İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
MƏMMƏD MƏMMƏDOV AZƏRBAYCANA QARŞI
(38073/06 nömrəli şikayət)
Q Ə R A R
STRASBURQ
11 oktyabr 2011-ci il
Məmməd Məmmədovun Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Nina Vajiç, Sədr,
Anatoli Kovler,
Pir Lorenzen,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Erik Mose, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
20 sentyabr 2011-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq, bu qərarı qəbul edir.
PROSES
1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq bu iş Azərbaycan Respublikasının vətəndaşı Məmməd Əli oğlu Məmmədovun (“ərizəçi”) Azərbaycana qarşı 18 avqust 2006-cı ildə təqdim etdiyi şikayət (no. 38073/06) ilə başlanmışdır.
2. Ərizəçi Bakıda fəaliyyət göstərən hüquqşünas cənab E.Zeynalov, Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.
3. Ərizəçi xüsusilə kassasiya şikayəti üzrə iclasda iştirak etmək üçün bildirişin Ali Məhkəmə tərəfindən göndərilməməsi nəticəsində ədalətli məhkəmə araşdırılması hüququnun pozulduğunu iddia edir. O, həmçinin şikayət edir ki, Apellyasiya Məhkəməsinin iclasında iştirak etməmişdir. Daha sonra o, Qobustan Həbsxanasında həbs şəraitinin pis rəftarı təşkil etdiyindən şikayət edir.
4. 17 noyabr 2009-cu ildə Birinci Bölmənin Sədri şikayət barədə Hökumətə məlumat vermək haqqında qərar qəbul etmişdir. O, həmçinin şikayətin məqbuliyyəti və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmağı qərara almışdır (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
İŞİN HALLARI
5. Ərizəçi 1983-cü ildə anadan olmuş və Bakıda yaşayır.
6. O, hazırda Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrumetmə cəzası çəkir.
Ərizəçinin məhkum edilməsi
7. Ərizəçi 2001-ci ilin mart-dekabr aylarında Azərbaycandan könüllülərin kiçik qrupunun üzvü kimi Gürcüstanın Pankisi qobusında çeçen döyüşçüləri tərəfindən təşkil olunmuş hərbi təlim keçmişdir. Bu hazırlığın məqsədi Çeçenistanda Rusiyanın federal qüvvələrinə qarşı qiyamçı əməliyyatlarda iştirak etmək olub.
8. Ərizəçi 2001-ci ilin dekabrında Bakıya geri qayıtmışdır. 27 dekabr 2001-ci ildə tutulmuşdur. 17 may 2002-ci ildə Ağır cinayətlər məhkəməsi Cinayət Məcəlləsinin 279.1-ci maddəsinə əsasən onu qanunsuz silahlı qruplaşmanın təşkilində təqsirli bilmiş və dörd il azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.
9. 12 avqust 2003-cü ildə ərizəçi bir daha tutulmuşdur. 12 aprel 2004-cü ildə o, Ağır cinayətlər məhkəməsi qarşısında Cinayət Məcəlləsinin 29, 120, 206, 228, 279 və 318-ci maddələrinə əsasən ağırlaşdırıcı hallarla adam öldürmədə, silahların qaçaqmalçılığında, silahların qanunsuz saxlanılmasında, qanunsuz silahlı qrupların yaradılmasında və dövlət sərhədini qanunsuz keçməsində təqsirləndirilmişdir.
10. 17 iyun 2004-cü ildə Ağır cinayətlər məhkəməsi ərizəçini ittiham edildiyi kimi təqsirli bilmiş və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.
11. 06 iyul 2004-cü ildə ərizəçi bu hökmdən şikayət vermişdir. O, xüsusən, işin hallarının düzgün qiymətləndirilməməsindən, onun hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürmək niyyətinin olmamasından və Ağır cinayətlər məhkəməsinin cinayət qanununun tətbiqi və təfsirində səhv etməsindən şikayət etmişdir.
12. 20 avqust 2004-cü ildə Apellyasiya Məhkəməsi onun şikayətini rədd etmiş və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Şikayəti üzrə araşdırma onun iştirakı olmadan keçirilmişdir. Onun vəkili araşdırmada iştirak etmişdir.
13. 24 dekabr 2005-ci ildə ərizəçi kassasiya şikayəti vermişdir. O, əvvəlki şikayətlərini təkrar etməklə müvafiq cinayət qanununun düzgün tətbiq olunmadığını qeyd etmişdir. O, Apellyasiya Məhkəməsinin iclasında iştirakının olmadığını bildirməmişdir.
14. 14 mart 2006-cı ildə Ali Məhkəmə dövlət ittihamçısının iştirakı ilə iclas keçirmişdir. Ərizəçi və onun vəkili iclas barədə məlumat almamışlar. Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxlamışdır.
Qobustan həbsxanasında ərizəçinin həbs şəraiti
Həbs şəraitinə dair ərizəçinin versiyası
15. Ərizəçi bir başqa məhbusla 5.25 x 2.80 metr ölçüsündə olan kamerada saxlanılır. Kamerada iki yataq, kiçik şkaf və yerə bağlanmış stol və iki stul vardır. Tualetin sahəsi kameranın qalan sahəsindən ayrıdır. Yer və tavan müvafiq olaraq daşdan və betondandır. Kamera daxilində temperatur dərəcəsi yayda çox yüksək, qışda isə çox aşağıdır. Mərkəzi istilik sistemi var, lakin yetərli deyildir.
16. Dəmir sədlərlə pəncərə şüşəsizdir və qışda şəffaf polietilen plyonka ilə bağlanılır. Daxildəki hava üfunətlidir və kamera təbii havalandırma ilə təmin edilə bilməz. Həbsxanada verilən yemək adətən aşağı keyfiyyətlidir və onda yetərli ət və vitaminlər çatışmır, eləcə də menyu dəyişmir və monotondur. Məhbuslara gün ərzində yalnız otuz-qırx dəqiqə havada gəzintiyə icazə verilir.
Həbs şəraitinə dair Hökumətin versiyası
17. Ərizəçinin kamerası iki məhbusa təhkim edilmiş və onun ölçüsü 5.25 x 2.80 metrdir. Ərizəçinin həbs şəraiti bütün milli və beynəlxalq tələb və standartlara cavab verir. Kameranın pəncərəsi daxildən açıla bilər. Pəncərə kifayət qədər genişdir və təbii işığın və
təmiz havanın daxil olmasının qarşısını almır. Kamera həm də elektrik lampalarla, ventilyatorla və radio ilə təmin olunub.
18. 2008-ci ilin iyunundan məhbuslara gün ərizndə dörd saat və istirahət və bayram günlərində altı saat televiziyaya baxmaq hüququ verilir. Həbsxanada məhbuslar üçün kitabxana vardır. Sanitar şərait normaldır və verilən yemək yaxşı keyfiyyətdədir. Ərizəçi gün ərzində bir saat açıq havada məşq edə bilər.
MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
19. Ali Məhkəmədə icraata aid daxili qanunvericiliyin müvafiq müddəaları Məhkəmənin Maksimov Azərbaycana qarşı (no. 38228/05, §§ 22-24, 08 oktyabr 2009-cu il) və Abbasov Azərbaycana qarşı (no. 24271/05, §§ 19-21, 17 yanvar 2008-ci il) işlər üzrə qərarlarda təfsilatı ilə təsvir olunub.
HÜQUQİ MƏSƏLƏLƏR
KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN
İDDİA OLUNAN POZUNTUSU
20. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinadən ərizəçi şikayət edib ki, o, Ali Məhkəmədə 14 mart 2006-cı ildə kassasiya şikayətinə aid iclasın keçirilməsi barədə məlumat almamışdır. O, həmçinin şikayət edib ki, Apellyasiya Məhkəməsində 20 avqust 2004-cü ildə iclas onun iştirakı olmadan keçirilmişdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müvafiq hissəsində deyilir:
“Hər kəs ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. ...”
Şikayətin məqbuliyyəti
21. Hökumət iddia edib ki, ərizəçi Apellyasiya Məhkəməsində iclasda iştirak etməməsi barədə şikayətinə aid daxili vasitələri tükətməmişdir. Xüsusən, Hökumət iddia edib ki, ərizəşi bu şikayəti Ali Məhkəməyə kassasiya şikayətində qaldırmamışdır. Hökumət ərizəçinin və onun vəkilinin Ali Məhkəmədə iclasda iştirak etməməsinə toxunmamışdır.
22. Ərizəçi Hökumətlə razılaşmamış və şikayətlərini təkrar etmişdir.
23. Apellyasiya Məhkəməsində iclasda iştirak etməməsi barədə ərizəçinin şikayətinə gəldikdə, Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 35-ci maddəsində təsbit edilmiş dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi qaydası Dövlətə qarşı Məhkəmə qarşısında iddia qaldırmaq istəyənləri ilk öncə milli hüquq sistemləri tərəfindən təmin edilən vasitələrdən istifadə etməyə məcbur edir ki, bununla da Dövlətlər öz hərəkətləri ilə bağlı dövlətdaxili hüquq sistemləri ilə məsələlərin həllinə imkan olduğu təqdirdə, bu imkanlardan istifadə edilməməklə beynəlxalq qurumlar qarşısında qaldırılan işlərə görə cavabdehlik daşımaqdan azad edilirlər. Bu qaydaya əməl etmək üçün ərizəçi iddia etdiyi pozuntuların aradan qaldırılması məqsədilə mümkün və qənaətbəxş vasitələrdən istifadə etməlidir (baxın, Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, §§ 51-52, Qərar və Qərardadlara dair Hesabatlar, 1996‑VI, və Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il, §§ 65-66, Hesabatlar, 1996‑IV).
24. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçinin vəkili bununla bağlı şikayəti Apellyasiya Məhkəməsində iclasda qaldırmamışdır. Ərizəçi, həmçinin Apellyasiya Məhkəməsinin qərarını 14 mart 2006-cı il tarixdə qüvvədə saxlamış Ali Məhkəməyə kassasiya şikayətində belə bir şikayət qaldırmamışdır. Bundan başqa, o, istənilən vaxtda bu şikayəti hər hansı digər daxili dövlət orqanı qarşısında lazımınca qaldırmamışdır.
25. Buradan belə nəticə çıxır ki, dövlətdaxili hüquq müdafiə vasitələri tükəndirilmədiyindən bu şikayət Konvensiyasının 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
26. Kassasiya şikayətinə aid iclasın keçirilməsi barədə Ali Məhkəmənin ona məlumat vermədiyinə dair ərizəçinin şikayətinə gəldikdə isə, Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 “a” yarımbəndinin mənasında açıq-aşkar əsassız deyildir. Daha sonra Məhkəmə qeyd edir ki, o, hər hansı başqa əsaslarla qeyri-məqbul deyildir. Buna görə, o, məqbul elan edilməlidir.
İşin mahiyyəti
Tərəflərin dəlilləri
27. Hökumət ərizəçinin şikayətinə izahat verməmişdir.
28. Ərizəçi bildirib ki, özü və onun vəkili Ali Məhkəmədə iclasın tarixi və yeri barədə məlumatlandırılmamışdır.
Məhkəmənin qiymətləndirməsi
29. Məhkəmə qeyd edir ki, 14 mart 2006-cı ildə Ali Məhkəmədə ərizəçinin və onun vəkilinin iştirakı olmadan iclas keçirilməsi tərəflər arasında mübahisələndirilmir.
30. Məhkəmə xatırladır ki, ədalətli məhkəmə araşdırılması anlayışı özünə tərəflərin bərabərliyi prinsipini və cinayət araşdırmalarının çəkişməli olması barədə fundamental hüququ daxil etdirir. Bu onu nəzərdə tutur ki, həm ittiham, həm də müdafiə qarşı tərəfin təqdim etdiyi dəlil və sübutlar barədə xəbərdar olmaq və öz şərhlərini vermək imkanına malik olmalıdırlar (baxın, Brandstetter Avstriyaya qarşı, 28 avqust 1991-ci il, §§ 66-67, A Seriyaları, № 211).
31. Bundan başqa, Konvensiyanın 6-cı maddəsi bütövlükdə götürülməklə təminat verir ki, cinayətdə təqsirləndirilən şəxs ümumi prinsip kimi ona qarşı cinayət ittihamına aid məhkəmə iclasında səmərəli iştirak etsin. Bu hüquq çəkişmə prosesinin özünün anlayışında olmaqla, Konvensiyanın 6-cı maddəsinin 3 “c”, “d” və “e” yarımbəndlərində təsbit olunan təminatlardan da irəli gələ bilər (baxın, Kolozza İtaliyaya qarşı, 12 fevral 1985-ci il, § 27, A Seriyaları, № 89 və Stenford Birləşmiş Krallığa qarşı, 23 fevral 1994-cü il, § 26, A Seriyaları, № 282-A). Buna görə, hazırkı işdə ərizəçinin məhkəmə iclasında bu hüquqlarını əvvəlcədən hansı yolla həyata keçirə bildiyini görmək çətindir.
32. Daha sonra Məhkəmə qeyd edir ki, dövlət ittihamçısı məhkəmə iclasında iştirak edib və məhkəməyə şifahi dəlillərini bildirib. Bu dəlillər ərizəçinin şikayətinin rədd olunmasına və onun barəsində hökmün qüvvədə saxlanılmasına yönəlib. Belə olan halda və ərizəçinin hüquqi şəkildə təmsil olunmamasını nəzərə alaraq, Ali Məhkəmənin üzərinə o vəzifə düşürdü ki, araşdırmaları çəkişməli xarakterdə həyata keçirmək üçün ərizəçinin iştirakının təmin edilməsi məqsədilə tədbirlər görsün. Lakin ərizəçinin iştirakı olmadan məhkəmə iclasını davam etdirmək üçün məsələni həll edərkən, bildirişin həqiqətən ərizəçiyə və onun vəkilinə çatdırılmasına Ali Məhkəmənin əmin olmasına dair hər hansı əsaslar mövcud deyildir. Ali Məhkəmənin qərarı məhkəmə iclasının ərizəçinin iştirakı olmadan həyata keçirilməsi məsələsinə toxunmurdu.
33. Məhkəmə daha sonra xatırladır ki, bəzi işlərdə müəyyən etdi ki, şikayət üzrə yalnız hüquqi məsələlərə baxıldığı məhkəmə iclasında təqsirləndirilən şəxsin şəxsən iştirakı həlledici deyildir (baxın, məsələn Kremzov Avstriyaya qarşı, 21 sentyabr 1993-cü il, A Seriyaları, № 268-B və Kamasinski Avstriyaya qarşı, 19 dekabr 1989-cu il, A Seriyaları, № 168). Lakin Məhkəmə hesab edir ki, hazırkı iş təqsirləndirilən şəxslərin vəkil vasitəsilə təmsil olunduqları və prinsipcə, hər birinin öz müdafiəsini təşkil etmək imkanında olduğu Kremzov və Kamasinski işlərindən fərqlənir. Hazırkı işdə ərizəçi daha əhəmiyyətli şəkildə bunu etmək imkanında olmamışdır, ona görə ki, o, məhkəmə iclası barədə əvvəlcədən məlumatlandırılmamışdır (müqayisə edin, Ziliberberg Moldovaya qarşı, № 61821/00, § 41, 01 fevral 2005-ci il; yuxarıda qeyd olunmuş Maksimov, § 41 və yuxarıda qeyd olunmuş Abbasov, § 33).
34. Belə nəticə çıxır ki, Ali Məhkəmə qarşısında araşdırmalar ədalətlilik tələbinə cavab vermir. Müvafiq olaraq, bu iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI
Konvensiyanın 3-cü maddəsi
35. Ərizəçi iddia edib ki, onun həbs şəraiti sərt olmuş və pis rəftarı təşkil etmişdir.
36. Hökumət bildirib ki, ərizəçi həbsxanada həbs şəraiti barədə şikayətinə aid daxili vasitələri tükətməmişdir. Hökumət, həmçinin Qobustan Həbsxanasında həbs şəraitinə aid ərizəçinin iddialarını əsassız kimi rədd edib.
37. Məhkəmə yuxarıda 23-cü paraqrafda ifadə olunmuş mövqeyini təkrar edir. Məhkəmə qeyd edir ki, ərizəçi həbs şəraitinə aid şikayəti hər hansı daxili dövlət orqanı qarşısında qaldırmamışdır. Bundan başqa, ərizəçi onu daxili dövlət orqanlarına və ya məhkəmələrə həbs şəraiti barədə şikayət vermək vəzifəsindən azad edəcək xüsusi halların hazırkı işdə mövcudluğunu bildirməmişdir. Ərizəçinin həbs şəraitinə aid oxşar işlərdə Məhkəmə artıq hesab edib ki, vasitənin səmərəliliyinə dair sadə şübhələr hüquqların bərpası üçün əlçatan vasitələrdən normal istifadə etmək tələbindən azad edilmək yetərli deyildir (baxın, Məmmədov Azərbaycana qarşı, no. 34445/4, § 52, 11 yanvar 2007-ci il və Kunqurova Azərbaycana qarşı (qərardad), no. 5117/03, 03 iyun 2005-ci il).
38. Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən daxili vasitələrin tükənməməsi səbəbindən rədd olunmalıdır.
B. Konvensiyanın 3, 5, 6, 13 və 14-cü maddələri
39. Ərizəçi şikayət edib ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulduqdan sonra pis rəftara məruz qalmış və qanunsuz şəkildə tutulmuşdur. Ərizəçi, həmçinin şikayət edib ki, daxili məhkəmələr ona qarşı qərəzli olmuş və onun işi üzrə iclaslar açıq keçirilməmişdir. Daha sonra şikayət edilib ki, daxili vasitələr səmərəsiz idi və ona qarşı ayrı-seçkilik var idi.
40. Lakin malik olduğu materiallar və şikayət olunan məsələlərin səlahiyyətində olması baxımından Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi Konvensiya pozuntusunun hər hansı görüntüsünü aşkar etmir. Belə nəticəyə gəlinir ki, o, açıq-aşkar əsassız kimi Konvensiyanın 35-ci maddəsinin 3 “ a” yarımbəndi əsasında qeyri-məqbul elan edilməli və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd olunmalıdır.
KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
41. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur ki:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
42. Ərizəçi mənəvi zərərə görə 20.000 avro tələb etmişdir.
43. Hökumət ərizəçinin tələbinə izah verməmişdir.
44. Məhkəmə hesab edir ki, ərizəçi sadəcə olaraq pozuntunun müəyyən edilməsi ilə bərpası mümkün olmayan zərər çəkmiş və bu səbəbdən kompensasiya təyin edilməlidir. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi, ədalətli əsaslarla qiymətləndirməni apararaq, Məhkəmə hesablana bilən hər hansı vergi üstünə gəlməklə bununla bağlı 4.800 avronun ərizəçiyə ödənilməli olduğunu qərara alır.
45. Lakin Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin təmin etdiyi kimi hüquqlarının potensial pozulmasına baxmayaraq ərizəçinin məhkum edildiyi halda o, bu müddəanın pozulmadığı təqdirdə olacağı vəziyyətə mümkün qədər qaytarılmalıdır (baxın, Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il, § 12, A Seriyaları, no. 85). Yuxarıda müəyyən edildiyi kimi, Ali Məhkəmə qarşısında icraat ədalətlilik tələbinə cavab verməmişdir, ona görə ki, ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsasən hər hansı hüquqlarını həyata keçirmək imkanından məhrum edilmişdir. Belə olan halda, Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq şikayət üzrə araşdırmanı təmin etmək üçün bərpa etmənin ən müvafiq tərzi, prinsipcə, kassasiya icraatının yenidən həyata keçirilməsi olardı (baxın, mutatis mutandis, Somogyi İtaliyaya qarşı, no. 67972/01, § 86, İHAM 2004-IV; Şulepov Rusiyaya qarşı, no. 15435/03, § 46, 26 iyun 2008-ci il; yuxarıda qeyd olunmuş Maksimov, § 46; və yuxarıda qeyd olunmuş Abbasov, §§ 41-42). Bununla bağlı, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 455 və 456-cı maddələri nəzərdə tutur ki, Məhkəmə Konvensiyanın pozulmasını müəyyən etdikdə, cinayət icraatı Ali Məhkəmənin Plenumu tərəfindən yenidən açıla bilər.
Xərc və məsrəflər
46. Ərizəçi, həmçinin Məhkəmə qarşısında çəkdiyi xərclər üçün 2.000 avro tələb etmişdir. Bu tələb təfsilatı ilə göstərilməmiş və ya hər hansı sənədlə təsdiqlənməmişdir.
47. Hökumət ərizəçinin tələbinə izah verməmişdir.
48. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Hazırkı işdə ərizəçinin öz tələbini əsaslandırmaq üçün hər hansı sənəd təqdim edə bilməməsini nəzərə alaraq, Məhkəmə xərclərlə bağlı tələbi rədd edir.
C. Faiz dərəcəsi
49. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Ali Məhkəmənin iclasında ərizəçinin iştirak etməməsinə aid Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə şikayəti məqbul və şikayətin qalan hissəsini qeyri-məqbul elan edir;
İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qərara alır;
Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində ərizəçiyə vurduğu mənəvi ziyana görə, tutulacaq vergi də daxil olmaqla, 4.800 (dörd min səkkiz yüz) avro məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qərara alır.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 11 oktyabr 2011-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen Nina Vajiç
Katib Sədr
Full & Egal Universal Law Academy