Martinie (Martinie) Fransaya qarşı [BP] - 58675/00
Qərar 12.4.2006 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
Dövlət orta təhsil məktəbinin mühasibinə təyin edilən əlavə ödənişlərlə bağlı məhkəmə prosesi: 6-cı maddə tətbiq olunur
Ədalətli məhkəmə araşdırması
Dövlət sektoru mühasibinə əlavə ödənişlərin təyin edilməsi ilə bağlı qərardan verilmiş apellyasiya şikayəti ilə bağlı Audit Məhkəməsində Baş Prokurorun mövqeyi: pozuntu
Ədalətli məhkəmə araşdırması
Tərəflərin bərabərliyi
“Dövlət Şurası”nın müşavirələrində "dövlət komissarı"nın iştirakı: pozuntu
Açıq məhkəmə iclası
Əlavə ödənişlərin təyin olunduğu dövlət sektoru mühasibinin Audit Məhkəməsində açıq məhkəmə iclası keçirilməsini tələb etmək iqtidarında olmaması: pozuntu
Faktlar - Ərizəçi dövlət müəssisəsinin mühasibi işləyirdi. Ərizəçi tərəfindən təqdim olunan hesabların auditinə əsasən regional audit ofisi, qapalı keçirilən məhkəmə prosesinin yekununda mühasibin müəssisəyə müəyyən miqdarda pul və faiz borcunun olduğunu bəyan etmişdir. Məbləğ ərizəçi tərəfindən dövlət müəssisəsinin mühasibi qismində etdiyi qeyri-düzgün ödənişlərlə bağlı idi. Qapalı məhkəmə iclasından sonra, Audit Məhkəməsi ərizəçinın apellyasiya şikayəti üzrə qərar çıxarmışdır. Dövlət Şurası ərizəçi tərəfindən verilən hüquq məsələləri üzrə şikayəti rədd etmişdir. Şəxsən və maliyyə cəhətdən təqsirli bilindikdən sonra, ərizəçiyə əlavə ödəniş təyin edilmiş və 190 000 fransız frankı məbləğini dövlət müəssisəsinə geri ödəməsi barədə qərar çıxarılmışdır. Daha sonra ərizəçi tərəfindən 762 avronun artıq ödənildiyi nəzərə alınaraq, əlavə ödəniş qismən azaldılmışdır.
Hüquqi məsələlər - Maddə 6 § 1: a) Tətbiq olunması - Böyük Palata Pellegrin presedent hüququnu (AİHM 1999-VIII) tətbiq etmiş və ərizəçinın tutduğu vəzifə, funksiyaları və məsuliyyətini nəzərdən keçirmişdir. İş, Təhsil üzrə Direktor tərəfindən Dövlət təhsil xidmətində çalışmaq üçün məktəb mühasibi vəzifəsinə təyin edilmiş və orta təhsil müəssisəsinin və heç bir hüquqi şəxs statusuna malik olmayan mərkəzin hesabları üçün məsuliyyət daşıyan dövlət qulluqçusu ilə bağlıdır. Nə mühasib tərəfindən yerinə yetirilən funksiya, nə də bu funksiya ilə bağlı daşıdığı məsuliyyət təqsirləndirilən şəxsin ümumi hüquqla müəyyən edilən dövlət səlahiyyəti və ya Dövlətin və ya digər dövlət müəssisələrinin ümumi maraqlarına xidmət edən vəzifələri yerinə yetirdiyini və qanunla müəyyən olunmuş səlahiyyəti yerinə yetirdiyini göstərir. Qısacası, 6-cı Maddə tətbiq olunandır.
b) Audit Məhkəməsində açıq məhkəmə iclasının olmaması - Regional audit ofislərində işə qapalı baxıldığından, Məhkəmə hesab etdi ki, dövlət mühasiblərinin regional audit ofislərinin onlara qarşı təyin etdikləri əlavə ödənişlər ilə bağlı Audit Məhkəməsində açıq məhkəmə iclasının keçirilməsini tələb etmək hüququ zəruridir. Bu tələb olunmadığı halda, iclas məhkəmə prosesinin texniki xüsusiyyətləri nəzərə alınaraq, qapalı keçirilə bilər. Hazırki işdə ərizəçi, dövlət sektoru mühasibinin üzərinə əlavə ödənişlərin qoyulması qərarına apellyasiya qaydasında baxarkən iclasları qapalı keçirilən Audit Məhkəməsində açıq məhkəmə iclasının keçirilməsini tələb etmək imkanına malik olmamışdır.
Nəticə: pozuntu (yekdilliklə).
c) Audit Məhkəməsindəki prosesin ədalətliliyi - Dövlət mühasibinə qarşı əlavə ödənişlərin tətbiq olunub-olunmaması ilə bağlı Audit Məhkəməsindəki prosesdə Baş Prokurorun mövqeyi ilə müqayisədə dövlət sektoru mühasiblərinin əleyhinə bərabərsizlik mövcud idi: mühasibdən fərqli olaraq, prokuror iclasda iştirak edirdi, öncədən məruzəçi hakimin mövqeyi barədə məlumatlandırılmışdı, hakimin iclasdakı təqdimatlarını dinləmişdi, bütün məhkəmə prosesində iştirak etmişdi və mühasib tərəfindən mübahisələndirilmədən şifahi şəkildə öz mövqeyini ifadə etmək imkanına malik idi. Baş Prokuror mühasibin əleyhinə əlavə ödənişin tətbiq edilib-edilməməsi ilə bağlı hakimlərin qərarına təsir etmək imkanına malik olduğundan, onun məhkəmə işində "tərəf" olub-olmamasının əhəmiyyəti yoxdur. Bərabərsizlik, iclasın açıq keçirilməməsi ilə daha da güclənmişdir, çünki proses mühasib və ya ictimaiyyət tərəfindən hər hansı nəzarət olmadan həyata keçirilmişdir.
Nəticə: pozuntu (on dörd səs üç səsə qarşı).
d) Dövlət Şurasının toplantılarında hökumət komissarının iştirakı - Hökumət komissarının "iştirakı", "varlığı" və "yardımı" Kress qərarında (BP, AİHM 2001-VI) sinonim olaraq işlənməsinə baxmayaraq, Hökumət komissarının müşavirələrdə sadəcə olması faktı onun "aktiv" və ya "passiv" iştirakından asılı olmayaraq, həmin qərarda pozuntu hesab edilmişdi.
Nəticə: pozuntu (on dörd səs üç səsə qarşı).
Full & Egal Universal Law Academy