AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ BÖYÜK PALATA LOPES RİBALDA VƏ BAŞQALARI İSPANİYAYA QARŞI İŞİ (Ərizələr № 1874/13 və 8567/13) QƏRAR STRASBURQ, 17 oktyabr 2019-cu il Bu qərar qətidir, yalnız redaksiya düzəlişləri mümkündür. Lopes Ribalda və başqaları İspaniyaya qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi, Sədr Linos-Aleksandr Sisilianos, Hakimlər Guido Raymondi, Angelika Nussberger, Robert Spano, Vinsent A. De Qaetano, Yon Fridrik Kjolbro, Kseniya Turkoviç, İşil Karakaş, Anna Yudkovskaya, Andre Pototski, Ales Pejçal, Faris Vehaboviç, Yonko Grozev, Martins Mits, Qabriel Kuçko-Ştadlmeyer, Lətif Hüseynov, Maria Eloseguy, Böyük Palatanın Katib Müavini Sören Prebensendən ibarət tərkibdə Böyük Palata ilə iclas keçirərək, qeyd edilən tarixdə aşağıdakı qərarı qəbul etdi: PROSEDUR 1. İş İnsan hüquqları və əsas azadlıqları haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə müvafiq olaraq məlumatları Əlavədə göstərilən beş İspaniya vətəndaşı (“ərizəçilər”) tərəfindən müvafiq olaraq 28 dekabr 2012-ci il və 23 yanvar 2013-cü il tarixində verilmiş İspaniya Krallığına qarşı iki ərizə (№1874/13 və 8567/13) əsasında başlanmışdır. 2. Onlar məhkəmədə Barselonada fəaliyyət göstərən vəkil cənab J.A.Qonsales tərəfindən təmsil olunmuşlar. İspaniya Hökumətini (“Hökumət”) onların nümayəndəsi, dövlət prokuroru cənab R.A.Leon Cavero təmsil etmişdir. 3. Ərizəçilər iddia etmişlər ki, işəgötürənin onların işdən azad edilməsinə dair qərarı Konvensiyanın 8-ci maddəsi ilə zəmanət verilən şəxsi həyata hörmət hüquqlarını pozmaqla həyata keçirilmiş videomüşahidəyə əsaslanmış və milli məhkəmələr bu hüququn səmərəli müdafiəsinin təmin edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməmişlər. Onlar, Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq araşdırma zamanı videomüşahidə vasitəsilə alınmış videoyazıların sübut qismində qəbul edilməsindən şikayət etmişlər. Eyni müddəaya əsasən, üçüncü, dördüncü və beşinci ərizəçilər həmçinin milli məhkəmələr tərəfindən onlarla işəgötürənlər arasında imzalanmış barışıq sazişlərinin qəbul edilməsindən şikayət etmişlər. 4. Ərizə Məhkəmənin üçüncü seksiyasına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci qaydasının 1-ci bəndi). Sədr Helena Yaderblom, hakimlər Luiz Lopes Guerra, Dmitriy Dedov, Pere Pastor Vilanova, Alyona Polaçkova, Georgios A. Sergides, Jolyen Şukkinq və Seksiyanın Katibi Stive Fillipsdən ibarət olan bu Seksiyanın Palatası ərizələri birləşdirmək qərarına gəlmiş, onları qismən məqbul elan etmiş və Konvensiyanın 8-ci maddəsinin pozuntusunun olması və 6-cı maddəsinin pozuntusunun olmamasını müəyyən etmişdir. Hakim Dedovun xüsusi mövqeyi Palatanın qərarına əlavə edilmişdir. 5. 27 mart 2018-ci il tarixində Konvensiyanın 43-cü maddəsinə əsasən Hökumət işin Böyük Palataya verilməsi xahişi ilə müraciət etmişdir. 28 may 2018-ci il tarixinə Böyük Palatanın kollegiyası bu xahişi təmin etmişdir. 6. 23 yanvar 2019-cu il tarixində Avropa Məhkəməsi ikinci ərizəçinin ölümü haqqında xəbərdar olunmuşdur. Onun əri Məhkəmədə araşdırmanı onun əvəzinə davam etdirmək istəyini bildirmiş və onu təmsil etmək üçün cənab J.A.Gonzalez Espadaya səlahiyyət vermişdir. FAKTLAR I. İŞİN HALLARI A. Ərizəçilərin işdən azad olunması 10. Müvafiq hadisələrin baş verdiyi dövrdə bütün ərizəçilər San-Selonidə (Barselonanın əyaləti) yerləşən M. şəbəkəsi supermarketlərində işləmişlər. İlk üç ərizəçi kassir, dördüncü və beşinci ərizəçilər isə piştaxta arxasında duran satıcılar olmuşlar. 11. 2009-cu ilin mart ayından supermarketin meneceri mal ehtiyatlarının həcmi və satış göstəriciləri arasında müəyyən uyğunsuzluqlar qeydə almışdır. Sonrakı aylar ərzində o, fevralda 7,780 AVRO, martda 17,971 AVRO, apreldə 13,936 AVRO, mayda 18,009 AVRO və iyunda 24,614 AVRO zərər aşkar etmişdir. 12. Daxili araşdırma çərçivəsində itkilərin səbəbini müəyyən etmək üçün 15 iyun 2009-cu il tarixində menecer bəziləri aşkar (görünən), digərləri gizli olmaqla videomüşahidə kameraları quraşdırmışdır. Görünən kameralar supermarketin giriş və çıxışlarına yönəldilmişdi. Gizli kameralar müəyyən səviyyədə yerləşdirilmiş və kassaya yönəldilmişdi. Üç kassa, piştaxtaların qarşısı və arxasındakı sahə də daxil olmaqla hər bir kameranın nəzarət diapazonu ilə əhatə olunmuşdur. Tərəflər kameraların nəzarəti altında olan kassaların dəqiq sayını göstərməmişlər; dosyedə olan sənədlərdə ən azı dörd kassanın yazıya alındığı qeyd edilmişdir. 13. İclasda supermarketin işçi heyəti rəhbərliyin oğurluqla bağlı şübhələri ilə əlaqədar olaraq görünən kameraların quraşdırılması haqqında xəbərdar olunmuşdur. Nə işçi heyəti, nə də işçi heyəti komitəsi gizli kameralar haqqında məlumatlandırılmamışdır. Bundan əvvəl, 2007-ci ildə şirkət İspaniya Məlumatların mühafizəsi agentliyini öz mağazalarında videomüşahidə kameraları quraşdırmaq niyyəti haqqında xəbərdar etmişdi. Agentlik informasiyanın “şəxsi məlumatların mühafizəsi haqqında” qanunvericiliyə uyğun qaydada təqdim etmək öhdəliyinə işarə etmişdir. Ərizəçilərin işlədiyi mağazada videomüşahidə kameralarının olmasını göstərən nişan quraşdırılmışdır, lakin tərəflər onun yerləşdiyi yeri və dəqiq məzmununu göstərməmişlər. 14. 25 iyun 2009-cu il tarixində supermarketin rəhbərliyi həmkarlar ittifaqının nümayəndəsinə gizli kameraların çəkdiyi yazıların bəzi əməkdaşlar tərəfindən kassaların yanında malların oğurlandığını aşkar etməsi barədə məlumat vermişdir. Nümayəndə həmin yazılara baxmışdır. 15. 25 və 29 iyun 2009-cu il tarixlərdə oğurluqda şübhəli bilinən bütün əməkdaşlar fərdi müsahibəyə çağırılmışlar. On dörd əməkdaş, o cümlədən, beş ərizəçi işdən çıxarılmışdır. Hər bir müsahibədən öncə ərizəçilər və digər maraqlı işçilər həmkarlar ittifaqının nümayəndəsi ilə görüşmüş və sonuncu onlara videoyazıya baxdığını demişdir. Görüş zamanı bir sıra əməkdaşlar digər həmkarları ilə birlikdə oğurluqda əli olduğunu etiraf etmişlər. 16. Menecer, şirkətin qanuni nümayəndəsi və həmkarlar ittifaqının nümayəndəsinin iştirak etdiyi fərdi müsahibələr zamanı müvafiq əməkdaşlar intizam motivləri ilə işdən azad olunmaları haqqında, dərhal qüvvəyə minən qərar barədə xəbərdar olunmuşlar. Ərizəçilərə təqdim edilmiş işdən çıxarılma haqqında bildirişlərdə göstərilib ki, gizli videomüşahidə kameraları 2009-cu ilin 15 iyunundan 18 iyununadək olan dövrdə onların alıcılara və ya supermarketin digər əməkdaşlarına malları oğurlamağa kömək etdiklərini və özlərinin malları oğurladıqlarını çəkmişdir. Bildirişlərdə faktlar arasında kassalarda işləyən ilk üç ərizəçinin müştərilər və həmkarlarına haqqını ödəmədikləri mallarla kassaya getməyə və mallarla mağazadan çıxmağa icazə verməsi göstərilmişdir. Bundan başqa, qeyd edilmişdir ki, ərizəçilər müştəri və ya həmkarları tərəfindən kassada təqdim edilmiş əşyaları skan etmiş, lakin sonradan alışı ləğv etmişlər və nəticədə malın haqqı ödənilməmişdir. Onlar izah etmişlər ki, bu faktları sübut etməyə alıcılar tərəfindən faktiki olaraq seçilmiş mallar və satışdan qazancların müqayisəsi imkan vermişdir. Dördüncü və beşinci ərizəçiyə gəldikdə, bildirildiyi kimi, kameralar onları kassada işləyən həmkarlarının köməyi ilə malları oğurlayan zaman qeydə almışdır. İşəgötürənin sözlərinə görə, bu hərəkətlər əmək münasibətlərində tələb olunan vicdanlılıq və loyallıq öhdəliklərinin ciddi pozuntusudur və müqaviləyə dərhal xitam verilməsinə haqq qazandırır. 17. Bundan başqa, üçüncü, dördüncü və beşinci ərizəçi şirkətin qanuni nümayəndəsi ilə “barışıq sazişi” (acuerdo transaccional) adlı razılaşma imzalamışlar. Bu razılaşmalar, həmçinin həmkarlar ittifaqının nümayəndəsi tərəfindən də imzalanmışdır. Razılaşmalara əsasən, hər iki tərəf işəgötürənlə əmək müqaviləsinin ləğv edilməsini təsdiq etmiş və bəyan etmişlər ki, sonradan istənilən hüquqi mübahisə ilə bağlı qeyri-müəyyənliyə yol verməmək üçün razılığa gəlmişlər. Ərizəçilər işdən azad olunmaya dair bildirişdə göstərildiyi kimi, malları oğurladıqlarını etiraf etmiş və işəgötürənin onlarla əmək müqaviləsinə xitam verməyə dair qərarını təqdir etmişlər. Şirkət əməkdaşlara qarşı cinayət işi qaldırmamağı öz öhdəsinə götürmüşdür. Ödənilməmiş hesablarla bağlı yekun hesablaşma razılaşmaya əlavə olunmuş və tərəflər əmək müqaviləsi üzrə bir birinə hər hansı bir iddialardan imtina etdiklərini bəyan etmişlər. 18. Nə işdən azad olunmaya qədər, nə də həmkarlar ittifaqının nümayəndəsi ilə görüş və ya fərdi müsahibə vaxtı ərizəçilər videomüşahidə kameralarının yazılarına baxmaq imkanına malik olmamışlar. B. Ərizəçilər tərəfindən başlanmış məhkəmə araşdırmaları 1. Əmək mübahisələri tribunalında icraat 19. 22 iyul 2009-cu il tarixində birinci ərizəçi 1 saylı Qranolyers Əmək mübahisələri tribunalına (Əmək mübahisələri tribunalı) işdən ədalətsiz çıxarılma haqqında iddia vermişdir. Eyni tarixdə digər dörd ərizəçi Əmək mübahisələri tribunalında analoji iddialar qaldırmışlar. 20. Ərizəçilər, xüsusi olaraq, gizli videomüşahidənin istifadəsinə etiraz edərək, bunun onların şəxsi həyatın müdafiəsi hüququnu pozduğunu iddia etmişlər. Beləliklə, onlar bu üsulla alınmış istənilən çəkilişlərin araşdırma zamanı sübut qismində qəbul edilməməsini xahiş etmişlər. 21. Üçüncü, dördüncü və beşinci ərizəçi tərəfindən başlanan araşdırmaya gəldikdə, işəgötürən onlar tərəfindən imzalanmış barışıq sazişlərinə istinad etməklə onlara qarşı çıxış etmişdir. Bu ərizəçilər həmin sazişləri cinayət təqibi hədəsi altında imzaladıqlarını və onların razılığının həmkarlar ittifaqının nümayəndəsinin iştirakı ilə işəgötürən tərəfindən məcburetmə və aldadıcı manipulyasiyalar üzündən etibarsız olduğunu iddia etməklə, sazişlərin ləğv edilməsini tələb etmişlər. 22. İki araşdırmanın hər biri üzrə müvafiq olaraq 3 dekabr 2009-cu il və 23 noyabr 2009-cu il tarixlərində dinləmələr keçirilmişdir. Videomüşahidə yazıları işəgötürən tərəfindən sübut qismində təqdim edilmişlər. 23. 20 yanvar 2010-cu il tarixdə Əmək mübahisələri tribunalı ərizəçilərin şikayətlərini rədd edərək, onların işdən azad olunmasını ədalətli elan etmişdir. 24. Hər hansı bir barışıq sazişi imzalamamış birinci və ikinci ərizəçilərə gəldikdə, tribunal belə nəticəyə gəlmişdir ki, “Məhkəmə hakimiyyəti haqqında” Qanunun 11-ci bölməsi və Mülki Prosessual Məcəllənin 287-ci maddəsinə müvafiq olaraq, fundamental hüququn pozulması ilə əldə olunmuş istənilən sübutların istisna edilməli olmasını nəzərə almaqla, o, əvvəlcə gizli kameralarla alınmış yazıların qanuni sübut olub-olmadığını müəyyən etməlidir. 25. Bununla əlaqədar olaraq, Əmək mübahisələri tribunalı müəyyən etmişdir ki, Əmək reqlamentinin 20-ci maddəsinin 3-cü bəndinə əsasən (bax: aşağıda 42-ci bənd) istənilən işəgötürən işçilərin öz əmək vəzifələrini yerinə yetirməsinin yoxlanması üçün nəzarət tədbirlərindən bir şərtlə istifadə etmək hüququna malikdir ki, bu tədbirlər “insan ləyaqətinə” uyğun olsun və müvafiq olaraq, onların əsas hüquqlarına hörmətlə yanaşsın. Bununla əlaqədar olaraq, o, Konstitusiya Məhkəməsinin presedent hüququna, xüsusi olaraq, ciddi intizam pozuntularında şübhəli bilinən əməkdaşların gizli kameralardan istifadə etməklə videomüşahidəsi ilə bağlı analoji işə dair 186/2000 saylı, 10 iyul 2000-ci il tarixli qərarına istinad etmişdir. Bu qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, işəgötürənin idarəetmə səlahiyyətlərinin həyata keçirilməsi üçün və şirkətin fasiləsiz işinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri görmək hüququ əməkdaşların şəxsi həyat hüququ və təsvirlərinin müdafiəsi hüququ ilə məhdudlaşır. O, izah etmişdir ki, aşağı instansiya məhkəməsi işəgötürənin tədbirlərinə hüquqi məsuliyyətin uyğunluğu testini tətbiq etməklə müxtəlif konstitusiya maraqları arasında balansı bərpa etməli idi. Baxılan işdə müəyyən edilmişdir ki, gizli videomüşahidə tədbiri, onun - birincisi, ciddi intizam pozuntuları barədə ağlabatan şübhələrə əsaslandığı; ikincisi, güdülən məqsədə, daha dəqiq desək, işçinin həqiqətən də intizam pozuntusu törədib-törətmədiyini yoxlamaq və zəruri olduqda cəza tətbiq etmək məqsədinə müvafiq olduğu; üçüncüsü, videoyazıların nəzərdən keçirilən intizam pozuntusunun təsdiqi üçün zəruri olduğu; dördüncüsü, monitorinqin qoyulan məqsədə nail olmaq üçün kifayət edəcək məkan və zaman baxımından məhdudlaşdırılması nəzərə alındıqda, proporsional olmuş və işçinin Konstitusiyanın 18-ci maddəsi ilə zəmanət verilmiş şəxsi həyatın toxunulmazlığına dair əsas hüququnu pozmamışdır. Bundan başqa, məhkəmə konstitusiya baxımından əməkdaşlar və işçi heyəti komitəsinin videomüşahidənin quraşdırılması haqqında əvvəlcədən xəbərdar olunub-olunmaması məsələsinə baxmağı qeyri-münasib hesab etmişdir. Bundan başqa, o, qərarın qərar həm də digər sübutlara əsaslanmasını nəzərə alaraq, Konstitusiyanın 24-cü maddəsinə əsasən effektiv məhkəmə müdafiəsi hüququnun bu şəkildə əldə olunmuş lent yazılarının sübut qismində qəbul edilməsi ilə pozulmaması fikri ilə razılaşmışdır. 26. Analoji işdə Konstitusiya Məhkəməsi tərəfindən işlənib hazırlanmış prinsipləri tətbiq etməklə, Əmək mübahisələri tribunalı müəyyən etmişdir ki, ərizəçilərin şəxsi həyata hörmət hüququnun heç bir pozuntusu baş verməmiş və beləliklə də, videoyazılar qanuni sübutlar olmuşdur. 27. Mahiyyət etibarilə məhkəmə belə nəticəyə gəlmişdir ki, işdən çıxarılma bildirişlərində şərh edilmiş faktlar iş üzrə sübutlarla, daha dəqiq desək: videoyazılar, supermarket rəhbərliyinin, həmkarlar ittifaqının nümayəndəsi və oğurluqda iştiraka görə işdən çıxarılmış digər işçilərin şahid ifadələri, eləcə də kassalarda satınalmaları qeydə alan kameraların çəkdiyi kadrların müqayisə edildiyi, cinayət icraatı kontekstində tərtib edilmiş ekspert hesabatı (bax: aşağıda 40-cı bənd) ilə müəyyən edilmiş və ümumilikdə tədqiq edilmişdir. 28. Tribunalın mövqeyinə görə, ərizəçilərin davranışı vicdanlılıq prinsipinin pozuntusudur və işəgötürənin etibarının itirilməsinə səbəb olur və onların işdən çıxarılmasını qanuni edir. 29. Üçüncü, dördüncü və beşinci ərizəçilərə gəldikdə, Əmək mübahisələri tribunalı onların işəgötürənlə barışı sazişinin etibarsızlığına dair arqumentlərini nəzərdən keçirmişdir. Onun fikrincə, işəgötürən tərəfindən hər hansı bir məcburetmə formalarını və ya dələduzluq niyyətlərini təsdiq edən sübutlar olmamışdır. Həmkarlar ittifaqının nümayəndəsinin ifadələrinə əsasən, o, belə nəticəyə gəlmişdir ki, ərizəçilər onunla görüş zamanı faktları etiraf etmişlər və bu da onların həmin razılaşmanı cinayət təqibindən yayınmaq üçün imzalamalarını inandırıcı edir. O, əlavə etmişdir ki, ərizəçilərlə eyni vəziyyətdə olan bəzi əməkdaşların (məsələn, birinci və ikinci ərizəçilərin) bu cür razılaşmanı imzalamaqdan imtinası hər hansı bir təhdid və məcburetmənin olmadığını təsdiq edir. O, həmçinin qeyd etmişdir ki, barışıq sazişlərinin qeyri-qanuni əsası yoxdur və mübahisənin qarşılıqlı güzəştlər yolu ilə tənzimlənməsi vasitəsi kimi nəzərdən keçirilə bilər. 30. Barışıq sazişini qəbul edən tribunal işəgötürənin icraata etirazını qanuni hesab etmiş, mübahisə üzrə üç ərizəçinin tələbinin qanuni əsasının olmadığını müəyyən edərək, onların şikayətini mahiyyəti üzrə baxmadan rədd etmişdir. 2. Ali Ədalət Məhkəməsində icraat 31. Ərizəçilər müvafiq olaraq 16 və 22 mart 2010-cu il tarixlərində Kataloniya Ali Ədalət Məhkəməsinə (“Ali Məhkəmə”) apellyasiya vermişlər. Öz apellyasiyasında birinci ərizəçi bilavasitə Şəxsi məlumatların mühafizəsi haqqında qanunun 5-ci bölməsində nəzərdə tutulduğu kimi, əvvəlcədən xəbərdar etmə öhdəliyinin pozulmasından şikayət etmişdir. Onun fikrincə, bu videomüşahidə tədbirinin uyğunluğuna baxılması zamanı nəzərə alınmalıdır. 32. 28 yanvar və 24 fevral 2011-ci il tarixli qərarlarında Ali Məhkəmə birinci instansiyanın hər iki qərarını qüvvədə saxlamışdır. 33. Öz presedent hüququna, digər məhkəmələr və Konstitusiya Məhkəməsinin artıq Əmək mübahisələri tribunalı tərəfindən adı çəkilən qərarlarına əsaslanaraq, Ali Məhkəmə belə nəticəyə gəlmişdir ki, işəgötürən tərəfindən əmək reqlamentinin 20-ci maddəsinin 3-cü bəndinə əsasən görülmüş videomüşahidə tədbirləri üçün Şəxsi məlumatların mühafizəsi haqqında Qanunun 6 (2) maddəsi baxımından müvafiq əməkdaşların əvvəlcədən verilmiş razılığı tələb olunmamışdır, lakin Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilmiş meyarlara müvafiq olaraq onların uyğunluğu yoxlanmalı idi. O, belə nəticəyə gəlmişdir ki, bu işdə nəzərdən keçirilən tədbir daha yüngül tədbirin bunun öhdəsindən gələ bilməyəcəyi səbəbindən qeyri-qanuni hərəkətlərlə bağlı şübhələrin olması ilə əsaslandırılmış, qoyulmuş məqsədə müvafiq, bu məqsədə nail olmaq üçün zəruri olmaqla, bu meyarlara cavab vermiş və lent yazılarının şübhələrin yoxlanması üçün zaman və məkan baxımından məhdud olması səbəbindən mütənasib olmuşdur. Əvvəlki qərarlara istinad etməklə, Ali Məhkəmə 28 yanvar 2011-ci il tarixli qərarında aşağıdakıları müəyyən etmişdir: “...işəgötürən tərəfindən ([birinci ərizəçinin] iş yerində quraşdırılmış və mallarda əskik aşkar edildikdən sonra kassirlərin iş stansiyalarına yönəldilmiş...) videomüşahidə kameralarının köməyi ilə həyata keçirilən nəzarət, bir qayda olaraq, münasib və hətta zəruri fəaliyyətə nəzarət vasitəsi hesab edilir və buna görə də nəzərə almaq lazımdır ki, bunun işçi heyəti nümayəndələrinin kameranın quraşdırılması haqqında məlumatlandırılmaması səbəbindən sanksiyalara gətirib çıxara biləcəyinə baxmayaraq... monitorinq uyğunluq, zərurilik və ya mütənasiblik meyarlarına zidd olaraq həddindən artıq aparılmamışdır ki, bu da insanın reputasiyasının müdafiəsi hüququnun əsassız pozulmasına və ya insan ləyaqətinə zərər yetirilməsinə gətirib çıxara bilsin, çünki bu, mümkün oğurluqları sübut etmək məqsədilə əvəz edilməsi çətin olan yeganə münasib vasitə olmuşdur...” Ali Məhkəmə həmçinin qət etmişdir ki, əməkdaşlar və işçi heyəti nümayəndəsinin xəbərdar olunmaması, ehtimala görə, “şirkətin haqlı olaraq monitorinq sistemi haqqında məlumatın verilməsinin onun məqsədlərinə mənfi təsir göstərəcəyindən ehtiyat etməsi” faktı ilə izah edilə bilər. 34. Şəxsi məlumatların mühafizəsi haqqında Qanunun 5-ci bölməsini xüsusi vurğulamadan, Ali Məhkəmə qeyd etmişdir ki, işəgötürənin əvvəlcədən xəbərdar etmə öhdəliyinə riayət etməsi məsələsi adi qanunilik məsələsidir və işçini məlumatlandırmaqdan imtina işəgötürəni inzibati cəzaya məruz qoymuş, lakin bu işdə olduğu kimi, videomüşahidə tədbirinin əsaslı və mütənasib olduğu hallara sübutların məqbulluğuna təsir göstərməmişdir: “...İnformasiyanın əməkdaşlara ehtimal olunan təqdim edilməməsi, zəruri olduqda, inzibati məsuliyyətə səbəb ola bilər, lakin sübutların qanuniliyi ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilmiş şərtlərin pozulmasına gətirib çıxarmır, çünki bu həqiqətən də haqlı tədbir olmuş (ərizəçinin iş yerində ciddi inzibati pozuntu törətməsi ilə bağlı əsaslı şübhələr olmuşdur), şirkət tərəfindən güdülən məqsədə müvafiq olmuş (əməkdaşın həqiqətən də pozuntu törətməsinin yoxlanması və bunun təsdiq edildiyi halda, müvafiq intizam tədbirlərinin görülməsi üçün) və zəruri (lent yazılarının qanun pozuntusunun sübutu kimi istifadə edilməsi) və mütənasib (kameralar yalnız kassa piştaxtalarına və bunun təkrarlanmayan hadisə və ya yanlışlıq deyil, həqiqətən də təkrarlanan qeyri-qanuni davranış olmasının yoxlanması üçün zəruri olan yalnız məhdud zaman müddətində yönəldilmişdir) olmuşdur”. Analoji dəlillərdən istifadə etməklə Ali Məhkəmə ikinci, üçüncü, dördüncü və beşinci ərizəçilərlə bağlı araşdırma zamanı 24 fevral 2011-ci il tarixli qərarında da eyni nəticəyə gəlmişdir. 35. Üçüncü, dördüncü və beşinci ərizəçilərə gəldikdə, Ali Məhkəmə Əmək mübahisələri tribunalının barışıq sazişlərinin etibarlı olması və razılaşmada heç bir qüsurun aşkar edilməməsi haqqında gəldiyi nəticəni dəstəkləyərək, xüsusi olaraq qeyd etmişdir ki, razılaşmalar həmkarlar ittifaqının nümayəndəsinin iştirakı ilə imzalanmışdır və onların tərtibatı işçilərin faktlar haqqında məlumatlı olması və əmək müqavilələrinə xitam verilməsini qəbul etməyə hazır olması ilə bağlı heç bir şübhə qoymur. 36. Lakin Ali Məhkəmə qeyd etmişdir ki, prosedur baxımından, Əmək mübahisələri tribunalının etdiyi kimi, razılaşmaların imzalanmasının ərizəçiləri məhkəmədə iddia qaldırmıq hüququndan məhrum etdiyini hesab etmək düzgün olmazdı. Belə bir fikir səsləndirilmişdir ki, bu razılaşmalardan göründüyü kimi, onlar ittiham olunduqları faktları etiraf etmiş, işəgötürənin onların iş fəaliyyətini dayandırmaq qərarını qəbul etmiş və bununla da onların müqavilələrinə xitam verilməsinə razılıq vermişlər. Buna görə də Ali Məhkəmənin eyni işəgötürən tərəfindən digər işçilərlə bağlanmış analoji razılaşmalara aid presedent hüququna istinadla belə nəticəyə gəlinmişdir ki, əmək müqavilələri qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Onun fikrincə, məhkəmənin artıq faktiki olaraq qanuni hesab etdiyi videoyazıların qanuni olub-olmaması və sübut qismində qəbul edilə bilib-bilməməsindən asılı olmayaraq, bu, müəyyən edilməli olan faktları və əmək müqavilələrinin ləğv edilməsini qanuni hesab etmək üçün kifayət olmuşdur. 37. Bundan başqa, bütün ərizəçilərin sübutların faktların müəyyən edilməsi üçün kifayət etməməsi ilə bağlı qaldırdığı apellyasiyanın əsası məsələsinə cavab olaraq Ali Məhkəmə qeyd etmişdir ki, faktlar videoyazı, bəzi əməkdaşların oğurluq törətdiklərini etiraf etdikləri həmkarlar ittifaqının nümayəndəsinin ifadələri və barışıq sazişləri imzalamış üç ərizəçinin həmin sazişlərdə faktları etiraf etmələri ilə təsdiq olunmuşdur. Konkret olaraq videoyazıda üzü düşməyən birinci ərizəçiyə gəldikdə isə, məhkəmə müəyyən etmişdir ki, onun işlədiyi kassaya yönəldilmiş kameraların yazılarının təhlili və satış qəbzləri onun ittiham edildiyi hərəkətlərdə əli olmasını kifayət dərəcədə nümayiş etdirmişdir. 38. Ərizəçilərin öz tələblərini əsaslandırmaq üçün irəli sürdükləri digər əsaslar öyrənildikdən sonra Ali Məhkəmə işdən çıxarılmanın qanuni olması nəticəsinə gəlmiş və birinci instansiyanın qəbul etdiyi qərarı qüvvədə saxlamışdır. 3. Ali Məhkəmə və Konstitusiya Məhkəməsində icraat 39. Ərizəçilər müvafiq olaraq 5 oktyabr 2011-ci il və 7 fevral 2012-ci il tarixlərində hüquqi məsələlərlə bağlı apellyasiya vermişlər. Son nəticədə ərizəçilər Konstitusiya Məhkəməsinə şikayətlər vermişlər və həmin şikayətlər “əsas hüquqların pozuntusunun mövcud olmaması” səbəbindən müvafiq olaraq 27 iyun və 18 iyul 2012-ci il tarixlərində qeyri-məqbul hesab edilmişlər. C. Ərizəçilərə qarşı cinayət icraatı 40. 31 iyul 2009-cu il tarixində ərizəçilər və digər işçilər işdən azad olunmalarını Əmək mübahisələri tribunalında şikayətləndirdikdən sonra, işəgötürən beş ərizəçi də daxil olmaqla, on dörd işçiyə qarşı cinayət şikayəti vermişdir. Onlara qarşı cinayət işi başlanmışdır. 15 iyul 2001-ci il tarixində, ittiham olunanlar arasında cinayətlərin törədilməsi ilə bağlı hər hansı bir razılaşdırılmış əməllərin törədilməsinin müəyyən edilmədiyini və hər bir cavabdeh tərəfindən oğurlanmış malların dəyərinin 400 avronu aşmadığını müəyyən etmiş istintaq hakimi ittihamları xırda qanun pozuntusuna tövsif etmək qərarına gəlmişdir. 27 sentyabr 2011-ci il tarixli qərarında hakim elan etmişdir ki, məhkəmə təqibinin müddəti bu cinayət növü üzrə qanunla müəyyən edilmiş məhkəmə araşdırması müddəti ilə məhdudlaşmışdır. II. MÜVAFİQ MİLLİ HÜQUQ VƏ PRAKTİKA A. İspaniya Konstitusiyası 41. İspaniya Konstitusiyasının müvafiq müddəalarında deyilir: Maddə 18 “1. Şərəf, şəxsi və ailə sirri və şəxsi ad hüququna təminat verilir. ... 4. Qanun vətəndaşların şərəfinə, şəxsi və ailə həyatına hörmətə və onların hüquqlarının tam həyata keçirilməsinə təminat vermək məqsədi ilə məlumatların işlənməsini məhdudlaşır”. B. Əmək qanunvericiliyinin müvafiq müddəaları 42. Müvafiq dövrdə qüvvədə olmuş, 1/1995 saylı, 24 mart 1995-ci il tarixli Kral qanunvericilik dekreti ilə təsdiq olunmuş Əmək qanunvericiliyində (Estatuto de los Trabajadores) xüsusi olaraq aşağıdakılar nəzərdə tutulub: 3. İşəgötürən işçinin öz əmək vəzifələrini yerinə yetirməsini yoxlamaq üçün daha məqsədəuyğun hesab etdiyi nəzarət tədbirlərindən, bu tədbirlərin görülməsi və tətbiqi zamanı onun insani ləyaqətini nəzərə almaqla istifadə edə bilər”. D. Şəxsi məlumatların mühafizəsinə dair qanunvericilik 1. 15/1999 saylı Konstitusiya Qanunu 45. Müvafiq dövrdə qüvvədə olmuş 15/1999 saylı Şəxsi məlumatların mühafizəsi haqqında Konstitusiya Qanunu (Ley Orgánica de protección de datos de carácter personal – “Şəxsi məlumatların mühafizəsi haqqında qanun”) 13 dekabr 1999-cu il tarixində 95/46/Aİ Direktivinin (bax: aşağıda 63-cü bənd) transpozisiyası yolu ilə qəbul edilmiş və 14 yanvar 2000-ci il tarixində qüvvəyə minmişdir. Onun məqsədi şəxsi məlumatların işlənməsi ilə əlaqədar olaraq ayrı-ayrı şəxslərin əsas hüquqlarını və xüsusi olaraq, onların şərəfi, şəxsi və ailə həyatının toxunulmazlığına hörmət hüququnu müdafiə etməkdən ibarət olmuşdur (Qanunun 1-ci fəsli). O, şəxsləri identifikasiya edən və ya identifikasiya etməli olan, fiziki daşıyıcıya yazılmış, işlənilməli olan, eləcə də bu məlumatların gələcəkdə ictimai və ya şəxsi məqsədlərlə istifadəsini əhatə edən istənilən informasiya kimi müəyyən edilən şəxsi məlumatların toplanmasına tətbiq edilirdi (Qanunun 2 və 3-cü fəsilləri). 46. Qanun əsasında yaradılmış İspaniya Verilənlərin Mühafizəsi Agentliyi onun tətbiqinə nəzarətə görə cavabdeh orqandır. Bu qisimdə o təftişlər keçirmək, şikayətlərə baxmaq və Qanunun pozulmasına görə cərimələr, daha dəqiq desək, 600 000 avro məbləğinədək cərimələr tətbiq etmək hüququna malikdir (35-ci və sonrakı fəsillər). 2. 3/2018 saylı Qanun 52. 15/1999 saylı Qanun 5 dekabr 2018-ci il tarixində qəbul edilmiş, 7 dekabr 2018-ci il tarixində qüvvəyə minmiş 3/2018 saylı Şəxsi məlumatlar və rəqəmsal hüquqların müdafiəsi haqqında yeni Konstitusiya Qanunu ilə ləğv edilmişdir. Yeni Qanunun 22-ci maddəsi bilavasitə videomüşahidə vasitəsilə toplanmış şəxsi məlumatların işlənməsini tənzimləyir. Xüsusi olaraq, o aşağıdakıları nəzərdə tutur: “4. 2016/679 saylı Reqlamentin (Aİ) 12-ci maddəsinə müvafiq olaraq informasiya təqdim etmək öhdəliyi minimal olaraq işlənmənin aparılması, məsul şəxsin şəxsiyyəti və Reqlamentin (Aİ) 15-22 maddələri ilə nəzərdə tutulmuş hüquqların gerçəkləşdirilməsi mümkünlüyünü əks etdirən informasiya tablosunun kifayət qədər görünən yerdə yerləşdirilməsi ilə yerinə yetirilmiş hesab edilir...”. 53. İş yerində videomüşahidəyə gəldikdə, Qanunun 89(1) maddəsi aşağıdakıları nəzərdə tutur: “1. İşəgötürənlər Əmək Qanunvericiliyinin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulduğu kimi əməkdaşları və ya vəzifəli şəxslərinə nəzarət səlahiyyətlərinin həyata keçirilməsi zamanı videomüşahidə vasitəsilə əldə olunmuş təsvirləri bir şərtlə işləmək hüququna malikdir ki, bu imkandan qanunla müəyyən edilmiş qaydada və çərçivədə istifadə edilsin. İşəgötürənlər işçilər və ya vəzifəli şəxslər bu cür tədbirin tətbiq edilməsi haqqında əvvəlcədən aydın, dəqiq və qısa formada məlumatlandırmalıdırlar. Videomüşahidə kameralarının aşkar şəkildə qeyri-qanuni əməl törətmiş qulluqçu və ya vəzifəli şəxslərin video çəkilişini apardığı halda, informasiya təqdim etmək öhdəliyi hazırkı 22(4) maddəsində nəzərdə tutulmuş mexanizmin tətbiq edilməsi şərti ilə yerinə yetirilmiş hesab edilir”. (......) III. MÜVAFİQ AVROPA HÜQUQU VƏ BEYNƏLXALQ HÜQUQ A. Avropa Şurası 1. Venesiya Komissiyası 61. 2007-ci ildə Avropa Şurasının konstitusiya məsələləri üzrə müşavirəçi orqanı olan Venesiya Komissiyası 71-ci plenar sessiyasında (Venesiya, 1-2 iyun 2007-ci il, CDL-AD(2007)027) “dövlət və özəl sektorlarda xüsusi operatorlar və özəl və insan hüquqlarının müdafiəsi sahəsində dövlət orqanları tərəfindən videomüşahidə”yə dair rəy qəbul etmişdir. Onun müvafiq hissələrində deyilir: “18. Bu tədqiqatın məqsədləri üçün özəl sahəyə iş yerləri və iş yerində videomüşahidənin istifadəsi daxil ediləcək ki, bu da əməkdaşların şəxsi həyatın toxunulmazlığı hüququna dair hüquqi məsələləri qaldırır. ... 52. İş yerlərinə gəldikdə, videomüşahidənin tətbiqi əməkdaşların şəxsi həyatın toxunulmazlığı hüququna riayət olunmasını tələb edir. 53. Bu halda, videomüşahidə, bir qayda olaraq, əsaslı şübhələrin olduğu təqdirdə əməkdaşlar tərəfindən dələduzluq və ya oğurluğun qarşısını almağa və ya onu aşkar etməyə imkan verir. Lakin, çox spesifik hallar istisna olmaqla, videoçəkilişə insanın tam məxfiliyə malik olacağına inandığı yerlərdə (istirahət otaqları, siqaret çəkmək üçün yerlər və s.) icazə verilmir. 54. Bundan başqa, gizli müşahidəyə bunun adekvat alternativlərin olmaması üzündən zəruriliyinin sübut edildiyi halda, müstəsna olaraq müvəqqəti əsaslarla icazə verilə bilər. ... 57. Mağazalara gəldikdə isə, kamera müşahidəsi bu tədbirin zəruri və mütənasib olduğu halda, əmlakın müdafiəsi üçün haqlı ola bilər. Mağazanın bəzi yerlərində də ehtimal olunan oğurluqların qarşısının alınması və cinayət təqibi özünü doğrulda bilər ki, bu da yalnız zəruri olduqda və zəruri olan müddətdən artıq olmayaraq həyata keçirilməlidir. 58. Milli qanunvericilikdə nəzarətin hüquqi əsası və müdafiə olunan maraqlar nəzərə alınmaqla pozuntu zərurəti dəqiq müəyyən edilməlidir...” 2. Nazirlər Komitəsi 62. 1 aprel 2015-ci il tarixində Nazir Müavinlərinin 1224-cü görüşündə Avropa Şurası Nazirlər komitəsi məşğulluqla bağlı şəxsi məlumatların işlənməsinə dair CM/Rec(2015)5 Tövsiyələrini qəbul etmişdir. Müvafiq çıxarışlarda aşağıdakılar nəzərdə tutulur: 10. İcraatın şəffaflığı “10.1. İşəgötürənlərin saxladığı şəxsi məlumatlar haqqında informasiya birbaşa olaraq və ya onun nümayəndələri vasitəsilə maraqlı işçiyə təqdim edilməli və ya digər münasib vasitələrlə onun diqqətinə çatdırılmalıdır. 15. Videomüşahidə də daxil olmaqla əməkdaşların monitorinqi üçün informasiya sistem və texnologiyaları 15.2. Əməkdaşların fəaliyyət və davranışına dolayısı nəzarət edən informasiya sistem və texnologiyaları elə şəkildə işlənib hazırlanmalı və yerləşdirilməlidir ki, onların əsas hüquqlarını pozmasın. Əməkdaşların şəxsi həyatının bir hissəsi olan yerlərə nəzarət üçün videomüşahidənin istifadəsinə heç bir halda yol verilmir. IV. MÜQAYİSƏLİ-HÜQUQİ MATERİAL 67. Aşağıdakı informasiya Məhkəmənin Avropa Şurasının üzv-dövlətlərinin qanunvericiliyi ilə bağlı və xüsusi olaraq, qırx iki dövləti əhatə edən araşdırmalarından götürülüb. 68. Avropa İttifaqının iyirmi səkkiz üzv-dövləti 95/46/Aİ Direktivini ehtiva edən qanunvericiliyə malikdir. Onlardan 21 dövlət xüsusi olaraq iş yerində videomüşahidəni tənzimləyən sənədlər qəbul etmişdir. Bu cür qaydalara malik dövlətlərin əksəriyyəti gizli videomüşahidəni qadağan edir. Lakin onların bəziləri (Almaniya, Birləşmiş Krallıq) buna cinayətin törədilməsi və ya ciddi qeyri-qanuni davranış halları ilə bağlı şübhələr olduqda icazə verir. 69. Aİ üzvü olmayan dövlətlərə gəldikdə isə, onların yeddisində iş yerində xüsusi videomüşahidə qaydaları qüvvədədir, üç dövlətdə ümumi videomüşahidə qaydaları, beş dövlətdə isə yalnız şəxsi məlumatların toplanması və işlənməsinə dair ümumi qanunvericilik qüvvədədir. Konkret qaydalara malik dövlətlər bu cür nəzarətin qanuni məqsəd güdməsi və əməkdaşların məlumatlı olmasını tələb edirlər. Bir dövlətdə (İsveçrə) gizli videomüşahidə cinayət törədilməsi şübhəsinin olduğu halda istifadə edilə bilər. 70. (...) QANUN I. İLKİN DİNLƏMƏLƏR A. Məhkəməyə müraciət hüququ 71. Məhkəmə qeyd edir ki, ikinci ərizəçi, xanım A. Qansedo Ximenes 25 oktyabr 2018-ci il tarixində, işin Böyük Palatanın baxışında olduğu dövrdə vəfat etmişdir. Onun əri və qanuni varisi, cənab X. Lopes Martines Məhkəmədə araşdırmanı davam etdirmək istəyini bildirmişdir. 72. Məhkəmə göstərmişdir ki, ərizəçinin araşdırma zamanı vəfat etdiyi bir sıra hallarda o varislər və ya yaxın qohumların onu davam etdirmək istəyini nəzərə almışdır. 73. Bu işdə Avropa məhkəməsi hesab edir ki, ikinci ərizəçinin varisi şikayətə baxılmanın davam etdirilməsində kifayət qədər maraqlıdır və beləliklə də, onun ərizəçinin əvəzindən hərəkət etmək səlahiyyətini qəbul edir. B. Böyük Palatada baxılan işin mahiyyəti 74. Böyük Palata qarşısında şifahi izahatlarında Hökumət Məhkəmədən şikayətə yalnız Palatanın 9 yanvar 2018-ci il tarixli qərarında pozuntusunu müəyyən etdiyi və Hökumətin Böyük Palatanın kollegiyasında qəbul edildiyi kimi, yönləndirmə sorğusunun predmeti olan Konvensiyanın 8-ci maddəsinə müvafiq olaraq yenidən baxmağı xahiş etmişdir. O, əlavə etmişdir ki, ərizəçilər Palata tərəfindən pozuntusu müəyyən edilməmiş 6-cı maddə ilə bağlı şikayətlərin göndərilməsi üçün heç bir vəsatət verməmişlər. 75. Ərizəçilər Hökumətin sorğusuna heç bir münasibət bildirməmiş, lakin Məhkəmədən pozuntunun olmaması ilə bağlı Palatanın gəldiyi nəticəyə baxılmasını xahiş etmişlər. 76. Məhkəmə təkrar edir ki, Böyük Palataya ötürülmüş “işin” məzmunu və həcmi Palatanın məqbulluğa dair qərarı ilə məhdudlaşır Müvafiq olaraq, bu halda, Böyük Palatanın araşdırması Konvensiyanın 6 və 8 maddələrinə müvafiq olaraq Palata tərəfindən məqbul hesab edilmiş bütün şikayətlərə aid olacaq. II. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN EHTİMAL OLUNAN POZUNTUSU 77. Ərizəçilər iddia etmişlər ki, onların işəgötürənləri onları şəxsi həyata hörmət hüquqlarını pozmaqla, iş yerlərində aparılmış videomüşahidə vasitəsilə əldə olunmuş yazılar əsasında işdən çıxarıblar və onların işdən çıxarılmasını qeyri-qanuni elan etməkdən imtina etməklə milli məhkəmələr bu hüququn müdafiəsi ilə bağlı vəzifələrini yerinə yetirməmişlər. Onlar Konvensiyanın aşağıdakıları nəzərdə tutan 8-ci maddəsinə istinad edirlər: “1. Hər kəs ... ailə həyatına ... hörmət hüququna malikdir. 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının bu hüququn həyata keçirilməsinə mane olmasına yol verilmir». A. Palatanın qərarı 78. 9 yanvar 2018-ci il tarixli qərarında Palata müəyyən etmişdir ki, Konvensiyanın 8-ci maddəsi bu işə tətbiq edilə bilər. Mübahisəli videomüşahidə tədbiri xüsusi şəxs tərəfindən həyata keçirildiyindən, o şikayətə Dövlətin pozitiv öhdəlikləri nöqteyi-nəzərindən baxmış və milli hakimiyyət orqanlarının bir tərəfdən ərizəçilərin şəxsi həyata hörmət hüququ, digər tərəfdən işəgötürənin əmlakının təşkili və idarə edilməsi ilə bağlı hüquqlarının müdafiəsi maraqları arasında ədalətli balans yarada bilib-bilmədiyini müəyyən etməyə çalışmışdır. 79. Palata qeyd etmişdir ki, videomüşahidənin oğurluqla bağlı haqlı şübhələr əsasında quraşdırılmasına baxmayaraq, o, əhatə baxımından geniş, zaman baxımından qeyri-məhdud, kassada işləyən bütün əməkdaşlara toxunan və bütün iş saatlarını əhatə edən olmuş və daxili qanunvericilik üzrə şəxsi məlumatların toplanması və işlənməsindən, tədbirlərin mövcudluğu, məqsədi və həyata keçirilməsindən narahat olan şəxslərə əvvəlcədən məlumat vermək öhdəliyini pozmuşdur. Bu amilləri nəzərə alaraq, Palata milli məhkəmələrin işəgötürən tərəfindən tətbiq edilmiş videomüşahidə tədbirlərinin mütənasibliyi ilə bağlı mövqeyini bölüşdürmür. O, xüsusi olaraq, belə hesab edir ki, işəgötürənin hüquqları ərizəçilərin, hətta ümumi şəkildə olsa belə, videomüşahidə sisteminin quraşdırılması barədə məlumatlandırılması yolu ilə təmin edilə bilərdi. 80. Müvafiq olaraq, Palata belə nəticəyə gəlmişdir ki, milli məhkəmələr ərizəçilərin şəxsi həyata hörmət hüququ və ortaya qoyulmuş digər maraqlar arasında ədalətli balansı təmin edə bilməmişlər və beləliklə də, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir. B. Hökumətin ilkin etirazı 81. Hökumət iddia etmişdir ki, ərizəçilər işəgötürən tərəfindən Şəxsi məlumatların müdafiəsi haqqında qanunun pozulmasına istinad etməklə, Məlumatların müdafiəsi agentliyinə şikayət verə və ya onların şəxsi həyata hörmət hüququnun pozulmasından şikayət etmək üçün cinayət işi qaldıra bilərdilər. Onların fikrincə, bu hüquqi müdafiə vasitələri işəgötürənə inzibati və ya cinayət cəzasının tətbiq edilməsinə gətirib çıxara bilər. Onlar ərizəçilərin milli qanunvericiliyə müvafiq olaraq əlçatan olan daxili hüquqi müdafiə vasitələrini tükəndirmədiklərinə dair nəticəyə gəlmişlər. 82. Ərizəçilər iddia etmişlər ki, Məlumatların müdafiəsi agentliyi səlahiyyətləri yalnız məlumatların müdafiəsi haqqında qanunvericiliyin pozulduğu təqdirdə pul sanksiyalarının tətbiqi ilə məhdudlaşan inzibati orqan olmuşdur. Onlar belə mövqedə olublar ki, işəgötürənlərinin üzərinə bu cür sanksiyanın qoyulacağı təqdirdə, bu, şəxsi həyatlarına hörmət hüquqlarının pozulması və bu pozuntu əsasında onların işdən çıxarılması nəticəsində onlara vurulmuş zərəri kompensasiya edə bilməzdi. 83. (...) 84. (...) C. Konvensiyanın 8-ci maddəsinin tətbiq edilə bilməsi 1. Tərəflərin dəlilləri (a) Ərizəçilər 85. Ərizəçilər iddia etmişlər ki, onların bütün iş günü ərzində xəbərdarlıqsız və müşahidədən yayınmaq imkanı olmadan daim videomüşahidəyə məruz qalma faktı Konvensiyanın 8-ci maddəsinin tətbiq edilə bilməsinə gətirib çıxarmışdır. (b) Hökumət 86. Hökumət iddia etmişdir ki, ərizəçilər ictimai yerdə işləmiş, ictimaiyyətlə birbaşa əlaqədə olmuşlar. O, hesab edir ki, üzv-dövlətlər arasında bu cür vəziyyətin “şəxsi həyat” anlayışına aid olması ilə bağlı konsensusun olmaması üzündən Məhkəmə bu konsepsiyanı müvafiq şəkildə genişləndirməməlidir. O, əlavə etmişdir ki, 8-ci maddənin müdafiəsi cinayətkar davranışa şamil edilə bilməz. 2. Məhkəmənin qiymətləndirməsi (a) Məhkəmənin presedent hüququndan irəli gələn prinsiplər 87. Məhkəmə təkrar edir ki, “şəxsi həyat” anlayışı müfəssəl təyini olmayan geniş anlayışdır. O, insanın fiziki və psixoloji toxunulmazlığını əhatə edir. Buna görə də o, şəxsiyyətin fiziki və sosial identikliyinin bir neçə aspektini əhatə edə bilər (bax: öncəki nümunə kimi, Denisov Ukraynaya qarşı [BP], № 76639/11, § 95, 25 sentyabr 2018-ci il). O, xüsusi olaraq, şəxsin adı və ya şəkli kimi şəxsi identifikasiya ilə bağlı aspektlərə şamil edilir (bax: Şüssel Avstriyaya qarşı (qərar), № 42409/98, 21 Fevral 2002-ci il, və Fon Hannover Almaniyaya qarşı (№ 2) [BP], № 40660/08 və 60641/08, § 95, ECHR 2012). 88. Şəxsi həyat konsepsiyası insanın kənardan müdaxilə olmadan öz şəxsi həyatını yaşaya biləcəyi “daxili çevrə” ilə məhdudlaşmayıb, həm də “şəxsi sosial həyat” sürmək hüququnu, yəni, digər insanlar və ətraf aləmlə münasibət qurmaq və inkişaf etdirmək imkanını ehtiva edir... Beləliklə də, insanın hətta publik sahədə belə “şəxsi həyata” aid ola biləcək başqa insanlarla qarşılıqlı əlaqə zonası mövcuddur. 89. İnsanın evi və ya şəxsi binalarından kənarda həyata keçirilən tədbirlərin onun şəxsi həyatına toxunması ilə bağlı mülahizələrə dair bir sıra elementlər mövcuddur. İnsanların özlərini düşünülmüş şəkildə və ya bilərəkdən ictimai qaydada yazıya və ya qeydə alınan və ya alına biləcək fəaliyyətlərə cəlb etmələri halları mövcud olduğu üçün, insanın şəxsi həyatın toxunulmazlığı ilə bağlı ağlabatan gözləntiləri bu qiymətləndirmədə mütləq həlledici olmasa belə, əhəmiyyətli ola bilər. Fərdi hərəkətlərə foto və ya videoqurğulardan istifadə etməklə nəzarətə gəldikdə isə, Konvensiya təşkilatları belə bir fikir bildirmişlər ki, ictimai yerdə fərdin hərəkət və yerdəyişmələrinə vizual məlumatları yazıya almayan kameranın köməyi ilə nəzarət özü özlüyündə şəxsi həyata müdaxilə forması deyil (bax: Herbek və “Ligue des Droits de l’Homme” Assosiasiyası Belçikaya qarşı, № 32200/96 və 32201/96, Komissiyanın 14 yanvar 1998-ci il tarixli qərarı, Qərarlar və məruzələr 92-B, s. 92, və yuxarıda qeyd edilən Perri, § 41). Lakin bu cür şəxsi məlumatların hər hansı bir sistematik və ya daimi yazısının, xüsusi olaraq, identifikasiya olunan şəxsin fotoşəkillərinin peyda olduğu halda, şəxsi həyat məsələləri ortaya çıxa bilər (bax: Pek Birləşmiş Krallığa qarşı, № 44647/98, §§ 58-59, ECHR 2003-I; yuxarıda qeyd edilən Perri, §§ 38 və 41; və Vukota-Bojiç İsveçrəyə qarşı, № 61838/10, §§ 55 və 59, 18 oktyabr 2016-cı il). Məhkəmənin bununla bağlı göstərdiyi kimi, insanın şəkilləri onun şəxsiyyətinin başlıca əlamətlərindən biridir, çünki onlar insanın unikal xarakteristikalarını göstərir və insanı onun yaşıdlarından fərqləndirir. Beləliklə, hər bir insanın öz təsvirini müdafiə etmək hüququ onun şəxsi inkişafının ən mühüm komponentlərindən biridir və bu təsvirin istifadəsinə nəzarət etmək hüququnu nəzərdə tutur. Əksər hallarda bu cür istifadəyə nəzarət hüququnun insanın öz təsvirinin dərc edilməsindən imtina etmək imkanını nəzərdə tutması ilə yanaşı, o həmçinin təsvirin digər şəxs tərəfindən yazıya alınması, saxlanması və hasil edilməsi üçün obyektə dair ayrı-ayrı hüquqları əhatə edir (bax: Reklos və Davorlis Yunanıstana qarşı, № 1234/05, § 40, 15 yanvar 2009-cu il, və De La Flor Kabrera İspaniyaya qarşı, № 10764/09, § 31, 27 may 2014-cü il). 90. 8-ci maddənin hazırkı işə tətbiq edilə bilməsinin müəyyən edilməsi üçün Avropa Məhkəməsi həmçinin fərdin nəzarət (monitorinq) tədbirinin predmeti olub-olmadığı, yaxud fərdi məlumatların maraqlı tərəflərin ağlabatan şəkildə gözləyə biləcəyi həddə işlənməsi, istifadə edilməsi və ya elan edilməsi məsələsinə baxılmasını uyğun hesab edir. 91. Xüsusi olaraq, iş yerində videomüşahidə məsələsinə gəldikdə, Məhkəmə müəyyən etmişdir ki, işəgötürən tərəfindən əməkdaşların məlumatı olmadan iki həftə ərzində həyata keçirilmiş təxminən əlli saatlıq videomüşahidə və bu şəkildə alınmış yazıların Əmək Mübahisələri Məhkəməsində araşdırmalar zamanı işdən azad olunmaya haqq qazandırmaq üçün istifadə edilməsi onun şəxsi həyata hörmət hüququnun həyata keçirilməsinə mane olmuşdur... (b) Qeyd edilən prinsiplərin hazırkı işə tətbiqi 92. Məhkəmə qeyd edir ki, bu işdə ərizəçilər kameraların supermarketin kassası və onun ətraf sahələrinə yönəldildiyi on gün ərzində işəgötürən tərəfindən iş yerində aparılan videomüşahidə tədbirlərinə məruz qalmışlar. Beləliklə də, videomüşahidənin ərizəçiləri fərdi təqib etmədiyinə baxmayaraq, onlardan dördüncü və beşinci ərizəçilər yalnız bu sahədən keçən zaman kameraya düşdükləri halda, kassaların arxasında işləyən ilk üç nəfərinin bütün iş günü ərzində çəkilişə məruz qala bilmələri inkar edilmir. 93. Ərizəçilərin şəxsi həyatlarına hörmətin ağlabatan gözləntiləri ilə bağlı Avropa Məhkəməsi qeyd edir ki, onların iş yeri, supermarket ictimaiyyət üçün açıq olmuş və burada fəaliyyətlərin, daha dəqiq desək, satınalmalara görə müştərilərdən ödənişlərin alınmasının çəkilməsi intim və ya xüsusi xarakter daşımamışdır. Beləliklə, Ərizəçilərin şəxsi həyatının müdafiəsi ilə bağlı gözləntilər məcburi şəkildə məhdudlaşdırılmışdır. Bununla yanaşı, fərdiləşdirilən şəxslərin hətta ictimai yerlərdə təsvirlərinin sistematik və ya daimi yazıya alınması və bu şəkildə əldə olunmuş təsvirlərin sonrakı işlənməsi müvafiq şəxslərin xüsusi həyatına toxunan suallar doğura bilər. Məhkəmə qeyd edir ki, bu işdə milli qanunvericilik, hətta ictimai yerdə belə, videomüşahidə sisteminə görə bu sistem tərəfindən izlənən şəxslərə ilkin informasiyanın təqdim edilməsinə məsul olan şəxsin üzərinə öhdəliklər qoyan formal və dəqiq qanunvericilik çərçivələrini nəzərdə tuturdu. Bundan başqa, Ərizəçilər onların işəgötürənləri tərəfindən supermarketdə digər videomüşahidə kameralarının quraşdırılması haqqında məlumatlandırılmış, bu kameralar görünən və mağazanın giriş və çıxışlarını çəkəcək şəkildə yerləşdirilmişdir. Belə hallarda, ərizəçilər əvvəlcədən xəbərdar olunmadan mağazanın digər binalarında videomüşahidəyə məruz qalacağını ehtimal etmək üçün ağlabatan əsaslara malik olmuşlar. 94. Videoyazıların işlənməsi və istifadəsinə gəldikdə, Avropa Məhkəməsi qeyd edir ki, bu videoyazılara həmin işəgötürənin digər bir neçə işçiləri tərəfindən, hələ ərizəçilərin videoyazıların mövcudluğu barədə məlumatlandırılmasından öncə baxmışlar. Bundan başqa, həmin videoyazılar ərizəçilərin işdən çıxarılmalarının əsasını təşkil etmiş və Əmək mübahisələri tribunalında araşdırmalar zamanı sübut kimi istifadə edilmişlər. 95. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu işdə 8-ci maddə tətbiq edilə bilər. D. Konvensiyanın 8-ci maddəsinə müvafiqlik 1. Tərəflərin dəlilləri (a) Ərizəçilər 96. Ərizəçilər ilk olaraq diqqəti bu işdə müzakirə edilmiş yeganə məsələnin işəgötürənin öz işlərinə qarşı istifadə etmək hüququna malik olduğu nəzarətlə bağlı Konvensiyanın 8-ci maddəsində müəyyən edilmiş məhdudiyyətləri nəzərə almaqla, onların xəbəri olmadan videomüşahidə tədbirinin tətbiqi üzündən onların şəxsi həyatına hörmət hüququnun pozulub-pozulmaması faktından ibarət olmasına yönəltmişlər. Onlar hesab etmişlər ki, Hökumətin irəli sürdüyü mülahizəyə baxmayaraq, onların mümkün cinayət məsuliyyəti məsələsi artıq milli səviyyədə həll olunmuşdur və Məhkəmədə müzakirə predmeti ola bilməz. 97. Ərizəçilər etiraf etmişlər ki, işəgötürən öz mülkiyyətini müdafiə etmək üçün videomüşahidə sistemi quraşdıra bilərdi, lakin onlar bu hüququn əməkdaşların şəxsi həyata hörmət hüququna riayət olunması ilə məhdudlaşdırılmalı olduğunu iddia etmişlər. Onlar izah etmişlər ki, bu halda onlar və supermarketin bütün işçi heyəti əvvəlcədən xəbərdar olunmadan həftələrlə bütün iş günü ərzində videoyazıya alınıblar. Nəzarət, işçilərin əvvəlcədən razılığı alınmasa da, ən azından, onların kameraların quraşdırılması və məlumatların müdafiəsinə dair qanunvericiliyə müvafiq olaraq hüquqları haqqında əvvəlcədən məlumatlandırılması öhdəliyini nəzərdə tutan ispan qanunvericiliyini pozmaqla həyata keçirilmişdir. Bu barədə məlumat verilmiş olsaydı, onların şəxsi həyata hörmət hüququ və işəgötürənin maraqlarına riayət olunmuş olardı. Beləliklə də, ərizəçilər belə nəticəyə gəlmişlər ki, işəgötürəni bu nöqsanda təqsirli hesab etməkdən imtina etməklə, milli məhkəmələr onların Konvensiyanın 8-ci maddəsinə müvafiq olaraq yetərli müdafiəsini təmin etməmişlər. 98. Ərizəçilərin fikrincə, işəgötürən heç bir cəzaya məruz qalmadan milli qanunvericiliyi pozmuşdur. Bundan başqa, nəzarət zaman baxımından məhdudiyyətsiz tətbiq edilmiş, bütün iş günü ərzində davam etmiş və təkcə şübhəli əməkdaşlar deyil, bütün işçi heyətinin çəkilişini ehtiva etmişdir. 99. Ərizəçilər Məhkəmədən yaxın keçmişdə qəbul edilmiş Barbulesku Rumıniyaya qarşı (yuxarıda qeyd edilən), işəgötürənin işçinin ismarıc və İnternetdən istifadəsinə nəzarətinə aid iş üzrə qərarında formalaşdırılmış, onların fikrincə, işəgötürənin öz əməkdaşlarının şəxsi həyatın toxunulmazlığı hüququna istənilən müdaxiləsi zamanı mütənasiblik meyarının əsasını qoymuş yanaşmanı rəhbər tutmağı xahiş etmişlər. Onlar iddia etmişlər ki, onların işəgötürəni tərəfindən görülmüş tədbirlər, videomüşahidənin tətbiqinə və məlumatların müdafiəsinə dair qanunvericiliklə nəzərdə tutulmuş hüquqlar haqqında əvvəlcədən məlumatın verilmədiyini nəzərə alaraq, bu tələblərə açıq-aşkar cavab verməmişlər. Onlar əlavə etmişlər ki, işəgötürənin maraqlarının işçilərə qanunla tələb olunan informasiyanın təqdim edilməsi zamanı müdafiə oluna bilməsi səbəbindən bu tədbir mütənasib olmamışdır. 100. Ərizəçilər belə nəticəyə gəlmişlər ki, gizli kameraların köməyi ilə videomüşahidənin onların şəxsi həyata hörmət hüququnu pozmasını etiraf etməkdən imtina etməklə və müvafiq olaraq, onların işdən çıxarılmasının qanuni olmasını qət etməklə, milli məhkəmələr onları malik olduqları şəxsi həyatlarına işəgötürən tərəfindən əsassız müdaxilə hüququnun müdafiəsindən məhrum etmişlər. Hökumətin iddialarına baxmayaraq, bu şikayət Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq verilmiş şikayətlərdən fərqlənmişdir. 101. (...) (b) Hökumət 102. Hökumət qeyd etmişdir ki, ərizəçilərin iddia etdiyi məxfiliyin pozulması hakimiyyət orqanları deyil, xüsusi şirkətə aid edildiyindən, Böyük Palata Fon Hannover Almaniyaya qarşı (№ 2) işi (yuxarıda qeyd edilən) üzrə qəbul etdiyi yanaşmanı rəhbər tutmalıdır ki, burada da Avropa Məhkəməsi milli məhkəmələrin müxtəlif fərdi maraqların ortaya qoyulmasını qiymətləndirmiş və onlar arasında ədalətli balansı müəyyən etmişlər. Onların fikrincə, İspaniya məhkəmələri bu cür ədalətli balansı yaratmış və ərizəçilərin şəxsi həyata hörmət hüququnu lazımi şəkildə nəzərə almışlar. 103. Hökumət iddia etmişdir ki, hətta ərizəçilərin videomüşahidə kameralarının quraşdırılması haqqında məlumatlandırılmasının gözlənilən olduğu halda belə, işəgötürən tərəfindən tətbiq edilmiş tədbirlər qeyri-mütənasib olmamışdır. Onlar qeyd etmişlər ki, ərizəçilər ictimaiyyət üçün açıq zonada işləmiş, onlara oğurluq şübhələrindən sonra bəzi videomüşahidə kameralarının quraşdırılması haqqında məlumat verilmiş və onlar cinayətkar hərəkətlərini şüurlu şəkildə törətmişlər... Bununla əlaqədar olaraq, onlar izah etmişlər ki, nəzarət cəmi on gün, 15 iyunda 25 iyun tarixinə, şübhəli əməkdaşlar fərdi müsahibə üçün çağırılana qədər davam etmiş və bütün işçi heyətə deyil, yalnız bilavasitə müştərilərlə kontaktda olan kassada işləyənlərə yönəldilmişdir. Bu işi, əksinə, Barbulesku işindən fərqləndirmək lazımdır, çünki bu işdə mübahisələndirilən müdaxilənin işəgötürənin Məhkəmənin fikrincə “iş yerində şəxsi sosial həyatı sıfıra endirən” təlimatlarına əməl olunmasına aid olduğu halda, nəzərdən keçirilən videomüşahidə tədbiri qanuni məqsəd, daha dəqiq desək, şirkətin məruz qaldığı qanun pozuntusunu üzə çıxarmaq məqsədi güdmüşdür. 104. Bundan başqa, daxili hüquqi müdafiə vasitələrinin tükənməməsi ilə bağlı etirazlarını müdafiə etmək üçün öz arqumentlərinə əsaslanan Hökumət iddia etmişdir ki, ərizəçilər Şəxsi məlumatların müdafiəsi haqqında qanuna riayət olunmaması ilə bağlı İspaniya Məlumatların Müdafiəsi Agentliyinə şikayət verə bilərdilər. Bu Agentlik məlumatların müdafiəsinə dair qanunvericiliyin tətbiqinə nəzarət etmək və qanun pozanlara cərimə təyin etmək səlahiyyətinə malik müstəqil orqandır, iş üzrə ərizəçilərin müraciət etdikləri əmək mübahisələri məhkəmələri isə yalnız işdən çıxarılmanın qanuniliyinə dair qərar çıxarmaq üçün yurisdiksiyaya malik olmuşlar. Məlumatların müdafiəsi haqqında qanunvericiliyə istənilən riayət edilməmə avtomatik olaraq şəxsi həyata hörmət hüququnun pozulmasına gətirib çıxarmır və bu iki konsepsiyanı səhv salmaq olmaz. 105. Hökumət iddia etmişdir ki, ərizəçilər həmçinin Şəxsi məlumatların müdafiəsi haqqında qanunun ehtimal olunan pozuntusu nəticəsində dəymiş istənilən zərərə görə kompensasiya tələbi ilə adi mülki məhkəmələrə də iddia verə bilərdilər. Öz dəlillərinin təsdiqi olaraq onlar işçiyə onun keçmiş işəgötürəni tərəfindən şəxsi məlumatların qeyri-qanuni ötürülməsinə görə kompensasiya təyin etmiş Ali Məhkəmənin qərarını təqdim etmişlər. 106. Hökumət belə nəticəyə gəlmişdir ki, cavabdeh-dövlət Konvensiyanın 8-ci maddəsi üzrə pozitiv öhdəliklərini yerinə yetirmişdir və xüsusi şirkət tərəfindən hər hansı bir pozuntularla bağlı və ya ərizəçilərin səlahiyyətli milli hakimiyyət orqanı tərəfindən bu cür pozuntulardan şikayət etməmələri səbəbindən onun üzərinə məsuliyyət qoyulmamalıdır. 2. Üçüncü tərəfin dəlilləri 107. Avropa həmkarlar ittifaqları konfederasiyası (AHİK) üçüncü tərəf qismində çıxış edərək, dövlətlərin işçilərin iş yerində şəxsi həyatını kifayət qədər müdafiə edə bilməməsindən narahatlığını ifadə etmişdir. O, vurğulamışdır ki, ümumilikdə və xüsusi olaraq əmək münasibətlərində şəxsi həyatın toxunulmazlığının müdafiəsi insan hüquqlarının beynəlxalq müdafiəsinin nisbətən yeni aspektidir və şəxsi həyatın toxunulmazlığı üçün yeni texnologiyalarla bağlı risklər artmaqdadır. Onun fikrincə, məhz buna görə insan hüquqlarının beynəlxalq və xüsusi olaraq Avropa müdafiəsi elə inkişaf etmişdir ki, maraqlı tərəflər şəxsi məlumatların işlənməsinə icazənin verilməsindən asılı olmayaraq, bu barədə məlumatlandırılmalıdırlar. 108. AHİK vurğulamışdır ki, şəxsi məlumatların müdafiəsi haqqında qanunun 5 (1) maddəsinə əsasən şəxsi məlumatların toplanması haqqında məlumatlandırılmaq hüququ daxili qanunvericilikdə birbaşa tanınmalıdır. Bir neçə Avropa hüquqi sənədinin (Avropa Şurası səviyyəsində, eləcə də Avropa İttifaqı səviyyəsində) ya şəxsi məlumatların ümumi müdafiəsi formasında, ya da daha konkret olaraq, iş yerində videomüşahidə ilə bağlı şəxsi həyatın müdafiəsinə aid olduğunu vurğulayaraq, o, belə nəticəyə gəlmişdir ki, məlumat subyektinin şəxsi məlumatlarının işlənməsindən öncə informasiyanı almaq hüququ prosessual zəmanət olan Konvensiyanın 8-ci maddəsindən irəli gələn hüquq kimi nəzərdən keçirilməlidir. Bundan başqa, əməkdaşların özlərinə əvvəlcədən məlumatın təqdim edilməsinin tələb edilmədiyi vəziyyətlərdə onların nümayəndələrinə xəbərdarlıq edilməsi və məsləhətləşmə mühüm əhəmiyyətə malik olacaq. 3. Məhkəmənin qiyməti (a) Cavabdeh Dövlətin pozitiv öhdəlikləri 109. Məhkəmə qeyd edir ki, bu işdə ərizəçilərin şikayət etdiyi videomüşahidə tədbiri onların işəgötürəni, xüsusi şirkət tərəfindən tətbiq edilmişdir və buna görə də dövlət orqanı tərəfindən Konvensiya üzrə hüdudların həyata keçirilməsinə “müdaxilə” kimi təhlil oluna bilməz. Buna baxmayaraq, ərizəçilər belə nəticəyə gəlmişlər ki, bu videomüşahidə əsasında işdən çıxarılmasını təsdiq etməklə, milli məhkəmələr şəxsi həyata hörmət hüquqlarını səmərəli müdafiə edə bilməmişlər. 110. Məhkəmə təkrar edir ki, 8-ci maddənin məqsədinin mahiyyətcə şəxsiyyətin dövlət orqanları tərəfindən özbaşına müdaxilədən müdafiəsindən ibarət olmasına baxmayaraq, o, sadəcə dövləti bu cür müdaxilədən çəkinməyə məcbur etmir: əsasən neqativ olan bu öhdəliyə əlavə olaraq şəxsi və ya ailə həyatına səmərəli hörmətə xas pozitiv öhdəliklər ola bilər. Bu öhdəliklər hətta insanlar arasında münasibətlər sahəsində belə, şəxsi həyata hörmətin təmin edilməsinə yönəldilmiş tədbirlərin görülməsini tələb edə bilərlər (bax: Soderman İsveçə qarşı [BP], № 5786/08, § 78, ECHR 2013, və yuxarıda qeyd edilən Fon Hannover (№ 2), § 98). Beləliklə də, dövlətin məsuliyyəti o halda mövcud ola bilər ki, barəsində danışılan faktlar onun tərəfindən maraqlı şəxslərin Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş hüququn həyata keçirilməsini təmin etmək iqtidarında olmaması ilə bağlı olsun (bax: yuxarıda qeyd edilən Barbulesku, § 110, və Şuts Almaniyaya qarşı, № 1620/03, §§ 54 və 57, ECHR 2010). 111. Müvafiq olaraq, analoji işlərdə rəhbər tutduğu yanaşmaya uyğun olaraq Məhkəmə hesab edir ki, şikayətə Konvensiyanın 8-ci maddəsi üzrə dövlətin pozitiv öhdəlikləri baxımından baxılmalıdır (bax: yuxarıda qeyd edilən Barbulesku, § 110; yuxarıda qeyd edilən De La Flor Cabrera, § 32). Dövlətin pozitiv və neqativ öhdəlikləri arasında sərhədlərin Konvensiya üzrə dəqiq təyin edilə bilmədiyinə baxmayaraq, tətbiq edilən prinsiplər, istənilən halda, analojidir. Hər iki halda nəzərə almaq lazımdır ki, xüsusi olaraq, rəqabət aparan xüsusi və dövlət maraqları arasında gözlənilməli olan ədalətli balans, istənilən halda dövlətin malik olduğu mülahizə azadlığına tabe olur (bax: Palomo Sançes və başqaları İspaniyaya qarşı [BP], № 28955/06 və digər 3, § 62, ECHR 2011, və yuxarıda qeyd edilən Barbulesku, § 112). Mülahizə sərhədi istər qanunvericilik, istərsə də onu tətbiq edən, hətta müstəqil məhkəmələr tərəfindən belə çıxarılan qərarları əhatə edən Avropa nəzarəti ilə yanaşı gedir. Öz nəzarət funksiyasını yerinə yetirərək, Məhkəmə milli məhkəmələri əvəz etməməli, ümumilikdə işin fonunda onların Konvensiyanın müddəalarına əsaslanan qərarlarının uyğunluğuna baxmalıdır (bax: yuxarıda qeyd edilən Pek, § 77, və yuxarıda qeyd edilən Fon Hannover (№ 2), § 105). 112. Ayrı-ayrı şəxslər arasında qarşılıqlı münasibətlər sahəsində Konvensiyanın 8-ci maddəsinə riayət olunmasının təmin edilməsi üçün nəzərdə tutulmuş vasitələrin seçimi prinsip etibarilə Razılığa gələn dövlətlərin mülahizəsi çərçivəsindədir. Şəxsi həyata hörmətin təmin edilməsinin müxtəlif üsulları mövcuddur və dövlətin öhdəliklərinin xarakteri, barəsində söhbət gedən şəxsi həyatın konkret aspektindən asılı olacaq. 113. Məhkəmə artıq qət edib ki, müəyyən hallarda 8-ci maddənin müəyyən etdiyi pozitiv öhdəliklərin yerinə yetirilməsi dövlətdən qeyd edilən hüququn müdafiəsi üçün qanunvericilik bazasının qəbul edilməsini tələb edir. 114. Xüsusi olaraq, iş yerlərində işçilərə nəzarətə gəldikdə isə, Məhkəmə belə nəticəyə gəlmişdir ki, 8-ci maddə videomüşahidə və ya əməkdaşların qeyri-peşə yazışmaları və digər ismarıclarına nəzarət haqqında konkret qanunvericiliyi qəbul edib-etməməyi dövlətin mülahizəsinə buraxır. Buna baxmayaraq, o, göstərmişdir ki, nəzərdən keçirilən hüquqların ən münasib müdafiə vasitələrinin seçilməsinin dövlətin mülahizəsinə buraxılmasından asılı olmayaraq, milli hakimiyyət orqanları işəgötürən tərəfindən onun əməkdaşının şəxsi həyat və yazışmalarına hörmət hüququna toxunan nəzarət tədbirlərinin tətbiqinin mütənasib olmasını və sui-istifadədən adekvat və kifayət edəcək müdafiə tədbirləri ilə müşayiət olunmasını təmin etməlidir. 115. Barbulesku işi üzrə qərarında Məhkəmə, bunun Konvensiyanın 8-ci maddəsini pozmadığı halda, işçilərin yazışma və ismarıclarına istənilən nəzarət zamanı yerinə yetirilməli olan müəyyən sayda tələblər müəyyən etmişdir (bax: yuxarıda qeyd edilən Barbulesku, § 121). Bu qərarda, həmçinin müəyyən edilmişdir ki, bu tələblərə effektiv riayət olunmasının təmin edilməsi üçün işçilər müvafiq şərtlərin yerinə yetirilib-yetirilmədiyini ən azından mahiyyəti üzrə müəyyən etmək yurisdiksiyasına malik müstəqil məhkəmə orqanında hüquqi müdafiə vasitəsindən istifadə imkanına malik olmalıdırlar (bax: eyni mənbə, § 122). 116. Məhkəmə hesab edir ki, Barbulesku işi üzrə qərarda müəyyən edilmiş prinsiplər işəgötürənin iş yerində videomüşahidə tədbirləri həyata keçirə bildiyi hallarla müvafiq dəyişikliklərlə (mutatis mutandis) qarşılıqlı əvəz edilə biləndir. Bu meyarlar, əmək münasibətlərinin spesifikası və işçilərin şəxsi həyatında getdikcə daha çox bezdirici olan tədbirlər görməyə imkan verən yeni texnologiyaların inkişafı nəzərə alınmaqla tətbiq edilə bilər. Bu kontekstdə, iş yerində videomüşahidə tədbirlərinin mütənasibliyinin təmin edilməsi üçün milli məhkəmələr rəqabət aparan müxtəlif maraqların qiymətləndirilməsi zamanı aşağıdakı amilləri nəzərə almalıdırlar: (i) Əməkdaş işəgötürən tərəfindən videomüşahidə tədbirlərinin görülməsi mümkünlüyü və bu cür tədbirlərin həyata keçirilməsi haqqında xəbərdar olunubmu. Praktikada xəbərdarlıqları əməkdaşların hər bir halın konkret faktiki şərtlərindən asılı olaraq müxtəlif üsullarla ala biləcəklərinə baxmayaraq, xəbərdarlıq, adətən monitorinqin xarakteri haqqında dəqiq təsəvvür ehtiva etməli və həyata keçirilməsindən öncə göndərilməlidir. (ii) İşəgötürən tərəfindən nəzarətin dərəcəsi və işçinin şəxsi həyatına müdaxilə dərəcəsi. Bununla əlaqədar olaraq nəzarət olunan sahədə məxfilik səviyyəsi, eləcə də zaman və məkan baxımından istənilən məhdudiyyətlər və nəticələrə çıxışı olan insanların sayı nəzərə alınmalıdır. (iii) İşəgötürən monitorinq və onun miqyasının əsaslandırılması üçün qanuni əsaslar göstəribmi. Monitorinq nə qədər usandırıcı (bezdirici) olarsa, buna bəraət qazandıran əsaslar da bir o qədər tutarlı olmalıdır. (iv) Daha az usandırıcı metod və tədbirlərə əsaslanan monitorinq sisteminin yaradılması mümkün olubmu. Bununla əlaqədar olaraq, hər bir halın konkret şərtləri nəzərə alınmaqla işəgötürənin güddüyü məqsədin işçinin şəxsi həyatının toxunulmazlığına daha az müdaxilə hesabına əldə oluna bilməsi qiymətləndirilməlidir. (v) Monitorinqin ona məruz qalan işçi üçün nəticələri. Xüsusi olaraq, işəgötürən tərəfindən monitorinq nəticələrinin istifadəsi və bu nəticələrin tədbirin bəyan edilmiş məqsədə nail olmaq üçün istifadə edilməsini nəzərə almaq lazımdır. (vi) İşçiyə, xüsusilə də işəgötürənin monitorinq tədbirlərinin usandırıcı xarakter daşıdığı halda, müvafiq zəmanətlər təqdim edilibmi. Bu cür zəmanətlər, digərləri ilə yanaşı, maraqlı əməkdaşlar və ya işçi heyətinin nümayəndələrinə monitorinq sisteminin quraşdırılması və miqyasları ilə bağlı informasiyanın təqdim edilməsi, bu cür tədbirin müstəqil orqana elan edilməsi və ya şikayətin verilməsi mümkünlüyü formasında ola bilər. 117. Beləliklə, Avropa Məhkəməsi bu işdə milli qanunvericiliyin, xüsusi olaraq, onun ərizəçilərin işlərinə baxmış əmək mübahisələri məhkəmələri tərəfindən tətbiqinin onların şəxsi həyata hörmət hüquq ilə rəqabət aparan maraqlarının qiymətləndirilməsi zamanı kifayət qədər müdafiəni təmin edib-etmədiyini müəyyən edəcək. (b) Yuxarıdakı prinsiplərin bu işə tətbiqi 118. Bu işdə Konvensiyanın 8-ci maddəsinə əsasən dövlətin üzərinə qoyulan pozitiv öhdəliklər milli hakimiyyət orqanlarından iki rəqabət aparan maraq, daha dəqiq desək, bir tərəfdən ərizəçilərin şəxsi həyata hörmət hüququ və digər tərəfdən öz işəgötürəni üçün öz mülkiyyəti və şirkətinin fasiləsiz işini, xüsusi olaraq, öz inzibati səlahiyyətlərinin həyata keçirilməsi yolu ilə təmin etmək imkanı arasında ədalətli balansı tələb edir. 119. Məhkəmə ilk məqamdan qeyd edir ki, o zaman İspaniya qanunvericiliyində bu işdəki vəziyyətə bənzər vəziyyətlərdə işçilərin şəxsi həyatının müdafiəsi üçün nəzərdə tutulmuş hüquqi əsas mövcud olmuşdur. Beləliklə də, Şəxsi məlumatların müdafiəsi haqqında qanun və xüsusi olaraq, videomüşahidəyə dair 1/2006 saylı Təlimat istənilən videomüşahidə tədbiri və şəxsi məlumatların sonrakı işlənməsi zamanı yerinə yetirilməli olan müəyyən sayda ehtiyat tədbir və şərtlərini nəzərdə tutmuşdur. Bu zəmanətlərin yerinə yetirilməməsi inzibati sanksiyalara gətirib çıxara və məlumatların işlənməsinə görə cavabdeh şəxsin mülki məsuliyyətinə səbəb ola bilər (bax: yuxarıda 46 və 48-ci bəndlər). Bundan başqa, Məşğulluğa dair qaydaların 20-ci maddəsinin 3-cü bəndi işəgötürən tərəfindən əmək vəzifələrinin yerinə yetirilməsi ilə bağlı nəzarətin istifadəsini məhdudlaşdıraraq, bununla bağlı görülən tədbirlərin onların insan ləyaqəti ilə bir araya gələn olmasını tələb edirdi. Bundan başqa, tətbiq edilən prosedur qaydaları milli məhkəmələrdən əsas hüququ pozmaqla alınmış istənilən sübutların istisna edilməsini tələb edir. Ən nəhayət, adi məhkəmələr və Konstitusiya məhkəməsinin işçilərin şəxsi həyatının toxunulmazlığına toxunan istənilən tədbirlərin qanuni məqsəd güdməsini (“müvafiqliyin yoxlanması”) və güdülən məqsədə nail olmaq üçün zəruri (“zəruriliyin yoxlanması”) və hər bir işin hallarına mütənasib (“mütənasibliyin yoxlanması”) olmasını tələb edən presedent praktikası mövcud olmuşdur (bax: yuxarıda 54 və sonrakı bəndlər). 120. Bu cür hallarda Avropa Məhkəməsi qeyd edir ki, dövlətdaxili hüquqda mövcud olmuş normativ-hüquqi baza bu işdə nəzərdən keçirilmir. Ərizəçilər əslində bu strukturun münasibliyini şübhə altına almamış (bax: yuxarıda 97-ci bənd), lakin iddia etmişlər ki, məhz əmək mübahisələri məhkəmələri işəgötürən tərəfindən Konvensiyan pozan dövlətdaxili informasiya təqdim etmək hüququnun yerinə yetirilməməsindən müvafiq nəticələr çıxarmışlar. 121. Müvafiq olaraq, Avropa Məhkəməsi ərizəçilərin barəsində apellyasiya verdikləri milli məhkəmələrin onların iş yerində şəxsi həyata hörmət hüququnun pozulması və Rusiya Federasiyasının hakimiyyət orqanlarının iddia etdikləri kimi, digər dövlətdaxilin hüquq vasitələrinin onların müvafiq müdafiəsini təmin etmələri ilə bağlı şikayətlərinə necə baxmaları məsələsini nəzərdən keçirəcək. 122. Məhkəmə əvvəlcə əmək mübahisələri məhkəmələrinin ortaya qoyulmuş müxtəlif maraqları müəyyən edərək, birbaşa olaraq ərizəçilərin şəxsi həyata hörmət hüququ və bu hüquqla işəgötürənin idarəetmə səlahiyyətlərini həyata keçirərək, şirkətin fasiləsiz işinin təmin edilməsində maraqlılığı arasında balansın gözlənilməsinə istinad etdiklərini vurğulayacaq. Beləliklə də, bu məhkəmələrin qeyd edilən maraqların qiymətləndirilməsi zamanı yuxarıda sadalanan amilləri necə nəzərə almaları müəyyən ediləcək. 123. Milli məhkəmələr öncə müəyyən etmişlər ki, Konstitusiya Məhkəməsinin prsedent hüququnun tələblərinə müvafiq olaraq, videomüşahidənin quraşdırılması özünü qanuni səbəblərlə, daha dəqiq desək, oğurluğun törədildiyi bir neçə ay ərzində əhəmiyyətli zərərlərin qeydə alınması ilə bağlı supermarketin meneceri tərəfindən irəli sürülmüş şübhələrlə doğrultmuşdur. Onlar həmçinin işəgötürənin öz əmlakının müdafiəsi və şirkətinin fasiləsiz işinin təmin edilməsi məqsədilə zərərlərə görə məsuliyyət daşıyan şəxslərin aşkar edilməsi və cəzalandırılması üçün tədbirlər görməkdə qanuni maraqlarını nəzərə almışlar. 124. Milli məhkəmələr daha sonra monitorinq dərəcəsi və ərizəçilərin şəxsi həyatına müdaxilə dərəcəsini tədqiq edərək, müəyyən etmişlər ki, tədbir nəzarət olunan zonalar və işçi heyəti ilə münasibətdə məhdud olmuşdur – çünki kameralar yalnız ehtimala görə itkilərin baş verdiyi yoxlanma zonasını əhatə etmişlər – və onların davametmə müddəti oğurluq şübhələrinin təsdiq edilməsi üçün zəruri olan müddəti aşmamışdır. Avropa Məhkəməsinin fikrincə, bu qiyməti əsassız hesab etmək olmaz. O qeyd edir ki, monitorinq bütün mağazanı əhatə etməmiş, yalnız ehtimala görə oğurluqların törədildiyi kassaların ətrafını əhatə etmişdir. Kassir işləmiş üç ərizəçi həqiqətən də bütün iş günü ərzində videomüşahidə kameraları ilə izlənmişlər. Şirkətdə işləmələri səbəbindən onlar nəzarət zonasında işləyən bütün işçi heyəti üçün nəzərdə tutulmuş bu kameralardan yayına bilməmiş və daima və hər hansı bir məhdudiyyət olmadan işləmişlər. Müəyyən dərəcədə onlar məhdud sahədə olublar. Dördüncü və beşinci ərizəçilərə gəldikdə isə, videomüşahidə kameraları onları hər dəfə nəzarət sonasından keçən zaman çəkiblər. 125. Eyni zamanda qeyd etmək lazımdır ki, ərizəçilərin vəzifələri ictimaiyyət üçün açıq yerdə yerinə yetirilmiş və müştərilərlə daimi kontaktı nəzərdə tutmuşdur. Bununla əlaqədar olaraq Avropa Məhkəməsi hesab edir ki, videomüşahidə tədbirinin mütənasibliyinin təhlili zamanı əməkdaşın şəxsi həyatının ağlabatan şəkildə gözlənilən müdafiəsi baxımından monitorinqin aparıldığı müxtəlif yerləri fərqləndirmək lazımdır. Bu gözlənti videomüşahidədən yüksək müdafiə və ya hətta tam qadağanın haqlı olduğu ayaqyolular və ya soyunub-geyinmə otaqları kimi təbiətinə görə xüsusi yerlərdə çox yüksəkdir (bax: bu məqsədlə yuxarıda 61 və 65-ci bəndlərdə göstərilmiş müvafiq beynəlxalq sənədlər). Bu ofislər kimi qapalı iş zonalarında da yüksək olaraq qalır. O həmkarlar və ya bu işdə olduğu kimi, geniş ictimaiyyət üçün görünən və ya açıq olan yerlərdə aşkar aşağıdır. 126. Zaman ötdükdən sonra tədbirin miqyasına gəldikdə isə, Avropa Məhkəməsi qeyd edir ki, ərizəçilərin işəgötürənin videomüşahidənin müddətini əvvəlcədən müəyyən etmədiyini iddia etmələrinə baxmayaraq, əslində o on gün davam etmiş və cavabdeh əməkdaşlar aşkar edildikdən sonra dayandırılmışdır. Buna görə də monitorinqin müddəti özü özlüyündə ifrat görünmür. Ən nəhayət, mübahisələndirilən videomüşahidə vasitəsilə alınmış videoyazılara ərizəçilərin özləri xəbərdar olunmazdan öncə yalnız supermarketin meneceri, şirkətin qanuni nümayəndəsi və həmkarlar ittifaqının nümayəndəsi baxmışlar. Bu amilləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçilərin şəxsi həyatına müdaxilə yüksək ciddilik səviyyəsinə çatmamışdır. 127. Mübahisələndirilən monitorinqin ərizəçilər üçün nəticələrinə gəldikdə isə, Məhkəmə hesab edir ki, müvafiq əməkdaşların bu şəkildə alınmış videoyazılar əsasında işdən çıxarılması səbəbindən onlar əhəmiyyətli olmuşlar. Buna baxmayaraq, milli məhkəmələrin qeyd etdiyi kimi, o videomüşahidə və videoyazıların işəgötürən tərəfindən qeydə alınmış mal itkilərinə görə cavabdeh şəxslərin aşkar edilməsi və onlara qarşı intizam tədbirlərinin görülməsi məqsədlərindən başqa digər məqsədlərlə istifadə etməmişdir (müqayisə et: ictimai yerlərin ərizəçinin intihar cəhdini göstərən videomüşahidə kameralarının köməyi ilə çəkilmiş təsvirlərin kütləvi informasiya vasitələrində yayılmasına dair yuxarıda qeyd edilən Pek, §§ 62-63). 128. Bundan başqa, milli məhkəmələr belə nəticəyə gəlmişlər ki, işin hallarında güdülən qanuni məqsədə nail olmaq üçün heç bir digər vasitə olmamışdır və buna görə də tədbir Konstitusiya Məhkəməsinin işi baxımından “zəruri” kimi nəzərdən keçirilməlidir (bax: yuxarıda 33-cü bənd). Hətta milli məhkəmələrin işəgötürən tərəfindən işçilərin şəxsi həyatına daha az müdaxilə doğuran digər tədbirləri tətbiq etmək imkanı daha ətraflı şəkildə öyrənməsi arzuolunan olsa belə, Məhkəmə işəgötürən tərəfindən aşkarlanmış zərərlərin dərəcəsinin oğurluğun bir sıra insan tərəfindən törədilməsindən xəbər verməsi və informasiyanın istənilən əməkdaşa təqdim edilməsinin bu məhkəmələrin qeyd etdiyi ki, oğurluqda təqsirkar olan şəxsləri müəyyən etməkdən və həmçinin onlara qarşı intizam icraatında istifadə edilmək üçün sübutların alınmasından ibarət olan videomüşahidənin məqsədinə zərər vura biləcəyini qeyd etməyə bilməzdilər. 129. Avropa Məhkəməsi həmçinin qeyd edir ki, milli qanunvericilik şəxsi məlumatları toplanmalı və ya işlənməli olan şəxslərin hüquqlarına istənilən qeyri-münasib müdaxilənin qarşısının alınması məqsədilə müəyyən zəmanətlər tövsiyə etmişdir. Xüsusi olaraq, Şəxsi məlumatların yoxlanması haqqında qanun bu şəxslərə Qanunun 5-ci fəslində nəzərdə tutulduğu kimi, bu cür zəmanətlər haqqında əvvəlcədən informasiya almaq hüququ, eləcə də toplanmış məlumatlara giriş, onlara düzəliş etmək və silmək hüququ verir. Videomüşahidənin köməyi ilə alınmış təsvirlərin toplanması və istifadəsi zamanı mütənasiblik tələbi 1/2006 saylı Təlimatda aydın ifadə olunub və Konstitusiya Məhkəməsinin presedent hüququna əsasən, milli məhkəmələr Konstitusiya tərəfindən zəmanət verilən əsas hüquqlar baxımından bu cür tədbirlərin münasibliyi, zəruriliyi və mütənasibliyinə baxmalıdırlar (bax: yuxarıda 47, 50 və 54-cü bəndlər). 130. Ən nəhayət, ərizəçilərin videomüşahidənin quraşdırılması haqqında məlumatlandırılmasına gəldikdə, Məhkəmə qeyd edir ki, onların işlədiyi supermarketdə iki tip kameraların quraşdırılması mübahisələndirilmir: bir tərəfdən mağazanın giriş və çıxışlarına yönəldilmiş, işəgötürənin əməkdaşlara xəbər verdiyi görünən kameralar və digər tərəfdən nə ərizəçilər, nə də digər əməkdaşların məlumatlandırılmadığı, nəzarət zonalarına yönəldilmiş gizli kameralar. Tərəflərin qeydlərində göstərilmişdir ki, supermarketdə ictimaiyyətin videomüşahidə kameralarının olması haqqında xəbərdar olunması üçün bir və ya bir neçə informasiya lövhəsi quraşdırılmış, lakin bu lövhələrdə informasiyanın dəqiq məzmunu müəyyən edilməmişdir. 131. Məhkəmə qeyd edir ki, göründüyü kimi, nə İspaniya qanunvericiliyi, nə də müvafiq beynəlxalq və Avropa standartları videomüşahidə altında olan və ya daha ümumi planda şəxsi məlumatları toplanan şəxslərin əvvəlcədən razılığının alınmasını tələb etmədiyindən, bu qaydalar, prinsip etibarilə, müvafiq şəxslərin hətta ümumi qaydada olsa belə, bu cür məlumat toplanmasının başlanmasından öncə onun mövcud olması və şərtləri haqqında aydın şəkildə məlumatlandırmaq zərurətini müəyyən edirlər (bax: yuxarıda 47, 60 və 63-cü bəndlər). O hesab edir ki, şəffaflıq tələbi və ondan irəli gələn informasiya hüququ, xüsusilə də işəgötürənin işçilərlə münasibətdə mühüm səlahiyyətlərə malik olduğu və bu səlahiyyətlərdən sui-istifadənin yolverilməz olduğu əmək münasibətləri kontekstində fundamental xarakter daşıyır (bax: yuxarıda 61-62 və 64-65-ci bəndlər). Bununla yanaşı qeyd etmək lazımdır ki, nəzarət olunan şəxsə informasiyanın verilməsi və onun həcmi konkret halda bu cür tədbirin mütənasibliyinin qiymətləndirilməsi üçün nəzərə alınmalı olan meyarlardan yalnız biridir. Lakin, bu cür informasiyanın çatışmadığı halda, digər meyarlardan irəli gələn zəmanətlər xüsusilə vacib olacaq. 132. Bu işdə Avropa Məhkəməsi qeyd edir ki, ərizəçilərin tələblərinə baxmış əmək mübahisələri məhkəmələri bir tərəfdən ərizəçilərin şəxsi həyata hörmət hüququ və digər tərəfdən işəgötürənin öz mülkiyyətinin mühafizəsi və şirkətinin fasiləsiz işini təmin etmək marağı arasında detallı balans müəyyən etmişlər. O qeyd edir ki, Konstitusiya Məhkəməsinin presedent praktikası ilə müəyyən edilmiş və bu işdə tətbiq edilən mütənasiblik meyarları onun öz presedent praktikasında işləyib hazırladığı meyarlara yaxındır. Beləliklə də, milli məhkəmələr videomüşahidənin qanuni məqsədlə əsaslandırılması və bu məqsəd üçün görülmüş tədbirlərin adekvat və mütənasib olmasını yoxlayaraq, xüsusi olaraq qeyd etmişlər ki, işəgötürən tərəfindən güdülən qanuni məqsədə ərizəçilərin hüquqlarına daha az toxunan tədbirlərlə nail olmaq mümkün deyil. 133. Ehtimala görə, əmək mübahisələri məhkəmələri, ərizəçilərin iddia etdiyi kimi, işəgötürənin Şəxsi məlumatların müdafiəsi haqqında qanunun 5-ci maddəsi ilə tələb olunan əvvəlcədən məlumat vermək vəzifəsini yerinə yetirmədiyini nəzərə almayaraq, bu məsələni yersiz və Konstitusiya məhkəməsi tərəfindən müəyyən edilmiş digər meyarlara riayət olunması şərti ilə tədbirin konstitusiya baxımından mütənasibliyini şübhə altına ala bilməyən hesab etmişlər. Bu cür hallarda informasiya hüququnun vacibliyini nəzərə alaraq, Məhkəmə hesab edir ki, yalnız mühüm dövlət və ya xüsusi maraqların müdafiəsi ilə bağlı birinci dərəcəli tələb əvvəlcədən məlumatın verilməməsinə haqq qazandıra bilər. 134. Lakin bu işin konkret hallarında, xüsusilə də ərizəçilərin şəxsi həyatına müdaxilə dərəcəsi (bax: yuxarıda 125-26-cı bəndlər) və videomüşahidənin quraşdırılmasının qanuni səbəblərini nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, əmək mübahisələri məhkəmələri milli hakimiyyət orqanlarına təqdim edilmiş mülahizə hüdudlarından kənara çıxmayaraq, ərizəçilərin şəxsi həyatına müdaxilənin mütənasib olması haqqında qərar qəbul edə bilərdi. Beləliklə də, o ümumilikdə əməkdaşlar tərəfindən qeyri-qanuni mənimsəmə və ya istənilən digər qanun pozuntusu ilə bağlı ən kiçik şübhənin belə işəgötürən tərəfindən gizli videomüşahidənin quraşdırılmasına haqq qazandıra bilməməsi təklifini qəbul edə bilməsə də, ciddi qeyri-qanuni davranışın törədilməsi və bu işdə müəyyən edilmiş zərərlərin həcminin tutarlı səbəb ola bilməsi üçün əsaslı şübhə mövcuddur. Bu xüsusilə şirkətin normal işinə bir əməkdaşın şübhəli qeyri-düzgün davranışı deyil, həm də iş yerində ümumi etimadsızlıq atmosferi yaratdığı üçün bir neçə əməkdaşın razılaşdırılmış hərəkətlərdə şübhələndirilməsi təhlükə yaradır. 135. Bundan başqa, Hökumətin iddia etdiyi kimi, ərizəçilərin sərəncamında Şəxsi məlumatların müdafiəsi haqqında qanunun pozulmasına görə konkret sanksiyaların alınması məqsədi üçün bu qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqi müdafiə vasitələri var. Beləliklə, ərizəçilər bu Qanunun 5-ci maddəsinin tələb etdiyi kimi, işəgötürənin ilkin informasiyanın təqdim edilməsi öhdəliklərini yerinə yetirməməsindən Məlumatların müdafiəsi agentliyinə şikayət verə bilərdilər. Agentlik qanunun ehtimal olunan pozuntusunu araşdırmaq və cavabdeh şəxsin üzərinə maliyyə sanksiyaları qoymaq səlahiyyətinə malikdir. Onlar həmçinin Şəxsi məlumatların müdafiəsi haqqında qanuna müvafiq olaraq onların hüquqlarının ehtimal olunan pozuntusuna görə kompensasiya almaq üçün işi adi məhkəmələrə də verə bilərdilər. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, Hökumətin istinad etdiyi presedent hüququn (bax: yuxarıda 49-cu bənd) həqiqətən də bu işdəki vəziyyətlə eyni olmayan vəziyyətə aid olmamasına baxmayaraq, Şəxsi məlumatların müdafiəsi haqqında qanunun pozulması nəticəsində dəymiş zərərə görə kompensasiya almaq hüququ onun 19-cu fəslində birbaşa nəzərdə tutulub və hazırda bu hüquqi müdafiə vasitəsinin effektivliyinə şübhə etmək üçün əsas yoxdur. 136. Beləliklə, milli qanunvericilik ərizəçilərə şəxsi məlumatların konkret müdafiəsini təmin edən digər hüquqi müdafiə vasitələri təqdim etmiş, lakin onlar bu hüquqi müdafiə vasitələrindən istifadə etməməyi qərara almışlar. Bununla əlaqədar olaraq Avropa Məhkəməsi xatırladır ki, şəxsi həyata hörmət hüququnun effektiv müdafiəsi iş yerində videomüşahidə kontekstində məşğulluq haqqında qanunun, eləcə də mülki, inzibati və ya cinayət hüququnun təsir sahəsinə düşə bilən müxtəlif üsullarla təmin edilə bilər (bax: mutatis mutandis, yuxarıda qeyd edilən Barbulesku, § 116). 137. Belə olan halda, ərizəçilərin istifadə etmədikləri hüquqi müdafiə vasitələri də daxil olmaqla, İspaniyanın hüquqi bazası ilə nəzərdə tutulmuş mühüm zəmanətləri və milli məhkəmələrə əsaslanmaqla, videomüşahidəyə haqq qazandıran mülahizələrin çəkisini nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, milli hakimiyyət orqanları Konvensiyanın 8-ci maddəsi üzrə mülahizə hədlərinin aşılması kimi pozitiv öhdəliklərini yerinə yetirmişlər. Müvafiq olaraq, bu müddəanın pozulması baş verməmişdir. III. KONVENSİYANIN 6-cı MADDƏSİNİN EHTİMAL OLUNAN POZUNTUSU 138. Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq ərizəçilər onların şəxsi həyata hörmət hüquqlarının pozulması ilə əldə olunmuş videoyazılar əmək mübahisələri məhkəmələri tərəfindən sübut qismində qəbul və istifadə edilmişdir. 139. Üçüncü, dördüncü və beşinci ərizəçilər həmçinin iddia etmişlər ki, onların imzaladıqları barışıq sazişlərinin ehtimala görə, işəgötürən tərəfindən qeyri-qanuni manipulyasiyalar nəticəsində etibarlı hesab edilməsi həmçinin onların ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. 140. 6-cı maddənin müvafiq hissələrində deyilir: “1. Mülki hüquq və vəzifələri ilə bağlı mübahisə zamanı... hər bir kəs məhkəmə tərəfindən... işin ədalətli... araşdırılması hüququna malikdir...”. A. Palatanın qərarı 141. 9 yanvar 2018-ci il tarixli qərarında Palata təsdiq etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə riayət olunmasının qiymətləndirilməsi üçün sübutların hansı şəkildə alınması da daxil olmaqla, ümumilikdə araşdırmanın ədalətli olub olmadığını müəyyən etmək lazımdır. Ərizəçilərin videomüşahidə vasitəsilə alınmış materialın həm həqiqiliyi, həm də sübut kimi qəbul edilməsini mübahisələndirmək imkanına malik olduğunu və bunun məhkəmələrin öz qərarlarını əsaslandırmaq üçün istifadə etdikləri yeganə sübut olmadığını müəyyən edərək, o belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı 6-cı maddənin pozuntusu baş verməmişdir. 142. Barışıq sazişinə gəldikdə, Palata müəyyən etmişdir ki, barələrində söhbət gedən üç ərizəçi hər hansı bir özbaşınalığa yol vermədən qərar qəbul etmiş milli məhkəmələrdə onların əsaslılığını mübahisələndirmək üçün kifayət qədər imkana malik olmuş, işəgötürən tərəfindən ərizəçilərin razılığını almaq üçün heç bir məcburetmə olmamışdır. Beləliklə də, o, müəyyən etmişdir ki, bu bənd üzrə də 6-cı maddənin pozuntusu baş verməmişdir. B. Tərəflərin mövqeyi 1. Ərizəçilər 143. Ərizəçilər iddia etmişlər ki, milli məhkəmələr öz qərarlarını əsasən onların işəgötürəni tərəfindən qeyri-qanuni və onların şəxsi həyatın toxunulmazlığı hüququnu pozan şəkildə alınmış videoyazılarla əsaslandırmışlar. Müvafiq olaraq, onların fikrincə, bu videoyazıların sübut qismində qəbul edilməsi belə Konvensiyanın 6-cı maddəsinin pozulmasına səbəb olmuşdur. Ərizəçilər həmçinin iddia etmişlər ki, istər bu sübutların alınması, istərsə də araşdırmada istifadəsi işəgötürən tərəfindən onun öz hakim mövqeyindən sui-istifadə və tərəflərin bərabərliyinin pozulması olmuşdur. Bununla əlaqədar olaraq onlar göstərmişlər ki, onlar videomüşahidənin mövcudluğu haqqında məlumatlı olmamış və videoyazılar tərəf qismində iştirak etdikləri məhkəmə araşdırmasında sübut qismində təqdim edilməyənə qədər onlara çıxışları olmamışdır. Milli məhkəmələrin iddia etdikləri digər sübutlar, xüsusi olaraq, şahid ifadələrinə gəldikdə, onlar maraqlı tərəflərin videoyazılara əvvəlcədən baxışı ilə “təkzib edilmişdir”. 144. Üçüncü, dördüncü və beşinci ərizəçilər həmçinin iddia etmişlər ki, barışıq sazişləri imzalayanda onlarda işəgötürən tərəfindən edilmiş güzəştin əhəmiyyəti ilə bağlı yanlış fikir yaradılmışdır. Onlar bəyan etmişlər ki, qanun istənilən şəxsin üzərinə ona məlum olmuş cinayət qanun pozuntusu haqqında xəbər vermək vəzifəsi qoyur və buna görə də işəgötürən qanuni əsaslarla cinayət şikayəti vermək hüququndan imtina edə bilməz. Belə olan halda, məhkəmələr barışıq sazişlərini etibarsız hesab etməli və onları iş materiallarından çıxarmalı idilər. Öz dəlillərinin təsdiqi olaraq, onlar həmkarlarından biri, xanım D.-nin işi üzrə Kataloniya Ali məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli qərarını təqdim etmişlər. 2. Hökumət 145. Hökumət Palatanın qərarındakı nəticələrlə razılaşaraq, Böyük Palataya onları təsdiq etməyi təklif etmişdir. Videomüşahidə vasitəsilə çəkilmiş materialın istifadəsinə gəldikdə isə, onlar iddia etmişlər ki, videoyazılar sadəcə işdə digər sübutlara əlavə kimi istifadə edilmiş və ərizəçilər onların istifadəsi və həqiqiliyini milli məhkəmələrdə mübahisələndirmək imkanına malik olmuşlar. 146. Barışıq sazişlərinə gəldikdə, Hökumət iddia etmişdir ki, milli məhkəmələr tərəfindən müəyyən edildiyi kimi, onlar işəgötürən tərəfindən hər hansı bir təzyiq olmadan imzalanmışlar. Onlar iddia etmişlər ki, məhz ərizəçilər, bu öhdəliyə baxmayaraq, işi Əmək mübahisələri tribunalına verməklə, bu razılaşmanı pozmuşlar və buna baxmayaraq, onların şikayətlərinə məhkəmələr tərəfindən lazımi şəkildə baxılmışdır. Onlar iddia etmişlər ki, bu məhkəmələrin həqiqətən də ərizəçilər tərəfindən razılaşmalarda əks olunmuş faktları nəzərə almalarına baxmayaraq, onların sərəncamında digər sübutlar da olmuşdur. Ən nəhayət, ərizəçilərin istinad etdiyi xanım D.-nin işi ilə bağlı onlar izah etmişlər ki, Ali Məhkəmənin bu qərara müvafiq olaraq, nəzərdən keçirilən barışıq sazişinin işçini məhkəməyə müraciət hüququndan şəksiz məhrum etməsinə əsaslanmaqla, ilkin qərarı ləğv etməsinə baxmayaraq, sonradan işə baxmış məhkəmələr son nəticədə barışıq sazişinin istənilən halda həqiqi olması və maraqlı şəxs tərəfindən faktların təsdiqi üçün istifadə edilə bilməsi qənaətinə gəlmişlər. C. Üçüncü tərəfin mövqeyi 147. Avropa həmkarlar ittifaqları konfederasiyası hesab etmişdir ki, əsasən gizli videomüşahidənin çəkilişlərinə əsaslanmış qərar Konvensiyanın 6-cı maddəsinə ziddir. 148. Üçüncü, dördüncü və beşinci ərizəçilər tərəfindən imzalanmış barışıq sazişlərinə gəldikdə, AHİK göstərmişdir ki, bu cür razılaşmalar çox zaman işçilərin ehtimal olunan qeyri-qanuni davranışla qarşılaşdıqda istifadə edilməklə, işçilərin özlərini konkret təzyiq altında hiss etdikləri, lazımi şəkildə məlumatlandırılmadıqları və öz prosessual və maddi hüquqlarının tanınmasını tələb edə bilmədikləri vəziyyət yaratmışlar. AHİK belə nəticəyə gəlmişdir ki, əmək münasibətlərinin spesifikası bu cür razılaşmaların tanınmasına ehtiyyatlı yanaşma tələb edir. D. Məhkəmənin mövqeyi 1. Ümumi prinsiplər 149. Məhkəmə təkrar edir ki, Konvensiyanın 19-cu maddəsinə müvafiq olaraq onun yeganə vəzifəsi Konvensiyanın iştirakçı-dövlətləri tərəfindən qəbul edilmiş öhdəliklərə riayət olunmasının təmin edilməsidir. Xüsusi olaraq, bu cür səhvlərin Konvensiyada şərh edilmiş hüquq və azadlıqlardan istənilən birinin mümkün pozulması ilə bağlı olduğunu hesab etdiyi hallar istisna olmaqla, milli məhkəmələrin qanunvericilik və ya faktlarda səhvlərə yol vermələrinə dair bəyanata baxmaq səlahiyyətinə malik deyil. 6-cı maddənin ədalətli məhkəmə araşdırması hüququna zəmanət verməsinə baxmayaraq, o sübutların yolverilənliyinin hər hansı bir qaydasını müəyyən etmir ki, bu da ilk növbədə milli qanunvericiliyə müvafiq olaraq tənzimləmə məsələsidir (bax: Şenk İsveçrəyə qarşı, 12 iyul 1988-ci il, § 45, Seriya A № 140, və Garsia Ruiz İspaniyaya qarşı [BP], № 30544/96, § 28, ECHR 1999-I). Adətən, milli məhkəmələrin bu sübutlara və ya onların baxışında olan nəticə və ya qiymətləndirmələrə verdiyi çəki kimi məsələlərə Məhkəmə tərəfindən baxılmır. Məhkəmə dördüncü instansiya məhkəməsi qismində çıxış etməli deyil və buna görə də, bu cür nəticələrin özbaşına və ya aşkar əsassız kimi qiymətləndirilmədiyi təqdirdə, 6-cı maddənin 1-ci bəndinə müvafiq olaraq milli məhkəmələrin qərarını şübhə altına almayacaq (bax: Boçan Ukraynaya qarşı (№ 2) [BP], № 22251/08, § 61, ECHR 2015). 150. Beləliklə, Məhkəmənin rolu prinsip etibarilə konkret sübut tipləri, məsələn, daxili qanunvericilik baxımından qeyri-qanuni yolla alınmış sübutların yolverilənliyini müəyyən etməkdən ibarət deyil. Cavab verilməli olan sual sübutların alınması üsulu da daxil olmaqla, ümumilikdə araşdırmaların ədalətli olub olmamasından ibarətdir. Bu nəzərdən keçirilən qeyri-qanuniliyin yoxlanmasını və Konvensiyanın digər hüququnun pozulduğu halda, aşkarlanmış pozuntunun xarakterini ehtiva edir (bax: yuxarıda qeyd edilən P.G. və J.H. Birləşmiş Krallığa qarşı, § 76, və Qafgen Almaniyaya qarşı [BP], № 22978/05, § 163, ECHR 2010). 151. Qeyri-qanunilik və ya Konvensiyanın pozuntusunun xarakterinə gəldikdə isə, 3-cü maddəni pozan hesab edilmiş tədbir nəticəsində təsvir edilmiş sübutların istifadəsinin həmişə araşdırmanın ədalətliliyi ilə bağlı ciddi suallar doğurduğu halda (bax: yuxarıda qeyd edilən Qafgen, § 165), 8-ci maddə və ya dövlətdaxili qanunvericiliyin, ümumilikdə məhkəmə icraatının pozulması ilə alınmış informasiyanın sübut qismində istifadə edilməsinin ədalətli olması məsələsi 6-cı maddəyə zidd olaraq, ərizəçinin baxılan sübutların müdafiəsi hüququ və onun keyfiyyət və vacibliyi də daxil olmaqla, işin bütün halları nəzərə alınmaqla həll edilməlidir. Xüsusi olaraq, ərizəçiyə sübutların həqiqiliyini mübahisələndirmək və onların istifadəsinə etiraz etmək imkanının verilməsi yoxlanmalıdır. Bundan başqa, sübutların keyfiyyətini, eləcə də onların əldə olunması hallarının onların düzgünlüyü və ya dəqiqliyini şübhə altına alıb almaması məsələsi nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilən Şenk, §§ 46-48; yuxarıda qeyd edilən P.G. və J.H. Birləşmiş Krallığa qarşı, §§ 77-79; və yuxarıda qeyd edilən Qafgen, § 164). Ədalətlilik probleminin mütləq şəkildə yaranmamasına baxmayaraq, əldə olunmuş sübutların digər materiallarla təsdiq edilmədiyi təqdirdə, qeyd etmək olar ki, sübutların çox inandırıcı olduğu və onların etibarsızlığı riskinin olmadığı hallarda təsdiq edilmiş sübutlara tələbat müvafiq olaraq daha azdır (bax: yuxarıda qeyd edilən Qafgen, §164). 152. Məhkəmə qeyd edir ki, sübutların yolverilənliyinə dair yuxarıda şərh edilmiş prinsiplər cinayət hüququ kontekstində işlənib hazırlanmış və o artıq mülki məhkəmə icraatının ədalətliliyinə dair işdə onları tətbiq etmək imkanına malik olmuşdur (bax: yuxarıda qeyd edilən Vukota-Bojiç, §§ 92-100). O qeyd edir ki, “ədalətli məhkəmə araşdırması” zəmanətinin cinayət və mülki-prosessual məhkəmə icraatında mütləq eyni olmadığına, dövlətlərin isə mülki işlərə baxan zaman böyük hərəkət azadlığına malik olmalarına baxmayaraq, onlar 6-cı maddənin cinayət aspektinə müvafiq olaraq işlənib hazırlanmış prinsiplərdən çıxış edərək, mülki işlər üzrə məhkəmə araşdırmasının ədalətliliyi məsələsinə baxan zaman ona əsaslana bilərlər (bax: Karmel Saliba Maltaya qarşı, № 24221/13, § 67, 29 noyabr 2016-cı il). Bu işdə Avropa Məhkəməsi hesab edir ki, baxılan prinsiplər nəzərdən keçirilən mülki məhkəmə icraatının ədalətliliyi məsələsinə baxan zaman tətbiq edilə bilərlər. 2. Bu işə tətbiq edilmə 153. Məhkəmə bütün beş ərizəçi tərəfindən verilmiş videomüşahidə yazılarının sübutlar qismində tanınması əsasında 6-cı maddənin pozulmasından şikayətə, daha sonra isə üçüncü, dördüncü və beşinci ərizəçilər tərəfindən verilmiş imzaladıqları barışıq sazişlərinin qəbul edilməsi ilə bağlı şikayətə baxacaq. (a) Videomüşahidə yazılarının sübutların bir hissəsi kimi nəzərdən keçirilməsi 154. Məhkəmə qeyd edir ki, ərizəçilərin məruz qaldıqları videomüşahidə ilə bağlı Konvensiyanın 8-ci maddəsinin pozuntusunu müəyyən etməmişlər (bax: yuxarıda 137-ci bənd). Bununla yanaşı o qeyd edir ki, ərizəçilər videomüşahidənin milli qanunvericiliklə müəyyən edilmiş əvvəlcədən məlumat vermək öhdəliyinin pozulması ilə quraşdırılması və əmək mübahisələri məhkəmələrinin bu məsələyə qeyri-məqbul hesab etməklə baxmalarını iddia etmişlər (bax: yuxarıda 34-cü bənd). Beləliklə də, Məhkəmə nəzərdən keçirilən videomüşahidə ilə alınmış təsvirlərin sübutlar qismində istifadəsini, ümumilikdə araşdırmanın ədalətsizliyini pozması məsələsinə baxacaq. 155. Məhkəmə ilk öncə qeyd edir ki, Əmək mübahisələri tribunalında araşdırma kontekstində ərizəçilər mübahisələndirilən videomüşahidənin köməyi ilə alınmış yazılara girişə malik olmuşlar və onların həqiqiliyini mübahisələndirə və onların sübutlar qismində istifadəsinə etiraz edə bilərdilər. Milli məhkəmələr ərizəçilərin videoyazıların fundamental hüququ pozmaqla alınması səbəbindən iş materiallarından çıxarılması olması ilə bağlı dəlilinə baxmış və öz qərarlarında bu məsələni ətraflı şəkildə əsaslandırmışlar. Onlar beləliklə müəyyən etmişlər ki, Konstitusiya məhkəməsinin presedent hüququna müvafiq olaraq, videomüşahidə ərizəçilərin şəxsi həyata hörmət hüququnu pozmaqla həyata keçirilməmişdir. Onlar həmçinin müəyyən etmişlər ki, videomüşahidə nəticəsində əldə olunmuş təsvirlər dosyedəki yeganə sübutlar olmamışlar. 156. Sübutların keyfiyyətinə gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçilər videomüşahidə vasitəsilə çəkilmiş materialın həqiqiliyi və ya dəqiqliyini bir dəfə də olsun mübahisələndirməmiş, onların əsas şikayəti isə kameraların quraşdırılmasına dair informasiyanın əvvəlcədən verilməməsinə əsaslanmışdır. Milli məhkəmələr, öz növbələrində müəyyən etmişlər ki, yazılar kifayət qədər həqiqilik zəmanəti vermişlər. Videoyazıların alınması hallarını nəzərə alaraq, Avropa Məhkəməsi onların həqiqilik və ya düzgünlüyünü şübhə altına almaq üçün əsas görmür. Beləliklə də, o hesab edir, onlar digər materiallarla mütləq şəkildə təsdiq edilməli olmayan mötəbər sübutlardır. 157. Buna baxmayaraq, Məhkəmə qeyd edir ki, nəzərdən keçirilən videoyazılar milli məhkəmələrin öz nəticələrini əsaslandırdığı yeganə sübutlar olmamışlar. Onların qərarlarından görünür ki, onlar həmçinin ərizəçilərin bəyanatları, supermarketin meneceri, şirkətin qanuni nümayəndəsi və işçi heyətinin ərizəçilərin öz əməllərini etiraf etdikləri nümayəndəsinin ifadələri və videomüşahidə tərəfindən çəkilmiş təsvirlər və kassa çeklərini müqayisə etmiş ekspertin rəyini nəzərə almışlar. Məhkəmə qeyd edir ki, yazılara baxan zaman “təkzib edilməsi” mümkün olmayan obyektiv sübutlardan ibarət olan kassa çekləri böyük sayda satınalmaların ödənişsiz ləğv edildiyini göstərmişdir. Üçüncü, dördüncü və beşinci ərizəçilərə gəldikdə, məhkəmələr həmçinin onların faktları etiraf etmələri və imzaladıqları barışıq sazişlərinə əsaslanmışlar. Bütün bu sübutları ümumilikdə tədqiq edərək, onlar faktların tam şəkildə müəyyən edildiyini qət etmişlər. 158. Deyilənlərə əsasən Avropa Məhkəməsi hesab edir ki, videomüşahidə vasitəsilə alınmış təsvirlərin sübut qismində istifadəsi bu işdə araşdırmanın ədalətliliyini pozmamışdır. (b) Üçüncü, dördüncü və beşinci ərizəçilər tərəfindən imzalanmış barışıq sazişlərinin araşdırılması 159. Məhkəmə ilk öncə milli məhkəmələrin bu üç ərizəçi tərəfindən imzalanmış barışıq sazişlərini onların razılığının alınması qaydasının pozulmamasını ehtimal etməklə qəbul etmələrinə dair müşahidəsi ilə bölüşəcək. Lakin, bu sazişləri imzalamaqla, onların məhkəmə iddiası vermək hüququndan imtina etdiklərini müəyyən etmiş Əmək mübahisələri tribunalından fərqli olaraq, Ali məhkəmə, apellyasiya şikayəti əsasında bu sazişlərin onların məhkəməyə çıxış hüququndan imtinası olmadığını müəyyən edərək, işə mahiyyəti üzrə baxmışdır. O hesab etmişdir ki, sazişlər ərizəçilər tərəfindən işəgötürənin işdən çıxarılmaya dair bildirişdə göstərilmiş əsaslarla əmək müqavilələrinə xitam vermək qərarının birmənalı qəbul edilməsinə gətirib çıxarmışlar. Belə olan halda, Avropa Məhkəməsi hesab edir ki, ərizəçilərin şikayəti dövlətdaxili məhkəmələr tərəfindən sübutların həqiqiliyi və çəkisinin qiymətləndirilməsinə aiddir. 160. Bununla əlaqədar olaraq o qeyd edir ki, üç ərizəçi barışıq sazişlərinin etibarlılığını mübahisələndirə və onların sübut qismində qəbul edilməsinə qarşı çıxış edə bilmişdir. Milli məhkəmələr bu ərizəçilər tərəfindən irəli sürülmüş bütün arqumentləri təhlil edərək, belə nəticəyə gəlmişlər ki, bu işin halları işəgötürən tərəfindən hər hansı bir təhdid və ya aldadılmaya işarə etmir. Onlar sazişlərin imzalanması hallarını öyrənmiş və müəyyən etmişlər ki, imzalanma zamanı həmkarlar ittifaqının nümayəndəsinin iştirakı, ərizəçilərin bu nümayəndə ilə görüş zamanı əməllərini əvvəlcədən təsdiq etmələri, eləcə də işdən çıxarılmış digər işçilərin işəgötürən tərəfindən təklif olunmuş sazişi imzalamaması hər hansı bir məcburetmə əlamətlərini istisna edir. Onların bununla bağlı nəticələri nə özbaşına, nə də aşkar əsassız görünmür. Ən nəhayət, yuxarıda qeyd edildiyi kimi, milli məhkəmələr öz qərarlarını müxtəlif sübutlarla əsaslandırmışlar (bax: yuxarıda 157-ci bənd). 161. Qeyd edilənlərlə bağlı Məhkəmənin milli məhkəmələrin üçüncü, dördüncü və beşinci ərizəçi tərəfindən imzalanmış barışıq sazişlərinin etibarlılığı və əhəmiyyəti ilə bağlı nəticələrini şübhə altına almaq üçün heç bir əsası yoxdur. Beləliklə, Məhkəmə hesab edir ki, bu məsələ üzrə də 6-cı maddənin pozuntusu baş verməmişdir. BUNUNLA ƏLAQƏDAR OLARAQ, MƏHKƏMƏ 1. Yekdilliklə qərara alır ki, ikinci ərizəçinin qanuni varisi bu araşdırmanı onun əvəzindən davam etdirmək hüququna malikdir; 2. Hökumətin ilkin etirazını yekdilliklə rədd edir; 3. Üç səsə qarşı on dörd səslə Konvensiyanın 8-ci maddəsinin pozulmadığını qərara alır; 4. Videomüşahidə vasitəsilə alınmış yazıların sübut qismində istifadəsi ilə bağlı Konvensiyanın 6-cı maddəsinin pozulmadığını yekdilliklə qərara alır; 5. Üçüncü, dördüncü və beşinci ərizəçilər tərəfindən imzalanmış barışıq sazişləri ilə bağlı Konvensiyanın 6-cı maddəsinin pozulmadığını yekdilliklə qərara alır. İngilis və fransız dillərində icra edilib, 17 oktyabr 2019-cu il tarixində Strasburqda, İnsan Hüquqları Sarayında açıq dinləməyə göndərilib. Sören Prebensen Linos-Aleksandr Sisilianos Seksiya katibinin müavini Sədr Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü qaydasının 2-ci bəndinə müvafiq olaraq, hakimlər Qaetano, Yudkovskaya və Qrozevin mövqeyi bu qərara əlavə olunur. QOŞMA Ərizəçilərin siyahısı 1874/13 saylı ərizə 1. Isabel LOPES RIBALDA, 1963-cü il təvəllüdlü, San-Seloni sakini, Ərizə № 8567/13 2. Maria Angeles GANSEDO XIMENES, 1967-ci il təvəllüdlü, 2018-ci ildə vəfat edib 3. Maria Del Karmen RAMOS BASKETS, 1969-cu il təvəllüdlü, San-Seloni sakini 4. Pilar SABORIDO APRESA, 1974-cü il təvəllüdlü, San-Seloni sakini. 5. Karmen Isabel POZO BARROSO, 1974-cü il təvəllüdlü, San-Pere de Vilamajor sakini HAKİMLƏR DE QAETANO, YUDKOVSKAYA VƏ QROZEVİN BİRGƏ XÜSUSİ MÖVQEYİ 1. Biz, həmkarlarımızın bu işdə Konvensiyanın 8-ci maddəsinin pozulmaması ilə bağlı mövqeyinə hörmətlə yanaşaraq, həmin mövqe ilə razı olmadığımızı bildiririk. Biz mövcud daxili qanunvericilik prizmasından milli məhkəmələrin ərizəçilərin Konvensiyanın 8-ci maddəsinə müvafiq olaraq şəxsi həyata hörmət hüququ ilə işəgötürənin öz əmlak hüquqlarını müdafiə etmək maraqları arasında ədalətli balans tapa bilməmələri ilə bağlı nəticəyə gəlmiş Palatadan olan həmkarlarımızın mövqeyini bölüşürük. 2. Bu iş dünyada texnologiyalar, xüsusi olaraq gündəlik fəaliyyətimizdə şəxsi məlumatlarımızın toplanması və işlənməsinin artan təsirini və nəzarətini nümayiş etdirir. Canlı alət olan Konvensiya və müvafiq olaraq Məhkəmə müasir texnologiyaların təsirini nəinki etiraf etməli, həm də ayrı-ayrı şəxslərin şəxsi həyatına hörmətin təmin edilməsi üçün daha adekvat hüquqi zəmanətlər işləyib hazırlamalıdır. 3. Bizim dövrümüzdə şəxsin məlumatların geniş istifadəsi artıq səkkiz ildir ki, Məhkəmənin kifayət qədər bənzər “Köpke Almaniyaya qarşı” işində “yüksək sayıqlıq” zərurəti haqqında elan etdiyi sahəyə çevrilmişdir (420/07 saylı, 5 dekabr 2010-cu il tarixli qərar). O dövrdən müşahidə texnologiyaları və onlardan istifadə etməklə məlumatların toplanması əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bu yeni texnologiyalar saxlanılan məlumatların istənilən şəxs tərəfindən, istənilən yerdə, istənilən vaxt praktik olaraq nəzarətsiz və iz qoymadan baxılmasına imkan verir ki, bu da hazırkı işdə “mübahisələndirilən videomüşahidə vasitəsilə əldə olunmuş yazılara yalnız supermarketin meneceri, şirkətin qanuni nümayəndəsi və həmkarlar ittifaqının nümayəndəsi tərəfindən baxılması” ilə bağlı əksəriyyətin gəldiyi nəticəni şübhə altına alır (126-cı bənd). 4. Başqa sözlə, yeni texnologiyalar videomüşahidənin aparılma və ötürülməsinin asanlığını kəskin şəkildə dəyişərək, bununla da Konvensiyanın 8-ci maddəsinə müvafiq olaraq şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması potensialını əhəmiyyətli dərəcədə yükəltmişdir. Məhz bu səbəbdən milli səviyyədə elektron müşahidəyə dair işlərlə bağlı qanunvericilik bazasının aydın və gözlənilən olması zəruridir. Bu hazırkı işdə olduğu kimi, işəgötürənin iş yerində gizli videomüşahidədən istifadə etdiyi hallardan olduqca vacibdir. Beləliklə, bizim əksəriyyətlə razılaşmamağımız onların yalnız faktlardan sonra və konkret işlə bağlı işlənib hazırlanmış, konkret suala konkret cavabı təqdir etmələrinə əsaslanır. Milli məhkəmələrə Konvensiya üzrə rəqabət aparan hüquqlarla bağlı konkret işin yaranmasına gətirib çıxarmış münaqişəyə hüquqi münasibətin işlənib hazırlanması üçün hərəkət sərbəstliyi təqdim edən bu yanaşmanın bəzi hallarda məqbul ola biləcəyinə baxmayaraq, biz hesab edirik ki, o elektron müşahidəyə dair işlər üçün münasib deyil. Bu məhz elektron müşahidənin həyata keçirilə və yayıla bilməsinin texnoloji baxımdan asanlığı və onun insanın şəxsi həyatın toxunulmazlığı hüququna göstərə biləcəyi potensial böyük və əhəmiyyətli mənfi təsiri üzündən baş verir. Buna görə də lazımi və effektiv zəmanətlərlə aydın və gözlənilən hüquqi çərçivələr birinci dərəcəli əhəmiyyət kəsb etməyə başlayır. Bu halda mövcud hüquqi baza yalnız bir konkret zəmanəti, daha dəqiq desək, əməkdaşların müşahidə sisteminin quraşdırılması və istifadəsi haqqında əvvəlcədən xəbərdar edilməsi zərurətini nəzərdə tutmuş və bu zəmanətdən hər hansı bir istisnalara yol verməmişdir. Bu nöqteyi-nəzər, bizim fikrimizcə, bu işdə effektiv hüquqi təhlil və nəticə üçün həlledici əhəmiyyətə malikdir. 5. Bundan başqa, hüquqi baza işəgötürənin işçilərlə münasibətdə böyük səlahiyyətlərə malik olduğu əmək münasibətləri kontekstində xüsusi əhəmiyyət kəsb edir və səlahiyyətlərdən istənilən sui-istifadədən çəkinmək lazımdır. Müşahidə tədbirlərinin tətbiq edilməsinə dair informasiya maraqlı şəxslərin onlara zəmanət verilmiş, toplanmış şəxsi məlumatlara giriş, onların düzəldilməsi və ya silinməsi hüququ kimi hüquqlar məcmusundan istifadə edə bilmələri üçün zəruridir. 6. Milli məhkəmələr tərəfindən tərəflərin rəqabət aparan hüquqları arasında ədalətli balansın müəyyən edilə bilməməsi daxili qanunvericiliyin təhlili zamanı daha aydın görünür. S. və Marper Birləşmiş Krallığa qarşı ([BP], № 30562/04 və 30566/04, ECHR 2008) işi üzrə Məhkəmə belə nəticəyə gəlmişdir ki, “tədbirlərin işlənib hazırlanması və tətbiq edilməsi üçün dəqiq qaydalar”, sui-istifadə və özbaşınalıq riskinə qarşı kifayət qədər zəmanətlər olmalıdır. Beləliklə də, Avropa Məhkəməsinin fikrincə, “şəxsi məlumatların müdafiəsi insan tərəfindən 8-ci maddə ilə zəmanət verilmiş şəxsi və ailə həyatına hörmət hüququnun həyata keçirilməsi üçün başlıca əhəmiyyətə malikdir”. Şəxsi məlumatları tənzimləyən qanunvericiliyin ayrı-ayrı şəxslərin öz təsvirlərinin yayılmasına nəzarət edə bilməsini təsdiq edən sosial norma yaratmasına baxmayaraq, bu halda ərizəçilərə belə hüquq verilməmişdir. Bu, Məlumatların müdafiəsi haqqında qanunun 5-ci bölməsinə müvafiq olaraq İspaniya milli qanunvericiliyinə tam zidd olmuşdur. Mövcud normativ-hüquqi bazaya riayət olunmasını təmin etmək zərurəti olduqda, təsvirləri toplanacaq və istifadə ediləcək şəxsləri əvvəlcədən xəbərdar etmək lazımdır. Təəssüf ki, bu cür imkan bütün əməkdaşlara verilməmişdir, çünki onlar gizli videomüşahidə haqqında əvvəlcədən xəbərdar olunmamışlar. 7. Əksəriyyət İspaniya qanunvericiliyinin “maraqlı şəxslərin məlumatların bu cür toplanmasının mövcudluğu və şərtləri haqqında dəqiq və öncədən məlumatlandırılması zərurətini” tələb etməklə, bununla şəxsi həyata müdaxiləni məhdudlaşdırması və əməkdaşlara öz davranışlarını tənzimləmək imkanı verməsi ilə razıdır. Hazırkı işdə bu tələb açıq-aşkar yerinə yetirilməmişdir. Buna baxmayaraq, əksəriyyət belə fikirdədir ki, bu “tədbirin mütənasibliyinin qiymətləndirilməsi üçün nəzərə alınmalı olan meyarlardan yalnız biridir” (bənd 131). İstənilən müdaxilənin qiymətləndirilməsi zamanı Məhkəmənin dəqiq strukturunun (mütənasibliyin qiymətləndirilməsindən öncə qanunilik tələbinin yoxlanması) bu işdə tətbiq edilməməsi doğrudur, çünki biz müdaxilə deyil, pozitiv öhdəliklərdən danışırıq; buna baxmayaraq, biz milli məhkəmələrin ərizəçilərin gizli videomüşahidənin quraşdırılması haqqında xəbərdar olunub olunmamasını yoxlaya bilmədiklərini problemli hal hesab edirik. Əmək mübahisələri tribunalı, tədbirin mütənasibliyi haqqında mülahizə yürüdərək, ərizəçilərin milli qanunvericiliyin tələb etdiyi kimi, konkret olaraq və tətbiq edilməsindən öncə monitorinq haqqında məlumatlandırılmamasına dair dəlilini birbaşa olaraq nəzərə almamışdır. Bunun əvəzinə o sadəcə işəgötürənin işçilər və işçi heyəti komitəsinə təqdim etdiyi informasiyanın adi qanunilik məsələsi olması və şəxsi həyata hörmət konstitusiya hüququna aidiyyəti olmaması haqqında nəticəyə gəlmiş Konstitusiya məhkəməsinin 186/2000 saylı qərarına istinad etmişdir. Beləliklə, milli məhkəmələr məlumatların müdafiəsini təmin edən hüquqi çərçivələrə riayət olunmasını təmin edə və ya ərizəçilərin işlərinə ətraflı və fərdi qaydada baxa bilməmişlər. 8. Biz həmçinin milli məhkəmələr tərəfindən gizli videomüşahidənin zəruriliyinin müəyyən edilməsi zamanı yerinə yetirilmiş qiymətləndirməni də qeyri-kafi hesab edirik. Tribunal təsdiq etmişdir ki, bu qanuni məqsəd – supermarketdə oğurluğun kimin tərəfindən törədilməsini müəyyən etmək məqsədinə nail olmaq üçün zəruri tədbir olmuşdur. Lakin tribunal işəgötürənin eyni məqsədə nail olmaq üçün daha az ciddi tədbirdən istifadə edə bilib bilməməsi məsələsinə baxmamışdır. Bu səhv əksəriyyətin “daha az usandırıcı metod və tədbirlərə əsaslanan monitorinq sisteminin yaradıla” bilməsi məsələsinin iş yerində gizli videomüşahidə tədbirlərinin mütənasibliyinin təmin edilməsi üçün qiymətləndirilməsi zəruri olan mühüm amil olmasını qət etməsi kontekstində xüsusilə böyük əhəmiyyət kəsb etməyə başlayır (bənd 116). 9. Milli məhkəmələr işəgötürənin öz qanuni məqsədinə çatmaq üçün hansı alternativ tədbirlər – işçilərin şəxsi həyata hörmət hüququna daha az aqressiv təsir göstərəcək tədbirlərdən istifadə edə bilməsi məsələsinə baxmalı idilər. İşəgötürən iki qanuni məqsəd güdmüşdür: birincisi, o oğurluqların davam etməsini dayandırmaq istəmişdir ki, bunun üçün də quraşdırılmış videomüşahidə sistemi haqqında xəbərdar etmək kifayət edərdi. İkincisi, o son aylar ərzində məruz qaldığı itkilərə görə kimin məsuliyyət daşıdığını müəyyən etmək istəmişdir, burada görünən və gizli videomüşahidə haqqında əvvəlcədən xəbərdar etmə fayda verməyəcəkdi. Buna baxmayaraq, törədilmiş oğurluq cinayət əməli olduğundan, işəgötürən şəxsi təşəbbüsü ilə bu cür tədbirlər görməzdən öncə polisə müraciət edə bilərdi və etməli idi. Cinayətin üzə çıxarılması zərurəti xüsusi araşdırmaya, o cümlədən, həddindən artıq usandırıcı tədbir və mövqedən sui-istifadə olan gizli videomüşahidəyə haqq qazandırmır. Xüsusi şəxslər tərəfindən yol verilən bu cür davranışı pisləməyən Məhkəmə ayrı-ayrı şəxslərin hüquqi məsələləri öz əllərinə götürməsini təşviq edir. Bunun əvəzinə məhz səlahiyyətli orqanlar müvafiq tədbirlər görməlidirlər, çünki onlar istər müəyyən tədbirlərin həyata keçirilməsi səlahiyyətləri, istərsə də bu vəziyyətə bənzər hallarda nəyin zəruri olması ilə bağlı göstərişlərə riayət etmək öhdəlikləri və məsuliyyəti baxımından daha yaxşı təchiz olunublar. 10. Əksəriyyət göstərir ki, “...əməkdaşlar tərəfindən qeyri-qanuni mənimsəmə və ya istənilən digər qanun pozuntusuna ən cüzi şübhənin işəgötürən tərəfindən gizli videomüşahidənin quraşdırılmasına haqq qazandıra bilməsi mülahizəsini qəbul edə bilmirlər”, lakin buna baxmayaraq, “ciddi qanunsuz əməlin törədilməsində əsaslı şübhənin olmasının ... bu cür tədbirə tutarlı şəkildə haqq qazandıra biləcəyini” hesab edirlər (bənd 134). Bizim fikrimizcə, dəqiq prosessual zəmanətlər tələbinin olmadığı şəraitdə “ciddi cinayət əməli ilə bağlı ağlabatan şübhənin” olması kifayət deyil, çünki o xüsusi araşdırmaların aparılmasına gətirib çıxara və yolverilməz böyük sayda hallarda hərəkətlərə haqq qazandırmaq üçün istifadə edilə bilər. Prinsip etibarilə “ağlabatan şübhə” tələbinin mühüm zəmanət olmasına baxmayaraq, gizli xarakterli elektron müşahidə ilə qarşılaşdıqda, şəxsi həyatın toxunulmazlığı hüququnu müdafiə etmək kifayət deyil. Bu işdəki kimi hallarda işəgötürənin öz əməkdaşlarını əvvəlcədən xəbərdar etmədən gizli videomüşahidədən istifadə etdiyi təqdirdə Konvensiyaya müvafiq olaraq cinayət prosesində gizli müşahidədən istifadə zamanı tələb olunan zəmanətlərə analoji əlavə prosessual zəmanətlərə ehtiyac var. Üçüncü tərəfin “ciddi cinayət əməli ilə bağlı əsaslı şübhənin” mövcudluğunun etibarlı şəkildə yoxlanmasına yol verən prosedur tələblər və müşahidəyə haqq qazandırılmasına qarşı “postfaktum” təqdim edilən zəmanətlər Konvensiyanın 8-ci maddəsinə əsasən tələb olunmalıdır. Biz əksəriyyətin gəldiyi qərarı yalnız bu prosessual zəmanətlərin tətbiq edildiyi halda qəbul etməyə hazırıq. 11. Bundan başqa, Palatadan fərqli olaraq, Böyük Palata bu işi Köpke işindən diferensiasiya etməmişdir. Bu qərarda şirkətdə oğurluğun törədilməsində yalnız iki əməkdaş şübhəli bilindiyi halda, hazırkı işdə supermarketin kassaları arxasında quraşdırılmış gizli videomüşahidəyə bütün əməkdaşlar məruz qalmışlar. Bu qeyri-məhdud müşahidə daha əhəmiyyətlidir və müvafiq olaraq ona milli məhkəmələr və bu Məhkəmə tərəfindən əlavə çəki verilməlidir; buna baxmayaraq, müşahidə bütün iş günü davam etmiş, kameralar isə elə şəkildə yerləşdirilmişdir ki, ərizəçilər kassir qismində işləri zamanı çəkilişdən yayına bilməzdilər. Ərizəçilərlə bağlı şəxsi məlumatların bu cür geniş toplanması işəgötürən tərəfindən istifadə edilən tədbirin mütənasibliyinin müəyyən edilməsi zamanı adekvat qəbul edilməli idi. 12. Bu iş xüsusi işəgötürənə aid olduğundan, bizim fikrimizcə, Məhkəmə bu işdəki kimi gizli videomüşahidə halları ilə bağlı 121-ci bənddə göstərilmiş Barbulesku prinsiplərini təsdiq etməli, genişləndirməli və qəbul etməlidir. Bu halın gizli videomüşahidə üçün xarakterik olmadığına baxmayaraq, o işəgötürənin öz əməkdaşları ilə münasibətdə həyata keçirə biləcəyi nəzarət həddinə, eləcə də milli məhkəmələr tərəfindən tərəflərin rəqabət aparan maraqları arasında ədalətli balansı müəyyən etmək üçün nəzərə almalı olduqları çoxsaylı amillərə aid mühüm prinsipi müəyyən etmişdir. 13. Əksəriyyətin qiymətləndirilməsində diqqətdən kənarda qalmış digər amil “monitorinqin ona məruz qalmış işçi üçün nəticələri” olmuşdur. Vukota-Bojiç İsveçrəyə qarşı işində (№ 61838/10, 18 oktyabr 2016-cı il) Məhkəmə Konvensiyanın 8-ci maddəsinin pozuntusunu müəyyən etdikdə, ərizəçi son nəticədə onun sığorta ödənişlərinin artıq qiymətləndirilməsinə gətirib çıxarmış gizli videomüşahidə vasitəsilə müəyyən edilmişdir. Bu işdə əksəriyyət müəyyən etmişdir ki, ərizəçilərin gizli videomüşahidənin istifadəsindən sonra işdən çıxarılmasına baxmayaraq, “videoyazılar qeydiyyata alınmış mal itkilərinə görə məsuliyyət daşıyan şəxslərin aşkar edilməsi və onlara qarşı intizam tədbirlərinin görülməsi üçün istifadədən başqa heç bir digər məqsədlər üçün istifadə edilməmişdir” (bənd 127). Bizim fikrimizcə, bu şəxsi məlumatların toplanması və istifadəsinin nəticələrinin hər hansı bir digər məqsədlər üçün istifadə edilmədiyinə baxmayaraq, xüsusilə potensial müasir texnologiyaların təqdim etdiyi geniş imkanlar spektri nəzərə alınmaqla lazımınca qiymətləndirilməlidir. 14. Gizli videomüşahidə ilə bağlı mütənasibliyin qiymətləndirilməsi üçün mühüm əhəmiyyətə malik analoji meyarlar digər yurisdiksiyalarda da işlənib hazırlanmışdır. Məsələn, R. Oaksa qarşı ([1986] 1 S.C.R. 103) işində Kanada Ali məhkəməsi aşağıdakı amilləri nəzərdən keçirmişdir: tədbir konkret ehtiyacın ödənilməsi üçün zəruridirmi; bu həmin ehtiyacın ödənilməsi üçün effektivdirmi; və itki faydaya mütənasibdirmi. Bu Konvensiyanın rəqabət aparan hüquqları arasında ədalətli balansı müəyyən etmək üçün riayət edilməli olan lazımi yanaşmadır. Həmçinin məhkəmənin Ross Rozedeyl Transport Ltd-yə qarşı işi ([2003] LAD № 237) üzrə “müşahidənin yalnız ona haqq qazandırmaq üçün ağlabatan və ehtimal edilən səbəbin əvvəlcədən mövcud olduğu hallarda tətbiq edilməli olan ekstraordinar addım olması” haqqında gəldiyi nəticəni qeyd etmək lazımdır. 15. Son nəticə olaraq, biz hesab edirik ki, istər milli məhkəmələr, istərsə də bu Məhkəmə işəgötürən və işçilərin hüquqları arasında ədalətli balansı müəyyən edə bilməmişlər. Konvensiyanın 8-ci maddəsinin pozuntusunu aşkar etməyən Məhkəmə şəxsi məlumatları toplanacaq və onlara məlum olmayan məqsədlərlə istifadə ediləcək şəxslərə kifayət qədər hüquqi zəmanət vermədən iş yerində gizli videomüşahidənin qeyri-məhdud istifadəsini yolverilən hesab etmişdir. Texnologiyaların cəmiyyətimizə göstərdiyi artan təsiri nəzərə alaraq, biz insanların ədalət mühakiməsini öz əllərinə almaları və bu cür yeni problemlərlə qarşılaşan zaman Konvensiyanın 8-ci maddəsinə müvafiq olaraq şəxsi həyatın toxunulmazlığı hüququnun kifayət qədər müdafiə olunmamasına imkan verə bilmərik.
Full & Egal Universal Law Academy