© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
M.A. Kiprə qarşı – ərizə № 41872/10
23.7.2013 tarixli qərar [IV Bölmə]
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Azadlıqdan məhrum edilmə
Ölkədə qanunsuz yaşayanların müəyyənləşdirilməsi və deportasiya olunması məqsədi ilə immiqrantlar qrupunun polis qərargahına aparılması və orada saxlanılması: pozuntu baş verib
Maddə 13
Səmərəli hüquqi müdafiə vasitəsi
Deportasiya qərarının icrasını avtomatik dayandıran qüvvəyə malik hüquqi müdafiə vasitəsinin olmaması: pozuntu baş verib
4 saylı Protokolun 4-cü maddəsi
Əcnəbilərin ölkədən kollektiv surətdə çıxarılmasının qadağan olunması
Fərdi deportasiya qərarlarında analoji ifadələrin yer alması və immiqrantlar qrupu barəsində həmin qərarların onların hər birinin sığınacaq üçün müraciətinə baxılması prosesi yekunlaşdıqdan sonra qəbul edilməsi: pozuntu baş verməyib
Faktlar – Kürd mənşəli Suriya vətəndaşı olan ərizəçi 2005-ci ildə Suriyanı tərk etdi və Kiprdə sığınacaq almaq üçün müraciət etdi, amma cəhdi uğursuz oldu. Yeni məlumatların alınması ilə əlaqədar olaraq onun işinin icraatı 2008-ci ildə sığınacaq xidməti tərəfindən təzələndi. 2010-cu ildə sığınacaq işinin icraatı hələ davam etdiyi müddətdə ərizəçi Hökumətin sığınacaq siyasətinə qarşı təşkil edilən sutka boyu etiraz aksiyasına qoşuldu. Dövlət orqanları antisanitariya şəraitinin olduğunu, elektrik enerjisindən qanunsuz istifadə edildiyini və ictimaiyyət nümayəndələrindən şikayətlər daxil olduğunu qeyd edərək etirazçıları ərazidən çıxarmağı qərara aldılar. 2010-cu ilin iyununda səhər açılmamış 250 polis əməkdaşı etirazçıların çadır düşərgəsinə həmlə etdilər, onları yaxınlıqda gözləyən avtobuslara mindirdilər və immiqrasiya statuslarını müəyyənləşdirmək məqsədi ilə polis qərargahına apardılar. Qaçqın və ya həqiqətən sığınacaq axtaran olduğu müəyyən edilən şəxslərin getməsinə icazə verildi. Ölkədə qanunsuz qalanlar isə deportasiya məqsədi ilə həbs olundular. Həmin gün 22 etirazçı deportasiya olundu, ərizəçi də daxil olmaqla digər 44 nəfər isə ölkədə qanunsuz qalmaqda ittiham olundular və Kiprdəki saxlanma mərkəzlərinə göndərildilər. Ərizəçi dövlət orqanları tərəfindən Respublika ərazisində qanunsuz qalan şəxs hesab edildi və onun sığınacaq işinin icraatının davam etməsinə baxmayaraq, barəsində deportasiya və həbs qərarları qəbul olundu. Ertəsi gün ərizəçi və kürd mənşəli digər 43 şəxs Avropa Məhkəməsinə 39-cu Qayda əsasında müvəqqəti tədbirlərin tətbiq edilməsi üçün müraciət etdilər. Məhkəmə Kipr Hökumətinə bildirdi ki, o, bu şəxslərin iddiaları ilə bağlı bütün sənədləri almaq və araşdırmaq imkanı əldə edənə qədər onlar deportasiya olunmamalıdırlar. 2010-cu ilin avqustunda daxili işlər naziri ərizəçinin kürd mənşəli potensial immiqrantlardan Kiprdə onlara yaşayış və iş icazəsi almaq müqabilində pul aldığı barədə məlumatlara istinadən ərizəçini ictimai qaydanın qorunması mülahizələri əsasında qanunsuz immiqrant elan etdi. Bunun əsasında yeni deportasiya və həbs qərarları qəbul edildi və əvvəlki qərarlar ləğv olundu. Ərizəçi barəsində 39-cu Qayda əsasında təyin olunmuş müvəqqəti tədbirə Avropa Məhkəməsi 2010-cu ilin sentyabrında yenidən baxdı və onu qüvvədə saxladı. Ərizəçi həbsinin qanuniliyi məsələsinin yoxlanılması üçün daxili məhkəmələrə şikayət etdi. Son nəticədə 2012-ci ildə onun Ali Məhkəməyə şikayəti rədd edildi, çünki bu arada o, 2011-ci ilin mayında qaçqın statusu aldıqdan sonra azadlığa buraxılmışdı.
Hüquqi məsələlər – 2-ci və 3-cü maddələr: Ərizəçiyə qaçqın statusu verildi və o, daha Suriyaya deportasiya olunmaq təhlükəsi altında deyildi və buna görə də bu maddələrdə nəzərdə tutulmuş hüquqlarının pozulmasının qurbanı olduğunu iddia edə bilməzdi.
Nəticə: şikayət qəbul olunan deyil (şikayət şəxs meyarına görə (ratione personae) qəbuledilməzdir).
2-ci və 3-cü maddələrlə birgə götürülməklə 13-cü maddə üzrə şikayət: Ərizəçinin 2-ci və 3-cü maddələr üzrə şikayəti əsaslı idi, buna görə də o, 13-cü maddəyə istinad edə bilərdi. Ona qaçqın statusunun verilməsi barədə qərar onun deportasiya olunması riskini aradan qaldırsa da, şikayəti ilə bağlı məhkəmə icraatlarının səmərəsiz olduğu barədə onun iddiaları qəbul olunmamış və kompensasiya tələbləri təmin edilməmişdi. Buna görə də o, bu şikayəti ilə bağlı hələ də "qurban" hesab edilməli olduğunu iddia edə bilər.
Əgər şikayət ərizəsində iddia edilirsə ki, ərizəçi ölkədən çıxarılacağı təqdirdə 2-ci və ya 3-cü maddəyə zidd olan rəftara məruz qalacağı ilə bağlı real təhlükə ilə üzləşəcək, o halda səmərəli hüquqi müdafiə vasitəsi o vasitə sayıla bilər ki, Konvensiyaya zidd olan və nəticələrini sonradan düzəltmək mümkün olmayan tədbirlərin icrasının qarşısını ala bilsin; belə hallarda milli hakimiyyət orqanı tərəfindən ciddi araşdırma aparılması, məsələyə xüsusilə operativ reaksiya verilməsi və araşdırmanın ölkədən çıxarılma qərarının icrasını avtomatik olaraq dayandıran qüvvəyə malik olması tələb olunur. Deportasiya və həbs qərarları qəbul edilərkən ərizəçinin işinə sığınacaq xidməti tərəfindən hələ baxılırdı və daxili qanunvericiliyə əsasən, bu, xarakterinə görə dayandırıcı qüvvəyə malik prosedur idi. Buna görə də həmin vaxt ərizəçinin Kiprdə qalması qanuni idi və o, deportasiya oluna bilməzdi. Lakin sığınacaq işinin icraatı davam etsə də, deportasiya qərarı bir neçə ay qüvvədə qaldı və onun Suriyaya deportasiya olunmamasının yeganə səbəbi 39-cu Qaydanın tətbiq edilməsi idi. Hökumətin etiraf etdiyi kimi, bu vəziyyət dövlət orqanlarının səhvi nəticəsində yaranmışdı. Bu səhvi məhkəmə qaydasında aradan qaldırmaq üçün heç bir daxili hüquqi müdafiə vasitəsi yox idi. Bundan başqa, ərizəçinin hüquqa zidd deportasiyadan müdafiəsi üçün səmərəli təminatlar yox idi. Konkret olaraq, deportasiya qərarının ləğvi üçün Ali Məhkəməyə müraciət edilməsi və deportasiyanın dayandırılması üçün müvəqqəti qərarın qəbulu barədə ərizə verilməsi avtomatik dayandırıcı qüvvəyə malik deyildi. Sonuncu vasitənin "praktikada" dayandırıcı qüvvəyə malik olduğu barədə Hökumətin iddiasına gəlincə, 13-cü maddənin və Konvensiyanın digər müddəalarının tələblərinin yerinə yetirilməsi sadəcə niyyət və ya praktiki addımlar barədə bəyanatlar formasında deyil, təminatlar formasında olmalıdır. Xülasə, ərizəçi 2-ci və 3-cü maddələr üzrə şikayəti ilə əlaqədar səmərəli hüquqi müdafiə vasitəsinə malik deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
(Bu məsələ ilə bağlı bu qərarlara bax: Gebremedhin [Gaberamadhien] Fransaya qarşı, ərizə № 25389/05, 26 aprel 2007-ci il, 96 saylı Məlumat bülleteni; və De Souza Ribeyro Fransaya qarşı [BP], ərizə № 22689/07, 13 dekabr 2012-ci il, 158 saylı Məlumat bülleteni).
5-ci maddənin 1-ci bəndi: Ərizəçinin həbsinin qanuniliyi məsələsini qiymətləndirmək üçün Məhkəmə üç fərqli mərhələni müəyyən etdi.
Birincisi, etirazçıların polis qərargahına aparılmasına gəlincə, onlar avtobuslara minmək və polis bölməsinin binasında qalmaq məsələsində könüllü seçim imkanına malik deyildilər. Polis əməliyyatının xarakterini, miqyasını və məqsədini və səhər açılmamış həyata keçirildiyini nəzərə alsaq, bu, faktiki olaraq azadlıqdan məhrum edilmə idi. Azadlıqdan məhrum edilmənin hüquqi əsasında gəlincə, Hökumət polislərin qanunla həbsə almaq səlahiyyətinə malik olduqları şəxsləri həbs etmək və ictimai yollarda qaydanı mühafizə etmək və hərəkəti tənzimləmək səlahiyyətlərinə və vəzifələrinə istinad etdi. Amma o, ərizəçini həbs etmək məqsədi ilə bu səlahiyyətlərin hər hansı birindən həqiqətən istifadə edildiyini iddia etmədi. Aydındır ki, əməliyyatın məqsədi həm də ölkədə qanunsuz qalan etirazçıları deportasiya etmək niyyəti ilə onları müəyyənləşdirmək idi. Dövlət orqanları hesab etdilər ki, zorakı reaksiyaya səbəb olmadan hadisə yerində araşdırma aparmaq mümkün deyil və buna görə də etirazçıları polis qərargahına apardılar. Məhkəmə Kiprin dövlət orqanlarının düşdüyü vəziyyətin çətinliyini və operativ qərarın qəbul edilməli olduğu situasiyanın mürəkkəbliyini anlasa da, bu, hər hansı aydın hüquqi əsas olmadan azadlıqdan məhrumetməyə səbəb olmuş tədbirlərə haqq qazandıra bilməzdi. Buna görə də gəmin dövrdə ərizəçinin azadlıqdan məhrum edilməsi 5-ci maddənin 1-ci bəndinə zidd idi.
İkincisi, ərizəçinin 2010-cu ilin iyununda qəbul edilmiş deportasiya və həbs qərarları əsasında həbsə alınması qanunsuz idi, çünki o, həmin vaxt sığınacaq üçün müraciətinə yenidən baxılması ilə əlaqədar olaraq ölkədə qanuni əsasda yaşadığına görə bu qərarlar səhvən qəbul edilmişdi.
Nəhayət, üçüncüsü, 2010-cu ilin avqustundan 2011-ci ilin mayınadək ərizəçinin həbsdə saxlanılması məsələsində qanunla müəyyən olunmuş qaydaya riayət edilməmişdi, belə ki, daxili qanunvericiliyə uyğun olaraq ona yeni deportasiya və həbs qərarları barədə bildiriş verilməmişdi.
Ümumiyyətlə, bütövlükdə 2010-cu ilin avqustundan 2011-ci ilin mayınadək ərizəçinin həbsdə saxlanılması 5-ci maddənin 1-ci bəndinin pozuntusu idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
(Bax: Ostin və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizələr № 39692/09, 40713/09 və 41008/09, 15 mart 2012-ci il, 150 saylı Məlumat bülleteni; və Medvedyev və başqaları Fransaya qarşı [BP], ərizə № 3394/03, 29 mart 2010-cu il; 128 saylı Məlumat bülleteni).
4 saylı Protokolun 4-cü maddəsi: Müvafiq şəxslərin hamısının işinə fərdi qaydada baxılmışdı. Konkret olaraq, onların sığınacaq üçün ərizələrinə fərdi qaydada beş ildən artıq müddət ərzində baxılmışdı. Qərardan şikayət edənlərin şikayətlərinə fərdi qaydada baxılmış və şikayətləri rədd edilmişdi. Sığınacaq məsələlərinə baxan orqanlar müvafiq şəxslərə ayrıca məktublar göndərərək onlara müvafiq qərarlar barədə məlumat vermişdilər. Dövlət orqanları qərarları qəbul etməzdən əvvəl hər bir fərdin şəxsiyyəti ilə bağlı məlumatları yoxlamış və hər bir şəxs barəsində ayrıca deportasiya və həbs qərarları qəbul etmişdilər. Həmçinin həbsə alınmış şəxsləri dövlət orqanlarının həbs və deportasiya qərarları barədə məlumatlandıran fərdi məktublar hazırlanmışdı. Ərizəçi də daxil olmaqla etirazçıların polis qərargahına birlikdə aparılması və bəzilərinin qrup halında deportasiya olunması, yaxud deportasiya qərarlarında və məktublarında oxşar ifadələrdən istifadə edilməsi və bu səbəbdən sığınacaq məsələsi barədə qərarlara konkret istinad edilməməsi özlüyündə bu tədbirin Məhkəmənin presedent hüququnda nəzərdə tutulan mənada kollektiv şəkildə tətbiq edildiyini göstərmirdi. Ərizəçi də daxil olmaqla müvafiq şəxslərin bəzilərinin statusu ilə əlaqədar olaraq səhvə yol verilsə də, bu fakt, nə qədər uğursuz olsa belə, onların kollektiv surətdə ölkədən çıxarıldığını göstərən fakt hesab oluna bilməzdi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
(Həmçinin bax: Konka Belçikaya qarşı, ərizə № 51564/99, 5 fevral 2002-ci il, 39 saylı Məlumat bülleteni).
Məhkəmə həmçinin 5-ci maddənin 2-ci bəndinin və 5-ci maddənin 4-cü bəndinin (həbsin qanuniliyi məsələsinə təxirə salınmadan baxılması) pozulmadığını müəyyən etdi.
Maddə 41: Mənəvi ziyana görə 10.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy