Maksimenko (Maksymenko) və Gerasimenko (Gerasymenko) Ukraynaya qarşı – ərizə № 49317/07
16.5.2013 tarixli qərar [V Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin ikinci hissəsi
Mülkiyyətdən məhrumetmə
Yataqxananın özəlləşdirilməsinin on ildən sonra ləğv edilməsi və sonradan mülkiyyətin kompensasiya ödənilmədən başqalarına keçməsi: pozuntu baş verib
Faktlar – 2004-cü ildə ərizəçilər 1995-ci ildə özəlləşdirilmiş yataqxananı ləğv edilmə mərhələsində olan S. şirkətindən satın aldılar. Lakin 2006-cı ildə daxili məhkəmələr yataqxananın özəlləşdirilməsi barədə 1995-ci il tarixli əvvəlki qərarı və mülkiyyətin sonradan başqalarına keçməsi əməliyyatlarını ləğv etdilər və qərara aldılar ki, yataqxana üzərində mülkiyyət hüququ şəhər şurasına verilməlidir. S.-in ərizəçilərə kompensasiya ödəməsi barədə qərar qəbul edildi, amma kompensasiya ödənilmədi. 2007-ci ildə regional apellyasiya məhkəməsi başqa bir işdə qərara aldı ki, 1995-ci ildə digər bir yataqxananın özəlləşdirilməsi qanuni olub, çünki yataqxanalar dövlət mənzil fonduna daxil deyildi. Sonradan şəhər şurası ərizəçilərin satın almış olduqları yataqxanadakı on dörd mənzildən on ikisini sakinlərə satdı.
Hüquqi məsələlər: 1 saylı Protokolun 1-ci maddəsi: Bu işdə mülkiyyətdən məhrumetmə baş vermişdi ki, bu da ərizəçilərin mülkiyyətlərindən maneəsiz istifadə hüququna müdaxilə təşkil edirdi. Özəlləşdirmə barəsindəki 1995-ci il tarixli qərarı etibarsız elan etmiş 2006-cı il tarixli qərar qanunvericiliyin qeyri-müəyyən hesab edilə bilən müddəasına əsaslanırdı, belə ki, "mənzil fondunun" özəlləşdirilməsinə qoyulan qadağanın "yataqxanalara" da şamil olunub-olunmaması məsələsində məhkəmələrin vahid mövqeyi yox idi. Digər şəxslərin mənzil hüquqlarını qorumaq məqsədi ilə dövlət orqanları on ildən də artıq bundan öncə qüvvədə olmuş qanunun yanlış şərhi hesab etdikləri halı düzəltmişdilər. Bu kontekstdə səmərəli idarəetmə prinsipi xüsusi əhəmiyyət daşıyırdı, belə ki, bu prinsip dövlət orqanlarının üzərinə yanlışlığı dərhal aradan qaldırmaq öhdəliyini qoymaqdan əlavə həm də adekvat kompensasiya ödənilməsini və ya digər formada müvafiq təzminat verilməsini tələb edə bilərdi. Yataqxananı ərizəçilərə satmaq barədə qərar çıxarmazdan əvvəl kreditorlar şurası dövlət orqanlarını mümkün çətinliklər barədə məlumatlandırmışdı, amma 2004-cü ilin yanvarında şəhər meri yataqxanaları şəhərin mülkiyyətinə qəbul etməkdən birmənalı olaraq imtina etdi. Bir il sonra prokuror yataqxananın alqı-satqı müqaviləsinin etibarsız elan edilməsi məqsədi ilə məhkəmə işi qaldırdı və belə əsas gətirdi ki, yataqxana birinci növbədə özəlləşdirilməli deyildi. Lakin prokurorun tələbini təmin etmiş qərar yuxarı məhkəmə tərəfindən qüvvədə saxlanıldıqdan bir il sonra yataqxanadakı mənzillərin 85%-i onların sakinlərinə satıldı. Bu hal təsdiq edirdi ki, dövlət yataqxanadan sosial mənzil fondu kimi istifadə etmək niyyətində deyil. Nəhayət, ərizəçilər mülkiyyətlərinə görə heç bir kompensasiya almamışdılar. Daxili məhkəmələr S.-in kompensasiya ödəməsi barədə qərar çıxarsalar da, yəqin ki, həmin vaxt bu şirkətin ödəniş qabiliyyətli olmamasından artıq xəbərdar idilər. Belə olan halda Avropa Məhkəməsi hesab etmədi ki, zərərin dövlətdən ödənilməsini tələb etmək üçün ərizəçilərin əlavə məhkəmə icraatına başlamaları tələb olunurdu və buna görə də o, Hökumətin bu məsələ ilə bağlı etirazını rədd etdi. Müvafiq olaraq, hətta sözügedən müdaxilənin milli qanunvericiliyin aydın və dəqiq müddəalarına əsaslandığını və digər şəxslərin mənzil hüquqlarının qorunması məqsədini daşıdığını fərz etsək belə, vicdanlı alıcı durumunda olan ərizəçilərin dövlət orqanlarının ziddiyyətli və yanlış qərarları nəticəsində məruz qaldıqları itkilərə görə kompensasiya ala bilməmələri onların üzərinə qeyri-mütənasib yük düşməsi demək idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 3.000 avro; maddi ziyana görə isə 6.127 avro təyin edildi.
Full & Egal Universal Law Academy