Bu hüquqi xülasə yalnız Konvensiyanın 6-1-ci maddəsinin cinayət aspekti altında qaldırılmış şikayətlərə nəzərən Məhkəmənin gəldiyi nəticələr barədədir.
Mamatkulov və Əskərov (Mamatkulov and Askarov) Türkiyəyə qarşı - 46827/99
Qərar 4.2.2005 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
Məhkəmə Reqlamentinin 39-cu Qaydasına əsasən Məhkəmə tərəfindən qeyd olunan müvəqqəti qərara baxmayaraq Özbəkistan Respublikasına ekstradisiya: pozuntu yoxdur
Faktlar - Ərizəçilər iki Özbəkistan vətəndaşıdır və Özbəkistanın müxalifət partiyasının üzvləridir. Onlar mənsub olduqları ölkədə terror aktları törətdikləri iddiası ilə beynəlxalq həbs qərarına əsasən Türkiyə polisi tərəfindən həbs olunmuşlar. Özbəkistan Respublikası onların ekstradisiya olunması ilə bağlı müraciət etmiş və Türkiyə səlahiyyətliləri bu xahişi qəbul etmişlər. Ərizəçilərin şikayətləri nəticə verməmişdir. Onlar inter alia, ekstradisiya olunacaqları təqdirdə pis rəftara məruz qalacaqlarını bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsi Türkiyə Hökumətinə bildirmişdir ki, Məhkəmə Reqlamenti 39-cu Qaydasına əsasən onlar ərizəçiləri Məhkəmə işi araşdıranadək ekstradisiya edə bilməz. Buna baxmayaraq, araşdırmanın həyata keçirilməsindən əvvəl, Türkiyə səlahiyyətliləri ekstradisiya qərarı vermişlər. Məhkəmə növbəti bildirişə qədər müvəqqəti tədbirin müddətini artırmaq qərarı qəbul etmişdir. Türkiyə səlahiyyətliləri qeyd olunan qərara riayət etməyərək ərizəçiləri Özbək səlahiyyətlilərinə təslim etmiş və müvafiq olaraq, Məhkəməyə ekstradisiya etməzdən öncə ərizəçilərin Özbəkistanda işgəncəyə məruz qalmayacaqları və ya ölüm cəzasına məhkum edilməyəcəkləri barədə təminat aldıqları haqqında məlumat vermişlər. Ərizəçilər Özbək məhkəmələri tərəfindən mühakimə edilmiş və müvafiq olaraq iyirmi və on bir il həbs cəzasına məhkum edilmişlər. Ərizəçilərin ekstradisiyasından sonra, nümayəndələri ərizəçilər ilə əlaqə saxlaya bilməmişlər.
Hüquqi məsələlər - Maddə 6 § 1: Ekstradisiya hallarında, təyinat ölkəsində "ədalət mühakiməsindən aşkar imtina etmə" riski – 2-ci Maddədə və/və ya 3-cü Maddədə nəzərdə tutulan davranış riski kimi – Razılığa gələn Dövlət şəxsləri ekstradisiya etməzdən əvvəl bildiyi və bilməli olduğu faktlara istinadən dəyərləndirməlidir. Ekstradisiya Məhkəmə tərəfindən 39-cu qaydanın müddəalarına əsasən təxirə salındıqda, Məhkəmə işi nəzərdən keçirdikdə əlindəki məlumatlara əsasən ədalət mühakiməsindən imtina riskini də dəyərləndirməlidir. Ərizəçilər 27 mart 1999-cu ildə Özbəkistana ekstradisiya olunmuşlar. Əldə olan məlumatlara əsasən, təyinat ölkəsində ədalətli şəkildə mühakimə olunacaqları barədə şübhələrin labüdlüyünə baxmayaraq, hər hansı qanun pozuntularının "ədalət mühakiməsindən aşkar imtina" hesab oluna biləcəyi ilə bağlı kifayət qədər sübut yox idi. Türkiyənin Məhkəmə Reqlamentinin 39-cu qaydasına əsasən verilən göstərişlərə riayət etməməsi, Məhkəməyə ədalət mühakiməsindən aşkar imtina riskinin olub-olmadığı barədə qiymətləndirmə aparmaq üçün əlavə məlumat əldə etməsinin qarşısını almışdı və bu, 34-cü Maddə altında araşdırıla bilər. Nəticədə, 6 § 1-ci Maddənin pozuntusu müəyyən olunmamışdır.
Nəticə: pozuntu yoxdur (dörd səsə qarşı on üç səs).
Full & Egal Universal Law Academy