Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 201
Noyabr 2016-cı il
***
Lermitt (Lhermitte) Belçikaya qarşı [BP] – ərizə № 34238/09
29.11.2016 tarixli qərar [Böyük Palata]
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Andlılar məhkəməsində andlı iclasçılar tərəfindən qəbul edilmiş təqsirləndirilən şəxsin təqsirkar olduğu barədə qərarın əsaslarını həmin şəxsin başa düşə bilməsi üçün adekvat prosessual təminatların olması məsələsi: pozuntu baş verməyib
Faktlar – Ərizəçi beş uşağını öldürdüyünə görə məhkəmə qarşısına çıxarılmışdı. 2008-ci ildə onun işinə üç hakimdən və andlı iclasçılardan ibarət andlılar məhkəməsi tərəfindən baxıldı. Onun müdafiəçisi iddia etdi ki, hadisələr baş verərkən ərizəçi psixi pozuntudan əziyyət çəkirdi ki, bu da onun öz hərəkətlərinə nəzarət edə bilməsinə imkan vermirdi. Öncə rəyləri bu mövqeyə zidd olan ekspert-psixiatrlar məhkəməyə təqdim edilmiş yeni sübutların işığında son nəticədə bu mövqeyi dəstəklədilər. Lakin andlılar ərizəçinin təqsirkar olduğu və hərəkətlərinin qəsdən törədildiyi barədə suallara "hə" cavabı verdilər. Elə həmin gün andlılar məhkəməsi ərizəçini ömürlük həbs cəzasına məhkum etdi. Kassasiya Məhkəməsi sonradan verilmiş kassasiya şikayətini rədd etdi, həmin şikayətdə ərizəçi bildirmişdi ki, andlıların qərarının və ittiham hökmünün əsasını təşkil etmiş səbəblər göstərilməyib.
26 may 2015-i il tarixli qərarında (bax: 185 saylı Məlumat bülleteni) Məhkəmənin Palatası Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulmadığını bildirdi və konkret olaraq müəyyən etdi ki, andlılara ünvanlanan sualların məzmunu, andlılar məhkəməsinin ittiham hökmü və Kassasiya Məhkəməsinin sonrakı qərarı məcmu halında götürüldükdə ərizəçi barəsində çıxarılmış ittiham hökmünün ərizəçi tərəfindən başa düşülməsinə imkan verirdi.
Ərizəçinin vəsatəti əsasında 14 sentyabr 2015-i ildə iş Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Bu iş mübahisələndirilən hərəkətlərin törədilib-törədilmədiyi və necə törədildiyi ilə (bu iki halın hər ikisi sübuta yetirilmiş və ərizəçi tərəfindən etiraf edilmişdi), yaxud cinayətlərin hüquqi tövsifi və ya cəzanın ağırlığı məsələsi ilə əlaqədar deyildi. Yaranmış sual ondan ibarət idi ki, məhkəmə iclasının sonunda ekspert-psixiatrların rəylərini dəyişdiklərinə baxmayaraq, araşdırılan dövrdə ərizəçinin öz hərəkətlərinə görə məsuliyyət daşımaq iqtidarında olduğu barədə andlıların gəldiyi qənaətin hansı səbəblərə əsaslandığını ərizəçi başa düşə bilərdimi? Məhkəmə aşağıdakı qeydlərin və mülahizələrin əsasında bu suala müsbət cavab verdi:
a) Məhkəmə prosesinin çəkişmə xarakteri – Məhkəmə araşdırması zamanı aşağıdakı təminatlara riayət edilmişdi: i) məhkəmə iclasının başlanğıcında ittiham hökmü tam həcmdə ucadan oxunmuş, həmçinin ittihamın əsasını təşkil edən cinayətin xarakteri göstərilmiş və cəzanı ağırlaşdıra və ya yüngülləşdirə bilən hallar qeyd edilmişdi; ii) ərizəçinin işində tərəflər öz arqumentlərini irəli sürmək imkanına malik idilər, hər bir sübut araşdırılmış və vəkilin yardım göstərdiyi müttəhimə şahidləri çağırmaq və dinlənilmiş ifadələri cavablandırmaq imkanı verilmişdi; və iii) iclasa sədrlik edən hakimin on günlük dinləmələrdən sonra andlılar məhkəməsinin on iki üzvü qarşısında qoyduğu suallar ucadan oxunmuş və tərəflərə sualların siyahısının nüsxələri verilmişdi.
b) İttiham aktının və andlılar qarşısında qoyulmuş sualların ümumilikdə işin nəticəsinə təsiri – İlk növbədə qeyd etmək lazımdır ki, ərizəçinin vəkili sədrin andlılar qarşısında qoyduğu suallarla bağlı heç bir etiraz bildirməmiş, nə onların dəyişdirilməsini istəmiş, nə də başqa suallar təklif etmişdi.
Bundan başqa, birinci sual ərizəçinin təqsirliliyi ilə bağlı olduğuna görə, müsbət cavab birmənalı olaraq o demək idi ki, andlıların rəyinə görə, o araşdırılan dövrdə etdiyi hərəkətlərə görə məsuliyyət daşıyırdı. Beləliklə, ərizəçi andlıların bu məsələyə dair mövqeyinin ona aydın olmadığını iddia edə bilməzdi.
Həqiqətən andlılar bu qərarlarının əsaslarını göstərməmişdilər. Lakin ədalətli məhkəmə araşdırmasının tələblərinə riayət edilib-edilmədiyini qiymətləndirmək üçün məhkəmə prosesi bütövlükdə götürülməli və işin bütün halları nəzərə alınmaqla müəyyənləşdirilməlidir ki, tətbiq edilmiş prosedurlar ərizəçinin nə üçün təqsirkar hesab edildiyini başa düşməsinə imkan verirdimi?
Hazırkı işdə bu məsələnin araşdırılması hadisələr baş verdiyi dövrdə cinayət əməlinə görə ərizəçinin məsuliyyət daşıdığı barədə andlılar məhkəməsinin rəyini ərizəçinin başa düşə bilməsi ilə bağlı hər hansı şübhələri dağıtmağa imkan verən bir sıra amilləri üzə çıxardı:
i) İlkin mərhələdə araşdırmanın diqqət mərkəzində ərizəçinin qətlləri törətdiyi zaman psixoloji durumunun hansı vəziyyətdə olması məsələsi idi. Təxminən əlli səhifədən ibarət olan ittiham aktında hadisələrin dəqiq ardıcıllığı, istintaq zamanı görülmüş tədbirlər və əldə edilmiş sübutlar barədə məlumatlar, habelə məhkəmə-tibb ekspertizasının rəyləri öz əksini tapmışdı, eləcə də ittiham aktının xeyli hissəsində onun bioqrafiyası və ailə həyatı, onu qətlləri törətməyə sövq edən motivlər və səbəblər konkret olaraq onun psixoloji və ruhi vəziyyətinə ekspertlər tərəfindən verilmiş qiymət nəzərə alınmaqla əks olunmuşdu.
Həqiqətən ittiham hökmü andlıların qərarının başa düşülməsinə yardım etmək baxımından məhdud effektə malik idi, belə ki, o, andlılar məhkəməsindəki icraatın mühüm hissəsini təşkil edən məhkəmə iclasından əvvəl təqdim edilmişdi; Konvensiyanın 6-cı maddəsi işin istintaqını aparmış orqanların işi baxılmaq üçün məhkəməyə göndərməsi üçün əsas təşkil edən səbəblərin başa düşülməsini deyil, məhkəmə iclasında iştirak etdikdən sonra andlılar heyətinin üzvlərinin müttəhimin təqsirliliyi məsələsi barədə qərar vermələri üçün əsas təşkil edən səbəblərin başa düşülməsini tələb edir. Bundan başqa, Məhkəmə ittiham aktında əks olunmuş qənaətlərin andlılarım müzakirələrinə və son nəticədə qəbul etdikləri qərara təsir göstərib-göstərmədiyinə dair ehtimallar irəli sürə bilməz.
ii) Andlılar məhkəməsindəki araşdırma zamanı ərizəçinin cinayət məsuliyyəti məsələsi prosesin başlıca məsələsi idi, belə ki, ortaya çıxmış yeni sübutlar sədri əlavə psixiatriya ekspertizası təyin etməyə vadar etmiş və sonradan bu ekspertizanın nəticələri araşdırılmışdı.
iii) İttiham hökmündə ərizəçinin qətlləri törətmək niyyəti və qətlləri soyuqqanlılıqla törətməsi açıq-aydın qeyd edilmişdi. Məntiqə görə, andlı iclasçıların suallara verdikləri cavablar onun cinayət məsuliyyəti daşımadığı qənaətinə gəlməyə imkan verirdi. Bundan başqa, Kassasiya Məhkəməsi ittiham hökmünü hər hansı başqa formada şərh etməmişdi, belə ki, ərizəçinin soyuqqanlı tərzdə hərəkət etməsi və cinayətləri törətməkdə qətiyyətliliyi andlılar məhkəməsinin belə qənaətə gəlməsi üçün əsas təşkil etmişdi ki, hadisələr baş verən anda o, əməllərinə görə cinayət məsuliyyəti daşıyırdı.
c) İttiham hökmünün ərizəçinin təqsirliliyi məsələsi ilə bağlı müzakirələrdə iştirak etməmiş peşəkar hakimlər tərəfindən tərtib edilməsi – Bu amil ərizəçiyə verilmiş izahatların dəyərliliyini və əhəmiyyətini şübhə altına ala bilməzdi, belə ki:
i) ittiham hökmü andlıların qərarının qəbul edildiyi gün çıxarıldığına görə izahatlar andlılar məhkəməsinin iclasının sonunda yubadılmadan verilmişdi;
ii) sözügedən hökm formal olaraq peşəkar hakimlər tərəfindən tərtib edilmiş olsa da, həmin hakimlər faktiki olaraq onlarla birlikdə hökmün müzakirəsində iştirak etmiş və adları hökmdə göstərilmiş andlılar heyətinin on iki üzvünün izahatlarını almaq imkanlına malik idilər; və
iii) peşəkar hakimlər özləri bütün məhkəmə iclası ərzində prosesdə iştirak etmişdilər və buna görə də andlıların izahatlarını lazımi qaydada nəzərə almaq imkanına malik idilər.
d) Hadisələr baş verən anda ərizəçinin öz hərəkətlərinə nəzarət etmək iqtidarında olması məsələsində andlı iclasçılarla ekspert-psixiatrlar arasındakı fikir ayrılığı ilə bağlı konkret izahatların olmaması – Həqiqətən son rəylərində üç ekspert-psixiatr belə bir yekdil fikirlərini bildirmişdilər ki, ərizəçi "hadisələr baş verən anda ciddi psixi pozuntudan əziyyət çəkirdi ki, bunun da nəticəsində öz hərəkətlərinə nəzarət etmək iqtidarında deyildi".
Lakin Məhkəmə artıq bu qənaətə gəlib ki, ekspert-psixiatrların andlılar məhkəməsindəki iclasda verdiyi ifadələr andlı iclasçılara təqdim edilmiş sübutların yalnız bir hissəsini təşkil edirdi.
Bundan başa, ekspertlərin özləri rəylərinin təsirini azaldaraq bildirmişdilər ki, cavabları onların şəxsi inamlarını ifadə edir və eyni zamanda təsdiq etmişdilər ki, bu rəylər "məlumatlı şəkildə bildirilmiş fikirlərdir, amma mütləq elmi həqiqət deyil".
Müvafiq olaraq, andlı iclasçıların onları ekspert-psixiatrların ərizəçinin xeyrinə olan yekun rəylərindəki mövqedən fərqli mövqe tutmağa sövq edən əsasları göstərməməsi ərizəçinin cinayət məsuliyyəti daşıdığı barədə qərarın əsaslarını başa düşə bilməsinə mane olmurdu.
***
Beləliklə, ərizəçi təqsirkar olduğunu müəyyən etmiş qərarın əsaslarını başa düşməsinə imkan verən yetərli təminatlarla təmin edilmişdi.
Nəticə: pozuntu baş verməyib (yeddi səsə qarşı on səslə).
(Bax: Takske Belçikaya qarşı [BP], ərizə № 926/05, 16 noyabr 2010-cu il, 135 saylı Məlumat bülleteni; və Lejiyon Fransaya qarşı (ərizə № 53406/10) və Anyele Fransaya qarşı (ərizə № 61198/08) 10 yanvar 20134-cü il tarixli qərarların qısa icmalı, 159 saylı Məlumat bülleteni; həmçinin Məhkəmənin presedent hüququna dair silsilə vəsaitlər arasında bu vəsaitə bax: 6-cı maddə (cinayət hüquqi aspekt) ilə bağlı təlimat)
Full & Egal Universal Law Academy