Bu hüquqi xülasə yalnız Konvensiyanın 6-1-ci maddəsinin cinayət aspekti altında qaldırılmış şikayətlərə nəzərən Məhkəmənin gəldiyi nəticələr barədədir.
Kuzmin (Kuzmin) Rusiyaya qarşı - 58939/00
Qərar 18.3.2010 [V Bölmə]
Maddə 6
6-cı Maddənin 2-ci bəndi
Təqsirsizlik prezumpsiyası
Qubernator seçkilərində namizədin zorlamada təqsirləndirilən rayon prokuroru haqqında televiziyada dediyi kəskin sözləri: pozuntu
Faktlar - 17 yaşlı bir qız anası vasitəsilə rayon prokuroru olan ərizəçiyə qarşı zorlama iddiası ilə bağlı şikayət vermişdir. İcraat 22 aprel 1998-ci ildə başlamışdır. 7, 12 və 13 may 1998-ci il tarixlərdə rayon qubernatoru seçkilərinə namizəd və tanınmış ictimai-xadim olan cənab Aleksandr Lebed televiziya müsahibəsində ərizəçinin artıq müəyyən müddətdir ki, "həbsxanada” oturmalı olan "cinayətkar" olduğunu, və bu “qancıq oğlunun” tezliklə "həbsdə çürüyəcəyini" bildirmişdir. Ərizəçi prokurorluq xidmətindən xaric edilmişdir. 22 may 1998-ci il tarixində o həbs olunmuşdur. Növbəti gün o, azyaşlıya qarşı zorlamada ittiham olunmuşdur. 1998-ci ilin noyabr ayında ərizəçiyə ittiham aktı təqdim olunmuşdur. O bildirdi ki, onun sənədin tam versiyası ilə vaxtında tanış olmaq üçün çatımı olmamışdır. 1998-ci ilin dekabr ayında o, üç il altı ay müddətinə azadlıqdan məhrum edilmişdir. Onun apellyasiya şikayətləri nəticə verməmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 2: (a) Cənab Lebedin bəyanatları - Qubernator vəzifəsinə namizəd olmaqla yanaşı, hadisələrin cərəyan etdiyi vaxt cənab Lebed, Rusiya cəmiyyətində yüksək hökumət rəsmisi olaraq müxtəlif vəzifələrdə işləmiş istefada olan general və tanınmış siyasətçi idi. Məhkəmə onun televiziyada mübahisəli şərhləri adi fiziki şəxs olaraq ifadə etdiyini hesab etmir. Bu şərhlər, ərizəçinın həbs olunması ilə bağlı verdiyi söz daxil olmaqla onun iddia olunan cinayətin törədilməsində təqsirli olması barədə inamının ifadəsi hesab oluna bilər. Bundan əlavə, müsahibə verdikdən bir neçə gün sonra cənab Lebed qubernator seçilmiş və həmin zaman müvəqqəti saxlama təcridxanasında olan şübhəli şəxs, yəni ərizəçi həbs olunmuş və azyaşlının zorlanmasında ittiham olunmuşdur. Ərizəçiyə qarşı məhkəmə prosesinin ilkin mərhələsində - ittiham olunmazdan öncə - yüksək rütbəli rəsmilərin onun təqsirli olduğuna inandıqlarını düşünməyə əsas verəcək heç bir ictimai açıqlama verilməməsi xüsusilə çox vacib idi. Müvafiq olaraq, cənab Lebedin televiziya müsahibələrində bəyanatlarının xüsusi şəraitini nəzərə alaraq Məhkəmə hesab edir ki, bu bəyanatlar ictimaiyyəti ərizəçinın təqsirli olduğuna inanmağa təşviq edən və müvafiq orqanlar tərəfindən faktların qərəzsiz dəyərləndirilməsinə xələl gətirən xarakterdədir. Mübahisəli bəyanatlar fiziki şəxslər tərəfindən defamasiyaya qarşı müdafiə ilə bağlı mülahizələrə və mülki hüquqların müəyyən olunması üçün məhkəməyə çatımlılıq hüququna uyğun olmamışdı.
Nəticə: pozuntu (üç səs dörd səsə qarşı).
(b) Prokurorluq orqanlarının sənədlərində istifadə olunan dil - Ərizədə istifadə olunan terminlər və sonradan ərizəçinin işdən çıxarılması etinasız şəkildə edilsə də, işin xüsusi hallarında bunlar ictimaiyyətin ərizəçinin təqsirli olduğuna inanması və ya faktların müvafiq səlahiyyətli məhkəmə orqanları tərəfindən qərəzsiz qiymətləndirilməməsi üçün kifayət edəcək xarakterdə deyildi.
Nəticə: pozuntu yoxdur (yekdilliklə).
Maddə 6 § 1 və 3 (d): Təqsirləndirilən şəxsin ittiham aktının əldə edib-etməməsindən asılı olmayaraq, Məhkəmə aşağıdakı iki aspektə həlledici əhəmiyyət vermişdir. İlk olaraq, ittiham aktı şahidlərin siyahısı olmadan qəbul edilmiş olsa da, nə yerli qanunvericilik, nə də yerli məhkəmə təcrübəsi ərizəçiyə mane olmurdu ki, işə baxan məhkəməyə yazılı və ya şifahi şəkildə müraciət edib ona qarşı iddianın müəyyənləşdirilməsi üzrə önəmli rol oynadığını düşündüyü şahidlərin dindirilməsinə nail olsun. İş materiallarındakı sübutlar hakimlərin ərizəçinin şahidlərin cəlb olunması tələbini nəzərə almadıqları fikrini dəstəkləmir. İkincisi, ərizəçi şahid ifadələrinin işlə bağlı necə faydalı ola biləcəyi haqqında heç bir izahat verməmişdir. Bu səbəbdən, Məhkəmə müdafiə tərəfinin yerli məhkəmələr qarşısında ifadə etdiyi narahatlıqlarını nəzərə alaraq sadəcə ehtimal edə bilər ki, ərizəçi məhkəmədə istintaq orqanlarının zərərçəkmişin anasına təzyiq göstərərək şikayət verdirdiyini, müəyyən sənədləri saxtalaşdıraraq, vəzifəli şəxslərin onu zorlamada ittiham edərək həbsə sala bildikləri barədə arqumentlərini sübuta yetirmək üçün müəyyən şahidlərin ifadə verməsini istəyirdi. Buna baxmayaraq, məhkəmə protokollarına əsasən, həmin iddialar məhkəmədə yoxlanmış, ərizəçi qeydiyyat və şikayətin nəzərdən keçirilməsi prosesində birbaşa iştirak edən şəxslərlə üzləşdirilmiş və tərəflərin bərabərliyi prinsipinə əsasən öz mövqeyini müdafiə etmək imkanına malik olmuşdur.
Nəticə: pozuntu yoxdur (yekdilliklə).
Full & Egal Universal Law Academy