AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ
Üçüncü Bölmə
Manerov Rusiyaya qarşı
(Ərizə no49848/10)
QƏRAR
STRASBURQ
05.01.2016
Yekun
05.04.2016
Bu qətnamə yekun qərardır, lakin ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Manerov Rusiyayaqarşı işində,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Üçüncü Bölmə) aşağıda qeyd olunan tərkibdə :
Luis López Guerra,Sədr,
Helena Jäderblom,
Helen Keller,
Johannes Silvis, Dmitriy Dedov,
BrankoLubarda,
Pere Pastor Vilanova,hakimlər,
and Stephen Phillips, katibdən ibarət tərkibdə,
08 dekabr 2015-ci il tarixdə qapalı müşavirə keçirərək aşağıdakı qərarı qəbul edib.
PROSEDUR
1. İş, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən cənab Aleksandr Vyaçeslavoviç Manerov tərəfindən, 25 iyul 2010-cuil tarixdə Rusiya Federasiyasına qarşı yönəldilmiş ərizə (№49848/10) əsasında başlanmışdır.
2. Ərizəçi Vladivostokda fəaliyyət göstərən vəkil cənab R.Ryabiy tərəfindən təmsil olunmuşdur. Rusiya Hökumətini (“Hökumət”) nümayəndəsi cənab G.Matyuşkin təmsil etmişdir.
3. Ərizəçi ondan şikayət etmişdir ki, ölkədaxili məhkəmə tərəfindən onun həbsdən azad edilməklə bağlı vəsatətinin rədd olunması barədə 15.02.2010-cu il tarixli qərardan verdiyi şikayəti üzrə icraata xitam verilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə 22.03.2010-cu il tarixli qərardan verdiyi şikayətə təxirəsalınmaz qaydada baxılmamışdır.
4. 27 avqust 2013-cü il tarixdə yuxarıda qeyd edilən şikayətlər Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsasən Hökumətə kommunikasiya edilmiş, şikayətin qalan hissəsi 54-cü Qaydanın 3-cü bəndinə əsasən baxılması üçün qəbuledilməz hesab edilmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1963-cü ildə anadan olmuşdur, hərbi hissənin keçmiş komandiridir və Vladivostokda yaşayır.
6. 28 may 2008-ci ildə ərizəçi dələduzluqda şübhəli bilinərək saxlanılmışdır.
7. 30 may 2008-ci ildə ərizəçi barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək azadlığa buraxılmışdır.
8. 01 iyul 2009-cu ildə Vladivostok qarnizon hərbi məhkəməsi (bundan sonra “qarnizon məhkəməsi”) ərizəçini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq törətməsində təqsirli bilərək, hərbi rütbədən məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Ərizəçi məhkəmə zalından həbsə alınıb istintaq təcridxanasına yerləşdirilmişdir.
9. 29 yanvar 2010-cu ildə Sakit Okean Donanması hərbi məhkəməsinin (bundan sonra “Donanma məhkəməsi”) kassasiya qərarı ilə qeyd edilən hökm ləğv olunub və iş yeni baxışa qaytarılmışdır.Məhkəmə qərara almışdır ki, ərizəçi barəsində seçilmiş həbs qətimkan tədbiri, onun ağır cinayətlər törədilməsində ittiham olunmasını, qaçıb məhkəmədən gizlənmək və şahidlərə hədəqorxu gəlmək kimi (bu cür təhlükənin olması şahid Ş. ifadələri ilə təsdiq olunmuşdur) kifayət qədər əsasların olmasını nəzərə alaraq, 01.04.2010-cu il tarixədək dəyişdirilməmiş saxlanılmalıdır.
10. 15 fevral 2010-cu il tarixdə qarnizon məhkəməsi ərizəçinin azadedilməsi barədə vəsatətini rədd edərək öz əsaslandırmasında ittihamın ağırlığını, ərizəçini qaçıb gizlənmək və şahidlərə təzyiq göstərmək təhlükəsinin olmasını qeyd etmişdir. Qərarda deyilirdi ki, ondan üç gün müddətində Donanma məhkəməsinə şikayət verilə bilər. Ərizəçi bu qərardan kassasiya şikayəti vermişdir.
11. 26 mart 2010-cu ildə Donanma məhkəməsi 15.02.2010-cu il tarixli qərardan verilən şikayət üzrə kassasiya icraatna xitam vermişdir. Məhkəmə Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsinin 355-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinə istinad edərək göstərmişdir ki, iş üzrə yekun qərar qəbul edilməyənədək azadetmə barədə vəsatətin rədd edilməsinə dair qərardan şikayət verilə bilməz, çünki, belə qərar ərizəçinin ədalətli məhkəmə araşdırması və işinə ağlabatan müddətdə baxılması hüququnu pozmur və işin gedişinə mane olmur.
12. Eyni zamanda, 22 mart 2010-cu ildə qarnizon məhkəməsi ərizəçinin həbs qətimkan tədbirinin müddətini 01.07.2010-cu ilədək uzatmışdır. Məhkəmə öz qərarında yenə də ərizəçiyə qarşı irəli sürülmüş ittihamın ağırlığına istinad etmişdir. Qarnizon məhkəməsi tibbi rəyə istinad edərək hesab etmişdir ki, ərizəçinin sağlamlıq vəziyyəti onun cinayət icraatı üzrə məhkəmə iclasında iştirak etməyə imkan verir. Bundan başqa, ərizəçinin qəbuledilməz davranışı nəticəsində məhkəmə çəkişmələrinin sonuna qədər məhkəmə iclas zalından kənarlaşdırılması belə qənaətə gəlməyə əsas verir ki, ərizəçi azad edildiyi təqdirdə, şahidlərə təzyiq göstərə və məhkəmədən gizlənə bilər.
13. Həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə 22 mart 2010-cu il tarixli qərarın surəti ərizəçiyə 25.03.2010-cu ildə, yəni qərardan şikayət verilməsi üçün nəzərdə tutulan üç günlük müddət keçdikdən sonra təqdim edilmişdir.
14. 27 mart 2010-cu ildə ərizəçi qətimkan tədbirinin müddətinin uzadılması barədə 22.03.2010-cu il tarixli qərardan kassasiya qaydasında şikayət vermişdir.
15. 08 aprel 2010-cu il tarixdə qarnizon məhkəməsi qətimkan tədbirinin müddətinin uzadılması barədə 22.03.2010-cu il tarixli qərardan kassasiya şikayəti vermək üçün ötürülən müddəti bərpa etmişdir.
16. 21 aprel 2010-cu ildə ərizəçinin kassasiya şikayəti Donanma məhkəməsinə verilmişdir. Həmin gün Donanma məhkəməsi videokonfrans qaydasında keçirməli olan məhkəmə iclasını 23.04.2010-cu il tarixə təyin etmiş və bu barədə məhkəmə bildirişini ərizəçinin saxlanıldığı istintaq təcridxanasına göndərmişdir.
17. 23 aprel 2010-cu il tarixdə ərizəçi kassasiya şikayətinə Donanma məhkəməsində baxılacağı barədə məlumat almışdır. Ərizəçi gec məlumatlandırıldığından məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Ərizəçi, həmçinin, eşitmə qabiliyyətinin pozulması ilə əlaqədar videokonfrans vasitəsi ilə məhkəmə araşdırılmasını yetərli səviyyədə izləyə bilmədiyinə görə, Donanma məhkəməsindən onun bilavəsitə kassasiya şikayəti üzrə məhkəmə baxışında şəxsən iştirakının təmin edilməsini xahiş etmişdir.
18. 23 aprel 2010-cu il tarixdə Donanma məhkəməsi ərizəçinin vəsatətini təmin etmiş və həbs qətimkan tədbirinin uzadılması barədə 22.03.2010-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti üzrə məhkəmə baxışını 30.04.2010-cu ilə təxirə salmışdır.
19. 29 aprel 2010-cu il tarixdə qarnizon məhkəməsi ərizəçini vəzifə səlahiyyətilərindən sui-istifadə etməklə dələduzluğun doqquz epizodu üzrə təqsirli bilərək hərbi rütbəsindən məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.
20. 30 aprel 2010-cu il tarixdə Donanma məhkəməsi həbs qətimkan tədbirinin uzadılması barədə 22.03.2010-cu il tarixli qərarı dəyişdirilmədən saxlamışdır.
21. Ərizəçi tərəfindən 02 dekabr 2010-cu il tarixdə, 29.04.2010-cu il tarixli hökmdən verilmiş kassasiya şikayəti geri götürüldüyündən Donanma məhkəməsi həmin şikayət üzrə icraata xitam vermişdir.
II. TƏTBİQ EDİLƏN ÖLKƏDAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsi
22. Həbs qətimkan tədbirinin seçilməsi və ya bunun rədd olunması barədə hakimin qərarından onun çıxarıldığı andan üç gün müddətində kassasiya qaydasında yuxarı instansiya məhkəməsinə şikayət verilə bilər. Kassasiya instansiyası məhkəməsi, şikayət və təqdimat daxil olduğu andan üç gündən gec olmayaraq həmin şikayət və təqdimat üzrə qərar qəbul edir (RF CPM-nin 108-ci maddənin 11-ci hissəsi).
23. Məhkəmə araşdırması zamanı məhkəmə prosessinin iştirakçılarının vəsatətlərinin təmin və ya rədd olunması barədə qəbul edilmiş qərarlardan həmin fəsildə nəzərdə tutulmuş qaydada şikayət verilə bilməz (RF CPM-nin 355-ci maddənin 5-ci hissəsinin 2-ci bəndi).
Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin təcrübəsi
24. 06 fevral 2004-cü il tarixli, 44-O saylı qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qərara almışdır:
“ 3. Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsinin 355-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinə əsasən, məhkəmə araşdırması zamanı prosess iştirakçıları tərəfindən verilmiş vəsatətlərin təmin və ya rədd edilməsi barədə qərarlardan kassasiya qaydasında şikayət verilə bilməz.
Bu cür yanaşma Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin 02 iyul 1998-ci il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyinə uyğundur... Həmin mövqeyə görə, məhkəmənin müstəqilliyinin qorunması məqsədilə aralıq qərarlarının, o cümlədən əlavə sübutların araşdırılması barədə məhkəmə iclasında verilmiş vəsatətlər əsasında qəbul olunmuş qərarların qanuniliyi və əsaslılığı yalnız birinci instansiya məhkəməsində cinayət icraatı yekunlaşdığından sonra çıxarılmış hökmlə birlikdə və əlaqəli qaydada yoxlanıla bilər.
Eyni zamanda, Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi həmin qərarda qeyd etmişdir ki, işin bütün hallarının araşdırılmasını təmin edən məhkəmənin aralıq qərarlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının təxirə salmaqla həyata keçirilməsi əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini kifayət qədər təmin etmir və birinci instansiya məhkəməsinin qərar və qərardadları (o cümlədən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi barədə qərarlar) şəxsin konstitusion hüquq və azadlıqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıraraq və ona gələcəkdə bərpa olunmasına mümkün olmayan ziyan vuraraq cinayət-prosessual münasibətləri çərçivəsindən kənara çıxan nəticələrə səbəb olduğu hallarda, Rusiya Federasiyasının Konstitusiyasının 21(1), 22(1), 45(1 və 2) və 46-cı maddələrinə (1 və 2-ci bəndləri) uyğun hesab edilmir. Hüquqlarına və azadlıqlarına toxunan mühakimə icraatının iştirakçılarının şikayətlərinə əsasən bu cür qərarların məhkəmə qaydasında yoxlanılması təxirəsalınmaz qaydada hökm çıxarılana qədər təmin olunmalıdır.
Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin hazırkı hüquqi mövqeyi Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsində, o cümlədən məhkəmə icraatı zamanı qətimkan tədbirinin seçilməsi qaydalarını və təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması prosedurunu, eləcə də, məhkəmə tərəfindən qəbul edilmiş qərarlardan kassasiya qaydasında şikayət vermə qaydalarını və müddətlərini tənzimləyən həmin Məcəllənin 108 (10 və 11-ci hissələri) və 255-ci (4-cü hissəsi) maddələrində öz əksini tapmışdır.
Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin 02 iyul 1998-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeylərə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində daha yüngül qətimkan tədbirinin əvəzinə həbs qətimkan tədbirinin seçilməsi və ya həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qəbul edilmiş qərar üzrə şikayətə baxılması zamanı (qətimkan tədbirinin seçilməsi barədə mübahisələndirilən qərar məhkəmənin təşəbbüsü və ya prosess iştirakçısının vəsatəti əsasında qəbul edilməsindən asılı olmayaraq) Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinin 355-ci maddəsinin müddəaları, Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinin 108-ci maddəsinin 10 və 11-ci hissələri və 255-ci maddəsinin 4-cü hissəsi ilə birlikdə tətbiq edilməlidir”.
25. Konstitusiya Məhkəməsi 22 mart 2005-ci il tarixli, 4-P saylı qərarında aşağıdakıları qərara almışdır:
“1.2. VətəndaşS.V.Brovçenkonun şikayətində, Rusiya Federasiyasının CPM-nin 355-ci maddəsinin 5 və 6-cı hissələrinin Konstitusiyaya uyğunluğu mübahisələndirilir, ərizəçinin fikrincə, həmin normalar birinci instansiya məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin ləğv edilməsi və ya hakimə etiraz verilməsi barədə vəsatətin rədd edilməsinə dair qəbul edilmiş qərar və qərardadlardan şikayət verilməsinə imkan yaratmır. Bununla da, əsassız olaraq məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırır.
Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi,birinci instansiya məhkəməsinin qərarlarından (qərardadlarından) şikayətin verilməsini tənzimləyən RSFSR-in Cinayət-Prosessual Məcəlləsinin 331 və 464-cü maddələrinin müəyyən müddəalarının konstitusiyaya uyğunluğunun yoxlanılması barədə iş üzrə 02 iyul 1998-ci il tarixli Qərarında bu müddəalar təqsirləndirilən şəxs barəsində prosessual məcburiyyət tədbirlərinin tətbiqi və ya müddətin faktiki uzadılması ilə bağlı olan, yəni konstitusion hüquq və azadlıqdlara toxunan məhkəmə qərarlarının hökm çıxarılanadək kassasiya qaydasında mübahisələndirilməsi və işə baxılması imkanını nəzərdə tutmadığına görə onların Rusiya Federasiyasının Konstitusiyasına uyğun olmadığını təsbit etmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, cinayət-prosessual qanununda birinci instansiya məhkəməsinin aralıq hərəkət və qərarlarının qanuni və əsaslılığının hökm çıxarıldıqdan sonra da məhkəmə qaydasında yoxlanılmasına imkan yaradan kassasiya şikayəti verilməsi qaydasını (birinci instansiya məhkəməsinin aralıq hərəkət və qərarından) təsbit olunduğu istisna edilmir.
Qeyd edilən Qərar qüvvədədir, bu Qərarda nəzərdə tutulan hüquqi mövqe isə həbs qətimkan tədbirinin ləğv edilməsi və ya hakimə etiraz verilməsi barədə vəsatətin rədd edilməsinə dair qərardan (qərardaddan) şikayətin hökm və ya digər yekun qərarının çıxarılmasından əvvəl verilməsinin mümkünlüyü məsələsinin həllində tətbiq edilir.
Bu hüquqi mövqey baxımından Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinin 355-ci maddəsinin 5 və 6-cı hissələrində əks etdirilən normalar ərizəçinin konstitusion hüquq və azadlıqlarını pozan müddəalar kimi qəbul edilə bilməz. Bundan başqa, həbs qəti imkan tədbirinin ləğv edilməsinə əsas verən və ya hökmün qeyri obyektiv olduğunu və işin nəticəsi ilə əlaqədar qərəzsiz olmadığını göstərən hallar aşkar edildikdə maraqlı şəxslərin təkrarən müvafiq vəsatət vermək və ya etiraz etmək hüququları vardır”.
HÜQUQ
KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 4-CÜ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
26. Ərizəçi onun həbsdən azadedilməsi barədə vəsatətinin rədd edilməsinə dair 15 fevral 2010-cu il tarixli qərardan vermiş olduğu kassasiya şikayəti üzrə icraata xitam verilməsindən şikayət etmişdir. O, həmçinin, məhkəməyədək həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə 22 mart 2010-cu il tarixli qərardan verilmiş kassasiya şikayətinə təxirə salınmadan baxılmamasından şikayət etmişdir. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsaslanmışdır. Bu maddədə aşağıdakılar deyilir:
“Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir”.
A. Şikayətin qəbuledilənlik
27. Rusiya Federasiyası Hökumətinin mövqeyinə görə, ərizəçinin kassasiya şikayəti üzrə icraata xitam verilməsi barədə 15 fevral 2010-cu il tarixli qərardan verilmiş şikayəti, onun altı aylıq qaydanın tələblərinə riayət etmədiyinə görə qəbuledilməz elan edilməlidir. Həmin kassasiya şikayəti üzrə yekun qərar 26 mart 2010-cu il tarixdə qəbul edilməsinə baxmayaraq, şikayət Avropa Məhkəməsinə 22 oktyabr 2010-cu il tarixdə daxil olmuşdur.
28. Ərizəçi iddia etmişdir ki, onun şikayətləri mahiyyəti üzrə baxılması üçün qəbul ediləndir. Şikayətin verilməsi tarixi ərizəçinin Avropa Məhkəməsinə göndərdiyi birinci məktubun tarixi, yəni 25 iyul 2010-cu il hesab edilməlidir.
29. Məhkəmə bir daha xatırladır ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi ölkədaxili hüquq müdafiə vasitələri tükənməklə yekun qərar çıxarıldığı gündən altı ay müddətində Məhkəmə tərəfindən işin baxılmağa qəbul edilməsinə imkan verir. Məhkəmə, həmçinin, qeyd edir ki,şikayətə baxılan zaman qüvvədə olan Məhkəmə Reqlamentinin 47-ci Qaydasının 4-cü bəndinə əsasən şikayətin verilmə tarixi, ümumi qaydalara görə, ərizəçinin Məhkəməyə göndərildiyi, qısa məzmunda olsa belə, birinci məlumatın tarixi hesab olunur.
30. Hazırkı işə qayıdaraq Məhkəmə qeyd edir ki, ərizəçinin şikayətinin məqsədləri baxımından onun həbsdən azadedilməsi barədə vəsatətinin rədd edilməsinə dair 15 fevral 2010-cu il tarixli qərardan verdiyi şikayətin baxılmasından ölkədaxili hakimiyyət orqanları tərəfindən imtina edilməsi barədə yekun qərar 26 mart 2010-cu il tarixdə qəbul edilmişdir. Ərizəçi Məhkəməyə ünvanladığı 25 iyul 2010-cu il tarixli məktubunda hazırkı şikayətinin əsasını təşkil edən faktları, o cümlədən ölkədaxili hakimiyyət orqanlar tərəfindən qəbul edilmiş, onun azadlıqdan məhrum edilməsi barədə qərarlarından şikayətini əks etdirmişdir. 22 oktyabr 2010-cu ildə ərizəçi eyni şikayətlərini daha ətraflı göstərdiyi şikayət formasını doldurub Məhkəməyə təqdim etmişdir. Ərizəçinin şikayətinin doldurulmuş formasını hədsiz gecikməyə yol vermədən təqdim etdiyini nəzərə alaraq, Məhkəmə, ərizəçi tərəfindən Məhkəməyə göndərilmiş birinci məktubun tarixinin şikayətin verilmə tarixi hesab edilməsini təsdiq edir(bax, Kozlitin v. Russia, no.17092/04, §§ 41-43, 14 November 2013). Buna görə də ərizəçinin 15 fevral 2010-cu il tarixli qərardan verilmiş kassasiya şikayətinə ölkədaxili dövlət orqanları tərəfindən baxılmamasına dair şikayəti iş üzrə yekun qərar çıxarıldığı gündən altı ay müddəti keçmədən verilmişdir. Müvafiq olaraq, Məhkəmə Hökumətin 6 aylıq müddətə dair qaydaların pozulması ilə bağlı etirazını rədd edir.
31. Məhkəmə, həmçinin, qeyd edir ki, ərizəçinin şikayətləri Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında açıq-aşkar əsassız deyildirlər, şikayətləri qəbuledilməz hesab etmək üçün digər əsaslar da müəyyən olunmamışdır. Odur ki, onlar mahiyyəti üzrə baxılmaq üçün qəbuledilən elan edilməlidir.
B. Ərizənin mahiyyəti
1. 15 fevral 2010-cu il tarixli qərar üzrə kassasiya şikayəti
(a)Tərəflərin dəlilləri
32. Hökumət iddia etmişdir ki, ərizəçinin 15 fevral 2010-cu il tarixli qərardan vermiş olduğu kassasiya şikayəti üzrə icraata xitam verilməsi barədə 26 mart 2010-cu il tarixli qərar Donanma məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəllənin müddəalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Hökumət Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin 02 iyul 1998-ci il tarixli Qərarına (yuxarıda 24-25-ci bəndlərdə qeyd edilən) istinad edərək iddia etmişdir ki, qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə baxılması ilə bağlı hər bir məhkəmə qərarından iş üzrə yekun qərar qəbul edilənədək şikayət verilə bilər.
33. Ərizəçi şikayətini müdafiə etdi.
(b) Məhkəmənin qiymətləndirməsi
(i) Ümumi prinsiplər
34. Məhkəmə bir daha qeyd edir ki, həbs edilmiş və ya saxlanılmış hər bir şəxsə Konvensiyanın 5-ci maddənin 4-cü bəndi ilə, azadlıqdan məhrum edilməsinin qanuni hesab olunması üçün mühüm olan prosessual və maddi-hüquqi əsaslara məhkəmə qaydasında baxılması hüququ verilmişdir. Bu, o deməkdir ki, səlahiyyətli məhkəmə orqanı yalnız ölkədaxili qanunvericiliyinin prosessual tələblərinə riayyət edilməsini deyil, həm də həbs üçün əsas olmuş şübhənin ağlabatan olub-olmadığını, həbs qətimkan tədbirinin seçilməsi və müddətinin uzadılması ilə nail olunacağı nəzərdə tutulan məqsədin qanuni olub-olmadığını araşdırmalıdır(bax Grauslys v. Lithuania, no.36743/97, § 53, 10 October 2000). Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin tələblərinə riayət edilməsi üçün, həbs edilmiş və ya saxlanılmış şəxsin azadlıqdan məhrum edilməsinin qanuniliyi məsələsinə baxılması milli qanunvericiliyin həm prosessual, həm də maddi-hüquq normalarına uyğun olmalı, həmçinin 5-ci maddənin 1-ci bəndinin məqsədinə uyğun aparılmalı, yəni şəxsi özbaşınalıqdan müdafiə etməlidir(bax Keus v. the Netherlands, 25 October 1990, § 24, Series A no. 185‑C).
(ii) Yuxarıda göstərilən prinsiplərin hazırkı iş üzrə tətbiqi
35. Məhkəmə qeyd edir ki, 26 mart 2010-cu ildə Donanma məhkəməsi həbsdən azadetmə barədə vəsatətin rədd edilməsinə dair 15 fevral 2010-cu il tarixli qərardan ərizəçinin verdiyi kassasiya şikayəti üzrə icraata xitam vermişdir. Donanma məhkəməsi göstərmişdir ki, azadetmə barədə vəsatətin rədd edilməsinə dair qərar ərizəçinin məhkəməyə əlçatması və işin ağlabatan müddətdə araşdırılması hüququnu pozmadığından və işin sonrakı hərəkətinə mane olmadığından ondan kassasiya qaydasında şikayət ayrıca, iş üzrə yekun qərar qəbul edilməyənədək verilə bilməzdi (bax yuxarıda 11-ci bəndə).
36. Məhkəmə bu məsələni Makarenko Rusiyaya qarşı(no. 5962/03, §§ 121-25, 22 December 2009), və Çuprikov Rusiyaya qarşı (no. 17504/07, §§ 82-87, 12 June 2014) işlərində əvvəllər artıq araşdırmışdır. Hər iki iş üzrə Məhkəmə, azadetmə barədə vəsatətlərin rədd edilməsinə dair qərardan verilmiş şikayətlərə ölkədaxili məhkəmələrin mahiyyəti üzrə baxmamaları ilə əlaqədar Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozulmasını müəyyən etmişdir.
37. Yuxarıda qeyd edilənləri və ərizəçinin 15 fevral 2010-cu il tarixli qərardan verdiyi kassasiya şikayəti üzrə icraata xitam verilməsi ölkədaxili məhkəmə tərəfindən RF-nın qanunvericiliyinin müddəalarının düzgün tətbiq edilməməsinin nəticəsi olduğu barədə Hökumətin bəyanatını nəzərə alaraq, Məhkəmə hesab edir ki, 26 mart 2010-cu il tarixli qərar ərizəçinin 15.02.2010-cu il tarixli qərardan vermiş olduğu şikayətinə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin məqsədləri baxımından kifayət edən məhkəmə reaksiyası deyildir və ərizəçinin həbsə alınmasının qanuniliyinin yoxlanılması məsələsi üzrə məhkəmə icraatının qaldırılması hüququnun pozulmasına gətirib çıxarmışdır.
38. Beləliklə, ərizəçinin həbsdən azadedilməsi barədə vəsatətinin rədd olunması barədə 15 fevral 2010-cu il tarixli qərardan verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasından imtina edilməsi ilə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulmuşdur.
2. Həbs qətimkan tədbirin uzadılması barədə 22 mart 2010-cu il tarixli qərarına yenidən baxılmanın təxirə salınmamazlığı
(a) Tərəflərin dəlilləri
39. Hökumət iddia etmişdir ki, hazırkı işin konkret halları, xüsusilə, ölkədaxili məhkəmə tərəfindən həbs qətimkan tədbirinin uzadılması barədə 22.03.2010-cu il tarixli qərardan şikayət verilməsi üçün müddətin bərpa edilməsi məsələsinə baxılması və ərizəçinin iştirakını təmin etmək məqsədilə məhkəmə iclasının təxirə salınması nəzərə alənaraq ərizəçinin kassasiya şikayəti üzrə icraatı Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin tələblərinə cavab verirdi.
40. Ərizəçi öz şikayətinin dəlillərində israrlı olmuşdur.
(b) Məhkəmənin qiymətləndirməsi
(i) Ümumi prinsiplər
41. Avropa Məhkəməsi xatırladır ki, 5-ci maddənin 4-cü bəndi, tutulmuş və ya həbsə alınmış şəxsin həbsə alınmasının qanuniliyini mübahisələndirmək hüququnu təmin etməklə yanaşı məhkəmə tərəfindən belə şəxslərin həbsə alınmasının qanuniliyi məsələsinə təxirəsalınmaz qaydada baxılması, bu həbs qanunsuz hesab olunduğu təqdirdə isə dərhal azad olunması hüququna malik olduğunu bəyan etmişdir (bax Idalov v. Russia [GC], no. 5826/03, § 154, 22 May 2012). Təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası prinsipinin təminatlarından tam şəkildə istifadə etməli olduğu şəxsin həbsdə saxlanılmasının qanuniliyini müəyyən edən qərarın məhkəmə araşdırılmasının gedişatı zamanı mümkün qədər qısa müddətə qəbul edilməsini xüsusi ilə zəruri edir (bax eyni qərarın § 154).
42. Müvafiq icraatın həyata keçməsinə sərf olunan günlərin sayı əhəmiyyətli amil olsa da, özü-özlüyündə qərarın tələb olunan qısa müddətdə qəbul edilib-edilmədiyi məsələsinə baxılmasında həlledici əhəmiyyət daşımır. Bu məsələdə dövlət orqanları tərəfindən göstərilən səy, ərizəçinin təqsiri üzündən əmələ gəlmiş ləngimələr və buna səbəb olan, lakin baş verməsinə görə cavabdeh hökümətin məsuliyyət daşımalı olmadığı hər hansı bir digər hallar nəzərə alınır. Beləliklə, şikayətə təxirsalınmaz qaydada baxılması hüququna riayyət olunub-olmadığı məsələsi işin bütün faktiki halları nəzərə alınmaqla həll edilməlidir (Delijorgji v. Albania, no. 6858/11, § 87, 28 April 2015).
(ii) Yuxarıda qeyd edilən prinsiplərin hazırkı işə tətbiqi
43. Avropa Məhkəməsi qeyd edir ki, ərizəçinin həbs müddətinin uzadılması barədə 22.03.2010-cu il tarixli qərarından kassasiya şikayəti 27 mart 2010-cu il tarixdə verilmiş və ona Donanma məhkəməsi tərəfindən 34 gündən sonra - 30 aprel 2010-cu il tarixdə baxılmışdır (bax yuxarıda 14 və 20-ci bəndlərə). Məhkəmə, kassasiya şikayətinə baxılmasının ərizəçinin təqsiri üzündən gecikməsi əlamətlərini aşkar etməmişdir.
44. Məhkəmə, Hökumətin hazırkı işin faktiki hallarının ərizəçinin kassasiya şikayətinə baxılmasının gecikdirilməsinə haqq qazandırdığı barədə arqumentini nəzərə alır. Lakin Hökumətin şikayət verilməsi üçün müddətin bərpa edilməsinin zəruri olduğuna istinad etməsinə münasibətdə Məhkəmə qeyd edir ki, bu cür zərurətin yaranmasına, ərizəçini kassasiya şikayəti vermək üçün müəyyən edilmiş müddətə riayət etmək imkanından məhrum edilməsinə səbəb, ölkədaxili dövlət orqanları tərəfindən ərizəçinin həbsdə saxlama müddətinin uzadılması barədə 22.03.2010-cu il tarixli qərarın surətinin ona vaxtında çatdırılmaması olmuşdur (bax yuxarıda 13-cü bəndə). Məhkəmə, həmçinin xatırladır ki, qarnizon məhkəməsi üçün bu müddətin bərpa edilməsinə 12 gün (bax yuxarıda 14 və 15-ci bəndlər) və kassasiya şikayətinə baxılması məqsədilə Donanma məhkəməsinə göndərilməsi üçün 13 gün vaxt sərf olunmuşdur (bax yuxarıda 16-cı bəndə). Ərizəçinin iştirakını təmin etmək məqsədilə iclasın təxirə salınmasına gəldikdə isə, Məhkəmə qeyd edir ki, bu zərurət ərizəçini kassasiya şikayətinə ölkdədaxili dövlət orqanları tərəfindən baxılması barədə vaxtında məlumatlandırılmaması nəticəsində yaranmışdır (bax yuxarıda 17-ci bəndə).Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, ölkədaxili dövlət orqanları ərizəçinin kassasiya şikayətinə baxılmasında yetərli səy göstərməmiş və bunun nəticəsində baş vermiş bütün gecikmələrə yalnız bu orqanlar məsuliyyət daşıyırlar.
45. Avropa Məhkəməsi xatırladır ki, o, Rusiya Federasiyasına qarşı olan bir sıra işlərdə ikinci instansiya məhkəmələrində icraatın 20 gün (bax Butusov v. Russia, no. 7923/04, §§ 32-35, 22 December 2009), 26 gün (bax Mamedova v. Russia, no. 7064/05, § 96, 1 June 2006) və 27 gün (bax Pichugin v. Russia, no. 38623/03, §§ 154-56, 23 October 2012) uzandığı ilə bağlı Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozulduğunu artıq müəyyən etmiş və həmin halların hər birində bu müddətlərə görə məsuliyyət dövlət orqanlarının üzərinə qoyulmuşdur.
46. Avropa Məhkəməsinin bu məsələ ilə əlaqədar təşəkkül tapmış presedent-hüququnu və hazırkı işin hallarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə 22.03.2010-cu il tarixli qərardan kassasiya şikayətinə baxılmasına ölkədaxili dövlət orqanları tərəfindən sərf edilmiş müddət Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulan “təxirə salınmazlıq” tələbinə cavab vermir.
47. Beləliklə, hazırkı işdə ərizəçinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair 22.03.2010-cu il tarixli qərardan şikayətə kassasiya qaydasında baxılması müddəti ilə əlaqədar Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozulmasına yol verilmişdir.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
48. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə,Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır”.
A. Ziyan
49. Ərizəçi maddi ziyana görə ona 127.000 avro və mənəvi ziyana görə 275.000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
50. Hökumət hesab etmişdir ki ərizəçinin maddi ziyana görə tələb etdiyi məbləğ əsaslı deyil, mənəvi ziyana görə tələbi isə şişirdilmiş və Məhkəmənin presedent təcrübəsinə uyğun deyildir.
51. Məhkəmə, tələb olunan maddi ziyanla təsbit edilmiş pozuntular arasında səbəbli əlaqə tapmır və ona görə bu tələbi rədd edir. Eyni zamanda, Məhkəmə ərizəçiyə mənəvi ziyanın kompensasiyası üçün 5.000 avro məbləğinin ödənilməsini təyin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
52. Ərizəçi Avropa Məhkəməsi qarşısında çəkdiyi xərclərə görə 72.000 avro və digər məsrəfləri üçün 9.930 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Tələblərini əsaslandırmaq üçün isə heç bir sənəd təqdim etməmişdir.
53. Hökumət hesab etmişdir ki, ərizəçinin bu tələbi heç bir sənədlə təsdiq edilmədiyindən məhkəmə xərcləri və məsrəflər üzrə hər hansı vəsait təyin edilməməlidir.
54. Məhkəmənin presedent hüququna əsasən ərizəçiyə çəkdiyi xərc və məsrəflərə görə o zaman kompensasiya ödənilir ki, o, bu xərclərin həqiqətən də və zəruri olaraq çəkildiyini və məbləğinin ağlabatan olduğunu sübut edə bilsin.Hazırkı işdə yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə ərizəçinin məhkəmə xərcləri və digər məsrəflərə dair tələbini rədd edir.
C. Faizlərin ödənilməsi
55. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi əsasında irəli sürülmüş şikayətləri qəbul edilən elan edir;
2. Qərara alır ki, ərizəçinin azad edilməsi barədə vəsatətinin rədd edilməsinə dair 15.02.2010-cu il tarixli qərardan kassasiya şikayətinə mahiyyəti üzrə baxılmaması ilə əlaqədar Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulmuşdur;
3. Qərara alır ki, həbs qətimkan tədbirinin uzadılması barədə 22.03.2010-cu il tarixli qərardan şikayətə kassasiya qaydasında baxılması müddəti ilə əlaqədar Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulmuşdur;
4. Qərara alır ki,
(a) cavabdeh - dövlət qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıdakı vəsaitləri, ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq ərizəçiyə ödəməlidir:
(i) mənəvi ziyana görə, tutulacaq vergilər də daxil olmaqla, 5.000 (beş min) avro.
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli kompensasiya ilə bağlı digər tələblərini rədd edir.
Stephen Phillips Luis López Guerra
Bölmə katibi Sədr
Full & Egal Universal Law Academy