© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BEŞİNCİ BÖLMƏ
LAVREÇOV ÇEX RESPUBLİKASINA QARŞI
(57404/08 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
20 iyun 2013-cü il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Lavreçov Çex Respublikasına qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Beşinci Bölmə):
Sədr – Mark Villiger (Mark Villiger),
hakimlər:
Anjelika Nubberger (Angelika Nußberger),
Boştyan M.Zupançiç (Boštjan M. Zupančič),
Qanna Yudkivska (Ganna Yudkivska),
Andre Potoki (André Potocki),
Pol Lemmens (Paul Lemmens),
Aleş Pejkal (Aleš Pejchal),
və Bölmənin katibi Klaudia Uesterdiekdən (Claudia Westerdiek) ibarət tərkibdə,
2013-cü il mayın 21-də qapalı müşavirə keçirərək,
həmin tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Rusiya vətəndaşı cənab Yevgeni Lavreçov (“ərizəçi”) tərəfindən 2008-ci ilin 18 noyabr tarixində İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Çex Respublikasına qarşı ərizənin (57404/08 nömrəli) təqdim edilməsi ilə başlanmışdır.
2. Ərizəçini Olomukda fəaliyyət göstərən vəkil cənab R.Rozmanek, Çex Hökumətini isə (“Hökumət”) səlahiyyətli nümayəndəsi, Ədliyyə Nazirliyinin əməkdaşı cənab Vit A.Şorm təmsil etmişdirlər.
3. Ərizəçi xüsusilə iddia etmişdir ki, girov əmlakın müsadirə edilməsi ilə onun mülkiyyət hüququ pozulmuşdur.
4. 2012-ci il 27 martda ərizə Hökumətə göndərilmişdir. Rusiya Hökuməti iş üzrə yazılı qeydlərini təqdim etməyə dəvət edilmiş (Məhkəmənin Prosedur Qaydalarının 36-cı maddəsi), lakin o, bu fürsətdən istifadə etməmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1952-ci ildə Rusiyanın Udomlya şəhərində anadan olmuşdur və hazırda da burada yaşayır.
6. O, Çex şirkəti olan S.-nin səhmlərini almış Rusiya şirkəti T.-nin nümayəndəsi idi. Ərizəçi 1995-ci il 8 avqustdan etibarən S.-nin İdarə Heyətinin üzvü, 1996-cı il 27 fevraldan isə onun sədri idi. Lakin 1996-cı ilin 24 sentyabrından 3 dekabrına qədər o, səlahiyyətlərini icra edə bilməmiş və son göstərilmiş tarixdə İdarə Heyətinin çex üzvləri tərəfindən qanunsuz olaraq sədrliyinə xitam verilmişdir. Sonralar S. şirkəti müflisləşmişdir.
7. 2001-ci il 11 iyunda ərizəçi insayder ticarəti və dələduzluqda, konkret olaraq S. şirkəti üçün əlverişsiz kontraktlar bağlamaqla ona 88 000 000 Çex korunası (3 520 000 avro) məbləğində maddi ziyan vurmaqda ittiham olunmuşdur. 2001-ci il 20 iyunda onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.
8. 2002-ci ilin 8 yanvarında ərizəçi girov müqabilində azad olunmasını xahiş etmiş və 4 000 000 çex korunası məbləğində girov qoymağı təklif etmişdir. Xahişdə göstərilirdi ki, o, girov əmlakın hansı şərtlərdə müsadirə olunmasını təsbit edən Cinayət Prosessual Məcəlləsinin 73-cü maddəsinin 3-cü bəndinin tələbləri barədə xəbərdardır. 2002-ci il 17 yanvarda Ostrava Regional Məhkəməsi ərizəçinin 10 000 000 çex korunası (400 000 avro) məbləğində vəsaiti girov qoymaqla azad olunmasının mümkünlüyünü qət etmişdir. O, girovun məbləğini ərizəçinin şübhəli bilindiyi hüquq pozuntularının müstəsna dərəcədə ağır xarakterə malik olması və onun ilkin olaraq həbsə alınması səbəblərinin önəmi, xüsusilə qaçmaq riskinin olması ilə əsaslandırmışdır.
9. 2002-ci il 31 yanvarda ərizəçi məhkəmə tərəfindən müəyyən edilmiş girovun ödənilməsi üçün vəkilinə etibarnamə vermişdir. O, həmçinin Çex Respublikasındakı ünvanında qalmaq, məhkəmə iclaslarında iştirak etmək vəzifələrini üzərinə götürmüş və bunlara əməl etməyəcəyi təqdirdə girovun müsadirə ediləcəyindən xəbərdar olduğunu bəyan etmişdir. 2002-ci il 22 fevralda o, girov müqabilində azadlığa buraxılmışdır. Azadlığa buraxılma şərti kimi ona Çex Respublikasındakı ünvanında qalmaq və burada poçt qəbul etmək göstərişi verilmişdir.
10. 2002-ci il 7 iyunda Regional Məhkəmə 2002-ci il 19-21 iyun tarixlərinə nəzərdə tutulmuş ilk məhkəmə iclasına gəlməsi şərti ilə ərizəçinin 2002-ci ilin 18 iyununa qədər Çex Respublikasını tərk edərək Rusiyaya getməsinə icazə vermişdir. Bu, ərizəçinin təmin edilmiş dördüncü belə vəsatəti idi. Bundan öncə ərizəçi 2002-ci ilin fevral-iyun ayları arasında üç dəfə Rusiyaya səfər etmiş və hər dəfə geri qayıtmışdır.
11. 2002-ci ilin 17 iyununda ərizəçi vəkilinə məlumat vermişdir ki, 2002-ci ilin 14 iyununda onun Çex Respublikasına giriş vizası olan pasportu Moskvada oğurlanmışdır və yeni pasport əldə edilməsi üzərində çalışır. Bunun nəticəsində məhkəmə iclası 2002-ci il 7-9 avqust tarixlərinə qədər təxirə salınmışdır.
12. Ərizəçinin yeni məhkəmə iclasına gəlməsi üçün Çex Respublikasındakı ünvanına bildiriş vərəqəsi göndərilmiş, lakin o, çatdırılmadığı üçün geri qaytarılmışdır. Regional Məhkəmə həmçinin ərizəçinin vəkili vasitəsilə ona bildiriş vərəqəsi göndərməyə səy göstərmişdir.
13. 2002-ci ilin 8 iyulunda vəkil Regional Məhkəməyə bir sıra sənədlər, o cümlədən ərizəçinin Rusiyada rəsmi qeydiyyatdan keçdiyi ünvanın Udomlya şəhərində olması barədə Rusiya dövlət orqanlarından təsdiq məktubunu təqdim etmişdir.
14. 2002-ci ilin 30 iyulunda vəkil Regional Məhkəməyə ərizəçinin Rusiyadakı birbaşa əlaqə vasitələri barədə məlumata malik olmadığını və bildiriş vərəqələrini ərizəçi ilə birlikdə müttəhim qismində cəlb edilmiş şəxslərdən birinin ona təqdim etdiyi ünvana göndərdiyini bildirmişdir.
15. Ərizəçi hələ də yeni pasport almadığından və iclasın onun iştirakı olmadan keçirilməsinə etiraz etdiyindən, 2002-ci ilin 7-9 avqust tarixlərinə nəzərdə tutulan iclas təxirə salınmışdır.
16. Ərizəçi barədə heç bir məlumat ala bilməyən Regional Məhkəmə onun yeni pasport almaq üçün müraciət edib-etmədiyini öyrənmək məqsədilə 2003-cü il 12 martda İnterpola və Rusiya Federasiyasının Çex Respublikasındakı ticarət nümayəndəliyinə müraciət etmişdir.
17. Ərizəçinin Rusiyanın dövlət orqanlarından yeni pasportu aldığı tarixlə bağlı tərəflər arasında mübahisə mövcuddur. Hökumət bunun 2003-cü ilin 28 fevral tarixində baş verdiyini iddia etsə də, ərizəçinin sözlərinə görə o, yeni pasportu yalnız 2003-cü ilin 2 aprel tarixində əldə edə bilmişdir. Ərizəçi yeni pasport alması barədə Regional Məhkəməyə məlumat verməmişdir.
18. Regional Məhkəmə növbəti iclası 2004-cü il 6-8 sentyabr tarixlərinə təyin etmiş və 2004-cü il 22 mart tarixində Ədliyyə Nazirliyi vasitəsilə işin materiallarında ərizəçinin Rusiyadakı yaşayış yeri kimi göstərilmiş Podolska bildiriş vərəqəsi göndərmişdir. O, həmçinin ərizəçini xəbərdar etmişdir ki, çex vizası almaq üçün müraciət etməməsi, Rusiyada qalması və məhkəmə ilə əlaqə saxlamaması girovun şərtlərinə ziddir və bu, cinayət prosesindən yayınmaq kimi qiymətləndirilməklə, depozitə qoyulmuş girov əmlakının müsadirə olunması ilə nəticələnə bilər. Eyni zamanda, ərizəçiyə məsləhət bilinmişdir ki, ona qarşı cinayət işi qiyabi yolla aparıla bilər.
19. Rusiyanın Ədliyyə Nazirliyi Çex Respublikasının dövlət orqanlarına məlumat vermişdir ki, ərizəçi Podolskdakı ünvanda qeydiyyatdan keçməmişdir və burada yaşamır. Eyni zamanda, onun hazırkı yaşayış ünvanı da müəyyən edilməmişdir. Buna görə də bildiriş vərəqələrinin ünvanı üzrə çatdırılması mümkün olmamışdır.
20. Bununla belə, ərizəçi növbəti iclasın vaxt barədə məlumat almış və 2004-cü ilin 2-12 sentyabr tarixlərində Çex Respublikasına səvər etmək üçün qısa müddətli viza əldə etmişdir.
21. Lakin 2004-cü ilin 2 sentyabrında ərizəçi Regional Məhkəməyə faks göndərərək iclasın təxirə salınmasını xahiş etmişdir. O, bunu səhhətindəki problemlərlə (konkret hansı problemlərin olduğunu bildirməmişdir) əlaqələndirmiş və eyni zamanda bildirmişdir ki, hazırda onun yeni vəkilləri vardır və onların işi öyrənmələri üçün vaxta ehtiyac var. O, Rusiyadakı ünvanı barədə məlumat verməmişdir. Buna görə də Regional Məhkəmə bir daha iclasın vaxtını təxirə salmağa məcbur olmuşdur.
22. 2005-ci ilin 28 fevralında Regional Məhkəmə 2005-ci il 21-23 noyabr tarixlərində məhkəmə iclasının keçiriləcəyi barədə bildiriş vərəqəsinin ərizəçinin Podolsk və ya Udomlyadakı ünvanına çatdırılmasını Rusiyanın dövlət orqanlarından xahiş etməsini Ədliyyə Nazirliyindən rica etmişdir. Lakin bu bildiriş yalnız 2006-cı ilin 16 yanvarında ərizəçinin Udomlyadakı ünvanına çatdırılmışdır. 2005-ci il 21 noyabrda Regional Məhkəmə yenidən iclası təxirə salmışdır.
23. 2005-ci il 6 dekabrda Regional Məhkəmə qiyabi yolla ərizəçi barəsində cinayət prosesini aparmaq qərarına gəlmişdir. O, ərizəçinin ölkəyə gəlməməklə cinayət prosesindən yayındığını, 2002-ci ilin iyunundan sonra Çex Respublikasına qayıtmadığını və Rusiyada qalmaqla məhkəmə baxışının keçirilməsinə ciddi çətinliklər yaratdığını bildirmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, ərizəçinin 2004-cü il 2 sentyabrda keçirilmiş iclasda iştirak etməməsi üçün irəli sürdüyü bəhanə, yəni səhhətində problemlərin olması qeyri-adekvat olmuşdur. O, daha sonra ərizəçinin razılaşdığı girov şərtlərinə, yəni iclaslarda iştirak edəcəyi və Çex Respublikasındakı yaşayış yerində qalacağı ilə bağlı şərtlərə əməl etmədiyini də bildirmişdir.
24. 2006-cı il 27-29 mart, 5-7 iyun, 11 sentyabr və 23 oktyabr tarixlərində Regional Məhkəmədə ərizəçinin cinayət işi üzrə məhkəmə iclasları yenidən onun iştirakı olmadan keçirilmişdir.
25. 2006-cı il 23 oktyabrda Regional Məhkəmə ərizəçiyə tam bəraət verərək ərizəçinin heç bir cinayət əməli törətmədiyini, standart və şəffaf biznes fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir.
26. 2007-ci il 28 iyunda Olomukun Yüksək Məhkəməsi bu qərarı qüvvədə saxlamışdır.
27. 2007-ci ilin 1 noyabrında Regional Məhkəmə ərizəçinin vəsatətini nəzərə alaraq girovun ərizəçiyə qaytarılması barədə qərar qəbul etmişdir. Belə ki, məhkəmənin qənaətinə görə ona girovun şərtlərinə əməl etməməsinin nəticələri barədə lazımı qaydada məlumat verilməmişdir. Bundan əlavə, məhkəmə belə bir nəticəyə gəlmişdir ki, Cinayət Prosessual Məcəlləsinin girovun müsadirə edilməsi üçün 73a maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş hallardan heç biri burada tətbiq oluna bilməzdi.
28. 2007-ci ilin 5 dekabrında Yüksək Məhkəmə qərarı ləğv edərək girov əmlakın müsadirə olunması haqqında qərar qəbul etmişdir. Məhkəmə bildirmişdir ki, ərizəçi girovun müsadirə edilməsinin nəticələri barədə rəsmi olaraq məlumatlandırılmasa da, bunun mümkünlüyünü bilməli idi. Belə ki, girov müqabilində azad olunması barədə vəsatətlərində girov şərtlərini pozacağı təqdirdə onun müsadirə olunacağını bilməsinə dair bəyanatlar da əks olunmuşdur. O həmçinin qət etmişdir ki, ərizəçinin pasportunu itirdiyi üçün müəyyən dövrdə Çex Respublikasına gələ bilməməsi həqiqətdir və Çex Respublikasının dövlət orqanlarının ona viza verməsi də vaxt almışdır. Lakin ərizəçi prokurorluq orqanlarına verdiyi ünvanlardan biri olan Podolskdakı ünvana göndərilmiş məktubları götürməmişdir və beləliklə də, məhkəmədən gələn məktubların ona çatdırılması mümkün olmamışdır. Eyni zamanda, ərizəçinin davranışından o da aydındır ki, o, ölkəyə gəlməməklə cinayət təqibindən yayınırdı. O, məhkəmə prosesi barədə xəbərdar olsa da, Regional Məhkəmə ilə əlaqə də saxlamırdı. Beləliklə də, Cinayət Prosessual Məcəlləsinin 73a maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş girovun müsadirəsi şərtləri burada mövcud olmuşdur. Belə ki, xüsusilə ərizəçi gizlənmiş, yaşayış yeri barədə müvafiq dövlət orqanlarına məlumat verməmiş və beləliklə də, rəsmi məktubların çatdırılmasını əngəlləmişdir.
29. Ərizəçi bu qərardan konstitusiya şikayəti vermiş və bildirmişdir ki, cinayət törətmədiyinə baxmayaraq bu qədər böyük məbləğdə girovun müsadirə edilməsi ədalətsizlikdir. O, həmçinin Yüksək Məhkəmənin gəldiyi nəticələri də mübahisələndirmişdir.
30. 2008-ci ilin 3 iyununda Konstitusiya Məhkəməsi şikayəti açıq-aşkar əsassız olduğu üçün rədd etmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
31. Cinayət Prosesessual Məcəlləsinin 73a maddəsinin 1-ci və 2-ci bəndlərinə görə barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslər minimum 10 000 çex korunası məbləğində girov müqabilində azad oluna bilərlər. Son məbləğ müttəhimin şəxsiyyətindən və işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir.
32. Həmin maddənin 4-cü bəndinə (cinayət işinin aparıldığı zaman 3-cü bəndinə) görə, inter alia, müttəhim qaçarsa, gizlənərsə və ya yaşayış yerinin dəyişməsi barədə müvafiq dövlət orqanlarına məlumat verməzsə və rəsmi məktubun çatdırılmasını əngəlləyərsə, girov müsadirə olunur. 9-cu bəndə (müvafiq vaxtda 6-cı bəndə) görə girovun müsadirəsi şərtləri barədə müttəhimə əvvəlcədən məlumat verilməlidir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
33. Müttəhim şikayət edərək bildirmişdir ki, bəraət aldıqdan sonra girov əmlakının müsadirə edilməsi nəticəsində 1 saylı Protokolun 1-ci maddəsi pozulmuşdur. Burada qeyd edilir:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.
A. Ərizənin qəbuledilənliyi
34. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinin mənasında açıq-aşkar əsassız deyildir. O daha sonra qeyd edir ki, ərizə hər hansı başqa əsasa görə də qəbuledilməz hesab oluna bilməz. Buna görə də o, qəbuledilən elan olunmalıdır.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
35. Ərizəçi ilk növbədə qeyd etmişdir ki, girov əmlakın müsadirəsi qanunsuz idi, belə ki, ona müsadirə imkanları barədə lazımı qaydada məlumat verilməmişdir. O, gizlənmədiyini bildirmiş və Regional Məhkəmənin məktubları Rusiyadakı düzgün ünvanına, Udomlya şəhərinə çatdırmadığına görə məsuliyyət daşımadığını qeyd etmişdir. Ərizəçi bildirmişdir ki, məhkəmə iclaslarına gəlməməsinin obyektiv səbəbləri olmuşdur ki, bu da pasportunu itirməsi, viza verilməməsi və xəstəliyi ilə bağlı idi.
36. Ərizəçi daha sonra bildirmişdir ki, Yüksək Məhkəmənin bu qədər böyük məbləğdə girovu müsadirə etmək barədə qərarı qeyri-mütənasib olmuşdur. Ümumiyyətlə, girovun məqsədi təqsirkarın cəzadan yayınmasının qarşısını almaq və cinayət prosesinin məqsədinə nail olunmasını təmin etməkdir. Onun fikrincə məhkəmə baxışında iştirak etməməsinə baxmayaraq proses qanuni şəkildə aparılmış və məqsədə nail olunmuşdur. Buna görə də hətta onun girov şərtlərini pozduğu güman edilsə də, girov əmlakın müsadirəsi onun mülkiyyətinə qeyri-mütənasib müdaxilədir.
37. Son olaraq ərizəçi bildirmişdir ki, şəxs bəraət aldığı və beləliklə də, təqsirsiz olduğu müəyyən edildiyi zaman girov əmlakın müsadirəsi ədalətsiz olmaqla sağlam əqidəyə ziddir.
38. Öz növbəsində Hökumət şikayəti açıq-aşkar əsassız hesab etmişdir. O bildirmişdir ki, müdaxilə mülkiyyətə nəzarətlə bağlı 1 saylı Protokolun 1-ci maddəsinin ikinci bəndi tələbi nəzərə alınmaqla qiymətləndirilməlidir. O daha sonra bildirmişdir ki, müsadirə barədə qərar ölkə məhkəmələri tərəfindən qəbul edildiyindən, o, qanuni olmuşdur.
39. Hökumət qeyd etmişdir ki, Regional Məhkəmə ərizəçini məhkəmə iclaslarına çağırmaq üçün təxminən dörd il ciddi səy göstərmişdir. Bu dövr ərzində ərizəçi məhkəməyə çoxsaylı sənədlər göndərsə də, onlardan heç birində ünvanın dəyişdiyi və məhkəmə sənədlərinin göndərilməli olduğu ünvan barədə məlumat əks olunmamışdır. Ərizəçinin 2002-ci il 19 iyunda keçirilmiş birinci iclasa gəlməməsi üçün lazımı qaydada icazə alınsa da, onun cinayət prosesinə sonrakı yanaşması ölkəyə gəlməməklə prosesdən yayınmaq niyyətinin olduğunu açıq şəkildə nümayiş etdirmişdir. O, buna müvəffəq olmuşdur. Belə ki, Regional Məhkəmə onun işinə qiyabi yolla baxmaq məcburiyyəti qarşısında qalmışdır. Ərizəçinin bir neçə il ərzində Regional Məhkəmə ilə birbaşa əlaqə yaratmaq, məhkəmə bildirişlərinin göndərilməsi üçün Rusiyadakı ünvanı barədə məlumat vermək və iclasda iştirak etmək üçün Çex Respublikasına gələ biləcəyi tarixi bildirmək imkanı olsa da, o, bunu etməmişdir.
40. Hökumət daha sonra bildirmişdir ki, girovun müsadirəsi ilə bəraət alma arasında hər hansı birbaşa əlaqə yoxdur. Girovun məqsədi həbsi əvəz etmək və eyni zamanda təqib olunan şəxsi cinayət prosesinin həyata keçirilməsinə mane olmaqdan yayındırmaqdır. Təqib olunan şəxs girovun şərtlərinə əməl etmirsə, belə davranışın məntiqi nəticəsi girovun müsadirə edilməsidir və buna görə də bu baxımdan mülkiyyətdən məhrum etmə qanuni idi. Təqib olunan şəxsin sonradan bəraət alması həbsin qanuniliyinə heç bir şəkildə təsir göstərmir. Girovun məqsədi ilə cəzanın məqsədi çox fərqlidir. Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunsaydı, girov geri qaytarılacaqdı. Girov törədilmiş əmələ görə cəza deyil, təminat formasıdır.
41. Girovun məbləği ərizəçinin maddi vəziyyətinə uyğun idi və o da həmçinin aydın idi ki, o, bu məbləği ödəyə bilər. Müttəhimin cinayət prosesini həyata keçirən orqanlarla əməkdaşlığını təmin etmə vasitəsi kimi çıxış edən girov qəsdən elə bir həddə müəyyən edilmişdir ki, onun itirilməsi bu girovu qoymuş şəxsin əmlak vəziyyətinə əhəmiyyətli dərəcədə müdaxilə etmiş olsun. Əks təqdirdə, o öz məqsədinə çatmayacaqdı.
42. Nəhayət, Hökumət qeyd etmişdir ki, ərizəçi girovun müsadirə edilməsi nəticəsində onun üçün həddən artıq maliyyə yükünün yarandığının məhz nədən ibarət olduğunu konkretləşdirməmişdir. O, girovun müsadirəsi nəticəsində maliyyə çətinliyinə düşdüyünü sənədlərlə hər hansı şəkildə sübut etməmişdir.
Məhkəmənin qiymətləndirməsi
43. Məhkəmə ilk növbədə hesab etmişdir ki, girovun müsadirəsi dövlətin ərizəçinin mülkiyyət hüquqlarına müdaxiləsidir. Məhkəmə Hökumətin iddia etdiyi kimi müdaxiləyə 1 saylı Protokolun 1-ci maddəsinin ikinci bəndi əsasında baxılmasının mümkünlüyü məsələsi barədə qərar qəbul edilməsini zəruri hesab etmir. Belə ki, hər bir halda 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş üç qayda bir-biri ilə əlaqəlidir və tətbiq olunan prinsiplər oxşardır (bax: “Ceyms və Digərləri Birləşmiş Krallığa qarşı” (James and Others v. the United Kingdom, 21 February 1986, § 37, Series A no. 98)). Buna görə də o, barəsində şikayət edilmiş vəziyyəti 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndinin birinci cümləsində təsbit olunmuş ümumi qaydanın prizmasında araşdıracaqdır (bax: mutatis mutandis, “Broniovski Polşaya qarşı” (Broniowski v. Poland [GC], no. 31443/96, § 136, ECHR 2004‑V) və “Qladişeva Rusiyaya qarşı” (Gladysheva v. Russia, no. 7097/10, § 71, 6 December 2011)).
44. Məhkəmə təkrar edir ki, müdaxilə həmin müddəanın tələblərinə uyğun gəlməsi üçün qanuni olmalı, ümumi marağa cavab verməli və mütənasib olmalıdır, yəni cəmiyyətin ümumi marağı ilə şəxsin əsas hüquqlarının qorunması tələbləri arasında “ədalətli balans” yaratmalıdır (digər qərarlarla yanaşı bax: “Beyeler İtaliyaya qarşı” (Beyeler v. Italy [GC], no. 33202/96, § 107, ECHR 2000‑I) və yuxarıda qeyd edilmiş “Qladişeva Rusiyaya qarşı” işi, 65-ci bənd). Məhkəmə müdaxilənin mütənasib olub-olmadığını qiymətləndirən zaman bir tərəfdən nail olunmasına çalışılan məqsədin əhəmiyyətini, digər tərəfdən isə ərizəçinin üzərinə qoyduğu yükü, yəni müdaxilənin xarakterini, ərizəçinin və dövlət orqanlarının davranışını nəzərə almalıdır (bax: “Yildirim İtaliyaya qarşı” (Yildirim v. Italy (dec.), no. 38602/02, 10 April 2003) və “Forminster Enterprises Limited Çex Respublikasına qarşı” (Forminster Enterprises Limited v. the Czech Republic, no. 38238/04, § 75, 9 October 2008)).
45. Məhkəmə “qanunilik” tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, hazırkı işdə heç nə Yüksək Məhkəmənin sözü gedən hüquq normalarını, yəni Cinayət Prosessual Məcəllənin 73a maddəsinin 3-cü bəndini açıq-aşkar səhv və ya əsassız nəticələrə yol açan tərzdə tətbiq etdiyini təsdiq etmir. Bundan əlavə, müvafiq normaların açıq, dəqiq və nəticələrinin aydın olmadığı ilə bağlı da hər hansı mülahizə mövcud deyildir (yuxarıda qeyd edilmiş “Beyeler” işinin 108-109-cu bəndlərinə bax). Buna görə də girovun müsadirəsi qanunilik tələbinə uyğun aparılmışdır.
46. Məhkəmə daha sonra hesab edir ki, müsadirə cinayət prosesində lazımı davranışın təmin olunması və daha ümumi şəkildə cinayətkarlıqla mübarizə və cinayətkarlığın qarşısının alınması kimi qanuni məqsədə xidmət etmişdir ki, bu da heç şübhəsiz 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş ümumi maraq anlayışına daxildir (bax: yuxarıda qeyd edilmiş “Yildirim” işi və “Denisova və Moiseyeva Rusiyaya qarşı” (Denisova and Moiseyeva v. Russia, no. 16903/03, § 58, 1 April 2010)). O, həmçinin bu marağın xüsusilə önəmli olduğunu hesab edir.
47. Mütənasiblik məsələsinə gəlincə, Məhkəmə ilk növbədə qeyd edir ki, təxminən 400 000 avro məbləğində girov böyük pul vəsaitidir. Lakin girov məbləğinin mütənasibliyi məsələsi onun müsadirə olunduğu zaman deyil, müəyyən edildiyi zaman müzakirə olunmalıdır (“Manquras İspaniyaya qarşı” (Mangouras v. Spain [GC], no. 12050/04, §§ 78 and 80, ECHR 2010) işində olduğu kimi). Hazırkı işdə ərizəçi girovun ilkin məbləğinin əsassız olması ilə bağlı mübahisə qaldırmır və Məhkəmə qeyd edir ki, ərizəçi aşkar sürətdə bu məbləği gecikdirməyə yol vermədən və həddən artıq çətinlik çəkmədən ödəməyə qadir idi.
48. Bu işdə əsas məsələ girovun müsadirəsi barədə qərarın qəbul edilməsində bəraət hökmünün hər hansı rol oynamalı olub-olmamasıdır. Məhkəmə bu kontekstdə qeyd edir ki, girovun məqsədi cinayət prosesinin lazımı qaydada aparılmasının təmin olunması və xüsusilə müttəhimin məhkəmə iclaslarına gəlməsinin təmin edilməsidir (girovun ilkin müəyyən edilməsi kontekstində bax: yuxarıda qeyd edilmiş “Manquras İspaniyaya qarşı” işi üzrə qərarın 78-ci bəndi).
49. Lakin ərizəçinin girovun şərtlərinə əməl etməməsi cinayət prosesinin həyata keçirilməsinə ciddi şəkildə maneçilik törətmişdir. Ərizəçi təyin edilmiş iclaslardan heç birində iştirak etməmiş və girov şərtlərini pozduğunu bilməli olsa da, məhkəməyə hər hansı bir formada köməklik göstərməmişdir. Məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış və bu, prosesin kifayət qədər uzanmasına səbəb olmuşdur. Regional Məhkəmə ərizəçiyə sənədlərin çatdırılmasında ciddi çətinliklərlə üzləşmişdir.
50. Bundan əlavə, qeyd olunmalıdır ki, ərizəçinin bəraət alması öz-özlüyündə təqibin qanunsuz olmasını bildirməyə və ya ona kölgə salmağa əsas vermir. Şəxs barəsində ittiham hökmünün çıxarılması və şəxsin təqib olunması üçün fərqli sübutetmə standartları tələb olunur. Birinci halda sübutetmə əsaslı şübhələr yaratmayan sübutun, ikinci halda isə şəxsin cinayət törətdiyinə əsaslı şübhələrin olması standartı tətbiq olunmaqla həyata keçirilir. Buna görə də elə işlər ola bilər ki, burada əsaslı şübhələr məhkəmə baxışı zamanı şəxsin əsaslı şübhələr yaratmayan sübut əsasında məhkum olunması ilə nəticələnməsin. Bununla belə, bu cür vəziyyətlərdə prosesin lazımı qaydada aparılması və cinayət törətməsində əsaslı şübhələr olan şəxslərin ədalət mühakiməsindən yayınmağa və ya təqsirlərinin və ya digər məsələlərin qiymətləndirilməli olduğu prosesin sakit tərzdə aparılmasına maneçilik törətməyə səy göstərməməsinin təmin olunması dövlətin qanuni marağında qalmaqda davam edir.
51. Buna görə də prosesin nəticəsinin girovun müsadirəsi məsələsinə birbaşa aidiyyəti yoxdur. Burada məsələ müsadirənin proses zamanı girov şərtlərinin pozulmasına mütənasib olub-olmadığının müəyyən edilməsidir.
52. Məhkəmə qeyd edir ki, hazırkı işdə girov ərizəçiyə bircə sənədin çatdırılmasının mümkün olmadığına görə müsadirə olunmamışdır. Yüksək Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, ərizəçi bir neçə il ərzində ölkəyə gəlməməklə cinayət təqibindən yayınmışdır. Məhkəmə hesab edir ki, ilk öncə ərizəçinin məhkəmə iclaslarına gəlməməsi səbəbləri obyektiv hesab oluna bilsə də, yeni pasportun əldə olunmasından sonrakı dövr üçün bu fikri söyləmək mümkün deyil.
53. Ərizəçiyə məhkəmə iclasına gəlməsi üçün kifayət qədər imkan verilmişdir. Ərizəçi öz bildirdiyinə görə pasportunu 2003-cü ilin aprelində almışdır və məhkəmə baxışının qiyabi keçirilməsi barədə qərar isə yalnız 2005-ci ilin dekabrında qəbul edilmişdir. Beləliklə də, onun Regional Məhkəmə ilə əlaqə saxlaması üçün ən azı iki il səkkiz ay vaxtı var idi ki, belə əlaqənin saxlanması ilə Regional Məhkəmə ərizəçinin Çex Respublikasına səfər edə biləcəyi tarixdə iclas təyin edə bilərdi. Belə olan halda Yüksək Məhkəmənin ərizəçinin davranışı ilə cinayət təqibindən yayındığını nümayiş etdirməsi barədə gəldiyi nəticə əsassız görünmür.
54. Belə şəraitdə, yəni ərizəçinin kifayət qədər uzun müddət ərzində girov şərtlərini pozduğunu bilməli olduğu halda, o, Rusiyadakı ünvanı barədə Regional Məhkəməyə açıq və birmənalı şəkildə məlumat vermək və rəsmi sənədlərin Rusiyaya çatdırılması ilə bağlı çətinliklərin aradan qaldırılması məqsədilə (buna Cinayət işləri üzrə qarşılıqlı yardım haqqında Avropa Konvensiyası əsasında baxılmalı idi) onunla mütəmadi əlaqə saxlamaq vəzifəsini daşıyırdı. Ərizəçi isə bunu etməmişdir. Belə halda ərizəçinin vəkilinin 2002-ci ilin 8 iyul tarixində təqdim etdiyi məktubu qənaətbəxş hesab etmək olmaz. Məktubda yalnız ərizəçinin Rusiyada rəsmi qeydiyyatda olduğu ünvan barədə məlumat verilirdi, lakin onun məktubları harada almaq istəməsi barədə qeyd yox idi. Bundan əlavə, 2004-cü ilin 2 sentyabrında ərizəçi səhhətindəki problemləri və yeni vəkillərinin olması ilə bağlı məhkəmə iclaslarına gələ bilməməsi barədə məhkəməyə məlumat vermiş, lakin yenə də məktubların Rusiyada hansı ünvana çatdırılması barədə məlumat verməmişdir.
55. Nəhayət, Məhkəmə əlavə edir ki, müsadirə, yəni mübahisə predmeti olan müdaxilə ərizəçinin dəlillərini təqdim edə bildiyi, çəkişmə prinsipinin tam təmin olunduğu məhkəmə baxışı nəticəsində baş tutmuşdur. Ölkə məhkəmələri işə aid olan məsələləri diqqətlə yoxlamış və qərarlarını geniş şəkildə əsaslandırmışdır (bax: “G. Almaniyaya qarşı” (G. v. Germany (dec.), no. 10577/83, 6 May 1985)). Beləliklə də, 1 saylı Protokolun 1-ci maddəsinin prosessual tələblərinə əməl olunmuşdur (bax: “AGOSİ Birləşmiş Krallığa qarşı” (AGOSI v. the United Kingdom, 24 October 1986, § 55, Series A no. 108)).
56. Məhkəmə yuxarıdakıları nəzərə alaraq hesab edir ki, ərizəçinin qoyduğu girovun müsadirə edilməsi barədə qərar hazırkı işdə cəmiyyətin ümumi marağından irəli gələn tələblərlə ərizəçinin hüquqlarının təmin olunması tələbləri arasında “ədalətli tarazlığı” təmin etmişdir.
57. Buna görə də hazırkı işdə 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verməmişdir.
II. KONVENSİYANIN 6-CI MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
58. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə istinad edərək ölkə məhkəmələrinin girov barədə qəbul etdiyi qərarlardan narazılığını ifadə etmiş və bu qərarların kifayət qədər əsaslandırılmamasından şikayət etmişdir.
59. Məhkəmə işdə olan bütün materialları nəzərə alaraq və barəsində şikayət verilmiş məsələlərin onun yurisdiksiyasına aid olan hissəsində qət edir ki, bu materiallar Konvensiya və onun Protokollarında nəzərdə tutulmuş hüquq və azadlıqların pozulduğunu üzə çıxarmır. Buna görə də bu şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndi və 4-cü bəndinə əsasən rədd olunmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ
1. Yekdilliklə 1 saylı Protokolun 1-ci maddəsi ilə bağlı şikayəti qəbuledilən və ərizəni digər hissələrdə qəbuledilməz elan edir;
2. Altı səs lehinə, bir səs əleyhinə olmaqla 1 saylı Protokolun 1-ci maddəsinin pozulmadığını qət edir.
Qərar Məhkəmənin prosedur qaydalarının 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 2013-cü il 20 iyun tarixində ingilis dilində tərtib edilmiş və tərəflərə bu barədə yazılı bildiriş göndərilmişdir.
Klaudia UesterdiekMark Villiger
KatibSədr
Hakim Pejkalın xüsusi rəyi Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmənin Prosedur Qaydalarının 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərara əlavə edilir[1].
M.V.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy