© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
MARQUŞ (MARGUŠ) XORVATİYAYA QARŞI məhkəmə işi
(Ərizə № 4455/10)
QƏRAR
[Çıxarışlar]
Strasburq
27 may 2014-cü il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Marquş Xorvatiyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi,
hakimlər:
Din Şpilmann (Dean Spielmann), sədr,
Josep Casadeval (Josep Casadevall),
Qvido Raymondi (Guido Raimondi),
İneta Ziemele (Ineta Ziemele), ad hoc hakim,
Mark Villiger (Mark Villiger),
İzabella Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Korneliu Birsan (Corneliu Bîrsan),
Yan Şikuta (Ján Šikuta),
Enn Pauer-Forde (Ann Power-Forde),
İşıl Karakaş (Işıl Karakaş),
Neboyşa Vuçiniç (Nebojša Vučinić),
Kristina Pardalos (Kristina Pardalos),
Angelika Nussberger (Angelika Nußberger),
Helena Yaderblom (Helena Jäderblom),
Kşiştof Voytsiçek (Krzysztof Wojtyczek),
Faris Vehaboviç (Faris Vehabović),
Dmitri Dedov (Dmitry Dedov),
habelə hüquq məsləhətçisi Lourens Erlidən (Lawrence Early) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
26 iyun və 23 oktyabr 2013-cü ildə və 19 mart 2014-cü ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Xorvatiya vətəndaşı cənab Fred Marquş (Fred Marguš) (“ərizəçi”) tərəfindən 31 dekabr 2009-cu ildə Məhkəməyə təqdim etdiyi Xorvatiya Respublikasına qarşı ərizə (№4455/10) əsasında başlanıb.
2. Hüquqi yardımla təmin edilmiş ərizəçini Osiyekdə vəkillik fəaliyyəti ilə məşğul olan cənab P. Saboliç təmsil edib. Xorvatiya Hökumətini ("Hökumət") onun nümayəndəsi xanım Ş. Stajnik (Š. Stažnik) təmsil edib.
3. Ərizəçi konkret olaraq iddia etdi ki, onun ədalətli məhkəmə araşdırması hüququ pozulub, belə ki, ona qarşı hər iki cinayət prosesində eyni hakim sədrlik edib və ikinci prosesin yekun iclasında ərizəçi məhkəmə zalından çıxarılıb. O həmçinin şikayət etdi ki, onun eyni əmələ görə iki dəfə məhkəməyə cəlb olunmamaq və ya cəzalandırılmamaq hüququ pozulub.
4. Ərizə Məhkəmənin Birinci Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 5 sentyabr 2011-ci ildə Bölmənin sədr müavini ərizə barədə Hökumətə məlumat verməyi qərara aldı.
5. 13 noyabr 2012-ci ildə aşağıdakı hakimlərdən ibarət tərkibdə təşkil edilmiş Palata qərarını elan etdi: A. Kovler (A. Kovler) (sədr), N. Vayiç (N. Vajić), P. Lorensen (P. Lorenzen), E. Ştayner (E. Steiner), X. Hacıyev (K. Hajiyev), L-A. Sitsilianos (L-A. Sicilianos), E. Mos (E. Møse), habelə Seksiya katibi S. Nilsen (S. Nielsen). O, hakim M.K.-nın qərəzsizliyi məsələsi ilə və ərizəçinin məhkəmə zalından çıxarılması ilə əlaqədar Konvensiyanın 6-cı maddəsi üzrə şikayəti, habelə 7 saylı Protokolun 4-cü maddəsi üzrə şikayəti yekdilliklə qəbul olunan elan etdi və yekdilliklə qərara aldı ki, bu maddələrin heç birinin pozuntusu baş verməyib.
6. 27 dekabr 2012-ci ildə ərizəçi Konvensiyanın 43-cü maddəsinə uyğun olaraq işin Böyük Palataya verilməsi barədə vəsatət verdi, 18 mart 2013-cü ildə Böyük Palatanın kollegiyası vəsatəti təmin etdi.
7. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyənləşdirildi.
8. Ərizəçi və Hökumət hər biri Böyük Palataya işin mahiyyəti üzrə əlavə yazılı qeydlərini təqdim etdilər (59-cu Qaydanın 1-ci bəndi).
9. Bundan əlavə, Böyük Palatanın sədrinin yazılı icazəsi ilə prosesə üçüncü tərəf qismində qatılmasına icazə verilmiş London Midlseks Universitetinin (Middlesex University London) bir qrup akademik ekspertinin şərhləri qəbul edildi (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və 44-cü Qaydanın 2-ci bəndi).
10. 26 iyun 2013-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
xanım Ş. Stajnik (Š. Stažnik), nümayəndə,
xanım Y. Dolmagiç (J. Dolmagić),
xanım N. Katiç (N. Katić), məsləhətçilər;
b) ərizəçinin adından:
cənab P. Saboliç (P. Sabolić), vəkil.
Məhkəmə cənab Saboliçin və xanım Stajnikin çıxışlarını, habelə hakimlər Kalayciyeva (Kalaydjieva), Vuçiniç və Turkoviçin (Turković) verdiyi suallara onların cavablarını dinlədi.
11. Dinləmədən sonra qərara alındı ki, Xorvatiyadan seçilmiş hakim Kseniya Turkoviç (Ksenija Turković) işə baxılmasında iştirak edə bilməz (28-ci Qayda). Müvafiq olaraq, Hökumət Latviyadan seçilmiş hakim İneta Ziemeleni onun əvəzinə məhkəmə işində iştirak etmək üçün təyin etdi (Konvensiyanın 26-cı maddəsinin 4-cü bəndi və 29-cu Qaydanın 1-ci bəndi). Nəticədə əvəzedici (ehtiyat) hakim Enn Pauer-Forde Böyük Palatanın tam hüquqlu üzvünə çevrildi. Hakim Zdravka Kalayciyeva (Zdravka Kalaydjieva) işin icraatından kənarlaşdırıldı və ikinci əvəzedici (ehtiyat) hakim Yan Şikuta ilə əvəzləndi. Hakim Andre Pototski (André Potocki) işin icraatından kənarlaşdırıldı və üçüncü əvəzedici (ehtiyat) hakim Angelika Nussberger ilə əvəzləndi (28-ci Qayda).
FAKTLAR
I. İŞİN HALLARI
12. Ərizəçi 1961-ci ildə anadan olub və hazırda Lepoqlava dövlət həbsxanasında həbs cəzası çəkir.
A. Ərizəçiyə qarşı birinci cinayət prosesi (iş № K‑4/97)
13. 19 dekabr 1991-ci ildə Osiyek polis idarəsi ərizəçiyə və beş nəfər başqa şəxsə qarşı cinayət işi qaldırılması üçün Osiyek dairə məhkəməsinə şikayət ərizəsi verərək iddia etdi ki, Xorvatiya ordusunun üzvü olan ərizəçi bir neçə mülki şəxsi qətlə yetirib.
14. 20 aprel 1993-cü ildə Osiyek hərbi prokuroru Osiyek dairə məhkəməsində ərizəçiyə qarşı adamöldürmə, ağır bədən xəsarəti yetirmə, həyata və mülkiyyətə qarşı təhlükə yaratma və oğurluq ittihamlarını irəli sürdü. İttiham aktının müvafiq hissəsində deyilirdi:
"Birinci təqsirləndirilən şəxs Fred Marquş:
1. 20 noyabr 1991-ci ildə təxminən saat 7-də Çepində ... avtomat silahdan dörd dəfə S.B.-yə atəş açıb, ... nəticədə S.B. ölüb;
...
2. 1-ci bənddə göstərilən vaxtda və yerdə ... avtomat silahdan yeddi dəfə V.B.-yə atəş açıb, ... nəticədə V.B. ölüb;
...
3. 10 dekabr 1991-ci ildə N.V.-ni Çepin ilə İvanovats arasındakı "Vrbik" meşəsinə aparıb ... və ona avtomat silahdan iki dəfə atəş açıb, ... nəticədə N.V. ölüb;
...
4. 3-cü bənddə göstərilən vaxtda və yerdə ... avtomat silahdan Ne.V.-yə atəş açıb, ... nəticədə o ölüb;
...
6. 28 avqust 1991-ci ildə təxminən saat 3-də partlayıcı qurğunu Çepinski Martinovetsdəki ... müəssisənin binasına ataraq ... ona maddi ziyan yetirib;
...
7. 18 noyabr 1991-ci ildə saat 0.35-də Çepində partlayıcı qurğunu binaya qoyaraq ... ona maddi ziyan yetirib ...;
...
8. 1 avqust 1991-ci ildə saat 3.30-da Çepində ... R.C.-yə atəş açaraq ona yüngül bədən xəsarəti yetirib, sonra isə ... V.Ž -ni təpikləyərək ... ona ağır bədən xəsarəti yetirib, ... həmçinin R.C.-ni təpikləyərək ona bir daha yüngül bədən xəsarətləri yetirib ...;
...
9. 1991-ci il sentyabrın 26-dan oktyabrın 5-dək Çepində ... bir neçə silah və güllə oğurlayıb ...;
..."
O, daha sonra başqa şəxslərə məxsus olan bir neçə traktoru və digər maşınları mənimsəməkdə ittiham olundu.
15. 25 yanvar 1996-cı ildə Osiyek hərbi prokurorunun müavini ittiham aktının 3, 4, 6, 7 və 9-cu bəndlərindəki ittihamları, habelə başqa şəxslərə məxsus olan əmlakların mənimsənilməsinə dair ittihamları ərizəçinin üzərindən götürdü. İttiham aktına yeni bənd əlavə olundu, ona əsasən, ərizəçi 20 noyabr 1991-ci ildə təxminən saat 7-də Çepində Sl.B. adlı uşağa atəş açaraq ona ağır bədən xəsarəti yetirməkdə ittiham olundu. Beləliklə, ittiham aktının əvvəlki 8-ci bəndi 4-cü bəndə çevrildi.
16. 24 sentyabr 1996-cı ildə "Ümumi amnistiya aktı" qüvvəyə mindi. Orada nəzərdə tutulurdu ki, ümumi amnistiya Xorvatiyada 17 avqust 1990-cı ildən 23 avqust 1996-cı ilədək baş vermiş müharibə ilə əlaqədar olaraq törədilmiş bütün cinayət əməllərinə şamil olunmalıdır, yalnız humanitar hüququn kobud pozuntusunu təşkil edən hərəkətlər və ya hərbi cinayətlər, o cümlədən soyqırım cinayəti istisna olunur (aşağıda 27-ci bəndə bax).
17. 24 iyun 1997-ci ildə Osiyek dairə məhkəməsində hakim M.K.-nın sədrlik etdiyi məhkəmə heyəti işə baxdı və "Ümumi amnistiya aktı"na uyğun olaraq icraata xitam verdi. Bu qərarın müvafiq hissəsində deyilirdi:
"Osiyek dairə məhkəməsi ... 24 iyun 1997-ci ildə aşağıdakıları qərara aldı: təqsirləndirilən Fred Marquşa qarşı 10 fevral 1997-ci ildə Osiyek dairəsinin dövlət prokurorluğu tərəfindən ittiham aktında irəli sürülmüş adamöldürmə ittihamlarının iki bəndi üzrə ..., habelə ağır bədən xəsarəti yetirmə ... və həyata və mülkiyyətə qarşı təhlükə yaratma ittihamları üzrə başlanmış cinayət işinə "Ümumi amnistiya aktı"nın 1-ci maddəsinin 1-ci və 3-cü bəndləri və 2-ci maddəsinin 2-ci bəndi əsasında xitam verilməlidir.
...
Əsaslandırma
Osiyek dairəsinin dövlət prokurorluğunun 20 aprel 1993-cü il tarixli Kt-1/93 saylı ittiham aktında Fred Marquş Cinayət Məcəlləsinin 35-ci maddəsinin 1-ci bəndinə əsasən ağırlaşdırıcı hallarla adamöldürmə cinayətində (üç cinayət əməli); Cinayət Məcəlləsinin 35-ci maddəsinin 2.2-ci bəndinə əsasən ağırlaşdırıcı hallarla adamöldürmə cinayətində (bir cinayət əməli); Cinayət Məcəlləsinin 153-cü maddəsinin 1-ci bəndinə əsasən həyata və mülkiyyətə qarşı təhlükə yaratma cinayətində (iki cinayət əməli); Cinayət Məcəlləsinin 41-ci maddəsinin 1-ci bəndinə əsasən ağır bədən xəsarəti yetirmə cinayətində (bir cinayət əməli); Cinayət Məcəlləsinin 223-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən silah və ya digər döyüş sursatlarını oğurlama cinayətində (bir cinayət əməli); və Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-ci bəndinə əsasən ağırlaşdırıcı hallarla oğurluq cinayətində (bir cinayət əməli) ittiham olunmuşdu...
25 yanvar 1996-cı ildə Osiyek hərbi məhkəməsində keçirilmiş məhkəmə iclasında yuxarıdakı ittiham aktına əhəmiyyətli dərəcədə dəyişikliklər edilib, həmin iclasda hərbi prokurorun müavini bəzi ittihamları götürüb, bəzi ittihamarın isə faktoloji və hüquqi əsaslarını və hüquqi tövsifini dəyişdirib.
Beləliklə, təqsirləndirilən Fred Marquş Cinayət Məcəlləsinin 34-cü maddəsinin 1-ci bəndinə əsasən adamöldürmə cinayətində (iki cinayət əməli), Cinayət Məcəlləsinin 41-ci maddəsinin 1-ci bəndinə əsasən ağır bədən xəsarəti yetimə cinayətində (bir cinayət əməli) və ... Cinayət Məcəlləsinin 146-cı maddəsinin 1-ci bəndinə əsasən həyata və mülkiyyətə qarşı təhlükə yaratma cinayətində (bir cinayət əməli) ittiham olunub...
Hərbi məhkəmələr ləğv edildikdən sonra işin materialları Osiyek dairəsinin dövlət prokurorluğuna göndərilib, o isə eyni ittihamlar üzrə cinayət təqibini öz üzərinə götürüb və işin icraatının davam etdirilməsi üçün Osiyek dairə məhkəməsinə vəsatət verib. Sonuncu isə "Ümumi amnistiya aktı"nın tətbiqi kontekstində işin materiallarını üç hakimdən ibarət məhkəmə heyətinə verib.
İşin materiallarını nəzərdən keçirdikdən sonra bu məhkəmə heyəti bu nəticəyə gəlib ki, bu iş "Ümumi amnistiya aktı"nın 1-ci maddəsinin 1-ci və 3-cü bəndlərinin və 2-ci maddəsinin 2-ci bəndinin şərtlərinə uyğun gəlir və bu təqsirləndirilən şəxs amnistiya aktının tətbiq dairəsindən kənarda qalmır.
Yuxarıda adı çəkilən Akt ... Xorvatiya Respublikasında təcavüz, silahlı qiyam və ya silahlı münaqişələr zamanı törədilmiş cinayət əməllərinə ümumi amnistiyanın tətbiqini nəzərdə tutur. Ümumi amnistiya 17 avqust 1990-cı ildən 23 avqust 1996-cı ilədək törədilmiş cinayət əməllərinə aiddir.
Ümumi amnistiya yalnız hərbi cinayət əməli təşkil edən humanitar hüququn ağır pozuntularına və "Ümumi amnistiya aktı"nın 3-cü maddəsində sadalanan müəyyən cinayət əməllərinə şamil olunmur. Eləcə də o, Cinayət Məcəlləsində nəzərdə tutulan, ... Xorvatiyada təcavüz, silahlı qiyam və ya silahlı münaqişələr zamanı törədilməyən və Xorvatiyada törədilmiş təcavüz, silahlı qiyam və ya silahlı münaqişələrlə əlaqəsi olmayan digər cinayət əməllərini törədənlərə şamil olunmur.
Təqsirləndirilən Fred Marquş 20 noyabr 1991-ci ildə Çepində törədilmiş üç cinayət əməlində və 1 avqust 1991-ci ildə Çepində törədilmiş bir cinayət əməlində ittiham olunub.
Bu cinayət əməllərindən birincisi ölkənin ən çətin dövrünə və Vukovarın süqutundan dərhal sonra Osiyekə və şərqi Xorvatiyaya ən ciddi hücumların baş verdiyi və Laslovo uğrunda ən amansız döyüşlərin getdiyi vaxta aiddir. Həmin döyüşlərdə təqsirləndirilən şəxs döyüşçü kimi fərqlənərək müstəsna cəsarət göstərib və həmin vaxt onun rəisi olmuş Xorvatiya ordusunun 106-cı briqadasının Üçüncü batalyonunun komandiri tərəfindən leytenant rütbəsi almağa tövsiyə olunub.
Birinci üç cinayət əməli ilə əlaqədar olan mühüm dövrdə təqsirləndirilən şəxs Xorvatiya ordusunun üzvü kimi fəaliyyət göstərib; çox çətin olan həmin dövrdə bölmə komandiri kimi fəaliyyət göstərən təqsirləndirilən şəxs qəsəbənin düşmən əlinə keçməsi ilə bağlı birbaşa təhlükə yarandığı zaman bunun qarşısını almağa çalışıb. Dördüncü cinayət əməli 1 avqust 1991-ci ildə törədilib, bu zaman təqsirləndirilən şəxs Çepindəki Ehtiyat qüvvələrin döyüşən üzvü kimi fəaliyyət göstərib və kamuflyajlı hərbi uniforma geyinərək döyüş silahlarından istifadə edib.
...
Sözügedən vaxtı və yeri nəzərə alsaq, təqsirləndirilən şəxsin hərəkətləri Xorvatiyada təcavüz, silahlı qiyam və silahlı münaqişələrlə sıx əlaqədar olub və "Ümumi amnistiya aktı"nda qeyd edilən dövrdə həyata keçirilib.
...
Bunları nəzərə alaraq, bu məhkəmə hesab edir ki, bu iş "Ümumi amnistiya aktı"nın tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtlərə uyğundur..."
18. Naməlum tarixdə dövlət prokuroru Ali Məhkəməyə qanunçuluğun qorunması üçün vəsatət (zahtjev za zaštitu zakonitosti) verərək xahiş etdi ki, o, "Ümumi amnistiya aktı"nın 3-cü maddəsinin 2-ci bəndinin pozulduğu barədə qərar çıxarsın.
19. 19 sentyabr 2007-ci ildə Ali Məhkəmə yuxarıdakı vəsatətlə bağlı qərar qəbul edərkən müəyyən etdi ki, Osiyek dairə məhkəməsinin 24 iyun 1997-ci il tarixli yuxarıdakı qərarı "Ümumi amnistiya aktı"nın 3-cü maddəsinin 2-ci bəndini pozub. Ali Məhkəmənin qərarının müvafiq hissələrində deyilirdi:
"... "Ümumi amnistiya aktı"nın 1-ci maddəsinin 1-ci bəndi ... Xorvatiyada təcavüz, silahlı qiyam və silahlı münaqişələrlə əlaqədar olan cinayət əməllərini törədənləri cinayət təqibindən və məhkəmə araşdırmasından azad edən ümumi amnistiya nəzərdə tutur. Həmin maddənin 3-cü bəndinə əsasən, amnistiya 17 avqust 1990-cı ildən 23 avqust 1996-cı ilədək törədilmiş cinayət əməllərinə aiddir. ...
Bu bəndlərin düzgün şərhi üçün sözügedən cinayət əməlinin 17 avqust 1990-cı ildən 23 avqust 1996-cı ilədək törədilməli olduğu barədə (hazırkı işdə məhz belə olub) ümumi şərtlə yanaşı, həm də cinayət əməli ilə təcavüz, silahlı qiyam və silahlı münaqişələrin arasında birbaşa və əhəmiyyətli əlaqə mövcud olmalıdır. Bu şərh cinayət əməlini törətmiş hər kəsin həmin əmələ görə cavab verməli olduğu barədə ümumi prinsipə uyğundur. Buna görə də yuxarıdakı bəndlər zəruri ehtiyatlılıq göstərilməklə diqqətli şəkildə şərh olunmalıdır ki, amnistiya öz məqsədi ilə ziddiyyət təşkil etməsin və sözügedən Aktın qəbul edilməsinin məqsədi sual altına alınmasın. Müvafiq olaraq, "Ümumi amnistiya aktı"nda işlənmiş "təcavüz, silahlı qiyam və silahlı münaqişələrlə əlaqədar olan" ifadəsi (həmin əlaqənin xarakteri Aktda konkret olaraq göstərilməyib) əlaqənin birbaşa və əhəmiyyətli olmasını bildirən ifadə kimi şərh olunmalıdır.
...
Təqsirləndirilən Fred Marquşun ittiham olunduğu cinayət əməllərinə aid faktların bir qismi ... (onlar bu əməllərin Xorvatiya Respublikasına qarşı təcavüzlə, yaxud Xorvatiyada silahlı qiyam və ya silahlı münaqişələrlə müəyyən əlaqəsinin olduğunu düşünməyə əsas verir) bu cinayət əməllərinin qurbanlarının (S.B., V.B. və azyaşlı Sl.B.-nin) ["Yuqoslav Xalq Ordusu"] deyilən ordunun hücumu səbəbindən İvanovats kəndindən qaçdıqdan sonra öz qonşuları ilə birlikdə Çepinə gəlmələri ilə əlaqədardır. Vurğulamaq lazımdır ki, təqsirləndirilən Fred Marquşun Xorvatiya ordusunun üzvü olması məsələsində fikir ayrılığı yoxdur. Lakin bu hallar Xorvatiyada təcavüz, silahlı qiyam və ya silahlı münaqişələrlə birbaşa əlaqədar olan hallar hesab edilə bilməz, halbuki "Ümumi amnistiya aktı"nın tətbiqi üçün bu əlaqə tələb olunur.
İtttiham aktının 4-cü bəndində göstərilən cinayət əməllərinin faktoloji təsvirində deyilir ki, təqsirləndirilən şəxs bu əməlləri onun hərbi vəzifə daşıma müddəti bitdikdən sonra Çepindəki Ehtiyat qüvvələrin üzvü qismində törədib. Bu xarakteristika özlüyündə cinayət əməlləri ilə müharibə arasında əhəmiyyətli əlaqə təşkil etmir, çünki əks təqdirdə amnistiya 17 avqust 1990-cı ildən 23 avqust 1996-cı ilədək Xorvatiya ordusunun və ya düşmənin hərbi bölmələrinin üzvləri tərəfindən törədilmiş bütün cinayət əməllərinə ("Ümumi amnistiya aktı"nın 3-cü maddəsinin 1-ci bəndində konkret olaraq sadalananlar istisna olmaqla) şamil olunardı; bu isə, şübhəsiz ki, qanunverici orqanın məqsədinə daxil deyildi.
Nəhayət, təqsirləndirilən şəxsin etiraz edilən qərarda ətraflı təsvir olunmuş hərbi karyerası "Ümumi amnistiya aktı"nın tətbiqi üçün meyar ola bilməz. ...
İtttiham aktında əks olunmuş cinayət əməllərinin faktoloji təsvirindən ... heç də belə görünmür ki, sözügedən hərəkətlər Xorvatiyada təcavüz, silahlı qiyam və ya silahlı münaqişələr zamanı və ya onlarla əlaqədar olaraq törədilib.
..."
B. Ərizəçiyə qarşı ikinci cinayət prosesi (iş № K‑33/06)
20. 26 aprel 2006-cı ildə Osiyek dairəsinin dövlət prokurorluğu ərizəçini mülki əhaliyə qarşı hərbi cinayətlərdə ittiham etdi. Məhkəmə prosesi Osiyek dairə məhkəməsinin üç hakimindən ibarət məhkəmə heyəti tərəfindən aparıldı, buraya hakim M.K. da daxil idi. Bütün proses ərzində ərizəçi vəkillə təmsil olundu.
21. Yekun məhkəmə iclası 19 mart 2007-ci ildə digər şəxslərlə yanaşı ərizəçinin və onu müdafiə edən vəkilin iştirakı ilə keçirildi. Tərəflərin yekun arqumentləri (son çıxışları) dinlənilərkən ərizəçi iclas zalından çıxarıldı. Ərizəçinin vəkili iclas zalında qaldı və yekun arqumentlərini təqdim etdi. İclasın yazılı protokolunun müvafiq hissəsində deyilir:
"Məhkəmə heyətinin sədri qeyd edir ki, Osiyek dairəsinin dövlət prokurorunun müavini ("dövlət prokurorunun müavini") yekun arqumentlərini səsləndirərkən təqsirləndirilən Marquş onun sözünü kəsib və məhkəmə heyəti ona susması barədə xəbərdarlıq edib; o ikinci dəfə dövlət prokurorunun müavininin sözünü kəsdikdə ona şifahi xəbərdarlıq edilib.
Məhkəmə heyətinin sədri təqsirləndirilən Marquşa şifahi xəbərdarlıq etdikdən sonra da sonuncu dövlət prokurorunun müavininin yekun arqumentlərini şərh etməkdə davam edib. Buna görə də məhkəmə heyəti qərara alır və məhkəmə heyətinin sədri göstəriş verir ki, hökm elan olunana qədər təqsirləndirilən Marquş məhkəmə iclası zalından çıxarılsın.
..."
22. Bundan sonra ərizəçi məhkəmə zalından çıxarıldı və dövlət prokurorunun müavini, zərərçəkənlərin vəkilləri, müdafiəçi vəkillər və təqsirləndirilən şəxslərdən biri öz yekun arqumentlərini təqdim etdilər.
23. Hökmün elan olunması 21 mart 2007-ci ilə təyin edildi və iclas bağlandı. Ərizəçi hökmün elan olunmasında iştirak etdi. O, ittiham olunduğu əməllərdə təqsirli bilindi və on dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. Hökmün müvafiq hissəsində deyilir:
"...
Təqsirləndirilən Marquş ...
və
təqsirləndirilən T.D. ...
[aşağıdakılarda] təqsirkardırlar:
1991-ci il noyabrın 20-dən 25-dək olan dövrdə Çepində və ətraf yerlərdə həmin əraziləri yerli qiyamçı serb əhalisinin silahlı hücumlarından və "Yuqoslav xalq ordusu" adlandırılan ordunun Xorvatiya Respublikasının konstitusion quruluşuna və ərazi bütövlüyünə qarşı müştərək hücumlarından müdafiə edərkən Xorvatiya ordusunun 130-cu briqadasının 3-cü korpusunun 2-ci bölümünün komandiri qismində Fred Marquş və Fred Marquşun komandanlığı altında eyni bölümün üzvü olmuş təqsirləndirilən T.D. mülki serb əhalisini qətlə yetirmək niyyəti ilə "Müharibə zamanı mülki əhalinin müdafiəsinə dair" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinə, habelə 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əlavə olunmuş "Beynəlxalq xarakter daşımayan silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair" 8 iyun 1977-ci il tarixli Protokolun (II Protokol) 4-cü maddəsinin 1-ci və 2(a) bəndlərinə və 13-cü maddəsinə zidd olaraq [aşağıdakı hərəkətləri ediblər]:
Təqsirləndirilən Fred Marquş:
a) 20 noyabr 1991-ci ildə təxminən saat 8-də Çepində İvanovatsdakı yanğın briqadasının qərargahının qarşısında dayanan və "Yuqoslav xalq ordusu"nun hücumları ucbatından kəndlərindən qaçan V.B. və S.B.-ni tanıyaraq ... avtomat silahdan onlara atəş açıb, ... nəticədə S.B. başından ... və boynundan güllə yarası alıb ... və dərhal ölüb, V.B. isə yaralanıb və yerə yıxılıb. Sonra təqsirləndirilən şəxs maşını sürüb gedib, az sonra isə geri qayıdıb və V.B.-nin hələ də sağ olduğunu, doqquz yaşlı oğlu Sl.B. ilə ... arvadı M.B.-nin onun yanında olduğunu görüb yenə onlara atəş açıb, beləliklə də V.B. iki dəfə başından, ... iki dəfə qolundan güllə yarası alıb, ... nəticədə V.B. tezliklə ölüb, oğlu Sl.B. isə qıçından güllə yarası alıb ki, bu da ağır bədən xəsarəti təşkil edir;
b) 1991-ci il noyabrın 22-dən 24-dək olan dövrdə Çepində N.V. ilə Ne.V.-ni həbs edib, odlu silahla hədələyib, onların "Golf" markalı avtomobilini mənimsəyib, ... onları binanın zirzəmisinə aparıb, ... orada onları kəndirlə stullara bağlayıb və yemək və su vermədən qapısı bağlı vəziyyətdə saxlayıb, öz hərbi bölümünün üzvləri ilə birlikdə ... onları döyüb və təhqir edib, onların güman edilən düşmənçilik fəaliyyətləri və ratsiyaya malik olmaları barədə onlara suallar verib və həmin müddətdə bölümün digər üzvlərinin onlara köməklik göstərməsinə mane olub, ... sonra onları Çepindən kənara çıxararaq meşəyə aparıb, ... orada odlu silahdan onlara bir neçə atəş açıb, ... nəticədə N.V. ... və Ne.V. ölüblər;
c) 23 noyabr 1991-ci ildə təxminən saat 13.30-da Çepindəki avtobus vağzalında S.G. ilə D.G.-ni və onların qohumu Lj.G.-ni həbs edib, onları bir binaya aparıb, ... əllərini arxalarında bağlayıb və mərhum T.B. ilə birlikdə onları güman edilən düşmənçilik fəaliyyətləri ilə bağlı sorğu-suala tutub, axşam isə onları qolları bağlı vəziyyətdə Çepindən kənara aparıb, ... orada güllələyib, ... nəticədə onlar ölüblər;
Təqsirləndirilən Fred Marquş və T.D. birgə [hərəkət edərək]:
d) 25 noyabr 1991-ci ildə təxminən saat 13-də Çepində "Golf" markalı avtomobilini sürən S.P.-ni görüb ... Fred Marquşun tələbi əsasında saxlayıblar ... və onu boş bir sahəyə aparıblar, ... orada Fred Marquş T.D.-yə əmr edib ki, S.P.-yə atəş açsın, T.D. [əmrə] tabe olaraq S.P.-yə bir dəfə atəş açıb, ... bundan sonra Fred Marquş ona bir neçə dəfə atəş açıb, ... nəticədə S.P. ... ölüb, Fred Marquş isə onun maşınını mənimsəyib.
..."
24. Ərizəçi barəsindəki ittiham hökmü 19 sentyabr 2007-ci ildə Ali Məhkəmə tərəfindən qüvvədə saxlanıldı və onun azadlıqdan məhrum edilmə cəzası on beş ilədək uzadıldı. Ali Məhkəmənin qərarının müvafiq hissəsində deyilir:
"Cinayət Prosessual Məcəlləsinin (CPM) 36-cı maddəsinin 1.5-ci bəndinə əsasən, hakim aşağı məhkəmənin eyni iş üzrə qərar çıxarmasında və ya barəsində şikayət verilən qərarın qəbulunda iştirak edibsə, həmin iş üzrə məhkəmə funksiyalarını yerinə yetirməkdən kənarlaşdırılır.
Bu həqiqətdir ki, barəsində şikayət verilmiş hökmün qəbulunda hakim M.K. iştirak etmişdi. O, Osiyek dairə məhkəməsinin ... 24 iyun 1997-ci il tarixli qərarını qəbul etmiş hakimlər heyətinin sədri idi və həmin qərarla "Ümumi amnistiya aktı"nın 1-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə və 2-ci maddəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən Fred Marquşa qarşı məhkəmə prosesinə xitam verilmişdi...
Hər iki məhkəmə işi eyni təqsirləndirilən şəxsə qarşı qaldırılsa da, onlar eyni iş deyildi. Sözügedən hakim Osiyek dairə məhkəməsində eyni təqsirləndirilən şəxsə qarşı iki fərqli işdə iştirak etmişdi. Hazırkı apellyasiya şikayətinin verildiyi işdə hakim M.K. aşağı məhkəmənin hər hansı qərarının, yaxud apellyasiya şikayətinin və ya müstəsna hüquqi müdafiə vasitəsinin predmeti olan hər hansı qərarın qəbulunda iştriak etməyib.
...
Təqsirləndirilən şəxs yanlış olaraq iddia etdi ki, birinci instansiya məhkəməsi onu məhkəmə zalından çıxarması səbəbindən tərəflərin yekun arqumentlərini təqdim etdikləri yekun məhkəmə iclasını onun və müdafiəçi vəkilinin iştirakı olmadan keçirməklə CPM-in 346-cı maddəsinin 4-cü bəndinə və 347-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə zidd hərəkət edib. Buna görə də o iddia etdi ki, öz yekun arqumentlərini təqdim etməsinin qarşısı alınıb. Bundan başqa, o, iştirakı olmadan keçirilmiş məhkəmə iclasında baş verənlər barədə məlumatlandırılmayıb və onun məhkəmə zalından çıxarılması barədə qərar məhkəmə heyəti tərəfindən çıxarılmayıb.
Təqsirləndirilən şəxsin iddia etdiklərinin əksinə olaraq, 19 mart 2007-ci ildə keçirilmiş məhkəmə iclasının yazılı protokolundan görünür ki, təqsirləndirilən Fred Marquş yekun arqumentlərini təqdim edən [Osiyek] dairəsinin dövlət prokurorunun müavininin sözünü kəsib və məhkəmə heyətinin sədri ona iki dəfə xəbərdarlıq edib. O, eyni davranışı davam etdirdiyinə görə məhkəmə heyəti onu iclas zalından çıxarmağı qərara alıb...
Birinci instansiya məhkəməsinin bu hərəkəti CPM-in 300-cü maddəsinin 2-ci bəndinə uyğun idi. [Osiyek dairəsinin] dövlət prokurorunun müavini yekun arqumentlətini təqdim edən zaman təqsirləndirilən Fred Marquş məhkəmə zalında qaydanı pozmağa başlayıb və bu hərəkətini israrla davam etdirib, bundan sonra o, məhkəmə heyətinin qərarı ilə iclas zalından çıxarılıb. 21 mart 2007-ci ildə hökm elan olunarkən o yenidən məhkəmə zalında olub.
Birinci instansiya məhkəməsi CPM-in 300-cü maddəsinin 2-ci bəndinə tam riayət etdiyinə görə təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsassızdır. Araşdırılan işdə müdafiə hüquqlarının heç bir pozuntusu baş verməyib və tərəflər yekun arqumentlərini təqdim etdikləri zaman təqsirləndirilən şəxsin məhkəmə zalından çıxarılması hökmə heç bir təsir göstərməyib.
...
Təqsirləndirilən Fred Marquş daha sonra iddia edir ki, ... barəsində şikayət edilən hökm "ne bis in idem" ("eyni əmələ görə iki dəfə cəzalandırılmamaq") prinsipini pozub, ... belə ki, barəsində şikayət verilən hökmün çıxarılmasına səbəb olmuş bəzi ittihamlar üzrə araşdırmaya artıq bundan öncə xitam verilmişdi...
...
Bu həqiqətdir ki, Osiyek dairə məhkəməsində təqsirləndirilən Ferd Marquşa qarşı K-4/97 nömrəli iş üzrə cinayət prosesi, digər əməllərlə yanaşı, S.B., V.B., N.V. və Ne.V-nin ... qətlə yetirilməsindən ibarət dörd cinayət əməli ilə, habelə ... həyata və əmlaka qarşı təhlükə yaratma cinayəti ilə əlaqədar aparılıb... Bu məhkəmə prosesinə Osiyek dairə məhkəməsinin 24 iyun 1997-ci il tarixli Kv 99/97 (K-4/97) saylı yekun qərardadı ilə "Ümumi amnistiya aktı" əsasında xitam verilib...
Baxmayaraq ki, Osiyek dairə məhkəməsində K-4/97 nömrəli iş üzrə aparılmış məhkəmə prosesinin predmeti olan cinayət əməllərinin nəticələri, yəni S.B., V.B., N.V. və Ne.V-nin ölümü və Sl.B.-nin ağır bədən xəsarəti alması həmçinin barəsində şikayət edilən hökmün qəbul edildiyi məhkəmə prosesində [qiymətləndirilmiş cinayət əməllərinin] faktoloji aspektinin tərkib hissəsi idi, [sözügedən iki cinayət prosesində araşdırılmış] cinayət əməlləri eyni əməllər deyildi.
Hər iki məhkəmə prosesində [qiymətləndirilmiş cinayət əməllərinin] faktoloji aspektlərinin müqayisəsi göstərir ki, onlar eyni əməllər deyil. Barəsində şikayət verilmiş hökmdə [göstərilən cinayət əməllərinin] faktoloji aspektləri arasında əlavə cinayət tərkibi elementi yer alıb ki, onun da əhatə dairəsi Osiyek dairə məhkəməsində K-4/97 nömrəli iş üzrə aparılmış məhkəmə prosesinin əsasını təşkil edən elementdən əhəmiyyətli dərəcədə genişdir. [Hazırkı işdə] təqsirləndirilən Fred Marquş "Müharibə zamanı mülki əhalinin müdafiəsinə dair" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının və 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əlavə olunmuş "Beynəlxalq xarakter daşımayan silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair" 8 iyun 1977-ci il tarixli Protokolun (II Protokol) normalarını pozmaqda ittiham edilib, belə ki, 1991-ci il noyabrın 20-dən 25-dək olan dövrdə Çepində və ətraf yerlərdə həmin əraziləri yerli qiyamçı serb əhalisinin silahlı hücumlarından və "Yuqoslav xalq ordusu" adlandırılan ordunun Xorvatiya Respublikasının konstitusion quruluşuna və ərazi bütövlüyünə qarşı müştərək hücumlarından müdafiə edərkən o, beynəlxalq hqquq normalarını pozaraq mülki şəxsləri qətlə yetirib və onlara işgəncə verib, onlarla qeyri-nisani tərzdə rəftar edib, onları qanunsuz həbs edib, mülki şəxsin qətlə yetirilməsi barədə əmr verib və mülki əhalinin əmlakını qəsb edib. Yuxarıdakı hərəkətlər beynəlxalq hüquqla qorunan dəyərlərə qarşı cinayət əməli təşkil edir, yəni Cinayət Məcəlləsinin 120-ci maddəsinin 1-ci bəndinə əsasən mülki əhaliyə qarşı hərbi cinayətdir.
Sözügedən cinayət əməlinin faktoloji aspekti və hüquqi tövsifi əvvəlki məhkəmə prosesinin predmeti olmuş cinayət əməllərindən fərqləndiyinə görə (belə ki, təqsirləndirilən Ferd Marquşa qarşı ittihamların əhatə dairəsi əvvəlki işdəkindən (K-4/97 saylı iş) əhəmiyyətli dərəcədə geniş və fərqlidir), burada res judicata ("bir dəfə həll olunmuş işə yenidən baxılması") məsələsindən söhbət gedə bilməz..."
25. Ərizəçinin sonradan verdiyi konstitusiya şikayəti 30 sentyabr 2009-cu ildə Konstitusiya Məhkəməsi tərəfindən rədd edildi. Konstitusiya Məhkəməsi Ali Məhkəmənin rəylərini təsdiq etdi.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. Müvafiq qanunvericilik
26. Xorvatiya Konstitusiyasının (Ustav Republike Hrvatske, Rəsmi bülleten № 41/2001 və 55/2001) müvafiq hissəsində deyilir:
Maddə 31
"...
2. Cinayət əməlinə görə artıq qanuna müvafiq olaraq yekun qərarla bəraət almış və ya məhkum olunmuş heç bir şəxs yenidən həmin əmələ görə cinayət prosesi çərçivəsində məhkəməyə cəlb oluna və ya cəzalandırıla bilməz.
Bu maddənin 2-ci bəndində nəzərdə tutulan məhkəmə prosesinin Konstitusiyaya və ya beynəlxalq müqaviləyə uyğun olaraq təzələnə biləcəyi hallar və əsaslar yalnız qanunda nəzərdə tutula bilər".
27. Cinayət Prosessual Məcəlləsinin müvafiq müddəalarında (Zakon o kaznenom postupku – Rəsmi bülleten № 110/1997, 27/1998, 58/1999, 112/1999, 58/2002, 62/2003, 178/2004 və 115/2006) aşağıdakılar nəzərdə tutulur:
Maddə 300
"1) Təqsirləndirilən şəxs ... məhkəmə iclası zalında qaydanı pozduqda və ya sədrlik edən hakimin göstərişlərinə əməl etmədikdə sonuncu təqsirləndirilən şəxsə xəbərdarlıq edir... Məhkəmə heyəti təqsirləndirilən şəxsin məhkəmə zalından çıxarılması barədə qərar qəbul edə bilər...
2) Məhkəmə heyəti təqsirləndirilən şəxsin məhdud müddətə məhkəmə zalından çıxarılması barədə qərar qəbul edə bilər. Təqsirləndirilən şəxs yenidən qaydanı pozduqda sübutların təqdim edilməsi başa çatanadək [məhkəmə zalından çıxarıla bilər]. Sübutların təqdim edilməsi yekunlaşmazdan əvvəl sədrlik edən hakim təqsirləndirilən şəxsi iclas zalına çağırır və məhkəmə araşdırmasında baş verənlər barədə ona məlumat verir. Təqsirləndirilən şəxs qaydanı pozmaqda davam edərsə və məhkəməyə qarşı hörmətsizlik edərsə, məhkəmə heyəti yenidən onun məhkəmə zalından çıxarılması barədə qərar qəbul edə bilər. Bu halda məhkəmə araşdırması təqsirləndirilən şəxsin iştirakı olmadan yekunlaşır və sədrlik edən hakim və ya məhkəmə heyətinin digər üzvü qəbul edilmiş məhkəmə qərarı barədə iclasın katibinin iştirakı ilə təqsirləndirilən şəxsə məlumat verir.
..."
Maddə 350 (keçmiş 336-cı maddə)
"1) Məhkəmə qərarında əks olunanlar yalnız ittiham aktının ilkin versiyasında və ya məhkəmə iclasının gedişində dəyişikliklər edilmiş versiyasında göstərilən təqsirləndirilən şəxsə və cinayət əməlinə aid olmalıdır.
2) Cinayət əməlinə prokuror tərəfindən verilmiş hüquqi tövsif məhkəmə üçün məcburi qüvvəyə malik deyil".[1]
Hökmlərin növləri
Maddə 352
"1) Hökmdə ya ittihamlar rədd edilir, ya təqsirləndirilən şəxsə bəraət verilir, ya da onun təqsirkar olduğu müəyyən edilir.
..."
Maddə 354
"Təqsirləndirilən şəxsə bəraət verən hökm aşağıdakı hallarda qəbul edilir:
1) təqsirləndirilən şəxsin ittiham olunduğu hüquq pozuntusu qanuna əsasən cinayət əməli deyil;
2) təqsirləndirilən şəxsin təqsirini istisna edən hallar mövcuddur;
3) təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi sübuta yetirilməyib".
Maddə 355
"1) Təqsirləndirilən şəxsin təqsirkar olduğunu müəyyən edən hökmdə aşağıdakı təfsilatlar yer almalıdır:
1. törədilməsində təqsirləndirilən şəxsin təqsirkar olmasının müəyyən edildiyi cinayət əməli: konkret cinayət əməlinin konkret tərkib elementlərini təşkil edən faktlar və hallar, habelə Cinayət Məcəlləsinin konkret maddəsinin tətbiqinin asılı olduğu hallar göstərilir;
2. cinayət əməlinin qanunvericilikdə əks olunmuş adı və təsviri və Cinayət Məcəlləsinin tətbiq edilmiş maddələri;
3. tətbiq ediləcək cəza; yaxud da Cinayət Məcəlləsinin maddələrinə əsasən cəzanın tətbiqinin və ya azadlıqdan məhrumetmə cəzasının ictimai işlərlə əvəzlənməsinin mümkün olub-olmaması;
4. cəzanın icrasının təxirə salınması barədə hər hansı qərar;
5. təhlükəsizlik tədbirləri və maddi gəlirlərin müsadirəsi barədə hər hansı qərar;
...
7. məhkəmə xərcləri və hər hansı mülki iddia tələbi barədə çıxarılmış qərar; və yekun məhkəmə qərarının kütləvi informasiya vasitələrində dərc edilməli olub-olmaması;
..."
Maddə 367
"1) Aşağıdakı hallar cinayət prosesinin kobud pozuntusu sayılır:
...
3. məhkəmə iclası qanuna əsasən həmin iclasda iştirakı məcburi olan şəxsin iştirakı olmadan keçirilibsə;
..."
Məhkəmə prosesinin təzələnməsi
Maddə 401
"Yekun qərarla və ya hökmlə başa çatmış məhkəmə prosesi səlahiyyətli şəxsin vəsatəti ilə yalnız bu Məcəllədə göstərilən hallarda və şərtlərlə təzələnə bilər".
Maddə 406
"1) İttihamları rədd edən yekun hökmlə başa çatmış məhkəmə prosesi aşağıdakı müstəsna hallarda təqsirləndirilən şəxsin ziyanına olaraq təzələnə bilər:
...
5. Cinayət təqibini istisna edən amnistiya, əfv fərmanı, qanunvericilikdə qoyulan məhdudiyyət və ya digər hallar ittihamları rədd edən yekun hökmdə göstərilmiş cinayət əməlinə şamil olunmursa;
..."
Maddə 408
"1) Məhkəmə prosesinin təzələnməsi barədə vəsatətlə bağlı qərar çıxarmaq səlahiyyətinə malik olan məhkəmə birinci instansiya məhkəməsi qismində qərar çıxarmış məhkəmədir...
2) Prosesin təzələnməsi barədə vəsatətdə təzələnmənin qanunvericilikdəki əsası və vəsatəti müdafiə edən sübutlar göstərilir...
..."
Qanunçuluğun qorunması üçün vəsatət
Maddə 418
"1) Dövlət prokuroru qanunu pozan yekun məhkəmə qərarları ilə və həmin qərarların qəbulunadək keçirilmiş məhkəmə prosesləri ilə əlaqədar olaraq qanunçuluğun qorunması üçün vəsatət verə bilər.
2) Dövlət prokuroru Konstitusiya ilə, qanunla və ya beynəlxalq hüquqla təmin edilən əsas insan hüquqlarının və azadlıqlarının pozulduğu məhkəmə prosesində qəbul edilmiş yekun məhkəmə qərarları ilə əlaqədar olaraq qanunçuluğun qorunması üçün vəsatət verməlidir.
..."
Maddə 419
"1) Xorvatiya Respublikasının Ali Məhkəməsi qanunçuluğun qorunması üçün verilən vəsatətləri həll edir.
..."
Maddə 420
"1) Qanunçuluğun qorunması üçün verilmiş vəsatətləri həll edərkən [Ali Məhkəmə] yalnız dövlət prokuroru tərəfindən göstərilmiş qanun pozuntularını qiymətləndirir.
..."
Maddə 422
"2) Qanunçuluğun qorunması üçün vəsatət təqsirləndirilən şəxsin ziyanına olaraq verildikdə və [Ali] Məhkəmə vəsatətin əsaslı olduğunu müəyyən etdikdə, o, yekun qərarı dəyişmədən sadəcə olaraq qanun pozuntusunun baş verdiyini göstərir".
28. Cinayət Məcəlləsinə əsasən (Kazeni zakon, Rəsmi bülleten № 53/1991, 39/1992 və 91/1992), əmələ görə şəxsin məsuliyyət daşımaması (neubrojivost), hüquqi məsələlər və ya faktlar barəsində səhvə yol verilməsi şəxsin təqsirini istisna edən hallardır.
29. 24 sentyabr 1996-cı il tarixli "Ümumi amnistiya aktı"nın (Rəsmi bülleten № 80/1996, Zakon o općem oprostu) müvafiq hissəsində deyilir:
Maddə 1
"Bu Akt Xorvatiya Respublikasında təcavüz, silahlı qiyam və silahlı münaqişələr zamanı və onlarla əlaqədar törədilmiş cinayət əməllərini törədənləri cinayət təqibindən və məhkəmə araşdırmasından azad edən ümumi amnistiya nəzərdə tutur.
Bu amnistiya bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət əməllərini törədənlər barəsindəki yekun məhkəmə qərarlarının icrasına şamil olunmur.
Şəxsi cinayət təqibindən və məhkəmə araşdırmasından azad edən amnistiya yalnız 17 avqust 1990-cı ildən 23 avqust 1996-cı ilədək törədilmiş cinayət əməllərinə aiddir".
Maddə 2
"Bu Aktın 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törədənlərə qarşı heç bir cinayət təqibi və ya məhkəmə prosesi həyata keçirilmir.
Cinayət təqibi başlanıbsa, ona xitam verilir, məhkəmə prosesi aparılırsa, məhkəmə öz təşəbbüsü ilə prosesə xitam verilməsi barədə qərar qəbul edir.
Bu maddənin 1-ci hissəsi əsasında amnistiya verilən şəxs həbsdədirsə, azad edilir".
Maddə 3
"Humanitar hüququn kobud pozuntusu olan, hərbi cinayət xarakteri daşıyan əməlləri, yəni Xorvatiya Respublikasının Əsas Cinayət Məcəlləsinin (Rəsmi bülleten № 31/1993 (birləşdirilmiş mətn), 35/1993, 108/1995, 16/1996 və 28/1996) 119-cu maddəsində nəzərdə tutulmuş soyqırım cinayətini; 120-ci maddəsində nəzərdə tutulmuş mülki əhaliyə qarşı hərbi cinayətləri; 121-ci maddəsində nəzərdə tutulmuş yaralılara və xəstələrə qarşı hərbi cinayətləri; 122-ci maddəsində nəzərdə tutulmuş hərbi əsirlərə qarşı hərbi cinayətləri; 123-cü maddəsində nəzərdə tutulmuş soyqırım və hərbi cinayətləri [törətmək] və ya onlara köməklik etmək və şərait yaratmaq [məqsədi ilə] dəstələr təşkil etmə əməlini; 124-cü maddəsində nəzərdə tutulmuş düşməni qanunsuz olaraq qətlə yetirmə və yaralama əməlini; 125-ci maddəsində nəzərdə tutulmuş döyüş yerində ölənlərin və ya yaralıların əmlakını götürmə əməlini; 126-cı maddəsində nəzərdə tutulmuş qanunsuz döyüş vasitələrindən istifadə etmə əməlini; 127-ci maddəsində nəzərdə tutulmuş danşıqlar aparan vasitəçilərə qarşı cinayətləri; 128-ci maddəsində nəzərdə tutulmuş yaralılarla, xəstələrlə və hərbi əsirlərlə qəddar rəftar etmə əməlini; 129-cu maddəsində nəzərdə tutulmuş hərbi əsirlərin repatriasiyasını əsassız olaraq gecikdirmə əməlini; 130-cu maddəsində nəzərdə tutulmuş mədəni və tarixi irsi məhv etmə əməlini; 131-ci maddəsində nəzərdə tutulmuş təcavüzkar müharibəyə təhrik etmə əməlini; 132-ci maddəsində nəzərdə tutulmuş beynəlxalq rəmzlərdən sui-istifadə etmə əməlini; 133-cü maddəsində nəzərdə tutulmuş irqi və digər ayrı-seçkilik əməlini; 134-cü maddəsində nəzərdə tutulmuş köləliyi bərqərar etmə və kölələri daşıma əməlini; 135-ci maddəsində nəzərdə tutulmuş beynəxalq terrorçuluq əməlini; 136-cı maddəsində nəzərdə tutulmuş beynəlxalq müdafiə altında olan şəxsləri təhlükə altında qoyma əməlini; 137-ci maddəsində nəzərdə tutulmuş insanları girov götürmə əməlini; və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş terrorizm cinayətini törədənlərə bu Aktın 1-ci maddəsi əsasında amnistiya verilmir.
"Xorvatiya Respublikasının Əsas Cinayət Məcəlləsində (Rəsmi bülleten № 31/1993 (birləşdirilmiş mətn), 35/1993, 108/1995, 16/1996 və 28/1996) və Xorvatiya Respublikasının Cinayət Məcəlləsində (Rəsmi bülleten № 32/1993 (birləşdirilmiş mətn), 38/1993, 28/1996 və 30/1996) nəzərdə tutulmuş cinayət əməlləri Xorvatiya Respublikasında təcavüz, silahlı qiyam və ya silahlı münaqişələr zamanı törədilməyibsə və təcavüz, silahlı qiyam və ya silahlı münaqişələrlə əlaqədar deyilsə, həmin əməlləri törədənlərə amnistiya verilmir.
..."
Maddə 4
"Məhkəmə cinayət əməlinə dövlət prokuroru tərəfindən verilmiş hüquqi tövsifi əsas götürərək bu Aktın şamil olunduğu cinayət əməlini törətmiş şəxsin xeyrinə amnistiya veribsə, dövlət prokuroru bu Aktın 2-ci maddəsinə əsasən məhkəmə qərarından şikayət verə bilməz".
B. Müvafiq praktika
1. Konstitusiya Məhkəməsinin praktikası
30. Konstitusiya Məhkəməsinin 26 noyabr 2008-ci il tarixli U-III/543/1999 saylı qərarının bu iş üçün əhəmiyyətli olan hissəsində deyilir:
"6. Konstitusiya Məhkəməsinin qarşısında qoyulan sual ondan ibarətdir ki, ikinci məhkəmə araşdırması "Ümumi amnistiya aktı"nın şamil olunduğu cinayət əməli təşkil edən hadisə ilə əlaqədar idimi və beləliklə, məhkəmə prosesi eyni "cinayət əməlinə" aid idimi, yəni Konstitusiyanın 31-ci maddəsinin 2-ci bəndinə əsasən yeni, ayrıca və əvvəlki proseslə əlaqəli olmayan məhkəmə prosesinə başlamağı mümkünsüz edən belə bir hal var idimi? Bu cür məhkəmə prosesi hüquqi müəyyənlik [prinsipini] pozmuş olardı və yalnız bir cinayət sanksiyasının tətbiq edilməli olduğu eyni hərəkətə çoxsaylı sanksiyalar tətbiq etməyə imkan verərdi. Bu suala cavab verərkən Konstitusiya Məhkəməsi iki məsələni araşdırmalıdır: a) birinci və ikinci məhkəmə proseslərində şikayətçinin ittiham olunduğu cinayət əməllərini təşkil edən hadisələrin təsviri arasında oxşarlıq varmı – bunda məqsəd amnistiyanın tətbiqi barədə qərarın və sonrakı məhkəmə prosesində çıxarılmış yekun ittiham hökmünün eyni məsələyə, yəni "kəmiyyətcə eyni cinayətlərə" (onların eyni tarixi hadisələrə aid olub-olmamasından asılı olmayaraq) aid olub-olmadığını yoxlamaqdır; və daha sonra ... b) araşdırılan iş elə bir situasiya ilə əlaqədardırmı ki, bu zaman (amnistiyanı tətbiq edən) məhkəmələrin ilk qərarlarında artıq öz əksini tapmış faktlarla bağlı yeni ittihamlar irəli sürmək mümkün deyil, amma Konstitusiyanın 31-ci maddəsinin 3-cü bəndinə əsasən müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəmə prosesinin təzələnməsi üçün müraciət etmək mümkündür? "Cinayət təqibini istisna edən amnistiyanın, əfv fərmanının, qanunvericilikdə qoyulan məhdudiyyətin və ya digər halların ittihamları rədd edən yekun hökmdə göstərilmiş cinayət əməlinə şamil olunmadığı müəyyən edilibsə", o halda Cinayət Prosessual Məcəlləsinin 406-cı maddəsinin 1.5-ci bəndi ittihamları rədd etmiş yekun məhkəmə hökmü əsasında xitam verilən məhkəmə prosesinin təzələnməsinə icazə verir.
6.1. Konstitusiya Məhkəməsi cinayət əməllərini təşkil edən hadisələrin təsviri arasında oxşarlığı yalnız normativ-hüquqi standartlara istinad etməklə araşdıra bilər. Bu zaman aşağı məhkəmələr kimi o da cinayət əməlinin hüquqi tövsifindən asılı olmayaraq cinayət tərkibi elementlərini nəzərə almalıdır. Belovar hərbi məhkəməsinin (iş № K-85/95-24) və Ali Məhkəmənin (iş № I-Kž-257/96) qərarlarında, habelə barəsində şikayət verilmiş Sisak dairə məhkəməsinin (iş № K-108/97) və Ali Məhkəmənin (iş № I-Kž-211/1998-3) qərarlarında yer alan ittihamların əsasını təşkil edən hadisələrin təsviri, şübhəsiz ki, ittihamların eyni hadisələrə aid olduğunu düşünməyə əsas verir, sadəcə olaraq onlara verilən hüquqi tövsiflər fərqlidir. Bütün əhəmiyyətli faktlar Belovar hərbi məhkəməsi tərəfindən müəyyən edilib (sonda həmin məhkəmə işə xitam verib) və Sisak dairə məhkəməsindəki sonrakı prosesdə heç bir yeni fakt aşkar edilməyib. İttihamların təsvirindəki yeganə fərq cinayət əməllərinin törədildiyi vaxtlarda idi, bu isə belə düşünməyə əsas verir ki, hadisələr fərqli deyildi, sadəcə məhkəmələr cinayət əməllərinin dəqiq vaxtlarını müəyyənləşdirə bilməmişdilər. Hadisələrin eyni xarakterli olmasına gəlincə, onu da qeyd etmək əhəmiyyətlidir ki, barəsində şikayət verilmiş qərarında Ali Məhkəmə hadisələrin eyni olduğunu vurğulayıb, buna görə də məsələnin bu aspekti ilə bağlı heç bir şübhə yoxdur.
6.2. Barəsində şikayət verilmiş qərarında Ali Məhkəmə bildirib ki, sözügedən davranış nəinki Xorvatiya Respublikasının Cinayət Məcəlləsinin 235-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş silahlı qiyam cinayətini təşkil edirdi (bu cinayətlə bağlı ittihamaları rədd edən hökm çıxarılıb), həm də Xorvatiya Respublikasının Əsas Cinayət Məcəlləsinin 120-ci maddəsinin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş mülki əhaliyə qarşı hərbi cinayət idi (sonradan [şikayətçi] bu cinayətə görə məhkum olunub). Ali Məhkəmənin bu əsaslandırmasından belə nəticə çıxır ki, eyni davranış iki cinayət əməlinin elementlərini təşkil edirdi və situasiya elə idi ki, ayrıca bir hərəkət müxtəlif cinayət əməllərini təşkil edirdi.
6.3. Konstitusiya Məhkəməsi hesab edir ki, barəsində şikayət verilmiş qərarında Ali Məhkəmə bu rəyində səhvə yol verib ki, bir cinayət əməlini təşkil edən ayrıca hərəkət barəsində yekun qərar qəbul edildikdən sonra eyni şəxs başqa bir cinayət əməlini təşkil edən eyni hərəkətə görə yeni məhkəmə prosesinə cəlb oluna bilər. Cinayət Prosessual Məcəlləsinin 336-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət əməlinə prokurorun verdiyi tövsif məhkəmə üçün məcburi qüvvəyə malik deyil. Belovar hərbi məhkəməsi ittihamların kökündə duran faktların Xorvatiya Respublikasının Əsas Cinayət Məcəlləsinin 120-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş mülki əhaliyə qarşı hərbi cinayət təşkil etdiyini hesab edirdisə, iş üzrə qərar çxıarmaq səlahiyyətinə malik olmadığı qənaətinə gəlməli (çünki o, hərbi cinayətləri araşdırmaq səlahiyyətinə malik deyildi) və işi səlahiyyətli məhkəməyə göndərməli idi, həmin məhkəmə isə [şikayətçini] mülki əhaliyə qarşı törədilən və amnistiyanın şamil olunmadığı hərbi cinayətlərə görə məhkum edə bilərdi. Belovar hərbi məhkəməsi belə hərəkət etmədiyinə və onun qərarı yekun qərar olduğuna görə belə nəticə çıxır ki, ittihamların rədd edilməsi barədə qərar res judicata ("bir dəfə həll olunmuş işə yenidən baxılması") anlamına gəlir. Bu halda, birinci hökmün nəticə hissəsinin əməlin "mahiyyətinə" aid olub-olmamasından asılı olmayaraq, sonradan məhkum edilmə "ne bis in idem" ("eyni cinayətə görə iki dəfə məsuliyyətə cəlb edilmənin yolverilməzliyi") adlanan qaydanın pozuntusudur və bəzən həmin hissə sadəcə olaraq təqsirləndirilən şəxsin cinayət əməlini törədib-törətməməsi məsələsinin həlli kimi başa düşülür. Bəraət hökmü ilə ittihamları rədd edən hökm arasında formal fərq "“kəmiyyətcə eyni cinayət” ilə əlaqədar olaraq əvvəlki prosesə aidiyyəti olmayan yeni məhkəmə prosesinə başlamaq olarmı" sualının cavablandırılması üçün yeganə meyar ola bilməz: həmin fərq ittihamları rədd edən hökmdə yer alsa belə, amnistiyanın tətbiqi barədə qərar hüquqi baxımdan yeni bəraət hökmü ilə eyni hüquqi nəticələr doğurur və hər iki hökmdə işin faktları sübuta yetirilməmiş qalır.
6.4. Buna görə də Konstitusiya Məhkəməsi Ali Məhkəmənin 1 aprel 1999-cu il tarixli I Kž-211/1998-3 saylı qərarında yer alan belə bir əsaslandırmanı qəbul edə bilməz ki, silahlı qiyam cinayəti ilə bağlı aparılan və eyni hadisə ilə əlaqədar olan məhkəmə işinə xitam verilməsi barədə qərar və ya qərardad sonradan mülki əhaliyə qarşı hərbi cinayətlərə görə cinayət təqibinə məruz qalma və məhkum edilmə ehtimalını istisna etmir, ona görə ki, sonuncu cinayət əməli təkcə Xorvatiya Respublikasının dəyərlərinə qarşı deyil, həm də bütövlükdə bəşəriyyətə və beynəlxalq hüquqa qarşı təhlükə yaradır. İstənilən halda, Ali Məhkəmə sonradan 18 sentyabr 2002-ci il tarixli I Kž-8/00-3 saylı qərarında bu mövqeyindən kənarlaşaraq bu qənaətə gəlib ki, ittihamları rədd edən hökm, "heç şübhəsiz ki, zaman, yer və törədilmə üsulu baxımından eyni hadisəyə aiddir; sadəcə olaraq barəsində şikayət verilmiş hökmdə hadisəyə verilən tövsif Zaqreb hərbi məhkəməsinin qərarındakı tövsifdən fərqli olub". O həm də aşağıdakıları bildirib: "Hazırkı işdə olduğu kimi, Xorvatiya Respublikasının Cinayət Məcəlləsinin 244-cü maddəsinin 2-ci bəndi əsasında cinayət əməli üzrə cinayət işinə xitam verilibsə və törədilmiş hərəkətlər, ... barəsində şikayət verilən hökmdə [təqsirləndirilən şəxsin] təqsirkar sayıldığı hərəkətlərlə eynidirsə, ... Konstitusiyanın 32-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "ne bis in idem" ("eyni cinayətə görə iki dəfə məsuliyyətə cəlb edilmənin yolverilməzliyi") prinsipinə əsasən yeni cinayət işi başlana bilməz, çünki bu məsələ barəsində artıq məhkəmə qərarı çıxarılıb".
..."
31. Konstitusiya Məhkəməsinin 14 mart 2001-ci il tarixli U-III-791/1997 saylı qərarında təqsirləndirilən şəxsə qarşı cinayət işinə "Ümumi amnistiya aktı" əsasında xitam verildiyi situasiya öz əksini tapıb. Qərarın müvafiq hissələrində deyilir:
"16. Cinayət əməlinə görə "artıq qanuna müvafiq olaraq yekun qərarla bəraət almış və ya məhkum olunmuş" təqsirləndirilən şəxsin həmin əmələ görə yenidən məhkəməyə cəlb olunması ehtimalını istisna edən Konstitusiya norması yalnız o halı nəzərdə tutur ki, bu zaman hökm təqsirləndirilən şəxsin bəraət aldığı və ya ittiham aktında ona qarşı irəli sürülmüş ittihamlarda təqsirkar hesab edildiyi cinayət prosesi çərçivəsində qəbul edilmiş olur.
...
19. Təqsirləndirilən şəxsə prosesin yekununda bəraət verməyən, amma cinayət işinə xitam verən qərar yenidən məhkəməyə cəlb olunmanın və ya cəzalandırılmanın qadağan edilməsinə dair konstitusiya normalarının tətbiqi üçün əsas təşkil edə bilməz..."
2. Ali Məhkəmənin praktikası
32. 11 dekabr 2001-ci il tarixli I Kž-533/00-3 saylı qərarın müvafiq hissəsində deyilir:
"Cinayət Prosessual Məcəlləsinin 336-cı maddəsinin 2-ci bəndinə əsasən, prokurorun cinayət əməlinə verdiyi hüquqi tövsif məhkəmə üçün məcburi qüvvəyə malik deyil və buna görə də məhkəmə fərqli cinayət əməlinin törədildiyi barədə qərar vermək, yəni [təqsirləndirilən şəxs] üçün daha əlverişli olan qərar çıxarmaq səlahiyyətinə malikdir..."
33. 12 oktyabr 2005-ci il tarixli I Kž-257/02-5 saylı qərarın müvafiq hissəsində deyilir:
"Cinayət Prosessual Məcəlləsinin 336-cı maddəsinin 2-ci bəndinə əsasən, prokurorun cinayət əməlinə verdiyi hüquqi tövsifin məhkəmə üçün məcburi qüvvəyə malik olmadığını və ittiham aktında göstərilmiş maliyyə işlərində səlahiyyətdən sui-istifadəyə təhrik etmə cinayətinə görə Cinayət Məcəlləsinin 292-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş mümkün cəzanın Cinayət Məcəlləsinin 337-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş cinayət əməlinə görə mümkün cəzadan daha yüngül olduğunu nəzərə alsaq, birinci instansiya məhkəməsi sözügedən hərəkətləri Cinayət Məcəlləsinin 292-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş cinayət əməli kimi tövsif etmək səlahiyyətinə malikdir..."
34. 27 oktyabr 2010-cu il tarixli I Kž-657/10-3 saylı qərarın müvafiq hissəsində deyilir:
"Baxmayaraq ki, birinci instansiya məhkəməsi prokurorun cinayət əməlinə verdiyi hüquqi tövsifin məhkəmə üçün məcburi qüvvəyə malik olmadığını bildirməkdə haqlı idi, o, ittiham aktındakı ittihamların hüdudlarını aşmışdı, belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsi bir cinayət əvəzinə iki cinayət əməlinə görə məhkum etməklə onu daha əlverişsiz vəziyyətə salmış olub..."
III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ MATERİALLARI
A. Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il tarixli Vyana Konvensiyası
35. Beynəlxalq müqavilələr hüququ haqqında 23 may 1969-cu il tarixli Vyana Konvensiyasının ("Vyana Konvensiyası") müvafiq hissəsində deyilir:
3-cü bölmə. Müqavilələrin şərhi
Maddə 31
Şərhetmənin ümumi qaydası
"1. Müqavilə onun terminlərinə onların kontekstində verilməli olan adi mənaya və müqavilənin obyektinə və məqsədinə uyğun surətdə vicdanla şərh olunmalıdır.
2. Müqavilənin şərhinin məqsədləri üçün "kontekst", mətn ilə yanaşı, preambula və əlavələr də daxil olmaqla aşağıdakıları əhatə edir:
a) müqaviləyə aid olan, müqavilənin bağlanması ilə əlaqədar olaraq bütün iştirakçılar arasında əldə edilmiş olan istənilən sazişi;
b) müqavilənin bağlanması ilə əlaqədar olaraq bir və ya bir neçə iştirakçı tərəfindən tərtib edilmiş və digər iştirakçılar tərəfindən müqaviləyə aid sənəd qismində qəbul edilmiş istənilən sənədi.
3. Kontekstlə birlikdə aşağıdakılar nəzərə alınır:
a) iştirakçılar arasında müqavilənin şərhinə və ya onun müddəalarının tətbiqinə dair istənilən sonrakı saziş;
b) müqavilənin tətbiqinə yönələn, iştirakçılar arasında müqavilənin şərhinə dair sazişi gerçəkləşdirən istənilən sonrakı praktika;
c) tərəflər arasındakı münasibətlərə tətbiq edilən beynəlxalq hüququn istənilən müvafiq normaları.
4. Tərəflərin terminə xüsusi məna vermək niyyətində olduqları müəyyən edilərsə, ona xüsusi məna verilir.
Maddə 32
Şərhetmənin əlavə vasitələri
"31-ci maddənin tətbiqindən irəli gələn mənanı təsdiq etmək üçün, yaxud da 31-ci maddəyə uyğun şərh:
a) ikimənalıdırsa və ya aydın deyilsə; yaxud
b) açıq-aşkar absurd və ya məntiqsiz nəticəyə gətirib çıxarısa,
mənanı müəyyən etmək üçün şərhetmənin əlavə vasitələrinə, o cümlədən müqavilənin hazırlanması işlərinə və bağlanma şəraitinə müraciət etmək olar".
Maddə 33
Mətninin autentikliyi iki və ya daha artıq dildə müəyyən edilmiş olan müqavilələrin şərhi
"1. Müqavilənin mətninin autentikliyi iki və ya daha artıq dildə müəyyən edildiyi halda, mətnlərdən müəyyən birinin üstün tutulacağı müqavilədə nəzərdə tutulmayıbsa və ya iştirakçılar tərəfindən razılaşdırılmayıbsa, onun hər bir dildəki mətni eyni qüvvəyə malikdir.
2. Müqavilənin mətninin autentik dildən fərqli olan dildəki variantı yalnız o halda autentik sayılır ki, bu, müqavilədə nəzərdə tutulmuş olsun və ya iştirakçılar tərəfindən razılaşdırılmış olsun.
3. Belə ehtimal olunur ki, hər bir autentik mətndə müqavilənin terminləri eyni mənanı daşıyır.
4. 1-ci bəndə uyğun olaraq mətnlərdən müəyyən birinin üstün tutulduğu hallar istisna olmaqla, autentik mətnlərin müqayisəsi zamanı 31-ci və 32-ci maddələri tətbiq etməklə aradan qaldırılması mümkün olmayan məna fərqləri aşkar edilərsə, müqavilənin obyekt və məqsədləri nəzərə alınmaqla mətnləri bir-birinə daha çox uzlaşdıran məna qəbul edilir".
B. Silahlı münaqişələrin qurbanlarının müdafiəsi üçün qəbul edilmiş 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onlara əlavə olunmuş Protokollar
36. 1949-cu il tarixli Cenevrə Konvensiyalarının hamısı üçün ümumi olan 3-cü maddənin müvafiq hissəsində deyilir:
Maddə 3
"Razılığa gələn Yüksək Tərəflərdən birinin ərazisində beynəlxalq xarakter daşımayan münaqişə baş verdiyi halda münaqişədə olan tərəflərdən hər biri ən azı aşağıdakı müddəaları tətbiq etməyə borcludur:
1) Hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslərlə, o cümlədən silahlı qüvvələrin silahı yerə qoymuş üzvləri ilə, habelə xəstəlik, yaralanma, tutulma səbəbindən və ya hər hansı digər səbəbdən hərbi əməliyyatlarda iştirakını dayandıranlarla irqinə, dərisinin rənginə, dininə və ya əqidəsinə, cinsinə, mənşəyinə və ya əmlak vəziyyətinə görə, yaxud hər hansı digər analoji meyarlara görə hər hansı ayrı-seçkilik qoyulmadan humanistcəsinə rəftar edilməlidir.
Bu məqsədlə yuxarıda göstərilən şəxslər barəsində aşağıdakı hərəkətlər qadağandır və bu qadağa hər zaman və hər yerdə qüvvədədir:
a) şəxsin həyatına və fiziki toxunulmazlığına qəsd etmə, xüsusən bütün növ qətllər, şikəst etmə, qəddar rəftar və işgəncə;
b) girov götürmə;
c) insan ləyaqətinə qəsd etmə, xüsusən alçaldıcı və təhqiramiz rəftar;
d) lazımi qaydada təsis edilən, sivil xalqların zəruri saydıqları məhkəmə təminatlarını həyata keçirən məhkəmə tərəfindən öncə çıxarılmış məhkəmə qərarı olmadan məhkum etmə və cəzaları icra etmə.
..."
37. "Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" (I) Konvensiyanın (Cenevrə, 12 avqust 1949-cu il; bundan sonra "Birinci Cenevrə Konvensiyası" adlandırılacaq) müvafiq hissələrində deyilir:
IX fəsil. Sui-istifadə hallarının və hüquq pozuntularının qarşısının alınması
Maddə 49
"Razılığa gələn Yüksək Tərəflər bu Konvensiyanın sonrakı maddədə göstərilən hər hansı ciddi pozuntularını törətmiş və ya törədilməsi barədə əmr vermiş şəxslərə səmərəli cinayət cəzalarının tətbiqini təmin etmək üçün zəruri olan qanunvericiliyi qəbul etməyi öhdələrinə götürürlər.
Razılığa gələn Yüksək Tərəflərin hər biri həmin ciddi pozuntuları törətməkdə və ya törədilməsi barədə əmr verməkdə təqsirləndirilən şəxsləri axtarmağı və vətəndaşlıqlarından asılı olmayaraq öz məhkəmələri qarşısına çıxarmağı öhdəsinə götürür. O həm də, əgər istəyərsə, öz qanunvericiliyinin müddəalarına uyğun olaraq həmin şəxsləri məhkəmə araşdırması üçün digər Yüksək Müqavilə Tərəfinə verə bilər, bu şərtlə ki, həmin Razılığa gələn Yüksək Tərəf bu şəxslərin təqsirləndirilməsi üçün sübuta malik olsun.
..."
Maddə 50
"Əvvəlki maddədə qeyd edilən ciddi pozuntulara aşağıdakı hərəkətlərdən hər hansı biri ilə əlaqədar olan pozuntular aiddir, bu şərtlə ki, həmin hərəkətlər bu Konvensiya ilə müdafiə edilən şəxslərə və ya əmlaka qarşı yönəlmiş olmalıdır: bilərəkdən qətl törətmə, işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər, bilərəkdən ağır əzab və ya ciddi xəsarət yetirmə, sağlamlığa ziyan vurma, əmlakın qanunsuz, özbaşına və iri miqyasda həyata keçirilən və hərbi zərurətdən irəli gəlməyən məhvi və mənimsənilməsi.
38. "Dənizdə silahlı qüvvələrin üzvü olan xəstələrin, yaralıların, gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında" (II) Konvensiyanın (Cenevrə, 12 avqust 1949-cu il; bundan sonra "İkinci Cenevrə Konvensiyası" adlandırılacaq) 50-ci və 51-ci maddələrinin mətni Birinci Cenevrə Konvensiyasının 49-cu və 50-ci maddələrinin mətni ilə eynidir.
39. "Hərbi əsirlərlə rəftar haqqında" (III) Konvensiyanın (Cenevrə, 12 avqust 1949-cu il; bundan sonra "Üçüncü Cenevrə Konvensiyası" adlandırılacaq) 129-cu və 130-cu maddələrinin mətni Birinci Cenevrə Konvensiyasının 49-cu və 50-ci maddələrinin mətni ilə eynidir.
40. "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" (IV) Konvensiyanın (Cenevrə, 12 avqust 1949-cu il; bundan sonra "Dördüncü Cenevrə Konvensiyası" adlandırılacaq) 146-cı və 147-ci maddələrinin mətni Birinci Cenevrə Konvensiyasının 49-cu və 50-ci maddələrinin mətni ilə eynidir.
41. Cenevrə Konvensiyalarına əlavə olunmuş "Beynəlxalq xarakter daşımayan silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair" (II) Protokolun (Cenevrə, 8 iyun 1977-ci il) müvafiq hisəssində deyilir:
Maddə 4
"1. Hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən və ya iştiraklarını dayandırmış bütün şəxslər, azadlıqlarının məhdudlaşdırılmasından və ya məhdudlaşdırılmamasından asılı olmayaraq, şəxsiyyətinə, şərəfinə, əqidəsinə və dini ayinlərinə hörmət hüququna malikdirlər. Bütün hallarda onlarla hər hansı əlverişsiz fərq qoyulmadan humanistcəsinə rəftar edilməlidir. Heç kimi sağ qoymamaq barədə əmr vermək qadağandır.
2. Yuxarıda qeyd edilən ümumi müddəalara xələl gətirməməklə, 1-ci bənddə göstərtilən şəxslər barəsində aşağıdakı hərəkətlər qadağandır və bu qadağa hər zaman və hər yerdə qüvvədədir:
a) şəxsin həyatına, sağlamlığına, fiziki və ya psixi durumuna qəsd etmə, xüsusən qətl törətmə, habelə işgəncə vermə kimi qəddar rəftar, şikəst etmə və ya istənilən formada bədən cəzaları; ..."
Maddə 6
"...
5. Hərbi əməliyyatlar bitdikdən sonra hakimiyyətdə olan orqanlar silahlı münaqişədə iştirak etmiş şəxslərə, yaxud əsir saxlanılmasından və ya həbs edilməsindən asılı olmayaraq azadlıqdan məhrum edilmiş şəxslərə mümkün qədər geniş amnistiya verməyə çalışmalıdırlar".
Maddə 13
"1. Mülki əhali və ayrı-ayrı mülki şəxslər hərbi əməliyyatlarla bağlı yaranan təhlükələrə qarşı ümumi müdafiə ilə təmin olunurlar. Bu müdafiənin həyata keçirilməsi üçün bütün hallarda aşağıdakı qaydalara əməl olunur.
2. Bütövlükdə mülki əhali, habelə ayrı-ayrı mülki şəxslər hücum obyekti olmamalıdırlar. Zorakılıq aktları və ya mülki əhali arasında qorxu yaymaq məqsədi daşıyan zorakılıqla hədələmə qadağandır.
3. Hərbi əməliyyatlarda iştirak etdikləri hallar və müddətlər istisna olmaqla, mülki şəxslər bu hissədə nəzərdə tutulmuş müdafiə ilə təmin olunurlar.
C. Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya[2]
42. Bu Konvensiyanın müvafiq hissələrində deyilir:
Maddə 1
"Razılığa gələn Tərəflər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımın beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edir və onun qarşısını almaq və onun törədilməsinə görə cəzalandırmaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər".
Maddə 4
"Soyqırımı, yaxud 3-cü maddədə sadalanan əməllərdən hər hansı birini törətmiş şəxslər konstitusiyaya görə rəhbər şəxs, vəzifəli şəxs, yaxud adi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdırlar".
Maddə 5
"Razılığa gələn Tərəflər bu Konvensiyanın müddəalarının qüvvəyə minməsi üçün, öz konstitusiya prosedurlarına müvafiq olaraq, lazımi qanunvericilik qəbul etməyi, konkret olaraq, soyqırımı, yaxud 3-cü maddədə sadalanan əməlləri törətməkdə təqsirkar olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər nəzərdə tutmağı öhdələrinə götürürlər".
D. Hərbi cinayətlərə və bəşəriyyət əleyhinə cinayətlərə iddia müddətinin tətbiq edilməməsi haqqnda Konvensiya[3]
43. Bu Konvensiyanın müvafiq hissəsində deyilir:
Maddə 1
"Törədildikləri vaxtdan asılı olmayaraq aşağıdakı cinayətlərə heç bir iddia müddəti tətbiq edilmir:
a) anlayışı Nürnberq beynəlxalq hərbi tribunalının 8 avqust 1945-ci il tarixli Nizamnaməsində verilən və Birləşmiş Millətlər Təşkilatının 13 fevral 1946-cı il tarixli 3 (1) saylı və 11 dekabr 1946-cı il tarixli 95 (I) saylı qətnamələri ilə təsdiq edilən hərbi cinayətlər, xüsusən müharibə qurbanlarının müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarında sadalanan "ciddi pozuntular";
b) anlayışı Nürnberq beynəlxalq hərbi tribunalının 8 avqust 1945-ci il tarixli Nizamnaməsində verilən və Birləşmiş Millətlər Təşkilatının 13 fevral 1946-cı il tarixli 3 (1) saylı və 11 dekabr 1946-cı il tarixli 95 (I) saylı qətnamələri ilə təsdiq edilən bəşəriyyət əleyhinə cinayətlər (müharibə və ya sülh dövründə törədilməsindən asılı olmayaraq), aparteid siyasətinin nəticəsi olan silahlı hücum və ya işğal və qeyri-insani hərəkətlər nəticəsində didərgin salınma, habelə "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" 1948-ci il tarixli Konvensiyada anlayışı verilmiş soyqırım cinayəti (hətta bu hərəkətlər ərazisində törədildikləri ölkənin daxili qanunvericiliyinin pozuntusunu təşkil etməsə belə)".
Maddə 2
"1-ci maddədə qeyd edilən cinayətlərdən hər hansı biri törədildiyi təqdirdə bu Konvensiyanın müddəaları bu cinayətlərin icraçısı və ya iştirakçısı qismində hərəkət edən və ya bilavasitə digər şəxsləri belə cinayətləri törətməyə təhrik edən, yaxud nə dərəcədə başa çatdırılmasından asılı olmayaraq onların törədilməsi üçün sövdələşmədə iştirak edən dövlət hakimiyyəti orqanlarının nümayəndələrinə və fiziki şəxslərə, habelə onların törədilməsinə imkan verən dövlət hakimiyyəti orqanlarının nümayəndələrinə tətbiq edilir.
Maddə 3
"Bu Konvensiyanın iştirakçısı olan dövlətlər beynəlxalq hüquqa uyğun olaraq bu Konvensiyanın 2-ci maddəsində göstərilən şəxslərin təhvil verilməsi üçün şərait yaradılmasına yönələn qanunverici və digər xarakterli bütün zəruri ölkədaxili tədbirləri görməyi öhdələrinə götürürlər".
Maddə 4
"Bu Konvensiyanın iştirakçısı olan dövlətlər qanunla və ya digər yolla müəyyən edilmiş iddia müddətlərinin bu Konvensiyanın 1-ci və 2-ci maddələrində qeyd edilən cinayətlərin məhkəmə təqibinə və cəzalandırılmasına tətbiq edilməməsini və belə müddətlər mövcud olduğu hallarda onların ləğv edilməsini təmin etmək üçün zəruri olan istənilən qanunverici və digər xarakterli tədbirləri özlərinin müvafiq konstitusiya prosedurlarına uyğun olaraq görməyi öhdələrinə götürürlər".
E. Beynəlxalq Cinayət Məhkəməsinin Statutu
44. Statutun 20-ci maddəsində deyilir:
Ne bis in idem ("eyni əmələ görə iki dəfə cəzalandırılmamaq")
"1. Bu Statutda nəzərdə tutulan hallar istisna olmaqla, heç kəs cinayət tərkibi təşkil edən, törədilməsi ilə bağlı [bu] Məhkəmə tərəfindən məhkum olunduğu və ya bəraət aldığı əmələ görə [bu] Məhkəmə tərəfindən məhkəmə araşdırmasına məruz qala bilməz.
2. Heç kəs [bu] Məhkəmə tərəfindən məhkum olunduğu və ya bəraət aldığı 5-ci maddədə qeyd edilən cinayətə görə başqa məhkəmə tərəfindən məhkəmə araşdırmasına məruz qala bilməz.
3. Həmçinin 6, 7 və 8-ci maddələrdə qeyd edilən əmələ görə başqa məhkəmə tərəfindən məhkəmə araşdırmasına məruz qalmış heç bir şəxs həmin əmələ görə [bu] Məhkəmə tərəfindən məhkəmə araşdırmasına məruz qala bilməz, bu şərtlə ki, başqa məhkəmədəki araşdırma:
a) müvafiq şəxsi [bu] Məhkəmənin yurisdiksiyasına aid olan cinayətlərə görə cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşımamalı; yaxud
b) beynəlxalq hüquqla tanınan müvafiq prosessual normalara uyğun olaraq hər hansı digər formada qeyri-müstəqil və ya qərəzli şəkildə aparılmamalı və müvafiq şəraitdə müvafiq şəxsi ədalət mühakiməsinə cəlb etmək məqsədinə uyğun olmayan tərzdə həyata keçirilməməlidir.
F. Beynəlxalq humanitar hüququn adi normaları
45. Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin 26-cı Beynəlxalq konfransına toplaşmış dövlətlərdən mandat alan Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 2005-ci ildə Beynəlxalq humanitar hüququn adi normalarına dair araşdırma təqdim etdi (J.-M. Henckaerts and L. Doswald-Beck (eds.), Customary International Humanitarian Law, 2 Volumes, Cambridge University Press & ICRC, 2005). Araşdırmada beynəlxalq humanitar hüququn adi normalarının siyahısı yer alıb. Beynəlxalq xarakter daşımayan silahlı münaqişələrdən bəhs edən 159-cu Qaydada deyilir:
"Hərbi əməliyyatlar bitdikdən sonra hakimiyyətdə olan orqanlar beynəlxalq xarakter daşımayan silahlı münaqişədə iştirak etmiş şəxslərə, yaxud silahlı münaqişə ilə əlaqədar səbəblərə görə azadlıqdan məhrum edilənlərə mümkün qədər geniş amnistiya verməyə çalışmalıdırlar, hərbi cinayətlərdə şübhəli bilinən, təqsirləndirilən və ya həmin cinayətlərə görə məhkum olunmuş şəxslər istisna olunur".
G. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası
Xorvatiyadakı vəziyyətə dair qətnamə, 1120 (1997), 14 iyul 1997-ci il
46. Qətnamənin müvafiq hissəsində deyilir:
"Təhlükəsizlik Şurası:
...
7. Xorvatiya Respublikasının Hökumətini Amnistiya qanununun tətbiqindəki qeyri-müəyyənlikləri aradan qaldırmağa və onu beynəlxalq normalara uyğun olaraq ədalətli və obyektiv şəkildə tətbiq etməyə, xüsusən əleyhinə kifayət qədər sübutlar olmayan bütün şəxslərə qarşı məhkəmə proseslərini başa çatdırmaq məqsədi ilə amnistiyanın şamil olunduğu cinayətlərə dair bütün araşdırmaları yekunlaşdırmağa və amnistiyanın şamil olunmadığı beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə fərdlərə qarşı irəli sürülən bütün ittihamlara Birləşmiş Millətlər Təşkilatının və yerli serblərin iştirakı ilə dərhal və hərtərəfli şəkildə yenidən baxmağı öhdəsinə götürməyə çağırır;
..."
H. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt
47. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində deyilir:
"Heç kəs işgəncələrə, yaxud qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Xüsusən heç kəs könüllü razılığı olmadan tibbi və ya elmi təcrübələrə məruz qalmamalıdır".
I. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi
1. 7-ci maddəyə dair 20 saylı Ümumi şərh (Qırx dördüncü sessiya, 1992-ci il)
48. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi 1994-cü ildə Beynəlxalq Paktın 7-ci maddəsinə dair 20 saylı Ümumi şərhində qeyd etdi ki, bəzi dövlətlər işgəncə aktlarını amnistiyaya salırlar. O, daha sonra bildirdi ki, "bir qayda olaraq, amnistiyalar dövlətlərin bu cür hərəkətləri araşdırmaq; yurisdiksiyaları daxilində fərdlərin bu cür hərəkətlərə məruz qalmamasını təmin etmək; və onların gələcəkdə baş verməməsini təmin etmək öhdəliyinə ziddir. Dövlətlər fərdləri səmərəli hüquqi müdafiə vasitələri ilə, o cümlədən kompensasiya ilə və mümkün olan dərəcədə tam bəraətlə təmin edilmək hüququndan məhrum edə bilməzlər".
2. Yekun qeydlər, Livan, 1 aprel 1997-ci il
49. 12-ci bənddə deyilir:
"12. Komitə vətəndaş müharibəsi zamanı mülki şəxslərə qarşı törətdikləri insan hüquqlarının pozuntuları ilə əlaqədar mülki və hərbi personala amnistiya verildiyini narahatlıqla qeyd edir. Bu cür geniş amnistiya keçmişdə insan hüquqlarının pozuntularını törədənlərlə bağlı lazımi araşdırmanın və cəzalandırmanın qarşısını ala bilər və demokratiyanın möhkəmləndirilməsi üçün göstərilən səylərə maneə təşkil edir".
3. Yekun qeydlər, Xorvatiya, 30 aprel 2001-ci il
50. 11-ci bənddə deyilir:
"Komitə Amnistiya qanununun doğurduğu nəticələrdən narahatdır. Baxmayaraq ki, həmin qanunda amnistiyanın hərbi cinayətlərə tətbiq edilmədiyi xüsusi olaraq qeyd olunur, "hərbi cinayətlərin" anlayışı verilmir və belə bir təhlükə var ki, qanun insan hüquqlarının ciddi pozuntularında təqsirləndirilən şəxsləri cəzasız buraxacaq tərzdə tətbiq ediləcək. Komitə təəssüflənir ki, Amnistiya qanununun məhkəmələr tərəfindən şərh və tətbiq edildiyi hallar barədə ona məlumat təqdim edilməyib.
İştirakçı dövlət praktikada Amnistiya qanununun insan hüquqlarının ciddi pozuntularında təqsirləndirilən şəxsləri cəzasız buraxacaq tərzdə tətbiq və ya istifadə edilməməsini təmin etməlidir".
4. 31 [80] saylı Ümumi şərh, "Paktın iştirakçısı olan dövlətlərin üzərinə qoyulan öhdəliyin ümumi hüquqi xarakteri", 26 may 2004-cü il
"18. 15-ci bənddə qeyd edilən araşdırma Paktdakı müəyyən hüquqların pozulduğunu aşkara çıxararsa, iştirakçı dövlətlər təqsirkarların ədalət mühakiməsinə cəlb olunmasını təmin etməlidirlər. Araşdırmanın aparılmaması kimi, belə pozuntuları törədənlərin ədalət mühakiməsinə cəlb olunmaması da Paktın ayrıca pozuntusunu təşkil edir və ayrıca pozuntusuna səbəb ola bilər. Xüsusilə bu öhdəliklər istər daxili qanunvericilikdə, istərsə də beynəlxalq hüquqda cinayət əməli kimi tanınan pozuntularla, məsələn, işgəncə və analoji qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar (maddə 7), insanların sadələşdirilmiş icraat qaydasında və özbaşına qətlə yetirilməsi (maddə 6) və zorla yoxa çıxarılması (7 və 9-cu maddələr və bir çox hallarda 6-cı maddə) ilə əlaqədar olaraq yaranır. Həqiqətən Komitənin davamlı narahatlıq keçirdiyi məsələ olaraq qalan bu pozuntuların cəzasız qalması problemi pozuntuların təkrarən baş verməsinə şərait yaradan mühüm element ola bilər. Mülki əhaliyə qarşı geniş miqyaslı və sistematik hücumların tərkib hissəsi qismində törədildikləri təqdirdə Paktın bu pozuntuları bəşəriyyət əleyhinə cinayətlərdir (bax: Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu, maddə 7). Müvafiq olaraq, rəsmi şəxslər və ya dövlət nümayəndələri Paktda yer alan və bu bənddə nəzərdə tutulan hüquqların pozuntularını törətdikləri təqdirdə müvafiq iştirakçı dövlətlər hüquqpozanları fərdi məsuliyyətdən azad edə bilməzlər, halbuki müəyyən amnistiyalar və öncədən verilmiş hüquqi immunitetlər və imtiyazlar buna yol açıb (bax: 20 (44) saylı Ümumi şərh). Bundan başqa, heç bir rəsmi status bu cür pozuntulara görə məsuliyyət daşıyan şəxslərə haqq qazandıraraq onları hüquqi məsuliyyətdən yayındıra bilməz; ..."
J. İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiya[4]
51. Bu Konvensiyanın müvafiq hissələrində deyilir:
Maddə 4
"1. Hər bir iştirakçı dövlət bütün işgəncə aktlarına öz cinayət qanunvericiliyinə uyğun olaraq cinayət əməli kimi baxılmasını təmin edir. Bu, şəxsə işgəncə vermək cəhdinə və ya hər hansı şəxsin işgəncədə birgə iştirakçılığından, yaxud sadəcə iştirakından ibarət olan hərəkətlərə də aiddir.
2. Hər bir iştirakçı dövlət bu cinayətlərin ağır xarakterini nəzərə almaqla müvafiq cəzalar müəyyən edir".
Maddə 7
"1. 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətməkdə şübhəli bilinən şəxsin yurisdiksiyasındakı ərazidə olduğu aşkar edilən iştirakçı dövlət onu 5-ci maddədə nəzərdə tutulan hallarda təhvil vermirsə, həmin işi məhkəmə təqibi üçün özünün səlahiyyətli hakimiyyət orqanlarına verir.
..."
Maddə 12
"Yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə törədildiyini güman etməyə əsaslı səbəb olan hər bir iştirakçı dövlət öz səlahiyyətli orqanlarının təcili və obyektiv araşdırma aparmalarını təmin edir".
Maddə 13
"Hər bir iştirakçı dövlət yurisdiksiyasında olan hər hansı ərazidə işgəncələrə məruz qaldığını iddia edən hər bir şəxsin bu dövlətin səlahiyyətli orqanlarına şikayət verməsi və onlar tərəfindən belə şikayətlərə təcili və obyektiv baxılması hüququnu təmin edir. Şikayətə və şahid ifadələrinə görə şikayətçi və şahidlərin pis rəftardan, yaxud hədə-qorxudan müdafiəsini təmin etmək üçün tədbirlər görülür".
Maddə 14
"1. Hər bir iştirakçı dövlət işgəncə qurbanının əvəz əldə etməsini və hüquqi sanksiya ilə möhkəmləndirilən ədalətli və adekvat kompensasiya, o cümlədən mümkün qədər daha tam reabilitasiya vasitələri əldə etməsini öz hüquq sistemində təmin edir. İşgəncə qurbanı işgəncə nəticəsində ölərsə, kompensasiya almaq hüququ onun öhdəsində olanlara verilir.
2. Bu maddədə heç nə işgəncə qurbanının və ya digər şəxslərin milli qanunvericiliyə əsasən mövcud ola bilən hər hansı kompensasiya hüququna toxunmur".
K. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyası
52. Cəzasızlıq barəsindəki qətnamələrin müvafiq hissələrində deyilir:
1. 2002/79 saylı qətnamə, 25 aprel 2002-ci il
"İnsan Hüquqları Komissiyası:
...
2. Həmçinin insan hüquqları üzrə beynəlxalq hüquq normalarının və humanitar hüququn pozuntularını törədənlərin, o cümlədən onlarla əlbir olanların məsuliyyətə cəlb olunması üçün bütün zəruri və mümkün addımların atılmasının vacibliyini vurğulayır, təsdiq edir ki, beynəlxalq humanitar hüququn və insan hüquqları üzrə beynəlxalq hüquq normalarının ciddi cinayət əməli təşkil edən pozuntularını törədənlərə amnistiya verilməməlidir və iştirakçı dövlətləri beynəlxalq hüquq üzrə öhdəliklərinə uyğun olaraq tədbir görməyə çağırır; ..."
2. 2004/72 saylı qətnamə, 21 aprel 2004-cü il
"İnsan Hüquqları Komissiyası:
...
3. Həmçinin təsdiq edir ki, insan hüquqları üzrə beynəlxalq hüquq normalarının və humanitar hüququn cinayət əməli təşkil edən pozuntularını törədənlərə amnistiya verilməməlidir, iştirakçı dövlətləri beynəlxalq hüquq üzrə öhdəliklərinə uyğun olaraq tədbir görməyə çağırır və amnistiyaların və digər immunitetlərin götürülməsini, ləğv olunmasını və ya etibarsız elan edilməsini alqışlayır..."
3. 2005/81 saylı qətnamə, 21 aprel 2005-ci il
"İnsan Hüquqları Komissiyası:
...
3. Həmçinin təsdiq edir ki, insan hüquqları üzrə beynəlxalq hüquq normalarının və humanitar hüququn cinayət əməli təşkil edən pozuntularını törədənlərə amnistiya verilməməlidir, iştirakçı dövlətləri beynəlxalq hüquq üzrə öhdəliklərinə uyğun olaraq tədbir görməyə çağırır və amnistiyaların və digər immunitetlərin götürülməsini, ləğv olunmasını və ya etibarsız elan edilməsini alqışlayır, habelə Baş katibin bu qənaətini təsdiq edir ki, Birləşmiş Millətlər Təşkilatının təsdiqlədiyi sülh sazişlərində soyqırım, bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər və ya insan hüquqlarının kobud pozuntuları ilə bağlı amnistiya heç vaxt vəd edilə bilməz.
..."
L. Avropa Parlamenti
A3-0056/93 saylı qətnamə, 12 mart 1993-cü il
53. 1991-1992-ci illər üçün dünyada insan hüquqlarına və Avropa Birliyinin insan hüquqları siyasətinə dair qətnamənin müvafiq mətnində deyilir:
"Avropa Parlamenti:
...
7. Hesab edir ki, cəzasızlıq problemi ... amnistiya, immunitet, fövqəladə yurisdiksiya formasını ala bilər və insan hüquqlarının pozuntuları ilə faktiki olaraq barışmağa gətirib çıxarmaqla və qurbanlara iztirab verməklə demokratiyanı məhdudlaşdırır;
8. Təsdiq edir ki, keçmiş Yuqoslaviyada hərbi cinayətlərə görə məsuliyyət daşıyanların cəzasız qalmasından söhbət belə getməməlidir..."
M. Birləşmiş Millətlər Təşkilatının işgəncələr üzrə xüsusi məruzəçisi
Beşinci məruzə, BMT sənədi № E/CN.4/1998/38, 24 dekabr 1997-ci il
54. 1998-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının xüsusi məruzəçisi hər hansı formada həbsə və ya azadlıqdan məhrum edilməyə, xüsusən işgəncəyə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə məruz qalmış bütün şəxslərin insan hüquqları məsələsinə dair beşinci məruzəsindəki nəticələrində və tövsiyələrində Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun layihəsi ilə bağlı bildirdi ki:
"228. Bu məsələ ilə əlaqədar olaraq, Xüsusi məruzəçi bu mülahizələrdən xəbərdardır ki, milli səviyyədə verilən amnistiyalar məhkəmənin təklif olunan yurisdiksiyasına maneə kimi tətbiq edilə bilər. O, hər hansı belə addımı təkcə nəzərdən keçirilən layihə üçün deyil, həm də ümumən beynəlxalq qanunçuluq üçün zərərli sayır. Dövlətlərə bu məhkəmənin yurisdiksiyası xaricində olan qanunvericiliyi öz vətəndaşlarına tətbiq etmək imkanının verilməsi yaradılacaq məhkəmənin məqsədinə ciddi ziyan yetirmiş olardı. Bu, beynəlxalq qanunçuluğa xələl gətirmiş olardı, çünki bu bir aksiomdur ki, dövlətlər beynəlxalq hüquq üzrə öhdəliklərindən yayınmaq üçün öz qanunvericiliklərini əsas gətirə bilməzlər. Beynəlxalq hüquq ümumən məhkəmənin statutunun layihəsində nəzərdə tutulmuş cinayət növlərinə və xüsusən işgəncələrə görə cəzalandırmanı və təqsirkarların ədalət mühakiməsinə cəlb edilməsini dövlətlərdən tələb etdiyi üçün sözügedən amnistiyalar faktiki olaraq müvafiq dövlətlərin hüqupozanları ədalət mühakiməsinə cəlb etmək öhdəliklərinin pozuntusudur..."
N. Keçmiş Yuqoslaviya üzrə beynəlxalq cinayət tribunalı (KYBCT)
55. Furunciya işi (Furundžija case) üzrə 10 dekabr 1998-ci il tarixli qərarın müvafiq hissəsində deyilir:
"155. İşgəncənin qeyd-şərtsiz beynəlxalq hüquq norması ilə qadağan edilməsi faktı dövlətlərarası və fərdi səviyyələrdə digər nəticələri doğurur. Dövlətlərarası səviyyədə o, işgəncəyə icazə verən hər hansı qanunverici, inzibati və ya məhkəmə aktının beynəlxalq miqyasda qeyri-legitim sayılmasına xidmət edir. Bir tərəfdən işgəncələrə qarşı qadağanın ümumi beynəlxalq hüquqi (jus cogens) dəyərə malik olması səbəbindən işgəncə tətbiqini nəzərdə tutan müqavilələrin və ya adət normalarının lap başlanğıcdan (ab initio) etibarsız sayılmalı olduğunu iddia etmək, sonra isə, məsələn, dövlətin işgəncə tətbiqinə icazə verən və ya onunla barışmağa yönələn milli tədbirlər görməsinə və ya onu törədənləri amnistiya qanunu əsasında bağışlamasına imkan vermək mənasız bir şey olardı. Belə vəziyyət yarandığı təqdirdə ümumi prinsipi və hər hansı müvafiq müqavilə müddəasını pozan milli tədbirlər yuxarıda müzakirə edilmiş hüquqi nəticələri doğurardı və bundan əlavə, beynəlxalq hüquq tərəfindən tanınmazdı. Potensial zərərçəkənlər milli tədbirin beynəlxalq səviyyədə qanunsuz elan olunmasını tələb etmək məqsədi ilə səlahiyyətli beynəlxalq və ya milli məhkəmə orqanına müraciət etmək hüququna (locus standi) malikdirlərsə, məhkəmə prosesinə başlaya bilərlər; yaxud zərərçəkən ziyanla bağlı xarici məhkəmədə mülki iddia qaldıra bilər və beləliklə, həmin məhkəmədən tələb edilə bilər ki, həmin tədbirə icazə verən milli aktı qüvvədən düşmüş elan etsin. Daha önəmlisi isə odur ki, həmin milli tədbirlərin əsasında və ya onlardan yararlanmaqla hərəkət edərək işgəncəni törədənlər istər xarici dövlətdə, istərsə də öz ölkələrində sonrakı rejimin dövründə hər halda işgəncəyə görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Qısası, baxmayaraq ki, işgəncənin qadağan olunması prinsipinin pozulmasına qanunvericili və məhkəmə orqanları tərəfindən milli səviyyədə icazə verilməsi mümkün ola bilər, fərdlər bu prinsipə tabe olaraq qalırlar. Nürnberq beynəlxalq hərbi tribunalının qeyd etdiyi kimi: "fərdlər beynəlxalq öhdəliklər daşıyırlar və onların hüdudları ayrıca dövlətin tətbiq etdiyi qanunvericiliyə tabe olmaqdan ibarət milli öhdəliklərin hüdudlarından genişdir".
O. İnsan hüquqları haqqında Amerika Konvensiyası[5]
56. Bu Konvensiyanın müvafiq hissəsində deyilir:
Maddə 1. Hüquqlara hörmət etmək öhdəliyi
"1. Bu Konvensiyanın iştirakçısı olan dövlətlər burada tanınan hüquq və azadlıqlara hörmət etməyi və yurisdiksiyalarında olan bütün şəxslərin irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və ya digər baxışlarına, milli və ya sosial mənşəyinə, maddi vəziyyətinə, doğum və ya hər hansı digər sosial vəziyyətinə görə heç bir ayrı-seçkilik olmadan bu hüquq və azadlıqları sərbəst və tam həyata keçirmələrini təmin etməyi öhdələrinə götürürlər.
2. Bu Konvensiyanın məqsədləri üçün "şəxs" termini hər bir insanı bildirir".
P. İnter-Amerika İnsan Hüquqları Komissiyası
1. 10.287 saylı iş (Salvador), 24 sentyabr 1992-ci il tarixli məruzə
57. 1983-cü ildə Salvadorda baş vermiş və İnter-Amerika İnsan Hüquqları Komissiyasına şikayət ərizəsi verilməsi ilə nəticələnmiş Las-Hoyas qətliamı ilə bağlı iş üzrə 1992-ci il tarixli məruzəsində (iddia edildiyinə görə həmin qətliam zamanı mülki müdafiə qüvvələrinin üzvlərinin iştirakı ilə Salvador silahlı qüvvələrinin üzvləri tərəfindən 74-ə yaxın şəxs qətlə yetirilib) Komissiya bildirdi ki:
"... ["Milli barışığa nailk olmaq üçün amnistiya haqqında" 1987-ci il tarixli Salvador qanununun] tətbiqi Salvador Hökumətinin üzərinə düşən Las-Hoyas qurbanlarının hüquqlarının pozuntularını araşdırmaq və təqsirkarları cəzalandırmaq və həmin pozuntuların nəticəsi olan ziyana görə kompensasiyanı təmin etmək öhdəliyinin açıq-aydın pozuntusunu təşkil edir... Bu işlərə tətbiq edilmiş həmin amnistiya qanunu qətllərin, qeyri-insani rəftarın baş verdiyi və məhkəmə təminatlarının olmadığı işlərdə məhkəmə vasitəsilə kompensasiya imkanını aradan qaldırır, əsas insan hüquqlarının fundamental xarakterini inkar edir. O, bu hüquqların təmin edilməsi üçün bəlkə də yeganə səmərəli vasitə olan məhkəmə araşdırması və cinayətkarların cəzalandırılması imkanını aradan qaldırır".
2. Salvadorda insan hüquqlarının vəziyyətinə dair məruzə, Doc. OEA/Ser.L/II.85 Doc. 28 rev. (1 iyun 1994-cü il)
58. 1994-cü ildə Salvadorda insan hüquqlarının vəziyyətinə dair məruzəsində İnter-Amerika İnsan Hüquqları Komissiyası "Sülhün möhkəmləndirilməsi üçün ümumi amnistiya haqqında" Salvador qanunu ilə əlaqədar olaraq aşağıdakıları bildirdi:
"... sülh danışıqlarında ifadə edilən hər hansı zərurətdən və sırf siyasi mülahizələrdən asılı olmayaraq, Salvadorun Qanunvericilik Assambleyası tərəfindən qəbul edilmiş çox geniş xarakterli olan ["Sülhün möhkəmləndirilməsi üçün] ümumi amnistiya haqqında" qanun İnsan hüquqları haqqında Amerika Konvensiyasını ratifikasiya edərkən dövlətin götürdüyü beynəlxalq öhdəliklərin pozuntusunu təşkil edir, çünki o, öncə məsuliyyət faktı təsdiqlənmədən "qabaqcadan amnistiyanı" mümkün edir, ... bəşəriyyət əleyhinə cinayətlərə şamil olunur və ilk növbədə zərərçəkənlər üçün adekvat maddi kompensasiya əldə etmək imkanını aradan qaldırır".
3. 10.480 saylı iş (Salvador), 27 yanvar 1999-cu il tarixli məruzə
59. 1999-cu ildə İnter-Amerika İnsan Hüquqları Komissiyası "Sülhün möhkəmləndirilməsi üçün ümumi amnistiya haqqında" 1993-cü il tarixli Salvador qanunu ilə əlaqədar işdə aşağıdakıları bildirdi:
"113. Komissiya vurğulamağa borcludur ki, [bu qanun] Salvadorda 1 yanvar 1980-ci ildən 1 yanvar 1992-ci ilədək baş vermiş insan hüquqlarının ciddi pozuntularına, o cümlədən Həqiqətin müəyyən edilməsi üzrə Komissiyanın araşdırdğı və müəyyən etdiyi pozuntulara şamil olunub. Konkret olaraq onun qüvvəsi, digər cinayətlərlə yanaşı, sadələşdirilmiş icraat qaydasında edamlara, işgəncələrə və insanların zorla yoxa çıxarılması hallarına şamil olunub. Bu cinayətlərin bəziləri elə ağır cinayətlərdir ki, bu məsələ ilə bağlı xüsusi konvensiyaların qəbulu və bu sahədə cəzasızlığın qarşısının alınması üçün konkret tədbirlərin tətbiqi, o cümlədən universal məhkəmə orqanının təsis edilməsi və iddia müddəti barədə qanunların tətbiqinin yolverilməzliyinin qəbulu haqlı addım olar. ...
115. Komissiya həmçinin qeyd edir ki, Salvadorda baş vermiş silahlı münaqişələr zamanı dövlət nümayəndələrinin törətdikləri [1949-cu il tarixli Cenevrə Konvensiyalarının] hamısı üçün ümumi olan 3-cü maddənin və [1977-ci il tarixli II Əlavə Protokolun] bütün pozuntularına [bu qanunun] 2-ci maddəsi açıq-aydın tətbiq edilib. ...
...
123. ... Ümumi amnistiya qanununu təsdiq və tətbiq edərkən Salvador dövləti [İnsan hüquqları haqqında 1969-cu il tarixli Amerika Konvensiyasının] 8-ci maddəsinin 1-ci bəndində təsbit olunmuş məhkəmə təminatları hüququnu sağ qalmış işgəncə qurbanlarının və onların qohumlarının ziyanına olaraq pozub... və onların mülki məhkəmələrdə kompensasiya əldə etmək imkanının qarşısı alınıb; bütün bunlar Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndinə aid məsələlərdir. ...
129. Amnistiya qanununu elan və tətbiq edərkən Salvador [İnsan hüquqları haqqında 1969-cu il tarixli Amerika Konvensiyasının] 25-ci maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu sağ qalmış qurbanların ziyanına olaraq pozub".
Yekun qənaətlərində İnter-Amerika İnsan Hüquqları Komissiyası bildirdi ki, Salvador "eyni şəxslərə münasibətdə həmçinin 1949-cu il tarixli Cenevrə Konvensiyalarının hamısı üçün ümumi olan 3-cü maddəni və [1977-ci il tarixli II Əlavə Protokolun] 4-cü maddəsini pozub". Bundan başqa, qurbanların hüquqlarının təmin edilməsi üçün o tövsiyə etdi ki, Salvador bu qanunu ləğv edərək "ehtuyac olduğu təqdirdə ... ləğvetmənin qüvvəsini geriyə şamil etsin".
Q. İnter-Amerika İnsan Hüquqları Məhkəməsi
60. Perunun amnistiya qanunlarının qanuniliyi məsələsinə aid olan Barrios Altos işi üzrə qərarında (14 mart 2011-ci il tarixli qərar; şikayətin mahiyyəti) İnter-Amerika İnsan Hüquqları Məhkəməsi aşağıdakıları bildirdi:
"41. Bu Məhkəmə hesab edir ki, bütün amnistiya müddəaları, məsuliyyəti aradan qaldırmağa yönələn tədbirlərin tətbiqini nəzərdə tutan və müəyyən edən müddəalar qəbuledilməzdir, çünki onlar işgəncə vermə, məhkəmədənkənar, sadələşdirilmiş icraat qaydasında və ya özbaşına edam etmə və insanların zorla yoxa çıxarılması kimi insan hüquqlarının ciddi pozuntularının araşdırılmasının və təqsirkarların cəzalandırılmasının qarşısını almaq məqsədi daşıyır və bütün bu əməllər qadağandır, çünki onlar insan hüquqlarına dair beynəlxalq hüquq normalarında tanınan və məhdudlaşdırılması yolverilməz olan hüquqları pozur.
42. Məhkəmə Komissiyanın irəli sürdüyü və Hökumətin etiraz etmədiyi arqumentlərə uyğun olaraq hesab edir ki, Peru tərəfindən qəbul edilmiş amnistiya qanunları bu işdə zərərçəkənlərin yaxın qohumlarının və sağ qalmış zərərçəkənlərin hakim tərəfindən dinlənilməsinin qarşısını alıb...; məhkəmə müdafiəsi hüququnu pozub...; Barrios Altosda baş vermiş hadisələrin araşdırılmasının, bu hadisələrə görə məsuliyyət daşıyanların yaxalanmasının, cinayət təqibinə məruz qalmasının və məhkum edilməsinin və beləliklə də [İnsan hüquqları haqqında 1969-cu il tarixli Amerika Konvensiyasının] 1-ci maddəsinin 1-ci bəndinə əməl olunmasının qarşısını alıb və işin faktlarına aydınlıq gətirilməsinə mane olub. Nəhayət, [İnsan hüquqları haqqında 1969-cu il tarixli Amerika Konvensiyasına] zidd olan, özü-özünü məsuliyyətdən azad etməyə yönələn amnistiya qanunları o deməkdir ki, Peru [İnsan hüquqları haqqında 1969-cu il tarixli Amerika Konvensiyasının] 2-ci maddəsində təsbit edilmiş öhdəliyini, yəni daxili qanunvericiliyini Konvensiyaya uyğunlaşdırmaq öhdəliyini yerinə yetirməyib.
43. Məhkəmənin fikrincə bunu vurğulamaq lazımdır ki, [İnsan hüquqları haqqında 1969-cu il tarixli Amerika Konvensiyasının] 1-ci maddəsinin 1-ci bəndində və 2-ci maddəsində müəyyən edilmiş ümumi öhdəliklərin işığında iştirakçı dövlətlər [İnsan hüquqları haqqında 1969-cu il tarixli Amerika Konvensiyasının] 8-ci və 25-ci maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsindən və sadə və səmərəli hüquqi müdafiə vasitəsindən istifadə etmək imkanından heç kəsin məhrum edilməməsini təmin etmək üçün bütün zəruri tədbirləri görməlidirlər. Müvafiq olaraq, [İnsan hüquqları haqqında 1969-cu il tarixli Amerika Konvensiyasının] iştirakçısı olan, özü-özünü məsuliyyətdən azad etməyə yönələn amnistiya qanunları kimi əks nəticələr doğuran qanunlar qəbul edən dövlətlər [İnsan hüquqları haqqında 1969-cu il tarixli Amerika Konvensiyasının] 1-ci maddəsinin 1-ci bəndi və 2-ci maddəsi ilə əlaqəli şəkildə götürülməklə 8-ci və 25-ci maddələri pozmuş olurlar. Özü-özünü məsuliyyətdən azad etməyə yönələn amnistiya qanunları qurbanlarıln müdafiəsiz qalmasına və cəzasızlığın əbədiləşməsinə gətirib çıxarır; buna görə də onlar Konvensyanın məqsədlərinə və ruhuna açıq-aydın ziddir. Bu tip qanunvericilik insan hüquqlarının pozuntularında təqsirkar olan şəxslərin müəyyən edilməsinə əngəl törədir, çünki araşdırma aparılmasına və məhkəməyə müraciət etməyə mane olur və zərərçəkənlərin və onların yaxın qohumlarının həqiqəti bilməsinin və müvafiq təzminat almasının qarşısını alır.
44. Özü-özünü məsuliyyətdən azad etməyə yönələn amnistiya qanunları ilə İnsan hüquqları haqqlnda Amerika Konvensiyası açıq-aydın bir-birinə zidd olduğuna görə, sözügedən qanunlar hüquqi qüvvəyə malik deyil və bu işin əsasını təşkil edən səbəblərin araşdırılmasına və ya təqsirkarların müəyyən edilməsinə və cəzalandırılmasına maneə yaratmaqda davam edə bilməz, həmçinin [İnsan hüquqları haqqında 1969-cu il tarixli Amerika Konvensiyasında] müəyyən edilmiş hüquqların Peruda baş vermiş hadisələrlə əlaqədar pozulduğu digər işlərin nəticələri ilə eyni və ya oxşar nəticəyə malik ola bilməz".
Qərarla üst-üstə düşən rəyində hakim Antonio A. Kançado Trindade aşağıdakıları əlavə etdi:
"13. Beynəlxalq hüquqda tanınan insan hüquqlarının pozuntularına (o cümlədən özü-özünü məsuliyyətdən azad etməyə yönələn amnistiya qanunlarının qəbulu və tətbiqi vasitəsilə baş verən pozuntulara) görə dövlətin beynəlxalq məsuliyyəti və insan hüquqlarına dair beynəlxalq normaların və beynəlxalq humanitar hüququn kobud pozuntularını törədən dövlət nümayəndələrinin fərdi cinayət məsuliyyəti qəddarlığa, cəzasızlığa və haqsızlığa qarşı müvarizədə eyni medalın iki tərəfidir. Bu nəticəyə gəlmək üçün uzun illər lazım gəldi və əgər bu gün mümkündürsə (mənə çox yaxın olan bu məsələyə dair fikrimdə israr edə bilərəm), həm də beynəlxalq hüququn özünün əsas və mühüm mənbəyi olan dünyanın hüquqi vicdanını oyatmaq lazımdır".
61. Almonasid-Arelyano və başqaları Çiliyə qarşı iş üzrə 26 sentyabr 2006-cı il tarixli qərarında (ilkin etirazlar, şikayətin mahiyyəti, kompensasiya və məhkəmə xərcləri) İnter-Amerika İnsan Hüquqları Məhkəməsi aşağıdakıları qeyd etdi:
"154. Ne bis in idem prinsipinə ("eyni əmələ görə iki dəfə cəzalandırılmamaq" hüququna) gəlincə, bu hüquq Amerika Konvensiyasının 8-ci maddəsinin 4-cü bəndində insan hüququ kimi tanınsa da, mütləq (qeyri-məhdud) hüquq deyil və buna görə də bu prinsip aşağıdakı hallara şamil oluna biılməz: 1) işə baxmış və ona xitam verməyi, yaxud da insan hüquqlarının və ya beynəlxalq hüququn pozulmasına görə təqsirkar olan şəxsə bəraət verməyi qərara almış məhkəmənin müdaxiləsi təqsirləndirilən tərəfi cinayət məsuliyyətindən qorumaq məqsədi daşıyıbsa; 2) məhkəmə prosesi müvafiq prosessual təminatlara uyğun olaraq müstəqil və ya qərəzsiz şəkildə aparılmayıbsa; yaxud 3) həqiqi niyyət təqsirkarları ədalət mühakiməsinə cəlb etmək olmayıbsa. Yuxarıdakı hallarda çıxarılan məhkəmə qərarı "aşkar" və ya "pərdələnmiş" res judicata ("bir dəfə həll olunmuş işə yenidən baxılması") halıdır. Digər tərəfdən, Məhkəmə hesab edir ki, insan hüquqlarının pozuntularında və ya bəşəriyyət əleyhinə cinayətlərdə təqsirkar olanların kimliyini müəyyənləşdirməyi mümkün edən yeni faktlar və ya sübutlar ortaya çıxarsa, hətta barəsində yekun qərarın çıxarıldığı iş bəraət hökmü ilə başa çatmış olsa belə, araşdırmalar təzələnə bilər, çünki ədalət mühakiməsinin tələbləri, zərərçəkənlərin hüquqları və Amerika Konvensiyasının mətninin ruhu və məzmunu ne bis in idem prinsipinin müdafiəsindən üstündür.
155. Hazırkı işdə yuxarıdakı şərtlərdən ikisi mövcuddur. Birincisi, işə yurisdiksiya, müstəqillik və qərəzsizlik təminatlarına malik olmayan məhkəmələr tərəfindən baxılıb. İkincisi, 2.191 saylı dekretin tətbiqi təqsirkar olduqları iddia edilən şəxslərin məhkəməyə cəlb olunmasının qarşısını faktiki olaraq alıb və cənab Almonasid-Arelyanoya qarşı törədilmiş cinayətin cəzasız qalmasına şərait yaradıb. Buna görə də dövlət Məhkəmənin göstərişinə (qərarın 147-ci bəndinə bax) əməl etməkdən yayınmaq üçün ne bis in idem prinsipinə istinad edə bilməz.
62. Eyni yanaşma La Kantuta Peruya qarşı iş üzrə 29 noyabr 2006-cı il tarixli qərarda da (şikayətin mahiyyəti, kompensasiya və məhkəmə xərcləri) öz əksini tapdı, həmin qərarın müvafiq hissəsində deyilir:
"151. Bununla əlaqədar olaraq Komissiya və nümayəndələr iddia etdilər ki, dövlət bu cinayətlərin iddia edilən təhrikçilərinin bəzilərini cəzadan yayındırmaq üçün "ikiqat təhlükə" konsepsiyasına istinad edib; lakin "ikiqat təhlükə" arqumenti bu hala şamil olunmur, çünki onların barəsində cinayət təqibi iş üzrə yurisdiksiyaya malik olmayan, müstəqil və ya qərəzsiz olmayan və səlahiyyətli məhkəmə orqanı tələblərinə cavab verməyən məhkəmə tərəfindən həyata keçirilib. Bundan əlavə, dövlət iddia edib ki, "cinayətdə təqsiri ola bilən digər şəxslərin prosesə cəlb olunması hadisələr araşdırılarkən və cəzalar təyin edilərkən Baş prokurorluğun (Ministerio Público) və məhkəmə orqanlarının gəldiyi hər hansı yeni nəticələrdən asılıdır" və "işə xitam verilməsi barədə hərbi məhkəmənin qərarı Baş prokurorluğun ilkin araşdırması üçün heç bir hüquqi əhəmiyyət daşımır". Yəni "ikiqat təhlükə" arqumenti bu hala şamil olunmur.
152. Bu Məhkəmə bundan öncə Barrios Altos işində bildirmişdi ki:
Məhkəmə hesab edir ki, bütün amnistiya müddəaları, məsuliyyəti aradan qaldırmağa yönələn tədbirlərin tətbiqini nəzərdə tutan və müəyyən edən müddəalar qəbuledilməzdir, çünki onlar işgəncə vermə, məhkəmədənkənar, sadələşdirilmiş icraat qaydasında və ya özbaşına edam etmə və insanların zorla yoxa çıxarılması kimi insan hüquqlarının ciddi pozuntularının araşdırılmasının və təqsirkarların cəzalandırılmasının qarşısını almaq məqsədi daşıyır və bütün bu əməllər qadağandır, çünki onlar insan hüquqlarına dair beynəlxalq hüquq normalarında tanınan və məhdudlaşdırılması yolverilməz olan hüquqları pozur.
153. Konkret olaraq "ikiqat təhlükə" konsepsiyasına gəlincə, Məhkəmə son dövrlərdəki qərarlarında bildirib ki, işə xitam verilməsi və ya insan hüquqlarını pozmuş şəxsə bəraət verilməsi ilə nəticələnmiş məhkəmə prosesi təqsirləndirilən şəxsin beynəlxalq hüquq normaları pozulmaqla cinayət məsuliyyətindən azad edilməsi ilə nəticələnibsə, yaxud müvafiq prosessual hüquq normalarına uyğun olaraq müstəqil və ya qərəzsiz şəkildə aparılmayıbsa, non bis in idem prinsipi bu hala şamil oluna bilməz. Yuxarıda göstərilən hallarda çıxarılan məhkəmə qərarı "ikiqat təhlükə" arqumenti üçün yalnız "uydurma" və ya "saxta" əsas təşkil edir.
154. Bu səbəbdəndir ki, cinayətlərin təhrikçiləri olduğu iddia edilən, hərbi məhkəmələr tərəfindən məsuliyyətdən azad edilən şəxslərə qarşı şikayətində (qərarın 80.82-ci bəndi) xüsusi (ad hoc) prokurorluq orqanı məhkəmə prosesinin gedişində hərbi hakimlərin cəzasızlığı təmin etmək üçün işə xitam verilməsi barədə çıxardıqları qərara cinayət təqibinin həyata keçirilməsinə qarşı hüquqi maneə kimi və ya yekun qərar kimi baxmağı qəbulolunmaz hesab etdi, çünki hakimlər iş üzrə yurisdiksiyaya malik deyildilər və qərəzsiz deyildilər, buna görə də qərar "ikiqat təhlükə" arqumenti üçün əsas təşkil edə bilməz.
63. Ansualdo Kastro Peruya qarşı iş üzrə 22 sentyabr 2009-cu il tarixli qərarında (ilkin etiraz, şikayətin mahiyyəti, kompensasiya və məhkəmə xərcləri) İnter-Amerika İnsan Hüquqları Məhkəməsi bir daha bildirdi ki:
"182. ... Dövlət faktlara dair səmərəli araşdırmanın və müvafiq məhkəmə prosesinin aparılmasına mane olan bütün (istər faktoloji, istərsə də hüquqi) ) maneələri aradan qaldırmalı və belə araşdrırmaları və məhkəmə proseslərini sürətləndirmək üçün sərəncamında olan bütün vasitələrdən istifadə etməlidir ki, belə faktların təkrarlanmaması təmin edilsin. Bu sözlər xüsusən dövlət nümayəndələri tərəfindən insanların yoxa çıxarılmasına yönələn sistematik prakrika və ya nümunələr kontekstində baş verən zorla yoxa çıxarılma hallarına aiddir; buna görə də dövlət indi və ya gələcəkdə bu faktlara görə təqsirkar olanlar barəsində araşdırma aparmaq və müvafiq hallarda onları cinayət məsuliyyətinə cəlb etmək barədə Məhkəmənin qərarını yerinə yetirməyə etiraz etməməli, yaxud bu məqsədlə qanunu və ya ölkədaxili hüquq normasını tətbiq etməməlidir. Bu səbəbdən, Barrios Altos Peruya qarşı iş üzrə qərar çıxarılandan bəri bu məhkəmənin qərarında göstərildiyi kimi, dövlət indi və ya gələcəkdə hüquqi qüvvəyə malik olmayan amnistiya qanunlarını daha tətbiq edə bilməz (qərarın 163-cü bəndi), yaxud cinayət əməllərinə qanunla iddia müddətlərinin tətbiq edilməsi kimi konsepsiyalara, res judicata prinsipinə və "ikiqat təhlükə" arqumentinə istinad edə, yaxud da araşdırma aparmaq və təqsirkarları cəzalandırmaq öhdəliyindən yayınmaq üçün təsirkarların məsuliyyətini aradan qaldırmağa yönələn hər hansı digər tədbirə əl ata bilməz".
64. Gelman Uruqvaya qarşı işdə (24 fevral 2011-ci il tarixli qərar; şikayətin mahiyyəti və kompensasiyalar) İnter-Amerika Məhkəməsi əsas insan hüquqlarının kobud pozuntuları ilə bağlı verilən amnistiyalara münasibətdə beynəlxalq hüququn mövqeyini ətraflı təhlil etdi. Qərarın bu iş üçün əhəmiyyət kəsb edən hissəsində deyilir:
"184. İnsan hüquqlarının pozuntularını araşdırmaq öhdəliyi Konvensiyada tanınan hüquqların təmin edilməsi üçün dövlətlər tərəfindən pozitiv tədbirlər görülməsini tələb edən öhdəlikdir və nəticələrə aid öhdəlik olmaqdan daha çox, vasitələrə aid öhdəlikdir; dövlət onu sadəcə olaraq zərərçəkənlərin və ya onların yaxın qohumlarının, yaxud prosesdə tərəf olan fiziki şəxslərin prosessual təşəbbüslərindən asılı olan və səmərəsizliyə məhkum olan formallıq kimi deyil, özünün hüquqi öhdəliyi kimi qəbul etməlidir.
...
189. İnsan hüquqlarının pozuntularını törədənlər barəsində məhkəmə təqibini həyata keçirməyə və cinayətdə təqsirkar olduqları müəyyən edildikdə onları cəzalandırmağa yönələn sözügedən beynəlxalq öhdəlik Amerika Konvensiyasının 1-ci maddəsinin 1-ci bəndində təsbit olunmuş hüquqlara hörmət etmək öhdəliyinin tərkib hissəsidir və iştirakçı dövlətlərin bütün idarəetmə aparatını və ümumən dövlət hakimiyyətini həyata keçirmələri üçün vasitə olan bütün struktuları təşkil etmək hüququnu nəzərdə tutur və onlar bunu elə təşkil etməlidirlər ki, həmin struktular qanunla insan hüquqlarının sərbəst və tam şəkildə həyata keçirilməsini təmin edə bilsinlər.
190. Bu öhdəliyin tərkib hissəsi qismində dövlətlər Konvensiyada tanınan hüquqların bütün pozuntularının qarşısını almalı, onları araşdırmalı və təqsirkarları cəzalandırmalı və bundan əlavə, mümkün olan hallarda pozulmuş hüququ bərpa etməyə çalışmalı və zərurət olduqda insan hüquqlarının pozuntusunun vurduğu ziyanı kompensasiya etməlidirlər.
191. Dövlət aparatı pozuntuların cəzasız qalmasını təmin edən tərzdə fəaliyyət göstərirsə və zərərçəkənlərin hüquqlarını mümkün qədər bərpa etmirsə, bu qənaətə gəlinməlidir ki, dövlət öz yurisdiksiyasında olan şəxslərin hüquqlarının sərbəst və tam şəkildə həyata keçirilməsini təmin etmək öhdəliyini yerinə yetirməyib.
...
195. Amnistiyalar və ya bu kimi formalar, bəzi dövlətlərin iddia etdiyinə görə, insan hüquqlarının ciddi pozuntularının araşdırılması və müvafiq hallarda təqsirkaların cəzalandırılması yolunda maneələrdən biridir. Bu Məhkəmə, İnter-Amerika İnsan hüquqları Komissiyası, Birləşmiş Millətlər Təşkilatının orqanları və digər universal və regional orqanlar insan hüquqlarının ciddi pozuntuları ilə bağlı amnistiya qanunlarının beynəlxalq hüquqa və dövlətlərin beynəlxalq öhdəliklərinə zidd olduğu barədə qərarlar çıxarıblar.
196. Bundan öncə Peru (Barrios Altos və La Kantutanın işləri), Çili (Almonasid Arelyano və başqalarının işi) və Braziliya (Qomes Lund və başqalarının işi) barəsində insan hüquqlarının ciddi pozuntuları ilə bağlı qaldırılmış işlərdə verdiyi qərarlarda bu Məhkəmə amnistiyaların Amerika Konvensiyasına zidd olduğunu bildirib.
197. Uruqvayın suveren qərar əsasında tərkib hissəsi olduğu İnsan hüquqları üzrə İnter-Amerika sistemində insan hüquqlarının ciddi pozuntuları araşdırılarkən amnistiya qanunlarının dövlətlərin müqavilə öhdəliklərinə zidd olduğu barədə çıxarılmış qərarlar çoxdur. Bu Məhkəmənin qeyd etdiyi qərarlardan əlavə, İnter-Amerika Komissiyası hazırkı işdə və Argentina, Çili, Salvador, Haiti, Peru və Uruqvay barəsindəki digər işlərdə həmin qanunların beynəlxalq hüquqa zidd olduğu qənaətinə gəlib. İnter-Amerika Komissiyası bir daha xatırladıb ki, o:
"bir çox hallarda qərarlar çıxardığı mühüm işlərdə öz nöqteyi-nəzərini ifadə etmək və amnistiya qanunlarının tətbiqinə dair doktirnasını dəqiqləşdirmək imkanına malik olub və müəyyən edib ki, bu qanunlar həm Amerika Bəyannaməsinin, həm də Amerika Konvensiyasının müxtəlif müddəalarını pozur və "insan hüquqları üzrə digər beynəlxalq orqanların amnistiyalara dair standartları ilə üst-üstə düşən bu qərarlarda birmənalı şəkildə bəyan edilib ki, amnistiya qanunları, habelə onlarla müqayisə oluna bilən və Amerika Bəyannaməsinin və ya Amerika Konvensiyasının ciddi pozuntularında təqsirkar sayıla bilən dövlət nümayəndələri barəsində araşdırma aparılmasına və ya məhkəmə qərarı çıxarılmasına, yaxud aparılan işlərin yekunlaşdırılmasına mane olan digər qanunverilik tədbirləri sözügedən sənədlərin çoxsaylı müddəalarını pozur".
198. Universal forumda Təhlükəsizlik Şurasına ünvanlanan "Münaqişələrdən əziyyət çəkən və ya əziyyət çəkmiş cəmiyyətlərdə qanunun aliliyi və keçid dövrünün ədalət mühakiməsi" adlı məruzəsində Birləşmiş Millətlər Təşkilatının Baş katibi qeyd etdi ki:
"Birləşmiş Millətlər Təşkilatı tərəfindən bəyənilmiş sülh sazişlərində soyqırım cinayətləri, hərbi cinayətlər və ya bəşəriyyət əleyhinə cinayətlərlə, yaxud insan hüquqlarının ciddi pozuntuları ilə bağlı amnistiya vəd edilə bilməz".
199. Eyni rəyin yer aldığı məruzəsində Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarı bu qənaətə gəldi ki, amnistiyalar və digər analoji tədbirlər cəzasızlığa şərait yaradır və həqiqəti bilmək hüququna maneə təşkil edir, belə ki, onlar işin mahiyyətinə dair faktların araşdırılmasını əngəlləyir və buna görə də müxtəlif beynəlxalq hüquq mənbələrinin dövlətlərin üzərinə qoyduğu öhdəliklərə ziddir. Üstəlik, bir tərəfdən sülh və barışıq, digər tərəfdən isə ədalət arasındakı qondarma dilemma ilə əlaqədar olaraq o bildiridi ki:
"sülhün təmin edilməsi ümidi ilə qəddar cinayətlərdə təqsirkar olanlar barəsində cinayət sanksiyasını aradan qaldıran amnistiyaların məqsədinə çox vaxt nail olunmur və bunun əvəzinə amnistiyalar onlardan yararlananları növbəti cinayətlərin törədilməsinə həvəsləndirir. Əksinə, amnistiyanın sülhün zəruri şərti hesab edildiyi və ittiham aktlarının münaqişəni uzadacağından çoxlarının qorxduğu bəzi hallarda amnistiya müddəaları olmadıqda belə, sülh sazişlərinin məqsədinə nail olunub".
200. Yuxarıda qeyd edilənlərə uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatının cəzasızlıq məsələsi üzrə xüsusi məruzəçisi bildirib ki:
"Zərərçəkənlər səmərəli hüquqi müdafiə vasitəsindən istifadə etməklə ədalət mühakiməsinə nail ola bilmədikləri halda pozuntuları törədənlər amnistiyadan yararlana bilməzlər. Bu, zərərçəkənlərin kompensasiya hüququ ilə bağlı qaldırdığı məhkəmə iddialarının hüquqi nəticəsini heçə endirmiş olardı".
201. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası "Bütün şəxslərin zorla yoxa çıxarılmaqdan müdafiəsi haqqında bəyannamə"nin 18-ci maddəsində müəyyən edib ki, [zorla yoxa çıxarılma] əməlini törətmiş və ya törətdiyi iddia edilən şəxslər heç bir xüsusi amnistiya qanunundan və ya onların cinayət prosesindən və ya sanskiyasından azad edilməsi ilə nəticələnə bilən analoji tədbirlərdən yararlana bilməzlər".
202. 1993-cü ildə Vyanada keçirilmiş İnsan hüquqları üzrə ümumdünya konfransının Bəyannaməsində və Fəaliyyət proqarmında vurğulandı ki, dövlətlər "insan hüquqlarının ciddi pozuntularında təqsirkar olanların cəzasız qalmasına şərait yaradan qanunvericiliyi qəbul etməkdən çəkinməli, ... pozuntuları törədənləri cəzalandırmalıdırlar" və xüsusi qeyd edildi ki, belə vəziyyətlərdə dövlətlər ilk növbədə bu halların qarşısını almağa, onlar baş verdikdə isə bu halları törədənləri məsuliyyətə cəlb etməyə borcludurlar.
203. Birləşmiş Millətlər Təşkilatının Zorla və ya məcburi yoxa çıxarılma halları üzrə İşçi Qrupu ayrı-ayrı hallarda zorla yoxa çıxarılma işlərində amnisyalar məsələsinə baxdı. O, "Bütün şəxslərin zorla yoxa çıxarılmaqdan müdafiəsi haqqında bəyannamənin 18-ci maddəsinə dair Ümumi şərh"ində qeyd etdi ki, hətta amnisya qanunları referendumda, yaxud digər analoji məşvərət prosesi vasitəsilə təsdiqləndikdə belə, onların tətbiqi və ya icra edilməsi yoxa çıxma hallarına görə dövlətin araşdırma aparmaq, təqsirkarları cinayət təqibinə məruz qoymaq və cəzalandırmaq öhdəliyinə birbaşa və ya dolayı yolla xitam vermiş olursa, sözügedən hərəkətləri törədənlərin adının gizlədilməsinə səbəb olursa və ya onlara bəraət verirsə, onları Bəyannamənin müddəalarına zidd hesab edir.
204. Bundan əlavə, həmin İşçi Qrupu münaqişədən sonrakı situasiyalarda amnistiya qanunlarının elan edilməsindən və ya digər tədbirlərin qəbul olunmasından və nəticədə bunların cəzasızlığa səbəb olmasından narahatlığını bildirdi və dövlətlərə xatırlatdı ki:
"yoxa çıxma halları ilə mübarizədə səmərəli preventiv tədbirlər önəmlidir. Onların arasında o aşağıdakıları önə çəkir: zorla yoxa çıxarılma əməllərini törətməkdə təqsirləndirilən bütün şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi; onların işlərinə yalnız səlahiyyətli mülki məhkəmələr tərəfindən baxılmasının və hər hansı xüsusi amnistiya qanunundan, yaxud onları cinayət prosesindən və ya sanksiyalarından azad edən digər analoji tədbirlərdən onların yararlanmamasının təmin edilməsi; və zərərçəkənlərin və onların ailələrinin hüquqlarının bərpası və adekvat kompensasiya ilə təmin edilməsi.
205. Eləcə də beynəlxalq müqavilələr vasitəsilə təsis edilmiş insan hüquqlarının müdafiəsi üzrə orqanlar universal forumda insan hüquqlarını ciddi şəkildə pozan cinayətlərin araşdırılmasının və onları törədənlərin cəzalandırılmasının qarşısını alan amnistiyaların qadağan olunmasına dair eyni standartları müdafiə etdilər. İnsan Hüquqları Komitəsi özünün 31 saylı Ümumi şərhində bildirdi ki, dövlətlər, digər pozuntularla yanaşı, beynəlxalq hüquqda və ya milli qanunvericilikdə cinayət əməli kimi tanınan pozuntularda (işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, sadələşdirilmiş icraat qaydasında həyatdan məhrum etmə, özbaşına həbs və zorla yoxa çıxarılma) təqsirkar olanların ədalət mühakiməsi qarşısına çıxarılmasını təmin etməli və müəyyən amnistiya qanunlarının qəbulu zamanı baş verdiyi kimi, pozuntu törədənləri hüquqi məsuliyyətdən azad etməyə cəhd göstərməməlidirlər.
206. İnsan Hüquqları Komitəsi fərdi şikayətlər üzrə prosesdə və ölkələr üzrə hesabatlarında bu məsələ barədə rəyini bildirirək Huqo Rodriges Uruqvaya qarşı işdə amnistiya qanunu qəbul etmiş əvvəlki rejimin dövründə törədilmiş insan hüquqlarının pozuntularını araşdırmağa dövlətin borclu olmadığı barədə dövlətin mövqeyini qəbul edə bilməyəcəyini qeyd etdi və insan hüquqlarının ciddi pozuntuları ilə bağlı amnistiya qanunlarının yuxarıda qeyd edilən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta zidd olduğunu təsdiq edərək bir daha bildirdi ki, onlar demokratik qaydaya xələl gətirən cəzasızlıq mühiti yaradılmasına şərait yaradır və insan hüquqlarının digər pozuntularını doğurur.
...
209. Həmçinin universal forumda beynəlxalq hüququn digər bir sahəsində, yəni beynəlxalq cinayət hüququnda amnistiyalar və analoji normalar qəbuledilməz hesab olundu. Keçmiş Yuqoslaviya üzrə beynəlxalq cinayət tribunalı işgəncələr barəsindəki işdə hesab etdi ki, bir tərəfdən insan hüquqlarının ciddi pozuntularına iddia müddətinin tətbiqi barədə qanunu dəstəkləməyin, digər tərəfdən isə, dövlətin pozuntulara icazə verən və ya göz yuman tədbirlərinə və ya onları törədənləri məsuliyyətdən azad edən amnistiya qanunlarının qəbuluna icazə verməyin mənası yoxdur. Eynilə, Syerra-Leone üzrə xüsusi məhkəmə hesab etdi ki, adı çəkilən ölkədə amnistiya qanunları ciddi beynəlxalq cinayətlərə tətbiq edilə bilməz. Bu universal tendensiya Birləşmiş Millətlər Təşkilatının nəzdində son dövrlərdə yaradılmış xüsusi tribunalların nizamnamələrinin tərtibinə yuxarıda qeyd edilən standartın tətbiqi vasitəsilə möhkəmləndirildi. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının Livan Respublikası və Kamboca Krallığı ilə sazişinə, habelə Livan üzrə xüsusi tribunalın, Syerra-Leone üzrə xüsusi məhkəmənin və Kamboca məhkəmələrinin xüsusi palatalarının yaradılmasını nəzərdə tutan nizamnamələrin mətninə bu məzmunda maddələr daxil edildi ki, qəbul ediləcək amnistiyalar adı çəkilən məhkəmələrin yurisdiksiyası daxilində olan cinayətlərdə təqsirkar olanların məhkəməyə cəlb olunmasına maneə təşkil etməməlidir.
210. Eynilə, Beynəlxalq humanitar hüquqa dair Cenevrə Konvensiyasına əlavə olunmuş II Protokolun 6-cı maddəsinin 5-ci bəndinin şərhində BQXK bildirdi ki, amnistiyalar hərbi cinayətləri törədənləri müdafiə edə bilməz:
"II Əlavə Protokolun 6-cı maddəsinin 5-ci bəndini qəbul edərkən SSRİ öz rəyini əsaslandırmaq üçün bəyan etdi ki, bu, hərbi cinayətkarlara və ya bəşəriyyət əleyhinə cinayətlərdə təqsirkar olan digər şəxslərə sərt cəzadan yaxa qurtarmağa imkan verən bənd kimi şərh olunmamalıdır. BQXK bu şərhlə razılaşır. Amnistiya həmçinin dövlətlərin beynəlxalq xarakter daşımayan silahlı münaqişələr zamanı törədilmiş hərbi cinayətləri araşdırmasını və onları törətməkdə şübhəli bilinən şəxsləri məsuliyyətə cəlb etməsini tələb edən normaya zidd olardı (...).
211. Beynəlxalq humanitar hüququn bu norması və Protokolun 6-cı maddəsinin 5-ci bəndinin bu şərhi İnter-Amerika İnsan Hüquqları Komissiyası və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi tərəfindən qəbul edildi.
212. İnsan hüquqlarının ciddi pozuntuları ilə bağlı amnistiyaların beynəlxalq hüquqa görə qanunsuzluğu insan hüquqlarının müdafiəsi üzrə bütün regional sistemlərdəki məhkəmələr və orqanlar tərəfindən təsdiq edildi.
213. Avropa sistemində Avropa İnsan Hüquqları Məhkəməsi səmərəli hüquqi müdafiə vasitəsi məsələsi ilə əlaqədar olaraq bunu olduqca vacib hesab etid ki, insan hüquqlarının ciddi pozuntusunu təşkil edən işgəncə kimi cinayərlərin araşdırıldığı cinayət proseslərinə bu sahədə iddia müddətinin, yaxud amnistiyaların və ya əfv fərmanlarının qəbuluna icazə verilməsi vasitəsilə maneə yaradılmamalıdır. Digər hallarda o bu məsələni önə çəkdi ki, dövlət nümayəndəsi Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulmuş hüququ (yaşamaq hüququnu) pozan cinayətlərdə ittiham olunursa, cinayət prosesinin aparılmasına və hökmün çıxarılmasına əngəl törədilməməlidir və bu halda amnistiya verilməsinə icazə verilmir.
214. İnsan və Xalqların Hüquqları üzrə Afrika Komissiyası hesab etdi ki, amnistiya qanunları onları qəbul edən dövləti öz beynəlxalq öhədliklərini yerinə yetirməkdən azad edə bilməz və bundan əlavə qeyd etdi ki, insan hüquqlarının ciddi pozuntularını törədənlərə qarşı cinayət təqibini amnistiya verilməsi yolu ilə qadağan edərkən dövlətlər təkcə cəzasızlığa şərait yaratmırlar, həm də sözügedən pozuntuların araşdırılması və sözügedən cinayətlərin qurbanlarının kompensasiya üçün səmərəli hüquqi müdafiə vasitəsinə malik olması imkanını aradan qaldırmış olurlar.
...
F. Amnistiya qanunları və bu Məhkəmənin hüquq praktikası
225. Bu Məhkəmə müəyyən etdi ki, "işgəncə, sadələşdirilmiş icraat qaydasında, məhkəmədənkənar və ya özbaşına edam və zorla yoxa çıxarılma kimi insan hüquqlarının ciddi pozuntularının araşdırılmasının və təqsdirkarların cəzalandırılmasının qarşısını almaq məqsədi daşıyan amnistiya müddəalarının, iddia müddəti barədə qanunvericilik normalarının və məsuliyyəti istisna edən müddəaların nəzərdə tutulması qəbuledilməzdir və bütün bunlar insan hüquqlarına dair beynəlxalq hüquq normalarında tanınan, məhdudlaşdırılması yolverilməz olan hüquqlara ziddir".
226. Bu baxımdan insan hüquqlarının ciddi pozuntularının baş verdiyi hallarda amnistiya qanunları San-Xose Paktının mətninə və ruhuna açıq-aydın ziddir, belə ki, onlar 1-ci maddənin 1-ci bəndinin və 2-ci maddənin müddəalarını pozur, yəni insan hüquqlarının ciddi pozuntularının araşdırılmasına və təqsdirkarların cəzalandırılmasına maneə yaradır və nəticədə zərərçəkənlərin və onların ailələrinin baş verənlər barəsində həqiqəti bilməsinə və müvafiq kompensasiya əldə etməsinə əngəl törədir, beləliklə də müvafiq hallarda ədalət mühakiməsinin tam, vaxtında və səmərəli şəkildə həyata keçirilməsinə mane olur. Bu isə öz növbəsində cəzasızlığa və özbaşınalığa şərait yaradır və qanunun aliliyinə ciddi təsir göstərir ki, bu səbəbdən də beynəlxalq hüquq baxımından onların qanuni qüvvəyə malik olmadığı elan edilib.
227. Xüsusilə amnistiya qanunları insan hüquqlarının ciddi pozuntularının araşdırılması və təqsdirkarların cəzalandırılması üzrə dövlətin daşıdığı beynəlxalq öhdəliyə təsir göstərir, çünki onlar Amerika Konvensiyasının 8-ci maddəsinin 1-ci bəndində göstərilənlərə uyğun olaraq qurbanın yaxın qohumunun hakim qarşısında dinlənilməsinin qarşısını alır və beləliklə məhz pozuntu faktlarının araşdırılmasına, onların törədilməsində təqsirkar olanların cinayət təqibinə məruz qalmasına, yaxalanmasına, məhkəməyə cəlb olunmasına və cəzalandırılmasına mane olduğuna görə Konvensiyanın 25-ci maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu pozur ki, bununla da Konvensiyasının 1-ci maddəsinin 1-ci bəndinə əməl olunmur.
228. Amerika Konvensiyasının 1-ci maddəsinin 1-ci bəndində və 2-ci maddəsində təsbit olunmuş ümumi öhdəliklərə əsasən, iştirakçı dövlətlər Konvensiyanın 8-ci və 25-ci maddələrinin şərtlərinə uyğun olaraq heç kimin məhkəmə müdafiəsindən və sadə və səmərəli hüquqi müdafiə vasitəsindən istifadə etmək hüququnu həyata keçirməkdən kənarda qalmamasını təmin etmək üçün hər cür tədbirləri görməyə borcludurlar və ratifikasiya olunduğu andan Amerika Konvensiyası dövlətdən tələb edir ki, onun 2-ci maddəsində müəyyən edildiyi kimi, sözügedən müqaviləyə zidd olan hüquq normalarını, məsələn, insan hüquqlarının ciddi pozuntularının araşdırılmasının qarşısnı alan normaları ləğv etmək üçün bütün tədbirləri görsün, çünki həmin normalar zərərçəkənlərin müdafiəsiz qalmasına və cəzasızlığın əbədiləşməsinə gəirib çıxarır və onların yaxın qohumlarının faktlar barəsində həqiqəti bilməsinin qarşısını alır.
229. Konvensiyaya zidd olan aktlar insan hüquqlarının ciddi pozuntuları ilə bağlı amnistiya aktlarını özündə ehtiva edir və "özü-özünü məsuliyyətdən azad etməyə yönələn amnistiyalar" deyilən aktlarla məhdudlaşmır; Məhkəmə amnistiya qanununun qəbulu prosesinin və onu qəbul etmiş orqanın araşdırılmasından əlavə, onun qəbulunun motivlərini (ratio legis), yəni beynəlxalq hüququn ciddi pozuntularını törədənlərin cəzasız qalmasına yönəlib-yönəlmədiyini araşdırır. İnsan hüquqlarının ciddi pozuntularının baş verdiyi hallarda amnistiya qanunlarının Amerika Konvensiyasına zidd olması heç də formal məsələdən, məsələn, Konvensiyanın mənşəyindən irəli gəlmir, Konvensiyanın 8-ci və 25-ci maddələrində təsbit olunmuş hüquqlarla və Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndinin və 2-ci maddəsinin müddəaları ilə bağlı mühüm aspektdən irəli gəlir.
G. Faktların araşdırılması və "Cinayət təqibi müddətinin bitməsi barədə" Uruqvaq qanunu
...
240. ... "Cinayət təqibi müddətinin bitməsi barədə" qanunun (o, nəzərdə tutulmuş bütün məqsədləri baxımından amnistiya qanunu təşkil edir) müddəalarını tətbiq etməklə və beləliklə faktların araşdırılmasına mane olmaqla və zorla yoxa çıxarılma hallarına səbəb olan pozuntular kimi davamedici və daimi pozuntuların törədilməsində təqsirkar ola biləcək şəxslərin müəyyənləşdirilməsi, cinayət təqibinə məruz qalması və cəzalandırılmasına əngəl törətməklə dövlət Konvensiyanın 2-ci maddəsində təsbit olunmuş öhdəliyini, yəni daxili qanunvericiliyini Konvensiyaya uyğunlaşdırmaq öhdəliyini yerinə yetirməmiş olur".
65. Qomes Lund və başqaları ("Gerrila do Araqvaya") Braziliyaya qarşı işdə (24 noyabr 2010-cu il tarixli qərar; ilkin etirazlar, şikayətin mahiyyəti; kompensasiyalar və məhkəmə xərcləri) İnter-Amerika Məhkəməsi yenidən qəti surətdə əsas insan hüquqlarının kobud pozuntularına görə amnistiyaların verilməsinin əleyhinə çıxdı. Yuxarıda istinad edilmiş Gelmanın işində yer alan bəzi beynəlxalq hüquq normalarına istinad etdikdən sonra o, qərarının bu iş üçün əhəmiyyət daşıyan hissəsində aşağıdakıları bildirdi:
"171. Əvvəlki bəndlərin məzmunundan göründüyü kimi, insan hüquqlarının müdafiəsi üzrə bütün beynəlxalq orqanlar, habelə insan hüquqlarının ciddi pozuntuları ilə bağlı amnistiya qanunlarının tətbiq dairəsi və həmin qanunların onları qəbul etmiş dövlətərin beynəlxalq öhdəliklərinə uyğunluğu məsələsi barədə qərar çıxarmaq imkanına malik olmuş regionun bir neçə yüksək məhkəmə orqanları qeyd ediblər ki, bu amnistiya qanunları dövlətin sözügedən pozuntuları araşdırmaqdan və təqsirkarları cəzalandırmaqdan ibarət beynəlxalq öhdəliyinə təsir göstərir.
172. Bu Məhkəmə bundan öncə bu məsələyə dair qərar çıxarıb və özünün oturuşmuş məhkəmə praktikasından kənara çıxmaq üçün hüquqi əsas görməyib və bundan başqa, həmin praktika beynəlxalq hüquqda yekdilliklə bərqərar olmuş praktika ilə və insan hüquqlarının müdafiəsi üzrə universal və regional sistemlər çərçivəsindəki orqanların presedent hüququ ilə üst-üstə düşür. Bu baxımdan bu işlə əlaqədar olaraq Məhkəmə bir daha bildirir ki, "işgəncə, sadələşdirilmiş icraat qaydasında, məhkəmədənkənar və ya özbaşına edam və zorla yoxa çıxarılma kimi insan hüquqlarının ciddi pozuntularının araşdırılmasının və təqsdirkarların cəzalandırılmasının qarşısını almaq məqsədi daşıyan amnistiya müddəalarının, iddia müddəti barədə qanunvericilik normalarının və məsuliyyəti istisna edən müddəaların nəzərdə tutulması qəbuledilməzdir və bütün bunlar insan hüquqlarına dair beynəlxalq hüquq normalarında tanınan, məhdudlaşdırılması yolverilməz olan hüquqlara ziddir".
...
175. İşin amnistiya aktı ilə, özü-özünü məsuliyyətdən azad etməyə yönələn amnistiyaya ilə və ya "siyasi sazişlə" əlaqəli olub-olmadığı barədə tərəflərin iddia etdiklərinə gəlincə, Məhkəmə qeyd edir ki, hazırkı işdə bəyan edilmiş meyarlardan göründüyü kimi (qərarın 171-ci bəndi), Konvensiyaya zidd olan aktlar insan hüquqlarının ciddi pozuntuları ilə bağlı amnistiya aktlarını özündə ehtiva edir və "özü-özünü məsuliyyətdən azad etməyə yönələn amnistiyalar" deyilən aktlarla məhdudlaşmır. Eynilə, öncə bildirildiyi kimi, Məhkəmə amnistiya qanununun qəbulu prosesinin və onu qəbul etmiş orqanın araşdırılmasından əlavə, onun qəbulunun motivlərini (ratio legis), yəni hərbi rejim tərəfindən törədilmiş beynəlxalq hüququn ciddi pozuntularının cəzasız qalmasına yönəlib-yönəlmədiyini araşdırır. İnsan hüquqlarının ciddi pozuntularının baş verdiyi hallarda amnistiya qanunlarının Amerika Konvensiyasına zidd olması heç də formal məsələdən, məsələn, Konvensiyanın mənşəyindən irəli gəlmir, Konvensiyanın 8-ci və 25-ci maddələrində təsbit olunmuş hüquqlarla və Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndinin və 2-ci maddəsinin müddəaları ilə bağlı mühüm aspektdən irəli gəlir.
176. Bu Məhkəmə öz hüquq praktikasında qeyd edib ki, dövlət hakimiyyəti orqanlarının qanunun aliliyinə əməl etməli olduqlarını və bu baxımdan qüvvədə olan qanunvericlik aktlarının müddəalarını tətbiq etməyə borclu olduqlarını dərk edir. Bununla belə, dövlət Amerika Konvensiyası kimi beynəlxalq müqavilənin iştirakçısıdırsa, onun bütün orqanları, o cümlədən hakimləri həmin müqaviləyə əməl etməlidirlər və bu baxımdan Konvensiyanın məqsədinə və son hədəfinə zidd olan və lap başlanğıcdan hüquqi qüvvəyə malik olmayan normaları tətbiq etməklə Konvensiya normalarının təsirinin azaldılmasına yol veilrməməsini təmin etməyə borcludurlar. Bu baxımdan məhkəmə hakimiyyəti, şübhəsiz ki, özünün müvafiq məhkəmə praktikası və müvafiq prosessual qaydalar çərçivəsində rəsmi funksiyası (ex officio) qismində daxili hüquq normaları ilə Amerika Konvensiyasının normaları arasındakı "uyğunluğa nəzarəti" həyata keçirməkdən ibarət beynəlxalq öhdəlik daşıyır. Bu vəzifəni yerinə yetirərkən məhkəmə hakimiyyəti təkcə beynəlxalq müqaviləni deyil, həm də Amerika Konvensiyasına şərh verən son instansiya qismində İnter-Amerika Məhkəməsinin ona verdiyi şərhi nəzərə almalıdır".
66. Son dövrlərin işlərindən olan Salvadora qarşı qaldırılmış El-Mozotedəki və ətraf yerlərdəki qətliama dair iş üzrə 25 oktyabr 2012-ci il tarixli qərarının bu iş üçün əhəmiyyət kəsb edən hissəsində İnter-Amerika Məhkəməsi aşağıdakıları bildirdi (mətnaltı qeydlər buraxılıb):
"283. Öz yurisdiksiya səlahiyyəti çərçivəsində bu Məhkəmə tərəfindən barəsində qərar çıxarılmış Qomes Lund Braziliyaya qarşı və Gelman Uruqvaya qarşı işlərdə Məhkəmə artıq bunu ətraflı şəkildə təsvir edib və göstərib ki, bu Məhkəmə, İnter-Amerika İnsan hüquqları Komissiyası, Birləşmiş Millətlər Təşkilatının orqanları və insan hüquqlarının müdafiəsi üzrə digər regional təşkilatlar və beynəlxalq cinayət hüququ üzrə digər məhkəmələr insan hüquqlarının kobud pozuntuları ilə bağlı amnistiya qanunlarının beynəlxalq hüquqa və dövlətlərin beynəlxalq öhdəliklərinə zidd olduğu barədə qərarlar çıxarıblar. Bunun səbəbi ondan ibarətdir ki, amnistiyalar və analoji mexanizmlər insan hüquqlarının kobud pozuntularını araşdırmaqdan və lazımi hallarda təqsirkarlar barəsində cinayət təqibini həyata keçirməkdən və onları cəzalandırmaqdan ibarət öhdəliklərini yerinə yetirməmək üçün dövlətlərin istinad etdikləri maneələrdən biridir. Müvafiq olaraq, bu işin məqsədləri üçün Məhkəmə bir daha bildirir ki, "işgəncə, sadələşdirilmiş icraat qaydasında, məhkəmədənkənar və ya özbaşına edam və zorla yoxa çıxarılma kimi insan hüquqlarının ciddi pozuntularının araşdırılmasının və təqsdirkarların cəzalandırılmasının qarşısını almaq məqsədi daşıyan amnistiya müddəalarının, iddia müddəti barədə qanunvericilik normalarının və məsuliyyəti istisna edən müddəaların nəzərdə tutulması qəbuledilməzdir və bütün bunlar insan hüquqlarına dair beynəlxalq hüquq normalarında tanınan, məhdudlaşdırılması yolverilməz olan hüquqlara ziddir".
284. Lakin əvvəllər bu Məhkəmə tərəfindən baxılmış işlərdən fərqli olaraq, hazırkı işdə söhbət beynəlxalq silahlı münaqişə kontekstində törədilmiş hərəkətlərlə bağlı ümumi amnistiya qanunundan gedir. Buna görə də Məhkəmə "Sülhün möhkəmləndirilməsi üçün ümumi amnistiya haqqında" qanunun Amerika Konvensiyasından irəli gələn beynəlxalq öhdəliklərə uyğunluğunu təhlil edərkən və El-Mozotedəki və ətraf yerlərdəki qətliama dair işə tətbiq edərkən bu məsələdə həmçinin 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əlavə olunmuş II Protokolun müddəalarını, habelə hərbi əməliyyatlara son qoymaq üçün əldə edilmiş və Salvadordakı münaqişəyə son qoymuş razılaşmanın xüsusi şərtlərini, xüsusən 16 yanvar 1992-ci il tarixli "Sülh sazişi"nin I fəslini ("Silahlı qüvvələr") və 5-ci maddəsini ("Cəzasızlığa son qoyulması") nəzərə almağı məqsədəuyğun hesab edir.
285. Belə situasiyalara tətbiq edilə bilən beynəlxalq hüquq normalarına əsasən, beynəlxalq xarakter daşımayan silahlı münaqişələrdə hərbi əməliyyatların bitməsi üçün amnistiya qanunlarının qəbuluna bəzən belə haqq qazandırılır ki, onlar sülhə qayıdışa yol açır. Faktiki olaraq, 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əlavə olunmuş II Protokolun 6-cı maddəsinin 5-ci bəndində müəyyən edilir ki:
"Hərbi əməliyyatlar bitdikdən sonra hakimiyyətdə olan orqanlar silahlı münaqişədə iştirak etmiş şəxslərə, yaxud əsir saxlanılmasından və ya həbs edilməsindən asılı olmayaraq hərbi münaqişə ilə əlaqədar səbəblərə görə azadlıqdan məhrum edilmiş şəxslərə mümkün qədər geniş amnistiya verməyə çalışmalıdırlar".
286. Lakin bu norma mütləq (qeyri-məhdud) norma deyil, belə ki, beynəlxalq humanitar hüquqa əsasən, dövlətlər həm də hərbi cinayətləri araşdırmaq və təqsirkarlar barəsində cinayət təqibini həyata keçirmək vəzifəsini daşıyırlar. Beləliklə, amnistiya "hərbi cinayətləri törətməkdə şübhəli bilinən və ya təqsirləndirilən, yaxud bu cinayətlərə görə məhkum edilən şəxslərə" şamil oluna bilməz. Müvafiq olaraq, belə qənaətə gəlmək olar ki, II Əlavə Protokolun 6-cı maddəsinin 5-ci bəndində söhbət beynəlxalq xarakter daşımayan silahlı münaqişədə iştirak etmiş və ya silahlı münaqişə ilə əlaqədar səbəblərə görə azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı geniş amnistiyalardan gedir, bu şərtlə ki, onlar, hazırkı işdə olduğu kimi, hərbi cinayətlər və hətta bəşəriyyət əleyhinə cinayətlər kateqoriyasına aid olan cinayət faktlarına şamil olunmamalıdır.
R. Kamboca məhkəmələrindəki fövqəladə palatalar
67. İttiham aktına qarşı Yenq Sarinin apellyasiya şikayəti üzrə (11 aprel 2011-ci il tarixli 002/19 09-2007-ECCC/OCIJ (PTC75) saylı iş) qərarda Kamboca məhkəmələrindəki fövqəladə palatalar amnistiyanın cinayət təqibi üçün doğurduğu nəticələri müzakirə edərək aşağıdakıları bildirdilər:
"199. İttiham aktında yer alan cinayətlər, yəni soyqırım, bəşəriyyət əleyhinə cinayətlər, Cenevrə Konvensiyalarının kobud pozuntuları, habelə milli səviyyəli cinayətlər qismində adamöldürmə, işgəncə və dini zəmində təqiblər 1994-cü il Qanununda cinayət əməli kimi nəzərdə tutulmayıb, buna görə də bu əməllərlə əlaqədar cinayət təqibi, hətta onlar "Demokratik Kampuçiya" qrupunun üzvü olduğu iddia edilən şəxslər tərəfindən törədilmiş olsa belə, istər ölkədaxili, istərsə də beynəlxalq cinayət hüququnda mövcud olan hüquq normaları əsasında davam etdirilməlidir.
...
201. Yenq Sarinin müştərək vəkilləri tərəfindən təklif edilən, "Qırmızı kxmerlər"in dövründə törədilmiş bütün cinayətlərlə, o cümlədən ittiham aktında yer alan cinayətlərlə bağlı Yenq Sariyə amnistiya verəcək fərmanın şərhi nəinki 1994-cü il Qanunu ilə birgə götürülməklə fərmanın məzmunundan kənara çıxır, həm də Kambocanın beynəlxalq öhdəliklərinə ziddir. Soyqırıma, işgəncələrə və Cenevrə Konvensiyalarının kobud pozuntularına gəlincə, hər hansı cinayət təqibi və cəza olmadan amnistiyanın verilməsi Kambocanın Soyqırım haqqında Konvensiyada, İşgəncələrə qarşı Konvensiyada və Cenevrə Konvensiyalarında əks olunmuş müqavilə öhdəliklərinə, yəni belə cinayətləri törədənləri məhkəməyə cəlb etmək və cəzalandırmaq öhdəliklərinə xələl gətirmiş olar. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı ratifikasiya etmiş Kamboca həmçinin mahiyyət etibarı ilə insan hüquqlarının ciddi pozuntularına səbəb olan bəşəriyət əleyhinə cinayətlərdən zərər çəkənləri səmərəli hüquqi müdafiə vasitəsi ilə təmin etmək öhdəliyini daşıyıb və daşımaqda davam edir. Bu öhdəlik, bir qayda olaraq, dövlətdən tələb edir ki, pozuntuları törədənləri məhkəməyə cəlb etsin və cəzalandırsın. Bəşəriyyət əleyhinə cinayətlərə görə cəzaların ləğv edilməsi və bu cinayətlərin unudulması anlamına gələn amnistiyanın verilməsi Kambocanın MSHBP-də nəzərdə tutulmuş öhdəliyinə, yəni insan hüquqlarının ciddi pozuntularını törədənləri məhkəməyə cəlb etmək və cəzalandırmaq, yaxud zərərçəkənləri hər hansı digər formada səmərəli hüquqi müdafiə vasitəsi ilə təmin etmək öhdəliyinə uyğun deyil. Fərmanı qəbul edərkən Kralın (və məsələyə aidiyyəti olan digər şəxslərin) Kambocanın beynəlxalq öhdəliklərinə hörmət etməmək niyyətində olmasının heç bir təzahürü olmadığına görə, bu sənədə dair müştərək vəkillər tərəfindən təklif edilən şərh əhəmiyyətsiz sayılır".
S. Syerra-Leone üzrə xüsusi məhkəmə
68. 13 mart 2004-cü ildə Syerra-Leone üzrə xüsusi məhkəmənin apellyasiya palatası SCSL-2004-15-AR72(E) və SCSL-2004-16-AR72(E) saylı işlərə baxaraq "Məhkəmə aidiyyətinə (yurisdiksiyaya) etirazla bağlı qərar: Lome Sazişi üzrə amnistiya" ("Decision on Challenge to Jurisdiction: Lomé Accord Amnesty") başlıqlı qərarını qəbul etdi və həmin qərarda aşağıdakıları bildirdi:
"82. "Beynəlxalq hüququn ciddi pozuntularını təşkil edən cinayətlərlə bağlı hökumətin amnistiya verməsinin mümkünsüzlüyü barədə bərqərar olmuş beynəlxalq normanın" mövcudluğuna dair ittiham tərəfinin arqumenti Məhkəməyə təqdim edilmiş materiallar vasitəsilə yetərincə təsdiqlənir. İşin iştirakçısı olmayan, amma rəyini təqdim edən hər iki tərəfin (amici curiae) həmin normanın bərqərar olduğu barədə rəyi tam dəqiq olmaya bilər, lakin bu, məhkəmənin öz rəyini formalaşdırarkən onların arqumentinin gücünə və Məhkəməyə təqdim edilmiş materialların sanballılığına əhəmiyyət verməməsi üçün əsas təşkil etmir. Qəbul edilir ki, beynəlxalq hüquqda belə norma formalaşmaqdadır. Kallonun vəkili bildirdi ki, amnistiyaların beynəlxalq hüquqa əsasən qanunsuz olmaları indiyədək dünya miqyasında qəbul edilməyib, lakin professor Orentlixerin yetərincə geniş şəkildə qeyd etdiyi kimi, belə cinayətlərə görə məhkəmə təqibinin həyata keçirilməsini tələb edən bir neçə beynəlxalq müqavilə var. Buraya aşağıdakılar daxildir: Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il tarixli Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiya və dörd Cenevrə Konvensiyası. Həmçinin BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının kifayət qədər qətnamələri var ki, orada dövlətin cinayət təqibini həyata keçirmək və ya təqsirkarları ədalət mühakiməsinə cəlb etmək öhdəliyi təsdiq olunur. Kompensasiya tələbinə yazılı materiallar əlavə olunub, həmin materiallara İşgəncələrə qarşı Komitənin müvafiq rəyləri, İnsan Hüquqları Komissiyasının gəldiyi nəticələr və İnter-Amerika Məhkəməsinin müvafiq qərarları daxildir.
...
84. Hətta Syerra-Leonenin amnistiya verərkən adət hüququnu pozmadığı barədə rəy mövcud olsa belə, bu məhkəmə öz diskresion səlahiyyətini tətbiq edərək beynəlxalq adət hüququ normalarının inkişaf istiqamətinə və bəşəriyyəti müdafiə etmək məqsədi daşıyan müəyyən beynəlxalq müqavilələrdəki və konvensiyalardakı öhdəliklərə zidd olan bu cür amnistiyanın qəbuluna az əhəmiyyət vermək və ya əhəmiyyət verməmək hüququna malikdir".
HÜQUQİ MƏSƏLƏLƏR
...
II. KONVENSİYANIN 7 SAYLI PROTOKOLUNUN 4-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
92. Ərizəçi şikayət etdi ki, 1997-ci ildə xitam verilən məhkəmə prosesinin və 2007-ci ildə onun təqsirkar sayılması ilə nəticələnən məhkəmə prosesinin predmeti olmuş cinayət əməlləri eynidir. O, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə istinad etdi, həmin maddədə deyilir:
"1. Heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində yenidən məhkəməyə verilə və ya cəzalandırıla bilməz.
2. Əgər yeni faktlar və ya yeni açılmış hallar barəsində məlumatlar varsa, yaxud əvvəlki araşdırma zamanı işin gedişinə təsir göstərən əsaslı pozuntulara yol verilibsə, bundan əvvəlki bənd müvafiq dövlətin qanunlarına və cinayət-prosessual normalarına uyğun olaraq işə təkrar baxılmasına mane olmur.
3. Bu maddənin müddəalarından Konvensiyanın 15-ci maddəsi əsasında hər hansı şəkildə geri çəkilməyə yol verilmir".
A. Şikayətin zaman meyarına (ratione temporis) uyğunluğu məsələsi
1. Palatanın gəldiyi nəticələr
93. 13 noyabr 2012-ci il tarixli qərarında Palata müəyyən etdi ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi üzrə şikayət Konvensiyada nəzərdə tutulmuş zaman meyarına (ratione temporis) uyğundur. O, aşağıdakıları bildirdi:
"58. Məhkəmə qeyd edir ki, ərizəçiyə qarşı birinci cinayət prosesi həqiqətən Konvensiya Xorvatiya barəsində qüvvəyə minməzdən əvvəl başa çatıb. Lakin ərizəçinin mülki əhaliyə qarşı hərbi cinayətlərdə təqsirkar sayıldığı ikinci cinayət prosesi Xorvatiyanın Konvensiyanı ratifikasiya etdiyi 5 noyabr 1997-ci il tarixindən sonra həyata keçirilib və yekunlaşıb. Konvensiya ratifikasiya olunduqdan sonra müvafiq şəxs eyni cinayətə görə məhkum edilirsə, əvvəlki məhkəmə prosesinin ratifikasiyadan əvvəl həyata keçirilməsi eyni əmələ görə iki dəfə məhkəməyə cəlb olunmamaq və ya cəzalandırılmamaq hüququnu aradan qaldıra bilməz. Beləliklə, sadəcə olaraq birinci məhkəmə prosesinin həmin tarixədək yekunlaşması hazırkı işdə Məhkəmənin zaman meyarına görə yurisdiksiyaya malik olmasına mane ola bilməz".
2. Tərəflərin Böyük Palataya təqdim etdiyi arqumentlər
94. Hökumət bildirdi ki, ərizəçiyə amnistiya verən qərar 24 iyun 1997-ci ildə qəbul edilib və 2 iyul 1997-ci ildə ona təqdim edilib, Konvensiya isə Xorvatiya barəsində 5 noyabr 1997-ci ildə qüvvəyə minib. Buna görə də sözügedən qərar Məhkəmənin zaman yurisdiksiyası xaricindədir.
95. Ərizəçi bu məsələ ilə bağlı heç bir arqument irəli sürmədi.
3. Böyük Palatanın qiymətləndirməsi
96. Ərizəçiyə amnistiya verən qərar 24 iyun 1997-ci ildə qəbul edilib, Konvensiya Xorvatiya barəsində 5 noyabr 1997-ci ildə, 7 saylı Protokol isə onun barəsində 1 fevral 1998-ci ildə qüvvəyə minib. Buna görə də Məhkəmənin zaman meyarına görə (ratione temporis) səlahiyyəti məsələsi araşdırılmalıdır.
97. Böyük Palata ərizəçinin 7 saylı Protokolun 4-cü maddəsi üzrə şikayətinin Konvensiyada nəzərdə tutulmuş zaman meyarına (ratione temporis) uyğunluğu məsələsinə dair Palatanın gəldiyi nəticələri dəstəkləyir. Bundan başqa, o, Qradinger Avstriyaya qarşı işdə Komissiyanın aşağıdakı əsaslandırmasını (19 may 1994-cü il, Komissiyanın rəyi, 67-69-cu bəndlər, A seriyaları, № 328-C) qeyd edir:
"67. Komissiya xatırladır ki, beynəlxalq hüququn hamılıqla tanınan normalarına əsasən, Konvensiya və onun Protokolları Razılığa gələn Tərəflər üçün yalnız Konvensiyanın və ya Protokolun həmin tərəf barəsində qüvvəyə mindiyi tarixdən sonra baş vermiş faktlarla əlaqədar məcburi qüvvəyə malikdir.
68. 7 saylı Protokolun 4-cü maddəsində bəyan edilən hüququn xarakteri elədir ki, bu halda iki məhkəmə prosesi baş verməlidir: müvafiq şəxsin yekun olaraq "bəraət aldığı və ya məhkum edildiyi" birinci proses və ondan sonra eyni yurisdiksiya çərçivəsində onun "yenidən məhkəməyə verildiyi və ya cəzalandırıldığı" ikinci proses.
69. Komissiya daha sonra xatırladır ki, məhkəmə prosesinin ədalətliliyini qiymətləndirərkən o, Konvensiyanın dövlət barəsində qüvvəyə minməsindən əvvəl baş vermiş hadisələrə o halda nəzər salmaq hüququna malikdir ki, həmin əvvəlki hadisələr barədə qənaətlər həmin qüvvəyə minmə tarixindən sonra qəbul edilmiş məhkəmə qərarına daxil edilmiş olsun (bax: № 9453/81, Dec. 13.12.82, D.R. 31 p. 204, 209). 7 saylı Protokolun 4-cü maddəsindəki mühüm element "yenidən" məhkəməyə verilmək və ya cəzalandırılmaq məsələsidir. Birinci məhkəmə prosesi sadəcə olaraq ikinci proseslə bağlı nəticə çıxarmaq üçün zəmin təşkil edir. Hazırkı işdə Komissiya hesab edir ki, ikinci məhkəmə prosesindəki yekun qərarın 7 saylı Protokolun qüvvəyə minməsindən sonrakı tarixə təsadüf etdiyini qəbul etsək, o, zaman meyarına görə (ratione temporis) bu şikayətə baxa bilər. 7 saylı Protokol 1 noyabr 1988-ci ildə qüvvəyə mindiyinə və Avstriya 30 iyun 1989-cu ildə həmin Protokolun 6-cı maddəsinin 2-ci bəndi üzrə bəyanat verdiyinə görə (onun geriyə qüvvəsi istisna olunmur) (bax: № 9587/81, Dec. 13.12.82, D.R. 29 p. 228, 238) və İnzibati Məhkəmənin yekun qərarı 29 mart 1989-cu il tarixində çıxarıldığına görə, Komissiya hesab edir ki, işin bu aspektini onun nəzərdən keçirməsinə zaman meyarına görə (ratione temporis) mane olan hal yoxdur".
98. Müvafiq olaraq, Böyük Palata zaman yurisdiksiyasının (ratione temporis) olmaması səbəbindən şikayətin qəbuledilən olmadığı barədə Hökumətin arqumentinin rədd edilməli olduğuna dair Palatanın gəldiyi nəticədən kənara çıxmaq üçün səbəb görmür.
B. 7 saylı Protokolun 4-cü maddəsinin tətbiqinin mümkünlüyü məsələsi
1. Palatanın gəldiyi nəticələr
99. Palata ilk növbədə bu nəticəyə gəldi ki, birinci və ikinci məhkəmə proseslərində ərizəçinin məhkəməyə cəlb olunmasına səbəb olmuş cinayət əməlləri eyni olub. O, ərizəçiyə amnistiya verilməsi barədə qərara 7 saylı Protokolun 4-cü maddəsinin məqsədləri üçün yekun ittiham və ya bəraət hökmü kimi baxmağın mümkün olub-olmaması məsələsini açıq saxladı və 7 saylı Protokolun 4-cü maddəsinin 2-ci bəndində yer alan istisna halları nəzərə alaraq şikayətə mahiyyəti üzrə baxılmasını davam etdirdi. Palata Ali Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşdı ki, "Ümumi amnistiya aktı" ərizəçinin işinə yanlış olaraq tətbiq edilib və bu qənaətə gəldi ki, ərizəçi tərəfindən törədilən, hərbi cinayət təşkil edən hərəkətlərə amnistiya verilməsi həmin məhkəmə prosesində baş verən və ərizəçinin yenidən məhkəməyə cəlb olunmasını mümkün edən "əsaslı pozuntu" idi.
2. Tərəflərin Böyük Palataya təqdim etdiyi arqumentlər
a) Ərizəçi
100. Ərizəçi iddia etdi ki, ona qarşı iki cinayət prosesində araşdırılan cinayət əməlləri faktiki olaraq eyni idi və ikinci məhkəmə prosesində həmin əməllərin hərbi cinayətlər kimi tövsif edilməsi bu faktı dəyişə bilməzdi ki, ittihamlar mahiyyət etibarı ilə eyni idi.
101. O, daha sonra iddia etdi ki, təqsirləndirilən şəxsə amnistiya verən qərar təkrar məhkəmə araşdırmasını istisna edən yekun qərar idi.
b) Hökumət
102. Yazılı izahatlarında Hökumət iddia etdi ki, birinci məhkəmə prosesində Osiyek dairə məhkəməsi işin faktlarını müəyyənləşdirmədən və ərizəçinin təqsirliliyi məsələsini həll etmədən "Ümumi amnistiya aktı"nı tətbiq edib. Bu yolla qəbul edilmiş qərarda ərizəçnin ittham edildiyi cinayətləri törədib-törətmədiyi barədə suala heç bir cavab verilməyib, həmçinin ittiham aktındakı ittihamlar da araşdırılmayıb. Buna görə də həmin qərar res judicata ("bir dəfə həll olunmuş işə yenidən baxılması") xüsusiyyətinə malik deyildi (Hökumətin izahatlarının 33-cü bəndinə bax). Bununla belə, o, daha sonra bildirdi ki, bu proses res judicata prinsipinin bütün tələblərinə cavab verir və qərar 7 saylı Protokolun 4-cü maddəsində nəzərdə tutulan mənada yekun ittiham və ya bəraət hökmü sayıla bilər (Hökumətin izahatlarının 37-ci bəndinə bax).
103. Daha sonra Hökumət Palatanın gəldiyi nəticələrə geniş şəkildə istinad edərək bildirdi ki, hərbi cinayətlərə amnistiya verilə bilməz və amnistiyanın verilməsi məhkəmə prosesində əsaslı pozuntu təşkil edib.
104. Birinci məhkəmə prosesinə xitam verildikdən sonra yeni faktlar meydana çıxıb, yəni qurbanların qətlə yetirilməzdən əvvəl həbs edilməsi və işgəncələrə məruz qalması məlum olub. Bu yeni elementlər sözügedən hərəkətlərin "adi" qətllər kimi deyil, mülki əhaliyə qarşı hərbi cinayətlər kimi tövsif edilməsi üçün yetərli idi.
105. "Ümumi amnistiya aktı" Xorvatiyanın "Xorvatiya Respublikası və Yuqoslaviya Respublikası arasındakı münasibətlərin normallaşdırılması barədə saziş"dən irəli gələn beynəlxalq öhdəliklərini yerinə yetirməsi məqsədi ilə qəbul edilmişdi və onun başlıca məqsədi davam edən müharibə dövründə Xorvatiya cəmiyyətində barışığı təşviq etmək idi. Onun hərbi cinayətlərə tətbiqi birmənalı şəkildə istisna olunurdu.
106. Ərizəçinin işində "Ümumi amnistiya aktı" onun məqsədinə, habelə Xorvatiyanın beynəlxalq öhdəliklərinə, o cümlədən Konvensiyanın 2-ci və 3-cü maddələrinə zidd olaraq tətbiq edilmişdi.
107. Milli hakimiyyət orqanlarının istifadə etdikləri prosedurlara gəlincə, Hökumət həmin prosedurların Cinayət Prosessual Məcəlləsinin müddəalarına uyğunluğu məsələsi ilə bağlı hər hansı arqumentlər irəli sürmədən iddia etdi ki, ərizəçiyə qarşı məhkəmə prosesi ədalətli idi.
c) Prosesdə üçüncü tərəf qismində iştirak edənlər
108. Bir qrup akademik ekspertlər iddia etdilər ki, beynəlxalq cinayətlərə görə amnistiya verilməsini heç bir çoxtərəfli müqavilə qadağan etmir. Cenevrə Konvensiyalarının İkinci Əlavə Protokolunun 6-cı maddəsinin 5-ci bəndinə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) verdiyi şərhdə bildirilirdi ki, dövlətlər hərbi cinayətlərdə şübhəli bilinən, təqsirləndirilən və ya həmin cinayətlərə görə məhkum olunmuş şəxslərə amnistiya verə bilməzlər. Lakin bu maddənin hazırlanması işlərinin materiallarının (travaux préparatoires) təhlili göstərir ki, yalnız beynəlxalq cinayətləri törətmiş şəxslərin məsələsini qaldıran dövlətlər, yəni SSRİ və onun təsir dairəsində olan dövlətlərin bəziləri bu məsələni xarici muzdlular məsələsi ilə əlaqələndirmişdilər. Qəribədir ki, BQXK 6-cı maddəsinin 5-ci bəndini şərh edərkən onun tətbiq dairəsindən beynəlxalq cinayətləri törədənləri deyil, yalnız hərbi cinayətkarları xaric etmişdi, belə ki, onun istinad etdiyi SSRİ-nin bəyanatlarında konkret olaraq bəşəriyyət və sülh əleyhinə cinayətləri törədənlər barəsində cinayət təqibinin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Soyqırım və bəşəriyyət əleyhinə cinayətlər törədənlərin deyil, hərbi cinayətkarların amnistiyanın potensial tətbiq dairəsindən xaric edilməsinə hansı arqumentlərin haqq qazandıra biləcəyini anlamaq çətindir. Bundan başqa, BQXK beynəlxalq xarakter daşımayan münaqişə hallarına, məsələn, Cənubi Africa, Əfqanıstan, Sudan və Tacikistandakı münaqişlərə istinad etdi. Lakin bu münaqişələrlə əlaqədar amnistiyaların hamısı ən azı bir beynəlxalq cinayəti özündə ehtiva edirdi.
109. Prosesdə üçüncü tərəf qismində iştirak edənlər beynəlxalq müqavilələrin amnistiyaya aid maddələrinin hazırlanması üzrə danışıqlardakı çətinlikləri qeyd etdilər (onlar Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) təsis edilməsinə dair 1998-ci il tarixli Roma konfransına; Zorla yoxa çıxarılma haqqında Beynəlxalq Konvensiyanın hazırlanması üzrə danışıqlara; və "Milli və beynəlxalq səviyyələrdə qanunun aliliyi haqqında" Baş Assambleyanın Zirvə toplantısının 2012-ci il tarixli Bəyannaməsinə istinad etdilər). Çətinliklər dövlətlər arasında bu məsələdə hər hansı konsensusun olmadığını təsdiq edirdi.
110. Prosesdə üçüncü tərəf qismində iştirak edənlər amnistiyalar haqqında hüquq doktrinasının inkişaf xəttinə istinad edərək[6] iddia etdilər ki, İkinci Dünya Müharibəsindən bəri dövlətlər amnistiya qanunlarına getdikcə daha çox müraciət ediblər. Beynəlxalq cinayətlərə şamil olunmayan yeni amnistiya qanunlarının sayı artsa da, belə cinayətləri əhatə edən amnistiyaların da sayı artıb. Amnistiyalar keçid dövründəki ədalət mühakiməsində tez-tez istifadə edilən vasitələrdir. 1980-ci ildən 2006-cı ilədək sülh sazişləri çərçivəsində amnistiyalardan istifadə edilməsi hallarının sayı nisbətən sabit qalıb.
111. Bir neçə beynəlxalq və regional məhkəmələr beynəlxalq cinayətlərə verilən amnistiyaların beynəlxalq hüquqla qadağan olunduğu barədə rəyi qəbul etsələr də, elan olunmuş məhkəmə qərarlarında qadağanın tətbiq dairəsi və hansı cinayətləri əhatə etməsi ilə bağlı uyğunsuzluqların olması onların qərarlarının təsirini zəiflədib. Məsələn, İnter-Amerika İnsan Hüquqları Məhkəməsi 2001-ci il tarixli Barrios Altos işində belə mövqe tutdu ki, bütün amnistiya müddəaları qəbuledilməzdir, çünki onlar insan hüquqlarının pozuntularının araşdırılmasının və təqsirkarların cəzalandırılmasının qarşısını alır, həmin məhkəmənin sədri və dörd başqa hakim Salvadora qarşı qaldırılmış El-Mozotedəki qətliama dair işdə bu mövqeyin detallarına vararaq qəbul etdilər ki, hətta söhbət insan hüquqlarının kobud pozuntularından getdikdə belə, cinayət təqibini həyata keçirmək tələbi mütləq tələb deyil və müharibədən sonrakı situasiyalarda sülh və barışıq tələbləri ilə tarazlaşdırılmalıdır.
112. Bundan başqa, bir sıra milli ali məhkəmələr ölkələrinin amnistiya qanunlarını dəstəkləyiblər, çünki belə qanunlar sülhə, demokratiyaya və barışığa nail olmağa kömək edir. Prosesdə üçüncü tərəf qismində iştirak edənlər aşağıdakı nümunələrə istinad etdilər: 2012-ci ilin fevralında hakim Qarsonun işi üzrə İspaniya Ali Məhkəməsinin gəldiyi nəticə; 2000-ci il tarixli Amnistiya Aktının konstitusiyaya uyğunluğunu təsdiq etmiş Uqanda Konstitusya Məhkəməsinin qərarı; 1979-cu il tarixli Amnistiya Qanununu ləğv etməkdən imtina etmiş Braziliya Ali Məhkəməsinin qərarı; və AZPO-nun işində "Milli birliyin və barışığın təşviqi haqqında" 1995-ci il tarixli qanunun konstitusiyaya uyğunluğunu təsdiq etmiş Cənubi Afrika Respublikasının Konstitusya Məhkəməsinin qərarı.
113. Prosesdə üçüncü tərəf qismində iştirak edənlər qəbul etdilər ki, amnistiyaların verilməsi müəyyən hallarda əsas insan hüquqlarının pozuntularında təqsirkar olanların cəzasızlığına gətirib çıxara və beləliklə də həmin hüquqların qorunması səylərinə xələl gətirə bilər. Bununla belə, amnistiyalar zorakı diktaturaların və daimi münaqişələrin aradan qaldırılmasının yeganə yoludursa, belə hallarda ciddi siyasi mülahzələr amnistiyaların verilməsini dəstəkləyir. Prosesdə üçüncü tərəf qismində iştirak edənlər amnistiyalara ümumi qadağa qoyulmasının əleyhinə və amnistiyaların verilməsi məsələsi nəzərdən keçirilərkən daha detallı yanaşmanın lehinə çıxış etdilər.
3. Böyük Palatanın qiymətləndirməsi
a) Ərizəçi barəsindəki cinayət təqibinə səbəb olmuş cinayət əməlləri eyni idimi?
114. Zolotuxinin işində Məhkəmə belə bir mövqe tutdu ki, 7 saylı Protokolun 4-cü maddəsi eyni və ya mahiyyət etibarı ilə eyni olan faktlardan irəli gələn ikinci "cinayət əməlinə" görə cinayət təqibini və ya məhkəmə araşdırmasını qadağan edən maddə kimi başa düşülməlidir (bax: Sergey Zolotuxin Rusiyaya qarşı, [BP], ərizə № 14939/03, 82-ci bənd, AİHM 2009).
115. Hazırkı işdə ərizəçi hər iki məhkəmə prosesində aşağıdakı əməllərdə təqsirləndirilib:
- 20 noyabr 1991-ci ildə S.B. və V.B.-nin qətlə yetirilməsi və Sl.B.-yə ciddi xəsarət yetirilməsi;
- 10 dekabr 1991-ci ildə N.V. və Ne.V.-nin qətlə yetirilməsi.
116. Beləliklə, hər iki cinayət prosesi yuxarıdakı ittihamlarla əlaqədar olduğuna görə, ərizəçi eyni cinayət əməllərinə görə iki dəfə cinayət təqibinə məruz qalıb.
b) Birinci məhkəmə prosesində qəbul edilmiş qərarların xarakteri
117. Birinci məhkəmə prosesində ərizəçiyə qarşı irəli sürülən və ikinci məhkəmə prosesində də üstünlük təşkil edən ittihamlarla bağlı iki fərqli situasiya mövcuddur.
118. Birincisi, 25 yanvar 1996-cı ildə prokuror 10 dekabr 1991-ci ildə N.V. ilə Ne.V.-nin qətlə yetirilməsi ilə bağlı ittihamları götürüb (aşağıda 120-ci və 121-ci bəndlərə bax).
119. İkincisi, 20 noyabr 1991-ci ildə S.B. və V.B.-nin qətlə yetirilməsi və Sl.B.-yə ciddi xəsarət yetirilməsi ilə bağlı prosesə Osiyek dairə məhkəməsi tərəfindən "Ümumi amnistiya aktı" əsasında 24 iyun 1997-ci ildə qəbul edilmiş qərarla xitam verilib (aşağıda 122-ci və sonrakı bəndlərə bax).
i) Prokuror tərəfindən ittihamların götürülməsi
120. Məhkəmə artıq qərara alıb ki, prokuror tərəfindən cinayət işinə xitam verilməsi nə ittiham hökmü, nə də bəraət hökmü təşkil etmir və buna görə də hesab edir ki, 7 saylı Protokolun 4-cü maddəsi bu situasiyaya tətbiq edilə bilməz (bax: Smirnova və Smirnova Rusiyaya qarşı (qərardad), ərizələr № 46133/99 və 48183/99, 3 oktyabr 2002-ci il; və Harutyunyan Ermənmistana qarşı (qərardad), ərizə № 34334/04, 7 dekabr 2006-cı il).
121. Beləliklə, N.V. və Ne.V.-nin qətli ilə bağlı cinayət işinə prokuror tərəfindən xitam verilməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin tətbiq dairəsinə düşmür. Buradan belə nəticə çıxır ki, şikayətin bu hissəsi mahiyyət meyarına (ratione materiae) uyğun deyil.
ii) "Ümumi amnistiya aktı" əsasında işə xitam verilməsi
122. Qalan ittihamlara (S.B. və V.B.-nin qətlə yetirilməsi və Sl.B.-yə ciddi xəsarət yetirilməsi) gəlincə, ərizəçiyə qarşı birinci cinayət işinə "Ümumi amnistiya aktı" əsasında xitam verilmişdi.
123. Məhkəmə 24 iyun 1997-ci il tarixli qərarla bağlı qiymətləndirməsinə onu müəyyən etməklə başlayacaq ki, əsas insan hüquqlarının kobud pozuntusunu təşkil edən hərəkətlərlə bağlı ərizəçiyə qeyd-şərtsiz amnistiya verildiyi hazırkı işin konkret hallarına 7 saylı Protokolunun 4-cü maddəsi ümumiyyətlə şamil olunurmu?
α) Konvensiya üzrə mövqe
124. Məhkəmə qeyd edir ki, ərizəçiyə qarşı cinayət prosesində irəli sürülmüş ittihamlar mülki şəxslərin qətlə yetirilməsini və onlara ciddi xəsarət yetirilməsini özündə ehtiva edir və beləliklə, onların Konvensiyanın 2-ci maddəsi ilə qorunan yaşamaq hüququnu və ola bilsin ki, həm də Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarını əhatə edirdi. Bununla bağlı Məhkəmə bir daha bildirir ki, 2-ci və 3-cü maddələr Konvensiyanın ən fundamental müddəalarındadır. Onlar Avropa Şurasını təşkil edən demokratik cəmiyyətlərin əsas dəyərlərindən bəzilərini təsbit edir (bir çox digər qərarlar arasında bax: Androniku and Konstantinu Kiprə qarşı, 9 oktyabr 1997-ci il, 171-ci bənd, Reports 1997-VI; və Solomu və başqaları Türkiyəyə qarşı, ərizə № 36832/97, 63-cü bənd, 24 iyun 2008-ci il).
125. Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququnu qorumaq və Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş pis rəftara rəftara qarşı müdafiəni təmin etmək öhdəlikləri, dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyi ilə, yəni "yurisdiksiyaları daxilində olan hər kəs üçün bu Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək" öhdəliyi ilə birlikdə götürülməklə, dolayısı ilə həm də onu tələb edir ki, fərdlər güc tətbiqi nəticəsində qətlə yetirildikdə (bax (müvafiq dəyişikliklərlə): Makkann və başqaları Birləşmiş Krallığa qarşı, 27 sentyabr 1995-ci il, 161-ci bənd, A seriyaları, № 324; və Kaya Türkiyəyə qarşı, 19 fevral 1998-ci il, 86-cı bənd, Reports 1998-I) və ya pis rəftara məruz qaldıqda (misal üçün bax: Əs-Məsri "Keçmiş yuqoslav respublikası Makedoniyaya" qarşı [BP], ərizə № 39630/09, 182-ci bənd, AİHM 2012) müəyyən rəsmi araşdırma aparılmalıdır. Belə araşdırmanın əsas məqsədi yaşamaq hüququnun müdafiəsinə yönələn daxili qanunların səmərəli tətbiqini və hüquq pozuntusu törədənlərin məsuliyyətə cəlb olunmasını təmin etməkdir.
126. Məhkəmə artıq bildirib ki, dövlət nümayəndəsi işgəncələri və ya pis rəftarı özündə ehtiva edən cinayətlərdə ittiham edildiyi hallarda cinayət prosesinin aparılmasına və cəza təyin edilməsinə müddət məhdudiyyətinin qoyulmaması olduqca önəmlidir və bu zaman amnistiya və ya əfv fərmanının verilməsinə icazə verilməməlidir (bax: Abdülsamet Yaman Türkiyəyə qarşı, ərizə № 32446/96, 55-ci bənd, 2 noyabr 2004-cü il; Okkalı Türkiyəyə qarşı, ərizə № 52067/99, 76-cı bənd, 17 oktyabr 2006-cı il; və Yeşil və Sevim Türkiyəyə qarşı, ərizə № 34738/04, 38-ci bənd, 5 iyun 2007-ci il). O, konkret olaraq hesab edib ki, milli hakimiyyət orqanları bu cür rəftarın cəzasız qalmasına imkan vermək istəyində olduqları təəssüratını yaratmamalıdırlar (bax: Egmez Kiprə qarşı, ərizə № 30873/96, 71-ci bənd, AİHM 2000-XII; və Turan Cakir Belçikaya qarşı, ərizə № 44256/06, 69-cu bənd, 10 mart 2009-cu il). Uld Dah Fransaya qarşı iş üzrə qərardadında (ərizə № 13113/03, AİHM 2009) Məhkəmə həmçinin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin və KYBCT-nin rəylərinə istinadən bildirdi ki, bir qayda olaraq, amnistiya dövlətlərin üzərinə düşən işgəncə kimi əməlləri araşdırmaq öhdəliyinə ziddir və buna görə də cinayət törədənləri beynəlxalq hüquqa zidd hesab edilən amnistiya qanunu vasitəsilə cəzasız saxlmaqla cinayətkarlar barəsində cinayət təqibini həyata keçmək öhdəliyinə xələl gətirilməməlidir.
127. Beləliklə, dövlətlərin işgəncə və qəsdən adamöldürmə kimi əməllər barəsində cinayət təqibini həyata keçmək öhdəliyi Məhkəmənin presedent hüququnda müəyyən edilib. Məhkəmənin presedent hüququnda təsdiq edilir ki, mülki şəxslərin qətlə yetirilməsi və pis rəftara məruz qalması ilə bağlı amnistiya verilməsi dövlətin Konvensiyanın 2-ci və 3-cü maddələrində nəzərdə tutulmuş öhdəliklərinə ziddir, çünki belə hərəkətlərin araşdırılmasına maneə yaradır və labüd surətdə təqsirkarların cəzasız qalmasına gətirib çıxarır. Belə nəticə Konvensiyanın 2-ci və 3-cü maddələri ilə təmin edilən müdafiənin məqsədinə xələl gətirmiş olar və şəxsin yaşamaq hüququ və pis rəftara məruz qalmamaq hüququ ilə bağlı təminatları xəyali təminatlara çevirmiş olar. Fərdi insan hüquqlarının müdafiəsinə yönələn sənəd qismində Konvensiyanın predmeti və məqsədi onun müddəalarının elə şərh və tətbiq edilməsini tələb edir ki, orada əks olunmuş təminatlar praktiki və səmərəli olsun (Makkann və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 146-cı bənd).
128. Hazırkı iş Konvensiyanın 2-ci və 3-cü maddələrinin deyil, 7 saylı Protokolun 4-cü maddəsinin iddia edilən pozuntuları ilə əlaqədar olsa da Məhkəmə bir daha bildirir ki, Konvensiya və onun Protokolları vahid bir tam halında götürülməli və onların ayrı-ayrı müddəaları arasındakı daxili uyğunluğa və harmoniyaya şərait yaradan tərzdə şərh edilməlidir (bax: Stek və başqaları Birləşnuş Krallığa qarşı (qərardad) [BP], ərizələr № 65731/01 və 65900/01, 48-ci bənd, AİHM 2005-X; və Ostin başqaları Birləşnuş Krallığa qarşı [BP], ərizələr № 39692/09, 40713/09 və 41008/09, 54-cü bənd, AİHM 2012). Buna görə də, 7 saylı Protokolun 4-cü maddəsində yer alan təminatlara və dövlətlərin Konvensiyanın 2-ci və 3-cü maddələri üzrə öhdəliklərinə vahid bir tamın tərkib hissələri kimi baxılmalıdır.
ß) Beynəlxalq hüquq üzrə mövqe
129. Məhkəmə bu sahədə beynəlxalq hüquqda baş vermiş inkişafı nəzərə almalıdır. Konvensiya və onun Protokolları vakuum (boşluq) şəraitində deyil, tərkib hissəsini təşkil etdikləri beynəlxalq hüququn ümumi prinsipləri ilə uzlaşdırılmış şəkildə şərh edilməlidir. Müqavilələr hüququ haqqında 1969-cu il tarixli Vyana Konvensiyasının 31-ci maddəsinin 3(c) bəndində qeyd edildiyi kimi, "tərəflər arasındakı münasibətlərə tətbiq edilən beynəlxalq hüququn istənilən müvafiq normaları" və xüsusən insan hüquqlarının beynəlxalq müdafiəsinə aid olan normalar nəzərə alınmalıdır (bax: Əl-Adsani Birləşnuş Krallığa qarşı [BP], ərizə № 35763/97, 55-ci bənd, AİHM 2001-XI; Dəmir and Baykara Türkiyəyə qarşı [BP], ərizə № 34503/97, 67-ci bənd, AİHM 2008; Saadi Birləşnuş Krallığa qarşı [BP], ərizə № 13229/03, 62-ci bənd, AİHM 2008; Rantsev Kiprə və Rusiyaya qarşı, ərizə № 25965/04, 273-274-cü bəndlər, AİHM 2010 (çıxarışlar); və Nada İsveçrəyə qarşı [BP], ərizə № 10593/08, 169-cu bənd, AİHM 2012).
130. Məhkəmə Palatanın bu qeydlərini nəzərə alır ki, "bəşəriyyət əleyhinə cinayətləri, hərbi cinayətləri və soyqırımı özündə ehtiva edən "beynəlxalq cinayətlərə" amnistiya verilməsinin beynəlxalq hüquqla qadağan edilməli olduğu barədə mülahizənin miqyası getdikcə artmaqdadır" və "bu mülahizə beynəlxalq hüqmanitar hüququn adət normalarından, insan hüquqlarına dair müqavilələrdən, habelə beynəlxalq və regional məhkəmələrin qərarlarından və inkişaf etməkdə olan dövlətlərin praktikasından irəli gəlir, belə ki, hökumətlərin qəbul etdikləri ümumi amnistiyaların beynəlxalq, regional və milli məhkəmələr tərəfindən etibarsız elan edilməsi tendensiyası artmaqdadır".
131. Qeyd etmək lazımdır ki, indiyədək heç bir beynəlxalq müqavilə əsas insan hüquqlarının kobud pozuntuları ilə bağlı amnistiya verilməsini birmənalı şəkildə qadağan etməyib. Beynəlxalq xarakter daşımayan münaqişələrdən zərər çəkənlərin müdafiəsinə aid olan Cenevrə Konvensiyalarının İkinci Əlavə Protokolunun 6-cı maddəsinin 5-ci bəndində "hərbi əməliyyatlar bitdikdən sonra hakimiyyətdə olan orqanların silahlı münaqişədə iştirak etmiş şəxslərə, yaxud ... silahlı müqanişə ilə əlaqədar səbəblərə görə azadlıqdan məhrum edilmiş şəxslərə mümkün qədər geniş amnistiya verməyə çalışmalı" olduqları nəzərdə tutulduğu halda, İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin həmin bəndə verdiyi şərh amnistiyanın hərbi cinayətlər və bəşəriyyət əleyhinə cinayətlər törətmiş şəxslərə tətbiqini istisna edir (yuxarıda 66-cı bəndə bax: Salvadora qarşı qaldırılmış El-Mozotedəki və ətraf yerlərdəki qətliama dair iş üzrə qərar, 286-cı bənd). İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin bu qənaətə gəlməsi üçün əsası dövlətlərin hərbi cinayətləri araşdırmaqdan və təqsirkarlara qarşı cinayət təqibini həyata keçirməkdən ibarət beynəlxalq hüquqi öhdəliyi təşkil edir. Buna görə də İnter-Amerika Məhkəməsi hesab edib ki, "amnistiya hərbi cinayətləri törətməkdə şübhəli bilinən və ya təqsirləndirilən ... şəxslərə şamil oluna bilməz". Araşdırma aparmaqdan və cinayət təqibini həyata keçirməkdən ibarət eyni öhdəlik əsas insan hüquqlarının kobud pozuntuları baş verdiyi hallarda da mövcud olur və buna görə də, Cenevrə Konvensiyalarının İkinci Əlavə Protokolunun 6-cı maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş amnistiyalar analoji olaraq bu hərəkətlərə də şamil olunmur.
132. İnsan hüquqlarının kobud pozuntuları ilə bağlı dövlət tərəfindən amnistiya verilməsinin mümkünlüyü məsələsi həmin dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilə bilər. Bir neçə beynəlxalq müqavilə var ki, həmin müqavilələr onların müddəalarında nəzərdə tutulmuş cinayətlərə görə cinayət təqibini həyata keçirmək öhdəliyini nəzərdə tutur (bax: Silahlı münaqişələrin qurbanlarının müdafiəsi üçün qəbul edilmiş 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onlara əlavə olunmuş Protokollar, xüsusən Cenevrə Konvensiyaları üçün ümumi olan 3-cü maddə; Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında (I) Konvensiyanın 49-cu və 50-ci maddələri; Dənizdə silahlı qüvvələrin üzvü olan xəstələrin, yaralıların, gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında (II) Konvensiyanın 50-ci və 51-ci maddələri; Hərbi əsirlərlə rəftar haqqında (III) Konvensiyanın 129-cu və 130-cu maddələri; və Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında (IV) Konvensiyanın 146-cı və 147-ci maddələri; həmçinin bax: Cenevrə Konvensiyalarına əlavə olunmuş "Beynəlxalq xarakter daşımayan silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair" 1977-ci il tarixli (II) Protokolun 4-cü və 13-cü maddələri; Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın V maddəsi; və İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiya).
133. Hərbi cinayətlərə və bəşəriyyət əleyhinə cinayətlərə iddia müddətinin tətbiq edilməməsi haqqnda Konvensiyada bəşəriyyət əleyhinə cinayətlər və hərbi cinayətlər barəsində qanunla iddia müddətlərinin nəzərdə tutulması qadağan olunur.
134. Müxtəlif beynəlxalq orqanlar insan hüquqlarının kobud pozuntularının cəzasız qalması və həmin pozuntulara amnistiya verilməsi ilə əlaqədar olaraq qətnamələr, tövsiyələr və şərhlər qəbul ediblər və bir qayda olaraq razılaşıblar ki, insan hüquqlarının və beynəlxalq humanitar hüququn bu cür pozuntularını törədənlərə amnistiya verilməməlidir (yuxarıda 45, 47-49, 51-53 və 56-58-ci bəndlərə bax).
135. Öz qərarlarında bir neçə beynəlxalq məhkəmə bildirib ki, amnistiyalar insan hüquqlarının kobud pozuntularının, yaxud beynəlxalq hüquqa əsasən cinayət təşkil edən hərəkətlərin araşdırılmasının və təqsirkarların cəzalandırılmasının qarşısını almaq məqsədi daşıdığı təqdirdə qəbuledilməzdir (yuxarıda 54 və 59-58-ci bəndlərə bax).
136. 7 saylı Protokolun 4-cü bəndinin mətni onun tətbiqini milli səviyyə ilə məhdudlaşdırsa da, qeyd etmək lazımdır ki, bəzi beynəlxalq sənədlərin müddəaları şəxs barəsində ikinci dövlətdə və ya beynəlxalq məhkəmə orqanında aparılan məhkəmə araşdırmalarına şamil olunur. Məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda ne bis in idem prinsipindən kənara çıxmağa açq-aydın icazə verən müddəa var ki, başqa məhkəmədə aparılmış məhkəmə prosesi şəxsi Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid olan cinayətlərə görə cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıdığı təqdirdə həmin müddəa soyqırım, bəşəriyyət əleyhinə cinayətlər və hərbi cinayətlərlə bağlı artıq bəraət almış həmin şəxs barəsində cinayət təqibinə icazə verir (maddə 20).
137. Məhkəmə prosesdə üçüncü tərəf qismində iştirak edənlərin bu arqumentini nəzərə alır ki, Konvensiyanın 2-ci və 3-cü maddələrinin pozuntuları da daxil olmaqla beynəlxalq səviyyədə əsas insan hüquqlarının kobud pozuntuları ilə bağlı amnistiyaların verilməsinə istisnasız olaraq qadağa qoymaq məsələsində dövlətlər arasında razılıq yoxdur. Belə bir rəy ifadə edilib ki, uzunmüddətli münaqişələrə son qoyan vasitə qismində amnistiyaların verilməsi müsbət nəticələrə gətirib çıxara bilər (yuxarıda 108-113-cü bəndlərdə prosesdə üçüncü tərəf qismində iştirak edənlərin arqumentlərinin qısa xülasəsinə bax).
138. Məhkəmə həmçinin İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin hüquq praktikasını, xüsusən yuxarıda istinad edilən Barrios Altos Peruya qarşı, Qomes Lund və başqaları Braziliyaya qarşı, Gelman Uruqvaya qarşı işləri və Salvadora qarşı qaldırılmış El-Mozotedəki və ətraf yerlərdəki qətliama dair işi nəzərə alır; bu işlərdə həmin məhkəmə qəti mövqe tutub və öncə gəldiyi nəticələrə, habelə İnter-Amerika İnsan Hüquqları Komissiyasının, Birləşmiş Milltələr Təşkilatının orqanlarının və insan hüquqlarının müdafiəsi üzrə digər universal və regional orqanların rəylərinə istinadən bu qənaətə gəlib ki, insan hüquqlarının kobud pozuntuları ilə bağlı amnistiyalar yolverilməzdir, çünki belə amnistiya dövlətlərin bu cür hərəkətləri araşdırmaq və təqsirkarları cəzalandırmaq öhdəliyinə ciddi xələl gətirmiş olar (İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin yuxarıda istinad edilmiş bu işlər üzrə qərarlarına bax: Gelman Uruqvaya qarşı, 195-ci bənd; və Qomes Lund və başqaları Braziliyaya qarşı; 171-ci bənd). O, vurğulayıb ki, bu cür amnistiyalar insan hüquqları üzrə beynəlxalq hüquqda tanınan və məhdudlaşdırılması yolverilməz olan hüquqlara ziddir (bax: Qomes Lund və başqalarının işi üzrə qərar, 172-ci bənd).
γ) Məhkəmənin gəldiyi nəticə
139. Hazırkı işdə mülki şəxslərin qəsdən öldürülməsi və uşağa ağır bədən xəsarəti yetirilməsi kimi əsas insan hüquqlarının kobud pozuntularını təşkil edən hərəkətlərlə bağlı ərizəçiyə amnistiya verilib və bunu əsaslandırarkən dairə məhkəməsi ərizəçinin hərbçi olduğunu göstərib. Beynəlxalq hüquqda getdikcə artan belə bir tendensiya var ki, bu cür amnistiyalar qəbuledilməzdir, çünki onlar dövlətlərin hamılıqla tanınan öhdəliyinə – əsas insan hüquqlarının kobud pozuntuları ilə bağlı cinayət təqibini həyata keçirmək və təqsirkarları cəzalandırmaq öhdəliyinə ziddir. Hətta bəzi xüsusi hallarda, məsələn, barışıq prosesində və (və ya) zərərçəkənlərə kompensasiya təyin olunan zaman amnistiyaların mümkünlüyünü qəbul etsək belə, hazırkı işdə ərizəçiyə verilmiş amnistiya qəbuledilən sayıla bilməzdi, çünki hər hansı belə halların mövcudluğunu göstərən heç nə yox idi.
140. Məhkəmə hesab edir ki, ərizəçiyə qarşı yeni ittiham aktı təqdim etməklə və onu mülki əhaliyə qarşı hərbi cinaytətlərə görə məhkum etməklə Xorvatiyanın dövlət orqanları Konvensiyanın 2-ci və 3-cü maddələrinin tələblərinə və yuxarıda adı çəkilmiş beynəlxalq mexanizmlərin və sənədlərin tələblərinə və tövsiyələrinə uyğun hərəkət ediblər.
141. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə bu nəticəyə gəlir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi bu işin hallarına tətbiq edilə bilməz.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. 25 yanvar 1996-cı ildə prokuror tərəfindən xitam verilmiş araşdırma çərçivəsində N.V. və Ne.V.-nin qətlinə dair ittihamlarla əlaqədar ərizəçinin eyni əmələ görə iki dəfə məhkəməyə cəlb olunmamaq və ya cəzalandırılmamaq hüququna aid olan Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi üzrə şikayəti yekdilliklə qəbul olunmayan elan edir;
2. Yekdilliklə qərara alır ki, Konvensiyanın 6-cı maddəsi pozulmayıb;
3. Bir səsə qarşı on altı səslə qərara alır ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi S.B. və V.B.-nin qətlinə və Sl.B.-nin ağır yaralanmasına dair ittihamlara tətbiq edilə bilməz.
Qərar ingilis və fransız dillərində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 27 may 2014-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.
Din Şpilmann (Dean Spielmann)
Sədr
Lourens Erli (Lawrence Early)
Hüquq məsləhətçisi
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Bu maddə ilə bağlı Ali Məhkəmənin praktikası üçün aşağıda 32-34-cü bəndlərə bax.
[2] 9 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 260 (III) A saylı qətnamə ilə qəbul edilib.
[3] 26 noyabr 1968-ci ildə qəbul edilib; 11 noyabr 1970-ci ildə qüvvəyə minib. Xorvatiya tərəfindən 12 oktyabr 1992-ci ildə ratifikasiya olunub.
[4] Baş Assambleyanın 10 dekabr 1984-cü il tarixli 39/46 saylı qətnaməsi ilə qəbul edilib və imzalanma, ratifikasiya və qoşulma üçün açıq elan olunub; 26 iyun 1987-ci ildə qüvvəyə minib.
[5] İnsan hüquqları üzrə ixtisaslaşmış İnter-Amerika konfransında qəbul edilib, San-Xose (Kosta-Rika), 22 noyabr 1969-cu il.
[6] Prosesdə üçüncü tərəf qismində iştirak edənlər aşağıdakı mənbələrə istinad etdilər: Louise Mallinder, Amnesty, Human Rights and Political Transitions, Bridging the Peace and Justice Divide (Hart Publishing 2008); Louise Mallinder, “Amnesties’ Challenge to the Global Accountability Norm? Interpreting Regional and International Trends in Amnesty Enactment”, in Francesca Lessa and Leigh A. Payne, Amnesty in the Age of Human Rights Accountability (CUP 2012); Tricia D. Olsen, Leigh A. Payne and Andrew G. Reiter, Transitional Justice in Balance, Comparing Processes, Weighing Efficacy (United States Institute of Peace Press 2010); Leslie Vinjamuri and Aaron P. Boesnecker, Accountability and Peace Agreements, Mapping trends from 1998 to 2006 (September 2007), Center for Humanitarian Dialogue, 9.
Full & Egal Universal Law Academy