© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
İKİNCİ BÖLMƏ
MAGYAR KERESZTÉNY MENNONITA EGYHÁZ VƏ DİGƏRLƏRİ MACARISTANA QARŞI
(70945/11, 23611/12, 26998/12, 41150/12, 41155/12, 41463/12, 41553/12, 54977/12 və 56581/12 nömrəli ərizələr)
QƏRAR
(Mahiyyət üzrə)
(Çıxarışlar)
STRASBURQ
8 aprel 2014-cü il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən
qəti qüvvəyə minir. Onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Magyar Keresztény Mennonita Egyház və digərləri Macarıstana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İkinci Bölmə)
sədrQido Raymondi (Guido Raimondi),
hakimlər:
Işıl Karakaş
Andras Saxo (András Sajó),
Neboyşa Vuçiniç (Nebojša Vučinić),
Helen Keller,
Eqidiyus Kuris (Egidijus Kūris),
Robert Spano
və bölmənin məhkəmə katibi Steynli Neysmitdən (Stanley Naismith) ibarət tərkibdə Palata qismində
2014-cü il fevralın 18-də qapalı müşavirə keçirərək
həmin tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR
1. İş Macarıstanda fəaliyyət göstərməsi iddia edilən müxtəlif dini icmalar , onların rəhbərləri və üzvləri tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - “Konvensiya”) 34-cü maddəsinə müvafiq olaraq 2011-ci il noyabrın 16-da, 2012-ci il aprelin 3 və 24, iyunun 25 və 28, avqustun 19 və 29-da Macarıstan Respublikasına qarşı Məhkəməyə verilmiş doqquz ərizə (70945/11, 23611/12, 26998/12, 41150/12, 41155/12, 41463/12, 41553/12, 54977/12 və 56581/12 nömrəli) əsasında başlamışdır.
2. Ərizəçiləri müvafiq olaraq Budapeşt, Gyal və Budapeşt şəhərlərində fəaliyyət göstərən vəkillər cənab D.Karsai (70945/11, 23611/12, 26998/12, 41150/12, 41155/12, 41463/12 və 56581/12 nömrəli ərizələr), cənab L. Baltay (41553/12 nömrəli ərizə) və cənab Ç.Tordai (54977/12 nörəli ərizə) təmsil etmişlər.
Macarıstan Hökumətini (bundan sonra - “Hökumət”) onun Məhkəmədəki səlahiyyətli nümayəndəsi, Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyinin əməkdaşı cənab Z.Tallodi təmsil etmişdir.
3. Ərizəçilər Konvensiyanın 9 və 14-cü maddələri ilə birlikdə 11-ci maddəyə əsasən iddia etmişlər ki, kilsələrin qeydiyyatının ləğv edilməsi və diskresiya qaydasında yenidən qeydiyyata alınması onların dini etiqad azadlığının pozuntusunu və ayrı-seçkiliyi təşkil etmişdir. 6 və 13-cü maddələrə əsasən onlar iddia etmişlər ki, müvafiq prosedur ədalətsiz olaraq onun üçün hər hansı səmərəli hüquqi müdafiə vasitəsi nəzərdə tutulmamışdır. Bir neçə ərizəçi həmçinin, kilsənin statusunun itirilməsi nəticəsində dövlət tərəfindən maddi yardımdan məhrum olunmasına görə 1-ci Protokolun 1-ci maddəsinin pozulmasını iddia etmişlər.
4. 2012-ci il sentyabrın 27-də Hökumətə ərizələr barədə bildiriş göndərilmişdir.
5. 41463/12 nömrəli ərizə ilə əlaqədar olaraq Birləşmiş Krallığın Hökuməti Konvensiyanın 36-cı maddəsinin 1-ci hissəsinə əsasən iş üzrə yazılı şərhləri təqdim etmək hüququnu həyata keçirməmişdir.
FAKTLAR
I. İŞİN FAKTİKİ HALLARI
6. Ərizəçilər – dini icmalar və fiziki şəxslərdir. Ərizəçi icmalar əvvəllər Macarıstanda mövcud olaraq 1990-cı il IV nömrəli Qanuna (bundan sonra –“Kilsələr haqqında” 1990-cı il qanunu”) müvafiq olaraq səlahiyyətli məhkəmə tərəfindən qeydiyyata alınmış kilsələr kimi qanuni qaydada fəaliyyət göstərmişdir.
...
16. “Kilsələr haqqında” 2011-ci il qanununun Əlavəsində göstərilən tanınmış kilsələrdən başqa əvvəllər kilsə kimi qeydiyyata alınmış bütün digər kilsələr öz kilsə statusunu itirmiş, lakin birliklər kimi fəaliyyətini davam etmək imkanında olmuşlar. Dini icma kilsə kimi fəaliyyətini davam etdirmək niyyətində olduğu təqdirdə bunun üçün Parlamentə fərdi qaydada müraciət etməli idi.
18. Konstitusiya Məhkəməsinin 6/2003 (III.1.) nömrəli qərarı ilə “Kilsələr haqqında” 2011-ci il qanununun müəyyən müddəaları konstitusiyaya uyğun olmayan hesab edilmiş və geriyə şamil olunmaqla ləğv edilmişdir.
Eyni zamanda, bir neçə ərizəçi kilsələrin qeydiyyata alınmasına məsuliyyət daşıyacaq nazirliyin müəyyən edilməsi barədə müraciət etmiş, lakin bu müraciətlər, Konstitusiya Məhkəməsinin qərarına baxmayaraq “Kilsələr haqqında” 2011-ci il qanunu ilə qeydiyyat barədə müraciətlərə yol verilmədiyi əsası ilə rədd edilmişdir.
19. Konstitusiya Məhkəməsinin qərarı elan edildikdən sonra, bir neçə ərizəçi Dövlət Vergilər və Gömrük Agentliyinə (bundan sonra – “DVGA”) müraciət edərək vergi ödəyicilərinin kilsələrə bağışlaya bildiyi gəlir vergisindən 1 faizi almaq hüququnu saxlamaq üçün zəruri olan nömrə almasını xahiş etmişlər. DVGA prosesi təxirə salaraq ərizəçiləri Parlament qarşısında tanınma proseduru başlamağa dəvət etmişdir. Ərizəçilərə görə, bu, Konstitusiya Məhkəməsinin qərarına əhəmiyyət verilməməsini bir daha nümayiş etdirmişdir.
20. Bir neçə ərizəçi Konstitusiya Məhkəməsinin qərarına müvafiq olaraq öz statusunu bərpa etmişlər.
II. MÜVAFİQ DÖVLƏTDAXİLİ HÜQUQ
A. Müvafiq qanunvericiliyin inkişafının xülasəsi
21. 1990-cı ilin fevralın 12-dən 2011-ci il dekabrın 30-dək dini fəaliyyət 1990-cı il IV nömrəli Qanunla (bundan sonra –“Kilsələr haqqında” 1990-cı il qanunu”) tənzimlənmişdir ki, qanunda yüzdən çox üzv birləşdirən dini icmalar kilsə kimi müəyyən edilmişdir.
22. 2012-ci il yanvarın 1-nə olan məlumata görə, “Kilsələr haqqında” 1990-cı il qanunu 2011-ci il CCVI nömrəli Qanunu (bundan sonra –“Kilsələr haqqında” 2011-ci il qanunu”) ilə əvəz edilmişdir. Yeni qanuna əsasən, dini icmalar kilsələr, yaxud dini fəaliyyəti həyata keçirən birliklər (Konstitusiya Məhkəməsinin istifadə etdiyi məfhumlara müvafiq olaraq “dini birliklər”) şəklində ola bilərdi. Yalnız “Kilsələr haqqında” 2011-ci il qanununa Əlavədə göstərilən qurumlar və müəyyən şərtlərlə Parlament tərəfindən kilsə kimi müəyyən edilmiş qurumlar 2012-ci ilin fevralın 29-dək kilsə hesab edilmişdir. Bu cür nizamlamanın konstitusiya əsasları Parlamentin müvafiq qanunda tanınmış kilsələri müəyyən etmək və gələcəkdə əlavə edilə biləcək kilsələrin tanınmasına dair meyarlar müəyyən etmək səlahiyyətləri müəyyən edilən Əsas Qanunun Keçid Müddəalarının 21(1) maddəsində nəzərdə tutulmuşdur. Əvvəllər qeydiyyata alınmış kilsələr öz müraciətinə əsasən birliklərə çevrilə və öz fəaliyyətini bu əsaslarla həyata keçirə bilərdi; eyni zamanda, yeni qaydalara əsasən onlar büdcədən hər hansı yardıma malik olmamışlar. Əvvəlcə (“Kilsələr haqqında” 1990-cı il qanununa əsasən) 406 qeydiyyata alınmış kilsə olmuş, “Kilsələr haqqında” 2011-ci il qanununun Əlavəsində isə cəmi 14 kilsə göstərilmişdir. 2012-ci il martın 1-dən qüvvədə olmuş Əlavədə 27 kilsə və kilsə birliyi, cəmi isə 32 kilsə göstərilmişdir. Vergi orqanları tərəfindən dərc edilmiş məlumata əsasən, həmin 32 kilsə ən çox dəstəklənilən 32 kilsə ilə, bu cür dəstək könüllü vergi ianə verən vergi ödəyicilərinin sayı ilə ölçülərsə, üst-üstə gəlmir.
2012-ci il dekabrın 28-də Konstitusiya Məhkəməsi digər müddəalarla yanaşı, Parlamentin tanınmış kilsələri müəyyən etmək hüququ müəyyən edilən Əsas Qanunun Keçid Müddəalarının normalarını ləğv etmişdir. 2013-cü il fevralın 26-da Konstitusiya Məhkəməsi həmçinin, ərizəçilərin kilsə statusunun itirilməsinə gətirib çıxarmış “Kilsələr haqqında” 2011-ci il qanununun müddəalarını ləğv etmişdir.
23. Yuxarıda göstərilən Konstitusiya Məhkəməsinin qərarlarına qismən cavab olaraq Parlamentin xüsusi kilsə statusunu müəyyən etmək səlahiyyəti Əsas Qanunun özünə, 2013-cü il aprelin 1-də qüvvəyə minmiş Dördüncü düzəliş ilə daxil edilmişdir. “Kilsələr” və “dini fəaliyyət göstərən digər təşkilatlar” anlayışları daxil edilmiş, kilsələr cəmiyyətin məqsədlərinə nail olmaq üçün dövlətin əməkdaşlıq etdiyi və dövlət tərəfindən kilsə kimi tanınan təşkilatlar kimi müəyyən edilmişdir. Eyni şəkildə, 2013-cü il avqustun 1-də qüvvəyə minmiş düzəlişlərlə “Kilsələr haqqında” 2011-ci il qanunun normalarına əsasən, hal-hazırda “dini icmalar” anlayışı istifadə edilir; bu anlayışa “qeydiyyata alınmış kilsələr” (bevett egyház), habelə “dini fəaliyyət göstərən təşkilatlar” (vallási tevékenységet végző szervezet) daxildir. Eyni zamanda, bütün bu qurumların öz adında “kilsə” (egyház) sözünü istifadə etmək hüququ vardır.
24. Qüvvədə olan normalara müvafiq olaraq dini icma beynəlxalq səviyyədə 100 il müddətində mövcud olduğunu və ya Macarıstanda 20 il ərzində təşkilatlanmış şəkildə fəaliyyət göstərməsini sübut etdikdə, habelə əhalinin heç olmazsa 0,1 faizinə bərabər sayda üzvlərin olduğunu sübut etdikdə “qeydiyyata alınmış kilsə” hesab edilir. Bundan əlavə, dövlət maraqlarına uyğun məqsədlərə nail olmaq üçün dövlətlə əməkdaşlıq etməyə niyyət və uzun-müddətli imkanlar sübut edilməlidir. Digər tərəfdən, heç olmazsa 10 üzvü birləşdirən və məhkəmə tərəfindən qeydiyyata alınan fiziki şəxslərin bir qrupu “dini fəaliyyət göstərən təşkilat” ola bilər.
25. Əsas Qanuna edilmiş Beşinci düzəliş (2013-ü il oktyabrın 1-də qüvvəyə minmişdir) hər kəsin dini fəaliyyət göstərmək üçün hüquqi şəxs (“dini icmalar”) yaratmaq imkanına malik olması və dövlətin bu icmalardan bəzilərinə “qeydiyyata alınmış kilsə” statusunu verməklə cəmiyyətin məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə bilməsi barədə prinsipinin həmçinin konstitusiya səviyyəsində vurğulanmasına yönəlmişdir. “(Qeydiyyata alınmış) kilsələrin” və “dini fəaliyyət göstərən digər təşkilatların” dini etiqad azadlığı baxımından oxşarlığı əks etdirmək üçün Əsas Qanunun mətnində bu məfhumlar “dini icmalar” sözləri ilə əvəz edilmişdir.
Eyni zamanda, Macarıstan qanunvericiliyinin mövcud normalarına müvafiq olaraq qeydiyyata alınmış kilsələr üçün, xüsusilə vergilər və ianələr sahəsində daha əlverişli hüquqi rejim müəyyən edilir. Xüsusilə, yalnız qeydiyyata alınmış kilsələrin vətəndaşların ianə verdiyi şəxsi gəlir vergisinin 1 faizini və müvafiq dövlət yardımlarını almaq hüququ vardır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin 6/2013 (III.1.) nömrəli qərarında hüquq, iqtisadiyyat, maliyyə və ibadət sahələrində yalnız qeydiyyata alınmış kilsələrə qanunverici tərəfindən yardım göstərilən fəaliyyət növlərinin açıq siyahısı müəyyən edilmişdir: misal üçün, dini təhsil və dövlət müəssisələrində konfessional tədbirlər, qəbiristanlıqların, o cümlədən dəfn mərasimlərinin idarə olunması, dini çap materiallarının dərc edilməsi və dini əşyaların istehsalı və satışı.
Ərizəçilərin formal olaraq statusunu bərpa etməsinə baxmayaraq, onlar yalnız qeydiyyata alınmış kilsələr üçün mövcud olan daha əlverişli hüquqi rejimdən istifadə edə bilmirlər.
...
HÜQUQİ MƏSƏLƏLƏR
...
II. KONVENSİYANIN 9 VƏ 11-Cİ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
44. Ərizəçilər Konvensiyanın 9-cu maddəsi baxımından 11-ci maddəsinə əsasən şikayət etmişlər ki, kilsələrin qeydiyyatının ləğv edilməsi və diskresiya qaydasında yenidən qeydiyyata alınması onların dini etiqad azadlığının və birləşmək azadlığının pozuntusunu təşkil etmişdir.
45. Məhkəmə qeyd edir ki, dini təşkilatın yenidən qeydiyyata alınmaması ilə bağlı Konvensiyanın 9-cu maddəsi baxımından 11-ci maddəsinə əsasən mahiyyətcə eyni şikayətə bu yaxınlarda onun tərəfindən baxılmışdır (bax: “Xilasetmə Ordusunun” Moskva Filialı Rusiyaya qarşı (Moscow Branch of the Salvation Army v. Russia, no. 72881/01, §§ 74 and 75, ECHR 2006‑XI)). Məhkəmə hazırkı işdə eyni yanaşmanın tətbiq etməsini məqsədəuyğun hesab edir.
46. 9-cu maddədə aşağıdakılar nəzərdə tutulur:
“1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, habelə öz dinini və ya əqidəsini təkbaşına, yaxud başqaları ilə birlikdə açıq və ya gizli qaydada ibadət, tədris, dini ayinlər və mərasimlər vasitəsilə ifadə etmək azadlığı daxildir.
2. Öz dinini və ya əqidəsini ifadə etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər”.
11-ci maddədə aşağıdakılar nəzərdə tutulur:
“1. Hər kəsin dinc toplaşmaq azadlığı və başqaları ilə birləşmək azadlığı, o cümlədən öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ vardır.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz...”.
47. Hökumət bu dəlilə etirazını bildirmişdir.
...
B. Şikayətin mahiyyəti
1. Tərəflərin ifadələri
a) Hökumət
57. Hökumət bildirmişdir ki, şikayət edilən tədbirlər və hallar ərizəçilərin dini etiqad azadlığına və birləşmək azadlığına müdaxiləni təşkil etməmişdir.
58. Birincisi, Hökumət qeyd etmişdir ki, “Kilsələr haqqında” 2011-ci il qanununa əsasən kilsənin tanınması dini etiqad azadlığı ilə bağlı müxtəlif hüquqlara, yəni vicdan və din azadlığı, öz dinini başqaları ilə birlikdə ifadə etmək hüququ, din və ya əqidə əsasları ilə ayrı-seçkiliyə məruz qalmamaq azadlığı, valideynlərin öz əqidələrinə uyğun təhsili təmin etmək hüququ, təhsil, sosial təminat və uşağa qulluq sahələrində və penitensiar müəssisələrində din azadlığı, dini baxışlarını media vasitəsilə bildirmək azadlığı və şəxsin dini etiqadı ilə bağlı şəxsi məlumatların qorunmasına təsir etməmişdir. Ərizəçilərin iddialarının əksinə, dini etiqad azadlığının əsas elementləri olan bu hüquqlar yalnız tanınmış kilsələr və onların üzvləri üçün nəzərdə tutulmamışdır.
59. İkincisi, Hökumət bildirmişdir ki, Məhkəmə tərəfindən əvvəllər baxılmış digər işlərdən, yəni “Xilasetmə Ordusunun” Moskva Filialı işindən (yuxarıda qeyd edilən, §§ 96-97) fərqli olaraq hazırkı ərizələrdə ərizəçi icmaların hüquqi şəxs statusu məsələsi ortaya qoyulmamışdır. Ərizəçilər mübahisə etməmişlər ki, onların hüquqi şəxs statusu ləğv edilmişdir. Onlar buraxılmamış və hüquqi şəxsin tam qabiliyyətini qoruyub saxlamışlar. Onların hüquqi şəxs statusu qanunla birbaşa başqa formaya çevrilmişdir. Buna görə, ərizəçilərin 9 və 11-ci maddələrə əsasən hüquqlarına heç bir müdaxilə baş verməmişdir.
60. Hökumət həmçinin göstərmişdir ki, 9-cu maddəyə əsasən öz dinini və ya əqidəsini ifadə etmək azadlığı ilə ərizəçi icmaların və ya onların üzvlərinin dövlət büdcəsindən əlavə maliyyə yardımı almaqla bağlı hər hansı hüquq nəzərdə tutulmamışdır. Həmçinin kilsələrə verilən dövlət ianələri almaq hüququ nəzərdə tutulmamışdır. Buna görə, bu cür ianələrin itirilməsi Konvensiyanın 9-cu maddəsinə əsasən ərizəçilərin hüquqlarına müdaxilə sayıla bilməz.
61. Hökumət həmçinin bildirmişdir ki, hətta barəsində şikayət edilən “Kilsələr haqqında” 2011-ci il qanunu müdaxilə sayıla bilsə idi, o, Parlament üzvlərinin üçdə ikisinin səs çoxluğu ilə qəbul edilmiş qanunla müəyyən edilmişdir. “Kilsələr haqqında” 2011-ci il qanununun publik hüquqa əsasən əsassız olması barədə ərizəçilərin dəlili Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilməmişdir. “Kilsələr haqqında” 2011-ci il qanununun Konstitusiyaya uyğun olmaması müəyyən edilmiş müddəaları ərizəçilərin vəziyyətinə təsir etməmiş, ərizəçilərin şikayət etdiyi digər müddəaların isə Konstitusiyaya uyğun olmaması bəyan edilməmişdir.
62. Bundan əlavə, iddia edilən müdaxilə ictimai qaydanın və başqaların hüquq və azadlıqlarının müdafiəsinə dair qanuni məqsəd güdmüşdür. Vergi ödəyiciləri barədə təlimata uyğun şəxsi gəlir vergisinin miqdarının istifadəsinə dair 1996-cı il CXXVI nömrəli qanunun və kilsə fəaliyyətinin dövlət tərəfindən maliyyələşməsini nizamlayan 1997-ci il Vatikan Sazişi qüvvəyə mindikdən sonra, “Kilsələr haqqında” 1990-cı il qanunu gözlənilməz sui-istifadələrə gətirib çıxarmışdır ki, bunların 1989-cu il Konstitusiyasının yaratdığı hüquqi kontekstdə qarşısı alına bilməzdi. Yeni qanun “kilsə biznesi” deyilən fəaliyyətə, yəni kilsələrin hər hansı əsl dini fəaliyyət həyata keçirmədən sırf sosial yardım və təhsil müəssisələrinin təminatı, hətta varlanmaq üçün dövlət ianələrinin alınmasına son qoymaq üçün qəbul edilmişdir. Gülməlidir, lakin 2011-ci ilin sonuna Macarıstanda 406 kilsə qeydiyyata alınmışdır. Dövlət büdcəsinin tükənən ehtiyatları və, paralel olaraq, əsl dini fəaliyyət həyata keçirən təşkilatlar üçün mümkün olan ehtiyatların azalması nəzərə alınaraq kilsə ianələrindən sui-istifadəyə son qoymaq üçün ciddi sosial tələbat mövcud olmuşdur.
63. Bundan başqa, ümumi sosial və təhsil müəssisələr sisteminin islahatı prosesi də dini icmalar tərəfindən idarə edilən belə müəssisələrin dövlət maliyyələşməsi sisteminin dəyişməsini tələb etmişdir. Bununla da, kilsələrin qeydiyyata alınmasına dair normaları dəyişmək üçün ciddi sosial tələbat mövcud olmuşdur.
64. Dini icmaların teoloji baxımdan özünü müəyyən etməsinə dövlətin müdaxilə etməməsi prinsipini qüvvədə saxlamaqla “Kilsələr haqqında” 2011-ci il qanununda dini fəaliyyət anlayışı, kilsələrin müstəsna olaraq hüquq baxımdan dövlət-kilsə münasibətləri sisteminin iştirakçısı qismində tanınması məqsədilə müəyyən edilmişdir. Bir sıra Avropa dövlətlərində olan modelə uyğun olaraq Macarıstan qanunvericiliyində dini icmaların hüquqi şəxs statusuna dair iki pilləli sistem müəyyən edilmişdir. Özünü müəyyən etmiş dini icmalar Konvensiyanın 9 və 11-ci maddələrinə uyğun olaraq birliklər kimi fəaliyyət göstərməyə sərbəst olmuş, dövlətlə xüsusi münasibətləri qurmaq və onun sosial öhdəliklərinə şərik çıxmaq istəyən dini icmaların fəaliyyətinin xarakteri isə dövlət orqanları tərəfindən qiymətləndirilməli idi.
65. Hökumət iddia etmişdir ki, bu cür yanaşma Konvensiyaya dair presedent hüququna, xüsusilə Məhkəmənin qeydiyyat məqsədilə dövlət orqanlarının “dinə” verdiyi anlayışla bağlı mövqeyinə əsaslandığı işlərə uyğun olmuşdur (“Kimlya və digərləri Rusiyaya qarşı” (Kimlya and Others v. Russia, nos. 76836/01 and 32782/03, § 79, ECHR 2009) işi üzrə qərara istinad edilmişdir). Bununla da, “Kilsələr haqqında” 2011-ci il qanununda dini fəaliyyətinin anlayışı və dövlət orqanları tərəfindən təşkilatın dini xarakterinin qiymətləndirməsi Konvensiyanın 9-cu maddəsinə zidd olmamışdır. “Kilsələr haqqında” 2011-ci il qanunu müəyyən bir dinin səciyyəvi xarakteristikalarına əsaslanmadığı və dinlərin və dini əqidələrin geniş spektrini təmsil edən bir sıra kilsələrin tanınmasını təmin etmək iqtidarında olduğu üçün neytrallıq və qərəzsizlik tələblərinə cavab vermişdir.
66. Macarıstanda əvvəllər kilsə kimi qeydiyyatdan keçmə təşkilatın dini xarakterinin dövlət orqanları tərəfindən tanınması üçün həlledici rol oynamamalıdır, çünki “Kilsələr haqqında” 1990-cı il qanununa əsasən kilsənin qeydiyyatı dövlət orqanlarının hər hansı əsaslı qiymətləndirməsi olmadan müstəsna olaraq təşkilatın təsisçilərinin özünü müəyyən etməsinə əsaslanmışdır. Qiymətləndirmə yalnız “Kilsələr haqqında” 2011-ci il qanunu ilə, özünü müəyyən etməyə bu cür həddindən artıq hörmətdən irəli gələn sui-istifadələrin qarşısının alınması məqsədilə müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin 6/2013 (III.1.) nömrəli qərarında “Kilsələr haqqında” 1990-cı il qanununa əsasən kilsələrin qeydiyyatı məsələlərinə məsul olan məhkəmə orqanları tərəfindən qeydiyyat üçün müraciət etmiş özünü müəyyən etmiş kilsələrin nizamnamələri ilə əhatə olunan fəaliyyətinin dini xarakterinin yoxlaması nümunələri göstərilmişdir; eyni zamanda, bu cür yoxlamalar sistematik olmamış və din və dini fəaliyyətin hüquqi anlayışı mövcud olmamışdır; bununla da, bu sahədə müxtəlif təcrübələr mövcud olmuşdur. Yalnız Konstitusiya Məhkəməsinin bu qərarında, ərizəçilərin iddialarının əksinə, aydın edilmişdir ki, potensial və ya mövcud kilsənin göstərilən əqidələrin və həqiqi təcrübəsinin həqiqətən dini xarakter daşımasının dövlət orqanları tərəfindən yoxlanılması qadağan edilməmişdir. Digər tərəfdən, Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, dövlət orqanları tərəfindən bu səlahiyyətlərin icrası ilə bağlı əlavə prosessual təminatlar nəzərdə tutulmalıdır.
67. Hökumət iddia etmişdir ki, prosessual təminatların çatışmazlıqları ilə bağlı Konstitusiya Məhkəməsinin gəldiyi nəticələrinə baxmayaraq, təşkilatın fəaliyyətinin dini xarakterinin qiymətləndirməsi “Kilsələr haqqında” 2011-ci il qanununa əsasən qərəzsiz həyata keçirilmişdir. Əvvəlcədən, qanunvericilik milli azlıqların tanınması proseduranda olduğu kimi, müstəqil təsisatın, yəni Macarıstan Elmlər Akademiyasının qərəzsiz rəyinin əldə etməsinə yönəlmişdir. Akademiya müvafiq sahələrdə bilikləri ilə qərar qəbul edən orqanla bölüşməkdən imtina etdikdə, din məsələləri üzrə parlament komitəsi başqa müstəqil və mötəbər mütəxəssislər tərəfindən istiqamətləndirməni almaq qərarına gəlmiş və öz qərarını namizəd kilsələrin doktrinasının dini xarakter daşıması və onun beynəlxalq səviyyədə tanınmasına əsaslandırmışdır. Məhkəmənin dinə anlayış verilməsində rəhbər prinsip kimi Avropa konsensusuna istinad etdiyi nəzərə alınaraq Macarıstan dövlət orqanlarının bu yanaşması əsassız və ya mülahizə hüdudlarından kənara çıxan sayıla bilməz.
68. Yuxarıdakı məqsədlərə nail olmaq üçün görülmüş tədbirlərin mütənasibliyinə gəldikdə isə Hökumət bildirmişdir ki, “Kilsələr haqqında” 2011-ci il qanununda nəzərdə tutulmuş “yenidən qeydiyyata alma” üsulu mümkün qədər az məhdudiyyət müəyyən edən tədbir olmuş və buna görə güdülən məqsədə mütənasib olmuşdur. Bunun nəticəsində dini təşkilatlar üzərində qeyri-mütənasib vəzifələr müəyyən edilməmişdir: onlardan öz dini fəaliyyətini davam etdirmək üçün yalnız sadə niyyət bəyannaməsinin tələb etməsi və öz hüquqi şəxs statusunu qoruyub saxlamaq üçün nizamnamələrinə bəzi cüzi düzəlişlər etməsi tələb edilmişdir. Onların həmçinin, Parlament tərəfindən tanınmasına dair sadə prosedur çərçivəsində öz kilsə statusunu saxlamaq hüququ qalmışdır.
b) Ərizəçilər
69. Ərizəçilər bildirmişlər ki, “Kilsələr haqqında” 2011-ci il qanunu nəticəsində onların həqiqi kilsə statusunun itirilməsi onların dini etiqad azadlığına müdaxiləni təşkil etmişdir. Dini icmaların lazımi qaydada fəaliyyət göstərməsi üçün onların müəyyən və müvafiq hüquqi statusa, yəni hüquqi mənada kilsə statusuna malik olması zəruri olmuşdur. Macarıstanda dini icmaların 1990-cı ildən sonra kilsə kimi qeydiyyata alınmaq imkanı olmuş və ərizəçilər bu statusa malik olmuşlar. 2012-ci il yanvarın 1-dən kilsələrin böyük əksəriyyətinin (o cümlədən onlarının) həqiqi kilsə statusunun ləğv olunması və adi mülki birliklərə çevrilməyə, yaxud başqa cür qanuni qaydada ləğv edilməyə məcbur olması, özü özlüyündə, xüsusilə kilsə statusunun itirilməsi nəticəsində dini fəaliyyətə yardım göstərən imtiyazlardan onların məhrum olmasına görə, onların dini etiqad azadlığına müdaxiləni təşkil etmişdir. Bundan sonra həmin imtiyazların yalnız Parlament tərəfindən tanınmış kilsələr üçün təmin edilməsi nəticəsində isə onlar həmin kilsələrə nisbətən əlverişsiz vəziyyətdə qalmışlar.
70. Ərizəçilər iddia etmişlər ki, dini etiqad azadlığı əsassız dövlət müdaxiləsi olmadan üzvlərin sərbəst birləşməsinə icazə veriləcəyinə dair ümidlərini əhatə edir. Buna görə, dövlət-kilsə münasibətlərinin dövlət tərəfindən əsassız nizamlanması qadağan olunur; bu sahədə hər hansı müdaxilə qanunla müəyyən edilməli, qanuni məqsəd güdməli və demokratik cəmiyyətdə zəruri olmalıdır. Kilsələrin qeydiyyatına dair tələblər obyektiv və əsaslandırılmış olmalıdır, çünki bu məsələdə dövlətdə qərəzsiz olması tələb olunur. Nəticə etibarilə, dini icma qanunun tələblərinə cavab verdiyi təqdirdə o, kilsə kimi qeydiyyatdan keçmək hüququna malik olmalı, qeydiyyat prosesində isə ədalət təminatları nəzərdə tutulmalıdır.
71. Eyni zamanda, onların kilsə kimi yenidən qeydiyyatdan keçməsinin şərtləri və prosedurları nəinki “Kilsələr haqında” 1990-cı il qanununa əsasən sistemi ilə müqayisədə daha ciddiləşmiş, hətta Parlamentə onların yenidən qeydiyyatdan keçmək səylərini özbaşına, siyasi mülahizələrə əsasən rədd etməyə imkan verməklə əsassız olaraq ağır və ədalətsiz olmuşdur.
72. Uzun müddət ərzində müəyyən edilmiş mövcudluğu tələb edən şərtlə əlaqədar olaraq ərizəçilər bunun obyektiv olduğunu etiraf etməklə yanaşı, bu meyarın əsassız olduğunu iddia etmişlər. Onlar qeyd etmişlər ki, Macarıstanda kommunist rejiminin sonundan iyirmi ildən bir az çox müddət keçmişdir. Bundan qabaq ölkədə yeni dini hərəkatların formalaşması və fəaliyyəti çətin olmuşdur. Nəticə etibarilə, demək olar ki, bütün dini hərəkatlar 9-cu maddəyə zidd olaraq “kilsə” olmağın üstünlüklərindən məhrum olmuşdur.
73. Bundan əlavə, “Kilsələr haqqında” 2011-ci il qanununa daha az obyektiv olan meyar, yəni dini icmanın fəaliyyətinin milli təhlükəsizlik üçün hər hansı təhlükə yaratmaması və onun prinsipləri ilə sağlamlıq hüququnun, həyatın və insan ləyaqətinin qorunmasının pozulmaması barədə tələb daxil edilmişdir. Ərizəçilərin dövlət və ya ictimai asayiş üçün hər hansı təhlükə yaratması barədə sübutların olmadığına baxmayaraq onların yeni qeydiyyat barədə müraciətləri rədd edilmişdir.
74. Yuxarıdakıları nəzərə alaraq ərizəçilər vurğulamışlar ki, “Kilsələr haqqında” 2011-ci il qanununa əsasən, hətta dini icma müvafiq obyektiv meyarlara cavab verdiyi halda, onun qeydiyyat barədə müraciəti rədd edilə bilərdi, bu isə əsassızlığa (özbaşınalığa) bənzər vəziyyət olmuşdur.
2. Məhkəmənin qiymətləndirməsi
a) Ümumi prinsiplər
75. Məhkəmə xatırladır ki, 9-cu maddədə təsbit edildiyi kimi, fikir, vicdan və din azadlığı Konvensiyanın mənasında “demokratik cəmiyyətin” bünövrələrindən biridir. Din azadlığı ilk növbədə fərdi əqidə məsələsi olsa da, onunla həmçinin, “şəxsin dini” təkbaşına, yaxud başqaları ilə birlikdə açıq və inamı bölüşdüyü şəxslərlə birgə “ifadə etmək” azadlığı nəzərdə tutulur. Sözlər və əməllər ilə şəhadət dini əqidənin varlığı ilə bağlıdır (bax: “Kokkinakis Yunanıstana qarşı” (Kokkinakis v. Greece, 25 May 1993, § 31, Series A no. 260) və “Buşarini və digərləri San-Marinoya qarşı” (Buscarini and Others v. San Marino [GC], no. 24645/94, § 34, ECHR 1999-I)).
76. Məhkəmə dini icmaların rəsmi qeydiyyat tədbirlərinin Konvensiyanın 9-cu maddəsi ilə qorunan hüquqlara müdaxilə təşkil edib-etməməsi məsələsi barədə in abstracto qərara gəlməyi zəruri hesab etmir. Eyni zamanda, Məhkəmə vurğulayır ki, dövlətin din azadlığı sahəsində nizamlama səlahiyyətlərini həyata keçirərkən və müxtəlif dinlər, məzhəb və əqidələr ilə münasibətlərində qərəzsiz olmaq vəzifəsi vardır (bax: “Metropolitan Church of Bessarabia”, [no. 45701/99, ECHR 2001‑XII], § 116, və “Religionsgemeinschaft der Zeugen Jehovas”, [no. 40825/98, 31 July 2008], § 97). Bu sahədə öz səlahiyyətlərinin yerinə yetirilməsi zamanı dövlət orqanlarının qərəzsiz olmamasını nümayiş etdirən faktlar dövlətin Konvensiyanın 9-cu maddəsinin mənasında dindarların öz dinini ifadə etmək azadlığına müdaxilə etməsi barədə nəticəyə gətirib çıxarmalıdır. Məhkəmə bir daha vurğulayır ki, xüsusilə müstəsna hallar istisna edilməklə, Konvensiya ilə təmin edilən dini etiqad azadlığı dini etiqadın və ya onun ifadəsi üçün istifadə edilən üsulların qanuniliyini müəyyən etməkdə dövlətin hər hansı diskresiya hüquqlarını istisna edir (bax: “Hasan və Çauş Bolqarıstana qarşı” (Hasan and Chaush [v. Bulgaria [GC], no. 30985/96, ECHR 2000-XI], §§ 77‑78)). Əslində, Məhkəmənin presedent hüququnda müəyyən edildiyi kimi, dövlətin neytral və qərəzsiz olmaq vəzifəsi dövlətin dini etiqadların qanuniliyinə qiymət vermək səlahiyyətləri ilə bir araya sığmır (bax: yuxarıda qeyd edilən “Metropolitan Church of Bessarabia”, § 123).
77. Bu şəraitdə 9-cu maddə birliklərin fəaliyyəti üçün dövlətin əsassız müdaxiləsinə qarşı təminatlar nəzərdə tutulan Konvensiyanın 11-ci maddəsi baxımından şərh edilməlidir. Bununla əlaqədar Məhkəmə “Hasan və Çauş” (yuxarıda qeyd edilən, § 62) işində öz nəticələrini xatırladır:
“Məhkəmə xatırladır ki, dini icmalar ənənəvi və universal olaraq təşkil olunmuş struktur formasında mövcuddur. Onlar pərəstişkarları tərəfindən adətən ilahi mənşəli hesab edilən qaydalara əməl edir. Bu qaydalara uyğun olaraq səlahiyyətə malik olan dini xadimlər tərəfindən həyata keçirilən dini mərasimlərin dindarlar üçün öz mənası və müqəddəs dəyəri vardır. Şübhəsiz ki, dini xadimlərin şəxsiyyəti icmanın hər bir üzvü üçün əhəmiyyət kəsb edir. Buna görə, icmanın həyatında iştirak Konvensiyanın 9-cu maddəsi ilə qorunan dini ifadə etmək azadlığını təşkil edir.
Dini icmanın təşkili məsələsinə baxıldıqda, Konvensiyanın 9-cu maddəsi birliklərin fəaliyyəti üçün dövlətin əsassız müdaxiləsinə qarşı təminatlar nəzərdə tutulan Konvensiyanın 11-ci maddəsi baxımından şərh edilməlidir. Bu nöqteyi-nəzərindən, dindarların dini etiqad azadlığı icmanın dinc, dövlətin əsassız müdaxiləsi olmadan fəaliyyət göstərməsi üçün icazə verilməsinə ümidləri əhatə edir. Əslində, dini icmaların müstəqil surətdə mövcudluğu demokratik cəmiyyətdə plüralizm üçün tam zəruridir və buna görə, 9-cu maddənin təminatlarının özəyidir. Bu, nəinki icmanın təşkili ilə, hətta dini etiqad azadlığının onun bütün üzvləri tərəfindən səmərəli surətdə həyata keçirilməsi ilə bilavasitə bağlıdır. İcmanın təşkilati həyatı Konvensiyanın 9-cu maddəsi ilə qorunmadığı təqdirdə, şəxsin dini etiqad azadlığının bütün digər tərəfləri zəif olardı”.
78. Məhkəmə həmçinin bildirir ki, qarşılıqlı məqsədlər sahəsində kollektiv surətdə fəaliyyət göstərmək üçün hüquqi şəxs yaratmaq imkanı birləşmək azadlığının ən vacib tərəflərdən biridir ki, bunsuz hüququn heç bir mənası olmazdı. Məhkəmə ardıcıl surətdə müəyyən etmişdir ki, dövlət orqanlarının şəxslərin birliyinə hüquqi şəxs statusunu verməkdən imtina etməsi ərizəçilərin birləşmək azadlığına müdaxiləni təşkil edir (bax: “Qorzelik və digərləri Polşaya qarşı” (Gorzelik and Others v. Poland [GC], no. 44158/98, § 52 et passim, ECHR 2004‑I) və “Sidoropulos və digərləri Yunanıstana qarşı” (Sidiropoulos and Others v. Greece, 10 July 1998, § 31 et passim, Reports of Judgments and Decisions 1998‑IV)). Dövlətlər birliyin məqsəd və fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olması qənaətinə gəlmək hüququna malikdir, lakin bunu Konvensiyaya əsasən öhdəliklərinə uyğun qaydada və Konvensiya təsisatlarının nəzarəti altında yerinə yetirməlidir (bax: yuxarıda qeyd edilən “Sidiropoulos”, § 40). Dini icmanın təşkili məsələsinə baxıldıqda, onu tanımaqdan imtina da Konvensiyanın 9-cu maddəsinə əsasən ərizəçilərin dini etiqad azadlığına müdaxiləni təşkil etmişdir (bax: yuxarıda qeyd edilən “Metropolitan Church of Bessarabia”, § 105).
79. Dövlətin öz təsisatlarının və vətəndaşlarını onlara zərər vura biləcək birliklərdən qorumaq səlahiyyəti ehtiyatla həyata keçirilməli, birləşmək azadlığından istisnalar isə dəqiq müəyyən edilməli, bu azadlığa dair məhdudiyyətləri yalnız inandırıcı və məcburi səbəblər əsaslandıra bilər. Hər hansı məhdudiyyət “zəruri sosial tələbata” uyğun olmalıdır; bununla da, “zəruri” sözü “faydalı” və “məqsədəuyğun” ifadələri kimi çevik deyil (bax: yuxarıda qeyd edilən “Gorzelik”, §§ 94-95, müvafiq istinadlarla).
80. Məhkəmə öz nəzarətini həyata keçirərkən onun vəzifəsi müvafiq dövlət orqanlarının fikrini öz fikri ilə əvəz etmək deyil, onların öz səlahiyyətlərin yerinə yetirilməsi zamanı qəbul edilmiş qərarları nəzərdən keçirməkdir. Bu, demək deyil ki, o, cavabdeh dövlət tərəfindən öz səlahiyyətlərinin əsaslı, ehtiyatlı və vicdanlı surətdə yerinə yetirib-yetirmədiyini müəyyən etməklə kifayətlənməlidir; o, barəsində şikayət edilən müdaxiləyə işin bütün halları nəzərə alınmaqla baxmalı və onun “güdülən qanuni məqsədə mütənasib” olub-olmadığına, habelə onu əsaslandırmaq üçün dövlət orqanlarının irəli sürdüyü səbəblərin “münasib və kifayət qədər” olub-olmadığına baxmalıdır. Bunu edərək Məhkəmə qənaətə gəlməlidir ki, dövlət orqanları Konvensiyada əks etdirilmiş prinsiplərə uyğun standartları tətbiq etmiş və, bundan əlavə, öz qərarlarını müvafiq faktların məqbul qiymətləndirməsinə əsaslandırmışdır (bax: “Türkiyənin Birləşmiş Kommunist Partiyası və digərləri Türkiyəyə qarşı” (United Communist Party of Turkey and Others v. Turkey, 30 January 1998, § 47, Reports 1998‑I) və “Partidul Comunistilor (Nepeceristi) və Ungureanu Rumıniyaya qarşı” (Partidul Comunistilor (Nepeceristi) and Ungureanu v. Romania, no. 46626/99, § 49, ECHR 2005‑I (extracts)).
b) Həmin prinsiplərin hazırkı işə tətbiqi
i) Müdaxilən baş verib-verməməsi
81. Məhkəmə qeyd edir ki, ərizəçi icmalar “Kilsələr haqqında” 1990-cı il qanununa müvafiq olaraq səlahiyyətli məhkəmə tərəfindən qeydiyyata alınmış kilsələr kimi Macarıstanda mövcud olmuş və qanuni qaydada fəaliyyət göstərmişlər. “Kilsələr haqqında” 2011-ci il qanunu ilə əvvəllər qeydiyyata alınmış bütün kilsələrin, “Kilsələr haqqında” 2011-ci il qanununa Əlavədə göstərilən tanınmış kilsələr istisna edilməklə, statusu birliklər statusuna çevrilmişdir. Dini icmalar kilsə kimi fəaliyyətini davam etdirmək niyyətində olduğu təqdirdə bu qisimdə tanınmaq üçün Parlamentə fərdi qaydada müraciət etməli idi.
82. Məhkəmə iki əvvəlki işdə (bax: yuxarıda qeyd edilən “Moscow Branch of the Salvation Army”, § 67, və “Moskva Sayentologiya Kilsəsi Rusiyaya qarşı” (Church of Scientology Moscow v. Russia, no. 18147/02, § 78, 5 April 2007)) müəyyən etmişdir ki, yenidən qeydiyyata almama dini təşkilatın birləşmək azadlığına və onun dini etiqad azadlığına müdaxiləni təşkil etmişdir.
83. Məhkəmə hesab edir ki, hazırkı işdə baxılan tədbir ərizəçilərin kilsələr kimi qeydiyyatının ləğv edilməsini və onların 9 və 11-ci maddələrdə nəzərdə tutulmuş hüquqlarına müdaxiləni təşkil etmişdir. Buna görə, Məhkəmə müdaxilənin həmin müddəaların 2-ci hissələrindəki tələblərə cavab verib-vermədiyini, yəni onun “qanunla nəzərdə tutulub-tutulmadığını”, bir və ya daha çox qanuni məqsəd güdüb-güdmədiyini və “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını müəyyən etməlidir (bir çox digər qərarlar sırasında bax: yuxarıda qeyd edilən “Metropolitan Church of Bessarabia”, § 106).
84. Bu sahədə dövlətin səlahiyyətləri ehtiyatla həyata keçirilməlidir; birləşmək azadlığı normasından istisnalar dəqiq müəyyən edilməli, bu azadlığa dair məhdudiyyətləri yalnız inandırıcı və məcburi səbəblər əsaslandıra bilər. Bununla əlaqədar Məhkəmə “Gorzelik” (yuxarıda qeyd edilən, §§ 94-95) və “Moskva Yeqova şahidləri Rusiyaya qarşı” (Jehovah’s Witnesses of Moscow v. Russia, (no. 302/02, § 100, 10 June 2010)) işlərində ifadə edilmiş mövqeyini bir daha təkrarlayır. Məcburi səbəblərin mövcudluğu ilə bağlı sübut etmə vəzifəsi cavabdeh Hökumət üzərindədir (bax: mutatis mutandis, “Vallianatos və digərləri Yunanıstana qarşı” (Vallianatos and Others v. Greece [GC], nos. 29381/09 and 32684/09, § 85, ECHR 2013)). Buna görə Hökumət hazırkı işdə artıq qeydiyyata alınmış kilsələrə konfessional fəaliyyətlə, yəni öz dinini ifadə etməklə bağlı öz statusunu qoruyub-saxlamasını qadağan olunmasının onun əsas gətirdiyi qanuni məqsədlərə nail olmaq üçün zəruri olduğunu göstərməlidir.
ii) Qanunla nəzərdə tutulmuş
85. Bu məsələni tərəflər mübahisələndirməmişdir. Məhkəmə qənaətə gəlir ki, barəsində şikayət edilən müdaxilə “Kilsələr haqqında” 2011-ci il qanunu ilə nəzərdə tutulmuşdur.
iii) Qanuni məqsəd
86. Hökumət bildirmişdir ki, mübahisələndirilən müdaxilə, əgər ümumiyyətlə baş vermişdirsə, 9-cu maddənin 2-ci hissəsinin mənasında başqaların hüquq və azadlıqların qorunmasına və ictimai asayişin qorunmasına dair qanuni məqsədlər, yəni dini məqsədlər üçün fəaliyyət göstərdiyini iddia edən, əslində isə yalnız maliyyə gəliri əldə etməyə səy göstərən qurumların aradan qaldırılması üçün nəzərdə tutulmuşdur. Ərizəçilər bu fikri mübahisələndirmişlər.
Məhkəmə hesab edir ki, bu tədbirin dələduzluğa qarşı mübarizə aparmağa cəhd etməklə 11-ci maddənin 2-ci hissəsinin məqsədləri üçün iğtişaşın və cinayətlərin qarşısının alınmasına dair qanuni məqsədə xidmət etməsi hesab edilə bilər.
iv) Demokratik cəmiyyətdə zəruri
α) Mülahizə hüdudları
87. Hökumətin Kimlya and Others (§ 79, yuxarıda 65-ci abzasa bax), işində ifadə edilmiş, sayentologiya məzhəbinin mübahisə edilən xarakteri ona dövlət orqanları tərəfindən verilmiş qiymətləndirməyə istinad etməsini zəruri etmiş prinsipə əsaslanması ilə əlaqədar olaraq Məhkəmə qeyd edir ki, həmin işdə hesab edilmişdir ki, Avropa miqyasında konsensusun olmaması müxtəlif ölkələrin dövlət orqanlarının həmin dini qrupun nümayəndələri barəsində məhkəmələrə müraciət etməsi ilə nümayiş etdirilmişdir. Məhkəmənin fikrincə, bu tədbirlər məzhəbin dini xarakteri ilə bağlı əsl rəsmi mübahisənin olmasını nümayiş etdirmişdir. Həmin şəraitdə güman edilən dinin mübahisələndirilən xarakteri onun məzhəbinin qiymətləndirilməsində dövlətin geniş mülahizə hüdudlarına malik olmasına səbəb ola bilər.
88. Eyni zamanda, Məhkəmə hesab edir ki, bu cür yanaşma dini qrupun sadəcə bu də ya digər Avropa dövlətində tamhüquqlu kilsə kimi tanınmadığı hallara avtomatik olaraq tətbiq edilə bilməz. Aydın konsensusun bu cür sadəcə olmaması, xüsusilə məsələ müəyyən mübahisəli məzhəbin din kimi qəbul edilməsi ilə deyil, başqa cür qəbul edilmiş (əvvəllər qeydiyyata alınmış) dinlərin təşkilati tanınmasının çərçivələri ilə bağlı olduqda, eyni dərəcədə dövlət orqanlarının qiymətləndirməsinə istinad olunması üçün səbəb ola bilməz. Başqa cür müəyyən edilsə, bu, qeyri-ənənəvi dinlərin bəzi ölkələrdə qanunla kilsə kimi tanınmadığı üçün onların bir ölkədə Konvensiya müdafiəsindən məhrum olunması demək olacaqdır. Bu, dinlərin zəruri təşkilati formalarının təmin edilməsi baxımından 9 və 11-ci maddələrdə nəzərdə tutulan təminatların xəyali olmasına gətirib çıxaracaqdı.
89. Buna görə Məhkəmə hesab edir ki, dövlətlərin bu sahədə müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, bu, dinlərin və dini təşkilatların dövlət orqanları tərəfindən tamamilə qiymətləndirməsinə gətirib çıxara bilməz; üzv-dövlətdə qəbul edilmiş aidiyyəti qanunlar Məhkəmənin presedent hüququna uyğun olmalı və Məhkəmənin nəzarəti altında olmalıdır.
β) Müsbət öhdəliklər
90. Məhkəmə hesab edir ki, dini icmalar tərəfindən hüquqi şəxs statusu almasını dəstəkləyən tanınma sisteminin yaradılması ilə bağlı dövlət üzərində müsbət öhdəlik vardır. Bu, həmçinin din və dini fəaliyyət anlayışının verilməsinə aiddir. Məhkəmənin fikrincə, həmin anlayışlar şəxsin dini etiqad azadlığının həyata keçirməsinə birbaşa təsiri göstərərək, şəxsin fəaliyyəti dini fəaliyyət kimi tanınmadığı halda bu azadlığı məhdudlaşdırmağa qadirdir. BMT-nin İnsan Hüquqları Komitəsinin ... mövqeyinə əsasən bu anlayışlar qeyri-ənənəvi din formalarının ziyanına ifadə edilə bilməz və Məhkəmə bu mövqeyə şərik çıxır. Bu şəraitdə Məhkəmə xatırladır ki, presedent hüququnda müəyyən edildiyi kimi, dövlətin neytral və qərəzsiz olmaq vəzifəsi dövlətin dini etiqadların qanuniliyinə qiymət vermək səlahiyyəti ilə bir araya sığmır (bax: yuxarıda qeyd edilən “Metropolitan Church of Bessarabia”, §§ 118 və 123, və yuxarıda qeyd edilən “Hasan and Chaush”, § 62). Eyni zamanda, hazırkı iş dinin Macarıstan qanunvericiliyindəki anlayışı ilə bağlı deyil.
91. Məhkəmə həmçinin hesab edir ki, 9-cu maddə ilə birlikdə 11-ci maddəyə əsasən dini təşkilatların müəyyən hüquqi statusa malik olmaq hüququ mövcud deyil. Konvensiyanın 9 və 11-ci maddələrində yalnız tələb edilir ki, dövlət dini icmaların mülki hüquqa əsasən hüquq qabiliyyəti statusunu əldə etmək imkanında olmasını təmin etsin; onlar üçün publik hüquqa əsasən müəyyən statusu tələb olunmur.
92. Dini icmaların fərli hüquqi statusu onların tərəfdaşlarını din və onu etiqad edən kilsə barəsində dövlət tərəfindən ictimai həyatda verilən rəsmi qiymətə həssas olan ictimai rəydə əlverişsiz şəkildə təsvir etməməlidir. Bir çox ölkələrin ənənələrinə görə, kilsənin müəyyən olunması və dövlət tərəfindən tanınması sosial mövqe üçün başlıca amildir ki, bunsuz dini icmaya şübhəli təriqət kimi baxıla bilər. Başqa sözlə, dini icmanın kilsə kimi tanımaqdan imtina, xüsusilə yeni və ya qeyri-ənənəvi məzhəblər halında bu, adətən kiçik, icmaların tərəfdaşlarına qarşı mənfi fikirləri gücləndirə bilər.
93. Məhkəmə hüquqi statusda fərqləri və bunun nəticəsində dini icmaların dövlətlə əməkdaşlıq baxımından hüquqi rejimini (dövlətin mülahizə sərbəstliyi çərçivəsində əməkdaşlığı konstitusiya modelinə üstünlük verildikdə) qiymətləndirərkən, həmçinin qeyd edir ki, həmin fərqlərin icmanın təşkilinə və bununla fərdi və ya kollektiv dini ayinlərə təsiri vardır. Həqiqətən, dini birliklər yalnız fərdi dini məqsədlərə nail olmaq vasitələri deyil. Onlar hərtərəfli yollarla şəxsin özünün müəyyən etməsinin inkişafı üçün şərait yaradır və cəmiyyətdə plüralizmə xidmət edir. Dindarların birləşmək azadlığının müdafiəsi nəticəsində şəxslər üçün şərikli əqidə ilə diktə olunan birgə layihələri həyata keçirmək məqsədilə kollektiv qərar qəbul etmək imkanı yaradılır.
94. Məhkəmə nəzərdən qaçıra bilməz ki, dövlət bir neçə dini təşkilatları qeydiyyata aldığı halda, müəyyən bir dini təşkilatı qeydiyyata almaqdan imtina etdikdə bu dinin tərəfdaşları xoş qarşılanan deyil, sadəcə dözüldüklərini hiss edə bilərlər. Bu, ona görədir ki, dinin prinsipləri ilə diktə olunan formada dini ayinlərin kollektiv qaydada icrası dini etiqad azadlığının maneəsiz həyata keçirilməsi üçün əsas ola bilər. Məhkəmənin fikrincə, hiss olunan bu cür alçaqlıq vəziyyəti şəxsin dini ifadə etmək azadlığına aiddir.
γ) Ərizəçi dini icmaların qeydiyyatının ləğv edilməsi
95. Məhkəmə qeyd edir ki, “Kilsələr haqqında” 2011-ci il qanununun qüvvəyə minməsi nəticəsində əvvəllər imtiyazlar, maddi yardım və ianələr almaq hüququna malik tamhüquqlu kilsələr olmuş ərizəçi qurumların bu statusu ləğv edilmiş və onlar, ən yaxşı halda, qeyd edilən imkanlardan məhrum olan birliklərə aid edilmişlər. Həqiqətən, Konstitusiya Məhkəməsinin sonrakı qərarı ilə bu müdaxiləyə nominal olaraq son qoyulmuşdur. Hökumətə görə, bununla iddia edilən pozuntu tamamilə aradan qaldırılmışdır; eyni zamanda, ərizəçilər iddia etmişlər ki, onlar öz əvvəlki statusunu bərpa edə bilməzlər.
96. Ərizəçi icmaların qeydiyyatının ləğv edilməsinə qiymət verilərkən qeyd etmək lazımdır ki, onlar Macarıstanın Konvensiya sisteminə qoşulduğu zaman qüvvədə olmuş və “Kilsələr haqqında” 2011-ci il qanununun qüvvəyə minməsinə qədər tətbiq edilmiş qanunvericiliyə əsasən Macarıstan dövlət orqanları tərəfinə kilsələr kimi tanınmışlar.
Bundan əlavə, Məhkəmə, ölkədə əvvəllər mövcud olmuş kilsələrin böyük sayı ilə bağlı problemlərdən Hökumətin əsaslı narahatlığını (yuxarıda 62-ci abzasa bax) qəbul edərək, qeyd edir ki, dövlət orqanlarının dərk etdiyi problemin bu cür radikal olmayan həll etmə yollarının, o cümlədən məhkəmə nəzarətinin və sui-istifadə etməsi sübut olunmuş kilsələrin ləğv edilməsinin mümkün olmaması Hökumət tərəfindən nümayiş etdirilməmişdir.
97. Məhkəmə yalnız qeyd edə bilər ki, mübahisələndirilən qanunvericiliyin nəticəsində mövcud olmuş və fəaliyyət göstərmiş kilsələrin hüquqi əsasları, bəzi hallarda isə maddi vəziyyət və onların nüfuzu üçün ciddi nəticələrə səbəb olaraq ləğv edilmişdir.
δ) Ərizəçi icmaların yenidən qeydiyyata alınmaq imkanları
98. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericiliyə əsasən Macarıstanda kilsələrin tanınmasına dair ikipilləli sistem mövcuddur. Bir sıra qeydiyyata alınmış deyilən kilsələr imtiyazlar, maddi yardım və vergi imtiyazları daxil olmaqla tam kilsə statusuna malikdir. Qalan dini birliklər 2013-cü il avqustundan sonra “kilsə” adını sərbəst istifadə edə bilsə də, daha əlverişsiz vəziyyətdə olmaqla, bu kateqoriyadan qeydiyyata alınmış kilsələr kateqoriyasına keçməyə məhdud imkanlara malikdir. Əvvəllər tamhüquqlu kilsələr olmuş hazırkı işdəki ərizəçilər hal-hazırda əvvəlki statusu ya mövcud qeydiyyata alınmış kilsələr ilə müqayisədə öz dinini ifadə etmək üçün əhəmiyyətli dərəcədə azalmış hüquqlara və maddi imkanlara malik olmaqla ikinci kateqoriyaya aiddir.
99. Məhkəmə, bir tərəfdən qeydiyyata alınmış kilsə statusunu almaq mümkünlüyünə, digər tərəfdən isə bunun şərtlərinin əsaslılığına, yəni Parlamentin qərara gəldiyi kimi, kilsənin mövcud olma müddəti və üzvlərin minimal sayı, habelə milli təhlükəsizlik üçün təhlükə törətməmə ilə bağlı obyektiv meyarlara diqqət yetirən Hökumətin dəlillərini qeyd edir.
100. Kilsələrin tanınmasının ikipilləli sistemi ilə əlaqədar olaraq Məhkəmə qənaətə gəlir ki, bu cür sxem per se dövlətin mülahizə hüdudlarına daxil ola bilər (bax: “Sindicatul “Păstorul cel Bun” Rumıniyaya qarşı (BP)” (Romania Sindicatul “Păstorul cel Bun” v. Romania [GC], no. 2330/09, § 138, ECHR 2013 (extracts)). Buna baxmayaraq, hər hansı belə sxem adətən onun fəaliyyət göstərdiyi ölkələrin tarixi-konstitusiya ənənələrinə aiddir, rəsmi kilsə sistemi isə, xüsusilə belə vəziyyət Konvensiyaya tərəfdar çıxan dövlət tərəfindən Konvensiyanın ratifikasiya etməsi tarixindən əvvəl mövcud olduqda Konvensiyanın 9-cu maddəsinə uyğun sayıla bilər (bax: “Darbi İsveçə qarşı” (Darby v. Sweden, no. 11581/85, Report of the Commission, 9 May 1989, § 45, Series A no. 187)).
Misal üçün, Məhkəmə artıq qəbul etmişdir ki, digər mülahizələr arasında rəsmi kilsə işçilərinin nəinki öz dindarlarına, hətta ümumiyyətlə əhaliyə münasibətdə hüquq və vəzifələri olan dövlət qulluqçusu olması nəzərə alınaraq rəsmi kilsənin dövlət büdcəsindən maliyyələşməsi Konvensiyanı pozmamışdır (bax: “Ásatrúarfélagið İslandiyaya qarşı” (qərardad) (Ásatrúarfélagið v. Iceland (dec.), no. 22897/08, § 34, 18 September 2012)). Daha geniş mənada Məhkəmə əlavə etməlidir ki, kilsələrin maliyyələşməsi və onlar üçün başqa maddi və ya maliyyə imtiyazların müəyyən edilməsi, Konvensiyaya zidd olmasa da, ayrı-seçkilik xarakterli, yaxud həddindən artıq, yəni müəyyən cəmiyyətdə digər təşkilatların müqayisə bilən fəaliyyəti üçün aldıqlarına açıq-aşkar qeyri-mütənasib olmamalıdır.
101. Eyni zamanda, hazırkı işdə Məhkəmə müəyyən edir ki, Hökumət hal-hazırda tətbiq edilən “Kilsələr haqqında” 2011-ci il qanununa Əlavədə göstərilən qeydiyyata alınmış kilsələrin siyahısının, ... son tarixi dəyişikliklərə əhəmiyyət vermədən ... ərizəçi dini icmalarını əhatə etməyən və 1895-ci ildə mövcud olmuş vəziyyəti əks etdirən Macarıstan tarixi ənənələrini tam əks etdiyini nümayiş etmək üçün hər hansı tutarlı sübut təqdim etməmişdir.
102. Məhkəmə qeyd edir ki, qeydiyyata alınmış kilsələri tanımaq qərarını üçdə-iki səs çoxluğu ilə qəbul etmək səlahiyyəti xüsusi olaraq siyasi orqan olan Parlamentə məxsusdur. Venesiya Komissiyası qeyd etmişdir ki, tələb edilən səs çoxluğu mütləq seçkilərin nəticələrindən asılıdır ... Nəticə etibarilə, kilsənin tanımaqdan imtina və ya tanıması siyasi hadisələrlə bağlı ola bilər. Belə bir sxem qərəzsizliyə əhəmiyyət verməməsinə və əsassızlıq (özbaşınalıq) riskinə mütləq səbəb olur. Dini icmaların siyasi partiyalara onların səsləri üçün hüsn-rəğbət göstərmək ehtiyacında qaldığı vəziyyət dövlətin bu sahədə neytrallığına dair tələbə cavab vermir.
103. Məhkəmə hesab edir ki, ərizəçi dini icmalardan qeyri-siyasi orqan tərəfindən aparılan ədalətli prosedur çərçivəsindəki obyektiv qiymətləndirmə təminatları nəzərdə tutulmayan prosedura müraciət etməsi əsaslı olaraq gözlənilə bilməz. ...
104. Yenidən qeydiyyata alınması prosedurunun siyasi meyllərlə pozulması mümkünlüyünü kənara qoyaraq Məhkəmə müəyyən etmişdir ki, dinin əsas prinsipləri barədə məlumatın təqdim edilməməsinə görə qeydiyyatdan imtina işin xüsusi hallarında qeydiyyat üçün müraciət etmiş məzhəbin demokratik cəmiyyət üçün təhlükə yaradıb-yaratmadığını müəyyən etmək zəruriliyi ilə əsaslandırıla bilər (bax: Cârmuirea Spirituală a Musulmanilor din Republica Moldova v. Moldova (dec.), no. 12282/02, 14 June 2005). Eyni zamanda, hazırkı işdə Məhkəmə qeyd edir ki, Hökumət artıq fəaliyyət göstərən kilsələrin onların cəmiyyət üçün mümkün təhlükəlilik baxımından yenidən nəzərdən keçirmək tələbi, hətta “Kilsələr haqqında” 2011-ci il qanununda dolayısı ilə nəzərdə tutulan kimi, onların məzhəbinin məzmununu yoxlamaq tələbi üçün səbəbləri göstərməmişdir ... Həmçinin, ərizəçi qurumların həqiqi təhlükəsinin sübutları təqdim edilməmişdir (müqayisə et: yuxarıda qeyd edilən “Church of Scientology Moscow”, § 93). Məhkəmə qeyd edir ki, müvafiq dövrdə ərizəçilər Macarıstanda bir neçə il ərizəndə dini icmalar kimi fəaliyyət göstərmişlər. Bu dövrdə ərizəçilərin qanunsuz fəaliyyət göstərməsi əsasları ilə onların mövcudluğunu mübahisələndirmək üçün dövlət orqanları tərəfindən hər hansı prosedura başlanması barədə heç bir sübut Məhkəmə qarşısında yoxdur. Buna görə, onların yenidən qeydiyyatdan keçmək tələbi üçün səbəblər xüsusilə tutarlı olmalıdır (bax: yuxarıda qeyd edilən “Church of Scientology Moscow”, § 96, və yuxarıda qeyd edilən “Moscow Branch of The Salvation Army”, § 96). Hazırkı işdə dövlət orqanları belə səbəbləri göstərməmişlər.
105. Eyni zamanda, Məhkəmə hətta bu cür tutarlı səbəblərin olmasını ehtimal etsə də, yalnız belə nəticəyə gələ bilər ki, prosedurun siyasi xarakteri nəzərə alınaraq ərizəçi dini qruplara istənilən səviyyədə hüquqi tanıma üçün ədalətli imkanlar yaradılmamışdır (bax: yuxarıda qeyd edilən “Religionsgemeinschaft der Zeugen Jehovas”, § 92).
ε) Ərizəçi icmaların öz dinini ifadə etmək və bu sahədə dövlətlə əmədaşlıq etmək üçün maddi imtiyazlara malik olmaq imkanları
106. Məhkəmə qeyd edir ki, 9-cu maddəyə əsasən şəxsin öz dinini və ya əqidəsini ifadə etmək azadlığı ilə ərizəçi birliklərin və ya onların üzvlərinin dövlət büdcəsindən əlavə maliyyələşmə almaq hüququ nəzərdə tutulmur (bax: yuxarıda qeyd edilən “Ásatrúarfélagið”, § 31), lakin müxtəlif dini icmalara, bununla da müxtəlif dinlərə başqa qaydada verilən ianələr ən ciddi nəzarəti tələb edir (bax: mutatis mutandis, yuxarıda qeyd edilən “Gorzelik”, § 95).
107. Məhkəmə artıq qəbul etmişdir ki, dini cəmiyyətlərin əldə etdiyi imtiyazlar, xüsusilə vergilər sahəsindəki imtiyazlar onların dini məqsədlərinə nail olmasına yardım göstərir (bax: “Association Les Témoins de Jéhovah v. France”, no. 8916/05, §§ 49 and 52-53, 30 June 2011) və buna görə, Konvensiyanın 9-cu maddəsinə əsasən dövlət orqanlarının həmin resursların ayrılması və imtiyazların müəyyən edilməsi zamanı öz səlahiyyətlərini yerinə yetirərkən neytral və qərəzsiz olmaq öhdəliyi vardır. Dövlət 9 və 1-ci maddələrlə əlaqədar öz üzərinə götürmüş öhdəlikləri yerinə yetirmə məqsədilə dini təşkilatların maddi yardım və digər imtiyazları almaq hüququnu müəyyən etmək qərarına könüllü olaraq gəldikdə (bununla da bu hüquq qeyd edilən Konvensiya maddələrinin daha geniş əhatə dairəsinə daxil edildikdə), bu imtiyazların verilməsində ayrı-seçkiliyə yol verməməlidir (bax: mutatis mutandis, “E.B. Fransaya qarşı” (BP) (E.B. v. France [GC], no. 43546/02, §§ 48-49, 22 January 2008) və “Savez crkava “Riječ života” və digərləri Xorvatiyaya qarşı” (Savez crkava “Riječ života” and Others v. Croatia, no. 7798/08, § 58, 9 December 2010)). Eyni qaydada, dövlət dini icmaların müəyyən imtiyazlarını azaltmaq və ya ləğv etmək qərarına gəldikdə də belə tədbir ayrı-seçkilik xarakterli olmamalıdır.
108. Məhkəmənin fikrincə, dini icmaların bir-birindən öz təşkilati formasına, üzvlərin sayına və müvafiq məzhəbdən irəli gələn fəaliyyətinə görə fərqli olması nəzərə alınaraq dövlətlər müxtəlif dini icmalarla əməkdaşlıq formalarının seçilməsində əhəmiyyətli dərəcədə sərbəst olmalıdır. Bunun, xüsusilə dövlət müəyyən tədbirlər əlaqədar əməkdaşlıq etmək niyyətində olduqda aidiyyəti vardır. Dini icmalar tərəfindən onların dini həyatına bilavasitə bağlı olmayan ictimai vəzifələr yerinə yetirildikdə dövlətin qeyd edilən səlahiyyəti daha böyük əhəmiyyət kəsb edir (bu, məsələn, onların dini vəzifələrindən irəli gələn xeyriyyə fəaliyyətinə aid deyil). Bu şəraitdə dini icmalarla əməkdaşlıq müəyyən edildiyi zaman dövlətin müəyyən mülahizə sərbəstliyi vardır. Bu məqamda Məhkəmə Macarıstanda dövlət-kilsə münasibətlərinin xüsusi şəraitini, xüsusilə Macarıstan kilsələrinin 1945-ci ildən sonra öz hüquqlarından məhrum etmə ilə nəticələnmiş tədbirlərə məruz qaldığını qeyd edir ...
109. İctimai maraqlara cavab verən vəzifələr üçün partnyorların cəlb edilməsi zamanı dövlət dini icmalar arasında ayrı-seçkilik aparmamalıdır. Dövlətin neytral olması tələb edir ki, dövlət dini icmalarla əməkdaşlıq etmək qərarına gəldikdə, partnyorların seçilməsi, məsələn, onların maddi imkanları ilə bağlı müəyyən meyarlara əsaslanmalıdır. Tanıma, partnyorluq və maddi yardım ilə bağlı dövlət tərəfindən aparılan fərqləndirmə nəticəsində dini icma üzvlərinin dövlətin dini səbəblərdən onların icmasına daha əlverişsiz münasibətinə görə, ikinci dərəcəli vətəndaş kimi hiss etdiyi vəziyyət yaranmamalıdır.
110. Məhkəmə qeyd edir ki, Macarıstan qanunvericiliyinə əsasən, qeydiyyata alınmış kilsələr üçün, xüsusilə vergi ödəmə və maddi yardı sahələrində daha əlverişli hüquqi rejim yaranmışdır ... Qeydiyyata alınmış kilsələrin əldə etdiyi imtiyazlar əhəmiyyətli olaraq onların öz xüsusi təşkilati formasına görə dini məqsədlərə nail olmasına xidmət edir.
111. Məhkəmənin fikrincə, dövlətlərə kilsələrlə öz münasibətlərini tənzimləməkdə verilən azadlıq bu cür imtiyazları qanunvericilik vasitələri ilə dəyişmək imkanlarını əhatə etməlidir. Eyni zamanda, bu azadlıq dövlətdən bu sahədə tələb edilən neytrallığı və qərəzsizliyi pozacaq dərəcədə artıq olmamalıdır.
Hazırkı işdə imtiyazların ləğv edilməsi (kilsələrin qeydiyyatının ləğv edilməsi və sonradan qeydiyyata alınmış kilsə statusunun əldə edilməməsi nəticəsində) yalnız müəyyən məzhəblərə, o cümlədən ərizəçilərə toxunmuşdur. Həqiqətən, görünür ki, ərizəçi icmalar qanunvericiliklə müəyyən edilmiş meyarlara, xüsusilə üzvlərin minimal sayı və mövcud olma müddəti ilə bağlı meyarlara cavab vermir. Bu meyarlar, bəziləri yeni və ya kiçik icma olan ərizəçiləri neytrallıq və qərəzsizlik tələblərinə zidd olan əlverişsiz vəziyyətdə qoymuşlar. Dini qrupların mövcud olması müddəti ilə əlaqədar olaraq Məhkəmə qəbul edir ki, minimal əsaslı müddətin müəyyən edilməsi yeni yaranmış və məlum olmayan dini qruplara münasibətdə zəruri ola bilər. Lakin bu, Macarıstanda kommunist rejimindən sonra aradan qaldırılmış konfessional həyata dair məhdudiyyətlər aradan qaldırıldıqda yaranmış və bu günə kimi dövlət orqanları üçün tanınmış olan, lakin mövcud olma müddəti tələbinə sadəcə cavab verməyən dini qruplara münasibətdə əsaslandırılmış deyil. Bununla bağlı Məhkəmə müvafiq müddətin həddən artıq olması barədə Venesiya Komissiyasının rəyini qeyd edir ...
112. Məhkəmə müəyyən edir ki, ərizəçilərin hüquqi şəxs, yəni dövlətə münasibətdə onların rəsmi müstəqilliyini təmin edən status kimi birliklər qismində dini fəaliyyətinin qarşısının alınmasına dair heç bir işarə yoxdur. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə əsasən kilsələr tərəfindən həyata keçirilən müəyyən fəaliyyət növləri dini birliklər üçün mümkün deyil, bu amil isə, Məhkəmənin fikrincə, belə birliklərin kollektiv dini etiqad azadlığına təsir göstərir. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin 6/2013 (III.1.) nömrəli qərarında yalnız kilsələrə verilən səkkiz imtiyaz müəyyən edilmişdir ... Xüsusilə, yalnız qeydiyyata alınmış kilsələr dindarların verdiyi gəlir vergisinin 1 faizinə və müvafiq dövlət yardımına malikdir. Bu məbləğlər dinlə bağlı fəaliyyətə yardım üçün nəzərdə tutulur. Bu səbəbdən Məhkəmə müəyyən edir ki, bu cür fərqləndirmə dövlətin neytrallığı tələbinə cavab vermir və onun obyektiv əsasları yoxdur. Bu cür ayrı-seçkilik hər hansı obyektiv və əsaslandırılmış səbəb olmadan daha kiçik dini icmaların tərəfdaşları üzərində ağır yük qoyur.
113. Bununla əlaqədar Məhkəmə əlavə edir ki, bəzi Avropa ölkələrində olduğu kimi, dövlətin 9 və 11-ci maddələrə müvafiq qaydada ayrı-ayrı dinlərlə birləşmək səlahiyyəti konstitusiya ilə müəyyən edildiyi və dövlət imtiyazlarının nəzərdə tutulmuş ictimai maraqlar naminə yalnız bəzi dini qurumlar üçün təmin edildiyi hallarda (bax: yuxarıda qeyd edilən “Darby” işi), bu, ictimai maraqlara nail olmaqla bağlı qanuni meyarlara əsaslanmalıdır (misal üçün, bax: yuxarıda qeyd edilən “Ásatrúarfélagið” işi).
114. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə adətən dini ayinlərlə əlaqəli olan qəbiristanlıqların idarə olunması, dini nəşrlərin buraxılması, dini əşyaların istehsalı və satışı ilə bağlı mümkün ayrı-seçkilik məsələsinə baxılmasını zəruri hesab etmir. O, həmçinin dinin tədrisi, ictimai maraq doğuran fəaliyyətdə işə götürmə və dövlətlə əməkdaşlıq imkanlarında fərqlərə baxılmasını zəruri hesab etmir.
ζ) Nəticə
115. Məhkəmə nəticəyə gəlir ki, daha az ciddi tədbirlər əvəzinə ərizəçilərin kilsə statusunu tamamilə ləğv etməklə, əsaslılığı şübhə doğuran, siyasi cəhətdən ziyanlı yenidən qeydiyyata alınması prosedurunu müəyyən etməklə və nəhayət, ərizəçilər üçün qeydiyyata alınmış kilsələrdən, nəinki əməkdaşlıq imkanları baxımından, həmçinin dini fəaliyyət məqsədləri üçün imtiyazlar baxımından fərqli hüquqi rejim müəyyən etməklə dövlət orqanları ərizəçi icmalara münasibətdə öz neytrallıq vəzifəsinə əhəmiyyət verməmişlər. Bu əsaslar, ayrı-ayrı və ya birlikdə götürüldükdə, Məhkəmənin mübahisələndirilən tədbirin “ciddi sosial tələbata” cavab vermədiyinin müəyyən etməsi üçün kifayətdir.
Nəticədə, Konvensiyanın 9-cu maddəsi baxımından oxunduqda 11-ci maddənin pozuntusu baş vermişdir.
...
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ
...
6. Beş səs lehinə, iki səs əleyhinə olmaqla Konvensiyanın 9-cu maddəsi baxımından oxunduqda 11-ci maddənin pozulduğunu qət edir;
...
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü hissələrinə müvafiq olaraq 2014-cü il aprelin 8-də yazılı qaydada göndərilmişdir.
Stenli NeysmitQido Raymondi
Məhkəmə katibiSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Reqlamentinin 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq hakim Raymondinin qoşulduğu hakim Spanonun xüsusi rəyi bu qərara əlavə edilir[1].
G.R.A.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy