Avropa İnsan Hüquqları Məhkəməsi
İLAŞKU (ILAŞCU) VƏ BAŞQALARI MOLDOVAYA VƏ RUSİYAYA QARŞI məhkəmə işi
(Ərizə Nº 48787/99)
QƏRAR
Strasburq
8 iyul 2004-cü il
Mündəricat
GİRİŞ
PROSEDUR
1. Ərizənin qəbul edilənliyi ilə bağlı icraat
2. Ərizənin mahiyyəti üzrə icraat
a) Tərəflərin yazılı qeydləri
b) Şahidlərin dinlənilməsi
c) Yazılı sübutlar
FAKTLAR
I. ƏRİZƏÇİLƏR
II. FAKTLARIN MÜƏYYƏN EDİLMƏSİ
III. İŞİN ÜMUMİ TARİXÇƏSİ
A. SSRİ-nin dağılması və Pridnestovyenin ayrılması ilə bağlı Moldova-Pridnestrovye münaqişəsi
1. SSRİ-nin dağılması, Pridnestovyenin ayrılması və Moldovanın müstəqilliyi
2. Silahlı münaqişə (1991-1992)
3. Silahlı münaqişədən sonrakı hadisələr
B. 21 iyul 1992-ci il sazişindən sonra Rusiya Federasiyası ordusunun və onun şəxsi heyətinin Pridnestrovyedə mövcudluğu
1. RƏQ-in Pridnestrovyedəki qoşunları və hərbi avadanlıqları
a) Konvensiya Rusiya Federasiyası tərəfindən ratifikasiya edilənə qədər
b) Konvensiya Rusiya Federasiyası tərəfindən ratifikasiya edildikdən sonra
2. RƏQ ilə “MPR” arasında münasibətlər
C. Rusiya Federasiyası və Pridnestrovye arasında iqtisadi, siyasi və digər münasibətlər
1. Konvensiya 5 may 1998-ci ildə Rusiya Federasiyası tərəfindən ratifikasiya edilənə qədər
2. Konvensiya Rusiya Federasiyası tərəfindən ratifikasiya edildikdən sonra
D. Moldova-Pridnestrovye münasibətləri
1. Konvensiya 12 sentyabr 1997-ci ildə Moldova tərəfindən ratifikasiya edilənə qədər
2. Konvensiya Moldova tərəfindən ratifikasiya edildikdən sonra
IV. İŞİN KONKRET HALLARI
A. Ərizəçilərin tutulması, ibtidai həbsi və məhkum edilməsi
1. Ərizəçilərin tutulması
2. Birinci üç ərizəçinin 14-cü ordunun binasında həbsdə saxlanılması
3. Tiraspol polis həbsxanasının saxlama mərkəzində həbsdə saxlanılma və məhkəmə araşdırması zamanı həbsxanaya köçürülmə
4. Ərizəçilərin məhkəmə araşdırması və məhkum edilmələri
B. Ərizəçilərin məhkum edilməsindən sonrakı hadisələr; cənab İlaşkunun azad edilməsi
C. Ərizəçilərin məhkum edildikdən sonra həbsxanaya yerləşdirilməsi
1. Həbsdə saxlanma şəraiti
2. Qəddar rəftar
D. Ərizəçilərin azad edilməsi üçün 2001-ci ilin mayınadək görülmüş tədbirlər
E. 5 may 2001-ci ildə cənab İlaşkunun azad edilməsi
F. Digər ərizəçilərin azad edilməsini təmin etmək üçün 2001-ci ilin mayından sonra görülmüş tədbirlər
G. Ərizəçilərin məhkum edilməsinə və həbsdə saxlanılmasına beynəlxalq reaksiyalar
V. BEYNƏLXALQ HÜQUQ, DAXİLİ HÜQUQ VƏ DİGƏR MÜVAFİQ SAZİŞLƏR
HÜQUQİ MƏSƏLƏLƏR
I. ƏRİZƏÇİLƏR MOLDOVA RESPUBLİKASININ YURİSDİKSİYASINDADIRLARMI?
A. Məhkəməyə təqdim edilmiş arqumentlər
1. Moldova Hökuməti
2. Rusiya Federasiyasının Hökuməti
3. Ərizəçilər
4. İşə üçüncü tərəf qismində qatılmış Rumıniya Hökuməti
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
a) “Yurisdiksiya” anlayışı
b) Hüquqa zidd hərəkətə görə dövlətin məsuliyyəti
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
3. “Pozitiv öhdəliklər” anlayışı
4. Moldova pozitiv öhdəliklərini yerinə yetiribmi?
II. ƏRİZƏÇİLƏR RUSİYA FEDERASİYASININ YURİSDİKSİYASINDADIRLARMI?
A. Məhkəməyə təqdim edilmiş arqumentlər
1. Rusiya Federasiyası Hökuməti
2. Moldova Hökuməti
3. Ərizəçilər
4. İşə üçüncü tərəf qismində qatılmış Rumıniya Hökuməti
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
2. Yuxarıdakı prinsiplərin tətbiqi
a) Konvensiya Rusiya Federasiyası tərəfindən ratifikasiya edilənə qədər
b) Konvensiya Rusiya Federasiyası tərəfindən ratifikasiya edildikdən sonra
III. MƏHKƏMƏNİN ZAMANA GÖRƏ YURİSDİKSİYASI
A. Konvensiyanın 6-cı maddəsi üzrə şikayət
B. Konvensiyanın 3, 5 və 8-ci maddələri üzrə şikayətlər
C. 1 saylı Protokolun 1-ci maddəsi üzrə şikayət
D. Cənab İlaşkunun Konvensiyanın 2-ci maddəsi üzrə şikayəti
IV. KONVENSİYANIN 2-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Məhkəməyə təqdim edilmiş arqumentlər
B. Məhkəmənin qiymətləndirməsi
V. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Məhkəməyə təqdim edilmiş arqumentlər
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
a) Cənab İlaşku
b) Digər üç ərizəçi: həbsdə saxlanma şəraiti və həbsdə saxlanılma müddətində rəftar
i) Cənab İvantsok
ii) Cənab Leşko və cənab Petrov-Popa
VI. KONVENSİYANIN 5-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
VII. KONVENSİYANIN 8-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
VIII. 1 SAYLI PROTOKOLUN 1-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
IX. KONVENSİYANIN 34-cü MADDƏSİNƏ RİAYƏT EDİLMƏDİYİ BARƏDƏ İDDİA
X. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
A. Ziyan
B. Məhkəmə xərcləri və digər məsrəflər
C. İcranın gecikdirilməsinə görə faiz
QƏRARN NƏTİCƏ HİSSƏSİNİN MÜDDƏALARI
Hakim Kasadevallın qərarla qismən üst-üstə düşməyən rəyi (bu rəyə hakimlər Ress, Birsan, Tulkens və Fura-Sandström də qoşulublar)
Hakim Ressin qərarla qismən üst-üstə düşməyən rəyi
Hakim ser Nikolas Bratsanın qərarla qismən üst-üstə düşməyən rəyi (bu rəyə hakimlər Rozakis, Hediqan, Tomassen və Pantsiru da qoşulublar)
Hakim Lukaidesin qərarla qismən üst-üstə düşməyən rəyi
Hakim Kovlerin qərarla üst-üstə düşməyən rəyi
ƏLAVƏ
İlaşku və başqaları Moldovaya və Rusiyaya qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi, hakimlər:
cənab L. Vildhaber (L. Wildhaber), sədr;
cənab K.L. Rozakis (C.L. Rozakis);
cənab J.-P. Kosta (J.-P. Costa);
cənab Q. Ress (G. Ress);
ser Nikolas Bratsa (Nicolas Bratza);
cənab L. Lukaides (L. Loucaides);
cənab İ. Kabral Barreto (I. Cabral Barreto);
xanım F. Tulkens (F. Tulkens);
cənab K. Birsan (C. Bîrsan);
cənab J. Kasadevall (J. Casadevall);
cənab B. Zupançiç (B. Zupančič);
cənab C. Hediqan (J. Hedigan);
xanım V. Tomassen (W. Thomassen);
cənab T. Pantsiru (T. Panţîru);
cənab E. Levits (E. Levits);
cənab A. Kovler (A. Kovler);
xanım E. Fura-Sandström (E. Fura-Sandström);
habelə katib P.J. Mahoneydən (P.J. Mahoney) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
23 yanvar, 26 fevral və 11 sentyabr 2002-ci ildə, 8 oktyabr 2003-cü ildə və 7 may 2004-cü ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.
GİRİŞ
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən dörd Moldova vətəndaşı – cənab İlie İlaşku, cənab Aleksandru Leşko, cənab Andrey İvantsok və cənab Tudor Petrov-Popa (“ərizəçilər”) tərəfindən 5 aprel 1999-cu ildə Məhkəməyə təqdim edilmiş Moldova Respublikasına və Rusiya Federasiyasına qarşı ərizə (Nº 48787/99) əsasında başlanmışdır.
2. Ərizə əsas etibarı ilə 1991-ci ildə müstəqilliyini elan edən, amma beynəlxalq birlik tərəfindən tanınmayan Moldova regionunun – “Moldovanın Dnestryanı (Pridnestrovye) Respublikasının” (MPR) hakimiyyət orqanları tərəfindən törədilmiş hərəkətlərlə əlaqədardır.
3. Ərizəçilər bildirdilər ki, onlar Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün səlahiyyətli olmayan Pridnestrovye məhkəməsi tərəfindən məhkum ediliblər, eyni maddəyə zidd olaraq onlar barəsində ədalətli məhkəmə araşdırması keçirilməyib və məhkəmə araşdırmasından sonra onlar 1 saylı Protokolun 1-ci maddəsinə zidd olaraq mülkiyyətlərindən məhrum ediliblər. Onlar daha sonra iddia etdilər ki, Pridnestrovyedə həbsdə saxlanılmaları 5-ci maddəni pozmaqla qanunsuz olub və onların həbsdə saxlanma şəraiti Konvensiyanın 3-cü və 8-ci maddələrinə zidd olub. Bundan əlavə, cənab İlaşku iddia etdi ki, ölüm cəzasına məhkum edilməsi ilə bağlı Konvensiyanın 2-ci maddəsi pozulub. Ərizəçilər bildirdilər ki, Moldovanın hakimiyyət orqanları Konvensiya ilə onlar üçün təmin edilən hüquqların pozulmasına görə Konvensiya əsasında məsuliyyət daşıyırlar, çünki həmin pozuntulara son qoymaq üçün müvafiq tədbirlər görməyiblər. Onlar daha sonra iddia etdilər ki, Rusiya Federasiyası da bu məsuliyyəti paylaşır, çünki Pridnestrovye ərazisi de fakto Rusiyanın nəzarəti altında idi, belə ki, orada Rusiyanın qoşunları və hərbi qurğuları yerləşdirilmişdi və separatçı rejimə Rusiya Federasiyası tərəfindən dəstək verilirdi.
Nəhayət, ərizəçilər iddia etdilər ki, Moldova və Rusiya Federasiyası onların Məhkəməyə fərdi şikayət hüququnu həyata keçirmələrinə mane olublar, bununla da 34-cü maddəni pozublar.
PROSEDUR
1. Ərizənin qəbul edilənliyi ilə bağlı icraat
4. Ərizə Məhkəmənin keçmiş Birinci Seksiyasının icraatına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). Birinci Seksiya 4 iyul 2000-ci ildə ərizə barədə cavabdeh Hökumətlərə məlumat vermişdir. Ərizənin qəbul edilənliyi ilə bağlı yazılı qeydlər Moldova Hökuməti tərəfindən 24 oktyabr 2000-ci ildə, Rusiya Federasiyası tərəfindən 14 noyabr 2000-ci ildə və ərizəçilər tərəfindən 2 yanvar 2001-ci ildə təqdim edilmişdir.
5. 20 mart 2001-ci ildə Birinci Seksiyasının Palatası Böyük Palatanın xeyrinə öz yurisdiksiyasından imtina etmişdir, tərəflərin heç biri bu imtinaya etiraz etməmişdir (Konvensiyanın 30-cu maddəsi və 72-ci Qayda).
6. Böyük Palatanın təşkili Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə və 24-cü Qaydaya uyğun olaraq həll edilmişdir. Yekun müşavirələrdə əvəzedici hakimlər cənab İ. Kabral Barreto və cənab B. Zupançiç iş üzrə sonrakı baxışda iştirak edə bilməyən cənab L. Ferrari Bravonu və cənab Y. Makarçiki əvəz etmişlər (24-cü Qaydanın 3-cü bəndi).
7. Böyük Palata ərizənin qəbul edilənliyi və mahiyyəti üzrə 6 iyun 2001-ci ildə keçirilmiş dinləmədən sonra (54-cü Qaydanın 4-cü bəndi) 4 iyul 2001-ci il tarixli qərarı ilə ərizəni qəbul olunan elan etmişdir. Dinləmədə Moldova Hökuməti elan etmişdir ki, 24 oktyabr 2000-ci il tarixli yaddaş qeydlərini və ya ən azı onların Rusiya Federasiyasının məsuliyyətinə aid olan hissəsini geri götürmək istəyir.
Ərizənin qəbul edilənliyinə dair qərarında Məhkəmə bildirmişdir ki, Moldovanın və Rusiya Federasiyasının məsuliyyəti və yurisdiksiyası məsələsinə Konvensiya əsasında baxmağın mümkün olub-olmaması və ərizəçilərin şikayətlərinə baxmaq üçün Məhkəmənin zamana görə (ratione temporis) yurisdiksiyaya malik olub-olmaması məsələləri işin mahiyyəti ilə sıx bağlıdır, buna görə o, bu məsələlərə baxılmasını işə mahiyyəti üzrə baxılması ilə birləşdirir.
2. Ərizənin mahiyyəti üzrə icraat
a) Tərəflərin yazılı qeydləri
8. Ərizə qəbul olunan elan edildikdən sonra həm ərizəçilər, həm də Moldova və Rusiya Hökumətləri işin mahiyyəti üzrə yazılı qeydlərini təqdim etdilər: Moldova Hökuməti bunu 12 noyabr 2001-ci ildə və 28 yanvar 2002-ci ildə, Rusiya Hökuməti 8 dekabr 2001-ci ildə, ərizəçilər isə 27 sentyabr və 2, 4, 12 və 16 noyabr 2001-ci ildə etdilər.
Ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin maraqları naminə sədr tərəfindən prosesə qatılmağa dəvət edilmiş Rumıniya Hökuməti də yazılı qeydlərini təqdim etdi (Konvensiyanın 36-cı maddəsi və 61-ci Qaydanın 2-ci və 3-cü bəndləri). Tərəflər yazılı qeydləri cavablandırdılar (61-ci Qaydanın 5-ci bəndi). Ərizəçilərin “MPR-in Ali Məhkəməsi” tərəfindən məhkum edilməsi ilə nəticələnmiş işdə mülki tərəf qismində çıxış etmiş xanım Lüdmila Qusar da prosesə qatılmaq barədə vəsatət təqdim etdi. Böyük Palatanın sədri onun vəsatətini rədd etdi.
9. Şahidlərin dinlənilməsindən sonra (aşağıda 12-15-ci bəndlərə bax) sədr tərəfləri ən geci 1 sentyabr 2003-cü ilədək yekun qeydlərini təqdim etməyə dəvət etdi. Sədr təyin olunmuş müddətin uzadılması barədə Rumıniya Hökumətinin vəsatətini rədd etdikdən sonra həmin tarixdə Məhkəmə tərəflərin yazılı yekun arqumentlərini qəbul etdi.
10. 12 yanvar 2004-cü ildə Böyük Palatanın sədri 39-cu Qaydaya əsasən cavabdeh Hökumətləri 28 dekabr 2003-cü ildən aclıq aksiyasına başlamış cənab İvantsokun Konvensiya üzrə hüquqlarına hörmət edilən şəraitdə saxlanılmasını təmin etmək üçün bütün zəruri tədbirləri görməyə dəvət etməyi qərara aldı. 24-cü Qaydanın 2 (a) bəndinə uyğun olaraq, tərəflər tələb olunan ilkin tədbirlərin tətbiqi barədə informasiya təqdim etməyə dəvət olundular. Cənab İvantsokun nümayəndəsi cənab V. Qribinsea və Moldova Hökuməti tələb olunan informasiyanı müvafiq olaraq 24 və 26 yanvar 2004-cü il tarixli məktublarda Məhkəməyə təqdim etdilər.
11. 15 yanvar 2004-cü ildə sədr 39-cu Qaydaya uyğun olaraq cənab İvantsoku aclıq aksiyasını dayandırmağa çağırmağı qərara aldı. 24 yanvar 2004-cü ildə cənab İvantsokun nümayəndəsi Məhkəməyə məlumat verdi ki, onun müştərisi 15 yanvar 2004-cü ildə aclıq aksiyasını dayandırıb.
b) Şahidlərin dinlənilməsi
12. Müəyyən mübahisəli məqamları, konkret olaraq, iddia edilən pozuntulara görə Moldovanın və (və ya) Rusiyanın məsuliyyət daşıyıb-daşımadığını aydınlaşdırmaq üçün Məhkəmə Konvensiyanın 38-ci maddəsinin 1 (a) bəndinə və 42-ci Qaydanın 2-ci bəndinə (həmin vaxt qüvvədə olan versiyada) uyğun olaraq, hadisə yerində araşdırma apardı. Məhkəmənin araşdırmaları Moldova və Rusiya Federasiyasının konkret olaraq Pridnestrovyedəki situasiya ilə, Pridnestrovye, Moldova və Rusiya Federasiyası arasındakı münasibətlərlə və ərizəçilərin həbsdə saxlanma şəraiti ilə bağlı yursdiksiyaya malik olub-olmadığını müəyyənləşdirə bilmək üçün müvafiq faktların müəyyən edilməsinə yönəlmişdi.
Məhkəmə cənab G. Ress, ser Nikolas Bratsa, cənab J. Kasadevall və cənab E. Levitsdən ibarət dörd nümayəndə təyin etdi, onlar 2003-cü il martın 10-dan 15-dək Kişinyovda və Tiraspolda şahid ifadələrini dinlədirlər. Kişinyovda ATƏT-in Moldovadakı missiyasının mənzil-qərargahında şahid ifadələri alındı, bu, dinləmələrin təşkilinə böyük kömək etdi. Tiraspolda Məhkəmənin nümayəndələri 3 saylı Tiraspol həbsxanasında ərizəçilərdən və Pridnestrovye sakini olan digər şahidlərdən, habelə Moldovanın Pridnestrovye regionundakı Rusiya Əməliyyat Qrupunun (“RƏQ”) qərargahında Rusiya Federasiyasının silahlı qüvvələrinə mənsub olan şahidlərdən ifadə aldılar.
13. Ümumiyyətlə nümayəndələr tərəflər və Məhkəmə tərəfindən çağırılmış qırx üç şahiddən ifadə aldılar. Nümayəndə heyətinin rəhbəri şahidlərdən üçünün anonim qalmaq barədə vəsatətini təmin etdi, onlar müvafiq olaraq X, Y və Z hərfləri ilə adlandırıldı.
14. Nümayəndələrə ifadə vermək üçün çağırılmış yeddi digər şahid ifadə verməyə gəlmədi. Dinləmələr qurtardıqdan sonra nümayəndələrin vəsatəti ilə tərəflər bu şahidlərin gəlməməsi ilə bağlı və Məhkəmənin çağırışlarını onlara təqdim etmək üçün görülmüş tədbirlərə dair yazılı izahatlarını təqdim etdilər.
Aşağıdakı şahidlər ifadə verməyə gəlmədilər: Olqa Kapatsina (o, dinləmələrdən azacıq əvvəl hücuma məruz qalaraq xəstəxanaya götürülmüşdü); Vladimir Qorbov və Mixail Berqman (cavabdeh Hökumətlərin dediyinə görə onlarla əlaqə yaratmaq mümkün olmamışdı); Petru Qodiak (onun gəlməməsinin səbəbinə dair izahat verilmədi); Valeriu Pasat (o, Moldova ərazisində yox idi); və nəhayət, Valeriu Muravski və Petru Tabiuka (onlar gəlməmələrinin səbəbinə dair izahat verməmişdilər).
Məhkəmə komandir Berqman kimi şahidlərin gəlməməsi faktından təəssüfləndiyini və onu nümayəndələrə ifadə verməyə çağırmaq üçün onunla əlaqə yaratmağın mümkün olmadığına inanmağın çətin olduğunu bildirir. O, bu şahidlərin ifadələrinin olmamasından zəruri nəticələr çıxarmaq hüququnu özündə saxlayır.
15. Nümayəndələrin qarşısına çıxmış şahidlərin siyahısını və onları ifadələrinin qısa xülasəsini bu qərarın Əlavəsində tapmaq olar. Şahidlərin nümayəndələrə verdiyi ifadələrin stenoqrafik protokolları həmçinin Məhkəmə dəftərxanası tərəfindən hazırlanıb və işin materiallarına əlavə edilib.
c) Yazılı sübutlar
16. Tərəflərin qeydlərindən və şahidə ifadələrindən əlavə, Məhkəmə icraat zamanı tərəflərin və Pridnestrovye hakimiyyət orqanlarının təqdim etdiyi çoxsaylı sənədləri də nəzərə aldı, buraya daxildir: cənab İlie İlaşkunun məktubları; cənab Andrey İvantsokun ifadələri məktubları; ərizəçilərin tutularaq həbsə alınması üzrə istintaqlarla bağlı Moldova hakimiyyət orqanlarının sənədləri; Olqa Kapatsina və Petru Qodiak da daxil olmaqla şahidlərin yazılı ifadələri; ərizəçilərin “MPR Ali Məhkəməsi”ndəki məhkəmə araşdırması ilə və cənab İlaşkunun “əfv edilməsi” bağlı sənədlər; Pridnestrovye barəsində sənədlər və bəyanatlar və Moldova və Rusiyanın müxtəlif inzibati orqanlarının müraciətləri; Rusiya Federasiyasının siyasətçilərinin və digər rəsmilərinin bəyanatları barədə qəzet materiallarından çıxarışlar; Rusiya Federasiyasının Pridnestrovyedəki hərbi mövcudluğu ilə və Pridnestrovye münaqişəsinin həlli ilə bağlı rəsmi sənədlər, o cümlədən Moldova ilə Pridnestrovye və Rusiya Federasiyası ilə Pridnestrovye arasında müqavilə və sazişlər; və 1992-ci ildəki döyüşlər və Pridnestrovyedəki situasiya barədə videokassetlər.
17. Məhkəmə həmçinin “MPR-in Ədliyyə Nazirliyi” tərəfindən ATƏT-in Kişinyovdakı missiyası vasitəsilə təqdim edilmiş müəyyən sənədlərlə, konkret olaraq ərizəçilərin tibb tarixçələrindən və həbsdə saxlanma yerlərində onların ziyarətçilərinin və aldıqları bağlamaların qeydə alındığı qeydiyyat kitablarından çıxarışlarla bağlı məsləhətləşmə apardı. Cavabdeh Hökumətlər həmçinin 21 iyul 1992-ci il tarixli sazişin yerinə yetirilməsinə görə cavabdeh olan komissiyanın (“Birgə Nəzarət Komissiyası”nın) sənədlərini təqdim etdilər.
18. Nəhayət, Məhkəmə Pridnestrovye barəsində və ərizəçilərin situasiyası barədə ATƏT, İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (CPT), Avropa Şurasının Parlament Assambleyası, Avropa Şurasının İnsan Hüquqları Komissarı və Parlamentlərarası Birliyin İdarəetmə Şurası kimi beynəlxalq təşkilat və qurumların bir sıra açıq sənədləri ilə tanışlıq imkanına malik oldu.
FAKTLAR
I. ƏRİZƏÇİLƏR
19. Ərizə təqdim edilərkən Moldova vətəndaşı olan ərizəçilər müvafiq olaraq 1952, 1955, 1961 və 1963-cü illərdə anadan olublar. Ərizə təqdim edilərkən onlar Moldovanın Pridnestrovye hissəsində həbsdə saxlanılırdılar.
20. Həbsdə olmasına baxmayaraq cənab İlaşku 1994-cü ildən 2000-ci ilədək iki dəfə Moldova parlamentinə seçilmişdi. Parlament üzvü kimi o, Avropa Şurasının Parlament Assambleyasında Moldova nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. 4 oktyabr 2000-ci ildə cənab İlaşku Rumıniya vətəndaşlığı əldə etdi. 2000-ci ilin dekabrında o, Rumıniya parlamentinin Senatına seçildi və Avropa Şurasının Parlament Assambleyasında Rumıniya nümayəndə heyətinin üzvü təyin edildi.
21. Cənab Leşko və cənab İvantsok 2001-ci ildə Rumıniya vətəndaşlığı əldə etdilər.
22. Cənab İlaşku 5 may 2001-ci ildə azadlığa buraxıldı; o vaxtdan bəri o, Buxarestdə (Rumıniya) yaşayır. İkinci və üçüncü ərizəçilərin evləri Kişinyovdadır (Moldova), dördüncü ərizəçi isə Tiraspolda (Pridnestrovye, Moldova) yaşayır. Hazırda onların hər üçü Tiraspolda həbsdə saxlanılırlar.
23. Ərizəçilərin bildirdiyinə görə onların Məhkəməyə birbaşa müraciət etmələri mümkün deyildi, buna görə də və ərizə onların həyat yoldaşları xanım Nina İlaşku, xanım Tatyana Leşko və xanım Evdokiya İvantsok tərəfindən və dördüncü ərizəçinin bacısı xanım Raisa Petrov-Popa tərəfindən təqdim edilmişdi.
24. İkinci ərizəçini Məhkəmədə Kişinyov Vəkillər Kollegiyasının üzvü cənab A. Tanase təmsil etdi. O biri ərizəçiləri 2002-ci ilin dekabrında vəfat edənə qədər Buxarest Vəkillər Kollegiyasının üzvü cənab C. Dinu təmsil etdi. 2003-cü ilin yanvarından onları Kişinyov Vəkillər Kollegiyasının üzvü cənab V. Qribinsea təmsil etdi.
II. FAKTLARIN MÜƏYYƏN EDİLMƏSİ
25. Faktları müəyyən etmək üçün Məhkəmə yazılı sübutlara, tərəflərin qeydlərinə və Kişinyovda və Tiraspolda hadisə yerində ifadə vermiş şahidlərin ifadələrinə əsaslandı.
26. Faktların müəyyən etmək məqsədi ilə sübutları qiymətləndirərkən Məhkəmə hesab edir ki, aşağıdakı elementləri iş üçün münasib hesab edir.
i) Həm yazılı, həm də şifahi sübutları qiymətləndirərkən bu vaxta qədər Məhkəmə adətən tələb olunan sübut standartı kimi “əsaslı şübhə yeri” qoymayan sübutu tətbiq edib. Bu cür sübut faktlara dair kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair analoji təkzibedilməz ehtimalların birgə mövcudluğundan irəli gəlməlidir; bundan əlavə, Məhkəmənin sübut əldə etmək səylərinə münasibətdə tərəflərin davranışı nəzərə alınmalı olan element təşkil edə bilər (müvafiq dəyişikliklərlə bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il tarixli qərar, A seriyaları, c. 25, s. 64-65, b. 161; və Salman Türkiyəyə qarşı [Böyük Palatanın qərarı], ərizə N 21986/93, b. 100, AİHM 2000-VII).
ii) Nümayəndələrin aldıqları ifadələrə gəldikdə, Məhkəmə tərcüməçilər vasitəsilə alınmış bu cür ifadələrin qiymətləndirilməsində yarana bilən çətinliklərdən xəbərdardır: buna görə də o, şahidlərin nümayəndələrə verdiyi ifadələrin mənasına və iş üçün əhəmiyyətinə xüsusi diqqət yetirəcəkdir. Məhkəmə eyni ilə ondan da xəbərdardır ki, çoxlu sayda müvafiq faktlar on ildən artıq bundan əvvəl qeyri-müəyyən və mürəkkəb şəraitdə baş vermiş hadisələrlə bağlıdır, bu isə tarixlərdə və digər detallarda müəyyən dərəcədə qeyri-dəqiqlikləri qaçılmaz edir. Məhkəmə hesab etmir ki, bu özlüyündə şahidlərin ifadəsinə olan inama kölgə sala bilər.
iii) Faktlarla bağlı ziddiyyətli və bir-birinə əks rəylərin olduğu işdə Məhkəmə qaçılmaz olaraq istənilən birinci instansiya məhkəməsinin faktları müəyyən etməyə çalışarkən qarşılaşmalı olduğu çətinliklərlə üzləşir, bu zaman Məhkəmə, məsələn, regiondakı şərait barədə əldə edilən birbaşa və ətraflı məlumatların onda olmaması faktını nəzərə almalıdır. Üstəlik, Məhkəmə şahidləri ifadə vermək üçün gəlməyə məcbur etmək səlahiyyətinə malik deyil. Hazırkı işdə ifadə verməyə çağırılmış əlli bir şahiddən yeddisi nümayəndələrin yanına gəlmədi. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, o, potensial olaraq mühüm əhəmiyyətə malik ifadələrin olmadığı bir şəraitdə faktları müəyyən etməkdən ibarət çətin vəzifə qarşısındadır. .
27. Tərəflərin köməyi ilə Məhkəmə hadisə yerində araşdırma aparıb, araşdırmanın gedişində o, aşağıdakı qırx üç şahiddən ifadə alıb:
a) ərizəçilərin tutulmasının, məhkum edilməsinin və həbsxanada saxlanılmasının konkret halları ilə bağlı ifadə verənlər: ərizəçilər; ikinci və üçüncü ərizəçilərin həyat yoldaşları xanım Tatyana Leşko və xanım Yevdokiya İvantsok; dördüncü ərizəçinin bacısı xanım Raisa Petrov-Popa; 1992-ci ildə ərizəçilərlə həbsdə saxlanılmış cənab Stefan Uritu; 1995-1998-ci illərdə Tiraspolda və Hlinayada həbsdə saxlanıldıqları zaman ərizəçiləri müayinə etmiş həkim cənab Konstantin Tibirna; 1995-1997-ci illərdə Tiraspolda və Hlinayada həbsdə saxlanıldıqları zaman ərizəçiləri müayinə etmiş həkim cənab Nikolae Leşanu; 2 saylı Tiraspol həbsxanasının rəisi cənab Vladimir Qolovaçov; 1992-2001-ci illərdə Hlinaya həbsxanasının rəisi olmuş cənab Stepan Çerbebçi; Hlinaya həbsxanasının rəisi cənab Sergey Kotovoy; “MPR Penitensiar Tibb Xidmətinin direktoru” cənab Yefim Samsonov; 1995-ci ildən Hlinaya həbsxanasının həkimi cənab Vasili Semençuk.
b) ərizəçilərin azad edilməsini təmin etmək üçün Moldova tərəfindən görülmüş tədbirlərlə və Moldova, Rusiya Federasiyası və Pridnestrovye arasındakı münasibətlərlə bağlı ifadə vermiş müxtəlif Moldova rəsmiləri və siyasətçiləri: 1990-cı ildən 1998-ci ilin iyulunadək Moldovanın baş prokuroru olmuş cənab Dumitru Postovan; 31 iyul 1998-ci ildən 29 iyul 1999-cu ilədək Moldovanın baş prokuroru olmuş cənab Valeriu Katanya; 18 may 2001-ci ildən Moldovanın baş prokuroru cənab Vasile Rusu; 1990-cı ildən 1994-cü ilədək Moldovanın baş prokurorunun müavini və 1994-cü ildən 1998-ci ilədək ədliyyə naziri olmuş cənab Vasile Sturza; Moldovanın keçmiş hökumət naziri Z; 2001-ci ildən ədliyyə nazirinin müavini cənab Viktor Vieru; Moldovanın keçmiş yüksək vəzifəli rəsmisi X; 1990-cı ildən 1996-cı ilədək Moldova prezidenti olmuş cənab Mirça Snequr; 1990-cı ildən 1992-ci ilədək Moldova parlamentinin sədri olmuş cənab Aleksandru Moşanu; keçmiş Moldova diplomatı Y; 1992-ci ildən 1997-ci ilədək Moldovanın baş naziri olmuş cənab Andrey Sangeli; 1991-1992-ci illərdə Moldovanın təhlükəsizlik naziri olmuş cənab Anatoli Pluqaru; 1992-ci ildən 1993-cü ilədək Moldova ordusunun generalı olmuş cənab Nikolay Petrika; keçmiş gömrük rəisi cənab Andrey Stratan; İnformasiya və Texnologiya İdarəsinin direktoru cənab Vladimir Molojen; 1991-1992-ci illərdə müdafiə naziri olmuş cənab İon Kostaş; Moldova Penitensiar Tibb Xidmətinin direktoru cənab Valentin Sereda; 1990-cı ildən 1994-cü ilədək Moldova parlamentinin üzvü olmuş cənab Viktor Berlinski; 1991-1992-ci illərdə Moldova baş nazirinin müavini və 1993-cü ildən 1996-cı ilədək Moldova prezidentinin məsləhətçisi olmuş cənab Konstantin Obrok; Moldova parlamentinin üzvü cənab Mixail Sidorov; və 1992-ci ildən 1997-ci ilədək Moldova müdafiə naziri olmuş cənab Pavel Kreanqa.
c) Moldovanın Pridnestrovye regionunda RƏQ-in və Rusiya Federasiyasının sülhü mühafizə qoşunlarının mövcudluğu ilə bağlı ifadə vermiş həmin bölmələrin hərbçiləri: RƏQ-in komandanı general Boris Sergeyev; RƏQ-in zabiti polkovnik Aleksandr Verquts; RƏQ-in komandanlığının keçmiş üzvü podpolkovnik Vitalius Radzayeviçus; Moldovanın Pridnestrovye regionunda Rusiya Federasiyasının sülhü mühafizə qoşunlarının komandanı polkovnik Anatoli Zverev; RƏQ-ə təhkim olunmuş hərbi tribunalın sədri podpolkovnik Boris Levitski; RƏQ-ə təhkim olunmuş hərbi prokuror podpolkovnik Valeri Şamayev; 14-cü orduya və RƏQ-ə təhkim olunmuş keçmiş hərbi prokuror cənab Vasili Timoşenko.
III. İŞİN ÜMUMİ TARİXÇƏSİ
A. SSRİ-nin dağılması və Pridnestovyenin ayrılması ilə bağlı Moldova-Pridnestrovye münaqişəsi
1. SSRİ-nin dağılması, Pridnestovyenin ayrılması və Moldovanın müstəqilliyi
28. SSRİ Ali Sovetinin 2 avqust 1940-cı il tarixli qərarı ilə yaradılmış Moldaviya Sovet Sosialist Respublikası SSRİ və Almaniya arasında bağlanmış Molotov-Ribbentrop Paktından sonra 28 iyun 1940-cı ildə Rumıniyadan alınmış Bessarabiyanın bir hissəsindən (onun əhalisinin əksəriyyəti rumındillilər idi) və Dnestrin sol sahilində Ukraynaya (USSR) məxsus olmuş, 1940-cı ildə isə Moldovaya verilmiş torpaq zolağından, yəni Pridnestrovyedən təşkil edildi; ictimaiyyət üçün açıq olan informasiyaya görə, sonuncunun əhalisinin 1989-cu ildə linqvistik tərkibi 40% moldovanlardan, 28% ukraynalılardan, 24% ruslardan və 8% digərlərindən ibarət idi. Rus dili yeni sovet respublikasının rəsmi dili oldu. İctimai həyatda sovet hakimiyyəti orqanları yazılı rumın dili üçün kirill qrafikasından istifadəni tətbiq etdilər, sonradan o, “moldovan” dili oldu və rus dilindən sonra ikinci yeri tutdu[1].
29. 1989-cu ilin avqustunda və sentyabrında Moldaviya Ali Soveti yazılı rumın (moldovan) dili üçün latın qrafikasını tətbiq edən və rus dilinin əvəzinə həmin dili birinci rəsmi dilə çevirən iki qanun qəbul etdi.
27 aprel 1990-cı ildə Ali Sovet həmin vaxt Rumıniyanınkı ilə eyni olan Moldovanın yeni üçrəngli (qırmızı, sarı və göy) bayrağı ilə birlikdə Moldovanın gerbini və milli himnini qəbul etdi. 1990-cı ilin iyununda Sovet İttifaqında muxtariyyət və müstəqillik hərəkatları fonunda Moldaviya Sovet Sosialist Respublikası yeni adını əldə etdi: Moldova Sovet Sosialist Respublikası. O, 23 iyun 19990-cı ildə özünün suverenliyini elan etdi (ATƏT-in 10 iyun 1994-cü il tarixli informasiya sənədi – bax: yuxarıdakı 28-ci bəndin haşiyə qeydi).
23 may 1991-ci ildə Moldova Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Moldova Respublikası oldu.
30. 2 sentyabr 1990-cı ildə “Moldaviyanın Pridnestrovye Respublikası”nın (“MPR”) yaradıldığı elan edildi. 25 avqust 1991-ci ildə “MPR-in Ali Şurası” “MPR”in müstəqilliyi haqqında bəyannamə qəbul etdi.
Bu günədək “MPR” beynəlxalq birlik tərəfindən tanınmayıb.
31. 27 avqust 1991-ci ildə Moldova parlamenti Moldova Respublikasının müstəqilliyi haqqında bəyannamə qəbul etdi, onun ərazisinə Pridnestrovye də daxil idi. Həmin vaxt Moldova Respublikasının öz ordusu yox idi və bir neçə ay sonra onu yaratmaq üçün ilk cəhdlər edildi. Moldova parlamenti SSRİ-dən “Moldova Respublikasının qanunsuz işğalına son qoyulması və sovet qoşunlarının Moldova ərazisindən çıxarılması üçün Moldova Hökuməti ilə danışıqlara başlamasını xahiş etdi”.
32. Moldova Respublikasının müstəqilliyi elan edildikdən sonra 1956-cı ildən baş qərargahı Kişinyovda olan SSRİ Müdafiə Nazirliyinin Odessa hərbi dairəsinin 14-cü ordusu (“14-cü ordu”) Moldova ərazisində qalmışdı. Bununla belə, 1990-cı ildən başlayaraq hərbi qurğuların geniş miqyaslı hərəkəti barədə məlumatlar verilirdi: digər köçürmələrlə yanaşı, çoxlu sayda qurğular Moldova ərazisindən çıxarılmağa başladı.
33. 1991-ci ildə 14-cü ordu bir neçə min hərbçidən, piyada hissələrindən, artilleriyadan (xüsusən təyyarə əleyhinə raket qurğuları sistemindən), zirehli maşınlardan və aviasiyadan (təyyarələrdən və döyüş helikopterlərindən) ibarət idi, o, həmçinin Avropada ən iri sursat anbarı olan Kolbasna (Pridnestrovye) anbarı da daxil olmaqla bir neçə hərbi sursat anbarına malik idi.
34. 14-cü ordunun cəbbəxanasından əlavə, mülki əhalini müharibəyə hazırlamaq üçün 1951-ci ildə yaradılan, Moldova ərazisində yerləşən dövlət təşkilatı DOSAAF – “Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyəti” (ДОСААФ – Добровольное Общество Содействия Армии Авиации и Флоту) döyüş sursatı ehtiyatına malik idi.
Moldovanın müstəqilliyi elan edildikdən sonra milli ərazinin Moldova Hökuməti tərəfindən nəzarət edilən hissəsində yerləşən DOSAAF-ın qurğuları Hökumətin əlinə, qalan hissəsi isə Pridnestrovye separatçılarının əlinə keçdi.
35. 6 sentyabr 1991-ci ildə “Moldaviyanın Pridnestrovye Respublikasının Ali Soveti” Pridnestrovyedə bütün idarə, müəssisə və təşkilatların, hərbi hissələrin, prokurorluq orqanlarının, məhkəmə orqanlarının, DTK (KQB) bölmələrinin və digər xidmətlərin “Pridnestrovye Respublikası”nın yurisdiksiyasına verilməsi barədə qərar çıxardı, yalnız sovet silahlı qüvvələrinə məxsus olan hərbi hissələr istisna təşkil edirdi. Zabitlər, qeyri-zabitlər və Pridnestrovyedə yerləşən hərbi hissələrin digər heyəti zəhmətkeşlərin nümayəndələri ilə yanaşı “vətəndaş həmrəyliyi nümayiş etdirməyə və Moldovadan müdaxilə baş verəcəyi təqdirdə Pridnestrovye Respublikasını müdafiə etmək üçün səfərbər olmağa çağırıldı”.
36. 18 sentyabr 1991-ci ildə “Moldaviyanın Pridnestrovye Sovet Sosialist Respublikasının Ali Sovetinin sədri” sovet silahlı qüvvələrinin Pridnestrovyedə yerləşən bölmələrinin “Respublika”nın yurisdiksiyasına verilməsini qərara aldı.
37. 14 noyabr 1991-ci il tarixli 234 saylı fərmanı ilə Moldova prezidenti cənab Snequr elan etdi ki, sursatlar və silahlar, hərbi nəqliyyat vasitələri, hərbi bazalar və Moldova ərazisində yerləşən sovet silahlı qüvvələrinin hərbi bölmələrinə məxsus digər mülkiyyət Moldova Respublikasının mülkiyyətidir.
38. 8 dekabr 1991-ci ildə Belarus, Rusiya Federasiyası və Ukrayna Minsk Sazişini imzalayaraq Sovet İttifaqının mövcudluğuna son qoyulduğunu və Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıldığını qeyd etdilər (aşağıda 290-cı bəndə bax).
39. 21 dekabr 1991-ci ildə Moldova və Ukrayna da daxil olmaqla SSRİ-nin on bir üzvü Alma-Ata Bəyannaməsini imzaladılar, həmin bəyannamə MDB-ni təsis etmiş Minsk Sazişini təsdiq etdi və genişləndirdi. Alma-Ata Bəyannaməsi həmçinin təsdiq etdi ki, MDB təsis edilməklə SSRİ-nin mövcudluğuna son qoyuldu və MDB nə dövlət, nə də dövlətüstü qurumdur. MDB-nin Hökumət Başçıları Şurası da təşkil edildi və Təhlükəsizlik Şurası da daxil olmaqla Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda SSRİ-nin varisi qismində Rusiyanı dəstəkləməyi qərara aldı.
40. 30 yanvar 1992-ci ildə Moldova Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) üzvü oldu. 2 mart 1992-ci ildə o, Birləşmiş Millətlər Təşkilatına qəbul edildi.
41. 8 aprel 1994-cü ildə Moldova parlamenti 21 dekabr 2001-ci ildə Alma-Atada Moldova prezidenti tərəfindən imzalanmış Moldovanın MDB-yə qoşulması barədə müqaviləni müəyyən qeyd-şərtlərlə ratifikasiya etdi (aşağıda 293-cü bəndə bax).
2. Silahlı münaqişə (1991-1992)
42. Hadisə yerində araşdırma zamanı Məhkəmə nümayəndələrinə verilmiş ifadələr münaqişə zamanı hərbi əməliyyatların aparıldığını təsdiq etdi (bax: Əlavə: cənab Uritu, b. 64-66 və 69-71; X, b. 216, 218 və 220; cənab Snequr, b. 230 və 238; cənab Moşanu, b. 243-245; Y, b. 254; Z, b. 271 və 277-281; general Petrika, b. 296-297 və 299; cənab Kostaş, b. 401, 405-407 və 409; və cənab Kreanqa, b. 457-460). Bu hərbi əməliyyatlar işin materiallarındakı digər sənədlərlə də təsdiq edildi.
Cavabdeh Hökumətlər aşağıda əks olunan təfsilatlı informasiyanın doğruluğuna etiraz etmədilər, hərçənd ki, faktlara müxtəlif cür şərhlər verdilər (aşağıda 50, 56-57, 60 və 62-64-cü bəndlərə bax).
43. 1989-cu ildən başlayaraq cənubi Moldovada (Qaqauziya) və ölkənin şərqində (Pridnestrovye) Moldovanın müstəqilliyinə qarşı müqavimət hərəkatları başladı.
44. 1990-cı il noyabrın əvvəlində şərqi Moldovada, Dnestrin sol sahilindəki Dubasarıda Pridnestrovye separatçıları ilə Moldova polisi arasında məhdud miqyaslı münaqişələr baş verdi.
45. Sonrakı aylarda Pridnestrovyenin hakimiyyət orqanları “zəhmətkeş dəstələri” adlanan yarımhərbi birləşmələr yaratdılar, onların əsasında 1991-ci ildə peşəkar və tam təchiz olunmuş “Respublika Qvardiyası” yaradıldı (yuxarıda adı çəkilən ATƏT-in 10 iyun 1991-ci il tarixli informasiya sənədinə bax – 28-ci bəndin haşiyə qeydi).
46. Ərizəçilər iddia etdilər ki, 19 may 1991-ci ildə SSRİ müdafiə naziri 14-cü ordunun komandanı general Netkaçova əmr verdi ki, 14-cü ordunun Pridnestrovyedə yerləşən qoşunlarının şəxsi heyətini tamamlamaq üçün ehtiyatda olan qulluqçuları xidmətə çağırsın vəbu qoşunları və onların hərbi avadanlıqlarını döyüş vəziyyətinə gətirsin. İddia edildiyinə görə o, həmin əmri belə əsaslandırdı: “Pridnestrovyenin Rusiya ərazisi olduğunu və orada vəziyyətin pisləşdiyini nəzərə alaraq, biz mümkün olan bütün vasitələrlə onu müdafiə etməliyik”.
47. 1 dekabr 1991-ci ildə Dnestrin sol sahilindəki əyalətlərdə (rayonlarda), yəni Pridnestrovyedə Moldova hakimiyyəti tərəfindən qanunsuz elan edilmiş prezident seçkisi təşkil edildi. Cənab İqor Smirnov “MPR-in prezidenti” seçildi.
48. 5 dekabr 1991-ci il tarixli fərmanı ilə cənab Smirnov “Moldaviyanın Pridnestrovye Respublikasında yerləşən, əsasən Odessa hərbi dairəsinə təhkim olunan hərbi hissələri Moldaviyanın Pridnestrovye Respublikasının Milli Müdafiə və Təhlükəsizlik İdarəsinin rəisinin komandanlığı altına” verilməsini qərara aldı. Həmin idarənin rəisi cənab Gennadi İ. Yakovlevə (o həm də 14-cü ordunun komandanı idi) (aşağıda 53-cü bəndə bax) müraciət edildi ki, Pridnestrovyedə yerləşən hərbi hissələrin mülkiyyətində olan silahların, hərbi avadanlıqların və Sovet Ordusunun digər mülkiyyətinin başqa yerə köçürülərək başqalarına təhvil verilməsinə son qoyulması üçün bütün zəruri tədbirləri görsün. Bu tədbirin separatçı Pridnestrovye rejiminin mənafeyi naminə Sovet Ordusunun Pridnestrovyedəki silahlarının, avadanlıqlarının və əmlakının mühafizə edilməsi məqsədini daşıdığı elan edildi.
49. 1991-ci ilin dekabrında Moldovanın hakimiyyət orqanları general-leytenant Yakovlevi Ukrayna ərazisində həbs edərək Pridnestrovye separatçılarına 14-cü ordunun silah ehtiyatlarından istifadə etməklə silahlanmaqda yardım göstərməkdə ittiham etdilər. O, istintaq məqsədləri üçün Moldova ərazisinə gətirildi.
50. Ərizəçilərin sözlərinə görə, general-leytenant Yakovlev Moldovanın hakimiyyət orqanları tərəfindən həbs edilərək separatçıları silahlandırmaqda təqsirləndirilmişdi. İddia edildiyinə görə, həbsindən sonra o, Rusiya Federasiyasının münaqişəyə müdaxiləsini və Pridnestrovyeni dəstəkləməsini təsdiq edən ifadələr vermiş və həmin ifadələr ona yaxın kasetə yazılmışdı. Lakin ərizəçilər iddia etdilər ki, general-leytenant Yakovlev Rusiya generalı Nikolay Stolyarovun Moldova hakimiyyət orqanları ilə danışıqlar aparıb vasitəçilik etməsi nəticəsində azad edildi, o, məhz bu məqsəd üçün Moskvadan Moldovaya səfər etmişdi.
Moldova Hökuməti bu məsələ barədə şərh vermədi.
Bir neçə şahidin iddia etməsinə baxmayaraq (bax: Əlavə: cənab Uritu, b. 66; cənab Postovan, b. 182; Z, b. 272; cənab Pluqaru, b. 286), Məhkəmə general-leytenant Yakovlevin Pridnestrovye qüvvələri tərəfindən dustaq edilmiş bir neçə Moldova polisi ilə dəyişdirilərək azad edildiyinin əsaslı şübhə yeri qalmadan sübuta yetirildiyini qəbul edə bilməz. O, general-leytenant Yakovlevin azad edilməsinin dəqiq səbəbləri ilə bağlı müxtəlif fikirləri oxuyub və istintaq zamanı baş verənlərə və ya onun azad edilməsinə dair yazılı sübut olmadığına görə Məhkəmə şahidlərin məlumatlarını nə rədd edə, nə də qəbul edə bilməz, hərçənd ki, nümayəndələrin fikrincə, ümumiyyətlə onların çoxu inam doğuran şahidlərdir.
Digər tərəfdən, Məhkəmə qeyd edir ki, bu məsələ ilə bağlı dindirilmiş bütün şahidlər razılaşıblar ki, rus generalı Moskvadan Kişinyova general-leytenant Yakovlevin azad edilməsinə nail olmaq üçün səfər edib.
Müvafiq olaraq, Məhkəmə general-leytenant Yakovlevin azad edilməsinə nail olmaq üçün Rusiya hakimiyyətinin Moldova hakimiyyəti ilə danışıqlar apardığını əsaslı şübhə yeri qalmadan sübuta yetirilmiş hesab edir.
51. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində separatçı Pridnestrovye qüvvələri ilə Moldova təhlükəsizlik qüvvələri arasında bir neçə yüz insanın həyatına son qoyan qızğın toqquşma baş verdi.
52. Ərizəçilər döyüşün gedişatının dəqiq təsvirini verən bir sıra faktları qeyd etdilər. Bu faktlar cavabdeh Hökumətlər tərəfindən rədd edilmədi və ya hadisə yerində araşdırma zamanı nümayəndələrin aldığı şahid ifadələri vasitəsilə təkzib edilmədi.
53. 6 dekabr 1991-ci ildə beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciətində Moldova Respublikasının prezidenti Mirça Snequr Moldova parlamentinin sədri Aleksandru Moşanu və baş nazir Valeriu Muravski Dnestrin sol sahilində yerləşən Moldova şəhərləri Qrioqoriopol, Dubasarı, Sloboziya, Tiraspol və Rıbnitsanın 3 dekabr 1991-ci ildə 14-cü ordu tərəfindən işğal olunmasına etiraz etdilər, həmin ordu dəqiq müəyyən edilməyən tarixdən general-leytenant Yakovlevin komandanlığı altında idi. Onlar bu aktlara rəvac verilməsində SSRİ hakimiyyətini, xüsusən Müdafiə Nazirliyini təqsirləndirdilər. 14-cü ordunun hərbçiləri hərbi avadanlıqları Pridnestrovye separatçılarına paylamaqda və separatçılardan mülki əhaliyə qarşı terror törədən hərbi dəstələr təşkil etməkdə ittiham edildilər.
54. 26 dekabr 1991-ci il tarixli fərmanı ilə “MPR-in prezidenti” cənab Smirnov “Strateji Sülhyaratma Qüvvələri”ni təşkil edən silahlı qüvvələr istisna olmaqla “MPR” ərazisində yerləşən qoşunlardan və qruplaşmalardan “MPR-in silahlı qüvvələrini” yaratdı.
55. 1992-ci ilin yanvarında general-leytenant Yakovlev MDB-nin birləşmiş silahlı qüvvələrinin komandanlığı tərəfindən 14-cü ordunun komandanlığından azad edildi. MDB-nin birləşmiş silahlı qüvvələrinin baş komandanının 29 yanvar 1992-ci il tarixli qərarı ilə general-leytenant Yakovlev Odessa şəhəri (Ukrayna) Primorsk rayonunun hərbi komissarlığının sərəncamına göndərildi.
56. 1991-1992-ci illərdə Moldova təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı SSRİ-nin, sonradan isə Rusiya Federasiyasının bir neçə hərbi hissəsi öz hərbi sursatları ilə birlikdə Priodnestrovye separatçılarının tərəfinə keçdilər və 14-cü ordunun hərbi avadanlığının çoxlu ləvazimatları separatçıların əlinə keçdi.
Bu silahların priodnestrovyelilərin əlinə necə keçdiyi məsələsində tərəflər arasında fikir ayrılığı var.
57. Ərizəçilər bildirdilər ki, 14-cü ordu separatçıları iki yolla silahlandırıb: birincisi, 14-cü orduya məxsus olan sursat anbarları separatçıların üzünə açılıb; ikincisi, 14-cü ordunun şəxsi heyəti separatçı milislərin və mülki şəxslərin hərbi avadanlıqları və sursatları müsadirə etmək cəhdinə heç bir müqavimət göstərməyib. Məsələn, Qalina Andreyevanın rəhbərlik etdiyi Pridnestrovye Qadınları Komitəsinə qarşı heç bir güc tətbiq edilməyib.
Məhkəmə qadınlar və uşaqlar tərəfindən silahların zorla müsadirə edilməsi barədə RƏQ zabiti tərəfindən verilmiş izahatı qeyd edir (bax: Əlavə: polkovnik Verquts, b. 359) və bildirir ki, bu məlumat bu məsələ ilə bağlı dindirilmiş bütün moldovalı şahidlər tərəfindən təkzib edilib.
Məhkəmə silahlı hərbi personalın mühafizə barədə saziş olmadan qoruduğu bağlı anbarlardakı silahların və sursatların qadınlar və uşaqlar tərəfindən müsadirə edilməsini tamamilə mümkün hesab edir.
Qısası, Məhkəmə Pridnestrovye separatçılarının Pridnestrovyedə yerləşən 14-cü ordunun anbarlarından götürülmüş silahlarla silahlandığını əsaslı şübhə yeri qalmadan sübuta yetirilmiş hesab edir. 14-cü ordunun qoşunları kömək üçün bu ordunun anbarlarına üz tutmuş separatçılara qarşı çıxmamaq yolunu seçiblər; əksinə, bir çox hallarda onlar özləri silahları separatçılara verməklə və sursat anbarlarını onların üzünə açmaqla separatçıların silahlanmasına kömək ediblər (bax: Əlavə: cənab Uritu, b. 65 cənab Petrov-Popa, b. 130; cənab Postovan, b. 182 və 201; cənab Kostaş, b. 407; və cənab Kreanqa, b. 457).
58. Ərizəçilər iddia etdilər ki, 14-cü ordunun hərbçiləri yuxarı rəislərin bunu açıq-aydın təqdir etməsi ilə separatçıların tərəfinə keçib.
59. 14-cü ordunun Parkani minaaxtaranlar batalyonu general Butkeviçin əmrləri əsasında separatçıların tərəfinə keçdi. Bu informasiya Rusiya Hökuməti tərəfindən təsdiq edildi. Ərizəçilər daha sonra dedilər ki, bu “keçid” zamanı minaaxtaranların çoxu sayda Kalaşnikov silahı, güllə daraqları, TT və Makarov taoançaları, minaları və minaatanları və hava-yer tipli raket qurğuları olub. Dubasarı, Qura Basiliu-Basiok və Koşnitsadakı körpüləri məhz Parkani batalyonu partladıb.
Ərizəçilər daha sonra iddia etdilər ki, 20 iyul 1992-ci ildə zirehli döyüş maşınları, minaatanlar, döyüş tankları və zirehli transportyorlar 14-cü ordunun hissələrindən separatçılara ötürülüb. Bundan əlavə, döyüş zamanı 14-cü ordunun səkkiz helikopteri sursatların və yaralıların separatçılar tərəfə daşınmasında iştirak edib.
Cənab Leşkonun nümayəndəsi tərəfindən 19 noyabr 2001-ci ildə Məhkəmə göndərilmiş yazılı ifadədə Moldova Milli Təhlükəsizlik Nazirliyinə təhkim olunmuş keçmiş könüllü xanım Olqa Kapatsina deyib ki, Nazirlik tərəfindən verilmiş arayışla təsdiq edildiyi kimi, həmin dövrdə o, Rusiya ordusunun baş qərargahında, 14-cü ordunun komandanlıq və casusluq mərkəzində Olqa Suslina adı altında işləyib. Orada işləyərkən, o, Moldova Milli Təhlükəsizlik Nazirliyinə Rusiya qoşunlarının silahlı əməliyyatlarda iştirakını və kütləvi silah yardımları etmələrini təsdiq edən yüzlərlə sənəd göndərib. O, həmçinin separatçıların hərbi əməliyyatlarının birbaşa 14-cü ordu tərəfindən idarə olunduğunu göstərən məlumatlar toplayıb, həmin ordu bütün hərəkətlərini Rusiya Federasiyasının Müdafiə Nazirliyi koordinasiya edib.
60. Ərizəçilər bildirdilər ki, separatçılarla birlikdə vuruşmaq üçün Rusiyadan minlərlə rus kazakları gəlib; Rusiya ictimai birliyi olan Kazaklar İttifaqı Rusiya hakimiyyəti tərəfindən tanınıb. Onlar iddia etdilər ki, Moldova prezidenti cənab Snequrun müraciətinə baxmayaraq, Rusiya hakimiyyəti Rusiyadan kazakların gəlməsinə heç bir yolla mane olmayıb. Əksinə, 14-cü ordunun hərbçiləri 800-ə yaxın kazakı 1992-ci ilin martında qonaqpərvərliklə qarşılayıblar və onları silahlandırıblar. Ərizəçilər bununla bağlı iddia etdilər ki, 1988-ci ildə Moldova ərazisində bir kazak belə olmadığı halda hazırda Pridnestrovye ərazisində Rusiya Federasiyasından gəlmiş 10.000-ə yaxın kazak yaşayır.
Rusiya Hökuməti bildirdi ki, kazaklara dünyanın başqa hissələrində də rast gəlmək olar və hər kəs hərəkət azadlığı hüququna malikdir.
Məhkəmə qeyd edir ki, işin materialları arasında bir neçə sənəd və nümayəndələr tərəfindən alınmış ifadələr göstərir ki, çoxlu sayda kazak və digər Rusiya vətəndaşları separatçılarla birlikdə vuruşmaq üçün Pridnestrovyeyə gediblər. O, daha sonra qeyd edir ki, Rusiya Hökuməti bunu inkar etməyib.
Müvafiq olaraq, Məhkəmə hesab edir ki, çoxlu sayda Rusiya vətəndaşlarının Moldova qüvvələrinə qarşı separatçıların cərgəsində vuruşmaq üçün Pridnestrovyeyə getməsi əsaslı şübhə yeri qalmadan sübuta yetirilib.
61. 1996-cı ildə “Vneştorqizdat” nəşriyyatı tərəfindən nəşr edilmiş “General Lebed – Rusiyanın tapmacası” adlı kitabda müəllif Vladimiir Polyuşin Rusiya Federasiyası tərəfindən Pridnestrovye separatçılarına dəstək verildiyinə dair yazılı mənbələrlə təsdiq edilən çoxsaylı sübutlar təqdim edir. Kitabda, məsələn, general Lebed tərəfindən Rusiya-Pridnestrovye birgə müdafiə qərargahının yaradılması və Pridnestrovye qüvvələri tərəfindən “düşmən” Moldovaya qarşı həyata keçirilmiş hərbi əməliyyatlarda 14-cü ordunun iştirakı qeyd edilir.
Bu kitaba istinadən ərizəçilər 30 iyun 1992-ci ildə Çitskanidə Moldova hərbi bölməsinin 14-cü ordu tərəfindən məhv edilməsini və 1992-ci il iyunun 1-i ilə və iyulun 3-arasında 14-cü ordu tərəfindən Koşnitsada, Dubasarıda, Sloboziyada və Harbovatsda bir neçə Moldova mövqelərinin atışı tutulmasını misal gətirdilər.
Digər tərəflər kitabda verilmiş məlumatlar barədə şərh vermədilər.
62. Ərizəçilər daha sonra bildirdilər ki, Dnestrin sol sahilində körpü dayaqları 14-cü ordunun şəxsi heyəti tərəfindən minalanmışdı.
Məhkəmə qeyd edir ki, münaqişə zamanı hərbi əməliyyatlarda ən yüksək səviyyədə birbaşa iştirak etmiş bir şahid iddia edib ki, Dnestrin sol sahilindəki ərazinin bir hissəsi minalanmış və bu iş mütəxəssislər tərəfindən yerinə yetirilmişdi, münaqişə bitdikdən sonra Moldova ordusu ərazini minalardan təmizləmək üçün xarici mütəxəssislərə müraciət etməyə məcbur olmuşdu (bax: Əlavə: cənab Kostaş, b. 406). Digər tərəflər bu informasiya barədə mübahisə açmadılar. Şahidin etibarlılığını nəzərə alaraq, Məhkəmə Dnestrin sol sahilində yerləşən Moldova ərazisinin bir hissəsinin Moldovu ordusuna qarşı çıxan qüvvələr tərəfindən minalandığını sübuta yetirilmiş hesab edə bilər. Digər tərəfdən, o, qeyd edir ki, bu şahid minaların 14-cü ordunun şəxsi heyəti tərəfindən basdırıldığını qəti əminliklə iddia edə bilməyib, sadəcə bildirib ki, məntiqə görə bu cür texniki səviyyəli işi peşəkarlar, yəni 14-cü ordunun qoşunları yerinə yetirə bilərdilər. O həmçinin bunu da qeyd edir ki, bu şahid separatçıların əvvəllər 14-cü ordunun anbarlarında saxlanılmış piyadalar əleyhinə minaları ələ keçirdiyini iddia edib. Belə olan halda Məhkəmə hesab edir ki, bu iddia “əsaslı şübhə yeri qoymayacaq” dərəcədə qəti deyil və buna görə də o, Dnestrin sol sahilində minaların 14-cü ordu və ya RƏQ-in şəxsi heyəti tərəfindən basdırıldığını sübuta yetirilmiş hesab edə bilməz.
63. Moldova Hökuməti iddia etdi ki, o, Rusiya Federasiyası ordusunun Moldova ərazisində qanuni yerləşdiyini və ya 14-cü ordunun Pridnestrovye münaqişəsinə müdaxilə etmədiyini heç vaxt bəyan etməyib.
Əksinə, o, iddia etdi ki, Məhkəmə nümayəndələri tərəfindən alınmış şahid ifadələrindən göründüyü kimi, 14-cü ordu Moldova silahlı qüvvələrinə qarşı Pridnestrovye münaqişəsinə həm birbaşa, həm də dolayısı ilə fəal müdaxilə edib. Pridnestrovye separatçıları 14-cü orduya məxsus olan silahlarla silahlanmağa və münaqişədə 14-cü ordunun iştirakına nail olublar. Moldova Hökuməti hesab etdi ki, qadınların silah və sursatları zorla 14-cü ordunun anbarlarından müsadirə etdiyi barədə iddialar qətiyyən inanmaq olmaz. Üstəlik, 14-cü ordunun anbarlarından hərbi avadanlıqların müsadirəsi məsələsində səhlənkarlığa yol verdiyinə və ya iştirak etdiyinə görə sonradan bir rus əsgəri belə intizam cəzası almayıb.
64. Rusiya Hökuməti bildirdi ki, Pridnestrovye münaqişəsi başlayarkən 14-cü ordu Moldovada idi. Rusiya hərbi qüvvələri döyüşlərdə heç kimin tərəfində iştirak etməyiblər və barəsində şikayət edilən hərəkətlərdə də iştirak etməyiblər. Lakin 14-cü ordunun hərbçilərinə qarşı qanunsuz silahlı əməliyyatlar aparıldığı hallarda beynəlxalq hüquqa uyğun olaraq müvafiq tədbirlər görülüb. Ümumiyyətlə, Rusiya Hökuməti 14-cü orduya sadiq qaldıqlarını iddia edən fərdlərin sözügedən aktlarda mümkün iştirakını fərziyyə qismində qəbul etməyə hazır olduğunu bildirdi, amma vurğuladı ki, belə hal olsaydı, bu cür davranış Rusiya qanunvericiliyinin kobud pozuntusunu təşkil edər və məsuliyyət daşıyan fərdlər cəzalandırılardı.
Rusiya Hökuməti daha sonra bildirdi ki, Rusiya Federasiyası münaqişədə neytral qalıb. Konkret olaraq, o, döyüşçülərə heç bir üsulla – nə hərbi, nə də maliyyə üsulu ilə yardım göstərməyib.
65. Məhkəmə qeyd edir ki, dindirilmiş bütün moldovalı şahidlər silahların Pridnestrovye separatçıların ötürülməsində 14-cü ordunun və sonra RƏQ-in birbaşa və ya dolayısı ilə iştirak etdiyini təsdiq ediblər. Onlar həmçinin Rusiya qoşunlarının, xüsusən də üzərində Rusiya bayrağı olan tankların münaqişədə iştirak etdiyini, 14-cü ordunun bölmələri tərəfdən Moldova mövqelərinə atəş açıldığını və 14-cü ordunun çoxlu sayda qoşunlarının pridnestrovyelilərlə birgə döyüşmək və ya onlara təlim keçmək üçün ehtiyata buraxıldığını təsdiq ediblər (bax: Əlavə: cənab Kostaş, b. 406; və cənab Kreanqa, b. 457).
Bu iddialar Rumıniya Hökuməti tərəfindən işin materiallarına əlavə olunmuş ATƏT-in 7 saylı hesabatındakı informasiyalarla və digər mənbələrlə təsdiqlənir (bax: Əlavə: cənab Moşanu, b. 244). Bununla bağlı Məhkəmə qeyd edir ki, bu mövzuda onun ixtiyarında çoxlu və ətraflı informasiya var.
O, dinlənilmiş moldovalı şahidlərin etibarlılığını şübhə altına almaq üçün heç bir səbəb görmür və qeyd edir ki, onların iddiaları Moldova Hökumətinin iddiaları ilə təsdiqlənir, sonuncu özünün proses boyu təqdim etdiyi bütün qeydlərində bu faktları təsdiq edib.
Şahidlərin Rusiya Federasiyasının əleyhinə olan siyasi qüvvələrə mənsub olduğu barədə Rusiya Hökumətinin iddiasına gəldikdə, Məhkəmə qeyd edir ki, bu iddia əsaslandırılmayıb.
Bundan başqa, döyüşən tərəflərin nisbi qüvvələrinin nə cür olduğunu Məhkəmənin alınmış ifadələr əsasında dəqiq müəyyən etməsi mümkün deyil. Lakin 14-cü ordunun separatçı qüvvələrə dəstək verdiyini və 14-cü ordunun anbarlarından silah və sursatların separatçılara kütləvi şəkildə ötürüldüyünü nəzərə alsaq, aydın məsələdir ki, Moldova ordusu daha əlverişsiz vəsiyyətdə idi və bu onun Pridnestrovye üzərində nəzarəti bərpa etməsinə mane olurdu (bax: Əlavə: Z, b. 271; və cənab Kostaş, b. 401).
66. 5 mart 1992-ci ildə Moldova parlamenti Rusiya hakimiyyəti tərəfindən tanınan ictimai birliyə – Kazaklar İttifaqına mənsub olan rusiyalı silahlı kazak qruplarının Pridnestovye separatçılarına dəstək verməsi ilə bağlı Rusiya hakimiyyətinin susmasına etiraz etdi, parlamentin fikrincə, bu, cinayətdə iştiraka bərabər idi. Moldova parlamenti Rusiya Federasiyasının Ali Sovetindən xahiş etdi ki, rusiyalı kazakların Moldova ərazisindən dərhal çıxarılmasını təmin etmək məqsədi ilə məsələyə müdaxilə etsin.
67. 23 mart 1992-ci ildə Moldova, Rusiya, Rumıniya və Ukraynanın xarici işlər nazirləri Helsinkidə görüşərək münaqişənin sülh yolu ilə həlli üçün bir sıra prinsipləri təsbit edən bəyannamə qəbul etdilər. 1992-ci ilin aprelində və mayında Kişinyovda keçirilmiş sonrakı görüşlərdə dörd nazir atəşkəsə riayət edilməsinə nəzarət üçün Dördtərəfli Komissiya və hərbi müşahidəçilər qrupu yaratmağı qərara aldılar.
68. Rusiya Federasiyasının Ali Sovetinin Rəyasət Heyəti 20 mart 1992-ci ildə Moldovaya Pridnestrovye münaqişəsini “Pridnestrovye xalqının hüquqlarına” hörmət etməklə həll etməyi tövsiyə edən bəyannamə qəbul etdikdən sonra 24 mart 1992-ci ildə Moldova parlamenti Rusiya Federasiyasının Moldovanın işlərinə müdaxilə etməsinə etiraz etdi.
69. 28 mart 1992-ci ildə Moldova Respublikasının prezidenti cənab Snequr fövqəladə vəziyyət barədə fərman verdi. O, qeyd etdi ki, “avantüristlər” Dnestrin sol sahilində “kənardan kömək almaqla” “qondarma dövlət” yaradıblar və “Sovet Ordusunun ən müasir silahları ilə təchiz olunaraq təpədən dırnağadək silahlanaraq” və MDB-nin birləşmiş silahlı qüvvələrinin 14-cü ordusunun münaqişəyə müdaxiləsi üçün əllərindən gələni edərək silahlı münaqişəni qızışdırıblar. Fövqəladə vəziyyət şəraitində Moldovanın Milli Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri və digər müvafiq qurumlar, Moldova ordusunun bölmələri uzlaşdırılmış şəkildə hərəkət edərək, qanunsuz silahlı qruplaşmaları ləğv etmək və tərksilah etmək üçün bütün zəruri tədbirləri görmək və dövlət orqanlarına və Respublika əhalisinə qarşı cinayətlər törədənlərin hamısını axtarıb tapmaq və ədalət mühakiməsinə cəlb etmək barədə prezidentdən göstəriş aldılar. “Moldovanın Pridnestrovye Respublikası” deyilən qurumun yaradıcılarına və onların ortaqlarına göstəriş verildi ki, qanunsuz silahlı qruplaşmaları buraxsınlar və Respublika orqanlarına təslim olsunlar.
70. 1 aprel 1992-ci il tarixli 320 saylı fərmanı ilə Rusiya Federasiyasının prezidenti SSRİ-nin Moldova ərazisində, o cümlədən Dnestrin sol sahilində yerləşən hərbi qruplaşmalarının Rusiya Federasiyasının yurisdiksiyasına verdi, beləliklə, 14-cü ordu Moldovanın Pridnestrovye regionunda Rusiya Əməliyyat Qrupuna (bundan sonra “RƏQ”, yaxud əvvəlkitək “14-cü ordu” adlandırılacaq) çevrildi.
71. 1 aprel 1992-ci il tarixli 84 saylı fərmanı ilə “MPR”in prezidenti cənab Smirnov general-leytenant Yakovlevi “MPR-in Müdafiə və Təhlükəsizlik İdarəsinin” komandanlığından azad etdi.
72. 2 aprel 1992-ci ildə RƏQ-in (14-cü ordunun) komandanı general Netkaçov separatçıların əlində olan Tigina (Benderı) şəhərini mühasirəyə almış Moldova qüvvələrinə dərhal geri çəkilməyi əmr etdi və bildirdi ki, əks halda Rusiya ordusu əks-tədbirlər görəcək.
73. Ərizəçilər iddia etdilər ki, general Netkaçovun ultimatumundan sonra 14-cü ordu ilə separatçılar arasında birincilərin Tiraspoldakı atəş poliqonunda birgə hərbi təlimlər başladı.
74. 4 aprel 1992-ci ildə Moldova prezidenti cənab Snequr MDB-nin üzvü olan ölkələrin dövlət başçılarına, MDB-nin birləşmiş silahlı qüvvələrinin komandanına və 14-cü ordunun komandanına teleqram göndərərək onların diqqətini 14-cü ordunun münaqişədə neytral qalmaması faktına cəlb etdi.
75. 5 aprel 1992-ci ildə Rusiya Federasiyasının vitse-prezidenti Aleksandr Rutskoy Tiraspola getdi. Məhkəməyə təqdim edilmiş və digər tərəflərin təkzib etmədiyi mətbuat məqalələrindən göründüyü kimi, cənab Rutskoy ilk öncə 14-cü ordunun hərbi hissəsinə baş çəkdi və sonra cənab Smirnovun müşayiəti ilə Tiraspolun mərkəzi meydanına getdi. Meydandakı beş min insanın qarşısındakı nitqində cənab Rutskoy bəyan etdi ki, cənab Snequr dialoqa girmək istəmir və məsələnin ən yaxşı həlli moldovanların və rusların bərabər əsaslarla birgə yaşaya biləcəyi konfederasiyadır. Nəhayət, o dedi ki, 14-cü ordu döyüşən tərəflər arasında bufer qismində hərəkət etməlidir ki, Pridnestrovye əhalisi müstəqilliyə və suverenliyə nail ola və sülh şəraitində çalışa bilsin.
76. MDB-nin birləşmiş silahlı qüvvələrinin baş komandanının 8 aprel 1992-ci il tarixli 026 saylı əmr ilə qərara alındı ki, yalnız keçmiş Moldova Sovet Sosialist Respublikası ərazisində yerləşən 14-cü ordunun qoşunları və hissələri Moldova Respublikasının silahlı qüvvələrinin yaradılması üçün baza təşkil edə bilərlər.
14-cü ordunun tərkib hissəsi olan üç hərbi hissə Moldova Respublikasının yeni ordusuna qoşulmağı qərara aldı. Bunlar Floreştidəki hissə (sursat anbarı Nº 5381), Ungenidəki 4-cü artilleriya alayı və Ungenidəki 803-cü raket-artilleriya alayı idi.
14-cü ordunun 115-ci müstəqil minaaxtaranlar və yanğınsöndürənlər batalyonu Moldova silahlı qüvvələrinin sırasına daxil olmaqdan imtina etdi və Rusiya Hökumətinin istifadə etdiyi ifadələrlə desək, “Pridnestrovye regionunun yurisdiksiyasına keçdi”.
77. 1992-ci ilin aprelində MDB-nin birləşmiş silahlı qüvvələrinin baş komandanına göndərdiyi ismarıcda Moldova prezidenti cənab Snequr bəyan etdi ki, Pridnestrovyedəki hadisələr “SSRİ-nin imperialist və kommunistpərəst strukturları və onların qanunsuz hüquqi varisləri” tərəfindən təhrik edilib və dəstəklənib və 14-cü ordu münaqişədə neytral deyil. Bununla bağlı o vurğuladı ki, Pridnestrovyenin hərbi qruplaşmaları keçmiş Sovet Ordusuna məxsus olan müasir hərbi silahlarla silahlanıb və çoxlu sayda Rusiya vətəndaşı münaqişədə muzdlular qismində separatçıların tərəfində iştirak edir.
78. 1992-ci ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, ATƏT-in və MDB-nin üzvü olan ölkələrin başçılarına göndərdiyi məktubda cənab Snequr 14-cü ordunun komandanını 1991-ci ilin dekabrında Pridnestrovye hərbi hissələrini silahlandırmaqda təqsirləndirdi və Rusiya Federasiyasının ordu hissələrinin “sülhyaratma qüvvələri” qismində Moldovada daimi qalmasına çağıran Rusiya Federasiyası deputatlarının altıncı konqresinin mövqeyindən şikayət etdi. Nəhayət, cənab Snequr qeyd etdi ki, Pridnestrovye münaqişəsinin həllinin mühüm bir şərti Rusiya Federasiyası ordusunun Moldova ərazisindən tezliklə çıxarılmasıdır və beynəlxalq birlikdən xahiş etdi ki, gənc Moldova dövlətini azadlıq və demokratiya mübarizəsində dəstəkləsin.
79. 20 may 1992-ci ildə Moldova parlamentinin sədri kazaklar və rus muzdluları və Pridnestrovyenin yarımhərbi qüvvələri tərəfindən dəstəklənən 14-cü ordunun hissələri tərəfindən 20 may 1992-ci ildə Pridnestrovyenin digər hissələrinin işğal olunmasına etiraz etdi. Onun bəyanatında qeyd edilirdi ki, Rusiya Federasiyası tərəfindən bu hərbi təcavüz Moldovanın suverenliyini və bütün beynəlxalq hüquq normalarını pozaraq Pridnestrovye münaqişəsinin həllini tapmaq üçün həmin vaxt aparılan danışıqları saxtakarlığa çevirib. Sədr Rusiya Federasiyasını Pridnestrovye separatçılarını silahlandırmaqda təqsirləndirdi və Rusiya Federasiyasının Ali Sovetindən xahiş etdi ki, təcavüzün dayandırılmasına və Rusiya hərbi qüvvələrinin Moldova ərazisindən çıxarılmasına çağırsın.
80. Bu etiraz həmçinin Tiraspolda və Moskvada Rusiya Federasiyasının vitse-prezidenti cənab Rutskoyun “təcavüz dolu” çıxışlar hesab edilən Moldova əleyhinə etdiyi çıxışlara qarşı və 19 may 1992-ci ildə RƏQ-in Hərbi Şurasının verdiyi bəyanata qarşı yönəlmişdi.
81. 26 may 1992-ci ildə Moldova parlamenti Ukrayna Ali Sovetinə məktub göndərərək 19 may 1992-ci il tarixli işğala qoşulmaqdan imtina etdiyinə görə Ukrayna hakimiyyətinə minnətdarlığını bildirdi.
82. 22 iyun 1992-ci ildə Moldova parlamenti beynəlxalq birliyə müraciət edərək “21 iyun 1992-ci ildə Pridnestrovyedə 14-cü ordunun qüvvələri tərəfindən törədilmiş yeni təcavüzə” qarşı çıxdı və bu ordunun çoxlu sayda mülki şəxsin evlərindən didərgin düşməsinə səbəb olmuş dağıdıcı və soyğunçu hərəkətlərindən şikayət etdi. Yerli əhalinin “soyqırımını” dayandırmaq üçün beynəlxalq birlik Pridnestrovyeyə ekspertlər göndərməyə çağırıldı.
83. 23 iyun 1992-ci ildə Moldova prezidenti cənab Snequr Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Butros Butros-Qalidən xahiş etdi ki, Təhlükəsizlik Şurası üzvlərini “14-cü ordunun [Tigina] şəhərinə hücumu barədə” məlumatlandırsın, prezidentin fikrincə, bu hücum Moldova Respublikasının daxili işlərinə “birbaşa və kobudcasına” müdaxilə idi. O, həmçinin Rusiya Federasiyasının prezidenti cənab Yeltsinin və vitse-prezidenti cənab Rutskoyun bəyanatlarından narahatlığını ifadə etdi, həmin bəyanatlar “açıq-aydın göstərirdi ki, Rusiya Federasiyası Sovet imperiyasının parçalanmasından sonra daha ona məxsus olmayan ərazi üzərində malik olmadığı hüquqlardan nə de yure, nə də de fakto imtina etməyə hazır deyil”. Cənab Snequr yekunda bunları bildirdi: “Müstəqil və suveren dövlət olan Moldova Respublikasının qanuni rəhbərlərinə qarşı son dövrlərdə Rusiya hakimiyyəti tərəfindən təkrarlanan təhdidlər Moldova ictimaiyyətinin narahatlığına səbəb olmuşdur, çünki onlar bizim daxili işlərimizə müdaxilənin digər üsullarının, yəni Sovet kommunist və imperialist sisteminə xas olan üsul və metodların ilkin mərhələsi kimi görünür...”.
84. 1992-ci il iyulun birinci yarısında MDB-nin sülhməramlı qüvvələrinin Moldovada yerləşdirilməsi barədə MDB çərçivəsində intensiv müzakirələr aparıldı. Bununla bağlı 1992-ci ilin martında imzalanmış hərbi müşahidəçilər qrupuna və MDB-nin strateji sülhü mühafizə qüvvələrinə dair Minsk sazişi yada salındı.
85. 6 iyul 1992-ci ildə MDB-nin Moskvada keçirilmiş iclasında qərara alındı ki, Moldovada ilkin addım kimi Rusiya, Ukrayna, Belarus, Rumıniya və Bolqarıstan qoşunlarından təşkil olunmuş MDB sülhü mühafizə qüvvələri yerləşdirilsin, bu şərtlə ki, Moldovanın bu barədə müraciəti olsun. Moldova parlamenti ertəsi gün bu cür müraciəti etsə də, həmin qüvvələr orada heç vaxt yerləşdirilmədi, çünki bəzi ölkələr MDB qüvvələrinə birləşmək məsələsində uzun müddət tərəddüd etdilər.
86. 10 iyul 1992-ci ildə ATƏM-in Helsinki Sammitində Moldova prezidenti cənab Snequr ATƏM-in sülhü mühafizə mexanizminin Moldovadakı vəziyyətə tətbiqi imkanının nəzərdən keçirilməsini xahiş etdi. Xahiş yerinə yetirilmədi, çünki effektiv və uzunmüddətli atəşkəs yox idi (bax: yuxarıda qeyd edilmiş ATƏT-in 10 iyun 1994-cü il tarixli informasiya sənədi – yuxarıdakı 28-ci bəndin haşiyə qeydi).
87. 21 iyul 1992-ci ildə Moldova Respublikasının prezidenti cənab Snequr və Rusiya Federasiyasının prezidenti cənab Yeltsin Moldova Respublikasının Pridnestrovye regionundakı silahlı münaqişənin sülh yolu ilə nizamlanması prinsiplərinə barədə saziş imzaladılar (“atəşkəs sazişi” – aşağıda 292-ci bəndə bax).
Moldova Hökuməti tərəfindən Məhkəməyə təqdim edilmiş sazişin surətində yalnız cənab Snequrun və cənab Yeltsinin imzaları var. Rusiya Hökuməti Məhkəməyə Moldovanın və Rusiya Federasiyasının prezidentləri qismində cənab Snequrun və cənab Yeltsinin imzalarının olduğu surəti təqdim etdi. Sazişin həmin surətində cənab Snequrun imzasının aşağısında cənab Smirnovun imzası da vardı, amma onun statusu göstərilməmişdi.
Cənab Smirnovun imzası Moldova Hökuməti tərəfindən təqdim edilmiş surətdə yox idi. Məhkəmə nümayəndələrinə açıqlamasında cənab Snequr təsdiq etdi ki, rəsmi sənəd iki nüsxədə yalnız onun özü və cənab Yeltsin tərəfindən imzalanıb (bax: Əlavə: cənab Snequr, b. 228).
Məhkəməyə verilmiş şahid ifadəsindən görünür ki, sazişin əsas müddəalarını Rusiya tərəfi tərtib etmiş və onu imzalanmaq üçün moldovalılara təqdim etmişdi (bax: Əlavə: Z, b. 281).
88. Rusiya Hökuməti iddia etdi ki, 21 iyul 1992-ci il tarixli sazişin 4-cü maddəsinin şərtlərinə əsasən, Rusiya Federasiyası sazişi münaqişə tərəfi qismində deyil, sülh vasitəçisi kimi imzalamışdı.
89. Saziş “münaqişə tərəflərinin” ordularının geri çəkilməsindən sonra yaradılacaq təhlükəsizlik zonası prinsipini nəzərdə tuturdu (1-ci maddənin 2-ci bəndi).
90. Sazişin 2-ci maddəsinə əsasən, Moldova, Rusiya Federasiyası və Pridnestrovye təmsilçilərindən ibarət Birgə Nəzarət Komissiyası (“BNK”) təşkil edildi, onun mənzil-qərargahı Tiginada (Benderı) idi.
Sazişdə həmçinin beş Rusiya, üç Moldova və iki Pridnestrovye batalyonundan ibarət sülhü mühafizə qüvvələrinin yaradılması nəzərdə tutulmuşdu, onlar atəşkəsə riayət edilməsini təmin etməyə və təhlükəsizlik tədbirləri görməyə görə cavabdeh olmaqla birgə hərbi komandanlıq strukturunun əmrlərini yerinə yetirəcəkdilər, həmin strukturun özü isə BNK-ya tabe idi.
91. Sazişin 3-cü maddəsinə əsasən, Tigina şəhəri təhlükəsizlik rejimli region elan edildi və onun idarəçiliyi “yerli özünüidarə orqanlarına verildi, zərurət olduqda onlar nəzarət komissiyası ilə birgə fəaliyyət göstərməli” idilər. BNK-ya polislə birlikdə Tiginada asayişi mühafizə etmək vəzifəsi tapşırıldı.
4-cü maddə Moldova Respublikasının ərazisinə yerləşən Rusiya Federasiyasının 14-cü ordusunun ciddi surətdə neytral qalmasını tələb edirdi; 5-ci maddə sanksiya və blokadaları qadağan edir və malların, xidmətlərin və insanların sərbəst hərəkəti qarşısındakı bütün maneələri aradan qaldırmaq məqsədini daşıyırdı.
Nəhayət, sazişdə nəzərdə tutulmuş tədbirlər “münaqişənin siyasi yollarla həllinin çox mühüm bir hissəsi” kimi müəyyən edilirdi (7-ci maddə)
3. Silahlı münaqişədən sonrakı hadisələr
92. 29 iyul 1994-cü ildə Moldova yeni Konstitusiya qəbul etdi. Orada digər müddəalarla yanaşı nəzərdə tutulurdu ki, Moldova neytraldır, öz ərazisində digər dövlətlərə məxsus qoşunların yerləşməsini qadağan edir və Dnestrin sol sahilindəki bəzi ərazilər də daxil olmaqla regionlara müəyyən muxtariyyət forması verilə bilər (aşağıda 294-cü bəndə bax).
93. 21 oktyabr 1994-cü ildə Moldova və Rusiya Federasiyası Moldova Respublikasının ərazisində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının hərbi qruplaşmalarının hüquqi statusuna və onların çıxarılmasının təşkilinə və çıxarılma müddətlərinə dair saziş imzaladılar (aşağıda 296-cı bəndə bax).
Sazişin 2-ci maddəsində nəzərdə tutulmuşdu ki, Rusiya ordusunun Moldova ərazisindən çıxarılması Pridnestrovye münaqişəsinin siyasi həlli ilə və “Moldova Respublikasının Pridnestrovye regionu”nun xüsusi statusunun müəyyən edilməsi ilə sinxronlaşdırılmalıdır.
Bu saziş Rusiya Federasiyasının hakimiyyəti tərəfindən ratifikasiya olunmadı və buna görə də heç vaxt qüvvəyə minmədi (aşağıda 115-ci bəndə bax).
94. Ərizəçilər bildirdilər ki, Rusiyanın sülhü mühafizə qüvvələri ciddi neytrallıqlarını saxlamayıblar, onlar 21 iyul 1992-ci il tarixli atəşkəs zamanı tərəflər arasında əldə edilmiş qüvvələr balansının pridnestrovyelilərin xeyrinə dəyişməsinə imkan verməklə sonuncuların tərəfini tutublar.
95. 28 dekabr 1995-ci ildə Moldovanın BNK-dakı nümayəndə heyəti Rusiyanın BNK-dakı nümayəndə heyətinin başçısına məktub göndərərək Rusiyanın sülhü mühafizə bölmələrinin səlahiyyətlərinin RƏQ bölmələrinə verilməsi barədə Rusiya Federasiyasının quru qüvvələri komandanının müavininin təklifinə etiraz etdilər, Moldova nümayəndə heyəti bunu 21 iyul 1992-ci il tarixli sazişin 4-cü maddəsinə zidd hesab etdi. Təklif həmçinin “RƏQ-in hərbçilərinin müəyyən dərəcədə siyasiləşməsi və münaqişə tərəflərinə münasibətdə qərəzsiz olmaması” nöqteyi-nəzərindən qəbulolunmaz hesab edildi. Moldova nümayəndə heyəti 21 iyul 1992-ci il tarixli sazişdə təsbit olunmuş neytrallıq prinsipinin bir sıra pozuntularını, o cümlədən aşağıdakıları qeyd etdi: müəyyən hərbi avadanlıqların və sursatların 14-cü ordu tərəfindən konstitusiyaya zidd Tiraspol hakimiyyətinə ötürülməsi; “MPR” qoşunlarına Rusiya ordusu tərəfindən təlim keçilməsi; və 14-cü ordunun hərbi hissələrinin “MPR”in tərəfinə keçməsi, məsələn, Rapkani minaaxtaranlar batalyonunun “MPR”in artilleriya bölməsinə çevrilməsi, Tigina (Benderı) istehkamının “MPR”in 2-ci piyada briqadasına verilməsi, yaxud 14-cü ordunun rabitə batalyonu tərəfindən işğal edilmiş Sloboziya deposunun “MPR”ə verilməsi.
Moldova nümayəndə heyəti diqqəti belə bir fakta cəlb etdi ki, “MPR”in hərbi hissələri BNK-nın susmaqla razılıq verməsi sayəsində təhlükəsizlik zonasına gətirilib, təhlükəsizlik zonası elan edilən və Rusiyanın sülhü mühafizə qüvvələrinin məsuliyyəti altına verilən Tigina (Benderı) şəhərində yeni yarımhərbi bölmələr təşkil edilib və Tiginadakı (Benderı) və Tiraspoldakı firmalar silah və sursat istehsalı ilə məşğul olublar.
Moldova nümayəndə heyəti öz hökumətindən xahiş etdi ki, Rusiyanın Pridnestrovyedəki sülhü mühafizə qüvvələrinin BMT və ATƏT-in himayəsi altında olan beynəlmiləl qüvvələrlə əvəz edilməsinin mümkünlüyünü nəzərdən keçirsin. Nəhayət, Moldova nümayəndə heyəti Rusiya Federasiyasının silahlı qüvvələrinin Moldova ərazisindən çıxarılması barədə 21 oktyabr 1994-cü il sazişinin tezliklə həyata keçiriləcəyinə ümidini ifadə etdi.
96. 17 yanvar 1996-cı il tarixli məktubda Rusiyanın BNK-dakı nümayəndə heyətinin başçısı bildirdi ki, 14-cü ordunun şəxsi heyətinin guya qərəzsiz olmadığı barədə Moldova nümayəndə heyəti tərəfindən 28 dekabr 1995-ci il tarixli məktubda təqdim edilmiş nümunələr “təhrif olunmuş” və həqiqətə uyğun olmayan nümunələrdir. Rusiya nümayəndə heyəti hesab etdi ki, 21 iyul 1992-ci il tarixli saziş, şübhəsiz ki, sülhü mühafizə qüvvələrinə verilmiş vəzifələrin Rusiya Federasiyası tərəfindən RƏQ-ə verilməsinə imkan yaradıb və Moldova nümayəndə heyətindən xahiş etdi ki, öz mövqeyini yenidən nəzərdən keçirsin və bu məsələ barədə Rusiya müdafiə nazirinin verdiyi təkliflərə yenidən baxsın.
97. 8 may 1997-ci ildə Moskvada Moldova prezidenti cənab Luçinksi və “MPR-in prezidenti” cənab Smirnov Moldova ilə Pridnestrovye arasındakı münasibətlərin normallaşmasının əsasını qoyan memorandum imzaladılar, memorandumda onlar yarana biləcək istənilən münaqişəni, zərurət olduqda əldə edilən razılaşmalara əməl olunmasının qarantları qismində Rusiya Federasiyası və Ukraynanın, habelə ATƏT və MDB-nin köməyi ilə, danışıqlar vasitəsilə nizamlamağı öhdələrinə götürdülər. Memorandum qarant dövlətlərin nümayəndələrinin, yəni Rusiya Federasiyası adından cənab Yeltsinin və Ukrayna adından cənab Kuçmanın imzaları ilə təsdiqləndi. Memorandumu tərəflər və qarant dövlətlər tərəfindən imza qoyularkən orada olan ATƏT-in sədri cənab H. Petersen də imzaladı.
Memorandumun şərtlərinə əsasən, Pridnestrovyenin statusu aşağıdakı prinsiplərə əsaslanmalı idi: qərarlar hər iki tərəf arasında razılaşdırılmalı, səlahiyyətlər bölüşdürülməli və ötürülməli və zəmanətlərə əməl edilməsi qarşılıqlı surətdə təmin edilməli idi. Pridnestrovye öz maraqlarına aid olan məsələlərlə bağlı Moldova Respublikasının xarici siyasətinin həyata keçirilməsində iştirak etməli idi, həmin məsələlər qarşılıqlı razılaşma əsasında müəyyən edilməli idi. Pridnestrovye iqtisadi, elmi, texniki, mədəni və digər sahələrdə birtərəfli qaydada beynəlxalq əlaqələr qurmaq və saxlamaq hüququna malik olmalı idi, həmin sahələr qarşılıqlı razılaşma əsasında müəyyən edilməli idi.
Memorandum Rusiya Federasiyasının və Ukraynanın Pridnestrovyenin statusunu müəyyən edən sənədlərdə və memorandumda yer alan müddəalara əməl olunmasının qarantları qismində hərəkət etmək əzmini alqışlayırdı. Tərəflər həmçinin 21 iyul 1992-ci il sazişinə uyğun olaraq təhlükəsizlik zonasında birgə sülhü mühafizə qüvvələrinin ümumi fəaliyyətinin həyata keçirilməsinə ehtiyac olduğunu təsdiq etdilər. Sazişlər pozulduğu təqdirdə memorandum tərəflərə hüquq verirdi ki, vəziyyəti normallaşdırmaq üçün tədbirlər görülməsi məqsədi ilə qarant dövlətlərlə məsləhətləşsinlər. Nəhayət, hər iki tərəf öz aralarında 1 yanvar 1990-cı ildə mövcud olmuş Moldaviya SSR-in sərhədləri daxilində birgə dövlət kontekstində münasibətlər qurmağı öhdələrinə götürdülər.
98. 20 mart 1998-ci ildə Moldova, Pridnestrovye, Rusiya Federasiyası və Ukrayna nümayəndələri Odessada (Ukrayna) Pridnestrovye münaqişəsinin nizamlanmasını təmin etmək məqsədi daşıyan bir sıra sənədlər imzaladılar (aşağıda 123-cü bəndə bax).
99. Parlament Assambleyasının Monitorinq Komitəsinin (Avropa Şurasının üzvü olan dövlətlər tərəfindən öhdəlik və vəzifələrinə əməl olunmasının Monitorinqi Komitəsinin) Moldovaya dair hesabat layihəsi ilə bağlı 1999-cu ildə təqdim edilmiş qeydlərində Moldova hökuməti bildirdi ki, “sülhü mühafizə qüvvələri Moldovanın Pridnestrovye regionunun təhlükəsizlik zonasında yerləşən Rusiya Federasiyasının hakimiyyət orqanlarının susmaqla razılıq verməsi sayəsində” separatçı hakimiyyət qanunsuz olaraq RƏQ-in anbarlarından silahları aparıb.
100. Moldovanın BNK-dakı nümayəndə heyəti Rusiya və Pridnestrovyenin BNK-dakı nümayəndə heyətlərinin başçılarına göndərdiyi 6 oktyabr 2001-ci il tarixli məktubunda sülhü mühafizə qüvvələrinin tərəfkeşliyinə etiraz etdi. Onlar hərbi avadanlıq və sursatların təhlükəsizlik zonasına daxil olmasına icazə verməkdə və Pridnestrovyenin silahlı hərbi bölmələrinə dəstək verməkdə təqsirləndirildilər. Moldova nümayəndə heyəti bu faktların hadisə yerindəki hərbi müşahidəçilər tərəfindən qeyd edildiyini vurğuladı və Rusiyanın sülhü mühafizə qüvvələrinin komandanının mövqeyindən şikayət etdi, belə ki, o, nə təhlükəsizlik zonasının monitorinqini aparmış, nə də həmin zonanın hərbiləşdirilməsinin qarşısını almışdı, bununla da sülhü mühafizə qüvvələrinin statusuna riayət etməmişdi. Nəhayət, Moldova nümayəndə heyəti qeyd etdi ki, Rusiyanın sülhü mühafizə qüvvələrinin bu mövqeyi pridnestrovyeliləri cəsarətləndirib.
Rusiya Hökuməti iddia etdi ki, sülhü mühafizə qüvvələri 21 iyul 1992-ci il sazişi ilə tələb olunan neytrallığa riayət edib.
Məhkəmə Rusiya sülhü mühafizə qüvvələrinin komandanı polkovnik Zverevin Rusiya sülhü mühafizə qüvvələrinin sazişə əməl etdikləri barədə verdiyi şahid ifadəsini (bax: Əlavə: b. 368) qeyd edir. Bu şahid daha sonra bəyan edib ki, o, Rusiya qüvvələrinin nəzarət etdiyi zonada pridnestrovyelilərin qanunsuz hərəkətlərindən xəbərsiz olub.
Lakin Məhkəmə qeyd edir ki, sözügedən ifadə BNK-nın rəsmi sənədləri ilə ziddiyyət təşkil edir, həmin sənədlərdə çoxsaylı təfsilatlarla göstərilir ki, Rusiyanın sülhü mühafizə qüvvələrinin nəzarəti altında olan Pridnestrovyenin müxtəlif ərazilərində, məsələn, Tigina (Benderı) ərazisində Pridnestrovye separatçıları atəşkəs sazişini pozublar.
BNK-nın sənədlərinin rəsmi xarakterini nəzərə alaraq, Məhkəmə Rusiyanın sülhü mühafizə qüvvələrinin cavabdehliyi altında olan ərazidə pridnestrovyelilərin 21 iyul 1992-ci il sazişindən irəli gələn öhdəliklərinə əməl etmədiklərini əsaslı şübhə yeri qalmadan kifayət qədər əminliklə sübuta yetirilmiş hesab edir.
101. 16 aprel 2001-ci ildə Moldova Respublikasının və Rusiya Federasiyasının prezidentləri cənab Voronin və cənab Putin birgə bəyannamə imzaladılar, bəyannamənin 5-ci bəndində deyilirdi:
“Prezidentlər Pridnestrovye münaqişəsinin Moldova Respublikasının suverenliyi və ərazi bütövlüyü prinsiplərinə və beynəlxalq insan hüquqları standartlarına hörmət edilməklə yalnız sülh yolu ilə tezliklə və ədalətlə nizamlanmasını dəstəkləyirlər”.
102. 4 sentyabr 2001-ci il tarixli sənəddə Moldova Respublikasının Pridnestrovye regionunda silahlı münaqişənin sülh yolu ilə nizamlanması prinsiplərinə dair 20 mart 1998-ci il tarixli Moldova-Rusiya sazişinin həyata keçirilməsini təhlil edərkən Moldovanın BNK-dakı nümayəndə heyəti Pridnestrovye tərəfinin öz öhdəliklərinə riayət etmədiyini qeyd etdi, belə ki, onlar yeni hərbi bölmələr yaratmış, təhlükəsizlik zonasına silah gətirmiş və gömrük postları qurmuşdular. Moldova nümayəndə heyəti birgə hərbi komandanlığın bu vəziyyətə son qoymaq üçün hər hansı münasib tədbir görməməsindən və sadəcə faktları qeyd etməsindən narahatlığını ifadə etdi. Moldova nümayəndə heyəti təklif etdi ki, tərəflərin öz öhdəliklərinə hörmət etmələrini təmin etmək üçün konkret tədbirlər Moldova və Rusiya Federasiyasının xarici işlər nazirləri tərəfindən müzakirə edilsin. Nəhayət, Moldova nümayəndə heyəti təklif etdi ki, təhlükəsizlik zonasında hərbi müşahidəçi funksiyası ATƏT-in himayəsi altına keçsin.
103. 2003-cü ilin martında Rusiyanın Pridnestrovyedəki sülhü mühafizə qüvvələri 294 hərbçidən, 17 zirehli maşından, 29 digər nəqliyyat vasitələrindən və 264 ədəd odlu silahdan ibarət idi.
Məhkəməyə verilmiş şahid ifadəsinə əsasən (bax: Əlavə: polkovnik Zverev, b. 367), bu gün 14-cü ordunun və ya RƏQ-in heç bir hərbçisi Rusiyanın sülhü mühafizə qüvvələrinin tərkibinə daxil deyil.
104. Pridnestrovyedəki situasiyanın mümkün həllinin müxtəlif aspektlərini müzakirə etmək üçün Pridnestrovye tərəfi ilə danışıqlar davam edir.
105. Bu danışıqlarda Moldova tərəfi Pridnestrovye məhkəmələri tərəfindən çıxarılmış hökmlər nəticəsində Pridnestrovyedə məhkum edilən və həbsdə saxlanılan bütün şəxslərin əfv edilməsinin mümkünlüyünü araşdırmaq üçün komissiya yaratmağa pridnestrovyeliləri inandırdı (bax: Əlavə: cənab Sturza, b. 309, 312 və 318).
106. Danışıqların gündəliyinə mütəmadi olaraq salınan mövzulardan biri Pridnestrovye administrasiyasının dövlət qulluqçuları və rəsmiləri üçün cinayət təqibinə qarşı Pridnestrovye tərəfinin tələb etdiyi immunitet məsələsi idi (bax: Əlavə: cənab Sturza, b. 314; və cənab Sidorov, 446).
107. 2002-ci ildən bəri Moldovada federal struktur yaradılması barədə ATƏT, Moldova prezidenti və Rusiya Federasiyası tərəfindən bir sıra planlar təklif edildi.
108. ATƏT-in köməyi ilə keçirilmiş ən son danışıqlar Pridnestrovyenin muxtariyyətə malik olacağı federal dövlət yaratmaq məqsədi daşıyan təkliflərə əsaslandı.
109. 4 aprel 2003-cü ildə Pridnestrovye ilə danışıqlar kontekstində Moldova parlamenti Moldova Respublikasının federal konstitusiyasının tərtib edilməsi mexanizminin yaradılmasına dair protokol qəbul etdi.
110. ATƏT-in Moldovadakı missiyasının yaydığı press-relizə əsasən, birgə komissiyanın birinci iclası 24 aprel 2003-cü ildə ATƏT-in Moldovadakı mənzil-qərargahında keçirildi. Həmin iclasda qərara alındı ki, sənədin yekun mətni 2003-cü ilin oktyabrınadək hazır olmalıdır ki, yeni Konstitusiya 2004-cü ilin fevralında təşkil ediləcək referendumda qəbul olunmaq üçün bütün Moldova xalqına təqdim edilə bilsin.
B. 21 iyul 1992-ci il sazişindən sonra Rusiya Federasiyası ordusunun və onun şəxsi heyətinin Pridnestrovyedə mövcudluğu
1. RƏQ-in Pridnestrovyedəki qoşunları və hərbi avadanlıqları
a) Konvensiya Rusiya Federasiyası tərəfindən ratifikasiya edilənə qədər
111. 21 iyul 1992-ci il tarixli atəşkəs sazişinin 4-cü maddəsində nəzərdə tutulduğu kimi, Moldova və Rusiya Federasiyası RƏQ-in Moldova ərazisindən çıxarılması və çıxarılma müddətinə qədər onun statusu barədə danışıqlara başladılar.
Rusiya 1994-cü ildə təklif etdi ki, RƏQ-in Moldova ərazisindən çıxarılması vaxt baxımından Pridnestrovye münaqişəsinin həlli ilə üst-üstə düşsün (yuxarıda 93-cü bəndə bax), Moldova isə yararsız hesab etdiyi bu təklifi yalnız Rusiyanın təkidi ilə və Rusiyanı İlaşku qrupu üzvlərinin tezliklə azad edilməsinin lehinə olduğunu bəyan etməyə inandırdıqdan sonra qəbul etdi (bax: Əlavə: Y, b. 254).
12 fevral 2004-cü il tarixli press-relizdə Moldovanın Xarici İşlər Nazirliyi bildirdi ki, Moldova hakimiyyəti Rusiya silahlı qüvvələrinin Moldova ərazisindən çıxarılmasının Pridnestrovye münaqişəsinin siyasi həlli ilə sinxronlaşdırılmasının qəti əleyhinədir və onlar Rusiya silahlı qüvvələrinin ATƏT-in qərarlarına uyğun olaraq tam və qeyd-şərtsiz çıxarılmasını istəyirlər (aşağıda 124-cü bəndə bax), xüsusən də ona görə ki, ATƏT-in üzvü olan dövlətlər sözügedən çıxarılmanı maliyyələşdirmək üçün könüllü fond yaradıblar.
112. 21 oktyabr 1994-cü il tarixli sazişin (“birinci saziş”) 2-ci maddəsində nəzərdə tutulurdu ki, Rusiya özünün hərbi qruplaşmalarını saziş qüvvəyə mindikdən sonra üç il ərzində çıxarmalı, bu çıxarılma Pridnestrovye münaqişəsinin siyasi həlli ilə və “Moldova Respublikasının Pridnestrovye regionu” üçün xüsusi statusun müəyyən edilməsi ilə eyni vaxt çərçivəsində həyata keçirilməlidir (aşağıda 296-cı bəndə bax). Rusiya qoçunlarının çıxarılmasının yekun mərhələlərinə və tarixlərinə gəldikdə, 2-ci maddədə nəzərdə tutulurdu ki, bunlar tərəflərin müdafiə nazirlikləri arasında bağlanacaq ayrıca protokolda müəyyən ediləcək.
113. Sazişin 5-ci maddəsinə əsasən, Moldova Respublikasının ərazisində yerləşən Rusiya Federasiyasının hərbi qüvvələrinə məxsus hər hansı hərbi texnologiyanın, silahın və ya sursatın satışı, yalnız iki ölkənin hökumətləri arasında xüsusi saziş əsasında həyata keçirilə bilər.
114. Sazişin 5-ci maddəsinə əsasən, Tiraspol hərbi aeroportu RƏQ-in təyyarələri və “Moldova Respublikasının Pridnestrovye regionunun mülki aviasiyası” tərəfindən birgə istifadə edilməli idi. 21 iyun 1994-cü ildə Moldovanın və Rusiyanın müdafiə nazirliklərinin əldə etdiyi əlavə razılaşma (“ikinci saziş”) Tiraspol aeroportundan istifadəni tənzimləyirdi. Məsələn, orada nəzərdə tutulurdu ki, Tiraspol aeroportuna uçuşlar “Rusiya Federasiyasının hərbi qruplaşmalarının aviasiyası ilə Moldova Respublikasının Pridnestrovye regionunun mülki aviasiyasının birgə ikitərəfli uçuşları” haqqında müvəqqəti normalara uyğun olaraq həyata keçirilməli və uçuşlar Moldovanın dövləti mülki aviasiya orqanı ilə və Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə koordinasiya edilməlidir (aşağıda 297-ci bəndə bax).
115. 9 noyabr 1994-cü ildə Moldova Hökuməti Rusiya ordusunun Moldova ərazisindən çıxarılmasına dair sazişin həyata keçirilməsi barədə qərar qəbul etdi. Dəqiq məlum olaya tarixdə Rusiya Federasiyasının Hökuməti bu sazişi ratifikasiya üçün Dumaya təqdim etməyi qərara aldı. 17 noyabr 1998-ci ildə, hələ 21 oktyabr 1994-cü il tarixli saziş Duma tərəfindən ratifikasiya olunmadığı üçün Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Dumadan xahiş etdi ki, bu məsələni gündəliyindəki məsələlərin siyahısından çıxarsın və belə əsas gətirdi ki, “Nazirliyin bu məsələyə yenidən baxılmasına dair istənilən qərarı Moldova Respublikası ilə Pridnestrovye regionunun münasibətlərindəki təkamüldən və ərazidəki münaqişənin siyasi həllindən asılı olacaq”. 1999-cu ilin yanvarında saziş Dumanın gündəliyindəki məsələlərin siyahısından çıxarıldı. O, hələ də qüvvəyə minməyib.
İkinci sazişi Moldova Hökuməti 9 noyabr 1994-cü ildə təkbaşına təsdiq etdi.
116. Moldova Hökuməti vurğuladı ki, Rusiya Federasiyası ilə sazişlərdə yer alan “Moldova Respublikasının Pridnestrovye regionunun mülki aviasiyası” sözləri Moldovanın mərkəzi hakimiyyət orqanları qarısında cavabdeh olan konstitusion yerli hakimiyyət orqanlarını bildirən sözlər kimi şərh olunmalıdır, bu isə separatçı Pridnestrovye rejiminə şamil olunmur.
Rusiya Hökuməti bildirdi ki, bu sözlər hazırkı yerli hakimiyyət orqanlarını bildirir, onlara adi biznes tərəfdaşı kimi baxılır. O, iddia etdi ki, bu heç bir vəchlə “MPR”in rəsmi və ya siyasi qaydada tanınmasını bildirmir.
117. Məhkəmə ilk öncə qeyd edir ki, 21 oktyabr 1994-cü il tarixli müqavilələrin heç biri qüvvəyə minməyib və Rusiya tərəfindən ratifikasiya olunmayıb.
O, daha qeyd edir ki, RƏQ-in komandanı cənab Sergeyevin şahid ifadəsinə əsasən, Tiraspol aeroportu həm Rusiyanın hərbi qüvvələri, həm də Pridnestrovye separatçıları tərəfindən azad məkan kimi istifadə olunur. Hava məkanını Moldova Ukraynanın hava nəqliyyatı nəzarətçiləri müşahidə edirlər. Həmçinin belə görünür ki, Rusiya təyyarələri Moldovanın müvafiq orqanlarının icazəsi olmadan Tiraspol aeroportundan uça və ya oraya enə bilmirlər.
Tiraspol aeroportundan uçub gedən, oraya enən və ya orada dayanan Rusiya təyyarələrinin uçuşlarının təhlükəsizliyinə Rusiya qüvvələri nəzarət edirlər, Pridnestrovye separatçıları isə öz təyyarələrinin uçuşlarının təhlükəsizliyinə nəzarət edirlər. Pridnestrovyelilərin Tiraspol aeroportundan istifadə etməsinə nə RƏQ-in orqanları, nə də Rusiyanın sülhü mühafizə qüvvələri müdaxilə etmirlər. Öz növbəsində Pridnestrovye separatçıları Rusiya qüvvələrinin Tiraspol aeroportundan istifadə etməsinə müdaxilə etmirlər (bax: Əlavə: general Sergeyev, b. 340).
118. Cənab Yuri Pinteanın “Moldova Respublikasının şərq regionundakı münaqişənin nizamlanmasının hərbi aspekti” adlı araşdırmasından (Moldova Dövlət Siyasəti İnstitutu tərəfindən 2001-ci ilin avqustunda nəşr edilib və Məhkəməyə ərizəçilər tərəfindən təqdim edilib) belə görünür ki, “MPR”in hərbi qruplaşmaları 21 oktyabr 1994-cü il sazişini pozaraq Tiraspol aeroportunun qülləsini və texniki qurğularını nəzarət altına alıblar, eyni zamanda, aeroportun RƏQ-ə aid hissəsi iddia edildiyinə görə sazişdə göstərilənlərdən fərqli məqsədlər üçün, məsələn, Rusiya siyasətçilərinin Pridnestrovyeyə səfərləri və silah satışı əqdləri üçün istifadə edilib.
Digər tərəflər yuxarıda qeyd edilən informasiya ilə bağlı şərh bildirmədilər.
119. Birinci sazişin 13-cü maddəsində nəzərdə tutulur ki, Rusiya Federasiyasının hərbi qruplaşmaları çıxarıldıqdan sonra istifadəsiz qalacaq bütün yaşayış tikililəri, kazarmalar, nəqliyyat parkları, atəş poliqonları və stasionar qurğular, anbarlar və onlardakı avadanlıqlar idarə olunmaq üçün de fakto mövcud olan miqdarda “Moldova Respublikasının yerli dövlət idarəçiliyi orqanlarına” veriləcək. Orada həmçinin nəzərdə tutulur ki, Rusiya hərbçilərinin daşınmaz əmlakının ötürülməsi və ya satışı üçün tədbirlər bu məqsədlə tərəflərin hökumətləri arasında əldə ediləcək sazişdə edilməlidir.
120. Sazişin 17-ci maddəsinə əsasən, Moldova Respublikasının ərazisindən Rusiya Federasiyasının hərbi qruplaşmalarının çıxarılmasını və onların Rusiya Federasiyasında yeni dislokasiya yerlərində effektiv yerləşdirilməsini təmin etmək məqsədi ilə Moldova Respublikasından tələb olunur ki, Rusiya Federasiyasının ərazisində onların yerləşdirilməsi üçün tələb olunan tikililərin inşasının xərclərinin bir hissəsinə yardım göstərsin.
121. Rusiya Federasiyasının Avropa Şurasına qoşulması barədə 1996-cı il tarixli 193 saylı Rəyində Avropa Şurasının Parlament Assambleyası qeyd etdi ki, Rusiya Federasiyası “qoşulmadan sonra altı ay ərzində Rusiya və Moldova Hökumətləri arasında 21 oktyabr 1994-cü il sazişini ratifikasiya etmək və sazişin imzalandığı tarixdən sonra üç il ərzində 14-cü ordunu və onun avadanlıqlarını Moldova ərazisindən çıxarmaqda davam etmək” niyyətini ifadə edib.
122. 30 avqust 1996-cı il tarixli hesabatında Rusiya Federasiyası baş prokurorluğunun baş hərbi prokuroru general-leytenant G.N. Nosov qeyd etdi ki, hərbi avadanlıqların idarə olunması məsələsində RƏQ-də özbaşına və qanunsuz aktlar törədilib. Konkret olaraq, o, sui-istifadə və oğurluq hallarına rəvac verən nəzarətsizliyi, Pridnestrovye rəhbərlərinə istismar müddəti bitmiş motorlu nəqliyyat vasitələrinin pulsuz verilməsinə dair qərarlara əməl olunmamasını, həmin rəhbərlərə RƏQ-in anbarlarındakı hərbi mühəndis avadanlıqları inventarlarının verilməsini (bu, həmin rəhbərləri onlara verilən malların sayının artırılmasını tələb etməyə sövq etmişdi) və bir neçə yüz ədəd texniki avadanlığın və bir neçə min ton digər texniki avadanlığın “MPR”ə icazəsiz verilməsini qeyd etdi.
Buna görə də baş hərbi prokuror Rusiya Federasiyasının Müdafiə Nazirliyindən xahiş etdi ki, RƏQ-də müşahidə olunan qanun pozuntularına son qoymaq üçün əlavə tədbirlər görülsün, effektiv nəzarəti həyata keçirmədiklərinə və vəzifə borclarını yerinə yetirmədiklərinə görə general-leytenant E.-yə və general-mayor D.-yə qarşı intizam icraatına başlamaq məsələsi nəzərdən keçirilsin və nəticələr barədə ona məlumat verilsin.
123. 20 mart 1998-ci ildə Pridnestrovyedəki vəziyyətin nizamlanmasında dair digər sənədlərlə yanaşı Odessada (Ukrayna) 14-cü ordunun hərbi əmlakına (bax: aşağıda 299-cu bənd) dair saziş imzalandı. Sazişi imzalayanlar Rusiya federasiyasının adından cənab Çernomırdin, habelə “MPR prezidenti” cənab Smirnov idi.
Sazişə əlavə edilmiş vaxt qrafikinə uyğun olaraq, müəyyən inventarların çıxarılması və partlatma və ya hər hansı digər mexaniki proseslər vasitəsilə balansdan silinməsi 31 dekabr 2001-ci ilədək başa çatdırılmalı idi; digər şərtlərlə yanaşı, bu məsələ Moldova Respublikasının, “konkret olaraq Pridnestrovye regionunun” hakimiyyət orqanlarının icazəsindən asılı idi.
Artıq sursatların və RƏQ-in digər avadanlıqlarının çıxarılmasının (köçürülməsinin və balansdan silinməsinin) ən geci 31 dekabr 2002-ci ilədək həyata keçirilməsi planlaşdırılmışdı. RƏQ-in standart avadanlıqlarının və sülhü mühafizə qüvvələrinin tərkib hissəsinə aid olmayan şəxsi heyətinin çıxarılması 31 dekabr 2002-ci ilədək başa çatdırılmalı idi, bu şərtlə ki, həmin vaxtadək sursatların və digər avadanlıqların Rusiyaya aparılması prosesi bitməli, qalan avadanlıqlar təhvil verilməli və ya balansdan silinməli və Moldova 21 oktyabr 1994-cü il tarixli sazişin 17-ci maddəsindən irəli gələn öhdəliklərini yerinə yetirməli idi.
b) Konvensiya Rusiya Federasiyası tərəfindən ratifikasiya edildikdən sonra
124. İstanbul Sammitindəki 19 noyabr 199-cu il tarixli bəyannamələrində ATƏT-in üzvü olan dövlətlərin dövlət və hökumət başçıları qeyd etdilər ki, onlar “Rusiya qoşunlarının Moldovadan tezliklə, nizamlı şəkildə və bütünlüklə çıxarılacağını” gözləyir və qüvvələrinin Moldova ərazisindən çıxarılmasını 2002-ci ilin sonunadək başa çatdırmaq barədə Rusiya Federasiyasının götürdüyü öhdəliyi alqışlayırlar. Nəhayət, onlar qeyd etdilər ki, beynəlxalq qiymətləndirmə missiyası Rusiyanın silah və sursatlarının aparılmasını və məhv edilməsini tədqiq etmək üçün yubanmadan oraya yollanmağa hazırdır.
125. 1999-cu ildə Avropa Şurasının Parlament Assambleyasına təqdim etdiyi qeydlərində Moldova Hökuməti bildirdi ki, həmin tarix üçün RƏQ-in Pridnestrovyedə saxlanılan silah və sursatlarının miqdarı ilə bağlı Rusiya hakimiyyətinin irəli sürdüyü rəsmi rəqəm 42.000 ton idi, amma bu rəqəmi yoxlamaq mümkün deyildi, çünki həm Rusiya hakimiyyəti, həm də Pridnestrovye separatçıları beynəlxalq qiymətləndirmə missiyasının işinə icazə verməkdən imtina etmişdilər.
Moldova hakimiyyəti diqqəti belə bir fakta cəlb etdi ki, RƏQ-in şəxsi heyətinin çıxarılmasının RƏQ-in çoxsaylı silah ehtiyatlarının çıxarılması ilə müşayiət olunmaması həmin silahların Pridnestrovye separatçılarının əlinə düşməsi riskini artıracaq.
126. RƏQ-ə məxsus olan bir sıra avadanlıqlar dəsti 1999-cu il ilə 2002-ci il arasında aparıldı.
127. 15 iyun 2001-ci ildə Rusiya Federasiyası və Pridnestrovye silah, sursat və hərbi texnologiyadan istifadə məqsədi ilə birgə işləməyə dair protokol imzaladılar.
128. 19 noyabr 2001-ci ildə Rusiya Hökuməti Məhkəməyə sənəd təqdim etdi, orada göstərilirdi ki, 2001-ci ilin oktyabrında Rusiya Federasiyası və “MPR” Rusiya qüvvələrinin çıxarılması barədə saziş imzalayıblar. Həmin sazişə əsasən, Pridnestrovyedə yerləşən Rusiya hərbi avadanlıqlarının çıxarılmasının kompensasiyası olaraq, “MPR”in Rusiya Federasiyasından ixrac edilən qaza görə borcunun bir milyon ABŞ dollarına bərabər məbləği güzəştə gedilir və avadanlıqların çıxarılmasının gedişində RƏQ mülki məqsədlər üçün istifadə edilə biləcək avadanlıqların bir hissəsini onun ixtiyarına verir.
129. 2002-ci ilin noyabrında Moldova Hökuməti tərəfindən Məhkəməyə təqdim edilmiş sənədə əsasən, 21 oktyabr 1994-cü il tarixli saziş əsasında 2002-ci ilin noyabrınadək Moldova Respublikasının ərazisindən çıxarılmış RƏQ-ə məxsus yüksək texnologiyalı silah, sursat və hərbi avadanlıqların həcmi 1994-cü ildə bəyan edilmiş Moldova ərazisində yerləşən silah, sursat və hərbi avadanlıqların həcminin cəmi 15%-ini təşkil edirdi.
130. ATƏT-in press-relizinə əsasən, körpüsalma avadanlıqları daşıyan 29 dəmiryol vaqonu və səyyar mətbəxlər 24 dekabr 2002-ci ildə köçürüldü.
Həmin press-relizdə RƏQ komandanı general Boris Sergeyevin bəyanatından sitat gətirilmişdi, bəyanatda deyilirdi ki, ən son çıxarılmalar Pridnestrovye ilə saziş vasitəsilə mümkün olmuşdur, həmin sazişə əsasən, Pridnestrovye hakimiyyəti çıxarılan qeyri-hərbi avadanlıqların və təchizatların yarısını almalı idi. General Sergeyev 16 dekabr 2002-ci ildə 177 yük maşınının çıxarılması nümunəsini misal gətirmişdi, onlar çıxarılmazdan əvvəl 77-si pridnestrovyelilərə verilmişdi.
131. 2001-ci ilin iyununda Rusiya Hökuməti tərəfindən Məhkəməyə təqdim edilmiş məlumata əsasən, Pridnestrovyedə RƏQ-in ixtiyarında təxminən 2.200 nəfərlik qoşun vardı. Verdiyi şahid ifadəsində general Sergeyev iddia etdi ki, 2002-ci ildə RƏQ-in qoşunlarının sayı cəmi 1.500 nəfərdən də aşağı enmişdi (bax: Əlavə, b. 338).
RƏQ-in Pridnestrovyedə saxladığı silah və sursatların miqdarı barədə Məhkəmə hər hansı dəqiq informasiya almayıb. Şahidlərin sözlərinə və Məhkəmə nümayəndələrinin aldığı şahid ifadəsinə görə (bax: Əlavə, cənab Snequr, b. 235), 2003-cü ildə RƏQ-in Pridnestrovyedə ən azı 200.000 ton hərbi avadanlığı və sursatı vardı, onlar əsasən Kolbasnada saxlanılırdı.
2001-ci ilin iyununda Rusiya Hökuməti tərəfindən təqdim edilən və tərəflərin şübhə altına almadığı məlumata əsasən, RƏQ-in əlavə olaraq aşağıdakı avadanlıqları da vardı: 106 döyüş tankı, 42 zirehli avtomobil, şəxsi heyəti daşıyan 109 zirehli maşın, kəşfiyyat üçün 54 zirehli nəqliyyat vasitəsi, 123 artilleriya mərmisi və minaanatanlar, tank əleyhinə 206 silah, təyyarə əleyhinə 226 silah, 9 helikopter və müxtəlif növ 1.648 nəqliyyat vasitəsi. Verdiyi şahid ifadəsində general Sergeyev iddia etdi ki, 108 döyüş tankı 2002-ci ildə məhv edilib və təyyarə əleyhinə müdafiə sistemlərinin məhvi davam etdirilir (bax: Əlavə: b. 341).
2. RƏQ ilə “MPR” arasında münasibətlər
132. RƏQ-in şəxsi heyəti və RƏQ-ə təhkim olunmuş prokurorlar və hakimlər Pridnestrovye hakimiyyəti ilə münasibətləri ilə bağlı hər hansı konkret təlimatlar almayıblar (bax: Əlavə: podpolkovnik Şamayev b. 374).
133. RƏQ-in şəxsi heyəti Pridnestrovye ərazisində sərbəst hərəkət edə bilir. Qoşunları və ya avadanlıqları köçürməzdən əvvəl RƏQ Pridnestrovyenin hakimiyyət orqanlarına məlumat verir. Bəzən bu köçürmələr insidentlərə səbəb olur, məsələn, RƏQ-in üç nəqliyyat vasitəsinin pridnestrovyelilər tərəfindən müsadirəsi bun misal ola bilər (bax: Əlavə: podpolkovnik Radzayeviçus, b. 363; podpolkovnik Şamayev, b. 376). Belə hallarda və təlimatların olmadığı şəraitdə RƏQ orqanları Pridnestrovyenin hakimiyyət orqanları ilə birbaşa danışıqlar aparmağa çalışırlar. Rusiya Federasiyasında qüvvədə olan hüquq normalarına əsasən, RƏQ-in cinayət təqibi orqanlarının Pridnestrovyenin ərazi yurisdiksiyasına aid olan işləri birbaşa Moldova hakimiyyət orqanlarına göndərmək səlahiyyəti yoxdur. Pridnestrovyeli mülki şəxs tərəfindən RƏQ-ə qarşı törədilmiş hər hansı oğurluq və ya digər cinayət aktı barədə RƏQ orqanları Rusiya Federasiyasının müvafiq orqanlarına məlumat verməlidirlər, çünki yalnız onlar işi Moldova hakimiyyət orqanlarına göndərə bilərlər.
Praktikada bu növ cinayət aktları Pridnestrovyenin hakimiyyət orqanları tərəfindən araşdırılır.
134. RƏQ müstəntiqləri RƏQ-in şəxsi heyəti tərəfindən və ya onların iştirakı törədilmiş cinayət aktlarını araşdırmaq səlahiyyətinə malikdirlər, özü də araşdırmalar yalnız ayrı-ayrı hərbçilər barəsində aparılır. Lakin bu günə qədər bu növ hər hansı iş barədə məlumat verilməyib (bax: Əlavə: podpolkovnik Levitski, b. 371; və cənab Timoşenko, b. 379).
135. Rusiya Hökuməti tərəfindən Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən, RƏQ-in mülki məqsədlər üçün istifadə edilən avadanlıq və qurğuları “MPR”ə verilməlidir. Məsələn, 1992-ci ildə 14-cü ordu tərəfindən ərizəçilərin həbsdə saxlanıldıqları bina 1998-ci ildə Pridnestrovye separatçılarına verildi. Cənab Timoşenkonun verdiyi şahid ifadəsinə əsasən, hazırda bina “MPR-in prokurorluq xidməti” tərəfindən istifadə edilir (bax: Əlavə: b. 380).
136. Cənab Yuri Pinteanın araşdırmasına əsasən (yuxarıda 118-ci bəndə bax), Kolbasna hərbi anbarı 1994-cü ildə iki hissəyə bölünüb, onlardan biri “MPR” üçün nəzərdə tutulub və “MPR” orada öz ordusu üçün sursat anbarı düzəldib. Cənab Pintea məlumat verir ki, 2001-ci ildə onun araşdırması nəşr edilərkən “MPR”in anbarında təhlükəsizliyini “MPR” ordusunun mexanikləşdirilərək gücləndirilmiş 300 nəfərlik piyada briqadası (həmin briqada zirehli nəqliyyat vasitələri ilə, tank əleyhinə silahlarla və minaatanlarla təchiz olunmuşdu), habelə təyyarə əleyhinə batareya qoruyurdu, həmin batareya bütövlükdə anbara gəliş-gediş hərəkətlərinə nəzarət edirdi. RƏQ-in anbarında təhlükəsizliyi RƏQ-in şəxsi heyəti təmin edirdi. Anbarların RƏQ-ə məxsus hissəsindən hərəkət edənlər üçün məxsusi olaraq Pridnestrovye gömrük postu qurulmuşdu. Bütövlükdə anbarların daxilində təhlükəsizliyi və hərəkəti kənardan müşahidə etmək mümkün deyildi.
C. Rusiya Federasiyası və Pridnestrovye arasında iqtisadi, siyasi və digər münasibətlər
1. Konvensiya 5 may 1998-ci ildə Rusiya Federasiyası tərəfindən ratifikasiya edilənə qədər
137. Ərizəçilər tərəfindən Məhkəmə təqdim edilən və tərəflərin şübhə altına almadıqları mətbuatda getmiş tarixsiz açıqlamalardan belə görünür ki, həmin dövrdə Rusiya Federasiyasının vitse-prezidenti olan cənab Rutskoy “Dnestrin sol sahilində yaradılmış qurumun qanuniliyini” tanıyıb.
138. Ərizəçilər tərəfindən Məhkəmə təqdim edilən və tərəflərin şübhə altına almadıqları, barəsində mətbuatda məlumat verilmiş tarixsiz televiziya kadrlarında Rusiya Federasiyasının prezidenti olan cənab Yeltsin demişdi: “Rusiya Pridnestrovye regionuna iqtisadi və siyasi dəstək verib, verir və verməkdə davam edəcək”.
139. Münaqişə bitdikdən sonra 14-cü ordunun yüksək rütbəli zabitləri Pridnestrovyenin ictimai həyatında iştirak etdilər. Konkret olaraq, 14-cü ordunun hərbçiləri Pridnestrovyedəki seçkilərdə, Pridnestrovye qüvvələrinin hərbi paradlarında və digər ictimai tədbirlərdə iştirak etdilər. İşin materiallarındakı sənədlər və bu məsələ ilə bağlı bir neçə şahidin verdiyi üst-üstə düşən və digər tərəflərin etiraz etmədikləri ifadələr göstərir ki, 11 sentyabr 1993-cü ildə RƏQ-in komandanı generalı Lebed “MPR-in Ali Sovetinin” üzvü seçilib (bax: Əlavə: cənab İlaşku, b. 26; cənab Uritu, b. 72; və X, b. 220).
140. Ərizəçilər iddia etdilər ki, Moldova hakimiyyətinin razılığı olmadan Pridnestrovyedə RƏQ-in ərazisində Rusiya Federasiyasının konsulluğu açılıb və orada səsvermə də daxil olmaqla müxtəlif fəaliyyətlər həyata keçirilib.
Rusiya Hökuməti Pridnestrovye ərazisində Rusiya Federasiyasının konsulluğu açıldığını inkar etdi.
27 fevral 2004-cü ildə Moldovanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Kişinyovdakı səfirliyinə nota göndərdi, orada Moldova hakimiyyəti Moldova hakimiyyətinin razılığı olmadan Rusiya Federasiyasının hakimiyyət orqanlarının 17 mart 2004-cü il tarixli prezident seçkisi üçün Pridnestrovye ərazisində on yeddi stasionar səsvermə məntəqəsi açmasından və bu hərəkəti ilə onları fakt qarşısında qoyaraq arzulolunmaz presedent yaratmasından təəssüfləndiyini ifadə etdi. Notada daha sonra deyilirdi ki, səsvermə məntəqələrinin açılmasını arzuedilən olduğu yerlər yalnız Tiraspoldakı RƏQ qərargahları, Tiginadakı (Benderı) sülhü mühafizə qüvvələrinin qərargahları, Rusiyanın Kişinyovdakı səfirliyi və səyyar səsvermə məntəqələri idi.
141. Məhkəmə qeyd edir ki, Tiraspolda adi konsulluq funksiyalarını yerinə yetirən və Rusiya vətəndaşlığına malik olan və ya onu əldə etməyi arzulayan bütün pridnestrovyelilər üçün açıq olan Rusiya konsulluğunun mövcudluğuna dair ərizəçilərin iddialarından savayı heç bir sübut yoxdur. Bundan əlavə, Moldovada ifadə vermiş şahidlərin heç biri bu iddiaları təsdiq etməyib. Təsdiqedici sübutların olmadığı bir şəraitdə Məhkəmə Rusiya vətəndaşlığına malik olan və ya onu əldə etməyi arzulayan bütün pridnestrovyelilər üçün Tiraspolda daimi əsasda Rusiya konsulluğunun açılmasının əsaslı şübhə yeri qalmadan sübuta yetirildiyini qəbul edə bilməz.
Digər tərəfdən, Məhkəmə Moldova hakimiyyətinin razılığı olmadan Rusiya hakimiyyəti tərəfindən Pridnestrovye ərazisində səsvermə məntəqələri qismində daimi əsasda fəaliyyət göstərən konsulluq məntəqələrinin açıldığını təsdiqlənmiş fakt kimi qəbul edir.
RƏQ-in ərazisində Rusiya Federasiyasının konsulluq idarəsinin mövcud olduğuna dair ərizəçilər tərəfindən təqdim edilmiş mətbuat məqalələrinə gəldikdə, Məhkəmə qeyd edir ki, bu məqalələrdəki fikirlər də üst-üstə düşmür. Lakin Rusiya Hökuməti bu cür idarənin mövcudluğunu inkar etməyib. Məhkəmə hesab edir ki, Pridnestrovye ərazisində yerləşən RƏQ-in xüsusi situasiyasını nəzərə alaraq, Rusiya əsgərlərinin adətən konsulluqlar tərəfindən nizamlanan müxtəlif problemlərini həll edə bilmələrinə xidmət edən praktiki məqsədlər üçün konsulluq idarəsinin açılmasının zəruriliyi inandırıcıdır.
142. Ərizəçilər iddia etdilər ki, 12 mart 1992-ci ildə Rusiya Mərkəzi Bankı Pridnestrovye Bankı üçün bir neçə hesab açıb. Digər tərəflər bu informasiyanın doğruluğunu şübhə altına almadılar.
143. 17 noyabr 1995-ci il tarixli 1334 İQD saylı qərarında Rusiya Federasiyasının Dövlət Duması Pridnestrovyeni “Rusiya üçün xüsusi strateji maraq zonası” elan etdi.
144. Tanınmış siyasətçilər və Rusiya Federasiyasının nümayəndələri Rusiyanın Pridnestrovyeyə verdiyi dəstəyi müxtəlif məqamlarda təsdiq etdilər. Duma təmsilçiləri və Rusiya Federasiyasının digər tanınmış xadimləri Pridnestrovyeyə səfərlər etmiş və oradakı rəsmi tədbirlərdə iştirak etmişdilər.
Öz növbəsində “MPR”in təmsilçiləri rəsmi səfərlərlə Moskvanı, xüsusən də Dumanı ziyarət etmişdilər.
145. Ərizəçilər həmçinin bildirdilər ki, münaqişədən bir neçə il sonra Prednestrovye rejiminin yaranmasına Rusiya hakimiyyətinin verdiyi dəstək Rusiyanın TV-Sentr kanalı ilə naməlum tarixdə yayımlanmış televiziya proqramında təsdiq edildi, həmin proqramda cənab Voronin, cənab Smirnov və cənab Xasbulatovdan müsahibə alınmışdı. 1991-ci ildən 1993-cü ilədək Rusiya parlamentinin sədri olmuş cənab Xasbulatov proqramın gedişində dedi ki, Moldovanın Rusiyanın təsir dairəsini tərk etməkdə olduğu aydınlaşdıqda orada “inzibati-ərazi anklavı” yaradıldı. Eyni proqramın gedişində Moldova prezidenti cənab Voronin dedi ki, sabiq Rusiya prezidenti cənab Yeltsin Kişinyovdakı demokratik rejimə qarşı cənab Smirnovdan istifadə etmək üçün onu dəstəkləyib.
Tərəflər bu faktları təkzib etmədilər.
146. 19 may 1994-cü ildə 14-cü ordunun keçmiş komandanı və “Pridnestrovye Respublikasının Müdafiə və Təhlükəsizlik İdarəsinin” keçmiş rəisi general-leytenant Yakovlev Rusiya Federasiyasının vətəndaşı oldu.
147. 1997-ci ildə cənab Marakutsa “MPR-in Ali Sovetinin sədri”nə Rusiya vətəndaşlığı verildi.
2. Konvensiya Rusiya Federasiyası tərəfindən ratifikasiya edildikdən sonra
148. 1999-cu ildə “MPR”in rəhbərlərindən biri olan cənab Karaman da Rusiya vətəndaşlığı əldə etdi.
149. Cənab Smirnova Rusiya vətəndaşlığı 1997-ci ildə (Rusiya Hökumətinin məlumatına görə) və ya 1999-cu ildə (ərizəçilərin məlumatına görə) verildi.
150. Ərizəçilərin sözlərinə görə (digər tərəflər bu məsələ ilə bağlı onların dediklərini şübhə altına almadılar), hərbi sənaye Pridnestrovye iqtisadiyyatının dayaqlarından biridir və Pridnestrovyedə silah istehsalına cəlb olunmuş Rusiya firmaları tərəfindən birbaşa dəstəklənir.
Yuri Pinteanın araşdırmasına əsasən (yuxarıda 118-ci bəndə bax), 1993-cü ildən başlayaraq Pridnestrovyenin silah firmaları Rusiyanın silah istehsalçısı və ticarətçisi “Rosvoorujeniye” də daxil olmaqla Rusiya firmalarının vəsaitlərinin və sifarişlərinin köməyi ilə yüksək texnologiyalı silahların istehsalı üzrə ixtisaslaşmağa başlayıblar. Rusiya şirkətləri Pridnestrovye firmalarını onların müasir silah və hərbi avadanlıq istehsalı üçün ehtiyac duyduqları texnologiya və avadanlıqlarla təchiz edir. Pridnestrovye firmaları həmçinin Rusiyanın silah istehsalçıları üçün komponentlər istehsal edirlər. Məsələn, “Elektronmaş” şirkəti istehsal etdiyi səssiz tapançalar üçün komponentləri Rusiya Federasiyasından alır və Rusiya Federasiyasında yığılan müxtəlif silah sistemləri üçün komponentlər göndərir.
151. Cənab Pinteanın araşdırmasına istinadən ərizəçilər bildirdilər ki, silahların “çıxarılması” adı altında RƏQ Pridnestrovye firmalarını hərbi sahədə istifadə üçün nəzərdə tutulan hissə və vasitələrlə təchiz edirdi. Onlar iddia etdilər ki, 82 mm çaplı minaatanlar istehsal edən Rıbnitsa maşınqayırma zavodu “daşına bilməyən sursatın məhv edilməsi” adı altında mütəmadi olaraq RƏQ-in Kolbasnadakı anbarlarından minaatanlar və qaubitsalarla (qoşalüləli ağır toplarla) dolu yük maşınları qəbul edir.
152. Bundan əlavə, Pridnestrovyenin iqtisadiyyatı və digər maraqları ilə RƏQ arasında qarşılıqlı asılılıq var, belə ki, RƏQ Pridnestrovyenin çoxlu sayda sakinlərini işlə təchiz edir.
Cənab Pinteanın eyni araşdırmasına əsasən, RƏQ-in Kolbasnada yerləşən bölməsinin komandanlıq strukturunun (sursat anbarında qulluq edənlər də daxil olmaqla) 70%-ə yaxını Rıbnitsa və Kolbasna sakinlərindən təşkil edilib, Kolbasna anbarlarının texniki heyətinin 100%-i (baş anbardarlar, texniklər və mexaniklər) region sakinləridir.
Ümumilikdə RƏQ qulluqçularının 50%-i və serjant heyətinin 80%-i “MPR” sakinləridir.
Digər tərəflər bu informasiyanı təkzib etmədilər.
153. Məhbusların Moldova hakimiyyət orqanlarından yan keçməklə köçürülməsi üçün məhkəmə fəaliyyəti sahəsində Rusiya Federasiyası ilə Pridnestrovye arasında əməkdaşlıq var. Prdnestrovyedə həbsə alınan rusiyalı məhbuslar bu əməkdaşlıq sayəsində Rusiya Federasiyası həbsxanasına köçürülüblər (bax: Əlavə: polkovnik Qolovaçov, b. 136; və cənab Sereda, b. 423).
154. Ərizəçilər mətbuat məqalələrinə istinadən iddia etdilər ki, Rusiya Federasiyası ilə “MPR” rəsmilərinin qarşılıqlı səfərləri davam edirdi. 16 fevral 1999-cu ildə “Pridnestrovye” qəzeti cənab Marakutsa, cənab Karaman və cənab Antiufeyevin daxil olduğu “MPR Ali Soveti”nin nümayəndə heyətinin Rusiya Federasiyasının Dumasına səfəri barədə məlumat vermişdi. 1 iyun 2001-ci ildə Dumadan olan səkkiz nəfərlik nümayəndə heyəti Tiraspola getdi və 4 iyun 2001-ci ilədək orada qaldı.
Bundan əlavə, 2001-ci il avqustun 28-i ilə sentyabrın 2-si arasında Duma üzvləri “MPR”in müstəqillik bəyannaməsinin 10 illik yubileyinin qeyd edilməsində iştirak etdilər.
155. “MPR” rəhbərləri Rusiya Federasiyasının müxtəlif institutları tərəfindən rəsmi adlar alıblar və dövlət orqanları tərəfindən fəxri qonaqlar kimi qarşılanıblar. ərizəçilərin təqdim etdikləri sənədlərdən belə görünür ki, cənab Smirnov Moskva Dövlət Universiteti tərəfindən Moskvaya dəvət olunub.
156. Rusiya Federasiyası qaz ixracatı məsələsində “MPR” ilə birbaşa əlaqələrə malikdir.
Rusiyanın “Qazprom” qrupunun sədri tərəfindən Moldova baş nazirinin müavininə 17 fevral 2000-ci ildə göndərilmiş teleqramdan göründüyü kimi, Moldovaya qaz təchizatı müqavilələri Pridnestrovyeyə şamil olunmur, sonuncuya qaz Moldovanın qalan hissələrinə nisbətən daha əlverişli maliyyə şərtləri ilə ayrıca göndərilir (bax: Əlavə: Y, b. 261; və cənab Sangeli, b. 268).
157. Pridnestrovye elektrik enerjisini birbaşa Rusiya Federasiyasından alır.
158. Pridnestrovyedə istehsal edilən məhsullar Rusiya bazarına ixrac edilir, onların bəziləri Rusiya məhsulları kimi qələmə verilir (bax: Əlavə: cənab Stratan, b. 333).
159. RƏQ öz qoşunlarını təchiz etmək üçün ehtiyac duyduğu müəyyən məhsulları birbaşa Pridnestrovye bazarından alır (bax: Əlavə: general Sergeyev, b. 347).
160. Rusiya şirkətləri Pridnestrovyedəki özəlləşdirmədə iştirak ediblər. Ərizəçilər tərəfindən təqdim edilmiş sənədlər göstərir ki, Moldova hakimiyyətinin buna qarşı çıxmasına baxmyaraq, Rusiyanın “İterra” firması Pridnestrovyedə ən iri müəssisə olan Rıbnitsa maşınqayırma zavodunu alıb.
161. Bundan başqa, 2002-ci ilin yanvarında Moldova Hökuməti Məhkəməyə Rusiya-Moldova münasibətləri və Pridnestrovye rejimi barədə Rusiya televiziyasının verişinin yazılığı videokaset təqdim edib. Rusiyalı şərhçi ilk növbədə son dövrlərdə Rusiya Federasiyası ilə Moldova Respublikası arasında imzalanmış dostluq müqaviləsini xatırladıb, həmin müqavilədə Moskva və Kişinyov “separatizmin bütün formalarını” pisləyiblər və “separatçı hərəkatlara hər hansı dəstək verməməyi” öhdələrinə götürüblər. Jurnalistin sözlərinə görə, müqavilədə Pridnestrovye münaqişəsində Rusiya Federasiyasının Moldovanı dəstəklədiyi birmənalı şəkildə təsdiq edilib. Verilişin qalan hissəsində Pridnestrovye iqtisadiyyatına müxtəlif aspektlərdən baxılıb və o, bütünlüklə Smirnov ailəsinin nəzarəti altında olan iqtisadiyyat kimi təqdim olunaraq bildirilib ki, ailənin əsas gəlir mənbəyini silahların istehsalından və Əfqanıstan, Pakistan, İraq və Çeçenistan kimi ölkələrə satışından gələn gəlir təşkil edir. Veriliş belə bir məlumatla bitib ki, Pridnestrovye hakimiyyəti “MPR” ərazisində verilişin yayımının qarşısını alaraq bunu pis hava şəraiti ilə izah edib.
D. Moldova-Pridnestrovye münasibətləri
1. Konvensiya 12 sentyabr 1997-ci ildə Moldova tərəfindən ratifikasiya edilənə qədər
162. Moldova hakimiyyəti “MRT” orqanlarını dövlət qurumu kimi heç vaxt tanımayıb.
163. 21 iyul 1992-ci il sazişindən sonra hər iki tərəf münaqişəni nizamlamaq məqsədi ilə münasibətlər yaradıb.
Təmaslar əsasən danışıq komitələri vasitəsilə yaradılırdı və Pridnestrovyenin statusuna dair siyasi məsələ ilə və gündəlik həyatın müxtəlif (iqtisadi, sosial və s.) aspektlərinin nizama salınması ilə bağlı idi.
164. Bir neçə şahidin uzlaşan ifadələrinə əsasən (bax: Əlavə: cənab Uritu, b. 66; cənab Postovan, b. 182; Z, b. 272; cənab Pluqaru, b. 286; və cənab Obrok, b. 430), Moldova ilə Pridnestrovye arasında ilk görüş 1992-ci ildəki döyüşlər zamanı hər iki tərəfdən əsir götürülmüş məhbusların dəyişdirilməsi ilə bağlı idi. Adətən bu dəyişmələr məhbus qrupları əlaqədar olurdu.
165. Bir neçə şahidin uzlaşan ifadələrinə əsasən (bax: Əlavə: cənab Uritu, b. 67; cənab Snequr, b. 239; və cənab Sturza, b. 311), 21 iyul 1992-ci il tarixli atəşkəsdən sonra danışıqlarda iştirak edən fiziki şəxslər və rəsmi nümayəndə heyətləri Pridnestrovyeyə səfər edə bilirdilər. Bəzən Pridnestrovye mühafizəçiləri gələnləri Pridnestrovyeyə buraxmaqdan imtina etdikdə insidentlər yaranırdı.
166. Fiziki şəxs qismində həkimlər istər məsləhətləşmələrdə, istərsə də peşə konfranslarında iştirak üçün Pridnestrovyeyə sərbəst gedə bilirdilər (bax: Əlavə: cənab Tıbırna, b. 84; və cənab Leşanu, b. 85).
167. 1993-cü ildən başlayaraq Moldova hakimiyyəti müəyyən Pridnestrovye rəsmilərinə qarşı cinayət proseslərinə başlayaraq onları saxta dövlət qulluqçusu statusunu tələb etməkdə təqsirləndirdi (aşağıda 221-ci və 230-cu bəndlərə bax).
168. Buna baxmayaraq, “MPR”in yüksək rəsmiləri Moldovaya qayıda və sonradan yüksək vəzifə tuta bildilər. Məsələn, 1991-ci ildə “MPR-in ədliyyə naziri” olmuş cənab Sidorov Pridnestrovyedən qayıtdıqdan sonra bir sıra yüksək dövlət vəzifələrini tutdu; o, 1994-cü ildən 1998-ci ilədək Moldova parlamentinin üzvü; 1998-ci ildən 2001-ci ilədək Moldovanın ombudsmanı; və 2001-ci ildən Moldova parlamentinin üzvü və parlamentin İnsan hüquqları və azlıqlar üzrə Komitəsinin sədri oldu (bax: Əlavə: cənab Sidorov, b. 437-438).
169. 7 fevral 1996-cı ildə ATƏT vasitəçilərinin, Rusiya və Ukraynanın iştirakı ilə Moldova hakimiyyəti Pridnestrovyeyə məxsus gömrük postlarının götürülməsini nəzərdə tutan protokol qəbul etdi.
2. Konvensiya Moldova tərəfindən ratifikasiya edildikdən sonra
170. 1997-ci ildən sonra insanların Pridnestrovye ilə Moldovanın qalan hissəsi arasında hərəkəti əvvəlki kimi eyni şərtlərlə baş verirdi, belə ki, Pridnestrovyenin hakimiyyət orqanları ərazilərindən keçidə icazə verib-verməməyi öz mülahizələri əsasında həll edirdilər. Rəsmi nümayəndə heyətləri və ya Moldovanın önəmli şəxsləri Pridnestrovyeyə daxil olmaq istədikdə buna icazə almaq üçün öncədən təmasa girmək zəruridir, hətta bu icazə istənilən vaxt ləğv oluna bilər (bax: Əlavə: cənab Sereda, b. 418). Məsələn, Moldova Hökuməti bildirdi ki, 2003-cü ildə Avropa İttifaqının Şurası tərəfindən İqor Smirnova və Pridnostrovyenin digər on altı rəhbərinə bir il müddətinə Avropa İttifaqına daxil olmağı qadağan edən qərarın qəbul edilməsinə cavab olaraq Pridnostrovye hakimiyyəti müəyyən Moldova rəhbərlərini, o cümlədən Moldova prezidentini, Moldova parlamentinin sədrini, baş naziri, ədliyyə nazirini və xarici işlər nazirini arzuolunmaz şəxs (persona non qrata) elan etdi.
171. Ərizəçilər iddia etdilər ki, cənab Smirnov, cənab Marakutsa və cənab Karaman da daxil olmaqla Pridnostrovye rəhbərləri Moldova vətəndaşlığına da malik idilər və Moldovanın diplomatik pasportlarını gəzdirirdilər. Bundan əlavə, Moldova Hökuməti onlara rəsmi imtiyazlar vermişdi.
Moldova Hökuməti bildirdi ki, Pridnostrovye rəhbərləri Moldova vətəndaşlığına da malik deyildilər, çünki Moldovanın şəxsiyyət sənədləri üçün heç vaxt müraciət etməmişdilər.
Məhkəmə qeyd edir ki, nümayəndələr tərəfindən bu mövzuda dindirilmiş şahidlər cənab Smirnova, cənab Marakutsaya və cənab Karamana nə vaxtsa Moldovanın şəxsiyyət sənədlərinin verildiyini inkar etdilər (bax: Əlavə: cənab Molojen, b. 396). Ərizəçilərin iddiaları digər ifadələrlə uzlaşmadığına görə Məhkəmə hesab edir ki, Moldova hakimiyyət orqanlarının Pridnestrovye rəhbərlərinə pasport vermələri əsaslı şübhə yeri qalmadan sübuta yetirilmədi.
172. Moldovanın bir sıra yüksək vəzifəli rəsmiləri, o cümlədən cənab Sturza, ədliyyə naziri, baş prokurorun müavini və 2000-ci ildən bəri Pridnestrovye ilə Danışıqlar Komitəsinin sədri Pridnestrovye siyasətçiləri ilə, o cümlədən cənab Smirnovla, cənab Marakusta ilə, “MPR-in bş prokuroru” ilə və “MPR-in Ali Məhkəməsinin sədri” ilə görüşmək üçün Tiraspola səfər etməkdə davam edirdilər. Ərizəçilərin durumu, onların azadlığa buraxılması məsələləri və Pridnestrovyenin yerli orqanları tərəfindən çıxarılmış rəsmi qərarlar da daxil olmaqla Pridnestrovyenin gələcək statusu barədə danışıqlar bu görüşlərdə müzakirə olunan əsas mövzular idi (bax: Əlavə: cənab Sturza, b. 312).
173. 16 may 2000-ci ildə Moldova parlamentinin sədri cənab Dyakov Tiraspoldakı kamerada cənab İlaşkuya baş çəkdi. Elə həmin gün Moldova prezidenti cənab Luçinski Tiraspola səfər etdi.
174. 16 may 2001-ci ildə Moldova prezidenti cənab Voronin və Pridnestrovyenin rəhbəri cənab Smirnov iki saziş imzaladılar: biri Moldova və Pridnestrovyenin hakimiyyət orqanlarının verdikləri sənədlərin qarşılıqlı surətdə tanınması barədə və digəri xarici investisiyaların cəlb olunması və müdafiəsi barədə.
175. İqtisadi əməkdaşlıq sahəsinə gəldikdə, ərizəçilər iddia etdilər ki, Moldovanın hakimiyyət orqanları Pridnestrovye məhsulları üçün mənşə sertifikatı verirdilər.
Moldova Hökuməti bu iddia barədə şərh vermədi.
176. Moldovanın hakimiyyət orqanlarının Pridnestrovyedən ixrac edilən mallar üçün mənşə sertifikatı vermək praktikası barədə ərizəçilərin və Rusiya Hökumətinin irəli sürdüyü iddiaya gəldikdə, Məhkəmə qeyd edir ki, bu iddia hər hansı ifadə ilə təsdiq edilməyib. Əksinə, gömrük rəisi cənab Stratan bu cür praktikanın mövcudluğunu inkar edib (bax: Əlavə: b. 327).
Ərizəçilərin iddialarının digər ifadələrlə uzlaşmadığı bir şəraitdə Məhkəmə Moldova hakimiyyətinin bu cür ixrac sertifikatları vasitəsilə Pridnestrovye iqtisadiyyatını dəstəkləmək siyasəti yeritməsini əsaslı şübhə yeri qalmadan sübuta yetirilmiş hesab edə bilməz.
177. Məhkəmə nümayəndələrinin aldıqları şahid ifadələri ilə təsdiqləndiyi kimi, Moldova prezidenti ilə “MPR-in prezidenti” arasında əldə edilmiş saziş əsasında həyata keçirilən əməkdaşlıqdan əlavə, Moldova və Pridnestrovye hakimiyyətləri arasında digər sahələrdə də az və ya çox dərəcədə de fakto əlaqələr vardı. Məsələn, Pridnestrovyenin Ədliyyə Nazirliyi, xüsusən onun penitensiar xidməti, habelə Moldovanın Ədliyyə Nazirliyi təmasda olurdular (bax: Əlavə: podpolkovnik Samsonov, b. 172). Eləcə də cinayətkarlığın qarşısının alınması maraqları naminə Moldova və Pridnestrovye hakimiyyətləri arasında məhkəmə və təhlükəsizlik məsələlərində qeyri-rəsmi münasibətlər vardı. Əməkdaşlıq haqqında heç bir saziş olmasa da, Moldova prokurorları və cinayət işlərini araşdıran istintaq əməkdaşları bəzən Pridnestrovyedən olan “həmkarlarına” zəng vurur, xüsusən informasiya əldə etmək və şahidləri çağırmaq üçün onlara müraciət edirdilər (bax: Əlavə: cənab Postovan, b. 190; və cənab Katanya, b. 206).
178. Pridnestrovye də daxil olmaqla bütün Moldova üçün vahid telefon sistemi mövcud idi. Kişinyovla Tiraspol arasında telefon zəngləri ölkədaxili zənglər sayılırdı (bax: Əlavə: cənab Molojen, b. 398; və cənab Sidorov, b. 454).
179. Moldova Hökumətinin İnformasiya İdarəsi Pridnestrovyedə yaşayanlar da daxil olmaqla Moldovada yaşayan bütün şəxslər üçün şəxsiyyət sənədləri (şəxsiyyət vəsiqələri) buraxır (bax: Əlavə: cənab Molojen, b. 399).
180. 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatı ilə sazişlərə əsasən Moldova hakimiyyəti Ukrayna ilə sərhəddə qarışıq Moldova-Ukrayna gömrük postları şəbəkəsi qurdu və Pridnestrovye hakimiyyətinin sərəncamında olmayan yeni gömrük ştampları tətbiq etdi. Məhkəmə Moldova-Ukrayna gömrük postlarının hələ də fəaliyyət göstərib-göstərmədiyi barədə məlumata malik deyil.
181. Əvvəlki bənddə qeyd edilən tədbirlərə cavab olaraq Pridnestrovye hakimiyyəti 18 sentyabr 2001-ci il tarixli məktubla Pridnestrovyenin statusuna dair danışıqları birtərəfli qaydada dayandırdığı barədə Moldova hakimiyyətinə məlumat verərək onu Pridnestrovyedən keçib Moldovaya gedən qaz və elektrik təchizatını dayandıracağı ilə hədələdi.
182. Moldova Hökuməti iddia etdi ki, Tigina (Benderı) dəmiryol qovşağında 2001-ci il insidenti zamanı Pridnestrovye hakimiyyəti moldovalı uşaqlar və ahıllar üçün humanitar hədiyyələrin olduğu 500 vaqonun və Avropa İttifaqından Moldova firmalarına neft və digər mallar daşıyan gəmilərin yolunu bağladı.
183. 6 fevral 2002-ci ildə ictimaiyyətə açıqlanan bəyanatında ATƏT-in Moldovadakı missiyası ATƏT-lə cənab Smirnov arasında 26 avqust 1993-cü il tarixli sazişi pozaraq 16 yanvar 2002-ci ildən ATƏT nümayəndələrinin “MPR”in nəzarət etdiyi əraziyə daxil olmasına mane olmağa başlayan Pridnestrovye hakimiyyətinin hərəkətlərini tənqid etdi.
184. 15 mart 2002-ci ildə Moldova Hökumət tərəfindən Məhkəməyə təqdim edilmiş sənəddən belə görünür ki, 7 mart 2002-ci il tarixli 40 saylı əmri ilə “MPR-in təhlükəsizlik naziri” Moldovanın Müdafiə və Daxili İşlər Nazirliklərinin, İnformasiya və Təhlükəsizlik Xidmətinin və Moldovanın digər hərbi qurumlarının nümayəndələrinin “MPR” ərazisinə daxil olmasına icazə verməkdən imtina edib.
185. Nəhayət, milli futbol çempionatı Pridnestrovye komandalarını da əhatə edir və Moldova futbol komandalarının oynadığı matçlar, o cümlədən beynəlxalq oyunlar tez-tez Tiraspolda keçirilir, 2003-cü ilin aprelində Niderlanda qarşı keçirilmiş oyun buna misal ola bilər (bax: Əlavə: cənab Sidorov, b. 454).
IV. İŞİN KONKRET HALLARI
186. Məhkəmə ərizəçilər tərəfindən iddia edilən və yazılı sübutlarla və şahid ifadələri ilə təsdiqlənən faktları, yəni ərizəçinin tutulması, ibtidai həbsi, məhkum edilməsi və həbsdə saxlanma şəraiti ilə bağlı faktları aşağıda qısaca ümumiləşdirir.
O, daha sonra qeyd edir ki, 24 oktyabr 2000-ci il tarixli yazılı qeydlərində Moldova Hökuməti ərizəçilərin tutulmasının, məhkum edilməsinin və həbsxanaya salınmasının halları ilə bağlı ərizəçilərin qiymətləndirməsini dəstəkləyib. Eyni qeydlərdə o həmçinin göstərib ki, ərizəçilər, şübhəsiz ki, həbs orderi olmadan tutulublar, iki ay ərzində 14-cü orduya məxsus yerlərdə saxlanılıblar və axtarış və müsadirələr də order olmadan həyata keçirilib.
Moldova Hökuməti bildirdi ki, saxlanma şəraiti barədə ərizəçilərin iddiaları olduqca inandırıcıdır.
187. Rusiya Hökuməti qeyd etdi ki, o, ərizəçilərin tutulmasının və məhkum edilməsinin halları və həbsdə saxlanma şəraiti ilə bağlı heç bir məlumata malik olmayıb.
A. Ərizəçilərin tutulması, ibtidai həbsi və məhkum edilməsi
1. Ərizəçilərin tutulması
188. Ərizəçilər, onların həyat yoldaşları və cənab Uritu tərəfindən verilən və ümumən cənab Timoşenkonun ifadəsinə uyğun gələn ifadələrdən görünür ki, ərizəçilər 1992-ci il iyunun 2-si ilə 4-ü arasında səhər çağı erkən saatlarda Tiraspoldakı evlərində həbs ediliblər. Onları bir neçə şəxs həbs edib, onlardan bəzilərinin əynində SSRİ-nin 14-cü ordusunun nişanları olan forma olub, digərləri isə hər hansı fərqləndirici nişanları olmayan kamuflyajlı geyim geyiblər.
Onların həbsinin təfsilatları aşağıdakı kimidir.
189. İkinci ərizəçi cənab Aleksandru Leşko 2 iyun 1992-ci ildə gecə saat 2.45-də həbs olunub. Ertəsi gün qonşularının iştirakı ilə onun evində axtarış aparılıb.
190. Həmin vaxt Xalq Cəbhəsinin (Moldova parlamentində təmsil olunan partiyanın) yerli lideri olan və Moldovanın Rumıniyaya birləşməsi üçün təşviqat aparan birinci ərizəçi İlie İlaşku 2 iyun 1992-ci ildə təxminən gecə saat 4.30-da həbs olunub, həbs zamanı avtomat silahlarla silahlanmış on və ya on iki şəxs zorla onun Tiraspoldakı evinə daxil olaraq orada axtarış aparıb və müəyyən əşyaları müsadirə edib. Ərizəçinin sözlərinə görə müsadirə olunan əşyalar arasında tapança da vardı, ərizəçinin sözlərinə görə, o, otaqları axtaran şəxslər tərəfindən onun evinə qoyulmuşdu. Ərizəçi iddia etdi ki, onun həbsi və evindəki axtarış bu barədə order olmadan həyata keçirilib. Ona məlumat verilib ki, o, Xalq Cəbhəsinin üzvü olduğuna və Moldova ilə müharibə vəziyyətində olan “MPR”in sabitliyinə təhlükə təşkil etdiyinə görə həbs edilir.
191. Üçüncü ərizəçi Andrey İvantsok 2 iyun 1992-ci ildə təxminən səhər saat 8-də öz evində bir neçə silahlı şəxs tərəfindən həbs edilib, onlar silahlarını ucu ilə onu vurublar və təpikləyiblər. Ərizəçinin sözlərinə görə, bundan aparılan axtarış zamanı bir neçə xalça, 50.000 rubl və “yaraşıqlı” qol saatı müsadirə edilib.
192. Dördüncü ərizəçi Tudor Petrov-Popa 4 iyun 1992-ci ildə səhər saat 6.45-də iki şəxs tərəfindən həbs edilib, onlardan biri polis əməkdaşı Viktor Qusan olub. Təxminən səhər saat 11-də iki dövlət prokuroru cənab Starojuk və cənab Qlazırin ərizəçinin iştirakı olmadan onun evini axtarıblar.
193. Dövlət prokuroru Starojuk tərəfindən tərtib edilmiş 140 səhifəlik ittiham aktına əsasən ərizəçilər, digər məsələlərlə yanaşı, Moldova Xalq Cəbhəsinin və Rumıniyanın rəhbərliyi altında antisovet fəaliyyətlərində və qanuni Pridnestrovye dövlətinə qarşı qanunsuz vasitələrlə mübarizə aparmaqda təqsirləndirildilər. Eləcə də onlar, ittiham aktına görə, bəzi hallarda Moldova Respublikasının, digər hallarda isə Moldaviya Sovet Sosialist Respublikasının Cinayət Məcəlləsinə əsasən cəzalandırılmalı olan bir sıra cinayətlər törətməkdə təqsirləndirildilər. Ərizəçilərin təqsirləndirildikləri cinayətlərə iki pridnestrovyelinin – cənab Qusarın və cənab Ostapenkonun qətli də daxil idi (həmçinin aşağıda 225-ci bəndə bax).
194. Ərizəçilərin və digər şahidlərin bir-biri ilə uzlaşan ifadələrindən göründüyü kimi (bax: Əlavə: cənab Uritu, b. 55-56 və 60-61; xanım Leşko, b. 30-31; və xanım İvantsok, b. 38 və 41), ərizəçilər Tiraspol polis qərargahına aparılıblar (güman ki, ora həm də “MPR Təhlükəsizlik Nazirliyinin” binası idi), orada dindiriliblər və bir neçə gün qəddar rəftara məruz qalıblar. Onları dindirənlər “təhlükəsizlik nazirinin müavini” Vladimir Qorbovdan, “nazir” Vladimir Antiufeyevdən (və ya Şevtsovdan) və Quşan adlı şəxsdən ibarət idi. Bəzi mühafizəçilər və müstəntiqlər 14-cü ordunun sovet şəxsi heyəti tərəfindən istifadə edilən forma ilə eyni və ya ona oxşar forma geymişdilər. Polis qərargahında həbsdə saxlanıldıqları birinci gün ərzində ərizəçilər mütəmadi olaraq qəddarcasına döyüldülər və onlara yeməyə və içməyə praktiki olaraq heç nə verilmədi. Dindirmələr çox vaxt gecə vaxtı keçirilirdi və gündüz vaxtı onların istirahət etməsinə icazə verilmirdi.
195. Birinci ərizəçi dedi ki, o, həbsindən dərhal sonra “MPR Təhlükəsizlik Nazirliyinin” idarəsinə gətirilib, orada beş nəfər başqa şəxs də olub, onlar ona Rusiya əks-kəşfiyyat xidmətinin polkovnikləri kimi təqdim edilib. Onlar ondan xahiş ediblər ki, azadlığa buraxılması müqabilində Pridnostrovyenin xidmətinə keçərək SSRİ-nin xüsusi qoşunlarında hərbi xidmət keçdiyi zaman əldə etdiyi bilik və təcrübəni tətbiq etsin və özünü Rumıniya kəşfiyyat xidməti üçün işləyən casus kimi qələmə versin. Ərizəçi iddia etdi ki, o, bu təklifi rədd etdikdə ona dedilər ki, bunun yeganə alternativi qəbiristanlıqdır.
2. Birinci üç ərizəçinin 14-cü ordunun binasında həbsdə saxlanılması
196. Həbsə alındıqdan bir neçə gün sonra birinci üç ərizəçi üzərində Rusiya nişanları olan nəqliyyat vasitələri ilə ayrıca olaraq 14-cü ordunun Suvorov küçəsindəki komendaturasına aparıldı.
Ərizəçilər bildirdilər ki, 14-cü ordunun ərazisində həbsdə saxlanılarkən onların keşiyini həmin ordunun əsgərləri çəkirdilər və onlar orada olarkən Pridnestrovyenin polis əməkdaşları onları görmək üçün onların kameralarına gəlmişdilər. Onlar həmçinin iddia etdilər ki, bu müddətdə onlar 14-cü ordunun şəxsi heyəti tərəfindən işgəncəyə məruz qalıblar.
Moldova Hökuməti bildirdi ki, moldovalı şahidlərin və cənab Timoşenkonun Məhkəmə nümayəndələrinə verdiyi ifadələrin işığında açıq-aydın məlum olur ki, 14-cü ordunun şəxsi heyəti ərizəçilərin həbsində və dindirilməsində iştirak edib.
1 sentyabr 2003-cü il tarixli qeydlərində Rusiya Hökuməti özünün ilkin mövqeyini təkrar etdi, yəni bildirdi ki, Məhkəmə 1992-ci ildə baş vermiş hadisələri araşdırmaq üçün zamana görə (ratione temporis) yurisdiksiyaya malik deyil.
Bununla belə, işin mahiyyətinə gəldikdə, Hökumət ərizəçilərin 14-cü ordunun binasında saxlanıldığını etiraf etdi, amma qeyd etdi ki, onlar çox qısa müddətdə həbsdə saxlanılıblar və bu həbs istənilən halda qanunsuz idi. Hökumət bildirdi ki, hərbi prokuror bu qanunsuz həbsdən xəbər tutan kimi ona son qoyub. Hökumət ərizəçilərin ilkin həbsində Rusiya hərbçilərinin iştirak edib-etmədiyinə dair şərh bildirmədi.
O, bildirdi ki, ərizəçilərin saxlanılması üçün kameralar təqdim etməkdən savayı 14-cü ordunun şəxsi heyəti qanunsuz heç nə etməyib. Konkret olaraq, onlar ərizəçilərin saxlanıldığı kameraların keşiyini çəkməyiblər. Bununla bağlı Hökumət bildirdi ki, ərizəçilər mühafizəçilərin formalarında Rusiya nişanlarını görməyə bilərdilər, çünki SSRİ-nin nişanlarını əvəz etmiş yeni Rusiya nişanları yalnız 28 iyul 1994-cü ildə Rusiya Federasiyasının müdafiə naziri tərəfindən qəbul edilmiş 2555 saylı əmrlə tətbiq edilmişdi.
Rusiya Hökuməti daha sonra bildirdi ki, polkovnik Qusarov (aşağıda 270-ci bəndə bax) Pridnestrovye ərazisində yerləşən Rusiya hərbi qruplaşmalarında qulluq etmirdi, o, “MPR-in Daxili İşlər Nazirliyində” xidmət edirdi.
197. Məhkəmə qeyd edir ki, birinci üç ərizəçi 14-cü ordunun komendaturasında iki ay həbsdə saxlanıldıqlarını iddia ediblər (bax: Əlavə: cənab İlaşku, b. 2, 4 və 11; cənab Uritu, b. 55-56; cənab İvantsok, b. 94-95; cənab Leşko, b. 114 və 117; cənab Petrov-Popa, b. 124; xanım Leşko, b. 33-34; xanım İvantsok, b. 39; xanım Petrov-Popa, b. 48).
Bu məsələ ilə bağlı Məhkəmə qeyd edir ki, cənab Timoşenko şahid ifadəsində (bax: Əlavə, b. 381) bildirib ki, ərizəçilər 14-cü ordunun binasında çox qısa müddət ərzində qalıblar, hərçənd ki, onların orada nə qədər qaldıqlarını dəqiq deyə bilməyib.
Məhkəmə cənab Timoşenkonun ifadəsini şübhə altına almadan (onun fikrincə bu ifadəyə inanmaq olar) hesab edir ki, həmin ifadədə, ərizəçilərin 14-cü ordunun binasında keçirdikləri müddət də daxil olmaqla, bir sıra dolaşıq detallar var və üstəlik, bu ifadə digər ifadələrlə təkzib olunur.
198. Tiraspol komendaturasının komandanı Mixail Berqman idi. Burada ərizəçilərin hərəsi bir kamerada saxlanılırdı. Ərizəçilərlə eyni vaxtda həbsə alınmış cənab Qodiak eyni binada saxlanılırdı. Dindirilərkən və ya kameralarına kimsə gələrkən ərizəçilər cənab Qorbovu və bəziləri 14-cü ordunun formasını geymiş hərbi qulluqçuları görürdülər. Onlar xüsusən gecə vaxtı dindirilirdilər, dindirmələr qəddar rəftarla müşayiət olunurdu. Onları başqa vaxtlarda da döyürdülər. Ərizəçilər 14-cü ordunun formasını geymiş hərbçilər tərəfindən mütəmadi olaraq qəddarcasına döyülürdülər. Pridnestrovyenin polis əməkdaşları bəzən ərizəçilərə qarşı qəddar rəftarda iştirak edirdilər.
İlie İlaşkunun üzərində dörd dəfə yalançı ölüm cəzası icra edilmişdi. Birinci dəfə onun ölüm cəzası barədə qərar ucadan oxunmuş, qalan hallarda isə o, gözləri bağlı halda küçəyə çıxarılmış və mühafizəçilər ona huşunu itirənə qədər boş (gülləsiz) patronlarla atəş açmışdılar.
İkinci ərizəçi zolama ilə təhdid edilmişdi. Bir ay sonra üçüncü ərizəçi aldığı zərbələrdən psixiatriya xəstəxanasına qəbul edilmiş və bir ay orada qalmışdı (bax: Əlavə: cənab İvansok, b. 97).
199. Kameralarda nə tualet, nə su, nə də təbii işıq vardı. Hər bir kamerada daim elektrik lampası yanırdı. Divara bərkidilmiş qatlanan çarpayılar gecə vaxtı açılır və səhər saat səkkizdə yenidən yığılırdı.
Ərizəçilər gündə yalnız on beş dəqiqə həyətdə bağlı yerdə idman edirdilər. 14-cü ordunun komendaturasında həbsdə saxlanıldıqları müddətdə onlar nə yuyunmaq, nə də paltarlarını dəyişmək imkanına malik idilər.
Tualetlər koridor boyunca yerləşirdi və məhbuslar yalnız gündə bir dəfə Elzas itinin müşayiəti ilə mühafizəçilər tərəfindən oraya aparılırdı. Onların tualetdə işlərini görmək üçün cəmi qırx beş saniyə vaxtları vardı və bilirdilər ki, yubansalar iti onların üzərinə buraxa bilərlər. Ərizəçilər tualetə yuxarıda təsvir edilən şəraitdə gündə bir dəfə aparıldıqları üçün təbii ehtiyaclarını kameralarda ödəməli olurdular (bax: Əlavə: cənab İvantsok, b. 95; cənab Leşko, b. 115; xanım Leşko, 33; və xanım İvantsok, b. 40).
Onlar ətraf aləmdən təcrid olunmuşdular. Ailələrinin onlarla əlaqə saxlamasına və ya onlara bağlama göndərməsinə icazə verilmirdi. Onlar poçt göndərmək və almaq və vəkillərlə görüşmək imkanına malik deyildilər.
200. 23 avqust 1992-ci ildə general Lebed 14-cü ordunun komandanlığına keçdikdən sonra ordunun Tiraspoldakı komendaturasının qərargahında saxlanılan şəxslər, o cümlədən ərizəçilər Tiraspol polis qərargahına köçürüldülər. Köçürmə 14-cü ordunun hərbçiləri tərəfindən 14-cü ordunun nəqliyyat vasitələrində həyata keçirildi (bax: Əlavə: cənab İlaşku, b. 11; cənab Uritu, b. 55; və xanım İvantsok, b. 39).
3. Tiraspol polis həbsxanasının saxlama mərkəzində həbsdə saxlanılma və məhkəmə araşdırması zamanı həbsxanaya köçürülmə
201. Yazılı ifadələrdə və hal şahidlərinin verdiyi ifadələrdə, habelə digər şahidlərin uzlaşan ifadələrində təsvir edilmiş ərizəçilərin həbsdə saxlanılma şəraiti aşağıda qısaca ümumiləşdirilir.
202. Birinci ərizəçi Tiraspol polis qərargahındakı kamerada altı aya yaxın – 1993-cü ilin aprelinədək, yəni məhkəmə araşdırması başlanana qədər qaldı.
203. İkinci ərizəçi 14-cü ordunun komendaturasından Tiraspol polis qərargahına köçürüldü və 1993-cü ilin aprelinədək, yəni məhkəmə araşdırması başlanana qədər orada qaldı.
204. Üçüncü ərizəçi bir ay 14-cü ordunun komendaturasında qaldı. Sonra o, psixiatriya xəstəxanasına salındı və bir aya yaxın orada qaldı. Xəstəxanadan qayıtdıqdan sonra o, geriyə – 14-cü ordunun komendaturasına qaytarıldı və dərhal Tiraspol polis qərargahına köçürülərək 1993-cü ilin aprelinədək orada qaldı.
205. Dördüncü ərizəçi məhkəmə araşdırması başlanana qədər Tiraspol polis qərargahında saxlanıldı.
206. Tiraspol polis qərargahının saxlama mərkəzində dindirmələr gecə vaxtı keçirilirdi. Orada ərizəçilər mütəmadi olaraq, xüsusən də 14-cü ordunun komendaturasına qayıtdıqdan sonrakı ay ərzində döyülmüşdülər.
207. Kameralarda təbii işıq yox idi. İlk bir neçə ay ərzində onların ailələri və ya vəkilləri ilə görüşməsinə icazə verilmirdi. Sonradan polisin mülahizəsindən asılı olaraq onların ailələri ilə görüşmələrinə icazə verildi və onlar mütəmadi zaman intervalları ilə olmasa da bağlamalar almağa başladılar. Çox vaxt onlar ailələrinin göndərdiyi ərzağı yeyə bilmirdilər, çünki onlar təhlükəsizlik səbəblərinə görə aparılan axtarışlar ucbatından xarab olurdu. Onların məktub almasına və ya göndərməsinə icazə verilmirdi və vəkilləri ilə danışa bilmirdilər.
208. Bu müddət ərzində ərizəçilər yalnız nadir hallarda həkimlə görüşə bilmişdilər və qəddar rəftara məruz qaldıqda sonradan həkim onlara çox gec baş çəkirdi.
Cənab İvantsoka təyin olunan hallüsinogen dərmanlar onda xroniki miqren yaratmışdı. Bu müddətdə o, baş ağrıları ilə bağlı müalicə almadı və həyat yoldaşının ona dərmanlar göndərməsinə icazə verilmədi.
209. Cənab İlaşku ilk dəfə vəkilini həbsindən bir neçə ay sonra 1992-ci ilin sentyabrında görə bildi.
210. Dəqiq bilinməyən tarixdə ərizəçilər məhkəmə araşdırmasına hazırlıq üçün Tiraspol həbsxanasına köçürüldülər. Məhkəmə araşdırmasını gözlədikləri müddətdə həbsdə olarkən onlar müxtəlif formada qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qaldılar: onlar qəddarcasına döyüldülər; üzərlərinə Elzas itləri buraxıldı; kamerada təkbaşına saxlanıldılar və azadlığa buraxılmaq vədini qəbul edərək etirafları imzalamağa təhrik edilmək üçün siyasi situasiya barədə və ailələrinin sağlamlığı barədə yalan məlumatlarla təchiz edildilər; nəhayət, onlar ölüm cəzası ilə təhdid edildilər.
211. Andrey İvantsok və Tudor Petrov-Popa psixiatrik maddələrlə müalicə olundular və nəticədə cənab İvantsok psixi pozuntular keçirdi.
4. Ərizəçilərin məhkəmə araşdırması və məhkum edilmələri
212. Ərizəçilər “Moldovanın Pridnestrovye Respublikasının Ali Məhkəməsi” qarşısına çıxarıldılar, ilk öncə bu məhkəmə Kirov dövlət şirkətinin zalında və daha sonra Tiraspol mədəniyyət mərkəzinin konsert salonunda iclas keçirdi. 21 aprel 1993-cü ildə başlanan və 9 dekabr 1993-cü ildə başa çatan məhkəmə araşdırması zamanı məhkəmə otağına yalnız Pridnestrovye sakini olduqlarını sübut edə bilən Moldova vətəndaşlarının daxil olmasına icazə verildi. Zalda və hakimlərin oturduğu hissədə silahlı polislər və hərbçilər vardı. Ərizəçilər məhkəmə araşdırmasında bağlı metal qəfəsə salınmış halda iştirak etdilər. Şahidlər arzu etdikləri təqdirdə məhkəmə araşdırmasında iştirak edə bilərdilər, digər şahidlər ifadə verərkən onların məhkəmə zalından çıxması tələb olunmurdu. Bir çox hallarda məhkəmə araşdırması zamanı ərizəçilərin vəkilləri ilə yalnız silahlı polis əməkdaşlarının yanında danışmalarına icazə verildi. Dinləmələr gərgin mühitdə keçdi, ictimaiyyət nümayəndələrinin əllərində ərizəçilərə qarşı düşmənçilik ifadə edən plakatlar vardı. Məhkəmə dəftərxanasına ərizəçilər tərəfindən təqdim edilən, məhkəmə zalından çəkilmiş və Moldova qəzetində dərc olunmuş fotoşəkildən göründüyü kimi, bu plakatlardan birində bu sözlər yazılmışdı: “Terrorçular məsuliyyətə cəlb olunsunlar!” (Teрpopиcтoв – к oтвeту!).
213. Ərizəçilər işinə aşağıdakı üç hakimdən ibarət tərkibdə məhkəmə baxdı: Moldova Ali Məhkəməsinin keçmiş hakimi xanım İvanova (sədrlik edən); “MPR-in Ali Məhkəməsinə” təyin olunmazdan əvvəl bir il Moldova prokurorluğunda işləyən, məhkəmə araşdırması keçirilən zaman 28 yaşında olan cənab Myazin; və cənab Zenin.
214. Məhkəmə protokolunda qeyd olunur ki, RƏQ zabiti komandir Mixil Berqman iclasda şahid qismində iştirak edib. O, məhkəməyə deyib ki, ərizəçilər 14-cü ordunun binasında saxlanıldıqları müddətdə onun tabeçiliyindəki şəxslər tərəfindən qəddar rəftara məruz qalmayıblar və heç bir şikayət etməyiblər.
215. Məhkəmə 9 dekabr 1993-cü ildə hökm çıxardı.
216. O, birinci ərizəçini Moldaviya Sovet Sosialist Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş bir sıra cinayətlərdə, o cümlədən aşağıdakılarda təqsirkar hesab etdi: milli təhlükəsizliyə qarşı cinayət törətməyə təhrik etmə (maddə 67); dövlətə qarşı xüsusilə təhlükəli cinayətlər törətmək məqsədi ilə müxtəlif fəaliyyətləri təşkil etmə (maddə 69); qorxu yaymaq məqsədi ilə dövlət nümayəndəsini qətlə yetirmə (maddə 63); qabaqcadan planlaşdırmaqla qətl törətmə (maddə 88); nəqliyyat vasitələrini qanunsuz olaraq müsadirə etmə (maddə 182); başqasının mülkiyyətini bilərəkdən məhv etmə (maddə 127); və sursatlardan və ya partlayıcı maddələrdən qanunsuz və ya icazəsiz istifadə (maddə 227). Məhkəmə onu ölüm cəzasına məhkum etdi və əmlakının müsadirə olunması barədə qərar çıxardı.
217. Məhkəmə ikinci ərizəçini qorxu yaymaq məqsədi ilə dövlət nümayəndəsini qətlə yetirmə (maddə 63); başqasının mülkiyyətini bilərəkdən məhv etmə (maddə 127); və sursatlardan və ya partlayıcı maddələrdən icazəsiz istifadə (maddə 227, bənd 2) əməllərində təqsirkar hesab etdi və cəzasını ağır rejimli islah koloniyasında çəkməklə on iki azadlıqdan məhrum edilmə və əmlak müsadirəsi cəzasına məhkum etdi.
218. Üçüncü ərizəçi qorxu yaymaq məqsədi ilə dövlət nümayəndəsini qətlə yetirmə (maddə 63); sursatların və ya partlayıcı maddələrin icazəsiz istifadəsi və oğurluğu (maddə 227 və maddə 227-1, bənd 2); at qoşulan nəqliyyat vasitəsini qanunsuz olaraq müsadirə etmə (maddə 182, bənd 3); başqasının mülkiyyətini bilərəkdən məhv etmə (maddə 127); sursatların və ya partlayıcı maddələrin icazəsiz istifadəsi və oğurluğu (maddə 227 və maddə 227-1, bənd 2); və basqın (maddə 96, bənd 2) əməllərində təqsirkar hesab edildi. O, cəzasını ağır rejimli islah koloniyasında çəkməklə on beş azadlıqdan məhrum edilmə və əmlak müsadirəsi cəzasına məhkum edildi.
219. Dördüncü ərizəçi qorxu yaymaq məqsədi ilə dövlət nümayəndəsini qətlə yetirmə (maddə 63); basqın (maddə 96, bənd 2); at qoşulan nəqliyyat vasitəsini qanunsuz olaraq müsadirə etmə (maddə 182, bənd 3); başqasının mülkiyyətini bilərəkdən məhv etmə (maddə 127); və sursatların və ya partlayıcı maddələrin icazəsiz istifadəsi və oğurluğu (maddə 227 və maddə 227-1, bənd 2) əməllərində təqsirkar hesab edildi. O, on beş azadlıqdan məhrum edilmə və əmlak müsadirəsi cəzasına məhkum edildi.
B. Ərizəçilərin məhkum edilməsindən sonrakı hadisələr; cənab İlaşkunun azad edilməsi
220. 9 dekabr 1993-cü ildə Moldova Respublikasının prezidenti ərizəçilərin məhkum olunmasını qanunsuz elan edərək belə əsas gətirdi ki, hökm konstitusiyaya zidd olan məhkəmə tərəfindən çıxarılıb.
221. 28 dekabr 1993-cü ildə Moldova baş prokurorunun müavini ərizəçilərin Pridnestrovyedə cinayət təqibinə məruz qalaraq məhkum olunmasında iştirak etmiş “hakimlər”, “prokurorlar” və digər şəxslər barəsində cinayət istintaqına başlamaq barədə qərar çıxararaq onları Moldova Respublikasının Cinayət Məcəlləsinin 190-cı və 192-ci maddələrinə əsasən qanunsuz həbsdə təqsirləndirdi.
222. 3 fevral 1994-cü ildə Moldova Respublikasının Ali Məhkəməsi “MPR-in Ali Məhkəməsi”nin 9 dekabr 1993-cü il tarixli hökmünə öz təşəbbüsü ilə baxdı və hökmü çıxarmış məhkəmə qanunsuz məhkəmə olduğunu əsas gətirərək hökmü ləğv etdi və Cinayət Prosessual Məcəlləsinin 93-cü maddəsinə əsasən yeni istintaq aparılması üçün işin materiallarını Moldova dövlət prokuroruna göndərdi. Yazılı ifadələrdən, Moldova Hökumətinin təqdim etdiyi məlumatlardan və 2003-cü ilin sentyabrında Məhkəmə tərəfindən Kişinyovda dinlənilmiş şahidlərin verdiyi ifadələrdən belə məlum olur ki, 3 fevral 1994-cü il tarixli qərarla təyin olunan istintaq nəticəsiz qalıb (bax: Əlavə: cənab Postovan, b. 184; cənab Rusu, b. 302).
223. Bundan əlavə, Moldova Respublikasının Ali Məhkəməsi ərizəçilərin həbs orderini ləğv edərək onların azad edilməsi barədə qərar çıxarıb və dövlət prokuroruna tapşırıb ki, Pridnestrovyenin Ali Məhkəməsi adlandırılan qurumun bilərəkdən qanunsuz qərar çıxarmış hakimləri barəsində cinayət təqibinə başlamağın mümkünlüyünü nəzərdən keçirsin, belə ki, həmin hüquq pozuntusu Cinayət Məcəlləsinin 190-192-ci maddələrinə əsasən cəzalandırılır.
224. “MPR” hakimiyyəti 3 fevral 1994-cü il tarixli qərara heç bir cavab vermədi.
225. Moldovanın hakimiyyət orqanları cənab Qusarın və cənab Ostapenkonun müvafiq olaraq 1992-ci ilin aprelində və mayında baş vermiş ölümü ilə bağlı istintaqa başladılar, amma dövlət prokurorluğu xidməti Pridnestrovyenin məhkəmə və polis orqanları tərəfindən hər hansı əməkdaşlıq olmadığına görə 6 iyun 1992-ci ildə Moldova Cinayət Prosessual Məcəlləsinin 172-ci maddəsinin 3-cü bəndinə əsasən bu istintaqı dayandırdı. İstintaq 9 sentyabr 2000-ci ildə təzələndi. Nəticədə “MPR-in dövlət prokuroru” cənab V.P. Zaxarova əməkdaşlıq (sənədlərin göndərilməsi) barədə bir neçə sorğu göndərildi. Heç bir cavab almayan Moldova dövlət prokurorluğu xidməti 9 dekabr 2000-ci ildə istintaqı yenidən dayandırdı. O vaxtdan bəri istintaq təzələnməyib.
226. 4 avqust 1995-ci il tarixli fərmanı ilə Moldova Respublikasının prezidenti Moldova Konstitusiyanın qəbulunun bir illiyi münasibətilə amnistiya qanunu elan etdi. Amnistiya konkret olaraq Cinayət Məcəlləsinin 227, 227-1 və 227-2-ci maddələrində nəzərdə tutulan, 1 yanvar 1990-cı ildən sonra Dnestrin sol sahilindəki bir neçə əyalətdə törədilən cinayətlərə görə məhkum olunanlara şamil edildi.
227. 3 oktyabr 1995-ci ildə Moldova parlamenti ərizəçilərin siyasi məhbus kimi həbsdə saxlanılması probleminə prioritet verməyi və vəziyyətin gedişatı barədə və məsələnin həlli üçün görülən tədbirlər haqqında onu mütəmadi məlumatlandırmağı Hökumətindən xahiş etdi və Xarici İşlər Nazirliyindən tələb etdi ki, ərizəçilərin (“İlaşku qrupunun”nun) azad olunmasını təmin etmək məqsədi ilə Moldovanın diplomatik missiyalarının olduğu ölkələrdən qətiyyətli dəstək almağa çalışsın.
228. Azadlıqdan məhrum edilməsinə baxmayaraq, birinci ərizəçi 25 fevral 1994-cü ildə və sonra yenidən 22 mart 1998-ci ildə Moldova parlamentinə üzv seçildi, amma azadlıqdan məhrum edildiyinə görə heç vaxt parlament iclaslarında iştirak edə bilmədi.
229. 16 avqust 2000-ci ildə dövlət prokuroru “MPR”in “hakimlərinə” və “prokurorlarına” qarşı 28 dekabr 1993-cü il tarixli qərarı (yuxarıda 221-ci bəndə bax) etibarsız elan edərək belə əsas gətirdi ki, Cinayət Məcəlləsinin 190-cı və 192-ci maddələrində nəzərdə tutulan mənada qanunsuz həbsdən yalnız o halda söhbət gedə bilərdi ki, müvafiq tədbir Moldova Respublikasının qanunvericiliyinə uyğun olaraq təyin edilmiş hakimlər və ya prokurorlar tərəfindən görülsün, amma bu halda məsələ belə deyildi. O, həmçinin bildirdi ki, onun fikrincə Cinayət Məcəlləsinin müvafiq olaraq 116-cı və 207-ci maddələrində müəyyən edilmiş hüquqa zidd olaraq azadlıqdan məhrum etmə, yaxud hakimiyyət səlahiyyətini və ya rəsmi vəzifəyə bərabər vəzifəni mənimsəmə əməlləri üzrə istintaqa başlamaq məqsədəuyğun deyil və belə əsas gətirdi ki, cinayət təqibinin müddəti başa çatıb və cinayət törətməkdə şübhəli bilinənlər hakimiyyət orqanlarının sorğularını cavablandıraraq onlarla əməkdaşlıq etməkdən imtina edirlər.
230. Eyni gündə dövlət prokuroru Hlinaya həbsxanasının rəisi barəsində cinayət istintaqına başlanılması haqqında qərar çıxardı, o, Cinayət Məcəlləsinin 116-cı və 207-ci maddələrində müəyyən edilmiş əməllərdə – hüquqa zidd olaraq azadlıqdan məhrum etmə və hakimiyyət səlahiyyətini və ya rəsmi vəzifəyə bərabər vəzifəni mənimsəmə əməllərində şübhəli bilinirdi. Moldova Hökumətinin təqdim etdiyi məlumatlardan və 2003-cü ilin martında Məhkəmənin Kişinyovda dinlədiyi şahid ifadələrindən belə görünür ki, bu cinayət istintaqı nəticəsiz qalıb (bax: Əlavə: cənab Rusu, b. 302; cənab Sturza, b. 314).
231. 4 oktyabr 2000-ci ildə cənab İlaşkunun müraciəti əsasında Rumıniya hakimiyyəti 21/1991 saylı Qanun vasitəsilə ona Rumıniya vətəndaşlığı verdi.
232. 26 noyabr 2000-ci ildə cənab İlaşku Rumıniya parlamentinin ikinci palatasına seçildi. Moldova vətəndaşlığından və Moldova parlamentindəki yerindən imtina etdikdən sonra 4 dekabr 2000-ci ildə onun parlament üzvlüyünə son qoyuldu.
233. 2001-ci ildə eyni ilə cənab İvantsoka və cənab Leşkoya da onların müraciəti əsasında Rumıniya vətəndaşlığı verildi.
234. 5 may 2001-ci ildə cənab İlaşku azad edildi. Onun azad edilməsinin halları (bu barədə tərəflər arasında fikir ayrılığı var) aşağıda qısaca ümumiləşdirilir (bax: 279-282-ci bəndlər).
C. Ərizəçilərin məhkum edildikdən sonra həbsxanaya yerləşdirilməsi
235. Birinci ərizəçi İlie İlaşku 9 dekabr 1993-cü ildə məhkum edilənə qədər 2 saylı Tiraspol həbsxanasında saxlanıldı. Sonra o, Hlinaya həbsxanasına, ölüm cəzasına məhkum olunmuş məhbuslar olan hissəyə köçürüldü və 1998-ci ilin iyulunadək orada qaldı, sonra isə yenidən 2 saylı Tiraspol həbsxanasına köçürüldü. O, 2001-ci ilin mayında azad edilənə qədər orada qaldı.
236. Cənab Aleksandru Leşko məhkəmə araşdırmasından sonra 2 saylı Tiraspol həbsxanasına köçürüldü və hələ də orada saxlanılır.
237. Andrey İvantsok məhkum edildikdən sonra Hlinaya həbsxanasına köçürüldü, orada o, güman ki, cəmi bir neçə həftə qaldı. O, xəstəliyi səbəbindən xəstəxanaya qəbul edildi və sonra 2 saylı Tiraspol həbsxanasına köçürüldü, bu günə qədər də orada qalır.
238. Cənab Tudor Petrov-Popa məhkəmə araşdırmasının başlanmasına az qalmış 2 saylı Tiraspol həbsxanasına köçürüldü və 4 iyun 2003-cü ilədək orada qaldı, həmin tarixdə o, penitensiar xidmətin bildirdiyinə görə “vəkili ilə təmaslarının asanlaşdırılması üçün” 3 saylı Tiraspol həbsxanasına köçürüldü.
239. Ərizəçilərin həbsindən sonrakı bir neçə ayda Moldova Hökuməti onların ailələrinə maliyyə yardımı göstərdi. Bundan əlavə, hakimiyyət orqanları ərizəçilərin Pridnestrovyeni tərk etmək məcburiyyətində qalan ailələri üçün mənzil tapdılar və bəzi hallarda onlara köməklik göstərdilər: birincisi, onların ixtiyarına nəqliyyat vasitəsi verməklə ərizəçilərə baş çəkməkdə onlara yardım göstərdilər və ikincisi, ərizəçilər üçün həkimlər göndərməklə və onları qəzetlərlə təchiz etməklə ərizəçilərin saxlanma şəraitinin yaxşılaşdırılmasına köməklik etdilər (bax: Əlavə: cənab Snequr, b. 240; cənab Moşanu, b. 248; və cənab Sangeli, b. 267).
1. Həbsdə saxlanma şəraiti
240. Bir neçə çox qısa müddət istisna olmaqla, ərizəçilər hər biri öz kamerasında təklikdə saxlanıldılar, yalnız cənab Leşko istisna təşkil etdi, o, yalnız ilk bir neçə ildə təklikdə saxlanıldı.
Cənab İlaşku həmişə təklikdə saxlanıldı. Onun yazışmalarına icazə verilmədi, amma buna baxmayaraq, o, həbsxana xaricinə bir neçə məktub göndərə bildi.
241. Hlinaya həbsxanasında cənab İlaşku ölüm cəzasına məhkum olunmuş məhbuslar olan hissədə saxlanıldı. Onun saxlanma şəraiti digər ərizəçilərin şəraitindən daha ağır idi. Onun kamerasının içərisində kamera ilə eyni ölçülü metal qəfəs quraşdırılmışdı.
Qəfəsin içərisində çarpayı və stol vardı, onlar da metaldan düzəldilmişdi.
Cənab İlaşkunun digər məhbuslarla və ya mühafizəçilərlə danışmasına icazə verilmirdi. Buna görə də o, gündəlik gəzintilərini təklikdə keçirirdi, həmin gəzintilər axşam vaxtı qapalı yerdə olurdu.
Cənab İlaşkunun yeməyi gündə üç dəfə verilən 100 qram qara çörəkdən və gündə iki dəfə verilən bir stəkan şəkərsiz çaydan ibarət idi. Axşam vaxtı o, həmçinin əsas inqrediyenti döyülmüş qarğıdalıdan ibarət olan “balanda” adlı qatışıq alırdı.
242. Ərizəçilərin kameralarında təbii işıq yox idi: yeganə işıq mənbəyi koridordakı elektrik lampası idi, onun işığı hər bir kameraya qapının bayırındakı açıq yarıqdan düşürdü.
243. Ərizəçilər yalnız nadir hallarda duş qəbul edir və bir neçə ay yuyuna bilmirdilər.
244. Həbsdə saxlanıldı müddətdə cənab İlaşkunun sakini olduğu kameraların heç biri hətta qışda belə qızdırılmırdı.
245. Həm Hlinayada, həm də Tiraspolda ərizəçilərin kamerada soyuq suyu vardı, kameralar tualetlə təchiz olunmuşdu, amma tualetlər kameranın qalan hissəsindən təcrid olunmamışdı.
246. Ərizəçilər bağlamalar almaq və ailələri ilə görüşmək imkanına malik idilər, hərçənd ki, müvafiq icazə həbsxana müdiriyyəti tərəfindən mütəmadi verilmirdi.
Bəzən İqor Smirnovun və ya Vladimir Antiufeyevin (Şevtsovun) göstərişləri əsasında görüşlərə və ya bağlamalar almağa icazə verməkdən imtina edilirdi.
247. Bağlamalar axtarışa məruz qaldığına görə onlardakı ərzaqlar bəzən istehlak üçün yararsız hala düşürdü. Həbsxanada onlara verilən qidanın yetərincə keyfiyyətli olmamasına, ailələrinin gətirdikləri ərzaqları onlara verməkdən müdiriyyətin bəzən imtina etməsinə və yoxlama prosesində ərzaqların korlanmasına qarşı etiraz etmək üçün ərizəçilər bir neçə dəfə aclıq aksiyası keçirmişdilər.
248. 1999-cu ildə Avropa Şurası Parlament Assamleyasının üzvü xanım Jozett Dyuryenin və Pridnestrovye ilə Danışıqlar Komitəsinin sədri cənab Vasile Sturzanın cənab İlaşkuya baş çəkməsinə icazə verildi.
249. Moldovanın üzləşdiyi hökumət böhranı ilə bağlı 1999-cu ilin martında Moldova parlamentinə göndərdiyi məktubda cənab İlaşku baş nazir postuna namizəd olan cənab Sturzaya dəstəyini bəyan etdi. Onun məktubu sədr tərəfindən tribunadan oxundu və cənab İon Sturzanın baş nazir təyin edilməsi üçün tələb olunan çoxluğu bir araya gətirməyə imkan verdi.
1999-cu ildə Strurza hökumətinə səs verməsindən sonra hökumətin fəaliyyətinin davam etdiyi doqquz ay ərzində cənab İlaşkunun ailəsi ilə görüşməsinə və ya hər hansı bağlama almasına icazə verilmədi. Digər ərizəçilər, xüsusən cənab İvantsok da eyni məhdudiyyətlərə məruz qaldılar.
250. Məhkəməyə göndərdiyi 14 may 1999-cu il tarixli məktubda cənab İvantsok yazırdı ki, cənab İlaşkunun Moldova parlamentinə göndərdiyi məktub ucbatından ərizəçilərin və xüsusən də cənab İlaşkunun həbsdə saxlanma şəraiti pisləşib.
251. 17 iyul 1999-cu ildə cənab İvantsok ictimaiyyətə məlumat verdi ki, özünün və yoldaşlarının saxlanıldığı ağır şəraitə etiraz olaraq aclıq aksiyasına başlayır. Məsələn, o, qeyd etdi ki, vəkili ilə görüşə bilmir və həkimlərlə və ya Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşməsinə icazə verilmir. O, iddia etdi ki, Pridnestrovyedəki situasiya qarşısında və xüsusən də İlaşku qrupunun vəziyyəti ilə bağlı Moldova hakimiyyətinin passivliyi Pridnestrovye hakimiyyətinə susmaqla dəstək verməyə bərabərdir.
252. 29 iyul 1999-cu il tarixli yazılı ifadəsində aclıq aksiyasının yetmiş yeddinci günündə olan cənab İvantsok Kişinyov liderlərini Moldovada insan hüquqlarını qorumaq üçün heç nə etməməkdə və Pridnestrovye separatçılarının liderləri ilə “xoş vaxt keçirməkdə” təqsirləndirdi. O, həmçinin Tiraspol həbsxanasının müdiriyyətinin onun və uzun müddət kamerada təklikdə saxlanılaraq qəddar rəftara məruz qalan cənab İlaşkunun həkimlə görüşməsinə icazə verməkdən imtina etməsindən şikayət etdi. Onun kamerasından bütün mebel ləvazimatları çıxarılmış, jiletindən savayı bütün paltarları alınmış və o, “təhlükəsizlik qüvvələrinin” üzvləri tərəfindən dəfələrlə döyülmüşdü, onlar israrla ona özünü öldürməyi təklif etmişdilər.
253. Məhkəməyə yazdığı 10 may 2000-ci il tarixli məktubunda cənab İlaşku qeyd etmişdi ki, 1997-ci ildən bəri həkimlə məsləhətləşmək imkanına malik deyil. Həmin vaxt Kişinyovdan gələn və onu müayinə edən həkimlər onun sağlamlıq durumu barədə rəy yazmışdılar, orada onun vəziyyətinin ciddi olduğu göstərilmişdi. Eyni məktubunda o, Moldova Respublikasının hakimiyyət orqanlarını riyakarlıqda təqsirləndirərək iddia etdi ki, ərizəçilərin azad edilməsi üçün mümkün olan hər şeyi etmək barədə çağırışlara baxmayaraq, onlar ərizəçilərin yenidən azadlıq əldə etməsinə mane olublar.
254. 14 yanvar 2002-ci ildə ərizəçilərin nümayəndəsi cənab Dinu Məhkəməyə məlumat verdi ki, hələ də həbsdə qalan üç ərizəçinin saxlanma şəraiti 2001-ci ilin iyunundan pisləşib. Cənab İvantsokun arvadı ilə görüşməsinə icazə verilməyib və buna dair hər hansı izahat verilməyib.
Cənab İvantsok və cənab Leşko yemək üçün yalnız çörək qəbul etməyə başlayıblar. Cənab Petrov-Popa Hlinaya həbsxanasına köçürülüb, orada tam təcrid halında saxlanılır və ona deyiblər ki, altı ay ərzində heç kimlə görüşməsinə icazə verilməyəcək.
255. Cənab İlaşku istisna olmaqla ərizəçilərin Rusiya ilə yazışmalarına icazə verilirdi; rumın dilində məktublar qadağan olunmuşdu. Onların poçt göndərişləri senzuradan keçirilirdi. Onlar bir qayda olaraq Rumıniyadan qəzetlər ala bilmirdilər.
256. 15 fevral 2003-cü ildə cənab İvantsokun arvadı ilə görüşməsinə icazə verməkdən imtina edildi. Bu görüşə bir həftə keçdikdən sonra icazə verildi.
257. 2003-cü ilin martında Məhkəmə nümayəndələri tərəfindən keçirilmiş şahidlərin dindirilməsi zamanı Pridnestrovye penitensiar xidməti ərizəçilərin vəkillərinin Pridnestrovyedə həbsdə saxlanılan müştəriləri ilə görüşməsinə icazə verməyi öhdəsinə götürdü. Cənab Tanase müştərisi cənab Leşko ilə ilk dəfə 2003-cü ilin mayında və ya iyununda, tarixi dəqiq məlum olmayan gündə görüşə bildi. Cənab Qribinsea müştəriləri həbsxanaya salındıqdan sonra onlarla ilk dəfə 20 iyun 2003-cü ildə görüşə bildi.
258. Məhkəmə ərizəçilərin tibbi müayinələrinin hansı şəraitdə aparıldığını şahid ifadələrinin və sərəncamında olan digər sənədlərin, o cümlədən ərizəçilərin cəzaçəkmə yerlərində saxlanılan tibbi məsləhətləşmələrin qeydiyyat kitabları əsasında müəyyən edib.
259. Ümumiyyətlə, Məhkəmə qeyd edir ki, həbsdə saxlanıldıqları müddətdə ərizəçilərin səhhəti pisləşib.
Onlar öz müraciətləri əsasında həbsxana həkimini görə bilirdilər, onun apardığı müayinə əksər hallarda palpasiya (əllə yoxlama) və qulaqcıqla dinləmə ilə məhdudlaşırdı.
260. Aleksandru Leşko kəskin artrit, pankreatit və diş absesindən əziyyət çəksə də, həkimlə görüşməsinə icazə verilmədi. Onun görmə qabiliyyəti də pisləşmişdi.
261. Lakin 1995-ci ildə cənab Leşko Tiraspoldakı xəstəxanaya aparıldı və pankreatitə görə əməliyyat olundu.
262. Azsaylı hallar istisna olmaqla, ərizəçilərin xəstəlikləri müalicə olunmurdu. Onları qəbul etdikləri yeganə dərmanlar ailələrinin göndərdiyi dərmanlar idi. Həbsxana “müdiriyyəti” ərizəçilərin bu dərmanlarla bağlı əczaçılıq informasiyası almasına icazə verilməməsinə əsas kimi təhlükəsizlik səbəblərini qeyd etdi.
263. Moldova hakimiyyəti ilə danışıqlardan və ilk növbədə prezident Snequrun müdaxiləsindən sonra Pridnestrovyenin həbsxana müdiriyyəti Kişinyovdan olan mütəxəssislərin ərizəçiləri müayinə etməsinə icazə verdi. Beləliklə, 1995-ci il ilə 1999-cu il arasında ərizəçilər bir neçə dəfə Moldovadan olan tibbi komissiya tərəfindən müayinə olundular, komissiyanın tərkibinə cənab Leşan və cənab Tıbırna daxil idilər. 1999-cu ildə yanvardan martadək və bir daha noyabrda bu cür səfərlər baş tutdu.
Bu səfərlərin birində cənab İlaşkunun elektrokardioqramının çıxarılmasına icazə verildi; cənab İvantsok qaraciyər xəstəliyi ilə bağlı əməliyyat olundu; cənab Petrov-Popaya vərəmlə bağlı iynə vuruldu və müalicə kursu yazıldı.
Müayinələr həbsxana həkimlərinin və mühafizəçilərinin yanında keçirildi. Ərizəçilər moldovalı həkimlərin yazdığı, həbsxananın tibbi qeydiyyat kitabında qeydə alınan dərmanlarla təchiz edilmədilər, onları aldığı yeganə dərmanlar ailələri tərəfindən gətirilənlər idi.
İki dəfə cənab İlaşkunun Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimləri tərəfindən müayinə olunmasına icazə verildi.
264. Vərəmdən əziyyət çəkən cənab Petrov-Popa təxminən altı ay – 1999-cu ilin martınadək müalicə olundu. Lakin dərmanların çoxu onun ailəsi tərəfindən gətirildi.
265. Ərizəçilərin heç biri pəhriz baxımından yararlı yeməklər əldə edə bilmirdi, halbuki belə yeməklər həkimlər tərəfindən cənab İlaşkuya həzm sisteminin pozuntusuna görə, cənab İvantsoka qaraciyər xəstəliyinə görə, cənab Leşkoya pankreatitin nəticələrinə görə və cənab Petrov-Popaya vərəmə görə təyin edilmişdi.
Cənab Leşko, cənab İvantsok və cənab Petrov-Popa dedilər ki, onlar müvafiq olaraq pankreatitdən, qaraciyər xəstəliyindən və vərəmdən əziyyət çəkiblər və müvafiq müalicə almayıblar.
266. Cənab Petrov-Popa hazırda Hlinaya həbsxanasında məhbus İlaşkunun azad edilənə qədər qaldığı kamerada qalır, baxmayaraq ki, vərəmli məhbuslar üçün xüsusi bölmə var. 2002-ci ildə Pridnestrovyenin yeni Cinayət Prosessual Məcəlləsi qüvvəyə minəndən bəri cənab Petrov-Popanın Hlinayada həbsdə saxlanma şəraiti yaxşılaşıb, belə ki, o, ildə üç əlavə bağlama və üç əlavə görüş ala bilir. Şəraitin yaxşılaşması barədə qərar ərizəçinin yaxşı davranışı ilə əlaqədar olaraq Hlinaya həbsxanasının rəisi tərəfindən qəbul edilib.
2. Qəddar rəftar
267. Hlinayada həbsdə saxlanıldığı ilk bir neçə ayda cənab İlaşku bir neçə dəfə qəddar rəftara məruz qalıb.
Cənab İlaşku ən xırda bəhanələrlə intizam kamerasına salınıb.
268. 2 saylı Tiraspol həbsxanasına köçürüldükdən sonra cənab İlaşkunun vəziyyəti bir az yaxşılaşdı, belə ki, o, Hlinayada olduğu qədər tez-tez cəzalandırılmadı və yalnız müəyyən hadisələrdən sonra qəddar rəftara məruz qaldı.
Məsələn, mətbuatda ərizəçilər barədə məqalə dərc olunduqdan sonra həbsxana mühafizəçiləri cənab İlaşkunun və cənab İvantsokun kameralarına daxil oldular və orada tapdıqları bütün əşyaları müsadirə və ya məhv etdilər. Onlar ərizəçiləri qəddarcasına döydülər və iyirmi dörd saatlığa intizam kameralarına yerləşdirdilər.
269. Cənab İlaşku 1999-cu ildə Sturza hökumətinə səs verdikdən sonra, habelə onlar Məhkəməyə ərizə verdikdən sonra cənab İlaşkunun və cənab İvantsokun kameralarında hər şey darmadağın edildi. Ərizəçilərin şəxsi əmlakı, məsələn, uşaqlarının fotoşəkilləri və ikonalar da daxil olmaqla kameralardakı əşyalar məhv edildi. Eləcə də onlar qəddarcasına döyüldülər.
Məhkəməyə ərizəsini təqdim etdikdən sonra cənab İlaşku əsgərlər tərəfindən döyüldü, onlar onu təpiklədirlər və silahlarının qundağı ilə vurdular. Sonra tapançanı ağzına dirədilər və həbsxanadan kənara məktub göndərəcəyi təqdirdə ölümlə təhdid etdilər. Bu hadisədə o, dişini itirdi.
270. Yuxarıda adı çəkilən 14 may 1999-cu il tarixli məktubda Andrey İvantsok bildirdi ki, ötən gün başları örtüklü mülki şəxslər onun kamerasına giriblər, dəyənəklə başına, kürəyinə və qaraciyər nahiyəsinə vurublar və təkrar-təkrar ürək nahiyəsini yumruqlayıblar. Sonra onu dəhlizə tərəf dartıblar, orada o, polkovnik Qusarovu İlie İlaşkunun başını divara vuran və onu təpikləyən vəziyyətdə görüb. Sonra Polkovnik Qusarov tapançanı cənab İlaşkunun ağzına dirəyib və onu öldürəcəyi ilə hədələyib. Polkovnik Qusarov ərizəçilərə deyib ki, bu hücum onların Avropa İnsan Hüquqları Məhkəməsinə müraciəti ucbatından edilib. Eyni məktubunda Andrey İvantsok Moldovanın parlamentini və Hökumətini, beynəlxalq medianı və insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatları özünün və digər üç ərizəçinin məruz qaldıqları işgəncəni dayandırmaq üçün müdaxilə etməyə çağırdı.
271. Bu hadisələrdən sonra, cənab Leşkonun nümayəndəsi tərəfindən Məhkəməyə göndərilmiş 1 sentyabr 1999-cu il tarixli məktubdan göründüyü kimi, ərizəçilər iki günlüyə yeməkdən və üç günlüyə işıqdan məhrum edildilər.
272. Cənab İvantsokun Tiraspol həbsxanasındakı kamerasının içərisi həmçinin digər hallarda – 2002-ci ilin noyabrında və 2003-cü ilin fevralında (yaxud təxminən buna yaxın tarixdə) darmadağın edildi.
D. Ərizəçilərin azad edilməsi üçün 2001-ci ilin mayınadək görülmüş tədbirlər
273. Rusiya qüvvələrinin Pridnestrovyedən çıxarılması barədə Moldova Respublikası ilə Rusiya Federasiyası arasında danışıqlara (həmin danışıqlarda Pridnestrovye məsələsinin həllindən də söz açılıb) ərizəçilərin vəziyyət heç vaxt daxil edilməyib. Lakin Moldova prezidenti ilə Rusiya Federasiyası prezidenti arasındakı müzakirələrdə Moldova tərəfi ərizəçilərin azad edilməsi məsələsini mütəmadi olaraq qaldırıb (bax: Əlavə: Y, b. 254).
274. Pridnestrovye məhkəmələrinin çıxardığı hökmlər nəticəsində Pridnestrovyedə məhkum olunan və həbsdə saxlanılan bütün şəxslərin əfv edilməsinin mümkünlüyünü araşdırmaq üçün Pridnestrovye tərəfinin komissiya yaratması kontekstində (bax: Əlavə: cənab Sturza, b. 309 və 311) Moldova ərizəçilərin azad edilməsi vədini aldı. Bu kontekstdə Moldovanın baş prokurorunun müavini cənab Vasile Sturza ərizəçilərin azad edilməsi barədə danışılar aparmaq üçün bir neçə dəfə Tiraspola getdi, hətta 1996-cı ildə Hlinaya həbsxanasında cənab İlaşku ilə görüşdü.
Cənab Sturza ərizəçiləri geriyə – Kişinyova aparmaq üçün sonuncu dəfə Tiraspola 16 aprel 2001-ci ildə getdi, amma cəhdi uğursuz oldu. Yalnız 5 may 2001-ci ildə cənab İlaşku azad edildi (aşağıda 279-cu bəndə bax).
275. 23 fevral 2001-ci il tarixli məktubla Moldova prezidenti cənab Luçinski və ATƏT-in Moldovadakı missiyasının rəhbəri cənab Hill cənab Smirnovdan xahiş etdilər ki, ərizəçiləri humanitar səbəblərə görə azad etsin.
276. 12 aprel 2001-ci ildə Moldovanın yeni prezidenti cənab Voronin bir daha cənab Smirnovdan xahiş etdi ki, ərizəçiləri humanitar səbəblərə görə azad etsin.
277. Pridnestrovye ilə danışıqların başlanğıcından ərizəçilərin vəziyyəti barədə məsələ mütəmadi olaraq Moldova hakimiyyəti tərəfindən qaldırılmışdı. Konkret olaraq, bu məsələ barədə “MPR-in prokurorluq xidməti”, “MPR-in Ali Məhkəməsi” və “MPR-in ədliyyə naziri” ilə, habelə İqor Smirnovla müzakirələr aparılmışdı.
278. Ərizəçilər Məhkəməyə Moldovanın Moskvadakı səfirliyinə ünvanlanmış 19 aprel 2001-ci il tarixli verbal nota təqdim etdilər, həmin notada Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Moldova Hökumətinin diqqətini belə bir fakta cəlb edirdi ki, sonuncunun 2000-ci ilin oktyabrında Avropa İnsan hüquqları Məhkəməsinə təqdim etdiyi yaddaş qeydlərində İlaşku qrupunun işində Rusiyanın roluna subyektiv qiymət verilib və orada “Moldova Respublikası ilə Rusiya Federasiyası arasındakı münasibətlərin dostluq xarakteri” heç bir vəchlə əks olunmayıb. Notada daha sonra deyilirdi:
“Avropa Məhkəməsinin Böyük Palatası tərəfindən yaddaş qeydlərinin bu il mayın 1-də həyata keçirilməli olan araşdırılması Rusiya Federasiyasının və Moldovanın maraqlarına ciddi surətdə xələl gətirə bilər.
Bu kontekstdə Rusiya tərəfi sözügedən yaddaş qeydlərinin geri götürülməsi barədə iki ölkənin diplomatik xidmətlərinin başçıları tərəfindən əldə olunmuş razılaşmaya istinadən Moldova Hökumətini aprelin 30-dək bu sənədin geri götürülməsini təmin etmək üçün bütün zəruri tədbirləri görməyə və Avropa Məhkəməsini və Rusiyanın bu orqandakı nümayəndəsini bu fakt barədə rəsmən məlumatlandırmağa çağırır”.
E. 5 may 2001-ci ildə cənab İlaşkunun azad edilməsi
279. Cənab İlaşku dedi ki, 5 may 2001-ci ildə təxminən səhər saat 5.30-da Pridnestrovyenin “təhlükəsizlik naziri” Vladimir Şevtsov (o həmçinin Antiufeyev kimi tanınır) onun kamerasına daxil olub və ona deyib ki, cəld geyinsin, çünki “MPR prezidenti”nin qarşısına çıxarılacaq. Ərizəçi kameradakı bütün şəxsi əmlakını götürdü və qandallarla iki əsgərin qoluna bənd edilməklə avtomobilə oturduldu. Vladimir Şevtsov da avtomobilə mindi. ərizəçi Kişinyova aparıldı və orada prezident sarayından təxminən yüz metr aralıda Moldova məxfi xidmətinin başçısı cənab Pasata təhvil verildi. Ərizəçi iddia etdi ki, cənab Şevtsov cənab Pasatın qarşısında onun təhvil verilməsi barədə sənədi uzadan oxuyub, orada aşağıdakılar deyilirdi: “Ölüm cəzasına məhkum edilmiş məhbus İlaşku Moldova Respublikasının səlahiyyətli orqanlarına təhvil verilir”. Bu sənədi təhvil verdikdən sonra cənab Şevtsov, iddia edildiyinə görə, elan etdi ki, hökm qüvvədə qalır və cənab İlaşku Pridnestrovyeyə qayıdacağı təqdirdə icra olunacaq.
Sonra Moldovanın xüsusi təyinatlı qüvvələri ərizəçini Təhlükəsizlik Nazirliyinə apardılar, orada o, buraxılmazdan əvvəl qısaca dindirildi.
280. 22 iyun 2001-ci ildə Moldova Hökuməti Məhkəməyə məlumat verdi ki, Moldova Respublikasının prezidenti cənab Voronin cənab İlaşkunun azad edilməsini cənab Smirnovun 5 may 2001-ci ildə ona göndərdiyi məktubdan öyrənib. Həmin məktubda cənab Smirnov tələb edib ki, Pridnestrovyenin bu jestinin müqabilində Moldova Respublikası “Pridnestrovye xalqına qarşı özünün 1992-ci il təcavüzünü” pisləməlidir, təcavüz nəticəsində “MPR”in məruz qaldığı maddi ziyanın əvəzini bütünlüklə ödəməli və “Pridnestrovye xalqından yetirdiyi ağrı və əzaba görə üzr istəməlidir”.
281. 16 noyabr 2001-ci il tarixli məktubunda Moldova Hökuməti Məhkəməyə “MPR-in prezidenti” cənab Smirnov tərəfindən imzalanmış bir neçə fərmanın surətini təqdim etdi.
6 iyul 199-cu ildə imzalanmış 263 saylı fərman 1 sentyabr 1999-cu ildən “MPR” ərazisində özüm cəzasının icrasına moratorium qoyulmasını nəzərdə tuturdu. Bu moratorium, yəqin ki, həmin tarixdən əvvəl çıxarılan, lakin həmin fərman qüvvəyə minənə qədər icra olunmayan hökmlərə də şamil olunurdu, fərmanın qüvvəyə minməsi onun imzalanması və “Rəsmi qəzet”də dərc olunması ilə üst-üstə düşməli idi. Cənab Smirnov tərəfindən 5 may 2001-ci ildə imzalanmış 198 saylı fərmanla cənab İlaşku əfv edildi və onun azad edilməsinə göstəriş verildi. Fərman imzalandığı gün qüvvəyə mindi.
Moldova Hökuməti cənab İlaşkunun iddia edilən təhvil verilməsi ilə bağlı heç bir şərh bildirmədi, sadəcə Məhkəməyə cənab Smirnovun ərizə barəsindəki fərmanını təqdim etdi. O, fərmanın həqiqiliyi barədə də şərh bildirmədi. Amma buna baxmayaraq Hökumət əlavə etdi ki, eşitdiyi şayiələrə görə, sözügedən fərmanı imzalamazdan əvvəl cənab Smirnov cənab İlaşkuya təyin edilmiş ölüm cəzasını ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edib.
Cənab İlaşku iddia etdi ki, cənab Smirnovun fərmanı onun azad edilməsindən sonra düzəldilmiş saxta fərman idi. O, iddia etdi ki, azad edilməsinə baxmayaraq, məhkumluğu qüvvədə qalırdı və Pridnestrovyeyə qayıdacağı təqdirdə ölüm cəzasına məruz qala bilərdi.
282. Məhkəmənin əlində yalnız cənab İlaşkunun iddiaları, cənab Smirnovun 5 may 201-ci il tarixli “fərmanının” surəti və Moldova Hökumətinin cəzanın dəyişdirildiyi barədə iddiaları var. Bu müxtəlif məlumatların heç biri digər sübutlarla təsdiqlənmir və Məhkəmə bu və ya digər versiyanı qəbul etməyə onu inandıra biləcək heç bir obyektiv element görmür. Buna görə də Məhkəmə hesab edir ki, hazırda əlində olan sübutların əsasında o, cənab İlaşkunun azad edilməsinin səbəbləri və hüquqi əsası barədə hər hansı nəticəyə gələ bilməz.
F. Digər ərizəçilərin azad edilməsini təmin etmək üçün 2001-ci ilin mayından sonra görülmüş tədbirlər
283. Cənab İlaşku azad edildikdən sonra cənab Leşkonun nümayəndəsi Məhkəmə tərəfindən 1 iyun 2001-ci ildə alınmış məktubunda bildirdi ki, bu azad etmə Rusiya hakimiyyətinin Pridnestrovye hakimiyyəti qarşısında vəsatət qaldırmasının nəticəsi idi. O, iddia etdi ki, Moldovanın “Radio Moldova” ictimai radiostansiyasına verdiyi müsahibədə Moldovanın xarici işlər naziri cənab Nikolae Çernomaz bildirib: “İlie İlaşku Rusiya xarici işlər naziri İqor İvanovun müdaxiləsindən sonra azad edilib, belə ki, o, Moldova prezidenti Voroninin xahişi ilə Tiraspol hakimiyyəti ilə telefonla bu mövzuda danışıb. O, onlara izah edib ki, bu, Rusiya Federasiyasının və Moldovanın şərəfi məsələsinə aid olan beynəlxalq problemdir”. Cənab Çernomaz daha sonra açıq-aydın söyləyib ki, “cənab İlaşku vicdan məhbusu olduğuna, 1992-ci il münaqişəsində əsir götürüldüyünə görə Avropa İnsan hüquqları Məhkəməsinə verilmiş ərizənin geri götürülməsinin mümkün olmadığına” cənab İvanovu inandırmaq üçün onunla görüşüb.
284. 6 iyun 2001-ci il tarixli dinləmədə Moldova Hökuməti cənab İlaşkunun azad edilməsinə yardım göstərənlərə, xüsusən Rusiya Federasiyasına təşəkkür etdi və bildirdi ki, 24 oktyabr 2000-ci il tarixli qeydlərində qəbul etdiyi əvvəlki mövqeyini, konkret olaraq Rusiya Federasiyanın məsuliyyət barədə mövqeyini dəyişmək arzusundadır. O, bu qərarını arzuolunmaz nəticələrdən, məsələn, gərginlikdən və ya Pridnestrovye mübahisəsinin sülh yolu ilə həllinə yönələn prosesə son qoyulmasından qaçmaq və digər ərizəçilərin azad olunmasını təmin etmək arzusu ilə izah etdi.
285. Cənab İlaşku azad edildikdən sonra digər ərizəçilərin azad olunması perspektivlərinin müzakirəsi üçün onunla Moldovanın hakimiyyət orqanları arasında görüşlər keçirildi.
31 iyul 2001-ci ildə təşkil etdiyi mətbuat konfransında Moldova prezidenti cənab Voronin bəyan etdi: “Cənab İlaşku yoldaşlarının Tiraspolda həbsdə saxlanılmasının səbəbkarı olan şəxsdir”. O, bununla bağlı qeyd etdi ki, digər ərizəçilərin 19 iyun 2001-ci ilədək azad edilməsi müqabilində cənab İlaşkunun Rusiya Federasiyasına və Moldovaya qarşı Məhkəməyə təqdim etdiyi ərizəni geri götürəcəyini düşünürdü, amma cənab İlaşku bundan imtina etdi. Moldovanın “Basa-press” mətbuat agentliyinin məlumatına görə, cənab Voronin həmçinin düşünürdü ki, cənab İlaşku Məhkəmədəki işi udacağı təqdirdə digər ərizəçilərin azad edilməsi daha da çətinləşəcək.
G. Ərizəçilərin məhkum edilməsinə və həbsdə saxlanılmasına beynəlxalq reaksiyalar
286. Faktaraşdırıcı missiya çərçivəsində Pridnestrovyeyə səfərdən sonra Varşava Universitetinin cinayət hüququ və insan hüquqları üzrə professoru cənab Andrjey Rzeplinski və ATƏT-in əməkdaşı cənab Frederik Kuinn tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xahişi əsasında yazılmış 20 fevral 1994-cü il tarixli hesabatda ərizəçilərin işi üzrə “MPR-in Ali Məhkəməsi” tərəfindən məhkəmə araşdırması insan hüquqlarına hörmət nöqteyi-nəzərindən təhlil edildi. Müəlliflər ərizəçilərin hüquqlarının ciddi şəkildə pozulduğunu qeyd etdilər, buraya aşağıdakılar daxil idi: həbs edildikdən sonra ilk iki ay ərzində vəkillə heç bir təmasın olmaması, sonra isə görüşlərin olduqca məhdudlaşdırılması; onlardan etirafların qeyri-insani rəftar nəticəsində alındığı barədə ərizəçilərin iddialarını araşdırmaqdan məhkəmənin imtina etməsi və bununla da işə qərəzsiz məhkəmə tərəfindən baxılması hüququnun pozulması; və ərizəçilərin məhkəmə araşdırmasının hər hansı apellyasiya hüququnu istisna edən müstəsna prosedur əsasında keçirilməsi səbəbindən Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 5-ci bəndində təsbit olunmuş hüququn pozulması.
Nəhayət, müəlliflər məhkəmə araşdırmasını “əvvəldən axıra qədər siyasi hadisə” adlandırdılar. Onlar bu qənaətə gəldilər ki, ərizəçilərə qarşı irəli sürülən terrorizm ittihamlarının bəzilərinə sadəcə müasir demokratik cəmiyyətlərdə azad sözün ifadəsi məsələləri kimi baxmaq olardı.
287. 28 sentyabr 1999-cu ildə Avropa Şurasının Parlament Assamleyasının sədri və Avropa Şurasının baş katibi Pridnestrovyedəki separatçı hakimiyyət orqanlarına Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ərizəçilərə baş çəkməsinə icazə vermələri üçün müraciət etdilər və onları ərizəçilərin həbsdə saxlanma şəraitini dərhal yaxşılaşdırmağa çağırdılar.
288. 2000-ci il oktyabrın 16-dan 20-dək Moldovaya səfəri zamanı 18 və 19 oktyabr 2000-ci ildə Pridnestrovyedə olarkən Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Pridnestrovyenin hakimiyyət orqanlarından xahiş etdi ki, cənab İlaşkunun saxlanma şəraitini yoxlamaq üçün onunla görüşməsinə icazə versinlər. Onlar zəruri icazələrin alınması üçün vaxt qıtlığını əsas gətirərək icazə verməkdən imtina etdilər.
289. Pridnestrovye regionu da daxil olmaqla Moldovaya etdiyi səfərdən sonra 2000-ci ilin noyabrında İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) hesabat tərtib etdi. Pridnestrovye həbsxanalarındakı vəziyyətlə bağlı məsələyə gəldikdə, CPT diqqəti orada həddən artıq adam saxlanmasına cəlb etdi və müəyyən məhbusların uzun müddət təcrid halında təklikdə saxlanılması praktikası ilə və xəstə məhbusların müalicəsinin yetərli səviyyədə olmaması ilə, habelə vərəmli pasiyentlərin müalicəsinin ümumiyyətlə aparılmaması ilə, o cümlədən pəhriz baxımından münasib yeməklərin qəbulunun mümkün olmaması ilə bağlı narahatlığını ifadə etdi.
CPT qeyd etdi ki, 2000-ci ildə Pridnestrovyenin penitensiar müəssisələrində, xüsusən də Hlinaya həbsxanasında vəziyyət arzu ediləndən çox-çox uzaqdır, həmin həbsxanada saxlanma şəraiti acınacaqlıdır: ventilyasiya zəifdir, təbii işıq kifayət qədər deyil, yetərincə sanitariya avadanlıqları yoxdur və kameralar adamla doludur.
Konkret olaraq ərizəçilərin vəziyyətinə gəldikdə, CPT bildirdi ki, İlaşku qrupunun üç üzvü təklikdə saxlanılmaqla səkkiz il müddətinə azadlıqdan məhrum edilib, bu isə ən azı onların bir üçün zərərli psixoloji nəticələrə səbəb olub. CPT daha sonra bildirdi ki, təklikdə saxlanılma müəyyən hallarda qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərabər ola bilər və istənilən halda bu qədər uzun müddətə təklikdə saxlanılma bağışlanılmaz haldır. CPT Pridnestrovye hakimiyyətindən xahiş etdi ki, İlaşku qrupunun təklikdə saxlanılan üç üzvünün istədikləri qəzetlərlə tanış olmasına imkan yaratmaqla və vəkilləri və ailə üzvləri ilə görüşmələrini təmin etməklə onların saxlanma şəraitini yüngülləşdirsin.
CPT-nin nümayəndə heyətindəki həkimlər dörd ərizəçidən üçünü, o cümlədən cənab İlaşkunu müayinə etmək imkanına malik oldular. Onlar onun xəstəliyi ilə bağlı müvafiq tibbi müalicə almasını tövsiyə etdilər.
CPT-nin hesabatında 1999-cu ilin mayında Tiraspolda həbsdə saxlanılan İlaşku qrupunun üzvlərinin maskalı şəxslər tərəfindən döyülməsi barədə də məlumat verilirdi.
V. BEYNƏLXALQ HÜQUQ, DAXİLİ HÜQUQ VƏ DİGƏR MÜVAFİQ SAZİŞLƏR
290. 8 dekabr 1991-ci il tarixli Minsk Sazişinin müvafiq müddəalarında deyilir:
“Sovet Sosialist Respublikaları İttifaqını təsis edən və 1922-ci il tarixli İttifaq Müqaviləsini imzalayan dövlətlər olaraq, bundan sonra “Yüksək Müqavilə Tərəfləri” adlandırılacaq bizlər, Belarus Respublikası, Rusiya Federasiyası (RSFSR) və Ukrayna, bu sazişlə bəyan edirik ki, SSRİ beynəlxalq hüquq subyekti və geosiyasi reallıq olaraq daha mövcud deyil.
Xalqlarımızın tarixinin ümumiliyinə və onlar arasında formalaşmış əlaqələrə istinad edərək və Yüksək Müqavilə Tərəfləri arasında bağlanmış ikitərəfli sazişləri nəzərə alaraq,
Qanun əsasında təşkil edilmiş demokratik dövlətlər qurmağa can ataraq,
Münasibətlərimizi dövlət suverenliyinin qarşılıqlı surətdə tanınması və dövlət suverenliyinə hörmət, ayrılmaz hüquq olan öz müqəddəratını təyin etmə hüququ, bərabərlik və dövlətlərin daxili işlərinə müdaxilə etməmək, güc tətbiqindən çəkinmək və təzyiq göstərmək üçün iqtisadi və digər vasitələrdən istifadə etməmək, mübahisəli məsələləri razılığa gəlmək yolu ilə həll etmək prinsipləri əsasında və beynəlxalq hüququn hamılıqla tanınan digər prinsip və normaları əsasında qurmaq niyyətində olaraq,
...
Birləşmiş Millətlər Təşkilatı Nİzamnaməsinin, Helsinki Yekun Aktının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının digər sənədlərinin məqsəd və prinsiplərinə sadiqliyimizi təsdiq edərək,
İnsanların və xalqların hüquqları ilə bağlı hamılıqla tanınan beynəlxalq hüquq normalarına əməl etməyi öhdəmizə götürərək,
Aşağıdakılar barədə razılığa gəldik:
Maddə 1
Yüksək Müqavilə Tərəfləri bu sazişlə Müstəqil Dövlətlər Birliyini təsis edirlər.
...
Maddə 6
1. Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlər beynəlxalq sülhün və təhlükəsizliyin mühafizəsində və silahlanmanın və hərbi xərclərin azaldılması üçün səmərəli tədbirlərin həyata keçirilməsində əməkdaşlıq edəcəklər. ...
2. Tərəflər bir-birlərinin nüvə silahından azad zona və neytral dövlət statusu əldə etmək səylərinə hörmət edəcəklər.
3. Birliyin üzvü olan dövlətlər nüvə silahları üzərində birgə nəzarət də daxil olmaqla birgə komandanlıq altına ümumi hərbi və strateji məkanı mühafizə edərək saxlayacaqlar, bunun həyata keçirilməsi proseduru xüsusi sazişlə tənzimlənəcək.
4. Onlar həmçinin strateji silahlı qüvvələrin yerləşdirilməsi, fəaliyyəti və maddi və sosial təminatı üçün zəruri şərait yaradılmasına birgə zəmanət verirlər. ...
Maddə 12
Yüksək Müqavilə Tərəfləri keçmiş SSRİ-nin qoşulduğu müqavilə və sazişlər əsasında üzərlərinə düşən beynəlxalq öhdəlikləri yerinə yetirməyi öhdələrinə götürürlər”.
291. 24 dekabr 1991-ci ildə SSRİ-nin BMT-dəki daimi nümayəndəsi səfir Y. Vorontsov Birləşmiş Millətlər Təşkilatının baş katibinə Rusiya federasiyası prezidenti Boris Yeltsinin məktubunu təqdim etdi, orada deyilirdi:
“SSRİ-nin Birləşmiş Millətlər Təşkilatında, o cümlədən Təhlükəsizlik Şurasında və Birləşmiş Millətlər Təşkilatı sisteminin bütün digər orqan və təşkilatlarında üzvlüyu Müstəqil Dövlətlər Birliyi ölkələrinin dəstəyi ilə Rusiya Federasiyası (RSFSR) tərəfindən davam etdirilir. Bununla əlaqədar olaraq xahiş edirəm ki, Birləşmiş Millətlər Təşkilatında “Sovet Sosialist Respublikaları İttifaqı” əvəzinə “Rusiya Federasiyası” adı işlənsin. Rusiya Federasiyası Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən irəli gələn SSRİ-nin bütün hüquqlarına və öhdəliklərinə, o cümlədən maliyyə öhdəliklərinə görə bütün məsuliyyəti öz üzərinə götürür. Lütfən bu məktuba hazırda Birləşmiş Millətlər Təşkilatında SSRİ-nin nümayəndələri statusuna malik olan bütün şəxslərin Birləşmiş Millətlər Təşkilatı orqanlarında Rusiya Federasiyasını təmsil etmək hüququnun təsdiqi kimi baxasınız”.
292. 21 iyul 1992-ci ildə Moldova prezidenti cənab Mirça Snequr və Rusiya Federasiyasının prezidenti cənab Boris Yeltsin Moskvada Moldova Respublikasının Pridnestrovye regionundakı silahlı münaqişənin dostcasına həlli prinsiplərinə dair saziş imzaladılar, sazişdə deyilirdi:
“Moldova Respublikası və Rusiya Federasiyası,
Mümkün qədər tezliklə yekun atəşkəsə nail olunmasını və Pridnestrovye regionlarında silahlı münaqişənin nizamlanmasını arzu edərək;
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edilmiş prinsipləri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının prinsiplərini dəstəkləyərək;
3 iyul 1992-ci ildə Moldova Respublikasının prezidenti ilə Rusiya Federasiyasının prezidentinin prinsiplər barədə razılığa gəldiyini qeyd edərək,
Aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Münaqişə tərəfləri bu saziş imzalandıqdan sonra atəşkəsin tətbiq edilməsi və digər tərəfə qarşı hər hansı digər silahlı aksiyaya son qoyulması üçün bütün zəruri tədbirləri görməyi öhdələrinə götürürlər.
2. Atəşkəs qüvvəyə minən kimi tərəflər yedi gün ərzində ordularını, silahlarını və hərbi avadanlıqlarını geri çəkəcəklər. İki ordunun geri çəkilməsi münaqişə tərəfləri arasında təhlükəsizlik zonasının yaradılmasına imkan verəcək. Təhlükəsizlik zonasının dəqiq sərhədləri bu sazişin icrasına dair tərəflər arasında razılaşdırılan xüsusi protokolla müəyyən ediləcək.
Maddə 1
1. Münaqişənin həllinə çalışan üç tərəfin nümayəndələrindən ibarət tərkibdə yaradılacaq xüsusi komissiya yuxarıda 1-ci maddədə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinin yoxlanılmasına görə məsuliyyət daşıyacaq və təhlükəsizlik zonasında təhlükəsizlik rejiminə əməl olunmasını təmin edəcək. Bu məqsədlə komissiya kömək üçün əvvəlki sazişlərə, o cümlədən dördtərəfli razılaşmalara uyğun olaraq əraziyə daxil edilmiş hərbi müşahidəçilər qrupuna müraciət etmək imkanına malik olacaq. Nəzarət komissiyası bu saziş imzalandıqdan sonra yeddi gün ərzində öz işini başa vuracaq.
2. Tərəflərin hər biri komissiyada öz nümayəndələrini təyin edəcək. Nəzarət komissiyası iclaslarını Benderıda keçirəcək.
3. Yuxarıda qeyd edilən tədbirləri həyata keçirmək məqsədi ilə nəzarət komissiyasının sərəncamına hazırkı sazişi həyata keçirilməsində iştirak edən tərəfləri təmsil edən könüllülərdən ibarət hərbi kontingentlər veriləcək. Bu kontingentlər tərəfindən tutulacaq mövqelər və atəşkəsi mühafizə etmək və regiondakı münaqişədə təhlükəsizliyi təmin etmək üçün onların müdaxilələri nəzarət komissiyası tərəfindən müəyyən ediləcək, o isə bu məslə ilə bağlı konsensus əldə etməlidir. Hərbi kontingentlərin hərbçilərinin sayı onların statusu və təhlükəsizlik zonasına müdaxilələrinin və oradan çıxarılmasının şərtləri ayrıca protokolda təsbit olunacaq.
4. Hazırkı sazişin müddəaları pozulacağı təqdirdə nəzarət komissiyası araşdırmalar aparacaq və sülhü və asayişi bərpa etmək üçün yubanmadan zəruri addımlar atacaq və gələcək pozuntuların qarşısını almaq üçün tədbirlər görəcək.
Maddə 3
Benderı nəzarət komissiyasının iclaslarının keçiriləcəyi yer olaraq və vəziyyətin ciddiliyi nəzərə alınmaqla təhlükəsizlik rejiminin tətbiq edildiyi region elan olunur, təhlükəsizliyin təmin olunması hazırkı sazişin icra olunmasına iştirak edən tərəflərin hərbi kontingentlərinin vəzifəsidir. Nəzarət komissiyası polislə birlikdə fəaliyyət göstərərək Benderıda ictimai asayişin mühafizəsini təmin edəcək.
Benderı yerli özünüidarə orqanları tərəfindən idarə olunacaq, zəruri hallarda onlar nəzarət komissiyası ilə birlikdə fəaliyyət göstərəcək.
Maddə 4
Moldova Respublikası ərazisində yerləşən Rusiya Federasiyasının 14-cü ordusu neytrallığa riayət edəcək. Hər iki münaqişə tərəfi neytrallığa riayət etməyi və 14-cü ordunun mülkiyyətinə, şəxsi heyətinə və ya onların ailələrinə qarşı hər hansı hərəkəti etməməyi öhdələrinə götürürlər.
14-cü ordunun statusu ilə və ya çıxarılmasının mərhələləri və vaxt qrafiki ilə bağlı bütün məsələlər Rusiya Federasiyası ilə Moldova Respublikası arasında danışıqlar vasitəsilə həll olunacaq.
Maddə 5
1. Münaqişə tərəfləri hər cür sanksiyaları və blokadaları qəbulolunmaz hesab edirlər. Müvafiq olaraq, malların, xidmətlərin və insanların sərbəst hərəkəti qarşısındakı bütün maneələr aradan qaldırılacaq və Moldova Respublikasının ərazisində fövqəladə vəziyyətə son qoymaq üçün bütün zəruri tədbirlər görüləcək.
2. Münaqişə tərəfləri qaçqınların öz evlərinə qayıtması ilə, münaqişənin təsirinə məruz qalan regionun əhalisinə yardımla və yaşayış yerlərinin və ictimai binaların bərpası ilə bağlı problemləri həll etmək üçün yubanmadan danışıqlara girməlidirlər. Rusiya Federasiyası bu məqsədlə tərəflərə tam dəstək verəcək.
3. Münaqişə tərəfləri münaqişənin təsirinə məruz qalan region üçün nəzərdə tutulan humanitar yardımın sərbəst hərəkətini təmin etmək üçün bütün zəruri tədbirləri görəcəklər.
Maddə 6
Nəzarət komissiyasını regiondakı vəziyyətin gedişatı barədə dəqiq informasiya ilə təchiz edəcək ümumi mətbuat mərkəzi yaradılacaq.
Maddə 7
Tərəflər hesab edirlər ki, hazırkı sazişdə nəzərdə tutulmuş tədbirlər münaqişənin siyasi vasitələrlə həllinin mühüm hissəsini təşkil edir.
Maddə 8
Hazırkı saziş imzalandığı tarixdən qüvvəyə minəcək.
Hazırkı sazişin qüvvəsinə tərəflərin birgə qərarı əsasında və ya tərəflərdən biri ona xitam verdiyi təqdirdə son qoyulacaq, bu isə nəzarət komissiyasının və onun sərəncamında olan hərbi kontingentlərin fəaliyyətlərinə xitam verilməsi ilə nəticələnəcək”.
293. 8 aprel 1993-cü ildə Moldova parlamenti 21 dekabr 1991-ci il tarixli Alma-Ata Sazişini ratifikasiya etdi, bununla da Moldova aşağıdakı qeyd-şərtlərlə MDB-yə daxil oldu:
“...
2. Maddə 6, 3-cü və 4-cü bəndlər istisna olmaqla ...
Moldova Respublikasının Parlamenti hesab edir ki, MDB-nin tərkibində Moldova Respublikası iqtisadi əməkdaşlığı özü üçün prioritet sayacaq və siyasi və hərbi sahədə əməkdaşlığı istisna edəcək, o, bunları suverenlik və müstəqillik prinsiplərinə zidd hesab edir”.
294. 29 iyul 1994-cü il tarixli Moldova Konstitusiyasının müvafiq müddəalarında deyilir:
Maddə 11
“1. Moldova Respublikası daimi neytrallığını bəyan edir.
2. Moldova Respublikası onun ərazisində digər dövlətlərə məxsus qoşunların yerləşməsinə icazə vermir”.
Maddə 111
“1. İnstitusional aktla verilən xüsusi status vasitəsilə Dnestrin sol sahilindəki və Moldova Respublikasının cənubundakı ərazilərə xüsusi şərtlərlə muxtariyyət forması verilə bilər. ...”
295. Moldova Cinayət Məcəlləsinin müvafiq müddəalarında deyilir:
Maddə 116
“Hüquqa zidd olaraq azadlıqdan məhrum etmə bir ilədək azadlıqdan məhrum edilmə ilə cəzalandırılır.
Hüquqa zidd olaraq azadlıqdan məhrum etmə zərərçəkənin həyatına və ya sağlamlığına təhlükə yaratdıqda və ya onu fiziki əzaba məruz qoyduqda bir ildən beş ilədək azadlıqdan məhrum edilmə ilə cəzalandırılır.
Maddə 207
Hakimiyyət səlahiyyətini və ya rəsmi vəzifəyə bərabər vəzifəni mənimsəmə hüquq pozuntusu törətməyə şərait yaratmaq üçün törədildikdə minimum aylıq əmək haqqının otuz misli məbləğində cərimə ilə, yaxud iki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrum edilmə ilə cəzalandırılır.
296. 21 oktyabr 1994-cü ildə Moldova və Rusiya Federasiyası “Rusiya Federasiyasının müvəqqəti olaraq Moldova Respublikasının ərazisində yerləşən hərbi qruplaşmalarının hüquqi statusuna və onların çıxarılmasının təşkilinə və müddətlərinə dair saziş” imzaladılar, həmin sazişin əsas müddəalarında deyilirdi:
“Bundan sonra “Tərəflər” adlandırılacaq Moldova Respublikası və Rusiya Federasiyası, Pridnestrovye regionunun iştirakı ilə,
Avropada və dünyada bərqərar olmuş yeni siyasi münasibətləri nəzərə alaraq;
Moldova Respublikası ilə Rusiya Federasiyasının suveren və müstəqil dövlətlər olduğunu təsdiq edərək;
Öz münasibətlərini dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipləri üzərində qurmalı olduqlarına inanaraq;
Tərəflərin hərbi sahədə artıq əldə etdikləri razılaşmalardan çıxış edərək;
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin qəbul etdiyi sənədlərə uyğun surətdə hərəkət edərək,
Aşağıdakılar barədə razılığa gəldilər:
...
Maddə 2
Moldova Respublikası ərazisindəki Rusiya Federasiyası hərbi qruplaşmalarının statusu bu Sazişlə müəyyən edilir.
Rusiya Federasiyasının hərbi qruplaşmalarının Moldova Respublikası ərazisində yerləşməsi müvəqqəti tədbirdir.
Qoşunların başqa yerdə yerləşdirilməsi texniki məhdudiyyətlərlə bağlı olduğuna və vaxt tələb etdiyinə görə Rusiya tərəfi yuxarıda qeyd edilən hərbi qruplaşmaların çıxarılmasını bu Saziş qüvvəyə mindikdən sonra üç il ərzində həyata keçirəcək.
Rusiya Federasiyasının hərbi qruplaşmalarının qeyd edilən müddət ərzində Moldova ərazisindən çıxarılması məqsədi ilə atılan praktiki addımlar Pridnestrovye münaqişəsinin siyasi həlli ilə və Moldova Respublikasının Pridnestrovye regionu üçün xüsusi status təsis edilməsi ilə sinxronlaşdırılacaqdır.
Rusiya Federasiyasının hərbi qruplaşmalarının tam çıxarılmasının mərhələləri və müddətləri Tərəflərin müdafiə nazirləri arasında razılaşdırılacaq ayrıca protokolda əks olunacaqdır.
...
Maddə 5
Rusiyanın hərbi qruplaşmaları Moldova Respublikası ərazisində qaldığı müddətdə Moldova Respublikasındakı daxili münaqişəni həll etmək və ya üçüncü ölkələrə qarşı digər hərbi tədbirlər aparmaq məqsədi ilə onlara müraciət edilə bilməz.
Rusiya Federasiyasının Moldova Respublikası ərazisindəki hərbi qruplaşmalarına məxsus hər hansı növ hərbi texnologiyanın, silah və sursatların alınması yalnız iki ölkənin hökumətləri arasında xüsusi saziş bağlandıqdan sonra mümkün ola bilər.
Maddə 6
Rusiya Federasiyasının Moldova Respublikası ərazisindəki hərbi qruplaşmalarının bazalarından kənarda yerdəyişmələri və hərbi araşdırmaları Moldova Respublikasının müvafiq orqanları ilə əldə olunan saziş əsasında tərtib edilən plana uyğun olaraq həyata keçiriləcək.
Həm öz bazaları daxilində, həm də bazalarından kənarda yerdəyişmələr zamanı hərbi əşyaların və mülkiyyətin Rusiya ordusunda nəzərdə tutulan qaydada mühafizəsinə görə hərbi qruplaşmalar məsuliyyət daşıyırlar.
Maddə 7
Tiraspol hərbi aeroportu Rusiya Federasiyasının aviasiyası və hərbi qruplaşmaları və Moldova Respublikasının Pridnestrovye regionunun mülki aviasiyası tərəfindən birgə baza kimi istifadə olunacaq.
Hərbi təyyarələrin Moldova Respublikasının hava məkanı daxilində hərəkəti Tərəflərin daxili işlər nazirləri arasında bağlanan xüsusi saziş əsasında baş tutacaq.
...
Maddə 13
Rusiya Federasiyasının hərbi qruplaşmalarının çıxarılması nəticəsində istifadəsiz qalan yaşayış yerləri və kazarmalar, xidməti binalar, nəqliyyat parkları, atəş poliqonları və stasionar qurğular, anbarlar və oradakı qurğular, məskunlaşdırılmayan binalar və digər tikililər de fakto mövcud olan miqdarda və vəziyyətdə Moldova Respublikasının yerli dövlət idarəçiliyi orqanlarının ixtiyarına veriləcək.
Rusiya Federasiyasının hərbi qruplaşmalarının daşınmaz əmlakının təhvil verilməsi və ya satılması Tərəflərin hökumətləri arasında bağlanacaq xüsusi saziş əsasında müəyyən ediləcək.
...
Maddə 17
Rusiya Federasiyasının hərbi qruplaşmalarının Moldova Respublikası ərazisindən qeyd edilən vaxtda çıxarılmasını və onların Rusiya Federasiyası ərazisindəki bazalarında səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə hərbi qruplaşmaların yerləşdirilməsi üçün tələb olunan tikililər köçürüləcək. Ödənilməli olan pul vəsaiti və yenidən qurulmalı olan tikililərin və onların yerləşəcəyi yerlərin siyahısı xüsusi sazişlə müəyyən ediləcək.
...
Maddə 23
Bu Saziş zəruri daxili prosedurların tətbiqi ilə bağlı Tərəflərin son bildirişi verdikləri gün qüvvəyə minəcək və Rusiya hərbi qruplaşmaları Moldova Respublikası ərazisindən bütünlüklə çıxarılana qədər qüvvədə qalacaq.
Bu Saziş Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeydə alınacaq”.
297. 21 oktyabr 1994-cü ildə Moskvada Moldova Respublikası ilə Rusiya Federasiyasının müdafiə nazirlikləri arasında Moldova Respublikası ərazisində müvəqqəti yerləşən Rusiya hərbi bölmələrinin aviasiya uçuşları barədə saziş əldə edildi; saziş Tiraspol aeroportunun Rusiya Federasiyası silahlı qüvvələrinin təyyarələri tərəfindən istifadəsini nəzərdə tuturdu. Sazişin müvafiq hissələrində deyilirdi:
Maddə 1
“Tiraspol hərbi aeroportu Rusiya Federasiyasının hərbi bölmələri tərəfindən onlar Moldova Respublikası ərazisindən tam çıxarılana qədər istifadə olunacaq.
Tiraspol aeroportunda Moldova Respublikasına məxsus olan Pridnestrovye regionunun mülki aviasiyasının və Rusiya təyyarələrinin hərəkətləri və birgə uçuşları “Rusiya Federasiyası hərbi qruplaşmalarının aviasiyası ilə Moldova Respublikasının Pridnestrovye regionunun mülki aviasiyasının birgə ikitərəfli uçuşları haqında müvəqqəti qaydalar”a uyğun olaraq və Moldova Respublikasının dövlət mülki aviasiya orqanı, Moldova Respublikasının Müdafiə Nazirliyi və Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən koordinasiya edilməklə həyata keçiriləcək.
Digər təyyarələr Tiraspol aeroportundan yalnız Moldova Respublikasının dövlət mülki aviasiya orqanı və Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən koordinasiya edilməklə uçuşlar edə bilər”.
Maddə 3
“Rusiya bölmələrinə məxsus olan poçt təyyarələri Tiraspol aeroportundan ən çoxu həftədə iki dəfə (çərşənbə axşamları və cümə axşamları, yaxud Tərəflər arasında qabaqcadan koordinasiya edilməklə həftənin digər günləri) uçuşlar edə bilər”.
Maddə 5
“Rusiya Federasiyası silahlı qüvvələrinin pilotlar üçün məşqlər, təlim uçuşları və estakada uçuşları keçirmək barədə müraciətləri saat 15-dək (yerli vaxtla) hava nəqliyyatını koordinasiya edən qurumlara (nəzarət mərkəzlərinə) çatdırılmalıdır.
Bu cür müraciətlərin təsdiqi və Moldova Respublikasının hava məkanından istifadə üçün tələb olunan icazələr Moldova Respublikası Silahlı Qüvvələrinin hava hücumundan müdafiə və aviasiyaya nəzarət mərkəzi tərəfindən verilməlidir. Rusiya bölmələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə uçuş haqqında müraciətə uyğun olaraq Moldova Respublikasının hava məkanından istifadə ilə bağlı qərar Moldova Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi tərəfindən çıxarılır”.
Maddə 7
“Bu Sazişin icrasına nəzarəti Moldova Respublikası ilə Rusiya Federasiyasının müdafiə nazirliklərinin nümayəndələri, onlar tərəfindən birgə tərtib ediləcək xüsusi normalara uyğun olaraq, həyata keçiriləcəklər”.
Maddə 8
“Bu Saziş imzalandığı gündən qüvvəyə minir və Rusiya Federasiyasının hərbi bölmələri Moldova Respublikası ərazisindən tam çıxarılana qədər qüvvədə qalacaq.
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə dəyişikliklər edilə bilər”.
298. Moldova Respublikası tərəfindən 12 sentyabr 1997-ci ildə Avropa Şurasına təqdim edilmiş Konvensiyanın ratifikasiya sənədində bir sıra bəyanatlar və qeyd-şərtlər var, onların müvafiq hissələrində deyilir:
“1. Moldova Respublikası bəyan edir ki, özünü dövlət elan etmiş Pridnestrovye Respublikasının orqanları tərəfindən edilən hərəkətlərlə və ya hərəkətsizliklə əlaqədar olaraq, regiondakı münaqişə tam həll olunana qədər həmin orqanlar tərəfindən faktiki nəzarət edilən ərazilərdə Konvensiya müddəalarına riayət edilməsinə zəmanət verə bilməyəcək.
...”
299. 20 mart 1998-i ildə Odessada (Ukrayna) Rusiya Federasiyasının nümayəndəsi cənab V. Çernomırdin və “MPR”in nümayəndəsi cənab İ. Smirnov hərbi mülkiyyətlə bağlı məsələlər dair saziş imzaladılar, sazişdə deyilirdi:
“Rusiya qüvvələrinin Pridnestrovyedə mövcudluğu ilə əlaqədar olan hərbi mülkiyyətlə bağlı məsələlərə dair danışıqların sonunda aşağıdakı məsələlər barəsində razılıq əldə edildi:
1. Bütün müvafiq mülkiyyət üç kateqoriyaya bölünür:
a) birinci kateqoriyaya Birləşmiş Rusiya Qüvvələri Qrupunun standart silahları, sursatları və mülkiyyəti daxildir;
b) ikinci kateqoriyaya birmənalı olaraq Rusiyaya qaytarılmalı olan silahlar, sursatlar və daşınar hərbi mülkiyyətin qalıqları daxildir;
c) üçüncü kateqoriyaya bilavasitə yerində və ya saxlanıldıqları yerdən kənarda satıla (balansdan silinə) bilən silahlar, sursatlar və digər avadanlıqlar daxildir.
Üçüncü kateqoriyaya aid mülkiyyətin satışından əldə edilən gəlir tərəflər arasında aşağıdakı nisbətdə bölünəcək:
Rusiya Federasiyası: 50%;
Pridnestrovye: 50% (üçüncü kateqoriyaya aid mülkiyyətin satışından irəli gələn xərclər çıxıldıqdan sonra).
Üçüncü kateqoriyaya aid mülkiyyətin istifadəsi və ötürülməsi şərtləri Pridnestrovyenin iştirakı ilə Rusiya tərəfindən müəyyən ediləcək.
2. Tərəflər hərbi mülkiyyətin satışından və ya digər mənbələrdən gələn gəlirin müqabilində bir-birinə olan borclarını 20 mart 1998-ci ilədək tam ödəməyə razılıq verdilər.
3. Rusiya öz silahlı qüvvələrinin tələbatları üçün önəmli olan, bu sazişin əlavəsində müəyyən edilən hərbi mülkiyyətini Pridnestrovyedən çıxarmaqda davam edəcək. Prindestrovye hakimiyyəti mülkiyyətin çıxarılmasına mane olmayacaq.
4. Rusiya Kolbasan yaxınlığındakı istifadə edilə və daşına bilməyən sursatları Prindestrovye ilə razılaşdırmaqla və təhlükəsizlik tələblərinə, o cümlədən ekoloji təhlükəsizliyə lazımi qaydada əməl etməklə məhv etməkdə davam edəcək.
5. Daşınmaz əmlakın cəldliklə köçürülməsini təmin etmək üçün Rusiya Federasiyasının və Prindestrovyenin nümayəndələri razılığa gəldilər ki, Rusiya qüvvələrinin tərk edəcəyi tikililər onların real dəyərinin göstərildiyi rəsmi akta uyğun olaraq Pridnestrovyenin yerli hakimiyyət orqanlarına təhvil verilə bilər.
6. Bir daha vurğulanır ki, Pridnestrovyedə yerləşən Rusiya silahlı qüvvələrinin tədricən çıxarılması və onların mülkiyyətinin köçürülməsi şəffaf şəkildə həyata keçiriləcək. Çıxarma tədbirlərinin şəffaf şəkildə həyata keçirilməsi Moldova və Rusiya tərəfindən imzalanmış sazişlərə uyğun olaraq ikitərəfli əsasda təmin ediləcək. Rusiya qüvvələrinin Pridnestrovyedə mövcudluğuna dair önəmli məlumatlar cari praktikaya uyğun olaraq ATƏT-in Kişinyovdakı missiyası vasitəsilə ATƏT-ə çatdırılacaq.
HÜQUQİ MƏSƏLƏLƏR
I. ƏRİZƏÇİLƏR MOLDOVA RESPUBLİKASININ YURİSDİKSİYASINDADIRLARMI?
A. Məhkəməyə təqdim edilmiş arqumentlər
1. Moldova Hökuməti
300. Moldova Hökuməti bildirdi ki, ərizəçilər sözügedən vaxtda de fakto Moldovanın yurisdiksiyasında deyildilər və indi də deyillər; buna görə də Konvensiya müddəalarına əsasən ərizə şəxs meyarına görə (ratione personae) qəbulolunmazdır.
Konvensiyanın 1-ci maddəsinə əsasən, Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Beynəlxalq hüquqda dövlətin ərazi yurisdiksiyası (bu yurisdiksiya müstəsna və tam olmalıdır) ərazi suverenliyi adlanır. Bu suverenlik ona imkan verir ki, bəlli hüdudlarla məhdudlaşan ərazidə qanunvericilik, inzibati və məhkəmə fəaliyyətlərindən ibarət olan öz dövlət funksiyalarını həyata keçirsin. Lakin ərazisinin bir hissəsinə faktiki nəzarət edə bilməyən dövlət ərazi yurisdiksiyasını və suverenliyi real olaraq həyata keçirə bilməz. Belə olan halda “yurisdiksiya” ilə “ərazi” anlayışlarını qarşılıqlı surətdə bir-biri ilə əvəzləmək olmur. Konvensiyanın tətbiq edilə bilməsi üçün dövlət Konvensiyada təsbit olunmuş hüquqları vermək və təmin etmək iqtidarında olmalıdır. Müvafiq olaraq, şəxsin dövlətin yurisdiksiyasında olub-olmaması məsələsi faktlarla bağlı məsələdir; burada müəyyən etmək lazımdır ki, barəsində şikayət edilən davranış baş verən vaxt dövlət orqanları həmin davranışın iddia edilən qurbanları üzərində faktiki nəzarətə malik idilərmi?
301. Hazırkı işdə Dnestrin sol sahilindəki ərazilər ən azı 1991-ci ilin axırlarından bəri Moldova Respublikasının konstitusion orqanlarının nəzarəti altında deyildi. Həmin ərazidə “Moldovanın Pridnestrovye Respublikası” təşkil edilmişdi və öz təsisatlarına, o cümlədən, silahlı qüvvələrə, polis qüvvələrinə və gömrük əməkdaşlarına malik idi. Məhz buna görə Moldova Konvensiyanı ratifikasiya edərkən onun nəzarət etmədiyi Pridnestrovye ərazisində törədilən aktlara görə öz məsuliyyətini istisna edən bəyanat vermişdi.
Moldova Hökuməti qeyd etdi ki, Pridnestrovye rejiminin hakimiyyəti altında olan əraziyə Moldovanın nəzarət edə bilməməsi Məhkəmənin dinlədiyi bütün şahidlər tərəfindən təsdiq edilib.
302. O, bildirdi ki, onun Pridnestrovye ərazisi üzərində faktiki nəzarəti həyata keçirə bilməməsi faktından doğan situasiya Kipr Türkiyəyə qarşı məhkəmə işində ([Böyük Palatanın qərarı], ərizə N 25781/94, b. 78, AİHM 2001-IV) Məhkəmə tərəfindən təsvir edilmiş situasiyaya oxşardır, həmin işdə Məhkəmə qərara aldı ki, Kipr Hökuməti “Şimali Kipr Türk Respublikası”nın (“ŞKTR”) ərazisi üzərində faktiki nəzarəti həyata keçirmək iqtidarında deyil, həmin nəzarət de fakto sonuncu tərəfindən həyata keçirilirdi.
303. O, Pridnestrovye hakimiyyəti ilə əməkdaşlıq etdiyinə dair hər hansı iddianı rədd etdi və iddia etdi ki, Pridnestrovye münaqişəsini sakitləşdirmək üçün aparılan danışıqlar kontekstində müəyyən tədbirlər görülüb, onların bəziləri ATƏT vasitəçiləri tərəfindən bəyənilib və onların iştirakı ilə baş tutub, digərləri isə Pridnestrovye rejiminin nəzarətində olan ərazidəki Moldova əhalisinin maraqları naminə həyata keçirilib.
304. Moldova Hökuməti hesab etdi ki, istər ümumi mənada, yəni münaqişənin həlli yolunu tapmaq və Pridnestrovye ərazisi üzərində nəzarətini bərpa etmək baxımından, istərsə də xüsusi mənada, yəni ərizəçilərin Konvensiyada nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi baxımından öz pozitiv öhdəliklərini yerinə yetirib.
Bununla əlaqədar olaraq, o, münaqişəni nizamlamaq üçün göstərdiyi çoxsaylı cəhdlərə (onları Kişinyovda dinlənilmiş şahidlərin ifadələri ilə təsdiq edirdi), Moldovanın siyasi liderlərinin bəyanatlarına və məsələyə müdaxilələrinə (münaqişəni nizamlamaq üçün aparılan danışıqlar zamanı verilən bəyanatlar və edilən müdaxilələr də daxil olmaqla) və ərizəçilərin həbsini və məhkum olunmasını pisləyən digər addımlara (onların içərisində başlıca addım Moldova Ali Məhkəməsinin 3 fevral 1994-cü il tarixli qərarı idi), onların həbsinə və məhkum olunmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı görülmüş məhkəmə tədbirlərinə və Pridnestrovye ərazisi də daxil olmaqla hissəsi bütün Moldova ərazisində Moldovanın suverenliyini bir daha təsdiq etmək üçün görülmüş iqtisadi və digər tədbirlərə istinad etdi.
Lakin bu tədbirlər nəticə vermədi, ona görə ki, “MPR” Moldovaya münasibətdə avtonom fəaliyyət göstərmək iqtidarında olan təsisat idi və Pridnestrovye hakimiyyəti müvafiq tədbirlərin bəzilərinə cavab olaraq təzyiqlərə əl atmışdı.
Buna görə də Moldova Hökuməti bildirdi ki, yəni ərizəçilərin Konvensiyada nəzərdə tutulmuş hüquqlarına hörmət edilməsini təmin etmək və eyni zamanda bunu Moldovada iqtisadi və siyasi vəziyyəti gərginləşdirmədən etmək üçün onların ixtiyarında hər hansı başqa vasitə yox idi.
2. Rusiya Federasiyasının Hökuməti
305. Rusiya Hökuməti sadəcə qeyd etdi ki, Moldova Hökuməti Moldovanın yeganə qanuni hökuməti idi. Pridnestrovye ərazisi Moldova Respublikasının tərkib hissəsi olduğu üçün həmin ərazidə törədilən hərəkətlərə görə yalnız sonuncu cavabdehlik daşıyırdı.
3. Ərizəçilər
306. Ərizəçilər bildirdilər ki, Pridnestrovye ərazisində törədilən, onların iddia etdikləri Konvensiya pozuntularına görə Moldova cavabdehlik daşımalıdır, ona görə ki, Pridnestrovye onun dövlət ərazisinin tərkib hissəsi idi və orada onun faktiki nəzarəti olmasa da, Moldova Hökuməti Konvensiya ilə təmin olunan hüquqlara ölkənin bütün ərazisində hörmət edilməsini təmin etmək üçün səmərəli tədbirlər görmək öhdəliyini daşıyırdı. Lakin o, bunu etmədi. Ərizəçilər iddia etdilər ki, Moldova hakimiyyəti tərəfindən görülmüş pozitiv tədbirlər, onun ixtiyarında olan siyasi və iqtisadi vasitələri nəzərə alsaq, məhdud və yetərsiz idi.
Moldova Hökuməti nəinki Konvensiya üzrə pozitiv öhdəliklərini yerinə yetirmədi, hətta daha da uzağa gedərək Tiraspol rejiminin de fakto tanınmasına, yaxud ən azı susmaq yolu ilə vəziyyətin qəbul edilməsinə bərabər olan addımlar atdı, məsələn, general-leytenant Yakovlev azad edildi (yuxarıda 50-ci bəndə bax), cənab İlaşku 5 may 2001-ci ildə Moldova hakimiyyətinə təhvil verildi (yuxarıda 279-cu bəndə bax), 16 may 2001-ci il tarixli sazişlər bağlandı (yuxarıda 174-cü bəndə bax) və xüsusilə gömrük və polis sahəsində separatçılarla əməkdaşlıq edildi (yuxarıda 176-177-ci bəndlərə bax).
Ərizəçilər iddia etdilər ki, cənab İlaşku azad edildikdən sonra digər ərizəçilərin həbsdə qalmasında onu təqsirləndirən prezident Voroninin nitqi Moldovanın Konvensiya əsasında məsuliyyət daşıdığını təsdiqləyə biləcək bir akt idi.
307. Nəhayət, ərizəçilər bildirdilər ki, Moldova hakimiyyəti onların azadlığa buraxılmasını təmin etmək üçün Pridnestrovye rejiminə nəzarət etmək iqtidarında olan yeganə qüvvə ilə – Rusiya hakimiyyəti ilə uzunmüddətli danışıqlara getməli idi.
4. İşə üçüncü tərəf qismində qatılmış Rumıniya Hökuməti
308. Üçüncü tərəf qismində məsələyə müdaxilə edən Rumıniya Hökuməti ilk öncə qeyd etdi ki, bu işdə Moldovanın məsuliyyəti barədə rəyini ifadə etmək istəmir. Onun işə qatılmasının məqsədi vətəndaşları olan ərizəçilərin iddiasını dəstəkləmək üçün faktlara aydınlıq gətirmək və hüquqi məsələləri əsaslandırmaqdır.
309. O, belə hesab etdi ki, Konvensiya iştirakçısı olan dövlət Konvensiyanı ratifikasiya edərkən 1-ci maddədə nəzərdə tutulan mənada yurisdiksiyaya malik olmadığını iddia edərək götürdüyü öhdəliklərin hüdudlarını məhdudlaşdıra bilməzdi. İştirakçı dövlətlər ərazilərində yaşayan şəxslərin Konvensiya ilə təmin olunan hüquqlarına zəmanət verməlidirlər və onlardan tələb olunur ki, Məhkəmənin oturuşmuş presedent hüququndan irəli gələn zəruri addımları atsınlar.
Baxmayaraq ki, bu cür pozitiv öhdəliklərin mövcudluğu hakimiyyət orqanlarının üzərinə qeyri-real və ya həddən artıq yük qoyulması kimi şərh oluna bilməz, hər halda dövlətlərin həmin öhdəlikləri yerinə yetirmək üçün ağlabatan səy göstərməsi tələb olunur.
Rumıniya Hökuməti bildirdi ki, hazırkı işdə Moldova hakimiyyəti Pridnestrovye ərazisi üzərində öz suverenliyini təmin etmək üçün hər cür səy göstərdiyini sübut edə bilməyib. Konkret olaraq, o, Moldova hakimiyyətini Moldova Ali Məhkəməsinin 3 fevral 1994-cü il tarixli qərarının icrası üçün hər hansı səmərəli tədbirlər görməməkdə və Pridnestrovye regionundan malların ixrac edilə bilməsi üçün “MPR”in gömrük xidmətlərinin Moldova Respublikasının ştamp və möhürlərindən istifadə etmələrinə icazə verməkdə təqsirləndirdi.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
a) “Yurisdiksiya” anlayışı
310. Konvensiyanın 1-ci maddəsində deyilir:
“Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər”.
311. 1-ci maddədən belə nəticə çıxır ki, üzv dövlətlər onların “yurisdiksiyasında” olan fərdlərin Konvensiya ilə qorunan hüquq və azadlıqlarının hər hansı pozuntusuna görə cavab verməlidirlər.
Yurisdiksiyanın həyata keçirilməsi iştirakçı dövlət tərəfindən törədilən, Konvensiyada təsbit olunmuş hüquq və azadlıqların pozulduğunun iddia edilməsinə səbəb olan hərəkətlərə və ya hərəkətsizliyə görə həmin dövlətin cavabdehlik daşıya bilməsi üçün zəruri şərtdir.
312. Məhkəmə bu məsələ ilə bağlı özünün presedent hüququna istinad edərək bildirir ki, Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün “yurisdiksiya” anlayışına bu terminin beynəlxalq ümumi hüquqdakı mənasını əks etdirən anlayış kimi baxmaq lazımdır (bax: Centilhomme və başqaları Fransaya qarşı, ərizələr N 48205/99, 48207/99 və 48209/99, b. 20, 14 may 2002-ci il tarixli qərar; Bankoviç və başqaları Belçikaya qarşı (qərardad), [Böyük Palatanın qərarı], ərizə N 52207/99, b. 59-61, AİHM 2001-XII; və Assanidze Gürcüstana qarşı, [Böyük Palatanın qərarı], ərizə N 71503/01, b. 137, AİHM 2004-II).
Beynəlxalq ümumi hüquq nöqteyi-nəzərindən Konvensiyanın 1-ci maddəsindəki “yurisdiksiyasında olan” sözləri ilk növbədə dövlətin ərazi səlahiyyəti mənasını verən sözlər kimi başa düşülməlidir (bax: Bankoviç və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 59), həmçinin ehtimal edilir ki, bu yurisdiksiya normal halda dövlətin bütün ərazisinə şamil olunur.
Bu ehtimal müstəsna hallarda, xüsusən dövlət öz ərazisinin bir hissəsində hakimiyyət səlahiyyətini həyata keçirə bilmədikdə, məhdudlaşdırıla bilər. Bu, müvafiq əraziyə faktiki nəzarət edən digər dövlətin silahlı qüvvələri tərəfindən hərbi işğal nəticəsində (bax: Loizidu Türkiyəyə qarşı (ilkin etirazlar), 23 mart 1995-ci il tarixli qərar, A seriyaları, c. 310; və Kipr Türkiyəyə qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 76-80; bu qərara həmçinin yuxarıda adı çəkilən Bankoviç və başqalarının işi üzrə qərarın 70-71-ci bəndlərində də istinad edilib), müharibə və ya qiyam aktları nəticəsində, yaxud müvafiq dövlətin ərazisində separatçı dövlətin qurulmasını dəstəkləyən xarici dövlətin hərəkətləri nəticəsində baş verə bilər.
313. Həmin müstəsna halın mövcud olduğu qənaətinə gələ bilmək üçün Məhkəmə bir tərəfdən dövlətin öz ərazisi üzərindəki hakimiyyət səlahiyyətini faktiki həyata keçirə bilməsini məhdudlaşdıran bütün obyektiv faktları, digər tərəfdən isə dövlətin öz davranışını araşdırmalıdır. İştirakçı dövlətin Konvensiyanın 1-ci maddəsi üzrə götürdüyü öhdəliklər Konvensiya ilə təmin olunan hüquq və azadlıqların həyata keçirilməsinə müdaxilə etməkdən çəkinmək öhdəliyi ilə yanaşı, həm də öz ərazisində həmin hüquq və azadlıqlara hörmət edilməsini təmin etmək üçün müvafiq addımlar atmaqdan ibarət pozitiv öhdəlikləri özündə ehtiva edir (digər qərarlar arasında bax: Z və başqaları Birləşmiş Krallığa qarşı, [Böyük Palatanın qərarı], ərizə N 29392/95, b. 73, AİHM 2001-V).
Bu öhdəliklər, hətta dövlətin hakimiyyəti onun ərazisinin bir hissəsində məhdudlaşdırılsa belə, qüvvədə qalır, belə ki, o, hələ də səlahiyyəti çərçivəsində olan bütün zəruri tədbirləri görmək vəzifəsini daşıyır.
314. Bundan başqa, Məhkəmə qeyd edir ki, Bankoviç və başqalarının işində (bax: yuxarıda istinad edilən qərar, b. 80) o, Konvensiyanın tətbiqində ərazi prinsipinin üstünlüyünü vurğulasa da, həm də etiraf edib ki, Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada “yurisdiksiya” anlayışı heç də hökmən Yüksək Müqavilə Tərəflərinin dövlət ərazisi ilə məhdudlaşmır (bax: Loizidu Türkiyəyə qarşı (mahiyyət məsələləri), 18 dekabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu 1996-VI, s. 2234-2235, b. 52).
Məhkəmə razılaşıb ki, müstəsna hallarda iştirakçı dövlətlərin öz ərazisindən kənarda törətdiyi və ya orada nəticələrə səbəb olan hərəkətlər onların Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada öz yurisdiksiyasını həyata keçirməsinə bərabər sayıla bilər.
Beynəlxalq hüququn müvafiq prinsiplərinə əsasən, dövlət qanuni və ya qanunsuz hərbi aksiya nəticəsində öz dövlət ərazisindən kənarda yerləşən ərazi üzərində praktiki olaraq faktiki nəzarəti həyata keçirirsə, məsuliyyət daşıya bilər. Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları həmin ərazidə təmin etmək öhdəliyi bu cür nəzarətdən irəli gəlir və həmin nəzarətin silahlı qüvvələr vasitəsilə birbaşa, yaxud tabelikdə olan yerli hakimiyyət vasitəsilə dolayısı ilə həyata keçirilməsi əhəmiyyət daşımır (yenə eyni qərara bax).
315. İştirakçı dövlətin öz dövlət ərazisindən kənarda yerləşən ərazidə hakimiyyət orqanlarının siyasət və hərəkətləri üzərində hərtərəfli nəzarəti faktiki olaraq həyata keçirib-keçirmədiyini müəyyən etmək vacib deyil, belə ki, hətta ərazi üzərində ümumi nəzarət müvafiq iştirakçı dövlətin məsuliyyətinə səbəb ola bilər (bax: Loizidu Türkiyəyə qarşı iş üzrə yuxarıda adı çəkilən qərar (mahiyyət məsələləri), s. 2235-2236, b. 56).
316. İştirakçı dövlət öz milli ərazisindən kənarda yerləşən ərazi üzərində ümumi nəzarəti həyata keçirdikdə onun məsuliyyəti hərbçilərinin və ya rəsmilərinin həmin ərazidəki hərəkətləri ilə məhdudlaşmır, həm də onun hərbi və digər dəstəyi vasitəsilə mövcud olan yerli administrasiyanın hərəkətlərinə şamil olunur (bax: Kipr Türkiyəyə qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 77).
317. Dövlət həmçinin Konvensiya ilə təmin olunan hüquqlara kifayət qədər yaxından təsir göstərən hərəkətləri ilə bağlı məsuliyyət daşıya bilər (hətta həmin təsirlər onun yurisdiksiyasından kənarda özünü büruzə versə belə). Belə ki, Konvensiya iştirakçısı olmayan dövlətə ekstradisiya olunma məsələsi ilə bağlı Məhkəmə qərara aldı ki, iştirakçı dövlət qaçqın şəxsin işgəncəyə və ya qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalma riski ilə üzləşəcəyini düşünmək üçün əsaslı səbəblər olduğu halda həmin şəxsi bilərəkdən digər dövlətə təhvil verərsə, Konvensiyanın preambulasında qeyd edilən, Konvensiyanın kökündə duran dəyərlərə, yəni “siyasi ənənələrin, idealların, azadlığın və hüququn aliliyinin ümumi irsinə” zidd hərəkət etmiş olar (bax: Sörinq Birləşmiş Krallığa qarşı, 7 iyul 1989-cu il tarixli qərar, A seriyaları, c. 161, s. 35, b. 88-91).
318. Bundan əlavə, hər hansı fərdlərin iştirakçı dövlətin yurisdiksiyasında olan digər şəxslərin Konvensiya hüquqlarını pozan hərəkətləri ilə həmin dövlətin barışması və ya buna göz yumması dövlətin Konvensiya əsasında məsuliyyətinə səbəb ola bilər (bax: Kipr Türkiyəyə qarşı iş üzrə yuxarıda adı çəkilən qərar), bu, xüsusən dövlətin beynəlxalq birlik tərəfindən tanınmayan qondarma hakimiyyət orqanlarının hərəkətlərini tanıdığı hallara aiddir.
319. Hətta dövlətin nümayəndələri səlahiyyət həddini aşmaqla və ya təlimatlara zidd hərəkət etdikdə dövlət məsuliyyətə cəlb oluna bilər. Konvensiyaya əsasən, dövlət orqanları tabeliklərində olan şəxslərin davranışına görə ciddi məsuliyyət daşıyırlar; onlar öz iradələrini yeritməyə borcludurlar və tabeliklərində olanların onların iradəsinə hörmət etməmələri pərdəsi altında gizlənə bilməzlər (bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il tarixli qərar, A seriyaları, c. 25, s. 64, b. 159; həmçinin bax: dövlətlərin beynəlxalq hüquqa zidd hərəkətlərinə görə məsuliyyəti barədə Beynəlxalq Hüquq Komissiyasının maddələr layihəsi (“BHK-nın sənədi”), maddə 7, s. 104; və Ümumi İddialar Komissiyası tərəfindən dinlənilmiş Qahirə işi, 1929, Beynəlxalq Arbitraj Qərarları Toplusu (RIAA) 5, s. 516).
b) Hüquqa zidd hərəkətə görə dövlətin məsuliyyəti
320. Beynəlxalq hüquqda tanınan digər prinsip, BHK-nın sənədindən göründüyü kimi, beynəlxalq öhdəliyin pozulmasına görə dövlətin məsuliyyəti prinsipidir.
321. Hüquqa zidd hərəkətin nəticələri onun davam etdiyi ümumi müddətdən sonra da davam edərsə və beynəlxalq öhdəliyə zidd olmaqda qalarsa, həmin hərəkət davamedici hərəkət sayıla bilər (BHK-nın sənədi, 14-cü maddənin 2-ci bəndinin layihəsinə dair şərh, s. 139).
Bundan əlavə, Məhkəmə hesab edir ki, hüquqa zidd silsilə hərəkətlər və ya hərəkətsizlik baş verdikdə, pozuntu hərəkətlərdən birincisinin başlandığı dövrdən hərəkətlərin və ya hərəkətsizliyin təkrarlandığı və beynəlxalq hüquqa zidd olaraq qalmaqda davam etdiyi dövrə qədər bütün dövrü əhatə edir (BHK-nın sənədi, 15-ci maddənin 2-ci bəndinin layihəsi).
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
322. Beləliklə, Məhkəmə müəyyən etməlidir ki, Moldova hüquqa zidd davranışdan çəkinmək öhdəliyi və ya Konvensiya üzrə pozitiv öhdəliklər baxımından məsuliyyət daşıyırmı?
323. Məhkəmə ilk növbədə qeyd edir ki, Moldova dövlət ərazisinin bir hissəsinə, yəni Pridnestrovye regionuna nəzarət etmədiyini iddia edib.
324. Məhkəmə həmçinin qeyd edir ki, şikayət ərizəsinin qəbul edilənliyinə dair qərarında o, Konvensiyanın ratifikasiyası haqqında sənəddə qanuni Moldova hakimiyyətinin Pridnestrovye ərazisi üzərində nəzarətə malik olmadığı barədə Moldovanın verdiyi bəyanatın Konvensiyanın 57-ci maddəsində nəzərdə tutulan mənada etibarlı qeyd-şərt olmadığını bildirib.
Buna görə də ortaya çıxan sual ondan ibarətdir ki, Məhkəmənin yuxarıda gəldiyi nəticəyə baxmayaraq, Moldovanın bəyanatında və Moldova Hökuməti tərəfindən təqdim edilmiş sonrakı qeyd-şərtlərdə istinad edilən faktiki situasiya Moldovanın Konvensiya üzrə məsuliyyəti ilə bağlı hüquqi mövqeyi əks etdirirmi?
325. Hazırkı işdə Məhkəmə qeyd edir ki, 23 iyun 19990-cı ildə parlamenti tərəfindən suveren elan edilən və 27 avqust 1991-ci ildə müstəqil olan və daha sonra beynəlxalq birlik tərəfindən müstəqilliyi tanınan Moldova Respublikası dərhal Pridnestrovye regionundakı separatçı hərəkatla qarşılaşdı. Bu hərəkat 1991-ci ilin dekabrında yerli seçkilərin təşkili ilə daha da gücləndi, həmin seçkilər Moldova hakimiyyəti tərəfindən qanunsuz elan edildi (yuxarıda 47-ci bəndə bax). 1991-ci ilin sonunda Moldova Respublikasının qüvvələri ilə Pridnestrovye separatçıları arasında vətəndaş müharibəsi alovlandı və bu müharibə ən azı 14-cü ordunun bəzi hərbçiləri tərəfindən fəal surətdə dəstəkləndi. 1992-ci ilin martında vəziyyətin ciddi olduğu nəzər ə alınaraq, fövqəladə vəziyyət elan olundu (yuxarıda 69-cu bəndə bax).
Silahlı münaqişə zamanı Moldova hakimiyyəti beynəlxalq birliyə bir sıra müraciətlər etdi, o cümlədən 23 iyun 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına da müraciət edərək (yuxarıda 83-cü bəndə bax) Təhlükəsizlik Şurasından xahiş etdi ki, müstəqillik uğrunda mübarizəsində onu dəstəkləsin. O, Rusiya Federasiyasını Pridnestrovye separatçılarını dəstəkləməkdə təqsirləndirərək Rusiyadan təkrar-təkrar xahiş etdi ki, ona qarşı “təcavüzü” dayandırsın (yuxarıda 78-79-cu və 82-83-cü bəndlərə bax).
326. 21 iyul 1992-ci ildə status-kvo əsasında və onun saxlanması üçün təhlükəsizlik zonası yaratmaq şərti ilə atəşkəs sazişi imzalandı (yuxarıda 87-89-cu bəndlərə bax).
29 iyul 1994-cü ildə Moldova Respublikasının yeni Konstitusiyası qəbul edildi. 111-ci maddə Dnestrin sol sahilindəki torpaqlar da daxil olmaqla müəyyən muxtariyyət formasının verilməsi imkanının nəzərdə tuturdu. 11-ci maddə ölkə ərazisində xarici qoşunların yerləşdirilməsini qadağan edirdi (yuxarıda 294-cü bəndə bax).
327. Sonradan 12 sentyabr 1997-ci ildə Konvensiyanı ratifikasiya edərkən Moldova ratifikasiya sənədini saxlanılmağa verdikdə onunla birlikdə bəyanat təqdim edərək bildirdi ki, “qondarma Pridnestrovye Respublikası”nın faktiki nəzarəti altında olan ölkə ərazisinin bir hissəsində münaqişə yekun olaraq nizamlanana qədər Konvensiya müddəalarına əməl olunmasını təmin etmək iqtidarında deyil (yuxarıda 298-ci bəndə bax).
328. 21 iyul 1992-ci il tarixli atəşkəs sazişi ilə Moldovanın öz hakimiyyətini ölkənin bütün ərazisinə şamil etmək səylərinin birinci mərhələsi başa çatdı.
329. Məhkəmə qeyd edir ki, bu dövrdən sonra Moldova güzəştli mövqe qəbul etməyə meylli oldu və Pridnestrovye regionu üzərində yalnız şəxsiyyət vəsiqələrinin və gömrük ştamplarının verilməsi kimi məsələlərlə məhdudlaşan nəzarətini saxladı (yuxarıda 179-180-ci bəndlərə bax).
Müvafiq olaraq, Məhkəmə Moldova tərəfindən Konvensiyanın ratifikasiya sənədinə əlavə olunmuş bəyanata bu de fakto vəziyyəti qeyd edən sənəd kimi baxır.
330. Sərəncamında olan bütün materialların əsasında Məhkəmə hesab edir ki, beynəlxalq hüquqa əsasən Moldova Respublikasının yeganə qanuni hökuməti olan Moldova Hökuməti ərazisinin bir hissəsində, yəni “MPR”in faktiki nəzarəti altında olan hissədə hakimiyyətini həyata keçirə bilmir.
Bundan başqa, bu məsələ barədə hər hansı tərəf və ya Rumıniya Hökuməti mübahisə açmır.
331. Lakin hətta Pridnestrovye regionu üzərində faktiki nəzarətə malik olmasa da, Moldova ərizəçilərin Konvensiya ilə zəmanət verilən hüquqlarını təmin etmək üçün hələ də Konvensiyanın 1-ci maddəsi əsasında səlahiyyəti çərçivəsində olan və beynəlxalq hüquqa uyğun olan diplomatik, iqtisadi, məhkəmə və ya digər tədbirləri görməkdən ibarət pozitiv öhdəlik daşıyır.
3. “Pozitiv öhdəliklər” anlayışı
332. Dövlətin pozitiv öhdəliklərinin hüdudlarını müəyyən edərkən cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında gözlənilməli olan ədalətli balansa, iştirakçı dövlətlərdəki vəziyyətin müxtəlifliyinə və prioritetlər və resurslar baxımından edilməli olan seçimlərə diqqət yetirilməlidir. Bu öhdəliklər dövlətin üzərinə qeyri-real və ya qeyri-mütənasib yük qoyan tərzdə şərh edilməməlidir (bax: “Özgür Gündəm” Türkiyəyə qarşı, ərizə N 23144/93, AİHM 2000-III).
333. Məhkəmə hesab edir ki, iştirakçı dövlət de fakto situasiyanın, məsələn, separatçı rejim qurulduqda yaranan vəziyyətin doğurduğu məhdudiyyətlər ucbatından öz hakimiyyətini bütün ərazisi üzərində həyata keçirə bilmirsə (bunun digər dövlətin hərbi işğalı ilə müşayiət olunub-olunmamasından asılı olmayaraq), bununla Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada qiyamçı qüvvələr və ya digər dövlət tərəfindən dəstəklənən yerli hakimiyyətin müvəqqəti tabeçiliyində ərazisi hissəsi üzərində dövlətin yurisdiksiyasına son qoyulmur.
Bununla belə, bu cür faktiki vəziyyət həmin yurisdiksiyanı məhdudlaşdırır, belə ki, 1-ci maddə üzrə dövlətin götürdüyü öhdəlik Məhkəmə tərəfindən yalnız iştirakçı dövlətin ərazisindəki şəxslərə münasibətdə həmin dövlətin daşıdığı pozitiv öhdəliklərinin işığında nəzərdən keçirilməlidir. Sözügedən dövlət xarici dövlətlərə və beynəlxalq təşkilatlara münasibətdə ixtiyarında olan bütün hüquqi və diplomatik vasitələrlə Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqların həyata keçirilməsini təmin etməkdə davam etməyə çalışmalıdır.
334. Öhdəliklərinə ən səmərəli şəkildə riayət etmək üçün hakimiyyət orqanları tərəfindən hansı tədbirlərin görülməli olduğunu göstərmək Məhkəmənin vəzifəsi olmasa da, hazırkı işdə o, görülmüş faktiki tədbirlərin münasib və yetərli olduğunu yoxlamalıdır. Məhkəmə qismən və ya tam hərəkətsizliklə qarşılaşdıqda onun vəzifəsi minimum səylərin nə dərəcədə mümkün olduğunu və belə səylərin nə dərəcədə edildiyini müəyyən etməkdir. Bu məsələnin müəyyən edilməsi xüsusən Konvensiyanın 2-ci və 3-cü maddələri ilə təmin edilən hüquqlar kimi mütləq hüquqların pozulduğuna dair iddialarla bağlı işlərdə zəruridir.
335. Müvafiq olaraq, Məhkəmə bu qənaətə gəlir ki, ərizəçilər Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Moldova Respublikasının yurisdiksiyasındadırlar, amma onun faktiki hakimiyyəti həyata keçirə bilmədiyi “MPR” ərazisində törədilən, barəsində şikayət edilən hərəkətlərə görə məsuliyyəti onun Konvensiya üzrə pozitiv öhdəliklərinin işığında nəzərdən keçirilməlidir.
4. Moldova pozitiv öhdəliklərini yerinə yetiribmi?
336. Məhkəmə müəyyən etməlidir ki, Moldovanın hakimiyyət orqanları Konvensiya ilə zəmanət verilən hüquqları təmin etmək üçün pozitiv öhdəliklərini yerinə yetiriblərmi, yaxud ərizəçilərin və Rumıniya Hökumətinin bildirdiyi kimi, Moldova Hökuməti həmin hüquqları təmin etmək üçün yetərli tədbirlər görübmü?
337. Hazırkı işdə faktiki situasiyanın mürəkkəbliyini nəzərə alaraq, Məhkəmə hesab edir ki, ilk növbədə Moldovanın öhdəliklərini yerinə yetirib-yetirməməsi məsələsi həm Moldova ilə Rusiya Federasiyası arasındakı, həm də Pridnestrovye ilə Rusiya Federasiyası arasındakı münasibətlərlə sıx bağlıdır. Bundan əlavə, Moldova ərazisində ərizəçilərin vəziyyətini yaxşılaşdırmaq üçün Moldovanın Rusiya hakimiyyəti vasitəsilə Pridnestrovyeyə göstərə biləcəyi təsir də nəzərə alınmalıdır.
338. Məhkəmə qeyd edir ki, o, Moldova Konvensiyanı ratifikasiya edənə qədər baş vermiş hadisələrin Konvensiya müddəalarına uyğun olub-olmadığını nəzərdən keçirmək səlahiyyətinə malik deyil. Lakin o, Moldovanın pozitiv öhdəliklərini nəzərdən keçirərkən ratifikasiya tarixindən əvvəl törədilən hərəkətləri nəzərə ala və 12 sentyabr 1997-ci ildən sonra Moldovanın etdiyi cəhdləri qiymətləndirərkən müqayisəli məqsədlər üçün onlardan istifadə edə bilər.
339. Moldovanın pozitiv öhdəlikləri həm onun öz yurisdiksiyasının ifadəsi qismində Pridnestrovye ərazisi üzərində nəzarəti yenidən bərqərar etməsi üçün tələb olunan tədbirlərlə, həm də ərizəçilərin hüquqların hörmətin təmin edilməsi üçün tələb olunan tədbirlərlə, o cümlədən onların azad edilməsini təmin etməyə yönələn cəhdlərlə əlaqədardır.
340. Pridnestrovye ərazisi üzərində nəzarəti yenidən bərqərar etmək öhdəliyi tələb edirdi ki, birincisi, Moldova separatçı “MPR” rejimini dəstəkləməkdən çəkinsin və ikincisi, həmin ərazi üzərində nəzarətini yenidən bərqərar etməkdən ötrü ixtiyarında olan bütün siyasi və məhkəmə tədbirlərini və digər tədbirləri görmək üçün hərəkət etsin.
Bu məqsədlə Moldovanın görməli olduğu və ya görə biləcəyi ən münasib tədbirləri göstərmək, yaxud həmin tədbirlərin yetərli olduğunu qeyd etmək Məhkəmənin vəzifəsi deyil. O, yalnız “MPR” ərazisi üzərində nəzarətini yenidən bərqərar etmək üçün Moldovanın konkret aktlar və ya tədbirlər vasitəsilə ifadə etdiyi iradəsini qiymətləndirməlidir.
341. Hazırkı işdə 1991-1992-ci illərdə hərbi əməliyyatlar başlayandan bəri Moldova hakimiyyəti təcavüzə məruz qaldığını hesab etməklə həmin təcavüzdən şikayətlənməsini heç vaxt dayandırmayıb və “MPR”in müstəqillik haqqında bəyannaməsini rədd edib.
Məhkəmənin fikrincə, Rusiya Federasiyası kimi güclü dövlətdən hərbi, siyasi və iqtisadi dəstək alan rejimlə qarşılaşdıqda (yuxarıda 111-161-ci bəndlərə bax), Moldova Pridnestrovye ərazisi üzərində nəzarətini yenidən bərqərar etmək üçün çox az şeyləri etmək iqtidarında idi. Bunu hərbi münaqişənin nəticəsi də sübut edir, münaqişə göstərdi ki, Moldova hakimiyyəti Pridnestrovye ərazisində hakimiyyətə malik olmaq üçün 14-cü ordunun şəxsi heyəti tərəfindən dəstəklənən qiyamçı qüvvələrə qarşı vasitələrə malik deyildi.
342. Moldova hakimiyyəti 1992-ci ilin iyulunda hərbi əməliyyatlar başa çatdıqdan sonra Pridnestrovye üzərində nəzarətini yenidən bərqərar etmək üçün addımlar atmaqda davam etdi. Məsələn, 1993-cü ildən bəri Moldova hakimiyyət orqanları Pridnestrovyenin müəyyən rəsmilərinə qarşı cinayət prosesinə başlayaraq onları dövlət rəsmilərinin vəzifələrinə uyğun vəzifələri zəbt etməkdə təqsirləndirdilər (yuxarıda 167-ci və 229-230-cu bəndlərə bax).
343. Pridnestrovye regionu üzərində nəzarətini yenidən bərqərar etmək üçün Moldovanın səyləri 1994-cü ildən sonra da davam etdi, Moldova hakimiyyəti “MPR” tərəfindən nəzarət olunan ərazidə Moldovanın suverenliyini həm ölkə daxilində, həm də beynəlxalq miqyasda müdafiə etməkdə davam etdi (yuxarıda 31, 53, 66, 68, 69 və 77-83-cü bəndlərə bax). 1994-cü ildə o, yeni Konstitusiya qəbul etdi, orada digər məsələlərlə yanaşı Pridnestrovyeyə müəyyən qədər muxtariyyət verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdu. Elə həmin il o, Rusiya qoşunlarının üç il ərzində Pridnestrovyedən çıxarılması üçün Rusiya Federasiyası ilə saziş imzaladı.
12 sentyabr 1997-ci ildə o, Konvensiyanı imzaladı və Konvensiyaya dair qeyd-şərtlərində Pridnestrovye regionu üzərində nəzarətini yenidən bərqərar etmək niyyətini təsdiq etdi.
344. Pridnestrovyedə Moldova hakimiyyətini müdafiə etmək məqsədi daşıyan məhkəmə tədbirlərinin sayının azalmasına baxmayaraq, bu səylər 1997-ci ildən sonra da davam etdirildi. Pridnestrovye rəsmilərinə qarşı cinayət təqibləri nəticə vermədi və hətta 2000-ci ildə xətm olundu və Pridnestrovye rejiminin keçmiş rəsmisi Moldovaya qayıtdıqdan sonra orada onun yüksək dövlət vəzifəsi tutmasına icazə verildi (yuxarıda 168-ci bəndə bax).
Digər tərəfdən, Moldova hakimiyyətinin səyləri daha çox diplomatik fəaliyyətə yönəlmişdi. 1998-ci ilin martında Rusiya Federasiyası, Ukrayna və Pridnestrovye regionu Pridnestrovye münaqişəsini həll etmək məqsədi ilə bir sıra sənədlər imzaladılar. Moldova ilə Pridnestrovye rejiminin nümayəndələri arasında görüşlər və danışıqlar keçirildi. Nəhayət, 2002-ci ildən indiyədək münaqişənin həlli üçün Moldova prezidenti, ATƏT və Rusiya Federasiyası tərəfindən bir sıra təkliflər irəli sürüldü və müzakirə edildi (yuxarıda 107-110-cu bəndlərə bax).
Məhkəmə hesab etmir ki, Moldova tərəfindən region üzərində yurisdiksiyasını həyata keçirmək üçün səylərin azalması Moldovanın nəzarətini bərpa etməkdən imtina etməsi deməkdir, o, belə bir faktı nəzərə alır ki, öncə Moldovanın sınaqdan keçirdiyi bir neçə tədbirlərin qarşısı “MPR”in təzyiqləri vasitəsilə alınıb (yuxarıda 181-184-cü bəndlərə bax).
Məhkəmə daha sonra qeyd edir ki, Moldova Hökuməti iddia edib ki, danışıqlar strategiyasında onun etdiyi dəyişikliklər, yəni Pridnestrovyeni Moldovanın hüquq sisteminə qayıtmağa hazırlamaq məqsədini daşıyan diplomatik yanaşmalara doğru meyl Pridnestrovyedə vəziyyətin nizamlanması və ərizəçilərin azad edilməsi üzrə müzakirələr zamanı separatçıların ifadə etdikləri tələblərə cavab reaksiyası idi. Müvafiq olaraq, Moldova Hökuməti əvvəllər qəbul etdiyi tədbirlərdən, xüsusən hüquq sahəsindəki tədbirlərdən imtina etdi. Məhkəmə bununla bağlı cənab Sturza (bax: Əlavə: b. 309-314) və cənab Sidorov (bax: Əlavə: b. 446) tərəfindən verilmiş şahid ifadələrini qeyd edir.
345. Strategiyanın dəyişdirilməsi ilə paralel olaraq Moldova hakimiyyəti ilə Pridnestrovye separatçıları arasında münasibətlər quruldu. İqtisadi əməkdaşlıq sazişləri bağlandı, Moldova parlamenti ilə “MPR parlamenti” arasında münasibətlər quruldu, polis və təhlükəsizlik məsələlərində yeddi il ərzində əməkdaşlıq edildi və digər sahələrdə, məsələn, hava nəqliyyatına nəzarət, telefon rabitəsi və idman sahələrində əməkdaşlıq formaları quruldu (yuxarıda 114, 178 və 185-ci bəndlərə bax).
Moldova Hökuməti izah etdi ki, görülmüş bu əməkdaşlıq tədbirləri Moldova hakimiyyəti tərəfindən Pridnestrovye əhalisinin gündəlik həyatını yaxşılaşdırmaq və onların normal həyata mümkün qədər yaxın olan həyat tərzi sürmələrinə şərait yaratmaq qayğısından irəli gəlirdi. Moldova Hökuməti kimi Məhkəmə də bu fikirdədir ki, bu hərəkətlərin təbiətini və məhdud xarakterini nəzərə alsaq, onları Pridnestrovye rejiminə dəstək kimi başa düşmək olmaz. Əksinə, onlar Moldovanın Pridnestrovye regionu üzərində nəzarətini yenidən bərqərar etmək istəyini təsdiq edir.
346. Ərizəçilərin vəziyyətinə gəldikdə, Məhkəmə qeyd edir ki, 1997-ci ildə Konvensiyanı ratifikasiya edənə qədər Moldova hakimiyyəti bir sıra məhkəmə tədbirləri, siyasi və inzibati tədbirlər görmüşdü. Bunlara aşağıdakılar daxil idi:
- ərizəçilər barəsindəki 9 dekabr 1993-cü il tarixli ittiham hökmünü və onlar barəsindəki həbs orderini ləğv edən Ali Məhkəmənin 3 fevral 1994-cü il tarixli qərarı (yuxarıda 222-223-cü bəndlərə bax);
- 28 dekabr 1993-cü ildə “Pridnestrovye Ali Məhkəməsi”nin “hakimlərinə” qarşı başlanmış cinayət prosesi (yuxarıda 223-cü bəndə bax);
- Moldova prezidenti tərəfindən 4 avqust 1995-ci ildə elan edilmiş amnistiya (yuxarıda 226-cı bəndə bax) və Moldova parlamentinin 3 oktyabr 1995-ci il tarixli xahişi (yuxarıda 227-ci bəndə bax);
- Pridnestrovyedə həbsdə saxlanılan ərizəçilərin müayinəsi üçün Moldovadan həkimlərin göndərilməsi (yuxarıda 239-cu və 263-cü bəndlərə bax); və
- ərizəçilərin ailələrinə verilmiş maliyyə yardımı və onların ərizəçilərə baş çəkmələri üçün səfərlərinin təşkilinə köməklik (yuxarıda 239-cu bəndə bax).
Şahid ifadələrindən göründüyü kimi, bu dövrdə Pridnestrovye rəhbərləri ilə müzakirələrdə Moldova hakimiyyəti həmçinin mütəmadi olaraq ərizəçilərin azad edilməsi və onların Konvensiya hüquqlarına hörmət edilməsi məsələsini qaldırıb (yuxarıda 172-ci və 274-277-ci bəndlərə bax). Məhkəmə konkret olaraq məhkəmə orqanlarının göstərdiyi səyləri qeyd edir; məsələn, ədliyyə naziri cənab Sturza Pridnestrovye hakimiyyəti ilə ərizəçilərin azad edilməsi barədə danışıqlar aparmaq üçün Pridnestrovyeyə çoxsaylı səfərlər edib.
347. Hətta 1997-ci ildən sonra ərizəçilərin hüquqlarını təmin etmək üçün Moldova tərəfindən tədbirlər görüldü: onları müayinə etmək üçün Pridnestrovyeyə həkimlər göndərildi (Kişinyovdan olan həkimlərin apardığı son müayinə 1999-cu ildə baş tutdu), onların ailələri hakimiyyət orqanlarından maliyyə yardımı almaqda davam etdilər və keçmiş ədliyyə naziri və Pridnestrovye ilə Danışıqlar Komitəsinin sədri cənab Sturza ərizəçilərin azad edilməsi məsələsini Pridnestrovye hakimiyyəti qarşısında qaldırmaqda davam etdi. Bununla bağlı Məhkəmə qeyd edir ki, müəyyən şahidlərin ifadələri əsasən, cənab İlaşkunun azad edilməsi “MPR” hakimiyyəti ilə uzun danışıqların nəticəsi idi. Üstəlik, bu danışıqlardan sonra cənab Struza 2001-ci ilin aprelində ərizəçiləri Kişinyova qaytarmaq üçün Pridnestrovyeyə getmişdi (yuxarıda 274-cü bəndə bax; həmçinin bax: Əlavə: cənab Sturza, b. 310-312).
Doğrudur, Moldova hakimiyyəti əvvəllər görülmüş müəyyən tədbirləri, konkret olaraq ərizəçilərin məhkum olaraq həbsxanaya salınmasında iştirak etmiş şəxslər barəsində istintaqları davam etdirmədi. Lakin Məhkəmə hesab edir ki, Pridnestrovye ərazisi üzərində Moldova hakimiyyətinin nəzarətinin olmadığı bir şəraitdə Pridnestrovyedə yaşayan şəxslər barəsində hər hansı məhkəmə istintaqı səmərəsiz olardı. Bu məsələ ilə bağlı şahid ifadələri də bunu təsdiq edir (bax: Əlavə: cənab Postovan, b. 184; cənab Katanya, b. 208; və cənab Rusu, b. 302).
Nəhayət, Moldova hakimiyyəti təkcə “MPR” rejiminə deyil, həm də digər dövlətlərə və beynəlxalq təşkilatlara ərizəçilərin azad edilməsinə köməklik göstərmələri üçün müraciət etmişdi (bax: Əlavə: cənab Moşanu, b. 249).
348. Məhkəmənin əlində 2001-ci ildə cənab İlaşkunun azad edilməsindən bəri barəsində digər üç ərizəçinin şikayət etdiyi Konvensiya hüquqlarının davamedici pozuntularına son qoyulması üçün hakimiyyət orqanları tərəfindən səmərəli tədbirlər görüldüyünə dair hər hansı sübut yoxdur. Ən azından “MPR” rejimi ilə əlaqələri zamanı Moldova hakimiyyəti tərəfindən ərizəçilərin vəziyyəti barədə məsələnin mütəmadi olaraq qaldırılmaqda davam etdiyinə dair cənab Sturzanın ifadəsindən savayı Məhkəmə Moldova hakimiyyətinin ərizəçilərin məsələsində lazımi səy göstərdiyi barədə nəticə çıxarmağa əsas verə bilən hər hansı informasiyaya malik deyil.
Separatçılarla danışıqlarında Moldova hakimiyyəti ərizəçilərin vəziyyəti barədə məsələni şifahi qaldırmaqla kifayətlənib və onların Konvensiya hüquqlarına hörmət edilməsinə zəmanət verən razılaşma əldə etməyə cəhd göstərməyib (bax: Əlavə: cənab Sturza, b. 310-313).
Eyni ilə, ərizəçilər on iki ilə yaxın müddətə azadlıqdan məhrum edilsələr də, Pridnestrovye münaqişəsinin həllinə yönələn və ərizəçilərin vəziyyəti ilə əlaqədar olan hər hansı ümumi plan Məhkəmənin diqqətinə təqdim edilmədi və Moldova Hökuməti belə sənədin mövcud olduğunu və ya bu məsələ ilə bağlı danışıqların davam etdirildiyini iddia etmədi.
349. Rusiya Federasiyası ilə ikitərəfli danışıqlarda da Moldova hakimiyyəti ərizəçilərin taleyinə daha çox diqqət yetirmədi.
Məhkəmənin fikrincə, 6 iyul 2001-ci il tarixli dinləmədə Moldova Hökumətinin “ərizəçilərin ... həbsinə ... son qoymaq məqsədi daşıyan” prosesə mane olmamaq üçün iddia edilən pozuntulara görə Pridnestrovyedə ordusunun olması səbəbindən Rusiya Federasiyasının məsuliyyət daşıdığını iddia etməkdən çəkinməsi (aşağıda 360-cı bəndə bax) onunla əlaqədar idi ki, Moldova Hakimiyyəti Rusiyanı ərizəçiləri azad etməyə çağırsaydı, bu, Pridnestrovye rejimi üzərində Rusiya hakimiyyətinin təsirini qəbul etməyə bərabər olardı. 2001-ci ilin mayına qədər Moldova hakimiyyəti ərizəçilərin azad edilməsi məsələsini Rusiya hakimiyyəti qarşısında qaldırırdısa, həmin tarixdən sonra, görünür, bu mövqeyə zidd olaraq, bu məqsədlə edilən müdaxilələrə son qoyuldu.
İstənilən halda, Məhkəmə 2001-ci ilin mayından sonra Rusiya hakimiyyətinə münasibətdə Moldova hakimiyyətinin qalan ərizəçilərin azad edilməsinə yönələn mövqeyi barədə hər hansı məlumata malik deyil.
350. Xülasə, Məhkəmə qeyd edir ki, Rusiya Federasiyasının qarant dövlət kimi iştirak etdiyi Pridnestrovyedə vəziyyətin nizamlanmasına dair danışıqlar 2001-ci ilin bəri davam etsə də orada ərizəçilər barədə söhbət getməyib və ərizəçilərin Konvensiya hüquqlarının təmin edilməsi üçün Moldova hakimiyyəti tərəfindən hər hansı tədbir görülməyib və ya nəzərdən keçirilməyib.
351. Sərəncamında olan bütün materialları nəzərə alaraq, Məhkəmə hesab edir ki, hətta 2001-ci ilin mayında cənab İlaşku azad edildikdən sonra da ərizəçilərin Konvensiyada nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi üçün tədbirlər görmək Moldova Hökumətinin imkanı daxilində idi.
352. Müvafiq olaraq, Məhkəmə bu qənaətə gəlir ki, Moldovanın 2001-ci ilin mayından sonra baş verən, barəsində şikayət edilən hərəkətlərlə bağlı pozitiv öhdəliklərini yerinə yetirmədiyinə görə Konvensiya əsasında məsuliyyət daşıması mümkün ola bilər.
Buna görə də Moldovanın Konvensiya əsasında həqiqətən məsuliyyət daşıyıb-daşımadığını müəyyən etmək üçün Məhkəmə ərizəçilər tərəfindən qaldırılan şikayətlərin hər birini araşdırmalıdır.
II. ƏRİZƏÇİLƏR RUSİYA FEDERASİYASININ YURİSDİKSİYASINDADIRLARMI?
A. Məhkəməyə təqdim edilmiş arqumentlər
1. Rusiya Federasiyası Hökuməti
353. Rusiya Hökuməti bildirdi ki, barəsində şikayət edilən hərəkətlər Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada Rusiya Federasiyasının “yurisdiksiyasında” deyildi.
354. Rusiya Federasiyası Moldova Respublikasına məxsus ərazi olan Pridnestrovye regionu üzərində yurisdiksiyasını həyata keçirməmişdi və keçirmirdi. Konkret olaraq, Rusiya Federasiyası Moldova Respublikasının bir hissəsini heç vaxt işğal etməmişdi və orada yerləşən silahlı qüvvələr Moldovanın razılığı ilə orada idilər. 14-cü ordunun hissələri Moldova ilə Pridnestrovye arasındakı silahlı münaqişəyə müdaxilə etməmişdilər, onlar Moldova ilə Rusiya Federasiyası arasındakı sazişlər əsasında sülhü mühafizə vəzifələrini yerinə yetirir və bununla da münaqişənin kəskinləşməsinin və mülki əhali arasında qurbanların sayının artmasının qarşısını alırdılar. Əlbəttə, həm Pridnestrovye, həm də Moldova tərəfindən 14-cü ordunun hərbçilərinə qarşı qanunsuz silahlı aksiyalar törədildikdə onlar özlərini müdafiə etməyə məcbur idilər.
Saziş imzalandıqdan sonra üç il ərzində hərbi qüvvələrini Moldova Respublikasının ərazisindən çıxarmaq barədə 1994-cü ildə götürdüyü öhdəliyə Rusiya Federasiyasının əməl etməsi mümkün deyildi, çünki çıxarılma təkcə Rusiya Federasiyasından asılı deyildi. Birincisi, “MPR” hakimiyyəti buna qarşı çıxırdı; ikincisi, hərbi anbarların köçürülməsi ilə bağlı texniki mülahizələr nəzərə alınmalı idi. ATƏT-in İstanbul sammitində son müddət 31 dekabr 2002-ci ilədək uzadıldı və Rusiya Federasiyası həmin sammitdə əldə edilmiş razılaşmalara əməl etmək niyyətində idi.
355. Rusiya Hökuməti bildirdi ki, Rusiya qoşunlarının Pridnestrovyedə yerləşməsi Məhkəmə tərəfindən baxılmış Loizidu və Kipr Türkiyəyə qarşı məhkəmə işlərindəki (hər iki işə yuxarıda istinad edilib) vəziyyətlə, yəni Türkiyə qoşunlarının Kiprin şimal hissəsində yerləşməsi ilə müqayisə oluna bilməz. Əsas fərq qoşunların sayındadır, belə ki, Kiprin şimalında Türkiyə silahlı qüvvələrinin 30.000-dən artıq hərbçisi olduğu halda RƏQ-in yalnız 2.000 hərbçisi vardı.
RƏQ qoşunları “MPR” ilə birlikdə və ya onun maraqları naminə hərəkət etmir, sülhü mühafizə missiyasını daşıyırdılar, onun komandanın vəzifəsi regionda sülhü və sabitliyi mühafizə etmək və hələ də orada saxlanılan çoxlu miqdarda silahları qorumaq idi. Sülhü mühafizə qüvvələri 21 iyul 1992-ci il tarixli sazişlə tələb olunan neytrallığa riayət edirdilər.
Xülasə, Moldova Respublikasının ərazisində sülhü mühafizə etmək üçün Moldovanın razılığı ilə Rusiyanın hərbi mövcudluğu Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Rusiya Federasiyasının məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməzdi.
356. Rusiya Hökuməti Pridnestrovye ərazisi üzərində hər hansı nəzarəti həyata keçirdiyini və ya keçmişdə həyata keçirmiş olduğunu qəti şəkildə inkar etdi və qeyd etdi ki, “MPR” özünün hakimiyyət strukturlarını, o cümlədən parlamentini və məhkəmə hakimiyyətini təşkil edib.
Rusiya Federasiyası Pridnestrovye regionu üzərində hər hansı iqtisadi nəzarəti həyata keçirmirdi, sonuncu Moldova Respublikası daxilində özünün müstəqil iqtisadi siyasətini yürüdürdü, məsələn, ərzaq məhsullarını və spirtli içkiləri özünün yarlıkları ilə, amma Moldova Respublikasının məhsulları kimi ixrac edir və hər bir fəaliyyət sahəsinə tətbiq edilən qaydalara əməl edirdi. Buna görə də Kiprin şimalındakı situasiyadan fərqli olaraq, Pridnestrovye rejimi mövcudluğunu Rusiya Federasiyası sayəsində sürdürməkdən çox uzaq idi. Rusiya qoşunları tam çıxarılacağı təqdirdə Pridnestrovyenin yerli hakimiyyət orqanları öz fəaliyyətlərinin sərbəst surətdə həyata keçirilməsini davam etdirməkdə çətinlik çəkməyəcəkdilər.
357. Rusiya Federasiyası Pridnestrovye hakimiyyətinə heç vaxt azacıq da olsa hərbi, maliyyə və ya digər dəstək verməmişdi. O, “MPR”i (bu region özünü məhz belə adlandırırdı) heç vaxt tanımamışdı və hələ də tanımayıb. Pridnestrovye regionu sadəcə olaraq Qaqauziya kimi Moldova Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi idi.
Hökumət Rusiya Federasiyasının Pridnestrovye ərazisində konsulluq açdığı barədə ərizəçilərin iddiasını rədd etdi, amma etiraf etdi ki, bu məsələ Moldova Respublikası ilə müzakirələrdə uzun müddət gündəlikdə olub.
14-cü ordunun mülkiyyəti ilə bağlı məsələlərə dair 20 mart 1998-ci il tarixli saziş (yuxarıda 299-cu bəndə bax) və “MPR” ilə iqtisadi əməkdaşlığa dair digər sazişlər iki özəl tərəf arasında xüsusi (mülki) hüquqi müqavilələr idi və beynəlxalq hüquqla tənzimlənmirdi. Bu sazişlər əsasında belə nəticə çıxarmaq olmazdı ki, Rusiya Federasiyası “MPR”i tanıyıb.
Eyni ilə, Moldova və Rusiya Federasiyası arasında bağlanmış 21 oktyabr 1994-cü il tarixli sazişin 7-ci və 13-cü maddələrindən (yuxarıda 296-cı bəndə bax) bu cür nəticə çıxarmaq olmazdı, həmin maddələr Pridnestrovye hərbi aeroportunun Rusiya Federasiyasının hərbi aviasiyası və “Moldova Respublikasının Pridnestrovye regionunun mülki aviasiyası” tərəfindən birgə istifadəsini və Rusiya Federasiyasının hərbi qruplaşmalarının çıxarılması nəticəsində tərk edilən binaların və ya istifadəsiz qalan qurğuların “Moldova Respublikasının yerli dövlət idarəçiliyi orqanlarına” verilməsini nəzərdə tuturdu. Rusiya Hökumətinin bildirdiyinə görə, bu halda “Dnestr regionuna” konkret ərazi daxilində öz fəaliyyətlərini həyata keçirən “biznes müəssisəsi” kimi baxılırdı.
358. Moldovada şahidlərin verdiyi ifadələrin, xüsusən keçmiş hərbi prokuror cənab Timoşenkonun ifadəsinin işığında Rusiya Hökuməti etiraf etdi ki, ərizəçilər 14-cü ordunun binalarında həbsdə saxlanılıblar, amma iddia etdi ki, bu saxlanılma RƏQ-in intizam təlimatlarına zidd olub və çox qısa müddət ərzində davam edib, belə ki, cənab Timoşenko dərhal qanunsuz situasiyaya son qoyub. Buna görə də istənilən halda hüquq normalarının mümkün pozuntusu düzəldilmişdi və ərizəçilər özlərini qurban hesab edə bilməzdilər.
Qalan iddialara gəldikdə, Rusiya Hökuməti bildirdi ki, Rusiya hərbi qüvvələrinin Pridnestrovye regionunda mövcudluğu ilə ərizəçilərin vəziyyəti arasında heç bir səbəbiyyət əlaqəsi yoxdur.
2. Moldova Hökuməti
359. 24 oktyabr 2000-ci il tarixli yazılı qeydlərində Moldova Hökuməti bildirdi ki, Rusiya Federasiyasına məxsus qoşunların və hərbi avadanlıqların Pridnestrovye ərazisində yerləşdiyi nəzərə alınsa, hazırkı işdə Konvensiyanın 1-ci maddəsi əsasında Rusiya Federasiyası məsuliyyətə cəlb oluna bilər. O, bu məsələ ilə bağlı Kipr Türkiyəyə qarşı məhkəmə işində Komissiyanın qərarına (ərizə N 8007/77, 10 iyul 1978, Qərarlar və məruzələr, 13) və yuxarıda adı çəkilən Loizidunun işində Məhkəmənin qərarına (ilkin etirazlar) istinad etdi.
360. 6 iyun 2001-ci il tarixli dinləmədə Moldova Hökuməti bildirdi ki, 24 oktyabr 2000-ci il tarixli yazılı qeydlərində Rusiya Federasiyasının məsuliyyəti məsələsi ilə bağlı bildirdiyi mövqeyini dəyişmək istəyir. O, öz yeni mövqeyinə belə bir iddia ilə haqq qazandırdı ki, “arzuolunmaz nəticələrin, yəni Pridnestrovye mübahisəsinə və digər ərizəçilərin həbsdə saxlanılmasına son qoymaq məqsədi daşıyan prosesin dayandırılmasının qarşısını almaq” niyyətində olub.
361. 1 oktyabr 2003-cü il tarixli yazılı qeydlərində Moldova Hökuməti vurğuladı ki, 14-cü ordu 1991-1992-ci il münaqişəsində separatçıların tərəfində həm birbaşa, həm də dolayısı ilə fəal iştirak edib və onlara maddi-texniki və hərbi dəstək verib. Moldova Hökuməti hesab etdi ki, Rusiya Federasiyası beynəlxalq kontekstdə SSRİ dövlətinin varisidir və buna görə də SSRİ-nin qurumlarının, hazırkı halda 14-cü ordunun törətdiyi hərəkətlərə görə, konkret olaraq separatçı Pridnestrovye rejiminin qurulmasına görə və bu hərəkətlərin nəticələrinə görə məsuliyyət daşıyır.
Bundan əlavə, Moldova Hökuməti iddia etdi ki, ərizəçilərin həbsində və dindirilməsində 14-cü ordunun şəxsi heyətinin iştirakı ilə, onların 14-cü ordunun binalarında saxlanması ilə və Pridnestrovye separatçılarının ixtiyarına verilməsi ilə əlaqədar olaraq Rusiya Federasiyası məsuliyyətə cəlb olunmalıdır.
362. Müvafiq olaraq, Moldova Hökuməti hesab etdi ki, ümumiyyətlə Konvensiyanın 1-ci maddəsinə əsasən Pridnestrovye ərazisində törədilən hərəkətlər Pridnestrovye mübahisəsinin yekun həllinə qədər Rusiya Federasiyasının yurisdiksiyasındadır.
363. Moldova Hökuməti iddia etdi ki, RƏQ-ə məxsus bəzi mülki avadanlıqların Pridnestrovyeyə göndərilməsinin əleyhinə olmasa da, regiona hər hansı növ silahların və hərbi texnologiyanın, yaxud ikili istifadəyə yarayan (istər hərbi, istərsə də mülki məqsədlər üçün tətbiq edilə bilən) texnologiyanın ötürülməsinin qəti əleyhinə olub.
Müəyyən sazişlərdə rast gəlinən “Moldova Respublikasının Pridnestrovye regionunun yerli dövlət idarəçiliyi orqanları” terminin mənasına gəldikdə (həmin sazişlərdə bu orqanlara konkret hüquqlar verilir), Moldova Hökuməti bildirdi ki, bu termin Moldova Respublikasının konstitusiya normalarına uyğun olaraq təşkil edilən və mərkəzi hakimiyyət orqanlarına tabe olan idarəetmə orqanlarını nəzərdə tuturdu. O, bu terminin həmin sazişlərdə qeyd olunan yerli hakimiyyət orqanlarının Tiraspol hakimiyyətinə tabe olması mənasını verən formada şərhini qəti şəkildə rədd etdi.
3. Ərizəçilər
364. Ərizəçilər bildirdilər ki, Rusiya Federasiyası bir sıra faktlarla əlaqədar məsuliyyətə cəlb olunmalıdır. Buraya aşağıdakılar daxildir: SSRİ-nin və Rusiya Federasiyasının “MPR”in yaradılmasına göstərdiyi yardım, Rusiya silahlı qüvvələrinin və Rusiya kazaklarının Moldova ilə “MPR” arasındakı 1991-1992-ci il silahlı münaqişəsində iştirakı və Rusiya Federasiyası tərəfindən “MPR”ə verilən iqtisadi və siyasi dəstək.
365. İlk növbədə Rusiya hakimiyyəti Pridnestrovye separatçılarını həm siyasi yolla, həm də siyasi münaqişədə iştirak etməklə dəstəkləyib. Bununla bağlı ərizəçilər Rusiya Federasiyasının dəstəyi ilə bağlı faktlara dair təqdim edilmiş sübutları (yuxarıda 111-136-cı bəndlərə bax) və 1992-ci ildə 14-cü ordunun Moldova ərazisinə təcavüzünə qarşı şikayət edən Moldova hakimiyyətinin etdiyi çoxsaylı müraciətləri qeyd etdilər. Onlar həmçinin 14-cü ordu komandirlərinin və Rusiya rəhbərlərinin separatçıların xeyrinə verdiyi ictimai bəyanatlardan və həmin komandirlərin Pridnestrovye seçkilərində iştirakından, Pridnestrovye qüvvələrinin hərbi paradlarından və digər ictimai tədbirlərdən şikayətləndilər.
366. Ərizəçilər iddia etdilər ki, Rusiya Federasiyası kazakların və digər rusiyalı muzdluların separatçılarla birlikdə vuruşmaqdan ötrü Pridnestrovyeyə səfərlər etməsinin qarşısını almaq üçün heç nə etməyib. Əksinə, Rusiya Federasiyası muzdluları bunu etməyə həvəsləndirib, eyni zamanda, 14-cü ordu Pridnestrovye separatçılarını silahlandırıb və onlara təlim keçib.
367. Ərizəçilər bildirdilər ki, “MPR”in hakimiyyət orqanları adlandırılan qurumlar faktiki olaraq Rusiya Hökumətinin marionetləri idi.
368. Bundan başqa, onlar iddia etdilər ki, “MPR” Rusiya Hökuməti tərəfindən tanınıb. Onlar bu məslə ilə bağlı 20 mart 1998-ci ildə 14-cü ordunun mülkiyyəti barədə Rusiya Federasiyası ilə Pridnestrovye arasında bağlanmış sazişə (yuxarıda 299-cu bəndə bax) Rusiya Federasiyasının siyasi partiyalarının Tiraspolda şöbələrinin olduğuna, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moldova hakimiyyəti ilə razılaşdırmadan orada konsulluq açmasına və cənab Smirnov, cənab Marakutsa və cənab Karaman da daxil olmaqla Pridnestrovye rəhbərlərinin Rusiya Federasiyası pasportları daşımasına dair iddialara istinad etdilər.
369. “MPR”i de fakto tanımaqdan başqa, Rusiya Federasiyası, yuxarıda adı çəkilən 20 mart 1998-ci il sazişindən göründüyü kimi, Tiraspol rejimini iqtisadi və maliyyə cəhətdən dəstələyirdi, həmin sazişə əsasən RƏQ-in avadanlıqlarının satışından gələn gəlirin bir hissəsi “MPR”ə verilir, Pridnestrovyenin Rusiya hakimiyyətinə olan borcları azaldılır, Rusiyanın silah istehsalçısı “Rosvoorujeniye” ilə Pridnestrovye hakimiyyəti arasında iqtisadi münasibətlər qurulur və Pridnestrovye Bankı tərəfindən Rusiya Mərkəzi Bankında hesablar açılırdı.
370. Ərizəçilərin sözlərinə görə, belə hərəkətlər, eləcə də Rusiya Federasiyası tərəfindən Pridnestrovye ərazisi üzərində həyata keçirilən de fakto nəzarət, orada törədilən insan hüquqlarının pozuntuları ilə bağlı Rusiya Federasiyasının məsuliyyət daşıdığını bildirir.
Onlar Rusiya Federasiyasının öz ərazisindən kənarda, lakin nəzarəti altında olan regionda törətdiyi hərəkətlərə görə məsuliyyətə cəlb olunmasının mümkünlüyü barədə rəylərini müdafiə etmək üçün yuxarıda adı çəkilən Loizidunun işindəki (ilkin etirazlar) Məhkəmə presedentinə istinad etdilər.
Onlar daha sonra Beynəlxalq Ədalət Məhkəməsinin presedentlərinə istinad etdilər, həmin məhkəmə Namibiyada Cənubi Afrika qüvvələrinin mövcudluğu ilə bağlı məsləhət rəyində qeyd etmişdi ki, dövlətlər fərdlərin hərəkətlərinin sözügedən ərazinin sakinlərinə təsir göstərməməsini təmin etmək öhdəliyini daşıyırlar. Onlar həmçinin Klinqin işinə istinad etdilər, həmin işdə Birləşmiş Ştatlar və Meksika tərəfindən 1923-cü ildə təşkil edilmiş Ümumi İddialar üzrə Komissiya qərara aldı ki, dövlət öz hərbçilərinin qiyamçı davranışına görə məsuliyyət daşıyır.
4. İşə üçüncü tərəf qismində qatılmış Rumıniya Hökuməti
371. Rumıniya Hökuməti ilk öncə qeyd etdi ki, onun işə qatılmasının məqsədi vətəndaşları olan ərizəçilərin iddiasını dəstəkləmək üçün faktlara aydınlıq gətirmək və hüquqi məsələləri əsaslandırmaqdır.
372. Barəsində şikayət edilən hərəkətlərin Moldova ərazisinin bir hissəsi olan, Tiraspoldakı separatçı administrasiyanın de fakto hakimiyyəti altında olan “MPR”də baş verdiyini və davam etdiyini etiraf etsə də, Rumıniya Hökuməti Kişinyov hakimiyyətinin nəzarətindən kənarda Pridnestrovye regionunun yaradılmasında və mövcudluğunu davam etdirməsində Rusiya qoşunlarının təsirini vurğuladı.
O, bildirdi ki, 14-cü ordu separatçı hərbi qüvvələrin yaradılmasına yardım edib. Münaqişə bitdikdən sonra 14-cü ordu Moldova ərazisində qalıb.
373. Rumıniya Hökuməti Konvensiya qurumlarının presedent hüququna istinad etdi, həmin presedentlərə əsasən, Müqavilə Tərəfi hərbi aksiya nəticəsində öz dövlət ərazisindən kənarda praktiki nəzarəti həyata keçirirsə, məsuliyyətə cəlb oluna bilər (bax: Kipr Türkiyəyə qarşı, Komissiyanın yuxarıda adı çəkilən qərarı; Loizidunun işi üzrə yuxarıda adı çəkilən qərar (ilkin etirazlar), və Kipr Türkiyəyə qarşı, Komissiyanın 4 iyun 1999-cu il tarixli məruzəsi).
O, bildirdi ki, müvafiq presedent hüququ bütünlüklə hazırkı işin faktlarına tətbiq edilə bilər, birincisi, ona görə ki, Moldova sözügedən ərazi üzərində öz suveren yurisdiksiyasını bərpa etməyə çalışarkən hərbi münaqişədə 14-cü ordunun qüvvələri iştirak ediblər və ikincisi, ona görə ki, həmin qoşunlar “MPR” ərazisində yerləşiblər. Yerli hakimiyyətin öz silahlı qüvvələrini formalaşdırmasına proporsional olaraq Rusiya qoşunlarının real sayının tədricən azaldılması az əhəmiyyət daşıyırdı, çünki 14-cü ordunun timsalında çəkindirici element Moldova ərazisində qalmaqda idi.
374. Üstəlik, Rusiya Federasiyasının orqanları separatçı Tiraspol hakimiyyəti üzərində siyasi təsiri həyata keçirirdilər.
375. Rumıniya Hökuməti iddia etdi ki, dövlət öz orqanlarının törətdiyi hərəkətlərə, o cümlədən hakimiyyət səlahiyyətindən sui-istifadə hallarına görə məsuliyyət daşıyır və bu məsələ ilə bağlı Rusiya hakimiyyət orqanlarının, o cümlədən prezident Boris Yeltsinin verdiyi müəyyən bəyanatlara, habelə rus hərbiçilərinin separatçıların tərəfinə keçməsi nümunəsinə istinad etdi. Bundan əlavə, o, bildirdi ki, həmçinin dövlət orqanları tərəfindən yol verilən nöqsanlar (bu nöqsanlar istər hüquqa zidd hərəkətlərin qarşısının alınmaması, istərsə də nəzarətin olmaması və ya səhlənkarlıq formasında təzahür edə bilər) nəticəsində fərdlərin törətdiyi hüquqa zidd hərəkətlərə görə də dövlət məsuliyyətə cəlb oluna bilər.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
376. Məhkəmə hesab edir ki, yuxarıda qısaca ümumiləşdirilmiş prinsiplər (310-321-ci bəndlərə bax) ərizəçilərin Rusiya Federasiyasının yurisdiksiyasında olub-olmaması məsələsinin araşdırılması baxımından aktualdır.
2. Yuxarıdakı prinsiplərin tətbiqi
377. Hazırkı işdə Məhkəmənin vəzifəsi yuxarıda qeyd edilən prinsipləri nəzərə almaqla (konkret olaraq 314-316-cı bəndlərə bax) iddia edilən pozuntulara görə Rusiya Federasiyasının məsuliyyət daşıyıb-daşımadığını müəyyən etməkdir.
378. Məhkəmə ilk öncə qeyd edir ki, Rusiya Federasiyası beynəlxalq hüquqa əsasən SSRİ-nin varisi olan dövlətdir (yuxarıda 290-cı bəndə bax). O, daha sonra qeyd edir ki, MDB təşkil edilərkən Moldova MDB silahlı qüvvələrinin təlimlərinə qoşulmayıb və sonradan təsdiq edib ki, MDB çərçivəsində əməkdaşlığın hərbi aspektində iştirak etmək istəmir (yuxarıda 293-294-cü bəndlərə bax).
a) Konvensiya Rusiya Federasiyası tərəfindən ratifikasiya edilənə qədər
379. Məhkəmə qeyd edir ki, 14 noyabr 1991-ci ildə SSRİ parçalanarkən gənc Moldova Respublikası onun ərazisində yerləşən SSRİ-nin 14-cü ordusunun hərbi avadanlıq və silah anbarına olan hüquqlarını irəli sürdü (yuxarıda 37-ci bəndə bax).
O, həmçinin ərazisindən bu ordunun çıxarılması məqsədi ilə Rusiya Federasiyası ilə danışıqlara getdi.
380. Məhkəmə qeyd edir ki, 1991-1992-ci ildə Moldova münaqişəsi zamanı Moldova Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi olan Pridnestrovyedə yerləşən 14-cü ordunun qüvvələri (öz növbəsində onlar SSRİ-yə, MDB-yə və Rusiya Federasiyasına sadiq idilər) separatçı Pridnestrovye qüvvələri bilə birlikdə və onların maraqları naminə döyüşürdülər. Bundan başqa, 14-cü ordunun (sonradan o, RƏQ-ə çevrildi) anbarlarından çoxlu miqdarda silahlar könüllü surətdə separatçılara verildi, sonuncular həmçinin Rusiya hərbçiləri tərəfindən müqavimətə rast gəlmədən silahları ələ keçirmək imkanına malik idilər (yuxarıda 48-136-cı bəndlərə bax).
Məhkəmə qeyd edir ki, 1991-ci ilin dekabrından bəri Moldova hakimiyyəti 14-cü ordunun Moldova Respublikasına qarşı “təcavüz aktları” adlandırdığı hərəkətlərdən beynəlxalq qurumlar da daxil olmaqla müxtəlif qurumlara mütəmadi olaraq şikayət edib və Rusiya Federasiyasını Pridnestrovye separatçılarını dəstəkləməkdə təqsirləndirib.
Hakimiyyət orqanın törətdiyi sui-istifadə hallarına görə dövlətin məsuliyyəti prinsipini nəzərə alsaq, Rusiya Hökumətinin bildirdiyi kimi 14-cü ordunun Moldova qüvvələri və Pridnestrovye qiyamçıları arasındakı hərbi əməliyyatlarda bilavasitə iştirak etməməsi heç bir əhəmiyyət daşımır.
381. Moldova hakimiyyəti ilə Pridnestrovye separatçıları arasındakı toqquşmalar zamanı Rusiya Federasiyasının rəhbərləri öz siyasi bəyanatlarında separatçı hakimiyyəti dəstəkləmişdilər (yuxarıda 46, 75, 137 və 138-ci bəndlərə bax). 21 iyul 1992-ci il tarixli atəşkəs sazişinin əsas hissəsini Rusiya Federasiyası tərtib etmiş və üstəlik, tərəf kimi imzalamışdı.
382. Bütün bu halların işığında Məhkəmə hesab edir ki, separatçı rejim qurmaqda Pridnestrovye separatçılarına kömək etmək üçün Rusiyanın onlara verdiyi hərbi və siyasi dəstəyi və döyüşlərdə onun hərbi personalının iştirak etdiyini nəzərə alsaq, Pridnestrovye separatçıları tərəfindən törədilmiş qanunsuz hərəkətlərə görə Rusiya Federasiyası məsuliyyət daşıyır. Bu cür hərəkət etməklə Rusiya Federasiyası Moldova Respublikası ərazisinin bir hissəsi olan Pridnestrovye regionunda separatçı rejimin yaradılmasına həm hərbi, həm də siyasi yardım göstərib.
Məhkəmə həmçinin qeyd edir ki, hətta 21 iyul 1992-ci il tarixli atəşkəs sazişindən sonra da Rusiya Federasiyası separatçı rejimə hərbi, siyasi və iqtisadi dəstək verməkdə davam edib (yuxarıda 111-116-cı bəndlərə bax), bununla da onun möhkəmlənərək yaşamağa və Moldova qarşısında müəyyən qədər muxtariyyət əldə etməyə qadir olmasına imkan yaradıb.
383. Məhkəmə daha sonra qeyd edir ki, yuxarıda qeyd edilən hadisələr kontekstində ərizəçilər 1992-ci ilin iyununda 14-cü ordunun (sonradan o, RƏQ adlandırıldı) hərbçilərinin iştirakı ilə həbs ediliblər. Bundan sonra birinci üç ərizəçi 14-cü ordunun binalarında saxlanılıb və 14-cü ordunun qoşunlarının mühafizəsi altında həbsdə olub. Həbs müddətində bu üç ərizəçi dindirilib və Konvensiyanın 3-cü maddəsinə zidd sayıla bilən rəftara məruz qalıb. Sonra onlar Pridnestrovye polisinin ixtiyarına verilib.
Eyni ilə, 14-cü ordunun hərbçiləri tərəfindən həbs edildikdən sonra dördüncü ərizəçi separatçı Pridnestrovye polisinə təhvil verilib, sonra həbsxanaya salınıb, dindirilib və polisin binalarında Konvensiyanın 3-cü maddəsinə zidd sayıla bilən rəftara məruz qalıb.
384. Məhkəmə hesab edir ki, yuxarıdakı hadisələrlə bağlı ərizəçilər Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada Rusiya Federasiyasının yurisdiksiyasında idilər, baxmayaraq ki, onlar baş verən vaxtda Konvensiya Rusiya Federasiyasına münasibətdə qüvvəyə minməmişdi.
Bunun səbəbi ondan ibarətdir ki, Rusiya Federasiyasının məsuliyyətinə səbəb olan hadisələrə təkcə ərizəçilərin tutularaq həbsxanaya salınması kimi hərəkətlərdə dövlət nümayəndələrinin iştirakını deyil, həm də onların Pridnestrovye polisinə və Pridnestrovye rejiminə təhvil verilməsini və daha sonra onların polislər tərəfindən qəddar rəftara məruz qalmasını özündə ehtiva edən hadisələr kimi baxmaq lazımdır, çünki bu cür hərəkət edərkən Rusiya Federasiyasının nümayəndələri onları qanunsuz və konstitusiyaya zidd rejimə təhvil verdiklərini bilirdilər.
Bundan əlavə, ərizəçilərin hansı hərəkətlərdə təqsirləndirildiyi də nəzərə alınmalıdır, belə ki, Rusiya Hökumətinin nümayəndələri onları gözləyən taledən xəbərdar idilər və ya ən azı xəbərdar olmalı idilər.
385. Məhkəmənin fikrincə, ərizəçilərə münasibətdə Rusiya hərbçiləri tərəfindən törədilən bütün hərəkətlər, o cümlədən onların separatçı rejimin ixtiyarına verilməsi, Rusiya hakimiyyətinin bu qanunsuz rejimlə əməkdaşlığı kontekstində, həmin rejimin hərəkətlərinə görə Rusiyanın məsuliyyətinə səbəb ola bilər.
İndi onu müəyyən etmək qalır ki, həmin məsuliyyət Rusiya Federasiyasının üzərində qalırdımı və Konvensiya Rusiya Federasiyası tərəfindən ratifikasiya edilən vaxtda hələ də onun üzərində idimi?
b) Konvensiya Rusiya Federasiyası tərəfindən ratifikasiya edildikdən sonra
386. 5 may 1998-ci ildə Konvensiya ratifikasiya edildiyi tarixdən sonrakı dövrə gəldikdə, Məhkəmə aşağıdakıları qeyd edir.
387. Rusiya ordusu onun tam çıxarılması barədə Rusiya Federasiyası tərəfindən ATƏT-in İstanbul (1999) və Porto (2001) sammitlərində götürülmüş öhdəliyə zidd olaraq hələ də Moldova ərazisində yerləşir. 1992-ci ildən bəri Pridnestrovyedə yerləşən Rusiya qoşunlarının sayı əhəmiyyətli dərəcədə azalsa da (yuxarıda 131-ci bəndə bax), Məhkəmə qeyd edir ki, RƏQ-in silah anbarları hələ də oradadır.
Müvafiq olaraq, bu cəbbəxananın həcmini nəzərə alsaq (yuxarıda 131-ci bəndə bax), RƏQ-in regiondakı hərbi əhəmiyyəti və çəkindirici təsiri qalmaqdadır.
388. Məhkəmə daha sonra qeyd edir ki, bir tərəfdən Rusiya Federasiyası ilə Pridnestrovye hakimiyyəti arasında, digər tərəfdən isə Moldova hakimiyyəti ilə Pridnestrovye hakimiyyəti arasında sazişlər vasitəsilə (yuxarıda 112-120-ci və 123-cü bəndlərə bax) “MPR” hakimiyyəti, RƏQ regiondan tam çıxarıldıqdan sonra, RƏQ-in infrastrukturunu və cəbbəxanasını əldə etməli idi. Bununla bağlı qeyd etmək lazımdır ki, digər sənədlərlə yanaşı 21 oktyabr 1994-cü il sazişində rast gəlinən Pridnestrovye regionunun “yerli dövlət idarəçiliyi orqanları” termininə (yuxarıda 116-cı bəndə bax) Rusiya Hökuməti tərəfindən verilən şərh Rusiya Hökuməti tərəfindən irəli sürülən şərhdən fərqlənir, məhz bu fakt “MPR” rejiminin həmin infrastrukturu əldə etməsinə imkan verib.
389. Hərbi münasibətlərə gəldikdə, Məhkəmə qeyd edir ki, Birgə Nəzarət Komissiyasındakı Moldova nümayəndə heyəti RƏQ-in şəxsi heyəti ilə Pridnestrovye hakimiyyəti arasında silahların sonuncuya ötürülməsi ilə bağlı sövdələşmə olduğu barədə daim iddialar irəli sürüb. O, qeyd edir ki, RƏQ-in şəxsi heyəti nümayəndələrin yanında bu iddiaları rədd edərək bəyan edib ki, bəzi avadanlıqlar oğurluq yolu ilə separatçıların əlinə düşə bilərdi.
RƏQ-ə qarşı ittihamları və onun silah anbarlarının təhlükəli xarakterini nəzərə alaraq, Məhkəmə hesab edir ki, onların bu cür ötürmələrin və ya oğurluqların qarşısını almaq üçün nəyə görə səmərəli hüquqi vasitələrə malik olmadığını (onların həmin vasitələrə malik olmaması RƏQ qoşunlarının nümayəndələrə verdikləri şahid ifadələrindən aydın olur) başa düşmək çətindir.
390. Məhkəmə “MPR”in Rusiya Federasiyası ilə bağladığı aşağıdakı sazişlər vasitəsilə yararlandığı maliyyə dəstəyinə xüsusi önəm verir:
- 20 mart 1998-ci ildə Rusiya Federasiyası ilə “MPR” nümayəndəsi arasında imzalanmış saziş (o, RƏQ-in avadanlıqlarının satışından əldə edilən gəlirlərin “MPR” ilə Rusiya Federasiyası arasında gəlirlərin bölüşdürülməsini nəzərdə tuturdu);
- 15 iyun 2001-ci il tarixli saziş (o, silahlardan, hərbi texnologiyadan və sursatlardan istifadə məqsədi ilə birgə işi nəzərdə tuturdu);
- Rusiya Federasiyasına “MPR”in qaytarmalı olduğu borcun yüz milyon ABŞ doları məbləğində azaldılması; və
- Rusiya qazının Moldovanın qalan hissəsinə nisbətən Pridnestrovyeyə daha əlverişli maliyyə şərtləri ilə nəqli (yuxarıda 156-cı bəndə bax).
Məhkəmə daha sonra ərizəçilər tərəfindən təqdim edilən və Rusiya Hökuməti tərəfindən təkzib olunmayan informasiyanı qeyd edir, belə ki, Rusiya Federasiyasının adətən dövlət tərəfindən nəzarət edilən və ya siyasətləri dövlətin səlahiyyəti altında olan, xüsusilə hərbi sahədə fəaliyyət göstərən şirkətləri və qurumları “MPR”in analoji firmaları ilə kommersiya münasibətlərinə girə bilərdilər (yuxarıda 150 və 151-ci bəndlərə bax).
391. Məhkəmə həmçinin qeyd edir ki, həm 5 may 1998-ci ildən əvvəl, həm də sonra Rusiyanın sülhü mühafizə qüvvələri tərəfindən nəzarət edilən təhlükəsizlik zonasında “MPR” rejimi 21 iyul 1992-ci il tarixli sazişi pozaraq öz qoşunlarını qanunsuz olaraq yerləşdirməkdə və silahları istehsal edib satmaqda davam edirdi (yuxarıda 99, 100, 150 və 151-ci bəndlərə bax).
392. Bütün yuxarıda qeyd edilənlər sübut edir ki, 1991-1992-ci illərdə Rusiya Federasiyasının dəstəyi ilə qurulmuş, hakimiyyət orqanlarına və öz administrasiyasına malik olan “MPR” Rusiya Federasiyasının faktiki nəzarəti altında, yaxud ən azı həlledici təsiri altında idi və istənilən halda, Rusiya Federasiyası tərəfindən ona verilən hərbi, iqtisadi, maliyyə və siyasi dəstək hesabına yaşayırdı.
393. Belə olan halda Məhkəmə hesab edir ki, ərizəçilərin taleyinə görə Rusiya Federasiyasının məsuliyyəti davamlı və fasiləsiz idi, çünki Rusiya Federasiyasının Pridnestrovye rejiminə dəstək vermək və onunla əməkdaşlıq etmək siyasəti 5 may 1998-ci ildən sonra da davam edirdi və həmin tarixdən sonra Rusiya Federasiyası öz nümayəndələrinin ucbatından ərizəçilərin düşdüyü vəziyyətə son qoymaq üçün heç bir cəhd etməmiş və 5 may 1998-ci ildən sonra törədildiyi iddia edilən pozuntuların qarşısını almaq üçün heç nə etməmişdi.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 5 may 1998-ci ildən sonra Rusiya Federasiyası nümayəndələrinin hazırkı ərizədə barəsində şikayət edilən hadisələrdə birbaşa iştirak etməməsi əhəmiyyət kəsb etmir.
394. Buna görə də, nəticə etibarı ilə ərizəçilər Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Rusiya Federasiyasının “yurisdiksiyasındadırlar” və barəsində şikayət edilən hərəkətlərə görə o məsuliyyət daşıyır.
III. MƏHKƏMƏNİN ZAMANA GÖRƏ YURİSDİKSİYASI
395. 24 oktyabr 2000-ci il tarixli qeydlərində Moldova Hökuməti bildirdi ki, ərizəçilər tərəfindən iddia edilən pozuntular xaraktercə davamedici idi və buna görə də Məhkəmə onları araşdırmaq səlahiyyətinə malikdir.
396. Rusiya Hökuməti iddia etdi ki, ərizəçilər tərəfindən şikayət edilən pozuntular Konvensiya 5 may 1998-ci ildə Rusiyaya münasibətdə qüvvəyə minəndən qabaq baş verib və buna görə də Məhkəmənin zamana görə (ratione temporis) yurisdiksiyasından kənardır.
397. Ərizəçilər bildirdilər ki, barəsində şikayət edilən pozuntular xaraktercə davamedici idi və buna görə də Məhkəmə onları araşdırmaq səlahiyyətinə malikdir.
398. Rumıniya Hökuməti bu məsələ ilə bağlı heç bir arqument bildirmədi.
399. Məhkəmə qeyd edir ki, Konvensiya Moldovaya münasibətdə 12 sentyabr 1997-ci ildə və Rusiyaya münasibətdə 5 may 1998-ci ildə qüvvəyə minib. O, həmçinin qeyd edir ki, hər bir Müqavilə Tərəfinə münasibətdə Konvensiya yalnız həmin Tərəf üçün onun qüvvəyə minməsindən sonra baş vermiş hadisələrə tətbiq edilir.
A. Konvensiyanın 6-cı maddəsi üzrə şikayət
400. Məhkəmə qeyd edir ki, ərizəçilər “MPR-in Ali Məhkəməsində” onların barəsində ədalətli məhkəmə araşdırması keçirilmədiyini iddia ediblər.
Lakin həmin məhkəmədəki icraat 9 dekabr 1993-cü il tarixli hökmlə yekunlaşıb (yuxarıda 215-ci bəndə bax), yəni Konvensiyanın Moldovaya və Rusiya Federasiyasına münasibətdə qüvvəyə mindiyi tarixdən əvvəl başa çatıb, məhkəmə araşdırması isə davamedici situasiya deyil.
Buna görə də Məhkəmə 6-cı maddə üzrə şikayətə baxmaq üçün zaman meyarına görə (ratione temporis) səlahiyyətə malik deyil.
B. Konvensiyanın 3, 5 və 8-ci maddələri üzrə şikayətlər
401. Ərizəçilər bildirdilər ki, onların həbsi qanunsuz olub, çünki onların həbsxanaya salınmasına və onlardan üçünün hələ də orada qalmasına səbəb olmuş hökm səlahiyyətli məhkəmə tərəfindən çıxarılmayıb. Onlar iddia etdilər ki, Tiraspol həbsxanasında olarkən sərbəst yazışmaq və ya ailələri ilə görüşmək imkanına malik olmayıblar. Onlar həmçinin saxlanma şəraitindən şikayət etdilər.
402. Məhkəmə qeyd edir ki, iddia edilən pozuntular ərizəçilərin 1992-ci ildə həbsxanaya salınması ilə başlayan və hələ də davam edən hadisələrlə əlaqədardır.
403. Buna görə də Məhkəmə bu şikayətlərə baxmaq üçün zaman meyarına görə (ratione temporis) səlahiyyətə malikdir, çünki onlar Moldova Respublikasına münasibətdə 12 sentyabr 1997-ci ildən sonrakı və Rusiya Federasiyasına münasibətdə 5 may 1997-ci ildən sonrakı hadisələrlə əlaqədardır.
C. 1 saylı Protokolun 1-ci maddəsi üzrə şikayət
404. Ərizəçilər şikayət etdilər ki, 1 saylı Protokolun 1-ci maddəsi pozulmaqla mülkiyyətlərindən məhrum ediliblər, belə ki, onlar azadlıqdan məhrum etmiş hökm qanunsuz idi. Onlar özlərini davamedici pozuntunun qurbanı hesab etdilər.
405. Məhkəmə qeyd edir ki, ərizəçilər onun iddia edilən pozuntunun davamedici olub-olmadığını müəyyən edə bilməsi üçün əmlak müsadirəsi barədə qərarın icrasının təfsilatları barədə ona hər hansı məlumat təqdim etməyiblər. Lakin o, aşağıda gəldiyi qənaəti nəzərə alaraq (474-cü bəndə bax), bu şikayəti dəstəkləmək üçün zamana görə (ratione temporis) yurisdiksiyaya malik olub-olmadığını müəyyən etməyi zəruri saymır.
D. Cənab İlaşkunun Konvensiyanın 2-ci maddəsi üzrə şikayəti
406. Cənab İlaşku 2-ci maddəyə istinad edərək ona təyin edilmiş ölüm cəzasından şikayətləndi və iddia etdi ki, bu cəza onu təyin etmiş orqanlar tərəfindən ləğv olunmayıb və o, Pridnestrovyeyə gedəcəyi təqdirdə istənilən vaxt icra oluna bilər.
407. Məhkəmə qeyd edir ki, 9 dekabr 1993-cü ildə ərizəçi beynəlxalq birlik tərəfindən tanınmayan separatçı Pridnestrovye hakimiyyətinin yaratdığı məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib. Konvensiya cavabdeh dövlətlər tərəfindən ratifikasiya edilən zaman cəza onu təyin etmiş orqan tərəfindən ləğv olunmamışdı, buna görə də hələ də qüvvədədir.
408. Müvafiq olaraq, Məhkəmə bu şikayəti araşdırmaq üçün zamana görə (ratione temporis) yurisdiksiyaya malikdir.
IV. KONVENSİYANIN 2-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
409. Cənab İlaşku şikayət etdi ki, qanunsuz məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib və istənilən vaxt cəzanın icra olunması riski altındadır. Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndində deyilir:
“Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz”.
A. Məhkəməyə təqdim edilmiş arqumentlər
410. Ərizəçi bildirdi ki, “MPR-in prezidenti” tərəfindən 5 may 2001-ci ildə imzalanmış əfv fərmanı yalnız Məhkəməni aldatmaq məqsədi daşıyan saxta sənəd idi, əslində isə “MPR”in hakimiyyət orqanlarının onu ölüm cəzasına məhkum etmiş qərarı qüvvədə qalmışdı.
O, bununla bağlı iddia etdi ki, 22 iyun 2001-ci ildə onun azad edilməsindən sonra Moldova hakimiyyəti onun əfv edildiyi barədə hər hansı sənədə malik olmadığını bəyan edib. Yalnız 16 noyabr 2001-ci ildə, Məhkəmə tərəfindən qaldırılmış əlavə sualların cavabında Hökumət Məhkəməyə əfv fərmanının surətini təqdim edib. Ərizəçi dedi ki, 5 may 2001-ci ildə “MPR”in “təhlükəsizlik naziri” cənab Şevtsov tərəfindən Moldova kəşfiyyat xidmətinin rəhbərinə təqdim edilmiş təhvil vermə sənədi vasitəsilə Moldova Respublikasının hakimiyyət orqanlarına “təhvil verilib”, bu sənədi o öz gözləri ilə görüb. Bundan əlavə, cənab Şevtsov deyib ki, hökm qüvvədə qalır və cənab İlaşku Pridnestrovyeyə qayıdacağı təqdirdə icra olunacaq.
411. Rusiya Hökuməti şikayətin mahiyyəti ilə bağlı heç bir qeyd bildirmədi.
412. Moldova Hökuməti ərizəçinin istinad etdiyi maddənin pozuntusunun baş verdiyini inkar etmədi.
413. Rumıniya Hökuməti bildirdi ki, hökmü ləğv etmiş Moldova Ali Məhkəməsinin 3 fevral 1994-cü il tarixli qərarı hələ yerinə yetirilmədiyinə görə cənab İlaşkunun Pridnestrovyeyə gedəcəyi təqdirdə cəzanın icra olunacağı riski qalır.
B. Məhkəmənin qiymətləndirməsi
414. Məhkəmə qeyd edir ki, Moldova Konvensiyanın dinc dövrdə ölüm cəzasını ləğv edən 6 saylı Protokolunu 1 oktyabr 1997-ci ildə, Konvensiyanın bütün hallarda ölüm cəzasının ləğvin aid 13 saylı Protokolunu isə 3 may 2002-ci ildə ratifikasiya edib. Rusiya Federasiyası nə 6 saylı Protokolu, nə də 13 saylı Protokolu ratifikasiya etməyib, amma ölüm cəzasının icrasına moratorium qoyduğunu elan edib.
415. 9 dekabr 1993-cü ildə “MPR Ali Məhkəməsi” tərəfindən cənab İlaşkuya təyin edilmiş ölüm cəzası Moldova Respublikasının Ali Məhkəməsi tərəfindən 3 fevral 1994-cü ildə ləğv olunub, amma bu günədək bu qərar təsirə malik deyil (yuxarıda 222-ci bəndə bax).
Yalnız 2001-ci ilin noyabrında Moldova Hökuməti “MPR prezidentinin” ərizəçini əfv etmiş 5 may 2001-ci il tarixli fərmanının surətini Məhkəməyə təqdim etdi (yuxarıda 281-ci bəndə bax). Bununla birlikdə Moldova Hökuməti Məhkəməyə məlumat verdi ki, cənab Smirnov tərəfindən cənab İlaşkunun ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz edildiyi barədə şayiələr var. Məhkəmə qeyd edir ki, cənab Smirnov tərəfindən qəbul edilmiş əfv qərarının həqiqiliyi ərizəçi tərəfindən şübhə altına alınıb, o, iddia edib ki, sadəcə Moldovanın hakimiyyət orqanlarına təhvil verilib və onun barəsindəki hökm qüvvədə qalır, buna görə də Pridnestrovyeyə qayıdacağı təqdirdə cəzanın icra olunacağı riski ilə üzləşə bilər.
416. Məhkəmə ona təqdim edilmiş sübutları nəzərə alaraq, nə cənab İlaşkunun azad edilməsinin dəqiq hallarını, nə də ona təyin olunmuş ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz edildiyini müəyyən etmək iqtidarında deyil (yuxarıda 282-ci bəndə bax).
Cənab İlaşku azad edildiyinə və indi vətəndaşlığını əldə etdiyi və Senatın üzvü qismində yüksək vəzifə tutduğu Rumıniyada yaşadığına görə (yuxarıda 20-ci bəndə bax) Məhkəmə hesab edir ki, 9 dekabr 1993-cü ildə ona təyin edilmiş ölüm cəzasının icrası riski real olmaqdan daha çox, fərziyyə xarakterlidir.
417. Digər tərəfdən, etiraz edən yoxdur ki, Konvensiya hər iki cavabdeh dövlət tərəfindən ratifikasiya edildikdən sonra cənab İlaşku həm ona təyin olunmuş ölüm cəzasının nəticələrindən, həm də həmin cəzanın icrasını gözlədiyi müddətdə həbsdə saxlanılma şəraitindən əziyyət çəkib.
418. Belə olan halda Məhkəmə hesab edir ki, cənab İlaşkunun şikayət etdiyi faktlar onun şikayətinə Konvensiyanın 2-ci maddəsi üzrə ayrıca baxılmasını tələb etmir və həmin şikayətə bu maddənin əvəzinə 3-cü maddə əsasında baxmaq daha məqsədəuyğun olar.
V. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
419. Ərizəçilər saxlanma şəraitindən və həbsdə saxlanıldıqları müddətdə məruz qaldıqları rəftardan şikayət edilər. Bundan əlavə, cənab İlaşku ölüm cəzası təhlükəsi altında həbsdə saxlanma şəraitindən şikayət etdi. Ərizəçilər Konvensiyanın 3-cü maddəsinə istinad etdilər, orada deyilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.
A. Məhkəməyə təqdim edilmiş arqumentlər
420. Ərizəçilər iddia etdilər ki, həbsdə saxlanıldıqları müddətdə məruz qaldıqları xüsusilə amansız rəftar onları kiçildib və alçaldıb və onların fiziki və mənəvi durumuna fəlakətli təsir göstərib. Cənab İlaşkunun ona təyin edilmiş ölüm cəzasının icra olunmasının mümkünlüyü ilə bağlı qeyri-müəyyənlik içərisində yaşadığını da nəzərə almaq lazımdır.
421. Rusiya Hökuməti bildirdi ki, ərizəçilərin iddialarının Rusiya Federasiyasına heç bir aidiyyəti yoxdur və istənilən halda onlar əsassızdır.
422. Moldova Hökuməti 24 oktyabr 2000-ci il tarixli qeydlərində bildirdi ki, ərizəçilərin saxlanma şəraiti barədə iddiaları inandırıcıdır.
423. Üçüncü tərəf qismində işə qatılmış Rumıniya Hökuməti bildirdi ki, həbsdə olduqları müddətdə ərizəçilərin məruz qaldığı rəftarın bilərəkdən törədildiyini və xüsusilə rəzil xarakterli olduğunu və ərizəçilərə ciddi və amansız əzab verdiyini nəzərə alsaq, o, 3-cü maddədə nəzərdə tutulan mənada “işgəncə” kimi tövsif edilə bilər.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
424. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin təməl dəyərlərindən birini təsbit edir. Hətta terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə kimi ən çətin şəraitdə belə, Konvensiya işgəncəni və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və 1 və 4 saylı Protokolların maddi-hüquqi maddələrinin əksəriyyətindən fərqli olaraq, 3-cü maddədə hər hansı istisnalar nəzərdə tutulmur, hətta 15-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş dövlətə qarşı təhlükə yaradan fövqəladə vəziyyət zamanı da bu maddədəki öhdəlikdən geri çəkilməyə yol verilmir (digər qərarlar arasında bax: Selmuni Fransaya qarşı, [Böyük Palatanın qərarı], ərizə N 25803/94, b. 95, AİHM 1999-V; və Labita İtaliyaya qarşı, [Böyük Palatanın qərarı], ərizə N 26772/95, b. 119, AİHM 2000-IV).
425. Məhkəmə hesab edir ki, rəftarın “qeyri-insani” olması üçün o, digər əlamətlərlə yanaşı, düşünülmüş olmalı, saatlarla tətbiq edilməli, habelə ya faktiki bədən xəsarəti, ya da fiziki və ruhi əzab yetirməlidir. O, rəftarı ona görə “ləyaqəti alçaldan” hesab edir ki, o, qurbanlarda təhqiredici və alçaldıcı olan qorxu, əzab və acizlik hisslərini yaradır (misal üçün bax: Kudla Polşaya qarşı, [Böyük Palatanın qərarı], ərizə N 30210/96, b. 92, AİHM 2000-XI).
426. Konkret qəddar rəftar formasının işgəncə kimi tövsif etməyin mümkünlüyünü müəyyən etmək üçün Məhkəmə 3-cü maddədə bu anlayışla qeyri-insani və ya ləyaqəti alçaldan rəftar anlayışı arasında əks olunan fərqə diqqət yetirməlidir. Əvvəlki qərarlarda Məhkəmənin müəyyən etdiyi kimi, Konvensiya tərtibçilərinin niyyət belə idi ki, bu fərqin vasitəsilə Konvensiya bilərəkdən törədilən, çox ciddi və amansız əzaba səbəb olan qeyri-insani rəftara xüsusi rüsvayçılıq damğası vursun, eyni fərq Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı Konvensiyasının 1-ci maddəsində də əks olunub (bax: Selmuninin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 97):
“Bu Konvensiyanın məqsədlərindən ötrü “işgəncə” anlayışı istənilən elə hərəkəti bildirir ki, həmin hərəkətlə hər hansı şəxsdən və ya üçüncü şəxsdən məlumatlar və ya etiraflar almaq, onun və ya üçüncü şəxsin etdiyi və ya etməkdə şübhəli bilindiyi hərəkətə görə onu cəzalandırmaq, habelə onu və ya üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud istənilən xarakterli ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbə görə belə ağrı və ya əzab dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs qismində çıxış edən digər şəxs tərəfindən və ya onların təhriki ilə, yaxud xəbərdar olmaları və ya susmaqla razılaşmaları ilə verilməklə, hər hansı şəxsə qəsdən fiziki və ya mənəvi cəhətdən güclü ağrı və ya əzab verilir. ...”
427. Məhkəmə həmçinin bildirir ki, “qəddar” anlayışı da, 3-cü maddənin tətbiqi üçün tələb olunan “minimal qəddarlıq” səviyyəsi anlayışı kimi, xaraktercə nisbidir (yenə eyni qərara bax, b. 100): o da işin bütün hallarından, məsələn, rəftarın müddətindən, onun fiziki və ya mənəvi nəticələrindən, bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (digər qərarlar arasında bax: Kalaşnikov Rusiyaya qarşı, ərizə N 47095/99, AİHM 2002-VI; və Labitanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 120). Bundan başqa, rəftarın 3-cü maddədə nəzərdə tutulan mənada “ləyaqəti alçaldan” olub-olmadığını nəzərdən keçirərkən Məhkəmə onun məqsədinin müvafiq şəxsi alçaltmaq və kiçiltmək olub-olmadığını və onun 3-cü maddəyə zidd olaraq fərdin şəxsiyyətinə mənfi təsir göstərən nəticələrə səbəb olub-olmadığını nəzərə alır. Hətta bu cür məqsədin olmaması belə, Məhkəmənin 3-cü maddənin pozulduğu qənaətinə gəlməsini istisna etmir (bax: Valaşinas Litvaya qarşı, ərizə N 44558/98, b. 101, AİHM 2001-VIII).
428. Məhkəmə dəfələrlə vurğulayıb ki, əzab vermənin və alçaltmanın 3-cü maddənin pozuntusu hesab edilən rəftar və ya cəza təşkil etməsi üçün o, hər bir halda qanuni rəftarın və ya cəzanın müəyyən forması ilə əlaqədar olan qaçılmaz əzabın və alçalmanın hüdudlarından kənara çıxan elementə malik olmalıdır. İnsanı azadlıqdan məhrum edən təbirlər adətən də bu cür əzab və ya alçalma ilə müşayiət olunur. 3-cü maddənin tələbinə əsasən dövlət şəxsin həbsxanada insan ləyaqətinə hörmət edilən şəraitdə saxlanmasını təmin etməlidir, eləcə də təmin etməlidir ki, cəza tədbirinin icra tərzi və metodu ona əzab verməsin və ya həbsdə saxlanılmağa xas olan səviyyəni aşan dərəcədə ağır olmasın, habelə həbsdə saxlanmanın praktiki tələbləri nəzərə alınmaqla, onun sağlamlığı və rifahı lazımi qaydada qorunsun (bax: Kudlanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 92-94).
429. Məhkəmə əvvəlki işlərdə bildirib ki, Avropa Şurasının üzvü olan dövlətlərdə cinayət hüququ siyasətindəki inkişafı və bu sahədə hamılıqla qəbul olunmuş standartları nəzərə alsaq, ölüm cəzası Konvensiyanın 3-cü maddəsi ilə bağlı problem yarada bilər. Ölüm cəzası çıxarıldığı hallarda məhkum olunan fərdin şəxsi keyfiyyətləri, cəzanın ağırlığının törədilmiş cinayətlə mütənasibliyi, və şəxs cəzanın icrasını gözlədiyi müddətdə onun həbsdə saxlanma şəraiti məhkum olunmuş şəxsə qarşı rəftarı və ya cəzanı 3-cü maddədəki qadağanın tətbiq dairəsinə sala bilən amillərə misal ola bilər (bax: Sörinq Birləşmiş Krallığa qarşı, 7 iyul 1989-cu il tarixli qərar, A seriyaları, c. 161, s. 41, b. 104; və Poltoratski Ukraynaya qarşı, ərizə N 38812/97, b. 133, AİHM 2003-V).
430. Ölüm cəzasına məhkum edilmiş hər bir məhbus üçün hökmün çıxarılması ilə icrası arasında müəyyən müddətin olması və buna müvafiq olaraq, ciddi təcrid rejimi şəraitində güclü stress vəziyyəti qaçılmazdır (bax: Sörinqin işi üzrə yuxarıda adı çəkilən qərar, s. 44, b. 111). Bununla belə, müəyyən hallarda, məsələn, şəxs ölüm kamerasında ölüm cəzasının icrasını daim artan təşviş içərisində gözləyərək fövqəladə şəraitdə uzun müddət vaxt keçirdikdə bu cür cəzanın təyin edilməsi 3-cü maddədə nəzərdə tutulmuş həddi aşan rəftara səbəb ola bilər (yenə eyni qərara bax).
431. Bundan başqa, bu cür cəzanın doğurduğu həyəcan və iztirab onun təyin olunmasına səbəb olmuş prosesin hüquqa zidd xarakterini yalnız ağırlaşdıra bilər, belə ki, tərəzinin gözünə insan həyatının qoyulduğunu nəzərə alsaq, bu cür cəza Konvensiyanın pozuntusuna çevrilmiş olur.
432. Təhlükəsizlik, intizam və ya qoruma səbəblərinə görə digər məhbuslarla təmasın qadağan olunması özlüyündə qeyri-insani rəftara və ya cəzaya bərabər deyil. Digər tərəfdən, insan hisslərinin tam təcrid olunması tam sosial təcridlə birlikdə şəxsiyyəti məhv edə bilər və təhlükəsizlik səbəbi ilə və ya hər hansı başqa səbəblərlə haqq qazandırıla bilməyən qeyri-insani rəftar formasını təşkil edir (digər qərarlar arasında bax: Messina İtaliyaya qarşı (N 2), (qərardad), ərizə 25498/94, AİHM 1999-V).
433. Bundan başqa, həbsdə saxlanma şəraitini qiymətləndirərkən həmin şəraitin məcmu təsirləri və ərizəçi tərəfindən irəli sürülən konkret iddialar nəzərə alınmalıdır (bax: Duqoz Yunanıstana qarşı, ərizə 40907/98, AİHM 2001-II).
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
a) Cənab İlaşku
434. Ərizəçi 9 dekabr 1993-cü ildə ölüm cəzasına məhkum edilib və 5 may 2001-ci ildə azad edilənə qədər həbsdə saxlanılıb (yuxarıda 215-ci və 234-cü bəndlərə bax).
Məhkəmə bir daha bildirir ki, Konvensiya qüvvəyə mindiyi tarixdən sonrakı hadisələr istisna olmaqla qalan hadisələrlə bağlı iştirakçı dövlətlər üçün məcburi qüvvəyə malik deyil, müvafiq tarixlər Moldova üçün 12 sentyabr 1997-ci il, Rusiya üçün 5 may 1998-ci ildir. Lakin ərizəçinin həbsdə saxlanma şəraitini (o, həbsdə qaldığı müddətdə həmin şərait az və ya çox dərəcədə eyni qalmışdı) qiymətləndirmək üçün Məhkəmə həmçinin bütünlüklə sözügedən müddəti, o cümlədən həmin müddətin Konvensiya cavabdeh dövlətlərin hər birinə münasibətdə qüvvəyə minənə qədərki hissəsini nəzərə ala bilər.
435. Ölüm kamerasında keçirdiyi həddən artıq izin müddət ərzində ərizəçi ölümün daimi kölgəsi altında, onun icra olunacağı qorxusu ilə yaşamışdı. Konvensiya qüvvəyə minəndən sonrakı müddət də daxil olmaqla hər hansı hüquqi müdafiə vasitəsindən istifadə etmək imkanına malik olmayan ərizəçi uzun illər elə bir həbs şəraitində yaşamışdı ki, həmin şərait, yəqin ki, ona cəzanın icra ediləcəyi perspektivini xatırladırdı (yuxarıda 196-210 və 240-253-cü bəndlərə bax).
Konkret olaraq Məhkəmə qeyd edir ki, 1999-cu ilin martında Moldova parlamentinə məktub göndərdikdən sonra cənab İlaşku Tiraspol həbsxanasının nəzarətçiləri tərəfindən amansızcasına döyüldü, onlar onu ölümlə hədələdilər (yuxarıda 249, 250, 269 və 270-ci bəndlərə bax). Bu insidentdən sonra o, iki gün yeməkdən və üç gün işıqdan məhrum edildi (yuxarıda 271-ci bəndə bax).
Konvensiya qüvvəyə minənə qədər baş vermiş yalançı ölüm cəzasının bir neçə dəfə icrasına gəldikdə (yuxarıda 198-ci bəndə bax), şübhə yoxdur ki, bu cür barbarlıq aktlarının nəticəsi həbsdə saxlanıldığı bütün müddət ərzində ərizəçidə cəzanın icrası perspektivi ilə bağlı təşviş hissinin artmasından ibarət idi.
436. Onun keçirdiyi təşviş və iztirabı belə bir fakt ağırlaşdırırdı ki, ölüm hökmü Konvensiya məqsədləri üçün hüquqi əsasa və ya qanuniliyə malik deyildi. Cənab İlaşku barəsində ölüm hökmü çıxarmış “MPR-in Ali Məhkəməsi” beynəlxalq hüquqa əsasən qanunsuz olan qurum tərəfindən yaradılmış və beynəlxalq birlik tərəfindən tanınmamışdı. Bu məhkəmənin Konvensiyaya uyğun məhkəmə ənənəsini əks etdirən konstitusion və ya hüquqi əsasda fəaliyyət göstərən sistemə mənsub olduğunu demək çətindir. Bu, ərizəçilərin məhkəmə araşdırmasının və məhkum edilməsinin hallarının, ərizəçilər tərəfindən təqdim edilmiş və tərəflərin heç birinin təkzib etmədiyi məlumatlarda təsvir edildiyi kimi (yuxarıda 212-216-cı bəndlərə bax), eləcə də ATƏT təsisatları tərəfindən təsvir və təhlil edildiyi kimi (yuxarıda 286-cı bəndə bax), açıq-aydın qanunsuz xarakterindən də görünür.
437. Ərizəçinin ittiham hökmünün ləğv edilməsi barədə Moldova Ali Məhkəməsinin qərarı (yuxarıda 222-ci bəndə bax) 9 dekabr 1993-cü il tarixli hökmün qanunsuz və hüquqa zidd xarakterini təsdiq etdi.
438. Ərizəçinin ölüm kamerasında saxlanılma şəraitinə gəldikdə, Məhkəmə qeyd edir ki, cənab İlaşku 1993-cü ildən 2001-ci ilin mayında azad edilənə qədər səkkiz il çox ciddi təcrid halında həbsdə saxlanılıb: o, digər məhbuslarla təmasda olmayıb, ətraf aləmdən heç bir xəbər almayıb (ona görə ki, onun poçt göndərməsinə və ya qəbul etməsinə icazə verilmirdi) və vəkili ilə təmasda olmaq hüququna və ya ailəsi ilə mütəmadi görüşmək imkanına malik olmayıb. Onun kamerası hətta sərt qış şəraitində belə qızdırılmayıb və orada təbii işıq mənbəyi və ya ventilyasiya olmayıb. Sübutlar göstərir ki, cənab İlaşku cəza qismində həmçinin qidadan məhrum edilib və istənilən halda, bağlamaların qəbuluna qoyulmuş məhdudiyyətləri nəzərə alsaq, hətta kənardan qəbul edilən ərzaqlar da çox vaxt istehlak üçün yararsız olub. Ərizəçi yalnız nadir hallarda duş qəbul edə bilib, çox vaxt növbəti dəfə duş qəbul etmək üçün bir neçə ay gözləməli olub. Bu məsələ ilə bağlı Məhkəmə 2000-ci ildə Pridnestrovyeyə səfərindən sonra CPT-nin təqdim etdiyi hesabatda çıxarılmış nəticələrə istinad edir (yuxarıda 289-cu bəndə bax), həmin hesabatda o, bu qədər uzun illərdə təcrid halında saxlanılmanı bağışlanılmaz hal kimi təsvir edib.
Ərizəçinin saxlanma şəraiti onun sağlamlığına zərərli təsir göstərib və həbsxanada keçirdiyi uzun illər ərzində səhhəti pisləşib. Belə ki, ona lazımi tibbi qulluq göstərilməyib və o, mütəmadi tibbi müayinələrdən və müalicələrdən (yuxarıda 253, 258-260, 262-263 and 265-ci bəndlərə bax) və müvafiq pəhriz yeməklərindən məhrum olub. Bundan əlavə, bağlamaların qəbuluna qoyulmuş məhdudiyyətlər ucbatından ona səhhətinin yaxşılaşması üçün dərmanlar və ərzaq göndərmək mümkün olmayıb.
439. Məhkəmə həbsxanada yazışmalar və görüşlərlə bağlı həm həbsxana nəzarətçilərinə, həm də digər qurumlara qeyri-məhdud səlahiyyətlər verən qaydaların mövcudluğunu narahatlıqla qeyd edir və vurğulayır ki, belə qaydalar qanunsuzdur və sui-istifadə hallarına qarşı demokratik cəmiyyətdə istənilən penitensiar sistemin bərqərar etməli olduğu münasib və səmərəli təminatlara ziddir. Üstəlik, hazırkı işdə belə qaydalar ərizəçinin həbsdə saxlanma şəraitini daha da ağırlaşdırıb.
440. Məhkəmə bu qənaətə gəlir ki, ərizəçiyə təyin olunmuş ölüm cəzası, eləcə də Konvensiya ratifikasiya edildikdən sonra onun yaşadığı həbsxana şəraiti və həbsdə saxlanıldığı müddətdə məruz qaldığı rəftar (Konvensiya ratifikasiya edilənə qədər onun bir neçə il həbsxanada keçirdiyi şərait də nəzərə alınmalıdır) xüsusilə ciddi və amansız idi və müvafiq olaraq, Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan mənada işgəncə aktları hesab edilməlidir.
Buna görə də 3-cü maddənin tələblərinə riayət edilməyib.
441. Cənab İlaşku Konvensiya 5 may 1998-ci ildə Rusiya Federasiyasına münasibətdə qüvvəyə minən vaxt həbsdə saxlanıldığına görə yuxarıda qeyd edilən səbəblər ucbatından onun saxlanma şəraitinə, həbsxanada məruz qaldığı rəftara və iztirablara görə sonuncu cavabdehdir (yuxarıda 393-cü bəndə bax).
Cənab İlaşku 2001-ci ilin mayında azad edildi və yalnız həmin tarixdən sonra baş vermiş şikayət edilən hərəkətlərlə bağlı pozitiv öhdəliklərini yerinə yetirmədiyinə görə Moldovanın məsuliyyətindən söhbət gedə bilər (yuxarıda 352-ci bəndə bax). Müvafiq olaraq, cənab İlaşkuya münasibətdə Moldova tərəfindən Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verməyib.
442. Nəhayət, cənab İlaşkuya münasibətdə Konvensiyanın 3-cü maddəsinin pozuntusu yalnız Rusiya Federasiyasının ayağına yazıla bilər.
b) Digər üç ərizəçi: həbsdə saxlanma şəraiti və həbsdə saxlanılma müddətində rəftar
i) Cənab İvantsok
443. Məhkəmə ilk öncə qeyd edir ki, işin icraatının heç bir məqamında cavabdeh Hökumətlər iddia edilən insidentlərin baş verdiyini inkar etməyiblər.
Bundan başqa, o, hesab edir ki, cənab İvantsokun hadisələr barəsindəki təsvirləri kifayət qədər dəqiqdir və dəfələrlə arvadına söylədiyi iddialara, habelə digər şahidlərin Məhkəmə nümayəndələrinə verdiyi ifadələrə uyğundur.
Sərəncamında olan bütün məlumatların işığında Məhkəmə hesab edir ki, aşağıdakıları sübuta yetirilmiş saymaq olar ki, ərizəçi həbsdə olduğu müddətdə, o cümlədən həbs müddətinin Konvensiya cavabdeh dövlətlərə münasibətdə qüvvəyə mindikdən sonrakı hissəsi də daxil olmaqla, döyülərək çoxlu sayda zərbələr alıb və digər qəddar rəftara məruz qalıb, həbsxana şəraiti ucbatından səhhətinin zəifləməsinə baxmayaraq bəzən qidadan və hər cür tibbi yarımdan məhrum edilib. Konkret olaraq, Məhkəmə diqqəti cənab İvantsokun Məhkəməyə ərizə təqdim etdikdən sonra 1999-cu ilin mayında (yuxarıda 251-252-ci bəndlərə bax), habelə 2001-ci ildə, 2002-ci ilin noyabrında və 2003-cü ilin fevralında (yuxarıda 254, 256 və 269-272-ci bəndlərə bax) məruz qaldığı təqiblərə və qəddar rəftara cəlb edir.
444. Bundan əlavə, cənab İvantsok 1993-cü ildə məhkum olunandan bəri təkadamlıq kamerada saxlanılıb, digər şəxslərlə təmasda olmaq və qəzetləri əldə etmək imkanına malik olmayıb. Onun vəkillə görüşməsinə icazə verilməyib, ətraf aləmlə yeganə təması həbsxana müdiriyyətinin bunu məqsədəuyğun sayması və buna icazə verməsi şərti ilə arvadı ilə görüşməkdən və ondan bağlamalar almaqdan ibarət olub.
Heç bir hüquqi əsası olmayan və hakimiyyət orqanlarının qeyri-məhdud səlahiyyəti əsasında tətbiq edilən bütün bu məhdudiyyətlər demokratik cəmiyyətində penitensiar rejimə ziddir. Onlar ərizəçinin sarsıntılarının və mənəvi iztirablarının artmasında öz rolunu oynayıb.
445. Ərizəçi qızdırılmayan, pis ventilyasiya olunan, təbii işıq düşməyən kamerada saxlanılıb və sağlamlıq durumunun tələb etdiyi müalicəni almayıb, baxmayaraq ki, həbsxana müdiriyyəti bir neçə tibbi müayinənin keçirilməsinə icazə verib. Bu məsələ ilə bağlı Məhkəmə 2000-ci ildə Pridnestrovyeyə səfərindən sonra CPT-nin təqdim etdiyi hesabatda çıxarılmış nəticələrə istinad edir (yuxarıda 289-cu bəndə bax).
446. Məhkəmənin fikrincə, bu cür rəftar həm fiziki, həm də mənəvi ağrı və iztirab verən rəftar idi, o, ərizəçinin ümumi təcrid vəziyyətini yalnız ağırlaşdıra bilərdi və yəqin ki, onu alçaltmaq və kiçiltmək və müqavimət əzmini qırmaq üçün onda qorxu, təşviş və acizlik hissini artırmağa hesablanmışdı.
Məhkəmənin fikrincə, cənab İvantsoka qarşı bu rəftar “MPR”in inzibati orqanlarına mənsub olan şəxslər tərəfindən onu törətdiyi güman edilən hərəkətlərə görə cəzalandırmaq məqsədi ilə bilərəkdən törədilmişdi.
447. Belə olan halda Məhkəmə hesab edir ki, bütövlükdə götürüldükdə cənab İvantsoka qarşı rəftar, onun ciddiliyi, təkrarlanan xarakter daşıması və məqsədi nəzərə alınmaqla, cənab İvantsoku “amansız” ağrıya və əzaba məruz qoyub və xüsusilə ciddi və qəddar rəftar olub. Bütün bu hərəkətlər Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan mənada işgəncə aktları hesab edilməlidir.
448. Cənab İvantsok Konvensiya Rusiya Federasiyasına münasibətdə qüvvəyə mindiyi vaxt həbsdə saxlanıldığı üçün yuxarıda qeyd edilən səbəblərə görə (yuxarıda 393-cü bəndə bax) Rusiya Federasiyası onun həbsdə saxlanma şəraitinə, həbsxanada məruz qaldığı rəftara və iztiraba görə məsuliyyət daşıyır.
Barəsində şikayət edilən hərəkətlərlə bağlı 2001-ci ilin mayından sonra pozitiv öhdəliklərini yerinə yetirmədiyinə görə Moldovanın məsuliyyəti barədə Məhkəmənin gəldiyi nəticələr nəzərə alınmaqla (yuxarıda 352-ci bəndə bax), Moldova həmin tarixdən sonra cənab İvantsoka münasibətdə Konvensiyanın 3-cü maddəsinin pozulmasına görə məsuliyyət daşıyır.
449. Nəticədə Konvensiyanı 5 may 1998-ci ildə ratifikasiya etdikdən sonra Rusiya Federasiyası tərəfindən və 2001-ci ilin mayından sonra Moldova tərəfindən cənab İvantsoka münasibətdə Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.
ii) Cənab Leşko və cənab Petrov-Popa
450. Məhkəmə ilk öncə qeyd edir ki, işin icraatının heç bir məqamında cavabdeh Hökumətlər iddia edilən insidentlərin baş verdiyini inkar etməyiblər.
Bundan başqa, o, hesab edir ki, ərizəçilərlə onların arvadları da daxil olmaqla dinlənilmiş şahidlərin ifadələrində hadisələr barəsində verdikləri təsvirlər kifayət qədər dəqiqdir və Məhkəmənin sərəncamında olan digər dəfələrə uyğundur.
451. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, aşağıdakıları sübuta yetirilmiş saymaq olar ki, həbsdə saxlanıldıqları müddətdə, o cümlədən həmin müddətin Konvensiya hər iki cavabdeh dövlətə münasibətdə qüvvəyə mindikdən sonrakı hissəsi ərzində, cənab Leşko və cənab Petrov-Popa son dərəcə ağır həbs şəraitində saxlanılıblar:
- ailələri ilə görüşləri və ailələrindən alınan bağlamalar həbsxana müdiriyyətinin qeyri-məhdud səlahiyyəti çərçivəsində olub;
- bəzən onlara yemək verməkdən imtina edilib və ya istehlak üçün yararsız ərzaq verilib, həbsxana şəraiti ucbatından səhhətlərinin zəifləməsinə baxmayaraq əksər hallarda onlar hər cür münasib tibbi yarımdan məhrum ediliblər; və
- onlara həkimlərinin yazdığı münasib pəhriz yeməkləri verilməyib (yuxarıda 265-ci bəndə bax).
Məhkəmə həmçinin vurğulayır ki, bu şərait 2001-ci ildən bəri daha da pisləşib (yuxarıda 254-cü bəndə bax).
Bundan əlavə, cənab Petrov-Popa 1993-cü ildən bəri təkadamlıq kamerada saxlanılıb, digər məhbuslarla təmasda olmayıb və öz dilində qəzetlər əldə edə bilməyib (yuxarıda 240, 254 və 255-ci bəndlərə bax).
Həm cənab Petrov-Popa, həm də cənab Leşko 2003-cü ilin iyununadək vəkillə görüşmək imkanından məhrum ediliblər (yuxarıda 257-ci bəndə bax).
452. Məhkəmənin fikrincə, bu cür rəftar həm fiziki, həm də mənəvi ağrı və iztirab doğuran rəftardır. Bütövlükdə götürülməklə və ciddiliyi nəzərə alınmaqla, cənab Leşkoya və cənab Petrov-Popaya qarşı törədilən rəftar Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan mənada qeyri-insani və ləyaqəti alçaldan rəftar kimi tövsif oluna bilər.
453. Cənab Leşko və cənab Petrov-Popa Konvensiya Rusiya Federasiyasına münasibətdə qüvvəyə mindiyi vaxt həbsdə saxlanıldığı üçün yuxarıda qeyd edilən səbəblərə görə (yuxarıda 393-cü bəndə bax) Rusiya Federasiyası onların həbsdə saxlanma şəraitinə, həbsxanada məruz qaldıqları rəftara və iztiraba görə məsuliyyət daşıyır
Barəsində şikayət edilən hərəkətlərlə bağlı 2001-ci ilin mayından sonra pozitiv öhdəliklərini yerinə yetirmədiyinə görə Moldovanın məsuliyyəti barədə Məhkəmənin gəldiyi nəticələr nəzərə alınmaqla (yuxarıda 352-ci bəndə bax), Moldova həmin tarixdən sonra cənab Leşkoya və cənab Petrov-Popaya münasibətdə Konvensiyanın 3-cü maddəsinin pozulmasına görə məsuliyyət daşıyır.
454. Nəticədə Konvensiyanı 5 may 1998-ci ildə ratifikasiya etdikdən sonra Rusiya Federasiyası tərəfindən və 2001-ci ilin mayından sonra Moldova tərəfindən cənab Leşkoya və cənab Petrov-Popaya münasibətdə Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.
VI. KONVENSİYANIN 5-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
455. Ərizəçilər iddia etdilər ki, onların həbsdə saxlanması qanunsuz idi və onları məhkum etmiş məhkəmə səlahiyyətli məhkəmə deyildi. Onlar Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə istinad etdilər, həmin bəndin müvafiq hissəsində deyilir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra, şəxsin qanuni həbsə alınması;
...”
456. Rusiya Hökuməti bildirdi ki, ərizəçilərin iddialarının Rusiya Federasiyasına heç bir aidiyyəti yoxdur və istənilən halda onlar əsassızdır.
457. Moldova Hökuməti 24 oktyabr 2000-ci il tarixli qeydlərində bildirdi ki, ərizəçilər həbs orderi olmadan tutulublar və iki ay 14-cü ordunun qərargahının binasındakı kameralarda qalıblar. 6 iyun 2001-ci ildə o, öncə tutmuş olduğu mövqeyi dəyişmək istədiyini bildirdi, amma iddia edilən pozuntularla bağlı fikir ifadə etmədi.
458. Üçüncü tərəf qismində işə qatılmış Rumıniya Hökuməti bildirdi ki, ərizəçilərin həbsinin hüquqi əsası yox idi, çünki onlar qanunsuz olaraq təşkil edilmiş məhkəmə tərəfindən məhkum olunmuşdular. Separatçı hakimiyyət orqanlarının müəyyən aktları, məsələn, doğum, ölüm və nikahların qeydiyyatı ilə bağlı aktları sakinlərin vəziyyətini pisləşdirməmək üçün tanınmalı olsa da (bax: Təhlükəsizlik Şurasının 276 saylı qətnaməsinə baxmayaraq Namibiyada Cənubi Afrika qüvvələrinin mövcudluğunun dövlətlər üçün doğurduğu hüquqi nəticələrlə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 21 iyun 1971-ci il tarixli məsləhət rəyi), bu, beynəlxalq birlik tərəfindən tanınmayan hakimiyyət orqanlarının bütün aktlarına şamil olunmamalıdır, əks halda həmin orqanlar legitimləşmiş olardı.
Hazırkı işdə ərizəçilərin məhkum edilməsi ədalət mühakiməsinin kobudcasına inkar edilməsinin nəticəsi idi, belə ki, onların barəsində “MPR-in Ali Məhkəməsində” ədalətli məhkəmə araşdırması keçirilməmişdi.
459. Məhkəmə ərizəçilərin “MPR-in Ali Məhkəməsi” tərəfindən məhkum edildiyi cinayət prosesinin Konvensiyanın 6-cı maddəsini pozub-pozmadığı məsələsi barədə qərar çıxarmaq üçün zaman meyarına görə (ratione temporis) yurisdiksiyaya malik deyil. Bununla belə, Konvensiyanın cavabdeh dövlətlər tərəfindən ratifikasiya edildiyi tarixlərdən sonra ərizəçilərin həbsdə saxlanılmasının davam etməsinə gəldikdə, Məhkəmə bu tarixlərdən sonra Konvensiyanın 5-ci maddəsinin 1 (a) bəndində nəzərdə tutulan mənada ərizəçilərin “qanunla müəyyən olunmuş qaydaya” uyğun olaraq “səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra” “qanuni” şəkildə həbsə alınıb-alınmadığını həll etmək səlahiyyətinə malikdir.
460. Məhkəmənin presedent hüququnda təsbit edildiyi kimi, 5-ci maddənin fransızca mətnində və xüsusən də 6-cı maddədə istifadə edilmiş “məhkəmə” (“tribunal”) sözü ilk növbədə “qanun əsasında yaradılan”, bir sıra şərtlərə, o cümlədən müstəqilliyə (xüsusən icra hakimiyyəti qarşısında), qərəzsizliyə, üzvlərinin vəzifədə qalma müddətlərinə və məhkəmə icraatının prosessual təminatlarına dair şərtlərə cavab verən orqanı bildirir (bax: De Vilde, Ooms və Versip Belçikaya qarşı, 18 iyun 1971-ci il tarixli qərar, A seriyaları, c. 12, s. 41, b. 78).
Müəyyən hallarda beynəlxalq hüquqla tanınmayan qurumun məhkəmə sisteminə mənsub olan məhkəmə “qanun əsasında yaradılmış” məhkəmə sayıla bilər, bu şərtlə ki, o, Konvensiyaya uyğun məhkəmə ənənəsini əks etdirən “konstitusion və qanuni əsasda” fəaliyyət göstərən məhkəmə sisteminin bir hissəsini təşkil etsin və bununla da fərdlər Konvensiya ilə təmin edilən hüquqlardan istifadə edə bilsinlər (müvafiq dəyişikliklərlə bax: Kipr Türkiyəyə qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 231 və 236-237).
461. 5-ci maddəsinin 1 (a) bəndində təsbit olunan qanunilik tələbi (“qanunla müəyyən olunmuş qaydaya uyğun olaraq” “qanuni həbsə alınma” tələbi) sadəcə müvafiq daxili qanunvericiliyə riayət edilməklə təmin olunmur; daxili qanunvericiliyin özü də Konvensiyaya, o cümlədən orada ifadə olunan və ya dolayısı ilə nəzərdə tutulan prinsiplərə, xüsusən də Konvensiyanın preambulasında aydın şəkildə qeyd olunan qanunun aliliyi prinsipinə uyğun olmalıdır. (“qanunla müəyyən olunmuş qaydaya uyğun olaraq” ifadəsinin kökündə duran ideya ədalətli və düzgün prosedur ideyasıdır, yəni şəxsi azadlıqdan məhrum edən tədbir müvafiq hakimiyyət orqanı tərəfindən qəbul və icra edilməli və hüquqa zidd olmamalıdır (digər qərarlar arasında bax: Vinterverp Niderlanda qarşı, 24 oktyabr 1979-cu il tarixli qərar, A seriyaları, c. 33, s. 19-20, b. 45).
Bundan əlavə, 5-ci maddənin məqsədi fərdi qanunsuzluqdan qorumaq olduğuna görə (digər qərarlar arasında bax: Stafford Birləşmiş Krallığa qarşı, [Böyük Palatanın qərarı], ərizə N 46295/99, b. 63, AİHM 2002-IV), “məhkum olunma” ədalət mühakiməsinin kobudcasına inkar edilməsinin nəticəsi olmamalıdır (müvafiq dəyişikliklərlə bax: Drozd və Yanusek Fransaya və İspaniyaya qarşı, 26 iyun 1992-ci il tarixli qərar, A seriyaları, c. 240, s. 34-35, b. 110).
Məhkəmə həmçinin “MPR Ali Məhkəməsindəki” prosesin xarakteri ilə bağlı Konvensiyanın 3-cü maddəsi üzrə gəldiyi nəticələrə istinad edir (yuxarıda 436-cı bəndə bax).
462. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, ərizəçilərin heç biri “məhkəmə” sayıla bilən qurum tərəfindən məhkum olunmayıb və hazırkı işdəki bu cür məhkəmə prosesinin sonunda “MPR Ali Məhkəməsi” kimi məhkəmə orqanının təyin etdiyi azadlıqdan məhrum etmə cəzası “qanunla müəyyən olunmuş qaydaya uyğun olaraq” “qanuni həbsə alınma” sayıla bilməz.
463. Belə olan halda, cavabdeh dövlətlərə münasibətdə Məhkəmənin zamana görə (ratione temporis) yurisdiksiyası çərçivəsinə düşən dövrdə (yəni İlaşkunun nümunəsində Moldova üçün 12 sentyabr 1997-ci ildən 5 may 2001-ci ilədək və Rusiya üçün 5 may 1998-ci ildən 5 may 2001-ci ilədək, digər ərizəçilərin nümunəsində isə cavabdeh dövlətlərin hər biri tərəfindən Konvensiyanın ratifikasiya olunduğu tarixdən bu günədək) ərizəçilərin məruz qaldıqları azadlıqdan məhrum edilmə Konvensiyanın 5-ci maddəsinin 1 (a) bəndində təsbit olunmuş şərtlərə cavab verə bilməz.
Buradan belə nəticə çıxır ki, cənab İlaşku barəsində 2001-ci ilin mayınadək Konvensiyanın 5-ci maddəsinin 1 (a) bəndinin pozuntusu baş verib, hələ də həbsdə qalan digər üç ərizəçi barəsində isə həmin bəndin pozuntusu baş verib və davam etməkdədir.
464. Konvensiyanın Rusiyaya münasibətdə qüvvəyə mindiyi vaxt ərizəçilərin həbsdə olduğunu və yuxarıda gəldiyi nəticələri nəzərə alaraq (yuxarıda 393-cü bəndə bax), Məhkəmə bu qənaətə gəlir ki, bütün ərizəçilər barəsində Konvensiyanın 5-ci maddəsinin pozuntusunu təşkil edən davranış Rusiyanın ayağına yazıla bilər.
2001-ci ilin mayından sonra pozitiv öhdəliklərini yerinə yetirmədiyinə görə Moldovanın məsuliyyəti barədə Məhkəmənin gəldiyi nəticə nəzərə alınmaqla (yuxarıda 352-ci bəndə bax), Məhkəmə hesab edir ki, cənab İlaşku barəsində Konvensiyanın 5-ci maddəsi Moldova tərəfindən pozulmayıb. Digər tərəfdən, qalan üç ərizəçi barəsində Konvensiyanın 5-ci maddəsi Moldova tərəfindən pozulub.
VII. KONVENSİYANIN 8-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
465. Ərizəçilər şikayət etdilər ki, ailələri ilə və Məhkəmə ilə sərbəst yazışa bilməyiblər. Konkret olaraq, onlar iddia etdilər ki, Məhkəməyə müstəqil müraciət etmək imkanları olmayıb və bunu etmək üçün arvadlarından kömək istəməli olublar. Onlar daha sonra şikayət etdilər ki, “MPR prezidentinin” ilkin razılığının alındığı hallar istisna olmaqla ailələri ilə görüşə bilməyiblər. Onlar Konvensiyanın 8-ci maddəsinə istinad etdilər, həmin maddənin müvafiq hissələrində deyilir:
1. Hər kəs öz şəxsi və ailə həyatına ... və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ... iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir”.
466. Rusiya Hökuməti öz qeydlərində bunu bildirməklə kifayətləndi ki, ərizəçilərin iddialarının Rusiya Federasiyasına heç bir aidiyyəti yoxdur və istənilən halda onlar əsassızdır.
467. 24 oktyabr 2000-ci il tarixli qeydlərində Moldova Hökuməti bildirdi ki, ərizəçilər vəkillə görüşmək imkanına malik olmayıblar, beynəlxalq təşkilatların nümayəndələrinin onlarla görüşməsinə icazə verməkdən imtina edilib və onlar həbsxanadan sərbəst yazışmaq imkanına malik olmayıblar. 6 iyun 2001-ci ildə tarixli dinləmədə o, öncə tutmuş olduğu mövqeyi dəyişmək istədiyini bildirdi, amma iddia edilən pozuntularla bağlı fikir ifadə etmədi.
468. Rumıniya Hökuməti bildirdi ki, ərizəçilərin yazışma sirrinə və ailə həyatına hörmət hüququna müdaxilə 8-ci maddənin 2-ci bəndində qeyd edilən mənada qanunla nəzərdə tutulmuş müdaxilə deyildi, birincisi, ona görə ki, “MPR”də tətbiq edilən sovet qanunu Moldova ərazisində qüvvədə olan qanun deyildi və ikincisi, ona görə ki, “MPR prezidenti” ilə ilkin razılaşma, özbaşınalığa qarşı hər hansı təminat olmadığına görə, qanuna bərabər sayıl bilməzdi.
469. Məhkəmə hesab edir ki, bu şikayət belə bir faktla məhdudlaşır ki, ərizəçilərin həbsxanadan ailələri ilə və Məhkəmə ilə sərbəst yazışmaları mümkün deyildi və onlar ailələri ilə görüşməkdə çətinliklərlə üzləşirdilər. Həbsxanadan Məhkəməyə müraciət etməyin mümkünsüzlüyü barədə şikayətə gəldikdə, bu şikayət, təbii ki, daha çox Konvensiyanın 34-cü maddəsinin tətbiq dairəsinə düşür və Məhkəmə onu ayrıca araşdıracaq.
470. Lakin bu iddiaları Konvensiyanın 3-cü maddəsinin kontekstində artıq nəzərə aldığına görə (yuxarıda 438, 439, 444 və 451-ci bəndlərə bax), Məhkəmə hesab edir ki, onları 8-ci maddə baxımından ayrıca araşdırmağa ehtiyac yoxdur.
VIII. 1 SAYLI PROTOKOLUN 1-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
471. Ərizəçilər 1 saylı Protokolun 1-ci maddəsi əsasında şikayət etdilər ki, Konvensiyanın 6-cı maddəsi pozulmaqla keçirilmiş məhkəmə araşdırmasından sonra mülkiyyətləri müsadirə olunub.
472. Rusiya Hökuməti bildirdi ki, ərizəçilərin iddialarının Rusiya Federasiyasına heç bir aidiyyəti yoxdur və istənilən halda onlar əsassızdır.
473. Moldova və Rumıniya Hökumətləri hər hansı fikir bildirmədilər.
474. Məhkəmə qeyd edir ki, hətta bu şikayət barədə qərar çıxarmaq üçün onun zamana görə (ratione temporis) yurisdiksiyaya malik olduğunu fərz etsək belə, onun əlində olan faktlar bazası yetərli deyil.
Beləliklə, bu şikayət əsassız olduğuna görə Məhkəmə hesab edir ki, 1 saylı Protokolun 1-ci maddəsi pozulmayıb.
IX. KONVENSİYANIN 34-cü MADDƏSİNƏ RİAYƏT EDİLMƏDİYİ BARƏDƏ İDDİA
475. Ərizəçilər şikayət etdilər ki, onların Məhkəməyə fərdi şikayət hüququnu həyata keçirmələrinə müdaxilə edilib və Konvensiyanın 34-cü maddəsinə istinad etdilər, həmin maddədə deyilir:
“Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər”.
476. Ərizəçilər ilk növbədə bildirdilər ki, həbsxanadan Məhkəməyə müraciət etmələrinə icazə verilməyib, buna görə onların adından arvadları bunu etməli olublar. Onlar həmçinin iddia etdilər ki, Məhkəməyə müraciət etməyə cəhd göstərdiklərinə görə həbsxanada təqiblərə məruz qalıblar.
Ərizəçilər daha sonra bildirdilər ki, onları həbsdə saxlanılmasının davam etməsinə cənab İlaşkunun ərizəsini geri götürməkdən imtinasının səbəb olduğu barədə Moldova prezidenti cənab Voroninin bəyanatı (yuxarıda 285-ci bəndə bax) onların fərdi şikayət hüququna kobudcasına müdaxilə idi.
Nəhayət, onlar bildirdilər ki, Rusiya Xarici İşlər Nazirliyinin notası (yuxarıda 278-ci bəndə bax) fərdi şikayət hüququna ciddi müdaxilə idi.
477. Moldova Hökuməti cənab Voroninin izahatlarını təsdiq etdi, amma iddia etdi ki, bu izahatlar ondan irəli gəlirdi ki, cənab İlaşku cənab Voroninlə müzakirə zamanı şikayət ərizəsinin Moldovaya qarşı yönələn hissəsini geri götürməyə hazır olduğunu qeyd etmişdi, bu şərtlə ki, Moldova hakimiyyəti digər üç ərizəçini azadlıqda görmək istəyini öz hərəkətləri ilə sübut etməli idi. Moldova Hökuməti iddia etdi ki, belə olan halda cənab Voroninə qarşı ittihamlar ərizəçilərin fərdi şikayət hüququna müdaxilədən şikayət etməkdən daha çox, Moldovanın imicinə ləkə salmaq məqsədini daşıyırdı.
478. Rusiya Hökuməti bildirdi ki, ərizəçilər yuxarıda qeyd edilən notanı saxtakarlıq yolu ilə əldə ediblər, buna görə də Məhkəmədə ona istinad edə bilməzlər.
479. Rumıniya Hökuməti bildirdi ki, hazırkı ərizəni təqdim etdiyinə görə cənab İlaşkunu cəzalandırmaq üçün ona qarşı yönələn təhdid aktları 34-cü maddə ilə təmin olunan fərdi şikayət hüququna müdaxilə təşkil edib.
480. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 34-cü maddəsi əsasında təsis edilən fərdi şikayət sisteminin səmərəli fəaliyyəti üçün olduqca vacibdir ki, ərizəçilər və ya potensial ərizəçilər şikayətlərini geri götürməyə və ya dəyişdirməyə məcbur edilmək məqsədilə hakimiyyət orqanları tərəfindən hər hansı formada təzyiq olmadan Məhkəmə ilə sərbəst ünsiyyətdə ola bilsinlər (bax: Akdivar və başqaları Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-IV, s. 1219, b. 105; Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-VI, s. 2288, b. 105). “Hər hansı formada təzyiq” ifadəsi təkcə birbaşa məcburiyyət və ya kobudcasına təhdid aktlarını deyil, həm də ərizəçiləri Konvensiyada nəzərdə tutulmuş hüquqi müdafiə vasitəsinə müraciəti sonadək davam etdirməkdən daşındırmaq və ya çəkindirmək məqsədi daşıyan hüquqa zidd dolayı aktları və ya təmasları əhatə edən ifadə kimi başa düşülməməlidir (bax: Kurt Türkiyəyə qarşı, 25 may 1998-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1998-III, s. 1192-1193, b. 160).
Bundan başqa, hakimiyyət orqanları ilə ərizəçi arasındakı təmasların 34-cü maddə baxımından yolverilməz praktika təşkil edib-etməməsi məsələsi hər bir işin konkret hallarının işığında həll edilməlidir. Bununla əlaqədar olaraq Məhkəmə şikayətçinin əlverişsiz vəziyyətini və hakimiyyət orqanlarının təsirinə məruz qala bilməsi riskini qiymətləndirməlidir (bax: Akdivar və başqalarının işi üzrə qərar, s. 1219, b. 105; və Kurtun işi üzrə qərar, s. 1192-1193, b. 160, hər iki qərara yuxarıda istinad edilib).
481. Hazırkı işdə ərizəçilər iddia ediblər ki, həbsdə saxlanıldıqları yerdən Məhkəməyə müraciət etmək imkanına malik olmayıblar, onların ərizəsi faktiki olaraq prosesin əvvəlində onları təmsil etmiş yeganə vəkil cənab Tanase tərəfindən təqdim edilib və onların arvadları tərəfindən imzalanıb.
Məhkəmə həmçinin şikayət ərizəsi təqdim edildikdən sonra Pridnestrovye həbsxanası müdiriyyətinin ərizəçilərə qarşı təhdidlərini və onların saxlanma şəraitinin pisləşdiyini də nəzərə alır. O, bu fikirdədir ki, belə hərəkətlər onların fərdi şikayət hüququndan istifadə etmələrinə mane olan hüquqa zidd və yolverilməz təzyiq formasını təşkil edir.
Bundan əlavə, Məhkəmə Rusiya Federasiyası tərəfindən Moldova hakimiyyətinə göndərilmiş 19 aprel 2001-ci il tarixli diplomatik notanın məzmununu narahatlıqla qeyd edir (yuxarıda 278-ci bəndə bax). Həmin notadan belə görünür ki, Rusiya hakimiyyəti Moldova Respublikasından Məhkəməyə təqdim etdiyi 24 oktyabr 2000-ci il tarixli qeydləri geri götürməsini tələb edib, ona görə ki, həmin qeydlərdə Rusiya qoşunlarının Moldova ərazisində, Pridnestrovyedə yerləşməsi faktı ilə əlaqədar olaraq ərizəçilərin iddia etdiyi pozuntulara görə Rusiya Federasiyasının məsuliyyət daşıdığı nəzərdə tutulmuşdu.
Sonradan, 6 iyun 2001-ci il tarixli dinləmədə Moldova Hökuməti bəyan etdi ki, 24 oktyabr 2000-ci il tarixli qeydlərinin Rusiya Federasiyası ilə əlaqədar olan hissəsini geri götürmək istəyir (yuxarıda 360-cı bəndə bax).
Məhkəmə hesab edir ki, Rusiya Federasiyasının Hökuməti tərəfindən bu cür davranış Konvensiyanın preambulasında qeyd edilən siyasi ənənələrin, idealların, azadlığın və hüququn aliliyinin ümumi irsini inkar etmək demək idi və fərdi şikayət hüququndan istifadə etməklə təqdim edilmiş ərizənin Məhkəmə tərəfindən araşdırılmasına ciddi maneə yarada və bununla da Konvensiyanın 34-cü maddəsi ilə təmin olunan hüququn özünə müdaxilə təşkil edə bilərdi.
Buna görə də, Rusiya Federasiyası tərəfindən Konvensiyanın 34-cü maddəsinin pozuntusu baş verib.
482. Məhkəmə daha sonra qeyd edir ki, cənab İlaşku azad edildikdən sonra Moldova hakimiyyətinə digər ərizəçilərin azad edilməsinin mümkünlüyü barədə danışıb və bu kontekstdə cənab Voronin açıq şəkildə cənab İlaşkunu Moldovaya və Rusiya Federasiyasına qarşı ərizəsini geri götürməkdən imtina etməklə yoldaşlarının həbsinin davam etməsinin səbəbkarı olmaqda təqsirləndirib.
Məhkəmənin fikrincə, iştirakçı dövlətin yüksək hakimiyyət nümayəndəsinin söylədiyi ərizəçilərin vəziyyətinin yaxşılaşdırılmasının həmin dövlətə və ya digər iştirakçı dövlətə qarşı verilmiş ərizəni geri götürməkdən asılı olduğu barədə fikirlər fərdi şikayət hüququna mane olmaq məqsədi daşıyan birbaşa təzyiq təşkil edir. Həmin hakimiyyətin ərizəçinin vəziyyətinə real və ya nəzəri təsirə malik olmasından asılı olmayaraq, bu qənaət qüvvəsini saxlayır.
Müvafiq olaraq, cənab Voroninin söylədiyi fikirlər ərizəçinin fərdi şikayət hüququnu həyata keçirməsinə Moldova Respublikası tərəfindən Konvensiyanın 34-cü maddəsinə zidd olaraq təsir göstərilməsinə bərabərdir.
X. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
483. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Ziyan
484. Ərizəçilər ədalətli kompensasiyaya dair tələblərini 2001-ci ilin noyabrında təqdim etdilər.
Məhkəmə tərəfindən 12 fevral 2004-cü ildə alınmış məktubda cənab Tanase 2001-ci ildən sonrakı müddət nəzərə alınmaqla müştərisi cənab Leşkonun irəli sürdüyü yeni tələblərini təqdim etdi.
Məhkəmə tərəfindən 24 fevral 2004-cü ildə alınmış məktubda cənab Qribinsea digər ərizəçilərin də yeni tələblərini təqdim etdi.
485. Ərizəçilər iddia etdilər ki, onların məhkum edilməsi və həbsxanaya salınması işlərini itirmələrinə səbəb olub. Eyni ilə, ərlərinin məruz qaldığı cinayət təqibi ilə əlaqədar olaraq xanım İlaşku və xanım İvantsok Tiraspoldakı işlərindən çıxmalı və Kişinyova köçməli olublar. Bundan əlavə, cənab Leşkonun ailəsi Tiraspoldakı evini tərk etməli və yeni ev axtarmalı olub. Ərizəçilər həbsxanada onlara baş çəkmək və bağlamalar göndərmək üçün arvadlarının və ailələrinin sərf etdiyi bütün məbləğlərin əvəzinin ödənilməsini tələb etdilər. Nəhayət, fiziki sağlamlıqlarının pisləşdiyini nəzərə alaraq, ərizəçilər çoxlu sayda tibbi ödənişləri ödəməli olmuşdular.
Konkret olaraq, ərizəçilər aşağıdakı məbləğləri tələb etdilər.
Cənab İlaşku 1992-ci ilin iyunundan 28 fevral 1994-cü ilədək, yəni Moldova parlamentinə seçildiyi tarixədək həbsdə saxlanılması ilə əlaqədar olaraq əmək haqqını və digər pul yardımını itirdiyinə görə 1.861 avro tələb etdi. O dedi ki, parlament üzvü qismində almaq hüququna malik olduğu pul yardımları Moldova Hökuməti tərəfindən onun ailəsinə ödənilib. Cənab İvantsok həbsindən bu günə qədər əmək haqlarını və pul yardımlarını itirdiyinə görə 9.560 avro tələb etdi. Cənab Petrov-Popa həbsindən bu günə qədər gəlirlərini itirdiyinə görə 21.510 avro tələb etdi. Cənab Leşko 30.000 avro tələb etdi, bu, onun Tiraspoldakı mənzilinin dəyəri idi, o, məhkum olunduqdan və ailəsi Pridnestrovyeni tərk etdikdən sonra həmin mənzili itirmişdi.
Cənab İlaşku, cənab İvantsok və cənab Petrov-Popa iddia etdilər ki, Pridnestrovye ərazisinə yalnız Rusiya Federasiyası nəzarət etdiyinə görə maddi ziyanı Rusiya Federasiyası təklikdə kompensasiya etməlidir.
Barəsində şikayət edilən pozuntuların ciddiliyini, işin hallarını, cavabdeh Hökumətlərin yanaşmalarını, pozuntuların onların sağlamlığına uzunmüddətli təsirini və məruz qaldıqları mənəvi zədəni nəzərə alaraq, ərizəçilər mənəvi ziyana görə aşağıdakı məbləğləri tələb etdilər: cənab İlaşku – 7.395.000 avro; cənab İvantsok – 7.842.000 avro; cənab Petrov-Popa – 7.441.000 avro; cənab Leşko – 7.800.000 avro.
Mənəvi ziyana görə tələb olunan məbləğlərlə bağlı cənab İlaşku, cənab İvantsok və cənab Petrov-Popa dedilər ki, Moldova Hökuməti tərəfindən onlara 1.00 avro ödənilməsi, qalan məbləğin isə Rusiya Federasiyası tərəfindən ödənilməsi onları qane edər.
Xülasə, maddi və mənəvi ziyanla bağlı bütün bəndləri birlikdə götürdükdə, ərizəçilər aşağıdakı məbləğləri tələb etdilər: cənab İlaşku – 7.396.861 avro; cənab İvantsok – 7.851.560 avro; cənab Petrov-Popa – 7.462.510 avro; cənab Leşko – 7.830.000 avro.
486. Moldova Hökuməti bildirdi ki, o, cənab İlaşku, cənab İvantsok və cənab Petrov-Popa tərəfindən irəli sürülmüş tələblərə etiraz etmir, çünki həmin tələblərdən belə məlum olur ki, Moldova Hökuməti onlara 1.00 avro ödəməlidir. Digər tərəfdən, o, cənab Leşkonun tələb etdiyi məbləğləri həddən artıq böyük və əsassız hesab etdi.
Rusiya Hökuməti bildirdi ki, o, iddia edilən pozuntulara görə məsuliyyət daşıya bilməz. Bundan başqa, o, iddia etdi ki, barəsində ərizəçilərin şikayət etdikləri faktlar Məhkəmənin zaman görə (ratione temporis) yurisdiksiyası xaricindədir.
İstənilən halda, o, hesab etdi ki, tələb olunan məbləğlər həddən artıq böyük və əsassızdır.
487. Məhkəmə xatırladır ki, məhkəmə qərarlarının Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq icra edilməsi kontekstində Məhkəmənin pozuntu müəyyən edən qərarı pozuntuya son qoyulması və pozuntunun nəticələrinin kompensasiyası üçün cavabdeh dövlətin üzərinə belə bir öhdəlik qoyur ki, pozuntuya qədər mövcud olmuş vəziyyəti bərpa etməkdən ötrü mümkün olan dərəcədə kompensasiya ödəsin. Digər tərəfdən, milli qanunvericilik pozuntunun nəticələrinin kompensasiya olunmasına imkan vermirsə, və ya yalnız qismən imkan verirsə, 41-ci maddə Məhkəməyə səlahiyyət verir ki, zərərçəkmiş tərəfə məqsədəuyğun hesab etdiyi kompensasiyanı təyin etsin. Buradan həm də belə bir nəticə çıxır ki, Məhkəmənin Konvensiya və ya onun Protokollarının pozuntusunu müəyyən edən qərarı cavabdeh dövlətin üzərinə sadəcə müvafiq şəxslərə təyin olunan məbləğləri əvəzin ədalətli ödənilməsi yolu ilə ödəmək öhdəliyini qoymur, həm də Məhkəmə tərəfindən müəyyən edilmiş pozuntuya son qoymaq üçün Nazirlər Komitəsinin nəzarəti altında öz daxili hüquq sistemində qəbul edilməli olan ümumi tədbirləri və (və ya) lazımi hallarda fərdi tədbirləri seçmək və pozuntunun nəticələrinin kompensasiyası üçün pozuntuya qədər mövcud olmuş vəziyyəti bərpa etməkdən ötrü mümkün olan dərəcədə kompensasiya ödəmək öhdəliyini qoyur (bax: Maestri İtaliyaya qarşı, [Böyük Palatanın qərarı], ərizə N 39748/98, b. 48, AİHM 2004-I; Menteş və başqaları Türkiyəyə qarşı (50-ci maddə), 24 iyul 1998-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1998-IV, s. 1695, b. 24; Skotsari və Ciunta İtaliyaya qarşı, [Böyük Palatanın qərarı], ərizələr N 39221/98 və 41963/98, b. 249, AİHM 2000-VIII).
488. Məhkəmə xatırladır ki, o, Konvensiyanın bir neçə maddəsinin Rusiya Federasiyası və Moldova tərəfindən pozulduğunu müəyyən edib, özü də sonuncu tərəfindən pozuntu yalnız 2001-ci ilin mayından sonra baş verib.
O, həmçinin müəyyən edib ki, cənab İlaşku və cənab İvantsok Məhkəmənin Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan mənada işgəncə kimi tövsif etdiyi rəftara məruz qalıblar, digər iki ərizəçi isə 3-cü maddəyə zidd olaraq qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıblar və bütün ərizəçilər 5-ci maddəyə zidd olaraq qanunsuz həbsə alınıblar, habelə cənab İvantsok, cənab Leşko və cənab Petrov-Popa hələ də 5-ci maddə pozulmaqla həbsdə saxlanılırlar.
Məhkəmə həmçinin müəyyən edib ki, Konvensiyanın 34-cü maddəsi həm Rusiya Federasiyası, həm də Moldova tərəfindən pozulub.
489. Məhkəmə hesab etmir ki, iddia edilən maddi ziyan əsaslıdır, amma ərizəçilərin bilavasitə aşkar edilmiş pozuntular ucbatından gəlirlərini itirdiklərini və əlbəttə ki, məsrəflərə məruz qaldıqlarını güman etməyi əsassız saymır. O, həmçinin bu fikirdədir ki, müəyyən edilmiş pozuntular nəticəsində ərizəçilər, şübhəsiz ki, mənəvi ziyana məruz qalıblar və onu sadəcə pozuntunun müəyyən edilməsi faktı ilə kompensasiya etmək olmaz.
Buna görə də, ərizəçilərin qurbanı olduqları son dərəcə ciddi Konvensiya pozuntularını nəzərə alınaraq və Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalət prinsipi əsasında qərar çıxararaq, Məhkəmə onlara aşağıdakı məbləğləri təyin edir, həmin məbləğlərdən tutula bilən vergi məbləği də onların üzərinə əlavə edilməlidir:
a) Konvensiyanın 3-cü və 5-ci maddələrinin pozuntularından irəli gələn maddi və mənəvi ziyana görə hər bir ərizəçiyə – 180.000 avro;
b) Konvensiyanın 34-cü maddəsinin Rusiya Federasiyası və Moldova tərəfindən pozulmasından irəli gələn mənəvi ziyana görə hər bir ərizəçiyə – 10.000 avro.
490. Bundan başqa, Məhkəmə hesab edir ki, qanunsuz və hüquqa zidd həbsin davam etməsi nəticəsində ərizəçilər qaçılmaz olaraq 5-ci maddənin Məhkəmə tərəfindən müəyyən edilmiş uzunmüddətli ciddi pozuntusuna məruz qalıblar və cavabdeh dövlətlər Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərini, yəni Məhkəmənin qərarına riayət etmək öhdəliyini pozublar.
Konvensiyanın pozuntularını aşkar edərkən Məhkəmənin əsaslandığı səbəblər nəzərə alınmaqla (yuxarıda 352-ci və 393-cü bəndlərə bax), cavabdeh dövlətlər hələ də həbsdə saxlanılan ərizəçilərin hüquqa zidd həbsinə son qoymaq üçün bütün tədbirləri görməli və onların dərhal azad olunmasını təmin etməlidirlər.
B. Məhkəmə xərcləri və digər məsrəflər
491. Vəkillərinin qonorarlarına görə cənab İlaşku 8.000 avro, cənab İvantsok və cənab Petrov-Popa isə hərəsi 8.500 avro tələb etdilər. Onlar həmçinin müxtəlif xərclərlə bağlı 2.500 avro tələb etdilər.
Cənab Leşkonun arvadı ilə vəkili arasında bağlanmış müqavilədən çıxış edərək cənab Leşko vəkilinin işinə görə əlavə olaraq ayda 200 avro tələb etdi, bu isə cəmi 11.800 avro təşkil edir. Bu məbləğ aşağıdakıları əhatə edir: ərizənin verildiyi tarixdən, yəni 1999-cu ilin iyunundan bəri əlli doqquz ay müddətində onun vəkilinin işi və xərcləri (xərclərin əsas tərkib hissələri ərizədə göstərilib); sənədlərin axtarışları; Məhkəmə tərəfindən tələb olunan qeydlərin tərtib edilməsi; Məhkəmənin faktaraşdırıcı missiyasının işi üçün hazırlıq; Məhkəmə nümayəndələri qarşısındakı dinləmələrin protokollarının öyrənilməsi; rabitə xərclər (fakslar, telefon ödənişləri, adi və təcili poçt göndərişləri); həbsxanada ərizəçilərlə görüşmək üçün çəkilmiş nəqliyyat xərcləri və məsrəflər.
492. Moldova Hökuməti məhkəmə xərclərinə və digər məsrəflərə görə tələb olunan məbləğlərin təyin olunmasına etiraz etdi və belə əsas gətirdi ki, onlar əsassızdır.
493. Məhkəmə xatırladır ki, məhkəmə xərclərinin və digər məsrəflərin 41-ci maddə üzrə təyin edilən kompensasiya məbləğinə əlavə edilməsi üçün Konvensiyanın pozuntusu hesab edilən məsələnin qarşısını almaq və ya hüquqi müdafiə vasitəsi əldə etmək məqsədi ilə həmin xərclərin və məsrəflərin faktiki və zəruri olaraq çəkildiyi və miqdarca ağlabatan olduğu müəyyən edilməlidir (misal üçün bax: Kalaşnikovun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 146).
Məhkəmə qeyd edir ki, hazırkı iş bir neçə yazılı izahatlar silsiləsinə, çəkişmə xarakterli dinləməyə və hadisə yerində şahidlərdən ifadə alınması üçün yeddi gün davam etmiş dinləməyə səbəb olub.
Məhkəməyə təqdim edilmiş sübutlar göstərir ki, ərizəçilərin nümayəndələri cənab Dinu, cənab Tanase və cənab Qribinsea pozuntu təşkil etdiyi aşkara çıxarılmış məsələlərlə bağlı məhkəmə xərclərini və digər məsrəfləri çəkiblər.
Ədalət prinsipi əsasında qərar çıxararaq və ərizəçilərin adından təqdim edilmiş iri həcmli sənədləri və izahatları hazırlamaq üçün ağlabatan dərəcədə zəruri olan işi nəzərə alaraq, Məhkəmə ərizəçilərə ümumilikdə 21.000 avro məbləğini təyin edir, Avropa Şurası tərəfindən hüquq yardım qismində ödənilmiş olan 3.964 avro bu məbləğdən çıxılmalıdır. Ümumi məbləğ cənab Dinu üçün onun qonorarlarına və katiblik xərclərinə görə 4.363 avroya, cənab Qribinsea üçün onun məhkəmə xərclərinə və digər məsrəflərinə görə 3.960 avroya və cənab Tanase üçün onun məhkəmə xərclərinə və digər məsrəflərinə görə 8.713 avroya bərabərdir.
C. İcranın gecikdirilməsinə görə faiz
494. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. Altı səsə qarşı on bir səslə qərara alır ki, Moldova Respublikasının pozitiv öhdəlikləri baxımından ərizəçilər Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada onun yurisdiksiyasındadırlar;
2. Bir səsə qarşı on altı səslə qərara alır ki, ərizəçilər Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada Rusiya Federasiyasının yurisdiksiyasındadırlar;
3. Yekdilliklə qərara alır ki, Konvensiyanın 6-cı maddəsi üzrə şikayəti araşdırmaq üçün Məhkəmə zaman meyarına görə (ratione temporis) yurisdiksiyaya malik deyil;
4. Bir səsə qarşı on altı səslə qərara alır ki, Məhkəmə Moldova Respublikasına münasibətdə 12 sentyabr 1997-ci ildən sonrakı və Rusiya Federasiyasına münasibətdə 5 may 1998-ci ildən sonrakı hadisələrlə bağlı Konvensiyanın 2, 3, 5 və 8-ci maddələri üzrə şikayətləri araşdırmaq üçün zaman meyarına görə (ratione temporis) yurisdiksiyaya malikdir;
5. İki səsə qarşı on beş səslə qərara alır ki, Məhkəmənin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi üzrə şikayəti araşdırmaq üçün zaman meyarına görə (ratione temporis) yurisdiksiyaya malik olub-olmadığını müəyyən etməyə ehtiyac yoxdur;
6. Yekdilliklə qərara alır ki, “MPR Ali Məhkəməsi” tərəfindən cənab İlaşkunun ölüm cəzasına məhkum edilməsi faktı ilə bağlı Konvensiyanın 2-ci maddəsi üzrə şikayəti ayrıca araşdırmağa ehtiyac yoxdur;
7. Altı səsə qarşı on bir səslə qərara alır ki, cənab İlaşkunun məruz qaldığı qəddar rəftarla bağlı və ölüm cəzasının icrası təhlükəsi altında həbsdə saxlanma şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsi Moldova tərəfindən pozulub;
8. Bir səsə qarşı on altı səslə qərara alır ki, cənab İlaşkunun məruz qaldığı qəddar rəftarla bağlı və ölüm cəzasının icrası təhlükəsi altında həbsdə saxlanma şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsi Rusiya Federasiyası tərəfindən pozulub və bu rəftar həmin maddədə nəzərdə tutulan mənada işgəncə adlandırılmalıdır;
9. Altı səsə qarşı on bir səslə qərara alır ki, 2001-ci ilin mayından sonra cənab İvantsokun məruz qaldığı qəddar rəftarla bağlı və həbsdə saxlanma şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsi Moldova tərəfindən pozulub və bu rəftar həmin maddədə nəzərdə tutulan mənada işgəncə adlandırılmalıdır;
10. Bir səsə qarşı on altı səslə qərara alır ki, cənab İvantsokun məruz qaldığı qəddar rəftarla bağlı və həbsdə saxlanma şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsi Rusiya Federasiyası tərəfindən pozulub və bu rəftar həmin maddədə nəzərdə tutulan mənada işgəncə adlandırılmalıdır;
11. Altı səsə qarşı on bir səslə qərara alır ki, 2001-ci ilin mayından sonra cənab Leşkonun və cənab Petrov-Popanın məruz qaldıqları qəddar rəftarla bağlı və həbsdə saxlanma şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsi Moldova tərəfindən pozulub və bu rəftar həmin maddədə nəzərdə tutulan mənada qeyri-insani və ləyaqəti alçaldan rəftar adlandırılmalıdır;
12. Bir səsə qarşı on altı səslə qərara alır ki, cənab Leşkonun və cənab Petrov-Popanın məruz qaldığı qəddar rəftarla bağlı və həbsdə saxlanma şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsi Rusiya Federasiyası tərəfindən pozulub və bu rəftar həmin maddədə nəzərdə tutulan mənada qeyri-insani və ləyaqəti alçaldan rəftar adlandırılmalıdır;
13. Altı səsə qarşı on bir səslə qərara alır ki, cənab İlaşkunun həbsi ilə bağlı Konvensiyanın 5-ci maddəsi Moldova tərəfindən pozulub;
14. Altı səsə qarşı on bir səslə qərara alır ki, 2001-ci ilin mayından sonra cənab İvantsokun, cənab Leşkonun və cənab Petrov-Popanın həbsi ilə bağlı Konvensiyanın 5-ci maddəsi Moldova tərəfindən pozulub;
15. Bir səsə qarşı on altı səslə qərara alır ki, 2001-ci ilin mayınadək cənab İlaşkuya münasibətdə Konvensiyanın 5-ci maddəsi Rusiya Federasiyası tərəfindən pozulub və cənab İvantsoka, cənab Leşkoya və cənab Petrov-Popaya münasibətdə həmin maddənin pozuntusu baş verib və davam etməkdədir;
16. Yekdilliklə qərara alır ki, ərizəçilərin Konvensiyanın 8-ci maddəsi üzrə şikayətini ayrıca araşdırmaq üçün heç bir əsas yoxdur;
17. İki səsə qarşı on beş səslə qərara alır ki, 1 saylı Protokolun 1-ci maddəsi pozulmayıb;
18. Bir səsə qarşı on altı səslə qərara alır ki, Moldova Konvensiyanın 34-cü maddəsi üzrə pozitiv öhdəliklərini yerinə yetirməyib;
19. Bir səsə qarşı on altı səslə qərara alır ki, Rusiya Federasiyası Konvensiyanın 34-cü maddəsi üzrə pozitiv öhdəliklərini yerinə yetirməyib;
20. Yeddi səsə qarşı on səslə qərara alır ki, Moldova üç ay ərzində ərizəçilərə aşağıdakı məbləğləri, üstəgəl onlardan tutula bilən vergi məbləğlərini ödəməlidir:
a) maddi və mənəvi ziyana görə cənab İvantsokun, cənab Leşkonun və cənab Petrov-Popanın hər birinə – 60.000 (altmış min) avro;
b) 34-cü maddənin pozulması ilə bağlı məruz qaldıqları mənəvi ziyana görə ərizəçilərin hər birinə – 3.000 (üç min) avro;
c) hüquqi yardım qismində alınmış 1.321,34 avro (min üç yüz iyirmi bir avro otuz dörd sent) çıxılmaq şərti ilə məhkəmə xərclərinə və digər məsrəflərə görə ümumilikdə ərizəçilərə – 7.000 (yeddi min) avro, bu məbləğ aşağıdakı məbləğlərin cəmindən ibarətdir: cənab Dinu üçün – 1.454,33 avro (min dörd yüz əlli dörd avro otuz üç sent) avro; cənab Qribinsea üçün – 1.320 (min üç yüz iyirmi) avro; və cənab Tanase üçün – 2.904,33 avro (iki min doqquz yüz dörd avro otuz üç sent).
21. Bir səsə qarşı on altı səslə qərara alır ki, Rusiya Federasiyası üç ay ərzində ərizəçilərə aşağıdakı məbləğləri, üstəgəl onlardan tutula bilən vergi məbləğlərini ödəməlidir:
a) maddi və mənəvi ziyana görə cənab İlaşkuya – 180.000 (yüz səksən min) avro;
b) maddi və mənəvi ziyana görə ərizəçilərin hər birinə – 120.000 (yüz iyirmi min) avro;
c) 34-cü maddənin pozulması ilə bağlı məruz qaldıqları mənəvi ziyana görə ərizəçilərin hər birinə – 7.000 (yeddi min) avro;
d) hüquqi yardım qismində alınmış 2.642,66 avro (iki min altı yüz qırx iki avro altmış altı sent) çıxılmaq şərti ilə məhkəmə xərclərinə və digər məsrəflərə görə ümumilikdə ərizəçilərə – 14.000 (on dörd min) avro, bu məbləğ aşağıdakı məbləğlərin cəmindən ibarətdir: cənab Dinu üçün – 2.908,67 avro (iki min doqquz yüz səkkiz avro altmış yeddi sent) avro; cənab Qribinsea üçün – 2.640 (iki min altı yüz qırx) avro; və cənab Tanase üçün – 5.808,67 avro (beş min səkkiz yüz səkkiz avro altmış yeddi sent).
22. Yekdilliklə qərara alır ki, cavabdeh dövlətlər hələ də həbsdə saxlanılan ərizəçilərin hüquqa zidd həbsinə son qoymaq və onların dərhal azad olunmasını təmin etmək üçün bütün zəruri tədbirləri görməlidirlər;
23. Yekdilliklə qərara alır ki, yuxarıda 20-ci və 21-ci bəndlərdə göstərilmiş məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə hər bir ərizəçinin yaşadığı ölkənin milli valyutasına çevrilməli və yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər onların üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
24. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 8 iyul 2004-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan edilmişdir.
Luzius Vildhaber (Luzius Wildhaber)
Sədr
Pol Mahoney (Paul Mahoney)
Katib
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq bu qərara aşağıdakı ayrıca rəylər əlavə olunur:
a) cənab Kasadevallın qərarla qismən üst-üstə düşməyən rəyi (bu rəyə cənab Ress, cənab Birsan, xanım Tulkens və xanım Fura-Sandström də qoşulublar);
b) cənab Ressin qərarla qismən üst-üstə düşməyən rəyi;
c) ser Nikolas Bratsanın qərarla qismən üst-üstə düşməyən rəyi (bu rəyə cənab Rozakis, cənab Hediqan, xanım Tomassen və cənab Pantsiru da qoşulublar);
d) cənab Lukaidesin qərarla qismən üst-üstə düşməyən rəyi;
e) cənab Kovlerin qərarla üst-üstə düşməyən rəyi.
HAKİM KASADEVALLIN QƏRARLA QİSMƏN ÜST-ÜSTƏ DÜŞMƏYƏN RƏYİ (BU RƏYƏ HAKİMLƏR RESS, BİRSAN, TULKENS VƏ FURA-SANDSTRÖM DƏ QOŞULUBLAR)
1. Mən Böyük Palatadakı çoxluğun belə bir qənaətinə şərik deyiləm ki, Moldova yalnız 2001-ci ilin mayından sonra Konvensiya üzrə pozitiv öhdəliklərini yerinə yetirmədiyinə görə məsuliyyət daşıyır.
Bu rəy mənim fikrimcə paradoksal və ziddiyyətli olan belə bir qərara gətirib çıxardı ki, Moldova cənab İvantsokun, cənab Leşkonun və cənab Petrov-Popanın qəddar rəftara məruz qalması, həbsdə saxlanması və saxlanma şəraiti ilə bağlı (yalnız 2001-ci ilin mayından sonra) Konvensiyanın 3-cü və 5-ci maddələrini pozub, amma cənab İlaşkuya münasibətdə eyni faktlara görə və ilk növbədə “MPR Ali Məhkəməsi” tərəfindən təyin edilmiş ölüm cəzasına görə və həmin cəzanın icrası riskinə görə məsuliyyət daşımır.
Ərizəçilər Moldovanın yurisdiksiyasında olduğuna görə (qərarın 335-ci bəndinə bax), o, mənim fikrimcə, Konvensiyanın ratifikasiya olunduğu tarixdən indiyə qədərki müddət üçün məsuliyyət daşıyır və bütün ərizəçilərə münasibətdə 12 sentyabr 1997-ci ildən 2001-ci ilin mayınadək onun pozitiv öhdəliklərinin mövcud olmadığı barədə (əslində hər şey tam əksinədir) çoxluğun gəldiyi rəyə heç nə ilə haqq qazandırmaq olmaz. Mən bununla nə üçün razılaşmadığımın səbəblərini aşağıda ifadə etmişəm.
2. 21 iyul 1992-ci il tarixli atəşkəs sazişi Moldovanın bütün ərazisi üzərində öz hakimiyyətini həyata keçirməyə yönələn real səylərinin ilkin mərhələsinə son qoydu. Həmin tarixdən sonra o, ərizəçilərin, yəni qanunsuz məhkəməyə cəlb olunaraq on il müddətinə azadlıqdan məhrum edilmiş cənab İlaşkunun və on iki ilə yaxın müddətə azadlıqdan məhrum edilmiş digər üç ərizəçinin hüquqlarını təmin etmək əvəzinə daha güzəştli mövqe tutaraq Pridnestrovye ərazisi üzərində nəzarətini bərpa etmək məqsədi ilə səylərini danışıqlara yönəltdi.
3. Məhkəmənin bildirdiyi kimi, faktiki situasiyanın mürəkkəbliyini nəzərə alaraq, Moldovanın öhdəliklərini yerinə yetirib-yetirməməsi məsələsi həm Moldova ilə Rusiya Federasiyası arasındakı, həm də Pridnestrovye ilə Rusiya Federasiyası arasındakı münasibətlərlə sıx bağlıdır. Bundan əlavə, ərizəçilərin vəziyyətini yaxşılaşdırmaq üçün Moldovanın Rusiya hakimiyyəti vasitəsilə Pridnestrovyeyə göstərə biləcəyi təsir də nəzərə alınmalıdır. Nəhayət, Moldovanın 12 sentyabr 1997-ci ildən sonrakı səylərini qiymətləndirməkdən ötrü müqayisə məqsədləri üçün ratifikasiya tarixindən sonrakı müəyyən hərəkətləri də nəzərə almaq önəmlidir (qərarın 337-338-ci bəndlərinə bax). Müvafiq olaraq, hadisələrin inkişafı kontekstində situasiyanın, habelə hərəkətlərin və hərəkətsizliyin ümumi qiymətləndirilməsini həyata keçirmək zəruridir.
4. Bu bir həqiqətdir ki, hərbi əməliyyatlar başlayandan bəri Moldova hakimiyyəti təcavüzə məruz qaldığını hesab etməklə həmin təcavüzdən şikayətlənməsini heç vaxt dayandırmayıb və separatçıların müstəqillik haqqında bəyannaməsini rədd edib. Moldova hakimiyyəti 1992-ci ilin iyulunda hərbi əməliyyatlar başa çatdıqdan sonra 1993-cü ildə cinayət prosesinə başlamaqla ərazi üzərində nəzarətini yenidən bərqərar etmək üçün addımlar atmaqda davam etdi. 1994-cü ildən sonra Moldova hakimiyyəti “MPR” tərəfindən nəzarət olunan ərazidə Moldovanın suverenliyini həm ölkə daxilində, həm də beynəlxalq miqyasda müdafiə etməkdə davam etdi (qərarın 341-343-cü bəndlərinə bax).
5. Lakin belə qənaətə gəlmək qaçılmazdır ki, 1997-ci ildən sonra Moldova hakimiyyətinin Pridnestrovye üzərində nəzarəti həyata keçirmək səylərinin sayı azaldı və bu səylər diplomatik fəaliyyətlə məhdudlaşdı. Üstəlik, Moldova Avropa Şurasına yenicə üzv qəbul edilmişdi, amma nə qədər paradoksal olsa da, bu siyasi forumun yaratdığı imkanlardan faydalana bilmədi.
Digər tərəfdən, Moldova hakimiyyəti ilə Pridnestrovye separatçıları arasında əməkdaşlıq üçün açıq-aydın və ya de fakto tədbirlər görüldü: inzibati, iqtisadi və siyasi sazişlər bağlandı, Moldova parlamenti ilə “MPR parlamenti” arasında münasibətlər quruldu, polis və təhlükəsizlik məsələlərində bir neçə il ərzində əməkdaşlıq edildi və digər sahələrdə, məsələn, şəxsiyyət sənədlərinin verilməsi, hava nəqliyyatına nəzarət, telefon rabitəsi və idman sahələrində əməkdaşlıq formaları quruldu (qərarın 114, 174-175, 177-179 və 185-ci bəndlərinə bax).
6. Ərizəçilərin vəziyyətinə gəldikdə, 1997-ci ildə Konvensiyanı ratifikasiya edənə qədər Moldova hakimiyyəti müəyyən tədbirlər gördü, buna misal olaraq ərizəçilər barəsindəki 9 dekabr 1993-cü il tarixli ittiham hökmünü və onlar barəsindəki həbs orderini ləğv edən Ali Məhkəmənin 3 fevral 1994-cü il tarixli qərarını; 28 dekabr 1993-cü ildə “Pridnestrovye Ali Məhkəməsi”nin “hakimlərinə” və rəsmi dövlət funksiyalarını mənimsəməkdə təqsirləndirilən Pridnestrovyenin digər rəsmilərinə qarşı başlanmış cinayət təqibini; Moldova prezidenti tərəfindən 4 avqust 1995-ci ildə elan edilmiş amnistiyanı; Moldova parlamentinin 3 oktyabr 1995-ci il tarixli xahişini; Pridnestrovyedə həbsdə saxlanılan ərizəçilərin müayinəsi üçün Moldovadan həkimlərin göndərilməsini; və ərizəçilərin ailələrinə yardım edilməsini göstərmək olar (qərarın 222-223, 226-227 və 239-cu bəndlərinə bax).
7. Lakin yenə də 1997-ci ildən sonra ərizəçilərin hüquqlarının təmin edilməsi üçün görülmüş tədbirlər həkimlərin göndərilməsi ilə (onların sonuncu səfəri 1999-cu ildə baş tutdu), ərizəçilərin ailələrinə maliyyə dəstəyi ilə və cənab Sturzanın onların azad olunmasını təmin etməyə yönələn müdaxilələri ilə məhdudlaşdı (işin materiallarında qeydə alınmış bu müdaxilələrin sonuncusu 2001-ci ilin aprelinə təsadüf edir). Moldova Hökuməti etiraf etdi ki, münaqişənin nizamlanmasına və ərizəçilərin azad edilməsinə dair müzakirələr zamanı separatçıların irəli sürdüyü tələblərə cavab olaraq o, danışıqlar strategiyasında dəyişikliklər edib, yəni Pridnestrovyeni Moldovanın hüquq sisteminə qayıtmağa hazırlamaq məqsədini daşıyan diplomatik yanaşmalara üstünlük verib, eyni zamanda əvvəllər görülmüş məhkəmə tədbirlərindən imtina edib (qərarın 344-cü bəndinin yekun hissəsinə bax). Pridnestrovye əhalisinin gündəlik həyatını yaxşılaşdırmaq və onların normal həyata mümkün qədər yaxın həyat tərzi sürməsinə nail olmaq kimi təqdirəlayiq məqsəd üçün Moldova tərəfindən görülmüş müəyyən əməkdaşlıq tədbirləri başa düşüləndir.
8. Mən öz ərazi bütövlüyü kimi önəmli məsələni həll etmək üçün Moldova tərəfindən qəbul edilmiş siyasi strategiyanın münasibliyi və ya səmərəliliyi barədə mülahizə yürütmək istəmirəm. Lakin hətta Pridnestrovye regionu üzərində faktiki nəzarətə malik olmasa da, Moldova formal olaraq onun yurisdiksiyasında olan şəxslərin və müvafiq olaraq Moldovanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində olan bütün şəxslərin Konvensiya ilə təsbit olunan hüquqlarını təmin etmək üçün hələ də Konvensiyanın 1-ci maddəsi əsasında səlahiyyəti çərçivəsində olan və beynəlxalq hüquqa uyğun olan siyasi, diplomatik, iqtisadi, məhkəmə və ya digər tədbirləri görməkdən ibarət pozitiv öhdəlik daşıyır (qərarın 331-ci bəndinə bax).
Görülmüş və ya görülə bilən tədbirlərin xarakterinə və səmərəliliyinə gəldikdə, onların nəticələri baxımından müəyyən faktlar digərlərindən daha önəmli ola bilər. Bununla bağlı, cənab İlaşkunun 2001-ci ilin mayında azad edildiyini nəzərə alaraq, güman etmək olar ki, ərizəçilərin azad edilməsinə nail olmaq məqsədini daşıyan tədbirlərin heç də hamısının, qərarın 347-ci bəndinin ikinci hissəsində çoxluğun düşündüyü kimi, uğursuzluğa düçar olduğunu hesab etmək olmaz.
9. Mən hesab edirəm ki, 1997-ci ildə Konvensiyanı ratifikasiya etdikdən sonra Moldova hakimiyyətinin Konvensiyada təsbit olunmuş hüquqları təmin etmək məqsədi ilə göstərdiyi səylər ərizəçilərin düşdüyü ciddi situasiyada tələb olunan qətiyyət, əzmkarlıq və inamla həyata keçirilmirdi. Məsələn, açıq-aydın hərəkətsizliyin və bəzən isə əks-hərəkətlərin aşağıdakı nümunələri qeyd edilməlidir.
a) 28 dekabr 1993-cü ildə ərizəçilərin cinayət təqibinə məruz qalaraq məhkum olunmasında iştirak etmiş şəxslər barəsində cinayət istintaqına başlanıldı, amma bu istintaqın qaneedici şəkildə yekunlaşması üçün hakimiyyət orqanları tərəfindən görülmüş tədbirlər barədə informasiyanın olmaması onun səmərəliliyi barədə ciddi şübhələr yarada bilərdi (qərarın 221-ci bəndinə bax).
b) “MPR-in Ali Məhkəməsi”nin 9 dekabr 1993-cü il tarixli hökmünü ləğv edilməsi və yeni istintaq aparılması üçün işin materiallarının prokurorluq xidmətinə göndərilməsi barədə Moldova Respublikasının Ali Məhkəməsinin 3 fevral 1994-cü il tarixli qərarı heç bir təsirə malik olmadı (qərarın 222-ci bəndinə bax).
c) 34 avqust 1995-ci ildə Moldova prezidenti tərəfindən elan edilmiş amnistiyadan sonra heç bir tədbir görülmədi. Eyni ilə, ərizəçilərin maraqları naminə tədbir görmək barədə Moldova parlamentinin 3 oktyabr 1995-ci il tarixli xahişinə baxmayaraq, Moldova Hökuməti və ya Xarici İşlər Nazirliyi tərəfindən görülmüş hər hansı tədbir barədə Məhkəməyə məlumat verilmədi (qərarın 227-ci bəndinə bax).
d) 16 avqust 2000-ci ildə dövlət prokuroru 28 dekabr 1993-cü il tarixli qərarı etibarsız elan edərək belə əsas gətirdi ki, hüquq pozuntularına düzgün hüquqi tövsif verilməyib. Elə həmin qərarda yeni ittihamların çərçivəsi müəyyən edildi, amma qərara alındı ki, istintaqa başlamaq məqsədəuyğun deyil, ona görə ki, həmin ittihamlar üzrə cinayət təqibi üçün müddət həddi var idi. Hakimiyyət orqanlarının istintaqı aparılan hüquq pozuntularını yenidən tövsif edənə qədər yeddi il gözlədikdən sonra başladığı və sonda yeni ittihamlarla bağlı cinayət təqibinin müddət məhdudiyyətinə bağlı olduğunun qərara alındığı prosesin ciddiliyinə yalnız şübhə ifadə etmək olar. Moldova qanunvericiliyinin davam edən cinayət istintaqının predmeti olan hüquq pozuntuları ilə bağlı müddət məhdudiyyəti nəzərdə tutub-tutmaması məsələsi ilə bağlı özümdə hər hansı rəy formalaşdırmaq imkanına malik olmasam da, qeyd etməliyəm ki, hazırkı işdə məhdudiyyətin tətbiqi məhz istintaqın uzun sürməsi ucbatından mümkün olmuşdu, üstəlik, həmin istintaqın səmərəsiz olması məlum oldu (qərarın 229-cu bəndinə bax).
e) 16 avqust 2000-ci ildə dövlət prokuroru tərəfindən Hlinaya həbsxanasının rəisi barəsində cinayət istintaqına başlanılması haqqında qərar yerinə yetirilmədi və istənilən halda, rəis Məhkəmənin nümayəndələrinə dedi ki, bu qərar barədə onun heç bir məlumatı yoxdur (qərarın 230-cu bəndinə, həmçinin Əlavənin 137-ci bəndinə bax).
f) Yuxarıda qeyd edilən istintaqların dayanması və ya onlara xitam verilməsi nəticəsində indi cənab Şevtsov da daxil olmaqla “MPR” rejiminin müəyyən yüksək rəsmilərinin rejimin xidmətində göstərdikləri fəaliyyətlərə görə real olaraq məsuliyyətə cəlb olunmaqdan çəkinmədən Moldova ərazisinə daxil olması mümkündür (bax: Əlavə: cənab İlaşku, b. 21; və cənab Rusu, b. 304). Üstəlik, daha artıq təəccüblə qeyd etmək istərdim ki, “MPR-in sabiq ədliyyə naziri” cənab Sidorov Moldovaya qayıtdıqdan sonra bir sıra yüksək dövlət vəzifələrini tutdu və 2001-ci ildən Moldova parlamentinin İnsan hüquqları və azlıqlar üzrə Komitəsinin sədri oldu (qərarın 168-ci bəndinə bax).
10. Qeyd etmək lazımdır ki, Moldova hakimiyyəti separatçı rejimlə əməkdaşlığı təşviq edən, hamılıqla qəbul edilərək Pridnestrovye əhalisinin həyatını yüngülləşdirmək məqsədi daşıyan addımlar atsa da, ərizəçilərin taleyinə münasibətdə eyni səyləri nümayiş etdirmədi. İstər 2001-ci ilin mayından əvvəl, istərsə də sonra separatçılarla danışıqlarda Moldova hakimiyyəti bu məsələni yalnız şifahi şəkildə qaldırmaqla kifayətləndi və ərizəçilərin azadlığa buraxılmasını nəzərdə tutan saziş əldə edilməsinə cəhd göstərmədi (qərarın 172-ci və 348-ci bəndlərinə bax). Eyni ilə, ərizəçilər on iki ilə yaxın müddətə azadlıqdan məhrum edilsələr də, Pridnestrovye münaqişəsinin həllinə yönələn və ərizəçilərin vəziyyəti ilə əlaqədar olan hər hansı ümumi plan ortaya qoyulmadı (qərarın 348-ci bəndinin yekun hissəsinə bax).
11. Məhkəmə razılaşır ki, Rusiya Federasiyası ilə ikitərəfli danışıqlarda Moldova hakimiyyəti ərizəçilərin taleyinə daha çox diqqət yetirdiyini nümayiş etdirməyib və 6 iyun 2001-ci il tarixli dinləmədə Moldova Hökumətinin “arzuolunmaz nəticələrin, yəni ... digər ərizəçilərin həbsdə saxlanılmasına son qoymaq məqsədi daşıyan prosesin dayandırılmasının” qarşısını almaq məqsədi ilə 24 oktyabr 2000-ci il tarixli yazılı qeydlərində Rusiya Federasiyasının məsuliyyəti məsələsi ilə bağlı bildirdiyi mövqeyini dəyişmək istəməsi faktı (qərarın 360-cı bəndinə bax) onun tərəfindən Pridnestrovye rejimi üzərində Rusiya hakimiyyətinin mümkün təsirinin qəbul edilməsinə bərabərdir (qərarın 349-cu bəndinə bax). Lakin belə görünür ki, Moldova hakimiyyəti həm 2001-ci ildən əvvəl, həm də sonra bu təsirdən ərizəçilərin maraqları naminə istifadə etmək üçün əlində olan imkanlardan yararlanmayıb.
12. Yekunda qeyd edim ki, kimsə azlıqla razılaşmayaraq ərizəçilərin Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Moldovanın yurisdiksiyasında olmadığını, Moldovanın üzərinə pozitiv öhdəliklər düşmədiyini və barəsində şikayət edilən pozuntularla bağlı onun məsuliyyət daşımadığını hesab edə bilər, özü də bu yanaşma tamamilə ardıcıl yanaşmadır. Digər tərəfdən, ərizəçilərin Moldovanın yurisdiksiyasında olduğu və Moldovanın pozitiv öhdəliklər daşıdığı barədə nəticə Konvensiyanın ratifikasiya edildiyi tarixdən, yəni 12 sentyabr 1997-ci ildən onun tam məsuliyyətini qaçılmaz olaraq qəbul etməyə gətirib çıxarır.
Taleyüklü tarix, yəni “2001-ci ilin mayı” tamamilə süni və mənasız görünür.
HAKİM RESSİN QƏRARLA QİSMƏN ÜST-ÜSTƏ DÜŞMƏYƏN RƏYİ
1. Mən hakim Kasadevallın qərarla qismən üst-üstə düşməyən rəyinə qoşuldum, amma Moldovanın pozitiv öhdəlikləri ilə bağlı bəzi əlavə qeydlərimi bildirmək istərdim. Məhkəmə bu qənaətə gəldi ki, ərizəçilər Moldova Respublikasının yurisdiksiyasındadırlar (qərarın 300-331-ci bəndlərinə bax) və Moldovanın Konvensiyanı ratifikasiya etdiyi sənədə əlavə etdiyi bəyanat əraziyə nəzarətlə bağlı de fakto situasiyanı əks etdirir. Hətta Pridnestrovye regionu üzərində faktiki nəzarətə malik olmasa belə, Moldova ərizəçilərin Konvensiya ilə zəmanət verilən hüquqlarını təmin etmək üçün Konvensiyanın 1-ci maddəsi əsasında, beynəlxalq hüquqa uyğun olaraq səlahiyyəti çərçivəsində olan tədbirləri görməkdən ibarət pozitiv öhdəlik daşıyır. Məhkəmə haqlı olaraq bildirdi ki, iştirakçı dövlət de fakto situasiyanın, məsələn, separatçı rejim qurulduqda yaranan vəziyyətin doğurduğu məhdudiyyətlər ucbatından öz hakimiyyətini bütün ərazisi üzərində həyata keçirə bilmədikdə belə, yenə də onun yurisdiksiyasına son qoyulmur. Moldovanın bütün ərazisi üzərində suverenliyi beynəlxalq birlik tərəfindən və hətta Rusiya Federasiyası tərəfindən şübhə altına alınmayıb və alınmır, hərçənd ki, sonuncu öz qoşunlarının orada mövcudluğu vasitəsilə Pridnestrovye regionu üzərində nəzarəti həyata keçirir və bununla da həmin ərazi üzərində yurisdiksiyaya malikdir və yurisdiksiyaya malik olduğu dərəcədə də məsuliyyəti, bir qədər fərqli şəkildə olsa da, Moldova ilə paylaşır. Mən qərarın 333-cü bəndində “faktiki vəziyyətin həmin yurisdiksiyanı məhdudlaşdırdığı barədə” Məhkəmənin çıxardığı nəticəni çıxarmazdım. Yurisdiksiyanın “hüdudları” həmişə eynidir, amma iştirakçı dövlətin 1-ci maddə üzrə üzərinə götürdüyü öhdəlikdən irəli gələn məsuliyyəti Pridnestrovyedə qiyamçı qüvvələrin dəstəklədiyi yerli hakimiyyətin etdiyi bütün hərəkətlərlə deyil, yalnız ərazisində olan şəxslərə münasibətdə pozitiv öhdəlikləri ilə əlaqədar olaraq nəzərdən keçirilə bilər. Yurisdiksiya və məsuliyyət məsələlərinə gəldikdə, sözügedən dövlət xarici dövlətlərin və beynəlxalq təşkilatların qarşısında əlində olan bütün hüquqi və diplomatik vasitələrlə Konvensiyada müəyyən edilmiş hüquq və azadlıqların müdafiəsini təmin etməkdə davam etməyə çalışmalıdır.
2. Mən qərarın 335-ci bəndində bəyan edilmiş bu fikirlə razıyam ki, ərizəçilər Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Moldova Respublikasının yurisdiksiyasındadırlar, amma onun faktiki hakimiyyəti həyata keçirə bilmədiyi “MPR” ərazisində törədilən, barəsində şikayət edilən hərəkətlərə görə məsuliyyəti onun pozitiv öhdəliklərinin işığında nəzərdən keçirilməlidir. Ərazisinin bir hissəsində Pridnestrovye rejiminin bütün hərəkətlərinə görə Moldovanın necə birbaşa məsuliyyət daşıya biləcəyini təsəvvür etmək çətindir. Məhkəmə faktiki situasiyanın mürəkkəbliyini və pozitiv öhdəliklərini ən səmərəli şəkildə yerinə yetirmək üçün hakimiyyət orqanlarının hansı tədbirləri görməli olduğunu göstərməyin çətinliyini nəzərə alaraq bu qənaətə gəldi ki, Pridnestrovye üzərində Moldovanın nəzarətini bərpa etmək üçün 1991-1992-ci illərdən sonra intensiv tədbirlər görülüb. Amma 12 sentyabr 1997-ci ildə Konvensiya Moldova tərəfindən ratifikasiya edildikdən sonra bu tədbirlərin intensivliyi azalmış və praktiki olaraq cənab İlaşku azad edilən vaxt həmin tədbirlərə xitam verilmişdi.
Məhkəmənin haqlı olaraq qeyd etdiyi kimi, Pridnestrovye üzərində nəzarətini bərpa etmək öhdəliyi Moldovadan tələb edirdi ki, birincisi, xüsusən 1997-ci ildən sonra separatçı “MPR” rejimini dəstəkləməkdən çəkinsin və ikincisi, xüsusən ərizəçilərin vəziyyəti ilə və onlara münasibətdə Konvensiyanın hər hansı sonrakı pozuntuları ilə bağlı sərəncamında olan bütün siyasi və məhkəmə tədbirlərini və digər tədbirləri görsün. Məhkəmə özü qeyd edir ki, “Pridnestrovyedə Moldova hakimiyyətini müdafiə etmək məqsədi daşıyan məhkəmə tədbirlərinin sayı azalmışdı” (qərarın 344-cü bəndinə bax). Mən cənab Kasadevallın belə bir təhlili ilə tam razıyam ki, İlaşku 2001-ci ilin mayında azad edilənədək Moldovanın pozitiv öhdəliklərini yerinə yetirdiyi barədə nəticə çıxarmağa haqq qazandıran heç nə yox idi, onun azad edilməsindən sonra isə ərizəçilərin Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etmək üçün Moldova Hökumətinin səmərəli tədbirlər görməsinin nəzərə çarpan əlamətləri çox az idi (əgər ümumiyyətlə var idisə).
Aydındır ki, Pridnestrovye ərazisi üzərində Moldovanın hakimiyyətini bərpa etmək və ərizəçilərə münasibətdə Konvensiya hüquqlarının pozulduğu situasiyaya son qoymaq üçün az və ya çox dərəcədə səmərəli siyasi və məhkəmə cəhdlərinin müxtəlif “fazaları” var idi. 1991-1992-ci illərdə Rusiya Federasiyasının dəstəyi ilə “MPR” qurulduqdan sonra o, bütün vaxtlarda Rusiya Federasiyasının faktiki hakimiyyəti və ya ən azı həlledici təsiri altında qalmaqda idi Rusiya Federasiyası tərəfindən verilən hərbi, iqtisadi, maliyyə və siyasi dəstəyin sayəsində yaşayırdı (qərarın 392-ci bəndinə bax). Belə vəziyyətdə öz pozitiv öhdəliklərini yerinə yetirmək və xüsusən Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərində ərizəçilərin taleyi ilə davamlı olaraq maraqlanmaq Moldova hakimiyyətinin elementar vəzifəsi idi. Rusiya Federasiyası tərəfindən törədildiyi iddia edilən pozuntularla bağlı diplomatik səylərin və arqumentlərin olmaması 2001-ci ilin mayından sonra açıq-aydın bəlli idi, amma mənim fikrimcə, belə səylər, Məhkəmənin özünün bildirdiyi kimi, heç 1997-ci ildən sonra da yox idi (qərarın 349-cu bəndə bax). Qarant dövlət kimi çıxış edən Rusiya Federasiyası məhz o dövlət idi ki, öz pozitiv öhdəlikləri çərçivəsində Moldovanın intensiv olaraq ona müraciət etməli və Konvensiya əsasında onun məsuliyyət daşıdığını qeyd etməli idi. Mən 1997-ci ildəki ratifikasiya vaxtı ilə hazırkı vaxt arasında (istər 2001-ci ilin mayı, istərsə də hər hansı başqa vaxt olsun) hər hansı bölücü sərhəd olduğunu düşünmürəm.
3. Moldovadakı situasiya Kipr Türkiyəyə qarşı məhkəmə işindəki ([Böyük Palatanın qərarı], ərizə N 25781/94, b. 78, AİHM 2001-IV) situasiyadan fərqlidir, həmin işdə Məhkəmə qeyd etdi ki, Şimali Kipr Türkiyə tərəfindən tam hərbi işğal altında olduğuna görə Kipr Respublikası Şimali Kiprdə Konvensiya öhdəliklərini yerinə yetirmək iqtidarlında deyil. Hazırkı işdə qiyamçı rejim mövcud olsa da və Rusiya Federasiyası ərazi üzərində həlledici təsirə malik olsa da və hətta əraziyə nəzarət etsə də, Pridnestrovye ərazisinin işğalı baş verməyib. Moldova isə qətiyyətlə və səmərəli şəkildə həyata keçirmədiyi pozitiv öhdəliklərini yerinə yetirmək üçün təsir vasitələrinə malik idi və hələ də malikdir. O, hətta idarəetmənin müxtəlif sahələrində əməkdaşlıqdan ibarət yanaşma qəbul etdi və qiyamçı rejimlə inzibati xarakterli müqavilələr bağladı ki, bu da hakim Kasadevallı yetərincə güzəştli münasibətdən danışmağa vadar etdi. Lakin vəziyyət dövlətin öz ərazisinin bir hissəsi üzərində hakimiyyətini qiyamçı rejim ucbatından həyata keçirməsinə imkan vermirsə, hətta o, qanunsuz hakimiyyətin fəaliyyətlərinə öz hərəkətləri ilə və ya susmaqla razılıq ifadə etmədikdə belə, məsuliyyət daşıya bilər. Əgər susmaqla razılığın olduğu barədə nəticə çıxarılsaydı, beynəlxalq hüququn pozulmasına görə qiyamçı rejimi məsuliyyətə cəlb etmək çətin olardı. Bu cür razılıq həmçinin sözügedən dövlətin qiyamçı rejimlə mübarizədə üçüncü dövlətlərdən dəstək almasını çətinləşdirərdi. Yardım edən dövlətin məsələyə qarışması asanlıqla haqsız müdaxilə hesab edilərdi. Müvafiq olaraq, hətta Məhkəmənin əlində ərazi daxilində qiyamçı rejim tərəfindən hakimiyyətin həyata keçirilməsi ilə bağlı sövdələşmənin və ya razılığın olmadığına, sadəcə hazırkı işdə olduğu kimi dövlətin ondan tələb olunan tam qətiyyətlə hərəkət etmədiyi və mümkün olan səyləri göstərmədiyi aralıq situasiyanın mövcudluğuna dair sübutlar olsa belə, pozitiv öhdəliyin pozulduğu barədə qərar çıxarıla bilər.
4. Hakimiyyətin həyata keçirilməsi məsələsində dövlətlər arasında susmaq vasitəsilə hər hansı saziş və ya razılığın olduğunu istisna etmək Məhkəmənin vəzifəsi deyil. Amma Konvensiyaya əsasən bütün belə hallarda dövlət Konvensiyadakı hüquq və azadlıqlara əməl olunmasının davam etdiriləcəyini təmin etməkdən ibarət pozitiv öhdəlik daşıyır.
Ən önəmli sual ondan ibarətdir ki, Məhkəmə pozitiv öhdəliyin yerinə yetirilməsi üçün hansı tədbirlərə mütləq zərurət olduğunu göstərməlidir? Mənim fikrimcə, qiyamçı hakimiyyətin hərəkətlərinə dövlətin susmaqla razılıq verdiyi barədə nəticə çıxarılmaması üçün dövlət:
a) öz ərazisində hakimiyyətin qanunsuz həyata keçirilməsinə qarşı ikitərəfli və beynəlxalq səviyyələrdə qətiyyətli etirazlarını davam etdirməli;
b) öz ərazisi üzərində nəzarəti yenidən əldə etmək üçün mümkün olan və hüquqi cəhətdən qəbul edilə bilən bütün tədbirləri görməli;
c) iştirakçı dövlətlərdən öz ərazilərində insan hüquqlarının qorunmasını təmin etmək tələb olunduğuna görə qanunsuz rejimə qarşı bütün tədbirlərin görülməsi üçün ikitərəfli və beynəlxalq səviyyələrdə, xüsusən beynəlxalq təşkilatlar vasitəsilə dəstək axtarışlarını davam etdirməli; və
d) hakimiyyətin həyata keçirməsinin aydın şəkildə güzəştə gedilməsi kimi başa düşülə bilən bu cür dəstəyi qiyamçı rejimə verməkdən çəkinməlidir.
Məsələn, qısa müddətdə insan hüquqlarının müdafiəsini təmin etmək üçün iqtisadi blokada kimi daha sərt tədbirlərin səmərəliliyi, yaxud situasiyanı həll etmək üçün iqtisadi, mədəni və digər əməkdaşlığın faydalılığı barədə suallar siyasi qiymətləndirmə və diplomatiya məsələlərinə aiddir və Məhkəmə onlara cavab verməkdən ehtiyatla yayınmağa çalışıb.
5. Kiprdəki situasiyadan fərqli olaraq, Moldovanın konstitusion hakimiyyəti ilə qanunsuz Pridnestrovye rejiminin hakimiyyəti arasında münasibətlər heç vaxt tam kəsilməyib. Məhkəmənin vurğuladığı kimi, Tiraspol aeroportunun idarə olunması ilə, ümumi telefon sistemi ilə bağlı münasibətlər mövcud idi və bir çox səviyyələrdə anlaşma və əməkdaşlıq vardı. Mübahisəli məslə Moldovanın öz ərazisinin bir hissəsində yurisdiksiyasını həyata keçirməkdə davam edib-etməməsindən ibarət olduğuna görə Moldova ilə Pridnestrovye hakimiyyətləri arasında iqtisadi münasibətlərin, siyasi təhlükəsizliyin və digər əməkdaşlığın bütün elementləri hazırkı işdə Moldovanın məsuliyyətini təkzib etməyi çətinləşdirir. Buna görə də bu situasiya yuxarıda adı çəkilən Kipr Türkiyəyə qarşı məhkəmə işindəki situasiyadan daha çox, Assanidze Gürcüstana qarşı məhkəmə işindəki ([Böyük Palatanın qərarı], ərizə N 71503/01, AİHM 2004-II) situasiyaya yaxındır. Acarıstan regionu ilə əlaqədar olan sonuncu işdə Gürcüstanın konstitusion hakimiyyəti bu ərazidə Konvensiya ilə zəmanət verilən hüquqlara əməl olunmasını təmin etməkdə çətinliklərlə qarşılaşmışdı. Hazırkı işdə tam hakimiyyəti və nəzarəti bərpa etməkdən ibarət pozitiv öhdəlik Prinestrovye rejiminin qanunsuz olduğunun və Moldova hakimiyyətinin bütün ölkə ərazisi üzərindəki hüquqlarının davamlı və qətiyyətlə iddia edilməsini tələb edirdi. Bu, dövlətin bütün (istər məhkəmə, istər icra, istərsə də qanunverici) hakimiyyət səlahiyyətlərindən istifadə edilməklə həyata keçirilməli idi. Mən məhkəmə tədbirlərini dəstəkləməyin yalnız simvolik effekt daşıdığını düşünmürəm. Lakin 1997-ci ilin sentyabrından bəri Pridnestrovyedə öz hakimiyyətini müdafiə etmək üçün Moldovanın beynəlxalq səviyyədə cəhdlərinin sayında açıq-aydın azalma baş vermişdi və hətta cənab Sturzanın göstərdiyi geniş əhatəli səylər nəzərə alınsa belə, ərizəçilərin hüquqlarını təmin etmək cəhdlərində birmənalı azalma vardı.
6. Bu cür müxtəlif tədbirlər toplusunu qiymətləndirmək həmişə çətindir, amma sözügedən vaxtda Rusiya Federasiyasının Pridnestrovye üzərində yurisdiksiyaya malik olduğunu və nəzarəti həyata keçirməkdə davam etdiyini qəbul etsək, onda başa düşərik ki, Pridnestrovyedəki qanunsuz situasiyaya və ərizəçilərin qəbuledilməz durumuna son qoyulması cəhdləri çərçivəsində Rusiya Federasiyasına, üçüncü ölkələrə, Birləşmiş Millətlər Təşkilatına və digər beynəlxalq təşkilatlara ünvanlanan formal etirazlar, bəyanatlar və ya digər tədbirlər açıq-aydın çatışmırdı.
HAKİM Ser NİKOLAS BRATSANIN QƏRARLA QİSMƏN ÜST-ÜSTƏ DÜŞMƏYƏN RƏYİ (BU RƏYƏ HAKİMLƏR ROZAKİS, HEDİQAN, TOMASSEN VƏ PANTSİRU DA QOŞULUBLAR)
1. Mən ərizəçilər tərəfindən iddia edilən Konvensiya pozuntuları ilə bağlı Rusiya Federasiyasının məsuliyyət daşıdığı və həmin məsuliyyətin sübuta yetirildiyi barədə Məhkəmədəki çoxluğun gəldiyi nəticə ilə razılaşsam da, çoxluğun belə bir fikrini paylaşa bilmərəm ki, Moldova da eyni ilə məsuliyyət daşıyır.
2. Hər iki cavabdeh dövlətə qarşı qaldırılmış işdə önəmli sual ondan ibarətdir ki, ərizəçiləri Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün “onların yurisdiksiyasında” olan şəxslər hesab etmək olarmı? Əgər belə hesab etmək olarsa, onda baş verdiyi və ya Konvensiya qüvvəyə mindikdən sonra (Moldovanın nümunəsində 12 sentyabr 1997-ci ildən və Rusiyanın nümunəsində 5 may 1998-ci ildən sonra) davam etdiyi sübuta yetirilmiş Konvensiya pozuntularına görə prinsipcə dövlət məsuliyyət daşıyır.
3. Bankoviç və başqaları Belçikaya və digərlərinə qarşı işdə ([Böyük Palatanın qərarı], ərizə N 52207/99, b. 59-61, AİHM 2001-XII) müəyyən edildi ki, Konvensiyanın 1-ci maddəsindəki “yurisdiksiya” anlayışı öz xarakterinə görə mahiyyət etibarı ilə əraziyə aid anlayışdır və yalnız müstəsna hallarda iştirakçı dövlətin ərazisi xaricində törədilən və ya nəticələr doğuran hərəkətlər həmin maddənin məqsədi üçün “yurisdiksiya”nın həyata keçirilməsi sayıla bilər. Əksinə, dövlətin ərazisində olan şəxsin Konvensiyanın məqsədləri üçün onun “yurisdiksiyasında” olduğu barədə ehtimal təkzib edilə bilər və müstəsna hallarda ərazisində Konvensiya pozulmaqla törədilən hərəkətlərə görə dövlət məsuliyyət daşımaya bilər. Bu, Kipr Türkiyəyə qarşı məhkəmə işindən ([Böyük Palatanın qərarı], ərizə N 25781/94, b. 78, AİHM 2001-IV) aydın görünür, həmin işdə müəyyən Məhkəmə “[Kipr Respublikasının] davamlı olaraq Şimali Kiprdə Konvensiya üzrə öhdəliklərini həyata keçirmək iqtidarında olmadığını” və buna görə də ərizəçilərin Türkiyənin yurisdiksiyasında olmadığı barədə qərar çıxarılacağı təqdirdə “insan hüquqlarının müdafiəsi sistemində təəssüfləndirici” vakuumun yaranacağını qeyd etdi.
4. Həll edilməli olan əsas məsələlər bunlardır: 1) bu işdəki hal müstəsna haldırmı, yəni nəzərdən keçirilən bütün müddət ərzində ərizəçilər Rusiya Federasiyasının ərazisi xaricində olsalar da, Rusiya Federasiyasının “yurisdiksiyasında” hesab edilməlidirlərmi; və 2) Moldovanın ərazisində olan ərizəçilər bu dövlətin məsuliyyət daşıması üçün onun “yurisdiksiyasında” hesab edilməlidirlərmi, yaxud müstəsna hal olaraq, onların Moldovanın yurisdiksiyasında olmaları və hələ də qalmaları təkzib edilə bilərmi? Bu iki sual, Məhkəmənin qərarında aydınlıq gətirildiyi kimi, 1991-ci ildən bu günədək mövcud olan və Pridnestrovye regionu ilə bağlı olan faktiki vəziyyətin yaxından təhlili ilə sıx əlaqəyə və asılılığa malikdir.
A. Tətbiq edilə bilən prinsiplər
5. Dövlətin ərazisi xaricində baş verən, Konvensiyanı pozan hərəkətlərə görə onun məsuliyyətə cəlb oluna biləcəyi hallar Məhkəmənin aşağıdakı işlər üzrə qərarlarında araşdırılıb və aydınlaşdırılıb Loizidu Türkiyəyə qarşı (ilkin etirazlar) (23 mart 1995-ci il tarixli qərar, A seriyaları, c. 310), Loizidu Türkiyəyə qarşı (mahiyyət məsələləri) (18 dekabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-VI), Kipr Türkiyəyə qarşı (bu işə yuxarıda istinad edilib); və Bankoviç və başqalarının işi (bu işə yuxarıda istinad edilib). Bu cür məsuliyyət bu işə aidiyyəti olan aşağıdakı hallarda mövcud ola bilər:
1) istər qanuni, istərsə də qanunsuz hərbi aksiyanın nəticəsində dövlət öz milli ərazisi xaricində faktiki nəzarəti həyata keçirdikdə. Belə nəzarət birbaşa, yəni onun öz silahlı qüvvələri vasitəsilə, yaxud dolayısı ilə, yəni tabeçiliyində olan yerli administrasiya vasitəsilə həyata keçirilə bilər (bax: Loizidunun işi (ilkin etirazlar), s. 23-24, b. 62). Dövlət belə ərazi üzərində faktiki nəzarəti həyata keçirdikdə onun məsuliyyəti təkcə öz hərbçilərinin və ya rəsmilərinin hərəkətləri ilə (həmin hərəkətlərə dövlətin yüksək səviyyəli hakimiyyət orqanları tərəfindən icazə verilib-verilməməsi önəmli deyil) məhdudlaşmır, həmin məsuliyyət dövlətin hərbi və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirən yerli administrasiyanın hərəkətləri vasitəsilə də yarana bilər (bax: Kipr Türkiyəyə qarşı, b. 77). Bundan başqa, bu cür faktiki nəzarətin mövcud olduğu müəyyən edildikdə, hətta yerli administrasiyanın siyasətləri və hərəkətləri üzərində hərtərəfli nəzarət həyata keçirilmədikdə belə, dövlətin məsuliyyəti yaranır (bax: Loizidunun işi (mahiyyət məsələləri), s. 2235-2236, b. 56).
2) dövlət hər hansı ərazinin hökumətinin razılığı, dəvəti və ya güzəşti vasitəsilə adətən həmin hökumətin həyata keçirməli olduğu bütün dövlət hakimiyyətini və ya onun bir hissəsini həyata keçirdikdə (bax: Bankoviç və başqalarının işi, b. 71).
6. Aşağıdakı nümunə isə əks hala dair nümunədir: istər digər dövlətin silahlı qüvvələrinin hərbi işğalı ucbatından, istərsə də ərazidə müharibə və ya qiyam aktları ucbatından və ya ərazinin qiyamçı qüvvələr və ya digər dövlət tərəfindən dəstəklənən separatçı administrasiyanın işğalı və ya nəzarəti altında olması səbəbindən ərazisində Konvensiya pozuntuları baş verən, lakin sözügedən ərazidə faktiki nəzarəti həyata keçirməsinə maneçilik törədilən dövlətin məsuliyyəti. Aydındır ki, müvafiq ərazidə yerli administrasiya tərəfindən hakimiyyətin həyata keçirilməsi barədə müvafiq dövlətin yerli administrasiya ilə gizli sövdələşməsi sübuta yetirildikdə fərd dövlətin “yurisdiksiyasında” qalır və dövlətin məsuliyyət daşıma ehtimalı təkzib olunmur. Bundan başqa, hətta dövlət öz ərazisinin bir hissəsində faktiki nəzarəti həyata keçirməsə belə, həmin hissədə törədilmiş Konvensiyaya zidd hərəkətlərə münasibətdə fərd dövlətin “yurisdiksiyasında” sayıla bilər, bu şərtlə ki, onun qulluqçularının və ya nümayəndələrinin sözügedən konkret hərəkətlərdə birbaşa və ya dolayı iştirakı və ya həmin hərəkətlərin törədilməsinə göz yumması sübuta yetirilmiş olsun.
7. Məhkəmədəki çoxluq daha da irəliyə gedərək qərara aldı ki, iştirakçı dövlət de fakto situasiyanın, məsələn, separatçı rejim qurulduqda yaranan vəziyyətin doğurduğu məhdudiyyətlər ucbatından öz hakimiyyətini bütün ərazisi üzərində həyata keçirə bilmirsə (bunun digər dövlətin hərbi işğalı ilə müşayiət olunub-olunmamasından asılı olmayaraq), bununla Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada qiyamçı qüvvələr və ya digər dövlət tərəfindən dəstəklənən yerli hakimiyyətin müvəqqəti tabeçiliyində ərazisi hissəsi üzərində dövlətin yurisdiksiyasına son qoyulmur; bu cür faktiki vəziyyət əslində “həmin yurisdiksiyanı məhdudlaşdırır, belə ki, 1-ci maddə üzrə dövlətin götürdüyü öhdəlik Məhkəmə tərəfindən yalnız iştirakçı dövlətin ərazisindəki şəxslərə münasibətdə həmin dövlətin daşıdığı pozitiv öhdəliklərinin işığında nəzərdən keçirilməlidir” (qərarın 333-cü bəndinə bax). Burada nəzərdə tutulan pozitiv öhdəliyin xarakteri qərarda aşağıda göstərilən müxtəlif formalarda təsvir edilib: “hələ də səlahiyyəti çərçivəsində olan bütün zəruri tədbirləri görmək vəzifəsi” (313-cü bəndə bax); “ərizəçilərin Konvensiya ilə zəmanət verilən hüquqlarını təmin etmək üçün ... səlahiyyəti çərçivəsində olan və beynəlxalq hüquqa uyğun olan diplomatik, iqtisadi, məhkəmə və ya digər tədbirləri görməkdən ibarət pozitiv öhdəlik” (331-ci bəndə bax); və “dövlətin xarici dövlətlərə və beynəlxalq təşkilatlara münasibətdə ixtiyarında olan bütün hüquqi və diplomatik vasitələrlə Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqların həyata keçirilməsini təmin etməkdə davam etməyə çalışmaq” vəzifəsi (333-cü bəndə bax). Çoxluğun rəyinə görə, öhdəliklərinə ən səmərəli şəkildə riayət etmək üçün hakimiyyət orqanları tərəfindən hansı tədbirlərin görülməli olduğunu göstərmək Məhkəmənin vəzifəsi olmasa da, hazırkı işdə o, görülmüş faktiki tədbirlərin münasib və yetərli olduğunu yoxlamalıdır, Məhkəmə qismən və ya tam hərəkətsizliklə qarşılaşdıqda “onun vəzifəsi minimum səylərin nə dərəcədə mümkün olduğunu və belə səylərin nə dərəcədə edildiyini müəyyən etməkdir” (334-cü bəndə bax). Bu məsələnin müəyyən edilməsi xüsusən Konvensiyanın 2-ci və 3-cü maddələri ilə təmin edilən hüquqlar kimi mütləq hüquqların pozulduğuna dair iddialarla bağlı işlərdə zəruridir. Bu prinsipləri hazırkı işə tətbiq edərkən Məhkəmədəki çoxluq bu qənaətə gəldi ki, “ərizəçilər Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Moldova Respublikasının yurisdiksiyasındadırlar, amma onun faktiki hakimiyyəti həyata keçirə bilmədiyi “MPR” ərazisində törədilən, barəsində şikayət edilən hərəkətlərə görə məsuliyyəti onun Konvensiya üzrə pozitiv öhdəliklərinin işığında nəzərdən keçirilməlidir” (335-ci bəndə bax).
8. Mən bu təhlillə razılaşa bilmirəm. İlk növbədə mən belə bir iddianı qəbul etməkdə çətinlik çəkirəm ki, dövlətin ərazisinin bir hissəsində separatçı administrasiya tərəfindən qanunsuz işğal nəticəsində dövlətin hər hansı hakimiyyəti və ya nəzarəti həyata keçirməsinə maneçilik törədilsə də, həmin hissədə olan şəxslər, Konvensiyanın 1-ci maddəsindəki ifadənin avtonom mənasına uyğun olaraq, dövlətin “yurisdiksiyasında” sayıla bilərlər, həmin ifadə dövlətin öz yurisdiksiyasında olan “hər kəs üçün” Konvensiyada nəzərdə tutulmuş “hüquq və azadlıqları təmin etmək” iqtidarında olmasını nəzərdə tutur. Mən Məhkəmədəki çoxluğun bu qənaətini də qəbul etməkdə çətinlik çəkirəm ki, dövlətin ərazisində olanlar bu cür faktiki vəziyyətdə onun “yurisdiksiyasında” qalırlar, amma bu “yurisdiksiyanın” hüdudları məhdudlaşır və dövlət öz ərazisində hər kəsin Konvensiya hüquqları ilə bağlı pozitiv öhdəliklər daşımaqda davam edir. “Dövlətin pozitiv öhdəlikləri” anlayışından istifadə və qərarda Məhkəmənin bu cür öhdəliklərlə bağlı 1-ci maddə üzrə presedent hüququna güvənməsi hazırkı işin kontekstində həm yanlış, həm də faydasızdır. Həmin presedent hüququ (həmin presedentlərdə prioritetlər və resurslarla əlaqədar olaraq cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli balansın gözlənilməsi də qeyd edilir) cavabdeh dövlətin öz ərazisinin bütün hissələri üzərində tam və faktiki nəzarəti həyata keçirməsi kontekstində formalaşıb, həmin ərazidə fərdlər, şübhəsiz ki, Konvensiya məqsədləri üçün sözügedən dövlətin “yuisdiksiyasındadırlar”. Mənim fikrimcə, Məhkəmənin bu mülahizəsi tamamilə fərqli kontekstdə, yəni dövlətin onun nəzarəti xaricində olan hallar ucbatından ərazidə hakimiyyətini həyata keçirə bilmədiyi kontekstdə və ərazisindəki fərdlərin Konvensiya məqsədləri üçün həmin dövlətin “yurisdiksiyasında” sayılıb-sayılmaması məsələsinin kontekstində asanlıqla qəbul edilə bilməz.
Mən bunu qəbul edə bilmirəm ki, bu cür situasiyada dövlətin ərazisində fərdlərin Konvensiya hüquqlarının pozulmasına görə həmin dövlət sadəcə olaraq həmin hüquqları təmin etməkdən ötrü hüquqi və ya diplomatik cəhətdən yetərli səylər göstərmədiyinə görə məsuliyyət daşıya bilər. Hazırkı işdəki konkret kontekstdə dövlətin faktiki nəzarətindən kənar olan ərazisi daxilində hüquqa zidd olaraq həbsə alınmış şəxslərin həbsdə saxlanılmasına görə dövlətin məsuliyyəti, mənim fikrimcə, Məhkəmənin rəyindən fərqli olaraq, hər hansı konkret vaxtda həmin dövlətin onların azad edilməsi üçün yetərincə ardıcıl səylər göstərib-göstərməməsindən asılı ola bilməz. Eləcə də mən Konvensiyanın Məhkəmə tərəfindən aşağıdakıların qiymətləndirilməsini tələb edən formada şərhini qəbul edə bilmərəm: mürəkkəb və dəyişkən beynəlxalq situasiyada ərazidə konstitusion qaydanı bərpa etmək üçün konkret hüquqi və ya diplomatik tədbirlər səmərəli ola bilərdimi; bu tədbirlər praktiki cəhətdən mümkün idimi və müvafiq dövlət tərəfindən adekvat qaydada həyata keçirilmişdimi?
9. Mən razılaşa bilərəm ki, dövlətin öz sərhədləri daxilindəki ərazi üzərində hər hansı hakimiyyəti və ya nəzarəti həyata keçirməsinə maneçilik törədildikdə, onun hərəkətsizliyi ərazisində olan şəxslərə münasibətdə həmin dövlətin Konvensiya üzrə məsuliyyətinə səbəb ola bilər. Lakin belə məsuliyyət, mənim fikrimcə, yalnız müstəsna hallarda yarana bilər, bunlar o hallardır ki, Məhkəmənin əlində olan sübutlar müvafiq dövlətin öz ərazisində hakimiyyətini və ya konstitusion qaydanı bərpa etmək üçün hərəkət etmədiyini və ya buna səy göstərmədiyini açıq-aydın nümayiş etdirir və bu, müvafiq ərazidə qanunsuz administrasiya tərəfindən hakimiyyətin və ya “yurisdiksiyanın” həyata keçirilməsinin davam etməsinə susmaqla razılıq verməyə bərabərdir.
B. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
1. Rusiya Federasiyası
10. Yuxarıdakı prinsipləri hazırkı işin faktlarına tətbiq edərkən mən Məhkəmənin çoxluğunun öz qərarını bu cür əsaslandırması ilə tam razıyam ki, nəzərdən keçirilən bütün vaxt ərzində ərizəçilər Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Rusiya Federasiyasının “yurisdiksiyasında” idilər və ərizəçilərdən üçünün timsalında hələ də onun “yurisdiksiyasında” qalmaqda davam edirlər və müvafiq olaraq, o, Məhkəmə tərəfindən aşkar edilmiş Konvensiya pozuntularına görə məsuliyyət daşıya bilər. Konkret olaraq, mən Məhkəmənin əlindəki ifadələrin əsasında aşağıdakı faktları sübut olunmuş hesab edirəm:
1) 1991-1992-ci illərdə münaqişə zamanı 14-cü ordunun (1 aprel 1992-ci ildən sonra Rusiya Əməliyyat Qrupunun – RƏQ-in) Pridnestrovyedə yerləşən qüvvələri bu ərazidə separatçı qüvvələrlə birlikdə və onların maraqları naminə vuruşublar və çoxlu sayda silahları könüllü surətdə onlara ötürüblər, yaxud onların həmin silahları müsadirə etməsinə imkan veriblər.
2) Münaqişə müddətində Rusiya Federasiyasının rəhbərləri Pridnestrovye separatçılarına həmçinin öz ictimai bəyanatları vasitəsilə siyasi dəstək veriblər.
3) Ərizəçilər 1992-ci ilin iyununda 14-cü ordunun/RƏQ-in hərbçilərinin birbaşa iştirakı ilə həbsə alınıblar, həbsdə onlar qəddar rəftara məruz qalıblar; sonradan ordunun rəhbərliyi ərizəçilərin hansı hüquq pozuntularında şübhəli bilindiyini və onların qanunsuz və konstitusiyaya zidd rejimə təhvil verilməsinin mümkün nəticələrini bilə-bilə onları separatçı hakimiyyətin polisinin ixtiyarına verib.
4) 21 iyul 1992-ci il tarixli atəşkəs sazişindən sonra Rusiya Federasiyası sözügedən ərazidəki separatçı rejimə hərbi, siyasi və iqtisadi dəstək verməkdə davam edib və bununla da onun öz mövcudluğunu davam etdirməsini təmin edib.
5) Konvensiya ratifikasiya edildikdən sonrakı dövrdə Rusiya Federasiyası qoşunların çıxarılması barədə sazişi pozaraq Moldova ərazisində öz qoşunlarını saxlamaqda davam etməklə, habelə yaradılmasına kömək etdiyi qanunsuz Pridnestrovye rejiminə iqtisadi, maliyyə və siyasi dəstəyini davam etdirməklə rejimin öz mövcudluğunu davam etdirməsinə və ərazi üzərində hakimiyyəti və nəzarəti həyata keçirməsinə imkan yaratmaqda davam edib.
2. Moldova
11. İlk öncə qeyd etmək istərdim ki, son dövrlərdə Məhkəmə tərəfindən araşdırılmış Assanidze Gürcüstana qarşı işdəki ([Böyük Palatanın qərarı], ərizə N 71503/01, AİHM 2004-II) situasiyadan fərqli olaraq, hazırkı işdə Moldova təkcə “ərazilərinin bütün hissələrində Konvensiyanın təminat verdiyi hüquqların təmin edilməsində çətinliklərlə” (bax: Assanidzenin işi üzrə qərar, b. 146) qarşılaşmayıb. Hazırkı işdə qeyd edildiyi kimi (330-cu bəndə bax), hamı razılaşır ki, münaqişənin başladığı 1991-ci ildən bu günədək ərazinin qanunsuz separatçı rejim tərəfindən işğalı nəticəsində Moldovanın Pridnestrovye ərazisində hakimiyyəti və ya nəzarəti həyata keçirməsinə maneçilik törədilib və törədilməkdə davam edir. Bundan başqa, Məhkəmədəki çoxluq qərarda təsdiq edir ki, 1991-ci ildən Konvensiyanın 1997-ci ilin sentyabrında Moldova tərəfindən ratifikasiya edildiyi tarixə qədərki dövrdə Moldova nəinki barəsində ərizəçilərin şikayət etdiyi Konvensiyanı pozan hərəkətlərə görə məsuliyyət daşımırdı, həm də Moldova onun tərəfindən ərizəçilərin hüquqlarını təmin etmək və ya ərazi üzərində öz nəzarətini bərpa etmək üçün heç bir hərəkətin və ya cəhdin olmamasına görə tənqid edilə bilməzdi. Bu, mənim fikrimcə, tamamilə doğrudur.
Hərbi əməliyyatlar aparıldığı zaman say, silahlanma və döyüş qabiliyyəti cəhətdən öz qüvvələrindən üstün olan qüvvələrlə qarşılaşan Moldovanın konstitusion hakimiyyəti Pridnestrovye ərazisi üzərində nəzarəti bərpa etmək iqtidarında deyildi. Bundan başqa, qərarda qeyd edildiyi kimi, hərbi əməliyyatların başlanğıcında Moldova hakimiyyəti təkcə separatçıların birtərəfli qaydada qəbul edilmiş müstəqillik bəyannaməsini rədd etmədi, həm də Moldovaya qarşı təcavüzdən aşıq şəkildə şikayət edərək beynəlxalq dəstək üçün müraciət etdi. Rusiya Federasiyası tərəfindən hərbi, siyasi və iqtisadi cəhətdən dəstəklənən rejimlə üzləşmiş Moldova hakimiyyəti hətta hərbi əməliyyatlar qurtardıqdan sonra da ərazidə konstitusiya qaydalarını bərpa etmək üçün praktiki imkana malik deyildi. Həmin hakimiyyətin qanunsuz separatçı administrasiya tərəfindən ərazi üzərində nəzarətin həyata keçirilməsi məsələsində hər hansı güzəştə getdiyini düşünmək üçün heç bir əsas yoxdur; əksinə, sübutlardan və qərarda qeyd edilənlərdən göründüyü kimi, həmin hakimiyyət bu rejimi ittiham etməkdə və istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda ərazi üzərində suverenliyini müdafiə etməkdə davam edib. Belə ki, məsələn, 1994-cü ildə Moldova yeni Konstitusiya qəbul etdi, orada Pridnestrovyeyə müəyyən muxtariyyət dərəcəsi verilməsinin mümkünlüyü də nəzərdə tutulurdu; elə həmin il Rusiya qoşunlarının ərazidən üç il müddətində tam çıxarılması üçün Moldova Rusiya Federasiyası ilə saziş imzaladı.
12. Ərizəçilərin hər birinin vəziyyətinə gəldikdə, onların tutulması, həbsdə saxlanılması və onlara qarşı rəftar nəinki heç bir vəchlə Moldova hakimiyyətinin ayağına yazıla bilməzdi, həm də, qərarda vurğulandığı kimi, barəsində şikayət edilmiş Konvensiyanı pozan hərəkətlərlə bağlı həmin hakimiyyətin hər hansı sövdələşməyə getdiyini və ya razılığa gəldiyini düşünmək üçün heç bir əsas yox idi. Əksinə, sübutlar göstərir ki, dövlətin icra və məhkəmə hakimiyyətləri konkret olaraq ərizəçilər barəsindəki ittiham hökmlərini ləğv etməklə, onlar barəsindəki cinayət təqibinə və ittiham hökmünə görə məsuliyyət daşıyanlara qarşı cinayət prosesinə başlamaqla, eləcə də həm separatçıların rəhbərləri ilə, həm də Rusiya Federasiyası hakimiyyəti ilə müzakirələrdə ərizəçilərin azad edilməsi məsələsini mütəmadi olaraq qaldırmaqla baş verənlərin qanunsuzluğunu vurğulamaq və ərizəçilərin azad olunmasını təmin etmək üçün bir sıra addımlar atıblar.
13. 12 sentyabr 1997-ci ildə saxlanılmaq üçün təqdim edilmiş Konvensiyanın ratifikasiya olunduğu sənəddə Moldova tərəfindən verilmiş bəyanatda deyilirdi ki, Moldova “özünü dövlət elan etmiş Pridnestrovye Respublikasının orqanları tərəfindən edilən hərəkətlərlə və ya hərəkətsizliklə əlaqədar olaraq, regiondakı münaqişə tam həll olunana qədər həmin orqanlar tərəfindən faktiki nəzarət edilən ərazilərdə Konvensiya müddəalarına riayət edilməsinə zəmanət verə bilməyəcək”. Şikayət ərizəsinin qəbul edilənliyinə dair qərarında Məhkəmə bu bəyanatın Konvensiyanın 57-ci maddəsinin məqsədləri üçün etibarlı qeyd-şərt olmadığını bildirsə də, həmin bəyanatın ratifikasiya tarixindəki faktiki vəziyyətə dəqiq ifadə edən bəyanat olduğuna şübhə etmək üçün heç bir əsas yoxdur.
14. Məhkəmədəki çoxluq bu qənaətə gəldi ki, Moldova hakimiyyəti yalnız 1997-ci ilin sentyabrından sonrakı dövrlə bağlı tənqid edilə bilər. Moldovanın Pridnestrovye ərazisi üzərində nəzarəti həyata keçirmədiyi etiraf edildiyinə görə hesab edilir ki, barəsində şikayət edilən Konvensiya pozuntularına görə bu dövlət birbaşa məsuliyyət daşımır; daha doğrusu, çoxluq qərara aldı ki, bu cür pozuntular üçün Moldova ona görə məsuliyyət daşıyır ki, ərizəçilərin Konvensiya hüquqlarını təmin etmək üçün yetərli, səmərəli və münasib tədbirlər görməkdən ibarət pozitiv öhdəliklərini yerinə yetirməyib. Lakin çoxluğu təşkil edən hakimlər Moldovanın bu cür öhdəliklərini yerinə yetirmədiyinin müvafiq başlanğıc tarixi məsələsində və Moldovanın Konvensiyanı pozan hərəkətlərə görə müəyyən edilmiş məsuliyyəti məsələsində iki qrupa bölündülər. Rəyləri hakim Kasadevallın qərarla qismən üst0üstə düşməyən tərində əks olunmuş bir qrup (“birinci qrup”) hesab edir ki, Moldova pozitiv öhdəliklərini 1997-ci ilin sentyabrında Konvensiya qüvvəyə mindiyi tarixdən yerinə yetirməyib və müvafiq olaraq, Moldovanın Konvensiya pozuntularına görə məsuliyyəti həmin tarixdən sonra yaranıb; rəyləri qərarın özündə əks olunmuş digər qrup (“ikinci qrup”) hesab edir ki, öhdəliklərin yerinə yetirilməməsi yalnız 2001-ci ilin mayından sonra baş verib və Moldova həmin tarixədək baş vermiş pozuntulara, o cümlədən həmin ay həbsdən azad edilmiş cənab İlaşkunun şikayət etdiyi pozuntulara görə məsuliyyət daşımır. Hər iki qrupun gətirdiyi əsasları nəzər salmaq lazımdır və mən öncə Moldovanın daha geniş məsuliyyətinin lehinə olan rəyi nəzərdən keçirirəm.
a) 1997-ci ilin sentyabrından başlayan məsuliyyət
15. Moldovanın öz pozitiv öhdəliklərini Konvensiyanın qüvvəyə mindiyi tarixdən pozduğu barədə birinci qrupun rəyi, görünür, üç əsas amilə əsaslanır:
a) Pridnestrovye üzərində nəzarətə nail olmaq üçün Moldovanın səylərində iddia edilən azalma və həmin səylərin diplomatik fəaliyyətlə məhdudlaşması;
b) Moldova və Pridnestrovye hakimiyyətləri arasında inzibati, iqtisadi, siyasi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı; və
c) ərizəçilərin hüquqlarını təmin etmək üçün Moldovanın gördüyü tədbirlərin və etdiyi cəhdlərin azalması.
Bu amillərin hər birinə növbə ilə nəzər salmaq daha rahat olar, zənnimcə, onların heç biri, nə ayrılıqda, nə də birlikdə, dövlət olaraq Moldovanın məsuliyyətinin müəyyən edilməsinə haqq qazandırmır.
16. Yuxarıda qeyd edilən amillərdən birincisinə gəldikdə, bu bir həqiqətdir ki, Moldovada Pridnestrovye ərazisi üzərində Moldovanın hakimiyyətini müdafiə etmək məqsədi daşıyan məhkəmə tədbirlərində azalma müşahidə edilirdi. Konkret olaraq görünür ki, ərizəçilərə qarşı iddia edilən hüquq pozuntularına dair istintaqın aparılması barədə Ali Məhkəmənin qərarı yerinə yetirilmədi və Hlinaya həbsxanasının rəisinə qarşı 16 avqust 2000-ci ildə başlanmış cinayət istintaqı icra olunmadı. Bundan əlavə, elə həmin tarixdə ərizəçilər barəsindəki cinayət təqibində və ittiham hökmünün çıxarılmasında iştirak etmiş şəxslərlə bağlı istintaqın başlanması barədə 28 dekabr 1993-cü il tarixli qərar etibarsız elan edildi.
17. Mən ərazidəki qanunsuz rejimə son qoymaq və ya onu sarsıtmaq baxımından illər ərzində səmərəliliyi sübuta yetirilməyən və yəqin ki, nəticələri ən uzağı simvolik xarakter daşıyacaq bu tədbirlərin həyata keçirilməməsinə böyük əhəmiyyət vermirəm. Birinci qrup tərəfindən belə bir fakt xüsusi vurğulandı ki, ərizəçilərin barəsindəki cinayət təqibinə və onların məhkum edilməsinə görə məsuliyyət daşıyanlara qarşı ittihamları yenidən tövsif etməklə Moldova hakimiyyəti prosesin zaman baxımından müəyyən müddətlə məhdudlaşdığını və şübhəli şəxslərin araşdırmalarda hakimiyyət orqanlarına yardım göstərməkdən imtina etdiklərini əsas gətirərək istintaqı həyata keçirmədi. Birinci qrupun rəyində qeyd edildiyi kimi, hüquq pozuntusunu yenidən tövsif etmək üçün hakimiyyət orqanlarının yeddi il gözlədikdən sonra aparmaq istədikləri cinayət istintaqının ciddiliyi ilə bağlı şübhə ifadə edilə bilsə də, hüquq pozuntusunu yenidən tövsif etmək barədə və ya daxili qanunvericiliyə əsasən ittihamların müəyyən müddətlə məhdudlaşdığı barədə qərarın xoş məramla və haqq qazandırıla bilən hüquqi əsaslara söykənməklə qəbul edilmədiyini göstərən heç bir sübut yoxdur. Bundan başqa, məhkəmə orqanlarının tutduğu mövqe, mənim fikrimcə, belə bir iddianı əsla təsdiq etmir ki, Moldova hakimiyyəti ərazi üzərində nəzarətini yenidən bərqərar etmək üçün bütün səylərdən imtina edib.
18. Qərarda etiraf edildiyi kimi, önəmli olan budur ki, 1998-ci ildə və ondan sonra Moldova hakimiyyətinin səyləri regiondakı vəziyyətin tam nizamlanmasına və Pridnestrovye ərazisində konstitusion qaydanın bərpasına nail olmaq məqsədi daşıyan diplomatik fəaliyyətə daha çox yönəlmişdi. Konkret olaraq, 1998-ci ilin martında Moldova hakimiyyəti, Rusiya Federasiyası, Ukrayna və Pridnestrovye regionu Pridnestrovye münaqişəsini nizamlamaq üçün bir sıra sənədlər imzaladılar (qərarın 97-ci bəndinə bax); eyni məqsədlə Moldova nümayəndələri ilə separatçı rejimin təmsilçiləri arasında çoxsaylı görüşlər keçirildi və danışıqlar aparıldı (qərarın 103-104-cü və 171-ci bəndlərinə bax); və 202-ci ildən bu günədək situasiyanın həlli üçün Moldova və Rusiyanın hakimiyyətləri və ATƏT arasında bir sıra təkliflər irəli sürüldü və müzakirə olundu (qərarın 106-109-cu bəndlərinə bax). Mən Moldova Hökuməti tərəfindən iddia edilən və cənab Sturzanın (bax: Əlavə, b. 309-313) və cənab Sidorovun (bax: Əlavə, b. 446) ifadələri ilə təsdiqlənən belə bir fikri şübhə altına almaq üçün heç bir əsas görmürəm ki, strategiyada diplomatik yanaşmalara doğru edilən dəyişiklik Pridnestrovye ərazisini Moldovanın hüquq sisteminə qaytarmaq üçün zəmin hazırlanması və bununla da həmin ərazidə yaşayanların, o cümlədən ərizəçilərin konstitusion hüquqlarının bərpa olunması məqsədini daşıyırdı. Mən Moldova hakimiyyətinin münaqişənin tam həlli üçün danışıqlar aparmağa səy göstərməsində və bu səyləri davam etdirməsində separatçı rejimə dəstək verməyin və ya həmin ərazidə onun qanunsuz olaraq hakimiyyətini davam etdirməsi ilə barışmağın heç bir əlamətini görmürəm.
19. Hesab edirəm ki, separatçı hakimiyyətlə əməkdaşlıq tədbirlərinə güvənmə məsələsinə də eyni prizmadan yanaşmaq lazımdır. Birinci qrupun rəyində iqtisadi əməkdaşlıq haqqında sazişlərə, Moldova parlamenti ilə “MPR parlamenti” deyilən qurum arasında münasibətlərin qurulmasına, polis və təhlükəsizlik məsələlərində əməkdaşlığa və digər sahələrdə, məsələn, hava nəqliyyatına nəzarət, telefon rabitəsi və idman sahələrində əməkdaşlıq formalarına xüsusi diqqət yetirilir. Moldova Hökuməti izah etdi ki, bu əməkdaşlıq tədbirləri Pridnestrovyedə yaşayanların gündəlik həyatlarını yaxşılaşdırmağın qayğısına qalmaq və onların mümkün qədər normal həyat tərzi sürmələrinə imkan yaratmaq məqsədi ilə görülüb. Bunun əsas məqsəd olduğuna (birinci qrupun rəyində bu məqsəd təqdirəlayiq hesab edilib) şübhə etmək üçün heç bir inandırıcı əsas irəli sürülmədi və onların təbiətini və məhdud xarakterini nəzərə alsaq, bu tədbirlərə, mənim fikrimcə, Pridnestrovye rejiminə hər hansı dəstək verən tədbirlər kimi baxmaq olmaz. Əksinə, onlar Moldovanın özünün bütün ərazisi üzərində nəzarəti bərpa etmək istəyinin təsdiqidir.
20. Birinci qrup belə bir faktı tənqid edir ki, ərazisində yaşayanların həyat şəraitini yaxşılaşdırmaq üçün addımlar atarkən Moldova hakimiyyəti ərizəçilərin taleyinə münasibətdə eyni əzmkarlığı nümayiş etdirməyib. Öz ərazi bütövlüyü kimi önəmli məsələni həll etmək üçün Moldova tərəfindən qəbul edilmiş siyasi strategiyanın münasibliyini və ya səmərəliliyini qiymətləndirməyin Məhkəmənin işi olmadığını iddia etsə də, birinci qrup daha sonra qeyd edir ki, Moldova hakimiyyəti “formal olaraq onun yurisdiksiyasında olan şəxslərin və müvafiq olaraq Moldovanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində olan bütün şəxslərin Konvensiya ilə təsbit olunan hüquqlarını təmin etmək üçün ... səlahiyyəti çərçivəsində olan və beynəlxalq hüquqa uyğun olan siyasi, diplomatik, iqtisadi, məhkəmə və ya digər tədbirləri görməkdən ibarət” öhdəlik daşımaqda davam edir. Lakin Pridnestrovye ərazisində yaşayanların Konvensiya məqsədləri üçün Moldovanın “yurisdiksiyasında” hesab edilməli olması barədə mülahizə ilə mənim razılaşmamağım bir yana qalsın, bu tənqidlərdə, mənim fikrimcə, bu siyasi strategiyanın separatçı ərazidə konstitusion qaydanı bərpa etmək məqsədi daşıması və daşımaqda davam etməsi nəzərdən qaçırılır, bu isə ərizəçilərin özləri də daxil olmaqla ərazidəkilərin hamısı üçün Konvensiya hüquqlarının təmin edilməsinin zəruri ilkin şərti olaraq qalır.
21. 1997-ci ildən bəri Moldova hakimiyyəti tərəfindən konkret olaraq ərizəçilərin Konvensiya hüquqlarının təmin olunmasına yönələn səylərin göstərilmədiyi barədə iddia birinci qrupun istinad etdiyi əsas amillərdən üçüncüsüdür. Onlar şikayətlənirlər ki, ratifikasiya tarixindən sonra ərizəçilərin hüquqlarını təmin etmək üçün səylər “ərizəçilərin düşdüyü ciddi situasiyada tələb olunan qətiyyət, əzmkarlıq və inamla həyata keçirilmirdi”. Onlar deyirlər ki, həmin tarixdən bəri ərizəçilərin hüquqlarını təmin etmək üçün Moldova tərəfindən görülmüş tədbirlər həbsxanada onları müayinə etmək üçün Pridnestrovyeyə həkimlərin göndərilməsi ilə, onların ailələrinə maliyyə yardımının göstərilməsi ilə və onların azad edilməsini təmin etmək üçün cənab Struza vasitəsilə məsələyə müdaxilə etməklə məhdudlaşıb.
22. Hesab edirəm ki, bu tənqidi başa düşmək çətindir, ona görə ki, o, 1997-ci ildən 2001-ci ilədək olan dövrə aiddir. Cənab Moşanu ifadəsində bildirdi ki, ərizəçilərin məsələləri ATƏT-in toplantılarında, xarici dövlətlər görüşlərdə və Parlamentlərarası Birliyin iclasında (bax: Əlavə, b. 249) qaldırılıb. Ədliyyə naziri və Pridnestrovye ilə Danışıqlar Komitəsinin sədri cənab Sturzanın şübhə altına alınmayan ifadəsində deyilir ki, o, 1997-ci ildən sonra ərizəçilərin azad edilməsi məsələsini separatçı hakimiyyət qarşısında qaldırmaqda davam edib. Məhz həmin danışıqlardan sonra cənab Sturza vədlərə aldanıb dörd ərizəçinin azad ediləcəyinə inanaraq onları geriyə – Kişinyova qaytarmaq üçün 2001-ci ilin aprelində Pridnestrovyeyə gedib (bax: Əlavə, b. 312) və Məhkəmənin əlində olan sübutlara əsasən, ən azı qismən həmin danışıqların nəticəsində cənab İlaşku həqiqətən növbəti ayda azad edilib. Moldova hakimiyyətinin həmin vaxt digər üç ərizəçinin də azad olunmasını təmin edəcəyinə hələ də ümid etməsi faktını nəzərə alaraq, mən, birinci qrupdan fərqli olaraq, mən buna heç də təəccüblənmirəm ki, İlaşkunu təhvil verməyə gətirən cənab Şevtsovun “rejimin xidmətində göstərdiyi fəaliyyətlərə görə real olaraq məsuliyyətə cəlb olunmaqdan çəkinmədən” Moldova ərazisinə daxil olmasına icazə verilib.
23. Buna görə də mən çoxluğu təşkil edən hakimlərin ikinci qrupunun belə bir rəyi ilə razıyam ki, Konvensiyanın 2001-ci ilin mayınadək müəyyən edilmiş hər hansı pozuntularına görə Moldova məsuliyyət daşımır. İndi belə bir sual qalır ki, Moldova həmin tarixdən sonra görə məsuliyyət daşıyırdımı?
b) 2001-ci ilin mayından sonrakı məsuliyyət
24. 2001-ci ilin mayından sonra Moldovanın məsuliyyət daşıdığı barədə ikinci qrupun rəyi Pridnestrovyedə Moldova hakimiyyətini müdafiə etmək məqsədi daşıyan məhkəmə tədbirlərinin sayının azalmasına əsaslanmırdı; əksinə, ikinci qrupun sözlərinə görə, 2001-ci və 2002-ci illərdə Moldovanın sınaqdan keçirdiyi bir neçə tədbirlərin qarşısının “MPR”in təzyiqləri vasitəsilə alındığı nəzərə alınarsa, Moldova tərəfindən region üzərində yurisdiksiyasını həyata keçirmək üçün səylərin azalması Moldovanın nəzarətini bərpa etməkdən imtina etməsi demək deyildi (qərarın 344-cü bəndinə bax). Əvəzində ikinci qrupun rəyi mahiyyət etibarı ilə belə bir iddiaya əsaslanırdı ki, cənab İlaşkunun azad edilməsindən bəri ərizəçilərin Konvensiya hüquqlarının davamlı olaraq pozulmasına son qoymaq üçün Moldova hakimiyyəti tərəfindən səmərəli tədbirlər görüldüyünə dair sübut yoxdur. Onların dediyinə görə, ən azından “MPR” rejimi ilə əlaqələri zamanı Moldova hakimiyyəti tərəfindən ərizəçilərin vəziyyəti barədə məsələnin mütəmadi olaraq qaldırılmaqda davam etdiyinə dair cənab Sturzanın ifadəsindən savayı “Məhkəmə Moldova hakimiyyətinin ərizəçilərin məsələsində lazımi səy göstərdiyi barədə nəticə çıxarmağa əsas verə bilən hər hansı informasiyaya malik deyil” (qərarın 348-ci bəndinə bax).
25. Bu bir həqiqətdir ki, 2001-ci ilin mayından sonra Pridnestrovye administrasiyası ilə Rusiya Federasiyası təmsilçilərinin danışıqları, görünür, həbsdə saxlanılan ərizəçilərin konkret situasiyasından daha çox, münaqişənin ümumi həllinə yönəlmişdi. Bundan başqa, cənab Sturzanın ifadəsinə görə, həmin tarixdən sonra cənab Smirnov qalan ərizəçilərin məsələsinin müzakirəsi üçün hər hansı sonrakı görüşlərdən imtina etmişdi (bax: Əlavə: b. 313). Lakin eyni şahidin uzlaşan ifadəsinə əsasən, danışıqlara təkcə əvvəlki on ildə Pridnestrovye hakimiyyəti tərəfindən təyin olunmuş cinayət hökmləri ilə nə etmək məsələsi daxil deyildi, həm də qərarda etiraf edildiyi kimi, cənab Sturza Pridnestrovye üzrə Danışıqlar Komitəsindəki tiraspollu həmkarı ilə söhbətlərində üç ərizəçinin azad edilməsi məsələsini mütəmadi qaldırmışdı (bax: Əlavə: b. 309).
26. Bu səylərin göstərildiyi etiraf edilsə də, qərarda belə bir fakta istinad edilib ki, ərizəçilərin situasiyası ilə bağlı məsələ yalnız şifahi qaldırılıb və situasiyanın nizamlanmasına yönələn, Pridnestrovye münaqişəsinin həlli üzrə hər hansı ümumi plan barədə Məhkəməyə məlumat verilməyib (348-ci bəndə bax). Həmçinin qərarda bildirildi ki, qalan ərizəçilərin azad edilməsinə nail olmaq üçün Rusiya hakimiyyətinə münasibətdə Moldova hakimiyyətinin hər hansı yanaşması barədə Məhkəmənin əlində heç bir sübut yoxdur (349-cu bəndə bax). Hər iki məsələ doğru olsa da, mən qətiyyən əmin deyiləm ki, bu cür materialın olmaması Moldovanın ərizəçilərin Konvensiya hüquqlarını təmin etmək üçün yetərli, səmərəli və münasib tədbirlər görmədiyi barədə çoxluğun rəyini təsdiq edir. Xüsusən də qəbul edə bilmirəm ki, Məhkəmənin qarşısındakı sübutlar ərizəçilərin üçünün həbsdə saxlanılmaqda davam etməsi məsələsində Moldova hakimiyyəti tərəfindən hər hansı güzəştə gedildiyini təsdiqləyir.
27. Bu səbəblərə görə mən belə qənaətə gəldim ki, ərizəçilər sözügedən vaxtda Konvensiyanın 1-ci bəndinin məqsədləri üçün Moldovanın “yurisdiksiyasında” olmayıblar, Moldova həmin maddə əsasında ərizəçilərə münasibətdə hər hansı öhdəliyini yerinə yetirmək vəzifəsini pozmayıb və müvafiq olaraq, istər 2001-ci ilin mayına qədər, istərsə də ondan sonra Moldova ərizəçilərin şikayət etdiyi Konvensiya pozuntuları ilə bağlı məsuliyyət daşımır.
28. Buradan belə nəticə çıxır ki, mən təkcə ərizəçilərin hər hansı Konvensiya hüquqlarının pozulduğu barədə qərarın əleyhinə səs vermədim, həm də Moldovanın ərizəçilərə əvəzin ədalətli ödənilməsi qismində kompensasiya məbləğləri ödəməsi barədə qərarın əleyhinə çıxdım. Mən qərarın nəticə hissəsinin qalan bütün bəndləri ilə bağlı çoxluqla eyni cür səs verdim (Moldovanın Konvensiyanın 34-cü maddəsi üzrə öhdəliklərini yerinə yetirmədiyi barədə çıxarılmış nəticə də daxil olmaqla), yalnız qərarın 21 (c) bəndi, yəni Rusiya Federasiyasının 34-cü maddə üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı mənəvi ziyana görə kompensasiyanın təyin edilməsi istisna təşkil edir. Mənim fikrimcə, hətta bu öhdəliyin yerinə yetirilməməsi Konvensiyanın 41-ci maddəsinin məqsədlərindən ötrü ədalətli kompensasiya təyin edilməsi üçün “Konvensiyanın pozuntusu” sayıla bilsə də (hərçənd, mənim buna şübhəm var), mən hazırkı işdə bu cür kompensasiyanın təyin edilməsini məqsədəuyğun saymıram.
HAKİM LUKAİDESİN QƏRARLA QİSMƏN ÜST-ÜSTƏ DÜŞMƏYƏN RƏYİ
Mən öncə hazırkı iş üzrə qərarın 310, 314 və 319-cu bəndlərində öz əksini tapan, Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada “yurisdiksiya” anlayışı ilə bağlı Assanidze Gürcüstana qarşı iş üzrə qərarda ([Böyük Palatanın qərarı], ərizə N 71503/01, AİHM 2004-II) ifadə etdiyim rəyi təkrar etmək istərdim.
“Mənim fikrimcə “yurisdiksiya” faktiki hakimiyyəti bildirir, yəni istər Yüksək Müqavilə Tərəfinin ərazisində, istərsə də həmin ərazidən kənarda dövlətin hər hansı şəxsə öz iradəsini tətbiq etmək imkanını bildirir. Buna görə də Yüksək Müqavilə Tərəfi Konvensiyaya əsasən dünyanın istənilən hissəsində həmin Tərəfin hakimiyyətini həyata keçirməsinin birbaşa təsirinə məruz qalan hər kəsə görə cavabdehlik daşıyır. Bu cür hakimiyyət müxtəlif formalar ala və qanuni və ya qanunsuz ola bilər. Adətən belə forma Yüksək Müqavilə Tərəfinin öz ərazisində hökumətin hakimiyyətidir, lakin o, həm də digər əraziyə ümumi nəzarəti əhatə edən (hətta bu cür nəzarət qanunsuz olsa belə) hakimiyyət formasına (bax: Loizidu Türkiyəyə qarşı (ilkin etirazlar), 23 mart 1995-ci il tarixli qərar, A seriyaları, c. 310), xüsusən də işğal olunmuş ərazilərə (bax: Kipr Türkiyəyə qarşı, [Böyük Palatanın qərarı], ərizə N 25781/94, AİHM 2001-IV) şamil oluna bilər. O, həmçinin hökumətin digər dövlətə siyasi, maliyyə, hərbi və ya digər əhəmiyyətli dəstəyi vasitəsilə orada dominantlıqdan və ya real təsirdən ibarət hakimiyyət formasına da şamil oluna bilər. Mənim fikrimcə, o, həm də dünyanın hər hansı hissəsində müvafiq Yüksək Müqavilə Tərəfinin həyata keçirdiyi istənilən növ hərbi və ya digər dövlət aksiyası formasını ala bilər (əks qərarla bağlı bax: Bankoviç və başqaları Belçika və başqalarına qarşı (qərardad), [Böyük Palatanın qərarı], ərizə N 52207/99, AİHM 2001- XII, həmin işə bu qərarda istinad edilib).
Burada yoxlama (test) həmişə ondan ibarət olmalıdır ki, konkret hərəkətə münasibətdə Konvensiya iştirakçısı olan Yüksək Müqavilə Tərəfinin “yurisdiksiyasında” olduğunu iddia edən şəxs sözügedən hərəkətin müvafiq dövlətin öz hakimiyyətini həyata keçirməsinin nəticəsi olduğunu sübut edə bilirmi? Dövlət hakimiyyətinin həyata keçirilməsinin nəticəsi olan hərəkətlərə görə Yüksək Müqavilə Tərəfinin məsuliyyətini istisna edən hər hansı digər şərh belə bir absurd mülahizəyə səbəb olardı ki, Konvensiya yalnız həmin Tərəfin qanuni və ya qanunsuz fiziki nəzarəti altında olan ərazi daxilində insan hüquqlarına hörmət etmək öhdəliklərini təsbit edir və həmin ərazidən kənarda, müəyyən müstəsna hallardan başqa (həmin halların mövcudluğu hər bir konkret iş üzrə müəyyən edilir), müvafiq iştirakçı dövlət cəzasız qalmaqla Konvensiyada təsbit olunmuş davranış standartlarına zidd davrana bilər. Hesab edirəm ki, Konvensiyanın məqsədinin işığında Konvensiya müddəalarının ağlabatan şərhi bizi belə bir nəticəyə gətirməlidir ki, Yüksək Müqavilə Tərəfləri fərdlər üçün nəticələr doğuran dövlət hakimiyyətini həyata keçirərkən hərəkət etdikləri hər bir halda Konvensiya Yüksək Müqavilə Tərəflərinin hamısı üçün davranış kodeksini təmin edir”.
Mən yuxarıda qeyd edilən mövqeyimi genişləndirərək əlavə etmək istərdim ki, dövlət hər hansı şəxs üzərində və ya həmin şəxsin olduğu ərazi üzərində öz hakimiyyətini birbaşa və ya hətta dolayısı ilə həyata keçirmək iqtidarındadırsa, həmin şəxsə münasibətdə pozitiv öhdəliklərini yerinə yetirmədiyinə görə Konvensiyaya əsasən məsuliyyət daşıya bilər.
Yuxarıda qeyd edilənlərin, habelə bu qərarda əks olunmuş işin faktlarının və hallarının işığında mən çoxluqla razıyam ki, ərizəçilər 1-ci maddənin məqsədləri üçün Rusiya Federasiyasının “yurisdiksiyasındadırlar” və barəsində şikayət edilən hərəkətlərə görə o, məsuliyyət daşıyır. Qərarda haqlı olaraq qeyd edildiyi kimi, sübut olunub ki, “1991-1992-ci illərdə Rusiya Federasiyasının dəstəyi ilə qurulmuş, hakimiyyət orqanlarına və öz administrasiyasına malik olan “MPR” Rusiya Federasiyasının faktiki nəzarəti altında, yaxud ən azı həlledici təsiri altında idi və istənilən halda, Rusiya Federasiyası tərəfindən ona verilən hərbi, iqtisadi, maliyyə və siyasi dəstək hesabına yaşayırdı” (qərarın 392-ci bəndi).
Lakin mən bu məsələdə çoxluqla razı deyiləm ki, ərizəçilər Moldovanın “yurisdiksiyasındadırlar” və o, ərizəçilərin Konvensiya hüquqlarını təmin etmək üçün yetərli, səmərəli və münasib tədbirlər görməkdən ibarət pozitiv öhdəliklərini yerinə yetirmədiyinə görə məsuliyyət daşıyır. Ərizəçilərin həbsə alındığı ərazi üzərində və ya ərizəçilərin özlərinin üzərində Moldovanın hər hansı birbaşa və ya dolayı hakimiyyəti həyata keçirdiyini göstərən heç nə yoxdur. Moldova ərizəçilərin həbsə alınmasına və ya həbsə saxlanılmaqda davam etməsinə görə heç bir vəchlə məsuliyyət daşımır. Moldovanın nəzərdən keçirilən bütün müddət ərzində pozuntuların baş verdiyi və ərizəçilərin həbsdə saxlanıldığı ərazidə faktiki hakimiyyəti həyata keçirən (artıq izah edildiyi kimi, Rusiyanın dəstəyi ilə) qanunsuz rejimin mövcudluğu ilə barışdığını və ya onu həvəsləndirdiyini göstərən heç nə yoxdur.
Moldovanın ərizəçilər üzərində yurisdiksiyaya malik olduğu barədə rəylərini müdafiə etmək üçün çoxluğun qeyd etdiyi amillərin heç biri, mənim fikrimcə, ərizəçilərə münasibətdə faktiki hakimiyyəti həyata keçirmək və ya həyata keçirməkdən yayınmaq kimi nəzərdən keçirilə bilməz. Bununla bağlı mən həmçinin öz mövqeyimi ser Nikolas Bratsanın qərarla qismən üst-üstə düşməyən rəyinin 15-26-cı bəndlərindəki yanaşması ilə əlaqələndirirəm.
İstənilən halda, sadəcə olaraq ərizəçilərin Konvensiya hüquqlarını təmin etmək üçün müvafiq hökumət tərəfindən, hətta həmin hökumət bu şəxslər üzərində faktiki hakimiyyətə malik olmasa belə, məhkəmə, siyasi, diplomatik və iqtisadi tədbirlərin və ya çoxluğun qeyd etdiyi hər hansı digər tədbirlərin görülməməsi səbəbindən Konvensiyanın məqsədləri üçün həmin şəxslər üzərində “yurisdiksiyanın” olduğu qənaətinə gəlmək “yurisdiksiya” anlayışını qeyri-real və absurd dərəcədə genişləndirmək olardı. Başqa sözlə, mənim fikrimcə, sadəcə olaraq çoxluq tərəfindən ümumi şəkildə qeyd edilmiş siyasi və ya digər tədbirləri görməməsi səbəbindən Konvensiyanın Yüksək Müqavilə Tərəfinin ərazisi xaricindəki hər hansı şəxs üzərində “yurisdiksiyaya” malik olduğunu qəbul etmək səhv olardı. Zənnimcə, bu cür mövqe, məsələn, belə bir məntiqsiz nəticəyə gətirib çıxarardı ki, Konvensiyanın bütün Yüksək Müqavilə Tərəfləri faktiki hakimiyyəti (ərazidən asılı olaraq de fakto və ya de yure hakimiyyəti, yaxud həm de fakto, həm də de yure hakimiyyəti) həyata keçirmədikləri öz əraziləri də daxil olmaqla hər hansı Yüksək Müqavilə Tərəfinin istənilən ərazisində olan şəxslər üzərində yurisdiksiyaya malikdirlər və sadəcə olaraq həmin ərazidə Konvensiya hüquqlarının təmin olunması üçün reallıqda həmin şəxslər üzərində bu cür hakimiyyəti həyata keçirən dövlətə qarşı hərəkət edərək ona təzyiq göstərməmələri səbəbindən həmin şəxslərin insan hüquqlarının pozuntularına görə məsuliyyət daşıyırlar. Düşünürəm ki, müqavilənin bu şərhi açıq-aydın absurd nəticəyə gətirib çıxaran məna vermiş olardı.
Bankoviç və başqalarının işi üzrə qərarda (şəxsən mən bu qərarla razı deyiləm) Məhkəmənin Böyük Palatası bu qənaətə gəldi ki, Belqradda on altı mülki şəxsin qətli ilə nəticələnmiş binaların bombalanması həmin bombalanmaya görə məsuliyyət daşıyan Konvensiyanın Yüksək Müqavilə Tərəflərinin “yurisdiksiyası” xaricində həyata keçirilmiş ərazidənkənar akt idi və bu səbəbdən mərhumların qohumlarının müvafiq şikayəti qəbul olunmayan şikayət kimi rədd edildi. Bu mənə anlaşılmaz və çox qəribə görünür ki, Yüksək Müqavilə Tərəfinin təyyarələrindən dünyanın istənilən hissəsində məskunlaşmayan əraziyə bombaların atılması həmin bombalanmanın qurbanlarını onun “yurisdiksiyası” (yəni hakimiyyəti) altına gətirib çıxarmadığına görə həmin Tərəf Konvensiya üzrə məsuliyyətdən yaxa qurtarır və eyni zamanda, “formal olaraq [de yure] onun yurisdiksiyasında olan”, lakin real olaraq onun faktiki hakimiyyəti xaricində olan “şəxslərin ... Konvensiya ilə təsbit olunan hüquqlarını təmin etmək üçün ... səlahiyyəti çərçivəsində olan və beynəlxalq hüquqa uyğun olan siyasi, diplomatik, iqtisadi, məhkəmə və ya digər tədbirləri görməməsi” həmin dövlətin yursdiksiyaya malik olduğunu göstərir və onun üzərinə həmin tədbirləri görməklə bağlı pozitiv öhdəliklər qoyur.
İstənilən halda, düşünürəm ki, işin konkret halları baxımından Moldova hakimiyyəti ondan əsaslı şəkildə gözlənilə bilən hər şeyi edib. Barəsində ərizəçilərin şikayət etdiyi situasiyaya görə hər hansı məsuliyyəti onun ayağına yazmaq qeyr-realist və ədalətsiz mövqe olardı.
HAKİM KOVLERİN QƏRARLA QİSMƏN ÜST-ÜSTƏ DÜŞMƏYƏN RƏYİ
“Məhkəmə məsələləri ilə siyasi məsələlər arasında sərhəd əvvəlki kimi deyil. Həmçinin normativliyi az olan, getdikcə daha da çoxsaylı və dağınıq olan legitimliyin əsasları da əvvəlki kimi deyil.” (A. Lajoie, Jugements de valeurs, Paris, PUF, 1997, p. 207).
Təəssüf edirəm ki, mən özümü çoxluğun arasında görmürəm, həmkarlarımın rəyinə hörmət etsəm də, Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi vasitəsilə, hazırkı işdə Böyük Palatanın qərarı ilə kökündən razılaşmadığımı açıq şəkildə ifadə etməliyəm.
Mənim razılaşmadığım məsələ təhlilin metodologiyası ilə, faktların təqdim edilməsi üsulu ilə, “yurisdiksiya” və “məsuliyyət” anlayışlarının təhlili ilə və nəhayət, Məhkəmənin gəldiyi nəticələrlə bağlıdır. Buna görə də mən bu məsələlərin hər birinə müəyyən vaxt sərf etməyə borcluyam.
I. Təhlilin metodologiyası
Bu iş elə bir situasiyanın nümunəsidir ki, həmin situasiyada “insan hüquqları siyasətə çevrilir” (M. Gauchet, La démocratie contre elle-même, Paris, 2002, p. 326). İşin konkret xarakterini, yəni ərizəçilərin situasiyasının son dərəcə mürəkkəb geosiyasi kontekstlə ayrılmaz surətdə bağlı olduğunu nəzərə alsaq, belə situasiyalara tətbiq edilə bilən presedent hüququ olmadığına görə Məhkəmə özünü tamamilə yeni müstəvidə hiss edir. Bu iş üzrə Məhkəmənin qərarı Avropa Şurasının üzvü olan dövlətlərin, o cümlədən Avropa Şurasına son dövrlərdə qoşulmuş dövlətlərin daxilindəki digər münaqişə zonalarında analoji situasiyalar üçün presedent yarada bilər. Region ölkələrinin cəlb olunduğu bu münaqişənin tarixi kökləri və “imperiyanın parçalanması” effekti elə xüsusiyyətlərdir ki, o qədər də uzaq keçmişdə baş verməyən, Balkanların və ya Qafqazların timsalında gördüyümüz münaqişələri yada salır.
Lakin Məhkəmə (mənim fikrimcə səhvən) bu situasiyaya Kipr tipli münaqişə baxımından nəzərə salmağa üstünlük verərək buna uyğun presedent hüququ əsasında hərəkət etdi və özünü həmin presedent hüququnun tələsinə saldı. Zənnimcə, bu, metodoloji səhv idi. Hazırkı işlə Loizidunun işi arasındakı zahiri oxşarlıqlar aldadıcıdır. Yeganə ümumi məqam (mən buna qayıdacağam) münaqişənin mənbəyindən, yəni çoxsaylı icmanın öz tarixi, iqtisadi və mədəni bağları ilə köklü şəkildə fərqləndiyi başqa bir ölkəyə qatılması perspektivindən ibarətdir. Buna görə də münaqişə iştirakçılarının reaksiyaları və əks-reaksiyaları zorakı formalar alıb və insan faciələrinə gətirib çıxarıb.
Lakin hətta bu Loizidu presedentindən öyrənəcəyimiz çoxlu dərslər var, belə ki, o, bizə tələsik və sadələşdirilmiş nəticələr çıxarmaqdan qaçmağa kömək edə bilər. Loizidunin işində qərarla üst-üstə düşməyən rəyində hakim Bernhardt (bu rəyə hakim Lopes Roça da qoşulub) qeyd etdi ki: “Hazırkı işdə ... fərdin situasiyasını mürəkkəb tarixi inkişaf prosesindən və ondan heç də az mürəkkəb olmayan cari situasiyadan ayırmaq mümkün deyil” (Loizidu Türkiyəyə qarşı (mahiyyət məsələləri), 18 dekabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-VI, s. 2242). O, Kiprin birləşdirilməsi məqsədini daşıyan danışıqların uğursuzluğunu və bunun ərizəçilərin düşdüyü situasiyanın uzanmasına səbəb olduğunu qeyd edərək, sual verdi: “Bu uğursuzluğa görə kim cavabdehdir? Yalnız bir tərəfmi? Buna və bir neçə başqa suala aydın cavab vermək və aydın hüquqi nəticə çıxarmaq mümkündürmü?” (yenə eyni qərara bax).
Eyni işdə qərarla üst-üstə düşməyən digər bir rəydə hakim Pettiti qeyd etdi ki: “1974-cü ildə dövlət çevrilişi zamanı yaranan məsuliyyəti və ya həmin il türk qoşunlarının gəlişindən irəli gələn məsuliyyəti kim daşıyırsa-daşısın, 1974-cü ildən bəri beynəlxalq ictimaiyyət Kipr ətrafındakı beynəlxalq problemləri həll etmək cəhdlərində nə qədər tərəddüd edirsə-etsin, ... bunlar müxtəlif mənşəli və tipli məsuliyyətlər idi və bütövlükdə iki icmanın problemi (özü də onlar beynəlxalq hüquqda başa düşülən mənada milli azlıq deyildilər) xanım Loizidunun ayrıca bir işinə və onun 1 saylı Protokolda nəzərdə tutulmuş hüquqlarına əsaslanan Avropa məhkəmə nəzarətindən daha çox, siyasət və diplomatiya məsələsi idi” (bax: Loizidunun işi üzrə yuxarıda adı çəkilən qərar, s. 2253‑2254). Bu sözlərdəki xəbərdarlığa və müdrikliyə tam haqq qazandırmaq olar.
Təəssüf ki, hazırkı işdə Məhkəmə (Kiprdəki mövqeyindən fərqli olaraq, analoji işlərə işıq sala biləcək nümunələr olmadığına görə) dörd ərizəçinin ayrıca situasiyası əsasında aşağıdakı müxtəlif problemlərin əlaqələrini araşdırmaq riskini üzərinə götürdü: hərbi (qərarda Pridnestrovye münaqişəsinin hərbi aspektlərinin təhlili və silah ehtiyatları ilə bağlı baş qərargah heyətinə layiq səviyyədə aparılmış ətraflı hesablamalar yer alır), iqtisadi (eyni iqtisadi məkanda onilliklər boyu fəaliyyət göstərmiş tərəfdaşlar arasında münasibətlərin qiymətləndirilməsi) və siyasi (siyasi liderlərin və hərbi personalın verdiyi, “tarixi bəlli olmayan” və yoxlanılması çətin olan bəyanatlardan sitatlar). Hamı razılaşır ki, Məhkəmə ərizəçilərdən, prosesə qatılmış üç dövlətdən və Məhkəmənin özünün hadisə yerində faktları araşdıran missiyasından daxil olmuş çoxlu sayda ziddiyyətli məlumatların axını ilə üzləşib və son dərəcə böyük və olduqca təqdirəlayiq saf-çürük etmə (seleksiya) vəzifəsini yerinə yetirib. Amma sırf hüquqi suallar (məsələn, xalqların müəyyən hüdudlar daxilində öz müqəddəratını təyin etmə hüququna, yaxud birinci ərizəçinin həbsindən əvvəl dəfələrlə zorakılıq çağırışları etməsinə nə cür hüquqi tövsif verilməlidir) cavabsız qalıb. Mənim fikrimcə, bu, sonrakı səhvlər silsiləsinə gətirib çıxarmış ikinci metodoloji səhv idi.
II. Faktların təqdimatı
Bu iş kimi mürəkkəb və “həssas” bir işdə işin hallarının ətraflı və obyektiv təqdimatı mühüm rol oynayır, ona görə ki, bu, sözün yaxşı mənasında iş barəsində nə cür fikir yürütmək məsələsini öncədən həll edir. Mənim fikrimcə, işin ümumi konteksti yığcam icmal şəklində təqdim edilib ki, bu da faktları əhəmiyyətli dərəcədə təhrif edib. Bu icmal ərizəçilərin nöqteyi-nəzərini əks etdirir, həmin nöqteyi-nəzər asanlıqla başa düşülə bilən məqsədlərə görə üstünlük təşkil edir. Mən yalnız bir neçə faktı və onların həqiqi mövqe barədə yanlış təsəvvür yaradan şəkildə şərhini ayrıca qeyd edə bilərəm.
İşin ümumi kontekstinin müəyyən edilməsində mühüm çətinlik Moldova-Pridnestrovye münaqişəsinin mənşəyini və əsas problemlərini müəyyən etməkdən ibarətdir. Qorzelik və başaqları Polşaya qarşı ([Böyük Palatanın qərarı], ərizə N 44158/98, AİHM 2004-I) və Assanidze Gürcüstana qarşı ([Böyük Palatanın qərarı], ərizə N 71503/01, AİHM 2004-II) işlər kimi kifayət qədər mürəkkəb və çaşdırıcı işlərdə Böyük Palata Sileziya problemini təhlil etmək üçün on dördüncü əsrə (Qorzelikin işi, b. 13) və Gürcüstanın tərkibində Acarıstanın statusunun üzərinə işıq salmaq üçün hətta on birinci əsrə (Assanidzeinin işi, b. 100-107) gedib çıxdı. Hazırkı işdə deyilənlər bəlağətli ifadələrdən artıq bir şey deyildi: Molotov-Ribbentrop Paktı nəticəsində 28 iyun 1940-cı ildə Rumıniyadan alınmış Bessarabiyanın bir hissəsindən və “Dnestrin sol sahilindəki” “torpaq zolağından” Sovet Moldaviyasını təşkil edilməsi barədə yığcam məlumat belə təəssürat yaradır ki, bu çoxmillətli regionun tarixi məhz həmin vaxtdan başlayır – özü də bütün bunlar deyilərkən ATƏT-in sənədinə istinad edilir (qeyd etmək lazımdır ki, bu istinadın özü selektiv qaydada edilib). Amma istinad edilən bu sənəd, hər hansı digər tarixi icmal kimi, regionun tarixi barədə daha tam təsəvvür yaradır ki, mən aşağıda bunun qısa xülasəsini verəcəyəm.
1360-cı ildə Macarıstandan ayrılaraq yaradılmış Moldova Knyazlığı 1456-cı ildə Osmanlı İmperiyasının bir neçə əsr davam etmiş hökmranlığı altına düşdü. 1711-ci ildə knyaz Dmitri Kantemir (yeri gəlmişkən, onun oğlu Antiox Rusiyanın məşhur yazıçısı oldu və Londonda və Parisdə Rusiya səfiri kimi qulluq etdi) Böyük Pyotrla Moldovanın müdafiəsinə dair saziş bağladı və 1791-ci ildə Türkiyə ilə Rusiya-Avstriya koalisiyası (koalisiyanın qüvvələrinə A. Suvorov başçılıq edirdi) arasında müharibədən sonra imzalanmış müqavilə vasitəsilə Rusiya Dnestrin sol sahili üzərində nəzarət əldə etdi, orada əhalinin böyük bir hissəsi slavyanlar idi. 1812-ci ildə Rusiya ilə Türkiyə arasında müharibə yenidən alovlandıqdan sonra Buxarest Müqaviləsi ilə Moldaviyanın Prut və Dnestr arasındakı şərq hissəsi Bessarabiya adı altında Rusiya İmperiyasının tərkibinə daxil oldu. Bessarabiyanın cənub hissəsində bolqarlar və qaqauzlar (türkdilli xristian əhali) məskunlaşıblar. Krım Müharibəsindən (1854-1856) sonra Rusiya, Paris Müqaviləsinə (1856) əsasən, Bessarabiyanın bir hissəsini qalib dövlətlərə güzəştə getdi. Bu ərazi Rumıniya Krallığının (1859-cu ildə yaradılıb) tərkibinə daxil edildi, amma Berlin Müqaviləsi (1878) əsasında Bessarabiya Rusiyaya qaytarıldı və Rumıniya kompensasiya qismində Dobrucanı aldı. 1918-ci ilin yanvarında Rumıniya Bessarabiyanı işğal etdi və yerli məclisin Rumıniya Krallığına birləşmək barədə qərarın lehinə səs verməsini təmin etdi. Eyni zamanda, Ukrayna Direktoriyası (Ukrayna həmin vaxt müstəqil idi) Dnestrin sol sahili üzərində (həmin vaxt orada əhalinin 48%-i ukraynalılardan, 30%-i moldaviyalılardan, 9%-i ruslardan və 8,5%-i yəhudilərdən ibarət idi) öz suverenliyini elan etdi, 1924-cü ildə isə orada Moldaviya muxtar respublikası yaradıldı. 1940-cı ildə SSRİ Bessarabiyanı işğal edənə qədər SSRİ 28 iyun 1924-cü ildən sonra (Vyana danışıqlarında) Rumıniyanı məcbur etdi ki, Beesarabiyada referendum keçirsin. Bu, 1940-cı ildən bəri Moldaviya adlanan qurumun təşkil edildiyi regionun mübahisəli tarixidir, həmin regionun hər iki yarısı öz tarixi, iqtisadi, mədəni və linqvistik xüsusiyyətlərinə malikdir. Bu xüsusiyyətlər məlumatlı müşahidəçilərin diqqətindən yayınmayıb: “Əhalisinin çoxunu ruslar və ukraynalılar təşkil edən Pridnestrovye iki əsr ərzində tərkib hissəsi olduğu Rusiyaya həmişə yaxınlıq hiss edib. SSRİ dağıldıqda Pridnestrovye Moldovanın birinci müstəqil hökumətinin Rumıniya ilə birləşmək siyasətini rədd etdi”. (“Liberasyon” (Libération), Paris, 1 avqust 2002).
Dilə və dil qrafikasına gəldikdə, bu həssas problem üzərində mülahizələr yürütmək istəmirəm və təəssüflənirəm ki, Məhkəmə bu mövzuya yetərincə sadələşdirilmiş mövqedən yanaşır (qərarın 28-ci bəndinə bax), bu isə məni iki sitata müraciət etməyə vadar edir: “Rumın dilində məlum olan ilk mətn başlanğıcını 1521-ci ildən götürür: bu, boyar Neaşku tərəfindən Braşov merinə yazılmış məktubdur. ... Slavyan dilindən (pravoslav xristianların, həm də rumınların dini ayinlərində işlənən dil) tərcümə olunmuş bu mətnlər kirill qrafikası ilə yazılıb. ... Lakin yalnız on doqquzuncu əsrdə müasir rumın dili fransız dilinin təsiri altında tam formalaşdı – bu proses “təkrar latınlaşma” adlandırılır. Məhz həmin vaxtda kirill əlifbasının əvəzinə latın əlifbasından istifadə baş verdi” (mənbə: Atlas des peuples de l’Europe Centrale, Paris, La Découverte, 2002, p. 137). Ərazidə istifadə edilən dillərə gəldikdə, Sovet Moldaviyasının 1978-ci il tarixli Konstitusiyasında “milli dildən istifadə də daxil olmaqla bərabər hüquqlar” (maddə 34) və “milli dildə təhsil” (maddə 43) təsbit edildi, orada həmçinin nəzərdə tutulmuşdu ki: “qanunlar və digər qanunvericilik aktları ... moldovan və rus dillərində dərc olunmalıdır” (maddə 103) və “ədalət mühakiməsi həm moldovan, həm də rus dillərində və ya regionda çoxluq təşkil edən əhalinin dilində həyata keçirilir” (maddə 158).
Mən bu tarixi haşiyələri Məhkəmənin aşağıdakı sözlərlə ifadə etdiyi mövqeyini xatırlatmaq üçün əlavə etdim: “Məhkəmə hesab edir ki, o, barəsində qərar vermək səlahiyyətinə malik olmadığı sırf tarixi məsələlərlə bağlı fikir ifadə etməkdən mümkün qədər çəkinməlidir; lakin o, hamıya məlum olan müəyyən tarixi faktları qəbul edə və onlara əsaslanmaqla mühakimə yürüdə bilər” (bax: Jdanoka Latviyaya qarşı, ərizə N 58278/70, b. 77, 17 iyun 2004; həmçinin bax: Marais Fransaya qarşı, ərizə N 31159/96, Komissiyanın 24 iyun 1996-cı il tarixli qərarı, Qərar və məruzələr toplusu 86-A, s. 184; və Qaraudi Fransaya qarşı (qərardad), ərizə N 65831/01, AİHM 2003-IX). Amma belə məlum olur ki, bizim qərarda “tarixi faktlar” və nəticədə, çox əfsuslar olsun ki, həm də bəzi mühakimələr əhəmiyyətli dərəcədə təhrif olunub.
30-41-ci bəndlərdə hər hansı konkret nizam olmadan Moldova-Pridnestrovye münaqişəsinin yaranması və inkişafı qeyd edilərək onun hərbi aspektləri vurğulanır, sanki başlıca problem 14-cü ordudan və DOSAAF-ın (yeri gəlmişkən, o, qüvvədə olan qanunvericiliyə əsasən dövlət orqanı deyildi) avadanlığından ibarət idi. Milli hakim qismində mən qeyd etmək istərdim ki, 1988-1991-ci illərdə SSRİ-nin dağılması təkcə bir-birinin ardınca suverenliklərini elan etmiş (buna çox vaxt “suverenliklər paradı” deyirlər) on beş sovet respublikasına deyil, həm də müəyyən çoxmillətli respublikaların tərkibindəki Dağlıq Qarabağ, Abxaziya, Çeçenistan və sair bu kimi ərazilərə təsir göstərdi. Moldova ümumi hərəkatdan kənarda qalmadı, xüsusən ona görə ki, Moldova Xalq Cəbhəsi Moldovanın bütünlüklə Rumıniya ilə birləşməsi məqsədini bəyan etmişdi və dil haqqında qanunlar və 29-cu bənddə qeyd edilən yeni bayraq yalnız ilk addım idi. Türkdilli region olan Qaqauziya 18 avqust 1990-cı ildə birinci olaraq öz suverenliyini elan etdi, bunun ardınca 2 sentyabr 1990-cı ildə Pridnestrovye eyni addımı atdı. Bu, mənim fikrimcə, “Moldovanın müstəqilliyinə qarşı müqavimət” deyildi (qərarın 434-cü bəndinə bax), sadəcə öz müqəddəratını təyin etmə hüququnun rədd edilməsinə qarşı müqavimət idi. Yaddan çıxarmayaq ki (bu, həm də qərarda barəsində bir söz deyilməyən digər məsələdir), Moldova polisinin xüsusi təyinatlı qüvvələrinin birinci əməliyyatı yuxarıdakı bəyanatlardan öncə 12 iyun 1990-cı ildə Dubasarıdakı “separatçılara” qarşı başlamış və bununla da onların tezləşməsinə səbəb olmuşdu.
Mənim fikrimcə, belə situasiyada Məhkəmə dörd ərizəçinin taleyinə birbaşa təsiri olan münaqişənin köklərini, qərarın 30-34-cü bəndindən göründüyü kimi, təkcə “Moldovanın Pridnestrovye Respublikası”nın yaradılmasına dair 2 sentyabr 1990-cı il tarixli bəyannamədə axtarmamalı idi.
Hüquqi dildə desək, adı çəkilən bəyannamələr həmin qızğın vaxtlarda ayrılma haqqında bəyannamə deyil (“MPR” adındakı “Moldova” sözündən göründüyü kimi), dövlət xarici dövlət ilə birləşmək niyyətini bəyan edəcəyi təqdirdə dövlətə sadiqlik barədə referendum keçirmək hüququ da daxil olmaqla daha çox muxtariyyət əldə etmə haqqında bəyannamə idi, belə ki, həmin birləşmə perspektiv real təhlükə kimi qəbul edilirdi. “1991-ci ilin avqustundan sonra müstəqilliyi bəyan etmək vasitəsilə ilk muxtariyyət hərəkatının meydana çıxması Kişinyov (Chişinău) ilə Buxaresti Moldovanın Rumıniyaya birləşməsi və ya anneksiyası planının qəbuluna həvəsləndirdi. Lakin moldovalıların ilk öncə cəlbedici hesab etdiyi bu plan 6 mart 1994-cü ildə Buxarestin böyük məyusluğuna səbəb olmuş referendumda rədd edildi, Moldova seçicilərinin 95,4%-i birləşmənin əleyhinə səs verdilər. Amma bununla belə, Dnestrin şərqində 5.000 kvadrat kilometr ərazini əhatə edən Pridnestrovyenin əksər hissəsində yaşayan, respublikanın müstəqilliyi ideyasına, bundan daha artıq dərəcədə isə Rumıniyaya birləşmək ehtimalına düşmənçiliklə yanaşan slavyan əhalisi öz muxtariyyətini elan etdi”, – deyə “Institut des Hautes Etudes européennes and the Ecole Spéciale militaire de Saint-Cyr” İnstitutunun professoru Jan-Kristof Romer (Jean-Christophe Romer) yazırdı (mənbə: J.-Ch.Romer, Géopolitique de la Russie, Paris, Economica, 1999, p. 63).
Mən yuxarıdakı təhlilə onu əlavə etmək istərdim ki, 1992-ci ilin fevralında Moldova Xalq Cəbhəsinin 2-ci qurultayı Pridnestrovye regionu da daxil olmaqla Moldovanı Rumıniyanın ayrılmaz tərkib hissəsi elan etdi və məhz 1992-ci ilin martında xüsusi təyinatlı polis qüvvələri ilə “separatçılar” arasında döyüş əməliyyatları başladı. “Qara gün” adlandırılan 19 iyun 1992-ci ildə Moldovanın xüsusi təyinatlı qüvvələrinin Benderıdakı əməliyyatı başladı. Nəticədə mülki əhali arasında 416 nəfər ölən oldu. Yalnız 29 iyul 1992-ci ildə Rusiya sülhü mühafizə qüvvələrinin birinci dəstələri 21 iyul 1992-ci il tarixli Rusiya-Moldova sazişinə uyğun olaraq Tiraspola daxil oldular. Mən hadisələrin gedişatını bərpa etməkdə davam edə bilərdim, amma burada dayanacağam. Sadəcə olaraq onu qeyd edirəm ki, qərarın mətnindəki “İşin ümumi tarixçəsi” bölməsində müəyyən mühüm faktların çatışmamasının yeri hadisələrə yalnız birtərəfli yanaşmanı əks etdirən siyasi bəyanatların bolluğu ilə doldurulur. Buna görə də həqiqətin harada olduğunu müəyyən etmək asan deyil. Mən bir daha bu faktdan təəssüfləndiyimi bildirirəm.
Daha sonra, mən təəssüflənirəm ki, Məhkəmə belə bir faktı nəzərə almadı ki, 1992-ci il hadisələri əslində fors major halı (mərkəzi hakimiyyət orqanları tərəfindən “sülhyaratma” əməliyyatı, qiyamçılar tərəfindən silahlı müqavimət, SSRİ dağıldıqdan dərhal sonra keçid dövrü və s.) təşkil edirdi və 14-cü ordu da daxil olmaqla münaqişəyə birbaşa və ya dolayısı ilə cəlb olunmuş bütün tərəflər həmin hadisələrdə iştirak edirdilər.
Mən 1991-1992-ci illərdəki bu silahlı münaqişə ilə bağlı özümün daha dəqiq çalarlı versiyamı bildirmək istərdim, çünki belə düşünürəm ki, qərarın həqiqətən anormal dərəcədə uzun olan və yeganə məqsədi açıq-aydın Rusiyanın münaqişədə iştirakını və separatçılara hərbi dəstəyini nümayiş etdirməkdən ibarət olan bu hissəsi (42-110-cu bəndlər) yuxarıda qeyd edilən metodoloji səhvin nəticəsidir. Hətta dövlətlər arasındakı mübahisəyə aid olan Kipr Türkiyəyə qarşı işdə belə, Məhkəmə bu tip analizində daha “qənaətcil” olaraq diqqətini hüquqi problemlərə yönəltmişdi.
Lakin mən bu mətni daha da ağırlaşdırmaq istəməsəm də, “kazak məsələsinə” əhəmiyyət verməyə bilmərəm. Qərarda ərizəçilərin belə bir iddiası təkrar edilir ki, “1988-ci ildə Moldova ərazisində bir kazak belə yox idi” (60-cı bəndə bax). Mən sadəcə qeyd etmək istərdim ki, artıq 1571-1574-cü illərdə Ukrayna kazakları moldovanların Osmanlı hökmranlığından azad edilməsi uğrunda müharibədə iştirak etmişdilər və Moldovada, Podolksda və Zaporojyedə əsrlər boyu azad kazaklar yaşayırdılar (digər mənbələr arasında bax: Ph.Longworth, The Cossacks, London, 1969). Kazaklar stalinizm terrorunun qurbanı oldular, lakin repressiya qurbanları olmuş xalqların reabilitasiyasının tərkib hissəsi qismində Rusiya parlamentinin 16 iyun 1992-ci il tarixli qərarı ilə bəraət aldılar. Yalnız 9 avqust 1995-ci ildə Rusiya Federasiyasının prezidenti kazak birliklərinin qeydiyyatı haqqında fərman və 16 aprel 1996-cı ildə isə kazakların mülki və hərbi qulluğu haqqında fərman imzaladı. Kazakların hərəkət azadlığı və onların təşkilinin yarımhərbi xarakteri kazak həyatının yaxşı məlum olan xüsusiyyətləridir. Bunların sadəcə təfsilatlar olduğunu söyləmək olar, amma önəmli olan da məhz təfsilatlardır.
Qərarın mətnində kifayət qədər belə təfsilatlar, o cümlədən aşağıdakı detallar var: Rusiyanın vitse-prezidentinin “tarixsiz” açıqlamaları (qərarın 137-ci bəndinə bax), Rusiya prezidentinin “tarixsiz” televiziya kadrlarında peyda olması (138-ci bənd), “naməlum tarixdə” yayımlanmış televiziya müsahibəsi (145-ci bənd) və s. 26-cı bənddə Məhkəmənin bəyan etdiyi mövqeyə, yəni “həm yazılı, həm də şifahi sübutları qiymətləndirərkən bu vaxta qədər Məhkəmə adətən tələb olunan sübut standartı kimi “əsaslı şübhə yeri” qoymayan sübutu tətbiq edib” mövqeyinə baxmayaraq, məni heyrətləndirən budur ki, Məhkəməyə təqdim edilmiş aydınlaşdırıcı informasiyaya zidd olaraq, qərarın 141-ci bəndində belə bir yalan informasiya təkrar edilir (hətta “təsdiqlənmiş fakt kimi təqdim edilir”) ki, Rusiya “Moldova hakimiyyətinin razılığı olmadan” 14 mart 2004-cü il tarixli seçkini təşkil edib. Rusiya Federasiyasının seçki qanunvericiliyində Rusiya vətəndaşlarının xaricdə xüsusi (ad hoc) seçki məntəqələrində (yəni heç də həmişə “səsvermə məntəqələri qismində daimi əsasda fəaliyyət göstərən konsulluq məntəqələrində” yox) yalnız müvafiq dövlətin hakimiyyət orqanlarının razılığı ilə səs verməsi nəzərdə tutulur. Mən təəssüflənirəm ki, qərarları hər yerdə xırda detallarına qədər öyrənilən Məhkəmə 26-cı bənddə ifadə edilmiş meyarı qərarın bir çox yerlərində tətbiq etməyib.
Bu da təəssüf doğurur ki, işin ümumi tarixçəsini təsvir edərkən Məhkəmə İrlandiya Birləşmiş Krallığa qarşı işdə özünün bərqərar etdiyi aşağıdakı prinsipə heç də həmişə riayət etməyib: “Ona təqdim edilmiş işlərdə Məhkəmə istər Komissiyadan, istərsə də tərəflərdən və ya digər mənbələrdən daxil olmasından asılı olmayaraq qarşısındakı bütün materialları araşdırır və zərurət olduqda materialları öz təşəbbüsü ilə əldə edir” (18 yanvar 1978-ci il tarixli qərar, A seriyaları, c. 25, s. 64, b. 160).
Məsələn, mən təəssüflənirəm ki, Məhkəmə ərizəçilərin həbsinə qədər “Buyor” qrupunun və ərizəçilərin fəaliyyətləri barədə nəsə qeyd etməkdən hər vəchlə yayındı (9 dekabr 1993-cü il tarixli hökmə istinad edilən 216-cı bənd istisna təşkil edir). Lakin Məhkəməyə təqdim edilmiş sənədlərdə bu məsələ açıq-aydın əks olunub. Leninqradın “Smena” dövri nəşrində 6 dekabr 1990-cı ildə çıxmış müsahibədə cənab İlaşku bədnam “6 saylı əmrin” təfsilatlarından danışıb. “Bizdə iki qara siyahı var”, – deyə o, bildirib. – “Birincidə 23 ad var, bu, qondarma Pridnestrovye Respublikasının rəhbərliyinin tam siyahısıdır. İkincidə 480 ad var, bu isə onların ikinci qurultayının üzvlərinin siyahısıdır. Onların fiziki cəhətdən ləğvi üçün ciddi hazırlıqlar görülüb”. Müsahibənin yekunu belə idi: “Bizdə elə siyasətçilər var ki, həmişə təmiz qalmalıdırlar, amma kimsə çirkli işi görməlidir”. “Biz böyük qırğın təşkil etmək iqtidarındayıq” tipli bəyanatlardan konkret hərəkətlərə qədər yalnız qısa bir addım vardı. Həmin hərəkətlərin qurbanlarının adları, eləcə də onların dul qadınlarının və yetim uşaqlarının adları məlumdur. Təsadüfi deyil ki, qərarın 286-cı bəndində adı çəkilən tanınmış mütəxəssislər ərizəçilərin məhkəməsinin neytral ölkədə keçirilməsini təklif etdilər, bunu Avropa Şurasının baş katibi də etdi, o, “neytral bir yerdə cənab İlie İlaşkunun məhkəməsinin mümkünlüyünü” istisna etmədi ((SG/Inf(2000) 53, 19 yanvar 2001). Birləşmiş Millətlər Təşkilatının terrorizmin qarşısının alınmasına dair bütün qətnamələrinin mənası nədir? Təəssüf ki, Məhkəmə bu suallara cavab vermədi, sadəcə dul qadınlardan birinin – xanım Lüdmila Qusarın Məhkəməyə ifadə vermək barədə vəsatətini rədd etdi (qərarın 8-ci bəndinə bax).
III. “Yurisdiksiya” və “məsuliyyət” anlayışlarının təhlili
Məni bu fakt daha dərindən təəssüfləndirir ki, indiyədək nəzərdən keçirilməmiş bir situasiyaya “yurisdiksiya” və “məsuliyyət” anlayışlarının daha dəqiq təhlilini tətbiq etmək fürsəti əldən buraxıldı. Mən həqiqəti müəyyən edən son söz sahibi olmaq iddiasında olmasam da hər halda problemi necə gördüyümü izah etmək istərdim.
4 iyul 2001-ci ildə ərizənin qəbul edilənliyinə dair səsvermədə ifadə etdiyim ilkin mövqeyim (mən hələ də bu mövqedəyəm) belə idi ki, Məhkəmə Rusiyaya münasibətdə ərizəni məkan meyarına (ratione loci) və şəxs meyarına (ratione personae) görə qəbul olunmayan elan etməli, Moldovanın Pridnestrovye üzərində yurisdiksiyasını etiraf etməli, eyni zamanda, qeyd etməli idi ki, Moldova ən azı ərizəçilər həbs edilən vaxt bu region üzərində de fakto nəzarətə malik deyildi.
Məhkəmə bu rəylərdən çıxış edərək belə qənaətə gələ bilərdi ki, həmin ərazi Konvensiya müddəalarının de fakto tətbiq edilə bilmədiyi elə bir ərazidir ki, orada “hüquqi vakuum” var və ya ora “hüququn işləmədiyi ərazidir”. Bu ideya nə absurd, nə də yenidir. Parlament Assambleyasının İsveçdən olan üzvü cənab Maqnusson tərəfindən təqdim edilən (və onun bir sıra həmkarları tərəfindən dəstəklənən) “Avropa Şurasının üzvü olan dövlətlərdə hüququn işləmədiyi ərazilər” adlı “tövsiyə təşəbbüsü”ndə aşağıdakı hissə vardır:
“Lakin Assambleya bunu etiraf etmək məcburiyyətindədir ki, müəyyən üzv dövlətlərin ərazisində bir sıra zonalar var ki, orada İnsan hüquqları haqqında Avropa Konvensiyası və insan hüquqlarının müdafiəsinə dair digər sənədlər praktikada tətbiq edilmir.
Bu, ilk növbədə qərarlarının bəziləri icra olunmayan Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququndan aydın olub; bunlar həmin qərarlara aid misallardır: Kiprin şimal hissəsinə aid olan Loizidu Türkiyəyə qarşı məhkəmə işi və Cəbəlüttariqə aid olan Methyus Birləşmiş Krallığa qarşı məhkəmə işi.
Bundan əlavə, “hüququn işləmədiyi” ərazilər Çeçenistan, Pridnestrovye, Abxaziya və ya Dağlıq Qarabağ kimi separatçı regionlarda da formalaşıb”.
Müəyyən mənada Konvensiyanı ratifikasiya edərkən Moldovanın etdiyi ərazi qeyd-şərtində belə bir xahiş var ki, regionda “hüquqi vakuum”un, Avropanın hüquq məkanında bir növ “qara dəliyin” olduğu etiraf edilsin, bu cür qənaət ələlxüsus Moldovanın müvafiq ərazi üzərində de fakto nəzarətə malik olmadığının etirafı ilə müşayiət oluna bilərdi. Mən ən azı bu məsələdə çoxluğun üzvü olmağımdan məmnunam, yəni Moldova, hətta məhdud şərtlərlə olsa belə, “pozitiv öhdəlikləri baxımından” ərazi üzərində “yurisdiksiyaya” malik idi (qərarın nəticə hissəsinin 1-ci bəndi).
Amma bununla belə, hesab edirəm ki, söhbət Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada “yurisdiksiyadan” gedirsə, ərazi prinsipinin üstünlüyü Moldovaya, onun ərizəçilərə münasibətdə məsuliyyətinə və öhdəlilərinə, hətta bu məsuliyyət və öhdəlilər de fakto məhdudlaşsa belə, bütünlüklə şamil olunur (qərarın 313-cü bəndinə bax). İstənilən halda, Pridnestrovye beynəlxalq hüquq mənasında heç kimə məxsus olmayan və ya mövcud olmayan ərazi deyil: beynəlxalq birlik Pridnestrovyeni Moldovanın ayrılmaz tərkib hissəsi hesab etməkdə davam edir. Moldovanın Konvensiyanı ratifikasiya edərkən Pridnestrovye ilə bağlı qeyd-şərt etməsi faktı sübut edir ki, o, bu əraziyə münasibətdə uzun müddətdir ki, öhdəliklərini yerinə yetirmir. Bunun əksini qəbul etmək dünyadakı bütün separatçılara əvəzsiz hədiyyə vermək demək olardı və onlara bunu deməyə imkan verərdi ki, beynəlxalq məhkəmə dövlətin ərazisinin bir hissəsinin mərkəzi hakimiyyət orqanlarının yurisdiksiyası xaricində olduğunu ilk dəfə etiraf edib. Mən bundan yalnız təəssüflənirəm ki, 1994-cü ildən sonra, xüsusən də 1997-ci ildə Avropa Şurasına qoşulduqdan sonra Moldova ərizəçilərin məhkəməsinin yenidən keçirilməsi və ya onların azad edilməsi üçün heç bir addım atmadığına baxmayaraq, çoxluq Moldovanın yalnız 2001-ci ildən sonra məsuliyyət daşıdığını qərara aldı. Bu məsələ ilə bağlı mən hakim Kasadevallın və ona qoşulmuş həmkarlarımın qərarla qismən üst-üstə düşməyən rəylərindəki arqumentlərin çoxu ilə razıyam.
“Ərazidənkənar” yurisdiksiya problemi daha mürəkkəbdir. Mən qəti şəkildə belə düşünürəm ki, Məhkəmə “anlayış presedentləri” ənənəsinə riayət etməli idi, başqa sözlə, belə bir ideyadan çıxış etməli idi ki, müasir pozitiv hüququn mühüm anlayışları nəsil-nəsil hüquqşünaslar tərəfindən bərqərar edilib və müstəsna hallar istisna olmaqla sual altına alına bilməz. Bankoviç və başqalarının işində Məhkəmənin yekdil mövqeyi belə oldu: “Buna görə də Məhkəmə bu fikirdədir ki, Konvensiyanın 1-ci maddəsi yurisdiksiyanın adi və mahiyyət etibarı ilə ərazi anlayışını əks etdirən maddə hesab edilməlidir, yurisdiksiyanın digər əsasları müstəsna əsaslardır və hər bir işin konkret halları baxımından xüsusi olaraq əsaslandırma tələb edir” (Bankoviç və başqaları Belçikaya və digərlərinə qarşı, [Böyük Palatanın qərarı], ərizə N 52207/99, b. 61, AİHM 2001-XII). Məhkəmə daha sonra bildirdi ki, o, “əmin olmalıdır ki, ... hazırkı işdə iştirakçı dövlət tərəfindən ərazidənkənar yurisdiksiyanın həyata keçirilməsinə bərabər sayıla bilən müstəsna hallar mövcuddur” (yenə həmin qərara bax, b. 74).
Hazırkı işdə bu cür qənaətə gəlməyə hansı müstəsna hallar haqq qazandıra bilərdi?
Məhkəmə, mənim təvazökar rəyimə görə, digər bir müstəsna işdəki – diqqətə alınmaması çətin olan Loizidunun işindəki meyarları öz qərarında tətbiq etməklə və həmin presedentdən aşağıdakı olduqca qeyri-müəyyən nəticəni çıxarmaqla asan yol seçmiş oldu: “Məhkəmə razılaşıb ki, müstəsna hallarda iştirakçı dövlətlərin öz ərazisindən kənarda törətdiyi və ya orada nəticələrə səbəb olan hərəkətlər onların Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada öz yurisdiksiyasını həyata keçirməsinə bərabər sayıla bilər” (qərarın 314-cü bəndinə bax). Bu cür “hərəkətlərin” müəyyən edilməsi üçün Loizidunun işində aşkar edilən ilk meyar digər dövlətin ərazisinin məqsədyönlü hərbi aksiya vasitəsilə işğalıdır. Amma bu işdə məsələ belə deyildi, burada sovet silahlı qüvvələri on illərlə regionda yerləşmişdilər.
Hətta burada Kiprdə olduğu kimi “hərbi aksiyanın” olduğunu fərz etsək belə, hakimlər Gölcüklü və Pettiti “məsuliyyət” anlayışını “yurisdiksiya” anlayışından ayırmaq cəhdlərində tamamilə haqlı idilər: “İştirakçı dövlətin məsuliyyəti onun ərazisi xaricindəki hərbi aksiya ilə bağlı yarana bilsə də, bu, yurisdiksiyanın həyata keçirilməsinə şamil olunmur” (bax: Loizidunun işi (ilkin etirazlar), 23 mart 1995-ci il tarixli qərar, A seriyaları, c. 310, s. 35). Bu iki anlayış bir-birinə münasibətdə müəyyən dərəcədə avtonomdur, hərçənd, kimsə etiraz edə bilər ki, bu fərq yalnız akademik xarakterlidir.
Nə üçün hazırkı işdə Məhkəmə bu mühüm məna fərqinə əhəmiyyət verməyib və ərazidənkənar yurisdiksiyaya tətbiq edilə bilən etibarlı meyarın olmadığını nəzərə alsaq, nə üçün öz presedent hüququndakı boşluğu doldurmayıb? Mənim fikrimcə, bu, məsuliyyət anlayışı vasitəsilə birbaşa nəticələr çıxarmaq məqsədi ilə edilib (qərarın 314-317-ci bəndlərinə bax). Yurisdiksiya anlayışı (istər ərazi yurisdiksiyası, istərsə də ərazidənkənar yurisdiksiya) əsas anlayışdır, belə ki, məsuliyyət yurisdiksiyadan törəyir, amma bunun əksini söyləmək olmaz. Məhkəmə Moldovanın 2001-ci ilədək baş verənlərə görə məsuliyyət daşımasını istisna etməklə dolayısı ilə bu asılılıq əlaqəsini təsdiq etdi! Amma Rusiya Federasiyasının yurisdiksiyaya malik olub-olmadığını müəyyənləşdirməyə cəhd edərkən, o, əks məntiqdən çıxış edərək qərara aldı ki, “məsuliyyət” mövcud olduğuna görə “yurisdiksiya” da mövcuddur.
Hətta qəbul etsək ki, söhbət cavabdeh xarici dövlətin məsuliyyətindən gedir, bunu sübut etmək lazımdır ki, həmin cavabdeh dövlət: a) tabeçiliyində olan yerli administrasiya vasitəsilə hərəkət etməklə məsuliyyət daşımaqda davam edir; və b) Loizidunun işində ilkin etirazlarda qeyd edildiyi kimi, aktiv növbətçilik vəzifələrini icra edən və “adanın bir hissəsi üzərində faktiki nəzarəti” həyata keçirən çoxlu sayda qoşunların vasitəsilə bütünlüklə sözügedən ərazi üzərində nəzarəti həyata keçirməkdə davam edir. Bu iki aspekt konkret olaraq Bankoviç və başqalarının işində ərizənin qəbul edilənliyinə dair qərarın 70-ci bəndində müzakirə edilib, həmin qərarda Məhkəmə qərarın bütün mətni boyu bu ərazi aspektini vurğulayıb və sonda bu nəticəyə gəlib: “Məhkəmə əmin deyil ki, barəsində şikayət edilən hərəkətlərin qurbanları olan şəxslərlə cavabdeh dövlətlər arasında hər hansı yurisdiksiya əlaqəsi var” (bax: Bankoviç və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 82).
Barəsində şikayət edilən hərəkətlərə görə Rusiya Federasiyasının məsuliyyət daşıyıb-daşımadığını həll edərkən Məhkəmə Kipr Türkiyəyə qarşı məhkəmə işinə istinadən “milli ərazisindən kənarda yerləşən ərazi üzərində ümumi nəzarət” anlayışından istifadə edir (qərarın 316-cı bəndinə bax). Bununla bağlı mən Məhkəmənin Loizidunun işindəki bu qiymətləndirməsini qeyd edirəm: “Türkiyə “ŞKTR” hakimiyyətinin siyasət və hərəkətləri üzərində hərtərəfli nəzarəti həyata keçirir. Şimali Kiprdə aktiv növbətçilik vəzifələrini icra edən çoxlu sayda qoşunların olmasından aydın görünür ki, ... onun ordusu adanın bir hissəsi üzərində faktiki ümumi nəzarəti həyata keçirir” (bax: Loizidunun işi (mahiyyət məsələləri) üzrə yuxarıda adı çəkilən qərar, s. 2235, b. 56). Yaddaşım məni aldatmırsa, mən aldığım ilk hərbi təlimlər zamanı öyrənmişdim ki, “aktiv növbətçilik vəzifəsi” termini quru və dəmiryollarında nəzarəti, strateji məntəqələrin (teleqraf/telefon məntəqələrinin) müşahidəsini, habelə vağzallar, aeroportlar, sərhədlər və sair üzərində nəzarəti nəzərdə tutur. Hətta hərbi strateq olmayan hər kəs belə iki situasiyanı müqayisə edə bilər: birinci halda əhalisi 120.000 ilə 150.000 arasında olan kiçik bir ərazidə 30.000 nəfərlik qoşun yerləşdirilir, digər halda isə 852 kilometr uzunluğunda sərhədi olan və 750.000 nəfərdən artıq əhalisi olan 4.163 kvadrat kilometr ərazidə 2.500 hərbi qulluqçu yerləşdirilir! Nəhayət, mən əsas fərqə gəlib çıxıram, həmin fərq ondan ibarətdir ki, ikinci halda bu cür nəzarəti bərqərar etmək məqsədi ilə əraziyə kənardan hərbi müdaxilə baş verməyib: üzərindən sovet qoşunları adı yenicə götürülən Rusiya qoşunlarını (onların üçdə ikisi öncədən regiondan çıxarılmışdı) uzun illər ərzində idarəetmə məsələlərinə qarışmadan yerləşdikləri məkandakı hadisələr yaxalamışdı. Bu qoşunlar, ərazidən çıxarılmalı olan silah və hərbi avadanlıq anbarlarının mühafizəsi istisna olmaqla, hər hansı “aktiv növbətçilik vəzifələrini” həyata keçirmirdilər.
Yerli idarəetmə orqanlarının Rusiya hakimiyyətinə tabeçiliyinə gəldikdə, bunu sadəcə belə bir fakt təkzib edir ki, həmin orqanlar tez-tez hərbi avadanlıqların evakuasiyasının qarşısını alırdılar. Beynəlxalq təzyiq altında ərizəçilərdən birini azad edən “MPR” orqanları, onların ehtimal edilən “himayəçisinin” narahatedici problemdən yaxa qurtarmaqda maraqlı olduğuna baxmayaraq, digərlərini həbsdə saxlamaqda davam edirlər: əgər bu, “xarici hakimiyyətin tabeçiliyində” olan administrasiyanın nümunəsidirsə, olduqca qəribə nümunədir.
Rusiya Federasiyasının məsuliyyət daşıdığının lehinə irəli sürülən digər arqument, çoxluğun sözlərinə görə, ondan ibarətdir ki, “MPR” 1991-1992-ci illərdə Rusiya Federasiyasının dəstəyi ilə qurulub. Mən bunu qeyd etməyə borcluyam ki, “MPR”in yaranması SSRİ-nin dağılmasından və Rusiyanın suveren dövlət kimi müstəqillik əldə etməsindən bir ildən də artıq öncə 2 sentyabr 1990-cı ildə elan edilib. Burada mənim yadıma La Fonten (La Fontaine) düşür: “Əgər bu siz deyildinizsə, yəqin sizin qardaşınız idi. – Mənin qardaşım yoxdur. – Olsun, hər halda bu sizin ailə üzvlərinizdən biri idi”. SSRİ dövlətinin varisi qismində Rusiyanın həmin dövlətin hərəkətlərinə görə tam məsuliyyət daşıdığı barədə Moldova Hökumətinin arqumenti beynəlxalq hüquq normaları tərəfindən rədd edilir, belə ki, hər hansı hüquq subyektinin məsuliyyəti digər hüquq subyektinin davranışı səbəbindən yarandıqda, bu, yalnız dolayı məsuliyyət ola bilər (Dictionnaire de droit international public, Brussels, 2001, pp. 996-97).
Təkcə elə bu səbəbə görə, “ŞKTR”in elan olunması ilə bağlı mövqedən fərqli olaraq, Rusiya sözügedən hərəkətə görə məsuliyyət daşıyan dövlət sayıla bilməz. Bundan əlavə, o, “MPR”i heç vaxt müstəqil dövlət kimi tanımayıb. Rusiya Federasiyası ilə Moldova Respublikası arasında 19 noyabr 2001-ci ildə imzalanmış dostluq və əməkdaşlıq müqaviləsində bu məsələ barədə aydın deyilir: “Tərəflər separatizmin bütün formalarını pisləyirlər və separatçı hərəkatlara hər hansı dəstək verməməyi öhdələrinə götürürlər” (5-ci maddənin 2-ci bəndi). Lakin Məhkəmə siyasi dəstəyin “sübutu” qismində müəyyən parlament üzvlərinin və keçmiş siyasətçilərin “naməlum tarixli” məsuliyyətsiz bəyanatlarını qeyd etməyə üstünlük verir.
İddia edilən iqtisadi dəstəyin “sübutu” (qərarın 156-160-cı bəndlərinə bax) hər hansı yoxlamaya davam gətirmir. Mən qərarda çıxarılmış nəticələrlə qeyri-hökumət təşkilatı olan Britaniyanın Helsinki İnsan Hüquqları Qrupunun (BHİHQ) qeydlərini aşağıda müqayisə edirəm.
“Əlverişli maliyyə şərtləri ilə qaz ixracı” (156-cı bəndə bax): BHİHQ-nin məlumatlarına görə, 2003-cü ildə Prodnestrovyeyə Rusiya tərəfindən tədarük edilən 1.000 kub metr qazın qiyməti 89 ABŞ dolları idi, yəni Estoniyaya tədarük edilən qazla eyni qiymətə idi (Belarus üçün 36 ABŞ dolları və Gürcüstan üçün 50 ABŞ dolları).
“Pridnestrovye elektrik enerjisini birbaşa Rusiya Federasiyasından alır” (157-ci bəndə bax): BHİHQ-nin məlumatlarına görə, elektrik enerjisi bazarına İspaniyanın “Union Fenosa” kompaniyası nəzarət edir, o, Rusiyadan alınan qazdan istifadə edərək enerji istehsal edir.
“Rusiyanın “İterra” firması Pridnestrovyedə ən iri müəssisə olan Rıbnitsa maşınqayırma zavodunu alıb” (160-cı bəndə bax): təkcə 2003-cü ilin avqustunda bircə Lixtenşteyn kompaniyası zavodun səhmlərinin 15,6 faizini alıb.
Bütün telekommunikasiyalara Amerikanın “Lucent Technologies” kompaniyası nəzarət edir, pul əskinasları Almaniyada çap olunur; toxuculuq məhsulları istehsal edən “Intercentre Llux” kompaniyasına Avropa İttifaqı tərəfindən “Avropa qövsü” mükafatı verilib və s. (mənbə: British Helsinki Human Rights Group, Transnistria 2003: Eye in the Gathering Storm – ).
Növbəti arqument: separatçıların silahla təchiz edilməsi. Ərizəçilər (hər hansı konkret sübut təqdim etmədən) iddia edirlər ki, 14-cü ordu separatçıları silahla təchiz edib, onların fikrincə, bu fakt Rusiya Federasiyasının məsuliyyətinə xüsusilə dəlalət edir. Bu sahədə mütəxəssis olmadığıma görə mən etibarlı mənbəyə müraciət edirəm: “Mütəşəkkil silah soyğunçuluğu 23 iyun 1990-cı ildə Moldova suverenliyini elan etdikdən sonra başladı və 1991-ci ildə SSRİ dağılan vaxt ciddi problemə çevrildi (oxşar vəziyyət Çeçenistanda, Abxaziyada və digər yerlərdə də vardı); 21.800 silah və sursat və hətta tanklar “müsadirə olundu. 14-cü ordunun komandanı general Lebedin sayəsində bu silahların bəziləri geri alındı və anbarlara qaytarıldı. Hərbi prokuror tərəfindən istintaqa başlanıldı” (Rusiyanın “Kommersant” qəzeti, 21 iyul 2001). Regionun sənaye potensialı onun praktiki olaraq hər cür adi silah növü istehsal etməsinə imkan verir; Məhkəmənin qeyd etdiyi kimi, hətta bu gün silah satışları regionun gəlirlərinin böyük bir hissəsini təşkil edir (qərarın 161-ci bəndinə bax).
Qərardakı yekun təhlildə mən hərbi, siyasi və iqtisadi aspektlərlə bağlı faktiki materialların içərisində Pridnestrovyenin xeyrinə Rusiyanın məhdud və ya davamlı müdaxiləsini təsdiq edə biləcək hər hansı etibarlı sübut və ya “MPR”in Rusiyadan hərbi, siyasi və ya iqtisadi asılılığını göstərən sübut tapmadım.
Qəlbimin dərinliklərində təəssüflənirəm ki, keçmişdə hərbi müdaxilələrin daha “alicənab” forması olan, indi “humanitar müdaxilə” adlandırılan müdaxiləyə dair heç bir sübut yoxdur. Mən Rusiyanın bu məsələ ilə bağlı məsuliyyəti məsələsində tam səmimi olmaq istəyirəm. Mən əminəm ki, o, 1992-ci ildə mülki əhalini müdafiə etmək və 850-dən artıq insanın həyatını itirməsinin qarşısını almaq üçün daha da əzmkarlıqla müdaxilə etmədiyinə (o cümlədən Moldova hakimiyyətini öz əhalisinə qarşı cəzalandırıcı hərbi yürüş keçirməkdən daşındırmaq üçün siyasi və diplomatik vasitələrdən istifadə etmədiyinə) görə məsuliyyət daşıyır. Digər iri dövlətlər “yeni hərbi humanizm” deyilən qaydanı bərqərar etmək üçün humanitar müdaxiləni əllərində bayraq etdikləri halda (bax: N. Chomsky, The New Military Humanism, Lessons from Kosovo, L, 1999), Rusiyanın o vaxtkı hakimiyyəti gözləmə və müşahidə mövqeyinə üstünlük verərək nə cür hərəkət etməyin düzgün olduğu barədə qərar verməyi bəzi (əsas etibarı ilə mənşəcə müvafiq regiondan olan) əsgər və zabitlərinin öhdəsinə buraxdı, bu isə onların öz ailələrini müdafiə edib-etməmək barədə qərar verməsi demək idi.
Buna görə də mən belə bir aydın suala cavab verməyi təklif edirəm: beynəlxalq hüquq subyekti olaraq Rusiya “MPR”də baş verənlərə görə həqiqətən məsuliyyət daşımaq iqtidarında idimi, yəni problemlərin həlli vəzifəsini yerinə yetirməyə və sistematik situasiyanı nizama salmağa qadir idimi? Bu suala cavab tapmağa yardım etmək üçün mən İrlandiya Birləşmiş Krallığa qarşı iş üzrə qərara (bax: yuxarıda istinad edilən qərar, s. 64, b. 159) istinad edirəm: “Konvensiyaya zidd olan praktika sadəcə olaraq ayrıca insidentlərə və istisnalara bərabər olmayan, bir ənənə və ya sistem təşkil edən kifayət qədər çoxsaylı və bir-biri ilə qarşılıqlı əlaqədə olan eyni və ya analoji pozuntuların məcmusundan ibarətdir; bu cür pozuntulardan ayrılıqda götürülən praktikanın özü isə pozuntu təşkil etmir”. Yalnız şəxsi situasiyanın arxasında sistematik pozuntuların dayandığı hallarda xarici dövlətin obyektiv məsuliyyət daşıdığını qəbul etmək olar – bu, sitat gətirdiyim qərara mənim verdiyim şərhdir, xüsusən nəzərə almaq lazımdır ki, ərizəçilər bu cür sistematik pozuntulara dair sübut təqdim etməyiblər.
Bizim Məhkəmənin presedent hüququ ilə təsdiqlənən digər bir beynəlxalq hüquq qaydası bundan ibarətdir ki, dövlətin nümayəndələri güman edilən qurbanlar üzərində və ya onların mülkiyyəti üzərində nə dərəcədə hakimiyyəti həyata keçirirlərsə, dövlət də o dərəcədə məsuliyyət daşıyır (bax: Kipr Türkiyəyə qarşı, ərizələr N 6780/74 və 6950/75, Komissiyanın 26 may 1975-ci il tarixli qərarı, Qərarlar və məruzələr toplusu 2, s. 150). 1992-ci ildəki qısamüddətli həbsləri istisna olmaqla, qalan vaxtda dörd ərizəçiyə bu qayda həqiqətən şamil olunurdumu?
Dövlətin məsuliyyəti məsələsinin faktiki aspektlərindən başqa, hüquqi aspektləri də nəzərə alınmalıdır.
Mən olduqca mühüm bir sənədə istinad edirəm: bu, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 12 dekabr 2001-ci ildə qəbul edilmiş “Dövlətlərin beynəlxalq hüquqa zidd hərəkətlərə görə məsuliyyəti” adlı 56/83 saylı qətnamədir, o, Beynəlxalq Hüquq Komissiyasının (BHK) bir neçə il ərzində gördüyü işin nəticəsidir. BHK-nın işinə istinadən qərarın 320-ci bəndi beynəlxalq öhdəliyini pozduğuna görə dövlətin məsuliyyəti problemini qaldırır, 321-ci bənddə isə qətnamənin 14-cü maddəsinin 2-ci bəndinin işığında “davamedici pozuntular” vurğulanır. Lakin eyni sənədin 13-cü maddəsində deyilir: “Əgər hərəkət baş verən zaman dövlət beynəlxalq öhdəlik daşımırsa, dövlətin həmin hərəkəti beynəlxalq öhdəliyin pozuntusunu təşkil etmir”.
Bu qayda tamamilə aydın şəkildə bizim Məhkəmənin presedent hüququndakı zamana görə (ratione temporis) yurisdiksiyaya dair qaydanı təsdiqləyir. Başqa sözlə, pozuntunun (bizim bu işdə ərizəçilərin tutulmasının və məhkəməyə qədər həbsdə saxlanılmasının) davamedici xarakterini müəyyən etməzdən əvvəl öncə iddia edilən pozuntunun Məhkəmənin zamana görə (ratione temporis) yurisdiksiyası xaricində olmadığına əmin olmaq məqsədəuyğundur.
Avropa Məhkəməsinin presedent hüququnun dayaq sütunlarından biri olan zamana görə (ratione temporis) yurisdiksiyaya dair qayda ilə əlaqədar olaraq mən çox qorxuram ki, bu sütun hazırkı qərardan aşağıdakı çıxarışda yer alan “yurisdiksiya” termininin yükü altında uçulsun: “Məhkəmə hesab edir ki, yuxarıdakı hadisələrlə bağlı ərizəçilər Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada Rusiya Federasiyasının yurisdiksiyasında idilər, baxmayaraq ki, onlar baş verən vaxtda Konvensiya Rusiya Federasiyasına münasibətdə qüvvəyə minməmişdi” (384-cü bəndə bax).
Həqiqətən də nə Moldova, nə də ələlxüsus Rusiya həmin vaxt (1992-ci ildə) Konvensiyanı ratifikasiya etmədiklərinə görə hələ daşımadıqları beynəlxalq öhdəliyi pozmağa görə təqsirləndirilə bilməzlər. Buna görə də adı çəkilən qətnamənin nə 14-cü maddəsi (beynəlxalq öhdəliyin pozuntusunun zaman baxımından uzanması), nə də 15-ci maddəsi (çoxtərkibli (mürəkkəb) aktdan ibarət pozuntu), Məhkəmənin öz qərarında söylədiyinin əksinə olaraq, bu hala tətbiq edilə bilməz (321-ci bəndə bax).
Digər tərəfdən, BHK-nın işindəki fərqli bir müddəa, zənnimcə, Rusiya Federasiyasının iddia edilən məsuliyyətinin nəzərdən keçirilməsinə tam tətbiq edilə bilər, çünki o, fors major fərziyyəsini təsdiq edir:
“Dövlətin hüquqa zidd hərəkəti fors major halı səbəbindən, yəni dövlətin nəzarəti xaricində olan və mövcud şəraitdə onun öhdəliyinin icrasını faktiki olaraq mümkünsüz edən qarşısıalınmaz qüvvə və ya öncədən görülə bilməyən hadisə ucbatından baş veribsə, həmin hərəkət dövlətin beynəlxalq öhdəliyinə zidd hərəkət sayılmır (23-cü maddənin 1-ci bəndi).
Mənim sualım belədir: vətəndaş müharibəsinin yüksək həddə çatdığı situasiya, əgər həmin situasiyanı sadəcə olaraq beynəlxalq hüquq subyekti kimi hələ mövcud olmadığına cavabdeh dövlətin, yəni Rusiya Federasiyasının yaratmadığını nəzərə alsaq, yuxarıda istinad edilmiş 23-cü maddədə nəzərdə tutulan mənada fors major halını təşkil edirdimi?
Mənim fikrimcə, Ribiçin işində Komissiya tərəfindən təsdiqlənmiş belə bir qaydadan kənara çıxa bilməz: cavabdeh dövlətin məsuliyyət daşıyıb-daşımadığını müəyyən edərkən Məhkəmə Konvensiya müddəalarını Konvensiyanın məqsədlərinin əsasında və beynəlxalq hüquq prinsiplərinin işığında tətbiq edir. Komissiya daha sonra bildirdi ki: “Dövlətin onun bütün orqanlarının, nümayəndələrinin və qulluqçularının hərəkətlərindən doğan Konvensiya üzrə məsuliyyəti hökmən həmin dövlətin istər mənəvi, istərsə də hüquqi və ya siyasi mənada hər hansı “təqsirinin” olmasını tələb etmir (Ribiç Avstriyaya qarşı, 4 dekabr 1995-ci il tarixli qərar, A seriyaları, c. 336, Komissiyanın rəyi, s. 37, b. 110).
IV. Konvensiyanın 34-cü maddəsinin pozuntusu
34-cü maddənin Moldova və Rusiya tərəfindən pozulduğu barədə qənaətə gəldikdə, mən sadəcə onu demək istəyirəm ki, oğurlanmış (və ya satın alınmış, bunlar arasında o qədər də fərq yoxdur) sənəddən – diplomatik notadan istifadə edilməsindən şoka düşmüşəm. Mən çətinlik çəksəm də qeyd etməliyəm ki, bu, bütün məhkəmə proseslərində elementar bir prinsipdir ki, qanunsuz yolla əldə edilən sübut nəzərə alına bilməz. Diplomatik notadan hüquqa zidd olaraq sitat gətirməklə (qərarın 278-ci bəndinə bax) və onun məzmununu dəlil kimi nəzərə almaqla (qərarın 481-ci bəndinə bax) “Diplomatik münasibətlərə dair” 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasına, xüsusən də onun –diplomatik missiyaların arxivləri və sənədləri “istənilən vaxt və harada olurlarsa olsunlar, toxunulmaz olmalıdırlar” deyə bəyan edən 24-cü maddəsinə zidd olaraq diplomatik yazışmaların konfidensiallığının pozulmasının həvəsləndirilməsi məncə Avropa məhkəmə orqanına layiq hərəkət kimi görünmür.
Konfidensial məsləhətləşmələr beynəlxalq münasibətlərdə norma praktikadır, üstəlik, bu praktika 19 noyabr 2001-ci il tarixli Rusiya-Moldova müqaviləsi ilə də təsdiqlənib, həmin müqavilənin 3-cü maddəsinin 1-ci bəndində deyilir: “Sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi surətdə sadiq qalaraq, Yüksək Müqavilə Tərəfləri mühüm beynəlxalq problemlərə dair mütəmadi məsləhətləşmələr aparacaqlar. Belə məsləhətləşmələr və fikir mübadilələri ... ATƏT, Avropa Şurası və digər Avropa strukturları çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini əhatə edəcək”. Bundan əlavə, diplomatik notadan məlumatları sızdırmaqla ərizəçilər şikayət hüququndan sui-istifadəyə qarşı normanı (Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi) pozublar və bununla da özlərini bu hərəkətin nəticələrinə görə Məhkəmə praktikasında nəzərdə tutulan məsuliyyətə məruz qoyublar. Amma təəssüf ki, onlar bu aqibəti yaşamayıblar. Ölməz La Fontenin ifadə etdiyi kimi: “Birisi mənə dedi. Mən qisasımı almalıyam”.
V. Konvensiyanın 41-ci maddəsinin tətbiqi
Ərizəçilərə, xüsusən də 2001-ci ildən azadlığa buraxılmış birinci ərizəçiyə təyin olunmuş məbləğlərə gəldikdə, məncə Məhkəmə Konvensiyanın 3-cü və 5-ci maddələrinin pozuntularını müəyyən etdiyi hallarda, hətta ən kobud pozuntu hallarında belə, riayət etdiyi əvvəlki həddən kənara çıxıb. “Məruz qaldığı bütün ziyanlara görə” ərizəçiyə bu yaxınlarda səxavətlə 150.000 avro təyin etdiyi Assanidzenin işində (bu işə yuxarıda istinad edilib) müəyyən edilmiş həddi keçməklə Məhkəmə hazırkı işdə bir az da irəliyə getmiş oldu, ola bilsin ki, ərizəçilərin uzun müddət həbsdə saxlanması səbəbindən belə etdi. Hətta belə olsa da, mənim etiraz etdiyim odur ki, 1 saylı Protokolun 1-ci maddəsinin pozulmadığını qərara almaqla yanaşı, Məhkəmə maddi və mənəvi ziyan məsələsinə toxunmağı zəruri hesab edib və qərarın 489-cu bəndində qeyd edib ki: “Məhkəmə hesab etmir ki, iddia edilən maddi ziyan əsaslıdır, amma ərizəçilərin bilavasitə aşkar edilmiş pozuntular ucbatından gəlirlərini itirdiklərini və əlbəttə ki, məsrəflərə məruz qaldıqlarını güman etməyi əsassız saymır”. Bu arqument, mənim fikrimcə, inandırıcı deyil və gələcək presedent hüququ üçün hətta təhlükəlidir, çünki ehtiyatsızcasına Pandoranın qutusunu açmış olur.
VI. Qərarın yerinə yetirilməsi mümkündürmü?
Nəhayət, mən Məhkəmə qərarını dəqiqliklə icra etməyin, konkret olaraq ərizəçilərin həbsinə son qoymaq üçün suveren Moldovanın başı üzərindən hərəkət etməyin ikinci cavabdeh dövlət üçün obyektiv olaraq mümkün olmadığını anlayıram. (Mən bütün mümkün yanaşmaların işığında qərarın nəticə hissəsinin müddəalarının 22-ci bəndinin “lehinə” səs vermişəm). Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən tələb edilən ümumi tədbirləri görmək hələ də çətin olacaq. Drozd və Yanusekin işində Məhkəmə bildirdi ki: “Konvensiya iştirakçı tərəflərin öz standartlarını üçüncü dövlətlərə və ya ərazilərə tətbiq etməsini tələb etmir” (Drozd və Yanusek Fransaya və İspaniyaya qarşı, 26 iyun 1992-ci il tarixli qərar, A seriyaları, c. 240, s. 34, b. 110). Bunu beynəlxalq hüquq dilinə çevirsək, bu, əlbəttə, o deməkdir ki, nə Konvensiya, nə də hər hansı digər sənəd onları imzalamış dövlətlərdən tələb etmir ki, xarici ölkədə əcnəbinin həbsinə son qoymaq üçün əks-tədbirlər görsünlər – Birləşmiş Millətlər Təşkilatının “Dövlətlərin daxili işlərinə qarışmağın və müdaxilənin yolverilməzliyinə dair” Bəyannaməsi (9 dekabr 1981-ci il tarixli 26/113 saylı qətnamə) hələ də qüvvədədir. Bizim qərarımızı oxuduqdan sonra insanların köhnə Avropanın düz mərkəzində Yeni Hebrid adaları kimi yeni bir ortaq məknın peyda olmasını alqışlaması istisna təşkil edir. Amma mən şübhə edirəm ki, hadisələrin bu cür gedişatı arzuedilən olardı.
[1] ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzi tərəfindən Pridnestrovye münasişəsi mövzusunda hazırlanmış 10 iyun 1994-cü il tarixli informasiya sənədi. ATƏT-in Moldova missiyasının İnternet portalında ingilis dilində nəşr olunmuş sözügedən sənəd “Pridnestrovye münaqişəsi: köklər və əsas məsələlər” adlanır.
Full & Egal Universal Law Academy