M. və M. Xorvatiyaya qarşı – ərizə № 10161/13
3.9.2015 tarixli qərar [I Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət
Şəxsi həyata hörmət
Qəyyumluq işi üzrə uzun sürən məhkəmə prosesində uşağın rəyinin dinlənilməməsi: pozuntu baş verib
Maddə 3
Səmərəli araşdırma
Yetkinlik yaşına çatmayan şəxsə qarşı məişət zorakılığı barədə iddiaların vaxtında araşdırılmaması: pozuntu baş verib
Faktlar – Konvensiya üzrə icraatda ana (ikinci ərizəçi) və 2001-ci ildə anadan olmuş qızı (birinci ərizəçi) şikayət etdilər ki, dövlət hakimiyyəti orqanları birinci ərizəçini atası tərəfindən məruz qaldığı fiziki və psixoloji zorakılıqdan müdafiə etmək üçün tədbir görməyiblər. Ata 2007-ci ildən birinci ərizəçi üzərində qəyyumluq hüququna malik idi, həmin il onunla ikinci ərizəçi boşanmışdılar. Atasının himayəsində olduğu müddətdə birinci ərizəçi, iddia edildiyinə görə, tez-tez təhqir olunur və fiziki zorakılıqla hədələnirdi. Bu proses 1 fevral 2011-ci ildə baş vermiş insident zamanı kulminasiya nöqtəsinə çatdı, belə ki, həmin vaxt atası onun sifətinə vurdu və sözlərlə təhqir edərək onu boğdu. Ertəsi gün ərizəçilər bu məsələ barəsində polisə xəbər verdilər və əvvəlki təhqir və fiziki zorakılıq halları barədə də məlumat verdilər. Bundan sonra ataya qarşı cinayət işi başlandı, amma Avropa Məhkəməsi bu işə baxdığı vaxt dörd il yarım bundan öncə başlanmış həmin iş hələ birinci instansiya məhkəməsinin icraatında idi.
Paralel olaraq ikinci ərizəçi ataya qarşı mülki prosesə başlayaraq birinci ərizəçi üzərində qəyyumluğun ona verilməsini tələb etdi. Onun müvəqqəti qəyyumluq barədə vəsatəti 2011-ci ilin iyununda rədd edildi, belə ki, daxili məhkəmə məhkəmə-tibb ekspertlərinin və sosial xidmət işçilərinin rəylərinə istinad edərək bu qənaətə gəldi ki, atasının evində qalması birinci ərizəçini gələcəkdə qəddar rəftar təhlükəsinə məruz qoymayacaq. Avropa Məhkəməsi qərar çıxardığı tarixdə qəyyumluq işi üzrə əsas məhkəmə prosesi hələ başa çatmamışdı. Anası ilə birlikdə yaşamaq istədiyini israrla ifadə etmiş və özünə bədən xəsarəti yetirmə də daxil olmaqla davranışlarında problemlər yaranmış birinci ərizəçi öz istəyi əleyhinə atası ilə yaşamaqda davam edirdi.
Hüquqi məsələlər
Maddə 3: Birinci ərizəçinin yaşının az olduğunu nəzərə alsaq, atası tərəfindən törədildiyi iddia edilən məişət zorakılığı aktları 3-cü maddədə nəzərdə tutulan mənada ləyaqəti alçaldan rəftar sayıla bilərdi. Ərizəçilər 1 fevral 2011-ci il tarixli hadisə barəsində polis orqanlarına ertəsi gün məlumat vermişdilər və birinci ərizəçinin məruz qaldığı xəsarətlər tibbi sənədlərlə təsdiqlənmişdi. Bu dəlil, Məhkəmənin rəyinə görə, ərizəçilərin dövlət hakimiyyəti orqanlarına şikayətinin sübuta yetirilə bilən əsaslı şikayət olduğu qənaətinə gəlmək üçün kifayət edirdi və müvafiq olaraq, dövlətin birinci ərizəçinin iddialarını araşdırmaqdan ibarət prosessual öhdəliyi, habelə onu gələcək zorakılıqlardan qorumaqdan ibarət pozitiv öhdəliyi yaranmışdı.
a) Prosessual öhdəliklər – Zəruri araşdırma aparmaq öhdəliyinə gəlincə, dövlət hakimiyyəti orqanları birinci ərizəçiyə qarşı silsilə zorakılıq aktlarından yalnız ən ciddisinə görə ata barəsində cinayət təqibinə başlamağı, amma iddia edilən qəddar rəftar hallarının hamısını əhatə edə biləcək bir və ya bir neçə digər hüquq pozuntuları ilə bağlı ittiham irəli sürməməyi qərara almışdılar, halbuki bu, dövlət hakimiyyəti orqanlarının situasiyanı bütünlüklə araşdırmalarına imkan yaradardı. Bundan başqa, ataya qarşı cinayət işinin icraatı, demək olar ki, Avropa Məhkəməsinin qərarı qəbul edilənə qədər dörd il yarım uzanmış və həmin prosesdə dövlət hakimiyyəti orqanlarının təqsiri ucbatından xeyli yubanmalar olmuşdu. Nəticədə istintaq səmərəlilik anlayışına xas olan operativlik və ağlabatan cəldlik tələblərinə cavab verməmişdi.
Nəticə: pozuntu baş verib (iki səsə qarşı beş səslə).
a) Müdafiə etmək öhdəliyi – Ərizəçilər daha sonra şikayət etdilər ki, 1 fevral 2011-ci il tarixli insidentdən sonra dövlət hakimiyyəti orqanları birinci ərizəçini atanın himayəsində saxlamaqla onun barəsində məişət zorakılığının təkrarlanmasının qarşısını almaqdan ibarət pozitiv öhdəliklərini pozmuş olublar. Lakin Məhkəmə bu qənaətə gəldi ki, qeyd edilən dövrdə milli hakimiyyət orqanları gələcəkdə qəddar rəftarın mümkünlüyü riskini qiymətləndirmək və riskin dərəcəsini təyin etmək üçün ağlabatan addımlar atmışdılar. Belə ki, birinci ərizəçinin durumu 2011-ci ilin sentyabrından 2014-cü ilin martınadək sosial xidmət orqanları tərəfindən yerinə yetirilən, uşaq hüquqlarının müdafiəsinə yönələn tədbirlər vasitəsilə sosial xidmət orqanları tərəfindən yaxından izlənilirdi. Bundan başqa, həm yerli sosial təminat mərkəzinin tövsiyəsində, həm də məhkəmə-tibb ekspertlərinin rəyində müəyyən edilmişdi ki, birinci ərizəçi atasının evində qəddar rəftar riski altında deyil. Qızının müvəqqəti qəyyumu təyin edilməsi barədə ananın vəsatətini rədd etmiş iyun 2011-ci il tarixli məhkəmə qərarı sosial təminat mərkəzinin müvafiq tövsiyəsinə və digər sübutlara, habelə ataya qarşı cinayət prosesinin hələ başa çatmaması faktına əsaslanmışdı. Beləliklə, həmin qərar bütün müvafiq materiallar diqqətlə nəzərdən keçirildikdən sonra qəbul edilmişdi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Birinci ərizəçiyə münasibətdə yuxarıda 3-cü maddə üzrə gəldiyi qənaəti nəzərə alaraq, Məhkəmə qərara aldı ki, ikinci ərizəçi barəsində də 3-cü maddənin pozuntusu baş verməyib və dövlət onun qızını qəddar rəftardan müdafiə etmək öhdəliyini pozmayıb.
Maddə 8: Məhkəmə hesab etdi ki, birinci ərizəçinin anası ilə birlikdə yaşamaq istəyinin dövlət hakimiyyəti orqanları tərəfindən nəzərə alınmaması və qəyyumluq işi üzrə məhkəmə prosesində onun rəyinin dinlənilməməsi barədə ərizəçilərin şikayətləri onların şəxsi və ailə həyatına hörmət hüququna aid məsələləri doğurur ki, həmin məsələlər də 3-cü maddə kontekstində araşdırılmış məsəllərdən fərqlidir və buna görə onların ayrıca araşdırılması tələb olunur.
Qəyyumluq işi üzrə məhkəmə prosesinin dörd il üç aydan artıq davam etməsi faktı bu nəticəyə gəlmək üçün kifayətdir ki, cavabdeh dövlət Konvensiyanın 8-ci maddəsi üzrə pozitiv öhdəliklərini yerinə yetirməyib. Bundan əlavə, hazırkı işdə daha çox səylər tələb olunurdu, çünki o, psixoloji zədə almış uşaqla əlaqədar idi və onun dərin psixoloji narahatlıqlarının atası ilə münaqişəli münasibətindən savayı başqa səbəbi yox idi və bu durum onun özünə bədən xəsarəti yetirməsinə gətirib çıxarmışdı.
Lakin belə görünür ki, ölkədaxili məhkəmələr situasiyanın ciddiliyini və təcili müdaxilə tələb etdiyini qəbul etməyiblər və prosesin uzun sürməsi birinci ərizəçinin vəziyyətinin yalnız ağırlaşmasına səbəb olub. Məhkəməni xüsusilə bu fakt təəccübləndirdi ki, dörd il üç ay keçdikdən sonra da birinci ərizəçi məhkəmə prosesində dinlənilməyib və beləliklə ona hansı valideyni ilə yaşamaq istədiyi barədə rəyini ifadə etmək imkanı verilməyib. Uşaq hüquqları haqqında Konvensiyasının 12-ci maddəsinin müddəalarını nəzərə alsaq, uşağın Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına aid olan istənilən məhkəmə prosesində və ya inzibati prosedurlarda uşaqlara dinlənilmək və bu yolla öz fikirlərini ifadə etmək imkanı verilməyibsə, qərarların qəbulu prosesində uşaqların yetərincə iştirak etdiyini söyləmək olmaz. Birinci ərizəçinin yaşını və yetkinlik dərəcəsini nəzərə alsaq, onun öz rəyini formalaşdırmaq və ifadə etmək iqtidarında olmadığını iddia etmək, çətin ki, mümkün olsun.
Hazırkı işdə məhkəmə-tibb ekspertləri müəyyən etmişdilər ki, birincisi, hər iki valideyn birinci ərizəçinin qayğısına qalmaq məsələsində eyni durumdadırlar və ikincisi, uşaq anası ilə yaşamaq istəyir. Hər iki valideyn eyni şəhərdə yaşayır və buna görə də qəyyumluq hüququnun dəyişməsi uşağın məktəbinin dəyişməsi ilə və ya adət etdiyi sosial mühitdən ayrı düşməsi ilə nəticələnməyəcəkdi. Müvafiq olaraq, valideynləri arasında seçim etmək məsələsində birinci ərizəçinin istəklərinə hörmətlə yanaşılmaması bu işin konkret halları baxımından onun şəxsi və ailə həyatına hörmət hüququnu pozmuş olub. Bundan əlavə, qəyyumluq işi üzrə məhkəmə prosesinin uzanması ikinci ərizəçinin də 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarını pozub.
Nəticə: pozuntular baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə birinci ərizəçiyə 19.500 avro, ikinci ərizəçiyə isə 2.500 avro təyin edildi.
Full & Egal Universal Law Academy