© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Kuriç və başqaları Sloveniyaya qarşı [Böyük Palata] (Kurić and Others v. Slovenia [GC]), ərizə № 26828/06
26.06.2012-ci il tarixli qərar [Böyük Palata]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət
Şəxsi həyata hörmət
Sloveniya müstəqillik qazandıqdan sonra daimi sakinlərin qeydiyyatı kitabından "çıxarılmış" şəxslərin yaşayış yeri məsələsinin tənzimlənməməsi: pozuntu baş verib
Maddə 46
Pilot qərar
Ümumi tədbirlər
Cavabdeh dövlətdən tələb edildi ki, qeydiyyat kitabından "çıxarılmış" şəxslər üçün adekvat kompensasiyanı təmin edən kompensasiya sistemi yaratsın.
Faktlar – Səkkiz ərizəçi əvvəllər keçmiş Yuqoslaviyanın və onun tərkibindəki respublikalardan biri olan Sloveniyanın vətəndaşı idilər. Onların Sloveniyada daimi yaşayış yeri vardı, amma Sloveniya müstəqillik qazandıqdan sonra onların bir qismi Sloveniya vətəndaşlığı almaq üçün müraciət etməmiş, digər qisminin müraciətləri isə rədd edilmişdi. 26 fevral 1992-ci ildə yenicə qüvvəyə minmiş "Əcnəbilər haqqında" Qanuna uyğun olaraq, onların adları daimi sakinlərin qeydiyyatı kitabından çıxarıldı və onlar ölkədə yaşayış icazəsi olmayan əcnəbilərə çevrildilər. 25.000 digər şəxs də eyni vəziyyətdə idi. Ərizəçilərin sözlərinə görə, onların heç birinə qeydiyyat kitabından çıxarılmalarına dair qərar barədə məlumat verilməmişdi və onlar əcnəbiyə çevrildiklərini yalnız sonrakı mərhələdə – şəxsiyyət sənədlərini təzələməyə cəhd edərkən öyrənmişdilər. Onların adlarının qeydiyyat kitabından çıxarılması ciddi və uzunmüddətli mənfi nəticələrə səbəb olmuşdu: ərizəçilərin bəziləri vətəndaşlığı olmayan şəxsə çevrilmiş, digərləri isə mənzillərindən çıxarılmış, işləmək və ya başqa yerə getmək imkanından və bütün şəxsi əmlaklarından məhrum olmuşdular və illərlə sığınacaqlarda və parklarda yaşayırdılar. Hətta digərləri tutulub və Sloveniyadan deportasiya olunmuşdular. 1999-cu ildə Konstitusiya Məhkəməsi "Əcnəbilər haqqında" Qanunun müəyyən müddəalarını, habelə qeydiyyat kitabından avtomatik "çıxarılmanı" konstitusiyaya zidd elan etdi, ona görə ki, etiraz edilən qanunvericilik normalarına əsasən, keçmiş Yuqoslaviya vətəndaşları Sloveniya müstəqillik qazanana qədər Sloveniyada yaşamış digər əcnəbilərə nisbətən daha əlverişsiz vəziyyətdə idilər, belə ki, onların hüquqi statusunun Sloveniyada yaşayan əcnəbilərin hüquqi statusuna çevrilməsini tənzimləyən hüquqi sənəd mövcud deyildi. Konstitusiya Məhkəməsinin qərarından sonra qeydiyyat kitabından "çıxarılanların" hüquqi vəziyyətini tənzimləmək üçün yeni qanun qəbul edildi. 2003-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi yeni qanunun müəyyən müddəalarını konstitusiyaya zidd elan etdi, xüsusən ona görə ki, həmin müddəalar qeydiyyat kitabından "çıxarılanların" daimi yaşayış yerinin retrospektiv qaydada bərpasını nəzərdə tutmurdu və ya deportasiya olunanların hüquqi vəziyyətini tənzimləmirdi. 13 iyul 2010-cu il tarixli qərarında Məhkəmənin Palatası yekdilliklə qərara aldı ki, 8-ci və 13-cü maddələrin pozuntusu baş verib (132 saylı Məlumat bülleteninə bax).
Hüquqi məsələlər
Maddə 34 (qurban statusu): Ərizəçilərin xeyrinə çıxarılmış qərarlar və ya tədbirlər prinsipcə onların "qurban" statusundan məhrum edilməsi üçün yetərli deyil. Qeyri-vətəndaşların deportasiyasına və ya ekstradisiyasına aid işlərdə ərizəçinin ölkədə qalmasının tənzimlənməsi və ya ərizəçini daha deportasiya və ya ekstradisiya təhlükəsinin gözləməməsi faktı prinsipcə "qurban" statusunun itirilməsi üçün yetərlidir. Lakin ərizəçinin qurban statusu həm də ölkədaxili səviyyədə təyin olunan kompensasiyanın səviyyəsindən, yaxud müvafiq hallarda ən azından onun məruz qaldığı ziyana görə kompensasiya istəmək və almaq imkanına malik olması faktından asılıdır. Hazırkı işin xüsusiyyətlərindən biri ondan ibarətdir ki, qeydiyyat kitabından "çıxarılma" bir çox insan hüquqları ilə bağlı problem yaradıb. Bundan başqa, bu vəziyyət iyirmi ilə yaxın davam edib. Ərizəçilərin uzun müddət təhlükəli və hüquqi cəhətdən qeyri-müəyyən vəziyyətdə olduqlarını və qeydiyyat kitabından "çıxarılmanın" onlar üçün doğurduğu ağır nəticələri nəzərə alsaq, insan hüquqlarının pozuntularının etiraf edilməsi və ərizəçilərin altısına daimi yaşayış icazəsinin verilməsi onlar üçün "münasib" və "yetərli" kompensasiya təşkil etməyib. Bundan əlavə, kompensasiya tələblərinin heç biri uğurla nəticələnməyib. Belə görünür ki, zaman keçdikcə onların kompensasiya almaq perspektivləri öz əhəmiyyətini xeyli dərəcədə itirib. Müvafiq olaraq, daimi yaşayış icazəsi almış ərizəçilər iddia edilən pozuntuların "qurbanı" olduqlarını hələ də iddia edə bilərdilər.
Nəticə: qurban statusu itirilməyib (yekdilliklə).
Maddə 8: Qeydiyyat kitabından "çıxarılma" və onun təsirləri ərizəçilər üçün mənfi nəticələr doğurub və həmin nəticələr davam etməkdədir, bu hal şəxsi və ailə həyatına müdaxiləyə bərabərdir. Keçmiş Yuqoslaviyanın 25.000-dən artıq digər vətəndaşı ilə birlikdə ərizəçilərin adlarının qeydiyyat kitabından "çıxarılması" müstəqillik dövrünün iki qanunvericilik aktının müddəalarının birgə təsirinin nəticəsi idi. Sözügedən iki hüquqi sənəd istənilən maraqlı şəxslər üçün əlçatan idi. Bununla belə, ərizəçilər mahiyyət etibarı ilə onların əcnəbi statusunun Sloveniya ərazisində yaşamalarını qanunsuz hala gətirəcəyini və qeydiyyat kitabından "çıxarılma" kimi fövqəladə tədbirlə nəticələnəcəyini gözləyə bilməzdilər. Bundan başqa, qeydiyyat kitabından "çıxarılma" öncədən xəbərdarlıq edilmədən avtomatik olaraq həyata keçirilmişdi və ərizəçilərin bu qərardan səlahiyyətli dövlət orqanlarına şikayət etmələrinə və ya Sloveniya vətəndaşlığı üçün müraciət etmədiklərinin səbəblərini izah etmək imkanı yaradılmamışdı. Bundan əlavə, Konstitusiya Məhkəməsi qərara aldı ki, ölkədə daimi yaşayan sakinlərin qeydiyyatı kitabından "çıxarılanların" adlarının yaşayış icazəsi olmayan əcnəbilərin qeydiyyatı kitabına salınmasının daxili qanunvericilikdə heç bir əsası yox idi. Nəhayət, həmin vaxt qüvvədə olan qanunvericilikdə hüquqi boşluq vardı, belə ki, ərizəçilərin daimi yaşayış icazəsi almaqdan ötrü müraciət etmək üçün heç bir prosedur yox idi. Beləliklə, müvafiq qanunvericilik və inzibati praktika zəruri standartlardan məhrum idi, belə ki, həmin qanunvericilik və praktika şəxs üçün əlçatan deyildi və onların əsasında şəxsin öz hərəkətlərinin nəticələrini öncədən görə bilməsi mümkün deyildi. Yəqin ki, "Hüquqi status haqqında" Qanun qeydiyyat kitabından "çıxarılanların" vəziyyətini tənzimləmək üçün qəbul edilmişdi. Lakin Konstitusiya Məhkəməsi bu Qanunun müəyyən müddəalarının konstitusiyaya zidd olduğunu müəyyən etdi və ümumi tədbirləri müəyyən edən bu qərarın yerinə yetirilməsinə yeddi ildən artıq vaxt sərf edildi. Buradan belə nəticə çıxır ki, ən azı 2010-cu ilədək ölkədaxili hüquq sistemində qeydiyyat kitabından "çıxarılmanın" nəticələri və bu tədbirə məruz qalanların yaşayış statusu aydın şəkildə tənzimlənməmişdi. Buna görə də, ərizəçilər nəinki barəsində şikayət etdikləri tədbirin onlara tətbiq ediləcəyini, həm də onların şəxsi və ailə həyatı üçün onun doğuracağı nəticələri öncədən görə bilməzdilər. Beləliklə, bu işdəki müdaxilə qanunla nəzərdə tutulmamışdı.
Bununla belə, hazırkı işin xüsusi hallarını nəzərə alaraq Məhkəmə həmçinin hesab etdi ki, bu müdaxilənin qanuni məqsəd daşıyıb-daşımadığını və həmin məqsədə mütənasib olub-olmadığını araşdırmaq zəruridir. Müstəqillik dövrünün qanunvericilik aktlarının məqsədi və ərizəçilər barəsində görülmüş tədbirlər daha geniş kontekstdə – 1991-ci ildə keçmiş Yuqoslaviyanın ləğv olunması və Sloveniyanın müstəqillik qazanması, habelə effektiv siyasi demokratiyanın bərqərar olması kontekstində nəzərdən keçirilməlidir, bu hadisələr parlament seçkilərinin keçirilməsi məqsədi ilə "Sloveniya vətəndaşları toplumunun" formalaşmasına gətirib çıxarmışdı. Dövlət hakimiyyəti orqanları "Sloveniya vətəndaşları toplumunu" formalaşdırmağa və beləliklə də ölkənin milli təhlükəsizlik maraqlarını qorumağa çalışırdılar ki, bu da Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş qanuni məqsəd idi. Lakin sözügedən tədbirlərin mütənasibliyi məsələsinə gəlincə, müstəqillik dövrünün qanunvericilik aktlarındakı boşluq ərizəçiləri onların hüquqi statusundan məhrum etmişdi, həmin status əvvəllər onların çoxsaylı müxtəlif hüquqlardan yararlanmasına imkan verirdi. Ölkə ərazisində qanuni əsasda yaşayan əcnəbi ölkə vətəndaşlığını qəbul etməyə ehtiyac olmadan həmin ölkədə yaşamaqda davam edə bilərdi. Lakin keçmiş Yuqoslaviya vətəndaşlarının Sloveniya vətəndaşlığını seçmədikləri və ya həmin vətəndaşlığı almaq üçün müraciət etmədikləri təqdirdə yaşayış yeri ilə bağlı statusunun tənzimlənə bilməsi üçün digər respublikalardan birinin vətəndaşlığını əldə etməsinə icazə verən normalar Sloveniya qanunvericiliyində yox idi. Belə normalar qarşıya qoyulan qanuni məqsədlərə heç də xələl gətirməzdi. Müvafiq olaraq, barəsində şikayət edilən tədbirlər nə qanunla nəzərdə tutulmuşdu, nə də milli təhlükəsizliyi qorumaqdan ibarət qanuni məqsədə nail olmaq üçün demokratik cəmiyyətdə zəruri idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
8-ci maddə ilə birgə götürülməklə 14-cü maddə: Bu işdə yaşayış yeri ilə bağlı məsələlərdə analoji vəziyyətdə olan iki insan qrupu ilə – "həqiqi" əcnəbilərlə və keçmiş Yuqoslaviya respublikalarının vətəndaşları ilə fərqli şəkildə rəftar edilmişdi. Vətəndaşlığa əsaslanan bu fərqli rəftar keçmiş Yuqoslaviya vətəndaşlarının üzərinə qeyri-mütənasib və həddən artıq ağır yük qoymuşdu.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin 8-ci maddə ilə birgə götürülməklə 13-cü maddənin də pozulduğunu müəyyən etdi.
Maddə 46: Hər hansı oturuşmuş ölkədaxili praktika olmadığı bir vəziyyətdə bu mərhələdə Hökumət tərəfindən aparılan islahatların və atılan müxtəlif addımların qeydiyyat kitabından "çıxarılanların" yaşayış yeri ilə bağlı statusunun qaneedici tərzdə tənzimlənməsi ilə nəticələnib-nəticələnmədiyini araşdırmaq hələ tez idi. İstənilən halda, qeydiyyat kitabından "çıxarılmış" insanlar kateqoriyası əsas hüquqlarının pozulmasına görə hələ də kompensasiya ala bilməmişdi. Üstəlik, barəsində şikayət edilən vəziyyətin qiymətləndirilməsi sadəcə ərizəçilərin maraqları ilə əlaqədar olan məsələ deyil, daha geniş məsələ idi və bu işin araşdırılması bu vəziyyətin potensial təsirinə məruz qalan şəxslərin maraqları naminə zəruri olan ümumi tədbirlərin tətbiqi baxımından tələb olunurdu. Buna görə də hazırkı iş pilot qərarın qəbulu proseduru üçün uyğun sayıldı. Qeydiyyat kitabından "çıxarılmış" şəxslər tərəfindən təqdim edilmiş yalnız bir neçə şikayət hazırda Məhkəmənin icraatında idi, amma sistem və struktur xarakterli qüsurlar və ya analoji pozuntular kontekstində onların sayı, yəqin ki, xeyli artacaq. Buna görə də cavabdeh dövlət bir il ərzində xüsusi ölkədaxili kompensasiya sistemləri yaratmalıdır. Bütün analoji şikayətlərin araşdırılması həmin tədbir həyata keçirilənə qədər təxirə salındı.
Maddə 41: Ərizələri qəbuledilən sayılmış altı ərizəçinin hər birinə mənəvi ziyana görə 20.000 avro təyin edildi, maddi ziyana görə kompensasiya məsələsinə baxılması isə təxirə salındı.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy