Lutsenko (Lutsenko) Ukraynaya qarşı – ərizə № 6492/11
3.7.2012 tarixli qərar [V Bölmə]
Maddə 18
Konvensiyada nəzərdə tutulanlardan savayı digər məqsədlər üçün tətbiq edilən məhdudiyyətlər
Müxalifət liderinin cinayət törətməsinə əsaslı şübhələrin olması ilə bağlı səlahiyyətli məhkəmə orqanı qarşısına çıxarılması məqsədindən savayı digər məqsədlə azadlıqdan məhrum edilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçi keçmiş daxili işlər naziri və müxalif siyasi partiyanın rəhbəri idi. 2 noyabr 2010-cu ildə keçmiş sürücüsünə qanunsuz əmək müavinətlərinin ödənilməsinə görə ona qarşı cinayət işi başlandı. Ərizəçidən ölkəni tərk etməməsi barədə iltizam alındı. 13 dekabr 2010-cu ildə ittiham aktı ona təqdim edildi və işin materialları ilə tanış olmasında imkan yaradıldı. İddia edildiyinə görə işin materiallarının müəyyən hissələri hazır olmadığı üçün onlarla tanışlıq bir neçə dəfə təxirə salındı və ərizəçi ilə vəkili on gündən sonra onlarla tanış oldular. Bu arada həftəlik qəzetdə ərizəçi ilə müsahibə dərc olundu və müsahibədə ərizəçi ona qarşı irəli sürülmüş ittihamları rədd etdi. 24 dekabr 2010-cu ildə prokuror qanunsuz axtarış və müsadirə fəaliyyətləri ilə əlaqədar olaraq ərizəçiyə qarşı yeni cinayət işinə başladı. Bir gün sonra müstəntiq birinci məhkəmə prosesi çərçivəsində qəbul edilmiş ölkəni tərk etməmək barəsində iltizam formasında qətimkan tədbirinin ibtidai həbs ilə əvəz edilməsi üçün vəsatət qaldırdı. Bu vəsatəti əsaslandırarkən o, ərizəçinin işin materialları ilə tanış olmaqdan, müəyyən istintaq hərəkətlərində iştirak etməkdən yayınmasını qeyd etdi və iddia etdi ki, ərizəçinin kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalar ictimai rəyi yanlış istiqamətə yönəltmək və istintaqa və məhkəməyə təsir göstərmək məqsədi daşıyıb. Ertəsi gün (dekabrın 26-da) ərizəçi evinin yaxınlığında həbs edildi. O iddia edir ki, nə tutulmasının səbəbləri barədə məlumatlandırılıb, nə də ona ittihamnamənin surəti verilib. Sonra o, məhkəməyə gətirildi və məhkəmə tutulmanın qanuniliyini araşdırmadan müstəntiqin vəsatəti əsasında onun həbsdə saxlanması barədə qərar çıxardı. Sonradan həbs müddəti qeyri-müəyyən müddətədək uzadıldı.
Hüquqi məsələlər – 5-ci maddənin 1-ci bəndi
a) Ərizəçinin 26 dekabr 2010-cu ildə həbs edilməsi – Ərizəçi ona qarşı başlanmış ikinci cinayət işi ilə əlaqədar həbs edilmiş və ertəsi gün hakimin yanına gətirilmişdi. Lakin hakim yalnız birinci cinayət prosesi çərçivəsində qaldırılan vəsatəti nəzərdən keçirmişdi, çünki prokurorluq orqanları faktiki olaraq ərizəçinin həbsinin qanuniliyinin araşdırılmasının əleyhinə idilər. Bu cür davranış qəti surətdə belə düşünməyə əsas verirdi ki, ərizəçinin tutulmasında məqsəd onu eyni cinayət işi çərçivəsində səlahiyyətli məhkəmə orqanı qarşısına çıxarmaq deyil, digər bir cinayət işi çərçivəsində qətimkan tədbirinin dəyişdirilərək həbs ilə əvəz edilməsi barədə vəsatətə baxılmasında onun iştirakını təmin etməkdir. Bundan başqa, ərizəçinin həbsi, belə görünür ki, cinayətkar fəaliyyətin davam etdirilməsinin qarşısını almaq üçün zəruri deyildi, çünki onun keçmiş vəzifəsini icra etməsinə, demək olar ki, bir il əvvəl xitam verilmişdi; bu həbs həm də ərizəçinin ədalət mühakiməsindən gizlənməsinin qarşısını almaq üçün zəruri deyildi, o, sonradan onu həbs etmiş müstəntiqə öncə bu məsələ ilə bağlı təminatlar vermişdi. Beləliklə, həbsin məqsədi 5-ci maddənin 1-ci bəndində göstərilən məqsədlərdən hər hansı biri deyildi, və o, əsassız həbs idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
a) Ərizəçinin həbsdə saxlanması – Ərizəçinin həbsi barədə məhkəmə qərarı özü-özlüyündə mübahisəli olan əsaslara söykənirdi. Azadlıqdan məhrumetmə hakimiyyət orqanlarının istinad etdiyi birinci əsasa, yəni işin materialları ilə tanışlığın yubadılması probleminə adekvat reaksiya sayıla bilməz. Bundan başqa, hakimiyyət orqanları ərizəçinin həbs edilməsinin ikinci səbəbi ilə, yəni kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla bağlı izahat verməmişdilər. Tanınmış siyasi xadim olaraq ərizəçinin ona qarşı aparılan cinayət prosesi ilə bağlı rəyini ifadə etməsi gözlənilən idi və söz azadlığını həyata keçirdiyinə görə onun həbs edilməsinə heç nə ilə haqq qazandırmaq olmazdı. Ərizəçinin həbsi üçün gətirilən digər əsaslar (ifadə verməkdən və təqsirini etiraf etməkdən imtina etməsi) ədalətli məhkəmə araşdırmasının öz əleyhinə ifadə verməmək və təqsirsizlik prezumpsiyası kimi mühüm elementlərinə zidd idi. Bu əsasların irəli sürülməsi faktının özü xüsusilə narahatedici hal idi, çünki bu hal onu göstərirdi ki, şəxs ədalətli məhkəmə araşdırması hüququndan istifadə etdiyinə görə cəzalandırıla bilər. Nəhayət, müddət məhdudiyyəti qoyulmadan həbs müddətinin uzadılması özü-özlüyündə 5-ci maddənin tələblərinə ziddir.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
5-ci maddə ilə birgə götürülmüş halda 18-ci maddə: Ərizəçi daha sonra şikayət etdi ki, tutulması və barəsində cinayət təqibinin aparılması hakimiyyət orqanları tərəfindən onu siyasi həyatdan və qarşıdan gələn parlament seçkilərində iştirakdan kənarlaşdırmaq üçün istifadə edilmişdi. Hökumət 18-ci maddənin bu işə tətbiqinin mümkünlüyünə etiraz edərək iddia etdi ki, ərizəçinin tutulması və həbsdə saxlanması yalnız 5-ci maddədə göstərilən məqsəd üçün həyata keçirilmişdi. Məhkəmə qeyd etdi ki, Ukraynada hakimiyyət dəyişikliyindən az sonra keçmiş nazir və populyar siyasi partiyanın rəhbəri olan ərizəçi hakimiyyət səlahiyyətindən sui-istifadə etməkdə ittiham olunub və cinayət təqibinə məruz qalıb. Bu, elə bir şəraitdə baş verib ki, kənar müşahidəçilər onu müxalifət liderlərinin siyasi motivlərlə təqib olunması kimi təsvir edə bilərlər və ərizəçinin işi (keçmiş baş nazir Timoşenkonun işi kimi) ölkə miqyasında və beynəlxalq miqyasda geniş şəkildə diqqəti cəlb edib. Beləliklə, ərizəçinin həbsinin 18-ci maddə baxımından araşdırılması üçün Məhkəmənin kifayət qədər əsasları var.
Bütövlükdə Konvensiyanın strukturu təkzib edilməsi mümkün olan belə bir ehtimala əsaslanır ki, dövlət hakimiyyəti orqanları vicdanla hərəkət edir və hüquq və azadlıqlarının hüquqa zidd səbəblərə görə məhdudlaşdırıldığını iddia edən ərizəçi inandırıcı şəkildə sübut etməlidir ki, dövlət hakimiyyəti orqanlarının əsil məqsədi bəyan etdikləri məqsəddən fərqlənir. Ərizəçinin işində Məhkəmə artıq müəyyən etdi ki, hakimiyyət orqanlarının onu azadlıqdan məhrum etmək üçün gətirdiyi əsaslar 5-ci maddəyə və Konvensiyanın ruhuna ziddir. Ərizəçinin bioqrafiyasını və siyasi fəaliyyətini nəzərə alsaq, onun vəzifədən sui-istifadə barədə ittihamlara kütləvi informasiya vasitələrində cavab verməsi ağlabatan addım sayılmalıdır. Lakin ərizəçinin həbsi barədə vəsatət verərkən prokurorluq orqanları ərizəçinin kütləvi informasiya vasitələri ilə ünsiyyətini həbsə alınmasının səbəblərindən biri kimi açıq-aydın göstərmiş və törətdiyi cinayətlərlə bağlı ictimai rəyi azdırmaqda ittiham etmişdilər. Bu cür əsaslandırma açıq-aydın göstərirdi ki, hakimiyyət orqanları ona qarşı irəli sürümüş ittihamlarla ictimaiyyət qarşısında razılaşmamasına və təqsirsiz olduğunu iddia etməsinə görə ərizəçini cəzalandırmağa cəhd ediblər, halbuki bu açıqlamaları vermək onun hüququ idi. Belə olan halda Məhkəmə yalnız bu qənaətə gələ bilər ki, ərizəçinin azadlığına tətbiq edilmiş məhdudiyyətlər təkcə onun cinayət törətməsinə əsaslı şübhələrin olması ilə bağlı səlahiyyətli məhkəmə orqanı qarşısına çıxarılması məqsədini daşımırdı, həm də digər məqsədləri güdürdü.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin ərizəçinin 5-ci maddənin 2-ci bəndində (tutulmasının səbəbləri barədə ərizəçinin məlumatlandırılmaması), 5-ci maddənin 3-cü bəndində (dərhal hakimin yanına gətirilmək hüququ) və 5-ci maddənin 4-cü bəndində (ərizəçinin həbsinin qanuniliyi məsələsinə məhkəmə tərəfindən baxılması) nəzərdə tutulmuş hüquqlarının pozulduğunu müəyyən etdi.
Maddə 41: Mənəvi ziyana görə 15.000 avro təyin edildi.
Full & Egal Universal Law Academy