İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
LAUTSI VƏ DİGƏRLƏRİ İTALİYAYA QARŞI
(LAUTSI AND OTHERS v. ITALY)
(30814/06 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
18 mart 2011-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
Lautsi və digərləri İtaliyaya qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
sədrJan-Pol Kosta (Jean-Paul Costa),
hakimlər:
Kristos Rozakis (Christos Rozakis),
Nikolas Bratza (Nicolas Bratza),
Peer Lorensen (Peer Lorenzen),
Xosep Kasadeval (Josep Casadevall),
Covanni Bonello (Giovanni Bonello),
Nina Vayiç (Nina Vajić)
Rait Maruste (Rait Maruste),
Anatoli Kovler (Anatoli Kovler),
Sverre Erik Yebens (Sverre Erik Jebens),
Paaivi Hirvelaa (Päivi Hirvelä),
Corcio Malinverni (Giorgio Malinverni),
Corc Nikolau (George Nicolaou),
Ən Pauer (Ann Power),
Zdravka Kalayciyeva (Zdravka Kalaydjieva),
Mihai Poalelungi (Mihai Poalelungi),
Quido Raymondi (Guido Raimondi)
və məhkəmə katibi Erik Friberqdən (Erik Fribergh) ibarət tərkibdə
2010-cu il iyunun 30-da və 2011-ci il fevralın 16-da qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. İş İtaliya vətəndaşı xanım Soile Lautsi (bundan sonra - «birinci ərizəçi») tərəfindən «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın (bundan sonra - «Konvensiya») 34-cü maddəsinə müvafiq olaraq 2006-cı il iyulun 27-də İtaliya Respublikasına qarşı verilmiş ərizə (30814/06 nömrəli) əsasında başlanmışdır. Öz ərizəsində o, bildirmişdir ki, öz adından və o zaman yetkinlik yaşına çatmamış uşaqları Dataiko və Sami Albertinin adından şikayət etmişdir. Sonradan, həmin uşaqlar yetkinlik yaşına çatdıqda ərizəçi qismində çıxış etməkdə qalmalarını təsdiq etmişlər (bundan sonra - «ikinci və üçüncü ərizəçilər»).
2. Ərizəçiləri Roma şəhərində fəaliyyət göstərən vəkil cənab N. Paoletti təmsil etmişdir. İtaliya Hökumətini (bundan sonra – «Hökumət») onun səlahiyyətli nümayəndəsi xanım E. Spatafora və onun müavinləri cənab N. Lettieri və xanım P. Accardo təmsil etmişdir.
3. Ərizəyə baxılması Məhkəmənin İkinci Bölməsinə tapşırılmışdır (Məhkəmə Qaydalarının 52-ci qaydasının 1-ci hissəsi). 2008-ci il iyulun 1-də Fransuaz Tulkens (Françoise Tulkens), Antonella Mularoni, Vladimiro Zagrebelsky, Danute Yosyene (Danutė Jočienė), Draqolyub Popoviç (Dragoljub Popović), András Sajó və İşıl Karakaşdan ibarət həmin Bölmənin Palatası Hökumət ərizə barədə bildiriş göndərmək qərarına gəlmişdir; həmçinin, Palata Konvensiyanın 29-cu maddəsinin 3-cü hissəsi tətbiq edərək ərizənin qəbuledilənliyi və mahiyyəti üzrə qərar qəbul etmək qərarına gəlmişdir.
4. 2009-cu il noyabrın 3-də sədr Fransuaz Tulkens (Françoise Tulkens) və hakimlər İreneu Kabral Baretto (Ireneu Cabral Barreto), Vladimiro Zagrebelsky, Danute Yosyene (Danutė Jočienė), Draqolyub Popoviç (Dragoljub Popović), András Sajó və Işıl Karakaşdan ibarət həmin Bölmənin Palatası ərizəni qəbuledilən elan edərək Konvensiyanın 9-cu maddəsi ilə birlikdə götürüldükdə 1 saylı Protokolun 2-ci maddəsinin pozulduğu, habelə şikayətə Konvensiyanın 14-cü maddəsi nöqteyi-nəzərindən baxılmasının zəruri olmadığı nəticəsinə yekdilliklə gəlmişdir.
5. 2008-ci il yanvarın 28-də Hökumət, Konvensiyanın 43-cü maddəsinə və 73-cü Qaydaya müvafiq olaraq işin Böyük Palataya göndərilməsini xahiş etmişdir. 2010-cu il martın 1-də Böyük Palatanın kollegiyası vəsatəti təmin etmişdir.
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4 və 5-ci hissələrinə və 24-cü Qaydaya müvafiq olaraq müəyyən edilmişdir.
7. Ərizəçilər və Hökumət işin mahiyyətinə dair əlavə yazılı izahatlarını təqdim etmişlər.
8. İşə Palatada baxılmasında iştirak etmiş kollektiv qaydada çıxış etmiş Avropa Parlamentinin otuz üç üzvünə və Yunanıstanın Helsinki Monitor qeyri-hökumət təşkilatına, «Associazione nazionale del libero Pensiero» qeyri-hökumət təşkilatına, «Avropa Hüquq və Ədalət Mərkəzi» (European Centre for Law and Justice) qeyri-hökumət təşkilatına, «Eurojuris» qeyri-hökumət təşkilatına, birlikdə çıxış etmiş «Beynəlxalq Hüquqşünaslar Komitəsi» (International Committee of Jurists), «Interights» və «Human Rights Watch» qeyri-hökumət təşkilatlarına, birlikdə çıxış etmiş «Zentralkomitee der deutschen Katholiken», «Semaines sociales de France» və «Associazioni cristiane lavoratori italiani» qeyri-hökumət təşkilatlarına, habelə Ermənistan, Bolqarıstan, Kipr, Rusiya Federasiyası, Yunanıstan, Litva, Malta, Monako, Rumıniya və San Marino Respublikası hökumətlərinə iş üzrə yazılı izahatları təqdim etməyə icazə verilmişdir (konvensiyanın 36-cı maddəsinin 2-ci hissəsi və 44-cü qaydanın 2-ci hissəsi).
Ermənistan, Bolqarıstan, Kipr, Rusiya Federasiyası, Yunanıstan, Litva, Malta və San Marino Respublikası hökumətlərinə həmçinin məhkəmə iclasında şifahi izahat verməyə icazə verilmişdir.
9. Məhkəmə iclası 2010-cu il iyunun 30-da Strasburqda İnsan Hüquqları Sarayında keçirilmişdir (59-cu qaydanın 3-cü hissəsi).
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişlər:
a) Hökumət tərəfindən
cənab Nikola Lettieri,həm-nümayəndə,
cənab Cuzeppe Albenzio,məsləhətçi;
b) ərizəçi tərəfindən
cənab Nikolo Paoletti,vəkil,
xanım Natalia Paoletti,
xanım Klaudia Sartori,məsləhətçilər;
(c) üçüncü tərəf qismində Ermənistan, Bolqarıstan, Kipr, Rusiya Federasiyası, Yunanıstan, Litva, Malta və San-Marino Respublikası hökumətləri tərəfindən:
cənab Cozef Veyler, Hüquq professoru, Nyu-York Universiteti, vəkil,
cənab Stepan Kartaşyan, Ermənistanın Avropa Şurası yanında Daimi nümayəndəsinin müavini,
cənab Andrey Tehov, səfir, Bolqarıstanın Avropa Şurası yanında Daimi nümayəndəsi,
cənab Yannis Mixilides, Kiprin Avropa Şurası yanında Daimi nümayəndəsinin müavini,
xanım Vasileia Pelekou, Yunanıstanın Avropa Şurası yanında Daimi nümayəndəsinin müavini,
cənab Darius Şimaitis, Litvanın Avropa Şurası yanında Daimi nümayəndəsinin müavini,
cənab Cozef Likari, səfir, Maltanın Avropa Şurası yanında Daimi nümayəndəsi
cənab Georgi Matyuşkin, Rusiya Federasiyasının səlahiyyətli nümayəndəsi
cənab Quido Bellatti Çekoli, San Marino Respublikasının səlahiyyətli nümayəndəsi, məsləhətçilər.
Məhkəmə iclasında cənab Nikolo Paoletti, xanım Natalia Paoletti, cənab Lettieri, cənab Albenzio və cənab Veiler çıxış etmişlər.
FAKTLAR
I. İŞİN HALLARI
10. Birinci ərizəçi və onun iki oğlu Dataiko və Sami Albertin müvafiq olaraq 1957, 1988 və 1990-cı illərdə anadan olmuşlar. Onlar İtaliyada yaşayırlar. 2001-2002-ci dərs ilində Dataiko və Sami Abano Terme şəhərində «Istituto comprensivo statale Vittorino da Feltre» dövlət məktəbinə getmişlər. Məktəbin hər bir sinif otağında divara xaç asılmışdır.
11. 2002-ci il aprel 22-də keçirilmiş məktəb müdirlərinin görüşündə birinci ərizəçinin əri sinif otaqlarında dini rəmzlərin mövcud olması məsələsini, xüsusilə xaçları qeyd etməklə, qaldıraraq onların götürülməsini xahiş etmişdir. 2002-ci il mayın 27-də məktəb müdirləri on səs lehinə iki səs bitərəf olmaqla sinif otaqlarında dini rəmzlərin saxlanmasına səs vermişlər.
12. 2003-cü il iyulun 23-də birinci ərizəçi bu qərardan Veneto İnzibati Məhkəməsinə şikayət verərək, İtaliya konstitusiyasının 3 (bərabərlik prinsipi) və 19-cu (dini etiqad azadlığı) maddələrinə və konvensiyanın 9-cu maddəsinə, habelə dövlət inzibati orqanlarının qərəzsizliyi prinsipinə (Konstitusiyanın 97-ci maddəsi) istinad edərək dünyəvilik prinsipinin pozulduğunu iddia etmişdir.
13. Təhsil, universitetlər və elmi araşdırmalar nazirinin 2002-ci il 3 oktyabr tarixli 2666 nömrəli əmrinə müvafiq olaraq nazirliyin müvafiq struktur bölmələrinə sinif otaqlarında xaçın mövcud olmasının məktəb müdirləri tərəfindən təmin edilməsi vəziyyətinin araşdırılması tapşırılmışdır. (aşağıda 24-cü bəndə bax).
2003-cü il oktyabrın 30-da nazir birinci ərizəçinin verdiyi şikayət üzrə məhkəmə baxışına cəlb edilmişdir. O, iddia etmişdir ki, dövlət məktəblərinin sinif otaqlarında xaçın mövcud olması 1924-cü il 30 aprel tarixli 965 nömrəli kral fərmanına (orta təhsil məktəblərinin daxili qaydaları) və 1928-ci il 26 aprel tarixli 1297 nömrəli kral fərmanına (ibtidai təhsil müəssisələrinə dair ümumi qaydaların təsdiq edilməsi; aşağıda 19-cu bəndə bax) uyğun olduqdan ərizəçinin şikayəti əsassız olmuşdur.
14. İnzibati Məhkəmənin 2004-cü il 14 yanvar tarixli qərarı ilə Konstitusiya Məhkəməsinə 1994-cü il 16 aprel tarixli qanunvericilik aktının (təhsil və məktəblərə dair qüvvədə olan normativ-hüquqi aktların normalarını ehtiva edən vahid mətnin təsdiq edilməsi haqqında) 159 və 190-cı maddələrinin, yuxarıda qeyd edilən kral fərmanlarının 118 və 119-cu maddələrinin «dəqiqləşdirilməsi» hissəsində, habelə həmin qanunvericilik aktının 676-cı maddəsinin dövlətin dünyəvi xarakterinə və Konstitusiyanın 2, 3, 4, 7, 8, 19 və 20-ci maddələrinə uyğunluğu barədə sorğu göndərilmişdir.
159 və 190-cı maddələrində ibtidai və orta təhsil məktəbləri üçün avadanlığın alınması və təchiz edilməsi ilə əlaqədar bələdiyyələrin vəzifələri müəyyən edilmişdir. 1928-ci il fərmanının 119-cu maddəsində hər bir sinif otağında xaçın olması, 1924-cü il fərmanının 118-ci maddəsində isə hər bir sinif otağında kralın portreti və xaçın olması müəyyən edilmişdir. 297 nömrəli qanunvericilik aktının 676-cı maddəsində nəzərdə tutulmuşdur ki, «vahid mətnə zidd olan və ya ona uyğun olmayan, ləğv edilmiş normalar istisna edilməklə», vahid mətnə daxil edilməmiş normalar qüvvədə qalır.
Konstitusiya Məhkəməsi Konstitusiyaya uyğunluq barədə sorğunun qanun qüvvəsinə malik olmayan əsasnamə (yuxarıda qeyd edilən 118 və 119-cu maddələr) olmuş mətnlərin konstitusiya nəzarətinin predmeti ola bilməməsini rəhbər tutaraq 2004-cü il 15 dekabr tarixli 389 nömrəli qərarı ilə məsələni baxılmamış saxlamışdır.
15. 2005-ci il martın 17-də İnzibati Məhkəmə iddianı təmin etməmişdir. Məhkəmə 1924-cü il 30 aprel tarixli kral fərmanının 118-ci maddəsinin və 1928-ci il 26 aprel tarixli kral fərmanının 119-cu maddəsinin qüvvədə olmasını qeyd edərək və «dövlətin dünyəvi xarakteri prinsipinin hal-hazırda Avropanın və qərb demokratiyaların hüquqi miras olduğunu» vurğulayaraq qət etmişdir ki, dövlət məktəblərinin sinif otaqlarında xaçın mövcud olması, onun daşıdığı məna nəzərə alınaraq, bu prinsipə zidd olmamışdır. Məhkəmə, xüsusilə, hesab etmişdir ki, xaçın birmənalı olaraq dini rəmz olmasına baxmayaraq, o, sırf katolisizmin deyil, ümumiyyətlə xristianlığın rəmzi olaraq digər məzhəblərə da aiddir. Məhkəmə həmçinin bildirmişdir ki, xaç tarixi və mədəni rəmz olaraq, bununla əlaqədar [İtaliyanın] və ümumiyyətlə Avropanın tarixi və mədəni inkişafını nümayiş etdirməklə və həmin inkişafın müsbət sintezini təşkil etməklə» İtaliya xalqının «mənsubiyyət dəyəri» olmuşdur. İnzibati Məhkəmə həmçinin müəyyən etmişdir ki, xaç İtaliya Konstitusiyasının bünövrəsində olan dəyərlər sisteminin rəmzi kimi qəbul edilməlidir. Məhkəmə bunu aşağıdakı qaydada əsaslandırmışdır:
«... 11.1. Bu mərhələdə Məhkəmə, kələ-kötür və hərdənbir sürüşkən yolla getdiyindən xəbərdar olsa da, qeyd etməlidir ki, xristianlıqda və onun böyük qardaşı olan yəhudi dinində, ən azı Musadan sonra və məhz Talmud nöqteyi-nəzərindən, inamın əsasında başqalarına münasibətdə dözümlülük və insan ləyaqətinin qorunması olmuşdur.
Tək götürüldükdə, xristianlıqda, misal üçün məlum və tez-tez düzgün başa düşülməyən «Sezara aid olanları Sezara verin və...« sözləri vasitəsilə, insanın yaxınına məhəbbətə xüsusi diqqət yetirməklə və, xüsusilə, mərhəmətə inamın özünə nisbətən daha çox üstünlük verməklə müasir dünyəvi dövlətin və, xüsusən, İtaliya dövlətinin əsaslarını təşkil edən mahiyyətcə həmin dözümlülük, bərabərlik və azadlıq fikirləri əks etdirilir.
11.2 Zahiri görünüş nəzərə alınmasa, iki min il bundan qabaq baş vermiş xristian inqilabını Avropada insanın azadlıq hüququnun təsdiq edilməsi ilə, habelə Maarifçilik dövrünün (tarixi nöqteyi-nəzərdən, həmin hərəkatın dinə ciddi müqavimət göstərməsinə baxmayaraq) əsas elementləri, yəni hər kəsin şəxsi azadlığı, insan hüquqlarının bəyanatı və nəhayət müasir dünyəvi dövlət ilə birləşdirən sapı seçmək mümkündür. Qeyd edilmiş bütün tarixi hadisələr böyük hissədə, lakin, əlbəttə ki, müstəsna olmayaraq, xristian dünya baxışına əsaslanır. Mühakiməli şəkildə qeyd edilmişdir ki, hər bir xaçpərəst «azadlıq, bərabərlik, qardaşlıq» şüarını, üçüncü sözü xüsusilə vurğulasa da, asanlıqla təsdiq edə bilər.
Nəticədə, demək olar ki, müasir dövlətin dünyəvi xarakteri Avropa tarixinin müxtəlif enişli-yoxuşlu yolları ilə çox bahalı qiymətə əldə edilmiş və xristianlığın əsas dəyərlərinə müəyyən dərəcədə şüurlu müraciət etmə buna qismən, lakin, əlbəttə ki, müstəsna olmayaraq, təkan vermişdir. Bu, Avropada və İtaliyada xristian dininə mənsub olan bir çox hüquqşünasların dünyəvi dövlətin ən ciddi tərəfdarları arasında olmasını izah edir....
11.5 Xristianlıq ilə azadlıq arasında bağlılıq, böyük bir hissəsi yerin altında axdığına görə təzəlikcə kəşf edilmiş karst mağarasında axıb gedən çay kimi, mütləq aydın olmayan məntiqi tarixi əlaqə vardır; qismən ona görə ki, dövlətlər ilə kilsələr arasında daimi dəyişən münasibətlərdə kilsələrin dövlət işlərinə qarışmağa çoxsaylı cəhdlərini və, əksinə, xristian ideallarının rəsmən bəyan edilməsinə baxmayaraq onlardan hakimiyyət uğrunda imtina edildiyi, yaxud hökumətlərin və dini orqanların hərdənbir hətta zorakılıqla toqquşduğu çoxsaylı hallarını görmək daha asandır.
11.6 Bundan başqa, keçmişə nəzər salınsa, xristian inamının özəyində, inkvizisiyaya, antisemitizmə və səlib yürüşlərinə baxmayaraq, insan ləyaqəti, dözümlülük və azadlıq , o cümlədən dini etiqad azadlığı prinsiplərini və, bununla, son nəticədə, dünyəvi dövlətin əsaslarını müəyyən etmək olar.
11.7 Tarixi çox yaxından deyil, müəyyən məsafədən, diqqətlə araşdırarkən, xeyirxahlığı hər şeydən, o cümlədən inamdan üstün müəyyən etməklə fərqin məqbul olduğunu vurğulayan xristianlığın «nüvəsi» ilə həmrəylik ruhunda hamının azadlığına əhəmiyyət verən və bununla başqalarına hörmətin hüquqi təminatlarını təşkil edən respublika Konstitusiyasının «nüvəsi» ilə oxşarlığı (eyniliyi yox) aydın görmək olar. İnsan ləyaqəti əsasında qurulmuş həmin özəklər ətrafında vaxt ötdükcə çoxsaylı kənar elementlərin, bəzən özəyi, xüsusilə xristianlığın özəyini bağlamaya biləcək dərəcədə qalın elementlərin artmasına baxmayaraq harmoniya qalmaqdadır....
11.9 Buna görə deyilə bilər ki, bugünkü ictimai reallıqda xaç yalnız tarixi və mədəni inkişafın və bununla əlaqədar olaraq xalqımızın fərdliliyin rəmzi deyil, həmçinin dəyərlər sisteminin, o cümlədən azadlıq, bərabərlik, insan ləyaqəti və dini dözümlülüyün, nəticədə etibarilə, dövlətin dünyəvi xarakterinin, ümumiyyətlə isə Konstitusiyanın əsasında olan prinsiplərin rəmzi kimi qəbul edilə bilər.
Başqa sözlərlə, azadlığa dair konstitusiya prinsiplərinin, şübhəsiz ki, xristianlıq daxil olan bir çox kökləri vardır. Buna görə, uzaq mənbələrindən biri məhz xristian dini olan dünyəvilik naminə dövlət müəssisəsindən xristianlıq rəmzinin götürülməsi paradoksa oxşar bir şey olardı.
12.1 Demək lazımdır ki, məhkəmə keçmişdə xaç rəmzinə təyin olunmuş digər dəyərlərdən, o cümlədən Albertin Statutu dövründə katolisizm rəmzinin dövlət dini kimi başa düşülməsi və, bununla da, hakimiyyəti xristianlaşdırmaq və birləşdirmək üçün istifadə edilməsindən məlumatsız deyil.
Bundan başqa, məhkəmə yaxşı bilir ki, bu gün hələ də xaç rəmzini müxtəlif cür, ilk növbədə isə ümumiyyətlə xristianlığı və xüsusən katolisizmi göstərən sırf dini mənada şərh etmək mümkündür. O, həmçinin bilir ki, dövlət məktəblərinə gedən bəzi şagirdlər xaç rəmzini yenə də fərqli olan dəyərlər ilə, o cümlədən başqa dinlərə nisbətən bir dinə üstünlük verilməsinin əlaməti, yaxud şəxsi azadlığın və bununla dövlətin dünyəvi xarakterinin pozulması, yaxud, uzağı, dövlət dininə müvəqqəti siyasi nəzarətin işarəsi, yaxud inkvizisiya, yaxud lazım olmayan yerdə hətta dinsizlər üçün gizli şəkildə qurulmuş katexizis bələdçisi, yaxud xristian məzhəblərinin xeyrinə təhtəlşüur təbliğat ilə əlaqələndirə bilərlər. Bütün bu nöqteyi-nəzərlərə hörmətlə yanaşmaq olsa da belə, onların hazırkı işə aidiyyəti yoxdur....
12.6 Vurğulanmalıdır ki, bu cür qəbul edilən xaç rəmzi, dözümlülük dəyərlərini nümayiş etdirməklə, hal-hazırda Avropa İttifaqından kənardan olan, bizim sistemin canına keçmiş müxtəlifliyin mövcudluğu prinsiplərini və hər hansı formada, o cümlədən dini və dünyəvi, fundamentalizmdən imtinanı alışdırma tələb edilən bir çox şagirdlərin İtaliyanın dövlət məktəblərinə getməsi faktının nəzərdən keçirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bizim dövr müxtəlif mədəniyyətlərin bizim mədəniyyət ilə üzləşməsindən irəli gələn fermentlə qeyd edilir və bu üzləşmənin toqquşmaya çevrilməsinin qarşısını almaq üçün bizim fərdliyimizi bir daha, hətta rəmzi şəkildə, təsdiq etmək tam zəruridir; xüsusilə ona görə ki, o, hər bir insanın ləyaqətinə hörmət və universal həmrəylik dəyərləri ilə xarakterizə olunur....
13.2 Doğrudan, dini rəmzlərlə ümumiyyətlə məntiqi istisna etmə mexanizmi nəzərdə tutulur, çünki yüksək qüvvəyə inam hər bir dini etiqadın çıxış nöqtəsini təşkil etdikdən, möminlər özlərini mahiyyətcə və əqidəyə görə həqiqətin bir hissəsi kimi qəbul edirlər. Nəticə etibarilə və qaçılmaz olaraq, inanmayan, bununla da yüksək qüvvəyə qarşı çıxan bir şəxslə üzləşən möminin davranışı istisna etmə davranışını təşkil edir....
13.3 İnanmayan şəxsin istisna edilməsi üzrə məntiqi mexanizm, hətta müvafiq şəxsin bundan xəbəri olmasa da, hər bir dini etiqada xasdır və xristianlıq, heç də həmişə olmadığı kimi indi də olmasa da, hətta özlərini xristian adlandıran şəxslərə görə bunu qəbul edən yeganə müstəsna dindir. Xristianlıqda hətta hər şeydən xəbəri olan allaha inam hər birin yaxınına hörmət mənasını daşıyan xeyirxahlıqdan sonra gəlir. Bununla da, xaçpərəst tərəfindən xristian olmayan şəxsə etiraz etmə xristianlığın özünə ciddi etirazı, mahiyyətcə üz döndərməni, təşkil edir; lakin bu, belə davranışı ən uzağı vacib ehkamın pozulması kimi qəbul edən digər dini etiqadlara aid deyil.
13.4 Buna görə, xaç, xristianlığın rəmzi kimi, özünə etiraz etmədən heç kəsi istisna edə bilməz; o, hətta, bir mənada, insanın dini və ya başqa əqidəsindən asılı olmayaraq, onun qəbul olunmasının və ona hörmətin universal rəmzini təşkil edir....
14.1 Əlavə etməyə heç lazım deyil ki, sinif otağında xaç rəmzi, düzgün başa düşüldükdə, hər kəsin sərbəst malik olduğu əqidələrinə aid deyil, heç kəsi istisna etmir və, əlbəttə ki, nəyəsə vadar etmir və nəyisə nəzərdə tutmur, əksinə, müəllimlər tərəfindən mütləq istiqamət verilməli dövlət məktəblərində tədrisin və təhsilin məqsədləri baxımından, dövlətin dünyəvi xarakteri yer tutduğu Konstitusiyada hüquqi əsaslarını tapmış İtaliyanın tarixini və cəmiyyətimizin ümumi dəyərlərini əks etdirir. ...»
16. Birinci ərizəçinin şikayətinə baxmış Consiglio di Stato (Ali İnzibati Məhkəmə) dövlət məktəblərinin sinif otaqlarında divarda xaçın asılmasının 1924-cü il 30 aprel tarixli kral fərmanının 118-ci maddəsinə və 1928-ci il 26 aprel tarixli kral fərmanının 119-cu maddəsinə əsaslanmasını, habelə onun daşıdığı məna nəzərə alınaraq, dünyəvilik prinsipinə uyğun olmasını təsdiq etmişdir. Bununla əlaqədar məhkəmə müəyyən etmişdir ki, İtaliyada xaç İtaliya sivilizasiyasını səciyyələndirən dəyərlərin (dözümlülük, qarşılıqlı hörmət, insanın yüksək qiymətə malik olması, hər kəsin hüquqlarını tanıma, hər kəsin azadlığına hörmətlə yanaşma, hər kəsin mənəvi əqidəsinin hakimiyyətə münasibətdə müstəqil olması, insan həmrəyliyi və hər hansı formada ayrı-seçkilikdən imtina) dini mənbəyini təcəssüm etmişdir. Bu mənada, sinif otaqlarında nümayiş etdirilən xaç, hətta onun xüsusilə aid olduğu dini nöqteyi-nəzərdən fərqli olan «dünyəvi» nöqteyi-nəzərdən, şagirdlərin dini etiqadından asılı olmayaraq, yüksək dərəcədə maarifçilik rəmzi funksiyasını yerinə yetirə bilərdi. Consiglio di Stato qət etmişdir ki, xaç yuxarıda göstərilən dəyərlərin – dövlətin hazırkı hüquq rejimində dünyəviliyi müəyyən edən dəyərlərin əhəmiyyətli mənbəyini əks etdirən rəmz kimi qəbul edilməlidir.
Consiglio di Stato 2006-cı il 13 aprel tarixli öz qərarını (№ 556) aşağıdakı qaydada əsaslandırmışdır:
«....Konstitusiya Məhkəməsi bir çox hallarda müəyyən etmişdir ki, dünyəvilik konstitusiya qanunçuluğunun müəyyən məsələlərini həll edə bilən, dövlətimizin konstitusiya qurulunun ali prinsipini təşkil edir (bir sıra qərarlar arasında, məktəblərdə dini tədrisin məcburi xarakterinə dair və ya kilsə qanununa müvafiq qaydada bağlanmış və qeydiyyata alınmış nikahların qanuniliyinə dair məhkəmələrin səlahiyyətlərinə dair qərarlara bax).
Bu prinsip Konstitusiyamızda dəqiq ifadə edilməmiş, zəngin ideoloji rezonanslara və ziddiyyətlərlə dolu tarixə malik olan prinsip olmaqla, sistemimizin əsas normalarından irəli gələn hüquqi əhəmiyyət kəsb edən prinsipdir. Əslində, Məhkəmə bu prinsipin mənbəyini Konstitusiyanın 2, 3, 7, 8, 19 və 20-ci maddələrində tapır.
Bu prinsipdə yuxarıda qeyd edilən normaların mühüm tərəflərini qısa formada nümayiş etdirən linqvistik rəmz («dünyəvilik») istifadə edilir ki, bu normaların məzmununda həmin rəmzin başa düşülməli və işləməli olduğu şərait müəyyən edilmişdir. Bu müəyyən şərait müəyyən edilmədikdə, «dünyəvilik» prinsipi ideoloji münaqişələrə uğrayacaqdı və hüquq sistemində yalnız çətinliklə tətbiq olunacaqdı.
Belə olan halda, şərait, şübhəsiz ki, hər bir xalqın mədəni ənənələri və adətləri ilə müəyyən edilir, o şərtlə ki, həmin ənənələr və adətlər müxtəlif millətlərdə fərqli olaraq qanunvericilikdə əks etdirilir....
Bu məhkəmə və onun qarşısında qaldırılan məsələ, yəni qanunvericiliyə uyğun qaydada hərəkət edən səlahiyyətli dövlət orqanları tərəfindən sinif otaqlarında xaçın asılmasının qanuniliyi məsələsi kontekstində təcrübədə sadə bir vəzifə yerinə yetirilməlidir – bu tələblə İtaliya dövlətini səciyyələndirən və Konstitusiya Məhkəməsinin dəfələrlə müraciət etdiyi «dünyəvilik» prinsipinin formasını və mahiyyətini müəyyən edən dövlətimizin konstitusiya qulusunun əsas normalarının məzmunun pozulduğunu və ya pozulmadığını müəyyən etmək.
Aydındır ki, xaçın özü – ilk növbədə asıldığı yerdə müxtəlif mənalar daşıya və müxtəlif məqsədlərə xidmət edə bilən rəmzdir.
İbadət yerində xaç, xristian dininin təməlini qoyana hörmətlə yanaşmanı tələb etmək niyyətini daşıdıqdan, zəruri və müstəsna olaraq «dini rəmzdir».
Gənc nəslin təhsili üçün istifadə edilən məktəblər kimi yerlərdə xaçın möminlərin yuxarıdakı dəyərlər barədə həmçinin məlumatlandıra bilməsi ilə yanaşı, onlar və inanmayanlar üçün onun asılması haqlı olaraq dini etiqad baxımından ayrı-seçkilik mənasını daşımır, əgər o, sivil cəmiyyət üçün vacib olan dəyərləri, xüsusilə bizim sivil həyatın əsasını – dövlətimizin konstitusiya quruluşunun əsasını və ruhunu təşkil edən dəyərləri nümayiş etdirmək, habelə süni və dərhal gözə çarpan və qabaqcadan məlum olan qaydada doğurmaq (hər bir rəmz kimi) imkanındadır. Bu mənada xaç, şagirdlərin dini etiqadından asılı olmayaraq, yüksək dərəcədə maarifçilik rəmzi funksiyasını yerinə yetirə bilər.
Hal-hazırda aydındır ki, İtaliyada xaç İtaliya sivilizasiyasını səciyyələndirən həmin dəyərlərin, yəni dözümlülük, qarşılıqlı hörmət, insanın yüksək qiymətə malik olması, hər kəsin hüquqlarını tanıma, hər kəsin azadlığına hörmətlə yanaşma, hər kəsin mənəvi əqidəsinin hakimiyyətə münasibətdə müstəqil olması, insan həmrəyliyi və hər hansı formada ayrı-seçkilikdən imtinanın dini mənbəyini, əlbəttə ki, rəmzi, lakin münasib qaydada təcəssüm etmək imkanındadır.
İtaliya xalqının ənənələrini, həyat tərzini, mədəniyyətini əhatə edən həmin dəyərlər əsas qanunumuzun «Əsas prinsiplər» fəslində və birinci hissəsində nəzərdə tutulan başlıca normalarında və, xüsusən, Konstitusiya Məhkəməsinin istinad etdiyi və İtaliya dövlətinə məxsus dünyəvilik formasını müəyyən edən normalarda öz əsasını tapır.
Xaç vasitəsilə həmin dəyərlərin dini mənbəyini və müvafiq olaraq onların xristian doktrinası ilə tam uyğunluğunu göstərmə müvafiq dəyərlərin İtaliya dövlətinin bəyan etdiyi onun əsas quruluşuna xas olan müəyyən şəraitə uyğunlaşmış hədsiz mənbələrini, müvəqqəti hakimiyyətin və ruhani hakimiyyətin müstəqil olmasını (Konstitusiyada bərabər şərhi olmayan dünyəviliyin ruhani şərhindəki kimi bir-birinə zidd olmadan) şübhəyə almadan təsdiq etməklə və onların xüsusi «dünyəvi» xarakterinin hər hansı tərkib hissəsini ayırmadan nümayiş etdirir. Buna görə, həmin dəyərlər sivil cəmiyyətdə dini cəmiyyətə münasibətdə müstəqil surətdə, onları icad edən və təmin edən hər hansı məzhəbə mənsubiyyətdən asılı olmayaraq hamı tərəfindən «dünyəvi» surətdə müdafiə oluna bilməklə həyata keçirilir.
Hər bir rəmzlə əlaqədar olduğu kimi, xaça da müxtəlif mənalar təyin etmək olar; hətta onun rəmzi mənası rədd edilə və ondan uzağı incəsənət dəyəri olan bəzək düzəldilə bilər. Eyni zamanda, sinif otağında asılmış xaç nə dekorativ əşya olan bəzək, nə də ibadət yerinin nişanı sayıla bilməz. Əslində, o, yuxarıda qeyd edilən sivil dəyərlərin, dövlətin bugünkü hüquq sistemində dünyəviliyi müəyyən edən dəyərlərin əhəmiyyətli mənbələrini göstərə bilən rəmz kimi qəbul edilə bilər....»
II. MÜVAFİQ MİLLİ HÜQUQUN VƏ TƏCRÜBƏNİN İNKİŞAFI
17. İbtidai məktəblərin sinif otaqlarında xaç asmaq öhdəliyi Pyedmon-Sardiniya Krallığının 1859-cu il 13 noyabr tarixli 3725 nömrəli Qanuna müvafiq qaydada elan edilmiş 1860-cı il 15 sentyabr tarixli 4336 nömrəli kral fərmanının 140-cı maddəsində təsbit edilmişdir: «hər bir məktəb, heç bir istisnaya yol verilmədən, xaç ilə təchiz edilməlidir».
İtaliya dövlətinin yaradıldığı 1861-ci ildə Pyedmon-Sardiniya Krallığının Statutu İtaliya Krallığının Konstitusiyası qüvvəsini almışdır; burada, xüsusilə, nəzərdə tutulmuşdur ki, «Roma Katolik Apostol dini dövlətin yeganə dinidir digər məzhəblərə qanuna müvafiq surətdə dözümlüklə yanaşılır».
18. 1870-ci il sentyabrın 20-də Romanın İtaliya ordusu tərəfindən zəbt edilməsi və, nəticədə, şəhərin yeni İtaliya Krallığına birləşdirilməsi və onun paytaxtı elan edilməsi dövlətlə Katolik Kilsə arasında münasibətlərdə böhrana səbəb olmuşdur. 1871-ci il 13 may tarixli 214 nömrəli Qanunda İtaliya dövləti birtərəfli qaydada Kilsə ilə münasibətləri tənzimləmiş, Roma Papasına dini fəaliyyəti lazımi surətdə həyata keçirmək üçün bir sıra imtiyazlar verilmişdir. ərizəçilərə görə, məktəblərdə xaçın asılması tədricən istifadədən düşmüşdür.
19. Faşist dövründə sinif otaqlarında divara xaçın asılmasına dair öhdəliyə əməl olunmasını təmin etmək məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
Misal üçün, 1922-ci il noyabrın 22-də Təhsil Nazirliyi aşağıdakı sözləri əks etdirən sirkulyarı (№ 68) təsdiq etmişdir: « son bir neçə ildə Krallığın bir çox ibtidai məktəbində İsanın təsviri və Kralın portreti götürülmüşdür. Bu, qanunvericiliyin açıq-aşkar və dözülməz pozulmasını, habelə dövlətin hökmranlıq edən dininə və millətin vahidliyinə qarşı hücumu təşkil edir. Buna görə, biz Krallığın bütün bələdiyyə inzibati orqanlarına əmr edirik ki, inamın və dövlətçilik şüurunun iki müqəddəs rəmzi olmadığı məktəblərdə bunları bərqərar etsinlər.»
1924-cü il aprelin 30-da 965 nömrəli kral fərmanı imzalanmışdır. Bu fərmanla orta təhsil məktəblərinin daxili qaydaları (ordinamento interno delle giunte e dei regi istituti di istruzione media) təsdiq edilmişdir. 118-ci maddədə aşağıdakılar nəzərdə tutulmuşdur:
«Hər bir məktəbdə dövlət bayrağı, hər bir sinif otağında isə xaç və Kralın portreti olmalıdır».
İbtidai təhsil məktəblərinin daxili qaydalarının təsdiq edilməsi haqqında (approvazione del regolamento generale sui servizi dell’istruzione elementare) 1928-ci il 26 aprel tarixli 1297 nömrəli kral fərmanının 119-cu maddəsində nəzərdə tutulmuşdur ki, xaç «sinif otaqlarının zəruri avadanlığının və təchizatının» tərkib hissəsini təşkil etməlidir.
20. 1929-cu il fevralın 11-də imzalanmış Lateran Paktları İtaliya dövləti ilə Katolik Kilsənin «Barışmasını» təsbit etmişlər. Katolisizm İtaliyanın rəsmi dini bəyan edilmiş və Barışma Müqaviləsinin 1-ci maddəsində aşağıdakılar deyilmişdir:
«İtaliya 1848-ci il 4 may tarixli İtaliya Konstitusiyasının 1-ci maddəsində təsbit edilmiş, Roma Katolik Apostol dininin yeganə dövlət dini olması barədə prinsipi tanıyır və təsdiq edir.»
21. 1948-ci ildə qəbul edilmiş respublika Konstitusiyasının 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, «Dövlət və Katolik Kilsə, hər birisi öz quruluşunda, müstəqil və suverendir...onların münasibətləri Lateran paktları ilə tənzimlənir [və] hər iki tərəfin qəbul etdiyi düzəlişlər üçün isə Konstitusiyanın dəyişməsinə dair prosedur tələb edilmir.» 8-ci maddədə nəzərdə tutulmuşdur ki, bütün dini məzhəblər qanun qarşısında bərabər surətdə azaddır...Katolisizmdən başqa dini icmaların İtaliyanın dövlət quruluşuna zidd olmayan qaydada öz qanunlarına müvafiq təşkilatlanmaq hüququ vardır [və] onların dövlətlə münasibətləri onların müvafiq nümayəndələri ilə razılaşma əsasında qanunla müəyyən edilir».
22. 1985-ci il 25 mart tarixli 121 nömrəli Qanunla təsdiq edilmiş 1984-cü il 18 fevral tarixli yeni konkordatın Protokolunda bildirilir ki, Lateran Paktlarda təsbit edilmiş, Katolik dininin yeganə dövlət dini olması barədə prinsip qüvvədən düşür.
23. Dövlət məktəblərində katolik dini üzrə dərslərin qeyri-məcburi xarakteri məsələsi qaldırıldığı iş üzrə çıxarılmış 1989-cu il 12 aprel tarixli (203 nömrəli) qərarda Konstitusiya Məhkəməsi dünyəvilik prinsipinin Konstitusiyadan irəli gəldiyini müəyyən edərək qət etmişdir ki, bu prinsiplə dövlətin dinlərə qarşı laqeyd qalması deyil, əksinə konfessional və mədəniyyət plüralizmi kontekstində dini etiqad azadlığının müdafiəsinin təmin etməsi nəzərdə tutulur.
Hazırkı işdə dövlət məktəblərində sinif otaqlarında xaçın olmasının dünyəvilik prinsipinə uyğunluğu məsələsinə baxaraq Konstitusiya Məhkəməsi xaçın asılması əsasnamələrdə tələb edildikdən məsələyə baxmaq səlahiyyətinə malik olmadığını qət etmişdir (2005-ci il 15 dekabr tarixli 389 nömrəli qərar; yuxarıda 4-cü bəndə bax). Bu məsələyə baxmış Consiglio di Stato müəyyən etmişdir ki, xaçın daşıdığı məna nəzərə alınaraq onun dövlət məktəblərinin sinif otaqlarında asılması dünyəvilik prinsipinə uyğun olmuşdur (2006-cı il 13 fevral tarixli 556 nömrəli qərar; yuxarıda 16-cı bəndə bax).
Digər bir işdə, səsvermə məntəqəsində divarda xaçın asılmasına görə həmin məntəqədə seçki komissiyasının işində iştirak etməkdən imtina ilə əlaqədar cinayət təqibi kontekstində Kassasiya Məhkəməsi Consiglio di Stato-nun qəbul etdiyi mövqeyinə əks mövqe tutmuşdur. Konstitusiya Məhkəməsinin 2000-ci il 1 mart tarixli (39 nömrəli) qərarında müəyyən edilmişdir ki, xaçın asılması dünyəvilik və dövlətin qərəzsizliyi prinsiplərini, habelə həmin rəmzə hər hansı bağlılığı qəbul etməyənlərin vicdan azadlığını pozmuşdur. Konstitusiya Məhkəməsi xaçın «bütün sivilizasiyanın və kollektiv etik şüurun» rəmzi olması, habelə – və burada Konstitusiya Məhkəməsi Consiglio di Stato-nun 1988-ci il 27 aprel tarixli (63 nömrəli) rəyində istifadə edilmiş anlayışları sitat gətirmiş – «hər hansı müəyyən dini məzhəbdən asılı olmayan universal dəyəri» olması onun asılmasına bəraət qazandırması barədə dəlili aydın surətdə rədd etmişdir.
24. 2002-ci il oktyabrın 3-də təhsil, universitetlər və elmi araşdırmalar naziri aşağıdakı (2666 nömrəli) təlimatı imzalamışdır:
«...Nazir
...Xaçın sinif otaqlarında asılmasını qüvvədə olan normalara əsaslandığını, bunun dini plüralizmi və ya İtaliya məktəblərində çox mədəniyyətli təhsilin məqsədlərini pozmadığını, habelə onun hər hansı müəyyən məzhəbə işarə etmədiyinə, əksinə xristian sivilizasiyasının və mədəniyyətinin ifadəsi təşkil etdiyinə görə bunun Konstitusiya ilə təmin olunan vicdan azadlığının məhdudlaşdırılması kimi sayıla bilmədiyini və buna görə bəşəriyyətin ümumi irsinin bir hissəsini təşkil etdiyini nəzərə alaraq;
Müxtəlif fikrilər, əqidələr və inamlar ilə əlaqədar olaraq, bütün məktəblərdən, onların müstəqilliyi hüdudlarında və onların səlahiyyətli kollegial orqanlarının qərarı ilə, hər hansı öhdəlik olmadan və ya müəyyən saatlar təyin edilmədən, məktəb icmasının üzvləri üçün düşünmək və meditasiya məqsədləri üçün istifadə edilən otaqların bir qisminin ayrılmasının tələb edilməsinin məqsədəuyğunluğunu nəzərə alaraq;
Aşağıdakı təlimatı imzalayır:
Nazirliyin səlahiyyətli xidməti ... aşağıdakıları təmin etmək üçün zəruri tədbirlər həyata keçirir:
1) sinif otaqlarında xaçın asılmasının məktəb direktorları tərəfindən təmin edilməsi;
2) bütün məktəblərdə, onların müstəqilliyi hüdudlarında və onların səlahiyyətli kollegial orqanlarının qərarı ilə, hər hansı öhdəlik olmadan və ya müəyyən saatlar təyin edilmədən, istifadə edilən otaqların bir qisminin məktəb icmasının üzvləri üçün düşünmək və meditasiya məqsədləri üçün ayrılması....».
25. Konstitusiyanın 19, 33 və 34-cü maddələrində aşağıdakılar deyilir:
Maddə 19
«Hər kəs, cəmiyyətin mənəviyyatına zidd olmamaq şərti ilə, təkbaşına və ya başqaları ilə birlikdə öz dini inamını hər hansı formada bəyan etmək, habelə onları təşviq etmək və açıq və ya gizli şəkildə ayinləri keçirmək hüququna malikdir.»
Maddə 33
«Respublika sərbəst qaydada tədris oluna bilən incəsənət və elm azadlığını təmin edir.
Respublika təhsinin ümumi qaydalarını təsbit edir və bütün növ və dərəcə dövlət məktəblərini yaradır...»
Maddə 34
«Məktəblər hər kəs üçün açıqdır.
Ən azı səkkiz il tədris edilən ibtidai təhsil icbaridir və pulsuzdur....»
III. DÖVLƏT MƏKTƏBLƏRİNDƏ DİNİ RƏMZLƏRİN OLMASI İLƏ ƏLAQƏDAR AVROPA ŞURASININ ÜZV DÖVLƏTLƏRİNDƏ HÜQUQ VƏ TƏCRÜBƏNİN İCMALI
26. Avropa Şurası üzv dövlətlərinin böyük əksəriyyətində dövlət məktəblərində dini rəmzlərin olması məsələsi hər hansı müəyyən qanunvericilik aktı ilə tənzimlənmir.
27. Dövlət məktəblərində dini rəmzlərin olması yalnız bir neçə üzv dövlətdə aydın qaydada qadağan edilir: Keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Fransa (Elzas və Mozel departamenti istisna edilməklə) və Gürcüstan.
Dövlət məktəblərində dini rəmzlərin olması, İtaliyaya əlavə olaraq, yalnız bir neçə üzv dövlətdə, xüsusilə Avstriyada, Almaniyanın (Länder) və İsveçrənin (communes) müəyyən inzibati bölgələrində, habelə Polşada aydın qaydada tələb edilir. Buna baxmayaraq, bu cür rəmzlər bu məsələ xüsusi olaraq tənzimlənmədiyi bəzi üzv dövlətlərin, o cümlədən İspaniya, Yunanıstan, İrlandiya, Malta, San Marino və Rumıniyanın dövlət məktəblərində mövcuddur.
28. Məsələ bir sıra üzv dövlətlərinin ali məhkəmələri tərəfindən baxılmışdır.
İsveçrədə Federal Məhkəmə ibtidai sinif otaqlarında xaçın olmasını tələb edən kommunanın qərarının Federal konstitusiyada təsbit edilmiş konfessional neytrallıq tələblərinə uyğun olmamasını qət edərək, məktəbin digər otaqlarında divarda xaçın asılmasını tənqid etməmişdir (26 sentyabr 1990-cı il; ATF 116 1a 252).
Almaniyada Federal Konstitusiya Məhkəməsi qət etmişdir ki, Bavariyanın oxşar qərarı dövlətin bitərəfliyi prinsipinə zidd olmuş və katolik olmayan uşaqların dini etiqad azadlığı ilə uyğun gəlməmişdir (16 may 1995-ci il; BVerfGE 93,1). Bunda sonra, Bavariyanın parlamenti əvvəlki qaydanın qoruyub saxlayan, lakin uşaqların getdiyi siniflərdə xaçın olmasından şikayət edən valideynlər üçün öz dini və ya dünyəvi əqidələrini bildirmək imkanını yaradan və zəruri hallarda kompromisin əldə edilməsi və ya məsələnin fərdi qaydada həll edilməsi mexanizmini müəyyən edən yeni qərar qəbul etmişdir.
Polşada Ombudsman təhsil nazirinin dövlət məktəblərində xaçın asılması mümkünlüyü barədə 1992-ci il 14 aprel tarixli qərarı ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsi qət etmişdir ki, xaçın asılması məcburi olmadığından, bu tədbir vicdan və dini etiqad azadlığı, habelə Konstitusiyanın 82-ci maddəsi ilə təmin edilən Kilsəni dövlətdən ayrılması prinsipi ilə uyğun olmuşdur (1993-cü il 20 aprel tarixli U 12/32 nömrəli qərar).
Rumıniyada dövlət təhsil müəssisələrində dini rəmzlərin olması məsələsinin tənzimlənməsinin və, xüsusilə, bu cür rəmzlərin yalnız dinə aid dərslərdə və ya dini dərslər üçün istifadə olunan sinif otaqlarında nümayiş edilməsinə icazə verilməsinin Təhsil Nazirliyinə tövsiyə edilməsi barədə Ayrı-seçkiliyin Qarşısının Alınması üzrə Milli Şuranın 2006-cı il 21 noyabr tarixli qərarı Ali Məhkəmə tərəfindən ləğv edilmişdir. Ali Məhkəmə xüsusən müəyyən etmişdir ki, təhsil müəssisələrində bu cür rəmzlərin nümayiş edilməsi məsələsi müəllimlər, şagirdlər və şagirdlərin valideynləri tərəfindən birgə həll edilməlidir (2008-ci il 11 iyun tarixli 2393 nömrəli qərar).
İspaniyada Kastilya və Leon vilayətinin Ali Məhkəməsi dünyəvi təhsil naminə mübarizə aparan birliyin dini rəmzlərin məktəblərdən götürülməsi barədə şikayətinə baxaraq müəyyən etmişdir ki, şagirdin valideynlərinin əsaslandırılmış müraciəti məktəbə daxil olduqda bu cür rəmz götürülməlidir (2009-cu il 14 dekabr tarixli 3250 nömrəli qərar).
HÜQUQİ MƏSƏLƏLƏR
I. 1 SAYLI PROTOKOLUN 2-Cİ MADDƏSİNİN VƏ KONVENSİYANIN 9-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
29. ərizəçilər ikinci və üçüncü ərizəçinin getdiyi dövlət məktəbində sinif otaqlarının divarlarında xaçın asılması ilə əlaqədar şikayət etmişlər. Onlar iddia etmişlər ki, bu, aşağıdakı mətndə 1 saylı Protokolun 2-ci maddəsi ilə təmin olunan təhsil hüququnu pozmuşdur:
«Heç bir şəxsin təhsil hüququ rədd edilə bilməz. Dövlət tərbiyə və təhsil sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi məsləklərə uyğun olan belə tərbiyəni və təhsili təmin etmək hüququna hörmət edir.»
Onlar həmçinin bildirmişlər ki, bu, aşağıdakılar nəzərdə tutulan Konvensiyanın 9-cu maddəsində təsbit edilmiş onların fikir, vicdan və din azadlığını pozmuşdur:
«1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, habelə təkbaşına və ya başqaları ilə birlikdə və acıq, yaxud gizli qaydada öz dininə və ya əqidəsinə ibadət, təhsil, dini ayinlər və mərasimlər vasitəsilə etiqad etmək azadlığı daxildir.
2. Öz dininə və əqidəsinə etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.»
A. Palatanın qərarı
30. Palatanın 2009-cu il 3 noyabr tarixli qərarında qət edilmişdir ki, Konvensiyanın 9-cu maddəsi ilə birlikdə götürüldükdə 1 saylı Protokolun 2-ci maddəsi pozulmuşdur.
31. İlk növbədə, Palata Məhkəmənin presedent hüququnda müəyyən edilmiş 1 saylı Protokolun 2-ci maddəsinin şərhinə aid prinsiplərindən dövlətin insanların ondan asılı olduğu yerlərdə və ya onların xüsusilə zəif olduğu yerlərdə, hətta dolayısı ilə, əqidəni zorla qəbul etdirməkdən çəkinmək öhdəliyini çıxararaq, vurğulamışdır ki, bununla əlaqədar uşaqların məktəblərdə tədrisi xüsusilə həssas sahəni təşkil etmişdir.
Məhkəmə həmçinin bildirmişdir ki, xaçın daşıya bildiyi müxtəlif mənalar arasında dini məna üstünlük təşkil etmişdir. Buna görə, Məhkəmə hesab etmişdir ki, sinif otaqlarında xaçın məcburi və açıq-aşkar görünən surətdə nümayiş etdirilməsi o zaman uşaqları dövlət məktəbinə getmiş birinci ərizəçinin dünyəvi baxışları ilə ziddiyyət təşkil etməkdən əlavə, xristian dininə etiqad etməyən və ya ümumiyyətlə heç bir dinə etiqad etməyən şagirdlər üçün emosional baxımdan təhlükəli olmuşdur. Bununla əlaqədar olaraq Palata vurğulamışdır ki, «mənfi» mənada dini etiqad azadlığı dini ayinlərin və ya dini təhsilin olmaması ilə məhdudlaşmır: o, xüsusilə və ya ümumiyyətlə, əqidəni, dini və ya ateizmi ifadə edən ayinləri və rəmzləri əhatə edir. Palata əlavə etmişdir ki, əqidə dövlət tərəfindən ifadə edildikdə, təriqətçilər isə qeyri-mütənasib səylər və qurbanlar vermədən özlərini ifşa edə bilmədiyi vəziyyətdə olduqda, bu «mənfi hüquq» xüsusi müdafiəyə layiq olmuşdur.
Palataya görə, dövlətin məktəbə getmə dindən asılı olmayaraq məcburi olan, habelə şagirdlərə tənqidi fikir yeritmək vərdişini aşılamağa çalışan dövlət təhsil sistemində konfessional neytrallığı qorumaq vəzifəsi vardır. Bundan əlavə, o, qeyd etmişdir ki, İtaliyada əksəriyyətin etiqad etdiyi dinlə əlaqələndirilə bilən rəmzin dövlət məktəblərinin sinif otaqlarında nümayiş etdirilməsinin, anlayışın Konvensiya mənasında, «demokratik cəmiyyətin» qorunub saxlanılması üçün zəruri olan təhsil plüralizminə necə xidmət etməsini müəyyən edə bilməmişdir.
32. Palata nəticəyə gəlmişdir ki, «hökumət nəzarəti altında olan müəyyən hallar ilə əlaqədar dövlət hakimiyyətinin yerinə yetirilməsində, xüsusilə sinif otaqlarında müəyyən inamın rəmzinin məcburi surətdə nümayiş etdirilməsi valideynlərin öz uşaqlarına öz əqidəsinə uyğun olan təhsil vermək hüququnu və şagirdlərin inanmaq və ya inanmamaq hüququnu məhdudlaşdırmışdır». Belə təcrübə həmin hüquqları ona görə pozmuşdur ki, «məhdudiyyətlər dövlətin dövlət hakimiyyətini yerinə yetirməkdə, xüsusilə təhsil sahəsində neytrallığa əməl etmək vəzifəsi ilə uyğun deyildir» (qərarın 57-ci bəndi).
B. Tərəflərin dəlilləri
1. Hökumət
33. Hökumət ərizənin qəbuledilməzliyi ilə bağlı etiraz bildirməmişdir.
34. Hökumət təəssüflənmişdir ki, Palata dövlətlə din arasında münasibətlərə, habelə dövlət məktəblərində dini rəmzlərin nümayiş etdirilməsi məsələsinə dair müqayisəli hüquq araşdırmalarına müraciət etmədi. Bildirilmişdir ki, Palata özünü əhəmiyyətli elementdən məhrum etmişdir, çünki belə araşdırma Avropada bu sahələrdə ümumi yanaşmanın olmadığını göstərərdi və buna görə üzv dövlətlərin xüsusilə geniş təqdir səlahiyyətinə (dövlətin öz mülahizəsinə uyğun qərar qəbul etmək səlahiyyəti – tərcüməçinin qeydi) malik olması barədə nəticəyə gətirib çıxara bilərdi; nəticə etibarilə, Palata öz qərarında həmin təqdir səlahiyyətini nəzərə almamış və bununla problemin bir əsas tərəfinə əhəmiyyət verməmişdir.
35. Hökumət Palatanın qərarını həmçinin, neytrallıqla dövlət orqanları tərəfindən bütün dinlərin nəzərə alınması tələb edildiyi halda, konfessional «neytrallıq» anlayışından dövlətlə müəyyən din arasında hər hansı əlaqələri istisna edən prinsipin çıxarılması görə tənqid etmişdir. Buna görə, qərar «neytrallıq» («inklüziv anlayış») ilə «dünyəvilik» («eksklüziv anlayış») arasında ziddiyyətə əsaslanmışdır. Bundan başqa, Hökumətin fikrincə, neytrallıq belə məna daşıyır ki, dövlət müəyyən dinindən əlavə ateizmi də təbliğ etməkdən çəkinməlidir, çünki dövlət tərəfindən «dünyəviliyin» təşviq edilməsi dövlət tərəfindən proselitizmdən az problemli deyil. Buna görə, Palatanın qərarı anlaşılmazlığa əsaslanmış və ərizəçinin Ateistlər və rasional aqnostiklər birliyinin üzvü kimi ciddi müdafiə etdiyi qeyri-dini və anti-dini yanaşmaya üstünlük vermişdir.
36. Hökumət həmçinin iddia etmişdir ki, ayrı-ayrı şəxslərin eyni rəmzi müxtəlif qaydada şərh edə bilməsi nəzərə alınmalı idi. Bu, yalnız dini rəmz kimi deyil, həmçinin mədəni və şəxsiyyət ilə bağlı rəmz, demokratiyanın və qərbi sivilizasiyanın əsaslarını təşkil etmiş prinsiplərin və dəyərlərin rəmzi kimi qəbul edilə bilən xaç rəmzinə xüsusən aid olmuşdur; misal üçün, o, bir sıra Avropa ölkələrinin bayraqlarında əks etdirilmişdir. Hökumətin fikrincə, «təsvirin» müəyyən hissləri canlanmaq qüvvəsindən asılı olmayaraq, bu, insanlara «aktiv davranışın» təsiri ilə müqayisə oluna bilinməyən təsirə malik olan «passiv rəmz» olmuş və hazırkı işdə heç kəs iddia etməmişdir ki, sinif otaqlarında xaçın olması İtaliyada təmin olunan təhsilin məzmununa təsir göstərmişdir.
Xaçın nümayiş etdirilməsi İtalyanın tarixi, mədəni və ərazi inkişafına, habelə katolisizm dəyərlərinə dərin və davamlı bağlılığa xas olan dövlət, xalq və katolisizm arasında sıx əlaqələri ilə səciyyələnən «milli xüsusiyyətin» ifadəsi olmuşdur. Buna görə məktəblərdə xaçın saxlanılması əsrlər boyu davam edən ənənələrin qorunması məsələsi idi. Hökumət iddia etmişdir ki, valideynlərin onların «ailə mədəniyyətinə» hörmətlə yanaşma hüququ cəmiyyətin öz mədəniyyəti barədə məlumatı təqdim etmək hüququnu və uşaqların bu məlumatı almaq hüququnu pozmamalıdır. Bundan başqa, təhsil və dini etiqad azadlığı hüquqlarının pozulmasını müəyyən edərək emosional narahatlığın «potensial təhlükəsi» qənaətinə gəlməklə Palata həmin müddəaların əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirmişdir.
37. Hökumət xüsusən «Otto Preminqer İnstitutu Avstriyaya qarşı» (Otto-Preminger-Institut v. Austria) işi üzrə 1994-cü il 20 sentyabr tarixli qərara (Series A no. 295-A) istinad edərək iddia etmişdir ki, katolik dininin italyanların əksəriyyətinin dini olması faktı nəzərə alınması zəruri olsa da, bu, Palatanın etdiyi kimi, ağırlaşdıran şərait kimi qəbul edilməməlidir. Əksinə, Məhkəmə milli ənənələri və üstünlük təşkil edən xalq hisslərini etiraf etməli və ziddiyyətli maraqlar arasında tarazlığın təmin edilməsi məsələsini hər bir dövlətin mülahizəsinə verməlidir. Bundan əlavə, Məhkəmənin presedent hüququnda təsbit edilmişdir ki, əksəriyyətin etiqad etdiyi dinin üstünlüyünü müəyyən edən məktəbin təhsil proqramı və ya qanunvericilik müddəaları özü-özlüyündə dövlət tərəfindən lüzumsuz təsiri və ya ideoloji təlqinə cəhdi nümayiş etdirmir, Məhkəmə isə dövlətlə din arasında münasibətlərə dair konstitusiya ənənələrinə və prinsiplərinə, o cümlədən hazırkı işdə İtaliyada üstünlük təşkil edən dünyəviliyə xüsusi yanaşmaya hörmət etməli və hər bir dövlətin kontekstində nəzərə almalıdır.
38. Bundan əlavə, Hökumət, 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsinin yalnız məktəbin təhsil proqramına münasibətdə tətbiq edildiyini hesab edərək, birinci ərizəçinin uşaqlarının təhsil aldığı sinif otaqlarında sadəcə xaçın nümayiş etdirilməsi ilə onun uşaqlara öz baxışlarına uyğun tərbiyə vermək imkanını xeyli dərəcədə necə azaltdığını heç cür izah etmədən, yeganə əsas kimi uşaqlarda müəyyən dinin nişanı olan şəraitdə təhsil almaları hissinin yaradılması gətirilməklə pozuntunun müəyyən edilməsinə görə Palatanın qərarını tənqid etmişdir. Məhkəmənin presedent hüququnun meyarları nəzərə alınmaqla baxıldıqda bu əsas yanlış olmuşdur; həmin meyardan görünür ki, birincisi, Konvensiya ilə üzv-dövlətlərdə dövlət dininin olmasının, yaxud müəyyən dinə üstünlük verilməsinin, yaxud şagirdlərə üstünlük təşkil edən dinlə bağlı daha geniş təhsil proqramının nəzərdə tutulması qarşısı alınmır, ikincisi isə, valideynlərin tərbiyə imkanlarının məktəbin imkanlarından daha böyük olması nəzərə alınmalıdır.
39. Hökumətin fikrincə, xaçın sinif otaqlarında nümayiş etdirməsi uşaqların onların birləşməsi gözlənilən milli icmanı anlamaq imkanının artırılmasına qanuni yardım göstərmişdir. «Mühit təsiri» hətta ona görə mümkün deyildi ki, İtaliyada uşaqlar hər hansı formada proselitizm istisna edilən qərəzsiz şəraitdə onlara din məsələsinə tənqidi yanaşmanı inkişaf etdirməyə kömək edən təhsil almışlar. Bundan başqa, İtaliya azlıq təşkil edən dinlərə məktəb şəraitində iltifatlı yanaşmanı seçmişdir: hal-hazırda İtaliya qanunvericiliyində hicab və ya dini məna daşıyan digər paltar və ya rəmz geymək hüququ müəyyən edilir; məktəblərdə adətən Ramazan ayının başlanması və qurtarması qeyd edilir; bütün tanınmış məzhəblər üçün dini təhsilə icazə verilir; azlıq təşkil edən etiqadlara mənsub şagirdlərin ehtiyacları isə nəzərə alınır, məsələn, yəhudi uşaqlar şənbə günü imtahana gəlməmək hüququna malikdirlər.
40. Nəhayət, Hökumət sinif otaqlarında xaçın olmasını arzulayan valideynlərin hüququnu nəzərə almaq zəruriliyini vurğulamışdır. Bu, İtaliya əhalisinin əksər hissəsinin arzusu, habelə hazırkı işdə məktəbin idarə orqanının, demək olar ki, bütün üzvlərinin demokratik qaydada ifadə etdiyi arzusu olmuşdur. Belə şəraitdə xaçın sinif otaqlarından götürülməsi «azlıq vəziyyətindən sui-istifadə» təşkil edərdi və dövlətin şəxslərə öz dini ehtiyaclarını ödəməyə yardım göstərmək vəzifəsinə zidd olardı.
2. Ərizəçilər
41. Ərizəçilər bildirmişlər ki, ikinci və üçüncü ərizəçinin getdiyi dövlət məktəbinin sinif otaqlarında xaçın olması onların fikir və vicdan azadlığı hüququna qanunsuz müdaxiləni təşkil etmiş, eləcə də bu, baxışların formalaşdığı yerdə dövlətin müəyyən dinə üstünlük verməsinin ifadəsi olduğuna görə təhsil plüralizmi prinsipini pozmuşdur. Dövlət belə üstünlüyü ifadə etməklə həmçinin azyaşlıların hər hansı formada təbliğat və təlqindən xüsusi qaydada müdafiə edilməsinə dair öz öhdəliyinə əhəmiyyət verməmişdir. Bundan başqa, ərizəçilərə görə, bununla təhsil şəraitinin üstünlük təşkil edən dinin rəmzi ilə nişanlanmasından, onların şikayət etdiyi xaçın nümayiş etdirilməsi ikinci və üçüncü ərizəçinin tənqidi fikir yeritmək imkanının inkişafına yönəlmiş açıq və plüralist təhsil almaq hüququ pozulmuşdur. Nəhayət, birinci ərizəçi dünyəviliyin lehinə olduqdan, bu, onun uşaqlara öz fəlsəfi baxışlarına uyğun tərbiyə vermək hüququnu pozmuşdur.
42. Ərizəçilər iddia etmişlər ki, xaç heç bir şübhə olmadan dini rəmz olmuş, onun mədəni dəyər kimi qələmə verilməsi isə ümidsiz müdafiəyə əl atmaq cəhdinə bənzəyirdi. Hətta onun milli fərdiyyətin olması barədə dəlil üçün İtaliya qanunvericiliyində heç bir əsas olmamışdır: Konstitusiyaya müvafiq olaraq bu fərdiyyəti bayraq təmsil etmişdir.
Bundan əlavə, Almaniya Federativ Konstitusiya Məhkəməsi 1995-ci il 16 may tarixli qərarında qeyd etdiyi kimi (yuxarıda 28-ci bəndə bax), xaça dünyəvi məna verilməsi onun əsl mənasını arxaya çəkəcək və onun müqəddəs xarakterindən məhrum etməyə kömək edəcəkdir. Onun sırf «passiv rəmz» olması barədə dəlilə gəldikdə isə, bunun, bütün rəmzlər olduğu kimi və hətta digər rəmzlərdən daha böyük həcmdə, bilavasitə gözə çarpanlardan xeyli kənara çıxan idrak, intuitiv və emosional reallığa maddi forma verməsi faktına əhəmiyyət verilməmişdir. Bununla yanaşı, Almaniya Federativ Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən qərarda bu nəticəyə gələrək qət etmişdir ki, xaç onun təmsil etdiyi inamın məzmunu təqdim etdikdən və «təbliğat materialı» kimi çıxış etdikdən sinif otaqlarında xaçın olması canlandırıcı xarakter daşımışdır. Nəhayət, ərizəçilər qeyd etmişlər ki, Məhkəmə «Dahlab İsveçrəyə qarşı» (Dahlab v. Switzerland, no. 42393/98, ECHR 2001-V) işi üzrə 2001-ci il 15 fevral tarixli qərarda məktəb şəraitində dini rəmzlərin malik olduğu xüsusi gücü qeyd etmişdir.
43. Ərizəçilər bildirmişlər ki, hər bir demokratik dövlətin vicdan azadlığını, plüralizmi, inamlara bərabər yanaşmanı və müəssisələrin dünyəvi xarakterini təmin etmək vəzifəsi vardır. Dünyəvilik prinsipi ilə, ilk növbədə, dini sahədən uzaq dayanmalı və bütün dini cərəyanlar ilə əlaqədar eyni yanaşmanı qəbul etməli dövlətin bitərəfliyi tələb edir. Başqa sözlərlə, bitərəflik dövlətin üzərinə hər kəsin öz inamına uyğun sərbəst yaşaya bildiyi neytral məkan yaratmaq öhdəliyini qoyur. İtaliya dövləti sinif otaqlarında dini rəmzləri, yəni xaçı nümayiş etdirməklə əks istiqamətdə davranmışdır.
44. Bununla da, ərizəçilər tərəfindən müdafiə olunan yanaşma dünyəvi baxışı avtoritar qaydada zorla qəbul etdirməklə din azadlığını rədd edilməsini təşkil edən dövlət ateizmindən aydın surətdə fərqlənmişdir. Dövlətin qərəzsizliyi və bitərəfliyi nöqteyi-nəzərindən, əksinə, dünyəvilik hamının dini və fəlsəfi vicdan azadlığının təmin edilməsi vasitəsidir.
45. Ərizəçilər həmçinin iddia etmişlər ki, azlıq təşkil edən baxışları və əqidələri olanların «əksəriyyətin despotizmindən» qorumaq üçün bunları xüsusi qaydada müdafiə edilməsi tələb edilir ki, bu da xaçın sinif otaqlarından götürülməsinin səbəbidir.
46. Yekunda ərizəçilər iddia etmişlər ki, Hökumətin bildirdiyi kimi, dövlət məktəbinin sinif otaqlarından xaçın götürülməsi İtaliya mədəni fərdiyyətin bir hissəsini özü ilə aparacağına baxmayaraq, onun saxlanılması qərbi siyasi fikrin əsasları, liberal dövlət və plüralist, açıq demokratiya prinsipləri, habelə İtaliya Konstitusiyasında və Konvensiyada təsbit edilmiş şəxsin hüquq və azadlıqları ilə uyğun deyil.
C. Üçüncü tərəf qismində çıxış edənlərin ifadələri
1. Ermənistan, Bolqarıstan, Kipr, Rusiya Federasiyası, Yunanıstan, Litva, Malta və San Marino Respublikası hökumətləri
47. İclas zamanı təqdim edilmiş birgə ifadələrdə Ermənistan, Bolqarıstan, Kipr, Rusiya Federasiyası, Yunanıstan, Litva, Malta və San Marino Respublikası hökumətləri göstərmişdir ki, onların fikrincə, Palatanın qərarı Palatanın «dünyəvilik» ilə səhv saldığı «bitərəflik» konsepsiyasının yanlış anlamasına əsaslanmışdır. Onlar qeyd etmişdir ki, Avropa Kilsə-dövlət münasibətləri müxtəlif qaydada qurulur, Avropa əhalisinin yarısından çoxu isə qeyri-dünyəvi dövlətlərdə yaşayır. Əlavə olaraq, dövlət təhsil sistemində dövlət rəmzləri qaçılmaz olaraq mövcuddur və bunların bir çoxunun dini mənbəyi vardır, həm dövlət, həm dini rəmz olan xaç isə bunun ən açıq nümunəsidir. Onların fikrincə, Avropanın qeyri-dünyəvi dövlətlərində dünyəvi əhali ictimai yerlərdə dini rəmzlərin nümayiş etdirilməsinə milli fərdiyyətin bir hissəsinə kimi dözümlük göstərmişdir. Dövlətlər özlərini mədəni fərdiyyətin bir hissəsindən, bu fərdiyyətin sadəcə dini mənbəyi olmasına görə, məhrum etməməlidir. Palatanın qəbul etdiyi yanaşma Konvensiya sistemində bəyan edilən plüralizmin ifadəsi olmamış, əksinə dünyəvi dövlətin dəyərlərinin ifadəsi olmuşdur. Bunun Avropaya bütövlükdə yayılması, tək və vahid qayda və Kilsə ilə dövlətin sərt surətdə ayrılması hamı üçün məcburi olacağından, Avropanın «amerikanlaşdırılmasını» təşkil edəcəkdir.
Onlara görə, dünyəviliyə dəstək - hörmətlə yanaşmaya layiq olsa da, bitərəf olmayan siyasi mövqedir. Buna görə də, təhsil sistemində dinlə müqayisədə dünyəviliyi dəstəkləyən dövlət bitərəf deyil. Eyni qaydada, xaçın həmişə olduğu sinif otaqlarından onun götürülməsinin təhsilə təsir göstərərdi. Əslində, dövlət tərəfindən xaçın sinif otaqlarında olmasına icazə verilməsi və qadağan edilməsindən asılı olmayaraq, təhsil proqramının dözümlülük və plüralizm ilə uyğunlaşması və bunları nəzərə alınması dərəcəsi xüsusi əhəmiyyət kəsb edir.
Bu hökumətlər etiraf etmişdir ki, dövlət tərəfindən görülən tədbirlərin qəbuledilməz olduğu hallar ola bilər. Eyni zamanda, şəxs sübut etmək vəzifəsini yerinə yetirməli, Məhkəmə isə yalnız müstəsna hallarda müdaxilə etməlidir.
2. Monako Knyazlığı Hökuməti
48. Bu Hökumət bəyan etmişdir ki, cavabdeh Hökumətin xaçın bir çox dövlətlərin gerblərində və bayraqlarında əks etdirilmiş «passiv rəmz» olması və hazırkı işdə kökləri tarixə gedən milli fərdiyyətin əks etdirilməsi barədə mövqeyini dəstəkləyir. Bundan əlavə, dövlətin bitərəfliyinə dair bölünməz prinsiplə dövlət orqanlarından dini rəmzin heç vaxt olmadığı yerdə onun quraşdırılmasından, eləcə də dini rəmzin həmişə olduğu yerdən onun götürülməsindən çəkinmək tələb edilir.
3. Rumıniya Hökuməti
49. Bu Hökumət bildirmişdir ki, Palata Konvensiyaya tərəfdar çıxmış dövlətlərə həssas məsələlər qaldırıldığı və Avropada konsensus olmadığı hallarda verilən geniş təqdir səlahiyyətini lazımi qaydada nəzərə almamışdır. O, qeyd etmişdir ki, dövlət məktəblərində dini rəmz olan paltarların geyinməsi ilə əlaqədar dövlətlərin geniş təqdir səlahiyyətinə malik olması Məhkəmənin presedent hüququnda xüsusilə etiraf edilmişdir; onun fikrincə, eyni yanaşma bu məktəblərdə dini rəmzlərin nümayiş etdirilməsinə tətbiq edilməlidir. Bu Hökumət həmçinin qeyd etmişdir ki, Palatanın qərarı dini rəmzlərin dövlət məktəblərində nümayiş etdirilməsi nəticəsində Konvensiyanın 9-cu maddəsinin və 1 saylı Protokolun 2-ci maddəsinin pozulması barədə ilk şərtə əsaslanmışdır ki, bu, tətbiq edildikdə Konvensiyaya tərəfdar çıxmış dövlətlər həmin rəmzləri götürmək məqsədilə müdaxilə etməyə məcbur olduqdan, bitərəflik prinsipi ilə ziddiyyət təşkil etmişdir. Onun fikrincə, bu cür növ qərarlar müəllimlər, şagirdlər və valideynlər tərəfindən birgə qəbul edildikdə, bu prinsip daha yaxşı xidmət göstərmişdir. Hər halda, müəyyən dini öhdəliklər ilə bağlı olmadığına görə, sinif otaqlarında xaçın nümayiş etdirilməsi müvafiq şəxslərin dini hisslərinə yuxarıdakı müddəaların pozulmasını müəyyən etmək üçün kifayət edən dərəcədə təsir göstərməmişdir.
4. Yunanıstanın Helsinki Monitor qeyri-hökumət təşkilatı
50. Bu təşkilat bildirmişdir ki, xaç dini rəmzdən başqa şey kimi qəbul edilə bilməz və buna görə, onun dövlət məktəbinin sinif otaqlarında nümayiş etdirilməsi müəyyən dini müdafiə edən institusional müraciət kimi qəbul edilə bilər. O, «Folqerö» (Folgerø) işi üzrə qərarda şagirdlərin dini tədbirlərdə iştirak etməsinin faktiki olaraq onlara təsir göstərə bilməsinin Məhkəmə tərəfindən müəyyən edilməsini qeyd edərək hesab etmişdir ki, bu, həmçinin onların dini rəmz nümayiş etdirilən sinif otaqlarında dərs keçməsi hallarına da aiddir. O, Məhkəmənin diqqətini həmçinin bununla narahat olan uşaqların və ya valideynlərin qisas qorxusundan etiraz etməkdən çəkinə bilməsi faktına cəlb etmişdir.
5. «Associazione nazionale del libero Pensiero» qeyri-hökumət təşkilatı
51. Dövlət məktəbinin sinif otaqlarında dini rəmzlərin nümayiş etdirilməsinin Konvensiyanın 9-cu maddəsi və 1 saylı Protokolun 2-ci maddəsinə zidd olmasını hesab edən bu təşkilat bildirmişdir ki, ərizəçinin hüquqları üzərində qoyulmuş məhdudiyyətlər Məhkəmənin presedent hüququn mənasında «qanunla nəzərdə tutulmuş» deyil. O, bununla əlaqədar qeyd etmişdir ki, dövlət məktəbinin sinif otaqlarında xaçın nümayiş etdirilməsi qanunla deyil, faşist dövründə qəbul edilmiş əsasnamələrlə tələb edilmişdir. Bundan əlavə, hər halda həmin əsasnamələr 1947-ci il Konstitusiyası və 1929-cu il Lateran paktlarına düzəlişlər barədə müqavilənin təsdiq edilməsi barədə 1985-ci il Qanunu nəticəsində qüvvədən düşmüşdür. O, Qeyd etmişdir ki, Kassasiya Məhkəməsinin Cinayət Kollegiyası seçki məntəqələrində xaçın nümayiş etdirilməsi ilə əlaqədar oxşar iş üzrə 2000-ci il 1 mart tarixli (4273 nömrəli) qərarda müvafiq nəticəyə gəlmiş və bu yanaşmanı məhkəmə iclas otaqlarında xaçın nümayiş etdirilməsi ilə bağlı 2009-cu il 17 fevral tarixli qərarında bu yanaşmanı təsdiq etmişdir (eyni zamanda, mahiyyət üzrə qərar qəbul etməyərək). Buna görə, bunun əksinə müvafiq əsasnamələrin tətbiq edildiyi barədə qərar qəbul etmiş Consiglio di Stato ilə Kassasiya Məhkəməsinin qərarları arasında ziddiyyət Qanun Aliliyinin tərkib hissəsi olan hüquqi nəzarət prinsipinə təsir göstərmişdir. Konstitusiya Məhkəməsi bu məsələyə baxmaq səlahiyyətində olmadığı barədə qərar qəbul etdikdən, İtaliyada bu mübahisənin həll edilməsi mexanizmi mövcud deyil.
6. «Avropa Hüquq və Ədalət Mərkəzi» (European Centre for Law and Justice) qeyri-hökumət təşkilatı
52. Bu təşkilat bildirmişdir ki, Palata işdə qaldırılmış, birinci ərizəçinin müraciət etdiyi Konvensiya hüquqlarının sadəcə xaçın sinif otaqlarında nümayiş etdirilməsi ilə pozulub-pozulmadığı barədə məsələyə düzgün qiymət verməmişdir. Onun fikrincə, hüquqlar pozulmamışdır. Birincisi, birinci ərizəçinin uşaqları öz vicdanı əleyhinə davranmağa məcbur edilmədikdən və ya onların öz vicdanına uyğun davranmağın qarşısı alınmadıqdan onların «şəxsi əqidəsi» pozulmamışdır. İkincisi, birinci ərizəçinin uşaqları inanmağa məcbur edilmədikdən və ya inanmaqdan çəkilmədikdən onların «daxili əqidəsi» və birinci ərizəçinin onların öz fəlsəfi baxışlarına uyğun təhsil almasını təmin etmək hüququ pozulmamışdır. Onlar təlqinə, yaxud yersiz proselitizmə məruz qalmamışlar. Bu təşkilat bildirmişdir ki, sinif otaqlarında xaçın nümayiş etdirilməsi barədə dövlətin qərarının Konvensiyaya zidd olmasını müəyyən etməklə Palata səhvə yol vermişdir (bu məsələ onun qarşısında qaldırılmamışdır). Bunu etməklə Palata «birinci ərizəçinin hüquqları ilə bağlı deyil, «təhsil mühiti» ilə bağlı yeni öhdəlik» yaratmışdır. Bu təşkilatın ifadələrinə görə, Palata, sinif otaqlarında xaçın nümayiş etdirilməsi ilə əlaqədar birinci ərizəçinin uşaqlarının «şəxsi və daxili əqidəsinin» pozulmasını müəyyən edə bilmədiyindən ərizənin əhatə dairəsini və öz səlahiyyət hədələrini genişləndirərək, təhsil mühitinin tamamilə dünyəvi olmasının təmin edilməsinə dair yeni öhdəliyi yaratmışdır.
7. «Eurojuris» qeyri-hökumət təşkilatı
53. Bu təşkilat Palatanın gəldiyi nəticələrlə razılaşmışdır. İtaliyanın qüvvədə olan qanunvericiliyin müvafiq normalarını xatırladaraq və dünyəvilik prinsipinin konstitusiya əhəmiyyətini vurğulayaraq o, Məhkəmənin presedent hüququnda təsbit edilmiş, məktəblərdə proselitizm və ya moizələr üçün yer olmamasına dair prinsipə müraciət etmişdir. Bu təşkilat həmçinin Məhkəmənin təhsil müəssisələrində hicabın geyinməsi məsələsinə baxdığı işlərə istinad etmişdir. O, həmçinin qeyd etmişdir ki, İtaliyanın dövlət məktəblərinin sinif otaqlarında xaçın nümayiş etdirilməsi qanunla deyil, faşist dövründən miras qalmış, qüvvədə olan konstitusiya qanununda təsbit edilmiş dünyəvilik prinsipinə zidd olan dövlətin konfessional anlayışını əks etdirən əsasnamələrlə tələb edilmişdir. Bu təşkilat İtaliya İnzibati Məhkəməsinin xaçın dünyəvi dəyərləri təmsil etdiyinə görə dövlət məktəblərinin sinif otaqlarında xaçın nümayiş etdirilməsi barədə tələbin bu prinsipə uyğun olması barədə dəlillərini qəti surətdə rədd etmişdir. Onun ifadələrinə görə, bu, xristian olmayanların aidiyyəti olmadığı dini rəmz olmuşdur. Bundan başqa, dövlət məktəbinin sinif otaqlarında xaçın nümayiş etdirilməsini tələb etməklə dövlət, plüralizmi ziyanına olaraq, müvafiq dinə xüsusi əhəmiyyət vermişdir.
8. «Beynəlxalq Hüquqşünaslar Komitəsi» (International Committee of Jurists), «Interights» və «Human Rights Watch» qeyri-hökumət təşkilatları
54. Bu təşkilatlar bildirmişlər ki, dövlət məktəbinin sinif otaqlarında xaç kimi dini rəmzlərin nümayiş etdirilməsi bitərəflik prinsipinə və Konvensiyanın 9-cu maddəsinə və 1 saylı Protokolun 2-ci maddəsinə əsasən təmin olunan şagirdlərin və onların valideynlərin hüquqlarına zidd olmuşdur. Onların ifadələrinə görə, təhsil plüralizmi prinsipi Məhkəmənin presedent hüququndan əlavə həmçinin bir sıra ali məhkəmələrin qərarlarında və müxtəlif beynəlxalq sənədlərdə təsdiq edilmişdir. Bundan başqa, Məhkəmənin presedent hüququnda ictimai xidmətlərin göstərilməsi, o cümlədən təhsil sahəsində dini etiqadlar ilə bağlı dövlət bitərəfliyi və qərəzsizliyi dəstəklənilir. Onlar qeyd etmişlər ki, həmin qərəzsizlik prinsipi İtaliya, İspaniya və Almaniya Konstitusiya məhkəmələrindən əlavə, həmçinin, xüsusən, Fransanın Conseil d’Etat və İsveçrə Federal Məhkəməsi tərəfindən etiraf edilmişdir. Onlar əlavə etmişlər ki, müxtəlif ali məhkəmələrin müəyyən etdiyi kimi, təhsilin icbari olduğundan uşaqların məktəbdə təlqinə məruz qalması qarşısında zəif olmasına görə dini etiqadlar ilə bağlı dövlət bitərəfliyi sinif otaqlarında xüsusilə əhəmiyyətli olmuşdur. Onlar həmçinin Məhkəmənin gəldiyi nəticəni xatırlatmışlar ki, dövlətlər tərəfindən tədris və təhsil vasitəsilə dini və fəlsəfi xarakterli məlumatların və biliklərin verilməsi Konvensiya ilə qadağan edilməsə də, onlar bunun obyektiv, tənqidi və plüralist qaydada, habelə təlqindən azad qaydada edilməsini təmin etməlidir. Həmin təşkilatlar vurğulamışlar ki, bu, təhsil və tədris sahəsində yerinə yetirilən bütün funksiyalara, o cümlədən təhsil mühitinin təşkil edilməsinə aid olmuşdur.
9. «Zentralkomitee der deutschen katholiken», «Semaines sociales de France» və «Associazioni cristiane lavoratori italiani» qeyri-hökumət təşkilatları
55. Bu təşkilatlar bildirmişlər ki, onlar xaçın müxtəlif mənalar daşıması ilə yanaşı, ilk növbədə xristianlığın əsas rəmzi olmasında Palata ilə razılaşmışlar. Eyni zamanda, onlar əlavə etmişlər ki, Palatanın gəldiyi nəticə ilə razı deyil, sinif otaqlarında xaçın nümayiş etdirilməsinin bəzi şagirdlər üçün necə «emosional baxımdan narahat» ola və ya onların tənqidi fikir yeritmək qabiliyyətinin inkişafına necə maneə törədə bilməsini anlamaq çətindir. Onların ifadələrinə görə, xaçı sırf nümayiş etdirmə dini və ya fəlsəfi müraciət ilə bərabər tutula bilməz; bu, daha doğrusu, əsas mənəvi dəyərlərin çatdırılmasının passiv yolu kimi şərh edilməlidir. Buna görə, məsələ məktəbin təhsil proqramının müəyyən edilməsi ilə əlaqədar dövlətin səlahiyyətinə aid olan məsələ sayılmalı; valideynlər qəbul etməlidirlər ki, dövlət məktəblərindəki təhsilin müəyyən hissəsi heç də həmişə tamamilə onların baxışlarına uyğun deyil. Onlar əlavə etmişlər ki, dövlət məktəbinin sinif otaqlarında xaçın nümayiş etdirilməsi barədə dövlətin qərarı demək deyildir ki, bu, 1 saylı Protokolun 2-ci maddəsində qadağan edilmiş təlqin məqsədinə xidmət etmişdir. Bu təşkilatlar iddia etmişlər ki, hazırkı işdə inananlar və inanmayanların hüquq və maraqları arasında, şəxslərin əsas hüquqları və cəmiyyətin qanuni maraqları arasında, habelə əsas hüquqlar ilə əlaqədar standartların ifadəsi və Avropada mövcud müxtəlifliyin qorunub saxlanılması arasında tarazlıq müəyyən edilməlidir. Onların fikrincə, dövlət-din münasibətləri ölkədən ölkəyə fərqli olduqdan və, xüsusilə dinin dövlət məktəblərində yeri ilə əlaqədar olaraq, ölkənin tarixində, ənənələrində və mədəniyyətində kök saldıqdan Məhkəmə bu sahədə dövlətlərə geniş təqdir səlahiyyəti verməlidir.
10. Kollektiv qaydada çıxış etmiş Avropa Parlamentinin otuz üç üzvü
56. Bu şəxslər qeyd etmişlər ki, Məhkəmə konstitusiya məhkəməsi deyil, subsidiarlıq prinsipinə hörmət etməli və Konvensiyaya tərəfdar çıxmış dövlətlərin xüsusilə geniş təqdir səlahiyyətini yalnız dövlət-din münasibətləri ilə bağlı deyil, həmçinin təhsil və tədris sahəsində onların funksiyaların yerinə yetirilməsi ilə bağlı tanımalıdır. Onların fikrincə, dövlət məktəblərindən dini rəmzlərin götürülməsini məcburi edəcək qərar qəbul etməklə Böyük Palata radikal ideoloji müraciət göndərəcəkdi. Onlar əlavə etmişlər ki, Məhkəmənin presedent hüququndan aydın olmuşdur ki, tarixdən və ənənələrindən irəli gələn səbəblər üzündən müəyyən dinə üstünlük verən dövlət bu səlahiyyəti aşmır. Buna görə də, onların fikrincə, ictimai binalarda xaçın nümayiş etdirilməsi Konvensiyaya zidd deyil, ictimai yerlərdə dini rəmzlərin olması isə təlqin forması kimi deyil, mədəni birlik və fərdiyyət ifadəsi kimi qəbul edilməlidir. Bundan əlavə, belə spesifik şəraitdə dini rəmzlər dünyəvi ölçüyə malikdir və buna görə götürülməməlidir.
D. Məhkəmənin qiymətləndirməsi
57. İlk növbədə, Məhkəmə qeyd edir ki, onun qarşısında olan yeganə məsələ İtaliya dövlət məktəblərinin sinif otaqlarında xaçın nümayiş etdirilməsinin, işin halları baxımından,1 saylı Protokolun 2-ci maddəsi və Konvensiyanın 9-cu maddəsinə uyğun olması ilə bağlıdır.
Buna görə də, dövlət məktəblərindən başqa yerlərdə xaçın nümayiş etdirilməsi məsələsinə baxılması bu işdə ondan tələb edilmir. Həmçinin dövlət məktəblərinin sinif otaqlarında xaçın nümayiş etdirilməsinin İtaliya qanunvericiliyində təsbit edilmiş dünyəvilik prinsipinə uyğun olması məsələsi Məhkəmə tərəfindən həll edilməməlidir.
58. İkincisi, Məhkəmə vurğulayır ki, dünyəviliyin tərəfdarları Konvensiyanın 9-cu maddəsi və 1 saylı Protokolun 2-ci maddəsi mənasında «məsləklər» sayılmaq üçün tələb edilən «əsaslanma, ciddilik, birləşmə və vaciblik səviyyəsinə» çatan baxışlara iddialı ola bilər (bax: «Kempbel və Kozans Birləşmiş Krallığa qarşı» (Campbell and Cosans v. the United Kingdom, 25 February 1982, § 36, Series A no. 48)). Daha dəqiq, onların baxışları ««demokratik cəmiyyətdə» hörmətlə yanaşmaya» layiq olduqdan, insan ləyaqətinə zidd olmadıqdan və uşağın təhsil almaq əsas hüququ ilə münaqişə yaratmadıqdan 1 saylı Protokolun 2-ci maddəsi mənasında «fəlsəfi məsləklər» sayılmalıdır (yenə orada).
1. Birinci ərizəçinin işi
a. Ümumi prinsiplər
59. Məhkəmə bir daha təsdiq edir ki, təhsil və tərbiyə sahəsində 1 saylı Protokolun 2-ci maddəsi Konvensiyanın 9-cu maddəsinə münasibətdə, prinsip etibarilə, lex specialisi təşkil edir. Bu, ən azı hazırkı işdə olduğu kimi, mübahisə 2-ci maddənin ikinci cümləsi ilə Konvensiyaya tərəfdar çıxmış dövlətlər üzərinə qoyulmuş bu sahədə öz üzərinə götürmüş funksiyaları yerinə yetirərkən valideynlərin öz dini və fəlsəfi məsləklərə uyğun olan belə tərbiyəni və təhsili təmin etmək hüququna hörmət etmək öhdəliyi ilə bağlı olduqda belədir (bax: «Folqerö və digərləri Norveçə qarşı» (Folgerø and Others v. Norway [GC], no. 15472/02, § 84, ECHR 2007‑VIII, § 84)).
Buna görə, hazırkı şikayətə əsasən 1 saylı Protokolun 2-ci maddəsi nöqteyi-nəzərindən baxılmalıdır (bax, həmçinin: «Appel-İrqanq və digərləri Almaniyaya qarşı» (Appel-Irrgang and Others v. Germany (dec.), no. 45216/07, ECHR 2009‑...)).
60. Buna baxmayaraq, bu müddəa həmin maddənin birinci cümləsindən əlavə, həmçinin, xüsusilə, fikir, vicdan və din azadlığı, o cümlədən dinə mənsub olmamaq azadlığı təmin olunan və Konvensiyaya tərəfdar çıxmış dövlətlər üzərində «bitərəflik və qərəzsizlik vəzifəsini» müəyyən edən Konvensiyanın 9-cu maddəsi nöqteyi-nəzərindən oxunmalıdır (bax: misal üçün, yuxarıda qeyd edilən «Folqerö» qərarı, 84-cü bənd).
Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, dövlətlərin müxtəlif dinlərə, inamlara və əqidələrə etiqadı bitərəf və qərəzsiz qaydada təmin etmək öhdəliyi vardır. Onlar demokratik cəmiyyətdə ictimai qaydanın, dini harmoniyanın və dözümlülüyün, xüsusilə müqabil qruplar arasında, təmin edilməsinə yardım göstərməlidir (bax: misal üçün «Leyla Şahin Türkiyəyə qarşı» (Leyla Şahin v. Turkey [GC], no. 44774/98, § 107, ECHR 2005‑XI)). Bu, həm inananlar və inanmayanlar, həm də müxtəlif din, inam və əqidələrin tərəfdarları arasında münasibətlərə aiddir.
61. 1 saylı Protokolun 2-ci maddəsindəki «hörmət edir» ifadəsinin «etiraf edir» və ya «nəzərə alır» ifadələrindən daha böyük mənası vardır; ilk növbəli mənfi öhdəlikdən əlavə, o, dövlətin üzərində bəzi müsbət öhdəlikləri müəyyən edir (yuxarıda qeyd edilən «Kempbel və Kozans» qərarının 37-ci bəndinə bax).
Buna baxmayaraq, həmçinin Konvensiyanın 8-ci maddəsində əks etdirilən «hörmət edir» anlayışının tələbləri, Konvensiyaya tərəfdar çıxmış dövlətlərdəki təcrübənin və halların müxtəlifliyi nəzərə alınaraq, işdə işə əhəmiyyətli dərəcədə fərqlənir. Nəticədə, cəmiyyətin və insanların ehtiyaclarına və ehtiyatlarına lazımi diqqət yetirməklə Konvensiyaya uyğunluğu təmin etmək üçün görülməli tədbirləri müəyyən etməkdə Konvensiyaya tərəfdar çıxmış dövlətlərin geniş təqdir səlahiyyəti vardır. 1 saylı Protokolun 2-ci maddəsinin kontekstində bu anlayışla xüsusilə nəzərdə tutulur ki, həmin müddəa valideynlərin dövlətdən xüsusi formada təhsilin təmin edilməsini tələb edə bilməsi kimi şərh oluna bilməz (bax: «Bulski Polşaya qarşı», Bulski v. Poland (dec.), nos. 46254/99 and 31888/02)).
62. Məhkəmə həmçinin dinin məktəb kurikulumunda yerinə dair öz presedent hüququna müraciət edir (bax: əsasən «Kyeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı», (Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark, 7 December 1976, §§ 50-53, Series A no. 23); yuxarıda qeyd edilən «Folqerö» qərarının 84-cü bəndi; və «Həsən və Əyləm Zəngin Türkiyəyə qarşı» (Hasan and Eylem Zengin v. Turkey, no. 1448/04, §§ 51 and 52, ECHR 2007‑XI)).
Həmin qərarlara müvafiq olaraq, məktəbin təhsil proqramının müəyyən edilməsi və planlaşdırılması Konvensiyaya tərəfdar çıxmış dövlətlərin səlahiyyətlərinə aiddir. Prinsip etibarilə, nəticələrə qanuni olaraq ölkədən və dövrdən asılı olduqdan, belə məsələləri həll etmək Məhkəmənin işi deyil.
Xüsusilə, 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsində dövlətlər tərəfindən bilavasitə və ya dolayısı ilə dini və ya fəlsəfi xarakterli məlumatların və ya biliklərin təhsil və ya tərbiyə vasitəsilə verilməsi qadağan edilmir. Hətta valideynlərə belə təhsilin və ya tərbiyənin məktəb proqramına daxil edilməsinə etiraz etməyə icazə verilmir.
Digər tərəfdən, təhsildə plüralizm mümkünlüyünün təmin edilməsi onun məqsədini təşkil etdikdən, dövlətdən tələb edilir ki, təhsil və tərbiyə ilə əlaqədar öz funksiyalarını yerinə yetirilərkən məktəb proqramına daxil olan məlumatların və biliklərin obyektiv, tənqidi və plüralist, habelə hər hansı proselitizmdən azad mühitdə şagirdlər üçün xüsusilə dinə dair tənqidi fikir yeritmək qabiliyyətini inkişaf etdirmək imkanını yaradan qaydada çatdırılması təmin edilsin. Dövlətin valideynlərin dini və fəlsəfi məsləklərinə hörmətlə yanaşmayan sayıla biləcək təlqin aparmaq məqsədinin güdməsi qadağan edilir. Dövlətlər və həddi aşmamalıdır (yuxarıda bu bənddə qeyd edilən qərarların müvafiq olaraq 53, 84 (h) və 52-ci bəndlərinə bax).
b. Yuxarıdakı prinsiplər nöqteyi-nəzərindən işin hallarının qiymətləndirilməsi
63. Məhkəmə 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsində Konvensiyaya tərəfdar çıxmış dövlətlər üzərində müəyyən edilmiş öhdəliyin yalnız məktəbin təhsil proqramının məzmununa aid olması və buna görə dövlət məktəbinin sinif otaqlarında xaçın nümayiş etdirilməsi məsələsinin onun səlahiyyətlərindən kənar olması barədə Hökumətin dəlilini qəbul etmir.
Doğrudur ki, Məhkəmə tərəfindən bu müddəaya baxılmış bir neçə işlər məktəbin təhsil proqramının məzmunu və tətbiqi ilə bağlı olmuşdur. Buna baxmayaraq, Məhkəmə artıq qeyd etdiyi kimi, Konvensiyaya tərəfdar çıxmış dövlətlərin valideynlərin dini və fəlsəfi məsləklərinə hörmət etmək öhdəliyi yalnız tədrisin məzmunu və onun keçirilməsi yoluna münasibətdə tətbiq edilmir; bu öhdəlik 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsi mənasında təhsil və tərbiyə ilə əlaqədar öz üzərilərinə götürdüyü bütün «funksiyaların» «yerinə yetirilməsi» zamanı məcburidir (bax: əsasən yuxarıda qeyd edilən «Kyeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı», § 50; «Valsamis Yunanıstana qarşı» (Valsamis v. Greece, 18 December 1996, § 27, Reports of Judgments and Decisions 1996‑VI); yuxarıda qeyd edilən «Həsən və Eyləm Zəngin Türkiyəyə qarşı», § 49; və yuxarıda qeyd edilən «Folqerö» qərarının 84-cü bəndi). Şübhəsiz ki, buna, daxili qanunvericiliklə bu funksiya dövlət orqanlarına həvalə edildikdə, məktəb şəraitinin yaradılması daxildir.
İtaliya dövlət məktəblərinin sinif otaqlarında xaçın nümayiş etdirilməsi məhz bu kontekstə yerləşdirilməlidir (yuxarıda 14 və 19-cu bəndlərdə bax: 1924-cü il 30 aprel tarixli 965 nömrəli kral fərmanının 118-ci maddəsi, 1928-ci il 26 aprel tarixli 1297 nömrəli kral fərmanının 119-cu maddəsi, 1994-cü il 16 aprel tarixli 297 nömrəli qanunvericilik aktının 159 və 190-cı maddələri).
64. Ümumiyyətlə, Məhkəmə hesab edir ki, məktəb şəraitinin yaradılması dövlət orqanlarına həvalə edildikdə, bu vəzifə 1 saylı Protokolun 2-ci maddəsinin mənasında tərbiyə və təhsil sahəsində dövlət tərəfindən öz üzərinə götürdüyü funksiyası kimi qəbul edilməlidir.
65. Bununla da, dövlət məktəbinin sinif otaqlarında xaçın nümayiş etdirilməsinə dair qərar cavabdeh dövlətin tərbiyə və təhsil sahəsində öz üzərinə götürdüyü funksiyalarının tərkib hissəsini təşkil edir və, nəticə etibarilə, 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsinin əhatə dairəsinə daxildir. Bunun nəticəsində, dövlətin valideynlərin onların uşaqları üçün öz dini və fəlsəfi məsləklərə uyğun olan tərbiyəni və təhsili təmin etmək hüququna hörmət etmək öhdəliyi hərəkətə gəldiyi sahə yaranır.
66. Məhkəmə həmçinin hesab edir ki, xaç – ilk növbədə, dini rəmzdir. Milli məhkəmələr eyni nəticəyə gəlmiş, hər halda isə Hökumət bunu mübahisələndirməmişdir. Xaçın dini rəmzdən kənar hər hansı başqa məna daşıması məsələsi məhkəmə qərarının bu hissəsində əhəmiyyət kəsb etmir.
Sinif otağının divarlarında dini rəmzin nümayiş etdirilməsinin şagirdlərə təsir göstərməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmiş və buna görə onun baxışları formalaşdırılan gənc şəxslərin baxışlarına təsir göstərib-göstərməməsi təsdiq edilə bilməz.
Eyni zamanda, birinci ərizəçinin uşaqlarının əvvəllər getdiyi dövlət məktəbinin sinif otaqlarında xaçın nümayiş etdirilməsinin onun tərəfindən dövlətin onlar üçün öz dini və fəlsəfi məsləklərə uyğun olan tərbiyəni və təhsili təmin etmək hüququna hörmət etməməsi kimi qəbul edə bilməsi başa düşünüləndir. Hər halda, ərizəçinin subyektiv fikirləri 1 saylı Protokolun 2-ci maddəsinin pozulmasını müəyyən etmək üçün kifayət deyildir.
67. Hökumət, öz növbəsində, izah etmişdir ki, tarixi inkişafın nəticəsi olaraq sırf dini mənadan başqa həmçinin fərdiyyət mənasını almış dövlət məktəbinin sinif otaqlarında xaçın nümayiş etdirilməsi hal-hazırda vacib ənənəyə çevrilmişdir. Hökumət əlavə etmişdir ki, dini mənadan başqa xaç demokratiyanın və qərb sivilizasiyasının əsaslarını təşkil etmiş prinsipləri və dəyərləri təmsil etmiş və buna görə onun sinif otaqlarında nümayiş etdirilməsi əsaslı olmuşdur.
68. Məhkəmə hesab edir ki, ənənəyə sadiq qalmaq barədə qərar, prinsip etibarilə, cavabdeh dövlətin təqdir səlahiyyətinə aiddir. Bundan başqa, məhkəmə nəzərə almalıdır ki, Avropaya daxil olan dövlətlər bir-birindən, xüsusilə mədəniyyət və tarixi inkişaf sahəsində əhəmiyyətli dərəcədə fərqlənir. Eyni zamanda, Məhkəmə vurğulayır ki, ənənəyə müraciət etmə Konvensiyaya tərəfdar çıxmış dövləti Konvensiyada və onun protokollarında təsbit edilmiş hüquq və azadlıqlara hörmət etmək öhdəliyindən azad edə bilməz.
Xaçın mənası barədə Hökumətin fikrinə gəldikdə isə, Məhkəmə qeyd edir ki, Consiglio di Stato və Kassasiya Məhkəməsi buna dair fərqli mövqe bildirmiş, Konstitusiya Məhkəməsi isə qərar qəbul etməmişdir (yuxarıda 16 və 23-cü bəndlərə bax). Milli məhkəmələr arasında aparılan daxili müzakirələrdə mövqe tutmaq Məhkəmənin vəzifəsi deyildir.
69. Odur ki, Konvensiyaya tərəfdar çıxmış dövlətlərin tərbiyə və təhsil ilə əlaqədar öz üzərinə götürdükləri funksiyaların yerinə yetirilməsini valideynlərin öz dini və fəlsəfi məsləklərə uyğun olan belə tərbiyəni və təhsili təmin etmək hüququna hörmət etmək hüququ ilə uyğunlaşdırmaq səylərində təqdir səlahiyyəti vardır (yuxarıda 61-62-ci bəndlərə bax).
Bu, məktəb mühitinin təşkil edilməsinə və təhsil proqramının müəyyən edilməsi və planlaşdırılmasına aiddir (Məhkəmə artıq qeyd etdiyi kimi: yuxarıda 62-ci bənddə qeyd edilən qərarlara bax: «Kyeldsen, Busk Madsen və Pedersen», §§ 50-53; «Folqerö» § 84; və «Zəngin», §§ 51-52). Buna görə, Məhkəmənin Konvensiyaya tərəfdar çıxmış dövlətlərin bu məsələlərə, o cümlədən dinə ayrılan yerə dair qərarlarına, həmin qərarların hər hansı formada təlqinə gətirib çıxarmaması şərti ilə, prinsipcə hörmət etmək vəzifəsi vardır (yenə orada).
70. Hazırkı işdə Məhkəmə nəticəyə gəlir ki, dövlət məktəbinin sinif otaqlarında xaçın nümayiş etdirilməsinə dair qərar – prinsip etibarilə, cavabdeh dövlətin təqdir səlahiyyətinə aid bir məsələdir. Bundan əlavə, dövlət məktəblərində dini rəmzlərin nümayiş etdirilməsi məsələsi ilə bağlı Avropada yekdilliyin olmaması (yuxarıda 26-28-ci bəndlərə bax) belə yanaşmanın xeyrinə çıxış edir.
Eyni zamanda, təqdir səlahiyyəti Avropa nəzarəti ilə sıx bağlıdır (bax: misal üçün, yuxarıda qeyd edilən «Leyla Şahin», § 110), hazırkı işdə isə Məhkəmənin vəzifəsi – yuxarıda 69-cu bənddə qeyd edilmiş hədlərin aşıb-aşılmadığını müəyyən etməkdir.
71. Bununla əlaqədar olaraq, əlavə olaraq dünyəvilik rəmzi mənasından asılı olmayaraq, şübhəsi olaraq xristianlığa işarə edən xaçın dövlət məktəbinin sinif otaqlarında nümayiş etdirilməsini tələb edilməklə əsasnamələrdə ölkə əhalisi əksəriyyətinin etiqad etdiyi dinin məktəb şəraitində üstün görünüşü müəyyən edilir.
Eyni zamanda, bu, cavabdeh dövlət tərəfindən təlqin prosesinin aparılmasını göstərmək və 1 saylı Protokolun 2-ci maddəsinin pozuntusunu müəyyən etmək üçün kifayət deyil.
Bu məsələ ilə əlaqədar olaraq Məhkəmə yuxarıda qeyd edilən «Folqerö» və «Zəngin» qərarlarına mutatis mutandis müraciət edir. «Xristianlıq, din və fəlsəfə» (KRL) dərsinin məzmunu nəzərdən keçirilmiş «Folqerö» işində Məhkəmə müəyyən etmişdir ki, digər dinlər və fəlsəfələr barədə biliklərə nisbətən xristianlıq barədə biliklərin ibtidai təhsil və aşağı sinif orta təhsil üçün Tədris proqramının daha böyük hissəsinin təşkil etməsi faktı, Məhkəmənin fikrincə, özü özlüyündə təlqin təşkil etməklə plüralizm və obyektivlik prinsiplərindən çəkinmə kimi qiymətləndirilə bilməz. Məhkəmə izah etmişdir ki, cavabdeh dövlətin, yəni Norveçin, tarixində və ənənələrində xristianlığın yeri nəzərə alınaraq hesab edilməlidir ki, bu, cavabdeh dövlətin tədris proqramının hazırlanması və planlaşdırılmasına dair təqdir səlahiyyətinə daxildir (bax: yuxarıda qeyd edilən «Folqerö» § 89). Məhkəmə, dövlətin dünyəvi xarakterinə baxmayaraq, İslamın Türkiyədə əhalinin əksəriyyəti etiqad etdiyi din olmasını nəzərə alaraq tədris proqramında islam barədə biliklərə daha üstün yer verildiyi Türkiyə məktəblərində keçirilən «dini mədəniyyət və etika» dərsləri kontekstində eyni nəticəyə gəlmişdir (bax: yuxarıda qeyd edilən «Zəngin», § 63).
72. Bundan başqa, divardakı xaç əsasən passiv rəmzdir və bu məsələ, Məhkəmənin fikrincə, xüsusilə bitərəflik prinsipi nəzərə alınaraq əhəmiyyət kəsb edir (yuxarıda 60-cı bəndə bax). Bunun, şagirdlərə ibrətamiz nitqin və ya dini mərasimlərdə iştirakın təsiri ilə müqayisə oluna bilən təsiri yoxdur (bununla əlaqədar, yuxarıda qeyd edilən «Folqerö» və «Zəngin» qərarlarının müvafiq olaraq 94 və 64-cü bəndlərinə bax).
73. Məhkəmə qeyd edir ki, Palatanın 2009-cu il 3 noyabr tarixli qərarında Məhkəmə sinif otaqlarında xaçın nümayiş etdirilməsinin o zaman on bir və on üç yaşında olmuş ikinci və üçüncü ərizəçilərə əhəmiyyətli dərəcədə təsir göstərməsi barədə dəlillə razılaşmışdır. Palata müəyyən etmişdir ki, dövlət təhsil sistemi kontekstində sinif otağında qeyd etməmək mümkün olmamış xaç mütləq məktəb mühitinin ayrılmaz hissəsi kimi qəbul edilmiş və buna görə, yuxarıda qeyd edilən «Dahlab» işi üzrə qərarın (qərarın 54 və 55-ci bəndlərinə bax) mənasında «güclü xarici rəmzlər» sayıla bilmişdir.
Böyük Palata belə yanaşma ilə razı deyildir. O, hesab edir ki, iki işin halları tamamilə fərqli olduqdan, bu qərar hazırkı iş üçün əsas təşkil edə bilməz.
O, qeyd edir ki, «Dahlab» işi tədris zamanı ərizəçinin hicab geyməsinin qadağan edilməsi, yəni şagirdlərin və onların valideynlərinin dini baxışlarını qorumağa və milli qanunvericilikdə təsbit edilmiş dini bitərəflik prinsipinin tətbiq edilməsinə yönəlmiş tədbir ilə bağlı olmuşdur. Dövlət orqanlarının müvafiq rəqabət maraqları düzgün ölçüb-biçdiyini qeyd edərək Məhkəmə müəyyən etmişdir ki, ərizəçinin barələrində məsuliyyət daşıdığı uşaqların ilk növbədə incə yaşını nəzərə alaraq, dövlət orqanları öz təqdir səlahiyyətini aşmamışdır.
74. Bundan başqa, xaçın nümayiş etdirilməsi ilə məktəblərdə xristianlığa verilən üstün görünüşün təsiri həmçinin aşağıdakı məsələlər baxımından nəzərdən keçirilməlidir. Birincisi, xaçın nümayiş etdirilməsi məcburi xristianlıq dərsləri ilə bağlı deyil (müqayisəli hüquq barədə məlumat üçün yuxarıda qeyd edilən «Zəngin» işi üzrə qərarın 33-cü bəndinə bax). Ikincisi, Hökumətin təqdim etdiyi ifadələrə görə, İtaliyada məktəb mühiti paralel olaraq başqa dinlər üçün də açıqdır. Bununla əlaqədar olaraq Hökumət bildirmişdir ki, şagirdlər tərəfindən hicabın, yaxud dini məna daşıyan digər rəmz və ya paltarın geyinməsi qadağan edilmir; tədrisi əhalinin əksəriyyəti etiqad etmədiyi dini mərasimlərə uyğunlaşdırmaq üçün alternativ tədbirlər mümkündür; Ramazan ayının başlanması və sonu məktəblərdə «tez-tez qeyd edilir»; «bütün tanınmış dini məzhəblər» üçün dini təhsil təşkil edilə bilər (yuxarıda 39-cu bəndə bax). Bundan əlavə, dövlət orqanlarının digər dinlərə etiqad edən, inanmayan və ya qeyri-dini fəlsəfi baxışlara malik olan şagirdlərə dözümsüz olmasını göstərmək mümkün deyil.
Əlavə olaraq, ərizəçilər iddia etməmişlər ki, sinif otaqlarında xaçın nümayiş etdirilməsi proselitizm yönümlü tədris üsullarının inkişaf etdirilməsinə təkan vermiş, yaxud ikinci və ya üçüncü ərizəçi müəllimin öz funksiyalarını yerinə yetirməsi zamanı xaçın nümayiş olunmasına qərəzkar işarə etməsi ilə üzləşmişdir.
75. Nəhayət, Məhkəmə qeyd edir ki, birinci ərizəçi valideyn kimi öz uşaqlarına təhsil və məsləhət vermək, onlara münasibətdə öz təbii müəllim funksiyasını yerinə yetirmək və onlara öz fəlsəfi məsləklərə uyğun yol göstərmək hüququnu tam şəkildə qoruyub saxlamışdır (bax: xüsusilə yuxarıda qeyd edilən «Kyeldsen, Busk Madsen və Pedersen», § 54; və «Valsamis» § 31).
76. Yuxarıdakıları nəzərə alaraq, dövlət orqanları birinci ərizəçinin uşaqlarının getdiyi dövlət məktəbinin sinif otaqlarında xaçın saxlanılması barədə qərar qəbul etməklə cavabdeh dövlətin tərbiyə və təhsil sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi məsləklərə uyğun olan belə tərbiyəni və təhsili təmin etmək hüququna hörmət etmək öhdəliyi kontekstində ona verilmiş təqdir səlahiyyətinin hüdudları daxilində hərəkət etmişlər.
77. Nəticə etibarilə, Məhkəmə hesab edir ki, birinci ərizəçiyə münasibətdə 1 saylı Protokolun 2-ci maddəsi pozulmamışdır. O, həmçinin hesab edir ki, Konvensiyanın 9-cu maddəsinə əsasən hər hansı ayrıca məsələ ortaya çıxmır.
2. İkinci və üçüncü ərizəçilərin işi
78. Məhkəmə hesab edir ki, Konvensiyanın 9-cu maddəsi və 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsi baxımından düzgün oxunduqda bu müddəanın birinci cümləsində şagirdlərin onların inanmaq və ya inanmamaq hüququna hörmətlə yanaşan formada təhsil almaq hüququ təmin edilir. Buna görə Məhkəmə dünyəviliyin tərəfdarları olan şagirdlərin onların getdiyi dövlət məktəbinin sinif otaqlarında xaçın nümayiş etdirilməsində nəyə görə həmin müddəalardan irəli gələn hüquqların pozulması kimi qəbul etməsini başa düşür.
Eyni zamanda, o, hesab edir ki, birinci ərizəçinin işinə baxılması ilə bağlı irəli sürülmüş əsaslara görə, ikinci və üçüncü ərizəçilər ilə əlaqədar 1 saylı Protokolun 2-ci maddəsi pozulmamışdır. O, həmçinin hesab edir ki, bu işdə Konvensiyanın 9-cu maddəsinə əsasən heç bir məsələ ortaya çıxmır.
II. KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
79. Ərizəçilər bildirmişlər ki, ikinci və üçüncü ərizəçilər getdiyi dövlət məktəbinin sinif otaqlarında xaçın nümayiş etdirilməsinə görə, hər üçü katolik olmayaraq, katolik valideynlər və onların uşaqları ilə müqayisədə ayrı-seçkilik təşkil edən rəftara məruz qalmışlar. «Konvensiyanın 9-cu maddəsində və 1 saylı Protokolun 2-ci maddəsində təsbit edilmiş prinsiplərin Konvensiyanın 14-cü maddəsinin müddəaları ilə möhkəmləndiyini» iddia edərək onlar aşağıdakılar nəzərdə tutulan sonuncu maddənin pozulmasından şikayət etmişlər:
«[Bu] Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.»
80. Palata müəyyən etmişdir ki, işin halları, habelə 1 saylı Protokolun 2-ci maddəsi ilə birlikdə götürüldükdə Konvensiyanın 9-cu maddəsinin pozulması barədə nəticəyə gəlməsinin əsasları nəzərə alınaraq, işə, tək və ya həmin müddəalar ilə birlikdə götürüldükdə 14-cü maddəyə əsasən baxılmasına ehtiyac yox idi.
81. Bu şikayəti əsaslandırmaq üçün kifayət qədər dəlillərin irəli sürülmədiyini qeyd edən Məhkəmə bir daha təsdiq edir ki, Konvensiyanın 14-cü maddəsi yalnız Konvensiyanın və onun protokollarının digər maddi müddəaları ilə təmin olunan hüquq və azadlıqların həyata keçirilməsi ilə əlaqədar qüvvədə olduqdan onun müstəqil qüvvəsi yoxdur.
Ərizəçilərin Konvensiyanın 9-cu maddəsi və 1 saylı Protokolun 2-ci maddəsi ilə təmin olunan hüquqların həyata keçirilməsi ilə əlaqədar olaraq katolik dinini tərəfdarları olmadığına, habelə ikinci və üçüncü ərizəçilərin getdiyi dövlət məktəbinin sinif otaqlarında xaçın nümayiş etdirilməsinə görə ayrı-seçkiliyə məruz qalmasından şikayət etmək arzusunda olmasını ehtimal edərək Məhkəmə həmin şikayətlərdə 1 saylı Protokolun 2-ci maddəsinə əsasən müəyyən etdiyi məsələlərdən fərqli olan hər hansı məsələni görmür. Buna görə də, ərizənin bu hissəsinə baxmaq üçün heç bir əsas yoxdur.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ
1. On beş səs lehinə və iki səs əleyhinə olmaqla 1 saylı Protokolun 2-ci maddəsinin pozulmadığını, habelə Konvensiyanın 9-cu maddəsinə əsasən ayrıca məsələnin ortaya çıxmadığını qət edir;
2. Konvensiyanın 14-cü maddəsinə əsasən şikayətə baxılması üçün əsasların olmadığını yekdilliklə qət edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2011-ci il martın 18-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Erik FriberqJan-Pol Kosta
Məhkəmə katibiSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq aşağıdakı rəylər bu qərara əlavə edilir[1]:
a) hakim Vayiçin qoşulduğu hakim Rozakisin əksəriyyətin mövqeyinə uyğun gələn xüsusi rəyi;
b) hakim Bonellonun əksəriyyətin mövqeyinə uyğun gələn xüsusi rəyi;
c) hakim Pauerin əksəriyyətin mövqeyinə uyğun gələn xüsusi rəyi;
d) hakim Kalayciyevanın qoşulduğu hakim Malinverninin əksəriyyətin mövqeyindən fərqlənən xüsusi rəyi.
J.-P.K.
E.F.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy