Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 23
Oktyabr 2000-ci il
***
Maauyya (Maaouia) Fransaya qarşı [BP] – ərizə № 39652/98
5.10.2000 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
Əcnəbi vətəndaş barəsində ölkədən çıxarılma qərarının ləğv edilməsi üçün verilmiş vəsatətə dair məhkəmə icraatı: 6-cı maddə bu işə tətbiq edilə bilməz
Faktlar: Tunis vətəndaşı olan ərizəçi 1980-ci ildə iyirmi iki yaşında ikən Fransa ərazisinə gəlmiş, 1992-ci ildə Fransa vətəndaşı ilə nikah bağlamış və doqquz il onunla birgə yaşamışdı. 1988-ci ildə Alp-Maritim Andlılar Məhkəməsi onu 1985-ci ildə törədilmiş cinayətlərə görə altı il müddətinə azadlıqdan məhrum etdi. O, 1990-cı ilin aprelində azadlığa buraxıldı. 1991-ci ilin avqustunda onun barəsində deportasiya qərarı çıxarıldı, amma inzibati rəsmiyyətlər üzrə mərkəzdə öz immiqrasiya statusunu nizamlamağa cəhd etdiyi 6 oktyabr 1992-ci il tarixində həmin qərarın ona təqdim edildiyi anadək onun bu qərarın mövcudluğundan xəbəri yox idi. Ərizəçi Fransanı tərk etməkdən imtina etdi və deportasiya qərarını yerinə yetirməkdən imtina etdiyinə görə barəsində cinayət təqibi başlandı. 1992-ci ilin noyabrında Nitsa Cinayət Məhkəməsi onu bir il azadlıqdan məhrumetmə cəzasına məhkum etdi və onun Fransa ərazisindən xaric edilərək on il ərzində buraya gəlməsini qadağan edən qərar çıxardı. Qərar 1997-ci ilin aprelində qüvvəyə mindi. Bu arada, 1992-ci ilin dekabrında ərizəçi deportasiya qərarına məhkəmə nəzarəti qaydasında yenidən baxılması üçün inzibati məhkəmələrə müraciət etdi. 1994-cü ilin martında qüvvəyə minmiş qərarla Nitsa İnzibati Məhkəməsi deportasiya qərarını ləğv etdi və digər səbəblərlə yanaşı belə əsas gətirdi ki, ərizəçiyə Deportasiya Şurasındakı iclasda iştirak etməsini tələb edən heç bir bildiriş verilməyib. İnzibati Məhkəmənin qərarına əsaslanaraq ərizəçi ölkədən çıxarma qərarının ləğv edilməsi üçün 12 avqust 1994-cü ildə Eks-an-Provans Apellyasiya Məhkəməsi yanında Baş prokurorluğa vəsatət verdi. Vəsatəti müəyyən müddət ərzində baxılmamış qaldığına görə 1995-ci ilin iyulunda ərizəçi yenidən eyni məzmunda vəsatət verərək dinləmə gününün təyin olunmasını xahiş etdi. Ərizəçinin işi üzrə müvafiq sorğu verdikdən sonra baş prokurorluq 1997-ci ilin noyabrında ərizəçiyə məlumat verdi ki, işə 26 yanvar 1998-ci ildə baxılacaq. Həmin tarixdə Apellyasiya Məhkəməsi ərizəçinin vəsatətini təmin etdi və deportasiya qərarının ləğv edildiyini əsas gətirərək ölkədən çıxarma qərarını ləğv etdi. Ərizəçi həmçinin immiqrasiya orqanlarında öz statusunu nizamlamaq üçün müxtəlif cəhdlər etdi və son dövrdə məşğulluq hüququ da daxil olmaqla ölkədə on illik yaşayış icazəsi aldı. Ərizəçi ölkədən çıxarılma qərarının ləğv edilməsi üzrə məhkəmə prosesinin əsassız olaraq uzun sürməsindən şikayət etdi.
Hüquqi məsələlər: 6-cı maddənin 1-ci bəndi – Baxmayaraq ki, Məhkəmə indiyədək 6-cı maddənin 1-ci bəndinin əcnəbilərin ölkədən çıxarılması prosedurlarına tətbiqi məsələsini araşdırmamışdı, Komissiya ardıcıl olaraq belə bir rəyini ifadə etmişdi ki, əcnəbi şəxsin vətəndaşı olmadığı ölkədə qalmasına icazə verib-verməmək barədə qərar Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiq dairəsinə daxil deyil. Konvensiyanın müddəaları bütövlükdə Konvensiya sisteminin işığında şərh edilməlidir və Məhkəmənin icraatındakı bu işlə bağlı qeyd etmək lazımdır ki, Fransa 7 saylı Protokolu ratifikasiya edib və onun 1-ci maddəsində ölkədən çıxarılan əcnəbilərə şamil olunan prosessual təminatlar yer alıb. Bundan əlavə, həmin sənədin preambulasında "Konvensiya vasitəsilə bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda gələcək addımların" atılmasına ehtiyac olduğu qeyd edilir... Birlikdə götürülmüş halda bu maddələrdən görünür ki, dövlətlər 6-cı maddənin 1-ci bəndinin əcnəbilərin ölkədən çıxarılması prosedurlarına şamil olunmadığını dərk edirdilər və bu sahədə xüsusi tədbirlər görmək istəyində idilər. Bu cür şərh 7 saylı Protokola dair izahedici məruzədə təsdiqlənmişdi. 7 saylı Protokolun 1-ci maddəsini qəbul etməklə dövlətlər bu cür prosedurları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiq dairəsinə daxil etməmək niyyətlərini aydın şəkildə ifadə etmişdilər. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, ölkədən çıxarılma qərarının ləğv edilməsi üzrə məhkəmə icraatı 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün "mülki hüquqların" müəyyənləşdirilməsi ilə əlaqədar deyildi və ölkədən çıxarılma qərarının ərizəçinin şəxsi və ailə həyatına və ya məşğulluq perspektivlərinə mühüm təsir göstərməsi faktı həmin icraatın 6-cı maddənin 1-ci bəndi ilə qorunan "mülki hüquqları" əhatə etdiyini iddia etmək üçün kifayət deyildi. Ölkədən çıxarılma barədə qərarlar həmçinin cinayət ittihamının müəyyənləşdirilməsinə də aid deyil. Məhkəmə bununla bağlı qeyd etdi ki, cinayət anlayışına ölkədaxili hüquq sistemində müxtəlif cür şərh verilə bilər. Amma bu məqam özü-özlüyündə həlledici əhəmiyyət daşıya bilməz və belə məsələlərdə digər amillər, xüsusən müvafiq cəzanın xarakteri nəzərə alınmalıdır. Bu məsələ ilə bağlı Məhkəmə qeyd etdi ki, ümumiyyətlə, ölkədən çıxarılma qərarları Avropa Şurasına üzv olan dövlətlərdə cinayətə dair qərarlar kimi xarakterizə olunmur. Əksər dövlətlərdə həmçinin inzibati orqanlar tərəfindən də qəbul edilə bilən bu cür qərarlar immiqrasiyaya nəzarət məqsədləri üçün xüsusi preventiv (qabaqlayıcı) tədbir təşkil edir və 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün cinayət ittihamının müəyyənləşdirilməsi ilə əlaqədar deyil. Bu tədbirlərin cinayət prosesi kontekstində tətbiq edilməsi faktı onların mahiyyətcə preventiv xarakterini dəyişə bilməz. Buradan belə nəticə çıxır ki, bu cür tədbirlərin ləğv edilməsi üzrə məhkəmə icraatı cinayət hüququ sahəsinə də aid deyil. Buna görə də Məhkəmə bu qənaətə gəldi ki, əcnəbilərin ölkəyə daxil olması, orada qalması və deportasiya olunması ilə bağlı qərarlar 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan mülki hüquq və vəzifələrin və ya cinayət ittihamının müəyyənləşdirilməsi ilə əlaqədar deyil.
Nəticə: 6-cı maddə bu işə tətbiq edilə bilməz (iki səsə qarşı on beş səslə).
Full & Egal Universal Law Academy