İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
MƏMMƏDOV AZƏRBAYCANA QARŞI (NÖMRƏ 2)
(4641/06 nömrəli şikayət)
Q Ə R A R
STRASBURQ
10 yanvar 2012-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Məmmədovun Azərbaycana qarşı işi üzrə (nömrə 2),
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən - Nina Vajiç,
Hakimlər -
Elizabet Steyner,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Aleksandr Sisilianos,
Erik Mose,
və Bölmə katibi - Soren Nilsen,
6 dekabr 2011-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq, bu qərarı qəbul edir.
PROSES
1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Sərdar Cəlal oğlu Məmmədovun (“ərizəçi”) Azərbaycana qarşı 19 yanvar 2006-cı ildə təqdim etdiyi şikayət (no. 4641/06) ilə başlanmışdır.
2. Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab F.Ağayev, Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.
3. Ərizəçi əsasən namizədliyini irəli sürdüyü seçki dairəsində parlament seçkilərinin nəticələrinin etibarsız sayılması ilə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsində təsbit edilmiş seçki hüquqlarının pozulduğunu iddia etmişdir.
4. 3 sentyabr 2008-ci ildə Birinci Bölmənin sədri şikayət barədə Hökumətə məlumat vermək qərarına gəlmişdir. Həmçinin şikayətin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmaq qərara alınmışdır (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1957-ci ildə anadan olmuşdur və Bakıda yaşayır. O, Milli Məclisə 6 noyabr 2005-ci il seçkilərində müxalifətin Azadlıq blokunun namizədi qismində iştirak etmişdir.
6. Ərizəçinin namizədliyi birmandatlı 9 saylı Binəqədi İkinci Seçki Dairəsi üzrə Dairə Seçki Komissiyası (“DSK”) tərəfindən qeydə alınmışdır.
7. Dairədə ümumilikdə otuz seçki məntəqəsi olmuşdur. Seçki gününün sonunda ərizəçi yalnız iyirmi bir Məntəqə Seçki Komissiyası (“MənSK”) tərəfindən tərtib olunmuş səsvermənin nəticələrinə dair protokolların surətlərini əldə edə bilmişdir.
8. Ərizəçi dairə üzrə səslərin əksəriyyətini qazandığını bildirmişdir. O, ümumilikdə 3.665 səs, ən yaxın rəqibinin isə 3.197 səs topladığını qeyd etmişdir. Qeyri-rəsmi olaraq keçirilmiş bütün eqzit-polların nəticələrinə görə ərizəçi seçki dairəsindən deputat seçilmişdir.
9. Seçki günündən sonrakı gün DSK seçkilərin nəticələrinə dair protokol tərtib etmiş, lakin ərizəçiyə bu protokolun surəti verilməmişdir. Belə görünür ki, seçkilərin nəticələrinə dair protokol tərtib edildikdən sonra DSK dairə üzrə deputat seçilmiş namizəd barədə rəsmi açıqlama verməmişdir.
10. 8 noyabr 2005-ci ildə Azadlıq blokunun nümayəndəsi Mərkəzi Seçki Komissiyasına (“MSK”) müraciət edərək 1, 3, 11, 14, 19, 20, 23 və 25 saylı (ərizəçinin səsvermənin nəticələrinə dair protokollarını əldə edə bilmədiyi səkkiz seçki məntəqəsi) seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılmasını və əldə edilmiş MənSK-ların səsvermənin nəticələrinə dair protokollarının surətlərinə görə dairə üzrə ən çox səs topladığı üçün ərizəçinin həmin dairə üzrə deputat seçilməsinin elan edilməsini xahiş etmişdir.
11. Belə aydın olur ki, sonradan dəqiqləşdirilməmiş bir tarixdə ərizəçi 1 və 19 saylı MənSK-ların protokolları istisna olmaqla bütün digərlərini əldə etmişdir.
12. 8 noyabr 2005-ci ildə MSK Azadlıq blokunun vəsatətinin quruma daxil olduğunu təsdiq etmiş və ona 9 saylı Binəqədi İkinci Seçki Dairəsi üzrə seçkilərin nəticələrini etibarsız saymaq barədə qərar qəbul etdiyini xəbər vermişdir. Qərarda bildirilirdi:
“Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.4-cü, 100.12-ci və 170.2.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq qərara alır:
1. 6 noyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar 9 saylı Binəqədi ikinci seçki dairəsinin 2, 3, 4, 6, 7, 8, 9, 10, 23, 25, 26, 27 və 29 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda yolverilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. Seçki dairəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu və həmin seçki məntəqəsində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4 hissəsindən çoxunu təşkil etdiyindən 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə seçkilərin nəticələri etibarsız hesab edilsin.
3. Həmin seçki dairəsi üzrə müvafiq materiallar aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin.
13. 10 noyabr 2005-ci ildə ərizəçi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət edərək MSK-nın qərarında gəldiyi nəticələrin yanlış olduğunu bildirmişdir. O bildirmişdir ki, MSK-nın qərarında 2, 6, 8, 9, 10, 26, 27 və 29 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda “yolverilməz düzəlişlərin” edildiyi qeyd olunsa da, həmin protokolların onda olan surətlərində belə düzəlişlər yoxdur. MənSK-ların həmin protokollarına görə o, bu seçki məntəqələrinin hər birində seçicilərin ən çox səsini qazanmışdır. 23 və 25 saylı seçki məntəqələrinə gəlincə isə o qeyd etmişdir ki, bu məntəqələrin MənSK-ları səsvermənin nəticələrinə dair protokolları ona verməkdən imtina etmişlər. Buna baxmayaraq, müşahidəçilər və MənSK-ların üzvləri tərəfindən verilmiş məlumata görə ərizəçi bu məntəqələrdə də səslərin çoxunu qazanmışdır.
14. Ərizəçi seçkilərin nəticələrinin əsassız olaraq etibarsız sayıldığını və bunun yeganə səbəbinin müxalifətin nümayəndəsi kimi onun deputat seçilməsinin qarşısını almaq olduğunu bildirmişdir. O, məhkəmədən səsvermənin nəticələrinə dair bütün protokolları araşdırmağı, MSK-nın qərarını ləğv etməyi və onun dairə üzrə deputat seçildiyini elan etməyi xahiş etmişdir.
15. 11 noyabr 2005-ci ildə keçirilmiş məhkəmə iclası zamanı Apellyasiya Məhkəməsinin hakimləri MənSK və DSK-ların “yolverilməz düzəlişlərin” olduğu iddia edilən səsvermənin nəticələrinə dair protokollarını müstəqil araşdırmaqdan imtina etmişlər. Apellyasiya Məhkəməsi MSK-nın dəlillərini təkrarlayaraq qərarı qüvvədə saxlamış və bu dəlillər əsasında seçkilərin nəticələrinin etibarsız sayılmasını qanuni hesab etmişdir.
16. Ərizəçi qərardan kassasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsinə şikayətində irəli sürdüyü arqumentlərdən başqa o, həmçinin Apellyasiya Məhkəməsinin əsas sübutları (səsvermənin nəticələrinə dair müvafiq protokolların əsillərini) müstəqil araşdırmaqdan imtina etməsi və sadəcə MSK-nın gəldiyi nəticələri fakt kimi qəbul etməsindən şikayət etmişdir.
17. 25 noyabr 2005-ci ildə Ali Məhkəmə ərizəçinin şikayətini təmin etməmiş və Apellyasiya Məhkəməsinin qərarını qanuni hesab etmişdir.
18. 1 dekabr 2005-ci ildə Konstitusiya Məhkəməsi 13 may 2006-cı ildə seçkilərin nəticələrinin etibarsız sayıldığı bütün seçki dairələrində, həmçinin ərizəçinin namizədliyini irəli sürdüyü seçki dairəsində təkrar seçkilərin keçirilməsi barədə qərar qəbul etmişdir.
19. Eyni zamanda rəsmi seçki sənədlərini saxtalaşdırmaq və qulluq səlahiyyətlərindən sui-istifadə etməyə görə DSK sədri və 20 saylı seçki məntəqəsinin Məntəqə Seçki Komissiyasının sədri barəsində cinayət işi başlanmışdır.
20. 19 yanvar 2006-cı ildə Binəqədi rayon məhkəməsi hər iki təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 161.1-ci (seçki sənədlərini saxtalaşdırma) və 308.1-ci (qulluq səlahiyyətindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirərək barələrində ittiham hökmü çıxarmışdır.
21. Binəqədi rayon məhkəməsi müəyyən etmişdir ki, MənSK-ların səsvermənin nəticələrinə dair protokollarındakı saxtalaşdırmaların əksəriyyəti bu protokollar DSK-ya təqdim edildikdən sonra onun sədri tərəfindən həyata keçirilmişdir. Bu saxtalaşdırmalar bütünlükdə on üç seçki məntəqəsində səsvermənin nəticələrinə təsir etmiş və hamısı ərizəçinin deyil, onun opponentlərindən birinin lehinə edilmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ BEYNƏLXALQ HESABATLAR
A. Seçki Məcəlləsi
22. Seçki gününün sonunda seçki məntəqəsində səslər hesablandıqdan sonra Məntəqə Seçki Komissiyası (“MənSK”) səsvermənin nəticələrinə dair 3 nüsxədə protokol tərtib edir (106.1‑106.6-cı maddələr). MənSK-nın protokolunun 1 nüsxəsi digər müvafiq sənədlərlə birlikdə 24 saat ərzində DSK-ya göndərilir (106.7-ci maddə). DSK MənSK-nın protokolunun qanuna uyğunluğunu və protokolda hər hansı uyğunsuzluğun mövcud olub-olmamasını yoxlayır (107.1-ci maddə). Dairə Seçki Komissiyasının protokolu Məntəqə Seçki Komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir (107.2-ci maddə). Sonra DSK-nın protokolunun 1 nüsxəsi digər müvafiq sənədlərlə birlikdə 2 gün ərzində MSK-ya göndərilir (107.4-cü maddə). MSK DSK protokolunun qanuna uyğunluğunu, protokolda hər hansı uyğunsuzluğun mövcud olub-olmamasını yoxlayır (108.1-ci maddə) və sonra seçkilərin ümumi yekunları haqqında protokol tərtib edir (108.2-ci maddə).
23. Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyaları tərəfindən təqdim edilmiş protokollarda (onlara əlavə edilən digər sənədlər də daxil olmaqla) səsvermə günündən başlayaraq ən geci 4 gün müddətində səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki dairəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər (108.4-cü maddə).
24. Qeydə alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir (112.8-ci maddə).
25. Seçilməyən namizədlərə seçilməkdə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə, onlar seçkilərin yekunları barəsində qərarın ləğv edilməsi üçün əsas sayıla bilməz (114.5-ci maddə).
26. Birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdikdə, Dairə Seçki Komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayır (170.2.2-ci maddə).
27. Seçki Məcəlləsinin 106.3.6-cı maddəsinin seçkilər zamanı qüvvədə olmuş əvvəlki redaksiyasına görə seçki gününün sonunda seçki məntəqəsində səslərin ilkin hesablanması zamanı seçki qutusunda lazımı qaydada zərfə qoyulmamış bülleten aşkar edilərdisə, həmin bülleten etibarsız sayılırdı. 106.3.6-cı maddə sonradan 2 iyun 2008-ci ildə ləğv edilmişdir.
B. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) Seçkiləri Müşahidə Missiyasının 6 noyabr 2005-ci il parlament seçkilərinə dair Yekun Hesabatı (Varşava, 1 fevral 2006-cı il)
28. Hesabatın müvafiq hissələrində qeyd edilir:
“Dairələr üzrə ümumi nəticələrin qanunla nəzərdə tutulmuş müddət ərzində açıqlanmasına baxmayaraq, məntəqələr üzrə təfsilatlı nəticələr DSK-ların MSK ilə kompüter şəbəkəsi vasitəsilə əlaqəsi olmasına baxmayaraq seçkidən yalnız dörd gün sonra, 10 noyabr tarixdə elan edildi. Bu, namizədlər və müşahidəçilərin nəticələrin düzgün elan edilib-edilməməsini yoxlamasına çətinlik törətdi. İki dairənin, 9 və 42 saylı dairələrin protokolları ümumiyyətlə ictimaiyyət üçün açıqlanmadı...
MSK Seçki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən dörd dairənin (9 saylı Binəqədi İkinci Seçki Dairəsi də daxil olmaqla) nəticələrini ləğv etdi. Bu maddəyə görə DSK və ya MSK seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunda səsvermənin nəticələrini ləğv edərsə və həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil edərsə, bu zaman bütün dairə üzrə seçkilərin nəticələri ləğv edilir...
Ən azı ....iki DSK (9 və 42 saylı) sədri səsvermə günü seçki pozuntularına yol verdiklərinə görə vəzifələrindən azad edilmişlər. Seçki sənədlərini saxtalaşdırdıqlarına görə iki DSK sədri həbs edilmiş və məhkum edilmişlər...MSK 29 MənSK üzrə materialları mümkün cinayət tərkibinin olması səbəbi ilə Baş Prokurorluğa göndərmişdir...
MSK tərəfindən dörd dairədə ümumi nəticələrin ləğvi prosesinin kifayət qədər əsası və ya dəlil bazası yox idi və proses şəffaf deyildi. Bu dörd dairədə nəticələrin etibarsız sayılmasına dair MSK-nın qərarlarına görə “protokollarda yolverilməz düzəlişlər edilmiş və qanun pozuntularına yol verilmişdir ki, bunun nəticəsində seçicilərin iradəsini müəyyən etmək mümkün deyildi”. Lakin bu nəticənin fakta söykənən heç bir əsası göstərilməmişdi...
Bundan başqa, MSK nəticələri etibarsız elan edərkən ilkin faktlarla bağlı sorğu göndərməmiş (Seçki Məcəlləsinin 170.2-ci maddəsi ilə tələb olunduğu kimi) və Seçki Məcəlləsinin 108.4-cü maddəsinə əməl etməmişdir. 108.4-cü maddəyə əsasən DSK tərəfindən təqdim olunmuş protokollarda “səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar” aşkar edilərsə, MSK-nın həmin DSK-da səslərin yenidən sayılması barədə qərar qəbul etmək hüququ vardır. DSK və MənSK-ların protokolları MSK-nın iclaslarında araşdırılmamış və ya nəzərdən keçirilməmişdi. Seçki məntəqələrində nəticələrin ləğv edilməsi və eləcə də protokolun etibarsız sayılması sadəcə hər hansı MSK üzvünün çıxardığı nəticə əsasında baş verirdi. Bir MSK üzvünün protokolda çatışmazlıq olması barədə yürütdüyü mühakimə iddia edilən çatışmazlıq barədə izahat verilmədən və ya verilmiş səslərin müəyyənləşdirilməsi aparılmadan baş vermiş fakt kimi qəbul edilirdi. Beləliklə, dörd dairənin heç birində nəticələrin ləğvi üçün açıq şəkildə təqdim edilmiş faktiki əsas yox idi. Bu isə xüsusilə narahatlıq doğurur, belə ki, MSK bu dairədə iddia edilən pozuntular haqqında az sayda şikayət qeydə almışdı....
Seçkidə sonrakı mübahisələrə məhkəmələrdə baxılması zamanı hüquqi bazaya geniş şəkildə etinasızlıq göstərilmişdi və proses beynəlxalq aləmdə qəbul edilmiş normalara cavab vermirdi.... Əksər hallarda şikayət və müraciətlər həm Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə tərəfindən ya dəlillər nəzərdən keçirilmədən təmin edilməmiş, ya da əsassız sayılaraq rədd edilmişdi.
Müxalifət MSK-nın 9, 42 və 110 saylı dairələrdəki nəticələrin ləğvindən şikayət vermişdi. Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmadan və ya MənSK-ların protokolları kimi əsas sənədləri və dəlilləri nəzərdən keçirmədən MSK-nın bu üç qərarını qüvvədə saxladı. 9 saylı dairədə şikayətçi MSK tərəfindən Baş Prokurorluğa göndərilmiş protokolların yoxlanılması ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət etdi. Bu müraciət təmin edilmədi. 42 saylı dairədə eynilə bu cür müraciət edildi və məhkəmə yenidən müraciəti təmin etmədi və qərar çıxardı ki, qanunla müəyyən edilmiş müddət ərzində protokolları Baş Prokurorluqdan almaq mümkün deyil. MSK etibarsız hesab edilmiş protokollardakı spesifik səhvlər barədə və ya protokollardakı hansı səhvlərin onların etibarsız hesab edilməsi üçün kifayət etməsi barədə heç bir izahat və ya hər hansı məlumat verə bilmədi....
Ali Məhkəmədə işlərə baxılması zamanı yuxarıda qeyd edilmiş çatışmazlıqlar aradan qaldırılmadı. Ali Məhkəmə MSK-nın bütün qərarlarını qüvvədə saxladı.”
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 3-CÜ MADDƏSİNİN
İDDİA OLUNAN POZUNTUSU
29. Ərizəçi Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin və Konvensiyanın 13-cü maddəsinin pozulmasından şikayət edərək bildirmişdir ki, namizədliyini irəli sürdüyü seçki dairəsində seçkilərin nəticələri əsassız və qanunsuz olaraq etibarsız sayılmış və seçkilərin əsl qalibi kimi onun seçki hüquqları pozulmuşdur. O qeyd etmişdir ki, seçkilərin nəticələrinin etibarsız sayılması prosesi şəffaf olmamış, əsassız qərar çıxarılmasına qarşı kifayətedici təminat verməmiş, seçki komissiyaları və ölkə məhkəmələrinin qərarları heç bir fakta əsaslanmamış, ölkənin seçki qanunvericiliyinin bir sıra müddəalarına zidd olmuşdur.
30. Məhkəmə hesab edir ki, bu işdə yalnız Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulması məsələsinə baxılmalıdır və Konvensiyanın 13-cü maddəsinin pozuntusu iddialarına ayrıca olaraq baxılmasına ehtiyac yoxdur. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsində bildirilir:
“Razılığa Gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək şəkildə, gizli səsvermə yolu ilə, ağlabatan dövriliklə azad seçkilər keçirməyi öhdəsinə götürürlər.”
A. Şikayətin məqbuliyyəti
1. Ərizəçinin “qurban” statusu
31. Hökumət bildirmişdir ki, ərizəçi “qurban” statusunu itirmişdir. Belə ki, dövlət orqanları seçki qanunvericiliyinin, seçicilər və namizədlərin (o cümlədən ərizəçinin) seçki hüquqlarının pozulması faktlarının baş verməsini etiraf etmiş və seçkilərin nəticələri etibarsız sayılaraq dairə üzrə təkrar seçkilər keçirmək barədə qərar qəbul edilməklə pozulmuş hüquqlar bərpa edilmişdir. Bundan əlavə, Hökumət bildirmişdir ki, bu qanun pozuntularını törətmiş rəsmi şəxslərə qarşı cinayət işlərinə başlanması və onların məhkum edilməsi də “pozulmuş hüquqların bərpasının” bir tərkib hissəsi olmuşdur.
32. Ərizəçi buna öz etirazını bildirmişdir.
33. Məhkəmə hesab edir ki, Hökumətin məsələ ilə bağlı etirazı düzgün qaldırılmamışdır. Belə görünür ki, bu etiraz ərizəçinin Konvensiya ilə nəzərdə tutulmuş hüquqlarının MənSK və DSK-nın “seçki sənədlərini saxtalaşdırması” da daxil olmaqla iddia olunan qanunazidd əməllərin törədilməsi ilə pozulması ehtimalına əsaslanır. Lakin Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçi aşağı orqanlar səviyyəsində törədilməsi iddia olunan qanun pozuntuları və ya bu qanun pozuntularını törədənlərdən deyil, onun dairəsində seçkilərin nəticələrinin MSK tərəfindən əsassız surətdə ləğv edilməsindən şikayət edir. Beləliklə, Məhkəmə bildirir ki, hazırkı işdə seçkilərin nəticələrinin ləğv edilməsi şikayətlə bağlı ərizəçini zərərçəkən statusundan məhrum edə bilməz. Belə ki, ərizəçi məhz bu nəticələrin ləğv edilməsindən şikayət edir. Bundan əlavə, sadəcə təkrar seçkilərin keçirilməsi faktı ilkin seçkilər zamanı baş vermiş seçki hüquqlarının pozuntularının aradan qaldırılması demək deyildir.
34. Bu səbəblərə görə, Məhkəmə Hökumətin etirazını rədd edir.
2. Dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi
35. Hökumət eyni zamanda bildirmişdir ki, ərizəçi şikayətlərinə baxılması üçün ölkə daxilində mövcud olan bütün hüquqi müdafiə vasitələrini tükəndirməmişdir. İlk növbədə, o, MənSK və DSK səviyyələrində seçki qanunvericiliyinin pozulması ilə bağlı seçki komissiyalarının rəsmilərinə qarşı başlanmış cinayət işlərində “zərərçəkmiş şəxs” kimi tanınmaq üçün müraciət etməmişdir, halbuki bu, ona həmin işlərin istintaqında səmərəli şəkildə iştirak etmək və öz prosessual hüquqlarını həyata keçirmək imkanı verəcəkdi. İkincisi, Hökumət bildirmişdir ki, ölkə qanunvericiliyinə görə ərizəçi ölkə məhkəmələri qarşısında iddia qaldıraraq dəymiş ziyanın ödənilməsini tələb edə bilərdi.
36. Ərizəçi bununla razılaşmamış və bildirmişdir ki, o, seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə MSK-nın qərarından şikayətlər etmişdir. Hökumət tərəfindən təklif edilmiş başqa vasitələrə gəlincə, ərizəçi qeyd etmişdir ki, cinayət işində “zərərçəkmiş şəxs” kimi tanınmaq üçün müraciət edilməsi onun seçkilərdə namizədliyini irəli sürmək və deputat seçilmək hüququnun pozulmasının nəticələrini aradan qaldıra bilməzdi. Bundan əlavə, MSK-nın seçkilərin nəticələrini ləğv etmək barədə qərarı və bu qərarın məhkəmələr tərəfindən qüvvədə saxlanılması ilə əlaqədar hazırkı şikayət kontekstində MənSK və DSK-ya qarşı ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırılması mümkün deyildi.
37. Məhkəmə qeyd edir ki, ərizəçi seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı ölkənin seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq hüquqi müdafiə vasitələrini tükəndirmişdir. Xüsusilə o, MSK-nın qərarından Apellyasiya Məhkəməsinə, sonra isə son instansiya olan Ali Məhkəməyə şikayət etmişdir. Hökumət tərəfindən təklif edilən vasitələrə gəlincə (DSK və MənSK rəsmilərinə qarşı cinayət işləri və ya mülki işlər), Məhkəmə qeyd edir ki, bu vasitələrdən heç biri MSK qərarının ləğv edilməsi və ya bu qərarın mahiyyəti üzrə qiymətləndirilməsi, yaxud seçki qanunvericiliyinin və Konvensiyanın tələblərinə cavab verib-verməməsinin yoxlanılması ilə nəticələnə bilməzdi. Məhkəmə hesab edir ki, bu vasitələrdən heç biri seçkilərin nəticələrinin əsassız olaraq ləğv edilməsinə dair ərizəçinin şikayətini hansısa başqa tərzdə təmin edə bilməzdi.
38. Bu səbəblərə görə, Məhkəmə Hökumətin etirazını rədd edir.
3. Yekun
39. Məhkəmə şikayətin Konvensiyanın 35-ci maddəsinin 3 “a” yarımbəndinə əsasən açıq-aşkar əsassız olmadığını və ona baxılmasının digər əsaslara görə də qeyri-məqbul olmadığını qeyd edir. Buna görə də şikayət baxış üçün məqbul hesab edilir.
B. İşin mahiyyəti
1. Tərəflərin izahatları
40. Hökumət bildirmişdir ki, ərizəçinin seçki dairəsində seçkilərin nəticələrinin etibarsız sayılması barədə MSK tərəfindən qəbul edilmiş qərar ərizəçinin daxil olduğu seçki blokunun nümayəndəsinin şikayəti ilə bağlı olmuş və mötəbər faktiki dəlillərə əsaslanmışdır. Bu dəlillər sonradan 9 saylı Binəqədi İkinci Seçki Dairəsi üzrə Dairə Seçki Komissiyasının və həmin dairənin 20 saylı məntəqəsinin Məntəqə Seçki Komissiyasının vəzifəli şəxslərinə qarşı qaldırılmış cinayət işinin nəticələri ilə də təsdiq olunmuşdur. Hər iki vəzifəli şəxs seçkilərin nəticələrinin saxtalaşdırılmasında təqsirli bilinmişdir.
41. Ərizəçinin MSK-nın səslərin yenidən hesablanmasını təmin etməməsi barədə şikayətinə gəlincə, Hökumət bildirmişdir ki, Seçki Məcəlləsinin 108.4-cü maddəsi MSK-dan bütün hallarda səslərin yenidən hesablanmasını tələb etmir. Bu maddə hər bir konkret halda səslərin yenidən hesablanmasına zərurət olub-olmaması barədə qərar qəbul etmək üçün MSK-ya səlahiyyət verir. Hökumət daha sonra qeyd etmişdir ki, hazırkı işdə səslərin yenidən hesablanması mümkün olmamışdır, belə ki, seçkilər zamanı qüvvədə olmuş Seçki Məcəlləsinin 106.3.6-cı maddəsinə (bu müddəa 2008-ci ildə qüvvədən düşmüşdür) görə zərflərdə olmayan bülletenlər etibarsız hesab edilirdi. MSK-ya təqdim edilmiş bütün bülletenlər müvafiq seçki məntəqəsində ilkin hesablanmadan sonra zərfdən çıxarıldığına və yenidən zərfə qoyulmadığına görə bu bülletenlərin yenidən sayılması mümkün deyildi.
42. Hökumət bildirmişdir ki, səsvermənin nəticələrinə dair protokolların saxtalaşdırılması MSK tərəfindən bu protokollar əsasında seçicilərin əsl iradəsinin müəyyənləşdirilməsini mümkünsüz etmişdir. Səslərin hesablanmasının sənədləşdirilməsi prosesinə belə müdaxilə insanların fikirlərini azad ifadə etmələrinə mane olmuş və buna görə də MSK düzgün olaraq ərizəçinin dairəsində seçkilərin nəticələrini etibarsız saymışdır. Bu addım yalnız seçicilərin ifadə etdikləri iradə nəticəsində seçilmiş namizədlərin onları parlamentdə təmsil etmələrinin təmin edilməsi kimi qanuni məqsəddən irəli gəlirdi.
43. Ərizəçi bildirmişdir ki, o, seçkilərdə böyük səs fərqi ilə inamlı qələbə qazanmışdır. Ərizəçi iddia etmişdir ki, əldə edə bildiyi MənSK-ların səsvermənin nəticələrinə dair müvafiq protokollarına görə o, dairə üzrə ən çox səs qazanan namizəd olmuşdur. Bundan əlavə, ərizəçi bildirmişdir ki, iki müxtəlif təşkilat tərəfindən həyata keçirilmiş eqzit-pollar onun deputat seçildiyini təsdiq etmişdir. Hətta iqtidar yönümlü rəsmi Azərbaycan qəzeti seçkilərin nəticələrinə dair seçki günündən bir gün sonra, 7 noyabr 2005-ci ildə dərc etdiyi “ilkin” qeyri-rəsmi siyahıda onu dairədən deputat seçilmiş namizəd kimi göstərmişdir.
44. Ərizəçi MSK-nın qərarının əsaslandırılmadığını və bu qərar qəbul edilən zaman bir namizəd və maraqlı tərəf kimi əsas prosessual hüquqlarını həyata keçirmək imkanından məhrum olduğunu bildirmişdir. MSK-nın qərarından şikayətlərə ölkə məhkəmələri tərəfindən baxılması səmərəsiz olmuşdur.
45. Ərizəçi daha sonra bildirmişdir ki, səsvermənin nəticələrinə dair protokollara edilməsi iddia olunan bütün yolverilməz düzəlişlər onun deyil, opponentlərinin lehinə olmuşdur. Buna baxmayaraq MSK Seçki Məcəlləsinin 114.5-ci maddəsinə əməl etməmişdir. Bu maddə seçki prosesində edilmiş qanun pozuntularının seçilmiş namizədin deyil, digərlərinə kömək etmək məqsədilə edildiyi aşkar olunduğu təqdirdə səsvermənin nəticələrini etibarsız saymağa imkan vermir. Hər bir halda edilməsi iddia olunan qanunsuz düzəlişlərin əksəriyyəti “texniki xarakterli” olmuş, verilmiş səslərin ümumi sayına dair rəqəmlərə təsir göstərməmişdi və buna görə də onlar seçicilərin əsl iradəsini müəyyənləşdirməyə mane ola bilməzdi.
46. Səslərin yenidən hesablanmasının mümkün olmamasına dair Hökumətin arqumentləri ilə bağlı ərizəçi qeyd etmişdir ki, Hökumətin Seçki Məcəlləsinin əvvəlki 106.3.6-cı maddəsinə istinad etməsi yanlışdır, belə ki, bu müddəa seçki gününün sonunda içərisində bülletenlər olan zərflərin seçki qutularından götürülərək məntəqədə sayılması ilə bağlı tətbiq edilirdi və MSK üzvlərinin iştirakı ilə səslərin yenidən hesablanması prosesinə aid deyildi. Hər bir halda ərizəçi işin hallarına görə səslərin yenidən hesablanmasına heç bir zərurət olmadığını bildirmişdir. Belə ki, əldə olan sənədlər onun seçkilərdə qələbə qazanmasını şübhə altına almır.
47. Ərizəçi bildirmişdir ki, bütün seçki dairəsi üzrə seçkilərin nəticələrini etibarsız saymaq üçün heç bir qanuni əsas olmamışdır. Hazırkı işdə belə bir qərarın qəbul edilməsi mahiyyət etibarilə o deməkdir ki, ölkənin seçki sistemi bir və ya bir neçə təsadüfi fərdlərə sadəcə səsvermənin nəticələrinə dair protokollara cüzi düzəlişlər etməklə on minlərlə seçicinin fikrini kölgə altına almağa imkan verir. Bu isə hazırkı Hökumətə şərait yaradır ki, seçki komissiyasının rəsmisinin sadəcə səsvermənin nəticələrinə dair protokolda saxtakarlıq etməsi ilə müxalifətdən olan namizədin parlamentə deputat seçilməsinin qarşısını alsın. Bu zaman səsvermənin nəticələri etibarsız sayılır və seçki komissiyasının rəsmisinə törətdiyi saxtakarlığa görə yüngül cəza verilir. Bu baxımdan ərizəçi xüsusilə qeyd etmişdir ki, onun dairəsində seçkilərin nəticələrini saxtalaşdırmağa görə təqsirləndirilmiş DSK sədri yüngül cəza almış və məhkumluğunun olmasına baxmayaraq orta məktəb direktorunun müavini kimi yenidən təhsil sahəsində işə bərpa edilmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
48. İlk baxışdan 1 saylı Protokolun 3-cü maddəsi Konvensiya və Protokollarda nəzərdə tutulmuş digər hüquqlardan fərqli görünür, belə ki, bu müddəa Razılığa gələn Yüksək Tərəfin konkret hüquq və ya azadlıqları təmin etmək öhdəliyini deyil, xalqın azad iradə ifadəsini təmin edəcək seçkilər keçirmək öhdəliyini təsbit edir. Lakin Məhkəmə müəyyən etmişdir ki, bu müddəa fərdi hüquqları, o cümlədən seçmək və namizədliyini irəli sürmək hüquqlarını təsbit edir (baxın, Matyo-Mohin və Klerfayt Belçikaya qarşı, 2 mart 1987-ci il, §§ 46-51, A Seriyaları, no. 113). Konvensiyanın təfsiri və tətbiqi zamanı Məhkəmə davamlı olaraq demokratik prinsiplərin vacibliyini ön plana çəkmiş və 1 saylı Protokolun 3-cü maddəsində təsbit olunmuş hüquqların qanunun aliliyinin təmin olunduğu səmərəli və mötəbər demokratiyanın əsaslarının yaradılması və qorunması üçün həlledici əhəmiyyətə malik olduğunu bildirmişdir (həmin yerdə, § 47; həmçinin baxın, Hirst Birləşmiş Krallığa qarşı (2-ci nömrə) [BP], no. 74025/01, § 58, İHAM 2005-IX).
49. 1 saylı Protokolun 3-cü maddəsində təsbit edilmiş hüquqlar mütləq deyil. Burada “vəziyyətdən irəli gələn məhdudiyyətlərin” tətbiq edilməsi üçün imkan mövcuddur və Razılığa gələn Tərəf seçkilərin öz mülahizəsinə uyğun keçirilməsində geniş səlahiyyətlərə malikdir (baxın, yuxarıda qeyd olunan Matyo-Mohin və Klerfayt işi, § 52; Metyu Birləşmiş Krallığa qarşı [BP], no. 24833/94, § 63, İHAM 1999-I; və Labita İtaliyaya qarşı [BP], no. 26772/95, § 201, İHAM 2000-IV). Bununla belə, son olaraq məhz Məhkəmə 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə əməl olunub-olunmadığını müəyyənləşdirir. Xüsusilə Məhkəmə əmin olmalıdır ki, irəli sürülən şərtlər qeyd olunan hüquqları onların mahiyyətinə zərər gətirəcək dərəcədə pozmur və səmərəli surətdə həyata keçirilməsinə mane olmur. Məhkəmə eyni zamanda əmin olmalıdır ki, bu şərtlər qanuni məqsədlərə çatmaq üçün tətbiq edilir və məhdudiyyətlərin tətbiqi üçün istifadə olunan vasitələr qeyri-mütənasib deyil (baxın, yuxarıda qeyd edilən Matyo-Mohin və Klerfayt işi, § 52, və Qitonas və digərləri Yunanıstana qarşı, 1 iyul 1997-ci il, § 39, Qərar və Qərardadlara dair Hesabatlar, 1997-IV). Belə şərtlər qanunverici orqanın seçilməsində xalqın azad iradə ifadəsinə mane olmamalıdır – başqa sözlə, ümumi seçki hüququnun həyata keçirilməsi yolu ilə xalqın iradəsini müəyyən etmək məqsədi daşıyan seçki prosesinin bütövlüyü və səmərəliliyinin qorunması marağını əks etdirməli, ona zidd olmamalıdır (baxın, yuxarıda qeyd olunan Hirst (2-ci nömrə) işi, § 62).
50. Bundan əlavə, insan hüquqlarının müdafiəsi vasitəsi olan Konvensiyanın məqsədi onun müddəalarının elə bir tərzdə təfsirini və tətbiqini tələb edir ki, bu zaman onların həyata keçirilməsi nəzəri və ya xəyali deyil, praktiki və səmərəli olsun (baxın, digər mənbələrlə yanaşı, Türkiyənin Birləşmiş Kommunist partiyası və digərləri Türkiyəyə qarşı, 30 yanvar 1998-ci il, § 33, Hesabatlar, 1998-I; Çassanu və digərləri Fransaya qarşı [BP], nos. 25088/94, 28331/95 və 28443/95, § 100, İHAM 1999-III; və Lykourezos Yunanıstana qarşı, no. 33554/03, § 56, İHAM 2006-VIII). Əgər kimsə seçkilərdə namizəd kimi iştirak etmək hüququndan əsassız olaraq istənilən anda məhrum edilə bilərsə, 1 saylı Protokolun 3-cü maddəsində təsbit olunmuş və həqiqi demokratik rejim konsepsiyasının tərkib hissəsi olan bu hüquq sadəcə xəyali xarakter daşıyacaq. Beləliklə, seçilmək hüququnun həyata keçirilməsi üçün şərtlərin müəyyən edilməsində Dövlətlərin geniş səlahiyyətlərə malik olması həqiqət olsa da, hüquqların səmərəliliyi prinsipi tələb edir ki, seçki prosesində əsassız qərarlar qəbul edilməsinin qarşısının alınması üçün kifayətedici təminatlar olsun (baxın, Podkolzina Latviyaya qarşı, no. 46726/99, § 35, İHAM 2002-II). Əsassız qərar qəbul edilməsinin qarşısının alınması prinsipi ilkin olaraq seçilmək hüququ ilə bağlı irəli sürülən şərtlərlə əlaqədar qeyd olunsa da, o, fərdi seçki hüquqlarının səmərəliliyi məsələsinin qalxdığı digər vəziyyətlərə (baxın, Nemət Əliyev Azərbaycana qarşı, no. 18705/06, § 72, 8 aprel 2010-cu il), o cümlədən seçkilərin nəticələrinin yoxlanılması və etibarsız sayılması qaydasına da aiddir (baxın, Kovaç Ukraynaya qarşı, no. 39424/02, § 55, İHAM 2008-...).
51. Məhkəmə vurğulamışdır ki, seçkilərin keçirilməsinə görə məsul olan orqanların şəffaf şəkildə fəaliyyət göstərməsi və siyasi manipulyasiyalara məruz qalmayaraq qərəzsizliyini və müstəqilliyini qoruması vacibdir (baxın, Gürcüstanın Əmək Partiyası Gürcüstana qarşı, no. 9103/04, § 101, 8 iyul 2008-ci il) və onlar tərəfindən həyata keçirilən proseslər zamanı əsassız qərarlar qəbul edilməsinin qarşısını almaq üçün minimal təminatlar olmalı, onların qərarları kifayət qədər əsaslandırılmalıdır (baxın, yuxarıda qeyd olunan Nemət Əliyev işi, §§ 81-90 və Kovach işi, §§ 59-60) .
52. Məhkəmə qeyd edir ki, o, Kərimova işi ilə bağlı qərarında oxşar faktları özündə əks etdirən şikayətə əvvəllər baxmışdır (baxın, Kərimova Azərbaycana qarşı, no. 20799/06, 30 sentyabr 2010-cu il). Kərimova işində mövcud olan faktlardan görünürdü ki, seçkilərin nəticələri əsassız olaraq etibarsız sayılmasaydı, ərizəçi deputat seçiləcəkdi (həmin yerdə, §§ 9 və 47). Lakin Kərimova işindən fərqli olaraq hazırkı işdə ərizəçinin seçki dairəsindən deputat seçiləcəyini dəqiq müəyyən etmək mümkün deyil. Xüsusilə, ərizəçi sərəncamında olan MənSK-ların səsvermənin nəticələrinə dair protokollarının surətlərinə əsaslanaraq ən çox səs topladığını iddia etsə də, DSK və ya MSK tərəfindən səslərin hesablanmasında o, heç bir zaman rəsmi olaraq seçilmiş namizəd kimi göstərilməmişdir (Kərimova işindən fərqli olaraq). Bu baxımdan Məhkəmə qeyd edir ki, işin hallarına görə qaçılmaz olan vəziyyətlər istisna olmaqla, səsvermənin nəticələrinə dair aşağı seçki komissiyaları tərəfindən tərtib edilmiş protokollar əsasında verilmiş səslərin dəqiq sayının müəyyən edilməsinə və ərizəçinin dairəsində kimin seçilməli olduğunu müəyyənləşdirməyə cəhd göstərməklə ölkənin seçki orqanlarını əvəz etmək və ya birinci instansiya məhkəməsinin funksiyalarını yerinə yetirmək Məhkəmənin vəzifəsi deyil (baxın, mutatis mutandis, yuxarıda qeyd olunan Nemət Əliyev işi, § 77). Bununla belə, işin faktiki hallarından kifayət qədər aydın görünür ki, ərizəçi öz seçki dairəsində digər namizədlər arasında ən çox səs toplayanlardan biri idi və hakimiyyət orqanlarının seçkilərin nəticələrini etibarsız saymaq barədə qərarı ərizəçinin Milli Məclisin deputatı seçilmək şansına təsir göstərmişdir. Bu baxımdan Məhkəmə, həmçinin bir daha qeyd edir ki, 1 saylı Protokolun 3-cü maddəsi bilavasitə seçkilərdə qalib gəlmək hüququnu deyil, ədalətli və demokratik şəraitdə keçirilən seçkilərdə namizəd kimi iştirak etmək hüququnu təmin edir (həmin yerdə, § 75).
53. Bundan əlavə, həqiqətən də hazırkı işdə seçkilərin nəticələrinin etibarsız sayılmasına dair MSK qərar qəbul etməzdən qabaq böyük ehtimalla ərizəçinin maraqlarını təmsil edən Azadlıq blokunun nümayəndəsi seçki dairəsinin bəzi seçki məntəqələrində ona qarşı qanun pozuntularının törədildiyini iddia edərək bu məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasını MSK-dan xahiş etmişdir. Buna görə də belə bir arqument irəli sürülə bilər ki, MSK-nın qərarı ərizəçinin müvafiq vəsatəti ilə bağlı qəbul edilmişdir. Lakin MSK-nın qərarı ərizəçinin etdiyi xahişdən açıq-aydın kənara çıxmış və dairə üzrə daha çox seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılmışdır ki, bunun da nəticəsində bütünlükdə seçki dairəsi üzrə nəticələr etibarsız hesab edilmişdir.
54. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, seçkilərin nəticələrinin etibarsız sayılmasına dair MSK-nın qərarı ilə ərizəçinin seçkilərdə namizəd kimi iştirak etmək hüququnun səmərəli şəkildə həyata keçirilməsinə müdaxilə edilmişdir. İndi bu müdaxilənin Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin tələblərinə cavab verib-vermədiyini müəyyənləşdirmək lazımdır.
55. Hökumət bəyan etmişdir ki, seçkilərin nəticələrinin etibarsız sayılmasına dair mübahisə edilən qərar seçicilərin azad surətdə öz fikrini ifadə etməsini qanunsuz müdaxilələrdən qorumaq və yalnız qanuni surətdə seçilmiş namizədlərin parlamentdə təmsil olunmalarını təmin etmək məqsədilə qəbul edilmişdir. Lakin Məhkəmə qanun pozuntularının miqyasını və onların bütünlükdə dairə üzrə seçkilərin nəticələrinə təsirini səylə araşdırmağa cəhd göstərmədən sadəcə bəzi seçki məntəqələrində belə pozuntuların baş verməsi faktını əsas götürərək bütünlükdə seçki dairəsi üzrə verilmiş səslərin etibarsız sayılması təcrübəsinin 1 saylı Protokolun 3-cü maddəsindən irəli gələn qanuni məqsədlərə xidmət etdiyinə şübhə ilə yanaşır (müqayisə üçün, mutatis mutandis, yuxarıda qeyd olunan Kovaç işi, § 52 və yuxarıda qeyd olunan Kərimova iş, § 46). Bununla belə, aşağıdakı səbəblərə görə Məhkəmədən bu məsələ ilə bağlı son fikrini ifadə etmək tələb olunmur.
56. Hazırkı iş üzrə MSK və ölkə məhkəmələri tərəfindən qəbul edilmiş qərarları nəzərə alaraq Məhkəmə hesab edir ki, onlar əsas etibarilə Kərimova qərarında göstərilmiş səbəblərə görə 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə uyğun gəlmir. Xüsusilə Məhkəmə aşağıdakıları qeyd edir.
57. Ərizəçinin dairəsində seçkilərin nəticələrinin etibarsız sayılmasına dair MSK tərəfindən 8 noyabr 2005-ci ildə qəbul edilmiş qərarla bağlı (baxın, qərarın 12-ci paraqrafı) Məhkəmə qeyd edir ki, qərarda MənSK-ların protokollarına edilməsi iddia olunan “yolverilməz düzəlişlər” və ya digər “qanun pozuntularının” nədən ibarət olması göstərilməmiş, bu “düzəlişlər” və “qanun pozuntularının” təbiəti ilə bağlı dəqiqləşdirmə aparılmamış və iddia olunan pozuntuların hansı səbəbə müvafiq seçki məntəqəsində səsvermənin nəticələrinə təsir göstərdiyi və seçicilərin əsl iradəsini müəyyən etməyə imkan vermədiyi izah edilməmişdir. Belə vəziyyətdə Məhkəmə MSK-nın qərarının əsassız olduğunu qeyd etməyə bilməz.
58. Bundan əlavə, Məhkəmə qeyd edir ki, Kərimova işində olduğu kimi burada da MSK və məhkəmələrin ölkənin seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş bir sıra prosedur təminatlarına əməl etməmələri anlaşılmazdır. İlk növbədə, bütünlükdə seçki dairəsi üzrə seçkilərin nəticələrini etibarsız saymazdan öncə səslərin yenidən hesablanması imkanı nəzərdən keçirilməmişdir. Hətta səslərin yenidən hesablanmasının Azərbaycan qanunvericiliyinə görə məcburi olmadığına (MSK-nın mülahizəsindən asılı olduğuna) dair Hökumətin arqumentləri nəzərə alınarsa, Məhkəmə hesab edir ki, hazırkı işdə MSK seçkilərin nəticələrini etibarsız saymazdan qabaq səslərin yenidən hesablanması imkanını nəzərdən keçirə və ya bu imkandan istifadə etməməsinin səbəblərini izah edə bilərdi. İkincisi, Məhkəmə qeyd edir ki, dövlət orqanları seçkilərdə seçilməyən namizədlərin lehinə edilmiş qanun pozuntularına görə seçkilərin nəticələrinin etibarsız sayılmasının qadağan edilməsinə dair Seçki Məcəlləsinin 114.5-ci maddəsinin tələblərinə məhəl qoymamışlar. Beləliklə, bu normaya görə seçkilərin nəticələrinin etibarsız sayılmasına dair qərarı qəbul etməzdən öncə dövlət orqanları ilk növbədə verilmiş səsləri və baş vermiş qanun pozuntularının kimin lehinə törədildiyini müəyyənləşdirməlidirlər. Lakin hazırkı işdə bu edilməmişdir. Məhkəmə belə hesab edir ki, dövlət orqanlarının səslərin yenidən hesablanması barədə qərar çıxarmamaları, yaxud Seçki Məcəlləsinin 114.5-ci maddəsinin tələblərini nəzərə almamaları və bunun səbəbini heç bir formada izah etməmələri seçkilərin nəticələrinin etibarsız sayılmasına dair qərarın əsassız olmasına dəlalət edir (müqayisə üçün yuxarıda göstərilən Kərimova işi, §§ 49-51).
59. Nəhayət, Məhkəmə qeyd edir ki, ərizəçi yuxarıda qeyd edilən bütün məqamları dəfələrlə ölkə məhkəmələrinə etdiyi şikayətlərdə qaldırsa da, məhkəmələr məsələlərə adekvat münasibət göstərməmiş və sadəcə olaraq MSK-nın gəldiyi nəticələri təkrar etmişlər. Onlar əsas etibarilə MənSK-ların protokollarının qanunsuz olaraq düzəlişlər edilmiş əsillərindən ibarət olan əsas sübutları araşdırmaqdan imtina etmiş və MSK qərarının seçki qanunvericiliyinin tələblərinə uyğun olub-olmamasını yoxlamamışlar. Beləliklə, ərizəçinin seçkilərlə bağlı şikayətlərinin araşdırılması qeyri-səmərəli həyata keçirilmişdir.
60. Yuxarıda qeyd olunan səbəblərə görə Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin seçki dairəsində seçkilərin nəticələrinin etibarsız sayılmasına dair qərar əsassız olmuşdur, belə ki, bu qərar heç bir münasib və kifayətedici dəlillərlə əsaslandırılmamış və ölkənin seçki qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara zidd olmuşdur (baxın, bu qərarın 58-ci paraqrafı). Bu qərar ərizəçini seçkilərdə namizəd kimi iştirak etmək hüququnu səmərəli şəkildə həyata keçirməkdən məhrum etmiş və bununla da, ümumi səsvermə yolu ilə insanların iradəsini müəyyənləşdirmək məqsədi daşıyan seçki prosesinin bütövlüyünü və səmərəliliyini qorumaq marağı ilə ziddiyyət təşkil etmişdir.
61. Beləliklə, Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi pozulmuşdur.
II. KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
62. Yuxarıdakı şikayətlə yanaşı ərizəçi əsassız olaraq deputat mandatından məhrum edilməsinin müxalifət partiyasının üzvü olması ilə bağlı olmasından da şikayət etmişdir. Bununla o, Konvensiyanın 14-cü maddəsinin pozulduğunu bildirmişdir. Həmin maddədə bildirilir:
“Bu Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
63. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda baxılmış şikayətlə bağlıdır və buna görə də onun kimi baxılması mümkün hesab edilməlidir.
64. Bununla belə, 1 saylı Protokolun 3-cü maddəsinin pozulması ilə bağlı yuxarıda gəldiyi nəticəni nəzərə alaraq Məhkəmə hesab edir ki, bu işdə Konvensiyanın 14-cü maddəsinin pozulub-pozulmamasını yoxlamağa zərurət yoxdur.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
65. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Razılığa Gələn Yüksək Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, zəruri olduğu təqdirdə zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
66. Ərizəçi namizədliyini irəli sürdüyü seçki dairəsində seçkilərin nəticələri etibarsız sayılmayacağı təqdirdə Milli Məclisin üzvü kimi əldə edəcəyi məbləğ, həmçinin seçkiqabağı təşviqata sərf etdiyi məbləğ də daxil olmaqla 101.305, 83 avro məbləğində vurulmuş maddi ziyanın ödənilməsini tələb etmişdir.
67. Hökumət ərizəçinin tələbinə etiraz etmişdir.
68. Milli Məclisin üzvü kimi əldə edəcəyi əmək haqqının itirilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, qərarın 52-ci bəndində müzakirə edildiyi kimi hazırkı işdə (Kərimova işindən fərqli olaraq) seçkilərin nəticələrinin əsassız olaraq ləğv edilməyəcəyi təqdirdə dairə üzrə məhz ərizəçinin namizədliyinin seçiləcəyi və onun parlamentin deputatı olacağını qəti şəkildə təsdiqləmək mümkün deyil. Buna görə də Məhkəmənin ərizəçinin parlamentin deputatı kimi əmək haqqı alıb-ala bilməyəcəyi məsələsində spekulyasiyaya yol verməsi mümkün deyil.
69. Seçkiqabağı təşviqata sərf edilən məbləğlə bağlı tələblərə gəlincə, Məhkəmə müəyyən edilmiş pozuntu ilə iddia olunan məbləğ arasında səbəbiyyət əlaqəsinin olmadığı qənaətindədir.
70. Buna görə də, Məhkəmə maddi ziyanın ödənilməsi ilə bağlı tələbi rədd edir.
2. Mənəvi ziyan
71. Ərizəçi dəymiş mənəvi ziyana görə 100.000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
72. Hökumət tələb olunan məbləğin həddindən çox olduğunu bildirmiş və qeyd etmişdir ki, Konvensiyanın pozulması faktının müəyyən edilməsi özü-özlüyündə yetərli ədalətli kompensasiyadır.
73. Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalmışdır və bu ziyanı yalnız 1 saylı Protokolun 3-cü maddəsinin pozulması faktının müəyyən edilməsi ilə kompensasiya etmək mümkün deyil. Məhkəmə ədalətli qiymətləndirmə apararaq ərizəçiyə dəymiş mənəvi ziyana görə tutulacaq vergi də daxil olmaqla 7.500 avro ödənilməsini qərara alır.
B. Xərc və məsrəflər
74. Ərizəçi hüquqi xidmətlərə çəkilən xərclər və poçt məsrəfləri də daxil olmaqla Məhkəməyə müraciətlə bağlı çəkilmiş xərc və məsrəflərə görə 4.800 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
75. Hökumət bu tələblərə etiraz etmişdir.
76. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. İşdə olan sənədləri və yuxarıda qeyd olunmuş meyarları nəzərə alaraq Məhkəmə çəkilmiş bütün xərc və məsrəflərə görə ərizəçiyə tutulacaq vergi də daxil olmaqla 1.600 avro məbləğinin ödənilməsini qət edir.
C. Faiz dərəcəsi
77. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Şikayətə baxılmasını məqbul hesab edir;
2. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulduğunu qərara alır;
3. Konvensiyanın 14-cü maddəsinin pozulması ilə bağlı şikayətə ayrıca baxılmasına zərurət olmadığını qərara alır;
4. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində tutulacaq faiz də daxil olmaqla aşağıdakı məbləğlərdə vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir:
(i) tutulacaq vergi də nəzərə alınmaqla mənəvi ziyana görə 7.500 (yeddi min beş yüz) avro;
(ii) ərizəçidən tutulacaq vergi də daxil olmaqla xərc və məsrəflərə görə 1.600 (min altı yüz) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 10 yanvar 2012-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen Nina Vajiç
Katib Sədr
Full & Egal Universal Law Academy