Laino (Laino) İtaliyaya qarşı [BP] – ərizə № 33158/96
18.2.1999 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Ağlabatan müddət
Mülki prosesin uzun sürməsi: pozuntu baş verib
Faktlar: İtaliya vətəndaşı olan ərizəçi 1960-cı ildə doğulub və Neapolda yaşayır. 15 mart 1990-cı ildə ərizəçi arvadı xanım R-dən məhkəmə qaydasında ayrılmaq üçün Neapol rayon məhkəməsinə müraciət etdi. O həmçinin məhkəmədən xahiş etdi ki, uşaqlar üzərində qəyyumluq və ailənin evinin istifadəsi məsələlərini həll etsin. 22 mart 1990-cı ildə məhkəmə iclasına sədrlik edən hakim iş üzrə dinləməni 12 iyul 1990-cı il tarixinə təyin edərək tərəflərə barışıq cəhdi üçün vaxt verdi. Barışıq cəhdinin baş tutmadığı qənaətinə gəldikdən sonra sədrlik edən hakim (1984 və 1988-ci il təvəllüdlü) uşaqlar üzərində şərti qəyyum kimi xanım R.-i təyin etdi və evdən istifadə hüququnu ona verdi, ataya isə həftədə iki dəfə uşaqlarla görüşmək hüququ verdi və onun üzərinə xanım R.-ə aliment ödəmək öhdəliyini qoydu. Üçü ərizəçinin vəsatəti əsasında təxirə salınmış altı dinləmə keçirdikdən sonra işin məhkəmə baxışına hazırlanması üçün cavabdeh olan hakim 15 dekabr 1994-cü ildə qərara aldı ki, iş Nola (Neapolda rayon) rayon məhkəməsinə göndərilməlidir, belə ki, həmin vaxt iş bu məhkəmənin ərazi yurisdiksiyasına aid idi. Həmin məhkəmədə 8 may 1997-ci ilədək dinləmənin keçiriləcəyi tarix müəyyən edilmədi. Həmin tarixdə isə məhkəmə iclası məhkəmənin öz təşəbbüsü ilə təxirə salındı, çünki hakim iclasa gəlməmişdi. 13 noyabr 1997-ci ildə tərəflər iş üzrə arqumentlərini təqdim etdilər və 8 may 1998-ci ildə məhkəmənin müvafiq bölməsində dinləmə keçirildi. 27 may 1998-ci il tarixli qərarla (qərarın mətni elə həmin gün saxlanılmaq üçün katibliyə təqdim edildi) məhkəmə ərlə arvadın məhkəmə qaydasında ayrıldığını elan etdi, uşaqlar üzərində şərti qəyyumluq və ailənin evinin istifadəsi ilə bağlı tədbirləri təsdiq etdi və alimentin məbləğini artırdı. Tərəflərdən heç biri bu qərardan şikayət vermədi.
Ərizəçi şikayət etdi ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan işinə ağlabatan müddətdə baxılması hüququna riayət edilməyib və prosesin uzun sürməsi onun Konvensiyanın 8-ci maddəsi ilə təmin edilən ailə həyatına hörmət hüququnu pozub.
Hüquqi məsələlər: Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi: Məhkəmənin presedent hüququna əsasən, məhkəmə prosesinin müddətinin ağlabatan olub-olmadığı qiymətləndirilərkən konkret olaraq işin mürəkkəbliyi, habelə ərizəçinin və dövlət orqanlarının davranışı nəzərə alınmalıdır. Mülki statusa aid işlərdə həmçinin araşdırılan məsələnin ərizəçi üçün nə dərəcədə əhəmiyyətli olması nəzərə alınmalıdır və prosesin həddən artıq uzun sürməsinin xüsusən ailə həyatına hörmət hüququ üçün doğura biləcəyi mümkün nəticələr nəzərə alınaraq prosesi tezləşdirmək üçün xüsusi səy göstərilməsi tələb olunur. Məhkəmə qeyd etdi ki, prosesdə baş vermiş ləngimələrdən yalnız birində cavabdeh dövlət təqsirkar sayıla bilər və bu qənaətə gəldi ki, iş xüsusilə mürəkkəb deyildi. İşi araşdırmış dövlət orqanlarının davranışına gəlincə, Məhkəmə işdə araşdırılan məsələnin (məhkəmə qaydasında boşanma və uşaqlar üzərində qəyyumluq və onlarla görüşmək hüququ məsələlərinin) ərizəçi üçün nə dərəcədə əhəmiyyətli olmasını nəzərə alaraq hesab etdi ki, ölkədaxili məhkəmələr belə hallarda Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tələb olunan xüsusi səy göstərməyiblər. Dövlətin təqsiri ucbatından prosesdə fasilələrin yarandığı müxtəlif dövrlər, konkret olaraq 25 noyabr 1993-cü ildən 15 dekabr 1994-cü ilədək və bu sonuncu tarixdən 10 iyul 1997-ci ilədək olan dövr "ağlabatan müddət" tələblərinə cavab vermirdi. Həmçinin prosesin ümumi müddətini nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəldi ki, 6-cı maddənin 1-ci bəndinin pozuntusu baş verib.
Nəticə: pozuntusu baş verib (yekdilliklə).
Konvensiyanın 8-ci maddəsi: 6-cı maddənin 1-ci bəndi üzrə qərarını nəzərə alaraq, Məhkəmə bu qənaətə gəldi ki, 8-ci maddənin pozulub-pozulmadığını araşdırmağa ehtiyac yoxdur.
Nəticə: araşdırmaya ehtiyac yoxdur (yekdilliklə).
Konvensiyanın 41-ci maddəsinin tətbiqi: Cənab Laino məruz qaldığını iddia etdiyi mənəvi ziyana görə 70.000.000 italyan lirəsi (İTL) tələb etdi. Məhkəmə qərara aldı ki, ərizəçi, şübhəsiz ki, mənəvi ziyana məruz qalıb. İşin hallarını nəzərə alaraq, o, ərizəçiyə 25.000.000 İTL təyin etməyi qərara aldı. Ərizəçi həmçinin Komissiyadakı və Məhkəmədəki icraata çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 16.305.440 İTL kompensasiya tələb etdi və bu tələb təmin edildi.
Full & Egal Universal Law Academy