Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BEŞİNCİ BÖLMƏ
M. ALMANİYAYA qarşı İŞİ
(CASE OF M. v. GERMANY)
(19359/04 saylı ərizə)
QƏRAR
STRASBURQ
17 dekabr 2009-cu il
YEKUN
10/05/2010
Bu qərar Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş hallarda yekun olacaqdır. Qərar redaktə məqsədilə təhlil edilə bilər.
M. Almaniyaya qarşı işinə,
Aşağıdakı tərkibdən:
Peer Lorenzen, Sədr,
Renate Jaeger,
Karel Jungwiert,
Mark Villiger,
Isabelle Berro-Lefèvre,
Mirjana Lazarova Trajkovska,
Zdravka Kalaydjieva, hakimlər,
and Claudia Westerdiek, Bölmənin katibi,
ibarət Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi,
24 noyabr 2009-cu il tarixdə qapalı müşavirə keçirərək,
Həmin tarixdə qəbul edilən aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. Bu iş Məhkəməyə Almaniya vətəndaşı c-b M. (ərizəçi) tərəfindən Avropa İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Konvensiyanın (Konvensiya) 34-cü Maddəsinə əsasən 24 may 2004-cü il tarixdə Almaniya Federativ Respublikasına qarşı verilmiş şikayət ərizəsi (19359/04 saylı) əsasında açılmışdır. Ərizəçi hüquqi yardımla təmin edilmişdir. 7 iyul 2008-ci il tarixində Palata sədri ərizəçinin 1 iyul 2008-ci il tarixdə təqdim etdiyi şəxsiyyətinin açıqlanmamaslna dair (Məhkəmə Reqlamentinin 47-ci Qaydasının 3-cü bəndi) müraciətinə müsbət cavab vermişdir.
2. Ərizəçi şikayətində onun preventiv həbs müddətinin on ildən artıq olduğunu və bununla da Konvensiyanın 5-ci Maddəsinin 1-ci bəndinin pozulduğunu iddia etmişdir, belə ki, ərizəçinin cinayəti törətdiyi və məhkum edildiyi müddətdə qüvvədə olan qanunvericiliyə əsasən həmin əmələ görə tətbiq edilən cəzanın yuxarı həddi on il idi. Daha sonra o iddia etmişdir ki, onun preventiv həbs müddətinin geriyə qüvvə ilə qeyri-müəyyən müddətə uzadılması onun Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən cinayət əməli törətdiyi müddətdə qüvvədə olan qanunvericiliyə əsasən verilmiş cəzadan daha ağır cəzaya məruz qalmamaq hüququnun pozulmasına səbəb olmuşdur.
3. Beşinci Bölmənin Palatası ərizəni 13 mart 2007-ci il tarixində kommunikasiya etmişdir. Ərizənin qəbuledilənliyi və işin mahiyyətinə dair dinləmələr Strasburqda, İnsan Hüquqları Binasında 1 iyul 2008-ci il tarixində keçirilmişdir (54-cü Qaydanın 3-cü bəndi).
Məhkəmədə aşağıdakılar iştirak etmişlər:
(a) Hökuməint adından
MrsA. Wittling-Vogel, Ministerialdirigentin,Nümayəndə,
MrH. Schöch, Cinayət hüququ üzrə professor,Vəkil,
MrM. Bornmann, dövlət ittihamçısı,
MrB. Böhm, Ministerialdirigent,
MrB. Bösert, Ministerialrat,
MrsG. Launhardt, dövlət ittihamçısı,
MrJ. Bachmann, Schwalmstadt Həbsxanası,Məsləhətçi;
(b) Ərizəçinin adından
MrB. Schroer,
MrA.H. Stopp, Vəkil,
MrT. Schulla, Məsləhətçi.
Məhkəmə x-m Wittling-Vogel, c-b Schöch və c-b Stopp-un çıxışlarını və onlara verilən suallara cavablarını dinləmişdir.
4. Dinləmənin ardından Məhkəmə 1 iyul 2008-ci il tarixli qərarı ilə işi qəbuledilən elan etmişdir.
5. Ərizəçi və Hökumət ayrı-ayrılıqda yazılı müşahidələrini təqdim etmişlər (59-cu Qaydanın 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
6. Ərizəçi 1957-ci ildə anadan olub və hazırda Schwalmstadt həbsxanasında saxlanır.
A. Ərizəçinin əvvəlki məhkumluğu, barəsində preventiv həbs qərarı və həmin qərarın icrası
1. Ərizəçinin əvvəlki məhkumluqları
7. Cinayət məsuliyyəti daşıyacaq yaşa çatdığı vaxtdan bəri ərizəçi ən az yeddi dəfə məhkum edilmiş və həbsxanadan kənarda yalnız bir neçə həftə keçirmişdir.
8. 1971 və 1975-ci illər arasında o, dəfələrlə başqaları ilə birlikdə törədilmiş oğurluq və talan əməllərinə görə məhkum edilmişdir. O, dörd dəfə həbsxanadan qaçıb.
9. 5 oktyabr 1977-ci il tarixində Kassel Regional Məhkəməsi gənc cinayətkarlarla bağlı qanunvericiliyi tətbiq edərək ərizəçini adam öldürməyə cəhd, başqaları ilə əlbir şəkildə soyğunçuluq, təhlükəli hücum və şantaj əməlinə görə onu 6 il müddətinə azadlıqdan məhrum etmişdir. Məhkəmə müəyyən etmişdir ki, həbsxanadan çıxdıqdan bir həftə sonra ərizəçi əlbir olduğu şəxs ilə birlikdə öz tanışını yaralamış və soyğun etmiş, eləcə homoseksual olan qurbanı borc öhdəliyi imzalamağa məcbur etmişdir. Bundan əlavə bir gün sonra soyğun barəsində polisə məlumat verdiyini öyrəndiyinə görə qurbanı yaralamış və öldürmək istəmişdi. Ekspert D. tərəfindən təqdim edilmiş rəyi nəzərə alaraq Məhkəmə aşkar etmişdir ki, ərizəçi patoloji ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi, buna görə də onun cinayət məsuliyyəti azalmışdı (Cinayət Məcəlləsinin 21-ci maddəsi).
10. 8 mart 1979-cu il tarixində Wiesbaden Regional Məhkəməsi ərizəçini təhlükəli hücuma görə məhkum etmiş, onu 1 il doqquz ay müddətinə azadlıqdan məhrum etmiş və onun bu bir il müddəti başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 63-cü Maddəsinə (bax aşağıda 47-ci bənd) əsasən ruhi-əsəb xəstəxanasına yerləşdirilməsi haqqında əmr vermişdir. Ərizəçi töhmət aldıqdan sonra həbsxana nəzarətçisinin üstünə ağır dəmir qutu ataraq və ona vintaçanla zərbə endirərək yaralamışdır. Ekspert D.-nin təsdiq etdiyi kimi ərizəçi ciddi patoloji ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi və bunun nəticəsində onun cinayət məsuliyyəti azalmışdı.
11. 9 yanvar 1981-ci ildə Marburg Regional Məhkəməsi ərizəçini onunla eyni kamerada saxlanan əlil məhbusa hücum etdiyinə görə məhkum edir. Hücuma səbəb onlar arasında kameranın pəncərəsinin acıq qalıb-qalmaması ilə bağlı meydana gələn mübahisə olmuşdu. 8 mart 1979-cu ildə Wiesbaden Regional Məhkəməsi tərəfindən çıxarılan qərarı da nəzər alaraq məhkəmə ərizəçini kumulyativ olaraq iki il al ay müddətinə azadlıqdan məhrum edir. Bundan əlavə, o, ərizəçinin ruhi-əsəb xəstəlikləri xəstəxanasına yerləşdirilməsinə dair əmri də qüvvədə saxlayır. İcraatda ekspert müəyyən etmişdir ki, artıq ərizəçinin patoloji beyin pozuntusundan əziyyət çəkdiyinə dair heç bir əlamət mövcud deyildi.
2. Ərizəçiyə qarşı preventiv həbs qərarı
12. 17 noyabr 1986-cı ildə Marburg Regional Məhkəməsi ərizəçini adam öldürməyə cəhd və soyğun əməlinə görə məhkum etmiş və onu 5 il müddətinə azadlıqdan məhrum etmişdir. Daha sonra o, (məhkəmə) Cinayət Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən ərizəçinin preventiv cəzaçəkmə müəssisəsinə (Sicherungsverwahrung) yerləşdirilməsinə dair əmr vermişdir (bax aşağıda 49-50-ci bəndlər). Məhkəmə müəyyən etmişdir ki, ərizəçinin 1984-cü ilin oktyabrından etibarən saxlandığı ruhi-əsəb xəstəxanasında ona tətbiq edilən saxlama şərtləri yumşadıldıqda o, onunla könüllü surətdə şəhərdən kənar bir yerdə bir gün keçirməyə razı olan bir qadını soymuş və öldürməyə cəhd etmişdir. Nevroloji və psixiatriya eksperti W.-nin verdiyi rəyi də nəzərə alaraq məhkəmə müəyyən etmişdir ki, ərizəçi həmin zaman hələ də ağır ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi və bu xəstəlik artıq patoloji xəstəlik kimi qiymətləndirilməyə və onun tibbi cəhətdən müalicə edilməsi tələb olunmaya bilərdi. O, artıq azaldılmış cinayət məsuliyyətinə əsasən hərəkət etmədiyindən Cinayət Məcəlləsinin 63-cü Maddəsinə əsasən psixiatrik xəstəxanaya salınmağa dair tələblərə də cavab vermirdi. Lakin, onun cinayət əməlləri törətməyə güclü meyli var idi ki, bu da onun qurbanının fiziki təhlükəsizliyinə ciddi surətdə xəsarət yetirirdi. Onun gələcəkdə gözlənilmədən zorakılıq aktları törətməsi ehtimalı mövcud idi, buna görə də o, ictimaiyyət üçün təhlükə törədirdi. Bu səbəbdən onun preventiv həbsi zəruri idi.
3. Ərizəçinin preventiv həbsinə dair qərarın icrası
13. 18 avqust 1991-ci il tarixindən ərizəçi azadlıqdan məhrumetmə cəzasını tam surətdə çəkərək preventiv həbs qismində Schwalmstadt Həbsxanasına salınmışdır.
14. 14 yanvar 1992-ci ildə Gießen Regional Məhkəməsi ərizəçinin preventiv saxlama yerinə və psixiatrik xəstəxanaya yerləşdirilməsinin probasiya xidmətinə cəlb olunması və beləliklə, şərti azadlığa buraxılması ilə əvəz edilməsi barəsində müraciətini rədd etmişdir. O, ekspert M.-İ. tərəfindən verilən rəyi nəzərə almışdır; rəydə bildirilirdi ki, ərizəçinin cinayət törətmək ehtimalı Cinayət Məcəlləsinin 66-cı maddəsinin təsiri altına düşən təkrar cinayət əməli törətmək meylindən irəli gəlirdi və buna görə də, onun Cinayət Məcəlləsinin 63-cü Maddəsinin təsiri altında psixiatrik vəziyyətinə görə cinayət törətməsi ehtimalı o qədər də güclü deyildi.
15. 26 oktyabr 1995-ci ildə ərizəçi ona verilmiş sərbəst gündən istifadə edərək qaçmış, lakin 17 noyabr 1995-ci il tarixində polisə təslim olmuşdu.
16. 17 noyabr 1998-ci ildə Marburq Regional Məhkəməsi 20 sentyabr 1994 və 13 noyabr 1996-ci ildə olduğu kimi, ərizəçinin preventiv saxlama yerinə və psixiatrik xəstəxanaya yerləşdirilməsini probasiya xidmətinə cəlb olunması və beləliklə də, şərti azadlığa buraxılması ilə əvəz edilməsi barəsində müraciətini rədd edir. Məhkəmə diqqətə alır ki, həmin vaxt özünü “skinhed”lərdən sayan ərizəçi həbsxanadakı məhbuslardan birinə hücum etmiş və onun burnunu qırmışdı; bundan əlavə o, Schwalmstadt Həbsxanasının rəisini kobud surətdə təhqir etmişdi.
B. Məsələylə bağlı icraat
1. Marburq Regional Məhkəməsinin qərarı
17. 10 aprel 2001-ci ildə Marburg Regional Məhkəməsi ərizəçinin həmin məhkəmə tərəfindən 17 noyabr 1986-cı il tarixdə çıxarılmış əmr edilmiş preventiv həbs və 9 yanvar 1981-ci ildə əmr edilmiş ruhi-əsəb xəstəxanasına yerləşdirilməsinin probasiya ilə əvəz edilməsinə dair müraciətini rədd edir. Cinayət Məcəlləsinin 67e Maddəsinin 3-cü bəndini (bax aşağıda 56-cı bənd) tətbiq edən Məhkəmə elan edir ki, iki il müddətində bu qərarın yenidən nəzərdən keçirilməsi ilə bağlı heç bir şikayət qəbul edilməyəcək.
18. Ərizəçinin əvvəlki məhkumluqlarını və həbsxanadakı davranışını nəzərə alaraq Regional Məhkəmə müəyyən etmişdir ki, ehtimal etmək olmaz ki, ərizəçi sərbəst buraxılacağı təqdirdə yeni ağır cinayətlər törətməyəcək (Cinayət Məcəlləsinin 67d Maddəsinin 2-ci bəndi, bax aşağıda 53-cü bənd). Məhkəmə dövlət tərəfindən təyin olunan vəkillə təmsil olunmuş ərizəçinin şəxsən verdiyi ifadəni dinləyir. Daha sonra məhkəmə Schwalmstadt Həbsxanası və Marburg prokurorluğu ilə məsləhətləşir və onların hər ikisi ərizəçinin həbsinin probasiya ilə əvəz olunmasını tövsiyə etmir. O, eyni zamanda kənar məhkəmə-tibb eksperti K.-nın verdiyi rəy ilə razılaşır. Həmin ekspert qeyd edir ki, özünə aşiq və acıma hissindən mərhum şəxsiyyətə malik olan, lakin psixopatik pozuntudan əziyyət çəkən insan kimi münasibət bəslənməsi mümkün olmayan ərizəçinin ictimaiyyət üçün təhlükə törətmədiyi barəsində fikir yürütmək üçün onu bir neçə il ərzində müşahidə etmək lazımdır.
19. Regional Məhkəmə bəyan etmişdir ki, o, ərizəçinin preventiv həbsinin 8 sentyabr 2001-ci il tarixindən sonra da (ərizəçinin həbsxanadan qaçdığı müddət çıxıldıqdan sonrakı dövr) davam etməsini əmr etmişdir ki, bu zaman da ərizəçi artıq preventiv həbsdə on il keçirmiş olardı.
Belə qərara ziddiyyət təşkil edəcək heç bir konstitusional maneə yox idi. Məhkəmənin fikrincə ərizəçinin preventiv həbsinin davam etməsi Cinayət Məcəlləsinin 1998-ci ildə düzəliş edilmiş 67d Maddəsinin 3-cü bəndinə əsasən qanunauyğun idi (bax aşağıda 53-cü bənd). 1998-ci ildə düzəliş edilmiş Cinayət Məcəlləsinə Giriş Qanununun 1a (3) bəndində həmin Maddənin qanuna düzəliş edilməsindən əvvəl preventiv həbsdə olan məhbuslara da şamil ediləcəyi elan edilmişdi (bax aşağıda 54-cü bənd). Federal Konstitusiya Məhkəməsi qanuna edilən dəyişikliyi dolayı yolla mübahisələndirən konstitusiya şikayətini qəbul etməkdən imtina etdi. Ərizəçinin ağır cinayət keçmişini və gələcəkdə törədə biləcək cinayət əməllərini nəzərə aldıqda, onun preventiv həbsinin davamı qeyri-mütənasib və ya qeyri-zəruri deyildi.
20. Ərizəçinin psixiatrik xəstəxanaya yerləşdirilməsinə dair əmrə gəldikdə isə, onun müraciəti vaxtından əvvəl idi, çünki həmin vaxtı o, nə psixiatrik xəstəxanada saxlanırdı, nə də bunun yaxın gələcəkdə baş verəcəyi gözlənirdi.
2. Frankfurt am Main Apelyasiya Məhkəməsinin qərarı
21. 26 oktyabr 2001-ci il tarixində Frankfurt am Main Apelyasiya Məhkəməsi bu məsələ ilə bağlı Marburg Regional Məhkəməsinin qərarına düzəliş edərək ərizəçinin ruhi-əsəb xəstəxanasına yerləşdirilməsinə dair 9 yanvar 1981-ci il tarixli əmri ləğv edir. Regional Məhkəmənin qərarının yerdə qalan hissəsini qüvvədə saxlayan Apelyasiya Məhkəməsi Marburg Regional Məhkəməsinin17 noyabr 1986-cı il tarixli qərarında əmr edildiyi kimi preventiv həbsi probasiya ilə əvəz etməməyi qərara alır və onun preventiv həbsinin 8 sentyabr 2001-ci il tarixində on illik müddət başa çatdıqdan sonra da davam etdirilməsini əmr edir. Məhkəmə təsdiq edir ki, qərarın yenidən baxılması ilə bağlı şikayət iki il müddətində qəbuledilən olmayacaqdır.
22. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, ərizəçinin psixiatrik xəstəxanaya yerləşdirilməsinə dair əmr heç bir məqsədə qulluq etmirdi. 1985-ci ildən məhkəmələrə təqdim edilən ekspert rəylərini və Məhkəmənin öz müraciəti əsasında ekspert K. tərəfindən hazırlanmış yeni rəyi nəzərə aldıqda aydın olurdu ki, ərizəçi artıq patoloji xəstəlik kimi qiymətləndirilməli olan ciddi psixoloji xəstəlikdən əziyyət çəkmirdi.
23. Vəkil tərəfindən təmsil olunan ərizəçinin preventiv həbsinə gəldikdə isə Apelyasiya Məhkəməsi Regional Məhkəmə tərəfindən irəli sürülən səbəblərlə razılaşaraq müəyyən etmişdi ki, ərizəçinin təhlükəli olması onun davamlı həbsini zəruri edir. Onun törətdiyi və sərbəst buraxılacağı təqdirdə törədə biləcəyi cinayət əməllərini nəzərə alaraq onun davamlı preventiv həbsdə saxlanması mütənasib idi.
İki il ərzində onun həbsinin davam etdirilməsi ilə bağlı həlledici rol oynaya biləcək maddi dəyişikliklərin baş verə biləcəyi gözlənmirdi. (Cinayət Məcəlləsinin 67e Maddəsinin 3-cü bəndi).
24. Apelyasiya Məhkəməsinə görə Cinayət Məcəlləsinin 1998-ci ildə dəyişiklik edilmiş 67d Maddəsinin 3-cü bəndi konstitusiyaya uyğun idi. Məhkəmə qəbul etmişdi ki, ərizəçinin preventiv həbsi barəsində qərar verilən zaman onun müddəti ən çox 10 il davam edə bilərdi. Lakin, Cinayət Məcəlləsinin 2-ci Maddəsinin 6-cı bəndinə (bax aşağıda 48-ci bənd) əsasən ərizəçinin vəziyyəti (ona qarşı islah və qabaqlayıcı tədbirlərin (məsələn, preventiv həbs) tətbiq edilməsi ilə bağlı) geriyə qüvvə ilə ağırlaşdırılmışdır. Belə tədbirlər cəza tədbiri kimi deyil, qabaqlayıcı tədbir kimi qiymətləndirilir, buna görə də Əsas Qanunun 103-cü Maddəsinin 2-ci bəndinə əsasən (bax aşağıda 61-ci bənd) geriyə qüvvəyə malik cinayət hüququ müddəası kimi qadağan olunmur.
25. Buna bənzər olaraq, ərizəçinin preventiv həbsinin davam etdirilməsi qanunun aliliyində nəzərdə tutulmuş geriyə qüvvəyə malik olan müddəaların qadağan olunması prinsipinə xələl gətirmir. Ağır çəkiyə malik olan ictimai maraqlar, xüsusilə ictimaiyyətin təhlükəli cinayətkarlardan qorunması hazırki işlə bağlı qanunvericinin geriyə qüvvəyə malik olan belə müddəalar qəbul etməsini əsaslandırır.
3. Federal Konstitusiya Məhkəməsinin qərarı
26. 26 noyabr 2001-ci il tarixində vəkillə təmsil olunan ərizəçi Federal Konstitusiya Məhkəməsinə onun preventiv həbsinin hətta on il müddəti başa çatdıqdan sonra da davam etməsini əmr edən qərarlarla bağlı şikayət verir. O xüsusilə iddia edir ki, bu qərarlar Cinayət Məcəlləsinin 1998-ci ildə dəyişiklik edilmiş 67d Maddəsinin 3-cü bəndi əsasında çıxarılıb ki, həmin müddəaya əsasən məhkumun preventiv həbsinin birinci müddəti geriyə qüvvə ilə maksimal hədd olan on il müddətindən qeyri-müəyyən müddətə qədər uzadıla bilər. Buna müvafiq olaraq, bu müddəa Əsas Qanunun 103-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş geriyə qüvvəyə malik olan cəzaların qadağan edilməsi ilə bağlı müddəanı, qanunun aliliyində qanunvericiliyin geriyə qüvvəsini qadağan etmə prinsipini, mütənasiblik prinsipini və onun Əsas Qanunun 2-ci Maddəsinin 2-ci bəndinin ikinci cümləsinə uyğun olaraq azadlıq hüququnu pozmuşdur
(bax aşağıda 57-ci bənd). Bundan əlavə, mübahisələndirilən müddəa şərait yaradırdı ki, onun saxlandığı rejimin yüngülləşdirilməsi ilə bağlı verə biləcəyi bütün şikayətlər rədd edilsin və bununla da o, cəmiyyət üçün artıq təhlükə törətmədiyinə dair heç bir müsbət nəticə ala bilməzdi. Bunun da nəticəsində, müddəa, ərizəçini azadlığa buraxılmaq üçün heç bir imkan nəzərdə tutmadan ömürlük azadlıqdan məhrum edirdi.
27. 5 fevral 2004-cü il tarixində Federal Konstitusiya Məhkəməsi 8 hakimdən ibarət tərkibdə həkim-psixiatrların və bir neçə həbsxana rəisinin iştirakı ilə dinləmə keçirdikdən sonra ərizəçinin konstitusional şikayətini (2 BvR 2029/01 saylı) əsaslandırılmamış olduğuna görə rədd edir. Özünün təfərrüatlı şəkildə əsaslandırılmış presedent təşkil edən qərarında (84 səhifəyə yaxın) Məhkəmə müəyyən etmişdir ki, Cinayət Məcəlləsinin 67d Maddəsinin 3-cü bəndi Cinayət Məcəlləsinə Giriş Qanununun 1998-ci ildə dəyişiklik edilmiş 1a(3) Maddəsi ilə birlikdə götürüldükdə Əsas Qanuna uyğundur.
(a) Azadlıq hüququ
28. Federal Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, Cinayət Məcəlləsinin 67d Maddəsinin 3-cü bəndinə əsasən təyin edilmiş preventiv həbs ərizəçinin azadlıq hüququnu Əsas Qanunun 2-ci Maddəsinin 2-ci bəndinə müvafiq olaraq mütənasib şəkildə məhdudlaşdırmışdır.
29. Məhkəmə vurğulamışdır ki, şəxs preventiv həbsdə nə qədər çox qalsa, azadlıqdan məhrum etmənin mütənasibliyi ilə bağlı tələblər bir o qədər sərt xarakter alır. Lakin, Cinayət Məcəlləsinin 67d Maddəsinin 3-cü bəndi on il azadlıqdan məhrum edildikdən sonra azadlıq hüququnun artacaq əhəmiyyətini nəzərə alıb. Müddəa təhlükə altında olan hüquqi maraq (yalnız zərərçəkmişlərin fiziki və psixoloji təhlükəsizliyinə qarşı qoruma nəzərdə tutaraq) və ərizəçinin təhlükəli olduğunun sübutuna (təcrübəli kənar həkim-psixiatrın əsaslandırılmış rəyini tələb edərək) dair daha yüksək standart (tələb) müəyyən etmişdir. O, eyni zamanda həbsə xitam verilməsini bir qayda, uzadılmasını isə yalnız son vasitə kimi istifadə olunmalı olan istisna elan etmişdi. Bundan əlavə, preventiv həbslə bağlı prosessual müddəalar (Cinayət Məcəlləsinin 67c Maddəsinin 1-ci bəndi, 67d Maddəsinin 2-ci və 3-cü bəndləri və 67e Maddəsi) azadlıqdan məhrum edilmiş şəxsin cəzasının şərti cəza ilə əvəz etməyin və ya onu azadlığa buraxmanın mümkün olub-olmadığına dair müntəzəm təhlil keçirməyi nəzərdə tutur. Saxlama rejiminin yüngülləşdirilməsinin ərizəçinin gələcəkdə nə dərəcədə təhlükəli olduğunun proqnozlaşdırılmasında oynadığı xüsusi əhəmiyyəti nəzərə alaraq, qərarın icrası ilə bağlı məsuliyyət daşıyan Məhkəməyə kafi səbəblər olmadan həbsxana rəhbərliyi tərəfindən saxlama rejiminin yüngülləşdirilməsi müraciətinə verilən rədd cavabını (rejimin yüngülləşdirilməsi şəxsin preventiv həbsinin şərti cəza ilə əvəz olunmasına və ya ona xitam verilməsinə rəvac verə bilərdi) qəbul etmək səlahiyyəti verilmirdi.
30. Preventiv həbsin məqsədi keçmişdə törədilmiş cinayət əməllərinə görə qisas almaq deyil, gələcəkdə törədilə biləcək əməllərin qarşısını almaq idi. Buna görə də, Länder təmin etməli idi ki, azadlıqdan məhrum edilən şəxsin cəzaçəkmə müəssisəsində mövcud olan tələblərə müvafiq olaraq saxlama rejimini yaxşılaşdırmaq imkanı olsun.
(b) Geriyə qüvvəyə malik olan cinayət qanunvericiliyinin qadağan edilməsi
31. Federal Konstitusiya Məhkəməsi daha sonra müəyyən etmişdir ki, Cinayət Məcəlləsinin 67d Maddəsinin 3-cü bəndi, Cinayət Məcəlləsinə Giriş Qanununun 1a(3) hissəsi ilə birlikdə götürüldükdə, Əsas Qanunun 103-cü Maddəsinin 2-ci bəndini pozmur. Həmin Maddə ilə müəyyən edilmiş cinayət qanunvericiliyi müddəalarının mütləq surətdə qadağan edilməsi Cinayət Məcəlləsində nəzərdə tutulmuş preventiv həbs kimi islah tədbirlərini və qabaqlayıcı tədbirləri ehtiva etmir.
32. Əsas Qanunun 103-cü Maddəsinin 2-ci bəndində verilmiş “cəza” və “cəza tədbirləri” anlayışlarının interpretasiyasını verən Məhkəmə müəyyən etmişdir ki, həmin Maddə yalnız qanuna zidd və təqsirli davranışa görə ittiham irəli sürən və törədilən əməlin əvəzində cəza nəzərdə tutan Dövlət tədbirlərinə şamil edilir. Əsas Qanunun mənşəyini (genezis) və 103-cü Maddənin 2-ci bəndinin məqsədini nəzərə alsaq, o, şəxsin hüquqlarına müdaxilə edən digər Dövlət tədbirlərinə şamil edilmir.
33. Xüsusilə, Əsas Qanunun 103-cü Maddəsinin 2-ci bəndi islah tədbirlərinə və qabaqlayıcı tədbirlərə şamil edilmirdi; belə ki, həmin tədbirlər hər zaman Cinayət Məcəlləsinin iki hissədən, yəni, cəzalar və islahedici və qabaqlayıcı tədbirlərdən ibarət sistemində bir-birindən ayırd edilmişdi. Görülən tədbirin qanuna zidd hərəkət və ya davranışla bağlı olması faktı və ya azadlıq hüququna mühüm dərəcədə müdaxilə etməsi kifayət etmirdi. Cəzadan fərqli olaraq, preventiv həbsin məqsədi əmələ görə cəzalandırmaq deyil, sırf olaraq ictimaiyyəti potensial cinayətkardan qorumaq idi. Buna görə də, preventiv həbs törədilmiş cinayət əməli ilə birbaşa əlaqəli olmasına baxmayaraq 103-cü maddənin 2-ci bəndinin təsiri altına düşmürdü.
(c) Qanunun aliliyi çərçivəsində legitim maraqların müdafiəsi
34. Federal Konstitusiya Məhkəməsi daha sonra bu məsələ ilə bağlı altı səsə qarşı iki səslə müəyyən etmişdir ki, preventiv həbsin ilk dəfə əmr edildiyi yerdə maksimal həbs müddətinin ləğv edilməsi və müvafiq müddəanın (Cinayət Məcəlləsinin 67d Maddəsinin 3-cü bəndi Cinayət Məcəlləsinə Giriş Qanununun 1a(3) bölməsi ilə birlikdə oxunduqda) həmin müddəanın qəbul edilməsindən və qüvvəyə minməsindən əvvəl preventiv həbsə salınmış və cəzasını tam çəkməmiş cinayətkarlara şamil edilməsi qanunun aliliyi əsasında idarə edilən Dövlətdə təmin edilən legitim gözləntilərə uyğun olmuşdur (2-ci maddənin 2-ci bəndi Əsas Qanunun 20-ci maddəsinin 3-cü bəndi ilə birlikdə oxunduqda; bax aşağıda 59-cu bənd)
35. Məhkəmə vurğulamışdır ki, Cinayət Məcəlləsinin dəyişiklik edilmiş 67d Maddəsinin 3-cü bəndi geriyə qüvvə ilə cinayət əməlinə görə cəzanı təyin edən məhkəmənin yekun qərarında müəyyən edilmiş hüquqi nəticələri dəyişmirdi. Məhkum edilmiş şəxsin preventiv həbsdə hansı müddətə qalmasını müəyyən etmək həmişə cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmələrin səlahiyyətində olmuşdur.
36. Buna baxmayaraq, Cinayət Məcəlləsinin 67d Maddəsinin 1-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş preventiv həbsin birinci hissəsinin maksimal müddəti həbsdə olan şəxslərə əsas verir ki, 10 il müddəti başa çatdıqda azadlığa buraxılmalarını güman etsinlər. Lakin, Cinayət Məcəlləsinin 2-ci Maddəsinin 6-cı bəndinə (bax aşağıda 48-ci bənd) uyğun olaraq preventiv həbsin on illik maksimal həddi bütün digər islahedici və qabaqlayıcı tədbirlərə bənzər olaraq başlanğıcdan bəri qanunvericiliyə edilən dəyişikliklərə məruz qalmışdır.
37. Burada iştirak edən maraqların çəkisini nəzərə alaraq Federal Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, qanunverici orqanın ictimaiyyət üzvlərini onların həyatına, sağlamlığına və cinsi təhlükəsizliyinə müdaxilədən qorumaq öhdəliyi həbsdə olan şəxslərin on illik həddin davamlı tətbiq ediləcəyinə olan inamından daha üstündür.
Cinayət Məcəlləsinin 67d Maddəsinin 3-cü bəndinin qaydaya istisna olaraq müəyyən edildiyini və ona əlavə edilmiş prosedur təminatlarını nəzərə aldıqda, həmin maddənin geriyə qüvvə ilə tətbiq edilməsi qeyri-mütənasib deyildi.
(d) İnsan ləyaqəti
38. Federal Konstitusiya Məhkəməsi daha sonra müəyyən etmişdir ki, Əsas Qanunun 1-ci Maddəsinin 1-ci bəndində təsbit edilmiş insan ləyaqəti özündə məhkumun preventiv həbs yerində saxlanması üzrə sabit maksimal hədd müəyyən edilməsi ilə bağlı konstitusional tələb ehtiva etmirdi. Şəxsin törətdiyi təhlükə davam etdiyi müddətdə onun hətta uzun müddət preventiv həbsdə olması belə insan ləyaqətinə xələl gətirmirdi. Lakin, preventiv həbsin məqsədi saxlanan şəxslərin reabilitasiyası və həbsdən çıxdıqdan sonra məsuliyyətli həyata hazırlanmasından ibarət olmalı idi. İnsan ləyaqəti azadlıqdan məhrum edilmiş şəxslərə öz azadlıqlarını bərpa etmək imkanları təmin edəcək qanunvericilik aktlarının və proqramlarının mövcudluğunu şərtləndirirdi.
39. Preventiv həbs hazırkı formasında həmin tələblərə cavab verirdi. Cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmələr xüsusilə, məhkumun cəzası başa çatdıqda (Cinayət Məcəlləsinin 67c Maddəsinin 1-ci bəndi) və daha sonra ən az iki ildən bir (Cinayət Məcəlləsinin 67e Maddəsinin 2-ci bəndi) tədbirin şərti cəza ilə əvəz edilməsinin mümkün olub-olmadığını yoxlamalı idilər. Şəxs preventiv həbsdə on il keçirdiyi təqdirdə və onunla bağlı hansısa xüsusi təhlükə qalmadıqda məhkəmələr preventiv həbsə Cinayət Məcəlləsinin 67d maddəsinin 3-cü bəndinə əsasən xitam verildiyini elan edirdilər. Təcrübədə preventiv həbsdə olan şəxslər müəyyən bir müddət cəzaçəkmə müəssisəsində keçirdikdən sonra azadlığa buraxılırdılar.
(e) Qanuna əsasən təyin edilmiş hakimin icraatından çıxarılma
40. Nəticədə, Federal Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, Əsas Qanunun 101-ci Maddəsinin 1-ci bəndinə (bax aşağıda 60-cı bənd) müvafiq olaraq təmin edilən qanuna əsasən təyin edilmiş hakimin icraatından çıxarılmanın qadağan edilməsi tətbiq edilməmişdir. Cinayət Məcəlləsinin 67d Maddəsinin 3-cü bəndi preventiv həbsin uzadılması üçün sözügedən işin bütün hallarını nəzərə alan məhkəmə qərarının zəruri olduğunu istisna etmir.
C. Ərizəçiyə qarşı preventiv həbs əmrinin təcrübədə icrası
41. Schwalmstadt Həbsxanasında ərizəçi kimi preventiv həbsdə saxlanan şəxslər cəza çəkən məhbuslardan təcrid olunmuş şəkildə ayrıca bir binada saxlanırlar. Cəza çəkən məhbuslarla müqayisədə onların müəyyən imtiyazları var. Məsələn, onların öz paltarlarını geyinmək və yumaq, eləcə də daha çox cibxərcliyi saxlamaq hüququ var. Onlar ayrıca idman zalında idmanla məşğul ola bilər və hər gün həyətdə bir neçə saat gəzintiyə çıxa bilərlər. Onlar özlərinin daha rahat kameralarına əlavə mebel və avadanlıq qoya və onlara baş çəkməyə gələnlərlə daha uzun müddətli görüş keçirə bilərlər.
42. Schwalmstadt Həbsxanasında preventiv həbsdə saxlanan şəxslərin cəmiyyətə yenidən inteqrasiya edilməsi ilə bağlı tədbirlərə gəldikdə digər həbsxanalarda saxlanan şəxslər kimi onlara da həftədə bir dəfə müzakirə qruplarında iştirak etmək təklif olunurdu ki, burada da əyləncə tədbirləri və gündəlik həyatın formalaşdırılmasına dair fikirlər müzakirə edilirdi. Bundan əlavə, şəxslərin qrupa inteqrasiya etməsini asanlaşdırmaq üçün fərdi müzakirələr və iki həftədən bir, digər məsələlərlə yanaşı şəxslərin təklif olunan müalicə tədbirlərini qəbul etməsi üçün həvəsləndirilməsinə yönələn qrup müzakirələri də keçirilirdi. Göstərildiyi müəyyən edilən hallarda, saxlanan şəxslərə kənardan dəvət olunmuş həkimlə terapiya sessiyaları və ya digər bir həbsxananın sosial-müalicə obyektində qrup terapiyası da təklif olunurdu. Böhran hallarında saxlanan şəxslərin müraciəti əsasında onlar növbətçi psixoloq və ya sosial işçidən məsləhət ala bilirdilər.
43. Ərizəçi preventiv həbsə salındığı vaxtdan bəri müalicə alır. 1993-cü ilin əvvəlindən o, Schwalmstadt Həbsxanasında psixoloq ilə müalicə sessiyalarında iştirak edir. 2000-ci ilin sentyabr ayından 2003-cü ilin mart ayına qədər o, kənardan dəvət olunmuş psixoloqla müntəzəm fərdi müalicə sessiyaları keçirib. Həmin anda başa çatmış müalicənin davam etdirilməsinin göstərilmədiyi aşkar edilmişdir. Bundan əlavə, ərizəçi təhlükəli olub-olmadığını və ona tətbiq edilən həbsxana rejiminin yüngülləşdirilməsinin mümkün olub-olmadığını müəyyən etmək məqsədilə müntəzəm intervallarla psixiatr müayinəsindən keçirdi. Ərizəçinin preventiv həbsinin saxlama şərtlərinin yüngülləşdirilməsinə gəldikdə hal-hazırda ona ildə bir neçə dəfə qısa müddət ərzində müşayiət edilərək (Ausführungen) həbsxananı tərk etmək icazəsi verilir. Eyni zamanda 2005-ci ildən nişanlı olduğu nişanlısı ona müntəzəm olaraq baş çəkir (orta hesabla ayda üç dəfə).
O, həbsxanada işləyir və bu işinə qısa bir müddət ara verib; hal-hazırda o, həbsxananın dəmir emalatxanasında işləyir və ayda təqribən 350-543 avro arası maaş alır.
44. Psixiatr ekspertin rəyinə və 2006-cı ildə verilmiş əlavə psixoloji rəyə əsasən ərizəçi cəmiyyətə yenidən inteqrasiya istiqamətində mühüm addımlar atmışdır; buna misal olaraq xüsusilə onun uşaqlıqdan bəri yaratdığı cinayətkar şəxsiyyətindən uzaqlaşması və bir hərəkəti etməzdən əvvəl düşünmə cəhdini göstərmək olar. Onun nişanlısı ilə yeni münasibəti yeni müsbət inkişaf kimi qiymətləndirilə bilər və həbsxanadan buraxıldığı halda onun sosial vəziyyətinə müsbət təsir göstərə bilər. Lakin, bu istiqamətdə meyl hələ sabitləşməmişdir və başqalarına qarşı vicdanlı yanaşma və şəfqət hissinin olmaması, eləcə də onun təhlükəli surətdə tez özündən çıxması (2005-ci ildə ərizəçi digər bir məhbusla konserv bankası üstündə mübahisə edərək onu yumruqla vurduğu zaman yenidən özünü büruzə vermişdi) qalmaqda davam edirdi. Ekspert ərizəçinin preventiv həbsinin rejimini yüngülləşdirmək üçün hazırkı tədbirləri davam etdirməyi və diqqətlə genişləndirməyi tövsiyə etmişdi.
II. MÜVAFİQ ÖLKƏDAXİLİ, MÜQAYİSƏLİ VƏ BEYNƏLXALQ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Ölkədaxili qanunvericilik və təcrübə
1. Cəzalar və islahedici və qabaqlayıcı tədbirlər
45. Almaniyanın Cinayət Məcəlləsi qanuna zidd hərəkətlərə görə tətbiq edilən cəzalar (Strafen) və belə adlanan islahedici və qabaqlayıcı tədbirlər (Maßregeln der Besserung und Sicherung) arasında fərq qoyur. Cəzaların iki hissədən ibarət olduğu bu sistem XIX-cu əsrin sonlarından etibarən nəzərdən keçirilərək müzakirə edilmiş və Cinayət Məcəlləsinə təhlükəli və cinayət əməli törətməyi vərdiş etmiş cinayətkarlarla iş və islahedici və qabaqlayıcı tədbirlər üzrə 24 noyabr 1933-cü il tarixli Qanun (Cinayət Əməli Törətməyi Vərdiş etmiş Cinayətkarlar haqqında Qanun – Gesetz gegen gefährliche Gewohnheitsverbrecher und über Maßregeln der Besserung und Sicherung) əsasında daxil edilmişdir. Preventiv həbs haqqında qaydalar 1945-ci ildən etibarən əhəmiyyətli dəyişiklik olmadan qüvvədə qalmış, 1969-cu ildən sonra isə qanunverici orqan tərəfindən həyata keçirilən bir neçə düzəlişə məruz qalmışdır.
46. Cəzalar (bax Cinayət Məcəlləsinin 38-ci və daha sonrakı (et seqarşı) Maddələri) əsasən azadlıqdan məhrumetmədən və cərimələrdən ibarətdir. Cəza cavabdehin törətdiyi əmələ görə müəyyən edilir (Cinayət Məcəlləsinin 46-cı Maddəsinin 1-ci bəndi).
47. İslahedici və qabaqlayıcı tədbirlər (bax Cinayət Məcəlləsinin 61-ci və daha sonrakı (et seqarşı) Maddələri əsasən ruhi-əsəb xəstəxanasına (Cinayət Məcəlləsinin 63-cü maddəsi) və ya narkoloji xəstəxanaya (Cinayət Məcəlləsinin 64-cü maddəsi) ya da preventiv həbsə (Cinayət Məcəlləsinin 66-cı maddəsi) salınmaqdan ibarətdir. Bu tədbirlərin məqsədi təhlükəli cinayətkarları islah etməkdən və ya ictimaiyyəti onlardan qorumaqdan ibarətdir. Bu tədbirlər cinayətkarlara tətbiq edilən cəzalara (müqayisə et 63-cü və daha sonrakı Maddələr) əlavə olaraq təyin edilir. Lakin, onlar törədilən və ya törədilməsi ehtimal edilən cinayət əməlinin ağırlığına, eləcə də cavabdehin nə dərəcədə təhlükəli olmasına mütənasib olmalıdır (Cinayət Məcəlləsinin 62-ci Maddəsi).
48. Cinayət Məcəlləsi müddəalarının mülki tətbiqi onların cəzalara və ya islahedici və qabaqlayıcı tədbirlərə aid olmasından asılıdır. Cəza əməlin törədildiyi vaxt qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilir (Cinayət Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndi); qüvvədə olan qanunvericiliyə məhkəmə qərar çıxarmazdan əvvəl düzəliş edilərsə, qanunun daha yumşaq müddəası tətbiq edilir (2-ci Maddənin 3-cü bəndi). Digər tərəfdən, islahedici və qabaqlayıcı tədbirlər barədə qərarlar, qanunvericilikdə digər şəkildə nəzərdə tutulmayıbsa, qərarın qəbul edildiyi anda qüvvədə olan qanunvericiliyə əsaslanır (2-ci maddənin 6-cı bəndi).
2. Cinayət və Cinayət Prosessual Məcəlləsinin preventiv həbsi tənzimləyən müddəaları
(a) Preventiv həbs haqqında əmr
49. Cəzanı təyin edən məhkəmə, cinayət əməlini törədən şəxsi məhkum edərkən onun ictimaiyyət üçün təhlükə törətdiyini nəzərə alaraq müəyyən şərtlər altında məhkumluqla bərabər onun preventiv həbsi barəsində də qərar çıxara bilər (Cinayət Məcəlləsinin 66-cı Maddəsi).
50. Cəza təyin edən məhkəmələr xüsusilə aşağıdakı hallarda cəzaya əlavə olaraq preventiv həbs təyin edir: əgər kimsə qəsdən cinayət əməli törətdiyinə görə ən az iki il azadlıqdan məhrum edilibsə və əgər növbəti şərtlərə əməl edilibsə: hər şeydən əvvəl, cinayət əməlini törədən şəxs iki dəfə, hər dəfə bir il müddətinə olmaqla, yeni cinayət əməlinə qədər qəsdən törətdiyi əmələ görə məhkum edilmiş olmalıdır. İkincisi, cinayətkar əvvəlcədən ən az iki il müddətinə azadlıqdan məhrum edilmə cəzası çəkmiş olmalı və ya islahedici və qabaqlayıcı tədbir qismində azadlıqdan məhrum edilmiş olmalıdır. Üçüncüsü, cinayətkarın və törətdiyi əməlin təfərrüatlı qiymətləndirilməsi aşkar etməlidir ki, ağır cinayət əməlləri törətmək meylinə görə (xüsusilə qurbana ciddi fiziki və psixoloji xəsarət yetirən və ya ciddi maddi itkilərə səbəb olan əməllər) cinayətkar ictimaiyyət üçün təhlükə təşkil edir (bax 66-cı Maddənin 1-cü bəndi).
51. Cinayət Məcəlləsinin 67c Maddəsi məhkum edilmiş şəxslərin preventiv həbsi ilə bağlı olan və onları əmr edən qərarların yekun xarakter almasından dərhal sonra icra edilməyən qərarları idarə edir. Maddənin 1-ci bəndində nəzərdə tutulur ki, əgər preventiv həbsə salınmaqla bağlı qərarla eyni vaxtda verilən azadlıqdan məhrum etmə cəzası preventiv həbsdən əvvəl icra edilibsə, cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmə cəzaçəkmə müddəti başa çatana qədər (Regional Məhkəmənin üç peşəkar hakimdən ibarət xüsusi Palatası, bax Məhkəmələrin Təşkili Haqqında Qanun, 78a və 78 b(1)(1) bölmələri) preventiv həbsin müəyyən edilən məqsədə müvafiq olaraq hələ də zəruri olub-olmadığını təhlil etməlidir. Zəruri olmayan hallarda, məhkəmə preventiv həbs haqqında əmri probasiya ilə əvəz edir. Şəxsin davranışı üzərində nəzarət (Führungsaufsicht) həmin şərti cəzanın icrası ilə başlayır.
(b) Preventiv həbsin müddəti
(i) 31 yanvar 1998-ci ilə qədər qüvvədə olan müddəa
52. Ərizəçinin cinayət əməli törətdiyi və məhkum edildiyi zaman Cinayət Məcəlləsinin 67d bəndi aşağıdakı redaktədə mövcud idi:
67d Maddəsi Azadlıqdan məhrum etmənin müddəti
“(1) Narkoloji (detoksifikasiya) müəssisədə saxlama iki ildən artıq ola bilməz və preventiv həbsin birinci müddəti on ildən artıq olmamalıdır. ...
(2) Maksimal müddət haqqında müddəa yoxdursa və ya vaxt müddəti hələ başa çatmamışdırsa, saxlanan şəxsin azadlığa buraxılacağı təqdirdə yeni qanunsuz hərəkətlər törətməyəcəyinə dair əsaslı səbəblər əmələ gələn kimi məhkəmə azadlıqdan məhrum etmə haqqında əmrin icrasını dayandırmalı və probasiya ilə əvəz etməlidir. Şərti cəza avtomatik olaraq cinayətkarın davranışı üzərində nəzarətin aparılmasına səbəb olmalıdır. .
(3) Maksimal müddət başa çatmışdırsa, saxlanan şəxs azadlığa buraxılmalıdır. Bununla da cəza tədbiri başa çatmalıdır.
.”
(ii) 31 yanvar 1998-ci ildən etibarən qüvvədə olan düzəliş edilmiş müddəa
53. Ərizəçi ilk dəfə preventiv həbsdə olduğu müddətdə Cinayət Məcəlləsinin 67d Maddəsinə 26 yanvar 1998-ci il tarixli Cinsi Cinayətlərə və Digər Təhlükəli Cinayət Əməllərinə Qarşı Mübarizə haqqında Qanunla (Gesetz zur Bekämpfung von Sexualdelikten und anderen gefährlichen Straftaten) düzəliş edilib və həmin düzəliş 31 yanvar 1998-ci il tarixində qüvvəyə minib. Düzəliş edilmiş müddəada aşağıdakıları nəzərdə tutur:
67d Maddəsi Azadlıqdan məhrum etmənin müddəti
“(1) Narkoloji (detoksifikasiya) müəssisədə saxlama iki ildən artıq ola bilməz ...
(2) Maksimal müddət haqqında müddəa yoxdursa və ya vaxt müddəti hələ başa çatmamışdırsa, sözügedən şəxsin yeni qanunsuz hərəkətlər törətməyəcəyi haqqında ehtimal əmələ gələn kimi məhkəmə azadlıqdan məhrum etmə haqqında əmrin icrasını dayandırmalı və onu probasiya ilə əvəz etməlidir. Şərti cəza avtomatik olaraq cinayətkarın davranışı üzərində nəzarətin aparılmasına səbəb olmalıdır.
(3) Əgər şəxs preventiv həbsdə on ildən artıq keçiribsə, ağır cinayət əməlləri törətmək meylinə görə (xüsusilə qurbana ciddi fiziki və psixoloji xəsarət yetirən və ya ciddi maddi itkilərə səbəb olan əməllər) cinayətkar ictimaiyyət üçün təhlükə təşkil etmədiyi hallarda məhkəmə cəza tədbirini başa çatmış elan etməlidir. Cəza tədbirinə xitam verilməsi avtomatik olaraq cinayətkarın davranışı üzərində nəzarətin aparılmasına səbəb olmalıdır.”
54. Cinayət Məcəlləsinin düzəliş edilmiş 67d Maddəsinin ratione temporis tətbiqinə gəldikdə Cinayət Məcəlləsinə Giriş Qanunu aidiyyəti olduğu dərəcədə müəyyən edir:
Bölmə 1a Preventiv həbs haqqında qaydaların tətbiq edilənliyi
“(3) 26 yanvar 1998-ci il tarixli Cinsi Cinayətlərə və Digər Təhlükəli Cinayət Əməllərinə Qarşı Mübarizə haqqında Qanunla düzəliş edilmiş (Federal Gazette I, p. 160) Cinayət Məcəlləsinin 67d Maddəsi heç bir məhdudiyyət olmadan tətbiq edilməlidir.”
55. Cinayət Məcəlləsinin 67d Maddəsinin 3-cü bəndinə əsasən tələb edilən məhkəmə araşdırmasına və Cinayət Prosessual Məcəlləsinin Cinsi Cinayətlərə və Digər Təhlükəli Cinayət Əməllərinə Qarşı Mübarizə haqqında Qanunla düzəliş edilmiş 463-cü Maddəsinin 3-cü bəndinə əsasən qəbul edilmiş sonrakı qərarlara gəldikdə, məhkəmə qərarlarının icrası üzrə məsuliyyət daşıyan məhkəmənin vəzifəsi həm məhkumun azad ediləcəyi təqdirdə yeni ağır cinayət əməlləri törədəcəyi ehtimalının olub-olmadığı barədə ekspert rəyi almaqdan və həm də onu təmsil etmək üçün vəkil təyin etməkdən ibarətdir.
(c) Məhkumun preventiv həbsinin təhlili
56. Cinayət Məcəlləsinin 67c Maddəsinin 1-ci bəndi və 67d Maddəsinin 2-ci və 3-cü bəndlərinə əlavə olaraq Cinayət Məcəlləsinin 67e Maddəsi məhkum edilmiş şəxsin preventiv həbsinin təhlilini nəzərdə tutur. Məhkəmə istənilən vaxt preventiv həbs haqqında qərarın probasiya ilə əvəz edilməsinin zəruri olduğunu müəyyən etmək üçün təhlil apara bilər. Bu yoxlamanı müəyyən müddət ərzində həyata keçirmək məhkəmənin vəzifəsidir (67e Maddəsinin 1-ci bəndi). Preventiv həbsdə olan şəxslər üçün bu müddət iki ildən ibarətdir (67e Maddəsinin 2-ci bəndi). Məhkəmə bu müddəti azalda bilər, amma eyni zamanda bu təhlili aparmaq üçün qanunla müəyyən edilmiş müddət də təyin edə bilər; bu zaman həmin müddətdən əvvəl bu təhlili aparmaq üçün edilmiş müraciətlər qəbuledilməz sayılır (67e Maddəsinin 3-cü bəndi).
3. Əsas Qanunun müddəaları və Federal Konstitusiya Məhkəməsinin presedent hüququ
57. Əsas Qanunun 2-ci Maddəsinin 2-cü bəndinin ikinci cümləsi şəxslərin azadlıqlarının toxunulmaz olduğunu təmin edir.
58. Əsas Qanunun 20-ci Maddəsinin 3-cü bəndinə müvafiq olaraq qanunverici hakimiyyət konstitusiyada nəzərdə tutulmuş qaydaya əsasən icraedici və məhkəmə hakimiyyəti ilə qanun və ədliyyə vasitəsilə bağlıdır.
59. Federal Konstitusiya Məhkəməsinin oturuşmuş presedent hüququna əsasən Əsas Qanunun 2-ci maddəsinin 2-ci bəndi həmin Qanunun 20-ci Maddəsinin 3-cü bəndi ilə birlikdə oxunduqda qanunun aliliyi əsasında idarə olunan Dövlətdə legitim gözləntiləri qoruyur. Qanun o mənada geriyə qüvvəyə malik ola bilər ki, onun hüquqi təsirləri qanun dərc edilənə qədər yaranmır, onun anlayışı qanun dərc edilənə qədər baş verən hadisələri əhatə edir (belə adlanan unechte Rückwirkung; bax Federal Konstitusiya Məhkəməsinin qərarları Federal Konstitusiya Məhkəməsinin qərarları toplusunda (BVerfGE), 72-ci cild, səh. 200
daha sonrakı səhifələr (et seqarşı), 242, və 105-ci cild, səh. 17 daha sonrakı səhifələr (et seqarşı) və 37 daha sonrakı səhifələr (et seqarşı)). Bu mənada geriyə qüvvəyə malik olan qanunlara gəldikdə, hüquqi müəyyənlik və legitim gözləntilərin qorunması prinsipləri qanunverici orqanın dəyişən şərtlər daxilində hüquqi qaydanı dəyişməsi niyyəti üzərində ümumi üstünlük təşkil etmir. Ümumi ictimaiyyətin rifahı naminə zərurət legitim gözləntilərin qorunmasının əhəmiyyətinə üstün gəldikdə qanunverici orqan geriyə qüvvəyə malik olan belə qanunları tətbiq edə bilər (bax sözügedən işlə bağlı Federal Konstitusiya Məhkəməsinin qərarı, səh. 7—73, onun presedent hüququna çoxsaylı istinadlarla).
60. Əsas Qanunun 101-ci Maddəsinin 1-ci bəndinə əsasən, heç kim qanuna uyğun olaraq təyin edilmiş hakimin icraatından çıxarıla bilməz.
61. Əsas Qanunun 103-cü Maddəsinin 2-ci bəndinə əsasən hər hansı əmələ görə cəza yalnız o halda verilə bilər ki, həmin əmələ görə cəzanın nəzərdə tutulması əməl törədilənə qədər müəyyən edilmiş olsun.
4. Preventiv həbs əmrlərinin icrası ilə bağlı qaydalar və təcrübə
(a) Cəzaların İcrası haqqında Qanun
62. Cəzaların İcrası haqqında (Federal) Qanun (Strafvollzugsgesetz) həbsxanada icra edilən azadlıqdan məhrumetmə cəzalarının və həmin cəzalara məruz qalan şəxslərin azadlıqdan məhrum edilməsini nəzərdə tutan islahedici və qabaqlayıcı tədbirlərin icrası ilə bağlı qaydaları müəyyən edir (bax Qanunun 1-ci bölməsi). Onun müddəaları 31 dekabr 2007-ci il tarixinə qədər Almaniyanın bütün torpaqlarında (Länder) tətbiq edilirdi. Həmin vaxtdan etibarən torpaqlara (Länder) bu məsələlərlə bağlı müstəqil siyasət yürütmək səlahiyyəti verilmişdir. Bu səlahiyyət verildikdən sonra torpaqlar (Länder) tərəfindən preventiv həbs haqqında qərarların icrası ilə bağlı qəbul edilən müddəalar Cəzaların İcrası haqqında Qanunun müddəalarından əhəmiyyətli dərəcədə fərqlənmir.
63. Cəzaların İcrası haqqında Qanunun 2-ci bölməsi azadlıqdan məhrumetmə cəzalarının məqsədinə aiddir. Azadlıqdan məhrumetmə cəzası icra edilərkən məqsəd ondan ibarət olmalıdır ki, azadlıqdan məhrum edilən şəxs cəzasını başa vurduqdan sonra yeni cinayət əməlləri törətmədən sosial məsuliyyətli həyat keçirə bilsin (cəzanın icrasının məqsədi; birinci cümlə). Azadlıqdan məhrumetmə cəzası eyni zamanda ictimaiyyətin yeni cinayətlərdən qorunması məqsədinə xidmət edir (ikinci cümlə).
64. Cəzaların İcrası haqqında Qanunun 129 – 135-ci bölmələrində preventiv həbs əmrlərinin icrası ilə bağlı xüsusi qaydalar da nəzərdə tutulub. 129-cu bölmədə nəzərdə tutulub ki, preventiv həbsdə saxlanan şəxslər ictimaiyyətin qorunması məqsədilə təhlükəsiz şəraitdə saxlanmalıdır (birinci cümlə). Onlara həbsxanadan kənardakı həyata yenidən uyğunlaşmaq məqsədilə yardım edilməlidir (ikinci cümlə). Digər qaydada nəzərdə tutulmayıbsa (həmin Qanunun 131-dən 135-ə qədər olan bölmələrində), azadlıqdan məhrum etmə cəzasının icrası ilə bağlı müddəalar mutatis mutandis preventiv həbsə da şamil edilməlidir (həmin Qanunun 130-cu bölməsi).
65. Cəzaların İcrası haqqında Qanunun 131-ci bölməsinə əsasən şəxslərin preventiv həbsdə saxlandığı müəssisələrin şəraiti, xüsusilə, kameralar və onların rifahını təmin etmək üçün nəzərdə tutulan xüsusi tədbirlər elə təşkil olunmalıdır ki, preventiv həbsdə olan şəxslərə müəssisədəki həyatlarını ağlabatan şəkildə təşkil etməyə kömək etsin və onları uzun müddət azadlıqdan məhrum etmə nəticəsində meydana gələ biləcək mənfi təsirlərdən qorumuş olsun. Onların şəxsi ehtiyacları mümkün qədər diqqətə alınmalıdır. Sözügedən Qanunun 132-ci bölməsi preventiv həbsdə saxlanan şəxslərin, təhlükəsizlik məqsədilə qadağan edilməyən hallarda, öz geyim əşyalarını geyinməsini və öz yataq və yataq dəstlərindən istifadə etməsini və həmin əşyaların təmizlənməsi, dəyişdirilməsi və təmir etdirilməsini öz xərcləri hesabına həyata keçirmələrini nəzərdə tutur. Bundan əlavə, sözügedən Qanunun 133-cü bölməsinə əsasən preventiv həbsdə olan şəxslərə ödəniş qarşılığında işləməyə icazə verilir, bir şərtlə ki, bu onlara azadlığa çıxmadan sonra işləmək üçün tələb olunacaq vərdişlərin ötürülməsi, mühafizə edilməsi və ya təşviq edilməsi məqsədinə xidmət etsin. Onlar eyni zamanda cibxərcliyi alırlar. Sözügedən Qanunun 134-cü bölməsinə əsasən saxlanan şəxslərin hazır olub-olmadığını yoxlamaq və onları azadlığa buraxılmağa hazırlamaq məqsədilə saxlama şəraiti yüngülləşdirilə və saxlanan şəxslərə bir aya qədər məzuniyyət verilə bilər.
66. Cəzaların İcrası haqqında Qanunun 140-cı bölməsi nəzərdə tutur ki, preventiv həbs ya ayrıca müəssisədə, ya da cəzaçəkmə müəssisəsinin ayrıca binasında çəkilsin.
(b) Statistik material
67. Hökumət tərəfindən təqdim edilmiş və ərizəçi tərəfindən mübahisələndirilməyən statistik materiala əsasən, Almaniyanın cəza təyin edən məhkəmələri 2005-ci ildə preventiv həbs haqqında cəmi 75 əmr vermişdir ki, onlardan da 42-si cinsi cinayətlər törədən şəxslərlə bağlı olmuşdur. 31 may 2007-ci il tarixinə Almaniyada cəmi 415 şəxs preventiv həbsdə saxlanırdı. 2002-ci ildə Almaniyanın müxtəlif (Länder) torpaqlarında preventiv həbsin ilk müddəti iki il üç ay ilə yeddi il arasında idi. Həmin il preventiv həbsə ilk dəfə salınan 261 nəfər şəxs Cinayət Məcəlləsinə Giriş Qanununun 1998-ci ildə düzəliş edilmiş 1a(3) bölməsi ilə birgə oxunan Cinayət Məcəlləsinin 67d Maddəsinin 3-cü bəndinə əsasən preventiv həbsin maksimal on illik müddətinin ləğv olunmasının təsiri altına düşüb. 2008-ci ildə 70 nəfər də qanuna edilən həmin dəyişikliyin təsiri altına düşərək preventiv həbsdə on ildən çox vaxt keçirib.
68. Hökumət tərəfindən təqdim edilmiş və ərizəçi tərəfindən mübahisələndirilməyən statistik materiala əsasən, 2006-cı ildə Almaniyada hər 100 000 nəfər əhaliyə düşən məhbusların sayı 95 nəfər təşkil edirdi; misal üçün söyləmək olar ki, Estoniyada bu rəqəm 333 nəfər, Çex Respublikasında 185 nəfər, İspaniyada 149 nəfər, İngiltərə və Uelsde 148 nəfər, Fransada 85 nəfər, Danimarkada 77 nəfər və Norveçdə 66 nəfər təşkil edirdi. Bundan əlavə, Avropa Şurasının Cəzalarla bağlı İllik Statistik Məlumatları çərşivəsində 2006-cı il 12 dekabr tarixində keçirilmiş sorğuya əsasən (PC-CP (2007) 9 prov. 2, səh. 47), on ildən artıq və ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin sayı 1 sentyabr 2006-cı il tarixində Almaniyada 2907 nəfər, Estoniyada 402 nəfər, Çex Respublikasında 1435 nəfər, İspaniyada 3568 nəfər, İngiltərə və Uelsdə 12049 nəfər, Fransada 8620 nəfər, Danimarkada 172 nəfər və Norveçdə 184 nəfər təşkil etmişdi.
B. Müqayisəli qanunvericilik
1. İctimaiyyəti təhlükəli cinayətkarlardan qorumaq üçün sistemlər
69. Məhkəməyə daxil olan məlumat və materiallara əsasən Avropa Şurasına üzv olan dövlətlər ictimaiyyəti cinayət əməlini törədən anda tam cinayət məsuliyyətinə malik olan (ərizəçinin cinayət əməli törətdiyi anda olduğu kimi) məhkum edilmiş və gələcəkdə, yəni azadlığa buraxıldıqdan sonra yeni cinayət əməli törətmək ehtimalı olan və buna görə də, ictimaiyyət üçün təhlükə törədən cinayətkarlardan müdafiə etmək üçün müxtəlif metodlardan istifadə edirlər.
70. Almaniyadan başqa Konvensiyaya qoşulan ən az yeddi Dövlət psixoloji cəhətdən xəstə olmayan, yəni cinayət əməlini törətdiyi anda tam cinayət məsuliyyətinə malik olan və təkrar cinayət törətmə ehtimalı olduğuna görə ictimaiyyət üçün təhlükə təşkil etdiyi sayılan məhkum edilmiş cinayətkarlarla bağlı preventiv həbsi nəzərdə tutan sistemlər qəbul ediblər. Buraya Avstriya (bax Avstriya Cinayət Məcəlləsinin 47 və daha sonrakı (et seqarşı) Maddələri və Avstriya Cinayət Prosessual Məcəlləsinin 435 və daha sonrakı (et seqarşı) Maddələri), Danimarka (bax Danimarka Cinayət Məcəlləsinin 70 et seqarşı Maddələri), İtaliya (bax İtaliya Cinayət Məcəlləsinin 199 daha sonrakı (et seqarşı) Maddələri), Lixtenşteyn (bax Lixtenşteyn Cinayət Məcəlləsinin 23 daha sonrakı (et seqarşı) Maddələri və Lixtenşteyn Cinayət Məcəlləsinin 47-ci Maddəsi və Lixtenşteyn Cinayət Prosessual Məcəlləsinin 345 daha sonrakı (et seqarşı) Maddələri), San Marino (bax San Marino Cinayət Məcəlləsinin 121 daha sonrakı (et seqarşı) Maddələri), Slovakiya (bax Slovakiya Cinayət Məcəlləsinin 81 and 82-ci Maddələri) və İsveç (bax İsveçrə Cinayət Məcəlləsinin 56 daha sonrakı (et seqarşı) Maddələri) daxildir. Bir qayda olaraq bu Dövlətlərdə preventiv həbs cəza təyin edən məhkəmələr tərəfindən əmr edilir və sözügedən şəxs azadlıqdan məhrumetmə cəzasını başa vurduqdan sonra icra edilir. (Danimarka istisna olmaqla; orada preventiv həbs azadlıqdan məhrum edilmə cəzasının əvəzinə təyin edilir). Saxlanan şəxsin təhlükəliliyi müntəzəm olaraq yoxlanır və onlar ictimaiyyət üçün təhlükə törətmədikdə preventiv həbs probasiya ilə əvəz edilir.
71. Preventiv həbsin icra edildiyi yerə və onun müddətinə gədikdə, belə həbsi çəkməli olan şəxslər xüsusi müəssisələrə salınırlar, Avstriyada (bax Avstriya Cinayət Məcəlləsinin 23-cü Maddəsi), Lixtenşteyn (bax Lixtenşteyn Cinayət Məcəlləsinin 23-cü maddəsi), San Marino (bax San Marino Cinayət Məcəlləsinin 121 daha sonrakı (et seqarşı) Maddələri), Slovakiya (bax Slovakiya Cinayət Məcəlləsinin 81-ci Maddəsi) və İsveçrə (bax İsveçrə Cinayət Məcəlləsinin 64-cü Maddəsi). İtaliya qanunvericiliyində preventiv həbsin ayrıca müəssisədə çəkilməsi nəzərdə tutulduğuna baxmayaraq (İtaliya Cinayət Məcəlləsinin 215 və daha sonrakı (et seqarşı) Maddələrini müqayisə et), belə görünür ki, təcrübədə belə müəssisələr artıq mövcud deyil və sözügedən şəxslər adi cəzaçəkmə müəssisələrində xüsusi rejim altında saxlanırlar. Danimarkada preventiv həbsdə olan təhlükəli cinayətkarlar da adi cəzaçəkmə müəssisələrində xüsusi rejim altında saxlanırlar. Danimarkada, İtaliyada, San Marinoda, Slovakiyada (bax Slovakiya Cinayət Məcəlləsinin bariz 82-ci Maddəsinin 2-ci bəndi) və İsveçrədə müvafiq müddəalar preventiv həbsin müddətinin maksimal həddini müəyyən etmirlər.
Bunun əksinə olaraq, Avstriya və Lixtenşteyndə isə belə həbsin müddəti on ildən artıq ola bilməz (bax Avstriya və Lixtenşteyn Cinayət Məcəllələrinin 25-ci Maddəsinin 1-ci bəndi).
72. Preventiv həbs haqqında müddəaların müvəqqəti tətbiqinə gəldikdə qeyd olunmalıdır ki, sözügedən Dövlətlərdən bəzilərinin müvafiq qanunvericilik aktlarında ifadə olunduğu kimi, onlar geriyə qüvvə ilə tətbiq edilə bilərlər. Belə ki, İtaliyanın Cinayət Məcəlləsinin 200-cü Maddəsinə əsasən preventiv tədbirlər haqqında qərar onlar icra edildiyi zaman qüvvədə olan qanunvericiliyə əsaslanmalıdır və Slovakiya Cinayət Məcəlləsinin 2-cü Maddəsinin 3-cü bəndinə əsasən belə qərarlar təhlükəsizlik tədbiri əmr edən qərar qəbul edildiyi zaman qüvvədə olan qanunvericiliyə əsaslanmalıdır. Danimarka Cinayət Məcəlləsinin 4-cü Maddəsinin 1-ci bəndinə əsasən, törədilən cinayət əməli preventiv həbs ilə cəzalandırıla bilərmi sualına cinayət işində hökm çıxarılarkən qüvvədə olan qanunvericiliyin tətbiqi ilə cavab verilir. San Marino Cinayət Məcəlləsi də buna bənzər olaraq preventiv tədbirlərin geriyə qüvvə ilə tətbiqini qadağan etmir. Bunun əksinə olaraq, həm Avstriyanın, həm də Lixtenşteynin Cinayət Məcəlləsinin 23-cü Maddəsinin 1-ci bəndi və daha sonrakı bəndləri və İsveçrə qanunvericiliyinə əsasən preventiv həbsi əhatə edən tədbirlərlə bağlı müddəaların geriyə qüvvə ilə tətbiqi qadağan edilir.
73. Digər bir sıra Konvensiya ölkələrində preventiv həbs sistemi mövcud deyil və cinayətkarların təhlükəli olması həm onların cəzası müəyyən edilərkən, həm də onlar həmin cəzanı çəkərkən nəzərə alınır. Digər tərəfdən, cinayətkarların təhlükəli olması, xüsusilə residivizm halları ilə bağlı azadlıqdan məhrumetmə cəzaları artıb. Bununla bağlı qeyd etmək lazımdır ki, Konvensiya ölkələrinin əksəriyyətində olduğundan fərqli olaraq Birləşmiş Krallıqdakı cəza təyin edən məhkəmələr ömürlük həbs cəzasının cəzalandırıcı və preventiv hissələri arasında aydın şəkildə fərq qoyurlar. Cəzalandırıcı müddət cinayətkarın cəzalandırıldığını ifadə etmək üçün sabit müddətə təyin edilir. Azadlıqdan məhrumetmənin cəzalandırıcı hissəsi başa çatdıqdan sonra məhkum cəzasının preventiv hissəsini çəkmək üçün azadlıqdan məhrum edilmiş hesab edilir və o, ictimaiyyət üçün təhlükə törətmirsə, onun cəzası probasiya ilə əvəz edilə bilər (bax, digər məsələlərlə yanaşı, Cinayət Ədliyyəsi haqqında Qanunun 269 və 277-ci Maddələri və 1997-ci il tarixli Cinayət (Cəzalar) haqqında Qanunun 28-ci Maddəsi). Digər tərəfdən, cinayətkarın nə dərəcədə təhlükəli olması həm onun saxlama rejiminə, həm də onun cəzasının azalmasından yararlanmasına və ya probasiyaya buraxılmasına təsir göstərir.
2. Cəzalar və preventiv tədbirlər arasındakı fərqlər və onların nəticələri
74. Konvensiya Dövlətlərində cəzalar və preventiv tədbirlər arasındakı fərqə və sözügedən sanksiyanın səciyyələndirilməsindən irəli gələn nəticələrə gəldikdə qeyd olunmalıdır ki, eyni qəbildən olan tədbir bir Dövlətdə əlavə cəza, digərində isə preventiv tədbir kimi qiymətləndirilə bilər. Belə ki, şəxs azadlığa buraxıldıqdan sonra onun davranışı üzərində nəzarət məsələn, Fransa Cinayət Məcəlləsinin 131-36-1 və daha sonrakı (et.seqarşı) Maddələrinə əsasən əlavə cəza, İtaliya Cinayət Məcəlləsinin 215 və 228-ci Maddələrinə əsasən isə preventiv tədbirdir.
75. Bundan əlavə, 25 fevral 2008-ci il tarixli, cəzadan sonra preventiv həbs və psixoloji sağlamlıqla bağlı azaldılmış cinayət məsuliyyəti (Loi relative à la rétention de sûreté et à la déclaration d’irresponsabilité pénale pour cause de trouble mental) haqqında qanunla preventiv həbs Fransa qanunvericiliyinə daxil edilmişdir. Fransa Cinayət Prosessual Məcəlləsinin 706-53-13 Maddələrinə əsasən, bu tədbir ağır psixoloji pozuntudan əziyyət çəkən və bu səbəbdən yüksək residivizm riski törədən təhlükəli cinayətkarlara münasibətdə tətbiq edilə bilər. Fransa Konstitusiya Şurası özünün 21 fevral 2008-ci tarixli qərarında (no 2008-562 DC, Rəsmi qəzet (Journal officiel) 26 fevral 2008-ci il, səh. 3272), müəyyən etmişdir ki, məhkum edilən şəxsin təqsirinə deyil, onun yeni cinayətlər törətməsinin qarşısının alınmasına yönəldilmiş belə preventiv həbs cəza kimi qiymətləndirilə bilməz (qərarın 9-cu bəndi). Bu mənada, o, Almaniya Federal Məhkəməsinin Almaniya qanunvericiliyinə əsasən preventiv həbslə bağlı mövqeyini təkrarlayıb (bax yuxarıda 31-33-cü bəndlər). Lakin, azadlıqdan məhrumetmə xarakterinə, davam etdiyi müddətə, qeyri-müəyyən şəkildə yenilənən olmasına və məhkum edildikdən sonra Məhkəmə qərarı ilə müəyyən edilməsi faktına əsasən Fransa Konstitusiya Şurası müəyyən etmişdiir ki, cəzadan sonra təyin edilən preventiv həbs Qanun dərc olunduğu günə qədər törətdikləri cinayət əməlinə görə məhkum edilən şəxslərə münasibətdə geriyə qüvvə ilə tətbiq edilə bilməz (qərarın 10-cu bəndi). Bu mənada, o, Almaniya Konstitusiya Məhkəməsindən fərqli nəticəyə gəlmişdir (bax yuxarıda 31-33 34-37-ci bəndlər).
C. Preventiv həbs üzrə beynəlxalq təşkilatlar tərəfindən edilən müşahidələr
1. Avropa Şurası İnsan Hüquqları üzrə Komissarı
76. Avropa Şurası İnsan Hüquqları üzrə Komissarı c-b Tomas Hamamberq Almaniyaya 9-11 və 15-18 oktyabr 2006-cı il tarixlərində etdiyi səfərin nəticəsində hazırladığı hesabatda (CommDH (2007) 14 11 iyul 2007-ci il) “təhlükəsizləşdirmiş saxlama” (Sicherungsverwahrung) adlandırdığı məsələ ilə bağlı aşağıdakıları bildirmişdir:
“203. Səfər zamanı Komissar “təhlükəsizləşdirmiş saxlama” məsələsini bir neçə torpağın (Länder) idarəetmə orqanları, hakimləri və tibbi ekspertləri ilə müzakirə etmişdir. Komissar yenidən cinayət əməli törətməsi ehtimalı olan şəxslərin azadlığa buraxılması ilə bağlı qərar qəbul etdikləri zaman hakimlər və tibbi ekspertlərə ictimaiyyət tərəfindən göstərilən təzyiqdən xəbərdardır. Şəxsin yenidən cinayət əməli törədəcəyini tam əminliklə proqnozlaşdırmaq mümkün deyil. Psixiatrlar müntəzəm olaraq həbsxanadan kənarda başqa şəkildə davrana biləcək məhbusların davranışını qiymətləndirirlər. Bundan əlavə, həbsxanadan kənarda məhbusu gözləyən bütün şərtləri proqnozlaşdırmaq da çətindir.
204. Komissar təhlükəsizləşdirmiş saxlamanı olduqca diqqətli bir şəkildə tətbiq etməyə çağırır. Təhlükəsizləşdirmiş saxlama tətbiq edilməzdən əvvəl digər alternativ tədbirləri də nəzərdən keçirmək vacibdir. Komissar təhlükəsizləşdirmiş saxlama altında saxlanan şəxslərin sayının artmasından narahatdır. O, Almaniya hakimiyyətini bütövlükdə ictimaiyyəti qorumaq və ayrıca saxlanan fərdə təsiri baxımından təhlükəsizləşdirmiş saxlama üzərində müstəqil araşdırmalar aparılmasına çağırır ...
206. Bundan əlavə, Komissara məlumat verilmişdir ki, təhlükəsizləşdirmiş saxlamada olan şəxslər müntəzəm olaraq gələcəyə olan inamlarını itirir və özləri ilə bağlı ümidsizliyə qapılırlar. Belə bir halın mövcud olması psixoloji və psixiatrik yardım təmin olunmasının zəruri olduğunu göstərir.
Təhlükəsizləşdirmiş saxlamada olan şəxslərə göstərilən qayğının effektivliyi barədə tibbi rəy bəzi hallarda fərqli ola bilər, amma yenə də onların reabilitasiyası və nəhayət azadlığa buraxılması imkanı tamamilə istisna edilməməlidir. Buna görə də, təhlükəsizləşdirilmiş saxlamada olan şəxslər adekvat tibbi müalicə və ya onların spesifik vəziyyətinə uyğun qayğı ilə təmin edilməlidirlər.”
2. İşgəncə və Qeyri-insani və ya Ləyaqəti alçaldan Rəftar və ya Cəza Əleyhinə Avropa Komitəsi
77. 20 noyabr – 2 dekabr tarixləri arasında Almaniyaya etdiyi səfərlə bağlı Almaniya hökumətinə təqdim etdiyi hesabatda (CPT/Inf (2007) 18, 18 aprel 2007-ci il tarixli) İşgəncə və Qeyri-insani və ya Ləyaqəti alçaldan Rəftar və ya Cəza Əleyhinə Avropa Komitəsi (İƏK) Berlin-Tegel həbsxanasında “Təhlükəsiz Yerləşdirmə Hissəsi” (Sicherungsverwahrung) ilə bağlı aşağıdakıları açıqlamışdır:
“94. Hissədəki maddi şərait yaxşı və hətta çox yaxşı standarta uyğun idi, burada bir neçə pozitiv elementi xüsusilə qeyd etmək lazımdır: yaxşı avadanlıqla təmin olunmuş və ayrıca sanitar qovşaqları olan təkadamlıq otaqlar; yüngül və kifayət qədər geniş ictimai mühit; saxlanan şəxslərin isti içkilər və yüngül qəlyanaltılar hazırlaması üçün avadanlıqla təchiz olunmuş kiçik mətbəx; və paltarların yuyulması, qurudulması və ütülənməsi üçün yer.
95. Prinsip etibarı ilə, burada saxlanan şəxslər adi dustaqların məşğul olduqları fəaliyyət növləri (təhsil, iş və s. ilə bağlı) ilə məşğul olmaq üçün imkana malik idilər. Bundan əlavə, müvafiq qanunvericiliyə uyğun olaraq burada saxlanan şəxslər bir sıra xüsusi imtiyazlardan yararlanırdılar. Xüsusilə, kameraların qapıları gün boyunca açıq qalır və saxlanan şəxslərə əlavə görüş icazəsi (ayda bir saat əvəzinə iki saat), gəzinti (qeyri-iş günlərində bir saat əvəzinə dörd saat), sovqatlar (ildə üç əvəzinə altı) və cibxərcliyi (işləmədikləri halda) verilirdi. Eyni zamanda təqdirəlayiq haldır ki, saxlanan şəxslərin hamısı telefondan heç bir məhdudiyyət olmadan istifadə edə bilirdilər.
96. Ən azından nəzəri cəhətdən şöbə saxlama şəraitinin müsbət olması üçün imkan yaradırdı. Lakin, heç də saxlanan şəxslərin hamısı yuxarıda sadalanan imkanlardan bəhrələnə bilmirdi, çünki tibbi personalın fikrincə, saxlanan şəxslərin əksəriyyəti, bəlkə də hamısı şəxsiyyətin çoxalması pozuntusundan əziyyət çəkirdi. Saxlanan şəxslərin böyük əksəriyyəti tam həvəssiz vəziyyətdə idilər; onlardan yalnız ikisi gəzintiyə çıxır, üçü tam ştat, biri isə yarım ştat işləyirdi. On iki saxlanan şəxsə iş təklif olunmuşdu, lakin onlar işləmək niyyətində deyildilər. Beləliklə də, saxlanan şəxslərin əksəriyyəti vaxtlarını kameralarında tək oturaraq keçirir, başlarını TV-yə baxmaqla və ya video oyunları oynamaqla qatırdılar.
Şöbədə keçirdikləri gündəlik həyatı məsuliyyətli şəkildə keçirmək üçün mübarizə aparan saxlanan şəxslərin iştirak etdiyi fəaliyyət növləri də heç bir məqsəd daşımır və yalnız vaxt keçirməyə xidmət edirdi. Gözlənildiyi kimi bu onların qeyri-müəyyən Sicherungsverwahrung ilə bağlı idi. Müsahibə aparılan bir neçə saxlanan şəxs aydın şəkildə ifadə etmişdilər ki, onlar heç vaxt azadlığa çıxmayacaqlar; onlardan biri isə qeyd etmişdi ki, əlindən yalnız ölümə hazırlaşmaq gəlir.
97. Həbsxana rəhbərliyinin fikrincə, əməkdaşlar müəyyən edilmiş xüsusi davranış qaydaları əsasında işləyirdi, burada da məqsəd fərdlərin Sicherungsverwahrung –dan azadlığa buraxılmasına hazırlaşmaqdan ibarətdir; burada əsas diqqət ictimaiyyət üçün təhlükəni azaltmaqdan, eləcə də uzun müddət azadlıqdan məhrumetmənin yaratdığı fiziki və psixoloji təsirlərlə məşğul olmaqdan ibarət idi. Lakin, nümayəndə heyəti müşahidə etmişdir ki, təcrübədə əməkdaşlar (sosial işçilər də daxil olmaqla) şöbədə bir o qədər də görünmür, bununla da əməkdaşlar və dustaqlar arasındakı əlaqələr minimuma endirilmişdi ...
99. Öz vəziyyətləri ilə daha yaxşı barışmağa çalışan digər saxlanan şəxslər üçün belə əməkdaşların şöbədə az görünməsi əsaslı deyildi. Dustaqlara məsuliyyət və müstəqillik verilməsi heç də o demək deyildi ki, əməkdaşlar onları başlı-başına buraxmalıdır. Qayğı göstərmək vəzifəsinə, xüsusilə belə spesifik dustaq qrupu ilə iş zamanı, göz yummaq olmaz. Nümayəndə heyəti bariz bir təəssürata malik olmuşdur ki, əməkdaşlar özləri belə məhz bu dustaqlarla işlərini necə quracaqlarından əmin deyildilər. Dustaqları həbsdəki həyatlarının məsuliyyətini öz üzərləriinə götürməyə qadir etməyə gəldikdə, onların qeyri-müəyyən həbs, eləcə də ağır cinayətkar davranışı ilə bağlı keçmişi və aşkar psixoloji problemləri ilə baş edə bilmək üçün davamlı dəstəyə ehtiyac var. Psixoloji qayğı və dəstəyin adekvat olmadığı ciddi surətdə hiss olunurdu; İƏK bu nöqsanı aradan qaldırmaq üçün təcili addımlar atılmasını tövsiyə edir.
100. Təcrübədə Sicherungsverwahrung-a salınmış şəxslərlə davranış sahəsində humanist və ardıcıl siyasətin həyata keçirilməsi ilə bağlı mürəkkəb sual ən yüksək səviyyədə təcili məsələ kimi öz həllini tapmalıdır. Bu qrup dustaqlarla işləmək həbsxana işçilərinin üzləşdiyi ən mürəkkəb məsələlərdən biridir.
Sicherungsverwahrung-da potensial olaraq qeyri-müəyyən müddətə salınmış olan bu kiçik (lakin artmaqda olan) qrupla bağlı həmin şöbədə saxlamanın aydın bir məqsədi və həmin məqsədə realist şəkildə çatmağın yolları barədə niyyət müəyyən edilməlidir. Bu yanaşma müxtəlif mütəxəssislərin iştirakı ilə yüksək səviyyəli qayğı, onlarla fərdi şəkildə intensiv iş aparılmasını (tez hazırlanmış fərdi planlar əsasında) tələb edir. Həmin işlər azadlığa buraxılmağa doğru aparan bir irəliləyişin çərçivəsində həyata keçirilməlidir, azadlığa çıxmaq imkanı isə doğurdan da mövcud olmalıdır. Sistem münasib hallarda ailə münasibətlərinin qorunmasına da şərait yaratmalıdır.
İƏK tövsiyə edir ki, Almaniya hakimiyyəti Tegel həbsxanasında yerləşən Sicherungsverwahrung-a və uyğun olarsa digər cəzaçəkmə müəssisələrində yerləşdirilmiş və Sicherungsverwahrung-a məruz qalan dustaqların olduğu yerlərə yanaşmanı yuxarıda qeyd olunanları nəzərə alaraq dərhal təhlil etsin.”
3. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi
78. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi 7-25 iyul 2008-ci il tarixlərində keçirilən sessiyası zamanı Fransanın Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 40-cı Maddəsinə əsasən təqdim etdiyi hesabatla (CCPR; bax CCPR/C/FRA/CO/4 , 31 iyul 2008-ci il tarixli) bağlı qəbul etdiyi yekun müşahidələrdə bildirmişdir:
“16. Komitə, Dövlət tərəfinin bildirdiyi kimi, Dövlətin 2008/174 saylı 25 fevral 2008-ci il tarixli qanuna əsasən cinayət əməli törətmiş şəxsləri, hətta cəzalarını başa vurduqdan sonra belə, təhlükə törətdiklərinə görə bir illik yenilənən müddətlərlə mülki preventiv həbsə (rétention de sureté) salmaqla bağlı səlahiyyətə malik olmasından narahatdır. Konstitusiya Şurası qanunun geriyə qüvvə ilə tətbiq olunmasını qadağan etsə də və hakim cinayət əməli törətmiş şəxsin gələcəkdə mülki preventiv həbsə məruz qalma ehtimalını işin orijinal dispozisiyasında qeyd etsə belə, Komitənin fikrincə, təcrübə hələ də Paktın 9, 14 və 15-ci Maddələrinə əsasən problematik olaraq qala bilər.”
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
79. Ərizəçi şikayət edərək bildirib ki, onun cinayət əməli törətdiyi və məhkum edildiyi zaman qüvvədə olan qanunvericiliyə əsasən maksimal hədd olan on ildən artıq preventiv həbsdə olması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulmasına gətirib çıxarmışdır. Həmin müddəada deyilir:
“Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra, şəxsi qanuni həbsə almaq;
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına çıxarılmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
e) ) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların, səfillərin qanuni həbsə alınması”.
80. Hökumət bu mövqeyi mübahisələndirib.
A. Tərəflərin təqdimatları
1. Ərizəçi
81. Ərizəçinin təqdimatına görə onun preventiv həbsi Konvensiyanın 5-ci Maddəsinin 1-ci bəndinin (a) təsiri altına düşmür. Onun preventiv həbsinin on illik müddət başa çatdıqdan sonra davam etdirilməsi və onun 1986-cı ildə məhkum edilməsi arasında kifayət qədər səbəbi-əlaqə yoxdur. Marburq Regional Məhkəməsi 1986-cı ildə onun preventiv həbsini əmr edərkən qüvvədə olan müvafiq qanunvericilik aktlarına əsasən onun preventiv həbsi maksimal olaraq on il davam edə bilərdi.
Marburq Regional Məhkəməsi həmin əmrin on ildən artıq qüvvədə qala biləcəyini bilsəydi, bu zaman həmin həbsin müddətini on il olaraq müəyyən etməzdi. Bu o deməkdir ki, onun həbsinin on ildən artıq müddətə uzadılması onun 1986-cı ildə məhkumluğu ilə bağlı çıxarılan qərara deyil, yalnız 1998-ci ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsaslanmışdır ki, həmin dəyişikliyə əsasən preventiv həbsin birinci müddətinin maksimal həddi ləğv edilmişdir. Əgər qanunvericiliyə dəyişiklik edilməsəydi, 2001-ci ildə o, avtomatik olaraq azadlığa buraxılacaqdı, belə ki, cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmənin onun preventiv həbsini uzatmaqla bağlı səlahiyyəti olmayacaqdı. Onun məhkum edildiyi vaxtda qanunla preventiv həbsin ilk müddətinin sabit bir müddət olaraq müəyyən edildiyini nəzərə alaraq söyləmək olar ki, maksimal həddi ləğv edən dəyişikliyin qəbul edilməsi sadəcə preventiv həbsin icra edilməsi ilə bağlı qaydaları deyil, preventiv həbsin tətbiq edilib-edilməməsini də əhatə edirdi, buna görə də on illik müddət başa çatdıqdan sonra ərizəçinin məhkumluğu və preventiv həbsi arasında heç bir əlaqə qalmamışdı.
82. Ərizəçi daha sonra qeyd etmişdir ki, onun həbsi 5-ci maddənin 1-ci bəndinə əsasən nə “qanunauyğun”, nə də “qanunla müəyyən edilmiş prosedura uyğun” olmuşdur. Federal Konstitusiya Məhkəməsindən fərqli olaraq bir sıra alimlər preventiv həbsi və ilk dəfə əmr edildikdə preventiv həbsin maksimal müddətinin ləğv edilməsini konstitusiyaya zidd hesab ediblər. Preventiv həbsin ilk müddətinin maksimal həddi qanuna müvafiq olaraq müəyyən edilmişdi. Ərizəçi cinayət əməli törətdikdə əvvəlcədən görə bilməzdi ki, o artıq həbsdə olan müddətdə bu maksimal hədd ləğv ediləcək və həmin dəyişiklik dərhal qüvvəyə minəcəkdir və bunun da nəticəsində o, preventiv həbsdə on ildən artıq müddət keçirməli olacaqdır. Onun qanunauyğun olaraq azadlıqdan məhrum edilmə hüququ ictimaiyyətin təhlükəsizlik məsələsi ilə tarazlaşdırıla bilməzdi.
2. Hökumət
83. Hökumətin fikrincə, ərizəçinin davamlı preventiv həbsi Konvensiyanın 5-ci Maddəsinin 1-ci bəndinə uyğun olmuşdur. Ərizəçinin preventiv həbsinin on illik müddət başa çatdıqdan sonra davam etdirilməsi “məhkumluqdan sonra” meydana gəlmişdir, belə ki, onun ilkin məhkumluğu və azadlıqdan məhrum edilməsi arasında hələ də yetərli əlaqə mövcud idi. Marburg Regional Məhkəməsi özünün 17 noyabr 1986-cı il qərarı ilə Ərizəçini məhkum etmiş və onu beş il müddətinə azadlıqdan məhrum etmişdi; bundan əlavə, məhkəmə həmin qərarla heç bir maksimal hədd göstərmədən ərizəçinin preventiv həbsini əmr etmişdi. Cinayət Məcəlləsinin müddəalarına əsasən preventiv tədbir haqqında əmr vermək cəzanı müəyyən edən Marburq Regional Məhkəməsinin səlahiyyətində idi; lakin hansı tədbirin seçilməsi, xüsusilə məhkumun preventiv həbsinin müddəti ilə bağlı qərar vermək isə cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmənin səlahiyyətində idi. Beləliklə, həm cəzanı müəyyən edən məhkəmə, həm də cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmə ərizəçinin “səlahiyyətli məhkəmə tərəfindən məhkum edilməsində” iştirak edib. Cinayət Məcəlləsinin 2-ci Maddəsinin 6-cı bəndinə əsasən (bax yuxarıda 48-ci bənd) preventiv həbsin maksimal həddini ləğv etmək, bu dəyişikliyin dərhal qüvvəyə minməsi şərti ilə, hər zaman qanunverici orqanın səlahiyyətində olmuşdur. Bunu nəzərə alaraq, preventiv həbsin ilk müddətinin maksimal həddinin ləğv edilməsi ərizəçinin 1986-cı ildəki ilkin məhkumluğu və onun preventiv həbsinin davam etdirilməsi arasındakı əlaqəni qırmamışdır.
84. Daha sonra Hökumət arqument irəli sürmüşdür ki, ərizəçinin preventiv həbsinin davam etməsi “qanuni” və 5-ci Maddənin 1-ci bəndində göstərildiyi kimi “qanunla müəyyən edilmiş prosedura əsasən” olmuşdur. Ölkədaxili məhkəmələr ərizəçinin həbsinin davam etdirilməsinin daxili qanunvericiliyə uyğun olduğunu təsdiq etmişlər. Ərizəçinin təqdimatına zidd olaraq, onun preventiv həbsinin davamı yalnız Cinayət Məcəlləsinin 67d maddəsinə edilən dəyişikliyə əsaslanmamış və Marburg Regional Məhkəməsi tərəfindən 2001-ci ilin aprel ayında Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş prosedurlara əsasən əmr edilmişdir. O, eyni zamanda əvvəlcədən görmə testindən də keçmişdir. Preventiv həbsin müddətinin maksimal həddi cinayət əməli törədilən zaman əvvəlcədən görülə bilən olmalı deyildi, çünki, cinayətkarın törətdiyi təhlükə müəyyən bir müddət başa çatdıqdan sonra mütləq surətdə yox olmur. Eyni zamanda ərizəçi preventiv həbsin ilk müddətinin maksimal həddinin ləğv edilməyəcəyini də gözləməli deyildi, ən azından ona görə ki, həmin gözləntiylə müqayisədə ictimaiyyətin təhlükəsizliyinin qorunması prioritet təşkil edir. Cinayət Məcəlləsinin 2-ci Maddəsinin 6-cı bəndinə əsasən islahedici və qabaqlayıcı tədbirlərlə bağlı qərarlar cinayət əməlinin törədildiyi anda deyil, onların qəbul edildiyi anda qüvvədə olan qanunvericiliyə əsasən qəbul edilir (həm cəza müəyyən edən, həm də cəzaların icrasına nəzarət edən məhkəmələrin qərarları). Buna müvafiq olaraq, aydın idi ki, qanunverici orqan istənilən zaman məhkəmələrə preventiv həbsi qeyri-müəyyən müddətə əmr etmək səlahiyyəti verə bilərdi. Bundan əlavə, preventiv həbsin ilk müddətinin maksimal həddinin ləğv edilməsi ilə bağlı dəfələrlə müraciətlər edilmiş və nəhayət 1975-ci ildə bu tətbiq edilmişdi.
85. Bundan əlavə, Hökumət təqdim etmişdir ki, ərizəçinin preventiv həbsinin davamı özbaşına olmamışdır, belə ki, cəzaların icrasına nəzarət edən məhkəmələr on ildən artıq preventiv həbs haqqında əmri preventiv həbsin başa çatması qaydasına istisna olaraq və sözügedən şəxsin yeni cinsi və ya digər zorakı əməllər törətməsi təhlükəsi mövcud olduğuna görə vermişdilər.
B. Məhkəmənin qiymətləndirməsi
1. Müvafiq prinsiplərin xülasəsi
a. Azadlıqdan məhrum etmənin əsasları
86. 5-ci Maddənin (a) yarım-bəndindən (f) yarımbəndinə qədər olan müddəaları azadlıqdan məhrum etməyə icazə verilən halların tam siyahısını ehtiva edir və həmin müddəaların təsiri altına düşməyən heç bir azadlıqdan məhrumetmə qanuni sayıla bilməz. (bax, digərləri ilə yanaşı, Guzzardi İtaliyaya qarşı, (Guzzardi v. Italy) 6 noyabr 1980, § 96, A Seriyası, no 39; Witold Litwa Polşaya qarşı, (Witold Litwa v.Poland) no 26629/95, § 49, ECHR 2000‑III; və Saadi Birləşmiş Krallığa qarşı (Saadi v. the United Kingdom)[GC], no 13229/03, § 43, ECHR 2008‑...). Lakin, əsaslardan birinin tətbiq edilənliyi mütləq olaraq digərini istisna etmir; azadlıqdan məhrum etmə, şəraitdən asılı olaraq, bir və ya bir neçə əsasa görə əsaslandırıla bilər (bax, digər hakimiyyətlər arasında, Eriksen. Norveçə qarşı, (Eriksen v. Norway) 27 may 1997, § 76, Qərarlar haqqında Hesabatlar 1997‑III; Erkalo Niderlanda qarşı (Erkalo v. the Netherlands) 2 sentyabr 1998, § 50, Hesabatlar 1998‑VI; və Witold Litwa, yuxarıda sitat gətirilib, § 49).
87. 5-ci Maddənin 1-ci bəndinin (a) yarım-bəndinin məqsədləri üçün fransiz mətnində nəzərdə tutulan “məhkumluq” (“condamnation”) ifadəsi həm qanuna zidd olaraq cinayət əməli törədilməsini, həm də əməl törədildikdən sonra sonra şəxsin həmin əməlin törədilməsində təqsirli bilinməsini (bax Guzzardi, yuxarıda sitat gətirilib, § 100) və azadlıqdan məhrm etmə cəzasını nəzərdə tutan tədbirin görülməsi kimi başa düşülməlidir (bax Van Droogenbroeck Belçikaya qarşı, (Van Droogenbroeckv. Belgium) 24 iyun 1982, § 35, A Seriyası no 50).
88. Bundan əlavə, (a) yarım-bəndində nəzərdə tutulan “sonra” ifadəsi sadəcə zaman nöqteyi-nəzərindən “məhkumluq”dan sonra “azadlıqdan məhrumetmə” gəlməsini ifadə etmir: buna əlavə olaraq, “azadlıqdan məhrumetmə” “məhkum edilmənin nəticəsində meydana gəlməli, onun ardından baş tutmalı və onun təsiri altında tətbiq edilməlidir. (bax Van Droogenbroeck, yuxarıda sitat gətirilib, § 35). Qısacası, məhkumluq və azadlıqdan məhrumetmə arasında yetərli cəbəbi-əlaqə olması zəruridir (bax Weeks Birləşmiş Krallığa qarşı, (Weeks v. the United Kingdom) 2 mart 1987, § 42, A Seriyası no 114; Stafford Birləşmiş Krallığa qarşı (Stafford v. the United Kingdom) [GC], no 46295/99, § 64, ECHR 2002‑IV; Waite Birləşmiş Krallığa qarşı, (Waite v. the United Kingdom)
no 53236/99, § 65, 10 dekabr 2002-ci il; və Kafkaris Kiprə qarşı (Kafkaris v. Cyprus) [GC],
no 21906/04, § 117, ECHR 2008‑...). Lakin, zaman keçdikcə ilkin məhkumluq və daha sonrakı azadlıqdan məhrumetmə arasındakı əlaqə tədricən azalır (müqayisə et Van Droogenbroeck, yuxarıda sitat gətirilib, § 40 və Eriksen, yuxarıda sitat gətirilib, § 78). (a) yarımbəndi tərəfindən tələb olunan səbəbi-əlaqə o halda qırıla bilər ki, azadlığa buraxmama və ya təkrar azadlıqdan məhrum etmə haqqında qərar ilkin məhkumluğum məqsədlərinə uyğun olmayan əsaslara söykənsin (cəzanı təyin edən məhkəmə tərəfindən) və ya həmin məqsədlər nöqteyi-nəzərindən əsaslı olmayan qiymətləndirmə əsasında verilsin. Belə olan hallarda, başlanğıcda qanunauyğun olan azadlıqdan məhrumetmə daha sonra özbaşına ola bilər və buna görə də də, 5-ci Maddəyə uyğun olmaya bilər (müqayisə Van Droogenbroeck, yuxarıda sitat gətirilib, § 40; Eriksen, yuxarıda sitat gətirilib, § 78; və Weeks, yuxarıda sitat gətirilib, § 49).
89. Bundan əlavə, 5-ci Maddənin 1-ci bəndinin (c) yarım-bəndinə əsasən şəxsin azadlıqdan məhrum edilməsi yalnız o zaman əsaslı sayıla bilər ki, “o, şəxsin yeni cinayət əməlləri törətməsinin qarşısını almaq üçün zəruri olsun”. Lakin, azadlıqdan məhrum etmənin bu əsası hər hansı bir şəxsin və ya şəxslər qrupunun davamlı cinayət əməli törətmə meyli olduğuna görə təhlükə törətməsinin ümumilikdə qarşısının alınması üzrə siyasətə uyğunlaşdırılmayıb. Bu tədbir artıq Müqaviləyə qoşulan ölkələr üçün hər hansı konkret və spesifik cinayət əməlinin qarşısını almaq üçün vasitə deyil (bax Guzzardi, yuxarıda sitat gətirilib, § 102; həm də müqayisə et Eriksen, yuxarıda sitat gətirilib, § 86). Bu həm tək halda (“cinayət”) olaraq istifadə edilməsi və həm də, 5-ci Maddənin predmeti nöqteyi-nəzərindən, yəni heç kimin özbaşına olaraq azadlıqdan məhrum edilməməsi zərurətindən görülə bilər (bax Guzzardi, yenə orada).
b. “Qanunla müəyyən edilmiş qaydada “qanunauyğun” azadlıqdan məhrum edilmə”
90. Məhkəmənin presedent hüququnda 5-ci Maddənin 1-ci bəndinə əsasən bərqərar olmuş bir şəkildə müəyyən edilmişdir ki, istənilən azadlıqdan məhrum etmə həm (a)-(f) yarımbəndlərində nəzərdə tutulmuş istisna hallarından birinə müvafiq olmalı, həm də “qanunauyğun” olmalıdır. Həbsin “qanuniliyi” sual altında olan hallarda (həbsin “qanunla müəyyən edilmiş qaydaya əsaslanması da daxil olmaqla) Konvensiya əsasən milli qanunvericiliyə istinad edir və həmin qanunvericilikdə nəzərdə tutulmuş maddi və prosedur qaydalarına əməl edilməsi öhdəliyini irəli sürür (bax, digər bir sıra hakimiyyətlərlə yanaşı, Erkalo, yuxarıda sitat gətirilib, § 52; Saadi Birləşmiş Krallığa qarşı, yuxarıda sitat gətirilib, § 67; və Kafkaris, yuxarıda sitat gətirilib, § 116).
Burada həm istənilən həbs və ya digər tutulmanın milli qanunvericiliyə əsasən hüquqi əsaslara malik olması, həm də sözügedən qanunun keyfiyyətli olması, yəni Konvensiyanın bütün müddəalarının əsasını təşkil edən qanunun aliliyi prinsipinə uyğun olması nəzərdə tutulur (bax Stafford, yuxarıda sitat gətirilib, § 63, və Kafkaris, yuxarıda sitat gətirilib, § 116). “Qanunun keyfiyyəti” bu mənada nəzərdə tutulur ki, milli qanunvericilik azadlıqdan məhrum etməyə əsas verdikdə həmin qanun əlçatan, dəqiq və tətbiqi zamanı əvvəlcədən görülə bilən olmalıdır ki, özbaşınalıq riskinə yol verilməsin (bax Amuur. Fransaya qarşı, (Amir v. France) 25 iyun 1996-cı il, § 50, Hesabatlar 1996‑III; Nasrulloyev Rusiyaya qarşı, (Nasrulloy v. Russia) no 656/06, § 71, 11 oktyabr 2007-ci il; və Mooren Almaniyaya qarşı (Mooren v. Germany) [GC], no 11364/03, § 76, 9 iyul 2009). Beləliklə, Konvensiya tərəfindən müəyyən edilmiş “qanunilik” standartı tələb edir ki, butun qanun o qədər dəqiq olsun ki, o, şəxsə, həmin şərtlər daxilində mümkün olan dərəcədə, törətdiyi əməlin hansı nəticələrə gətirib çıxara biləcəyini görə bilmək imkanı versin (bax Steel və başqaları Birləşmiş Krallığa qarşı, (Steel and Others v. the United Kingdom)
23 sentyabr 1998, § 54, Hesabatlar 1998‑VII, və Baranowski Polşaya qarşı, (Baranowski v. Poland) no 28358/95, § 52, ECHR 2000‑III).
91. Lakin milli qanunvericiliyə uyğun olmaq yetərli deyil: 5-ci maddənin 1-ci bəndi tələb edir ki, bundan əlavə istənilən azadlıqdan məhrum etmə fərdi özbaşınalıqdan müdafiə etmə məqsədinə də xidmət etsin (bax, bir sıra digər hakimiyyətlərlə, Winterwerp Niderlanda qarşı, (Winterwerp v. the Netherlands) 24 oktyabr 1979-cu il, § 37, A Seriyası, no 33; Saadi Birləşmiş Krallığa qarşı, yuxarıda sitat gətirilib, § 67; və Mooren, yuxarıda sitat gətirilib, § 72).
2. Bu prinsiplərin hazırkı işə tətbiqi
92. Məhkəmə ərizəçinin on il müddətdən artıq preventiv həbsi zamanı 5-ci maddənin 1-ci bəndinin (a) yarımbəndindən (f) yarımbəndinə qədər olan müddəalarına əsasən azadlıqdan məhrum edilib-edilmədiyini araşdırmalıdır. O, hər şeydən əvvəl araşdıracaqdır ki, ərizəçinin ilkin olaraq preventiv həbsə salınması 5-ci Maddənin 1-ci bəndində sadalanan azadlıqdan məhrumetmə səbəblərindən hər hansı birinə uyğun olub ya yox. Əgər olmayıbsa, bu zaman daha spesifik sualı, yəni preventiv həbsin ilk müddətinin maksimal həddinin ləğv edilməsinin ərizəçinin həmin müddət başa çatdıqdan sonra həbsdə qalmasının 5-ci Maddənin 1-ci bəndinə uyğunluğuna təsir edib-etməməsi ilə bağlı sualı cavablandırmaq tələb edilməyəcək.
93. Hökumətin təqdimatında ərizəçinin preventiv həbsi 5-ci Maddənin 1-ci bəndinin (a) yarımbəndi ilə əsaslandırılıb. Əlbəttə doğrudur ki, Komissiya dəfələrlə aşkar edib ki, cəza təyin edən məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq və ya onun əvəzinə preventiv həbs təyin etməsi prinsip etibarı ilə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə (a) əsasən “şəxsin məhkumluqdan sonra səlahiyyətli məhkəmə tərəfindən tutulması” kimi əsaslandırılıb (Almaniya Cinayət Məcəlləsinin 66-cı Maddəsinə müvafiq olaraq preventiv həbs təyin edilməsi ilə bağlı, bax X. Almaniyaya qarşı, (X. v. Germany) no 4324/69, 4 fevral 1971-ci il, və Dax Almaniyaya qarşı, (Dax v. Germany) no 19969/92, 7 iyul 1992-ci il tarixli Komissiya qərarı gələcək istinadlarla; Niderlandda “Hökumətin səlahiyyəti altına” yerləşdirməklə bağlı, müəyyən psixoloji nöqsanları olan şəxslərə münasibətdə bənzər tədbirlər, bax X. Niderlanda qarşı, (X. v. the Netherlands) no 6591/74, 26 may 1975-ci il tarixli Komissiya qərarı, Qərarlar və Hesabatlar (DR) 3, səh. 90; Noveçdə preventiv həbslə bağlı, noqsanlı psixoloji anlaqlı şəxslərə tətbiq edilən bənzər tədbirlər, bax X. Norveçə qarşı, (X. v. Norway) no 4210/69, 24 iyul 1970-ci il tarixli Komissiya qərarı, Toplu 35, səh. 1 və daha sonrakı səhifələr (et seqarşı) sonrakı istinadlarla; və Danimarkada psixoloji nöqsanları olan şəxslərin xüsusi saxlama mərkəzinə yerləşdirilməsi ilə bağlı, bax X. Danimarkaya qarşı, (X. v. Denmark) no 2518/65, 14 dekabr 1965-ci il tarixli Komissiya qərarı, Toplu 18, səh. 4 və daha sonrakı səhifələr (et seqarşı)).
94. Məhkəmə özü təsdiq edib ki, məsələn, residivist və cinayət əməli törətməyi vərdiş halına salmış cinayətkarların cəzaçəkmə müəssisəsinə salınmaqdan əlavə Hökumətin səlahiyyəti altına yerləşdirilməsinin Belçika sistemi 5-ci maddənin 1-ci bəndinin (a) məqsədlərinə uyğun olaraq “məhkumluqdan sonra səlahiyyətli məhkəmə tərəfindən” tutulmanı təşkil edib (bax Van Droogenbroeck, yuxarıda sitat gətirilib, §§ 33-42). Buna bənzər olaraq, O, Norveçdə az inkişaf etmiş və ya nöqsanlı psixolojisi olan insanlara təhlükəsizlik tədbiri qismində tətbiq edilən preventiv həbsə salınması 5-ci Maddənin 1-ci (a) bəndinə uyğundur (bax Eriksen, yuxarıda sitat gətirilib, § 78).
95. Məhkəmə təkrar edir ki, 5-ci Maddənin 1-ci (a) bəndinə uyğun olaraq “məhkumluq” həm qanuna zidd olaraq cinayət əməli törədilməsinə görə şəxsin həmin əməlin törədilməsində təqsirli bilinməsi, həm də azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan tədbirin görülməsi kimi başa düşülməlidir (bax yuxarıda 87-ci bənd). O, müəyyən etmişdir ki, ərizəçinin preventiv həbsi Marburq Regional Məhkəməsinin (cəzanı müəyyən edən məhkəmə) 17 noyabr 1986-cı il tarixli qərarı ilə əmr edilib. Həmin qərara əsasən ərizəçi digər əməllərlə yanaşı adam öldürməyə cəhdə görə məhkum edilib (bax yuxarıda 12-ci bənd). 1991-ci ilin avqustundan etibarən cəzasının əsas hissəsini başa vuran ərizəçi preventiv həbsdədir, belə ki, cəzanın icrası üzrə məsuliyyət daşıyan məhkəmə onun preventiv həbsini probasiya ilə əvəz etməkdən imtina edib (bax yuxarıda 13 və daha sonrakı (et seqarşı) bəndləri)
96. Məhkəməni qane edir ki, ərizəçinin ilk preventiv həbsi onun cəza təyin edən məhkəmə tərəfindən 1986-cı ildə “məhkum” edilməsindən irəli gəlib. Sonuncu onu adam öldürməyə cəhd göstərməkdə təqsirli bilib və onun preventiv həbsini, yəni azadlıqdan məhrum etmə tələb edən cəza və ya tədbiri əmr edib. O, qeyd edir ki, Hökumətin nöqteyi-nəzərindən preventiv həbs cinayət törədən şəxsin törətdiyi əməllə deyil, onun cəmiyyət üçün törətdiyi təhlükə ilə bağlıdır (bax aşağıda 113-cü bənd). Məhkəmə hesab edir ki. Cinayət Məcəlləsinin 66-cı Maddəsinin 1-ci bəndinə əsasən preventiv həbs haqqında əmr yenə də istənilən halda şəxsin cinayət əməli törətməsini müəyyən edən məhkəmə qərarından asılıdır və onunla birlikdə verilir (bax yuxarıda 49-50-ci bəndlər).
Bununla da ərizəçinin ilk dəfə preventiv həbsə salınması 5-ci Maddənin 1-ci bəndinə uyğun olub. Lakin, Məhkəmə əlavə edir ki, Hökumətin təqdimatının əksinə olaraq cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmələrin ərizəçinin həbsini davam etdirmək barədə qərarları 5-ci Maddənin 1-ci (a) bəndinin məqsədləri üçün nəzərdə tutulan “məhkumluq” tələbinə cavab vermir, çünki onlar (həmin qərarlar) artıq cinayət əməli törədilməsində təqsirli bilinməni əhatə etmir.
97. Ərizəçinin on illik müddəti aşan preventiv həbsinin 5-ci Maddənin 1-ci bəndinə (a) əsaslandığını müəyyən etmək üçün Məhkəmə həmin həbsin hələ də “məhkumluqdan sonra” baş verdiyini yoxlamalıdır; başqa sözlə, ərizəçinin 1986-cı ildə cəza müəyyən edən məhkəmə tərəfindən məhkum edilməsi ilə onun 8 sentyabr 2001-ci il tarixindən sonra davam edən azadlıqdan məhrum edilməsi arasında yetərli səbəbi-əlaqə olub-olmadığını təhlil etməlidir.
98. Məhkəmə qeyd edir ki, Hökumətə görə, cəza təyin edən məhkəmə ərizəçinin preventiv həbsini hər hansı bir müddətə istinad etmədən təyin edib və preventiv həbsin müddətini müəyyən etmək cəzanın icrası üzrə məsuliyyət daşıyan məhkəmələrin səlahiyyətində olub. Cinayət Məcəlləsinin preventiv həbsin ilk müddətinin maksimal həddini ləğv edən 2-ci Maddəsinin 6-cı bəndi dərhal qüvvəyə mindiyinə görə, cəzanın icrası üzrə məsuliyyət daşıyan məhkəmələr 1998-ci ildə qanuna edilən dəyişikliyin ardından ərizəçinin preventiv həbsinin on illik müddətdən artıq davam etməsini əmr etmək səlahiyyətinə malik olublar. Hökumət arqument təqdim edib ki, buna görə də Cinayət Məcəlləsinin 67d Maddəsinə edilən dəyişiklik ərizəçinin məhkumluğu və onun preventiv həbsinin davamı arasında olan səbəbi-əlaqəni qırmayıb.
99. Həmin arqument Məhkəməni inandırmayıb. Doğrudur ki, cəzanı təyin edən məhkəmə 1986-cı ildə ərizəçinin preventiv həbsini əmr edərkən onun müddətini müəyyən etməyib. Lakin, cəza təyin edən məhkəmələr heç bir vaxt Cinayət Məcəlləsinin müvafiq müddəalarına əsasən müddət müəyyən etmirlər (Cinayət Məcəlləsinin 66 və 67c Maddələri, bax yuxarıda 49 və daha sonrakı (et seq.) bəndlər); Hökumətin özü tərəfindən təqdim edildiyi kimi, cəzanı təyin edən məhkəmələrin səlahiyyətinə yalnız cinayət əməli törətmiş şəxslə bağlı preventiv həbsi təyin edib-etməmək daxildir. Cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmələr bunun ardından qərar qəbul etməlidirlər ki, əmrlə bağlı icra təfərrüatlı şəkildə necə həyata keçirilsin (buraya şəxsin preventiv həbsinin dəqiq müddətinin müəyyən edilməsi də daxildir). Lakin, cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmələr şəxsin preventiv həbsinin müddətini yalnız cəzanı təyin edən məhkəmənin qərarı çərçivəsində müvafiq vaxtda qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edə bilərlər.
100. Məhkəmə müşahidə edir ki, ərizəçinin preventiv həbsi ilə bağlı əmr cəza təyin edən məhkəmə tərəfindən 1986-cı ildə verilib. Həmin vaxtda həmin qəbildən olan məhkəmə qərarı Cinayət Məcəlləsinin sözügedən vaxtda qüvvədə olan 67d Maddəsinin 1-ci bəndi ilə birlikdə oxunduqda (bax yuxarıda 52-ci bənd) nəzərdə tuturdu ki, barəsində ilk dəfə preventiv həbs əmri verilən ərizəçi preventiv həbsdə maksimal olaraq on il müddətində saxlana bilərdi. Beləliklə, 1998-ci ildə Cinayət Məcəlləsinin ərizəçinin preventiv həbsi də daxil olmaqla preventiv həbslərə şamil edilən 67d Maddəsinə dəyişiklik Cinayət Məcəlləsinə Giriş Qanununun 1 a (3) Bölməsinə edilən dəyişikliyin (bax yuxarıda 54-cü bənd) qüvvəyə minməsindən əvvəl edilsəydi, ərizəçinin cəmiyyət üçün hələ də təhlükə törətməsindən asılı olmayaraq o, on il preventiv həbsdə qaldıqdan sonra sərbəst buraxılacaqdı. Qanuna həmin dəyişiklik edilməsəydi, cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmələr ərizəçinin preventiv həbsini davam etdirmək səlahiyyətinə malik olmayacaqdı. Buna görə də, Məhkəmə müəyyən edir ki, ərizəçinin 1986-cı ildə cəza təyin edən məhkəmə tərəfindən məhkum edilməsi ilə onun on ildən artıq müddətə həbsdə saxlanması arasında səbəbi-əlaqə mövcud deyil, belə ki, preventiv həbsin uzadılmasına dair qərar Qanuna 1998-ci ildə edilən dəyişiklikdən sonra mümkün olub.
101. Məhkəmə hesab edir ki, bu mənada hazırkı iş Kafkarisin işindən fərqləndirilməlidir (yuxarıda sitat gətirilib). Kafkarisin işində Məhkəmə müəyyən etmişdi ki, ərizəçinin məhkumluğu və onun iyirmi il həbsdə saxlandıqdan sonra azadlıqdan məhrum edilməsinin davamı arasında yetərli səbəbi-əlaqə mövcud olmuşdur.
C-b Kafkarisin həbsinin iyirmi ildən artıq davam etdirilməsi cəzanı müəyyən edən məhkəmənin qərarına uyğun olmuşdur; həmin məhkəmə c-b Kafkarisin ömürlük həbs cəzası ilə bağlı qərar qəbul etmiş və aydın şəkildə bəyan etmişdi ki, o, həmin vaxt qüvvədə olan Həbsxana Qaydalarına uyğun olaraq iyirmi il deyil, Cinayət Məcəlləsinə müvafiq olaraq ömrünün yerdə qalan hissəsini həbsxanada keçirmək cəzasına məhkum edilir (yenə orada, 118-21-ci bəndlər). Buna zidd olaraq hazırkı işdə ərizəçinin on ildən yuxarı preventiv həbsi cəza müəyyən edən məhkəmənin qərarında, həmin qərar qəbul edilən zaman qüvvədə olan Cinayət Məcəlləsinin müvafiq müddəaları ilə birlikdə götürülərək, verilməmişdir.
102. Məhkəmə ərizəçinin on ildən artıq preventiv həbsinin 5-ci Maddənin 1-ci bəndinin hər hansı yarım-bəndinə əsasən əsaslandırılmasının mümkün olub-olmadığını hələ də araşdırmalıdır. O, bu mənada qeyd edir ki, yerli məhkəmələr bu məsələni araşdırmayıblar, çünki Almaniyanın Əsas Qanununun müddəalarına əsasən bunu etmək onlardan tələb olunmurdu. O, qeyd edir ki, (b), (d) və (f) yarım bəndlərinin aydın şəkildə aidiyyəti yoxdur. 5-ci Maddənin 1-ci bəndinin ikinci alternativ (c) yarım-bəndinə əsasən şəxsin həbsi o zaman əsaslı sayıla bilər ki, “həmin həbs bu şəxsin cinayət əməli törətməsinin qarşısını almaqda ağlabatan vasitə olsun”. Hazırkı işdə ərizəçinin preventiv həbsinin davam etdirilməsi cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmələr tərəfindən sərbəst buraxıldığı təqdirdə yeni ağır cinayət əməlləri (əvvəllər məhkum edildiyi əməllərə bənzər əməllər) törətməsi ehtimalı ilə bağlı risk olduğu ilə əsaslandırılmışdı (bax yuxarıda 18 və 23-cü bəndlər). Lakin, gələcəkdə törədilə biləcək bu potensial əməllər Məhkəmənin presedent hüququ ilə tələb olunan kimi, xüsusilə əməllərin törədildiyi yer və vaxt, eləcə də zərərçəkmişlərlə bağlı kifayət qədər yetərli və spesifik deyildirlər (bax, xüsusilə, Guzzardi, yuxarıda sitat gətirilib, 102-ci bənd) və buna görə də, 5-ci maddənin 1-ci (c) bəndinin təsiri altına düşmürlər. Bu nəticə 1 (c) bəndinin bütövlükdə 5-ci maddənin nöqteyi-nəzərindən interpretasiyası ilə təsdiqlənib. 5-ci maddənin 3-cü bəndinə əsasən həmin Maddənin 1(c) bəndinə uyğun olaraq həbs edilən istənilən şəxs təcili surətdə hakim qarşısına çıxarılmalı və ağlabatan müddətdə məhkəmə tərəfindən onun işinə baxılmalı və ya o, məhkəmə baxışına qədər sərbəst buraxılmalıdır. Lakin, preventiv həbsdə saxlanan şəxslər təcili surətdə hakim qarşısına çıxarılıb gələcəkdə törədəcəkləri ehtimal edilən əməllərə görə mühakimə edilməli deyillər. Məhkəmə bu məsələ ilə bağlı qeyd edir ki, kriminoloji təcrübə göstərir ki, əksər hallarda dəfələrlə məhkum edilmiş cinayətkarın, onun preventiv həbsə salınıb-salınmamasından asılı olmayaraq, residivizm hallarına qarışması riski mövcud olur (bax həm də Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının 11 iyul 2007-ci il tarixli hesabatı, yuxarıda 76-cı bənd).
103. Məhkəmə daha sonra ərizəçinin 2001-ci ilin sentyabrından sonra 5-ci Maddənin 1-ci (e) bəndinə uyğun olaraq “ruhi xəstə” kimi preventiv həbsə salınmasının mümkün olub-olmadığını araşdırıb. O, müəyyən cinayətkarların preventiv həbsə salınmasının həmin müddəa ilə nəzərdə tutulmuş şərtlərə uyğun olduğunu istisna etməsə də, müşahidə edir ki, bu işlə bağlı Frankfurt am Main Apelyasiya Məhkəməsinin qərarına əsasən ərizəçi artıq hər hansı ağır psixoloji pozuntudan əziyyət çəkmirdi (bax yuxarıda 22-ci bənd). İstənilən halda, ölkədaxili məhkəmələr ərizəçinin həbsinin davam etdirilməsini onun ruhi xəstə olması ilə əsaslandırmamışdılar. Buna görə də, onun həbsdə qalması 5-ci Maddənin 1 (e) bəndinə uyğun olaraq da əsaslandırıla bilməz.
104. Məhkəmə daha sonra müşahidə edir ki, hazırkı şikayət ərizəçinin həbsinin qanuni olub-olmaması ilə bağlı məsələni qaldırır. O, təkrar edir ki, milli qanunvericilik müəyyən keyfiyyətə malik olmalı və xüsusilə, özbaşınalığa yol verməmək üçün, onun tətbiqi ilə bağlı nəticələri əvvəlcədən görmək (müəyyən etmək) mümkün olmalıdır (bax yuxarıda 90-cı bənd). Məhkəmənin ərizəçinin müvafiq vaxtda törətdiyi cinayət əməli nəticəsində qeyri-məhdud vaxta preventiv həbsdə qalacağını əvvəlcədən görə bilməsi ilə bağlı ciddi şübhələrə malikdir. Xüsusilə məhkəmə ərizəçinin, onun cinayət əməli törətdiyindən sonra qanunvericiliyə dərhal qüvvəyə minəcək dəyişikliklər edilməsini əvvəlcədən görə bilməsi ilə bağlı şübhə edir. Lakin, yuxarıda qeyd olunmuş nəticə nöqteyi-nəzərindən ərizəçinin on ildən artıq müddətdə preventiv həbsdə qalmasını 5-ci Maddənin 1-ci bəndinin heç bir yarım-bəndinə əsasən əsaslandırmaq mümkün olmadığına görə bu məsələni müzakirə etmək zəruri deyil.
105. Nəticə etibarı ilə, Konvensiyanın 5-ci Maddəsinin 1-ci bəndinin pozuntusu baş vermişdir.
II. KONVENSİYANIN 7-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
106. Ərizəçi daha sonra şikayət etmişdir ki, onun preventiv həbsinin müddətinin on ildən qeyri-məhdud müddətə qədər geriyə qüvvə ilə uzadılması onun cinayət əməli törətdiyi vaxtda mövcud olan qanunvericilikdə nəzərdə tutulmuş cəzadan daha ağır cəzaya məruz qalmaması ilə bağlı hüququnu pozmuşdur. O, Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə istinad etmişdir. Həmin müddəada deyilir:
“ Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə, cinayət əməlinin törədildiyi zaman tətbiq olunandan daha ağır cəza verilə bilməz.”
107. Hökumət bu iddianı mübahisələndirmişdir.
A. Tərəflərin təqdimatları
1. Ərizəçi
108. Ərizəçinin təqdimatına əsasən, onun on il müddətinə preventiv həbsdə qaldıqdan sonra preventiv həbsinin davam etdirilməsi Konvensiyanın 7-ci Maddəsinin 1-ci bəndinə zidd olaraq ona qarşı daha ağır cəzanın geriyə qüvvə ilə tətbiq edilməsinə gətirib çıxarmışdır. Preventiv həbs həmin Maddənin mənası baxımından “cəzanı” təşkil etmişdir. O, iddia etmişdir ki, məhkəmələrin “preventiv həbs Almaniya cinayət qanunvericiliyinə daxil edildikdən etibarən cəza növü olmadığına görə geriyə qüvvə ilə tətbiq edilə bilər” fikrinə aşağıdakı fakta əsasən daha az çəki verilməlidir: fakt ondan ibarətdir ki, preventiv həbs Almaniyada 24 noyabr 1933-cü il tarixli Cinayət Əməllərini Törətməyi Vərdiş Etmiş Cinayətkarlarla bağlı Qanuna əsasən, yəni Nasist rejimi zamanı təqdim edilib. Cəzaların İcrası Qanununun 129-cu Bölməsinə əsasən (bax yuxarıda 64-cü bənd) cinayət əməli törədildikdən sonra təyin edilən və cinayət məhkəmələri tərəfindən idarə edilən sözügedən sanksiya (cəza) cəzaçəkmə müəssisəsində çəkilən azadlıqdan məhrumetmə cəzası ilə eyni məqsədlərə xidmət edir (bax Cəzaların İcrası Qanunu, 2-ci Bölmə, yuxarıda 63-cü bənd). Həmin məqsədlər cəmiyyəti cinayətkardan qorumaq (qabaqlayıcı tədbir) və və cinayətkarın həbsxanadan kənardakı həyata alışdırmaqdan ibarətdir (cəmiyyətə yenidən inteqrasiya etmək).
109. Ərizəçinin fikrincə, preventiv həbs həm də öz təbiətinə görə cinayət əməlinə görə cəza növü olmuşdur. Bu belə bir faktla nümayiş etdirilmişdir ki, tədbir cinayət məhkəmələri tərəfindən cinayət əməli ilə bağlı olaraq əmr edilmişdi və onu idarə edən qaydalar “Cəzaların İcrası” üzrə Qanunun tərkibinə daxil idi. Preventiv həbs cinayətkarın təqsirli bilinməsi ilə bağlı idi, ona görə ki, bu cəza yalnız müəyyən növ cinayət əməllərinə görə təyin edilə bilərdi və cinayət məsuliyyətinə səbəb olan əməl törətməyən şəxsə qarşı tətbiq edilə bilməzdi.
110. Ərizəçi daha sonra vurğulamışdır ki, Almaniyada preventiv həbsdə olan şəxslərin saxlanması üçün xüsusi müəssisələr olmamışdır. Adi cəzaçəkmə müəssisələrində preventiv həbsdə saxlanan şəxslərə eyni cəzaçəkmə müəssisələrində adi cəzalarını çəkən şəxslərlə müqayisədə müəyyən cüzi imtiyazlar verilirdi (bax Cəzaların İcrası Qanununun 131-135-ci bölmələri; yuxarıda 64-65-ci bəndlər), məsələn öz paltarlarını geyinmək hüququ. Lakin, təcrübəyə nəzər saldıqda verilən bu imtiyazlar nəticəsində preventiv həbsin icrası adi həbsin icrasından əhəmiyyətli dərəcədə fərqlənmirdi. Preventiv həbsdə olan şəxs olaraq ərizəçinin saxlama rejimi əslində adi həbsdə olan şəxslərlə müqayisədə yalnız müəyyən dərəcədə yüngülləşdirilmişdi. Bundan əlavə, adi məhbuslarla müqayisədə preventiv həbsdə olanlar üçün əlavə xüsusi tədbirlər görülməmişdi ki, onlar həbsxanadan kənardakı məsuliyyətli həyata hazırlanmış olsunlar. Ərizəçinin Schwalmstadt Həbsxanasındakı preventiv həbsi zamanı saxlama şərtləri onun həbsinin əsas hissəsini çəkdiyi zaman saxlandığı rejimdən fərqlənmirdi. Preventiv həbsdə ikən o, işləyirdi, çünki əsas cəzasını çəkdiyi zaman da o işləyirdi və müşayiət (nəzarət) altında qısa müddətli həbsxanadan çıxma icazələrindən başqa onun həbsxanadan kənardakı həyata alışması üçün heç bir səy göstərilməmiş, eləcə də ərizəçiyə heç bir müalicə (terapiya) təklif edilməmişdi.
Əgər Cinayət Məcəlləsində nəzərdə tutulanlara deyil, ərizəçinin saxlandığı həqiqi şəraitə nəzər salınarsa, burada əsas azadlıqdan məhrum etmə cəzası ilə preventiv həbs cəzasının icrası arasında mahiyyət etibarı ilə heç bir fərqin olmadığını görmək mümkündür.
111. Bundan əlavə, sadəcə beş il müddətinə verilən əsas həbs cəzasının ardından və ona əlavə olaraq təyin edilən qeyri-müəyyən müddətli preventiv həbs tədbirinin sərt olması belə bir faktla nümayiş etdirilirdi ki, ərizəçi artıq yalnız preventiv həbs əmrinə müvafiq olaraq təqribən on səkkiz il azadlıqdan məhrum edilmişdi. O, iddia etmişdi ki, nəticədə o, ondan fərqli olaraq həqiqətən adam öldürmüş və preventiv həbs əmri olmadan yalnız adi cəza qismində azadlıqdan məhrum edilmiş şəxslərin çəkdiyi həbs cəzasından əhəmiyyətli dərəcədə daha uzun olan bir müddət həbsdə qalmışdır. Nəzərə almaq lazımdır ki, 1986-cı ildə məhkum edildikdən sonra o, artıq 22 il həbsdə qalmışdır və qarışdığı iki insident bir çox illər əvvəl, onun ciddi təhlükəsizlik rejimi olan həbsxanada saxlandığı zaman baş vermişdi; bu onu sübut edir ki, o, artıq öz hisslərinə hakim olmağı öyrənmişdi və onun davamlı preventiv həbsdə saxlanması əsaslandırılmamışdı.
112. Ərizəçi bildirmişdir ki, onun preventiv həbsinin, yəni onun cinayət əməli törətdiyi zaman qanunla aydın şəkildə on il müddətinə nəzərdə tutulmuş cəzanın geriyə qüvvə ilə uzadılması 7-ci Maddədə nəzərdə tutulan cəzanın yalnız qanunla müəyyən edilə biləcəyi prinsipini (nulla poena sine lege) pozmuşdur.
2. Hökumət
113. Hökumətin nöqteyi-nəzərində ərizəçinin preventiv həbs müddətinin on ili aşması 7-ci Maddənin 1-ci bəndinə müvafiq olaraq cəzanın geriyə qüvvə ilə artırılması prinsipini pozmamışdır, belə ki, preventiv həbs həmin müddəanın təsiri altına düşə bilən “cəza” növü olmamışdır.
Almaniyanın cinayət hüququ ikili sanksiya sisteminə malik idi ki, burada da cəzalar və preventiv həbs kimi islahedici və qabaqlayıcı tədbirlərin arasında tam ciddi fərq mövcud idi. Cəzalar cəzalandırmaq xarakterinə malik idi və şəxsin törətdiyi cinayət əməlinə görə müəyyən edilmiş təqsirinə müvafiq olaraq təyin edilirdi. Digər tərəfdən, islahedici və qabaqlayıcı tədbirlər isə preventiv xarakter daşıyırdı və cinayət əməli törədən şəxsin təqsirindən asılı olmayaraq onun təşkil etdiyi təhlükəyə görə əmr edilirdi. 1933-cü ildə qəbul edilmiş bu ikili sistem II Dünya Müharibəsindən sonra bir neçə dəfə demokratik şəkildə seçilmiş qanunverici tərəfindən qiymətləndirilmiş və təsdiq edilmişdi. Preventiv həbs yalnız ən təhlükəli cinayətkarların cəmiyyət üçün törətdikləri təhlükənin qarşısını almaq məqsədilə ən son vasitə kimi istifadə olunan tədbir idi; bu Cinayət Məcəlləsində preventiv həbs əmrlərinin verilməsi şərtləri və preventiv həbsin uzadılması ilə bağlı məhdudiyyətlərdə (bax yuxarıda 47 və 49-56-cı bəndlər) və ölkədaxili məhkəmələr tərəfindən onların məhdudiyyətli şəkildə tətbiq edilməsində də özünü büruzə verir. Cəza tədbirindən fərqli olaraq, preventiv həbs istənilən vaxt şərti cəza, yəni probasiya ilə əvəz edilə bilər, bu şərtlə ki, artıq şəxsin həbsxanadan çıxdığı təqdirdə ağır cinayət əməli törətmək ehtimalı qalmasın. Bu işlə bağlı Federal Konstitusiya Məhkəməsi tərəfindən verilən qərarda təsdiq edildiyi kimi, preventiv həbs bir cəza növü deyildi ki, ona geriyə qüvvə ilə cəza tətbiq etmə qadağanı tətbiq edilmiş olsun.
114. Hökumətin fikrincə, preventiv həbs barəsində əmrlərin icrası adi azadlıqdan məhrumetmə cəzalarının icrasından həm qanunvericilik aktlarına müvafiq olaraq, həm də təcrübədə əhəmiyyətli dərəcədə fərqlənirdi (bax, xüsusilə, Cəzaların İcrası haqqında Qanunun 129-135-ci Bölmələri; yuxarıda 64-65-ci bəndlər). Bu bir həqiqət idi ki, Almaniyanın Länder (torpaqlarında) iqtisadı səbəblərdən preventiv həbs üçün nəzərdə tutulmuş ayrı və tələb olunan müxtəlif növ müalicəni təmin edən müəssisələr yox idi. Almaniyada preventiv həbsdə saxlanan bütün şəxslər üçün nəzərdə tutulmuş vahid və mərkəzləşdirilmiş müəssisənin yaradılması preventiv həbsdə olan şəxslərin qohumlarının və onların cəmiyyətə yenidən inteqrasiyasına yardım edən digər şəxslərin həmin müəssisəyə görüşlərə gəlməsini imkansız edə bilərdi ki, onlardan hər ikisinin görüşlərə gəlməsi arzu edilən hal idi. Məhz bu səbəbdən preventiv həbsdə saxlanan şəxslər cəzaçəkmə müəssisələrinin ayrıca şöbələrində saxlanırdılar. Lakin, adi məhbuslarla müqayisədə preventiv həbsdə olan şəxslər bir sıra imtiyazlara malik idilər: birincilərdən fərqli olaraq, onların öz paltarlarını geyinmək və daha uzun müddətli (ən az ayda iki saat) görüşlər əldə etmək imkanı var idi. Bundan əlavə onlar, istədikləri təqdirdə, fərdi (ayrı) və bütün günü kilidlənməyən kamerada saxlana bilərdilər və həmin kamerada öz istədikləri mebel və avadanlığı quraşdıra bilərdilər. Ərizəçinin preventiv həbsinə gəldikdə isə, Hökumət vurğulamışdır ki, o, artıq heç bir müalicə almırdı, ona görə ki, onun məsləhət aldığı psixoloq onun müalicəsinin başa çatdığını bildirmişdi. Ərizəçi demək olar ki, hər gün öz təşəbbüsü ilə sosial işçi və növbədə olan psixoloqla söhbətlər aparır və iki həftədən bir təşkil olunan qrup müzakirələrində iştirak edirdi. Psixiatriya mütəxəssislərinin tövsiyəsinə uyğun olaraq ərizəçi saxlama rejiminin yüngülləşdirilməsinə yönəldilmiş tədbirlərdən faydalanırdı, buna misal olaraq müşayiət altında qısa müddətli müəssisədən çıxma icazələrini göstərmək olar (bax yuxarıda 43-44-cü bəndlər).
115. 7-ci maddənin 1-ci bəndinə uyğun olaraq preventiv həbsin yalnız ağırlığı və müddəti onun “cəza” olaraq təsnifatlandırılması üçün yetərli deyildi. Səlahiyyətli məhkəmələr tərəfindən aşkar edildiyi kimi, ərizəçi, cəzaçəkmə müəssisəsində hər hansı bir cinayət əməlini törədib-törətməməsindən asılı olmayaraq hələ də cəmiyyət üçün təhlükə törədirdi. Daha sonra Hökumət arqument gətirmişdir ki, Kafkaris (yuxarıda sitat gətirilib, 151-52-ci bəndlər) işində qəbul etdiyi qərarında Məhkəmə bildirmişdir ki, sonradan edilən dəyişikliklər ilkin qərarla müəyyən edilmiş cəzaya deyil, yalnız həmin cəzanın icrasının müddətinə təsir göstərirsə, həmin dəyişiklər 7-ci Maddənin 1-ci bəndinin pozuntusuna gətirib çıxarmır. Bunu hazırkı işə bənzər işlərə daha böyük qüvvə ilə tətbiq etmək mümkündür, belə ki, burada ilkin qərarda preventiv tədbir (cəzaya qarşı olaraq), daha dəqiq desək, heç bir müddət qoyulmadan preventiv həbs haqqında əmr verilmişdi.
116. Hökumət vurğulamışdır ki, cəzalar və qabaqlayıcı və islahedici tədbirlərdən ibarət ikili sistemin mövcud olması imkan vermişdir ki, hər bir cinayətkarın təqsirinin əvəzinin ödənilməsinə müvafiq olaraq cəza tədbiri müəyyən edilsin. Avropa Şurası tərəfindən dərc etdirilən cəzaların statistik rəqəm göstəricilərindən göründüyü kimi (bax yuxarıda 68-ci bənd) Almaniyada icra edilən azadlıqdan məhrum etmə cəzalarının sayı az idi və ölkədaxili məhkəmələr digər AŞ ölkələri ilə müqayisədə daha az müddətli azadlıqdan məhrumetmə cəzaları təyin edirdilər. Bu sübut etmişdir ki, ikili sistem məhdudlaşdırıcı və məsuliyyətli sanksiya (cəza) sisteminin formalaşdırılmasına gətirib çıxarmışdı. Lakin, Əsas Qanunla nəzərdə tutulan cəzanın şəxsin təqsirini aşmaması prinsipi Almaniyanın cinayət məhkəmələrinə imkan verməmişdir ki, onlar cəmiyyətin müdafiə olunması məqsədi ilə preventiv həbsi əmr etmək əvəzinə daha uzun müddətli azadlıqdan məhrumetmə cəzası təyin etsinlər. Konvensiyaya qoşulan digər ölkələr, xüsusilə, Avstriya, Danimarka, İtaliya, Lixtenşteyn, San Marino, Slovakiya və İsveçrə də preventiv həbs sistemlərini tətbiq ediblər.
B. Məhkəmənin qiymətləndirməsi
1. Müvafiq prinsiplərin xülasəsi
117. Qanunun aliliyi prinsipinin mühüm elementi olan və 7-ci Maddədə nəzərdə tutulan təminat Konvensiyanın müdafiə sistemində olduqca əhəmiyyətli bir yer tutur; bu əhəmiyyət belə bir faktla da ifadə edilir ki, Konvensiyanın 15-ci Maddəsinə uyğun olaraq müharibə şəraitində və ya digər fövqəladə hallarda bu təminatdan geri çəkilməyə yol verilmir. Bu təminat özünün predmetinə və məqsədinə uyğun olaraq elə şəkildə izah və tətbiq edilməlidir ki, özbaşına təqib, mühakimə və cəzalandırmaya qarşı səmərəli müdafiə təmin etmiş olsun (bax S.W. Birləşmiş Krallığa qarşı, (S.W. v. the United Kingdom) 22 noyabr 1995, 34-cü bənd, A Seriyaları no 335‑B; C.R. Birləşmiş Krallığa qarşı, 22 noyabrr 1995, 32-ci bənd, A Seriyası no 335‑C; Streletz, Kessler və Krenz Almaniyaya qarşı (Streletz, Kessler və Krenz v. Germany) [GC], no 34044/96, 35532/97 və 44801/98, § 50, ECHR 2001‑II; və Kafkaris, yuxarıda sitat gətirilib, § 137).
118. 7-ci maddə digər məsələlərlə yanaşı, nəzərdə tutur ki, yalnız qanuna əsasən cinayət əməli törədildiyini müəyyən etmək və həmin əmələ görə cəza təyin etmək mümkündür (nullum crimen, nulla poena sine lege). Həmin Maddə Cinayət Məcəlləsi müddəalarının təqsirləndirilən şəxsin əlverişsiz vəziyyətinə geriyə qüvvə ilə tətbiqini (bax Kokkinakis Yunanıstana qarşı, (Kokkanis v. Greece) 25 may 1993-cü il, § 52, A Seriyası no 260‑A) və ya mövcud cinayət əməllərinin əhatə dairəsinin keçmişdə cinayət əməli sayılmayan əməllərə tətbiqini qadağan etməklə yanaşı belə bir prinsipi nəzərdə tutur ki, cinayət qanunvericiliyi təqsirləndirilən şəxsin zərərinə olaraq genişləndirilmiş şəkildə izah edilə bilməz, məsələn, analoji olaraq (bax Uttley Birləşmir Krallığa qarşı( Uttley v. the United Kingdom) (dec.), no 36946/03, 29 noyabr 2005-ci il, və Achour Fransaya qarşı (Achour v. France) [GC], no 67335/01, § 41, ECHR 2006‑IV).
119. “Qanunvericilik”dən bəhs edərkən 7-ci Maddə Konvensiyanın istənilən yerdə həmin termindən istifadə edərkən nəzərdə tutduğu eyni konsepsiyaya istinad edir; bu konsepsiya əlyetər və əvvəlcədən görülə bilən olması da daxil olmaqla keyfiyyət üzrə tələbləri nəzərdə tutur (bax Cantoni Fransaya qarşı, (Cantoni v. France) 15 noyabr 1996, § 29, Hesabatlar 1996‑V; Coëme və başqaları Belçikaya qarşı, (Coëme and Others v. Belgium) (no 32492/96, 32547/96, 32548/96, 33209/96 və 33210/96, § 145, ECHR 2000‑VII; və Achour, yuxarıda sitat gətirilib, § 42). Bu keyfiyyət tələblərinə həm cinayət əməlinin anlayışı, həm də həmin əmələ görə nəzərdə tutulan cəza nöqteyi-nəzərindən əməl olunmalıdır (bax Achour, yuxarıda sitat gətirilib, § 41 və Kafkaris, yuxarıda sitat gətirilib, § 140). Şəxsə müvafiq müddəanın mətnindən, və ehtiyac olarsa, məhkəmələrin interpretasiyasından aydın olmalıdır ki, o, hansı əməllərə və pozuntulara görə cinayət məsuliyyəti daşıyır və törətdiyi hansı əmələ və ya pozuntuya görə hansı cəzanı çəkəcəkdir (müqayisə et Cantoni, yuxarıda sitat gətirilib, § 29; Uttley, yuxarıda sitat gətirilib; və Kafkaris, yuxarıda sitat gətirilib, § 140).
120. 7-ci Maddədə “cəza” konsepsiyası əhatə dairəsinə görə muxtar (müstəqil) mənaya malikdir. 7-ci Maddədə nəzərdə tutulan müdafiəni effektiv şəkildə təmin edə bilmək üçün Məhkəmə görünənlərdən kənara çıxaraq özü qiymətləndirməsini aparmalıdır ki, bu və ya digər tədbirin mahiyyət etibarı ilə həmin Maddənin mənasına uyğun olaraq “cəza” hesab edilib-edilməyəcəyini müəyyən etsin (bax Welch Birləşmiş Krallığa qarşı, (Welch v. the United Kingdom) 9 fevral 1995, § 27, A Seriyası no 307‑A; Jamil Fransaya qarşı, (Jamil v. France) 8 iyun 1995, § 30, A Seriya no 317‑B; və Uttley, yuxarıda sitat gətirilib). 7-ci maddənin 1-ci bəndinin mətni, ikinci cümlədə göstərir ki, cəzanın mövcud olub-olmadığını müəyyən etmək üçün aparılan istənilən qiymətləndirmədə başlanğıc nöqtəsi sözügedən tədbirin “cinayət əməlinə” görə təyin edilən məhkumluğun ardından gəlməsidir. Aidiyyatı olan digər amillər ölkədaxili qanunvericiliyə əsasən həmin tədbirin təsnifatlandırılması, onun təbiəti və məqsədi, onun təyin olunmasında və icrasında iştirak edən prosedurlar və onun ağırlığıdır (bax Welch, yuxarıda sitat gətirilib, § 28; Jamil, yuxarıda sitat gətirilib, § 31; Adamson Birləşmiş Krallığa qarşı (Adamson v. the united Kingdom) (dec.), no 42293/98, 26 yanvar 1999; Van der Velden Niderlanda qarşı (Van der Velden v. the Netherlands) (dec.), no 29514/05, ECHR 2006‑XV; və Kafkaris, yuxarıda sitat gətirilib, § 142). Lakin tədbirin ağırlığı özü-özlüyündə həlledici rol oynamır, belə ki, məsələn, qabaqlayıcı təsirə malik olan bir sıra qeyri-cəza tədbirləri sözügedən şəxsə əhəmiyyətli dərəcədə təsir göstərə bilər (bax Welch, yuxarıda sitat gətirilib, § 32; eyni zamanda müqayisə et Van der Velden, yuxarıda sitat gətirilib).
121. Həm Komissiya, həm də Məhkəmə öz presedent hüququnda mahiyyət etibarı ilə “cəza” təşkil edən və “cəzanın” “icrası” və ya “yerinə yetiriməsi”nə aid olan tədbirləri aydın şəkildə bir-birindən ayırıblar. Bunun nəticəsində, tədbirin xarakteri və məqsədi cəzanın yüngülləşdirilməsi və ya rejimin dəyişdirilərək vaxtından əvvəl azadlığa buraxılma ilə əlaqədar olduğu hallarda, bu 7-ci Maddənin mənasına uyğun olaraq “cəzanın” bir hissəsini təşkil etmir (bax, digərləri ilə yanaşı, Hogben Birləşmiş Krallığa qarşı, (Hogben v. the United Kingdom) no 11653/85, Komissiyanın 3 mart 1986-ci il tarixli qərarı, DR 46, səh. 231; Grava İtaliyaya qarşı, (Grava v. İtaly) no 43522/98, § 51,
10 iyul 2003; və Kafkaris, yuxarıda sitat gətirilib, § 142). Lakin, təcrübədə bu ikisi arasındakı fərq heç də bütün hallarda aydın şəkildə hiss edilməyə bilər (bax Kafkaris, yenə də orada və Monne Fransaya qarşı(Monne v. France) (dec.), no 39420/06, 1 aprel 2008-ci il).
2. Həmin prinsiplərin hazırkı işə tətbiqi
122. Bununla Məhkəmə yuxarıda qeyd olunan prinsiplər baxımından yoxlamalıdır ki, ərizəçinin preventiv həbsinin maksimal hədd olan on ildən qeyri-müəyyən müddətə qədər uzadılması 7-ci maddənin 1-ci bəndinin ikinci cümləsində nəzərdə tutulan cəzaların geriyə qüvvə ilə tətbiq olunmasını qadağan edən müddəanı pozub ya yox.
123. Məhkəmə müşahidə etmişdir ki, ərizəçini 1985-ci ildə adam öldürməyə cəhd göstərdiyi zaman cəzanı təyin edən məhkəmə tərəfindən ilk dəfə verilən preventiv həbs haqqında əmr Cinayət Məcəlləsinin o zaman qüvvədə olan 67d Maddəsinin 1-ci bəndi ilə birlikdə oxunduqda onu ifadə edirdi ki, ərizəçi preventiv həbsdə maksimal olaraq on il qala bilər (bax həm də yuxarıda 99-100-cü bəndlər). Cinayət Məcəlləsinin daha sonra dəyişiklik edilmiş 67d Maddəsinə əsasən (həmin maksimal həddi ləğv edən və dərhal qüvvəyə minən Cinayət Məcəlləsinə Giriş Qanununun 1a(3) bölməsi ilə birgə oxunduqda) cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmələr 2001-ci ildə ərizəçinin preventiv həbsinin on il müddət başa çatdıqdan sonra da davam etməsini əmr ediblər. Beləliklə, ərizəçinin preventiv həbsi onun cinayət əməli törətdiyi vaxtdan sonra və preventiv həbsinin altı ilini çəkdikdən sonra qüvvəyə minən qanunvericilik aktı əsasında geriyə qüvvə ilə uzadılmışdır.
124. Beləliklə, Məhkəmə, öz presedent hüququnda müəyyən etdiyi meyarları nəzərə alaraq ərizəçinin preventiv həbsinin 7-ci maddənin 1-ci bəndinin ikinci cümləsində nəzərdə tutulan “cəza”nı təşkil edib-etmədiyini müəyyən etməlidir. Məhkəmə əvvəl başdan qeyd edir ki, ərizəçinin preventiv həbsi onun 1986-cı ildə Marburg Regional Məhkəməsi tərəfindən “cinayət əməli”, daha dəqiq desək, adam öldürməyə cəhd və oğurluq əməlinə görə məhkum edilməsinin ardından müəyyən edilib. Əlbəttə ki, Cinayət Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq barəsində preventiv həbs tədbiri seçilən şəxslər digər tələblərə cavab verməklə yanaşı, qəsdən törətdiyi cinayət əməlinə görə ən az iki il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər olmalıdırlar (bax yuxarıda 49-50-ci bəndlər).
125. Milli qanunvericiliyə əsasən preventiv həbsin səciyyələndirilməsinə gəldikdə isə Məhkəmə müşahidə etmişdir ki, Almaniyada belə tədbir, geriyə qüvvə ilə tətbiq olunması mütləq surətdə qadağan edilən cəza növlərinə aid edilmir. Cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmələrin bu işlə bağlı gəldiyi nəticələr Federal Konstitusiya Məhkəməsinin təfərrüatlı şəkildə əsaslandırılmış və presedent təşkil edən qərarı ilə təsdiqlənib (bax yuxarıda 27-40-cı bəndlər). Almaniya Cinayət Məcəlləsinə görə, preventiv həbs islahedici və qabaqlayıcı tədbir kimi səciyyələndirilib. Almaniyanın cinayət hüququnda mövcud olan ikili sanksiyalar sistemində belə tədbirlər həmişə cəzalardan fərqli başa düşülüb. Cəzalardan fərqli olaraq, onların məqsədi cinayət təqsirinə görə cəzalandırmaq deyil, tam qabaqlayıcı təsirə malik olaraq cəmiyyəti təhlükəli cinayətkarlardan qorumaqdan ibarətdir. Məhkəmənin fikrincə, əldə olunan bu aydın nəticə, ərizəçinin qeyd etdiyi belə bir faktla şübhə altına alınmır ki, preventiv həbs Almaniyanın cinayət qanunvericiliyinə 24 noyabr 1933-cü il tarixli Cinayət Əməli Törətməyi Vərdiş etmiş Cinayətkarlar haqqında Qanunla, yəni Nasist rejimi zamanı daxil edilib. Komissiyanın hələ 1971-ci ildə müəyyən etdiyi kimi (bax X. Almaniyaya qarşı, yuxarıda sitat gətirilib) preventiv həbslə bağlı müddəalar Almaniya qanunverici orqanı tərəfindən 1945-ci ildən sonra bir neçə dəfə təsdiq edilib.
126. Lakin, yuxarıda təkrarlandığı kimi (120-ci bənd), 7-ci Maddənin “cəza” anlayışı tam müstəqildir və Məhkəmə hər hansı bir tədbirin cəza kimi təsnifatlandırılıb-təsnifatlandırılmamasına, milli qanunvericilikdə həmin tədbirin necə səciyyələndirilməsindən asılı olmayaraq, qərar verməlidir. Bu məsələ ilə bağlı Məhkəmə qeyd edir ki, eyni növ tədbir bir Dövlətdə cəza növü kimi səciyyələndirilə bilər və səciyyələndirilib, digərində isə nulla poena sine lege prinsipinin tətbiq edilmədiyi preventiv tədbir kimi qəbul edilib. Bununla da, məsələn, Belçikada residivist və cinayət əməli törətməyi vərdiş halına salmış cinayətkarların “Hökumətin ixtiyarına verilməsi” (yeri gəlmişkən bu tədbir bir çox baxımdan Almaniya qanunvericiliyinə uyğun olaraq tətbiq edilən preventiv həbsə bənzəyir) Belçika qanunvericiliyinə əsasən cəza sayılır (bax Van Droogenbroeck, yuxarıda sitat gətirilib, 19-cu bənd). Fransa Konstitusiya Şurası öz növbəsində, 21 fevral 2008-ci il tarixli qərarı ilə (no 2008‑562 DC) müəyyən etmişdir ki, Fransa qanunvericiliyinə yeni daxil edilmiş preventiv həbs cəza növü kimi qiymətləndirilə bilməz, lakin eyni zamanda, xüsusilə qeyri-müəyyən müddətə təyin edildiyinə görə, geriyə qüvvə ilə də tətbiq edilə bilməz (bax yuxarıda 75-ci bənd; bax, daha bir misal üçün, yuxarıda 74-cü bənd).
127. Buna görə də, Məhkəmə preventiv həbs tədbirinin xarakterini təhlil etmişdir. O, əvvəl başdan qeyd edir ki, cəzaçəkmə müəssisəsində keçirilən cəza kimi preventiv həbs də azadlıqdan məhrumetməni nəzərdə tutur. Bundan əlavə, Almaniya təcrübəsində adi cəzalarla müqayisədə preventiv həbs əmrlərinin icra üsulunu nəzərə alaraq bu qeyri-adi bir haldır ki, preventiv həbs çəkən şəxslər, ayrıca şöbədə də olsa, adi cəzaçəkmə müəssisələrində saxlanırlar. Adi cəza çəkən məhbuslarla müqayisədə rejimdə olan cüzi dəyişikliklər, məsələn şəxslərin öz paltarlarını geyinməyə və daha rahat olan kameralarında öz zövqlərinə uyğun olaraq mebel və avadanlıq quraşdırmalarına icazə verilməsi belə bir faktı gizlədə bilməz ki, cəzaçəkmə müəssisəsində çəkilməsi tələb olunan cəzanın icrası ilə preventiv həbs əmrinin icrası arasında heç bir fərq yoxdur. Bu daha sonra belə bir faktda öz əksini tapıb ki, Cəzaların İcrası haqqında Qanunun yalnız bir neçə müddəasında preventiv həbslə bağlı məqamlar var bundan əlavə azadlıqdan məhrumetmə cəzalarının icrası mutatis mutandis (bax qeyd olunan Qanunun 129-135-ci bölmələri, yuxarıda 64-65-ci bəndlər) tətbiq olunur.
128. Bundan əlavə preventiv həbsdə olan şəxslərin vəziyyətləri ilə bağlı reallığı nəzərə alaraq Məhkəmə Hökumətin belə bir arqumentini (bax yuxarıda 113-cü bənd) dəstəkləyə bilməz ki, preventiv həbsin məqsədi cəzalandırmaq deyil, sırf qarşısını almaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 66-cı Maddəsinə müvafiq olaraq preventiv həbs yalnız dəfələrlə müəyyən ağırlıq dərəcəsində cinayət əməllərinin törədilməsinə görə məhkum edilmiş şəxslərə şamil edilə bilər. O, xüsusilə müşahidə edir ki, göründüyü kimi adi uzun müddətə azadlıqdan məhrum edilmiş şəxslərin saxlandığı cəzaçəkmə müəssisələrindən başqa preventiv həbsdə olan şəxslər üçün nəzərdə tutulmuş xüsusi tədbirlər, mexanizmlər və ya müəssisələr mövcud deyildi ki, onların köməyi ilə bu şəxslərin törətdiyi təhlükə azaldılmış olsun və bununla da, preventiv həbsin müddəti onların yeni cinayət əməli törətməsinin qarşısını almaq üçün tələb olunan müddətə qədər azaldılsın.
129. Məhkəmə həm Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının (bax onun hesabatının 206-cı bəndi, yuxarıda 77-ci bənd), həm də İƏK-in (bax Komitənin hesabatının 100-cü bəndi, yuxarıda 77-ci bənd) əldə etdiyi belə bir nəticə ilə razılaşır ki, preventiv həbsdə olan şəxslər, xüsusilə bu tədbirin müddəti qeyri-müəyyən olduğuna görə, psixoloji dəstək və yardım almalıdırlar.
Cinayətkarlığın qarşısını almaq məqsədi, İƏK tərəfindən əsaslı bir şəkildə qeyd edildiyi kimi (yenə də orada), “çox şaxəli mütəxəssislərdən ibarət əməkdaşlar qrupu tərəfindən təmin edilən yüksək səviyyəli qayğı göstərilməsi və saxlanan şəxslərlə, həqiqi bir seçim olan azadlığa buraxılmağa doğru ardıcıl tərəqqi istiqamətində fərdi intensiv iş aparılması (çevik şəkildə hazırlanmış fərdi planlar əsasında) tələb oluna bilər”. Məhkəmə hesab edir ki, preventiv həbs cəzası əmrinə məruz qalan şəxslərin belə dəstək və yardımla təmin olunması onların yenidən cinayət əməli törətmək riskinin azaldılmasına və onların azadlığa çıxmasını mümkün etməyə yönəldilmiş səylərin bir hissəsi olmalıdır. Məhkəmə belə bir faktı nəzərdən qaçırmır ki, “bu qrupa daxil olan məhbuslarla işləmək cəzaçəkmə müəssisələri əməkdaşlarının üzləşdiyi ən çətin məsələlərdən biri olmalıdır” (bax İƏK Hesabatının 100-cü bəndi, yuxarıda 77-ci bənd). Lakin, preventiv həbsin qeyri-müəyyən müddətli olmasını nəzərə alaraq xüsusi səylər göstərilməlidir ki, bu növ məhbuslar dəstəklənsin, belə ki, onlar bir qayda olaraq özləri səy göstərməklə azadlığa doğru tərəqqiyə nail ola bilmirlər. Məhkəmə müəyyən edir ki, sözügedən şəxslər tərəfindən cinayət əməllərinin törədilməsinin qarşısını almaq üçün hal-hazırda uzun müddət azadlıqdan məhrum edilmiş məhbuslar üçün mövcud olan şərtlərdən əlavə və onlardan əhəmiyyətli dərəcədə fərqlənən tədbirlər yoxdur.
130. Bundan əlavə, Cəzaların İcrası Qanununun 2 və 129-cu bölmələrinə müvafiq olaraq həm cəzaların, həm də islahedici və qabaqlayıcı tədbirlərin icrası iki məqsədə, yəni ictimaiyyətin qorunmasına və məhbusların həbsxanadan kənarda sosial cəhətdən məsuliyyətli həyat sürməyə alışmasına xidmət etməlidir. Cəzaların əsasən cəzalandırıcı məqsədə, islahedici və qabaqlayıcı tədbirlərin isə qarşısını alma məqsədinə yönəlməsinə baxmayaraq aydındır ki, bu sanksiyaların məqsədi qismən üst-üstə düşür. Bundan əlavə, qeyri-müəyyən müddətinə görə preventiv həbs sözügedən şəxslər tərəfindən törədilmiş cinayət əməllərinə görə təyin edilən əlavə cəza tədbiri kimi başa düşülə bilər və aydın şəkildə ifadə olunan çəkindirici (qorxuducu) elementə malikdir. İstənilən halda, Məhkəmənin əvvəllər də müəyyən etdiyi kimi, qabaqlayıcı tədbirin məqsədi də cəzalandırma məqsədlərinə uyğun ola bilər və cəza anlayışının məğzinin bir hissəsini təşkil edə bilər (bax Welch, yuxarıda sitat gətirilib, 30-cu bənd).
131. Preventiv həbslə bağlı əmrlərin verilməsi və icrası ilə bağlı prosedurlara gəlincə isə, Məhkəmə müşahidə etmişdir ki, preventiv həbs barədə əmr cəza müəyyən edən (cinayət) məhkəmələr tərəfindən verilmişdir. Onun icrası isə cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmələr, yəni, cinayət ədliyyə sisteminə mənsub olan məhkəmələr tərəfindən ayrıca bir prosedurla müəyyən edilmişdir.
132. Nəhayət, preventiv həbsin ağırlığına gəldikdə, bu özü-özlüyündə həlledici rol oynamasa da (bax yuxarıda 120-ci bənd), Məhkəmə müşahidə edir ki, bu tədbir azadlıqdan məhrumetməni nəzərdə tutur və 1998-ci ildə qanunvericiliyə edilən dəyişiklikdən sonra onun maksimal həddi yoxdur. Bundan əlavə, preventiv həbsin şərti cəza olaraq probasiya ilə əvəz olunması məhkəmənin şəxsin yeni (ağır) cinayət əməli törətməyəcəyi qənaətinə gəlməsinə, (bax Cinayət Məcəlləsinin 67d Maddəsi, yuxarıda 53-cü bənd), yəni yerinə yetirilməsi çətin olan bir şərtə bağlıdır (bax İnsan Hüquqları üzrə Komissarın gəldiyi aşağıdakı nəticə: “şəxsin yenidən cinayət əməli törədib-törətməyəcəyini tam əminliklə proqnozlaşdırmaq mümkün deyil” (onun hesabatının 203-cü bəndi, yuxarıda 76-cı bənddə sitat gətirilib). Buna görə də, Məhkəmə müəyyən edir ki, bu tədbir Almaniya Cinayət Məcəlləsinə müvafiq olaraq təyin edilən ən ağır tədbirlər arasına daxildir (bəlkə də tədbirlərdən ən ağırıdır). O, bu məsələ ilə bağlı qeyd edir ki, ərizəçi preventiv həbsinin davam etdirilməsi ilə (bu gün preventiv həbsin müddəti artıq cəza qismində təyin edilən həbsdən üç dəfə artıq davam etmişdir) əsas cəza ilə müqayisədə daha uzaq gedən ağırlaşma ilə üzləşmişdir.
133. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə müşahidə edilən əlamətləri gözdən keçirərək və öz qiymətləndirməsini apararaq belə nəticəyə gəlir ki, Almaniya Cinayət Hüququna əsasən təyin edilən preventiv həbs Konvensiyanın 7-ci Maddəsinin 1-ci bəndinin məqsədlərinə görə “cəza” kimi səciyyələndirilməlidir.
134. Məhkəmə daha sonra təkrarlayır ki, o, öz presedent hüququnda mahiyyət etibarı ilə “cəza” təşkil edən və geriyə qüvvə ilə tətbiq edilməsi mütləq surətdə qadağan edilən tədbirlər və “cəzanın” “icrası” və ya “yerinə yetirilməsi” ilə bağlı olan tədbirlər arasında fərq qoymuşdur (bax yuxarıda 121-ci bənd). Buna görə də o, müəyyən müddətə təyin edilən tədbirin qeyri-müəyyən müddətə təyin edilən tədbirə çevrilməsinin mahiyyət etibarı ilə əlavə cəzanı təşkil edib-etmədiyini və ya sadəcə olaraq ərizəçinin məhkum edildiyi cinayət əməlini törətdiyi zaman tətbiq edilən cəzanın icrası və ya yerinə yetirilməsi ilə bağlı olduğunu müəyyən etməlidir.
135. Məhkəmə müşahidə edir ki, Hökumətin təqdimatına görə cəzanı müəyyən edən məhkəmə ərizəçinin preventiv həbsi ilə bağlı əmr verərkən heç bir müddət təyin etməmişdir. Onlar arqument gətirmişlər ki, buna görə də həmin tədbirin uzadılması ərizəçiyə cəza təyin edən məhkəmə tərəfindən verilən cəzanın icrası ilə bağlı olmuşdur. Bu arqument Məhkəməni inandırmağa kifayət olmayıb. Məhkəmənin yuxarıda qeyd etdiyi kimi (bax 99 – 101-ci və 123-cü bəndlər) ərizəçi cinayət əməli törətdiyi zaman cəza təyin edən məhkəmə tərəfindən onun barəsində verilən preventiv həbs qərarı Cinayət Məcəlləsinin 67d maddəsinin 1-ci bəndinin həmin zaman qüvvədə olan versiyasına uyğun olaraq açıqlandıqda ərizəçinin preventiv həbsdə maksimal olaraq on il qalmasını nəzərdə tuturdu. Buna görə də Cinayət Məcəlləsinin 67d Maddəsinə edilən dəyişiklikdən sonra cəzaların icrası üzrə məsuliyyət daşıyan məhkəmələr tərəfindən ərizəçinin preventiv həbsinin müddətinin uzadılması sadəcə ərizəçinin cinayət əməli törətdiyi zaman qüvvədə olan qanunvericiliyə əsasən ona təyin edilən cəzanın (maksimal olaraq on il müddətinə preventiv həbs) icrası ilə bağlı olmamışdır. Bu ərizəçiyə onun cinayət əməlini törətdiyindən sonra qüvvəyə minən qanuna əsasən geriyə qüvvə ilə tətbiq edilən əlavə cəza tədbiri olmuşdur.
136. Bu mənada hazırkı iş yenidən Kafkaris (yuxarıda sitat gətirilib) işindən fərqləndirilməlidir. C-b Kafkaris onun cinayət əməli törətdiyi vaxtda qüvvədə olan qanunvericiliyə əsasən ömürlük həbs cəzasına məhkum edilmişdi. Belə bir fikir yürütmək olmaz ki, sözügedən zamanda ömürlük həbs cəzası aydın şəkildə iyirmi illik həbs cəzasına bərabər tutula bilərdi (yenə də orada, 143-cü və sonrakı (et seq.) bəndlər). Bunun əksinə olaraq hazırki işdə ərizəçinin cinayət əməli törətdiyi vaxtda qüvvədə olan cinayət qanunvericiliyinin müddəaları aydın və birmənalı şəkildə preventiv həbsin birinci dövrünün maksimal müddətini on il olaraq müəyyən etmişdi.
137. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə belə nəticəyə gəlir ki, Konvensiyanın 7-ci Maddəsinin 1-ci bəndinin pozuntusu baş vermişdir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
138. Konvensiyanın 41-ci Maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
139. Ərizəçi 2001-ci ildən etibarən Konvensiyanın 5-ci və 7-ci maddələrinə zidd olaraq və ölkədaxili məhkəmələrdə dəfələrlə sərbəst buraxılmaq üçün iş qaldırdığına baxmayaraq qeyri-qanuni şəkildə həbsdə saxlandığına görə ona dəyən qeyri-maddi ziyana görə ən az 172 000 avro tələb etmişdir. O, Məhkəmə tərəfindən Karataş Türkiyəyə qarşı (Karatash v. Turkey) ([GC], no 23168/94, ECHR 1999-IV) və Kokkinakis Yunanıstana qarşı (Kokkinakis v. Greece) (25 may 1993-cü il, A Seriyası no 260-A) işlərində təyin edilən kompensasiya miqdarlarına istinad etmiş və belə arqument gətirmişdir ki, ona ayda 2000 avro, yəni Almaniyada orta aylıq gəlir sayılan bir məbləğdə kompensasiya təyin edilməlidir. Maddi ziyana gədikdə, ərizəçi təqdim etmişdir ki, ona ölkədaxili məhkəmə prosesləri zamanı hüquqi yardım göstərilmişdir. Ərizəçinin vəkili, ona digər səlahiyyətlərlə yanaşı qarşı tərəf tərəfindən ödəniləcək istənilən ödənişi qəbul etmək səlahiyyəti verən vəkalətnaməyə əsaslanaraq ödəniləcək istənilən məbləğin onun hesabına yatırılmasını xahiş etmişdir.
140. Hökumət ərizəçinin qeyri-maddi zərərə görə tələb etdiyi məbləğin həddindən artıq olduğunu hesab etmişdir. Onlar arqument gətirmişlər ki, Cinayət Təqibi Tədbirlərinə görə Kompensasiya Qanununun 7-ci bölməsinin 3-cü bəndinə əsasən (Gesetz über die Entschädigung für Strafverfolgungsmaßnahmen) qanunsuz həbsə görə odənilə bilən məbləğ gündə 11 avro olmalıdır. Onlar ədalətli məbləğ müəyyən etməyi Məhkəmənin ixtiyarına buraxmışlar.
141. Məhkəmə müşahidə edir ki, ərizəçinin on il müddətindən artıq saxlanması Konvensiyanın həm 5-ci Maddəsinin 1-ci bəndinin, həm də 7-ci Maddəsinin 1-ci bəndinin pozulmasına gətirib çıxarmışdır və beləliklə ərizəçi 8 sentyabr 2001-ci il tarixindən etibarən Konvensiyaya zidd olaraq həbsdə qalmışdır (bax yuxarıda 19-cu bənd).
Bu yəqin ki, ərizəçinin üzüntü və məyusluq keçirərək qeyri-maddi (mənəvi) zərərə uğramasına səbəb olmuşdur və bunu yalnız pozuntular aşkar etməklə kompensasiya etmək mümkün deyildir. İşin bütün faktiki hallarını nəzərə alaraq və öz ədalətli qiymətləndirməsini həyata keçirərək Məhkəmə ərizəçiyə 50 000 avro üstəgəl tələb olunan vergilərin ödənilməsini müəyyən edir. Ərizəçinin vəkili tərəfindən təqdim olunmuş və ona prosesin qarşı tərəfinin ərizəçiyə ödəyəcəyi istənilən ödənişi qəbul etmək hüququ verən vəkalətnaməni nəzərə alaraq, Məhkəmə ərizəçiyə ödənilməsi nəzərdə tutulan bu məbləğin ərizəçinin vəkilinin vəkalət (fidusiar) hesabına ödənilməsini əmr edir.
B. Xərclər və məsrəflər
142. Həm ölkədaxili məhkəmələrdə, həm də Məhkəmə qarşısına çıxarkən hüquqi yardımla təmin olunan ərizəçi bu proseslərdən hər hansı birində meydana gələn xərclərin ödənilməsi ilə bağlı heç bir iddia irəli sürməmişdir. Buna müvafiq olaraq, Məhkəmə bu məsələ ilə bağlı heç bir ödəniş təyin etmir.
C. İcraatın gecikdirilməsinə görə faiz dərəcəsi
143. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankının kredit faizinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRDƏN MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Qərara alır ki, Konvensiyanın 5-ci Maddəsinin 1-ci bəndinin pozulması baş vermişdir;
2. Qərara alır ki, Konvensiyanın 7-ci Maddəsinin 1-ci bəndinin pozulması baş vermişdir;
3. Qərara alır ki,
(a) cavabdeh dövlət qeyri-maddi zərərə görə Ərizəçiyə Məhkəmə qərarının, Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndinə uyğun olaraq yekun xarakter aldığı tarixdən etibarən üç ay ərzində 50 000 (əlli min) avro üstəgəl tələb olunan bütün vergilər ödənilsin; bu ödənişlər ərizəçinin vəkilinin fidusiar bank hesabına köçürülsün;
(b) yuxarıda qeyd olunan üç ay müddəti başa çatdıqdan sonra ödəniş həyata keçirilənə qədər yuxarıda göstərilən məbləğdən gecikdirmə müddəti üzrə Avropa Mərkəzi bankının yuxarı kredit faizi üstəgəl üç faiz əlavə edilsin;
4. Ərizəçinin ədalətli kompensasiya tələbinin yerdə qalan hissəsini rədd edir.
İngilis və Fransız dillərində hazırlanıb, və 17 dekabr 2009-cu ildə Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndinə əsasən yazılı şəkildə açıqlanıb.
Claudia WesterdiekPeer Lorenzen
KatibSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy