© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
DÖRDÜNCÜ BÖLMƏ
M.A. KİPRƏ QARŞI məhkəmə işi
(Ərizə № 41872/10)
QƏRAR
[Çıxarışlar]
Strasburq
23 iyul 2013-cü il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallarda qüvvəyə minəcək. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
M.A. Kiprə qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Bölmə),
hakimlər:
İneta Ziemele (Ineta Ziemele), sədr,
Paivi Hirvela (Päivi Hirvelä),
George Nikolau (George Nicolaou),
Ledi Bianku (Ledi Bianku),
Zdravka Kalayciyeva (Zdravka Kalaydjieva),
Kşiştof Woytsiçek (Krzysztof Wojtyczek),
Faris Vehaboviç (Faris Vehabović),
habelə Bölmə Katibinin müavini Fatoş Aracıdan (Fatoş Araci) ibarət tərkibdə Palatada iclas keçirərək,
2 iyul 2013-cü ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən kürd mənşəli Suriya vətəndaşı cənab M.A. (“ərizəçi”) tərəfindən 14 iyun 2010-cu ildə Məhkəməyə təqdim edilmiş Kipr Respublikasına qarşı ərizə (№ 41872/10) əsasında başlanıb.
2. Hüquqi yardımla təmin edilmiş ərizəçini Nikosiyada vəkillik fəaliyyəti ilə məşğul olan xanım N. Xaralambidu (N. Charalambidou) təmsil edib. Kipr Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Kipr Respublikasının Ədliyyə Naziri cənab P. Klerides (P. Clerides) təmsil edib.
3. Ərizəçi iddia etdi ki, Suriyaya deportasiya olunacağı təqdirdə Konvensiyanın 2-ci maddəsinin pozuntusunu təşkil edən qətlə yetirilmə təhlükəsi ilə üzləşəcək, yaxud 3-cü maddənin pozuntusunu təşkil edən rəftara məruz qalacaq. Bununla əlaqədar olaraq, o, həmçinin Konvensiyanın 13-cü maddəsinin tələblərinə cavab verən hüquqi müdafiə vasitəsinin olmamasından şikayət etdi. Bundan başqa, ərizəçi Kiprin dövlət orqanları tərəfindən həbsə alınmasından Konvensiyanın 5-ci maddəsinin 1(f) bəndi, 2-ci və 4-cü maddələri əsasında şikayət etdi. Nəhayət, o, iddia etdi ki, deportasiya olunması 4-cü saylı Protokolun 4-cü maddəsini pozmuş olacaq.
4. 14 iyun 2010-cu ildə Birinci Bölmənin sədri Məhkəmə Reqlamentinin 39-cu Qaydasını tətbiq etməyi qərara alaraq cavabdeh Hökumətə bildirdi ki, ərizəçi Suriyaya deportasiya olunmamalıdır. Elə həmin gün ərizəçinin işinə prioritet qaydasında baxılması qərara alındı (41-ci Qayda). 21 sentyabr 2010-cu ildə Birinci Bölmənin sədri tərəflərdən aldığı bütün məlumatları araşdırdıqdan sonra müvəqqəti tədbiri qüvvədə saxlamağı qərara aldı (aşağıda 58-ci bəndə bax).
5. 19 yanvar 2011-ci ildə şikayət ərizəsi Hökumətə təqdim edildi. Həmçinin qərara alındı ki, ərizəyə mahiyyəti üzrə baxılması onun qəbulunun mümkünlüyü məsələsinə baxılması ilə eyni vaxtda həyata keçirilsin (29-cu maddənin 1-ci bəndi).
6. 39-cu Qayda əsasında təyin olunmuş tədbir Məhkəmədə işin icraatı aparıldığı dövrdə ləğv olundu (aşağıda 59-60-cı bəndlərə bax).
7. 25 avqust 2011-ci ildə Məhkəmə öz Bölmələrinin təşkilində dəyişikliklər etdi (Məhkəmə Reqlamentinin 25-ci Qaydası) və bu ərizə yeni təşkil olunmuş Dördüncü Bölmənin icraatına verildi.
8. 30 noyabr 2012-ci ildə Bölmənin sədri öz təşəbbüsü əsasında ərizəçinin kimliyinin anonim qalmasını qərara aldı (Məhkəmə Reqlamentinin 47-ci Qaydasının 3-cü bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
9. Kürd mənşəli ərizəçi 1969-cu ildə Suriyanın şimal-qərbində doğulub və Nikosiyada yaşayır.
A. Ərizəçinin sığınacaq üçün müraciət etməsi və bununla bağlı bütün icraatlar
10. Ərizəçi 21 may 2005-ci ildə Suriyanı tərk etdi və Türkiyəyə, sonra isə "Şimali Kipr Türk Respublikasına" (ŞKTR) yollandıqdan sonra qanunsuz olaraq Kipr ərazisində daxil oldu.
11. O, 12 sentyabr 2005-ci ildə sığınacaq üçün müraciət etdi və 21 iyun 2006-cı ildə Sığınacaq Xidməti tərəfindən onunla müsahibə aparıldı.
12. Onun ərizəsi 21 iyul 2006-cı ildə Sığınacaq Xidməti tərəfindən rədd edildi və belə əsas gətirildi ki, ərizəçi Qaçqınlar haqqında 2000-2005-ci illər Qanununun[1] tələblərinə cavab vermir, yəni irqi, dini, vətəndaşlığı, konkret qrupa mənsubluğu və ya siyasi baxışları səbəbindən təqibə, yaxud digər səbəblərdən ciddi və haqsız ziyana məruz qalacağı ilə bağlı qorxusunun əsaslı olduğunu sübuta yetirməyib. Sığınacaq Xidməti qeyd etdi ki, ərizəçinin faktlar barədə məlumatları arasında uyğunsuzluqlar vardı ki, bu da onun dediklərinə olan inamı sarsıdırdı. Konkret olaraq, onun mənşəyi barədə məlumatlarda əhəmiyyətli ziddiyyətlər vardı. O, həmçinin qeyd etdi ki, ərizəçi müəyyən suallara qaneedici və dəqiq cavablar verməyib, yaxud tələb olunan məlumatları inandırıcı şəkildə təqdim etməyib. Yekunda Sığınacaq Xidməti bu qənaətə gəldi ki, sığınacaq üçün müraciət əsaslandırılmayıb.
13. 1 avqust 2006-cı ildə ərizəçi Qaçqınların şikayətlərinə baxan orqana (bundan sonra "Şikayətlərə baxan orqan" adlandırılacaq) Sığınacaq Xidmətinin qərarından şikayət ərizəsi verdi. 1 fevral 2008-ci ildə ərizə rədd edildi.
14. Şikayətlərə baxan orqan Sığınacaq Xidmətinin qərarını qüvvədə saxladı. O, qərarında qeyd etdi ki, ərizəçinin iddiaları inandırıcı deyil, qeyri-müəyyəndir və əsaslandırılmayıb. Şikayətlərə baxan orqan digər məsələlərlə yanaşı qeyd etdi ki, ərizəçi Sığınacaq Xidmətindəki müsahibə zamanı 1992-ci ildə Suriyanın hərbi təhlükəsizlik qüvvələri tərəfindən tutulduğunu və üç gün həbsdə saxlanıldığını bildirsə də, bundan on üç il sonra ölkəni tərk etməyi qərara alıb. Bu insident istisna olmaqla, o, Suriyanın dövlət orqanları tərəfindən heç vaxt təzyiq və təqiblərə məruz qalmadığını təsdiq edib. Bundan başqa, ərizəçi Sığınacaq Xidmətindəki müsahibədə Suriyada həbsdə olduğu zaman bədəninə elektrik cərəyanı buraxıldığını (elektroşok) və "təkər vasitəsilə" işgəncəyə məruz qaldığını iddia etdiyini bildirsə də, onunla müsahibənin protokolundan belə nəticə çıxırdı ki, o, əslində müsahibədə deyib ki, elektrik kabellərində cərəyan yox idi, ona təkərdən istifadə edilməklə işgəncə verildiyi barədə isə heç nə deməyib. Buna görə də Sığınacaq Xidməti onu tibbi müayinəyə göndərməyi zəruri hesab etməmişdi. Şikayətlərə baxan orqan həmçinin qeyd etdi ki, ərizəçi sadəcə iddia edib ki, 2004-cü ildə Qamışlı hadisələrindən sonra ölkədəki kürd əhalisinə qarşı təzyiqlərin artması və gələcəkdə həbs olunacağından qorxması səbəbindən, eləcə də Yekiti Partiyasının üzvü qismində fəaliyyətləri ucbatından Suriyanı tərk edib. Lakin onun iddiaları ümumi və qeyri-müəyyən sözlərdən ibarət idi. Bundan başqa, onun sığınacaq almaq üçün yazdığı ərizənin əsasını başqa səbəblər təşkil edirdi. Konkret olaraq, ərizəçi öz ərizəsində bildirmişdi ki, Kiprə iş axtarmaq və daha yaxşı yaşayış şəraiti üçün gəlib.
15. Nəhayət, Şikayətlərə baxan orqan qeyd etdi ki, ərizəçi qanuni yolla pasport əldə etmək və Suriyanı tərk etmək imkanına malik olub. Ərizəçinin Suriyada Yekiti Partiyasının fəaliyyətlərində iştirakı ilə bağlı iddialarına gəlincə, Şikayətlərə baxan orqan qeyd etdi ki, bu partiya barədə ərizəçiyə verilmiş suallara onun cavabları olduqca ümumi və qeyri-müəyyən idi.
16. Yekunda Şikayətlərə baxan orqan qərara aldı ki, ərizəçi təqib təhlükəsi altında olduğunu və Suriyaya qayıdacağı təqdirdə həyatının təhlükəyə məruz qalacağını və ya həbsə alınacağını sübuta yetirməyib.
17. Kipr-Kürd Dostluq Assosiasiyasının 22 iyul 2008-ci ildə daxili işlər nazirinə müraciətindən sonra Sığınacaq Xidməti ərizəçi tərəfindən təqdim edilmiş yeni məlumatları araşdırmaq üçün 1 sentyabr 2008-ci ildə ərizəçinin işi üzrə icraatı təzələdi, həmin məlumatlar əsasən onun Kiprdə Yekiti Partiyasının rəhbəri qismində fəaliyyətləri ilə əlaqədar idi. 16 fevral 2009-cu ildə Sığınacaq Xidmətində ərizəçi ilə yenidən müsahibə aparıldı.
18. Hökumətin bildirdiyinə görə, 8 iyun 2010-cu ildə Sığınacaq Xidmətinin əməkdaşı belə bir fikir ifadə edib ki, ərizəçinin təqdim etdiyi məlumatlar onun sığınacaq tələbinin əsasını təşkil edən yeni sübut hesab oluna bilməz. Hökumət bu məsələ ilə bağlı qəbul edilmiş daxili memorandumu təqdim etdi.
19. 11 iyun 2010-cu ildə ərizəçi tutuldu və elə həmin gün onun deportasiyası və həbsə alınması barədə qərarlar qəbul edildi (aşağıda 41-ci bəndə bax).
...
B. Ərizəçinin tutulması və deportasiya məqsədi ilə həbsdə saxlanılması
29. 17 may 2010-cu ildə Yekiti Partiyası və Suriyadan olan digər kürdlər Nikosiyada Avropa Komissiyasının nümayəndəliyinin, Əmək və Sosial Sığorta Nazirliyinin və Hökumət Mətbəəsinin yaxınlığında nümayiş təşkil etdilər. Onlar beynəlxalq müdafiənin təmin edilməsi sahəsində Kipr Sığınacaq Xidmətinin məhdudlaşdırıcı siyasətinə etiraz edirdilər. Suriyadan olan 150-yə yaxın kürd həmin ərazidə sutka boyu qalaraq səkidə səksənə yaxın çadır qurdular. Hökumətin bildirdiyinə görə, çadır düşərgəsinin ətrafında antisanitariya vəziyyəti yaranmışdı və etirazçılar nəqliyyatın və piyadaların hərəkətinə mane olurdular. Çadır düşərgəsi ictimai sağlamlığa qarşı təhlükəyə çevrilmişdi və ictimaiyyətə narahatlıq yaradırdı. Etirazçılar gündəlik işlərini səkidə yerinə yetirir, o cümlədən burada antisanitariya şəraitində yemək bişirir və yuyunurdular. Su gölməçələri böyüyərək narahatlığa səbəb olur və xoşagəlməz qoxu yaradırdı. İctimai ayaqyolular çirklənir və hökumət binalarının zibil qutularından istifadə olunurdu ki, nəticədə daim ətrafı tullantılar bürüyürdü. Bundan başqa, etirazçılar mətbəənin elektrik xətlərindən qanunsuz istifadə edirdilər. Ərazidə yaşayan və ya işləyən ictimaiyyət nümayəndələri dövlət orqanlarına şikayət etmişdilər. Hökumət bildirdi ki, dövlət orqanları etirazçıları ərazini tərk etməyə razı salmağa cəhd göstərmiş, amma cəhdləri boşa çıxmışdı. Nəticədə dövlət orqanları etirazçıları ərazidən çıxarmaq üçün tədbir görməyi qərara aldılar.
30. 28 may 2010-cu ildə daxili işlər naziri təlimat verdi ki, sığınacaq üçün müraciətləri rədd edilmiş Suriya kürdlərinin deportasiyası adi qaydada davam etdirilsin.
31. 31 may 2010-cu ildə nazir polis rəisindən xahiş etdi ki, digər məsələlərlə yanaşı, onun təlimatlarının həyata keçirilməsi üçün tədbir görsün. Bundan başqa, o, səlahiyyətli orqanların ifadə etdiyi bu rəyləri təsdiq etdi ki, sığınacaq üçün müraciətləri rədd edilən, pasportları olan, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs statusuna malik olmayan Suriya kürdləri barəsində deportasiya və həbs qərarları çıxarılmalı və polis bu qərarların icrasına etirazçıların rəhbərlərindən başlamalıdır. Həmçinin polislərə göstəriş verildi ki, bu sahəyə aid siyasətin rəhbər prinsiplərini nəzərə alsınlar və ehtiyatlı həbs metodlarından istifadə etsinlər.
32. Hökumətin bildirdiyinə görə, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və miqrasiya departamenti sığınacaq üçün müraciətləri rədd edilmiş bir çox Suriya kürdlərinə məktublar göndərərək məlumat vermişdi ki, sığınacaq üçün müraciətləri rədd edildiyinə görə Kipri tərk etmək üçün addımlar atmalıdırlar. Hökumət otuz ədəd bu cür məktubun sürətlərini təqdim etdi. On üç halda məktublara 1 iyun 2010-cu il tarixi (sığınacaq məsələsi ilə bağlı bəzi qərarlar hələ 2007-ci ildə qəbul edilmişdi), bir halda isə 9 iyun 2010-cu il tarixi (sığınacaq məsələsi ilə bağlı qərarın qəbulu proseduru 2009-cu ilin sonunda yekunlaşmışdı) qoyulmuşdu. İki digər məktubda 16 iyun 2010-cu il tarixi (sığınacaq məsələsi ilə bağlı prosedurlar 2008-ci ilin əvvəlində yekunlaşmışdı) və 28 iyun 2010-cu il tarixi (sığınacaq məsələsi ilə bağlı prosedurlar 2010-cu ilin martında yekunlaşmışdı) qoyulmuşdu. Bundan başqa, bir məktubda 5 fevral 2011-ci il tarixi qoyulmuşdu, bu halda sığınacaq məsələsi ilə bağlı prosedurlar 22 aprel 2010-cu ildə yekunlaşmış və sözügedən şəxs Suriyaya qayıtmağa könüllü surətdə razılıq vermiş və 24 sentyabr 2010-cu ildə oraya qayıtmışdı.
33. Hökumətin təqdim etdiyi sənədlərdən məlum olur ki, 2010-cu il mayın 31-dən iyunun 7-dək dövlət orqanları ərazini nəzarət altında saxlayıblar və etirazçıların gündəlik fəaliyyətlərini, oraya gələnlərin və gedənlərin hamısını qeydə alıblar. Müvafiq qeydlərdə bildirir ki, gecə saat 1.30-dan 5.30-dək orada bir qayda olaraq ümumən sakitlik olub və keşik çəkənlərdən başqa hamı yatmış olub. Etirazçıları ərazidən çıxarmaq və fərdi qaydada hər birinin statusunu aydınlaşdırmaq məqsədi ilə onları Polisin fövqəladə hallara reaksiya bölməsinin (FHRB) (“ΜΜΑΔ”) qərargahına göndərmək üçün yuxarıda qeyd edilən dövrdə FHRB və bir sıra digər dövlət orqanları, o cümlədən Polisin əcnəbilərlə və immiqrasiya məsələləri ilə əlaqədar bölməsi tərəfindən təşkil olunmuş geniş miqyaslı əməliyyat keçirilib.
34. Bu arada sığınacaq üçün müraciətləri rədd edilmiş qırx beş nəfərin məsələsi araşdırıldıqdan sonra onlar barəsində 2010-cu il mayın 28-dən iyunun 2-dək deportasiya və həbs qərarları qəbul edildi. Əcnəbilərlə və immiqrasiya məsələləri ilə əlaqədar xidmətin direktoruna və Ədliyyə və ictimai qaydanın mühafizəsi nazirliyinə Nikosiya polisinin əcnəbilərlə və immiqrasiya məsələləri ilə əlaqədar rayon bölməsinin göndərdiyi məktublarda hər bir şəxsin immiqrasiya statusu ilə bağlı məlumatların əks olunduğu qısa abzas yer almışdı. Bu məlumatlara Sığınacaq Xidməti tərəfindən sığınacaq üçün müraciətin rədd edildiyi və ya sığınacaq işinə xitam verildiyi tarix, Şikayətlərə baxan orqan tərəfindən şikayətlərin rədd edildiyi tarix və müvafiq şəxslərin bəzilərinin "qadağa siyahısına" salındığı tarix (Kiprə girişi və Kipr ərazisindən çıxması qadağan olunan və ya nəzarətə götürülən şəxslərin qeydiyyat tarixi) daxil idi. Məktublarda tövsiyə olunurdu ki, deportasiya və həbs qərarları qəbul edilsin. Hökumət on üç nəfər barəsində məlumatların əks olunduğu belə məktublardan ikisinin surətini təqdim etdi.
35. 2 iyun 2010-cu ildə Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və miqrasiya departamenti ingilis dilində də məktublar hazırlayaraq müvafiq şəxslərə həbsə alınacaqları və deportasiya olunacaqları barədə məlumat verdi. Hökumət bildirdi ki, həmin vaxt dövlət orqanları etirazçılar arasında bu şəxslərin olub-olmadığından xəbərsiz idilər.
36. Ərazidən çıxarılma əməliyyatı 11 iyun 2010-cu ildə təxminən gecə saat 3 ilə 5 arasında Polisin əcnəbilərlə və immiqrasiya məsələləri ilə əlaqədar bölməsinin, FHRB-nin, Nikosiya rayon polis bölməsinin, Nəqliyyat bölməsinin, Yanğından mühafizə xidmətinin və Kipr polisinin baş idarəsi nəzdində ayrı-seçkiliyə qarşı mübarizə idarəsinin 250-yə yaxın əməkdaşının iştirakı ilə həyata keçirildi. Ərizəçi də daxil olmaqla etirazçılar onlar tərəfindən hər hansı aşkar reaksiya və ya müqavimət olmadan avtobuslara mindirildilər. Gecə saat 3.22-də kişi etirazçıları daşıyan mini-avtobuslar ərazini tərk etdilər. Onların ardınca gecə saat 3.35-də qadınlar, uşaqlar və körpələr ərazidən çıxarıldı. Etirazların keçirildiyi yerdə ümumilikdə 149 nəfər vardı və onlar FHRB-nin qərargahına aparıldılar: onlardan səksən yeddisi kişi, iyirmi ikisi qadın, qırxı isə uşaq idi. Qərargaha çatdıqdan sonra qeydiyyat aparıldı və bir gün öncədən xüsusi olaraq quraşdırılmış kompüterlərdən istifadə edilməklə hər bir şəxsin statusu yoxlanıldı. Hökumət bildirdi ki, bu dövrdə etirazçıların qolları qandallanmamışdı və yaxud onlar kameralara salınmamışdılar, onları bir otağa toplamış, yemək-içməklərini vermişdilər. Hökumətin təqdim etdiyi sənədlərdən məlum olur ki, səhər saat 6.40-da qrupun təxminən yarısının kimliyinin müəyyənləşdirilməsi yekunlaşmış, bütövlükdə əməliyyat isə saat 16.30-da başa çatmışdı.
37. Müəyyən edildi ki, böyüklərdən yetmiş altı nəfər özlərinin otuz uşağı ilə birlikdə Respublika ərazisində qanunsuz qalırlar. Onların ya sığınacaq üçün müraciətləri rədd edilmiş, ya da müsahibəyə gəlmədiklərinə görə onların sığınacaq işinə xitam verilmişdi. Şikayətlərə baxan orqana müraciət edənlərin şikayət ərizələri də rədd edilmişdi. Bəzi yekun qərarlar hələ 2006-cı ildə qəbul edilmişdi. Bir sıra şəxslər dövlət orqanlarının "qadağa siyahısına" salınmışdılar. Onlardan iyirmi üçü barəsində artıq deportasiya qərarı qəbul edilmişdi (yuxarıda 34-cü bəndə bax).
...
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
...
E. Konstitusiyanın müvafiq müddəaları
88. Konstitusiyanın II hissəsində əsas insan hüquqlarını və azadlıqlarını təmin edən müddəalar yer alıb. 11-ci maddə azadlıq və şəxsi toxunulmazlıq hüququnu qoruyur. Həmin maddənin bu işə aidiyyəti olan hissələrində deyilir:
Maddə 11
"1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var.
2. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
...
f) şəxsin Respublika ərazisinə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan əcnəbinin qanuni tutulması və ya həbsə alınması.
3. Ölümlə və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılmalı olan aşkar cinayət törədildiyi təqdirdə qanunla müəyyən olunmuş hallarda və qaydada həbsə alınma istisna olmaqla, heç kəs həbs edilməməlidir, qanunla nəzərdə tutulmuş rəsmiyyətlərə uyğun olaraq qəbul edilən əsaslandırılmış məhkəmə qərarının olduğu hallar istisna təşkil edir.
4. Tutulmuş hər kəsə ona aydın olan dildə tutulmasının səbəbləri barədə tutulduğu anda məlumat verilir və özünün seçdiyi vəkilin xidmətlərindən istifadə etməsinə icazə verilir.
...
7. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs həbsinin qanuniliyi məsələsinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.
8. Bu maddənin müddəalarının pozulması ilə tutulmadan və ya həbsə alınmadan zərər çəkmiş hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var".
F. Digər müvafiq daxili qanunvericilik aktları
1. Polis haqqında Qanun
89. Polis haqqında 2004-cü il tarixli Qanunun (73(I)/2004 saylı Qanun) 24-cü maddəsinin 2-ci bəndi polis nəfərlərinin ümumi səlahiyyətləri və vəzifələri barəsindədir. Həmin bənddə deyilir:
"Hər hansı səlahiyyətli orqan tərəfindən qanuni şəkildə ona verilən bütün əmr və göstərişlərə sözsüz tabe olmaq və onları icra etmək, Kipr Respublikasında ictimai asayişə və təhlükəsizliyə təsir göstərən məlumatları toplamaq və ötürmək, hüquq pozuntularının törədilməsinin və ictimai qaydanın pozulmasının qarşısını almaq, hüquqpozanları aşkar etmək və ədalət mühakiməsinin sərəncamına vermək, qanunla həbsə almaq səlahiyyətinə malik olduğu və həbsi üçün qanuni əsaslar olan hər kəsi həbs etmək hər bir polis nəfərinin vəzifəsidir".
90. Polis haqqında Qanunun 29-cu maddəsinin 1(c) və (d) bəndləri polis nəfərlərinin ictimai yollarda qaydanı qorumaq vəzifəsi barəsindədir. Həmin bənddə deyilir:
"1. Hər bir polis nəfərinin vəzifəsi:
...
c) ictimai yollarda, küçələrdə, yol qovşaqlarında, aeroportlarda, gəmilərin boşaldıldığı yerlərdə və ictimaiyyətin istirahət etdiyi digər yerlərdə və ya ictimaiyyətin girişi üçün açıq olan yerlərdə qaydanı mühafizə etmək; və
d) ictimai yollarda və küçələrdə, yaxud ictimaiyyətin istirahət etdiyi digər yerlərdə və ya ictimaiyyətin girişi üçün açıq olan yerlərdə maneələr yaradıldıqda hərəkəti tənzimləmək və qaydanı mühafizə etməkdir".
2. İctimai yollar haqqında Qanun və İctimai yolların və ictimai yerlərin çirkləndirilməsinin qarşısının alınması haqqında Qanun
91. İctimai yollar haqqında Qanunun 3-cü maddəsində (müvafiq dəyişikliklərlə, Cap. 83), digər məsələlərlə yanaşı, nəzərdə tutulur ki, hər hansı zibili, yaxud digər tullantını və ya əşyanı ictimai yolda qoymaq, yaxud istənilən çirkin, zibilin, yaxud hər hansı xoşagəlməz maddənin və ya əşyanın ictimai yola axıdılmasına, atılmasına və ya qoyulmasına şərait yaratmaq, yaxud da həmin yoldan sərbəst keçməyə maneçilik törətmək azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayət əməlidir (maddə 3).
92. İctimai yolların və ictimai yerlərin çirkləndirilməsinin qarşısının alınması haqqında Qanunun 3-cü maddəsinin 1-ci bəndində (19(I)/92 saylı Qanun, müvafiq dəyişikliklərlə) nəzərdə tutulur ki, hər hansı tullantının, zibilin, çirkin və s.-in ictimai yolda və ya digər ictimai yerdə qoyulması, atılması və ya tərk edilməsi, yaxud onların qoyulmasına, atılmasına və ya tərk edilməsinə imkan verilməsi və ya şərait yaradılması, yaxud ictimai yolda və ya digər ictimai yerdə hərəkət edərkən yuxarıdakı əməllərin hər hansı birinin törədilməsi azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayət əməlidir.
3. Tutulmuş və ya həbsə alınmış şəxslərin hüquqları haqqında Qanun
93. Tutulmuş və ya həbsə alınmış şəxslərin hüquqları haqqında Qanunda (163(I)/2005 saylı Qanun) tutularaq həbsdə saxlanılan şəxslərin hüquqlarını və onlarla rəftarı tənzimləyən bir sıra müddəalar əks olunub. Bu Qanunda, digər məsələlərlə yanaşı, polis tərəfindən tutulmuş şəxsin tutulduqdan dərhal sonra öz seçdiyi vəkilə zəng vurub onunla konfidensial qaydada danışmaq hüququ nəzərdə tutulur (3-cü maddənin 1(a) bəndi).
...
HÜQUQİ MƏSƏLƏLƏR
...
IV. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
172. Ərizəçi daha sonra şikayət etdi ki, həbsi qanunsuz olub və buna görə də Konvensiyanın 5-ci maddəsinin 1(f) bəndi pozulub, həmin maddənin bu işə aidiyyəti olan hissəsində deyilir:
"1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
...
f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması".
A. Tərəflərin arqumentləri
1. Ərizəçi
173. Ərizəçi iddia etdi ki, ... həbsə alınması qanunsuz olub və Konvensiyanın 5-ci maddəsinin 1(f) bəndinə zidd olub. Hər şeydən əvvəl, o, ... ağır cinayət törətməsə də hər halda həbsi barədə qərar olmalı idi, amma qərar olmadan həbsə alınıb. Dövlət orqanları etirazçıların, o cümlədən ərizəçinin bir sıra hüquq pozuntuları törətdiyini, məsələn, İctimai yollar haqqında Qanunu pozduqlarını iddia etsələr də, onları bu əsaslara görə həbsə almayıblar. Bundan başqa, həmin vaxt dövlət orqanları etirazçıların adlarını və kimliklərini bilmirdilər və buna görə də onların Kiprdə qanunsuz qalıb-qalmadıqlarından xəbərdar ola bilməzdilər. Müvafiq olaraq, ərizəçi barəsində deportasiya və həbs qərarları çıxarılana qədər onun tutulması və həbsdə saxlanılması daxili qanunvericiliyin prosessual tələblərinə və Konstitusiyanın 11-ci maddəsinin 3-cü bəndinə uyğun deyildi (yuxarıda 88-ci bəndə bax). Ərizəçi bununla bağlı qeyd etdi ki, Hökumətin qeydlərinə nəzərə salsaq, onun bu dövrdə tutulmasının və həbsdə saxlanılmasının əsasları ümumiyyətlə aydın deyildi.
...
2. Hökumət
177. Hökumət bildirdi ki, etirazçılar idarələrin və ictimai binaların yerləşdiyi ən izdihamlı Nikosiya küçələrinin birində qəbuledilməz vəziyyət yaratmışdılar. Bu, həm ictimaiyyətin, həm də etirazçıların özlərinin sağlamlığına qarşı təhlükə yaradır, nəqliyyatın və piyadaların hərəkətinə maneçilik törədir və ərazidə yaşayan və işləyən ictimaiyyət nümayəndələri arasında xəstəliklərin yayılması təhlükəsini doğururdu və onlar dövlət orqanlarına şikayət etmişdilər. Etirazçılar dövlət orqanları ilə əməkdaşlıqdan imtina etmişdilər və onları inandırmaq cəhdləri nəticə verməmişdi.
178. Dövlət orqanlarının iki yolu var idi: ya etirazların baş verdiyi yerdə müvafiq qanunlara, məsələn, İctimai yollar haqqında Qanuna (müvafiq dəyişikliklərlə, Cap. 83) və İctimai yolların və ictimai yerlərin çirkləndirilməsinin qarşısının alınması haqqında Qanuna (19(I)/92 saylı Qanun, müvafiq dəyişikliklərlə) əsasən (yuxarıda 91-92-ci bəndlərə bax) azadlıqdan məhrumetmə ilə cəzalandırılmalı olan bir sıra aşkar cinayətlər törədildiyinə görə etirazçıları həbs etmək, ya da etirazçıları dinc yolla həmin yerdən kənarlaşdırmaq. Onlar zorakı reaksiyaların və ya toqquşmaların baş verməsi riskinə yol verməmək və hər bir etirazçının immiqrasiya statusunu diqqətlə araşdıra bilmək üçün ikinci yolu seçdilər. Polis tərəfindən hadisə yerində yoxlamaların həyata keçirilməsi mümkün deyildi. Bu qərarı qəbul edərkən polislər onu da nəzərə almışdılar ki, etirazçılar arasında qadınlar və uşaqlar var.
179. Hökumət qeyd etdi ki, 11 iyun 2010-cu ildə polislər etirazçıları, o cümlədən ərizəçini ərazidən kənarlaşdırarkən Polis haqqında Qanunda (73(I)/2004 saylı Qanun, müvafiq dəyişikliklərlə) nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmişdilər və bunda məqsəd, digər məsələlərlə yanaşı, cinayət əməllərinin törədilməsinin və ictimaiyyətə yaradılan narahatlıqların qarşısını almaq, ictimai yollarda, küçələrdə, keçidlərdə və ictimaiyyət üçün açıq olan yerlərdə qaydanı mühafizə etmək, habelə ictimai yollarda, küçələrdə və ictimaiyyət üçün açıq olan digər yerlərdə hərəkətə maneə yaradıldığı təqdirdə qayda-qanunun qorunmasını tənzimləmək idi (yuxarıda qeyd edilən qanunların, müvafiq olaraq, 24-cü maddəsinin 2-ci bəndi və 29-cu maddəsinin 1(c) və (d) bəndi – yuxarıda 89-90-cı bəndlərə bax). Polisin niyyəti etirazçıları dinc yolla ərazidən kənarlaşdırmaqdan və adlarını və statuslarını müəyyənləşdirmək, xüsusən də kimlərin sığınacaq üçün müraciətinin rədd edildiyini və kimlərin Respublika ərazisində qanunsuz yaşadığını aydınlaşdırmaq məqsədi ilə onları dindirmək üçün FHRB-nin qərargahına gətirməkdən ibarət idi. Hökumət hesab etdi ki, etirazçıları küçədən kənarlaşdırmaq üçün aparılan əməliyyatın gedişində onların arasında Suriyadan olan və sığınacaq üçün müraciətləri rədd edildikdən sonra Respublika ərazisində qanunsuz qalan kürdlərin olduğunu müəyyənləşdirməyə cəhd göstərmək tamamilə qanuni hal idi.
180. Hökumət bununla bağlı vurğuladı ki, nə ərizəçi, nə də digər etirazçılar küçədən kənarlaşdırıldıqdan sonra azadlıqdan məhrum edilməmişdilər və o biri etirazçılarla birlikdə FHRB-nin qərargahına gətirilmişdilər. İmmiqrasiya statuslarının müəyyənləşdirilməsi məqsədi ilə qərargahda sənədləri yoxlanıldığı zaman da onlar azadlıqdan məhrum edilməmişdilər. Dövlət orqanları etirazçıları, o cümlədən ərizəçini FHRB-nin qərargahına həbs etmək məqsədi ilə deyil, kimliklərini aydınlaşdırmaq məqsədi ilə gətirilmişdilər (Hökumət bu işə istinad etdi: X. Almaniyaya qarşı, ərizə № 8819/79, Komissiyanın 19 mart 1981-ci il tarixli qərarı, Decisions and Reports (DR) vol. 24, p. 158). Onlar kameralara salınmamış, qolları qandallanmamışdı və yemək-içməkləri verilmişdi. Respublika ərazisində qanuni yaşadığı müəyyənləşdirilmiş şəxslər buraxılaraq evlərinə getmişdilər. Qalanları isə həbs olunmuşdular. Ərizəçinin həbsi Respublika ərazisində qanunsuz qalmaqdan ibarət aşkar cinayətdə ittiham olunduğu andan başlamış və bu əsasa görə də o, həbsdə saxlanılmışdı.
...
B. Məhkəmənin qiymətləndirməsi
...
1. Ərizəçinin 11 iyun 2010-cu ildə FHRB-nin qərargahına gətirilməsi və orada qalması
a) Şikayətin qəbulunun mümkünlüyü məsələsi
185. Məhkəmə qeyd edir ki, bu dövrdə ərizəçinin vəziyyətinin praktiki olaraq azadlıqdan məhrum edilməyə bərabər olub-olmaması məsələsində tərəflər arasında fikir ayrılığı var. Hökumət ərizəçinin arqumentlərini və müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin tətbiqinin mümkünlüyünü şübhə altına alır.
186. "Azadlıq hüququnu" bəyan edən 5-ci maddənin 1-ci bəndi şəxsin fiziki azadlığına aiddir. Onun məqsədi heç kəsin qanunsuz həbs olunmamasını təmin etməkdir. Hər hansı şəxsin 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada "azadlıqdan məhrum" edilib-edilmədiyini müəyyənləşdirərkən başlanğıc nöqtəsi kimi onun konkret situasiyası götürülməli və bir sıra meyarlar, məsələn, sözügedən tədbirin növü, müddəti, nəticələri və həyata keçirilmə üsulu nəzərə alınmalıdır. Azadlıqdan məhrum edilmə ilə azadlığın məhdudlaşdırılması arasında fərq müvafiq tədbirlərin xarakteri və ya mahiyyəti arasındakı fərqdə deyil, sadəcə onların dərəcəsi və ya intensivliyi arasındakı fərqdədir (bir çox digər qərarlar arasında bax: Ostin və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizələr № 39692/09, 40713/09 və 41008/09, 57-ci bənd, 15 mart 2012-ci il; Stanevin işi üzrə yuxarıda qeyd edilən qərar, 115-ci bənd, 17 yanvar 2012-ci il; Medvedyev və başqaları Fransaya qarşı [BP], ərizə № 3394/03, 73-cü bənd, ECHR 2010; və Qutsardi İtaliyaya qarşı, 6 noyabr 1980-ci il, 92-93-cü bəndlər). Aydın məsələdir ki, azadlıqdan məhrum edilmənin baş verib-vermədiyi xeyli dərəcədə işin konkret hallarından asılıdır (misal üçün bax: Ostinin işi üzrə yuxarıda qeyd edilən qərar, 61-ci bənd).
187. Konvensiyada nəzərdə tutulmuş hüquqların pozuntusunun baş verib-vermədiyini müəyyənləşdirərkən çox vaxt zahiri görüntü ilə kifayətlənməmək və işlədilmiş ifadələrə və situasiyanın reallıqlarına nəzər salmaq lazımdır (məsələn, 5-ci maddənin 1-ci bəndi ilə bağlı bu işlərə bax: Kreanqa Rumıniyaya qarşı [BP], ərizə № 29226/03, 91-ci bənd, 23 fevral 2012-ci il; və Van Droogenbruk Belçikaya qarşı, 24 iyun 1982-ci il, 38-ci bənd, A seriyaları, № 50). Dövlət tərəfindən faktiki vəziyyətin azadlıqdan məhrum edilmə kimi xarakterizə olunması və ya olunmaması Məhkəmənin azadlıqdan məhrum edilmənin baş verib-vermədiyi qənaətinə gəlməsinə təsir göstərə bilməz.
188. Məhkəmə qeyd edir ki, Komissiya tərəfindən baxılmış işlərdə fərdlərin polis bölmələrinə gətirilməsinin məqsədi və ya müvafiq tərəflərin oranı tərk etmələrinə icazə verilməməsi faktı həlledici amillər hesab olunub. Belə ki, dindirilmək üçün polis bölməsində qapalı yerə salınmadan iki saat vaxt keçirmiş uşaqlar (bax: X Almaniyaya qarşı iş üzrə yuxarıda qeyd edilən qərar, ərizə № 8819/79), yaxud humanist məqsədlər üçün polis bölməsinə gətirilən və bölmənin binasında sərbəst hərəkət etmək imkanına malik olan, amma oranı tərk etməsi barədə göstəriş verilməyən ərizəçi (bax: Quenat İsveçrəyə qarşı (qərardad), ərizə № 24722/94, Komissiyanın 10 aprel 1995-ci il tarixli qərarı) azadlıqdan məhrum edilmiş hesab olunmayıblar. Eynilə, Komissiya məhkəmə iclasında iştirak edən ərizəçinin məhkəmə zalını tərk etmək niyyətində olmaması faktına həlledici əhəmiyyət verib (bax: E.G. Avstriyaya qarşı, ərizə № 22715/93, Komissiyanın 15 may 1996-cı il tarixli qərarı).
189. O vaxtdan bəri presedent hüququ təkamülə uğrayıb, belə ki, ərizəçiləri azadlıqdan məhrum etmək üçün dövlət orqanları tərəfindən görülən tədbirlərin məqsədi, görünür, azadlıqdan məhrum edilmənin baş verib-vermədiyinin Məhkəmə tərəfindən qiymətləndirilməsində artıq həlledici amil sayılmır. İndiyə qədər Məhkəmə bunu yalnız apardığı təhlilin son mərhələsində, yəni nəzərdən keçirilən tədbirin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğunluğunu araşdırdığı zaman nəzərə alıb (bax: Kreanqanın işi üzrə yuxarıda qeyd edilən qərar, 93-cü bənd; Osipenko Ukraynaya qarşı, ərizə № 4634/04, 51-65-ci bəndlər, 9 noyabr 2010-cu il; Salayev Azərbaycana qarşı, ərizə № 40900/05, 41-42-ci bəndlər, 9 noyabr 2010-cu il; İliya Stefanov Bolqarıstana qarşı, ərizə № 65755/01, 71-ci bənd, 22 may 2008-ci il; və Soare və başqaları Rumıniyaya qarşı, ərizə № 24329/02, 234-cü bənd, 22 fevral 2011-ci il).
190. Bundan başqa, Məhkəmə 5-ci maddənin 1-ci bəndinin çox qısa müddətə azadlıqdan məhrum edilmə hallarına da tətbiq edilməsinin mümkünlüyü barədə özünün bərqərar olmuş presedent hüququnu bir daha xatırladır (bir çox qərarlar arasında bax: Breqa və başqaları Moldovaya qarşı, ərizə № 61485/08, 43-cü bənd, 24 yanvar 2012-ci il; Şimovolos Rusiyaya qarşı, ərizə № 30194/09, 48-50-ci bəndlər, 21 iyun 2011-ci il; İskəndərov Rusiyaya qarşı, ərizə № 17185/05, 140-cı bənd, 23 sentyabr 2010-cu il; Rantsev Kiprə və Rusiyaya qarşı, ərizə № 25965/04, 317-ci bənd, ECHR 2010, çıxarışlar; və Foka Türkiyəyə qarşı, ərizə № 28940/95, 75-ci bənd, 24 iyun 2008-ci il).
191. Hazırkı işin faktlarına qayıdaraq Məhkəmə qeyd edir ki, əldə olunmuş məlumatlara görə, etiraz yerindən etirazçıları kənarlaşdırmaq üçün 11 iyun 2010-cu ildə gecə saat 3-də 250-yə yaxın polis əməkdaşının iştirakı ilə geniş miqyaslı əməliyyat keçirilib (yuxarıda 36-cı bəndə bax). Ərizəçi və digər 148 etirazçı avtobuslara mindirilib və FHRB-nin qərargahına aparılıb və kimliklərinin müəyyənləşdirilməsi və immiqrasiya statuslarının aydınlaşdırılması üçün bir neçə saat orada saxlanılıblar.
192. Məhkəmə bununla bağlı qeyd edir ki, birincisi, Ostinin işində Məhkəmənin araşdırdığı müstəsna hallardan (yuxarıda qeyd edilən həmin işin 66-cı və 68-ci bəndlərinə bax) fərqli olaraq, hazırkı işdə polislərin etiraz yerində zorakı iğtişaşların baş verəcəyi, yaxud da insanlara və ya mülkiyyətə ciddi xəsarət yetiriləcəyi ilə bağlı real və birbaşa risk yaradan qeyri-müəyyən və ya təhlükəli situasiya ilə üzləşdiklərini göstərən heç bir sübut yoxdur.
193. İkincisi, etirazçılar tərəfindən heç bir müqavimət göstərilmədiyi görünsə də, demək olmaz ki, yaranmış vəziyyətdə onlar real seçim imkanına malik idilər və avtobuslara könüllü surətdə mindirilmiş və polis bölməsinin binasında könüllü surətdə qalmışdılar. Məhkəmə bununla bağlı qeyd edir ki, əməliyyat gecə saat 3-də, eitazçıların çoxu yatmış olduqları zaman baş vermişdi (yuxarıda 36-cı bəndə bax). Əməliyyatın xarakterini, miqyasını və məqsədini, həyata keçirilmə üsulunu və bütövlükdə dövlət orqanları tərəfindən görülmüş tədbirləri nəzərə alsaq, etitrazçıların avtobuslara minməkdən imtina etmək və ya polis qərargahını sərbəst surətdə tərk etmək imkanına malik olduqlarını güman etmək qeyri-real olardı. Hökumət bunun belə olmadığını göstərən heç nə təqdim etməyib. Aydındır ki, əməliyyatın məqsədi həm də ölkədə qanunsuz qalan etirazçıları deportasiya etmək niyyəti ilə onları müəyyənləşdirmək idi. Yalnız Kiprdə qanuni yaşadıqları müəyyən edilmiş şəxslər binanı tərk edə bilərdilər. Şübhəsiz ki, burada məcburiyyət elementi vardı və o, Məhkəmənin rəyinə görə, 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada azadlıqdan məhrum edilmənin baş verdiyini göstərirdi. Nəzərdən keçirilən dövrdə heç kəsin qandallanmaması, kameraya salınmaması və ya fiziki cəhətdən hər hansı digər məhdudiyyətlərə məruz qalmaması faktı azadlıqdan məhrum edilmənin mövcudluğunun müəyyənləşdirilməsində həlledici amil təşkil etmir (bax: I.I. Bolqarıstana qarşı, ərizə № 44082/98, 87-ci bənd, 9 iyun 2005-ci il; və Osipenkonun işi üzrə yuxarıda qeyd edilən qərar, 32-ci bənd).
194. Məhkəmə bu məsələ ilə bağlı həmçinin "ehtiyatlı həbs metodlarından" istifadə etmək barədə polisin aldığı təlimatları qeyd edir (yuxarıda 31-ci bəndə bax).
195. Belə olan halda Məhkəmə hesab edir ki, ərizəçinin FHRB-nin qərargahına aparılması və nəzərdən keçirilən müddətdə orada qalması faktiki olaraq 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada azadlıqdan məhrum edilməyə bərabər idi və həmin bəndin müddəaları mahiyyət meyarına görə (ratione materiae) hazırkı işə tətbiq edilə bilər.
196. Bundan başqa, Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O, daha sonra qeyd edir ki, bu şikayət hər hansı digər əsaslara görə də qəbul olunmayan deyil. Buna görə də o, qəbul olunan elan edilməlidir.
b) Şikayətin mahiyyəti
197. İndi Məhkəmə müəyyən etməlidir ki, ərizəçinin həbsi 5-ci maddənin 1-ci bəndinə uyğun idimi? O, bir daha bildirir ki, nəzərdən keçirilən həbsin bu bəndə uyğun sayılması üçün o, ilk növbədə "qanuni" olmalıdır. Buraya həbs zamanı qanunla nəzərdə tutulan qaydaya riayət edilməsi də daxildir. Bununla bağlı Məhkəmə mahiyyət etibarı ilə milli qanunvericiliyə istinad edir və həmin qanunvericiliyin substantiv (maddi-hüquqi) və prosessual normalarına riayət etmək öhdəliyini müəyyən edir (bax: Benhem Birləşmiş Krallığa qarşı, 10 iyun 1996-cı il, 40-cı bənd, Reports 1996‑III). Lakin həbsin daxili qanunvericilikdə nəzərdə tutulmuş "qanuniliyi" heç də həmişə həlledici element olmur. Məhkəmə bundan əlavə əmin olmalıdır ki, nəzərdən keçirilən müddətdə həbsdə saxlanılma Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin məqsədinə uyğundur, həmin məqsəd isə şəxslərin özbaşına azadlıqdan məhrum edilməsinin qarşısını almaqdan ibarətdir.
198. Bundan başqa, Məhkəmə müəyyənləşdirməlidir ki, daxili qanunvericiliyin özü Konvensiyaya, o cümlədən orada ifadə edilən və ya nəzərdə tutulan prinsiplərə uyğundurmu? Bu sonuncu məsələ ilə bağlı Məhkəmə vurğulayır ki, söhbət azadlıqdan məhrum edilmədən gedirsə, ümumi prinsip olan hüquqi müəyyənlik prinsipinə riayət edilməsi xüsusilə vacibdir. Buna görə də azadlıqdan məhrum edilmənin şərtlərinin daxili qanunvericilikdə aydın şəkildə müəyyən edilməsi və qanunun tətbiq edildiyi hərəkətlərin nəticələrini öncədən görməyin mümkün olması önəmlidir (bax: Zervudatski Fransaya qarşı, ərizə № 73947/01, 43-cü bənd; və Baranovski Polşaya qarşı,[2] ərizə № 73947/01, 50‑52-ci bəndlər, ...).
199. Hazırkı işdə Hökumət bildirdi ki, nəzərdən keçirilən müddətdə digər etirazçılarla yanaşı ərizəçi də azadlıqdan məhrum edilməmişdi (yuxarıda 180-ci bəndə bax). Bu baxımdan belə məlum olur ki, Hökumət dövlət orqanlarının hərəkətlərinə dair izahat versə də, azadlıqdan məhrumetmənin hüquqi əsası qismində hər hansı konkret hüquq normasına istinad etməyib.
200. Konkret olaraq bu məsələ ilə bağlı Hökumət bildirdi ki, dövlət orqanları etirazçıları dinc yolla ərazidən kənarlaşdırmaq üsulunu seçiblər, polislər isə, digər məsələlərlə yanaşı, ictimai yollarda və ictimai yerlərdə müəyyən cinayət əməllərinin törədilməsinin və ictimaiyyətə narahatçılıq yaradılmasının qarşısını almaq və ictimai qaydanı qorumaq məqsədi ilə Polis haqqında Qanunda nəzərdə tutulmuş vəzifələrini yerinə yetiriblər (yuxarıda 89-90-cı bəndlərə bax). Hökumətin istinad etdiyi konkret normalar polis əməkdaşlarının qanunla həbsə almaq səlahiyyətinə malik olduqları şəxsləri həbs etmək və ictimai yollarda qaydanı mühafizə etmək və hərəkəti tənzimləmək səlahiyyətləri və vəzifələri barəsindədir, amma Hökumət iddia etməyib ki, ərizəçini və digər etirazçıları həbs etmək məqsədi ilə bu səlahiyyətlərin hər hansı birindən həqiqətən istifadə edilib.
201. Eyni zamanda, Hökumət bildirdi ki, əməliyyatın məqsədi həm də etirazçıların kimliyini müəyyənləşdirməkdən və onların hüquqi statusunu aydınlaşdırmaqdan ibarət idi. Dövlət orqanları şübhələnirdilər ki, bir sıra etirazçılar sığınacaq üçün müraciətləri rədd edilmiş şəxslərdir və buna görə də onlar ölkədə qalması "qadağan olunmuş immiqrantlardır", amma belə hesab etdilər ki, zorakı reaksiyaya səbəb olmadan hadisə yerində araşdırma aparmaq mümkün deyil. Nəticədə bütün etirazçılar kimliklərinin müəyyənləşdirilməsi və qanunsuz immiqrant olub-olmadıqlarının təyin edilməsi məqsədi ilə FHRB-nin qərargahına aparıldılar. Lakin Hökumət bu səbəbdən azadlıqdan məhrumetmənin baş verdiyini etiraf etmədi.
202. Məhkəmə Kiprin dövlət orqanlarının düşdüyü vəziyyətin çətinliyini və operativ qərarın qəbul edilməli olduğu situasiyanın mürəkkəbliyini anlayır. Lakin bu, hər hansı aydın hüquqi əsas olmadan azadlıqdan məhrumetməyə səbəb olmuş tədbirlərin qəbul edilməsinə haqq qazandıra bilməz.
203. Buradan belə nəticə çıxır ki, nəzərdən keçirilən müddətdə ərizəçinin azadlıqdan məhrum edilməsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd idi. Beləliklə, bu bəndin pozuntusu baş verib.
...
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Konvensiyanın ... 5-ci maddəsinin 1-ci bəndinə ... aid şikayəti qəbul olunan elan edir...
...
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 23 iyul 2013-cü ildə qərar barədə yazılı məlumat verilib.
İneta Ziemele (Ineta Ziemele)
Sədr
Fatoş Aracı (Fatoş Aracı)
Katib mavini
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Qaçqınlar haqqında Qanun (6(I)/2000 saylı Qanun; bu Qanuna 2005-ci ilədək dəyişikliklər edilib); aşağıda 74-cü bəndə bax.
[2] Redaktə edənin qeydi: Baranovski Polşaya qarşı, ərizə № 28358/95, 68-ci bənd, ECHR 2000‑III.
Full & Egal Universal Law Academy