdı.
124. Ərizəçilər iddia etdilər ki, onlara qarşı cinayət prosesi açıq-aydın qeyri-mütənasib və lüzumsuz tədbir idi. Şübhəli şəxsi qismində onların dördünə yaşadıqları ərazini tərk etməmək barədə göstəriş verilməklə 2003-cü ildə onların hərəkət sərbəstliyinə məhdudiyyətlər tətbiq edilmişdi (yuxarıda 33-cü bəndə bax). Sonradan bu tədbirlər ləğv edildi. Daha sonra Kaunas şəhərinin rayon məhkəməsi ərizəçilərə həbs cəzası təyin etdi. Cəzaların icrasının təxirə salınmasına baxmayaraq, ərizəçilər icrası təxirə salınmış cəzanın qüvvədə olduğu müddətdə, yəni bir il ərzində hakimiyyət orqanlarının icazəsi olmadan yaşadıqları ərazini tərk edə bilməzdilər (yuxarıda 47-ci bəndə bax).
125. Ərizəçilər daha sonra Hökumətin istinad etdiyi presedent hüququnun işə aidiyyətinə etiraz etdilər. Onlar konkret olaraq qeyd etdilər ki, yuxarıda istinad edilən Eva Molnarın işi icazəli nümayişə aid deyildi, polis nümayiş barədə məlumatlandırılmamışdı və nümayiş zorakılıq aktları ilə və nəqliyyatın işinin və ictimai qaydanın pozulması ilə yekunlaşmışdı. Eynilə, yuxarıda istinad edilən Barrakonun işində də nümayiş icazəli deyildi, orada yolların bloklanması qəflətən və gözlənilmədən baş vermiş və ərizəçilər ittiham olunmazdan əvvəl onlardan bir neçə dəfə tələb edilmişdi ki, magistral yolu tərk etsinlər. AİM-in presedent hüququna gəlincə, ərizəçilər izah etdilər ki, (yuxarıda istinad edilən) Şmidberger Avstriyaya qarşı işdə əsas magistral yolda nümayiş iki gün davam etmiş, malları daşıyan heç bir maşın həmin yolla hərəkət edə bilməmiş, polislər isə iddia edildiyinə görə, malların sərbəst hərəkətini təmin etmək üçün heç bir tədbir görməmişdilər; (yuxarıda istinad edilən) Avropa Komissiyası Fransaya qarşı işdə nümayişçilər xarici ölkələrdən kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarının sürücülərinə qarşı zorakı davranmışdılar. Hazırkı işdə isə, əksinə, yolların bağlanması ölkədəki gərgin iqtisadi durumun və hökumətin hərəkətsizliyinin nəticəsi idi.
126. Sonda ərizəçilər hesab etdilər ki, Hökumət fərziyyələrə əsaslanaraq nümayişçilərin hərəkətlərinin nəticələrini şişirdib və gəldiyi nəticələri təsdiqləyən yetərincə sübut təqdim edə bilməyib. Əslində daxili məhkəmələr bu fakta əhəmiyyət verməmişdilər ki, toplantıların keçirilməsi üçün icazələr verilmişdi və fermerlər kor-təbii surətdə şose yollarına çıxarkən ərizəçilər ictimai qaydanı pozmaq üçün deyil, qorumaq üçün onların hərəkətlərini polislərlə birlikdə koordinasiya etmişdilər.
b) Hökumət
127. Hökumət iddia etdi ki, müdaxilə qanuni məqsəd daşıyırdı, yəni "iğtişaşın qarşısını almağa" və "digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etməyə" yönəlmişdi. Bundan başqa, təyin olunmuş cəzalar təkcə onları yenidən hüquq pozuntusu törətməkdən çəkindirmək məqsədini güdmürdü, həm də ümumən qanuna hörməti təmin etmək məqsədini daşıyırdı
128. Mütənasiblik prinsipinə gəlincə, Hökumət bildirdi ki, 2003-cü ildə Litvada südçülük sektorunda vəziyyət pisləşmiş, südün satış qiymətləri enmiş və fermerlərin narahatlıqları artmışdı. Onlar südün satış qiymətlərinin artırılmasını tələb etmiş və müxtəlif aksiyalar təşkil etmişdilər. Fermerlərlə danışıqlardan sonra süd emalçıları və hökumət 2003-cü ilin mart-iyun aylarında süd istehsalçılarına 52.000.000 LTL (təxminən 15.067.000 avro) məbləğində subsidiyalar verilməsi barədə bir sıra qərarlar qəbul etmişdilər. Hökumət fermerlərin nümayəndələri ilə görüşlər təşkil etmiş bu görüşlərdə iştirak etmiş və südçülük sektorunun və süd bazarının tənzimlənməsi də daxil olmaqla mümkün həll yollarını aktiv surətdə axtarmışdı. Bu səylərə baxmayaraq, ərizəçilər yolları bloklamış və bununla da cəmiyyətin digər üzvlərinin hüquqlarını pozmuşdular.
129. Hökumətin rəyinə görə, iğtişaşın təşkilinə və iğtişaşda iştiraka görə ərizəçilərin məhkum edilməsi münasib və yetərli əsaslara söykənirdi. Ərizəçilərin insanları yolları bağlamağa və polisin əmrinə tabe olmamağa təhrik etməsi lazımi qaydada nəzərə alınmışdı. Ərizəçilər bir neçə gün ərzində dinc toplaşmaq azadlığını həyata keçirmək və hakimiyyət orqanlarının və bütövlükdə cəmiyyətin diqqətini fermerlərin problemlərinə cəlb etmək üçün tam və maneəsiz imkana malik idilər. Buna baxmayaraq, sonradan onlar ictimai qaydanın ciddi pozuntusu sayılan hərəkətləri ilə qanunu pozdular, digər şəxslərə ziyan yetirdilər, dövlət müəssislərinin işinə maneə yaratdılar və daha böyük ziyanın baş verməsi üçün real təhlükə yaratdılar. Ərizəçilər faktiki qanunsuz hərəkətlərinə görə məhkum edilmişdilər və bu hərəkətlər sadəcə nəqliyyatın işini pozmamış, həm də ölkədə ümumi xaosa səbəb olmuşdu. Bu baxımdan hazırkı iş (yuxarıda istinad edilən) Ezelinin işindən fərqləndirilməlidir.
130. Bununla bağlı Hökumət qeyd etdi ki, Aİ ölkələrini şərq istiqamətində onların ticarət tərəfdaşları ilə əlaqələndirən üç əsas magistral yolun blokadaya alınması "nəqliyyatın işində qaçılmaz fasilə" situasiyasının hüdudlarını aşmış və vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin ciddi reaksiyana səbəb olmuşdu (müqayisə üçün xüsusən yuxarıda istinad edilmiş Primov və başqalarının işinə bax: həmin iş bir neçə dağ kəndini birləşdirən əsas yolun bloklanmasına aid idi).
131. Hökumət iddia etdi ki, ərizəçilər etiraz aksiyalarında iştirak etdiklərinə görə deyil, nümayişlər zamanı etdikləri konkret cinayət hərəkətinə görə məhkum olunmuşdular, həmin hərəkət dinc toplaşmaq azadlığının normal halda ictimai həyat üçün yarada biləcəyindən daha böyük çətinliklər yaratmışdı. Yolların bloklanması ilkin məlumatlandırma öhdəliyini aradan qaldıran qəfil hadisəyə təcili və qeyri-ixtiyari reaksiya deyildi. Müvafiq olaraq, 11-ci maddədə nəzərdə tutulmuş hüquqlarını həyata keçirmək üçün ərizəçilərin seçdikləri üsul cəmiyyətin digər üzvlərinin hüquqlarına kobudcasına hörmətsizliyin nümayişi idi.
132. Hökumət qeyd etdi ki, ərizəçilərə Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş mümkün sanksiyaların ən yüngülü (qısamüddətli həbs cəzası) təyin edilmişdi. Bundan əlavə, onların cəzası əsasən mənəvi xarakterli idi, belə ki, cəzalarının icrası bir il müddətinə təxirə salınmışdı (yuxarıda 47-ci bəndə bax). Buna görə də ərizəçilərin peşə və siyasi fəaliyyətlərini davam etdirmələrinə, hətta müvəqqəti olsa belə, heç bir qadağa qoyulmamışdı. Məhkum edilmələrindən bir il sonra ərizəçilər icrası təxirə salınmış cəzalarının müddəti bitdiyinə görə Ali Məhkəmə tərəfindən cəzadan azad edilmişdilər (yuxarıda 60-cı bəndə bax). Bu azad edilmədən sonra daha ərizəçilər məhkumluğu olan şəxs sayılmırdılar. Yaşadıqları ərazini icazə olmadan yedi gündən artıq müddətə tərk etməmək öhdəliyi (yuxarıda 47-ci bəndə bax) adi formallıq idi və ərizəçilərin gündəlik həyatı üçün əhəmiyyətli narahatlıqlar yaratmırdı.
133. Hökumət iddia etdi ki, Məhkəmə heç bir pozuntunun müəyyən edilmədiyi və nəqliyyatın hərəkətini ləngidən fəaliyyətin bircə yolda cəmi beş saat davam etdiyi (yuxarıda istinad edilən) Barrakonun işində müəyyən etdiyi presedentdən kənarlaşmamalıdır. O həmçinin qeyd etdi ki, hakimiyyət orqanları nəqliyyatın hərəkətinin pozulmasının nəticələrini mümkün qədər məhdudlaşdırmaq üçün qabaqlayıcı tədbirlər görmək imkanına malik deyildilər. Nümayişdən bir neçə gün əvvəl Klaypeda rayon polisinin nümayişçilərin yolları bloklamaq niyyətlərindən təsadüfən xəbər tutması faktı hakimiyyət orqanlarının müvafiq tədbirlər görə bilməsi üçün "lazımi qaydada məlumatlandırma" hesab oluna bilməzdi. Bundan başqa, Mariyampole və Pasvalis rayon polisləri bu niyyətlərdən xəbərsiz idilər.
134. Hökumət daha sonra AİM-in presedent hüququna istinad etdi, belə ki, (yuxarıda istinad edilən) Şmidberger Avstriyaya qarşı işdə həmin məhkəmə Aİ daxilində malların sərbəst hərəkətini təmin etmək üçün dövlətin əsas magistral yolları açıq saxlamaq vəzifəsi daşıdığını təsdiq etmişdi. Doğrudur, Şmidbergerin işində AİM müəyyən etmişdi ki, nümayişə icazə verməklə Avstriya Müqavilədə nəzərdə tutulmuş öhdəliklərini pozmayıb; lakin nümayişin müddəti (nümayişin günləri bankların istirahət günləri və həftəsonu idi və adi iş günləri deyildi), məkanı (yalnız bir şose yolu bloklanmışdı), hakimiyyət orqanlarına yolun bloklanacağı barədə öncədən (30 gün qabaqcadan) xəbərdarlıq edilməsi baxımından Şmidbergerin işini hazırkı işdən fərqləndirmək olar. Bundan əlavə, (yuxarıda istinad edilən) Avropa Komissiyası Fransaya qarşı işdə AİM müəyyən etmişdi ki, fərdlərin azad ticarətə əngəl törətməyə yönələn aksiyalar keçirməsinin qarşısını almamaqla cavabdeh dövlət öhdəliklərini yerinə yetirməmiş olub.
135. Hökumət həmçinin qeyd etdi ki, nümayişlər zamanı Litva Aİ üzvlüyünə namizəd idi, Aİ ilə assosiasiya sazişi imzalamış və beləliklə siyasi, hüquqi və texniki səviyyələrdə Aİ standartlarına və normalarına riayət etmək iqtidarında olduğunu nümayiş etdirməyi öhdəsinə götürmüşdü. Ölkənin beynəlxalq əhəmiyyətli üç əsas magistral yolunun bağlanması malların sərbəst hərəkətinin məhdudlaşdırılmasına bərabər sayıla və beləliklə Aİ qanunvericiliyinin pozuntusu hesab edilə bilərdi ki, buna görə də Litva məsuliyyətə cəlb oluna bilərdi.
136. Hökumət sonda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Dinc toplaşmaq azadlığı üzrə ekspertlər qrupu tərəfindən Hüquq vasitəsilə demokratiya uğrunda Avropa Komissiyası (Venesiya Komissiyası) ilə məsləhətləşmələr aparmaqla hazırlanmış "Dinc toplaşmaq azadlığına dair rəhbər prinsiplər"in (ikinci redaksiya) 3.5-ci rəhbər prinsipinə istinad etdi, orada deyilir: "İctimai toplantılar ünvanlandıqları konkret şəxsə, qrupa və ya təşkilata ismarıc çatdırmaq üçün keçirilir. Buna görə də, ümumi qayda olaraq, şərait yaradılmalıdır ki, toplantıların ünvanlandıqları auditoriya onları “görə və eşidə” bilsin". Hazırkı işdə nümayişçilər artıq müvafiq dövlət hakimiyyəti orqanlarının diqqətini cəlb etmişdilər, sonuncularla fermerlər arasında dialoq davam etdirilirdi, onların xeyrinə qərarlar çıxarılmışdı və Kənd Təsərrüfatı Nazirliyi südçülük sektorundakı situasiyanı daim təhlil edirdi. Belə olan halda nümayişçilərin yolları qanunsuz olaraq bloklamaq kimi radikal tədbirlərə əl atması həddi aşan hərəkət idi və buna, çətin ki, haqq qazandırmaq olardı.
137. Yuxarıdakıları nəzərə alaraq Hökumət hesab etdi ki, ərizəçilərin 11-ci maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilə qarşıya qoyulmuş qanuni məqsədlərə mütənasib idi və dövlət hakimiyyət orqanları qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmamışdılar.
2. Palatanın qərarı
138. Palata bu qənaətə gəldi ki (Palatanın qərarının 79-84-cü bəndlərinə bax), hətta müdaxilənin "iğtişaşın qarşısını almaq" və "digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək" kimi qanuni məqsədlər daşıdığını fərz etsək belə, sözügedən müdaxilə aşağıdakı səbəblərə görə mütənasib addım deyildi:
a) Fermerlərin seçilmiş ərazilərdə dinc toplantılar keçirməsinə icazə verilmişdi və hətta üç əsas yolda nəqliyyatın hərəkətində mühüm pozuntular yaranmışdısa da, ictimai yerdə keçirilən hər hansı nümayiş qaçılmaz olaraq həyatın gündəlik axarında müəyyən dərəcədə pozuntular yaratmış olur; hakimiyyət orqanlarının isə bu məsələdə dözümlülük nümayiş etdirmələri gözlənilirdi.
b) Yalnız bir daşıyıcı şirkət ziyana görə fermerləri məhkəməyə vermişdi və bir yolda nümayişçilər bəzi nəqliyyat vasitələrinin, o cümlədən malları daşıyan nəqliyyat vasitələrinin və minik avtomobillərinin keçib getməsinə imkan yaratmışdılar.
c) Nümayişlər zamanı fermerlərlə hökumət arasında danışıqlar davam etdirilirdi, ərizəçilər çeviklik nümayiş etdirir və digər yol istifadəçiləri ilə əməkdaşlığa hazır olduqlarını göstərirdilər, zorakılıq elementi isə "açıq-aydın yox idi".
d) Litva məhkəmələri işə "iğtişaş" kontekstində baxmış və buna görə də mütənasiblik məsələsini lazımi qaydada nəzərdən keçirə bilməmişdilər.
e) Eyni nümayiş zamanı nəqliyyatın işini pozmuş digər bir fermer (A.D.) yalnız yol hərəkətinə aid inzibati xətada ittiham olunmuş və təxminən 12 avro məbləğində cərimə ilə cəzalandırılmışdı; əksinə, "beş ərizəçi isə sərt cinayət prosedurlarından keçmiş və cinayətdə təqsirkar sayılmaları nəticəsində həbsə cəzasına məhkum olunmuşdular". Hətta bu cəzanın icrası təxirə salınsa da, tam bir il ərzində ərizəçilər hakimiyyət orqanlarının ilkin razılığı olmadan yaşadıqları ərazini yeddi gündən artıq müddətə tərk edə bilməzdilər.
139. Yuxarıdakıları nəzərə alaraq Palata bu qənaətə gəldi ki, Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş verib.
3. Böyük Palatanın qiymətləndirməsi
a) Müdaxilə qanuni məqsəd daşıyırdımı?
140. Məhkəmə bu fikirdədir ki, ərizəçilərin məhkum edilməsi "iğtişaşın qarşısını almaq" (bax (müvafiq dəyişikliklərlə): Ziliberberqin işi üzrə yuxarıda istinad edilən qərar; Qalstyanın işi üzrə yuxarıda istinad edilən qərar, 110-cu bənd; Skiba Polşaya qarşı (qərardad), ərizə № 10659/03, 7 iyul 2009-cu il; Rai və Evans Birləşmiş Krallığa qarşı (qərardad), ərizələr № 26258/07 və 26255/07, 17 noyabr 2009-cu il; Gün və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 59-cu bənd) və "digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək" (konkret olaraq ümumi yollarda sərbəst hərəkət etmək hüququ ilə bağlı bu işə bax (müvafiq dəyişikliklərlə): Oya Ataman Türkiyəyə qarşı, ərizə № 74552/01, 32-ci bənd, ECHR 2006-XIII; və Barrakonun işi üzrə yuxarıda istinad edilən qərar, 40-cı bənd) kimi qanuni məqsədlər daşıyırdı.
141. İndi onu müəyyənləşdirmək qalır ki, barəsində şikayət edilə müdaxilə bu məqsədlərə nail olmaq üçün "demokratik cəmiyyətdə zəruri" idimi?
b) Müdaxilə "demokratik cəmiyyətdə zəruri" idimi?
i) Məhkəmənin presedent hüququnda müəyyən edilmiş prinsiplər
α) Ümumi məsələlər
142. Demokratik cəmiyyətin dayaqlarından biri olan toplaşmaq azadlığı hüququna bir sıra məhdudiyyətlər şamil olunur ki, onlar da dar çərçivədə şərh olunmalı və hər hansı məhdudiyyətlərin zəruriliyi inandırıcı şəkildə sübut edilməlidir. Konvensiya ilə təmin edilən hüquq və azadlıqlara qoyulan məhdudiyyətlərin "demokratik cəmiyyətdə zəruri" hesab edilməli olub-olmadığını araşdırarkən iştirakçı dövlətlər müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər, amma bu sərbəstlik qeyri-məhdud deyil (bax: Barrakonun işi üzrə yuxarıda istinad edilən qərar, 42-ci bənd). İstənilən halda, məhdudiyyətin Konvensiyaya uyğun olub-olmadığına dair yekun qərar vermək Məhkəmənin öhdəsinə düşür və o bunu konkret işin hallarını qiymətləndirmək vasitəsilə edir (bax: və Rufi Osmani başqaları keçmiş yuqoslav respublikası Makedoniyaya qarşı (qərardad), ərizə № 50841/99, ECHR 2001-X; və Qalstyanın işi üzrə yuxarıda istinad edilən qərar, 114-cü bənd).
143. Özünün nəzarət funksiyasını həyata keçirərkən Məhkəmənin vəzifəsi milli hakimiyyət orqanlarının rəyini öz rəyi ilə əvəz etmək deyil, onların qəbul etdikləri qərarları 11-ci maddə əsasında araşdırmaqdır. Bu o demək deyil ki, o, dövlətin öz diskresion səlahiyyətini ağlabatan şəkildə həyata keçirib-keçirmədiyini müəyyənləşdirməklə kifayətlənməlidir; o, barəsində şikayət edilən müdaxiləni işin bütün hallarının işığında nəzərdən keçirməli və onun "qanuni məqsəd" daşıdığını müəyyənləşdirdikdən sonra "təxirəsalınmaz ictimai tələbatdan" irəli gəlib-gəlmədiyini və xüsusən həmin məqsədə mütənasib olub-olmadığını və müdaxiləyə haqq qazandırmaq üçün milli hakimiyyət orqanlarının gətirdikləri əsasların "münasib və yetərli" olub-olmadığını müəyyənləşdirməlidir (bax: Koster Birləşmiş Krallığa qarşı [BP], ərizə № 24876/94, 104-cü bənd, 18 yanvar 2001-ci il; Aşuqyan Ermənistana qarşı, ərizə № 33268/89, 89-cu bənd, 17 iyul 2008-ci il; və S. və Marper Birləşmiş Krallığa qarşı [BP], ərizələr № 30562/04 və 30566/04, 101-ci bənd, ECHR 2008; Barrakonun işi üzrə yuxarıda istinad edilən qərar, 42-ci bənd; Kasparov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 86-cı bənd). Bunu həyata keçirərkən Məhkəmə əmin olmalıdır ki, milli hakimiyyət orqanları 11-ci maddədə təsbit olunmuş prinsiplərə uyğun standartlar tətbiq ediblər və bundan əlavə, onların qərarları müvafiq faktların qəbul edilə bilən şəkildə qiymətləndirilməsinə əsaslanıb (bax: Rai və Evansın işi üzrə yuxarıda istinad edilən qərardad; və Gün və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 75-ci bənd; həmçinin bax: Türkiyə Birləşmiş Kommunist Partiyası Türkiyəyə qarşı, 30 yanvar 1998-ci il, 47-ci bənd, Reports 1998-I; və Gerger Türkiyəyə qarşı, [BP], ərizə № 24919/94, 46-cı bənd, 8 iyul 1999-cu il).
144. Mütənasiblik prinsipi bir tərəfdən 11-ci maddənin 2-ci bəndində sadalanan məqsədlərin tələbləri, digər tərəfdən isə küçələrdə və ya digər ictimai yerlərdə toplaşmış şəxslərin söz, jest və ya susma vasitəsilə fikirlərini sərbəst ifadə edə bilməsinin tələbləri arasında balansın gözlənilməsini tələb edir (bax: Rufi Osmani və başqalarının işi üzrə yuxarıda istinad edilən qərardad; Skibanın işi üzrə yuxarıda istinad edilən qərardad; Faberin işi üzrə yuxarıda istinad edilən qərar, 41-ci bənd; və Taranenkonun işi üzrə yuxarıda istinad edilən qərar, 65-ci bənd).
145. Konvensiyanın 11-ci maddəsində təsbit olunmuş toplaşmaq azadlığı nümayişçilərin təşviq etməyə çalışdığı ideya və tələblərin əleyhinə olan şəxsləri qıcıqlandıra və ya incik sala bilən nümayişin də müdafiəsini təmin edir (bax: bax: Stankov və Birləşmiş Makedoniya təşkilatı "İlinden"in işi üzrə yuxarıda istinad edilən qərar, 86-cı bənd). Zorakılığa təhrik etmə və ya demokratik prinsipləri rədd etmə hallarından savayı qalan hallarda (müəyyən fikirlər və ya istifadə edilmiş sözlər hakimiyyət orqanlarına nə qədər şok yaradan və qəbuledilməz kimi görünsə belə) toplaşmaq və ifadə azadlığına müdaxilə təşkil edən hər hansı tədbirlər demokratiyaya zərər yetirir və hətta çox zaman ona təhlükə yaradır (bax: Güneri və başqaları Türkiyəyə qarşı, ərizələr № 42853/98, 43609/98 və 44291/98, 76-cı bənd, 12 iyul 2005-ci il; Sergey Kuznetsovun işi üzrə yuxarıda istinad edilən qərar, 45-ci bənd; Alekseyevin işi üzrə yuxarıda istinad edilən qərar, 80-ci bənd; Faberin işi üzrə yuxarıda istinad edilən qərar, 37-ci bənd; Gün və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 70-ci bənd; və Taranenkonun işi üzrə yuxarıda istinad edilən qərar, 67-ci bənd).
146. Qarşıya qoyulmuş məqsədə münasibətdə müdaxilənin mütənasibliyi qiymətləndirilərkən həmçinin təyin olunmuş cəzaların xarakteri və sərtliyi də nəzərə alınmalı amillərdir (bax: Öztürk Türkiyəyə qarşı [BP], ərizə № 22479/93, 70-ci bənd, ECHR 1999-VI; Rufi Osmani və başqalarının işi üzrə yuxarıda istinad edilən qərardad; və Gün və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 82-ci bənd). Nümayişçilərə təyin olunmuş cəzalar xarakterinə görə cinayət sanksiyalarıdırsa, onların xüsusi olaraq əsaslandırılması tələb olunur (bax: Rai və Evansın işi üzrə yuxarıda istinad edilən qərardad). Dinc nümayiş prinsipcə cinayət sanksiyasının (bax: Akgöl və Göl Türkiyəyə qarşı, ərizələr № 28495/06 və 28516/06, 43-cü bənd, 17 may 2011-ci il) və xüsusən azadlıqdan məhrumetmənin (Gün və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 83-cü bənd) tətbiqinin predmeti olmamalıdır. Buna görə də, qeyri-zorakı davranışa milli hakimiyyət orqanları tərəfindən təyin olunmuş sanksiya həbs cəzasını özündə ehtiva edirsə, Məhkəmə belə halları diqqətlə araşdırmalıdır (bax: Taranenkonun işi üzrə yuxarıda istinad edilən qərar, 87-ci bənd).
β) İlkin razılıq almaq tələbi
147. İctimai qaydanın və milli təhlükəsizliyin qorunması səbəblərinə görə Yüksək Müqavilə Tərəfi toplantıların keçirilməsi üçün razılıq alınmasını tələb edirsə, bu, prinsipcə 11-ci maddənin ruhuna zidd deyil (bax: Oya Atamanın işi üzrə yuxarıda istinad edilən qərar, 37-ci bənd; Bukta və başqaları Macarıstana qarşı, ərizə № 25691/04, 35-ci bənd, ECHR 2007-III; Balçık və başqaları Türkiyəyə qarşı, ərizə № 25/02, 49-cu bənd, 29 noyabr 2007-ci il; Nurettin Aldemir və başqaları Türkiyəyə qarşı, ərizələr № 32124/02, 32126/02, 32129/02, 32132/02, 32133/02, 32137/02 və 32138/02, 42-ci bənd, 18 dekabr 2007-ci il; Eva Molnarın işi üzrə yuxarıda istinad edilən qərar, 35-ci bənd; Karatepe və başqaları Türkiyəyə qarşı, ərizələr № 33112/04, 36110/04, 40190/04, 41469/04 və 41471/04, 46-cı bənd, 7 aprel 2009-cu il; Skibanın işi üzrə yuxarıda istinad edilən qərardad; Çelik Türkiyəyə qarşı (№ 3), ərizə № 36487/07, 90-cı bənd, 15 noyabr 2012-ci il; və Gün və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 73 və 80-ci bəndlər). Həqiqətən Məhkəmə əvvəlki işlərdə hesab edib ki, ictimai tədbirin keçirilməsi üçün bildiriş vermə və hətta razılıq alma prosedurlarının məqsədi hər hansı yığıncağın, mitinqin və ya toplantının rəvan şəkildə keçirilməsini təmin etmək üçün hakimiyyət orqanlarının ağlabatan və münasib tədbirləri görməsinə imkan yaratmaqdırsa, adətən həmin prosedurlar Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş hüququn mahiyyətinə müdaxilə təşkil etmir (bax: Sergey Kuznetsovun işi üzrə yuxarıda istinad edilən qərar, 42-ci bənd; və Rai və Evansın işi üzrə yuxarıda istinad edilən qərardad). İctimai toplantıların təşkilatçıları qüvvədə olan qaydalara tabe olmaqla bu prosesi tənzimləyən normalara riayət etməlidirlər (bax: Primov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 117-ci bənd).
148. İlkin bildiriş vermə təkcə toplaşmaq hüququnu digər şəxslərin hüquqları və qanuni maraqları (hərəkət etmək azadlığı da daxil olmaqla) ilə uzlaşdırmaq məqsədi daşımır, həm də iğtişaşın və ya cinayətin qarşısını almaq məqsədini daşıyır. Ziddiyyətə girən bu maraqları balanslaşdırmaq üçün ilkin inzibati prosedurların təsis edilməsi, belə görünür ki, ictimai nümayiş təşkil edildiyi hallarda üzv dövlətlərdə geniş yayılmış praktikadır (bax: Eva Molnarın işi üzrə yuxarıda istinad edilən qərar, 37-ci bənd; və Berladir və başqaları Rusiyaya qarşı, ərizə № 34202/06, 42-ci bənd, 10 iyul 2012-ci il). Lakin bu tip qaydalar Konvensiyada nəzərdə tutulmuş dinc toplaşmaq azadlığına gizli maneə təşkil etməməlidir (bax: Samüt Karabulut Türkiyəyə qarşı, ərizə № 16999/04, 35-ci bənd, 27 yanvar 2009-cu il; və Berladir və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 39-cu bənd).
149. Dövlətlər ilkin razılıq alınmasını tələb etmək hüququna malik olduqlarına görə bu tələbə riayət edilmədən keçirilən nümayişlərdə iştirak edənlərə sanksiyalar tətbiq etmək səlahiyyətinə malik olmalıdırlar (bax: Ziliberberqin işi üzrə yuxarıda istinad edilən qərardad; Rai və Evansın işi üzrə yuxarıda istinad edilən qərardad; Berladir və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 41-ci bənd; və Primov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 118-ci bənd). Eyni zamanda, dinc nümayişdə iştirak etmək azadlığı o dərəcədə önəmlidir ki, şəxs qadağan olunmayan nümayişdə iştirak etdiyinə görə sanksiyaya (hətta intizam cəzaları sırasında ən aşağı pillədə olan cəzaya) məruz qala bilməz, bu şərtlə ki, belə qınanılmalı hərəkət etməmiş olsun (Ezelinin işi üzrə yuxarıda istinad edilən qərar, 53-cü bənd; Qalstyanın işi üzrə yuxarıda istinad edilən qərar, 115-ci bənd; və Barrakonun işi üzrə yuxarıda istinad edilən qərar, 44-cü bənd). Bu sözlər nümayişin ziyanla və ya iğtişaşla nəticələndiyi hallara da aiddir (bax: Taranenkonun işi üzrə yuxarıda istinad edilən qərar, 88-ci bənd).
150. Qanunsuz situasiya, məsələn, nümayişin ilkin razılıq alınmadan təşkil edilməsi hökmən o demək deyil ki, bu halda şəxsin dinc toplaşmaq azadlığı hüququna müdaxiləyə haqq qazandırmaq olar (bax: Sisse Fransaya qarşı, ərizə № 51346/99, 50-ci bənd, ECHR 2002-III; Oya Atamanın işi üzrə yuxarıda istinad edilən qərar, 39-cu bənd; Barrakonun işi üzrə yuxarıda istinad edilən qərar, 45-ci bənd; və Skibanın işi üzrə yuxarıda istinad edilən qərardad). İctimai toplantıları tənzimləyən qaydalar, məsələn, ilkin bildiriş vermə sistemi hakimiyyət orqanlarına nəqliyyatın işinin pozulmasını minimuma endirmək və digər təhlükəsizlik tədbirləri görmək imkanı verdiyinə görə ictimai nümayişlərin rəvan şəkildə keçirilməsi üçün önəmli olsa da, onların tətbiqi özlüyündə məqsədə çevrilməməlidir (Primov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 118-ci bənd). Konkret olaraq, nümayişçilər zorakılıq aktları törətmirlərsə, o halda dövlət hakimiyyəti orqanlarının dinc toplantılara qarşı müəyyən dərəcədə dözümlülük nümayiş etdirməsi önəmlidir ki, Konvensiyanın 11-ci maddəsi ilə təmin edilən toplaşmaq azadlığı öz mahiyyətindən məhrum edilmiş olmasın (bax: Oya Atamanın işi üzrə yuxarıda istinad edilən qərar, 42-ci bənd; Bukta və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 37-ci bənd; Nurettin Aldemir və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 46-cı bənd; Aşuqyanın işi üzrə yuxarıda istinad edilən qərar, 90-cı bənd; Eva Molnarın işi üzrə yuxarıda istinad edilən qərar, 36-cı bənd; Barrakonun işi üzrə yuxarıda istinad edilən qərar, 43-cü bənd; Berladir və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 38-ci bənd; Faberin işi üzrə yuxarıda istinad edilən qərar, 47-ci bənd; İzci Türkiyəyə qarşı, ərizə № 42606/05, 89-cu bənd, 23 iyul 2013-cü il; və Kasparov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 91-ci bənd).
151. İlkin razılığın olmaması və nəticədə aksiyanın "qanunsuz" sayılması hakimiyyət orqanlarına tam sərbəstlik (kart-blanş) vermir; onların müdaxiləsi məhdud xarakter daşımaqla 11-ci maddənin tələblərinə mütənasib olmalıdır. Belə ki, ilk növbədə müəyyən edilməlidir ki, nümayiş üçün niyə ilkin razılıq alınmayıb, nümayiş hansı ictimai marağa xidmət edir və hansı riskləri doğura bilər. Etirazçıları çəkindirmək üçün polisin hansı üsuldan istifadə etməsi, məsələn, nümayişi müəyyən məkanla məhdudlaşdırması və ya dağıtması da müdaxilənin mütənasibliyinin qiymətləndirilməsində mühüm amildir (bax: Primov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 119-cu bənd). Belə ki, icazəli nümayişi dağıtmaq üçün polis tərəfindən bibər tozundan istifadə edilməsi qeyri-mütənasib müdaxilə hesab edilib, baxmayaraq ki, Məhkəmə həmin toplantının nəqliyyatın axınını poza biləcəyini qəbul etmişdi (bax: Oya Atamanın işi üzrə yuxarıda istinad edilən qərar, 38-44-cü bəndlər).
152. Bukta və başqalarının işində (yuxarıda istinad edilmiş həmin işin 35 və 36-cı bəndləri) Məhkəmə qərar aldı ki, spontan nümayişin keçirilməsinə haqq qazandıran xüsusi hallarda, məsələn, nümayiş siyasi hadisəyə reaksiya olaraq keçirildikdə və iştirakçılar tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilmədikdə, təkcə zəruri ilkin bildirişin olmaması səbəbindən nümayişin dağıdılması dinc toplaşmaq azadlığına qeyri-mütənasib məhdudiyyətin tətbiqi hesab edilə bilər.
153. Məhkəmə ona da aydınlıq gətirib ki, Bukta və başqalarının işində müəyyən edilmiş yuxarıdakı prinsip o demək deyil ki, spontan nümayiş barədə ilkin bildirişin olmaması heç bir halda kütlənin dağıdılması üçün qanuni əsas təşkil edə bilməz. Yalnız xüsusi hallarda, yəni nümayişin bu forması cari hadisəyə dərhal reaksiya vermək zərurətindən irəli gəldikdə spontan nümayişlər keçirmək hüququ ictimai toplantılar barədə ilkin bildiriş vermək öhdəliyindən üstün tutula bilər. Konkret olaraq, ümumi qaydadan bu cür kənarlaşmaya o hallarda haqq qazandırmaq olar ki, nümayişin yubadılması reaksiyanı mənasız edə bilər (bax: Eva Molnarın işi üzrə yuxarıda istinad edilən qərar, 37-38-ci bəndlər; və Skibanın işi üzrə yuxarıda istinad edilən qərardad).
154. Bundan əlavə, qeyd etmək lazımdır ki, hətta qanuni icazəsi olan nümayiş də, məsələn, iğtişaşa çevrildiyi təqdirdə dağıdıla bilər (bax: Primov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 137-ci bənd).
γ) Nümayişlər və həyatın gündəlik axarının pozulması
155. İctimai yerdə keçirilən istənilən nümayiş həyatın gündəlik axarının, o cümlədən nəqliyyatın işinin müəyyən dərəcədə pozulmasına səbəb ola bilər (bax: Barakonun işi üzrə yuxarıda istinad edilən qərar, 43-cü bənd; Disk və Kesk Türkiyəyə qarşı, ərizə № 38676/08, 29-cu bənd, 27 noyabr 2012-ci il; və İzcinin işi işi üzrə yuxarıda istinad edilən qərar, 89-cu bənd). Özlüyündə bu fakt toplaşmaq azadlığı hüququna müdaxiləyə haqq qazandırmır (bax: Berladir və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 38-ci bənd; və Gün və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 74-cü bənd), belə ki, bu halda dövlət hakimiyyəti orqanlarının müəyyən dərəcədə dözümlülük nümayiş etdirməsi önəmlidir (bax: Aşuqyanın işi üzrə yuxarıda istinad edilən qərar, 90-cı bənd). Lazımi "dözümlülük dərəcəsi" mücərrəd şəkildə təyin edilə bilməz: bu halda Məhkəmə işin konkret hallarını və xüsusən "həyatın gündəlik axarının" nə dərəcədə pozulduğunu nəzərdən keçirməlidir (bax: Primov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 145-ci bənd). Bu zaman önəmli məsələ ondan ibarətdir ki, nümayişləri təşkil edən assosiasiyalar və digər subyektlər, demokratik prosesin iştirakçıları olaraq, qüvvədə olan qaydalara tabe olmaqla bu prosesi tənzimləyən normalara riayət etməlidirlər (bax: Oya Atamanın işi üzrə yuxarıda istinad edilən qərar, 38-ci bənd; Balçık və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 49-cu bənd; Eva Molnarın işi üzrə yuxarıda istinad edilən qərar, 41-ci bənd; Barrakonun işi üzrə yuxarıda istinad edilən qərar, 44-cü bənd; və Skibanın işi üzrə yuxarıda istinad edilən qərardad).
156. Təşkilatçıların bu normalara bilərəkdən riayət etməməsi və bütün nümayişin və ya onun bir hissəsinin həyatın gündəlik axarının pozulmasına səbəb olan şəkildə təşkil edilməsi, habelə yaratdığı çətinliklər mövcud şəraitdə yol verilə bilən həddi aşan digər fəaliyyətlər siyasi çıxışlar üçün və ya ictimai maraq doğuran məsələlərin müzakirəsi üçün, yaxud da belə məsələlərə dair fikirlərin dinc üsulla ifadəsi üçün Konvensiyada nəzərdə tutulmuş müdafiənin şamil olunduğu davranışlar hesab edilə bilməz. Əksinə, Məhkəmə hesab edir ki, iştirakçı dövlətlər bu cür davranışları məhdudlaşdırmaq üçün tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsində geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər (yuxarıda 97-ci bəndə bax; həmçinin (müvafiq dəyişikliklərlə) Driman və başqalarının işi üzrə yuxarıda istinad edilən qərardada bax).
157. İctimai yerlərdə dinc toplaşmaq azadlığına iğtişaşın qarşısını almaq və nəqliyyatın nizamlı hərəkətini təmin etmək məqsədi ilə qoyulan məhdudiyyətlər digər şəxslərin hüquqlarının müdafiəsinə xidmət edə bilər (bax: Eva Molnarın işi üzrə yuxarıda istinad edilən qərar, 34-cü bənd). İctimai tədbir zamanı çoxsaylı kütlənin yığılması təhlükə yarada biləcəyinə görə müxtəlif ölkələrdə dövlət hakimiyyəti orqanlarının planlaşdırılan toplantının məkanına, gününə, vaxtına, formasına və ya keçirilmə üsuluna məhdudiyyət tətbiq etməsi heç də qeyri-adi hal deyil (bax: Primov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 130-cu bənd).
δ) Dövlətin Konvensiyanın 11-ci maddəsi üzrə pozitiv öhdəlikləri
158. Dövlətlər nəinki dinc toplaşmaq hüququna əsassız dolayı məhdudiyyətlər tətbiq etməkdən çəkinməlidirlər, həm də bu hüququ qorumalıdırlar. 11-ci maddənin əsas məqsədi Konvensiya ilə qorunan hüquqlarının həyata keçirilməsinə dövlət hakimiyyəti orqanlarının əsassız müdaxiləsindən şəxsi qorumaqdan ibarət olsa da (bax: "Elektrovoz maşinistlərinin və yanğınsöndürən maşınların sürücülərinin ictimai birliyi" (ASLEF) Birləşmiş Krallığa qarşı, ərizə № 11002/05, 37-ci bənd, 27 fevral 2007-ci il; və Nemtsovun işi üzrə yuxarıda istinad edilən qərar, 72-ci bənd), həmin orqanlar bundan əlavə həm də bu hüquqların faktiki həyata keçirilməsini təmin etməkdən ibarət pozitiv öhdəliklər daşıya bilərlər (bax: Cavit Anın işi üzrə yuxarıda istinad edilən qərar, 57-ci bənd; Oya Atamanın işi üzrə yuxarıda istinad edilən qərar, 36-cı bənd; və Gün və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 72-ci bənd).
159. Hakimiyyət orqanları qanuni şəkildə keçirilən nümayişlərin dinc formada keçirilməsini və bütün vətəndaşların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmək vəzifəsini daşıyırlar (bax: Oya Atamanın işi üzrə yuxarıda istinad edilən qərar, 35-ci bənd; Mahmudov Rusiyaya qarşı, ərizə № 35082/04, 63-65-ci bəndlər, 26 iyul 2007-ci il; Skibanın işi üzrə yuxarıda istinad edilən qərardad; və Gün və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 69-cu bənd). Bununla belə, onlar buna tam zəmanət verə bilməzlər və bu baxımdan istifadə edilməli olan vasitələrin seçilməsində geniş diskresion səlahiyyətə malikdirlər (bax: Protopapa Türkiyəyə qarşı, ərizə № 16084/90, 108-ci bənd, 26 fevral 2009-cu il). Bu sahədə Konvensiyanın 11-ci maddəsi üzrə onların üzərinə düşən öhdəlik nail olunmalı nəticələrə deyil, görülməli tədbirlərə aid öhdəlikdir (bax: "Həkimlər həyat uğrunda" platforması Avstriyaya qarşı, 21 iyun 1988-ci il, 34-cü bənd, A seriyaları, № 139; və Faberin işi üzrə yuxarıda istinad edilən qərar, 39-cu bənd).
160. Konkret olaraq, Məhkəmə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini, məsələn, siyasi, mədəni və ya digər xarakterli istənilən tədbirin, mitinqin və ya digər toplantının rəvan keçməsini təmin etmək üçün nümayişlərin keçirildiyi yerdə təcili yardım xidmətlərinin olmasını təmin etməyin mühümlüyünü vurğulayıb (bax: Oya Atamanın işi üzrə yuxarıda istinad edilən qərar, 39-cu bənd).
ii) Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
α) Dinc toplantı üçün ilkin razılığın alınması
161. Məhkəmə qeyd edir ki, hazırkı işdə fermerlərin təyin olunmuş məkanlarda nümayiş keçirməsinə icazə verilmişdi. Konkret olaraq, 2003-cü ilin mayında Kalvariya bələdiyyəsi Kalvariya şəhərində "bazarın yaxınlığında" 13-16 may 2003-cü ildə saat 8-dən 23-dək, 17 may 2003-cü ildə saat 8-dən 15-dək və 19-20 may 2003-cü ildə saat 8-dən 23-dək dinc toplantılar keçirilməsinə icazə vermişdi. Analoji icazələr 21-23, 24 və 26-30 may 2003-cü il tarixləri üçün də verilmişdi (yuxarıda 15-ci bəndə bax). 8 may 2003-cü ildə Pasvalis bələdiyyəsi "Baltik şosesinin altmış üç kilometrliyində və şose yolunun yaxınlığında yerləşən maşın parkında" 2003-cü il mayın 15-dən 25-dək on gün ərzində nümayiş keçirilməsinə icazəsi vermişdi (yuxarıda 16-cı bəndə bax). Nəhayət, 19 may 2003-cü ildə Klaypeda bələdiyyəsi "Vilnüs-Klaypeda şose yoluna iyirmi beş metrdən yaxın olmamaqla Divupyay kəndinin yaxınlığındakı ərazidə" 19-25 may 2003-cü ildə saat 11-dən 23-dək toplantı keçirilməsinə icazə vermişdi (yuxarıda 17-ci bəndə bax).
162. Beləliklə, Litvanın hakimiyyət orqanları toplantıların keçirilməsinə açıq-aydın ilkin icazə vermişdilər (müqayisə üçün yuxarıda istinad edilmiş aşağıdakı işlər üzrə qərarlara və qərardadlara bax: Ziliberberqin işi; Oya Atamanın işi, 38-39-cu bəndlər; Bukta və başqalarının işi, 34-cü bənd; Eva Molnarın işi, 40-41-ci bəndlər; Skibanın işi; Rai və Evansın işi; Gün və başqalarının işi, 77-ci bənd; və Primov və başqalarının işi, 121-128-ci bəndlər). Buna görə də, fermerlərin nümayişləri toplantıların keçirilməsinə dair müvafiq ölkədaxili prosedura riayət edilməməsinə görə qanunsuz sayıla bilməzdi.
163. Həmçinin qeyd etmək lazımdır ki, 2003-cü il mayın 19-dan mayın 21-i günortayadək fermerlər təyin olunmuş ərazilərdə toplaşmışdılar və hakimiyyət orqanları tərəfindən hər hansı müdaxilə olmadan dinc toplantı keçirmək imkanına malik idilər (yuxarıda 19-cu bəndə bax).
β) 2003-cü il mayın 21-dən 23-dək ərizəçilərin və digər nümayişçilərin davranışı və bunun nəticələri
164. Lakin 21 may 2003-cü ildə günorta radələrində hökumətlə danışıqlar dayandırıldıqdan sonra fermerlər toplantıları təyin olunmuş ərazilərdən yaxınlıqdakı yollara, yəni Vilnüs-Klaypeda şosesinə, Panevejis-Pasvalis-Riqa şosesinə və Kaunas-Mariyampole-Suvalkay şosesinə keçirməyi qərara aldılar (yuxarıda 20-ci bəndə bax). Hökumətin qeyd etdiyi kimi, bunlar ölkənin üç əsas magistral yolları idi və ərizəçilər də bu fakta etiraz etməmişdilər. Bundan əlavə, 21 may 2003-cü ildə saat 15 ilə 16.30 arasında üçüncü, dördüncü və beşinci ərizəçilər traktorları Kaunas-Mariyampole-Suvalkay şose yoluna sürdülər və orada magistral asfalt yolunda qoydular və beləliklə nəqliyyat axınına maneə yaratdılar (yuxarıda 21(c) bəndinə bax).
165. Məhkəmənin rəyinə görə, nümayişlərin icazə verilmiş ərazilərdən şose yollarına keçirilməsi icazədə göstərilmiş şərtlərin açıq-aydın pozuntusu idi. Bu addım hakimiyyət orqanlarına hər hansı ilkin məlumat verilmədən və icazələrdəki şərtlərin dəyişdirilməsi xahiş edilmədən atılmışdı. Ərizəçilər həmin şərtlərin tələblərindən xəbərsiz ola bilməzdilər.
166. Belə görünür ki, fermerlərin icazələrin şərtlərinin hüdudlarını aşan hərəkətlərinə hətta cari hadisəyə dərhal reaksiya vermək zərurəti ilə haqq qazandırmaq üçün (hərçənd ki, hazırkı situasiyada bu məsələ həlledici əhəmiyyət daşımırdı) elə bir əsas yoxdur (xüsusən yuxarıda 152 və 153-cü bəndlərdə istinad edilmiş presedent hüququna (müvafiq dəyişikliklərlə) bax). Məhkəmə qeyd edir ki, kənd təsərrüfatı sektorunda problemlər və kənd təsərrüfatı məhsullarının topdansatış qiymətlərində eniş davamlı olaraq baş verir və fermerlərin narazılıqları davam edirdi, belə ki, onların fikrincə, hökumət parlamentin 22 aprel 2003-cü il tarixli qərarını (yuxarıda 13-cü bəndə bax) icra etmirdi. Münaqişənin əsasını təşkil edən situasiya hətta toplantıların keçirilməsi üçün icazələrin verilməsindən əvvəl də ərizəçilərə və hakimiyyət orqanlarına yaxşı məlum idi. 2003-cü il mayın 21-də və ya bu radələrdə dərhal reaksiya göstərilməsini tələb edən qəfil siyasi hadisənin baş verdiyini güman etmək üçün heç bir əsas yoxdur.
167. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, yolların icazəsiz bloklanmasını "dərhal reaksiya göstərilməsini tələb edən cari hadisə" ilə əsaslandırmaq olmazdı (bax: Eva Molnarın işi üzrə yuxarıda istinad edilən qərar, 38-ci bənd; və Skibanın işi üzrə yuxarıda istinad edilən qərardad; həmçinin müqayisə üçün (müvafiq dəyişikliklərlə) bax: Bukta və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 36-cı bənd – bu işdə nümayiş Rumıniyanın baş nazirinin təşkil etdiyi qəbulda Macarıstanın baş nazirinin iştirakına spontan etiraz formasında keçirilmişdi).
168. Ciddi maliyyə çətinliklərinin olduğu situasiyada qanuni maraqlarını müdafiə etmək üçün yolların bloklanmasının son vasitə olduğu barədə ərizəçilərin iddiasına gəlincə (yuxarıda 119-120-ci bəndlərə bax), Məhkəmə daxili məhkəmələrin bu qənaətini sual altına almaq üçün səbəb görmür ki, fermerlərin sərəncamında qanuni maraqlarını müdafiə etmək üçün alternativ və qanuni vasitələr, məsələn, inzibati məhkəmələrə şikayət etmək imkanı vardı.
169. Bundan başqa, Məhkəmə daxili məhkəmələrin bu qənaətini şübhə altına almaq üçün səbəb görmür ki, ərizəçilər nümayişin icazə verilmiş yerlərdən şose yoluna keçirilməsinin və traktorların Kaunas-Mariyampole-Suvalkay magistral yolu üzərində saxlanmasının nəqliyyatın işini ciddi şəkildə pozulmasına səbəb olacağını bilirdilər. Sərəncamlarındakı materialları araşdıraraq daxili məhkəmələr və Kalvariya və Pasvalis polisi (yuxarıda 28 və 30-cu bəndlərə bax) bu qənaətə gəlmişdilər ki, yolların bloklanması malları daşıyanlar və özəl avtomobillər üçün ciddi narahatlıqlar yaradıb və nəticədə yolda tıxaclar və nəqliyyatın uzun növbələri yaranıb. Bu, 48 saatdan artıq davam etmişdi, belə ki, yolların blokadası yalnız 23 may 2003-cü ildə götürülmüşdü. Normal halda daxili məhkəmələrin faktlara verdiyi qiyməti öz qiymətləndirməsi ilə əvəz etmək Avropa Məhkəməsinin səlahiyyətinə aid deyil və ümumi qayda olaraq, sərəncamlarındakı sübutları qiymətləndirmək bu məhkəmələrin işidir (digər qərarlarla yanaşı bax: Edvards Birləşmiş Krallığa qarşı, 16 dekabr 1992-ci il, 34-cü bənd, A seriyaları, № 247-B; Vidal Belçikaya qarşı, 22 aprel 1992-ci il, 33-34-cü bəndlər, A seriyaları, № 235-B; və Klaas Almaniyaya qarşı, 22 sentyabr 1993-cü il, 29-cu bənd, A seriyaları, № 269). Milli məhkəmələrin qənaətlərini sual altına ala biləcək və sözügedən gərgin günlərdə malların axınının "hətta adi günlərdəkindən daha yaxşı" olduğu barədə ərizəçilərin Məhkəmə qarşısında iddia etdikləri, Hökumətin isə etiraz etdiyi fikri təsdiqləyə biləcək heç bir material Məhkəməyə təqdim edilməyib (yuxarıda 24 və 121-ci bəndlərə bax).
170. Artıq yuxarıda 97-ci bənddə qeyd edildiyi kimi, həyatın gündəlik axarının və nəqliyyatın işinin pozulması ictimai yerdə keçirilmiş toplantının dolayısı ilə səbəb olduğu mənfi nəticə sayıla bilməzdi. Nümayişlər təyin olunmuş yerdə keçirildiyinə görə nəqliyyatın axınına təsir göstərmirdilər. Fermerlərin şose yoluna çıxmaq və traktorlardan istifadə etmək barədə qərarı diqqəti fermerlərin ehtiyaclarına yönəltmək üçün nəqliyyat vasitələrinin yoldan keçməsini bloklamaq və ya onların axınını azaltmaq və xaos yaratmaq cəhdindən başqa bir şey deyildi. Bilərəkdən yolların bloklanması sadəcə olaraq fermerlərin tələblərinin qəbul edilməsi üçün hökumətə təzyiq göstərmək məqsədini daşıyırdı və bunu bu fakt da göstərirdi ki, nümayişçilər danışıqların uğurla nəticələndiyi barədə məlumat alan kimi blokadanı götürmüşdülər (yuxarıda 22 və 28-ci bəndlərə bax). Bu xüsusiyyət hazırkı işi o işlərdən fərqləndirir ki, həmin işlərdə Məhkəmə nümayişlərin həyatın gündəlik axarının, o cümlədən nəqliyyatın işinin müəyyən dərəcədə pozulmasına səbəb ola biləcəyini qeyd etmişdi (yuxarıda 155-ci bənddə istinad edilən presedent hüququna bax).
171. Məhkəmə nümayişçilərin digərlərinin həyata keçirdiyi fəaliyyətlərin qarşısını aldığı və ya həmin fəaliyyətlərdə dəyişikliklərə səbəb olduğu situasiyaları bundan əvvəl də araşdırmalı olub. Stil və başqalarının işində (bu işə yuxarıda istinad edilib) birinci və ikinci ərizəçilər, müvafiq olaraq, ov fəaliyyətlərinə və magistral yolun inşasına maneə yaratmışdılar. Driman və başqalarının işində (bu işə yuxarıda istinad edilib) "Qrinpis" (Greenpeace) təşkilatının fəalları qayıqlarla manevr edərək balina ovuna maneə yaratmış və balina ovçularını Norveçin xüsusi iqtisadi zonasında canlı resursların qanuni istismarından vaz keçməyə məcbur etmişdilər. Bu iki işdə Məhkəmə hesab etdi ki, sanksiyaların (Stil və başqalarının işində ov fəaliyyətlərinə mane olmağa görə məhkəmə araşdırmasına qədər qırx dörd saat həbsdə saxlanma və iyirmi səkkiz gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmə, habelə magistral yolun inşasına etiraza görə məhkəmə araşdırmasına qədər on yeddi saat həbsdə saxlanma və yeddi gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmə; Driman və başqalarının işində iki günlük məhkəməyəqədər həbs, habelə ödənilməyəcəyi təqdirdə azadlıqdan məhrumetmə ilə əvəzlənəcək cərimə və qayığın müsadirə olunması) tətbiqi digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi də daxil olmaqla qanuni məqsədlərə mütənasib idi. Məhkəmə hesab edir ki, hazırkı işdə də tam əsasla eyni qənaətə gəlmək olar, belə ki, nümayişçilərin aksiyaları bilavasitə onların təqdir etmədikləri fəaliyyətə qarşı deyil, digər bir fəaliyyətə (malları daşıyanların və özəl avtomobillərin şose yolundan istifadə etmələrinə) fiziki əngəl törətməyə yönəlmişdi ki, bunun da onların etirazının obyekti ilə, yəni bəzi kənd təsərrüfatı məhsullarının qiymətlərindəki enişin müqabilində hökumətin hərəkətsizliyi ilə heç bir əlaqəsi yox idi.
172. Bu baxımdan hazırkı işin yuxarıda istinad edilən Lukasın işinə (həmin işdə ərizəçi sualtı atom qayığının saxlanılmasına etiraz etmək üçün ictimai yolu bloklamışdı), habelə yuxarıda istinad edilən Barrakonun işinə (həmin iş nəqliyyatın hərəkətinin ciddi şəkildə ləngiməsi ilə nəticələnmiş etiraz nümayişində ərizəçinin iştirakı ilə əlaqədar idi) oxşarlığı daha çoxdur. Stil və başqalarının işində və Driman və başqalarının işində olduğu kimi bu işlərdə də Məhkəmə müəyyən etmişdi ki, ərizəçilərə tətbiq edilmiş sanksiyalar (Lukasın işində dörd saat polis furqonunda saxlanma və 150 funt sterlinq cərimə; Barrakonun işində isə icrası təxirə salınmış üç aylıq həbs cəzası və 1.500 avro cərimə) Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan mənada "demokratik cəmiyyətdə zəruri" idi. Məhkəmə daha sonra qeyd edir ki, Barrakonun işində nəqliyyatın işinin pozulması (hazırkı işdə qeydə alınmış 48 saatdan artıq müddətdən fərqli olaraq) cəmi beş saat davam etmiş və nümayişin təsirinə yalnız bir şose yolu (hazırkı işdə isə üç şose yolu) məruz qalmışdı.
173. Yuxarıdakı presedent hüququndan göründüyü kimi, nümayişçilər tərəfindən ictimai yerdə dinc toplaşmaq hüququnun həyata keçirilməsinin normal halda yarada biləcəyindən daha artıq dərəcədə həyatın gündəlik axarının və digərlərinin həyata keçirdiyi qanuni fəaliyyətlərin bilərəkdən ciddi şəkildə pozulması Məhkəmənin presedent hüququnda nəzərdə tutulan mənada "qınanılmalı hərəkət" sayıla bilər (yuxarıda 149-cu bədə bax). Beləliklə, bu cür davranış cəzaların, hətta cinayət xarakterli cəzaların tətbiqinə haqq qazandıra bilər.
174. Məhkəmə hesab edir ki, hətta ərizəçilər zorakılıq aktları törətməsələr də və digərlərini belə aktlarda iştiraka təhrik etməsələr də (müqayisə üçün bax: Osmani və başqalarının işi üzrə yuxarıda istinad edilən qərardad; Protopapanın işi üzrə yuxarıda istinad edilən qərar; və Primov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar) polisin göstərişlərinə və yol istifadəçilərinin tələbat və hüquqlarına kobudcasına etinasızlıq göstərməklə üç əsas şose yolunun az qala tam bağlanması elə davranış idi ki, hətta ciddilik dərəcəsi fiziki zor tətbiqindən az olsa da, onu "qınanılmalı" hərəkət adlandırmaq olardı.
175. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə milli hakimiyyət orqanlarının ərizəçilərin davranışını cəzalandırmaq qərarının nəticəsi olan və barəsində şikayət edilən məhdudiyyətin münasib və yetərli əsaslara söykəndiyini şübhə altına almaq üçün heç bir səbəb görmür. Belə vəziyyətlərdə cavabdeh dövlətə müəyyən qiymətləndirmə sərbəstliyinin verilməli olduğunu nəzərə alsaq (yuxarıda 156-cı bəndə bax; həmçinin həmkarlar ittifaqının aksiyasına münasibətdə iştirakçı dövlətlərin geniş diskresion səlahiyyətə malik olduqlarının qeyd edildiyi bu işə də bax və müqayisə apar: "Dəmiryol, dəniz və nəqliyyat işçilərinin milli ittifaqı" Birləşmiş Krallığa qarşı, ərizə № 31045/10, 86-87-ci bəndlər, ECHR 2014), sonuncu, sözsüz ki, ictimai qaydanı qorumaq maraqlarının fermerlərin Hökumətlə danışıqlarında irəliləyişə nail olmaq məqsədi ilə ərizəçilərin yolları bloklamasının güddüyü maraqlardan üstün tutulmalı olduğunu hesab etmək hüququna malikdir (bax (müvafiq dəyişikliklərlə): Primov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 160-cı bənd).
γ) Nümayişçilər zamanı hakimiyyət orqanlarının davranışı
176. Hakimiyyət orqanlarının davranışına gəlincə, Məhkəmə qeyd edir ki, fermerlərin tələb etdiyi kimi, onların konkret yerlərdə dinc toplantılar keçirməsinə icazə verilmişdi və nümayişçilər fərqli məkanlara, yəni şose yollarına keçənə qədər onların mitinqlərinə müdaxilə edilməmişdi. Həmin andan başlayaraq polislər ərizəçilərə yolların blokadasını götürmək barədə göstərişlər verməklə və məsuliyyətə cəlb oluna biləcəkləri barədə xəbərdarlıq etməklə kifayətlənmişdilər (yuxarıda 46 və 52-ci bəndlərə bax). Hətta ərizəçilər bu qanuni göstərişlərə tabe olmadıqda belə, polislər toplantıları dağıtmamağı qərara almışdılar. Fermerlərin qərarı nümayişləri yalnız hökumət onların tələblərini yerinə yetirdikdən sonra dayandırmaqdan ibarət idi (yuxarıda 22-ci bəndə bax). Bundan başqa, fermerlərlə yük maşınlarının sürücüləri arasında gərginlik yaranarkən polislər ciddi qarşıdurmaların qarşısını almaq üçün mübahisə edən tərəfləri sakitləşməyə çağırmışdılar (yuxarıda 28-ci bəndə bax). Nəhayət, hakimiyyət orqanları nəqliyyat tıxaclarını azaltmaq məqsədi ilə nəqliyyatı yaxınlıqdakı yardımçı yollara istiqamətləndirməyə çalışmışdılar.
177. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçilərin davranışının ciddi pozuntulara səbəb olduğuna baxmayaraq, hakimiyyət orqanları yüksək dərəcədə dözümlülük nümayiş etdirmişdilər (bax (müvafiq dəyişikliklərlə): Eva Molnarın işi üzrə yuxarıda istinad edilən qərar, 43-cü bənd; Barrakonun işi üzrə yuxarıda istinad edilən qərar, 47-ci bənd; və Skibanın işi üzrə yuxarıda istinad edilən qərardad; həmçinin müqayisə üçün Primov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərara bax). Bundan əlavə, onlar toplantının dinc şəkildə keçirilməsini və bütün vətəndaşların təhlükəsizliyini təmin etmək üçün nümayişçilərin maraqları ilə şose yollarının istifadəçilərinin maraqlarını balanslaşdırmağa çalışmış və bununla da üzərlərinə düşə biləcək hər hansı pozitiv öhdəliyi yerinə yetirmişdilər (bax: yuxarıda 158-160-cı bəndlərdə istinad edilən presedent hüququna bax).
δ) Ərizəçilərə təyin olunmuş sanksiyalar
178. Ərizəçilərə təyin olunmuş sanksiyalara gəlincə, Məhkəmə qeyd edir ki, tətbiq edilmiş cəza altmış günlük həbs cəzası kimi yüngül bir cəza idi və onun da icrası bir il müddətinə təxirə salınmışdı. Ərizəçilər cərimə cəzasına məhkum edilməmişdilər və bir il davam etmiş məhkumluqlarının yeganə real nəticəsi ondan ibarət idi ki, yaşadıqları ərazini yeddi gündən artıq müddətə tərk etmək istədikləri təqdirdə icazə almalı idilər (yuxarıda 47-ci bəndə bax). Analoji tədbir ərizəçilərin dördünə 2003-cü ilin iyulundan oktyabrınadək məhkəmə araşdırmasına qədər tətbiq edilmişdi (yuxarıda 33-cü bəndə bax). Ərizəçilər üçün bu cür narahatlığın yaranması onların səbəb olduğu ictimai qaydanın ciddi pozuntusu ilə müqayisədə qeyri-mütənasib sayıla bilməz (həmçinin müqayisə üçün müdaxilənin Məhkəmə tərəfindən mütənasib hesab edildiyi bu qərarlara da bax: Stil və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar; və Lukasın işi üzrə yuxarıda istinad edilən qərar). Üstəlik, ərizəçilər yaşadıqları ərazini tərk etmək üçün müraciətlərinin rədd edildiyini və ya bu cür müraciətlərə daxili məhkəmələr tərəfindən sistematik olaraq əhəmiyyət verilmədiyini iddia etməyiblər.
179. Böyük Palata əmin deyil ki, ərizəçilərə qarşı cinayət təqibi bu işdə ziddiyyətə girən maraqlarının balanslaşdırılmasına mane olub (müqayisə üçün Palatanın qərarının 82-ci bəndinə bax). Bununla əlaqədar olaraq o qeyd edir ki, ərizəçiləri azadlıqdan faktiki məhrum etməməklə cəzanın məqsədinə nail olunacağı qənaətinə gələrkən rayon məhkəməsi onların xarakteristikasını və təqsirlərinin dərəcəsini nəzərə almışdı (yuxarıda 47-ci bəndə bax). Üstəlik, regional məhkəmə və Ali Məhkəmə işi araşdırarkən digər məsələlərlə yanaşı Konstitusiyada və Konvensiyada nəzərdə tutulmuş ifadə azadlığı hüququnu nəzərə almışdılar (yuxarıda 53 və 58-ci bəndlərə bax).
180. Bundan əlavə, Məhkəmə hesab edir ki, hazırkı işin konkret hallarının əhatə etdiyi məsələdə dövlətin geniş qiymətləndirmə sərbəstliyinə malik olması yetərincə nəzərə alınmalıdır. Bununla əlaqədar olaraq qeyd etməyə dəyər ki, Məhkəmənin sərəncamında olan müqayisəli hüquq materialına əsasən (yuxarıda 78-81-ci bəndlərə bax), ictimai yolda nəqliyyatın hərəkətinə maneə yaratmanın hüquqi xarakteristikası məsələsində üzv dövlətlər arasında vahid yanaşma yoxdur, belə ki, bəzi dövlətlərdə bu əməl cinayət, digərlərində isə inzibati xəta sayılır. Buna görə də, ərizəçilərin davranışının hüquqi xarakteristikasının təyin edilməsi məsələsində dövlət hakimiyyəti orqanlarına geniş diskresion səlahiyyət verilməlidir. Beləliklə, dövlət hakimiyyəti orqanları ərizəçiləri onların davranışına görə cinayət məsuliyyətinə cəlb etməklə malik olduqları geniş qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmamışdılar (yuxarıda 156-cı bəndə bax).
181. Böyük Palata nəqliyyatın hərəkətinə maneə yaratmış digər fermerin – A.D.-nin yalnız yol hərəkəti qaydalarının pozulmasından ibarət inzibati xətaya görə məsuliyyətə cəlb edilməli olduğu barədə daxili məhkəmələrin gəldiyi nəticədən kənara çıxmaq üçün heç bir səbəb görmür (müqayisə üçün Palatanın qərarının 83-cü bəndinə bax). İstənilən halda, digər şəxslərə daha yüngül cəzanın verilməsi hökmən o demək deyil ki, ərizəçilərə təyin olunmuş sanksiyalar qeyri-mütənasib idi.
ε) Nəticə
182. Bütövlükdə yuxarıdakı mülahizələr əsasında Məhkəmə bu nəticəyə gəlir ki, mayın 21-dən 23-dək keçirilmiş fermerlərin nümayişləri zamanı etdikləri hərəkətlərlə əlaqədar olaraq ərizəçiləri iğtişaş törətməyə görə məhkum edərkən Litvanın hakimiyyət orqanları bir tərəfdən "iğtişaşın qarşısını alınması" və "digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi" kimi qanuni maraqlar, digər tərəfdən isə toplaşmaq azadlığının tələbləri arasında ədalətli balansı gözləmişdilər. Onların qərarları faktların qəbul oluna bilən şəkildə qiymətləndirilməsinə əsaslanmış və münasib və yetərli əsaslara söykənmişdi. Beləliklə, onlar bu məsələdə malik olduqları geniş qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmamışdılar.
183. Barəsində şikayət edilən müdaxilənin Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulan mənada "demokratik cəmiyyətdə zəruriliyi" məsələsinə gəlincə, hazırkı işdə bu maddənin pozuntusu baş verməyib.
184. Bu nəticə Məhkəməni Litvanın hakimiyyət orqanları tərəfindən görülmüş tədbirlərin AİM-in presedent hüququnun işığında əsaslı olub-olmadığı barədə tərəflərin irəli sürdükləri arqumentləri araşdırmaq vəzifəsindən azad edir (ərizəçilərin arqumentləri üçün yuxarıda 125-ci bəndə, Hökumətin arqumentləri üçün yuxarıda 134-135-ci bəndlərə bax). Bu məsələ ilə bağlı Məhkəmə bunu qeyd etməklə kifayətlənir ki, AİM-in rolu üzv dövlətlərin malların sərbəst hərəkətini təmin etmək öhdəliklərini yerinə yetirib-yetirmədiklərini müəyyənləşdirməkdən ibarət idi, hazırkı işdə Məhkəmənin vəzifəsi isə ərizəçilərin toplaşmaq azadlığı hüququnun pozulub-pozulmadığını müəyyənləşdirməkdir.
II. KONVENSİYANIN 7-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
185. Ərizəçilər daha sonra iddia etdilər ki, məhkum edilmələri Konvensiyanın 7-ci maddəsini pozub, həmin maddədə deyilir:
"1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə, cinayət əməli törədildiyi zaman tətbiq olunandan daha ağır cəza təyin edilə bilməz.
2. Bu maddə törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur".
186. Hökumət bu arqumentə etiraz etdi.
A. Tərəflərin arqumentləri
1. Ərizəçilər
187. Palatadakı icraatda ərizəçilər şikayət etdilər ki, məhkum edilmələri üçün əsas olmuş Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndi aydın şəkildə ifadə edilməyib və daxili məhkəmələr tərəfindən lazımi qaydada şərh olunmayıb (həmçinin yuxarıda 103-cü bənddə ərizəçinin Konvensiyanın 11-ci maddəsi üzrə arqumentlərinə bax).
2. Hökumət
188. Hökumət qeyd etdi ki, 1 may 2003-cü ildə qüvvəyə minmiş Cinayət Məcəlləsinin 283-cü maddəsinin 1-ci bəndi bütün vətəndaşlar üçün əlçatan olan qanunvericilik müddəası idi. Bu bənddə yer alan "ictimai qaydanın ciddi şəkildə pozulması" ifadəsi yetərincə aydın və ya dəqiq olmayan ifadə sayıla bilməzdi, belə ki, bütün halların konkret siyahısını sadalamaqdansa ümumi kateqoriyalardan istifadə etmək qanunlar üçün səciyyəvi haldır. Bundan başqa, 4 oktyabr 2005-ci il tarixli qərarında (yuxarıda 56-59-cu bəndlərə bax) Ali Məhkəmə iğtişaş törətmə cinayətinin mahiyyətini təsvir etmişdi.
189. Hökumətin rəyi ondan ibarət oldu ki, ərizəçiləri məhkum etməklə daxili məhkəmələr bu cinayətin anlayışının ağlabatan şərhinin hüdudlarından kənara çıxmayıblar. Hökumətin bildirdiyinə görə, ərizəçilərin davranışı hər hansı şəxsin əmlakına və sağlamlığına ciddi zərər yetirə, yaxud hətta onu həyatdan məhrum edə bilərdi; zərərin daha ciddi olan bu formalarından ona görə yaxa qurtarmaq mümkün olmuşdu ki, polislər qabaqlayıcı tədbirlər görmüş və nəqliyyatın hərəkəti üçün alternativ marşrutlar təşkil etmişdilər.
190. Hökumətin rəyinə görə, ərizəçilər iğtişaşa görə məsuliyyətə cəlb olunacaqlarını öncədən görə bilərdilər. Eyni cinayət əməli üçün 30 aprel 2003-cü ilədək qüvvədə olmuş 1961-ci il tarixli "köhnə" Cinayət Məcəlləsində də cəza nəzərdə tutulmuşdu. Nümayişin təşkilatçıları (A.K. və B.M.) Cinayət Məcəlləsinin 283-cü maddəsinin mətni barədə yazılı şəkildə məlumatlandırılmışdılar (yuxarıda 15 və 17-ci bəndlərə bax) və beləliklə yolların bloklanmasında iştirak edəcəkləri təqdirdə cinayət təqibinə məruz qalmalarının mümkünlüyünü öncədən görə bilərdilər. Nümayişlərə görə xüsusi məsuliyyət daşıyan şəxslər olaraq, onlar həm də hüquq mütəxəssislərindən məsləhət ala bilərdilər.
191. Doğrudur, ərizəçilərin işi iğtişaş törətmə barədə müddəanın tətbiq edildiyi ilk iş idi. Lakin obyektiv səbəblərdən (bunun nadir cinayət olması səbəbindən) bu sahədə milli presedent hüququnun mövcud olmaması avtomatik olaraq Konvensiyanın 7-ci maddəsinin pozuntusuna səbəb ola bilməzdi. Sonradan 2009-cu ildə baş vermiş faktlarla əlaqədar olaraq digər şəxslər iğtişaş törətməyə görə məhkum edildilər (Ali Məhkəmənin 2K-552/2012 saylı cinayət işi üzrə 4 dekabr 2012-ci il tarixli qərarına bax).
B. Palatanın qərarı
192. Konvensiyanın 11-ci maddəsi üzrə gəldiyi qənaətləri nəzərə alaraq, Palata hesab etdi ki, işdəki əsas hüquqi məsələni artıq araşdırıb və buna görə də 7-ci maddə üzrə şikayəti ayrıca araşdırma ehtiyac yoxdur (Palatanın qərarının 87-ci bəndinə bax).
C. Böyük Palatanın qiymətləndirməsi
193. Məhkəmə qeyd edir ki, ərizəçilərin dinc toplaşmaq azadlığına müdaxilənin Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulan mənada "qanunla nəzərdə tutulmuş" olduğunu, o cümlədən ərizəçilərin bu müdaxiləni öncədən görmələrinin mümkün olduğunu artıq müəyyən edib (yuxarıda 111-118-ci bəndlərə bax). O həmçinin bir daha bildirir ki, söhbət "qanundan" getdikdə 7-ci maddədəki bu termin Konvensiyanın mətninin bütün qalan hissələrində işlənmiş eyni termini bildirir, belə ki, bu anlayış həm qanunvericilik aktlarını, həm də presedent hüququnu əhatə edir və keyfiyyət tələblərini nəzərdə tutur, yəni qanun əlçatan olmalı və onun əsasında hərəkətin nəticələrini öncədən görmək mümkün olmalıdır (müvafiq prinsiplərin təkrarən bəyan edildiyi bu işə bax: Rohlena Çexiya Respublikasına qarşı [BP], ərizə № 59552/08, 50-ci bənd, ECHR 2015). Məhkəmə daha sonra qeyd edir ki, Böyük Palataya təqdim etdikləri qeydlərində ərizəçilər konkret olaraq Palatadakı icraatda Konvensiyanın 7-ci maddəsi üzrə verdikləri şikayətə toxunmayıblar. Belə olan halda Məhkəmə hesab edir ki, Konvensiyanın 7-ci maddəsinin pozulub-pozulmadığını ayrıca araşdırmağa ehtiyac yoxdur.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Qərara alır ki, Konvensiyanın 11-ci maddəsi pozulmayıb;
2. Qərara alır ki, Konvensiyanın 7-ci maddəsi üzrə şikayəti ayrıca araşdırmağa ehtiyac yoxdur.
Qərar ingilis və fransız dillərində tərtib edilib və 15 oktyabr 2015-ci ildə Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq yazılı şəkildə elan olunub.
Din Şpilmann (Dean Spielmann)
Sədr
Sören Prebensen (Søren Prebensen)
Katib müavini
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy