© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Manole və başqaları Moldovaya qarşı (Manole and Others v. Moldova), ərizə № 13936/02
17.09.2009-cu il tarixli qərar [IV Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
İctimai yayımçının müstəqilliyinə qanunla yetərli təminat verilməməsi: pozuntu baş verib
Faktlar – Ərizəçilər "Teleradio-Moldova" (TRM) dövlət şirkətinin işçiləri idi, bu işdə nəzərdən keçirilən dövrdə həmin şirkət Moldovada yeganə ümummilli telekanalı və radiostansiyanı idarə edirdi. Ərizəçilər iddia etdilər ki, TRM-in mövcud olduğu bütün dövrdə onun fəaliyyəti siyasi nəzarətə məruz qalıb. 2001-ci ilin fevralında Kommunist Partiyası parlamentdə böyük çoxluq əldə etdikdən sonra vəziyyət pisləşdi. Konkret olaraq şirkət rəhbərliyinin nümayəndələri işdən azad edildilər və Hökumətə sədaqətli olan şəxslərlə əvəzləndilər. Siyasi xarakterli reportajları yalnız yeni rəhbərliyin etibar etdiyi jurnalistlər qrupu hazırlayırdı və sonra həmin reportajlar hakim partiyanın fəaliyyətinin əlverişli yöndən işıqlandırılması üçün redaktə olunurdu. Sovet dövrünü mənfi səciyyələndirən və Rumıniya ilə mədəni və dil əlaqələrinin olduğunu bildirən ifadələr işlətməyə görə jurnalistləri cəzalandırırdılar. Eyni səbəbdən müsahibələr ixtisar olunur, proqramlar efirdən çıxarılırdı. Müxalif partiyalar fikirlərini ifadə etmək üçün olduqca məhdud imkanlara malik idilər. Bu siyasəti pozan jurnalistlərə intizam tədbirlər tətbiq edilir və hətta onlar polis tərəfindən dindirilirdi. 2002-ci ilin birinci yarısında TRM işçilərinin senzuraya son qoyulması tələbi ilə keçirdikləri tətildən sonra ərizəçilərdən ikisi intizam sanksiyalarına məruz qaldı.
2002-ci ilin aprelində Audiovizual Medianın Koordinasiyası üzrə Moldova Şurası TRM-də senzuranın mövcudluğu barədə iddialarla əlaqədar rəyini dərc etdi. O, TRM-dəki reportajlarda müəyyən ifadələrin və mövzuların həqiqətən qadağan olunduğu qənaətinə gəldi, amma senzura barədə digər iddiaları rədd edərək hesab etdi ki, jurnalistlər peşəkarlıqlarının çatışmadığını ört-basdır etmək üçün bundan bəhanə kimi istifadə edirlər.
2002-ci ilin iyulunda TRM ictimai yayım şirkətinə çevrildikdən sonra onun personalının öz vəzifələrini saxlamaq üçün attestasiyadan keçməsi tələb olunurdu. Ərizəçilərin dördü, öncə tətildə iştirak etmiş bir çox jurnalistlərlə birlikdə, işə qəbul edilmədilər. Onların bu qərardan verdikləri şikayətlər rədd edildi. İşdən azad edilmələrin ardınca keçirilmiş mətbuat konfransında iştirak etmiş on doqquz işçinin TRM-in binasına girişi qadağan edildi. TRM-in statusunun dəyişdirilməsi Avropa Şurası Parlament Assambleyasının qətnaməsindən sonra həyata keçirilmişdi, həmin qətnamə Moldovanı öz yayım sistemində islahatlar aparmağa və televiziyada senzuraya son qoymağa çağırırdı. Qanun layihəsinin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin olunsa da, onun tövsiyələri nəzərə alınmadı, belə ki, qanunun müddəaları birbaşa siyasi müdaxilənin bir çox formalarına imkan yaradırdı.
Avropa Məhkəməsinə şikayətlərində ərizəçilər iddia etdilər ki, TRM-də jurnalist qismində işləyərkən dövlət tərəfindən senzura rejiminə məruz qalıblar.
Hüquqi məsələlər – Maddə 10: Dövlət ictimai yayım sistemi yaratmağı qərara aldıqda milli qanunvericilik və praktika bu sistemin plüralizm prinsipinə əməl etməsini təmin etməlidir. Xüsusən özəl stansiyalar əsil alternativ təşkil etmək üçün hələ çox zəifdirlərsə və beləliklə, ictimai və ya dövlət təşkilatı ölkədə və ya regionda yeganə və ya hökmran yayımçıdırsa, demokratiyanın lazımi qaydada fəaliyyət göstərməsi üçün həmin yayımçının qərəzsiz, müstəqil və balanslı xəbərləri, məlumatları və şərhləri təqdim etməsi və baxışların və rəylərin mümkün qədər geniş spektrinin ifadə edildiyi ictimai müzakirə meydanını təmin etməsi tələb olunur. İctimai yayım sahəsindəki standartlar Avropa Şurası Nazirlər Komitəsinin vasitəsilə iştirakçı dövlətlərin ictimai yayım sahəsində razılaşdırdıqları standartlar bu sahədə rəhbər müddəalardır. İştirakçı dövlətlər ictimai yayımçıların siyasi və iqtisadi müdaxilədən müstəqilliyini təmin etmək öhdəliyini götürüblər. Nazirlər Komitəsinin rəhbər prinsiplərində qeyd edilir ki, müstəqillik bu yolla təmin edilə bilər ki, yayımçıların fəaliyyətini tənzimləyən hüquqi bazada yayımçıların redaksiya müstəqilliyi və institusional sərbəstliyi, xüsusən də xəbərlərin və cari hadisələr barədə proqramların redaktə olunmasında və təqdim edilməsində, işçilərin seçilməsində, işə qəbulunda və idarə olunmasında müstəqil olmaları nəzərdə tutulsun. Xəbər proqramlarında faktlar və hadisələr obyektiv şəkildə təqdim edilməli və rəylərin sərbəst formalaşmasına şərait yaradılmalıdır, ictimai yayımçıların rəsmi məlumatları və ya hadisələri yayımlamağa borclu olduğu hallar isə yalnız qanunla müəyyən edilmiş hallarla məhdudlaşmalıdır. Rəhbərliyin və nəzarət orqanlarının statusunu və təyinatını tənzimləyən qaydalar elə müəyyən edilməlidir ki, siyasi və ya hər hansı digər müdaxilə təhlükəsi aradan qalxmış olsun.
Ərizəçilərin işinin araşdırılması məqsədləri üçün Məhkəmə 2001-ci ilin fevralından (ərizəçilərin iddia etdiyinə görə, məhz həmin tarixdən redaksiya siyasətinə siyasi nəzarət problemi kəskinləşmişdi) 26 sentyabr 2006-cı ilədək (həmin tarixdə Məhkəmə şikayətin qəbul edilməsinin mümkünlüyü barədə qərar çıxarmışdı) olan dövrü nəzərdən keçirdi. O, qeyd etdi ki, TRM əsasən prezidentin və hökumətin fəaliyyətini işıqlandırır və müxalif partiyaların efirə çıxmasını yetərincə təmin etmirdi. Həmçinin siyasi cəhətdən həssas sayılan və cavabdeh dövlət üçün mənfi təsirə malik ola bilən müəyyən mövzulara toxunmağın və ya onları müzakirə etməyin məhdudlaşdırıldığını təsdiq edən sübutlar vardı. Məsələn, Audiovizual Şuranın məlumatına görə, müəyyən söz və ya ifadələrin, xüsusən Moldova və Rumıniyanın ümumi mədəniyyətinə və dilinə aid olan fikirlərin və sovet dövründə insan hüquqlarının pozulduğu barədə rəylərin qadağan olunması TRM-in siyasəti idi və müstəqil məlumatlar efir vaxtının daim qeyri-mütənasib bölüşdürüldüyünü və prezidentlə hökumətin fəaliyyətinə çox vaxt ayrıldığını göstərirdi. Beləliklə, nəzərdən keçirilən dövrdə ərizəçilərin ifadə azadlığı hüququna daim müdaxilə baş vermişdi.
Bundan başqa, bu dövrün əksər hissəsində TRM mahiyyət etibarı ilə Moldovada audiovizual yayım üzərində inhisara malik idi və onun tərəfindən siyasi baxışların və müzakirələrin bütün spektrini əhatə edən dəqiq və balanslı xəbər və məlumatların təqdim edilməsi demokratiya perspektivi baxımından olduqca önəmli idi. İctimai yayım sistemini yaratmağı qərara almış dövlət plüralist audiovizual xidmətin həyata keçirilməsindən ibarət ciddi pozitiv öhdəlik daşıyırdı və bunun üçün TRM-in siyasi müdaxilə və nəzarətdən müstəqil olmasının təmin edilməsinə yönələn hüquqi bazanı qəbul etməli idi. Lakin parlamentə, prezident postuna və hökumətə bir partiyanın nəzarət etdiyi bu dövrdə dövlət bunları etmədi. Belə ki, TRM-in yaradıcı və redaksiya fəaliyyətini qanun əsasında müdaxilələrdən qorumaq üçün onun nizamnaməsi dəyişdirilsə də, məqbul struktur yaradılmadı. Nəzarət orqanı kimi fəaliyyət göstərən Audiovizual Şuranın tərkibinə parlament, prezident və hökumət tərəfindən təyin olunan üzvlər daxil idi və onların işdən azad edilməyəcəklərinə təminat yox idi. TRM-in rəhbərliyi Audiovizual Şuranın təqdimatı əsasında parlament tərəfindən təyin olunurdu. Hətta bu qurumun rəhbərliyi Müşahidəçilər Şurası tərəfindən dəyişdirildikdən sonra belə, zəmanət yox idi ki, onun on beş üzvündən on dördü hakim partiyaya sadiq olan şəxslər arasından təyin olunmayacaq.
Nəticədə hüquqi baza nöqsanlı idi, çünki həmin baza TRM-in rəhbərliyinin nəzarət altında olmasına və beləliklə həm də onun redaksiya siyasətinə Hökumətin siyasi orqanı tərəfindən nəzarət edilməsinə qarşı yetərli müdafiəni təmin etmirdi. Ərizəçilərin daxili hüquqi müdafiə vasitələrini tükəndirmədikləri barədə Hökumətin ilkin etirazına gəlincə, Məhkəmə hesab etdi ki, bu işdə onun tərəfindən aşkar edilmiş siyasi qərəzlilik nümunələri və məlumatların təqdim edilməsinə qoyulan məhdudiyyətlər bu rəyin təsdiqi üçün kifayətdir ki, TRM-in hakim siyasi partiyanın siyasətini təbliğ etmək üçün vasitə kimi istifadə edilməsi nümunəsi və ya bu məqsədə yönələn inzibati praktika mövcud idi. İstənilən halda, Məhkəmə əmin deyil ki, ərizəçilər şikayətlərinin əsas hissəsi ilə əlaqədar olaraq səmərəli daxili hüquqi müdafiə vasitəsindən istifadə etmək imkanına malik idilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
41-ci və 46-cı maddələr: Cavabdeh dövlət qanunvericilik bazasının 10-cu maddənin tələblərinə uyğunluğunu təmin etmək üçün ümumi tədbirlər görməli, o cümlədən qanunvericilik islahatı həyata keçirməlidir. Ədalətli kompensasiya məsələsinə baxılması təxirə salındı.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy