Bu hüquqi xülasə yalnız Konvensiyanın 6-1-ci maddəsinin cinayət aspekti altında qaldırılmış şikayətlərə nəzərən Məhkəmənin gəldiyi nəticələr barədədir.
Kyprianou (Kyprianou) Kiprə qarşı [BP] - 73797/01
Qərar 15.12.2005 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Qərəzsiz məhkəmə
Vəkilin hörmətsizlik etdiyi hakimlərin özləri tərəfindən məhkəməyə hörmətsizlikdə təqsirli bilinməsi və hökmü çıxararkən hakimlərin sərt dildən istifadəsi: pozuntu
Faktlar - Ərizəçi, Ağır Cinayətlər Məhkəməsi qarşısında qətl işində müdafiəçi olaraq çıxış edərkən ittiham şahidinin çarpaz dindirilməsi zamanı məhkəmə tərəfindən işinə müdaxilə edilmişdir. O, özünü təhqiredilmiş hiss etmiş, işdən kənarlaşmaq üçün icazə almaq istəmiş, lakin icazə verilmədikdə bildirmişdir ki, çarpaz dindirmə zamanı hakimlər bir-biri ilə danışmış və bir-birinə qısa qeydlər ("ravasakia" sözü, başqa mənalarla yanaşı həm də qısa və gizli məktub, qeydlər və ya sevgi məktubları, xoşagəlməz məzmuna malik mesajlardan ibarət qeydlər kimi tərcümə oluna bilər) göndərmişlər. Hakimlər "şəxs olaraq" və "ciddi təhqir"ə məruz qaldıqlarını, “məhkəməyə bu cür açıq və qəbuledilməz hörmətsizliyi nəinki vəkil, heç adi fiziki şəxslərdən belə təsəvvür etmədikləri " və "məhkəmə dərhal və əsaslı şəkildə cavab verməzsə,... ədalətin sarsılacağını” bildirmişlər. Məhkəmə ərizəçiyə seçim verdi: ya ərizəçi iddiaları ilə nə demək istədiyini izah etməli və iddialarına görə cəza tətbiq olunmamasının səbəblərini göstərməli və yaxud iddialarını geri götürməli idi. Ərizəçi qeyd olunanlardan heç birini qəbul etmədiyi üçün məhkəmə onun bu davranışını məhkəməyə qarşı hörmətsizlik kimi qəbul etmiş və onu dərhal icra olunacaq beş günlük həbs cəzasına məhkum edərək bunun "qanuni və mülki asayiş baxımından yeganə adekvat reaksiya olduğunu" və məhkəmələr tərəfindən qeyri-adekvat cavabın məhkəmənin nüfuzunun aşağı salınması demək olduğunu" bildirmişdir. Ərizəçi həbs cəzasını çəkmiş, lakin müvafiq qanunvericiliyə əsasən erkən azadlığa buraxılmışdır. Onun şikayəti Ali Məhkəmə tərəfindən rədd edilmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 1: Bu şikayət müvafiq məhkəmə prosesində funksional nöqsanlarla bağlıdır. Ərizəçinın işi məhkəmə qismində şəxsən hakimlərə yönəlmiş hörmətsizlik barədədir. Bu tənqidlərin hədəfi hakimlərin davranış tərzləri idi. Eyni hakimlər daha sonra onu mühakimə etmək qərarı almış, onun davranışlarından irəli gələn məsələləri araşdırmış, onu təqsirli hesab edərək sanksiya (azadlıqdan məhrumetmə) tətbiq etmişlər. Belə şəraitdə şikayətçi, şahid, prokuror və hakim arasında rolların qarışdırılması, prosesin köhnə prinsiplərdən olan heç kəsin öz işində hakim ola bilməməsi barədə prinsipə və nəticədə, məhkəmənin qərəzsizliyi prinsipi ilə uyğun olmadığı ilə bağlı obyektiv əsaslandırılmış narahatlıqların yaranmasına səbəb olur. Ağır Cinayətlər Məhkəməsinin qərəzsizliyi şübhələrə açıq ola bilərdi və ərizəçinın bu baxımdan qorxuları obyektiv əsaslandırılmış hesab oluna bilərdi.
Ərizəçinin hakimlərin işə şəxsi qərəz ilə yanaşdıqları iddiasına nəzər saldıqda, Məhkəmə qeyd edir ki, ərizəçinın işi üzrə qərar qəbul etdikdə hakimlər ərizəçi tərəfindən "şəxs olaraq" "ciddi təhqirə " məruz qaldıqlarını bildirmişlər. Bu bəyanat özlüyündə hakimlərin ərizəçinın sözləri və davranışlarından təhqir olunduqlarını və şəxsi mübahisəyə cəlb olunduqlarını əks etdirir. Əlavə olaraq, hökmdə istifadə olunan sərt dil onlarda hiddət və şok hissinin olduğunu biruzə vermişdir, bu isə hakim bəyanatlarından tələb olunan müstəqil yanaşmaya zidd idi. Hakimlər dərhal qüvvəyə minməsini təmin edərək ərizəçiyə beş günlük həbs cəzası təyin etmiş və bu qərarın baş verən hadisəyə "yeganə adekvat cavab" olduğunu hesab etmişlər. Bundan əlavə, hakimlər daha öncə ərizəçi ilə müzakirələri zamanı onun məhkəməyə qarşı hörmətsizlik etməkdə təqsirli hesab etdiklərini bildirmişlər. Ərizəçinın yuxarıda qeyd olunan cinayəti törətdiyi nəticəsinə gəldikdən sonra, hakimlər ərizəçiyə ya iddiasi üzərində dayanmaq və ona cəza tətbiq olunmaması səbəblərini göstərmək və ya iddiasını geri götürmək seçimi vermişlər. Hakimlərin ədalət mühakiməsinin yaxşı idarə edilməsini və məhkəmənin bütövlüyünün mühafizəsini təmin etmək məqsədi daşıdıqlarını və bu səbəbdən, sözügedən proseduru məqsədəmüvafiq hesab etdiklərinə baxmayaraq, özlərini şəraitdən kifayət qədər kənar saxlamağa müvəffəq olmamışlar. Bu nəticə, məhkəmə prosesinin sürəti və hakimlər və ərizəçi arasındakı fikir mübadiləsinin qısalığı ilə daha da güclənir. Bu kontekst və hakimlərin şəxsi davranışlarının müxtəlif elementləri nəzərə alınaraq, ərizəçinın Ağır Cinayətlər Məhkəməsinin qərəzsizliyi ilə bağlı şübhələri bu məsələ il bağlı da əsaslandırılmış idi. Ali Məhkəmə aşağı instansiya məhkəməsinin qərarını ləğv etməkdən imtina etdiyindən, bu nöqsan aradan qaldırılmamışdır.
Nəticə: pozuntu (yekdilliklə).
Full & Egal Universal Law Academy