Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 201
Noyabr 2016-cı il
***
Lupeni şəhərinin yunan katolik kilsəsi və başqaları Rumıniyaya qarşı [BP] – ərizə № 76943/11
29.11.2016 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət etmək hüququ
İbadət yerlərinin restitusiyası ilə bağlı qərarın "mülkiyyətlərin sahibi olan icmaların dindarlarının istəkləri" əsasında qəbul edilməsi: pozuntu baş verməyib
Ədalətli məhkəmə araşdırması hüququ
Yuxarı məhkəmənin presedent hüququnda dərin və uzunmüddətli uyğunsuzluqların olması və presedent hüququnda ziddiyyətlərə yol verməmək üçün nəzərdə tutulmuş mexanizmdən istifadə edilməməsi: pozuntu baş verib
Faktlar – 1948-ci ildə şərqi katolik kilsəsinə (yunan katolik və ya uniat kilsəsi) mənsub olan dini qurumlar 358/1948 saylı qanun qüvvəli fərman əsasında buraxıldılar. Həmin fərmana əsasən, 177/1948 saylı fərman əsasında pravoslav kilsəsinin mülkiyyətinə keçmiş əmlaklar istisna olmaqla adı çəkilən kilsəyə mənsub olan bütün əmlaklar dövlətə keçdi, sonuncuda nəzərdə tutulmuşdu ki, kilsə icması üzvlərinin çoxu başqa kilsənin icmasına keçərdisə, birinciyə məxsus olan əmlaklar ikincinin mülkiyyətinə keçirdi. 1967-ci ildə ərizəçi kilsəyə mənsub olan kilsə binasının və ona bitişik ərazinin Rumıniya pravoslav kilsəsinin mülkiyyətinə keçdiyi barədə qeyd torpaq kadastrına daxil edildi.
1989-cu ilin dekabrında kommunist rejimi çökdükdən sonra 358/1948 saylı qanun qüvvəli fərman 9/1989 saylı qanun qüvvəli fərmanla ləğv edildi. "Roma kilsəsi ilə birləşmiş Rumıniya kilsəsi (yunan katolik kilsəsi) ilə bağlı müəyyən tədbirlər haqqında" 126/1990 saylı qanun qüvvəli fərmanla uniat kilsəsi rəsmən tanındı. Həmin fərmanın 3-cü maddəsində nəzərdə tutulmuşdu ki, yunan katolik kilsəsinə məxsus mülkiyyətin hüquqi statusu yunan katolik və pravoslav kilsələrinin nümayəndələrindən ibarət birgə komissiyalar tərəfindən müəyyənləşdirilir. Qərarlarını qəbul edərkən bu komissiyalar "bu mülkiyyətlərin sahibi olan icmaların dindarlarının istəklərini" nəzərə almalı idilər.
Hökumətin 13 avqust 2004-cü il tarixli 64/2004 saylı qərarı ilə və 182/2005 saylı qanunla 126/1990 saylı qanun qüvvəli fərmanın 3-cü maddəsinə əlavələr edildi. Fərmanın dəyişiklik edilmiş mətnində nəzərdə tutulurdu ki, birgə komitənin tərkibinə daxil olan iki kilsənin nümayəndələri arasında razılıq əldə edilmədiyi təqdirdə maraqlı tərəf ümumi qanunvericilik normalarına müvafiq olaraq məhkəmədə iddia qaldıra bilərdi.
Ərizəçi kilsə qanuna müvafiq olaraq 12 avqust 1996-cı ildə yenidən qeydiyyata alındı. Ərizəçilər kilsə binasının və ona bitişik ərazinin onlara qaytarılması üçün lazımi addımları atdılar. Birgə komitənin iclaslarında məsələni həll etmək mümkün olmadı. Buna görə də ərizəçilər ümumi qanunvericilik normalarına müvafiq olaraq məhkəmədə iddia qaldırdılar, amma cəhdləri uğursuz oldu. Məhkəmələr qərarlarını xüsusi meyarla – "bu mülkiyyətlərin sahibi olan icmaların dindarlarının istəkləri" ilə əsaslandırdılar.
19 may 2015-ci il tarixli qərarında (bax: 185 saylı Məlumat bülleteni) Məhkəmənin Palatası yekdilliklə bu qənaətə gəldi ki, 6-cı maddənin 1-ci bəndinin və 6-cı maddənin 1-ci bəndi ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddənin pozuntusu baş verməyib.
Ərizəçilərin vəsatəti əsasında 19 may 2015-ci ildə iş Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Mübahisə predmeti ibadət yeri olsa da, ərizəçilərin qaldırdığı iddia mülki hüquqla əlaqədar idi və məhkəmələr vasitəsilə mülkiyyət hüququnu təsdiqləmək məqsədini daşıyırdı. Buradan belə nəticə çıxır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi bu işə tətbiq edilə bilər.
a) Məhkəməyə müraciət etmək hüququ – Ərizəçilərin kilsə binasının restitusiyası (onların mülkiyyətinə qaytarılması) üçün daxili məhkəmələrdə iddia qaldırmalarına heç bir maneə yaradılmamışdı və həmin məhkəmələr işi ətraflı şəkildə araşdırmışdılar.
Müstəqil və qərəzsiz olan daxili məhkəmələr öz yurisdiksiya səlahiyyətlərini həyata keçirərkən işin hallarının qiymətləndirilməsində diskresion səlahiyyətə malik idilər və onların rolu heç də öncədən qəbul edilmiş qərarı təsdiqləməkdən ibarət deyildi.
Beləliklə, bu işdə söhbət ərizəçilərin məhkəməyə çıxışının qarşısını alan prosessual maneədən deyil, substantiv hüquq normasından gedirdi və baxmayaraq ki, həmin norma prosesin nəticəsinə təsir göstərə bilərdi, məhkəmələrin mübahisəni mahiyyəti üzrə araşdırmalarına mane olmurdu. Əslində ərizəçilər sözügedən ibadət yerinin restitusiyasına nail olmaq üçün substantiv hüquq normasının müəyyən etdiyi şərtləri yerinə yetirməyin çətinliyindən şikayət etmişdilər.
Lakin prosessual və substantiv elementlər arasındakı fərq Konvensiyanın 6-cı maddəsinin tətbiqinin və müvafiq hallarda həmin maddədə yer alan təminatların əhatə dairəsinin müəyyənləşdirilməsində həlledici amil olaraq qalır və prinsipcə bu maddə daxili qanunvericilikdə mövcud olan hüquqa substantiv (maddi hüquqi) xarakterli məhdudiyyətlərin tətbiqi hallarına şamil olunmur.
Bu işdə mübahisə predmeti olan "dindarların istəkləri" meyarı ibadət yerləri üzərində mülkiyyət hüququnun bərpası barədə iddia tələblərinə dair məhkəmələrin qərar çıxarmaq səlahiyyətini hər hansı şəkildə məhdudlaşdıran amil sayıla bilməzdi və substantiv hüququn müəyyənləşdirilməsi ilə əlaqədar idi. Hazırkı işdə daxili məhkəmələr milli qanunvericiliyin tətbiqində və şərhində tam səlahiyyətə malik idilər və birgə komitədəki prosedur kontekstində pravoslav kilsəsinin barışıq sazişi bağlamaqdan imtina etməsi onlar üçün məcburi qüvvəyə malik amil deyildi.
Mübahisələndirilən meyar parlamentdə qəbul edilərkən, habelə 126/1990 saylı qanun qüvvəli fərmanda dəyişikliklər etmiş 182/2005 saylı qanun qəbul olunarkən qızğın müzakirələrə səbəb olmuşdu. Mübahisələndirilən meyarın qəbulu ilə nəticələnmiş qanunvericilik prosesi çərçivəsində aparılmış məsləhətləşmələrdə hər iki kilsənin nümayəndələri iştirak etmişdilər. Konstitusiya Məhkəməsinin presedent hüququ ardıcıl olaraq təsdiq edirdi ki, bu meyarın istər birgə komitələr tərəfindən tətbiqi, istərsə də ümumi qanunvericilik normalarına müvafiq olaraq qaldırılmış iddia üzrə məhkəmə prosesi kontekstində tətbiqi Konstitusiyaya uyğundur.
Sembata Bihor yunan katolik kilsəsi Rumıniyaya qarşı məhkəmə işində (ərizə № 48107/99, 12 yanvar 2010-cu il, 126 saylı Məlumat bülleteni) Məhkəmə 126/1990 saylı qanun qüvvəli fərmanın 3-cü maddəsinin mətnində 64/2004 saylı qərarla və 182/2005 saylı qanunla dəyişikliklər edilənə qədər, yəni bu dəyişikliklərdə birbaşa nəzərdə tutulmuş məhkəmədə iddia qaldırmaq imkanı yaranana qədər mövcud olmuş qanunvericilik bazasını nəzərdən keçirdikdən sonra müəyyən etdi ki, məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması ümumi qanunvericilik normalarına əsaslanmışdı.
Yuxarıda qeyd edilən mülahizələri nəzərə alsaq, ərizəçilər ibadət yeri üzərində mülkiyyət hüququ ilə bağlı iddia tələblərinin mahiyyəti üzrə həll edilməsi hüququndan məhrum edilməmişdilər. Mübahisəli kilsə binasının geri qaytarılmasına nail olmağa cəhd göstərərkən ərizəçilərin üzləşdiyi çətinliklər qüvvədə olan substantiv hüquq normaları ilə bağlı idi və məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar deyildi.
Nəticə: pozuntu baş verməyib (beş səsə qarşı on iki səslə).
b) Hüquqi müəyyənlik prinsipinə riayət edilməsi – Mübahisələri sonuncu instansiya qismində həll etməli olan Yüksək Məhkəmənin özünün hüquq praktikasında "ümumi qanunvericilik" termininə ziddiyyətli şərh verilməsi halları mövcud idi. Bu hallar aşağı məhkəmələrin qərarlarında da öz əksini tapırdı, belə ki, onlar ziddiyyətli qərarlar qəbul edirdilər.
2012-ci ildən etibarən Yüksək Məhkəmə və Konstitusiya Məhkəməsi ibadət yerlərinin restitusiyasına aid prosedurlarda mövqelərini uzlaşdırmaq barədə razılığa gəldilər ki, bu da praktikada aşağı məhkəmələrin presedent hüququnda ziddiyyətlərin aradan qalxması ilə nəticələndi.
Bununla belə, 2007-ci ildən 2012-ci ilədək Yüksək Məhkəmə bir-birinə tamamilə zidd olan qərarlar qəbul etdi. Yüksək Məhkəmənin mövqeyinin tamamilə dəyişdiyini nəzərə alsaq, məhkəmə şərhindəki bu cür dəyişkənliklər istənilən məhkəmə sisteminə xas olan presedent hüququnun təkamülü prosesi sayıla bilməzdi.
Nəhayət, hüquqi qeyri-müəyyənlik məhkəməyə müraciət etmək hüququna və qüvvədə olan substantiv hüquqa aid məsələlərə də ardıcıl olaraq təsir göstərirdi.
Buradan belə nəticə çıxır ki, hazırkı işdə Nejdet Şahin və Perihan Şahin Türkiyəyə qarşı iş üzrə Böyük Palatanın qərarında ([BP], ərizə № 13279/05, 20 oktyabr 2011-ci il, 145 saylı Məlumat bülleteni) qeyd edilən "dərin və uzunmüddətli uyğunsuzluqlar" ölkədaxili presedent hüququnda mövcud idi.
Ərizəçilərin iddia tələbinə presedent hüququnda qeyri-müəyyənliyin olduğu bir vəziyyətdə baxılması və üstəlik, hətta ölkənin ən yüksək məhkəmə instansiyasında mövcud olan məhkəmə praktikasının ziddiyyətsizliyini təmin etmək üçün daxili qanunvericilikdə nəzərdə tutulmuş mexanizmdən operativ şəkildə istifadə edilməməsi hüquqi müəyyənlik prinsipini pozmuş və eyni zamanda ərizəçiləri ədalətli məhkəmə araşdırması hüququndan məhrum etmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin beş səsə qarşı on iki səslə qərara aldı ki, 6-cı maddənin 1-ci bəndi ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddənin pozuntusu baş verməyib, belə ki, məhkəmələrə müraciət etmək və ibadət yeri üzərində mülkiyyət hüququnun bərpası üçün qaldırılmış iddia ilə bağlı məhkəmə qərarının qəbuluna nail olmaq məsələsində ərizəçilərə və cavabdehə qarşı fərqli rəftara yol verilməyib; eləcə də yekdilliklə qərara aldı ki, 6-cı maddənin 1-ci bəndinin pozuntusu baş verib, belə ki, ərizəçilərin işinə ağlabatan müddətdə baxılmayıb.
Maddə 41: Mənəvi ziyana görə ərizəçilərin hamısına birlikdə 4.700 avro təyin edildi.
(Həmçinin bax: Beyan Rumıniyaya qarşı, ərizə № 30658/05, 6 dekabr 2007-ci il, 103 saylı Məlumat bülleteni; Albu və başqaları Rumıniyaya qarşı, ərizə № 34796/09, 10 may 2012-ci il, 152 saylı Məlumat bülleteni; və Ferreyra Santuş Pardal Portuqaliyaya qarşı, ərizə № 30123/10, 30 iyul 2015-ci il)
Full & Egal Universal Law Academy