© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
KURİÇ VƏ BAŞQALARI SLOVENİYAYA qarşı İŞİ
CASE OF KURIĆ AND OTHERS v. SLOVENIA
(26828/06 saylı ərizə)
QƏRAR
[Çıxarışlar]
STRASBURQ
26 iyun 2012
Bu qərar qətidir, lakin redaktə məqsədilə təhlil edilə bilər.
Kuriç və Başqaları Sloveniyaya qarşı işinə,
Aşağıdakı tərkibdən:
Nicolas Bratza, Sədr,
Jean-Paul Costa,
Françoise Tulkens,
Nina Vajić,
Dean Spielmann,
Boštjan M. Zupančič,
Anatoly Kovler,
Elisabeth Steiner,
Isabelle Berro-Lefèvre,
Päivi Hirvelä,
George Nicolaou,
Luis López Guerra,
Zdravka Kalaydjieva,
Nebojša Vučinić,
Guido Raimondi,
Ganna Yudkivska,
Angelika Nußberger, hakimlər,
və Vincent Berger, Hüquq məsləhətçisi,
ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi,
6 iyul 2011-ci ildə və 11 aprel 2012-ci ildə qapalı müşavirə keçirərək,
11 aprel 2012-ci ildə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROSEDUR
1. İş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü Maddəsinə əsasən Xorvatiya vətəndaşı cənab Milan Makuc və on digər ərizəçi tərəfindən 4 iyul 2006-cı ildə Məhkəməyə təqdim edilmiş Sloveniyaya qarşı şikayət (26828/06 saylı ərizə) əsasında açılıb. Cənab Makucun ölümündən sonra iş Kuric və Başqaları Sloveniyaya qarşı adlandırıldı. Böyük Palata qarşısında səkkiz ərizəçi qaldı (bax aşağıda 15-ci bənd).
2. Ərizəçilər Məhkəmədə Romada fəaliyyət göstərən cənab A.G. Lana və cənab A. Saccucci, və Genuyada (İtaliya) fəaliyyət göstərən xanım A. Ballerini və cənab M. Vano tərəfindən təmsil olunublar.
3. Sloveniya Hökuməti (“Hökumət”) onun nümayəndəsi, Dövlət Vəkili cənab L. Bembiç tərəfindən təmsil olunub.
4. Konvensiyanın 8-ci Maddəsinə əsasən ərizəçilər xüsusilə iddia etdilər ki, Sloveniya 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra onlar əsassız olaraq daimi rezidentlər statusundan məhrum olunmuşdular. Onlar həmçinin Konvensiyanin 13-cü Maddəsinə əsasən şikayət etdilər ki, bununla əlaqədar hər hansı səmərəli hüquqi müdafiə vasitəsi mövcud olmayıb, və Konvensiyanın 8-ci Maddəsi ilə birgə baxılmaqla 14-cü Maddəyə əsasən şikayət etdilər ki, onlar ayrı-seçkilik rəftarına məruz qalıblar. Nəhayət onlar bildirdilər ki, 1 saylı Protokolun 1-ci Maddəsinə zidd olaraq, onlar pensiya hüquqlarından əsassız olaraq məhrum ediliblər.
5. Şikayət Məhkəmənin Üçüncü Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi), o isə, 10 noyabr 2006-cı ildə Məhkəmə Reqlamentinin 40-cı Qaydasına əsasən təcili məsələ kimi cavabdeh Hökumətə məlumat vermək və 41-ci Qaydasına əsasən ona prioritet vermək qərarına gəldi.
6. 31 may 2007-ci ildə hakimlər Corneliu Bîrsan, Boštjan M. Zupančič, Elisabet Fura, Alvina Gyulumyan, Egbert Myjer, David Thór Björgvinsson və Ineta Ziemele və həmçinin Bölmə Katibi Santiago Quesadadan ibarət Üçüncü Bölmə ayrılıqda götürüldükdə və Konvensiyanın 13 və 14-cü Maddələri ilə birgə götürüldükdə 8-ci Maddə və 1 Saylı Protokolun 1-ci Maddəsi altında şikayətlər barədə cavabdeh Hökumətə məlumat vermək qərarı verdi. Həmçinin şikayətin qəbuledilənliyi və mahiyyəti ilə bağlı qərarın eyni vaxtda verilməsi qərara alındı (29-cu Maddənin 1-ci bəndi). Şikayətin qalan hissəsi qəbuledilməz elan edildi.
7. Bundan başqa, icraata müdaxilə etmək hüququndan istifadə edən Serbiya Hökumətindən üçüncü tərəfin qeydləri alındı (Konvensiyanın 36-cı Maddəsinin 1-ci bəndi və 44-cü Qaydanın 1-ci bəndinin (b) yarımbəndi). Həmçinin üçüncü tərəfin müşahidələri Sədr tərəfindən yazılı icraata müdaxilə etmək razılığı verilən Bərabər Hüquqlar Etibarı Təşkilatı (Equal Rights Trust), Açıq Cəmiyyət İnstitutunun Ədalət Təşəbbüsü (Open Society Justice Initiative), Sülh İnstitutu – Müasir Sosial və Siyasi Araşdırmalar İnstitutu (the Peace Institute – Institute for Contemporary Social and Political Studies), və Qeyri-Hökumət Təşkilatlarının Hüquqi Məlumat Mərkəzi (the Legal Information Centre of Non-Governmental Organisations) tərəfindən təqdim edildi (Konvensiyanın 36-cı Maddəsinin 2-ci bəndi və 44-cü Qaydanın 3-cü bəndi). Cavabdeh Hökumət və ərizəçilər Serbiya Hökumətinin qeydlərinə cavab verdilər.
8. Konvensiyanın 36-cı Maddəsinin 1-ci bəndi və 44-cü Qaydanın 1-ci bəndinin (a) yarımbəndinə əsasən bildirişə əlavə olaraq, Xorvatiya Hökuməti və Bosniya və Herseqovina Hökuməti hazırki işə müdaxilə etmək hüququndan istifadə etmək istəmədilər.
9. 13 iyul 2010-cu ildə hakimlər Josep Casadevall, Elisabet Fura, Corneliu Bîrsan, Boštjan M. Zupančič, Alvina Gyulumyan, Egbert Myjer və Ineta Ziemeledən, və Bölmə Katibi Santiago Quesadadan ibarət Üçüncü Bölmənin Palatası səkkiz ərizəçinin Konvensiyanın 8, 13 və 14-cü Maddələri altında şikayətlərinə münasibətdə ərizəni qəbuledilən elan etdi və yekdilliklə qərara aldı ki, Konvensiyanın 8 və 13-cü Maddələri pozulub və Konvensiyanın 14-cü Maddəsi altında şikayəti araşdırmağa ehtiyac yoxdur. Palata həmçinin qərara aldı ki, mərhum ərizəçi cənab Makucun qohumları onun yerinə icraatı davam etdirməyi təkid etmədilər. Daimi yaşayış icazəsi verilən cənab Petreşin və cənab Jovanovişin şikayətləri, və digər ərizəçilərin şikayətlərinin qalan hissəsi qəbuledilməz elan edildi. Bundan əlavə, Palata cavabdeh Hökumətə 46-cı Maddəyə əsasən qəbul edilməli olan müvafiq ümumi və fərdi tədbirləri göstərdi və Konvensiyanın 41-ci Maddəsinə əsasən əvəzin ədalətli ödənilməsi məsələsini təxirə saldı.
10. 13 oktyabr 2010-cu ildə Hökumət Konvensiyanın 43-cü Maddəsinə və 73-cü Qaydaya əsasən işin Böyük Palataya göndərilməsini xahiş etdi. 21 fevral 2011-ci ildə Böyük Palatanın paneli həmin xahişi təmin etdi.
11. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı Maddəsinin 4-cü və 5-ci Maddələrinə və 24-cü Qaydaya müvafiq olaraq müəyyən olundu. 3 noyabr 2011-ci ildə Jean-Paul Costanın Məhkəmənin Sədri qismində səlahiyyət müddəti başa çatdı. Nicolas Bratza bu vəzifədə onun işini davam etdirdi və hazırki işdə Böyük Palataya sədrliyi üzərinə götürdü (9-cu Qaydanın 2-ci bəndi). Jean-Paul Costa Konvensiyanın 23-cü Maddəsinin 3-cü bəndinə və 24-cü Qaydanın 4-cü bəndinə müvafiq olaraq, səlahiyyət müddəti başa çatdıqdan sonra işə baxmağa davam etdi.
12. Ərizəçilər və cavabdeh Hökumət hər biri yazılı müşahidələrini təqdim etdi. Bundan əlavə, Sədr tərəfindən Böyük Palatada yazılı icraata müdaxilə etmək icazəsi verilən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən üçüncü tərəfin qeydləri əldə edildi (Konvensiyanın 36-cı Maddəsinin 2-ci bəndi və 44-cü Qaydanın 3-cü bəndi). Açıq Cəmiyyət İnstitutunun Ədalət Təşəbbüsü həmçinin yenilənmiş və ümumiləşdirilmiş təqdimatlar verdi.
13. İşə açıq baxılması 6 iyul 2011-ci ildə İnsan Hüquqları Binasında keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
(a) cavabdeh Hökumət tərəfindən
Cənab L. Bembič, Dövlət Vəkili,Nümayəndə,
Xanım V. Klemenc, Dövlət Vəkili,Həm-nümayəndə,
Xanım N. Gregori, Daxili İşlər Nazirliyi,
Cənab J. Koselj, Daxili İşlər Nazirliyi,
Xanım I. Jeglič, Daxili İşlər Nazirliyi,
Xanım A. Snoj, Daxili İşlər Nazirliyi,
Cənab A. Jerman, Daxili İşlər Nazirliyi,
Cənab P. Pavlin, Daxili İşlər Nazirliyi,
Cənab S. Bardutzky, Ədliyyə Nazirliyi,Məsləhətçilər;
(b) ərizəçilər tərəfindən
Cənab A. G. Lana,
Cənab A. Saccucci,Vəkillər,
Xanım N. Kogovšek Šalamo,
Xanım A. Sironi,Məsləhətçilər.
14. Böyük Palata cənab Lana, cənab Saccucci və cənab Bembičin müraciətlərini, o cümlədən hakimlərin suallarına onların cavablarını dinlədi. Ərizəçilər və cavabdeh Hökumət tərəfindən yazılı qaydada əlavə məlumatlar təqdim edildi.
FAKTLAR
I. İŞİN HALLARI
15. Birinci ərizəçi cənab Mustafa Kuriç 1935-ci ildə anadan olub və Koperdə (Sloveniya) yaşayır. O, vətəndaşlığı olmayan şəxsdir. İkinci ərizəçi cənab Velimir Dabetiç 1969-cu ildə anadan olub və İtaliyada yaşayır. O, vətəndaşlığı olmayan şəxsdir. Üçüncü ərizəçi xanım Ana Mezga Xorvatiya vətəndaşıdır. O, 1965-ci ildə anadan olub və Portorozda (Sloveniya) yaşayır. Dördüncü ərizəçi xanım Ljubenka Ristanoviç Serbiya vətəndaşıdır. O, 1968-ci ildə anadan olub və Serbiyada yaşayır. Beşinci ərizəçi dördüncü ərizəçinin oğlu cənab Tripun Ristanoviç 1988-ci ildə anadan olub və hal-hazırda Sloveniyada yaşayır. O, Bosniya və Herseqovinanın vətəndaşıdır. Altıncı ərizəçi cənab Ali Berişa 1969-cu ildə Kosovoda anadan olub. Ən son mövcud məlumata görə o, Serbiya vətəndaşıdır. O, hal-hazırda Almaniyada yaşayır. Yeddinci ərizəçi cənab İlfan Sadik Ademi 1952-ci ildə anadan olub. O, Almaniyada yaşayır və hazırda Makedoniya vətəndaşıdır. Səkkizinci ərizəçi cənab Zorab Miniç 1972-ci ildə anadan olub. Hökumətin bildirdiyinə görə o, Serbiya vətəndaşıdır.
A. İşlə bağlı ümumi məlumat
1. YSFR-da vətəndaşlıq
16. Yuqoslaviya Sosialist Federal Respublikası (“YSFR”) altı respublikadan ibarət olan federal Dövlət idi: Bosniya və Herseqovina, Xorvatiya, Serbiya, Sloveniya, Monteneqro (Çernoqoriya) və Makedoniya. YSFR vətəndaşları daxili məqsədlər baxımından “ikili vətəndaşlığa” malik idilər, yəni, onlar həm YSFR-in və həm də altı respublikadan birinin vətəndaşları idilər. 1974-cü ilə qədər federal vətəndaşlıq respublika vətəndaşlığından üstün idi: yalnız Yuqoslaviya vətəndaşı respublika vətəndaşlığına malik ola bilərdi.
17. Vətəndaşlığın qan üzrə əldə olunması əsas prinsipi ilə (jus sanguinis) vətəndaşlığın tənzimlənməsi YSFR-in bütün respublikalarında eyni idi. Prinsip etibarilə uşaq öz valideynlərinin vətəndaşlığını əldə edirdi; əgər valideynlər müxtəlif respublikaların vətəndaşları idilərsə, onlar öz uşaqlarının vətəndaşlığı ilə bağlı birgə razılığa gəlirdilər. Digər respublikanın vətəndaşlığının alındığı tarixdən, şəxsin əvvəlki respublikanın vətəndaşlığı sona yetirdi.
18. 1947-ci ildən ayrıca Vətəndaşlığın Reyestri federal Dövlət səviyyəsində deyil, respublikalar səviyyəsində aparılırdı. 1974-cü ildən yeni doğulmuş uşaqlara dair vətəndaşlıqla bağlı məlumatlar Doğumların Reyestrinə daxil edilirdi və 1984-cü ildən vətəndaşlıqla bağlı bütün məlumatlar Doğumların Reyestrinə daxil edilməklə, məlumatların Vətəndaşlığın Reyestrinə daxil edilməsi başa çatdı.
19. YSFR vətəndaşları federal Dövlətin hüdudunda hərəkət azadlığına malik idilər və onun ərazisində məskunlaşdıqları yerdə daimi yaşayış yeri üzrə qeydiyyata alına bilərdilər. YSFR vətəndaşlarının müxtəlif mülki, iqtisadi, sosial və hətta siyasi hüquqlardan tam istifadə etmələri daimi yaşayışla bağlı idi.
20. İstənilən başqa YSFR respublikalarından birinin vətəndaşları olan o zamankı Sloveniya Sosialist Respublikasında yaşayan YSFR vətəndaşları, məsələn ərizəçilər, orada öz daimi yaşayışlarını Sloveniya vətəndaşları ilə eyni qaydada qeydiyyata salmışdılar. Xarici vətəndaşlar həmçinin ayrıca prosedur altında YSFR-da daimi yaşayış əldə edə bilərdilər.
2. Sloveniyanın müstəqilliyi və “silinmə”
21. YSFR-in parçalanması prosesində Sloveniya müstəqilliyə doğru addımlar atdı. 6 dekabr 1990-cı ildə Sloveniya Respublikasının o zamankı Məclisi Sloveniya ərazisində daimi yaşayışa malik bütün şəxslərə istədikləri halda Sloveniya vətəndaşlığını əldə etmək hüququnun veriləcəyini təmin edən “Xeyirxah Niyyətlər haqqında Bəyanat” (Izjava o dobrih namenih) qəbul etdi (bax aşağıda 200-cü bənd).
22. 25 iyun 1991-ci ildə Sloveniya öz müstəqilliyini elan etdi. “Müstəqillik qanunvericiliyi” adlandırılan bir sıra qanunlar qəbul edildi. Bura Sloveniya Respublikasının Vətəndaşlığı haqqında Qanun (Zakon o državljanstvu Republike Slovenije – “Vətəndaşlıq haqqında Qanun”), Əcnəbilər haqqında Qanun (Zakon o tujcih, bax aşağıda 205-207-ci bəndlər), Milli Sərhədə Nəzarət haqqında Qanun (Zakon o nadzoru državne meje) və Sloveniya Respublikası Vətəndaşlarının Pasportları haqqında Qanun (Zakon o potnih listinah državljanov Republike Slovenije) daxil idi.
23. Həmin dövrdə digər bəzi keçmiş YSFR respublikalarından fərqli olaraq, Sloveniya əhalisi nisbətən homogen idi, belə ki, 2 milyon rezidentin təxminən 90%-i Sloveniya vətəndaşlığına malik idi. Ərizəçilər daxil olmaqla, təqribən 200.000 Sloveniya rezidentləri (və ya əhalinin 10%-i) digər keçmiş YSFR respublikalarının vətəndaşları idi. Bu proporsiya həmçinin o zamanlar Sloveniya əhalisinin etnik mənşəyini geniş şəkildə əks etdirir.
24. Xeyirxah Niyyətlər haqqında Bəyanata müvafiq olaraq, Konstitusiya Qanununun 13-cü bəndi nəzərdə tutur ki, 23 dekabr 1990-cı ildə, Sloveniyanın müstəqilliyinə dair plebisit (ümumxalq sorğusu) tarixində, Sloveniya Respublikasının daimi rezidentləri kimi qeydiyyatdan keçən və faktiki olaraq orada yaşayan keçmiş YSFR-in digər respublikalarının vətəndaşları, Vətəndaşlıq haqqında Qanunun 40-cı bəndinə əsasən onlar vətəndaşlıq əldə edənə qədər və ya Əcnəbilər haqqında Qanunun 81-ci bəndində təsbit edilən vaxt həddinin başa çatmasına qədər, mülkiyyətin əldə olunması istisna olmaqla, Sloveniya Respublikasının vətəndaşları ilə bərabər hüquqlara və vəzifələrə malikdirlər (25 dekabr 1991-ci il – bax aşağıda 202, 205 və 207-ci bəndlər).
25. 25 iyun 1991-ci ildə qüvvəyə minən Vətəndaşlıq haqqında Qanunun 40-cı bəndi nəzərdə tuturdu ki, Sloveniya vətəndaşları olmayan keçmiş YSFR respublikalarının vətəndaşları (“keçmiş YSFR respublikalarının vətəndaşları”) üç tələbə cavab verdikləri halda Sloveniya vətəndaşlığını əldə edə bilərdilər: onlar 23 dekabr 1990-cı ilə qədər (plebisit tarixi) Sloveniyada daimi rezident statusunu əldə etmiş olmalı, faktiki olaraq Sloveniyada yaşamış olmalı, və Vətəndaşlıq haqqında Qanunun qüvvəyə mindikdən sonra altı ay ərzində vətəndaşlıq üçün müraciət etmiş olmalı idilər. Yuxarıda 24-cü bənddə göstərildiyi kimi bu son müddət 25 dekabr 1991-ci ildə başa çatdı. Bu tarixdən sonra Vətəndaşlıq haqqında Qanunun 10-cu bəndində nəzərdə tutulan naturalizasiya ilə vətəndaşlığın əldə olunmasının daha az əlverişli şərtləri həmçinin digər keçmiş YSFR respublikalarının vətəndaşları üçün tətbiq olundu (bax aşağıda 205-ci bənd).
26. Rəsmi məlumata görə Sloveniyada yaşayan keçmiş YSFR respublikalarının 171,132 vətəndaşı Vətəndaşlıq haqqında Qanunun 40-cı maddəsinə əsasən müraciət etdilər və yeni Dövlətin vətəndaşlığını əldə etdilər. Hesablamalara görə daha 11,000 şəxs Sloveniyanı tərk etdi.
27. Əcnəbilər haqqında Qanunun 81-ci bəndinin ikinci yarımbəndinə əsasən göstərilən vaxt həddi ərzində Sloveniya vətəndaşlığı üçün müraciət etməyən və ya tələbləri təmin edilməyən keçmiş YFSR respublikalarının vətəndaşları əcnəbilər oldular. Əcnəbilər haqqında Qanunun müddəaları keçmiş YSFR vətəndaşlarına vaxt həddinin başa çatmasından iki ay sonra (bu 26 fevral 1992-ci ilə qədərdir) və ya vətəndaşlıq üçün müraciəti rədd edən inzibati icraatda qəbul edilmiş qərar qəti olandan iki ay sonra tətbiq olundu (bax aşağıda 207-ci bənd).
28. Müstəqillik elan olunduqdan sonra Daxili İşlər Nazirliyi (“Nazirlik”) müstəqillik qanunvericiliyinin və xüsusilə də Əcnəbilər haqqında Qanunun icrası ilə bağlı bələdiyyə inzibati hakimiyyət orqanlarına bir neçə dərc olunmamış daxili göstərişlər (okrožnice, navodila, depeše) göndərdi. 26 iyun 1991-ci il tarixli təlimatda Nazirlik inzibati hakimiyyət orqanlarına göstəriş verdi ki, Sloveniyada yaşayan digər YSFR respublikalarının vətəndaşları bundan sonra bütün inzibati icraatlarda əcnəbi hesab olunurlar və 1991-ci il Konstitusiya Qanununun 13-cü bəndinə əsasən onlar müvafiq vaxt hədlərinin başa çatmasına qədər Sloveniya Respublikasının vətəndaşları ilə bərabər hüquqlara və vəzifələrə malikdirlər (bax yuxarıda 24-cü bənd). O, daha sonra pasportlar və əcnəbilər sahəsində texniki göstərişlər verdi. 30 iyul 1991-ci ildə Nazirlik bələdiyyə inzibati hakimiyyət orqanlarına məlumat verdi ki, Avropa Birliyi Nazirlər Üçlüyü və Sloveniya, Xorvatiya, Serbiya və Yuqoslaviya nümayəndələri arasında Brioni Bəyannaməsinə əlavə olaraq, daxili işlər sahəsində müstəqillik qanunvericiliyinin icrası üç ay müddətinə dayandırılmışdı. Bu müddət ərzində digər YSFR respublikalarının vətəndaşlarına əcnəbilər kimi rəftar edilməyəcək. İki sonrakı təlimatlar Əcnəbilər haqqında Qanunun icrası ilə bağlı ümumi problemlərə diqqət yetirməklə, 5 və 18 fevral 1992-ci ildə qəbul edildi. Əvvəlki təlimat təsdiq etdi ki, əcnəbilərin statusuna aid məsələləri idarə edərkən, Sloveniya inzibati hakimiyyət orqanları tərəfindən verilən digər YSFR respublikalarının vətəndaşlarının şəxsi sənədləri saxlanılmalı və onların pasportları götürülməli və məhv edilməlidir.
29. 26 fevral 1992-ci ildə, Əcnəbilər haqqında Qanunun 81-ci bəndinin ikinci yarımbəndi tətbiq edilən tarixdə, bələdiyyə inzibati hakimiyyət orqanları Sloveniya vətəndaşlığı üçün müraciət etməyənləri və ya vətəndaşlığı əldə etməyənləri Daimi Rezidentlərin Reyestrindən (Register stalnega prebivalstva – “Reyestr”) çıxardı və Hökumətin bildirdiyinə görə Yaşayış İcazəsi olmayan Əcnəbilərin Reyestrinə keçirdi.
30. 27 fevral 1992-ci ildə Nazirlik özünün bələdiyyə inzibati hakimiyyət orqanlarına göstərişlərində qeyd etdi ki, bu şəxslərin hüquqi statusunu tənzimləmək zəruri olardı. O, onların diqqətini o fakta yetirdi ki, çoxsaylı problemlərin yaranması gözlənilir; müvafiq şəxslərin hüquqi statusu tənzimlənməlidir və paralel olaraq, “qeydlərin təmizlənməsi” aparılmalıdır. Bundan əlavə, Nazirlik qeyd etdi ki, bu cür şəxslərin sənədləri Sloveniya hakimiyyət orqanları tərəfindən verildiyinə və formal olaraq qüvvədə olmasına baxmayaraq, şəxslərin statusunun ex lege dəyişməsinə görə faktiki olaraq qüvvədən düşəcək. Nazirlik həmçinin yaşayış icazəsinin ləğvi və məcburi çıxarılma hallarında Əcnəbilər haqqında Qanunun 23-cü və 28-ci bəndlərinə şərh verdi.
31. Ərizəçilər bildirdilər ki, adları Reyestrdən çıxarılan şəxslər hər hansı rəsmi bildiriş almadılar. Onlar qeyd etdilər ki, bununla əlaqədar hər hansı xüsusi prosedur təmin edilməyib və hər hansı rəsmi sənədlər çıxarılmayıb. Onlara yalnız sonradan, məsələn, öz şəxsi sənədlərini (şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi) yeniləməyə cəhd etdikdə məlum olub ki, onlar əcnəbi olmuşlar. Lakin Hökumət bildirdi ki, Rəsmi Qəzetdə dərcdən əlavə, Sloveniya əhalisi yeni qanunvericilik barədə kütləvi informasiya vasitələri və bildirişlər vasitəsilə məlumatlandırılmışdı. Bəzi bələdiyyələrdə bildirişin şəxsi vasitələrindən həmçinin istifadə olunduğu iddia olundu.
32. 2002-ci ilin rəsmi məlumatına görə 26 fevral 1992-ci ildə öz daimi yaşayış statusunu itirmiş keçmiş YSFR vətəndaşlarının sayı 18,305-ə bərabər idi, bunlardan 2,400 nəfərə vətəndaşlıqdan imtina edilmişdi. Onlar “silinənlər” (izbrisani) kimi tanındılar və bu işdəki ərizəçilər də bura daxil idi. “Silinənlərə” dair yeni məlumatlar 2009-cu ildə toplandı (bax aşağıda 69-cu bənd).
33. Nəticədə “silinənlər” Sloveniyada qanunsuz yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər oldular. Ümumiyyətlə, onlar işlərini və sürücülük hüquqlarını saxlamaqda və pensiya müavinətlərini əldə etməkdə çətinlik çəkirdilər. Həmçinin onlar ölkəni tərk edə bilmirdilər, çünki etibarlı sənədləri olmadan yenidən ölkəyə daxil ola bilmirdilər. Bəzi ailə üzvləri Sloveniyada və başqaları keçmiş YSFR-in digər Dövlətlərindən birində olmaqla, bir çox ailələr bölündülər. “Silinənlər” arasında 5,360 yetkinlik yaşına çatmayanlar var idi. Əksər hallarda onların şəxsiyyətini təsdiq edən sənədlər götürülmüşdü. “Silinənlərdən” bəziləri könüllü olaraq Sloveniyanı tərk etdi. Bəziləri barəsində ölkədən çıxarılma barədə əmrlər icra edildi və Sloveniyadan deportasiya olundular.
34. 26 fevral 1992-ci ildən sonra digər keçmiş YSFR respublikalarının vətəndaşlarının daimi yaşayışlarının qeydiyyatı onlar yaşayış üçün yeni icazə almadıqları halda ləğv olundu. Lakin Əcnəbilər haqqında Qanunun 82-ci bəndinə əsasən keçmiş YSFR-in respublikalarından olmayan Dövlətlərin vətəndaşlığına malik olan xaricilərə verilən daimi yaşayış üçün icazələr Əcnəbilər haqqında Qanun qüvvəyə mindikdən sonra qüvvədə qalmağa davam etdi (bax aşağıda 207-ci bənd).
35. 4 iyun 1992-ci ildə o zamankı Daxili İşlər Naziri Hökumətə məktub (№ 0016/1-S-010/3-91) göndərərək, Sloveniyada tənzimlənən statusları olmadan yaşayan, keçmiş YSFR-in digər respublikalarından olan şəxslərin mühüm sayı baxımından Əcnəbilər haqqında Qanunun icrası ilə bağlı açıq qalan məsələlər barədə məlumatlandırdı. O, həmçinin bildirdi ki, onun fikrincə müstəqillik prosesində Sloveniyada yaşayan digər YSFR respublikalarının vətəndaşlarının hüquqları, beynəlxalq konvensiyaların və ikitərəfli müqavilələrin nəticəsi olaraq, nəzərə alınmışdır. Hökumət bildirdi ki, bu məktuba əlavə olaraq, Əcnəbilər haqqında Qanunun müddəalarını daha çevik qaydada şərh edərək, onlar “silinmənin” nəticələrini yumşaltmaq üçün tədbirlər gördülər (bax aşağıda 36-cə bənd). Bundan əlavə, 15 iyun 1992-ci ildə Əcnəbilər haqqında Qanunun icrası barədə göstərişlərlə digər təlimat bələdiyyə inzibati hakimiyyət orqanlarına göndərildi. Orada hərbi mənzillərin yerləşdirilməsi, Bosniya və Herseqovinadan müvəqqəti qaçqınların qeydiyyatı, qeydlərin saxlanması, əhali reyestrindən şəxsi məlumatların ötürülməsi, və əcnəbilərə dair icraatlar kimi məsələlərə aid bir sıra açıq suallara toxunulurdu. Sloveniya hakimiyyət orqanları tərəfindın əcnəbilərə verilən fərdi şəxsiyyət vəsiqələri məhv edilməli idi. Xüsusilə də, Sloveniyada daimi yaşayışa malik olan keçmiş YSFR vətəndaşları ilə əlaqədar reyestrə bu tarixlərin daxil edilməsi müəyyən edildi: nə zaman Sloveniya vətəndaşları olublar və Əcnəbilər haqqında Qanuna əsasən nə zaman əcnəbilər olublar (26 fevral 1992-ci il və ya Sloveniya vətəndaşlığının verilməməsi haqqında qərarın qəbul olunduğu tarixdən iki ay sonra).
36. 23 sentyabr 1992-ci ildə Hökumət daimi yaşayış icazəsinin verilməsi üçün tələb olunan Sloveniyada üç illik yaşayışın hesablanması məqsədləri baxımından Əcnəbilər haqqında Qanunun qüvvəyə minməsindən əvvəlki dövrü nəzərə almağa qərara aldı. 1992-ci ildən 1997-ci ilə qədər dövrdə beləliklə 4,893 daimi yaşayış icazəsi verildi.
37. 28 iyun 1994-cü ildə Konvensiya Sloveniyaya münasibətdə qüvvəyə mindi.
38. Sloveniya Parlamenti Vətəndaşlıq haqqında Qanunun 40-cı bəndinə əsasın keçmiş YSFR vətəndaşlarına verilən vətəndaşlığın geri alınıb-alınmaması məsələsinə dair referendumla bağlı müraciət etdi. 20 noyabr 1995-ci ildə Konstitusiya Məhkəməsi qərara aldı ki, müraciət Konstitusiyaya ziddir.
39. Sonrakı illərdə Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) və Helsinki Monitor daxil olmaqla bir sıra qeyri-hökumət təşkilatları, və Sloveniya İnsan Hüquqları üzrə Ombudsman “silinənlərin” vəziyyətinə diqqət çəkərək hesabatlar dərc etdilər.
3. Konstitusiya Məhkəməsinin 4 fevral 1999-cu il tarixli qərarı və sonrakı hadisələr
40. 24 iyun 1998-ci ildə Konstitusiya Məhkəməsi 1992-ci ildə adları Reyestrdən çıxarılan iki şəxsin 1994-cü ildə verdiyi Əcnəbilər haqqında Qanunun 16-cı bəndinin birinci yarımbəndinin və 81-ci bəndinin ikinci yarımbəndinin (bax yuxarıda 27-ci və aşağıda 207-ci bəndlər) Konstitusiyaya uyğunluğu ilə bağlı etirazını qismən qəbuledilən elan etdi.
41. Konstitusiya Məhkəməsi 4 fevral 1999-cu il tarixli (U-I-284/94) qərarında bəyan etdi ki, Əcnəbilər haqqında Qanunun 81-ci bəndi Konstitusiyaya zidd idi, belə ki, bu bənd onun ikinci yarımbəndinə düşən şəxslərin daimi yaşayış icazəsinin əldə olunması üçün şərtləri müəyyən etməyib. O qeyd etdi ki, hakimiyyət orqanları Sloveniya vətəndaşlığı üçün müraciət etməyən keçmiş YSFR respublikalarının vətəndaşlarının adlarını Reyestrdən silib və hər hansı bildiriş vermədən ex proprio motu (öz təşəbbüsləri ilə) onları Əcnəbilərin Reyestrinə daxil edib. O daha sonra müəyyən etdi ki, bu tədbir üçün hər hansı qanuni əsas olmayıb; Rezidentlərin Yaşayış yerlərinin Dəlilləri və Əhalinin Qeydiyyatı haqqında Qanun ex lege qeydiyyatdan çıxarılmanı nəzərdə tutmur.
42. Əcnəbilər haqqında Qanunun müddəaları, ümumilikdə, artıq Sloveniyada yaşayanları deyil, müstəqillikdən sonra ora daxil olan əcnəbilərin statuslarını tənzimləmək üçün nəzərdə tutulurdu. Əcnəbilər haqqında Qanunun 82-ci bəndi keçmiş YSFR respublikalarından olmayan əcnəbilərin hüquqi statusunu tənzimləsə də, keçmiş YSFR-dan olan şəxslərə münasibətdə oxşar müddəa mövcud deyildi. Nəticədə, sonuncular müstəqillikdən öncə Sloveniyada yaşamış əcnəbilərə münasibətdə daha az əlverişli hüquqi vəziyyətdə idilər.
43. Sloveniya vətəndaşlığı üçün müraciət etməmiş, Sloveniyada yaşayan keçmiş YSFR vətəndaşlarının müvəqqəti vəziyyətini tənzimləyən xüsusi müddəa ilə bağlı 1991-ci ildə qanunvericilik prosesində təklif verilmişdi. Qanunverici müəyyən etdi ki, onların vəziyyəti Əcnəbilər haqqında Qanunla deyil, keçmiş YSFR-in varis Dövlətləri arasında sazişlə tənzimlənməlidir. Xüsusilə də Xorvatiyada və Bosniya və Herseqovinada müharibə vəziyyətinə görə müvafiq sazişlər bağlanmadığından, onların vəziyyəti diqqətdən kənarda qaldı. Konstitusiya Məhkəməsinin fikrincə insan hüquqlarının müdafiəsində müasir hadisələrin işığında, 1990-cı ildən sonra parçalanmış Dövlətlərin ərazisində daimi yaşayışı olan, varis Dövlətin deyil, sələf Dövlətin vətəndaşlığına malik şəxslərin vəziyyəti beynəlxalq sazişlər tərəfindən idarə olunan məsələyə çevrildi.
44. Buna görə də 81-ci bənd Konstitusiyaya zidd elan edildi, belə ki, orada Sloveniya vətəndaşlığı üçün müraciət edə bilməyən və ya imtina edilən şəxslərin nəzərdə tutulan vaxt həddinin başa çatmasından sonra daimi yaşayış üçün müraciət etməsi üçün şərtlər nəzərdə tutulmamışdır. Beləliklə hüquqi boşluq yaranmışdı və qanunun aliliyi, hüquqi müəyyənlik və bərabərlik prinsipləri pozulmuşdu.
45. Bundan əlavə, Sloveniyaya daxil olan əcnəbilər üçün daimi və müvəqqəti yaşayışın əldə olunmasını tənzimləyən Əcnəbilər haqqında Qanunun müddəalarından (Əcnəbilər haqqında Qanunun 13 və 16-cı bəndləri – bax aşağıda 207-ci bənd), Sloveniyada daimi yaşayışı saxlamaq üçün yeni şərtlərin Konstitusiya Qanununun 13-cü bəndində (bax aşağıda 202-ci bənd) və Vətəndaşlıq haqqında Qanunun 40-cı bəndində (bax aşağıda 205-ci bənd) nəzərdə tutulanlardan daha sərt olmayacağı və statusları beynəlxalq qanunvericiliyə müvafiq olaraq müəyyən olunacağı barədə ağlabatan gözləntiyə malik olan keçmiş YSFR respublikalarının vətəndaşlarının statuslarını tənzimləmək üçün istifadə oluna bilməz.
46. Konstitusiya Məhkəməsi daha sonra müəyyən etdi ki, Əcnəbilər haqqında Qanunun 16(1) bəndi Konstitusiyaya ziddir, çünki o yalnız müstəqillikdən sonra Sloveniyaya daxil olan əcnəbilərə tətbiq olunur.
47. Konstitusiyaya zidd müddəaları dəyişdirmək üçün qanunverici orqana altı ay verildi. Bu arada Konstitusiya Məhkəməsi qərar verdi ki, 23 dekabr 1990-cı ildə Sloveniyada daimi rezident kimi qeydiyyatdan keçən və faktiki olaraq orada yaşayan vətəndaşlar Əcnəbilər haqqında Qanunun 28-ci bəndinə müvafiq olaraq zorla Sloveniyadan çıxarıla bilməzlər.
48. Konstitusiya Məhkəməsi həmçinin qeyd etdi ki, çətin hüquqi vəziyyətdə olan keçmiş YSFR respublikalarını vətəndaşlarının tənzimlənməyən vəziyyəti inter alia (digərləri ilə yanaşı) Konvensiyanın 8-ci Maddəsi ilə müdafiə olunan şəxsi həyata hörmət hüququnun pozuntusuna gətirib çıxara bilər (bu qərardan çıxarışlara aşağıda 214-cü bənddə istinad edilib).
49. Nəticədə daimi yaşayış icazəsinin əldə olunması üçün tələbləri sadələşdirərək “silinənlərin” hüquqi statusunu tənzimləmək üçün 8 iyul 1999-cu ildə Sloveniyada Keçmiş YSFR-in Digər Varis Dövlətlərinin Vətəndaşlarının Hüquqi Statusunun Tənzimlənməsi haqqında Qanun (Zakon o urejanju statusa državljanov drugih držav naslednic nekdanje SFRJ v Republiki Sloveniji – “Hüquqi Status haqqında Qanun”) qəbul edildi.
50. Hüquqi Status haqqında Qanunun 1-ci bəndinə əsasən 23 dekabr 1990-cı ildə, plebisit tarixində, və ya 25 iyun 1991-ci ildə, müstəqillik tarixində, və ya 25 iyun 1991-ci ildə Sloveniya ərazisində daimi rezidentlər kimi qeydiyyatdan keçən və faktiki olaraq orada yaşamış keçmiş YSFR-in varis Dövlətlərinin vətəndaşlarına Əcnəbilər haqqında Qanunun müddəalarından asılı olmayaraq, daimi yaşayış icazəsi verildi. Onların ərizə vermək üçün üç ayları vardı. Hüquqi Status haqqında Qanunun 3-cü bəndi cinayət məhkumluğu olan şəxslərə bəzi istisnalar nəzərdə tuturdu. Yaşayış icazəsi ex nunc (proaktiv) yuxarıdakı şərtləri yerinə yetirən şəxslərə verildi (bax aşağıda 210-cu bənd).
51. Digər bir konstitusional etirazla bağlı qərar verərək (U-I-295/99), Konstitusiya Məhkəməsi 18 may 2000-ci ildə Hüquqi Status haqqında Qanunun 3-cü bəndinin bir hissəsini Konstitusiyaya zidd kimi ləğv etdi, çünki o müəyyən etdi ki, orada təsbit edilən daimi yaşayışın əldə olunması üçün tələblər Əcnəbilər haqqında Qanuna əsasən daimi yaşayış icazəsinin ləğv olunması üçün əsaslardan daha sərt idi.
4. “Silinənlər” tərəfindən başlanan digər işlərdə Konstitusiya Məhkəməsinin qərarları
52. Özünün 4 fevral 1999-cu il tarixli aparıcı qərarına əsaslanaraq (bax yuxarıda 41-48-ci bəndlər), Konstitusiya Məhkəməsi bəzi “silinənlər” tərəfindən başlanan fərdi işlərdə bir sıra qərarlar qəbul etdi.
53. 1 iyul 1999-cu ildə (Up-333/96) o, adı Reyestrdən “silindiyinə” görə sürücülük vəsiqəsinin yenilənməsindən imtina edilmiş iddiaçının işini araşdırdı. Konstitusiya Məhkəməsi qeyd etdi ki, 4 fevral 1999-cu il qərarından sonra Hüquqi Status haqqında Qanunun layihəsi hazırlanmış, lakin hələ qəbul edilməmişdi. O qərara aldı ki, Hüquqi Status haqqında Qanun qüvvəyə minənə qədər, iddiaçı Əcnəbilər haqqında Qanunun 81-ci bəndinin ikinci yarımbəndində (bax yuxarıda 27-ci bənd) təsbit edilən vaxt həddinin başa çatmasından əvvəl malik olduğu statusundan istifadə etməlidir. İnzibati hakimiyyət orqanlarına iddiaçının adı qanunsuz olaraq Reyestrdən çıxarılana qədər daimi rezident kimi yaşadığı ünvanda qeydiyyata salmaq və sürücülük vəsiqəsini yeniləmək əmr edildi.
54. Oxşar qərar (Up-60/97) 15 iyul 1999-cu ildə bir ailənin üzvü olan və keçmiş YSFR respublikalarından birinin vətəndaşları olan, və ataları işini itirdiyinə görə Əcnəbilər haqqında Qanunun 16-cı bəndinə əsasən daimi yaşayış icazəsindən imtina edilmiş iddiaçılara münasibətdə qəbul edildi.
55. 18 noyabr 1999-cu ildə (Up-20/97) və 16 dekabr 1999-cu ildə (Up‑152/97), iki “silinən” şəxsə hərbi pensiya ödənişi ilə bağlı işlərdə Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi və işi yenidən araşdırılması üçün geri göndərdi.
56. 20 sentyabr 2001-ci ildə bir şəxsin uşağa qulluğa görə müavinət hüququ ilə bağlı işdə (Up-336/98) Konstitusiya Məhkəməsi aşağı hakimiyyət orqanlarının qərarlarını ləğv etdi və işi yenidən araşdırılması üçün geri göndərdi.
57. Bundan əlavə, Konstitusiya Məhkəməsi Sloveniya vətəndaşlığının əldə olunması şərtləri ilə bağlı “silinən” şəxslər tərəfindən başlanan bir sıra işlərə baxdı. 6 iyul 1995-ci il tarixli qərarında (Up-38/93) o qərara aldı ki, Əcnəbilər haqqında Qanunun 40-cı bəndində “Sloveniyada faktiki olaraq yaşamaq” şərtinə (bax yuxarıda 25-ci və aşağıda 205-ci bəndlər) o halda da əməl edilir ki, şəxsin həyati maraqlarının əsasının Sloveniya ərazisində olduğunu sübut edən başqa hallar olarsa, onun Sloveniyada yaşaması əsaslı səbəblərə görə dayandırılıb. O, Ali Məhkəmin qərarını ləğv etdi, çünki analoji işlərə fərqli yanaşma mövcud olmuşdu və işi yenidən araşdırılması üçün geri göndərdi.
5. Konsitusiya Məhkəməsinin 3 aprel 2003-cü il tarixli qərarı
58. 3 aprel 2003-cü ildə Hüquqi Status haqqında Qanunun 8 iyul 1999-cu il versiyasının Konstitusiyaya uyğunluğuna etirazla bağlı “Silinənlərin” Assosiasiyası və digər “silinən” şəxslər tərəfindən başlanan iş üzrə qərar verərək, Konstitusiya Məhkəməsi Hüquqi Status haqqında Qanunun Konstitusiyaya zidd olduğunu müəyyən etdi, çünki qanun “silinmə” tarixindən sonra retrospektiv daimi yaşayışa icazə verməmişdi, 1-ci bənddə olan “faktiki olaraq yaşayan” sözlərinin mənasını müəyyən etməmişdi və Əcnəbilər haqqında Qanunun 28-ci bəndinə müvafiq olaraq Sloveniyadan zorla çıxarılan keçmiş YSFR respublikalarının vətəndaşları üçün daimi yaşayış yerinin əldə olunmasını tənzimləməmişdi.
59. Baxmayaraq ki, deportasiya olunanların dəqiq sayı məlum deyildi, Konstitusiya Məhkəməsi hesab etdi ki, say ehtimal ki, aşağı olacaq, belə ki, “silinənlərin” tənzimlənməyən statusuna qarşı ümumiyyətlə tolerantlıq nümayiş olunmuşdu. O, həmçinin daimi yaşayış üçün ərizələrin təqdim olunması üçün üç aylıq vaxt həddini ləğv etdi, çünki bu həddən artıq qısa müddət idi və qanunverici orqana altı ay müddətində Konstitusiyaya zidd müddəaları düzəltməyi əmr etdi. Konstitusiya Məhkəməsi daha sonra qeyd etdi ki, daimi yaşayış hərbi pensiya hüquqları, sosial müavinətlər və sürücülük vəsiqələrinin yenilənməsi kimi müəyyən hüquqların və güzəştlərin təmin olunmasında mühüm rol oynayır.
60. Qərarın nəticə hissəsinin 8 saylı bəndində Konstitusiya Məhkəməsi Nazirliyə ex proprio motu (öz təşəbbüsü ilə) Hüquqi Status haqqında Qanuna və ya Əcnəbilər haqqında Qanuna müvafiq olaraq, artıq ex nunc (proaktiv) icazələrə malik şəxslərə Sloveniyada daimi yaşayışı müəyyən edən ex tunc (retroaktiv) 26 fevral 1992-ci ildən - “silinmə” tarixindən qüvvədə olan qərarlar verməyi əmr etdi (bu qərardan çıxarışlara aşağıda 215-ci bənddə istinad edilib).
61. 25 noyabr 2003-cü ildə Parlament həmçinin “Texniki Qanun” kimi tanınan Konstitusiya Məhkəməsinin U‑I‑246/02-28 saylı Qərarının 8 Saylı Bəndinin Tətbiqi barədə Qanun (Zakon o izvršitvi 8. točke odločbe Ustavnega sodišča Republike Slovenije št. U-I-246/02-28) qəbul etdi. Bu Qanun 23 dekabr 1990-cı ildə və 25 fevral 1992-ci ildə Sloveniyada daimi rezidentlər kimi qeydiyyata alınmış və Hüquqi Status haqqında Qanuna və ya Əcnəbilər haqqında Qanuna əsasən daimi yaşayış icazəsini əldə etmiş keçmiş YSFR respublikalarının vətəndaşlarına ex tunc daimi yaşayış icazələrinin verilməsi üçün proseduru təsbit etdi.
62. Lakin 4 aprel 2004-cü ildə Texniki Qanunun icra edilib-edilməməsi ilə bağlı referendum keçirildi. Referendumda iştirak 31.54% idi; etibarlı səslərin 94.59%-i icra edilməsinin əleyhinə idi və buna görə də Qanun heç zaman qüvvəyə minmədi.
63. Bu arada 22 dekabr 2003-cü ildə çıxardığı qərarda (U-II-3/03) Konstitusiya Məhkəməsi dəqiq müəyyən etdi ki, Nazirlik tərəfindən əlavə yaşayış icazələrinin verilməsinin hüquqi əsası onun 3 aprel 2003-cü il tarixli qərarı olub (bax aşağıda 58-60-cı bəndlər); Nazirlik bu qərarı icra etmək məcburiyyətində idi.
64. Bundan əlavə özünün Sloveniyada olmamasının müharibə vəziyyəti ilə bağlı olduğunu iddia edən “silinənlərdən” biri tərəfindən başlanan fərdi işdə (Up-211/04), 2 mart 2006-cı ildə Konstitusiya Məhkəməsi Hüquqi Status haqqında Qanuna əsasən daimi yaşayış icazəsi ilə bağlı iddiaçının tələbini rədd edən Ali Məhkəmənin qərarlarını ləğv etdi və işi İnzibati Məhkəməyə göndərdi. O, sonuncuya 23 dekabr 1990-cı ildən başlayaraq “Sloveniya Respublikasının ərazisində faktiki olaraq yaşayanların” hüquqi vəziyyətinin və iddiaçının Sloveniyada olmamasının səbəblərinin müvafiq qiymətləndirməsini aparmaq barədə göstəriş verdi.
65. Xüsusilə də Konstitusiya Məhkəməsi qət etdi ki, qanunverici orqanın uyğunsuzluqların aradan qaldırılmasında gecikməsi faktı, məhkəmələrə işi onun 3 aprel 2003-cü il tarixli qərarına müvafiq olaraq müəyyən etmələrinə mane olmurdu (bax yuxarıda 58-60-cı bəndlər).
66. 2004-cü ildə Nazirlik yalnız yuxarıda adı çəkilən Konstitusiya Məhkəməsinin qərarı əsasında, “silinənlərə” 4,034 retroaktiv icazələr verdi. Hakimiyyət orqanları tərəfindən ex proprio motu (öz təşəbbüsləri ilə) bu icazələrin verilməsi müvəqqəti olaraq dayandırıldı və 2009-cu ildə hökumət dəyişikliyindən sonra yenidən bərpa olundu (bax aşağıda 70-ci bənd).
67. Hökumətin bildirdiyinə görə Hüquqi Status haqqında Qanuna əsasən 30 iyun 2007-ci ilə qədər 13,355 ərizə təqdim edilmişdi. Nəticədə 12,236 daimi yaşayış icazələri verildi.
68. 21 sentyabr 2008-ci ildə keçirilən parlament seçkilərindən sonra 2008-ci ilin noyabr ayında yeni hökumət təyin edildi. “Silinənlərin” statuslarının Konstitusiya Məhkəməsinin qərarları ilə müvafiq şəkildə tənzimlənməsi onun prioritetlərindən biri kimi müəyyən olundu.
69. İT sisteminin yenilənməsindən sonra Nazirlik “silinənlərlə” bağlı yeni məlumatlar topladı və hesabat çıxardı; hesabatda bildirilirdi ki, 24 yanvar 2009-cu ildə Reyestrdən çıxarılan insanların sayı 25,671-ə bərabərdir, bunlardan 7,899 nəfər sonradan Sloveniya vətəndaşlığını əldə etmişdi; onlardan 7,313 nəfəri hələ sağ idi. Daha 3,630 nəfər yaşayış icazəsi əldə etmişdi. 13,426 “silinən” şəxslər həmin tarixdə Sloveniyada tənzimlənən statusa malik deyildilər və onların cari yaşayış yeri məlum deyildi.
70. 2009-cu ildə Nazirlik Konstitusiya Məhkəməsinin 2003-cü il tarixli qərarının nəticə hissəsinin 8 saylı bəndinə əsasən 26 fevral 1992-ci ildən artıq ex nunc icazələrə malik olan şəxslərə Sloveniyada ex tunc daimi yaşayışı müəyyən edən ex proprio motu (öz təşəbbüsü ilə) qərarların verilməsi prosesini bərpa etdi (bax yuxarıda 60-cı bənd). 2,347 belə qərarlar verildi.
6. Düzəliş edilmiş Hüquqi Status haqqında Qanun
71. Sonradan Nazirlik xüsusilə də deportasiya olunan və ya “silinmə” ilə əlaqədar digər səbəblərə görə Sloveniyanın tərk etməli olan şəxslərə münasibətdə, Konstitusiya Məhkəməsinin 3 aprel 2003-cü il tarixli qərarından sonra Hüquqi Status haqqında Qanun və Konstitusiya arasında uyğunsuzluqları tənzimləyən Hüquqi Status haqqında Qanuna (“düzəliş edilmiş Hüquqi Status haqqında Qanun”) dəyişikliklər və əlavələr hazırladı. 8 mart 2010-cu ildə düzəliş edilmiş Hüquqi Status haqqında Qanun qəbul olundu.
72. 12 mart 2010-cu ildə otuz bir parlament üzvü düzəliş edilmiş Hüquqi Status haqqında Qanunla bağlı referendumun keçirilməsini tələb etdilər, inter alia (xüsusilə də) ona görə ki, qanun “silinənlərə” kompensasiya məsələsini tənzimləmirdi; nəticədə onun qüvvəyə minməsi təxirə salındı. 18 mart 2010-cu ildə Milli Məclis qərara aldı ki, düzəliş edilmiş Hüquqi Status haqqında Qanunun qüvvəyə minməsinin təxirə salınması və ya onun referendumda qəbul edilməməsi Konstitusiyaya zidd nəticələrə səbəb olacaq və məsələni Konstitusiya Məhkəməsinə yönəltdi.
73. 10 iyun 2010-cu il tarixli qərarında (U-II-1/10) Konstitusiya Məhkəməsi özünün əvvəlki aparıcı qərarlarına istinad etdi və müəyyən etdi ki, düzəliş edilmiş Hüquqi Status haqqında Qanun Konstitusiyaya uyğundur. Düzəliş edilmiş Qanun uşaqları daxil olmaqla öz statuslarını nizamlamaq iqtidarında olmayan “silinən” şəxslərin statuslarının daimi həllini və əvvəllər daimi yaşayış icazəsinə malik olmaq tələbi olmadan, Sloveniya vətəndaşlığı verilən şəxslərə münasibətdə xüsusi retroaktiv qərarların qəbulunu təmin etməyi nəzərdə tuturdu. Konstitusiya Məhkəməsi düzəliş edilmiş Hüquqi Status haqqında Qanunun rədd olunması potensialının Konstitusiya zidd nəticələrə gətirib çıxaracağını hesab edərək, referendumun keçirilməsinə icazə verməkdən imtina etdi. O, daha sonra müəyyən etdi ki, özünün 2003-cü il tarixli aparıcı qərarının icrasının gecikməsi Konstitusiyanın yeni pozuntusuna səbəb olmuşdu.
74. Qərarın 43-cü bəndində Konstitusiya Məhkəməsi qət etdi ki, daimi yaşayış statusunun retroaktivliyini nəzərdə tutan sözügedən Qanunu qəbul etməklə, qanunverici “silinənlər” üçün təzminatın xüsusi forması kimi mənəvi ziyana görə əvəzin ödənilməsini daxil etdi. Əgər şəxslərə ziyan onların “silinməsi” nəticəsində vurulubsa, Konstitusiyanın 26-cı Maddəsi əsasında mümkün Dövlət məsuliyyəti məsələsi yarana bilər, o şərtlə ki, Maddədə nəzərdə tutulan digər şərtlər və müvafiq qanuni şərtlər yerinə yetirilib. Hər bir halda, düzəliş edilmiş Hüquqi Status haqqında Qanun özlüyündə ziyana görə Dövlət məsuliyyətinin yeni növünü və ya ziyana görə iddiaların təmin olunmasının yeni hüquqi əsasını yaratmır. Qanunverici orqan tərəfindən, məsələn, İkinci Dünya Müharibəsindən zərərçəkmişlərə münasibətdə edildiyi kimi, Dövlətin məsuliyyətini məhdudlaşdıran xüsusi qanunun qəbul edilməsi qanuni olardı. Konstitusiya Məhkəməsi qərara aldı ki, düzəliş edilmiş Hüquqi Status haqqında Qanunun maliyyə təzminatı ilə bağlı məsələni nəzərdə tutmaması Konstitusiyaya zidd deyildi.
75. 15 iyun 2010-cu ildə Milli Məclisin Sədri ictimaiyyət qarşısında “silinənlərdən” üzr istədi; Daxili İşlər Naziri də 22 iyun 2010-cu ildə eynilə hərəkət etdi.
76. 24 iyun 2010-cu ildə düzəliş edilmiş Hüquqi Status haqqında Qanun Rəsmi Qəzetdə dərc edildi. O, 24 iyul 2010-cu ildə, Palatanın qərarı çıxarıldıqdan bir neçə gün sonra qüvvəyə mindi. Qüvvəyə minməsindən əvvəl, yaşayış icazələri ilə bağlı 13,600 müraciət verilmişdi, bunlardan 12,345 təmin edildi.
77. Düzəliş edilmiş Hüquqi Status haqqında Qanunun 1-ci bəndi 25 iyun 1991-ci ildə keçmiş YSFR respublikalarının vətəndaşları olmuş, 23 dekabr 1990-cı ildə və ya 25 iyun 1991-ci ildə Sloveniyada daimi yaşayışa malik olanlar kimi qeydiyyatdan keçmiş və Əcnəbilər haqqında Qanunun müddəalarından asılı olmayaraq o vaxtdan etibarən faktiki olaraq orada yaşamış əcnəbilərə tətbiq olundu. O, “silinənlər” tərəfindən həm ex nunc və həm də ex tunc daimi yaşayış icazələrinin əldə olunmasını nəzərdə tuturdu. O, həmçinin “silinənlərin” uşaqlarının statuslarını tənzimlədi və daimi yaşayış icazəsini almadan Sloveniya vətəndaşlığı verilmiş “silinən” şəxslərə retroaktiv qərarların verilməsini nəzərdə tutdu.
78. Xüsusilə də, 1 (č) bəndi daimi yaşayış statusunun əldə olunması üçün ilkin şərt olan Sloveniyada “faktiki olaraq yaşayan” sözlərinin mənasını şəxsin həyati maraqlarının əsasının Sloveniyada olması kimi müəyyənləşdirdi, bu şəxslə Sloveniya arasında faktiki və daimi əlaqələrin mövcudluğunu nümayiş etdirən şəxsi, ailə, iqtisadi, sosial və digər əlaqələrin əsasında müəyyən olunurdu.
79. Qanun həmçinin qeyd etdi ki, “faktiki olaraq yaşamaq” şərtinə şəxsin bir ildən çox müddətə ölkədə əsaslı səbəblərdən olmadığı hallarda cavab verilir (Sloveniyadan məcburi çıxarılma, “silinmə” nəticəsində və ya YSFR-in digər varis Dövlətlərində müharibə vəziyyətinə görə geri qayıtmağın mümkünsüzlüyü). Daha uzun müddətə ölkədə olmama halında “faktiki olaraq yaşamaq” şərti beş il müddətinə və növbəti daha beş il müddətinə yalnız şəxs Sloveniyaya qayıtmağa cəhd etdiyi halda təmin edilə bilər (bax aşağıda 211-ci bənd).
80. Hökumətin təqdim etdiyi məlumata əsasən 24 iyun 2010-cu ildən 31 may 2011-ci ilə qədər inzibati-ərazi vahidləri ex nunc daimi yaşayış icazələri üçün 173 ərizə və əlavə, ex tunc icazələr üçün səksən dörd ərizə aldılar. Daxili İşlər Nazirliyi tərəfindən verilən icazələr daxil olmaqla, bəzi hallarda hakimiyyət orqanları tərəfindən ex proprio motu (öz təşəbbüsləri ilə) verilən, bu ərizələr altmış dörd ex nunc daimi yaşayış icazələrinin və 111 ex tunc daimi yaşayış icazələrinin verilməsi ilə nəticələndi. Növbəti proseslər hələ başa çatmayıb. Düzəliş edilmiş Hüquqi Status haqqında Qanuna əsasən ərizələrin təqdim edilməsi üçün son müddət 24 iyul 2013-cü ildə bitir.
81. 26 aprel 2011-ci ildə “Silinənlərin” Vətəndaş Təşəbbüsü assosiasiyası digər əlli iki fərdi şəxslərlə birlikdə Düzəliş edilmiş Hüquqi Status haqqında Qanuna konstitusiya nəzarəti ilə bağlı Konstitusiya Məhkəməsinə ərizə verdi (U-I-85/11). İcraat hazırda başa çatmayıb.
82. Bundan əlavə, “silinənlərdən” biri işini itirdiyinə görə və mənəvi ziyana görə 50,492.40 avroya bərabər kompensasiya ilə bağlı tələbini rədd edən Ali Məhkəmənin qərarından konstitusiya şikayəti verdi. Maddi ziyanla bağlı Ali Məhkəmə qeyd etdi ki, Dövlət hakimiyyət orqanları qanuni hərəkət ediblər və buna görə də Konstitusiyanın 26-cı Maddəsi tətbiq olunmur. 5 iyul 2011-ci ildə (Up-1176/09) Konstitusiya Məhkəməsi konstitusiya şikayətini rədd etdi və Ali Məhkəmənin o rəyini təsdiq etdi ki, Konstitusiya Məhkəməsinin Vətəndaşlıq haqqında Qanunun mübahisəli müddəasını sonradan ləğv edən qərarına baxmayaraq, demək olmaz ki, inzibati hakimiyyət orqanları və ya məhkəmələr həmin vaxt qanunsuz hərəkət ediblər. Bundan əlavə, işin itirilməsi iddiaçıya daimi yaşayış icazəsinin verilməməsi ilə deyil, Sloveniya vətəndaşlığının verilməsindən imtina ilə bağlı olduğundan, Konstitusiya Məhkəməsinin “silinmə” ilə bağlı aparıcı qərarları nəzərə alına bilməz.
83. 21 iyul 2011-ci ildə Hökumət “silinənlər” tərəfindən verilən kompensasiya tələbləri ilə bağlı icraatlarda birinci və ikinci instansiya məhkəmələri tərəfindən və Ali Məhkəmə tərəfindən çıxarılan bir sıra otuz yekun qərarlar təqdim etdi. Bütün kompensasiya tələbləri əsasən nəzərdə tutulmuş vaxt həddinə əməl olunmadığından sonda rədd edilmişdi, baxmayaraq ki, bəzi işlərdə məhkəmələr ilkin olaraq müəyyən etmişdilər ki, kompensasiya tələbləri yaxşı əsaslandırılıb. Həmin dövrdə “silinən” şəxslər tərəfindən başlanan on bir iş Ali Məhkəmənin icraatında idi. Nəhayət 7 noyabr 2011-ci ildə Hökumət maddi və mənəvi ziyana görə kompensasiya tələb edən bir “silinən” şəxs tərəfindən verilən iddia üzrə Konstitusiya Məhkəməsinin 26 sentyabr 2011-ci ildə (Up-108/11) çıxardığı yeni qərarı təqdim etdi. Həmin işdə birinci instansiya məhkəməsi ilkin olaraq aralıq qərarında qət etmişdir ki, ziyana görə Dövləti məsuliyyətə cəlb etmək üçün əsaslar mövcuddur. Bununla belə Ali Məhkəmə qanunla müəyyən edilmiş vaxt həddinin bitməsinə görə iddianı rədd edən ikinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Bu qərar Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildi.
B. Ayrı-ayrı ərizəçilərlə bağlı təfsilatlar
84. 25 iyun 1991-ci ildən, Sloveniya öz müstəqilliyini elan etdiyi tarixdən əvvəl, ərizəçilər həm YSFR-in və həm də Sloveniyadan başqa onun digər tərkib respublikalardan birinin vətəndaşları idilər. Onlar YSFR vətəndaşları kimi daimi rezident statusu əldə etmişdilər, bu statusu onlar 26 fevral 1992-ci ilə qədər, onların adları Reyestrdən çıxarılanadək saxladılar
85. Düzəliş edilmiş Hüquqi Status haqqında Qanun 24 iyul 2010-cu ildə qüvvəyə mindikdən sonra cənab Kuriç, xanım Mezga, cənab Ristanoviç, cənab Berişa, cənab Ademi və cənab Muniç hər iki ex nunc və ex tunc daimi yaşayış icazələrini aldılar. Cənab Dabetiç və xanım Ristanoviç yaşayış icazələri ilə bağlı müraciət etmədilər. Aşağıdakılar hər bir ərizəçinin xüsusi vəziyyətinin xülasəsidir.
1. Cənab Mustafa Kuriç
86. Cənab Kuriç 8 aprel 1935-ci ildə Şipovoda (Bosniya və Herseqovina) anadan olub. Hökumətə görə onun vətəndaşlığı naməlumdur. İbtidai təhsilini bitirdikdən sonra o, çəkməciliyə yiyələnmişdı. O, iyirmi yaşında Sloveniyaya köçmüşdü və 1965-ci ildə Koperdə məskunlaşmışdı. 1976-cı ildə o, Koper Bələdiyyəsindən kiçik emalatxana icarəyə götürmüşdü və orada şəxsi biznes yaratmışdı. O, 23 iyul 1970-ci ildən 26 fevral 1992-ci ilə qədər Sloveniyada daimi rezident kimi qeydiyyata alınmışdı.
87. 1991-ci ildə o, ciddi şəkildə xəstələndi və üç ay müddətinə xəstəxanaya yerləşdirildi və dediyinə görə bu səbəbdən Sloveniya vətəndaşlığı üçün müraciət etməmişdi. O, əmin edildiyini bildirmişdi ki, daha sonra müraciət üçün imkanlara malik olacaq. Hökumət təsdiq etdi ki, ərizəçi xəstəxanaya yerləşdirilmişdi. Lakin o, 15 iyun 1991-ci ildə artıq xəstəxanadan buraxılmışdı.
88. Ərizəçi heç zaman artıq Sloveniyada hüquqi statusa malik olmadığı barədə hər hansı rəsmi bildiriş almayıb.
89. 1993-cü ildə ərizəçinin evi yandı və o, sənədlərinin çoxunu itirdi. O, sənədlərin əvəz olunması ilə bağlı Koper Bələdiyyəsinə müraciət edəndə, ona məlumat verilib ki, onun adı Reyestrdən çıxarılıb.
90. Ərizəçi biznesini davam etdirdi və 1990-cı illərin sonuna, maliyyə çətinlikləri ilə üzləşənə qədər icarə haqqını ödəyirdi. İcarə haqqını ödəyə bilmədiyindən, o, yeri saxlamaq hüququnu itirdi. Hər hansı şəxsiyyəti təsdiq edən sənədləri olmadan, o, polisin tolerantlıq nümayiş etdirdiyi yerli icmadan kənara səyahət etdiyi halda qovulmaq təhlükəsində idi.
91. Ərizəçi bildirdi ki, 1990-cı illərdə o, müxtəlif səbəblərə görə öz statusunu Koper İnzibati Bölməsində nizama salmağa çalışdı, lakin dediyinə görə necə hərəkət etməsi ilə bağlı hər hansı cavab və ya göstəriş almadı. 2005-ci ildə o, Nazirliyə Sloveniya vətəndaşlığının verilməsini xahiş edən məktub yazdı. O, hər hansı cavab almadı. Lakin Hökumət təsdiq etdi ki, cənab Kuriç Sloveniyada yaşayış icazəsi üçün heç zaman müraciət etməmişdi.
92. Ərizəçi həmçinin təsdiq etdi ki, 2006-cı ildə o, pensiya hüququ üçün Pensiya və Əlillik Sığortası İnstitutunda icraat başlatmışdı. 14 may 2006-cı ildə sonuncu vətəndaşlıq haqqında şəhadətnamə təqdim etməsini tələb edərək, ona məşğulluq illərini təsdiq edən məktub göndərdi. Lakin Hökumətin Nümayəndəsinin sorğusundan sonra, 29 oktyabr 2007-ci ildə Pensiya və Əlillik Sığortası İnstitutu bildirdi ki, ərizəçi onun qarşısında hər hansı rəsmi icraat başlatmamışdır.
93. 7 may 2007-ci ildə ərizəçi vətəndaşlığı olmayan şəxs kimi Sloveniya vətəndaşlığı üçün müraciət etdi. Onun tələbi 27 iyul 2007-ci ildə rədd olundu.
94. 29 yanvar 2008-ci ildə ərizəçi Vətəndaşlıq haqqında Qanunun 10-cu Maddəsinə əsasən yenidən Sloveniya vətəndaşlığı üçün müraciət etdi. 10 iyun 2009-cu ildə Koper İnzibati Vahidi onun tələbini rədd etdi. O, bu imtinadan İnzibati Məhkəməyə iddia vermədi.
95. 24 fevral 2009-cu ildə ərizəçi daimi yaşayış icazəsi üçün müraciət etdi. 2 noyabr 2010-cu ildə ona hər iki ex nunc və ex tunc yaşayış icazələri verildi. Onlar 26 noyabr 2010-cu ildə ona təqdim edildi.
96. Ərizəçi bildirdi ki, hətta daimi yaşayış icazələrini aldıqdan sonra o, xüsusilə də pensiya hüquqları ilə bağlı, bir çox çətinliklərlə üzləşirdi, və ciddi sağlamlıq problemləri var idi.
2. Cənab Velimir Dabetiç
97. Cənab Dabetiç 22 sentyabr 1969-cu ildə Koperdə (Sloveniya) anadan olub. O, vətəndaşlığı olmayan şəxsdir. O, 29 sentyabr 1971-ci ildən 26 fevral 1992-ci ilə qədər Sloveniyada daimi rezident kimi qeydiyyata alınmışdır. Onun valideynləri və iki qardaşı Çernoqoriyada doğulublar və onlar ərizəçi kimi 1992-ci ildə Reyestrdən çıxarılmışdı. Ərizəçinin anasına 1997-ci ildə və atasına 2004-cü ildə Sloveniya vətəndaşlığı verildi. Ərizəçi ibtidai məktəbi və metal işçiləri üçün orta məktəbdə iki illik ixtisaslaşmış təhsili bitirmişdir. O, hazırda hər hansı hüquqi statusu olmadan İtaliyada yaşayır.
98. Ərizəçi bildirdi ki, o, 1991-ci ildə İtaliyaya köçdü, lakin 1992-ci il hadisələrinə qədər Koperdə (Sloveniyada) daimi rezident kimi qeydiyyatda qalmişdı. İddia etdiyinə görə o, Koper İnzibati Bölməsindən yanlış məlumat almışdı. Hökumət bildirdi ki, ərizəçi 1991-ci ildən deyil, 1989-cu ildən İtaliyada yaşayırdı. Buna görə də Sloveniya müstəqil olanda, o, orada rezident deyildi.
99. Ərizəçi iddia etdi ki, o, Sloveniya vətəndaşlığı üçün Koper İnzibati Bölməsinə müraciət etdikdə, oranın əməkdaşı ona Sloveniyadakı iş stajını təqdim etməyi bildirdi. Ərizəçi bildirmişdir ki, o, qanuni iş icazəsi əsasında İtaliyada yaşayır və belə sənəd təqdim edə bilməz. Əməkdaş iddia edilənə görə cavab verib ki, Sloveniya deyil, İtaliya ərizəçiyə vətəndaşlıq verməlidir.
100. Ərizəçi həmçinin bildirdi ki, o, digər ərizəçilərlə müqayisədə “silinmə” barədə məlumatı gec alıb. 2002-ci ildə onun köhnə YSFR pasportunun müddəti bitdikdə, İtaliya hakimiyyət orqanları onun işə görə yaşayış icazəsinin (permesso di soggiorno) müddətini artırmaqdan imtina etdilər və ona Sloveniyaya qayıtmağı əmr etdilər. Hətta o, qanuni şəkildə Sloveniyaya qayıtmağa cəhd etsəydi, o, orada öz statusunu nizama sala bilməyəcəkdi. Hökumət təsdiq etdi ki, ərizəçi Sloveniyada yaşayış icazəsi üçün heç zaman lazımi qaydada müraciət etməyib.
101. Əvvəllər ex nunc daimi yaşayış icazəsi üçün tələb təqdim etmədən, ərizəçi 26 noyabr 2003-cü ildə Nazirliyin Konstitusiya Məhkəməsinin 3 aprel 2003-cü il tarixli qərarından sonra öz statusunu tənzimləyən əlavə, ex tunc qərarı verməsinə təkid etdi.
102. 29 noyabr 2003-cü ildə ərizəçi 2002-ci ildə düzəliş edilmiş Vətəndaşlıq haqqında Qanunun 19-cu bəndinə əsasən Sloveniya vətəndaşlığı üçün müraciət etdi.
103. 9 fevral 2004-cü ildə ərizəçi əlavə ex tunc qərarı verməyən inzibati orqanların hərəkətsizliyini iddia edərək (tožba zaradi molka upravnega organa), İnzibati Məhkəmənin Nova Gorica Bölməsinə şikayət verdi.
104. 20 may 2005-ci ildə ərizəçinin şikayəti İnzibati Məhkəmə tərəfindən rədd edildi.
105. 14 noyabr 2005-ci ildə Nazirlik onun Sloveniya vətəndaşlığı ilə bağlı ərizəsini rədd etdi, çünki o, faktiki olaraq Sloveniyada on il yaşadığını və son beş ildə orada fasiləsiz olaraq yaşadığını sübut edə bilməmişdi.
106. Eyni zamanda ərizəçi vətəndaşlığı olmayan şəxs statusunu əldə etmək üçün həm də İtaliya Daxili İşlər Nazirliyinə müraciət etdi.
107. Son illərdə ərizəçi dəfələrlə İtaliya polisi tərəfindən dayandırılmış və saxlanmışdı. Bundan əlavə 20 aprel 2006-cı ildə ona beş gün müddətində ölkəni tərk etmək əmr edildi. Nəhayət ona İtaliyada qalmağa icazə verildi, belə ki, o, vətəndaşlığı olmayan şəxs kimi tanınması üçün müraciət etmişdi və icraat davam edirdi.
108. Ərizəçi həmçinin İtaliya ərazisinə qanunsuz immiqrasiyaya görə təqsirləndirilirdi. 19 iyun 2006-cı ildə Mantua Rayon Məhkəməsi ona o əsasla bəraət verdi ki, onun vətəndaşlığı yox idi və onun İtaliyanı könüllü olaraq tərk etməsini gözləmək olmazdı. Həmin vaxtda onun vətəndaşlığı olmayan şəxs statusu üçün müraciəti baxılmaqda idi. Onun ərizəsi sonda o əsasla rədd edildi ki, İtaliya ərazisində qeyri-qanuni yaşayan əcnəbinin sözügedən statusa hüququ yoxdur.
109. Ərizəçi bildirdi ki, o, son dərəcə çətin şəraitdə yaşayırdı. O, düzəliş edilmiş Hüquqi Status haqqında Qanuna əsasən hər hansı icraat başlatmadı.
3. Xanım Ana Mezga
110. Xanım Mezga 4 iyun 1965-ci ildə Çakovesdə (Xorvatiya) anadan olub. O, Xorvatiya vətəndaşıdır. 1979-cu ildə o, Lyublyanaya (Sloveniya) köçdü və daha sonra orada iş tapdı. O, səkkiz illik orta məktəbi bitirmişdi və 28 iyul 1980-ci ildən 26 fevral 1992-ci ilə qədər daimi rezident kimi qeydiyyata alınmışdı.
111. Ərizəçinin bildirdiyinə görə 1992-ci ildə, ikinci uşağının doğumundan sonra, ona məlum olmuşdu ki, onun adı Reyestrdən “silinib”. Onun işəgötürəni onun analıq məzuniyyətini qısaltmış və onu ixtisara salmışdı. Bundan əlavə, 1993-cü ilin martında o, rutin yoxlama zamanı polis tərəfindən saxlanılmışdır. Şəxsiyyəti təsdiq edən sənədləri olmadığından, o, polis məntəqəsində və sonradan xaricilər üçün tranzit mərkəzində (prehodni dom za tujce) saxlanmışdı, lakin cərimə ödədikdən sonra buraxılmışdı. Ərizəçi hesab edir ki, bu həbs onun hüquqi statusunu itirdiyini təsdiq etdi.
112. Sonradan o, Pirana köçdü, orada Sloveniya vətəndaşı H.Ş.-lə tanış oldu, ondan hər ikisi Sloveniya vətəndaşı olan iki uşağı oldu. O bildirdi ki, o statusunu nizama salmaq üçün hər hansı icraata başlamayıb, belə ki, o, mövcud qanunvericiliyə görə şərtləri dəqiq yerinə yetirməyib.
113. Hüquqi Status haqqında Qanunun qüvvəyə mindikdən sonra, 13 dekabr 1999-cu ildə xanım Mezga daimi yaşayış icazəsi üçün ərizə təqdim etdi. Nazirlik beş dəfə ondan ərizəni tamamlamağı xahiş etdi və ona məlumat verdi ki, o, ailənin yenidən birləşməsi üçün müddəalara əsasən həmçinin daimi yaşayış icazəsi tələb edə bilər.
114. 14 aprel 2004-cü ildə ərizəçi Konstitusiya Məhkəməsinin 3 aprel 2003-cü il tarixli qərarının nəticə hissəsinin 8 saylı bəndinə əsasən (bax yuxarıda 60-cı bənd) Nazirlikdən əlavə qərar qəbul edilməsini xahiş etdi.
115. 29 aprel 2004-cü ildə ərizəçi düzəliş edilmiş Vətəndaşlıq haqqında Qanunun 19-cu bəndinə əsasən Sloveniya vətəndaşlığı üçün müraciət etdi.
116. 15 oktyabr 2004-cü ildə o, daimi yaşayış icazəsinin verilməsinə dair icraatın çərçivəsində Piran İnzibati Bölməsində iclasda iştirak etdi. 25 oktyabr 2004-cü ildə ondan ərizəsini tamamlamaq tələb olundu.
117. 5 noyabr 2004-cü ildə Pensiya və Əlillik Sığortası İnstitutu bildirdi ki, ərizəçinin Sloveniyada əmək məşğulluğu onların fayllarında qeydiyyata alınıb.
118. 6 dekabr 2004-cü ildə Nazirlik ərizəçinin fəaliyyətsizliyi və 23 dekabr 1990-cı ildən bəri Sloveniyada faktiki olaraq rezident olduğunu sübut etmək iqtidarında olmaması səbəbindən, onun daimi yaşayış icazəsinə dair tələbi ilə bağlı icraata xitam verdi.
119. Vətəndaşlıqla bağlı icraatda Nazirlik 18 noyabr 2005-ci ildə ərizəçiyə ərizəni tamamlamaq üçün iki ay verdi. Digər məsələlərlə yanaşı o, 23 dekabr 1990-cı ildən bəri Sloveniyada faktiki olaraq rezident olduğunu sübut etməli idi.
120. 13 iyun 2006-cı ildə Nazirlik onun Sloveniya vətəndaşlığı üçün ərizəsini rədd etdi.
121. 10 avqust 2007-ci ildə ərizəçi Sloveniya vətəndaşının ailə üzvü kimi müvəqqəti icazə üçün müraciət etdi.
122. 13 sentyabr 2007-ci ildə o, 13 sentyabr 2012-ci ilə qədər etibarlı olan müvəqqəti yaşayış icazəsi aldı.
123. 22 iyul 2010-cu ildə ərizəçi düzəliş edilmiş Hüquqi Status haqqında Qanuna əsasən daimi yaşayış icazəsi üçün müraciət etdi. 1 mart 2011-ci ildə o, hər iki ex nunc və ex tunc yaşayış icazələrini aldı. Onlar 2 mart 2011-ci ildə ona təqdim edildi.
124. Ərizəçi bildirdi ki, hətta daimi yaşayış icazəsini aldıqdan sonra o, tibbi sığortasının və sosial maliyyə yardımının təşkilində çətinliklərlə üzləşirdi. Onun ciddi sağlamlıq problemləri var idi.
4. Xanım Lyubenka Ristanoviç
125. Xanım Ristanoviç 19 noyabr 1968-ci ildə Zavidoviçidə (Bosniya və Herseqovina) anadan olub. O, hazırda Serbiya vətəndaşıdır. O, iş axtarmaq üçün 1986-ci ildə Lyublyanaya (Sloveniya) köçdü. O, orada evləndi və 20 avqust 1988-ci ildə beşinci ərizəçi cənab Tripun Ristanoviç anadan oldu. Xanım Ristanoviç 6 avqust 1986-cı ildən 20 noyabr 1991-ci ilə qədər Lyublyanada daimi rezident kimi qeydiyyata alınmışdı.
126. Xanım Ristanoviç təsdiq etdi ki, o inanırdı ki, ona daimi rezident kimi avtomatik olaraq Sloveniya vətəndaşlığı veriləcək. Lakin 1994-cü ildə həm xanım Ristanoviç və həm də onun oğlu Sloveniyadan deportasiya olundular. O bildirdi ki, o, “silinmə” barədə o zaman öyrəndi. Lakin iş icazəsinə və müvəqqəti yaşayış icazəsinə malik olan xanım Ristanoviçin əri sözügedən vaxtda Sloveniyada qaldı. O, sonradan daimi yaşayış icazəsi aldı.
127. Cavabdeh Hökumətin sözlərinə görə xanım Ristanoviç öz şəhərindən daimi yaşayış yerinin qeydiyyatından çıxmamış köçüb və onun şəxsi qeydləri Daimi Rezidentlərin Reyestrindən “qeydiyyatdan çıxmadan mühacirət edən” şəxslərin reyestrinə köçürülüb.
128. Ərizəçi bildirdi ki, o, Serbiyada qaçqın kimi yaşayıb və uzun illər ərzində hər hansı şəxsiyyəti təsdiq edən sənədləri olmayıb. 2004-cü ildə o, Serbiya şəxsiyyət vəsiqəsini və 2005-ci ildə Serbiya pasportunu əldə etdi. O bildirdi ki, o və onun oğlu daimi yaşayış icazəsi üçün və ya Sloveniya vətəndaşlığı üçün müraciət etməmişdilər, belə ki, onlar uzun illər mövcud qanunvericiliyə görə faktiki olaraq Sloveniyada yaşamaq şərtini yerinə yetirməmişdilər.
129. Xanım Ristanoviç düzəliş edilmiş Hüquqi Status haqqında Qanuna əsasən hər hansı icraata başlamayıb. O bildirdi ki, onun ciddi sağlamlıq problemləri var idi.
5. Cənab Tripun Ristanoviç
130. Cənab Tripun Ristanoviç 20 avqust 1988-ci ildə Lyublyanada (Sloveniya) anadan olub. O, dördüncü ərizəçi, xanım Lyubenka Ristanoviçin oğludur. O, Bosniya və Herseqovina vətəndaşıdır. Cənab Ristanoviç 20 avqust 1988-ci ildən 26 fevral 1992-ci ilə qədər Lyublyanada rezident kimi qeydiyyata alınmışdı.
131. 1994-cü ildə, o zaman azyaşlı olan cənab Ristanoviç anası ilə birlikdə Sloveniyadan deportasiya olunub.
132. O, uzun illər ərzində anası ilə birgə qaçqın kimi Serbiyada yaşayıb. 2004-cü ildə Bosniya və Herseqovinanın hakimyyət orqanları cənab Ristanoviçə şəxsiyyət vəsiqəsi və pasport verib. Serbiya sənədləri olmadığından, o, iddia etdiyinə görə Serbiyada daima deportasiya olunmaq qorxusu altında yaşamışdı.
133. 9 noyabr 2010-cu ildə o, düzəliş edilmiş Hüquqi Status haqqında Qanuna əsasən daimi yaşayış icazəsi üçün müraciət etdi. 10 mart 2011-ci ildə ona hər iki ex nunc və ex tunc yaşayış icazələri verildi. Onlar 11 mart 2011-ci ildə ona təqdim edildi və ərizəçi Sloveniyaya qayıtdı.
134. Hökumətin bildirdiyinə görə ərizəçi düzəliş edilmiş Hüquqi Status haqqında Qanuna konstitusiya nəzarəti üçün Konstitusiya Məhkəməsinə ərizə verdi. Ərizə “Silinənlərin” Vətəndaş Təşəbbüsü assosiasiyası və digər fərdi şəxslər tərəfindən verilən ərizələrlə birləşdirildi. İcraat hazırda davam edir (bax yuxarıda 81-ci bənd).
6. Cənab Əli Berişa
135. Cənab Berişa 23 may 1969-cu ildə Peçdə (Kosovo) Roma (qaraçı) etnik icmasında anadan olub. Hökumətin bildirdiyinə görə o, Serbiya vətəndaşıdır. O, 1985-ci ildə Sloveniyaya köçüb. O, 31 may 1991-ci ilə qədər Mariborda fabrikdə işləyib. O, 6 oktyabr 1987-ci ildə 26 fevral 1992-ci ilə qədər Sloveniyada daimi rezident kimi qeydiyyata alınmışdı.
136. 1991-ci ildə o, iddia etdiyinə görə müəyyən zamanı xəstə anası ilə Kosovoda keçirmişdi. Bu, görünür ki, onun həmin vaxt Sloveniya vətəndaşlığı üçün müraciət etməməsinin səbəbi olub.
137. 1993-cü ildə ərizəçi Almaniyadakı qohumlarına baş çəkdikdən sonra ölkəyə daxil olarkən, Sloveniya sərhəd polisi tərəfindən saxlanıldı. Onun YSFR pasportu onun əlindən alındı və on gün müddətində xaricilər üçün tranzit mərkəzində saxlandı. Ərizəçi təsdiq etdi, məhz o zaman o “silinmə” barədə öyrəndi. Bundan əlavə, 3 iyul 1993-cü ildə iddia etdiyinə görə o, hər hansı qərar olmadan Tiranaya (Albaniya) deportasiya olundu. Albaniya polisi ərizəçini Sloveniyaya göndərib, çünki onun etibarlı pasportu yox idi. O, yenidən tranzit mərkəzində yerləşdirildi, oradan o, gecə vaxtı qaçdı.
138. 1993-cü ildə ərizəçi Almaniyaya qaçdı, orada o, həmin vaxt Kosovoda mövcud olan qeyri-sabit vəziyyətlə əlaqədar humanitar səbəblərə görə müvəqqəti yaşayış icazəsi aldı.
139. 9 avqust 1996-cı ildə o, Kosovoda doğulmuş və həmçinin qaraçı etnik qrupun üzvü olan M.M. ilə evləndi. 1997-ci və 2003-cü illər arasında, ailə Almaniyada yaşadığı müddətdə onların dörd uşaqları oldu.
140. 2005-ci ildə Alman hakimiyyət orqanları yaşayış icazəsinin növbəti dəfə uzadılması barədə ərizəçinin tələbini rədd etdi, çünki Kosovodakı ümumi vəziyyət onun ora qayıtması üçün kifayət qədər sabit hesab edilmişdi. Ona 30 sentyabr 2005-ci ilədək ailəsi ilə birgə Almaniyanı tərk etmək əmr edildi.
141. Naməlum zamanda ərizəçi və onun ailəsi Almaniyada sığınacaq üçün müraciət etdilər.
142. Sonradan ərizəçi və onun ailəsi Sloveniyaya qayıtdı.
143. 13 iyul 2005-ci ildə ərizəçi və onun ailəsi müvəqqəti yaşayış icazələri üçün ərizə verdilər. 25 iyul 2005-ci ildə onlar həmçinin Hüquqi Status haqqında Qanuna əsasən daimi yaşayış icazələri üçün müraciət etdilər.
144. Deportasiya olunmaq riski altında olduqlarını hesab etdiklərindən, 26 sentyabr 2005-ci ildə ərizəçi və onun ailəsi həm də sığınacaq üçün müraciət etdilər. Bundan əlavə, ərizəçi qaçqın statusu üçün müraciət etdi.
145. Sığınacaq üçün müraciətlərini geri götürdükdən sonra, 19 oktyabr 2005-ci ildə Nazirlik icraata xitam verdi. Nazirlik həmçinin əmr verdi ki, ərizəçi və onun ailəsi Almaniyaya qayıtmalıdırlar. 28 oktyabr 2005-ci ildə ölkədən çıxarılma barədə əmr verildi, lakin icra olunmadı. 10 noyabr 2005-ci ildə çıxarılma tarixini 18 noyabr 2005-ci il müəyyən edən, ölkədən çıxarılma barədə yeni əmr verildi. Ərizəçi İnzibati Məhkəmədə icraata başladı. 15 noyabr 2005-ci ildə onun tələbi təmin edildi.
146. Həmin vaxtda Beynəlxalq Amnestiya təşkilatının (Amnesty İnternational) səyləri sayəsində iş həmçinin yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük diqqət qazandı.
147. 27 fevral 2006-cı ildə ailə yenidən Sloveniyada sığınacaq üçün müraciət etdi. Onlar həmin zaman bir sığınacaq mərkəzində yaşayırdılar.
148. 28 aprel 2006-cı ildə ərizəçi onun özü, arvadı və onların dörd uşağı üçün daimi yaşayış icazələri ilə əlaqədar icraatda inzibati hakimiyyət orqanlarının hərəkətsizliyini iddia edərək, İnzibati Məhkəməyə şikayət verdi.
149. 19 iyul 2006-cı ildə Alman hakimiyyət orqanları Sloveniya hakimiyyət orqanlarına məlumat verdi ki, Dublin Nizamnaməsinə əsasən Almaniya Berişa ailəsinin sığıncaqla bağlı müraciətlərini araşdırmaq yurisdiksiyasına malikdir.
150. 28 iyul 2006-cı ildə ərizəçinin beşinci uşağı Sloveniyada anadan oldu.
151. Alman hakimiyyət orqanlarının yuxarıda qeyd olunan qərarından sonra, 30 oktyabr 2006-cı ildə Nazirlik qərara aldı ki, onun ərizəçi və onun ailəsinin sığınacaq verilməsi ilə bağlı müraciətlərini araşdırmaq yurisdiksiyası yoxdur və onlar Almaniyaya təhvil veriləcəklər. Nazirlik həmçinin yeni sübutlar aldı ki, cənab Berişa və onun ailəsi Almaniyada sığınacaq axtaranlardır və orada onlar bu məqsədlə maliyyə yardımı almışdılar.
152. 5 noyabr 2006-cı ildə ərizəçi və onun ailəsi Nazirliyin qərarını mübahisələndirərək, İnzibati Məhkəmədə icraata başladılar. Həmin gün onlar həmçinin mübahisələndirilən qərarın icra olunmamasını tələb etdilər və sığınacağın verilməsi ilə bağlı ərizələrini geri götürdülər (bax yuxarıda 147-ci bənd).
153. Ərizəçinin bildirdiyinə görə, 7 noyabr 2006-cı ildə Nazirlik yenidən onu və onun ailəsini Almaniyaya köçürməyə çalışdı. 15 noyabr 2006-cı ildə İnzibati Məhkəmə ölkədən çıxarılma barədə qərarı ləğv etdi. Nazirlik apelyasiya şikayəti verdi.
154. 28 dekabr 2006-cı ildə Ali Məhkəmə, Almaniya hakimiyyət orqanlarının Dublin Nizamnaməsinə əsasən ərizəçinin sığınacaqla bağlı müraciəti üzrə qərar vermək yurisdiksiyasına malik olması barədə Nazirliyin 30 oktyabr 2006-cı ilə tarixli qərarını qüvvədə saxladı.
155. 1 fevral 2007-ci ildə ərizəçi və onun ailəsi Almaniyaya təhvil verildi, orada onlar “dözümlülük” statusu (Duldung) ilə yaşayıblar.
156. Nə ərizəçi, nə də ki, onun ailəsi Sloveniya vətəndaşlığı üçün müraciət etməmişlər.
157. Sığınacağın verilməsi ilə bağlı icraat çərçivəsində, 18 aprel 2008-ci ildə Konstitusiya Məhkəməsi ərizəçinin konstitusiya şikayətini rədd etdi.
158. 19 oktyabr 2010-cu ildə cənab Berişaya, onun 25 iyul 2005-ci ildə etdiyi müraciətdən sonra, hər iki ex nunc və ex tunc yaşayış icazələri verildi (bax yuxarıda 143-cü bənd). İcazələr ona 24 noyabr 2010-cu ildə Münhendə Sloveniya Konsulluğu vasitəsilə təqdim edildi.
159. Hal-hazırda hələ də Almaniyada yaşayan ərizəçi bildirdi ki, onun hazırda Sloveniyaya qayıtmasının qarşısı alınıb, belə ki, onun beş uşağının və arvadının orada hər hansı hüquqi statusu yoxdur və Əcnəbilər haqqında Qanuna əsasən ailənin yenidən birləşməsi üçün şərtləri yerinə yetirməyiblər.
160. Qeyri-müəyyən tarixdə ərizəçi Dövlət Prokurorluğuna kompensasiya tələbi verdi, tələb rədd edildi. Cavabdeh Hökumətin bildirdiyinə görə, o, məhkəməyə iddia vermədi.
7. Cənab İlfan Sadik Ademi
161. Cənab Ademi 28 iyul 1952-ci ildə Skopyedə (“keçmiş Yuqoslaviya Respublikası Makedoniya”) roma (qaraçı) etnik icmasında anadan olub. O, hazırda Makedoniya vətəndaşıdır. 1977-ci ildə o, Sloveniyaya köçüb, orada o, 1992-ci ilə qədər işləyib. Onun daimi yaşayışı orada 27 sentyabr 1977-ci ildən 26 fevral 1992-ci ilə qədər qeydiyyata alınmışdı.
162. Ərizəçinin bildirdiyinə görə, 1991-ci ildə o, Sloveniya vətəndaşlığı üçün müraciətin son vaxt həddini ötürüb. 1993-cü ildə o, rutin yoxlama zamanı polis tərəfindən saxlandı. Şəxsiyyəti təsdiq edən etibarlı sənədlərə malik olmadığından, o və onun ailəsi Macarıstana qovuldu. Ərizəçi bildirdi ki, o, “silinmə” barədə o zaman öyrəndi. Qısa müddətdən sonra ərizəçi və onun ailəsi Xorvatiyaya köçdü, oradan onlar qanunsuz olaraq yenidən Sloveniyaya daxil oldular.
163. 23 sentyabr 1992-ci ildə ərizəçi hüquqşünasın köməyi ilə Sloveniya vətəndaşlığı üçün müraciət etdi.
164. Ərizəçi sonradan Almaniyaya köçdü, orada o, özünü vətəndaşlığı olmayan şəxs elan etdi və xaricilər üçün müvəqqəti yaşayış icazəsi və pasport əldə etdi.
165. 9 fevral 1999-cu ildə o, “keçmiş Yuqoslaviya Respublikası Makedoniya”nın Səfirliyinə müraciət edərək, ona pasport verilməsini xahiş etdi, lakin o, həmin ölkənin vətəndaşı olmadığından, mənfi cavab aldı.
166. 16 fevral 2005-ci ildə ərizəçi Hüquqi Status haqqında Qanuna əsasən daimi yaşayış icazəsi üçün müraciət etdi. 20 aprel 2005-ci ildə Nazirlik ondan ərizəsinə vətəndaşlıq barədə sübutlar əlavə etməyi xahiş etdi.
167. 26 may 2005-ci ildə onun ərizəsi o əsasla rədd edildi ki, o, vətəndaşlığı olmayan şəxsdir. Nazirlik bildirdi ki, Hüquqi Status haqqında Qanun yalnız keçmiş YSFR-in digər varis Dövlətlərinin vətəndaşlarına tətbiq olunur.
168. 11 iyul 2005-ci ildə Nazirlik Sloveniya vətəndaşlığının verilməsi ilə bağlı 1992-ci ildə təqdim etdiyi ərizəsinin bir daha araşdırılmasını istəyən ərizəçinin məktubuna cavab verdi. O, ərizəçiyə məlumat verdi ki, ötən on il ərzində onun Sloveniyada yaşadığı görünmədiyindən, o, düzəliş edilmiş Vətəndaşlıq haqqında Qanuna əsasən Sloveniya vətəndaşlığı üçün tələblərə cavab vermir.
169. 9 sentyabr 2005-ci ildə onun Sloveniya vətəndaşlığı üçün ərizəsi rədd olundu.
170. 31 iyul 2007-ci ildə ərizəçi Hüquqi Status haqqında Qanuna əsasən yenidən daimi yaşayış icazəsi üçün müraciət etdi. 31 mart 2008-ci ildə Nazirlik yenidən o əsasla onun ərizəsini rədd etdi ki, o, keçmiş YSFR-in digər varis Dövlətlərindən hər hansı birinin vətəndaşı deyildi. Ərizəçi İnzibati Məhkəmədə icraat başlatdı.
171. 18 fevral 2009-cu ildə İnzibati Məhkəmə ərizəçinin daimi yaşayış icazəsi üçün tələbini rədd edərək, Nazirliyin qərarını qüvvədə saxladı. Ərizəçi şikayət verdi.
172. 6 oktyabr 2010-cu ildə Ali Məhkəmə onun şikayətini təmin etdi və işi yenidən baxılması üçün geri göndərdi. O qeyd etdi ki, bu arada düzəliş edilmiş Hüquqi Status haqqında Qanun qüvvəyə minmişdi və ərizəçinin tələbi indi yeni qanunvericiliyin işığında araşdırılmalıdır. Bu proseslərin gedişində, ərizəçi 19 avqust 2010-cu ildə verilən Makedoniya pasportunu təqdim etdi.
173. 20 aprel 2011-ci ildə cənab Ademiyə hər iki ex nunc və ex tunc yaşayış icazələri verildi. Onlar ona 23 may 2011-ci ildə təqdim edildi.
174. Ciddi sağlamlıq problemləri olan ərizəçi hazırda Sloveniya və Almaniya arasında yaşayır, harada ki, onun müvəqqəti statusu bu arada ləğv edilib.
8. Cənab Zoran Miniç
175. Cənab Miniş 4 aprel 1972-ci ildə Poduyevoda (Kosovo) anadan olub. Hökumətin bildirdiyinə görə, o, Serbiya vətəndaşıdır. O, 1977-ci ildə ailəsi ilə birlikdə Sloveniyaya köçüb. Ərizəçi ibtidai məktəbi, daha sonra orta məktəbin üç illik kulinariya kursunu bitirib. O, 1 avqust 1984-cü ildən 26 fevral 1992-ci ilə qədər Sloveniyada rezident kimi qeydiyyata alınmışdı.
176. Ərizəçinin bildirdiyinə görə, o, 1991-ci ildə Kosovoda baba-nənəsinə baş çəkmişdi. Bu səbəbdən, o və onun ailəsi Sloveniya vətəndaşlığı üçün ərizənin təqdim olunması üçün son tarixi bir ay ötürmüşdü, belə ki, Kosovodakı müharibə zəruri sənədləri toplamağı çətinləşdirmişdi. Hökumətin bildirdiyinə görə, cənab Miniçin 1991-ci ildə Sloveniya vətəndaşlığı üçün müraciət etdiyinin sübutu yoxdur. Bundan əlavə, ərizəçinin əmək sənədlərindən belə çıxır ki, o, 1992-ci ildən 1999-cu ilə qədər Poduyevoda işləyib. O, Serbiya vətəndaşı ilə evləndi, onunla dörd uşaqları var.
177. Ərizəçi bildirdi ki, o, Sloveniyadakı statusunu nizama salmağa cəhd etdikdə, müəyyən etmişdi ki, o, ailəsinin digər üzvləri ilə birgə “silinib”. Heç bir hüquqi status olmadan Sloveniyada dözülməz yaşayış şəraiti nəticəsində, o, müvəqqəti olaraq Kosovoya köçməyə məcbur olub.
178. O, müxtəlif vəsilələrlə Sloveniyaya qayıtdı. 2002-ci ildə ərizəçi Sloveniyada polis tərəfindən həbs olundu, çünki o, icazəsiz işləyirdi. O, məsuliyyətə cəlb olundu, cərimə ödəməyə məcbur edildi və Konstitusiya Məhkəməsinin 4 fevral 1999-cu il tarixli qərarına baxmayaraq (bax yuxarıda 41-48-ci bəndlər), hər hansı rəsmi qərar olmadan 5 iyun 2002-ci ildə Macarıstana xaric edildi.
179. Ərizəçi bildirdi ki, o, uzun illər ərzində Sloveniyada hər hansı hüquqi status üçün müraciət etməyib, çünki o, o zaman mövcud olan qanunvericiliyə əsasən Sloveniya vətəndaşlığının və ya daimi yaşayış icazəsinin verilməsi üçün şərtlərə cavab vermirdi. Ailəsinə gəldikdə, onun anasına nəhayət 2000-ci ildə və bacı-qardaşlarına 2003-cü ildə Sloveniya vətəndaşlığı verildi.
180. Konstitusiya Məhkəməsinin 3 aprel 2003-cü il tarixli qərarı qəbul edildikdən sonra (bax yuxarıda 58-60-cı bəndlər), 15 sentyabr 2003-cü ildə ərizəçi düzəliş edilmiş Vətəndaşlıq haqqında Qanunun 19-cu bəndinə əsasən Sloveniya vətəndaşlığı üçün müraciət etdi.
181. 2004-cü ilin 26 aprel və 9 oktyabr tarixləri arasında Nazirlik ərizəçidən beş dəfə, digər məsələlərlə yanaşı, 23 dekabr 1990-cu ildən etibarən fasiləsiz olaraq Sloveniyada yaşadığı barədə sübutlar təqdim etməklə ərizəsini tamamlamağı xahiş etdi. O, bunu etmədikdə, Nazirliyə dinləməyə çağrıldı.
182. 17 dekabr 2004-cü il tarixdə dinləmədə o, onun əmək kitabçasında qeyd olunan məlumatlar, yəni onun 8 yanvar 1992-ci ildən 6 aprel 1999-cu ilə qədər Poduyevoda (Kosovo) işlədiyini və beləliklə 23 dekabr 1990-cu ildən etibarən fasiləsiz olaraq Sloveniyada yaşamadığını təsdiq etdi.
183. 21 fevral 2006-cı ildə onun Sloveniya vətəndaşlığı üçün ərizəsi müvafiq olaraq rədd edildi. Bu qərar cənab Miniçə 2006-cı ilin 28 iyun və 2 iyul tarixləri arasında Sloveniyaya səfəri zamanı təqdim edildi.
184. 17 iyul 2006-cı ildə ərizəçi İnzibati Məhkəmədə icraat başlatdı.
185. 30 iyun 2006-cı ildə o, Hüquqi Status haqqında Qanuna əsasən daimi yaşayış icazəsi üçün müraciət etdi.
186. 29 mart 2007-ci ildə Nazirlikdə dinləmə keçirildi. 14 iyul 2007-ci ildə ərizəçi tələbinin təsdiqi üçün əlavə sənədlər təqdim etdi.
187. Ərizəçi Sloveniyada faktiki olaraq yaşamaq tələbinə cavab vermədiyindən, 18 iyul 2007-ci ildə Nazirlik onun tələbini rədd etdi.
188. 19 sentyabr 2007-ci ildə ərizəçi İnzibati Məhkəmədə icraat başlatdı.
189. 10 sentyabr 2008-ci ildə Sloveniya vətəndaşlığının verilməsi barədə ərizəçinin tələbi ilə bağlı inzibati icraatın çərçivəsində, Konstitusiya Məhkəməsi onun verdiyi konstitusiya şikayətini təmin etmədi.
190. 26 noyabr 2008-ci ildə İnzibati Məhkəmə Nazirliyin 18 iyul 2007-ci il tarixli qərarını (bax yuxarıda 187-ci bənd) ləğv etdi və işi yenidən baxılması üçün geri göndərdi.
191. 24 iyul 2009-cu ildə Nazirlik yenidən ərizəçinin tələbini rədd etdi, belə ki, o, Sloveniyada faktiki olaraq yaşamaq tələbinə cavab vermirdi.
192. Ərizəçi daha sonra İnzibati Məhkəmədə icraat başlatdı. O bildirdi ki, o, 1992-ci ildə Kosovoda dolaşıq şəkildə blokada edilmişdi və həmin andan etibarən mümkün olduğu qədər tez-tez Sloveniyaya qayıdırdı, lakin müharibə və digər hallar ona bunu etməyə mühüm dərəcədə mane olurdu. Bundan əlavə, o, evi Kosovoda yandırıldıqdan sonra Serbiyada vətəndaşlığı olmayan şəxs statusu verilən Kosovodan bir serb idi. O, bir neçə dəfə Sloveniyadakı statusunu nizama salmağa çalışmışdı, lakin 2002-ci ildə deportasiya olunmuşdu. Onun valideynləri, qardaşı və iki bacısı Sloveniya vətəndaşlarıdır.
193. 19 yanvar 2011-ci ildə İnzibati Məhkəmə Nazirliyin qərarını ləğv etdi və onun tələbinin düzəliş edilmiş Hüquqi Status haqqında Qanuna əsasən baxılmalı olduğu barədə göstərişlə işi yenidən araşdırılması üçün geri göndərdi
194. 4 may 2011-ci ildə ərizəçiyə hər iki ex nunc və ex tunc yaşayış icazələri verildi. Onlar 9 iyun 2011-ci ildə ona təqdim edildi.
195. 1 iyun 2011-ci ildə ərizəçi Dövlət Prokurorluğuna kompensasiya tələbi verdi. Onun tələbi qanunla müəyyən edilmiş vaxt həddinin başa çatması səbəbi ilə o əsasla rədd edildi ki, o, “silinmənin” ona vurduğu ziyan barədə Sloveniya vətəndaşlığı üçün və ya daimi yaşayış icazəsi üçün müraciət etdiyi zaman öyrənmişdi.
II. MÜVAFİQ BEYNƏLXALQ VƏ DÖVLƏTDAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Dövlətdaxili qanunvericilik və təcrübə
1. Keçmiş Sloveniya Sosialist Respublikasının qanunvericiliyi
(a) Vətəndaşlıq haqqında Sloveniya Sosialist Respublikasının Qanunu (Zakon o državljanstvu Socialistične republike Slovenije – SSR-in Rəsmi Qəzeti, №. 23/76, 1976-сı il,)
196. Bu Qanunun 1-ci bəndində bununla da respublika vətəndaşlığının üstünlüyü müəyyən edilərək nəzərdə tutulurdu ki, Sloveniya Sosialist Respublikasının hər bir vətəndaşı eyni zamanda YSFR-in vətəndaşıdır.
(b) Əcnəbilərin Hərəkəti və Yaşayışı haqqında Qanun (Zakon o gibanju in prebivanju tujcev – SSR-in Rəsmi Qəzeti, №. 56/80, 1980-ci il, dəyişikliklərlə)
197. Bu Qanun Dövlət ərazisində əcnəbinin müvəqqəti və ya daimi yaşayış icazəsi ilə YSFR vətəndaşının faktiki yaşayış yerini göstərməklə müvəqqəti və ya daimi yaşayış yerini fərqləndirir.
(c) Sakinlərin Yaşayış Yerlərinin Uçotu və Əhalinin Qeydiyyatı haqqında Qanun (Zakon o evidenci nastanitve občanov in o registru prebivalstva – SSR-in Rəsmi Qəzeti, 1983-cü il, №. 6/83 və №. 11/91, 1991-ci il)
198. Bu Qanun daimi və müvəqqəti yaşayış yerlərinin qeydiyyatı və qeydiyyatının ləğvi və Sloveniya ərazisində əhalinin qeydiyyatının aparılmasını tənzimləyir.
199. 1991-ci ildə Qanunun 5-ci Maddəsi dəyişdirilərək, aşağıdakıları nəzərdə tutdu:
“Yaşayış məntəqəsində daimi məskunlaşdıqları və ya ünvanlarını dəyişdikləri zaman, daimi yaşayış yerinin qeydiyyatı və hər hansı ünvan dəyişikliyinin qeydiyyatı bütün sakinlər üçün məcburidir. Daimi yaşayış yerinin qeydiyyatının ləğvi Sloveniya Respublikasından köçən sakinlər üçün məcburidir.”
2. Sloveniya Respublikasının Qanunvericiliyi
(a) Xeyirxah Niyyətlər haqqında Bəyanat (Izjava o dobrih namenih – SR-in Rəsmi Qəzeti, №. 44/90-I, 1990-cı il)
200. Sloveniyanın müstəqilliyi ilə bağlı plebisitə hazırlıq prosesində 6 dekabr 1990-cı ildə qəbul edilmiş Xeyirxah Niyyətlər haqqında Bəyanatın məqsədi öz müstəqilliyinin həyata keçirilməsində Dövlətin müəyyən dəyərlərə sadiq qaldığını ifadə etmək idi. Bu sənədin müvafiq müddəasında nəzərdə tutulur:
“... Sloveniya Dövləti ... digər xalqların və millətlərin bütün üzvlərinə öz mədəniyyətlərinin və dillərinin hərtərəfli inkişafı hüququna və Sloveniyada daimi yaşayış yerinə malik olan şəxslərə istədikləri təqdirdə Sloveniya vətəndaşlığını əldə etmək hüququna ... təminat verir.”
(b) Sloveniya Respublikasının Suverenliyi və Müstəqilliyi haqqında Əsas Konstitusiya Xartiyası (Temeljna ustavna listina o samostojnosti in neodvisnosti Republike Slovenije – SR-in Rəsmi Qəzeti, №. 1/91-I, 1991-ci il)
201. 25 iyun 1991-ci ildə dərc edilən Sloveniya Respublikasının Suverenliyi və Müstəqilliyi haqqında Əsas Konstitusiya Xartiyasının müvafiq müddəalarında nəzərdə tutulur:
Bənd III
“Sloveniya Respublikası Sloveniya Respublikasının Konstitusiyasına və iştirakçısı olduğu beynəlxalq sazişlərə müvafiq olaraq, Sloveniya Respublikası ərazisində bütün şəxslərə onların milli mənşəyindən asılı olmayaraq və hər hansı ayrı-seçkilik olmadan, insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsinə təminat verir ...”
(c) Sloveniya Respublikasının Suverenliyi və Müstəqilliyi haqqında Əsas Konstitusiya Xartiyası ilə bağlı 1991-ci il Konstitusiya Qanunu (Ustavni zakon za izvedbo Temeljne ustavne listine o samostojnosti in neodvisnosti RS – SR-in Rəsmi Qəzeti, №. 1/91-I, 1991-ci il)
202. 1991-ci il Konstitusiya Qanununun müvafiq müddəalarında nəzərdə tutulur:
Bənd 13
“23 dekabr 1990-cı ildə, Sloveniya Respublikasının müstəqilliyinə dair plebisitin keçirildiyi gündə, Sloveniya Respublikasında daimi rezidentlər kimi qeydiyyata alınan və faktiki olaraq orada yaşayan [keçmiş YSFR-in] digər respublikalarının vətəndaşları Vətəndaşlıq haqqında Sloveniya Respublikasının Qanununun 40-cı bəndinə əsasən vətəndaşlıq əldə edənə qədər və ya Əcnəbilər haqqında Qanunun 81-ci bəndində təsbit edilmiş vaxt həddi başa çatana qədər, Sloveniya Respublikasının vətəndaşları ilə bərabər hüquqlara və vəzifələrə malikdirlər...”
(d) Sloveniya Respublikasının Konstitusiyası (Ustava Republike Slovenije, Rəsmi Qəzet, №. 33/91-I, 1991-ci il)
203. Sloveniya Respublikasının Konstitusiyasının müvafiq müddəalarında nəzərdə tutulur:
Maddə 8
“Qanunlar və digər normativ aktlar beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsiplərinə və Sloveniyanın iştirakçısı olduğu sazişlərə uyğun olmalıdır. Ratifikasiya olunmuş və dərc edilmiş sazişlər birbaşa tətbiq olunur.”
Maddə 14
“Sloveniyada hər kəsə milli mənşəyindən, irqindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər mövqeyindən, əmlak vəziyyətindən, məzhəbindən, təhsilindən, sosial statusundan və ya hər hansı digər şəxsi göstəricilərindən asılı olmayaraq bərabər hüquqlara və əsas azadlıqlara təminat verilir.
Hamı qanun qarşısında bərabərdir.”
Maddə 26
“Hər kəs xidməti vəzifələrini yerinə yetirən və ya Dövlət və ya yerli özünüidarə orqanının adından və ya ictimai vəzifənin sahibi kimi öz fəaliyyətini həyata keçirən şəxsin və ya orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququna malikdir.
Zərər çəkmiş istənilən şəxs qanuna müvafiq olaraq, həmçinin zərər vuran şəxsdən və ya orqandan birbaşa olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilər.”
...
(f) Vətəndaşlıq haqqında Sloveniya Respublikasının Qanunu (Zakon o državljanstvu Republike Slovenije, Rəsmi Qəzet, №. 1/91-I, 30/91 və 96/2002, 1991-ci və 2002-ci illər)
205. Vətəndaşlıq haqqında Qanunun müvafiq müddəalarında nəzərdə tutulur:
Maddə 10
“Əgər bu milli maraqlara uyğun olarsa, səlahiyyətli hakimiyyət orqanı öz mülahizəsi daxilində şəxsin naturalizasiya üçün müraciətini qəbul edə bilər. Şəxs aşağıdakı şərtləri yerinə yetirməlidir:
(1) on səkkiz yaşına çatmış olmalıdır;
(2) hazırki vətəndaşlığından çıxmalı və ya sübut etməlidir ki, o, Sloveniya Respublikasının vətəndaşlığını əldə etdiyi təqdirdə, [bu vətəndaşlıqdan] çıxacaq;
(3) on il ərzində Sloveniyada faktiki olaraq yaşamalı, bundan ərizənin verilməsindən bilavasitə əvvəl gələn beş il fasiləsiz olmalıdır.
(4) ən azından maddi və sosial təminata imkan verən məbləğdə, təminatlı daimi gəlir mənbəyinə malik olmalı;
(5) gündəlik ünsiyyət məqsədləri üçün sloven dilini bilməli;
(6) qanunla cinayət məsuliyyətinə cəlb edilən cinayət əməlinə görə vətəndaşı olduğu ölkədə və ya Sloveniyada bir ildən artıq müddətə həbs cəzasına məhkum edilməmiş olmalı, bir şərtlə ki, belə əməl onun ölkəsinin qanunvericiliyinə və həmçinin Sloveniya Respublikasının qanunvericiliyinə uyğun olaraq cəzalandırılan əməl olsun.
(7) Sloveniya Respublikasında yaşamaq ona qadağan edilməmiş olmalı;
(8) Şəxsin naturalizasiyası ictimai asayişə, Dövlətin təhlükəsizliyinə və ya müdafiəsinə heç bir təhdid yaratmamalıdır;
...”
Maddə 39
“Qüvvədə olan qanunvericiliyə əsasən Sloveniya Respublikasının və Yuqoslaviya Sosialist Federal Respublikasının vətəndaşlığını əldə etmiş şəxslər bu Qanuna əsasən Sloveniya vətəndaşları hesab olunmalıdırlar.”
Maddə 40
“23 dekabr 1990-cı ildə, Sloveniya Respublikasının müstəqilliyinə dair plebisitin keçirildiyi gündə, Sloveniya Respublikasında daimi rezidentlər kimi qeydiyyata alınan və faktiki olaraq orada yaşayan [keçmiş YSFR-in] digər respublikalarının vətəndaşları bu Qanun qüvvəyə mindikdən sonra altı ay ərzində yaşadıqları şəhərin daxili işlər orqanına ərizə təqdim etdikləri halda, Sloveniya Respublikasının vətəndaşlığını əldə edirlər...”
206. 14 noyabr 2002-ci ildə Vətəndaşlıq haqqında Sloveniya Respublikasının Qanununa dəyişiklik edildi. Müvafiq müddəada deyilir:
Maddə 19
“23 dekabr 1990-cı ildə Sloveniya Respublikasının ərazisində daimi rezident kimi qeydiyyata alınan və bu tarixdən etibarən fasiləsiz olaraq orada yaşayan yetkinlik yaşına çatmış şəxs, ... bu Qanunda təsbit edilən tələblərə cavab verdiyi halda, bu Qanun qüvvəyə mindikdən sonra bir il ərzində Sloveniya Respublikasının vətəndaşlığı üçün müraciət edə bilər.
Əvvəlki bəndə əsasən şəxsin ... bu Qanunda təsbit edilən tələblərə cavab verib-vermədiyini müəyyən edərkən, səlahiyyətli orqan ərizəçinin Dövlətdə qaldığı müddəti, onun Sloveniya Respublikası ilə şəxsi, ailə, işgüzar, sosial və digər əlaqələrini və vətəndaşlıqdan imtinanın ərizəçi üçün doğuracağı nəticələri nəzərə ala bilər.
...”
(g) Əcnəbilər haqqında Qanun (Zakon o tujcih, Rəsmi Qəzet № 1/91-I, 1991-ci il)
207. Əcnəbilər haqqında Qanunun müvafiq müddəalarında aşağıdakılar deyilir:
Maddə 13
“Etibarlı pasportla Sloveniya Respublikasının ərazisinə daxil olan əcnəbi, beynəlxalq müqavilədə başqa hal nəzərə tutulmayıbsa, orada üç ay müddətində və ya ona verilən vizanın etibarlılığı müddətində qala bilər ...
Təhsil, ixtisas, məşğulluq, tibbi müalicə, peşəkar təcrübə səbəblərindən və ya Sloveniya Respublikasının vətəndaşı ilə nikaha daxil olduğundan, Sloveniya Respublikasının ərazisində daşınmaz əmlaka malik olduğundan, Dövlətdə məşğulluğun təmin etdiyi hüquqlardan istifadə etdiyindən və ya onun Dövlətdə yaşayışını tələb edən hər hansı digər üzrlü səbəblərdən əvvəlki bənddə nəzərdə tutulandan daha uzun müddətə Sloveniya Respublikasının ərazisində qalmaq arzusunda olan əcnəbi .... müvəqqəti yaşayış icazəsi üçün müraciət etməlidir.
...”
Maddə 16
“Daimi yaşayış icazəsi Sloveniya Respublikasının ərazisində müvəqqəti yaşayış icazəsi əsasında davamlı olaraq ən azı üç il müddətində yaşayan və Sloveniya Respublikasının ərazisində daimi yaşayış üçün bu Qanunun 13-cü bəndinin ikinci yarımbəndində təsbit edilən tələblərə cavab verən əcnəbiyə verilə bilər ...”
Maddə 23
“Xarici pasport, viza və ya giriş icazəsi, və ya beynəlxalq müqavilə ... əsasında Sloveniya Respublikasının ərazisində yaşayan və ya müvəqqəti yaşayış icazəsi verilən əcnəbiyə ...qalmaq icazəsindən imtina edilə bilər:
(i) əgər ictimai asayiş, Dövlətin təhlükəsizliyi və ya müdafiəsi əsasları belə tələb edərsə;
(ii) əgər o, Dövlət hakimiyyəti orqanlarının qərarına riayət etməkdən imtina edərsə;
(iii) əgər o, dəfələrlə ictimai asayişi, milli sərhəd təhlükəsizliyini və ya bu Qanunun müddəalarını pozarsa;
(iv) əgər o, xarici və ya milli məhkəmə tərəfindən ən azı üç ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılan cinayət əməlində təqsirli bilinərsə;
(v) əgər o, yaşayış üçün kifayət qədər vasitələrə artıq malik deyildirsə və onun yaşayışı başqa cür təmin olunmursa;
(vi) ictimai sağlamlığın qorunması üçün zəruridirsə.”
Maddə 28
“Daxili işlər orqanının səlahiyyətli vəzifəli şəxsi daxili işlər üzrə məsul olan səlahiyyətli hakimiyyət orqanı və ya inzibati orqan tərəfindən tələb olunduqda, Sloveniya Respublikasının ərazisini könüllü tərk etməyən və ya bu Qanunun 13(1) bəndində nəzərdə tutulan müddətdən kənar və ya müvəqqəti yaşayış hüququnun verilməsi barədə qərarda icazə verilən müddətdən kənar Sloveniya Respublikasının ərazisində yaşayan əcnəbini Dövlət sərhədinə və ya vətəndaşı olduğu Dövlətin diplomatik/konsulluq nümayəndəliyinə gətirə bilər və belə şəxsə sərhədi keçməyə göstəriş verə və ya onu xarici ölkənin nümayəndəliyinə təhvil verə bilər.
Aidiyyatı olan daxili işlər orqanı əvvəlki bəndə müvafiq olaraq Sloveniya Respublikasının ərazisini tərk etməyən və hər hansı səbəbə görə dərhal çıxarıla bilməyən hər hansı əcnəbinin bu tədbirdən yayınmağa cəhd edəcəyi barədə şübhə olarsa, onun otuz gündən çox olmayan müddətdə əcnəbilər üçün tranzit mərkəzində yaşaması barədə əmr verməlidir.
Daxili işlər orqanı Sloveniya Respublikasının ərazisini dərhal tərk edə bilməyən, lakin yaşayışı üçün kifayət qədər vasitələrə malik olan əcnəbiyə başqa yaşayış yeri təyin edə bilər.”
Maddə 81
“Vətəndaşlığın verilməsi barədə müraciətlə bağlı inzibati icraatda çıxarılan qərar qəti qərara çevrilənədək, bu Qanunun müddəaları digər respublikaların vətəndaşları olan və Vətəndaşlıq haqqında Sloveniya Respublikasının Qanununun 40-cı bəndinə müvafiq olaraq, onun qüvvəyə minməsindən altı ay ərzində Sloveniya vətəndaşlığı üçün müraciət edən YSFR-in vətəndaşlarına tətbiq oluna bilməz.
Əvvəlki bənddə təsbit edilən vaxt-həddi ərzində Sloveniya Respublikasının vətəndaşlığı üçün müraciət etməyən və ya vətəndaşlıqdan imtina edilən digər respublikaların vətəndaşları olan YSFR-in vətəndaşlarına gəldikdə, bu Qanunun müddəaları, onların vətəndaşlıq üçün müraciət etmiş ola bildikləri vaxt həddinin başa çatmasından və ya onların müraciətinə münasibətdə çıxarılan qərar yekun qərara çevriləndən iki ay sonra tətbiq olunur.”
Maddə 82
“... Əcnəbilərin Hərəkəti və Yaşayışı haqqında Qanuna müvafiq olaraq verilən daimi yaşayış icazələri ... əgər belə icazəyə sahib olan əcnəbi bu Qanun qüvvəyə minəndə, Sloveniya Respublikasının ərazisində daimi yaşayış yerinə malik olubsa, etibarlıdır.”
208. Sloveniya vətəndaşlığı üçün müraciət etməmiş və ya Əcnəbilər haqqında Qanuna əsasən yaşayış icazələri əldə etməmiş digər keçmiş YSFR respublikalarının vətəndaşları üçün daimi yaşayış icazələrinin əldə olunmasını asanlaşdırmaq üçün 3 sentyabr 1992-ci ildə Hökumət aşağıdakı qərarı qəbul etdi:
“...Əcnəbilər haqqında Qanunun 16-cı bəndində qeyd edilən əcnəbilər üçün daimi yaşayış icazələri ilə bağlı ərizələri araşdırarkən ..., Daxili İşlər Nazirliyi nəzərə almalıdır ki, Sloveniya Respublikasının ərazisində daimi yaşayış şərti, əcnəbi ən azı üç il müddətinə qeydiyyatdan keçmiş daimi yaşayış yerinə malik olduqda və Əcnəbilər haqqında Qanunun müddəaları ona tətbiq olunana qədər faktiki olaraq orada yaşadıqda yerinə yetirilmiş olur.”
(h) 1999-cu il tarixli Əcnəbilər haqqında Qanun (Zakon o tujcih, Rəsmi Qəzet №. 61/99, 108/2002, 112/2005, 107/2006, 71/2008 və 64/2009)
209. 1999-cu il tarixli Əcnəbilər haqqında Qanun 1991-ci il tarixli Əcnəbilər haqqında Qanunu əvəz etdi. Sonrakı illərdə 1999-cu il tarixli Əcnəbilər haqqında Qanuna bir neçə dəyişikliklər edilmişdi. 2011-ci ildə o, yeni Əcnəbilər haqqında Qanunla əvəz edildi (Rəsmi Qəzet, №. 50/2011).
(i) Sloveniyada Keçmiş YSFR-in Digər Varis Dövlətlərinin Vətəndaşlarının Hüquqi Statusunun Tənzimlənməsi haqqında Qanun (“Hüquqi Status haqqında Qanun” – Zakon o urejanju statusa državljanov drugih držav naslednic nekdanje SFRJ v Republiki Sloveniji, Rəsmi Qəzet, №. 61/99 və 54/2000, 1999-cu il və 2000-ci il)
210. Konstitusiya Məhkəməsinin 4 fevral 1999-cu il tarixli qərarından sonra qəbul edilən Hüquqi status haqqında Qanunun müvafiq müddəalarında (bax yuxarıda 41-48-ci bəndlər) nəzərdə tutulur:
Maddə 1
“23 dekabr 1990-cı ildə Sloveniya Respublikasının ərazisində daimi rezidentlər kimi qeydiyyata alınmış və faktiki olaraq Sloveniya Respublikasında yaşayan keçmiş YSFR-in digər varis dövlətlərinin vətəndaşları (bundan sonra “xaricilər”), və 25 iyun 1991-ci ildə faktiki olaraq Sloveniya Respublikasında rezident olan və o zamandan etibarən davamlı olaraq orada yaşayan əcnəbilər bu Qanunda təsbit edilmiş tələblərə cavab verirlərsə, Əcnəbilər haqqında Qanunun müddəalarına baxmayaraq, onlara daimi yaşayış icazələri verilməlidir.”
Maddə 2
“Daimi yaşayış üçün ərizə bu Qanun qüvvəyə mindikdən sonra üç ay müddətində təqdim olunmalıdır ...
Vətəndaşlıq haqqında Sloveniya Respublikasının Qanununun 40-cı bəndinə müvafiq olaraq daimi yaşayış üçün ərizə vermiş ..., lakin ərizənin təmin olunmasından imtina almış əcnəbi, əvvəlki bəndə əsasən bu Qanun qüvvəyə mindikdən sonra və ya əgər qərar bu Qanunun qüvvəyə minməsindən sonra qəbul edilibsə, onun qəti qərara çevrilməsindən sonra üç ay müddətində ərizə təqdim edə bilər ...”
211. 24 iyul 2011-ci ildə düzəliş edilmiş Hüquqi Status haqqında Qanun (Zakon o spremembah in dopolnitvah Zakona o urejanju statusa državljanov drugih držav naslednic nekdanje SFRJ v Republiki Sloveniji, Rəsmi Qəzet № 50/2010) qüvvəyə mindi. Qanunun 1 (č) bəndində nəzərdə tutulur:
“Sloveniya Respublikasında faktiki olaraq yaşamaq bu Qanunun məqsədləri baxımından şəxsin həyati maraqlarının əsasının Sloveniya Respublikasında olması deməkdir, bu, şəxslə Sloveniya Respublikası arasında faktiki və daimi əlaqələrin mövcudluğunu nümayiş etdirən şəxsi, ailə, iqtisadi, sosial və digər əlaqələrin əsasında müəyyən olunur. Bu bəndin üçüncü yarımbəndinə qeyd olunan səbəblərə görə Sloveniya Respublikasında əsaslı səbəbdən olmama Sloveniya Respublikasında faktiki yaşamağın dayandırılması demək deyil.
Əgər şəxs Sloveniya Respublikasını tərk edibsə və səbəbindən asılı olmayaraq, onun ölkədə davamlı olmaması bir ildən çox olmayıbsa, Sloveniya Respublikasında faktiki olaraq yaşamaq şərtinə cavab verilir.
Sloveniya Respublikasında faktiki olaraq yaşamaq şərtinə həmçinin o halda cavab verilir ki, şəxs bir ildən çox müddətə ölkədə olmayıb, lakin aşağıdakı səbəblərə görə buna haqq qazandırılıb:
- əgər şəxs Daimi Rezidentlərin Reyestrindən çıxarılması nəticəsində Sloveniya Respublikasını tərk edibsə;
- əgər şəxs Sloveniya Respublikasında hüquqi şəxs tərəfindən və ya yetkinlik yaşına çatmayana münasibətdə onun valideynləri və ya qəyyumları tərəfindən, işə, təhsilə təyin olunduğundan və ya tibbi müalicə kursu keçdiyindən, və ya əgər şəxs əsas limanı Sloveniya Respublikasında olan gəmidə işçi olubsa, təyinat, təhsil və ya müalicə müddətində və ya gəmidə iş müddətində, Sloveniya Respublikasını tərk edibsə;
- əgər şəxs müvafiq şərtləri yerinə yetirmədiyindən Sloveniya Respublikasında yaşayış icazəsi əldə edə bilmədiyinə görə və icazənin verilməsi barədə ərizə rədd edildiyinə və ya qəbul edilmədiyinə və ya prosedura xitam verildiyinə görə Sloveniya Respublikasını tərk edibsə;
- əgər şəxs keçmiş Yuqoslaviya Sosialist Federal Respublikasının digər varis Dövlətlərində müharibə vəziyyətinə görə və ya tibbi səbəblərə görə Sloveniya Respublikasına qayıda bilməyibsə;
- əgər şəxs Əcnəbilər haqqında Qanunun 28-ci ... və ya 50-ci bəndinə müvafiq olaraq Sloveniya Respublikasından xaric edilibsə ..., bir şərtlə ki, şəxs cinayət əməlini törətdiyinə görə sanksiya olaraq ölkədən xaric edilən əcnəbi olmasın;
- cinayət əməlini törətdiyinə görə əlavə sanksiya olaraq ölkədən çıxarılma tətbiq olunduğundan girişin imtina edildiyi hal istisna olmaqla, şəxsə Sloveniya Respublikasına daxil olmağa imtina edilibsə ...
İkinci abzasda qeyd edilənlər istisna olmaqla, əvvəlki bənddə qeyd edilən digər səbəblərə görə şəxs beş ildən artıq müddətdə ölkədə olmayıbsa, hesab olunur ki, faktiki olaraq yaşamaq şərti beş il müddətinə və yalnız əgər şəxsin davranışı onun ölkədə olmadığı dövrdə Sloveniya Respublikasına qayıtmağa və orada faktiki olaraq yaşamağa çalışdığını göstərirsə, daha beş il müddətinə yerinə yetirilmiş hesab olunur.
Bu Qanunun məqsədləri baxımından, daimi yaşayış icazəsi və ya retroaktiv daimi yaşayış icazəsi barədə xüsusi qərar və qeydiyyata alınmış daimi yaşayış yeri və ya Konstitusiya Məhkəməsinin ... 3 aprel 2003-cü il tarixli U-1-246/02-28 saylı qərarının 8-ci bəndinə müvafiq olaraq çıxarılan əlavə qərar ... Vətəndaşlıq haqqında Sloveniya Respublikasının Qanununa əsasən başlanan icraatda Sloveniya Respublikasında faktiki olaraq yaşamaq şərtinin yerinə yetirildiyi anlamına gəlmir.”
(j) Daimi Yaşayış Yerlərinin Qeydiyyatı və Qeydiyyatının Ləğvi Forması, Şəxsi və Məişət Kartının Forması və Daimi Rezidentlərin Reyestrinin Aparılması və İdarə Olunması Üsulu barədə Qaydalar (Pravilnik o obrazcu za prijavo oziroma odjavo stalnega prebivališča, o obrazcu osebnega kartona in kartona gospodinjstev ter o načinu vodenja in vzdrževanja registra stalnega prebivalstva, Rəsmi Qəzet № 27/92, 1992-ci il)
212. Qaydaların müvafiq müddəasında nəzərdə tutulur:
Qayda 5
“Daimi Rezidentlərin Reyestrində bələdiyyənin ərazisində daimi yaşayış yerində qeydiyyatdan keçirmiş Sloveniya Respublikasının vətəndaşları barədə məlumatlar ehtiva olunur.
Daimi Rezidentlərin Reyestrində səlahiyyətli hakimiyyət orqanı üç aydan artıq müddətə müvəqqəti olaraq xarici ölkəyə səfər edən Sloveniya Respublikasının vətəndaşlarını və hakimiyyət orqanı tərəfindən daimi yaşayış yerinin qeydiyyatından imtina edilən şəxsləri müəyyən etməlidir ...”
(k) Dövlət Prokurorluğu haqqında Qanun (Zakon o državnem pravobrailstvu, Rəsmi Qəzet № 94/07)
213. Dövlət Prokurorluğu haqqında Qanunun müvafiq müddəasında nəzərdə tutulur:
Maddə 14
“Əgər şəxs Dövlət Prokuroru tərəfindən müdafiə olunan təşkilata qarşı mülki və ya digər icraat başlamaq niyyətindədirsə, bu şəxs ilk öncə icraata başlamazdan əvvəl mübahisəli münasibətin həlli üçün Dövlət Prokurorluğuna təklif təqdim etməlidir.
Dövlət Prokuroru qısa zamanda və otuz gündən gec olmayaraq, müvafiq qaydada hərəkət etməli və maraqlı şəxsə mövqeyi barədə məlumat verməlidir.”
3. Sloveniya Respublikasının Konstitusiya Məhkəməsinin Presedent hüququ
(a) 4 fevral 1999-cu il tarixli qərar (U-I-284/94)
214. Konstitusiya Məhkəməsinin 4 fevral 1999-cu il tarixli qərarının (bax yuxarıda 41-48-ci bəndlər) müvafiq hissələrində aşağıdakılar deyilir:
“ B.M. və V.T.-in təşəbbüsü ilə başlanan Konstitusiyaya uyğunluğunun yoxlanmasına dair icraatla bağlı 4 fevral 1999-cu il tarixli iclasda ..., Konstitusiya Məhkəməsi aşağıdakı qərarı qəbul etdi:
1. Əcnəbilər haqqında Qanun (SR-in Rəsmi Qəzeti, №1/91-1, 44/97 və 50/98) Konstitusiyaya uyğun deyil, belə ki, o, 81-ci bəndin 2-ci yarımbəndində qeyd edilən şəxslərin Sloveniya Respublikasının vətəndaşlığı üçün müraciət etmək imkanına malik olduqları müddətdə, bunu etmədikləri halda, müddətin başa çatmasından sonra və ya vətəndaşlığın verilməsindən imtina barədə qərar qəti qərara çevrildikdən sonra daimi yaşayış icazəsinin əldə olunması üçün şərtləri müəyyən etməyib. ...
3. Əsas müddəaların 1-ci bəndində müəyyən olunan uyğunsuzluq bu qərarın Sloveniya Respublikasının Rəsmi Qəzetində dərc edildiyi tarixdən altı ay müddətində qanunverici tərəfindən aradan qaldırılmalıdır.
4. Yuxarıda 1-ci bənddə müəyyən olunan uyğunsuzluğun aradan qaldırılmasına qədər, keçmiş Yuqoslaviya Sosialist Federal Respublikasının digər hər hansı respublikasının vətəndaşları 23 dekabr 1990-cı ildə plebisit tarixində daimi yaşayış yerinə malik olan şəxslər kimi qeydiyyata alınıblarsa, və faktiki olaraq Sloveniya Respublikasında yaşayırlarsa, onlara münasibətdə Əcnəbilər haqqında Qanunun 28-ci bəndində qeyd olunan deportasiya haqqında qərar çıxarıla bilməz.
Əsaslar:
...
14. Konstitusiya Məhkəməsi müəyyən edir ki, Əcnəbilər haqqında Qanunun 13-cü bəndinin 2-ci yarımbəndi və 16-cı bəndinin 1-ci yarımbəndi Sloveniya Respublikasının vətəndaşlığını əldə etməyən digər respublikaların vətəndaşlarına tətbiq olunmamalıdır. Həmçinin səlahiyyətli hakimiyyət orqanları sözügedən şəxslərə ünvanlanmış hər hansı qərar və ya bildiriş olmadan ex proprio motu (öz təşəbbüsləri ilə) bu şəxsləri mövcud Daimi Rezidentlərin Reyestrindən Əcnəbilərin Reyestrinə keçirməməlidirlər. Onların belə tədbir görmələri üçün hər hansı qanuni əsas olmayıb. Hökumətin öz izahatlarında istinad etdiyi Rezidentlərin Yaşayış Yerlərinin Dəlilləri və Əhalinin Qeydiyyatı haqqında Qanun daimi rezidentlərin bu Qanun əsasında qeydiyyatdan çıxarılması ilə bağlı hər hansı müddəaları nəzərdə tutmur.
Həmçinin Hökumətə qanunla qanunverici müddəaların həyata keçirilməsi qaydasını müəyyən edən fərdi qərarlar qəbul etmək səlahiyyəti verilməyib. Konstitusiyanın 120-ci Maddəsinə əsasən, dövlət idarəetməsi ilə bağlı olan vəzifələr və funksiyalar müstəqil olaraq və bütün zamanlarda Konstitusiyaya və qanuna müvafiq olaraq və uyğun şəkildə həyata keçirilməlidir.
Hökumət Əcnəbilər haqqında Qanunun təcrübədə həmçinin digər respublikaların vətəndaşlarına tətbiq edilə bilinmədiyini müəyyən edəndə, o, təklif etməli idi ki, qanunverici onların hüquqi vəziyyətini tənzimləsin, və o, qərar qəbul etməklə qanunverici səlahiyyətə müdaxilə etməməli idi.
15. Yuxarıda qeyd olunan səbəblərə görə Əcnəbilər haqqında Qanun, hansının ki, keçid müddəaları Sloveniya Respublikasında daimi yaşayış yerinə malik olan və faktiki olaraq onun ərazisində yaşayan digər respublikaların vətəndaşlarının hüquqi statusunu tənzimləmir, Konstitusiyanın 2-ci Maddəsinə əsasən hüquqi dövlətin prinsiplərini pozub.
Bu səbəbdən 81-ci bəndin 2-ci yarımbəndində təsbit edilən vaxt məhdudiyyətinin başa çatmasından sonra digər respublikaların vətəndaşları güvənsiz hüquqi vəziyyətdə olurlar. Qeyd edilən şəxslər Əcnəbilər haqqında Qanunun müddəalarının tətbiq edilməli olduğunu müəyyən edən keçid müddəalarının mətnindən onların əcnəbi kimi vəziyyətlərinin necə olacağını və onlara hansı qanun müddəalarının tətbiq edilməli olduğunu anlaya bilməyiblər. Beləliklə, Konstitusiya Məhkəməsi o nəticəyə gəlir ki, əcnəbilər olaraq digər respublikaların vətəndaşlarının hüquqi vəziyyəti Sloveniya Respublikasında tənzimlənmədiyindən, hüquqi dövlətin prinsiplərindən biri kimi hüquqi müəyyənlik prinsipi pozulub.
16. Hüquqi müəyyənlik prinsipi şəxsə zəmanət verir ki, Dövlət əsaslı səbəblər olmadan onun hüquqi vəziyyətini pisləşdirməsin. Kifayət qədər əsaslandırılıb ki, Sloveniya vətəndaşlığını seçməyən digər respublikaların vətəndaşları Sloveniya Respublikasına yeni gəlmiş əcnəbilərlə bərabər tutulacaqlarını və üstəlik hər hansı bildiriş verilmədən daimi yaşayışdan məhrum olacaqlarını gözləməməlidirlər. ...”
(b) 3 aprel 2003-cü il tarixli qərar (U-I-246/02)
215. Konstitusiya Məhkəməsinin 3 aprel 2003-cü il tarixli qərarının (bax yuxarıda 58-60-cı bəndlər) müvafiq hissələrində aşağıdakılar deyilir:
“Ərizələrin araşdırılması ilə bağlı icraatda və M.K. ... və N.M.P. ... tərəfindən təmsil olunan Sloveniyanın Silinənlər Assosiasiyası, Ptuj, və başqaları tərəfindən verilən ərizələrə əsasən başlanmış Konstitusiyaya uyğunluğun yoxlanılması ilə bağlı icraatda 3 aprel 2003-cü ildə keçirilən iclasda ..., Konstitusiya Məhkəməsi aşağıdakı qərarı qəbul etdi:
1. Sloveniya Respublikasında Keçmiş YSFR-in Digər Varis Dövlətlərinin Vətəndaşlarının Hüquqi Statusunun Tənzimlənməsi haqqında Qanun (SR-nin Rəsmi Qəzeti, №. 61/99 və 64/01) Konstitusiyaya uyğun deyil, belə ki, o, yuxarıda qeyd olunan tarixdən etibarən daimi yaşayış yerinə malik olan şəxslər kimi, 26 fevral 1992-ci ildə Daimi Rezidentlərin Reyestrindən çıxarılan keçmiş YSFR-in digər respublikalarının vətəndaşlarını tanımır.
2. Sloveniya Respublikasında Keçmiş YSFR-in Digər Varis Dövlətlərinin Vətəndaşlarının Hüquqi Statusunun Tənzimlənməsi haqqında Qanun Konstitusiyaya uyğun deyil, belə ki, o, əvvəlki bənddə qeyd edildiyi kimi Əcnəbilər haqqında Qanunun 28-ci bəndinə əsasən əcnəbi olaraq məcburi çıxarılması nəzərdə tutulan keçmiş YSFR-in digər respublikalarının vətəndaşları tərəfindən daimi yaşayış icazəsinin əldə olunmasını tənzimləmir (SR-in Rəsmi Qəzeti, № 1/91-1 və 44/97).
3. Sloveniya Respublikasında Keçmiş YSFR-in Digər Varis Dövlətlərinin Vətəndaşlarının Hüquqi Statusunun Tənzimlənməsi haqqında Qanunun 1-ci bəndi bu qərarın əsaslandırıcı hissəsində qeyd olunan səbəblərə görə Konstitusiyaya uyğun deyil.
4. Sloveniya Respublikasında Keçmiş YSFR-in Digər Varis Dövlətlərinin Vətəndaşlarının Hüquqi Statusunun Tənzimlənməsi haqqında Qanunun 2-ci bəndinin 1-ci və 2-ci yarımbəndləri daimi yaşayış icazəsinin verilməsi ilə bağlı ərizənin təqdim olunması üçün üç aylıq vaxt məhdudiyyətini müəyyən edən hissələrdə ləğv olunur. ...
7. Bu qərar Sloveniya Respublikasının Rəsmi Qəzetində dərc olunduğu tarixdən altı ay ərzində qanunverici orqan yekun müddəaların 1, 2 və 3-cü bəndlərində müəyyən edilən Konstitusiyaya uyğunsuzluqları aradan qaldırmalıdır.
8. Bununla keçmiş YSFR-in digər respublikalarının vətəndaşlarının daimi yaşayış statusu, onlar Daimi Rezidentlərin Reyestrindən 26 fevral 1992-ci ildə çıxarıldıqları halda, həmin tarixdən etibarən Sloveniya Respublikasında Keçmiş YSFR-in Digər Varis Dövlətlərinin Vətəndaşlarının Hüquqi Statusunun Tənzimlənməsi haqqında Qanunun, Əcnəbilər haqqında Qanunun (SR-in Rəsmi Qəzeti, №1/91-1 and 44/97) və ya Əcnəbilər haqqında Qanunun (SR-in Rəsmi Qəzeti, № 61/99) əsasında verilmiş daimi yaşayış icazəsi vasitəsilə müəyyən edilir. Daxili İşlər Nazirliyi rəsmi vəzifə olaraq onların 26 fevral 1992-ci ildən etibarən Sloveniya Respublikasında daimi yaşayışının müəyyən olunması ilə bağlı əlavə qərarlar qəbul etməlidir.
Ə s a s l a r :
...
15. Mübahisə edilən Qanun digər respublikaların vətəndaşlarına onların statusu rəsmən olaraq tanınmadığı gündən [yəni belə status götürülən zaman] daimi yaşayış statusu əldə etmək imkanı vermədiyindən və beləliklə müəyyən olunmuş qeyri-konstitusionallağı yalnız qismən aradan qaldırdığından, o, Konstitusiyaya uyğun deyil. Konstitusiyanın 2-ci Maddəsinə əsasən hüququn aliliyi ilə idarə olunan Dövlətin prinsiplərindən biri kimi hüquqi müəyyənlik prinsipi tələb edir ki, müvafiq şəxslərin vəziyyəti istənilən vaxt dövrü ərzində tənzimlənməmiş qalmamalıdır. Daimi yaşayış statusu müvafiq şəxslərin qanuni tənzimlənməyən işin vəziyyətinə görə iddia edə bilmədikləri müəyyən hüquqları və hüquqi imtiyazları tələb etmək üçün mühüm əlaqələndirici aspektdir. Onların Sloveniya Respublikasındakı vəziyyəti tənzimlənməyən işin durumuna görə hüquqi cəhətdən qeyri-müəyyən idi, belə ki, əcnəbi statusu əldə etməklə onlar Sloveniya Respublikası ərazisində daimi yaşayış statuslarını itirmişdilər və bəzi mənfi təsir etmiş şəxslərın halında on ildən artıq müddətə davam edən tənzimlənməyən vəziyyətə və ya əhəmiyyətli dərəcədə pisləşmiş hüquqi vəziyyətə (məsələn, müvəqqəti yaşayış statusuna malik olmaqla) düşmüşdülər. Milli Məclisin İnsan Hüquqları üzrə Ombudsmanın 2001-ci il üzrə 7-ci illik hesabatı əsasında verdiyi tövsiyədən (SR Rəsmi Qəzeti, № 2/03) belə nəticə çıxır ki, digər respublikaların belə vətəndaşlarının hüquqi vəziyyəti hələ də hüquqi tənzimlənməni tələb edir.
22. Sloveniya Respublikası müstəqillik əldə etdikdən sonra onların hüquqi statusu [fərqli] əcnəbi statusuna dəyişdiyi gündən, onların daimi yaşayış statusu tanınmadığından, digər respublikaların vətəndaşları əks təqdirdə Sloveniya Respublikasında daimi yaşayan əcnəbilər kimi malik olacaqları müəyyən hüquqları müdafiə etmək iqtidarında olmamışlar. Ərizəçilər bu hüquqları dəqiq şəkildə müəyyən etməyiblər; lakin Konstitusiya Məhkəməsinin qərarlarından belə çıxır ki, bura xüsusilə də, hərbi pensiyanın əvvəlcədən ödənişi, sosial sığorta müavinətlərinə hüquq və birinin sürücülük vəsiqəsini dəyişdirmək imkanı aiddir. ...”
...
HÜQUQİ MƏSƏLƏLƏR
I. İLKİN MƏSƏLƏLƏR
...
C. Qurban statusunun olmaması ilə bağlı Hökumətin etirazı
243. Hökumət bildirdi ki, Palatanın 2010-cu il qərarından sonra hər iki ex nunc və ex tunc daimi yaşayış ərizələri verilmiş altı ərizəçi (cənab Kuriç, xanım Mezga, cənab Ristanoviç, cənab Berişa, cənab Ademi və cənab Miniç) (bax yuxarıda 95, 123, 133, 158, 173 və 194-cü bəndlər) Konvensiyanın 34-cü Maddəsinin mənası baxımından şikayət edilən faktların “qurbanları” olduğunu iddia edə bilməzdilər.
244. Ərizəçilər bu mövqeyə etirazlarını bildirdilər.
1. Tərəflərin arqumentləri
(a) Hökumət
245. Hökumət bildirdi ki, təkzibedilməz fakt idi ki, “silinmə” qanunsuz idi və qeyri-konstitusion vəziyyətə gətirmişdi. Sloveniya Respublikası bunu həm rəmzi olaraq və həm də hüquqi səviyyədə etiraf etmişdi. 15 iyun 2010-cu ildə Milli Assambleyanın Sədri ictimaiyyət qarşısında “silinənlərdən” üzr istədi, 22 iyun 2010-cu ildə Daxili İşlər Naziri də eynilə etdi (bax yuxarıda 75-ci bənd). Hüquqi səviyyədə isə 1999-cu ildən sonra Konstitusiya Məhkəməsi bir sıra hallarda “silinmənin” qeyri-konstitusion olduğu barədə qərar verdi (bax yuxarıda 41-48, 52-56, 58-60 və 214-215). Sloveniya Respublikasının “silinmənin” qanunsuz olduğunu inkar etməyə davam etdirməsi barədə ərizəçilərin iddiaları buna görə də dəqiq deyildi. Konstitusiya Məhkəməsinin qərarlarını tam yerinə yetirmək və “silinmənin” qanunsuzluğunu və qeyri-konstitusionallığının əvəzini ödəmək üçün əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
246. 8 mart 2010-cu ildə qəbul edilmiş və 24 iyul 2010-cu ildə qüvvəyə minmiş düzəliş edilmiş Hüquqi Status haqqında Qanun (bax yuxarıda 71, 76-79 və 211-ci bəndlər) öz hüquqi statuslarını hələ nizama salmayan ərizəçilərə hər iki ex nunc və ex tunc yaşayış icazələrini tələb etmək imkanı təklif etməklə, daxili qanunvericilikdə qalan qeyri-konstitusion müddəaları ləğv etdi. Bu xüsusi hüquqi müdafiə vasitəsi ilə qanunverici “silinmənin” nəticəsində pozuntuların nəticələrinin aradan qaldırılmasının xüsusi forması olaraq mənəvi ziyanın ödənilməsini nəzərdə tutmuşdu.
247. Palatanın qərarından sonra hər iki ex nunc və ex tunc yaşayış icazələri verilmiş altı ərizəçiyə (cənab Kuriç, xanım Mezga, cənab Ristanoviç, cənab Berişa, cənab Ademi və cənab Miniç) gəldikdə, onların statusları Palata tərəfindən “qurban” statusunu itirmiş hesab olunan cənab Petreş və cənab Yovanoviçin statuslarına ekvivalent idi. Buna görə də onlara münasibətdə ərizə qəbuledilməz elan edilməlidir.
248. Eynilə daimi yaşayış icazələrini tələb etmək məqsədilə heç zaman Sloveniyada icraata başlamamış qalan ərizəçilərə (cənab Dabetiç və xanım Ristanoviç) də tətbiq olunmalıdır.
249. Ərizəçilərin iddia etdiklərinə zidd olaraq, daimi yaşayış icazələri birmənalı olaraq sadəcə “dəyərsiz kağız parçası” deyildi. Bu, pensiya hüquqları, təhsil, səhiyyə və əmək bazarına çıxış da daxil olmaqla, sosial təminat sahəsində iyirmi yeddi müxtəlif hüquqa sahibliklə bağlıdır. Bu hüquqlara malik olduqları təqdirdə, daimi rezidentlər Sloveniya vətəndaşları ilə eyni səviyyədə olurlar. Onlar eyni siyasi hüquqlardan istifadə edə bilməzdilər, lakin yerli seçkilərdə səs verə bilərdilər.
250. Kompensasiya tələblərinə gəldikdə, Konstitusiyanın 26-cı Maddəsi (baz yuxarıda 203-cü bənd) dövlət hakimiyyəti orqanı tərəfindən vurulmuş ziyana görə kompensasiya hüququnu nəzərdə tutur. Ərizəçilər və digər “silinən” şəxslər 2001-ci il Öhdəliklər haqqında Məcəlləyə əsasən maddi və mənəvi ziyana görə kompensasiya tələb etmək üçün mülki iddia qaldırmaq imkanına malik idilər və sonda konstitusiya şikayəti verə bilərdilər. Özünün 10 iyun 2010-cu il tarixli qərarının 43-cü bəndində Konstitusiya Məhkəməsi qərara almışdı ki, “Hüquqi Status haqqında Qanun və düzəliş edilmiş Hüquqi Status haqqında Qanun əsasında qərarların qəbulu özlüyündə ziyana görə Dövlətin yeni məsuliyyət növünü və ya ziyanın ödənilməsi ilə bağlı iddiaların təmin edilməsi üçün yeni hüquqi əsası nəzərdə tutmur” (bax yuxarıda 74-cü bənd). Ziyanın ödənilməsini tələb etmək həmçinin Dövlət Prokurorluğu haqqında Qanunun 14-cü Maddəsinə əsasən mümkün idi.
251. Dinləmədən sonra özünün təqdimatında Hökumət “silinən” tərəfindən qaldırılan bir işdə Konstitusiya Məhkəməsinin 5 iyul 2011-ci il tarixli qərarına istinad etdi, həmin qərardan belə çıxır ki, Konstitusiya Məhkəməsi “silinmə” nəticəsində dəymiş ziyana görə Dövlətin məsuliyyəti ilə bağlı məsələdə hələ mövqe tutmamışdı (bax yuxarıda 82-ci bənd). Bundan əlavə 26 sentyabr 2011-ci ildə Konstitusiya Məhkəməsi “silinənlərdən” biri tərəfindən verilmiş konstitusiya şikayətini baxışa qəbul etməmişdi (bax yuxarıda 83-cü bənd).
252. Hökumət qeyd etdi ki, ərizəçilərdən heç biri daxili məhkəmələrdə kompensasiya tələb etməmişdi. Yalnız cənab Berişa və cənab Miniç Dövlət Prokurorluğuna ziyanın ödənilməsi ilə bağlı iddia vermişdilər və o rədd edilmişdi. Cənab Berişa məhkəmə icraatı başlatmamışdı (bax yuxarıda 160-cı bənd).
(b) Ərizəçilər
253. Böyük Palatada işə baxılarkən hər iki ex nunc və ex tunc daimi yaşayış icazələri verilmiş altı ərizəçi onların fikrincə “silinmənin” səbəb olduğu insan hüquqlarının pozuntularının “qurbanları” olaraq qalıblar, belə ki, onlara Konvensiyanın pozuntularına görə hər hansı lazımi əvəz ödənilməyib.
254. Baxmayaraq ki, əvvəlki presedent hüququndan və həmçinin bir sıra sonrakı qərarlardan belə çıxır ki, işə baxılması zamanı müdafiə vasitəsi təmin olunduğu halda ərizəçinin “qurban” olması dayana bilər (onlar digərləri ilə yanaşı (inter alia) istinad etdilər: Maaouia Fransaya qarşı (Maaouia v. France) (dec), № 39652/98, AİHM 1999‑II; Pançenko Latviyaya qarşı iş (Pančenko v. Latvia) (dec.), № 40772/98, 28 oktyabr 1999-cu il; və Mixeyeva Latviyaya qarşı iş (Mikheyeva v. Latvia (dec.), № 50029/99, 12 sentyabr 2002-ci il), Konvensiyanın 8-ci Maddəsi altında son dövrlərin presedent hüququ aydın şəkildə göstərir ki, pozuntunun tanınması bu baxımdan kifayət deyil; uzun müddət ərzində ərizəçilərin məruz qaldığı mənfi nəticələrin kompensasiyası daxil olmaqla, “müvafiq” əvəzin ödənilməsi tələb olunur (onlar istinad etdilər yuxarıda istinad edilən Aristimuño Mendizabalın işi (Aristimuño Mendizabal), cited above, § 79; Mengesha Kimfe İsverçrəyə qarşı iş (Mengesha Kimfe v. Switzerland), № 24404/05, §§ 41-49, 29 iyul 2010-cu il; və Agrau İsveçrəyə qarşı iş (Agraw v. Switzerland), № 3295/06, §§ 27-34, 29 iyul 2010-cu il). Məhkəmə həmçinin qeyri-vətəndaşların deportasiya olunması ilə bağlı və uzun müddət ərzində ərizəçinin statusunun tənzimlənməməsi ilə bağlı işlər arasında fərq qoyur. Birinci kateqoriya işlərdə deportasiya tədbiri icra edilməyibsə və ya əgər ərizəçiyə yaşayış icazəsi verilibsə, o, artıq “qurban” olduğunu iddia edə bilməz (ərizəçilər yuxarıda istinad edilən Sisoyeva və Başqalarının işinə (Sisojeva and Others), § 100, və yuxarıda istinad edilən Kaftailovanın işinə (Kaftailova), §§ 52‑54, istinad etdilər). Digər tərəfdən ikinci kateqoriya işlərdə (yuxarıda istinad edilən Aristimuno Mendizabal (Aristimuño Mendizabal), Mengeşa Kimfe (Mengesha Kimfe) və Agraunun (Agraw) işləri) Məhkəmə aydın şəkildə bildirmişdir ki, yaşayış icazələrinin verilməsi, xüsusilə də onların verilməsi üçün zəruri olan vaxtın keçməsini nəzərə alsaq, kifayət deyil. Hazırki ərizə daha çox ikinci kateqoriya işlərlə oxşardır.
255. Pozuntunun davam etməsinin qarşısının alınması tədbiri olan altı ərizəçiyə yaşayış icazələrinin verilməsi Sloveniya hakimiyyət orqanları tərəfindən - ən azından mahiyyətcə - şikayət edilən pozuntunun tanınması hesab oluna bilməz. Hakimiyyət orqanları öz hərəkətlərinin qanunsuz olduğunu inkar etməyə davam etmişdilər. Burada Latviya işlərindən fərqli olaraq, daimi yaşayış statusundan məhrumetmə daxili qanunvericiliyin kobud şəkildə pozulması ilə həyata keçirilmişdi. Nəhayət ərizəçilər daxili qanunvericiliyə əsasən müvafiq kompensasiya ala bilmədiklərindən, daimi yaşayış icazələrinin retroaktiv təbiəti yalnız deklarativ olaraq qaldı. Bu səbəbdən icazələr “sadəcə kağız parçası” idi.
256. Cənab Dabetiçə və xanım Ristanoviçə gəldikdə, Dövlət Konstitusiya Məhkəməsinin qərarlarına uyğun olaraq retroaktiv yaşayış icazələri verməklə onların statusunu ex proprio motu (öz təşəbbüsü ilə) tənzimləməlidir.
257. Nəhayət maddi və mənəvi ziyan məsələsinə gəldikdə düzəliş edilmiş Hüquqi Status haqqında Qanun hər hansı xüsusi müddəalar nəzərdə tutmur. Bundan əlavə delikt (mülki) məsuliyyəti ilə bağlı adi qaydalar əsasında daxili məhkəmələrdə ziyanın ödənilməsini tələb etmək faktiki olaraq mümkünsüz olardı. Son statistik məlumatlara əsasən 2011-ci ilin may ayına qədər Nazirlik 157 kompensasiya tələbinə baxmışdı. Bunlardan qırx bir iddia daxili məhkəmələrin qəti qərarı ilə rədd edilmişdi. Yalnız on beşindən Ali Məhkəməyə şikayət verilmişdi və onlardan beş iddia rədd edilmişdi. Bundan əlavə “silinənlərdən” səkkizi iddianı birbaşa olaraq məhkəməyə vermişdi. Bunlardan heç biri uğurlu olmamışdı (bax yuxarıda 83-cü bənd). İddiaların rədd olunmasının əsas səbəbi Öhdəliklər haqqında Məcəlləyə əsasən iddia müddətlərinin tətbiqi idi: qurban ziyan barədə öyrəndiyi andan üç il ərzində və ziyanın vurulduğu andan beş il ərzində. Daxili məhkəmələr indiyədək hesab edirlər ki, sonuncu tarix 12 mart 1999-cu il, Konstitusiya Məhkəməsinin birinci aparıcı qərarı Rəsmi Qəzetdə dərc olunduğu tarixdir.
2. Palatanın qərarı
258. Palata onun qərarı çıxdıqdan sonra yaranmış faktlarla bağlı olan bu arqumentə dair qərar vermək imkanına malik olmamışdır (bax yuxarıda 243-cü bənd).
3. Böyük Palatanın qiymətləndirməsi
259. Məhkəmə təkrar edir ki, Konvensiyanın iddia edilən hər hansı pozuntusunu aradan qaldırmaq birinci növbədə milli hakimiyyət orqanlarının üzərinə düşür. Bu baxımdan ərizəçinin iddia olunan pozuntunun “qurbanı” olduğunu iddia edə bilib-bilməməsi məsələsi Konvensiyaya əsasən icraatın bütün mərhələlərinə aiddir (bax, digərləri ilə yanaşı (inter alia) Burdov Rusiyaya qarşı iş (Burdov v. Russia), № 59498/00, § 30, AİHM 2002-III). Əgər milli hakimiyyət orqanları Konvensiyanın pozuntusunu birbaşa olaraq və ya mahiyyətcə etiraf etməyiblərsə və sonradan əvəzini ödəməyiblərsə, ərizəçinin xeyrinə olan qərar və ya tədbir prinsipcə Konvensiyanın 34-cü Maddəsinin mənası baxımından onu “qurban” statusundan məhrum etmək üçün kifayət deyil (bax, məsələn, Ekle Almaniyaya qarşı iş (Eckle v. Germany), 15 iyul 1982-ci il, §§ 69 və sonrakı bəndlər, Seriya A № 51; Dalban Rumıniyaya qarşı iş (Dalban v. Romania) [Böyük Palata], № 28114/95, § 44, AİHM 1999-VI; Skordino İtaliyaya qarşı iş (Scordino v. Italy (№ 1) [Böyük Palata], № 36813/97, §§ 179-180, AİHM 2006‑V; və Gəfgen Almaniyaya qarşı iş (Gäfgen v. Germany) [Böyük Palata], № 22978/05, § 115, AİHM 2010).
260. Konvensiya hüququnun pozuntusunu milli səviyyədə aradan qaldırmaq üçün “müvafiq” və “kifayət” olan əvəzin ödənilməsinə gəldikdə, xüsusilə də sözügedən Konvensiya pozuntusunun xarakterini nəzərə alaraq, Məhkəmə ümumilikdə bunu işin bütün hallarından asılı hesab edir (bax, məsələn, yuxarıda istinad edilən Gəfgenin işi (Gäfgen), § 116).
261. Məhkəmə qeyri-vətəndaşların deportasiyası və ya ekstradisiyası ilə bağlı Konvensiyanın 8-ci Maddəsinə əsasən bir sıra işlərdə qərara alıb ki, ərizəçinin ölkədə qalmasının tənzimlənməsi və ya ərizəçinin daha deportasiya və ya ekstradisiya olunmaq təhlükəsi altında olmaması faktı – hətta iş hələ Məhkəmənin icraatında olsa da – şikayəti 8-ci Maddəyə əsasən təmin etmək üçün prinsipcə “kifayət”dir (bax, yuxarıda istinad edilən, Pançenkonun işi (Pančenko); Yang Chun Jin alias Yang Xiaolin Macarıstana qarşı iş (Yang Chun Jin alias Yang Xiaolin v. Hungary) (siyahıdan çıxarılma), № 58073/00, §§ 20-23, 8 mart 2001-ci il; yuxarıda istinad edilən Mixeyevanın işi (Mikheyeva); Fyodorova və Başqaları Latviyaya qarşı iş (Fjodorova and Others v. Latvia (dec.)), № 69405/01, 6 aprel 2006-cı il; yuxarıda istinad edilən Sisoyeva və Başqalarının işi (Sisojeva and Others), §§ 102-104; yuxarıda istinad edilən Şevanovanın işi (Shevanova) §§ 48-50; və yuxarıda istinad edilən Kaftailovanın işi (Kaftailova), §§ 52-54).
262. Bundan əlavə, Məhkəmə müxtəlif Konvensiya Maddələrinin kontekstində artıq qeyd etmək imkanına malik olmuşdur ki, ərizəçinin Məhkəməyə şikayət etdiyi faktları nəzərə alaraq, onun “qurban” statusu yerli səviyyədə uyğun olduqda təyin edilən kompensasiyanın səviyyəsindən və ya ən azından çəkdiyi ziyana görə kompensasiyanı tələb etmək və əldə etmək mümkünlüyündən asılı ola bilər (bax, məsələn, 3-cü Maddə altında şikayətlə bağlı yuxarıda istinad edilən Gəfgenin işi (Gäfgen), § 118; 6-cı Maddə altında şikayətlə bağlı Normann Danimarkaya qarşı iş (Normann v. Denmark (dec.)), № 44704/98, 14 iyun 2001-ci il, və yuxarıda istinad edilən Skordinonun işi (Scordino (№ 1), § 202; 11-ci Maddə altında şikayətlə bağlı Yensen və Rasmussen Danimarkaya qarşı iş (Jensen and Rasmussen v. Denmark (dec.)), № 52620/99, 20 mart 2003-cü il). Bu nəticələr mutatis mutandis (müvafiq dəyişikliklərlə) 8-ci Maddənin pozulması ilə bağlı işlərə tətbiq olunur.
263. Hazırki işə gəldikdə, Böyük Palata təkrar edir ki, o, cənab Petreşin və cənab Yovanoviçin şikayətlərinə münasibətdə yurisdiksiyaya malik deyil, belə ki, onlar ex tunc yaşayış icazələrinin verilməsindən sonra Palata tərəfindən qəbuledilməz elan edildilər ...
264. Lakin cənab Kuriç, xanım Mezga, cənab Ristanoviç, cənab Berişa, cənab Ademi və cənab Miniçə münasibətdə belə prosessual maneə mövcud deyil. Buna görə də, Böyük Palata ex nunc və ex tunc yaşayış icazələrinin verilməsinə baxmayaraq, bu altı ərizəçinin iddia edilən pozuntuların qurbanları olduqlarını hələ də iddia edə bilib-bilmədiklərini araşdırmaq yurisdiksiyasına malikdir. Bu araşdırma buna görə də, sözügedən faktların oxşarlığına baxmayaraq, cənab Petreşə və cənab Yovanoviçə münasibətdə Palatanın gəldiyi nəticələrdən fərqli nəticəyə gətirib çıxara bilər. Lakin belə nəticə Böyük Palatanın yurisdiksiyasının məhdud dairəsinin qaçılmaz nəticəsidir ...
265. Böyük Palata hesab edir ki, qurban statusunun itirilməsinin birinci şərti - milli hakimiyyət orqanlarının pozuntunu tanıması yerinə yerinə yetirilib. Mövcud qanunvericiliyin qeyri-konstitusion olduğunu müəyyən edən Konstitusiya Məhkəməsinin qərarlarından sonra və Hüquqi Status haqqında Qanuna dəyişikliklər qüvvəyə mindikdən sonra inzibati hakimiyyət orqanları altı ərizəçiyə daimi yaşayış icazələri verdi. Bundan əlavə 2010-cu ilin iyun ayında həmçinin Hökumət və Parlament tərəfindən ərizəçilərin hüquqlarının pozulduğu rəsmi olaraq tanındı. Buna görə də milli hakimiyyət orqanları tərəfindən mahiyyət etibarilə pozuntu müəyyən edilib (bax, mutatis mutandis (müvafiq dəyişikliklərlə), yuxarıda istinad edilən Skordinonun işi (Scordino) (№1), § 194).
266. Bundan başqa Böyük Palata qeyd edir ki, əcnəbilərin statusunun tənzimlənməsi ilə bağlı bir sıra digər işlərdə, o cümlədən sələf Dövlətin dağılması ilə bağlı müqayisə edilə bilən işlərdə, Məhkəmə qərara almışdır ki, yaşayış icazəsi verildikdən sonra ərizəçilər artıq Konvensiyanın iddia edilən pozuntularının qurbanları sayılmır və onların ərizələrini qəbuledilməz elan etmişdir və ya müəyyən etmişdir ki, ərizəçilərin sərəncamına verilmiş tənzimlənmə mexanizmi onların Konvensiyanın 8-ci Maddəsi altında şikayətləri üçün “müvafiq” və “adekvat” müdafiə vasitəsini təşkil edir və beləliklə bu işləri siyahıdan çıxarmaq qərarına gəlmişdi. Ərizəçilərin artıq deportasiya riski altında olmamaları faktı da Məhkəmə tərəfindən nəzərə alınmışdı (bax yuxarıda istinad edilən Pançenkonun işi (Pančenko); yuxarıda istinad edilən Mixeyevanın işi (Mikheyeva); yuxarıda istinad edilən Fyodorova və Başqalarının işi (Fjodorova and Others); yuxarıda istinad edilən Sisoyeva və Başqalarının işi (Sisojeva and Others), §§ 102-104; yuxarıda istinad edilən Şevanovanın işi (Shevanova), §§ 48-50; və yuxarıda istinad edilən Kaftailovanın işi (Kaftailova), § 54). Lakin bu işlərin bəzilərində Məhkəmə qeyd etdi ki, ərizəçilər statuslarının tənzimlənməsində rast gəldikləri çətinliklərə görə ən azından qismən məsuliyyət daşıyırdılar (bax yuxarıda istinad edilən Şevanovanın işi (Shevanova), §§ 47 and 49; yuxarıda istinad edilən Kaftailovanın işi (Kaftailova), § 50; və yuxarıda istinad edilən Sisoyevanın işi (Sisojeva and Others), § 94).
267. Lakin bu işlər konkret problemlərlə bağlı olduğu halda, Böyük Palata müəyyən edir ki, hazırki işin xüsusiyyətlərindən biri “silinmənin” yaratdığı geniş yayılmış insan hüquqları narahatlığıdır. Bundan əlavə bir onillikdən artıq müddətdə yerinə yetirilməyən Konstitusiya Məhkəməsinin aparıcı qərarlarına baxmayaraq, bu vəziyyət ərizəçilərin əksəriyyətinə münasibətdə iyirmi ilə yaxın davam etdi (bax yuxarıda istinad edilən Makuç və Başqalarının işi (Makuc and Others), § 168). Ərizəçilərin yaşadığı təhlükəli vəziyyətin və hüquqi qeyri-müəyyənliyin müddətinin uzunluğunu və onlar üçün “silinmənin” nəticələrinin ağırlığını nəzərə alaraq, Böyük Palata Palatadan fərqi olaraq, hesab edir ki, insan hüquqlarının pozulmasının tanınması və cənab Kuriç, xanım Mezga, cənab Ristanoviç, cənab Berişa, cənab Ademi və cənab Miniçə daimi yaşayış icazələrinin verilməsi milli səviyyədə “müvafiq” və “kifayət” olan əvəzin ödənilməsini təşkil etmir (bax mutatis mutandis (müvafiq dəyişikliklərlə), yuxarıda istinad edilən Aristimuno Mendizabalın işi (Aristimuño Mendizabal), §§ 67-69 və 70-72; yuxarıda istinad edilən Mengeşa Kimfenin işi (Mengesha Kimfe), §§ 41-47 və 67-72; və yuxarıda istinad edilən Agraunun işi (Agraw), §§ 30-32 və 50-55).
268. Yerli səviyyədə kompensasiyanın tələb və əldə olunması mümkünlüyünə gəldikdə (bax yuxarıda 250-252-ci və 257-ci bəndlər), Məhkəmə qeyd edir ki, heç bir “silinənə” çəkdiyi ziyana görə bugünədək yekun və məcburi qərarla kompensasiya təyin edilməyib, baxmayaraq ki, bir sıra icraatlar hazırda davam edir (bax yuxarıda 83-cü bənd). Bundan əlavə ərizəçilərdən heç birinin bugünədək Dövlət Prokurorluğuna verdiyi kompensasiya iddiaları uğurlu olmayıb. Buna görə də onların Sloveniyada kompensasiya almaq perspektivləri hazırda aidiyyət baxımından bu işin məqsədləri üçün çox uzaq görünür (bax mutatis mutandis (müvafiq dəyişikliklərlə) yuxarıda istinad edilən Dalbanın işi (Dalban), § 44).
269. Sonda Məhkəmə qərara alır ki, Böyük Palatada işə baxıldığı müddətdə hər iki ex nunc və ex tunc daimi yaşayış icazələri verilmiş altı ərizəçi hələ də iddia edilən pozuntuların “qurbanları” olduqlarını iddia edə bilərlər. Hökumətin bununla əlaqədar ilkin etirazı müvafiq olaraq rədd edilməlidir.
270. Nəhayət, daimi yaşayış icazələrinin verilməsi məqsədilə Sloveniyada heç zaman müvafiq icraata başlamamış qalan ərizəçilərin (cənab Dabetiç və xanım Ristanoviç) “qurban” statusunun olmaması ilə bağlı Hökumətin etirazına gəldikdə, Məhkəmə müəyyən edir ki, bu ərizəçilərin şikayətləri hər bir halda daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsinə görə qəbuledilməyən olduğundan, onu araşdırmağa ehtiyac yoxdur (bax aşağıda 293-294-cü bəndlər).
...
II. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
314. Ərizəçilər iddia etdi ki, onlar Sloveniyada daimi rezidentlər kimi statuslarını saxlamaq imkanından əsassız olaraq məhrum olunmuşdular. Onlar Konvensiyanın 8-ci Maddəsinə istinad etdilər, orada aşağıdakılar deyilir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq ucun, sağlamlığı, yaxud mənəviyyatı qorumaq ucun və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək ucun qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata kecirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
A. Tərəflərin arqumentləri
1. Ərizəçilər
315. Ərizəçilər iddia etdilər ki, onlar daxili qanunvericilikdə təsbit edilmiş qısa müddət ərzində vətəndaşlıq üçün rəsmi müraciət təqdim etmək iqtidarında olmamışdılar. Nəticədə 26 fevral 1992-ci ildə onların adları qanunsuz olaraq Reyestrdən “silinmişdir”. Ərizəçilər cənab Kuriç, cənab Dabetik və ilkin olaraq həmçinin cənab Ademi də YSFR-in hər hansı digər varis Dövlətinin vətəndaşlığını əldə edə bilməmişdilər və de facto vətəndaşlığı olmayan şəxslər olmuşdular. Nəticədə 2010-cu ildə düzəliş edilmiş Hüquqi Status haqqında Qanun qüvvəyə minənədək, ərizəçilər Sloveniyada daimi yaşayış üçün uğurla müraciət etmək iqtidarında olmamışdılar.
316. Palata qarşısında ərizəçilər bildirdi ki, Əcnəbilər haqqında Qanunun müddəaları faktiki olaraq nə çatımlı idi, nə də ki, nəticələri əvvəlcədən görünən deyildi. Çatımlılığa münasibətdə hakimiyyət orqanları bütün maraqlı şəxslərə müvafiq və ətraflı məlumat təqdim etməmişdir. Nəticələrinin əvvəlcədən görünməsinə münasibətdə Əcnəbilər haqqında Qanun birbaşa olaraq “silinənlərə” tətbiq olunmurdu, belə ki, o, qanunsuz əcnəbilərin statuslarını tənzimləmək üçün nəzərdə tutulmuşdur. Bundan əlavə ərizəçilər Sloveniya hakimiyyət orqanlarının ümumilikdə davranışını əsassız kimi qiymətləndiriblər. Şikayət edilən müdaxilə, yəni əcnəbilərin ölkəyə girişinin və yaşayışının nəzarət olunması qarşıya qoyulduğu iddia edilən məqsədə mütənasib deyildi, belə ki, ərizəçilər müstəqilliyi dövründə Sloveniyada daimi yaşayışa malik olmuşdular.
317. Ərizəçilər mahiyyətcə Palatanın gəldiyi nəticə ilə razılaşdılar və Hökumətin passiv münasibətini ciddi mənada ifşa etməkdə israr etdilər. Onlar bildirdilər ki, onlara Sloveniya vətəndaşlığı üçün uğurlu şəkildə müraciət olunmamasının nəticələri barədə lazımi qaydada məlumat verilməmişdi: ictimai elanlar və qəzet məqalələri yetərli deyildi. “Silinmə” hər hansı qanuni əsas olmadan, əsassız olaraq və gizlicə həyata keçirilmişdi və 25,671 nəfəri əhatə edirdi.
318. Yalnız 1999-cu ildə, Konstitusiya Məhkəməsinin qərarından sonra “silinənlər” əslində nə baş verdiyini aşkar etməyə başladılar. Sonrakı illərdə Hökumət və Parlament tərəfindən Konstitusiya Məhkəməsinin qərarlarına sistematik və düşünülmüş şəkildə əhəmiyyət verilməməyə başlandı. Yeni qanunvericilik bazası – düzəliş edilmiş Hüquqi Status haqqında Qanun – “silinmənin” qanunsuzluğu ilə bağlı birinci aparıcı qərardan on bir il sonra və ikinci aparıcı qərardan yeddi il sonra qəbul olundu. Hökumətdən fərqli olaraq ərizəçilər bildirdilər ki, bu Qanun qəbul olunduqdan sonra Sloveniya hakimiyyət orqanlarının siyasətində həqiqi dəyişiklik baş verməmişdi.
319. “Silinənlərə” nəinki Sloveniya vətəndaşlığından imtina edilmişdi, lakin onlar həmçinin “hüquqlara malik olmaq hüququ” verən istənilən hüquqi statusdan da məhrum edilmişdilər. Bu, insan ləyaqətinə ciddi təcavüz idi. “Silinmə” həmçinin bir fərdi insan kimi şəxsin şəxsiyyəti barədə ətraflı məlumatları müəyyən etmək hüququnu qoruyan 8-ci Maddə altında onların şəxsi və ya ailə həyatına və ya hər ikisinə düzəlməz dərəcədə təsir edib (ərizəçilər inter alia (digərləri ilə yanaşı) istinad etdilər: Kristine Quvin Birləşmiş Krallığa qarşı işə (Christine Goodwin v. the United Kingdom) [Böyük Palata], № 28957/95, § 90, AİHM 2002‑VI, və Mikuliç Xorvatiyaya qarşı işə (Mikulić v. Croatia), № 53176/99, § 53, AİHM 2002‑I). Öz hüquqlarının tam sahibi olan vətəndaşlardan onlar bir gecədə qanunsuz əcnəbilərə çevrildilər; onlardan bəziləri vətəndaşlığı olmayan şəxslər oldular və iyirmi il müddətində ən təhlükəli vəziyyətdə yaşamışdılar və öz əsas insan hüquqlarından tam istifadədə ciddi şəkildə maneələrlə rastlaşmışdılar. “Silinənlərin” aşmalı olduqları çətinliklər ərizəçilərin şəxsi tarixçələrində təsvir edilmişdi.
320. Hökumət “silinmənin” qanunsuzluğunu və əsassızlığını minimuma endirməyə davam edirdi. “Silinənlərin” varlığına tolerantlıq göstərildiyi barədə Hökumətin arqumentinin zəifliyi hazırki ərizəçilərdən beşi daxil olmaqla, bir çoxlarının Sloveniyadan məcburi deportasiya olunduğu faktı ilə müəyyən olundu.
321. Hökumət həmçinin Konstitusiya Məhkəməsinin 1999-cu və 2003-cü il tarixli qərarlarından irəli gələn nəticələri minimuma endirdi. Əvvəlki qanunvericilik bazası və ya səlahiyyətli inzibati hakimiyyət orqanları tərəfindən onun icrası və ya hər ikisi açıq şəkildə qeyri-adekvat idi. Ərizəçilərin əksəriyyəti çox yaxınlarda düzəliş edilmiş Hüquqi Status haqqında Qanuna əsasən öz daimi yaşayış icazələrini əldə etmişdilər. Buna baxmayaraq hər hansı maddi əvəzin ödənilməsi olmadan onların vəziyyəti hələ həll olunmayıb.
322. Düzəliş edilmiş Hüquqi Status haqqında Qanuna əsasən bugünədək yalnız otuz icazə verilib. Bu səbəbdən rəsmi məlumatlara əsasən 13,000 “silinən” hələ də vəziyyətin həll olunmasını gözləyir. Buna görə də aydın idi ki, Məhkəmənin qərarının təsirləri hər ərizəçinin konkret situasiyalarından kənara yayılacaq, sonra qərar “silinənlərin” bütün kateqoriyasına aid olacaq.
323. Palatanın vətəndaşsızlıqla bağlı gəldiyi nəticələrə dair Hökumətin tənqidinə gəldikdə, Palata hər bir halda qərar verməmişdir ki, “silinmə” özlüyündə vətəndaşsızlığa gətirmişdi və ya ərizəçilərin hüquqlarının pozulması onların vətəndaşsızlığından irəli gəlmişdi, lakin mübahisə olunmayan obyektiv faktı qeyd etmişdir. Ərizəçilər hesab edirlər ki, Palata vətəndaşsızlığın aradan qaldırılması ilə bağlı beynəlxalq hüququn müvafiq maddi və prosessual qaydalarını nəzərə alaraq, “silinmənin” vətəndaşlıq hüquqlarına göstərdiyi real təsirin qiymətləndirilməsində daha irəli getməlidir. “Silinmə” ərizəçilərə Sloveniyada və ya YSFR-in digər keçmiş respublikalarındakı müvafiq qanunvericiliyə uyğun olaraq öz vətəndaşlığını nizama salmaq üçün daha çətin, və bəzən mümkünsüz olan faktiki situasiya yaratmışdı.
324. Hər bir keçmiş YSFR vətəndaşının öz əvvəlki respublika vətəndaşlığını saxlamalı olduğu barədə Hökumətin fərziyyəsi tamamilə doğru deyildi. Bunun əksini göstərən, məsələn cənab Dabetiçin işi kimi çoxlu sayda bildirilən işlər var idi (bax yuxarıda 97-ci bənd). Cənab Ademiyə yalnız bu yaxınlarda 2010-cu ilin avqust ayında Makedoniya pasportu verilmişdi (bax yuxarıda 172-ci bənd). Hökumət şəxsin respublika vətəndaşı olmadığı situasiyalara ümumiyyətlə hər hansı diqqət yetirməmişdi. Bu xüsusilə də o halda baş vermişdi ki, şəxs Sloveniyada digər respublikaların vətəndaşı olan və ya ümumiyyətlə vətəndaşlığı olmayan valideynlərdən doğulub. 1968-ci ildən etibarən təcrübə ondan ibarət idi ki, şəxsin vətəndaşlığı Sloveniyada aparılan qeydiyyata salınırdı, lakin müvafiq məlumatlar mövcud qanunvericiliyə baxmayaraq təcrübədə tez-tez mənşə respublikasına məruzə edilmirdi. YSFR-in dağılması zamanı Hökumət Sloveniyada yaşayan bütün şəxslərə Sloveniya vətəndaşlığının və daimi yaşayış icazəsinin əldə olunması arasında seçim təqdim etmək öhdəliyi daşıyırdı.
2. Hökumət
325. Palata qarşısında Hökumət bildirdi ki, 1991-ci il hadisələri yeni Dövlətin tarixi yaranmasına gətirdi və buna görə də bir tərəfdən parlament seçkilərinə görə sürətlə vətəndaşlar korpusunu yaratmaq və digər tərəfdən Sloveniyada daimi yaşayışa malik olan YSFR-in digər keçmiş respublikalarının vətəndaşları daxil olmaqla, əcnəbilərin statusunu tənzimləmək zəruri idi. Yeni Dövlətin yaradılması üçün bu dönüş vaxtı təxirəsalınmaz sosial ehtiyaca görə qərarların tez qəbul olunmasını tələb edirdi. Həm Xeyirxah Niyyətlər haqqında Bəyanata, həm də müstəqillik qanunvericiliyinə əsasən (bax yuxarıda 21-22-ci və 24-25-ci bəndlər), Sloveniya Respublikası, ərazisində daimi yaşayışa malik olan YSFR-in digər keçmiş respublikalarının vətəndaşlarına müstəsna əlverişli şərtlər altında naturalizasiya vasitəsilə Sloveniya vətəndaşlığını əldə etmək imkanı verdi. Bundan istifadə etməyən şəxslər əcnəbilər oldular və öz statuslarını nizama salmalı idilər. İmmiqrasiya sahəsində Dövlətin nəinki əcnəbilərin ölkədə qalmasını və yaşayışını tənzimləmək, lakin həmçinin deportasiya kimi çəkindirici tədbirlər görmək hüququ vardır. Buna görə də ictimai təhlükəsizliyi təmin etmək üçün ərizəçilərə çatımlı olan və faktiki olaraq nəticələri əvvəlcədən görünən müvafiq qanunvericiliyi qəbul etmək zəruri idi. Belə qanunvericilik demokratik cəmiyyətdə zəruri idi və daşıdığı məqsədə mütənasib idi.
326. Böyük Palata qarşısında Hökumət etiraf etdi ki, “silinmə” qanunsuz idi və qeyri-konstitusion situasiyaya gətirib çıxardı. Onlar “silinmənin” nəticələrini aradan qaldırmaq üçün son illərdə Konstitusiya Məhkəməsinin qərarlarına tam riayət edirlər: 24 iyul 2010-cu ildə düzəliş edilmiş Hüquqi Status haqqında Qanun qüvvəyə mindi və 2009-cu ildə, hökumətdə dəyişiklikdən sonra, Nazirlik ex tunc daimi yaşayış icazələrinin verilməsini bərpa etdi. Bundan əlavə “silinənlərə” məlumat vermək üçün müxtəlif kütləvi informasiya vasitələrindən istifadə olunmuşdu (məsələn, broşura, internet və pulsuz telefon xətti). Palatanın qərarında bu fəaliyyətlərə yetərli diqqət yetirilməmişdi.
327. 1991-ci ildə ərizəçilər Rəsmi Qəzetdə dərc edilməklə və mətbuat vasitəsilə onların statuslarının nizama salınmasının mümkünlüyü və Əcnəbilər haqqında Qanunun ümumi müddəalarına əsasən (bənd 16) Sloveniyada yaşamağı davam etmək istədikləri halda daimi və ya müvəqqəti yaşayış icazəsini əldə etmək ehtiyacı barədə artıq kifayət qədər məlumatlandırılmışdılar. 1992-ci və 1997-ci illər arasında ümumilikdə 4,893 belə icazələr verilmişdi və müvafiq şərtlər müsbət şəkildə şərh edilmişdi. Hər iki Hüquqi Status haqqında Qanuna və düzəliş edilmiş Hüquqi Status haqqında Qanuna əsasən təqribən 12,500 daimi yaşayış icazələri verilmişdi (bax yuxarıda 67, 76 və 80-ci bəndlər).
328. Bundan əlavə, baxmayaraq ki, Konvensiyanın 8-ci Maddəsi özlüyündə yaşayış icazəsinin konkret növünə hüququn təminatı kimi şərh edilə bilməz və baxmayaraq ki, Konvensiyada təsbit olunmuş hüquqlara hörmət edilməsinə nail olunmasının ən müvafiq vasitələrinin seçimi yalnız yerli hakimiyyət orqanlarının məsələsi idi (Hökumət yuxarıda istinad edilən Sisoyeva və Başqalarının işinə (Sisojeva and Others) istinad etdi, § 91), Sloveniya Respublikası “silinənlərə” əcnəbilər üçün ən əlverişli hüquqi status olaraq, daimi retroaktiv yaşayış icazələrini vermək qərarına gəlmişdi. Bu, Konvensiya ilə tələb olunan minimumu aşır.
329. Hökumət xüsusilə də Palatanın qərarında əks olunmuş vətəndaşsızlıq məsələsinə dair bəyanatlara etiraz etdi. O vurğuladı ki, “silinmə” yalnız qeydiyyata alınmış daimi yaşayışın dayandırılması ilə nəticələndi və fərdin vətəndaşlığına təsir etmədi. Buna görə də Palatanın bu məsələ ilə bağlı gəldiyi nəticələr hüquqi cəhətdən və mahiyyət etibarilə qeyri-dəqiq idi.
330. O, “ikili vətəndaşlıq” anlayışına diqqət yetirdi: prinsipcə, bütün YSFR vətəndaşları respublikalardan birinin vətəndaşlığına malik idilər. YSFR sistemi vətəndaşsızlığa icazə vermədiyindən, YSFR-in dağılması bunu yaratmalı deyildi.
3. Üçüncü tərəflər
331. Açıq Cəmiyyət İnstitutunun Ədalət Təşəbbüsü (Open Society Justice Initiative) qeyd etdi ki, fərdləri əsassız olaraq vətəndaşlığın rədd olunması və vətəndaşlığı olmayan şəxsə çevrilməsi təhlükəsi altına qoyan proses Konvensiyanın 8-ci Maddəsinin müdaxiləsinə bərabər böyük təsirə malikdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK -UNHCR) məlumatına əsasən, 2009-cu ilin sonunda, 1992-ci ildə “silinən” və hazırda vətəndaşlığı olmayan 4,090 keçmiş YSFR vətəndaşı Sloveniyada yaşayır. Avropa İttifaqının araşdırmasına müvafiq olaraq yalnız beş vətəndaşlığı olmayan şəxs 2002-ci ildən sonra Sloveniyada naturalizasiya olunub.
332. Beynəlxalq adət hüququnda vətəndaşsızlığın qarşısını almaq və xüsusilə də Dövlət varisliyi hallarında vətəndaşlıqsız qalanların şərtlərini yaxşılaşdırmaq ilə bağlı pozitiv öhdəlik var. Vətəndaşlığı olmayan şəxslər təcrid olunurlar və xüsusilə də həssas olurlar. Açıq Cəmiyyət İnstitutunun Ədalət Təşəbbüsü vətəndaşlıq qaydalarında daimi yaşayışın əhəmiyyətinə, “həqiqi və effektiv əlaqə” anlayışına və Dövlətin ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və xüsusilə də uşaqların vətəndaşlığın əldə olunmasına yardım etmək öhdəliyinə ayrıca diqqət yetirən Vətəndaşlıq haqqında Avropa Konvensiyasının müddəalarına istinad etdi.
333. Bundan əlavə 1 avqust 2010-cu ildə Dövlət Varisliyi ilə əlaqədar Vətəndaşsızlığın Aradan Qaldırılması haqqında Avropa Şurasının Konvensiyası qüvvəyə minmişdi. İzahedici hesabatda deyilir ki, vətəndaşsızlığın aradan qaldırılması Sloveniya üçün məcburi olan beynəlxalq adət hüququnun bir hissəsini təşkil edir, baxmayaraq ki, sonuncu bu sazişi ratifikasiya etməyib.
334. YSFR-in varis Dövlətləri çərçivəsində ciddi vətəndaşsızlıq məsələləri baş vermişdi. Sloveniyada “silinənlər” qrupu sırasında əhəmiyyətli sayda vətəndaşlığı olmayan şəxslər qalıb. YSFR-in varis Dövlətləri tərəfindən vətəndaşlığı respublika vətəndaşlığı ilə bağlı reyestrdəki adlar siyahısı əsasında təqdim etməsinin bir sıra nəticələri oldu: bəzi keçmiş YSFR vətəndaşları respublika vətəndaşlığına malik deyildilər və ya müxtəlif səbəblərdən öz vətəndaşlığını sübut edə bilməmişdilər (silahlı münaqişə çərçivəsində sənədlərin və ya reyestrlərin və ya hər ikisinin məhv olunması, doğum yeri üzrə şəxsin respublika vətəndaşlığının təsdiqinin əldə olunmasının mümkünsüzlüyü, və s.). BMT QAK-ın varis Dövlətlərin beşində bir neçə il ərzində əhəmiyyətli məlumatları və hüquqi-yardım proqramları var idi. Situasiya qeyri-proporsional olaraq həssas qruplara, xüsusilə də digər keçmiş respublikalardan azlıq təşkil edən qruplara və roma (qaraçı) əhalisinə təsir etmişdi.
335. Hökumətin ex proprio motu (öz təşəbbüsü ilə) yaşayış icazələrini verməklə və düzəliş edilmiş Hüquqi Status haqqında Qanunu həyata keçirməklə “silinənlərin” statusunu nizama salmaq üzrə səyləri müsbət qarşılanırdı. Lakin BMT QAK əvvəlki kimi narahat idi ki, qoyulan ağır tələblərə görə, islahatlar “silinmənin” təsirinə məruz qalmış bütün şəxslərə daimi yaşayış icazəsi və vətəndaşlıq almaq imkanı verməyəcək. Digər müdaxilə edən üçüncü tərəflər əsas etibarilə Açıq Cəmiyyət İnstitutunun Ədalət Təşəbbüsü ilə razılaşdılar.
B. Palatanın qərarı
336. Palata qeyd etdi ki, 1991-ci ildən əvvəl ərizəçilər həmin vaxt qüvvədə olan YSFR qanunvericiliyinə əsasən bir neçə il ərzində, onların əksəriyyəti isə onilliklər ərzində Sloveniya ərazisində qanuni daimi yaşayışa malik olmuşdular və uzun müddətli miqrantlarla müqayisədə daha güclü yaşayış statusuna malik olmuşdular. Onların hamısı öz həyatlarının böyük hissəsini Sloveniyada keçirmişdilər və orada hər bir insanın şəxsi həyatını təşkil edən şəxsi, sosial, mədəni, linqvistik və iqtisadi əlaqələrini inkişaf etdirmişdilər; onların əksəriyyəti həmçinin Sloveniyada ailələrini qurmuşdular və ya orada yaşayan ailələri ilə əlaqələr saxlayırdılar.
337. Palata bu nəticəyə gəldi ki, bu səbəbdən həmin vaxt Sloveniyada ərizəçilər Konvensiyanın 8-ci Maddəsinin 1-ci bəndinin mənası baxımından şəxsi və ya ailə həyatına və ya hər ikisinə malik olublar. Bundan əlavə, “silinmənin” təsirləri və Sloveniya hakimiyyət orqanlarının ərizəçilərin vəziyyətini hərtərəfli tənzimləməkdən uzun müddət imtina etməsi, xüsusilə də vətəndaşsızlıqla bağlı işlərdə, onların Konvensiyanın 8-ci Maddəsi altında hüquqlarının həyata keçirilməsinə müdaxilə təşkil edib (bax Palata qərarının 348-361-ci bəndləri).
338. Bu müdaxilənin 8-ci Maddənin 2-ci bəndi altında “qanuna müvafiq” olub-olmamasına gəldikdə, Palata qərara alır ki, Konstitusiya Məhkəməsi “silinmənin” qanunsuz olduğunu müəyyən edib və bu məhkəmənin qərarlarından kənara çıxmağa hər hansı səbəb görmür. Buna görə də Palata xüsusilə də Dövlət varisliyi ilə bağlı situasiyalarda, vətəndaşsızlığın aradan qaldırılmasına yönəlmiş müvafiq beynəlxalq hüququn standartları işığında da, 8-ci Maddənin pozuntusunu müəyyən etdi (Palata qərarının 362-376-cı bəndləri).
C. Böyük Palatanın qiymətləndirməsi
1. 8-ci Maddənin ərizəçilərin şikayətlərinə tətbiq olunması ilə bağlı
339. Böyük Palata ilk öncə qeyd edir ki, Hökumət onun qarşısında etiraz etmədi ki, “silinmə” və onun nəticələri ərizəçilərə mənfi təsir göstərmişdi və Konvensiyanın 8-ci Maddəsinin 1-ci bəndinin mənası baxımından onların “şəxsi və ailə həyatı”na müdaxiləyə bərabər olmuşdu (bax Slivenko Latviyaya qarşı iş (Slivenko v. Latvia [Böyük Palata], № 48321/99, § 96, AİHM 2003‑X). Hər iki tərəfin arqumentlərini nəzərə alaraq, Böyük Palata Palatanın gəldiyi o nəticədən kənara çıxmağa hər hansı səbəb görmür ki, “silinmə” Konvensiya Sloveniyaya münasibətdə qüvvəyə mindikdən - 28 iyun 1994-cü ildən əvvəl həyata keçirildiyinə baxmayaraq, ərizəçilər həmin vaxt Sloveniyada Konvensiyanın 8-ci Maddəsinin 1-ci bəndinin mənası baxımından şəxsi və ya ailə həyatına və ya hər ikisinə malik idilər və “silinmə” onların 8-ci Maddə altında hüquqlarına müdaxilə olub və olmağa davam edir (bax yuxarıda 337-ci bənd).
340. Müdaxilənin Konvensiyanın 8-ci Maddəsinin ikinci bəndinə uyğun olub-olmadığını yəni, onun “qanuni” olub-olmadığını, həmin bənddə sadalanan bir və ya daha çox legitim məqsədə xidmət edib-etmədiyini və “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını araşdırmaq qalır.
2. Müdaxilənin əsaslandırılması
(a) Müdaxilə “qanunda nəzərdə tutulmuşdumu”?
341. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunda nəzərdə tutulma” ifadəsi tələb edir ki, mübahisələndirilən tədbirin daxili qanunvericilikdə müəyyən əsası olmalıdır və həmçinin həmin qanunvericiliyin keyfiyyətinə istinad edərək, onun müvafiq şəxsə çatımlı olmasını və təsirlərinin əvvəlcədən görünən olmasını tələb edir (bax Amann İsveçrəyə qarşı iş (Amann v. Switzerland) [Böyük Palata], № 27798/95, § 50, AİHM 2000-II, və yuxarıda istinad edilən Slivenkonun işi (Slivenko) § 100).
342. Məhkəmə qeyd edir ki, 25,000-dən çox digər keçmiş YSFR vətəndaşlarının adları ilə birlikdə ərizəçilərin adlarının Reyestrdən “silinməsi” 25 iyun 1991-ci ildə qüvvəyə minən müstəqillik qanunvericiliyinin iki bəndinin birgə təsiri nəticəsində baş verdi: Vətəndaşlıq haqqında Qanunun 40-cı bəndi və Əcnəbilər haqqında Qanunun 81-ci bəndi (bax yuxarıda 25 və 27-ci bəndlər). Digər respublikalardan birinin vətəndaşlığına və Sloveniyada daimi yaşayışa malik olan və 25 dekabr 1991-ci ilə qədər Sloveniya vətəndaşlığı üçün müraciət etməyən və ya müraciətləri rədd olunan bu keçmiş YSFR vətəndaşları Əcnəbilər haqqında Qanunun 81-ci bəndinin ikinci yarımbəndinin əhatə dairəsinə düşdülər. 26 fevral 1992-ci ildə sonuncu müddəa birbaşa olaraq tətbiq olunmağa başlananda, ərizəçilər əcnəbi oldular.
343. Məhkəmə hesab edir ki, Vətəndaşlıq haqqında Qanunun 40-cı bəndi və Əcnəbilər haqqında Qanunun 81-ci bəndi istənilən maraqlı şəxslərə çatımlı olan hüquqi sənədlər idi. Buna görə də ərizəçilər əvvəlcədən görə bilərdilər ki, Sloveniya vətəndaşlığı üçün müraciət etmədikləri təqdirdə, onlar əcnəbilər hesab olunacaqlar. Lakin Məhkəmənin fikrincə, onlar məntiqi baxımdan ehtimal edə bilməzdilər ki, bununla bağlı hər hansı qeyd-şərt olmadığı halda, onların əcnəbi kimi statusu onların Sloveniya ərazisində yaşayışının qanunsuzluğuna səbəb olacaq və “silinmə” kimi ifrat tədbirə gətirib çıxaracaq. Bununla əlaqədar xatırlatmaq lazımdır ki, “silinmə” avtomatik olaraq və əvvəlcədən bildiriş verilmədən aparılıb. Həmçinin ərizəçilərə bundan səlahiyyətli yerli hakimiyyət orqanları qarşısında etiraz vermək və ya Sloveniya vətəndaşlığı üçün müraciət etməmələrinin səbəbləri ilə bağlı izahatlar vermək imkanı verilməmişdi. Hər hansı bildirişin və ya şəxsi məlumatın olmaması onların buna inanmalarına gətirib çıxara bilərdi ki, onların rezidentlər kimi statusu dəyişməz olaraq qalıb və onlar bir neçə il ərzində olduğu kimi Sloveniyada yaşamağa və işləməyə davam edə bilərlər. Həqiqətən, onlar “silinmə” barədə yalnız təsadüfən öyrəndilər (bax yuxarıda 89, 111, 126, 137, 162 və 177-ci bəndlər). Buna görə də şikayət edilən tədbirin nəticələrinin öncədən görməyin mümkünlüyü ilə bağlı ciddi şübhələr yarana bilər.
344. Bundan əlavə, Məhkəmə o fakta əhəmiyyət verməyə bilməz ki, özünün 4 fevral 1999-cu il tarixli aparıcı qərarında Konstitusiya Məhkəməsi qərara almışdı ki, “silinənlərin” adlarının Daimi Rezidentlərin Reyestrindən Daimi İcazəsi olmayan Əcnəbilərin Reyestrinə köçürülməsinin daxili qanunvericilikdə əsası yox idi: nə Əcnəbilər haqqında Qanun, nə də ki, Rezidentlərin Yaşayış yerlərinin Dəlilləri və Əhalinin Qeydiyyatı haqqında Qanun belə ex lege qeydiyyatdan çıxarılmanı və köçürülməni nəzərdə tutmurdu (bax yuxarıda 41 və 214-cü bəndlər). Bundan əlavə, Konstitusiya Məhkəməsi müəyyən etdi ki, “silinənlərin” hüquqi statusunun Sloveniyada yaşayan əcnəbilərin statusuna keçirilməsini tənzimləyən hər hansı hüquqi müddəa yox idi; Əcnəbilər haqqında Qanunun 13-cü və 16-cı müddəaları (bax yuxarıda 207-ci bənd) Sloveniyaya daxil olan əcnəbilər üçün nəzərə tutulmuşdu və bu səbəbdən ərizəçilərə tətbiq olunmurdu (bax yuxarıda 41-42, 44-45 və 214-cü bəndlər). Buna görə də həmin vaxt qanunvericilikdə hüquqi boşluq var idi, belə ki, Əcnəbilər haqqında Qanunun 81-ci bəndinin ikinci yarımbəndinin əhatə dairəsinə düşən, digər respublikalardan birinin vətəndaşlığına malik olan keçmiş YSFR vətəndaşlarının daimi yaşayış icazələrinin verilməsi ilə bağlı müraciət etmələri üçün qüvvədə hər hansı prosedur mövcud deyildi. Əcnəbilər haqqında Qanunun 13-cü bəndinə əsasən, onlar etibarlı viza ilə Sloveniyaya daxil olan və Sloveniya ərazisində daha uzun müddət qalmaq istəyən əcnəbilər kimi yalnız müvəqqəti yaşayış icazəsi üçün müraciət edə bilərdilər.
345. Bundan əlavə Daxili İşlər Nazirliyinin Əcnəbilər haqqında Qanunun icrası ilə bağlı xüsusilə də 27 fevral və 15 iyun 1992-ci il tarixlərdə inzibati vahidlərə ünvanladığı təlimatlardan, 81-ci bəndin şərhindən və aparılan qeydlərdən aydın olur ki (bax yuxarıda 28, 30 və 35-ci bəndlər), Sloveniya hakimiyyət orqanları həmin vaxt gizli həyata keçirilən “silinmənin” mənfi nəticələrindən məlumatlı idilər. Anlayışına görə bu inzibati təlimatlar ərizəçilərə çatımlı deyildi.
346. Buna görə də Məhkəmə müəyyən edir ki, 8 iyul 1999-cu ilə qədər - Hüquqi Status haqqında Qanun qəbul edilənə qədər “silinmə” ilə nəticələnmiş mübahisələndirilən Sloveniya qanunvericiliyi və inzibati təcrübə Məhkəmənin presedent hüququnda işlənib hazırlanmış nəticələrin əvvəlcədən görülməsi və çatımlılıq kimi zəruri standartlarına cavab vermirdi.
347. Doğrudur ki, Konstitusiya Məhkəməsinin 4 fevral 1999-cu il tarixli qərarından sonra, “silinənlərin” vəziyyətini nizama salmaq üçün 8 iyul 1999-cu ildə Hüquqi Status haqqında Qanun qəbul olundu (bax yuxarıda 49-50-ci bəndlər). Lakin Konstitusiya Məhkəməsi 3 aprel 2003-cü ildə qərara aldı ki, xüsusilə də “silinənlərə” retroaktiv daimi yaşayış icazələrini vermədiyindən və deportasiya olunmuş şəxslərin vəziyyətini tənzimləmədiyindən Hüquqi Status haqqında Qanunun müəyyən müddəaları Konstitusiyaya zidd idi (bax yuxarıda 58-60 və 215-ci bəndlər). Nəhayət, düzəliş edilmiş Hüquqi Status haqqında Qanun qüvvəyə minənə - 24 iyul 2010-cu ilədək, ümumi tədbirlərin yerinə yetirilməsini qət edən Konstitusiya Məhkəməsinin sonuncu qərarına qədər yeddi ildən çox vaxt keçdi (bax yuxarıda 76-cı bənd).
348. Buradan belə çıxır ki, ən azından 2010-cu ilə qədər daxili hüquq sistemi “silinmənin” nəticələrini və ona məruz qalmış şəxslərin yaşayış statusunu aydın şəkildə tənzimləyə bilməmişdi. Buna görə də ərizəçilər nəinki şikayət edilən tədbiri əvvəlcədən görmək iqtidarında deyildilər, lakin onlar həmçinin onun onların şəxsi və ya ailə həyatına və ya hər ikisinə təsirlərini qabaqcadan nəzərə ala bilmədilər.
349. Bu, Məhkəmənin ərizəçilərin 8-ci Maddə altında hüquqlarına müdaxilənin “qanunda nəzərdə tutulmadığı” və bu müddəanın pozulduğu barədə nəticəyə gəlməyə kifayət edir.
350. Lakin hazırki işin xüsusi hallarında və “silinmənin” geniş yayılmış təsirlərini nəzərə alaraq, Məhkəmə onun kifayət qədər hüquqi əsasının olmamasından asılı olmayaraq, həmçinin bu tədbirin legitim məqsəd daşıyıb-daşımadığını və ona mütənasib olub-olmadığını araşdırmağı zəruri hesab edir.
(b) Müdaxilə legitim məqsəd daşıyırdımı?
351. Hökumət bildirdi ki, yeni Dövlət yaranan zaman, müstəqillik qanunvericiliyi milli təhlükəsizliyi qorumaq kimi legitim məqsəd daşımışdı. Bundan əlavə Dövlətin ölkə ərazisi daxilində girişə və əcnəbilərin yaşayışına nəzarət etmək hüququ nəzərdə tuturdu ki, o, immiqrasiya qanunlarını pozan şəxslərə qarşı deportasiya kimi çəkindirici tədbirlər görə bilsin (bax yuxarıda 325-ci bənd).
352. Məhkəmə hesab edir ki, müstəqillik qanunvericiliyinin və ərizəçilərə münasibətdə görülən tədbirlərin məqsədi parlament seçkiləri üçün “Sloveniya vətəndaşları korpusunun” formalaşmasına gətirib çıxaran YSFR-in dağılmasının, 1991-ci ildə Sloveniya müstəqilliyinin əldə olunmasının və səmərəli siyasi demokratiyanın qurulmasının daha geniş kontekstindən ayrıla bilməz. Şikayət edilən müdaxiləyə (“silinmə”) bu ümumi çərçivədə baxmaq lazımdır.
353. Buna görə də Məhkəmə hesab edir ki, Sloveniyada yaşayan YSFR-in digər keçmiş respublikalarının bütün vətəndaşları üçün yalnız qısa müddət ərzində Sloveniya vətəndaşlığını əldə etmək seçimini nəzərdə tutan müstəqillik qanunvericiliyinin qəbul edilməsi ilə, Sloveniya hakimiyyət orqanları “Sloveniya vətəndaşlarının korpusunu” yaratmağa və beləliklə ölkənin milli təhlükəsizlik maraqlarını (bax, mutatis mutandis (müvafiq dəyişikliklərlə) yuxarıda istinad edilən Slivenkonun işi (Slivenko) §§ 110-111), Konvensiyanın 8-ci Maddəsinin 2-ci bəndinin mənası baxımından legitim məqsədi qorumağa cəhd etdi.
(c) Müdaxilə “demokratik cəmiyyətdə zəruri” idimi?
354. Lakin bu müstəqillik qanunvericiliyinin müəyyən olunmuş altı aylıq vaxt məhdudiyyəti ərzində Sloveniya vətəndaşlığı üçün müraciət etməyən və adları Daimi Rezidentlərin Reyestrindən “silindiyinə” görə nəticədə Sloveniya ərazisində qanunsuz olaraq yaşayan əcnəbilərə çevrilən keçmiş YSFR vətəndaşlarına mənfi təsiri oldu. Məhkəmə bu tədbirin ərizəçilərin şəxsi və ailə həyatına və ya hər ikisinə hörmət hüququna uyğunluğunu qiymətləndirəcək. O xatırladır ki, Konvensiyanın 8-ci Maddəsi ilə təminat verilən hüquqlara müdaxilə edən tədbir təxirəsalınmaz sosial zərurətə cavab vermək məqsədilə görülübsə və istifadə olunan vasitələr güdülən məqsədə mütənasibdirsə, “demokratik cəmiyyətdə zəruri” hesab edilə bilər. Məhkəmənin vəzifəsi mübahisələndirilən tədbirlərin müvafiq maraqlar arasında, yəni bir tərəfdən fərdin Konvensiya ilə qorunan hüquqları və digər tərəfdən cəmiyyətin maraqları arasında ədalətli balansa əməl edib-etmədiyini müəyyənləşdirməkdən ibarətdir (bax yuxarıda istinad edilən Slivenkonun işi (Slivenko) § 113).
355. Məhkəmənin presedent hüququna əsasən Konvensiya əcnəbinin konkret ölkəyə daxil olmaq və ya orada yaşamaq hüququna təminat vermir və İştirakçı Dövlətlər təşəkkül tapmış beynəlxalq hüquq məsələsi olaraq və Konvensiya daxil olmaqla müqavilə öhdəliklərindən asılı olaraq, əcnəbilərin ölkəyə daxil olması, yaşayışı və ölkədən çıxarılmasına nəzarət etmək hüququna malikdirlər (bax, digər qərarlarla yanaşı, Çahal Birləşmiş Krallığa qarşı iş (Chahal v. the United Kingdom), 15 noyabr 1996-cı il, § 73, Qərarlar toplusu 1996‑V; El Boujaidi Fransaya qarşı iş (El Boujaïdi v. France), 26 sentyabr 1997-ci il, § 39, Qərarlar toplusu 1997‑VI; Baqli Fransaya qarşı iş (Baghli v. France) № 34374/97, § 45, AİHM 1999‑VIII; Boultif İsveçrəyə qarşı iş (Boultif v. Switzerland), № 54273/00, § 39, AİHM 2001‑IX; Üner Niderlanda qarşı iş (Üner v. the Netherlands) [Böyük Palata], № 46410/99, § 54, AİHM 2006‑XII; və yuxarıda istinad edilın Slivenkonun işi (Slivenko), § 115). Lakin ölkədə yaşamaq hüququnu məhdudlaşdıran tədbirlər müəyyən hallarda, müvafiq şəxslərin şəxsi və ya ailə həyatına və ya hər ikisinə qeyri-mütənasib təsirlər yaradırsa, Konvensiyanın 8-ci Maddəsinin pozuntusuna səbəb ola bilər (bax yuxarıda istinad edilən Boultifin işi (Boultif), § 55; yuxarıda istinad edilən Slivenkonun işi (Slivenko), § 128; Radovanoviç Avstriyaya qarşı iş (Radovanovic v. Austria), № 42703/98, §§ 36‑37, 22 aprel 2004-cü il; və Maslov Avstriyaya qarşı iş (Maslov v. Austria) [Böyük Palata], № 1638/03, § 100, AİHM 2008).
356. Hazırki işdə, Sloveniyanın müstəqilliyi haqqında bəyanatdan öncə bir neçə il ərzində Sloveniyada qanuni yaşamış ərizəçilər, keçmiş YSFR vətəndaşları kimi sosial və siyasi hüquqların geniş dairəsindən istifadə etmişdilər. “Silinməyə” görə onlar şəxsiyyəti təsdiq edən sənədlərin məhv olması, iş imkanlarının itməsi, tibbi sığortanın itməsi, şəxsiyyəti təsdiq edən sənədlərin və sürücülük vəsiqələrinin yenilənməsinin mümkünsüzlüyü və pensiya hüquqlarının tənzimlənməsində çətinliklər kimi bir sıra mənfi nəticələrə məruz qaldılar. Həqiqətən müstəqillik qanunvericiliyindəki hüquqi boşluq (bax yuxarıda 344-cü bənd) ərizəçiləri əvvəllər onlara hüquqların geniş dairəsindən istifadə etməyə imkan verən hüquqi statusdan məhrum etdi.
357. İddia olunduğuna görə “silinmə” onların Sloveniya vətəndaşlığını əldə etmək üçün cəhd etməmələrinin nəticəsi idi. Lakin Məhkəmə qeyd edir ki, ölkədə qanuni yaşayan əcnəbi onun vətəndaşlığını mütləq olaraq əldə etmədən həmin ölkədə yaşamağı davam etmək arzusunda ola bilər. Etibarlı yaşayış icazəsinin əldə olunmasında uzun illər ərizəçilərin üzləşdiyi çətinliklərdən göründüyü kimi Sloveniya qanunverici orqanı Sloveniya vətəndaşlığını seçmədikləri və ya müraciət etmədikləri halda digər respublikalardan birinin vətəndaşlığına malik olan keçmiş YSFR vətəndaşlarına onların yaşayış statusunu nizama salmağa imkan verən müddəalar qəbul etməyib. Belə müddəalar əcnəbilərin yaşayışına nəzarət olunmasının və ya Sloveniya vətəndaşları korpusunun yaradılmasının və ya hər ikisinin legitim məqsədlərini sarsıtmazdı.
358. Bununla əlaqədar Məhkəmə xatırladır ki, 8-ci Maddənin əsas məqsədi şəxsi dövlət hakimiyyəti orqanlarının əsassız hərəkətlərindən qorumaq olsa da, bu sadəcə olaraq Dövlətdən belə müdaxilədən çəkinməyi tələb etmir: bu neqativ öhdəlikdən əlavə, şəxsi və ya ailə həyatına, və ya hər ikisinə səmərəli “hörmət”ə aid olan pozitiv öhdəliklər ola bilər (bax, mutatis mutandis (müvafiq dəyişikliklərlə), Gül İsveçrəyə qarşı iş (Gül v. Switzerland), 19 fevral 1996-cı il, § 38, Qərarlar toplusu 1996-I; Ahmut Niderlanda qarşı iş (Ahmut v. the Netherlands), 28 noyabr 1996-cı il, § 67, Qərarlar toplusu 1996‑VI; və Mehemi Fransaya qarşı iş (Mehemi v. France (№ 2), № 53470/99, § 45, AİHM 2003‑IV).
359. Məhkəmənin fikrincə hazırki işin konkret hallarında, keçmiş YSFR vətəndaşlarının yaşayış statusunun nizama salınması Dövlətin o məqsədlə atmalı olduğu zəruri addım idi ki, Sloveniya vətəndaşlığının əldə olunmaması “silinən” şəxslərin 8-ci Maddə altında hüquqlarına qeyri-mütənasib təsir etməyəcəyini təmin etsin. Belə nizamasalmanın olmaması və etibarlı yaşayış icazələrinin əldə olunmasının mümkünsüzlüyünün uzanması milli təhlükəsizliyi qorumaq legitim məqsədi ilə ərizəçilərin şəxsi və ya ailə həyatına və ya hər ikisinə səmərəli hörmət arasında saxlanılmalı ədalətli balansı pozmuşdu.
(d) Nəticə
360. Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin 1999-cu və 2003-cü il tarixli qərarlarından sonra, eləcə də bu yaxınlarda düzəliş edilmiş Hüquqi Status haqqında Qanunun qüvvəyə minməsi ilə edilən cəhdlərə baxmayaraq, Sloveniya hakimiyyət orqanları hərtərəfli və zəruri çevikliklə “silinmənin” ümumi təbiətini və ərizəçilər üçün ağır nəticələrini aradan qaldıra bilməyiblər.
361. Yuxarıda göstərilən səbəblərə görə, şikayət edilən tədbirlər milli təhlükəsizliyin qorunması ilə bağlı legitim məqsədə nail olmaq üçün nə “qanunda nəzərdə tutulmuşdu”, nə də ki, “demokratik cəmiyyətdə zəruri” idi.
362. Müvafiq olaraq, Konvensiyanın 8-ci Maddəsi pozulub.
...
IV. KONVENSİYANIN 8-Cİ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLDÜKDƏ 14-CÜ MADDƏNİN İDDİA EDİLƏN POZUNTUSU
373. Ərizəçilər iddia etdilər ki, Konvensiyanın 8-ci Maddəsi altında hüquqlarından istifadə edərkən, müvəqqəti və ya daimi yaşayış icazələri əsasında Sloveniyada yaşamağa davam edən digər əcnəbi vətəndaşlarla (“real” əcnəbilər adlandırılan) müqayisədə, onlara qarşı milli mənşə zəminində ayrı-seçkilik olunub.
374. Onlar Konvensiyanın 14-cü Maddəsinə istinad etdilər, orada aşağıdakılar deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seckilik olmadan təmin olunmalıdır.”
A. Tərəflərin arqumentləri
1. Ərizəçilər
375. Ərizəçilər bildirdilər ki, hələ müstəqillikdən əvvəl Sloveniyada yaşamış və Əcnəbilər haqqında Qanunun 82-ci bəndinə əsasən daimi yaşayış icazələri qüvvədə qalan “real” əcnəbilərlə müqayisədə onlarla daha əlverişsiz şəraitdə rəftar olunurdu.
376. Ərizəçilər fikrincə “silinənlərə” qarşı ayrı-seçkilik münasibəti ilə bağlı məsələ bu işin ən mühüm xüsusiyyətlərindən biridir və Böyük Palata onların 14-cü Maddə altında şikayətini mahiyyəti üzrə araşdırmalıdır (onlar Çassagnou və Başqaları Fransaya qarşı işə (Chassagnou and Others v. France) [Böyük Palata], № 25088/94, 28331/95 və 28443/95, § 89, AİHM 1999‑III, və Naçova və Başqaları Bolqarıstana qarşı işə (Nachova and Others v. Bulgaria) [Böyük Palata], № 43577/98 və 43579/98, §§ 160-168, ECHR 2005‑VII istinad etdilər). Onlar vurğuladılar ki, Konstitusiya Məhkəməsinin özü ayrı-seçkiliyin olduğunu təsdiq etmişdir. Əgər “real” əcnəbilərin davamlı yaşamaq hüququ Əcnəbilər haqqında Qanun tərəfindən tanınıbsa, bu, daha çox “silinənlərə” də tətbiq olunmalıdır.
377. Nəhayət ərizəçilər deportasiyaya məruz qalmadıqlarına görə, onlara münasibətdə pozitiv ayrı-seçkiliyin həyata keçirildiyi barədə cavabdeh Hökumətin iddialarına (bax aşağıda 379-cu bənd) etiraz etdilər; ərizəçilərdən beşi faktiki olaraq deportasiya olunmuşdu.
2. Hökumət
378. Hökumət bildirdi ki, müstəqilliyi vaxtında Sloveniya Respublikası Sloveniyada daimi yaşayışa malik olan YSFR-in digər keçmiş respublikalarının vətəndaşlarına Sloveniya vətəndaşlığını olduqca əlverişli şərtlər altında əldə etməyə imkan vermişdi. Bundan əlavə, 1991-ci il tarixli Konstitusiya Qanunu onlar Sloveniya vətəndaşlığını əldə edənə qədər və ya Əcnəbilər haqqında Qanunda təsbit edilmiş vaxt hədləri başa çatanadək, onlara Sloveniya vətəndaşları ilə bərabər rəftar təmin etmişdi (bax yuxarıda 202-ci bənd). Lakin xüsusilə də 1992-ci il parlament seçkilərinə görə Sloveniya vətəndaşları korpusunun formalaşması zərurətini nəzərə alaraq, rəftarda belə bərabərlik sonsuzadək davam edə bilməzdi. Buna görə də müstəqil Sloveniyanın vətəndaşlığının əldə olunması imkanından istifadə etmək Sloveniya vətəndaşlığı olmayan daimi rezidentlərdən asılı idi; o, avtomatik olaraq verilmirdi.
379. Buna görə də ərizəçilərin vəziyyəti o faktla bağlı idi ki, onlar əcnəbilər kimi daimi yaşayış icazələrini əldə etməmişdilər. Onlarla daimi icazəsi olmayan bütün digər əcnəbilər kimi rəftar edilirdi. YSFR-in qanunvericiliyinin və Əcnəbilər haqqında Qanunun müddəalarına gəldikdə, ərizəçilər və “real” əcnəbilər heç zaman müqayisə edilən situasiyada olmayıblar. Bundan əlavə, ərizəçilər pozitiv ayrı-seçkilikdən faydalanmışdılar, belə ki, onlar prinsipcə Sloveniyadan deportasiya olunmamışdılar.
3. Üçüncü tərəflər
380. Serbiya Hökumətindən fərqli olaraq, digər üçüncü tərəflərin Palata qarşısındakı təqdimatları əsas etibarilə Məhkəmənin presedent hüququnda fundamental əhəmiyyəti ilə tanınan ayrı-seçkilik məsələsinə yönəlib.
381. Müdaxilə edən üçüncü tərəflər qeyd etdi ki, “silinənlər” milli və ya etnik mənşə və ya hər ikisi zəminində birbaşa və dolayı ayrı-seçkiliyə məruz qalmışdılar (yuxarıda istinad edilən D.H. və Başqaları Çexiya Respublikasına qarşı işə (D.H. and Others v. the Czech Republic), § 175 istinad edərək). Əcnəbilər haqqında Qanunda digər əcnəbilərlə müqayisədə “silinənlər” üçün daha sərt müddəalar nəzərdə tutulub. Digər keçmiş YSFR respublikaları ilə müqayisədə, Sloveniya əhalisi etnik baxımdan daha homogen olduğundan, “silinmə” həm də etnik zəminində rezidentlər arasında ayrı-seçkilik salmaqla, qeyri-etnik slovenlərə, keçmiş YSFR-dəki azlıqlara və romalara (qaraçılara) qeyri-proporsional təsir etdi. “Silinənlərin” onilliklərlə üzləşdiyi hüquqi qeyri-müəyyənliyin obyektiv əsaslandırması mövcud deyildi. Nəhayət Avropa Şurasının digər orqanları ayrı-seçkiliyə məruz qalmamaq hüququnu üzv Dövlətlər tərəfindən tələb olunan pozitiv hərəkət kimi şərh etmişdi.
B. Palatanın qərarı
382. Palata hesab edir ki, Konvensiyanın 8-ci Maddəsinin pozuntusunun müəyyən olunduğunu nəzərə alaraq, ərizəçilərin 14-cü Maddə altında şikayəti üzrə qərar qəbul etməyə ehtiyac yoxdur (bax Palatanın qərarının 400-cü bəndi).
C. Böyük Palatanın qiymətləndirməsi
383. Hazırki işdə ayrı-seçkilik məsələsinin vacibliyini nəzərə alaraq, Palatadan fərqli olaraq Böyük Palata hesab edir ki, ərizəçilərin Konvensiyanın 14-cü Maddəsi altında şikayəti araşdırılmalıdır.
Konvensiyanın 14-cü Maddəsinin tətbiqi
384. Məhkəmə dəfələrlə qeyd etdiyi kimi, 14-cü Maddə Konvensiyanın və onun Protokollarının maddi-hüquqi müddəalarını tamamlayır. O, müstəqil mövcud deyil, belə ki, o, yalnız bu müddəaların təminat verdiyi “hüquq və azadlıqlardan istifadə”yə münasibətdə tətbiq edilir. Baxmayaraq ki, 14-cü Maddə bu müddəaların pozulmasını nəzərdə tutmur – və bu mənada bu maddə avtonom xarakter daşıyır – işin halları bu müddəaların bir və yə bir neçəsinin dairəsinə düşmədiyi halda, bu maddə tətbiq oluna bilməz (bax, digər qərarlarla yanaşı, Van Raalte Niderlanda qarşı iş (Van Raalte v. the Netherlands), 21 fevral 1997-ci il, § 33, Qərarlar toplusu 1997-I; Petroviç Avstriyaya qarşı iş (Petrovic v. Austria), 27 mart 1998-ci il, § 22, Qərarlar toplusu 1998-II; və Zarb Adami Maltaya qarşı (Zarb Adami v. Malta) № 17209/02, § 42, AIHM 2006-VIII).
385. Hazırki işdə Məhkəmə müəyyən etdi ki, şikayət edilən tədbirlər Konvensiyanın 8-ci Maddəsinin 1-ci bəndinin mənası baxımından ərizəçilərin “şəxsi və ailə həyatına” və ya hər ikisinə qanunsuz müdaxilə təşkil edir (bax yuxarıda 339-cu bənd). Beləliklə 8-ci Maddə işin hallarına tətbiq olunmaqla, 14-cü Maddə də tətbiq olunur.
2. 8-ci Maddə ilə birgə götürüldükdə 14-cü Maddəyə uyğunluq
(a) Ümumi prinsiplər
386. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən ayrı-seçkilik hər hansı obyektiv və ya ağlabatan əsaslandırma olmadan, müvafiq oxşar situasiyalarda olan şəxslərə fərqli rəftar deməkdir (bax Villis Birləşmiş Krallığa qarşı iş (Willis v. the United Kingdom), № 36042/97, § 48, AİHM 2002‑IV). Rəftarda fərqlilik “qanuni məqsəd” daşımırsa və ya istifadə olunan vasitələr və güdülən məqsəd arasında “ağlabatan mütənasiblik əlaqəsi” yoxdursa, onun obyektiv və ağlabatan əsaslandırması yoxdur. Rəftarda fərqlilik irq, rəng və ya etnik mənşəyə əsaslanırsa, obyektiv və ağlabatan əsaslandırma anlayışı mümkün qədər sərt şərh olunmalıdır (bax, digər qərarlarla yanaşı, Orşuş və Başqaları Xorvatiyaya qarşı iş (Oršuš and Others v. Croatia) [Böyük Palata], № 15766/03, § 156, AİHM 2010).
387. Razılığa gələn Dövlətlər digər oxşar situasiyalardakı fərqliliklərin rəftardakı fərqliliyə haqq qazandırıb-qazandırmadığını və nə dərəcədə haqq qazandırdığını qiymətləndirərkən müəyyən mülahizə sərbəstliyindən istifadə edirlər (bax Gaygusuz Avstriyaya qarşı iş (Gaygusuz v. Austria), 16 sentyabr 1996-cı il, § 42, Qərarlar toplusu 1996‑IV). Mülahizə sərbəstliyinin dairəsi işin hallarından, predmetindən və onun arxa fonundan asılı olaraq dəyişəcək (bax Rasmussen Danimarkaya qarşı iş (Rasmussen v. Denmark), 28 noyabr 1984-cü il, § 40, Seriya A № 87, və İnze Avstriyaya qarşı iş (Inze v. Austria), 28 oktyabr 1987-ci il, § 41, Seriya A №126), lakin Konvensiyanın tələblərinə əməl edilməsi ilə bağlı yekun qərar Məhkəmənin üzərinə düşür. Konvensiya ilk növbədə insan hüquqlarının müdafiəsi sistemi olduğundan, Məhkəmə bununla belə Razılığa gələn Dövlətlərdə dəyişən şəraiti nəzərə almalı və məsələn əldə olunmalı standartlara dair ortaya çıxan hər hansı konsensusa cavab verməlidir (bax Ünal Türkiyəyə qarşı iş (Ünal Tekeli v. Turkey) № 29865/96, § 54, AIHM 2004‑X, və, mutatis mutandis (müvafiq dəyişikliklərə) Stafford Birləşmiş Krallığa qarşı iş (Stafford v. the United Kingdom) [Böyük Palata], № 46295/99, § 68, AİHM 2002‑IV).
388. Bununla belə 14-cü Maddə Razılığa gələn Tərəflərə qruplar arasındakı “faktiki bərabərsizliyi” düzəltmək üçün onlarla fərqli davranmağı qadağan etmir. Əslində, müəyyən hallarda fərqli rəftar vasitəsilə bərabərsizliyi düzəltməyə cəhd olunmaması, obyektiv və ağlabatan əsaslandırma olmadığı halda bu Maddənin pozulmasına gətirib çıxara bilər (bax Thlimmenos Yunanıstana qarşı iş (Thlimmenos v. Greece), № 34369/97, [Böyük Palata], § 44, AİHM 2000‑IV, və Seydiç və Finsi Bosniya və Herseqovinaya qarşı iş (Sejdić and Finci v. Bosnia and Herzegovina ) [Böyük Palata], № 27996/06 və 34836/06, § 44, AİHM 2009). Məhkəmə həmçinin qəbul etdi ki, konkret qrup üçün qeyri-mütənasib əlverişsiz nəticələr yaradan ümumi siyasət və ya tədbir ayrı-seçkilik hesab oluna bilər, baxmayaraq ki, bu xüsusi olaraq bu qrupa yönəlməyib və ya Konvensiyaya potensial olaraq zidd olan ayrı-seçkilik de facto situasiyanın nəticəsi ola bilər (bax yuxarıda istinad edilən D.H. və Başqaları Çexiya Respublikasına qarşı iş (D.H. and Others v. the Czech Republic), § 175, və orada istinad edilən qərarlar).
389. Nəhayət Konvensiyanın 14-cü Maddəsi ilə bağlı sübutetmə yükünə gəldikdə, Məhkəmə qərara aldı ki, ərizəçi rəftarda fərqliliyi göstərdikdə, Hökumət onun əsaslandırıldığını göstərməlidir (elə orada, § 177).
(b) Oxşar situasiyalarda olan şəxslər arasında rəftarda fərqliliyin olması ilə bağlı
390. Bu işə gəldikdə Məhkəmə qeyd edir ki, müstəqillikdən əvvəl Sloveniyada yaşamış, keçmiş YSFR respublikalarından olmayan Dövlətlərin vətəndaşlarının (“real” əcnəbilər adlandırılan) statusu Əcnəbilər haqqında Qanunun 82-ci bəndi ilə tənzimlənirdi, orada nəzərdə tutulurdu ki, onların daimi yaşayış icazələri qüvvədə qalır (bax yuxarıda 207-ci bənd). Bununla belə Əcnəbilər haqqında Qanun Sloveniyada yaşayan digər YSFR respublikalarının vətəndaşlarının statusunu tənzimləmirdi. Yuxarıda qeyd olunduğu kimi (bax yuxarıda 344-cü bənd), bu hüquqi boşluq sonuncuların “silinməsi” və onların Sloveniya ərazisində qanunsuz qalmaları ilə nəticələndi.
391. İddia oluna bilərdi ki, Sloveniyanın müstəqilliyindən əvvəl bu iki qrup arasında fərq mövcud olub, belə ki, onlardan biri əcnəbilərdən, digəri isə Sloveniyanın da tərkib hissəsi olduğu keçmiş federal Dövlətin vətəndaşlarından ibarət idi. Lakin Məhkəmənin fikrincə müstəqilliyik bəyan edildikdən və yeni Dövlət meydana gəldikdən sonra, onların vəziyyəti ən azından müqayisəyə gələn oldu. Bu iki qrupların hər ikisi Sloveniyadan başqa digər Dövlətin vətəndaşlığına malik olan əcnəbilərdən və ya vətəndaşlığı olmayan şəxslərdən ibarət idi. “Silinmənin” təsiri olaraq, bu qruplardan yalnız birinin üzvləri öz yaşayış icazələrini saxlaya bilərdilər.
392. Buna görə də yaşayışla əlaqədar məsələlərə münasibətdə oxşar situasiyalarda olan iki qrup - “real” əcnəbilər və Sloveniyadan başqa digər keçmiş YSFR Respublikalarının vətəndaşları - arasında rəftarda fərq mövcud idi.
(c) Obyektiv və ağlabatan əsaslandırmanın olması ilə bağlı
393. Məhkəmə Hökumətin istinad etdiyi kimi 1992-ci il parlament seçkiləri məqsədilə Sloveniya vətəndaşları korpusunun formalaşdırılması zərurətinin (bax yuxarıda 378-ci bənd) əcnəbilərə Sloveniyada yaşamaq imkanının verilməsində fərqli rəftarı necə tələb edə bildiyini anlamır, belə ki, yaşayış icazəsi onlara səs vermək hüququ vermirdi. Doğrudur ki, “real” əcnəbilərə deyil, yalnız “silinənlərə” əlverişli şərtlərlə Sloveniya vətəndaşlığını əldə etmək imkanı verilmişdi. Lakin Məhkəmə artıq vurğulayıb ki, bununla da, vətəndaşlıq üçün müraciət etməmələri bir qrup əcnəbiləri onların yaşayış icazələrindən məhrum etmək üçün ağlabatan əsas hesab oluna bilməz (bax yuxarıda 357-ci bənd).
394. Bu şərtlər altında Məhkəmə hesab edir ki, şikayət edilən fərqli rəftar sözügedən şəxslərin milli mənşəyinə əsaslanırdı – belə ki, keçmiş YSFR vətəndaşlarına digər əcnəbilərdən fərqli rəftar olunurdu – və bu legitim məqsəd daşımırdı və buna görə də obyektiv və ağlabatan əsaslandırma mövcud deyildi (bax, mutatis mutandis (müvafiq dəyişikliklərlə), yuxarıda istinad edilən Seydiç və Finsinin işi (Sejdić and Finci,) §§ 45-50). Bundan əlavə, ərizəçilər daxil olmaqla keçmiş YSFR vətəndaşlarının vəziyyəti müstəqillik bəyannaməsindən sonra digər “real” əcnəbilərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişdi. 1991-ci ildən əvvəl keçmiş YSFR vətəndaşları yaşayışla bağlı məsələlərdə “real” əcnəbilərlə müqayisədə üstün vəziyyətdə idilər. Müvafiq zamanda federal Dövlətin vətəndaşlığına belə üstün rəftara görə obyektiv əsas kimi baxıla bilərdi. Lakin müstəqillik qanunvericiliyinin nəticəsi kimi, keçmiş YSFR vətəndaşları qəflətən qanunsuz situasiyaya düşdülər, bunun isə 8-ci Maddəni pozduğu müəyyən edildi (bax yuxarıda 361-362-ci bəndlər) və “real” əcnəbilərə münasibətdə əlverişsiz vəziyyətə düşdülər, belə ki, hətta Sloveniya vətəndaşlığı üçün müraciət etmədikləri halda, yalnız sonuncuların daimi yaşayış icazələri qüvvədə qaldı (bax yuxarıda 390-cı bənd). Məhkəmənin fikrincə beləliklə, sözügedən qanunvericilik keçmiş YSFR vətəndaşlarının üzərinə qeyri-mütənasib və həddən artıq yük qoydu.
395. Yuxarıda göstərilən nəticə həmçinin 4 fevral 1999-cu il tarixli qərarda təsdiq edildi, orada Konstitusiya Məhkəməsi qərara aldı ki, “silinənlər” müstəqillikdən əvvəl Sloveniyada yaşamış və Əcnəbilər haqqında Qanunun 82-ci bəndinə əsasən xüsusi daimi yaşayış icazələri qüvvədə qalan “real” əcnəbilərə nisbətən daha az əlverişli vəziyyətdə olublar (bax yuxarıda 42-ci bənd).
396. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə müəyyən edir ki, Konvensiyanın 8-ci Maddəsi ilə birgə götürüldükdə 14-cü Maddə pozulub.
V. KONVENSİYANIN 46-cı MADDƏSİ
397. Konvensiyanın 46-cı Maddəsinin müvafiq hissəsində nəzərdə tutulur:
“1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.
...”
398. Bu müddəaya əsasən ərizəçilər Məhkəmədən “silinənlərin” vəziyyətinin düzəldilməsinə yönəlmiş ümumi tədbirləri göstərməyi xahiş etdi.
A. Tərəflərin arqumentləri
1. Ərizəçilər
399. Ərizəçilər bildirdi ki, bu mərhələdə və həllini tapmış hər hansı təcrübənin olmadığı halda, düzəliş edilmiş Hüquqi Status haqqında Qanunun qəbul edilməsi və icrası “silinənlərin” hüquqlarının sistematik pozuntusunu aradan qaldırmaq iqtidarında olan ümumi tədbirlər hesab oluna bilməz.
400. Düzəliş edilmiş Hüquqi Status haqqında Qanun ilk baxışdan yetərli hüquqi müdafiə vasitəsi deyildi, 3 aprel 2003-cü il tarixli qərar əvvəlki qanunvericiliyin əsas cəhətlərini və tələblərini saxlayaraq, ən minimal və məhdud şəkildə tətbiq olunurdu. “Sloveniyada faktiki olaraq yaşamaq” şərti bəzi istisnaları daxil etmək üçün dəyişdirilmişdi. Lakin “silinənlərin” bütün işləri adıçəkilən istisnaların hər hansı birinin altına düşmədi. Prosedur ağır və bahalı idi və sübutetmə yükü “silinənlərin” üzərində düşürdü. Sloveniyada uzun müddət olmadıqları halda, onlar ilk on il ərzində qayıtmağa cəhd etdiklərini göstərməli idilər, bunu sübut etmək isə hədsiz dərəcədə çətin idi. Buna görə də təəccüblü deyil ki, 2011-ci ilin iyun ayına olan son statistik məlumatlara əsasən təqdim edilən 127 ərizədən (ümumi 13,000 hüququ olan şəxslərdən) yalnız otuzu uğurlu olmuşdu, altmış ərizə rədd edilmişdi. Rədd edilən ərizələrin ağırlıq dərəcəsi qanunvericilikdə ciddi çatışmazlıqların olduğunu göstərdi.
401. Fərdi tədbirlərə gəldikdə, daimi yaşayış icazələrinin verilməsi müəyyən edilmiş pozuntuların bərpası üçün yetərli deyildi. Dəymiş ciddi mənəvi və maddi ziyan sonrakı bərpa tədbirlərini, yəni əvəzin ödənilməsi üçün fərdi tədbirlərin qəbulunu tələb edirdi. Bu həmçinin İrqi Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitənin 2010-cu il yekun müşahidələrində qeyd edilmişdir. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığı həmçinin bildirmişdir ki, “silinənlərin” məruz qaldığı pozuntuların əvəzini ödəmək üçün, məsələn ailənin yenidən birləşməsi ilə əlaqədar, digər tədbirlər zəruridir. O vurğulamışdır ki, yeni qanunvericilik uzun illər ərzində tənzimlənməyən statusa görə ədalətli kompensasiyanın verilməsi üçün hər hansı konkret mexanizm nəzərdə tutmur. İşgəncələr əleyhinə Komitə həmçinin yekun müşahidələrində təkidlə cavabdeh Hökuməti qaraçı icmasına mənsub olanları daxil olmaqla, “silinənlərin” tam inteqrasiyasına kömək etməyə çağırdı. Bundan başqa yuxarıda qeyd olunan üç beynəlxalq qurumlar düzəliş edilmiş Hüquqi Status haqqında Qanunun çatışmazlıqlarını qeyd etdilər.
2. Hökumət
402. Hökumət bildirdi ki, düzəliş edilmiş Hüquqi Status haqqında Qanunun qəbulu və icrası “silinənlərin” şəxsi və ya ailə həyatına, və ya hər ikisinə hörmət hüququnun təmin edilməsi üçün müvafiq, hərtərəfli və ümumi tədbir təşkil edirdi. Bununla Konstitusiya Məhkəməsinin 2003-cü il tarixli qərarı tam icra olunmuşdu.
403. Onun fikrincə Palata düzəliş edilmiş Hüquqi Status haqqında Qanunun qüvvəyə minmək üzrə olduğuna kifayət qədər əhəmiyyət verməmişdi. Buna görə də Sloveniya Respublikası Palatanın qərarı çıxarılanadək artıq müvafiq addımlar atmışdı. Bundan əlavə “silinənlərə” məlumat vermək üçün müxtəlif kütləvi informasiya vasitələrindən istifadə olunmuşdu (məsələn, broşura, internet, pulsuz telefon xətti və s.). Bu, həmçinin işin Böyük Palataya göndərilməsi ilə bağlı müraciətin niyə tələb olunduğunun əsas səbəbi idi.
404. Bundan əlavə 25 noyabr 2011-ci ildə “silinənlərin” problemi ilə məşğul olmaq üçün hökumətdaxili komissiya yaradılmışdı. Qanunun icrasına həmçinin müntəzəm olaraq hakimiyyət orqanları tərəfindən nəzarət edilirdi. Düzəliş edilmiş Hüquqi Status haqqında Qanuna əsasən altmış dörd daimi yaşayış icazələri və 111 əlavə icazələr verilmişdi. Bütünlüklə 12,500 “silinənlər” öz statuslarını nizama salmışdılar.
B. Palatanın qərarı
405. Palata qərara aldı ki, Sloveniyanın qanunverici və inzibati hakimiyyət orqanları tərəfindən Konstitusiya Məhkəməsinin qərarlarının yerinə yetirilməməsi nəticəsində müəyyən edilən pozuntu aydın şəkildə göstərdi ki, Sloveniya daxili hüquqi qaydasında müvafiq ümumi və fərdi tədbirlər qəbul olunmalıdır: müvafiq qanunvericiliyin qəbul edilməsi və retroaktiv daimi yaşayış icazələrini verməklə fərdi ərizəçilərin vəziyyətinin tənzimlənməsi (bax Palatanın qərarının 401-407-ci bəndləri).
C. Məhkəmənin qiymətləndirməsi
406. Konvensiyanın 46-cı Maddəsinə əsasən Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə, icrasına Nazirlər Komitəsinin nəzarət etdiyi qəti qərarlarını icra etməyi öhdələrinə götürürlər. Buradan inter alia (digər məsələlərlə yanaşı) belə çıxır ki, Məhkəmənin pozuntu tapdığı qərar cavabdeh Hökumətin üzərinə nəinki yalnız 41-ci Maddəyə əsasən əvəzin ədalətli ödənilməsi yolu ilə təyin edilən məbləğləri müvafiq şəxslərə ödəmək, lakin həmçinin ümumi və ya müvafiq olduqda fərdi tədbirləri və ya hər ikisini seçmək hüquqi öhdəliyi qoyur. Məhkəmənin qərarları mahiyyət etibarilə deklarativ olduğundan, cavabdeh Dövlət Nazirlər Komitəsinin nəzarəti altında, belə vasitələrin Məhkəmənin qərarında təsbit edilən nəticələrə uyğun olduğunu təmin etməklə, Konvensiyanın 46-cı Maddəsinə əsasən öz hüquqi öhdəliyini icra edəcək vasitələri seçməkdə azaddır (bax Skozzari və Giunta İtaliyaya qarşı iş (Scozzari and Giunta v. Italy) [Böyük Palata], № 39221/98 və 41963/98, § 249, AİHM 2000-VIII; yuxarıda istinad edilən Seydoviçin işi (Sejdovic), § 119; və Aleksanyan Rusiyaya qarşı iş (Aleksanyan v. Russia), № 46468/06, § 238, 22 dekabr 2008-ci il).
407. Lakin müstəsna işlərdə, cavabdeh Dövlətə 46-cı Maddə altında öhdəliklərinin yerinə yetirilməsinə kömək etmək məqsədilə, Məhkəmə müəyyən etdiyi mövcud vəziyyətə son qoymaq üçün görülə biləcək tədbir növünü göstərməyə çalışacaq (bax məsələn, yuxarıda istinad edilən Broniovskinin işi (Broniowski), § 194).
408. Hazırki işdə Məhkəmə mahiyyət etibarilə, Konstitusiya Məhkəməsinin aparıcı qərarlarına baxmayaraq, Sloveniya hakimiyyət orqanları tərəfindən uzun müddət ərzində “silinmədən” sonra ərizəçilərin yaşayış statuslarının nizama salınmaması və onlara müvafiq əvəzin ödənilməməsi ilə bağlı yaranmış, ərizəçilərin 8, 13 və 14-cü Maddələr ilə təminat verilən hüquqlarının pozuntularını müəyyən edib.
409. “Silinmə” Sloveniyanın müstəqillik bəyannaməsi zamanı digər keçmiş YSFR respublikalarından birinin vətəndaşı olan, daimi olaraq Sloveniyada yaşayan, keçmiş YSFR vətəndaşlarının bütün kateqoriyasına şamil edildi. Buna görə də o, çoxlu sayda şəxslərə təsir etdi və hələ də təsir edir.
410. Lakin nəzərə almaq lazımdır ki, Palatanın qərarı çıxarıldıqdan sonra müxtəlif qanunvericilik islahatları, o cümlədən düzəliş edilmiş Hüquqi Status haqqında Qanun (bax yuxarıda 76-79 və 211-ci bəndlər) tətbiq edildi. Bu yeni qanun “silinənlərə” onların Sloveniyadakı yaşayışlarını nizama salmaq üçün tədbirlər görməyə imkan verir. Həmçinin qeyd edilməlidir ki, Məhkəmənin barələrində Konvensiyanın pozuntusunu müəyyən etdiyi altı ərizəçi daimi yaşayış icazələri ilə təmin olunmuşdu (bax yuxarıda 95, 123, 133, 158, 173 və 194-cü bəndlər) və Hökumət düzəliş edilmiş Hüquqi Status haqqında Qanunun tətbiqinə nəzarət etmək üçün və “silinənlərin” problemini həll etmək üçün hökumətdaxili komissiya yaratmışdı (bax yuxarıda 404-cü bənd).
411. Doğrudur ki, düzəliş edilmiş Hüquqi Status haqqında Qanun 24 iyul 2010-cu ildən qüvvədədir və bəzi beynəlxalq monitorinq qurumları onun müəyyən çatışmazlıqlarını qeyd ediblər ... Lakin Məhkəmə hesab edir ki, həllini tapmış hər hansı daxili təcrübənin olmadığı halda, yuxarıda qeyd olunan islahatların və Hökumət tərəfindən atılan müxtəlif addımların “silinənlərin” yaşayış statusunun qənaətbəxş şəkildə nizamlanmasına nail olub-olmadığını araşdırmaq bu mərhələdə erkən olardı (bax mutatis mutandis (müvafiq dəyişikliklərlə) yuxarıda istinad edilən Seydoviçin işi (Sejdovic), §§ 119 və 123).
412. Eyni zamanda Məhkəmə müəyyən etdi ki, ərizəçilərə həssas və hüquqi güvənsizlik vəziyyətində olduqları illərə görə lazımı maliyyə kompensasiyası təyin edilməmişdi və yaranmış vəziyyətdə ölkədaxili səviyyədə mülki icraatda və ya Dövlət Prokurorluğu qarşısında kompensasiyanın əldə olunması mümkünlüyü hələ də uzaqdır (bax yuxarıda 268-ci bənd). Buna görə də Məhkəmə müəyyən edir ki, işin faktları Sloveniya hüquq qaydasında çatışmazlığın mövcudluğunu açıqlayır, bu çatışmazlığın nəticəsində “silinənlərin” bütün kateqoriyasına onların əsas hüquqlarının pozulmasına görə hələ də kompensasiyadan imtina edilir.
413. Məhkəmə hesab edir ki, hazırki iş Məhkəmə Reqlamentinin 61-ci Maddəsinin mənası baxımından pilot-qərar prosedurunun qəbul edilməsi üçün uyğundur, belə ki, bu prosedurun əsas nəticələrindən biri odur ki, Məhkəmənin “pilot” işində şikayət edilən vəziyyətin qiymətləndirməsi fərdi ərizəçilərin müstəsna maraqlarından mütləq kənara çıxır və bu vəziyyətin potensial olaraq təsir edə biləcəyi digər şəxslərin maraqları baxımından ümumi xarakterli tədbirlərin görülməsi nöqteyi-nəzərindən də işin araşdırılmasını tələb edir (bax Broniovski Polşaya qarşı iş (Broniowski v. Poland) (işin dostcasına həlli) [Böyük Palata], № 31443/96, § 36, AİHM 2005‑IX, və Hutten-Czapska Polşaya qarşı iş (Hutten-Czapska v. Poland) (işin dostcasına həlli) [Böyük Palata], № 35014/97, § 33, 28 aprel 2008-ci il). Bununla bağlı Məhkəmə qeyd edir ki, məhkəmə icraatının hədsiz uzunluğu və bununla əlaqədar ölkədaxili hüquq sisteminin intizamsızlığı barədə Lukenda Sloveniyaya qarşı işdəki (Lukenda v. Slovenia) (№ 23032/02, §§ 89-98, AİHM 2005‑X) pilot qərardan sonra, Hökumət xüsusi maliyyə mexanizminin təsis olunması daxil olmaqla, bir sıra tədbirlər tətbiq etdi. Bu, Məhkəməyə böyük sayda baxılan işlər barəsində sərəncam vermək imkanı verdi.
414. Baxmayaraq ki, “silinən” şəxslər tərəfindən verilmiş yalnız bir neçə oxşar şikayətlər hazırda Məhkəmənin icraatındadır, sistematik, struktur və ya oxşar pozuntuların kontekstində gələcək işlərin potensial axını Məhkəmənin baxılacaq işlərin siyahısında olan belə təkrarlanan işlərin yığılmasının qarşısının alınması baxımından həmçinin mühüm faktor hesab olunur. 61-ci Qaydanın 2 (a) bəndində nəzərdə tutulduğu kimi bu məsələ ilə bağlı icraatda tərəflərin rəyinə gəldikdə, Məhkəmə qeyd etmək istərdi ki, bu müddəa 1 aprel 2011-ci ildə, bu iş Böyük Palataya veriləndən xeyli sonra qüvvəyə minib, bununla onun hazırki işə tətbiq olunmasının qarşısını alır.
415. Beləliklə, Məhkəmə 61-ci Qaydanın 3-cü bəndinə uyğun olaraq qeyd etmək qərarına gəlir ki, cavabdeh Hökumət bir il ərzində ad hoc ölkədaxili kompensasiya sxemini yaratmalıdır (bax mutatis mutandis (müvafiq dəyişikliklərlə) yuxarıda istinad edilən Hutten Czapskanın işi (Hutten‑Czapska), § 239, və Xenides-Arestis Türkiyəyə qarşı iş (Xenides-Arestis v. Turkey) (mahiyyəti), № 46347/99, § 40, 22 dekabr 2005-ci il). 61-ci Qaydanın 6 (a) bəndinə əsasən vəziyyətin düzəldilməsi üçün tələb olunan tədbirlərin görülməsinə qədər bütün analoji şikayətlərə baxılması təxirə salınacaq.
VI. KONVENSİYANIN 41-ci MADDƏSİ
416. Konvensiyanın 41-ci Maddəsində nəzərdə tutulur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərcəkən tərəfə əvəzin ədalətli odənilməsini təyin edir.”
417. Ərizəçilər maddi və mənəvi ziyana görə, eləcə də Məhkəmədə çəkilən xərclərə və məsrəflərə görə kompensasiya tələb etdilər. Hökumət onların tələblərini mübahisələndirdi.
A. Tərəflərin arqumentləri
1. Ərizəçilər
418. Ərizəçilər iddia etdilər ki, onların kompensasiya ilə bağlı tələblərini ilk növbədə daxili məhkəmələrə və ya Dövlət Prokurorluğuna verməli olduqları barədə Hökumətin mövqeyinin heç bir əsası yoxdur (onlar Barbera, Messegue və Cabardo İspaniyaya qarşı işə (Barberà, Messegué and Jabardo v. Spain) istinad etdilər (Maddə 50), 13 iyun 1994, § 17, Seriya A № 285‑C). Əvəzin ədalətli ödənilməsi ilə bağlı tələblərin qəbuledilənliyi əvvəlcə ölkədaxili hüquqi müdafiə vasitələrinin tətbiqindən asılı deyil. Bu işdə olduğu kimi, sözügedən hüquqi müdafiə vasitələri açıq-aşkar zərərçəkmiş tərəflərə maddi təzminat almaq üçün tez və sadə imkan təqdim etmək iqtidarında olmadığı halda, bu xüsusilə doğrudur.
419. Böyük Palatada ərizəçilər əvəzin ədalətli ödənilməsi ilə bağlı tələblərini yenilədilər. Gəliri olmayan hər bir ərizəçi “silinmə” baş vermədiyi təqdirdə, onun alacağı sosial və mənzil müavinətlərinə uyğun olan məbləğ tələb etdi.
Ərizəçilər maddi ziyanla bağlı aşağıdakı tələbləri təqdim etdilər:
- Cənab Kuriç: 37,929.85 AVRO;
- Xanım Mezga: 58,104.03 AVRO;
- Cənab Ristanoviç: 15,698.07 AVRO;
- Cənab Berişa: 104,174.25 AVRO;
- Cənab Sadik: 41,374.95 AVRO;
- Cənab Miniç: 40,047.24 AVRO.
420. Bundan əlavə mənəvi ziyanla bağlı ərizəçilər bildirdilər ki, “silinmə” onlar üçün son dərəcə ciddi nəticələr doğurdu və onların həyatında dramatik və geniş miqyaslı çevrilişə səbəb oldu: tənzimlənməyən status, işin itirilməsi, insana layiq olmayan həyat şəraiti, və çoxlarının ciddi sağlamlıq problemləri. Qısa olaraq, onlar Məhkəmənin presedent hüququ ilə tanınan iztirabın müxtəlif formalarına məruz qalmışdılar: onların son dərəcə uzun müddət ərzində tab gətirdikləri ağrı və gələcək barədə dərin qeyri-stabillik və güvənsizlik hissi, deportasiya təhlükəsindən doğan narahatlıq, və ksenofob münasibətə və effektiv müdafiə vasitələrinin mövcud olmamasına görə dərin narahatlıq və kədər hissi. Onlar iddia etdilər ki, mənəvi ziyan 1999-cu ilin fevral ayında, Konstitusiya Məhkəməsinin birinci qərarının tarixindən hesablanmalıdır və aşağıdakı məbləğləri tələb etdilər:
- Cənab Kuriç: 147,822 AVRO;
- Xanım Mezga: 151,986 AVRO;
- Cənab Ristanoviç: 151,986 AVRO;
- Cənab Berişa: 146,781 AVRO;
- Cənab Sadik: 154,068 AVRO;
- Cənab Miniç: 154,068 AVRO.
421. Nəhayət ərizəçilər Məhkəmədə çəkilən xərclərə və məsrəflərə görə ƏDV və əlavə vergilər (62,369.82 AVRO) əlavə olunmaqla, 49,975.82 AVRO tələb etdilər. Onlar qeyd etdilər ki, işin müstəsna hallarını və onların son dərəcə yoxsul həyat şəraitini nəzərə alaraq, Məhkəmə onların şikayətlərini rədd etdiyi halda, onların nümayəndələri öz qonorarlarından imtina etməyə razılıq verdilər. Buna görə də bugünədək ərizəçilər tərəfindən heç bir ödəniş edilməyib və hər hansı müvafiq təsdiqedici sənədlər təqdim oluna bilməyəcək.
2. Hökumət
422. Hökumət bildirdi ki, ərizəçilərdən heç biri daxili məhkəmələrdə kompensasiya tələb etməmişdi. Yalnız cənab Berişa və cənab Miniç Dövlət Prokuroluğuna ziyanın qismən ödənilməsi barədə iddia ərizəsi vermişdilər, hansı ki, rədd edilmişdi.
B. Palatanın qərarı
423. Palata hesab etdi ki, Konvensiyanın 41-ci Maddəsinin tətbiqi məsələsi həll edilmək üçün hazır deyil və müvafiq olaraq onu bütövlükdə təxirə salmaq qərarına gəldi (bax Palatanın qərarının 422-423-cü bəndləri və onun nəticə hissəsinin 7-ci bəndi).
C. Böyük Palatanın qiymətləndirməsi
1. Maddi ziyan
424. Hazırki işin hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, maddi ziyana görə kompensasiya məsələsi həll edilmək üçün hazır deyil. Hökumət və ərizəçilər arasında əldə edilə biləcək hər hansı razılaşmanı lazımı şəkildə nəzərə alaraq və bu qərarın icrası ilə bağlı Hökumətin görə biləcəyi belə fərdi və ya ümumi tədbirlərin işığında, müvafiq olaraq bu məsələ təxirə salınmalıdır və sonrakı prosedur təyin edilməlidir (Məhkəmə Reqlamentinin 61-ci Qaydasının 7-ci bəndi və 75-ci Qaydasının 1-ci bəndi).
2. Mənəvi ziyan
425. Bu işdə müəyyən edilmiş pozuntuların xarakterini və ərizəçilərin çəkdiyi iztirabları nəzərə alaraq, Məhkəmə onların iddialarını qismən təmin etməyə və hər bir uğurlu ərizəçiyə (cənab Kuriç, xanım Mezga, cənab Ristanoviç, cənab Berişa, cənab Ademi və cənab Miniç) mənəvi ziyana görə ədalət prinsipi əsasında 20000 AVRO təyin etməyə hazırdır.
3. Məhkəmə xərcləri və məsrəflər
426. Məhkəmənin presedent hüququna əsasən ərizəçi o halda məhkəmə xərclərinin və məsrəflərin əvəzinin ödənilməsi hüququna malik olur ki, onların həqiqətən və zəruri olaraq çəkildiyi və ağlabatan məbləğdə olduğu göstərilsin (bax, məsələn, İatridis Yunanıstana qarşı iş (Iatridis v. Greece) (əvəzin ədalətli ödənilməsi) [Böyük Palata], № 31107/96, § 54, AİHM 2000-XI).
427. Məhkəmə qeyd edir ki, iş müəyyən miqdarda faktiki və sənədli sübütların diqqətlə gözdən keçirilməsini nəzərdə tuturdu və kifayət dərəcədə tədqiqat və hazırlıq tələb edirdi. Baxmayaraq ki, Məhkəmə tələb edilən haqların həqiqətən çəkildiyinə şübhə etmir, o, hesab edir ki, məhkəmə icraatı ilə bağlı xərclər və məsrəflərə görə tələb edilən məbləğ həddən artıqdır. Ərizədə qaldırılan hüquqi məsələlərin bütün ərizəçilər üçün oxşar olduğunu nəzərə alaraq, Məhkəmə onlara 30,000 AVRO ümumi məbləğ təyin etməyi qərara alır.
4. İcranın gecikdirilməsinə görə faiz
428. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankının yuxarı kredit faiz dərəcəsinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ
...
3. Yekdilliklə qərara alır ki, cənab Kuriç, xanım Mezga, cənab Ristanoviç, cənab Berişa, cənab Ademi və cənab Miniç Konvensiyanın 34-cü Maddəsinin məqsədləri baxımından, onların Konvensiyada nəzərdə tutulan hüquqlarının iddia edilən pozuntularının “qurbanları” olduqlarını iddia edə bilərlər;
...
6. Yekdilliklə qərara alır ki, Konvensiyanın 8-ci Maddəsi pozulub;
...
8. Yekdilliklə qərara alır ki, Konvensiyanın 8-ci Maddəsi ilə birgə götürüldükdə 14-cü Maddə pozulub;
9. Yekdilliklə qərara alır ki, cavabdeh Hökumət bu qərarın çıxarılmasından sonra bir il ərzində ad hoc ölkədaxili kompensasiya sxemini yaratmalıdır (bax yuxarıda 415-ci bənd);
10. Yekdilliklə qərara alır ki, hazırki işdə müəyyən edilmiş pozuntular nəticəsində dəymiş hər hansı maddi ziyanla əlaqədar 41-ci Maddənin tətbiqi məsələsi həll edilmək üçün hazır deyil və müvafiq olaraq,
(a) bununla əlaqədar həmin məsələni təxirə salır;
(b) cavabdeh Hökuməti və ərizəçiləri üç ay müddətində bu məsələ ilə bağlı yazılı müşahidələrini təqdim etməyə və xüsusilə də əldə etdikləri hər hansı razılıq barədə Məhkəməni məlumatlandırmağa dəvət edir;
(c) sonrakı proseduru təxirə salır və zərurət olduqda həmin prosedurun tarixini təyin etmək səlahiyyətini Məhkəmənin Sədrinə həvalə edir.
11. Yekdilliklə qərara alır ki,
(a) cavabdeh Dövlət üç ay ərzində aşağıdakı məbləğləri ödəməlidir:
(i) cənab Kuriç, xanım Mezga, cənab Ristanoviç, cənab Berişa, cənab Ademi və cənab Miniçə hər birinə mənəvi ziyana görə 20,000 AVRO (iyirmi min avro), bu məbləğlərdən tutula biləcək hər hansı vergi məbləği onların üzərinə əlavə olunmalıdır;
(ii) məhkəmə xərclərinə və məsrəflərə görə ərizəçilərə birgə 30,000 AVRO (otuz min avro), ərizəçilərdən tutula biləcək hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır;
(b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər sözügedən ödənilməli məbləği üzərinə Avropa Mərkəzi Bankındakı yuxarı kredit faizinə bərabər olan faiz məbləği və onun üzərinə daha üç faiz əlavə edilməlidir;
12. 41-ci Maddəyə əsasən mənəvi ziyan və məhkəmə xərcləri və məsrəfləri barədə ərizəçilərin qalan tələblərini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilib və 26 iyun 2012-ci ildə Strasburqda İnsan Hüquqları Binasında açıq iclasda elan edilib.
Vincent BergerNicolas Bratza
Hüquq məsləhətçisiSədr
Konvensiyanın 45-ci Maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə əsasən aşağıdakı ayrı rəylər bu qərara əlavə olunur:
(a) Hakim Zupančičin üst-üstə düşən rəyi;
(b) Hakim Vučinićin qismən üst-üstə düşən, qismən xüsusi rəyi;
(c) Hakimlər Bratza, Tulkens, Spielmann, Kovler, Kalaydjieva,Vučinić və Raimondinin birgə qismən xüsusi rəyi;
(d) Hakim Costanın qismən xüsusi rəyi;
(e) Hakimlər Kovler və Kalaydjievanın birgə qismən xüsusi rəyi.
N.B.
V.B.
Ayrı rəylər tərcümə olunmayıb, lakin onları Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasında qərarın rəsmi ingilis və/və ya fransız dillərində olan versiyasında görə bilərsiniz.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy