Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 201
Noyabr 2016-cı il
***
Macarıstan Helsinki Komitəsi (Magyar Helsinki Bizottság) Macarıstana qarşı [BP] – ərizə № 18030/11
8.11.2016 tarixli qərar [Böyük Palata]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
Məlumat almaq azadlığı
Dövlət tərəfindən işlərə təyin edilən vəkillərin adları və həmin vəkillərin təyinat aldıqları işlərin sayları barədə məlumatları araşdırma aparan QHT-yə verməkdən dövlət orqanlarının imtina etməsi: pozuntu baş verib
Faktlar – Ərizəçi qeyri-hökumət təşkilatı Macarıstanda insan hüquqları sahəsində beynəlxalq standartlara riayət edilməsinin monitorinqini aparmaq və hüquqi təmsilçilik və maarifləndirmə işini və təlimləri həyata keçirmək məqsədi ilə 1989-cu ildə təsis edilib. Dövlət tərəfindən vəkillərin işlərə təyinatı sisteminin səmərəliliyi ilə bağlı apardığı araşdırma kontekstində ərizəçi müxtəlif polis idarələrinə sorğu ilə müraciət edərək dövlət tərəfindən işlərə təyin edilən vəkillərin adları və həmin vəkillərin təyinat aldıqları müvafiq işlərin sayları barədə məlumat istədi. On yeddi polis idarəsi sorğunu yerinə yetirdi; beş idarə isə barəsində sorğu verilən məlumatları ərizəçinin məhkəməyə uğurlu şikayətindən sonra təqdim etdi. Lakin barəsində sorğu verilən məlumatları açıqlamaqdan imtina etmiş iki polis idarəsinə qarşı məhkəməyə verilmiş şikayətlər təmin edilmədi. Ərizəçi 10-cu maddəyə əsasən Avropa Məhkəməsinə şikayət etdi ki, məhkəmələrin tələb edilən məlumatların açıqlanması barədə qərar çıxarmaqdan imtina etməsi onun məlumat almaq hüququnun pozuntusunu təşkil edib.
Hüquqi məsələlər – Maddə 10
a) 10-cu maddənin bu işə tətbiqinin mümkünlüyü və müdaxilənin mövcudluğu məsələsi – Konvensiya şərh edilərkən Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il tarixli Vyana Konvensiyasının 31-33-cü maddələrində nəzərdə tutulan normalar və bütövlükdə götürülmüş halda Konvensiyanın predmet və məqsədi nəzərə alınmalıdır. Məhkəmə ümumi beynəlxalq normaları və ya Avropa dövlətlərinin ölkədaxili normalarını nəzərə almaya bilməz, həmçinin konkret sahələrə aid olan beynəlxalq sənədlərdən və iştirakçı dövlətlərin praktikasından irəli gələn konsensusun mövcudluğu da əhəmiyyət kəsb edən amil ola bilər. Nəhayət, Konvensiyanı şərh edərkən həmçinin yardımçı şərh vasitələrindən, məsələn, Konvensiyanın mətni hazırlanarkən tərtib edilmiş hazırıq materiallarından (travaux préparatoires) istifadə etmək olar.
Bu prinsipləri nəzərə almaqla Məhkəmə bu məsələni nəzərdən keçirməli idi ki, 10-cu maddənin mətnində birbaşa nəzərdə tutulmayan hüquq olaraq dövlətin sərəncamında olan məlumatı əldə etmək hüququna bu maddənin müddəaları tətbiq edilə bilərmi və əgər belədirsə nə dərəcədə tətbiq edilə bilər?
İştirakçı dövlətlərin çoxunun milli qanunvericiliyində qanun əsasında məlumat əldə etmək hüququ tanınır və dövlətin sərəncamında olan məlumatlara fərdlərin çıxış hüququnun tanınmasının zəruriliyi məsələsində onların arasında geniş konsensus mövcuddur, belə ki, bu, ictimai maraq doğuran istənilən məsələnin, o cümlədən demokratik cəmiyyətdə dövlət orqanlarının fəaliyyətinə aid məsələlərin ictimaiyyət tərəfindən öyrənilməsinə və həmin məsələyə dair ictimai rəyin formalaşdırılmasına imkan yaradır. Həmçinin beynəlxalq səviyyədə də bu məsələ ilə bağlı geniş konsensus mövcuddur. Konkret olaraq, məlumat axtarmaq hüququ Mülki və siyasi hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Paktın 19-cu maddəsində birbaşa təmin edilir, həmçinin məlumatlara çıxış hüququnun mövcudluğu Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi tərəfindən dəfələrlə təsdiq edilib. Bundan əlavə, Əsas hüquqlar haqqında Avropa İttifaqı Xartiyasının 42-ci maddəsi vətəndaşların müəyyən sənədlərə çıxış hüququnu təmin edir. Avropa Şurası tərəfindən Rəsmi sənədlərə çıxış haqqında Konvensiyanın qəbulu, bu Konvensiyanın yalnız yeddi üzv dövlət tərəfindən ratifikasiya edildiyinə baxmayaraq, sərəncamında olan sənədlərlə fərdlərin tanış olmasına dövlətin imkan yaratmaq öhdəliyinin tanınması istiqamətində davamlı təkamülün getdiyini göstərir.
Bu amilləri nəzərə alaraq Məhkəmə hesab etdi ki, onun 10-cu maddənin 1-ci bəndinin müddəalarını məlumatlara çıxış hüququnu özündə ehtiva edən müddəalar kimi şərh etməsinin qarşısını alan heç nə yoxdur. Məhkəmə etiraf etdi ki, hüquqi müəyyənlik və qanun qarşısında bərabərlik prinsiplərinin maraqları naminə o, əvvəlki işlərdə müəyyən etdiyi presedentlərdən* əsaslı səbəb olmadan kənarlaşmamalıdır, lakin Konvensiya ilk növbədə insan hüquqlarının müdafiəsi sistemi olduğuna görə, iştirakçı dövlətlərdə dəyişən şərait də nəzərdə alınmalıdır, Məhkəmə isə nail olunmalı standartlara yaxınlaşma istiqamətində baş verən istənilən irəliləyişə reaksiya verməlidir.
Məlumat almaq azadlığı dövlətin üzərinə öz təşəbbüsü ilə məlumatları toplamaq və yaymaqdan ibarət pozitiv öhdəliklər qoyan azadlıq kimi şərh edilə bilməz və 10-cu maddə fərdə dövlət orqanlarının malik olduğu məlumatlara çıxış əldə etmək hüququ vermir, yaxud dövlətin üzərinə bu cür məlumatları fərdlər arasında yaymaq vəzifəsi qoymur. Bununla belə, aşağıdakı hallarda bu cür hüquq və ya vəzifə yarana bilər: birincisi, məlumatların açıqlanması məhkəmə qərarında nəzərdə tutulduqda və ikincisi, məlumatlara çıxış fərdin ifadə azadlığını, xüsusən məlumatları almaq və yaymaq azadlığını həyata keçirməsi üçün zəruri olduqda və həmin məlumatları verməkdən imtina onun bu hüququna müdaxilə təşkil etdikdə.
Məlumatları verməkdən imtinanın ərizəçinin ifadə azadlığına müdaxilə təşkil edib-etməməsi və əgər belədirsə nə dərəcədə müdaxilə etməsi məsələsi qiymətləndirilərkən hər bir fərdi işin konkret halları, o cümlədən aşağıdakılar nəzərə alınmalıdır: i) məlumat barədə sorğunun məqsədi; ii) barəsində sorğu verilən məlumatın xarakteri; iii) ərizəçinin rolu; və iv) məlumatın hazır və əlçatan olub-olmaması. Məhkəmə əmindir ki, hazırkı işdə ərizəçi ictimai maraq doğuran məsələ barədə məlumatları yaymaq hüququnu həyata keçirmək istəyirdi və məlumatlara məhz bu məqsədlə çıxış əldə etməyə çalışırdı və həmin məlumatlar onun ifadə azadlığını həyata keçirməsi üçün zəruri idi. Dövlət tərəfindən vəkillərin işlərə təyin edilməsi barədə məlumatlar, şübhəsiz ki, xarakterinə görə ictimai maraq doğururdu. Şübhə üçün heç bir əsas yox idi ki, ərizəçi sözügedən araşdırma zamanı əldə edilən məlumatları ictimaiyyət arasında yaymaq istəyirdi və cəmiyyət həmin məlumatları almaq hüququna malik idi və Məhkəmə əmindir ki, ərizəçinin bu vəzifəni yerinə yetirə bilməsi üçün tələb olunan məlumatlara çıxış əldə etməsi zəruri idi. Nəhayət, məlumatlar hazır və əlçatan idi.
Beləliklə, 10-cu maddə ilə qorunan hüquqa müdaxilə baş verib və buna görə də 10-cu maddə bu işə tətbiq edilə bilər.
b) Müdaxilə əsaslı idimi? – Məhkəmə razılaşdı ki, müdaxilə qanunla nəzərdə tutulmuşdu və ərizəçinin ifadə azadlığının məhdudlaşdırılması digər şəxslərin hüquqlarının müdafiəsindən ibarət qanuni məqsəd daşıyırdı. Baxmayaraq ki, tələb olunan informasiyalar fərdi məlumatları da özündə ehtiva edirdi, onlar əsasən açıq məhkəmə prosesləri kontekstində peşə fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar idi. Bu baxımdan dövlət tərəfindən təyin edilən vəkillərin peşə fəaliyyətləri şəxsi həyata aid məsələ sayıla bilməzdi. Tələb olunan məlumatlar dövlət tərəfindən təyin edilən vəkillərin hüquqi nümayəndə və ya məsləhətçi qismində müştəriləri qarşısında vəzifələrini yerinə yetirərkən etdikləri hərəkətlərlə və ya qəbul etdikləri qərarlarla əlaqədar deyildi və Hökumət sübut edə bilmədi ki, tələb olunan məlumatların açıqlanması dövlət tərəfindən təyin edilən vəkillərin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyatına hörmət hüququnun həyata keçirilməsinə təsir göstərə bilərdi. Belə düşünməyə heç bir əsas yox idi ki, dövlət tərəfindən təyin edilən vəkillərin adları və təyinat aldıqları işlər barədə məlumatlar başqa vasitələrlə ictimaiyyətə çatdırıla bilməzdi. Hökumətin 8-ci maddəyə istinadən qeyd etdiyi maraqların xarakteri və dərəcəsi Konvensiyanın 8-ci maddəsinin tətbiqini və həmin maraqların ərizəçinin 10-cu maddə ilə qorunan hüququ ilə balanslaşdırılmasını tələb edə biləcək səviyyədə deyildi.
Araşdırmanın predmeti dövlət tərəfindən vəkillərin işlərə təyinatı sisteminin səmərəliliyinə aid ilə və Macarıstan qanunvericiliyində əsas hüquq kimi müəyyən edilən və Konvensiyada mühüm əhəmiyyət daşıyan ədalətli məhkəmə araşdırması hüququ ilə sıx əlaqədar idi. Bu xidmətin işi ilə bağlı hər hansı tənqidlər və ya onun işinin yaxşılaşdırılmasına dair təkliflər ədalətli məhkəmə araşdırması hüququ ilə o dərəcədə birbaşa əlaqəli idi ki, haqlı olaraq ictimai maraq doğuran məsələlər hesab edilə bilərdi. Məhkəmə əmindir ki, ərizəçi ictimai maraq doğuran məsələnin müzakirəsində iştirak etmək niyyətində idi və sorğunu təmin etməkdən imtina faktiki olaraq onun ümumi maraq doğuran məsələnin ictimai müzakirəsində iştirakına əngəl törətmişdi. Barəsində sorğu verilən məlumatlar fərdi məlumatlara aid olsa da, ictimaiyyət üçün açıq olmayan informasiyaları özündə ehtiva etmirdi. Məhkəmə bu nəticəyə gəldi ki, bu sahədə dövlət qiymətləndirmə sərbəstliyinə malik olsa da, barəsində şikayət edilən tədbirlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yox idi.
Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).
Maddə 41: maddi ziyana görə 215 avro təyin edildi; mənəvi ziyanla bağlı heç bir tələb irəli sürülməyib
(Həmçinin bax: Leander İsveçə qarşı, ərizə № 9248/81, 26 mart 1987-ci il; Qaskin Birləşmiş Krallığa qarşı, ərizə № 10454/83, 7 iyul 1989-cu il; Querra və başqaları İtaliyaya qarşı, ərizə № 14967/89, 19 fevral 1998-ci il; Roç Birləşmiş Krallığa qarşı [BP], ərizə № 32555/96, 19 oktyabr 2005-ci il, 79 saylı Məlumat bülleteni; "Cənubi Çexiya anaları assosiasiyası" Çex Respublikasına qarşı (qərardad), ərizə № 19101/03, 10 iyul 2006-cı il; və "Gənclərin İnsan Hüquqları Təşəbbüsü" təşkilatı Serbiyaya qarşı, ərizə № 48135/06, 25 iyun 2013-cü il; 164 saylı Məlumat bülleteni)
* Bax: Leander İsveçə qarşı, ərizə № 9248/81, 26 mart 1987-ci il
Full & Egal Universal Law Academy