İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
MASLOV AVSTRİYAYA QARŞI
(CASE OF MASLOV v. AUSTRIA)
(1638/03 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
23 iyun 2008-ci il
Bu qərar qətidir, lakin onun mətninə redaktə xarakterli düzəlişlər edilə bilər.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
Maslov Avstriyaya qarşı işində
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
sədr Jan-Pol Kosta (Jean-Paul Costa),
hakimlər
Nikolas Bratza (Nicolas Bratza),
Per Lorensen (Peer Lorenzen),
Fransuaz Tülkens (Françoise Tulkens),
Josep Kasadevall (Josep Casadevall),
İreneu Kabral Barreto (Ireneu Cabral Barreto),
Karel Yunqvirt (Karel Jungwiert,
Elizabet Şteyner (Elisabeth Steiner),
Alvina Qülümyan (Alvina Gyulumyan),
İneta Zimele (Ineta Ziemele),
İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Paaivi Hirvelaa (Päivi Hirvelä),
Corcio Malinverni (Giorgio Malinverni),
András Sajó (András Sajó),
Miryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Ledi Bianku (Ledi Bianku),
Nona Tsotsoriya (Nona Tsotsoria),
və yuriskonsult Vinsan Berjedən (Vincent Berger) ibarət tərkibdə
2008-ci il 6 fevral və 28 may tarixlərində qapalı müşavirələr keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. İş Bolqarıstanın vətəndaşı cənab Yuri Maslovun (“ərizəçi”) Məhkəməyə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Avstriya Respublikasına qarşı verdiyi ərizə (1638/03 nömrəli ərizə) əsasında başlanmışdır.
2. Ərizəçini Vyana şəhərində fəaliyyət göstərən vəkil cənab M.Döretsbaxer təmsil etmişdir. Avstriya Hökumətini (“Hökumət”) onun səlahiyyətli nümayəndəsi, Xarici İşlər üzrə Federal Nazirliyin Beynəlxalq hüquq şöbəsinin rəhbəri Səfir F.Trautmansdorf təmsil etmişdir.
3. Ərizəçi iddia etmişdir ki, barəsində ölkədən çıxarma haqqında qərarın qəbul edilməsi və sonradan onun Bolqarıstana çıxarılması onun şəxsi və ailə həyatına hörmət hüququnu pozmuşdur.
4. Ərizə Məhkəmənin Birinci Bölməsinin icraatına verilmişdir (Məhkəmə Qaydalarının 52-ci Qaydasının 1-ci hissəsi). 2005-ci il iyunun 2-də bu Bölmənin hakimlər Xristos Rozakis, Snejana Botuçarova, Anatoli Kovler, Elizabet Şteyner, Xanlar Hacıyev, Din Şpilman, Sverr Erik Yebens, habelə Bölmənin katibi Sören Nilsendən ibarət Palatası ərizənin qismən qəbuledilən olması barədə qərar qəbul etmişdir. 2007-ci il martın 22-də həmin Bölmənin hakimlər Xristos Rozakis, Lukis Lukaides, Nina Vayiç, Elizabet Şteyner, Xanlar Hacıyev, Din Şpilman, Sverr Erik Yebens, habelə Bölmənin katibi Sören Nilsendən ibarət Palatası iş üzrə qərar qəbul edərək üç səsə qarşı dörd səslə Konvensiyanın 8-ci maddəsinin pozulduğunu müəyyən etmiş və cavabdeh Hökumətin ərizəçiyə çəkdiyi məhkəmə xərclərinə görə 5759.96 avro ödəməsini qət etmişdir.
5. 2007-ci il sentyabrın 24-də Böyük Palatanın kollegiyası cavabdeh Hökumətin vəsatətinə əsasən Konvensiyanın 43-cü maddəsinə uyğun olaraq işin baxılmaq üçün Böyük Palataya verilməsi barədə qərar qəbul etmişdir. 6. Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü hissələrinə və Məhkəmə Qaydalarının 24-cü Qaydasına əsasən müəyyən olunmuşdur.
7. Həm ərizəçi, həm də Hökumət öz yaddaş qeydlərini təqdim etmişlər. Bolqarıstan Hökuməti iş üzrə icraatda iştirak etmək hüququndan (Konvensiyanın 36-cı maddəsinin 1-ci hissəsi) istifadə etməmişdir.
8. Dinləmələr 2008-ci il fevralın 6-da Strasburqda İnsan Hüquqları Sarayında açıq qaydada keçirilmişdir (59-cü Qaydanın 3-cü bəndi).
Dinləmələrdə aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumət tərəfindən
cənab F.Trautmansdorf,səlahiyyətli nümayəndə,
xanım B.Oms,məsləhətçi,
cənab K.Şmaltsl,məsləhətçi;
(b) ərizəçi tərəfindən
cənab M. Döretsbaxer,vəkil.
Məhkəmə cənab Döretsbaxer və cənab Trautmansdorfun çıxışlarını, habelə onların bir sıra hakimlərin suallarına verdikləri cavabları dinləmişdir.
9. Sonradan əvəzedici hakim András Sajó işə baxılmasında iştirak edə bilməyən Riza Türmeni əvəz etmişdir (24-cü qaydanın 1-ci hissəsi).
FAKTLAR
I. İŞİN HALLARI
10. Ərizəçi 1984-cü ilin oktyabrında doğulmuş və hal-hazırda Bolqarıstanda yaşayır.
11. Altı yaşlı ərizəçi 1990-cı ilin noyabrında valideynləri, bacısı və qardaşı ilə qanuni əsaslarla Avstriyaya gəlmişdir. Bundan sonra o, qanuni əsaslarla Avstriyada yaşamışdır. Onun valideynləri qanuni əsaslarla işə götürülmüş və müəyyən müddət keçdikdən sonra Avstriya vətəndaşlığını əldə etmişlər. Ərizəçi Avstriyada məktəbə getmişdir.
12. 1998-ci ilin axırında ərizəçi barəsində cinayət işi başlanmışdır. O, inter alia avtomobillərə, mağazalara və ticarət avtomatlarına qanunsuz daxil olmaqda, anbardan boş butulkaları oğurlamaqda, bir oğlanı anasından 1000 Avstriya şillinqi oğurlamağa məcbur etməkdə, həmin oğlanı döyməkdə və sahibin icazəsi olmadan avtomobilindən istifadə etməkdə şübhəli bilinmişdir.
13. 1999-cu il martın 8-də ərizəçiyə Avstriyada daimi yaşamaq üçün icazə (Niederlassungsbewilligung) verilmişdi.
14. 1999-cu il sentyabrın 7-də Vyana şəhərinin Yetkinlik yaşına çatmamış şəxslərin işləri üzrə Məhkəməsi (Jugendgerichtshof) ərizəçini 1998-ci ilin noyabrında - 1999-cu ilin iyununda ağırlaşdırıcı hallarda cinayətkar qrupun tərkibində binalara qanunsuz daxil olmaqla cinayət törətmə və bu cinayəti törətmək cəhdi (gewerbsmäßiger Bandendiebstahl), cinayətkar qrupun yaradılması (Bandenbildung), hücum (Körperverletzung) və sahibin icazəsi olmadan avtomobilindən istifadə etmə ilə bağlı iyirmi iki epizod üzrə təqsirli bilərək məhkum etmişdir. Ərizəçi on səkkiz ay müddətində azadlıqdan məhrum etməyə məhkum olunmuş, cəzanın on üç aylıq hissəsi şərti olaraq tətbiq edilmişdir. Həmin hökmlə ərizəçiyə həmçinin narkomanlıqdan müalicə kursu təyin edilmişdir.
15. 2000-ci il fevralın 11-də ərizəçi tutulmuş və barəsində 1999-cu ilin iyununda - 2000-ci ilin yanvarında binalara qanunsuz daxil olmaqla cinayət törətmə ilə bağlı bir sıra epizod üzrə yeni cinayət işi başlanmışdır. Ərizəçi və digər iştirakçılar mağaza və restoranlara qanunsuz daxil olub pul və müxtəlif əşyalar oğurlamaqda şübhəli bilinmişlər. 2000-ci il fevralın 11-də Vyana şəhərinin Yetkinlik yaşına çatmamış şəxslərin işləri üzrə Məhkəməsi ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul etmişdir.
16. 2000-ci il mayın 25-də Vyana şəhərinin Yetkinlik yaşına çatmamış şəxslərin işləri üzrə Məhkəməsi ərizəçini binalara qanunsuz daxil olmaqla cinayət törətmə və bu cinayəti törətmək cəhdi ilə bağlı on səkkiz epizod üzrə təqsirli bilərək on beş ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Məhkəmə ərizəçiyə cəza təyin edərkən onun könüllü etirafını yüngülləşdirici hal, törətdiyi cinayətlərin sayını və birinci dəfə məhkum olunduqdan sonra qısa müddət ərzində yeni cinayətlər törətməsini isə ağırlaşdırıcı hallar kimi nəzərə almışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəçinin hələ valideynləri ilə yaşamasına baxmayaraq, o, onların tərbiyəvi təsirindən tamamilə kənarda qalmış, dəfələrlə evə gəlməmiş və məktəbi tərk etmişdir. Vyana şəhərinin Yetkinlik yaşına çatmamış şəxslərin işləri üzrə Məhkəməsinin bu hökmünə əsasən ərizəçi azadlıqdan məhrum etmə cəzasını çəkmişdir.
17. 2001-ci il yanvarın 3-də Federal Polisin Vyana İdarəsi (Bundespolizeidirektion) 1997-ci ildə qüvvəyə minmiş “Əcnəbilər haqqında” (Fremdengesetz) Qanunun 36-cı maddəsinin 1-ci hissəsinə və 2-ci maddəsinin 1-ci hissəsinə istinadən ərizəçinin ölkədən çıxarılması və 10 il müddətində ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərar qəbul etmişdir. Federal Polisin Vyana İdarəsi ərizəçinin məhkumluqlarını nəzərə alaraq onun bundan sonra Avstriyada qalmasının ictimai mənafelərə zidd olduğunu hesab etmişdir. Ərizəçinin birinci dəfə məhkum olunduqdan sonra yeni cinayətlər törətməsi faktı nəzərə alınaraq, iğtişaş və ya cinayətin qarşısını almaqdan ibarət ictimai mənafe ərizəçinin Avstriyada qalmaq marağından daha üstün olmuşdur.
18. Ərizəçi vəkilin köməyi ilə bu qərardan şikayət vermişdir. O, iddia etmişdir ki, onun ölkədən çıxarılması və ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərar onun Konvensiyanın 8-ci maddəsinə təsbit edilmiş hüquqlarını pozmuş, çünki o, yetkinlik yaşına çatmamış şəxs kimi Avstriyaya altı yaşında gəlmiş, bütün ailəsi Avstriyada yaşamış və Bolqarıstanda hər hansı qohumluq bağları yox idi. O, həmçinin 1997-ci ildə qəbul olunmuş “Əcnəbilər haqqında” Qanunun 38-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə istinad etmişdir; həmin maddəyə uyğun olaraq, Avstriyada erkən yaşlardan qanuni əsaslarla yaşayan şəxs barəsində ölkədən çıxarma və ölkəyə girişə məhdudiyyət qoyulmasına dair qərar qəbul edilə bilməz.
19. Vyana Dövlət Təhlükəsizlik İdarəsinin (Sicherheitsdirektion) 2001-ci il 19 iyul qərarı ilə ərizəçinin şikayəti rədd edilmişdir. Bu qurum Federal Polis İdarəsinin qərarını təsdiq etmişdir.
20. 2001-ci il avqustun 17-də ərizəçi həm İnzibati Məhkəməyə (Verwaltungsgerichtshof), həm də Konstitusiya Məhkəməsinə (Verfassungsgerichthof) şikayət vermişdir. Ərizəçi Avstriyaya altı yaşında gəldiyini, Avstriyada məktəbə getdiyini və Bolqar dilini bilmədiyini vurğulamışdır. Onun Bolqarıstanda qohumları və ya digər sosial əlaqələri yox idi. O, həmçinin hələ yetkinlik yaşına çatmadığını vurğulamışdır.
21. İnzibati Məhkəmə 2001-ci 18 sentyabr tarixli qərarı ilə ərizəçinin şikayətini rədd edərək bildirmişdir ki, ərizəçinin ölkədən çıxarılması və ölkəyə girişinə məhdudiyyət qoyulması haqqında qərar Konvensiyanın 8-ci maddəsinin 2-ci hissəsi baxımından əsaslandırılmış idi. Məhkəmə qeyd etmişdir ki, ərizəçi Avstriyaya altı yaşında gəlmişdir. Halbuki, formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq 1997-ci ildə qəbul olunmuş “Əcnəbilər haqqında” Qanunun 38-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndi yalnız üç yaşdan və ya daha erkən yaşdan qanuni əsaslarla Avstriyada yaşayan əcnəbilər barəsində ölkədən çıxarma və ölkəyə girişə məhdudiyyət qoyulması haqqında qərarın qəbul olunmasını qadağan edirdi. Məhkəmə ərizəçinin törətdiyi cinayətlərin ağırlıq dərəcəsini və sayını, birinci dəfə məhkum olunduqdan sonra qısa müddət ərzində ikinci dəfə məhkum olunması faktını və təyin olunmuş cəzaların ağırlığını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, ərizəçinin və ailəsinin uzun müddət ərzində Avstriyada yaşamasına baxmayaraq, onun ölkədən çıxarılması və ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərar Konvensiyanın 8-ci maddəsində təsbit olunmuş hüquqlarına qeyri-mütənasib müdaxilə olmamışdır.
22. Konstitusiya Məhkəməsi 2001-ci il 19 sentyabr tarixli qərarı ilə ərizəçinin ölkədən çıxarılması və ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərarının icrasını iş üzrə qərar qəbul edilənədək dayandırmışdır.
23. Ərizəçi cəzasını tam çəkdikdən sonra 2002-ci il mayın 24-də azad olunmuşdur. Vəkilinin məhkəmə dinləmələrində verdiyi məlumata görə, o, cəzasını çəkdiyi zaman məktəb təhsilini bitirmiş, azad olunduqdan sonra isə atasına nəqliyyatla bağlı işində kömək etmişdir.
24. 2002-ci il noyabrın 25-də Konstitusiya Məhkəməsi ərizəçinin şikayətinin müsbət həlli perspektivinin olmadığı üçün onu rədd etmişdir.
25. 2002-ci ilin dekabrında ərizəçiyə Avstriyanı tərk etmək barədə qərarı təqdim etmək üçün bir necə cəhd edilmiş, lakin bu cəhdlər uğursuz olmuşdur.
26. 2003-cü il avqustun 18-də Federal Polisin Vyana İdarəsi ərizəçidən Avstriyanı tərk etməyi tələb edən yeni qərar qəbul etmişdir.
27. 2003-cü il oktyabrın 14-də qərar ərizəçiyə valideynlərinin yaşadıqları ünvanda təqdim olunmuş və Federal Polisin Vyana İdarəsi ərizəçinin ölkədən çıxarılması məqsədi ilə həbs edilməsi barədə qərar qəbul etmişdir. Ərizəçi 2003-cü il noyabrın 27-də həbs edilmişdir.
28. 2003-cü il dekabrın 22-də ərizəçi Sofiyaya deportasiya olunmuşdur. Vəkilinin məhkəmə dinləmələrində verdiyi məlumata görə, ərizəçi Bolqarıstanda heç bir yeni cinayət törətməmiş və o, orada özünə iş tapmışdır.
29. Məhkəmə dinləmələrində Hökumət Məhkəməyə bildirmişdir ki, ərizəçinin ölkədən çıxarılması və ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərarın qüvvədə olma müddəti 2011-ci il yanvarın 3-də, yəni qəbul edildiyi tarixdən 10 il keçdikdən sonra bitəcək (bax 17-ci bəndə).
II. MÜVAFİQ MİLLİ HÜQUQ VƏ TƏCRÜBƏ
A. “Əcnəbilər haqqında” Qanun
30. Hadisələrin baş verdiyi zaman 1997-ci ildə qəbul edilmiş “Əcnəbilər haqqında” Qanun qüvvədə (Fremdengesetz) olmuşdur. Həmin Qanunun 36-38-ci maddələrinin müvafiq hissələrində aşağıdakılar deyilirdi:
Maddə 36
“(1) Əcnəbinin ölkədən çıxarılması və ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərar o halda qəbul edilə bilər ki, konkret faktlar əsasında aşağıdakıları güman etməyə inandırıcı əsaslar mövcud olsun:
1. onun ölkədə yaşaması ictimai asayiş, qayda və təhlükəsizlik üçün təhlükə yaradır və ya
2. onun ölkədə yaşaması İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsinin 2-ci hissəsində göstərilən ictimai maraqlara ziddir.
(2) Bu maddənin 1-ci hissəsində qeyd edilən konkret faktların mövcudluğu aşağıdakılar əsasında müəyyən olunur:
1. əcnəbinin milli məhkəmə tərəfindən üç aydan artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və ya onun müəyyən hissədə şərti olaraq tətbiq edilən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, yaxud onun altı aydan artıq müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi və ya onun cinayətlər törətməyə meylli olmasına görə məhkəmənin yekun qərarı ilə bir dəfədən çox məhkum edilməsi.”
Maddə 37
“(1) Ölkədən çıxarma və ölkəyə girişə məhdudiyyət qoyulmasına dair qərarla əlaqədar əcnəbinin şəxsi və ya ailə həyatına müdaxilə olunursa, onun ölkədə yaşamaq hüququndan məhrum edilməsinə yalnız təcili hallarda İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsinin 2-ci hissəsində göstərilən məqsədlərin birinə nail olmaq üçün yol verilir.
(2) ... ölkədən çıxarma və ölkəyə girişə məhdudiyyət qoyulmasına dair qərarın əcnəbi və onun ailəsinin vəziyyəti üçün nəticələri belə qərarın qəbul edilməməsinin əlverişsiz nəticələrindən daha ağır olduqda, belə qərarın qəbul edilməsinə yol verilmir. Yuxarıda qeyd edilən amillər qiymətləndirilərkən xüsusən aşağıdakılar nəzərə alınmalıdır:
1. əcnəbinin və ya onun ailə üzvlərinin ölkədə yaşaması müddəti və onların cəmiyyətə inteqrasiya olunmalarının dərəcəsi;
2. ailə və ya digər bağlarının nə dərəcədə möhkəm olması.”
Maddə 38
“(1) Ölkədən çıxarma və ölkəyə girişə məhdudiyyət qoyulmasına dair qərar aşağıdakı hallarda qəbul edilmir:
...
4. əgər əcnəbi yaşadığı ölkədə erkən yaşdan böyümüş və uzun illər ərzində burada qanuni əsaslarla yaşamışdır.”
31. İnzibati Məhkəmə izah etmişdir ki, “ölkədə erkən yaşdan böyümüş” dedikdə, “Əcnəbilər haqqında” Qanunun 38-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinin mənasında yalnız üç yaşdan və ya daha erkən yaşdan Avstriyada böyümüş əcnəbilər başa düşülür (nümunə üçün bax: 2001-ci il 17 sentyabr tarixli 96/18/0150 nömrəli qərar; 1999-cu il 2 mart tarixli 98/18/0244 nömrəli qərar; 2000-ci il 21 sentyabr tarixli 2000/18/0135 nömrəli qərar).
B. Mülki Məcəllə
32. Mülki Məcəllənin (Allgemeines Bürgerliches Gesetzbuch) 21-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulur ki:
“18 yaşı tamam olmayan şəxslər yetkinlik yaşına çatmayan hesab olunurlar ...”
Mülki Məcəllənin bu redaksiyada olan 21-ci maddəsi 2001-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Bu dəyişiklikdən əvvəl yetkinlik yaşı 19 yaş hesab olunurdu.
III. MÜVAFİQ BEYNƏLXALQ MATERİALLAR
A. Avropa Şurasının sənədləri
33. Hazırkı işin kontekstində Avropa Şurası Nazirlər Komitəsinin aşağıdakı iki tövsiyəsi xüsusi maraq doğurur:
34. Birinci tövsiyə Nazirlər Komitəsinin Uzunmüddətli miqrantların təhlükəsizliyinə dair Rec(2000)15 nömrəli Tövsiyəsidir. Həmin sənəddə inter alia deyilir:
“4. Ölkədən çıxarmaya qarşı müdafiə ilə bağlı
a. Uzunmüddətli immiqrantın ölkədən çıxarılması ilə bağlı istənilən qərar qəbul edilərkən aşağıdakı meyarlar, habelə mütənasiblik prinsipi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququ nəzərə alınmalıdır:
– immiqrantın şəxsi davranışı;
– immiqrantın ölkədə yaşadığı müddət;
– ölkədən çıxarmanın immiqrant və onun ailəsi üçün nəticələri;
– immiqrantın və onun ailəsinin mənşə ölkəsi ilə mövcud əlaqələri.
b. Üzv Dövlət 4-cü bəndin a. yarımbəndində qeyd edilən mütənasiblik prinsipini tətbiq edərkən uzunmüddətli immiqrantın törətdiyi cinayətin ağırlıq dərəcəsini, habelə immiqrantın ölkədə yaşama müddətini və ya növünü nəzərə almalıdır. Daha konkret olaraq, üzv Dövlət uzunmüddətli immiqrantın aşağıdakı hallarda ölkədən çıxarılmasının yolverilməzliyi ilə bağlı müddəaları qəbul edə bilər:
– əgər o, beş ildən artıq ölkədə yaşayırsa (onun cinayət törətməyə görə iki ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi hallar istisna olmaqla);
– əgər o, on ildən artıq ölkədə yaşayırsa (onun cinayət törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi hal istisna olmaqla).
Əgər uzunmüddətli immiqrant iyirmi ildən artıq ölkədə yaşayırsa, onun barəsində ölkədən çıxarma ilə bağlı sanksiya tətbiq edilməməlidir.
c. Üzv Dövlətin ərazisində doğulmuş və ya on yaşı tamam olmazdan əvvəl üzv Dövlətə gəlmiş, ölkədə qanuni əsaslarla daimi yaşayan uzunmüddətli immiqrant on səkkiz yaşına çatdıqdan sonra barəsində ölkədən çıxarma ilə bağlı sanksiya tətbiq edilməməlidir.
Yetkinlik yaşına çatmayan uzunmüddətli immiqrantlar prinsip etibarilə ölkədən çıxarıla bilməz.
d. Hər halda, hər bir üzv Dövlət daxili qanunvericiliyində müəyyən edə bilər ki, uzunmüddətli immiqrant milli və ya ictimai təhlükəsizlik üçün ciddi təhlükə yaratdığı halda ölkədən çıxarıla bilər.”
35. İkinci tövsiyə Nazirlər Komitəsinin Ailələrinə qovuşmaq məqsədi ilə ölkəyə gəlmiş şəxslərin hüquqi statusuna dair Rec (2002)4 Tövsiyəsidir. Həmin Tövsiyədə deyilir ki, ölkədə yaşamaq üçün icazənin ləğv edilməsi və ya təzələnməməsi, yaxud ailə üzvünün ölkədən çıxarılması barədə qərarın qəbul edilməsi məsələsi nəzərdən keçirildikdə
“... üzv Dövlətlər şəxsin doğulduğu yer, ölkəyə gələn zaman necə yaşında olması, ölkədə hansı müddət ərzində yaşaması, ailə münasibətləri, onun mənşə ölkəsində ailə bağlarının mövcudluğu və mənşə ölkəsi ilə sosial və mədəni bağlarının möhkəmliliyi kimi meyarları nəzərə almalıdır. Uşaqların mənafelərinə və rifahına xüsusi diqqət yetirilməlidir.”
B. Birləşmiş Millətlər Təşkilatının sənədləri
36. Avstriyanın tərəfdar çıxdığı “Uşaq hüquqları haqqında” 1989-cu il 20 noyabr tarixli Konvensiyada aşağıdakılar nəzərdə tutulur:
Maddə 1
“Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın.”
Maddə 3
“1. İstər sosial təminat məsələləri ilə məşğul olan dövlət qurumları və ya özəl qurumlar, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən uşaqlar barəsində görülən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir”.
Maddə 40
“1. İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli bilinmiş hər bir uşağın onunla elə bir rəftar hüququnu tanıyır ki, belə rəftar uşaqda ləyaqət və mənlik hisslərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqalarının əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir və bu zaman uşağın yaşını və onun reinteqrasiyasına və cəmiyyətdə faydalı rol oynamasına kömək göstərilməsinin arzu edildiyini nəzərə alır.”
37. BMT-nin Uşaq Hüquqları Komitəsi Avstriyanın ikinci dövri hesabatı üzrə yekun qeydlərində (bax: CRC/C/15/Add. 251, 31 mart 2005-ci il, 53-cü və 54-cü bəndlər) həbs yerlərində saxlanılan 18 yaşına çatmamış şəxslərin sayının artması ilə əlaqədar narahatlığını bildirmişdir. Bu tədbirin əcnəbilərə qeyri-mütənasib şəkildə mənfi təsir göstərməsini hesab edən Komitə “Uşaq Hüquqları haqqında” Konvensiyanın 40-cı maddəsi ilə əlaqədar işlərinə yuvenal ədliyyə sistemi çərçivəsində baxılan uşaqların sosial adaptasiyasına və onların cəmiyyətə inteqrasiyasına xidmət edən tədbirlərin görülməsini tövsiyə etmişdir.
38. Yuvenal ədliyyə çərçivəsində uşaq hüquqlarına dair 10 (2007) nömrəli Ümumi Şərhində BMT-nin Uşaq Hüquqları Komitəsi yuvenal ədliyyə sahəsində görülməli tədbirlərlə bağlı aşağıdakıları vurğulamışdır:
“Komitə vurğulamaq istərdi ki, cinayətə reaksiya yalnız onun törədildiyi şəraitə və ağırlıq dərəcəsinə deyil, həmçinin uşağın yaşı, daha az təqsirlilik dərəcəsi, vəziyyət və tələbatlarına, habelə cəmiyyətin müxtəlif, xüsusən uzunmüddətli tələbatlarına mütənasib olmalıdır. Sırf cəzalandırıcı yanaşma yuvenal ədliyyənin “Uşaq Hüquqları haqqında” Konvensiyanın 40-cı maddəsinin 1-ci hissəsində əks olunmuş əsas prinsiplərinə uyğun deyildir... Uşaqlar tərəfindən ağır cinayətlərin törədildiyi hallarda cinayət törətmiş şəxsin vəziyyətinə və törədilmiş cinayətin ağırlıq dərəcəsinə mütənasib tədbirlərin tətbiqi məsələsi, o cümlədən ictimai təhlükəsizliyin təmin edilməsi və sanksiyaların tətbiqi məsələləri nəzərdən keçirilə bilər. Uşaqlar ilə bağlı məsələlərdə belə mülahizələr heç vaxt uşağın rifahının, mənafelərinin və cəmiyyətə inteqrasiyasının təmin edilməsindən üstün olmamalıdır.”
C. Avropa İttifaqının hüququ və təcrübəsi
39. Avstriyanın (1995-ci il yanvarın 1-dən) və Bolqarıstanın (2007-ci il yanvarın 1-dən) Avropa İttifaqının üzvü olması nəzərə alınaraq, miqrasiya ilə bağlı məsələləri, o cümlədən Avropa İttifaqının digər üzv dövlətlərinin və ya üçüncü ölkələrin vətəndaşlarının ölkədən çıxarılması məsələsini tənzimləyən sənədlər arasında aşağıdakı iki direktiv qeyd edilməlidir.
40. Birinci sənəd ölkədə uzunmüddətli əsasda yaşayan üçüncü ölkələr vətəndaşlarının statusuna dair 2003-cü il 25 noyabr tarixli 2003/109/EC nömrəli Direktivdir. Həmin sənəddə aşağıdakılar nəzərdə tutulur:
Maddə 12
“Ölkədən çıxarmaya qarşı müdafiə
1. Üzv Dövlət ölkədə uzunmüddətli əsasda yaşayan şəxsin ölkədən çıxarılması barədə qərarı yalnız həmin şəxsin ictimai qayda və ictimai təhlükəsizlik üçün həqiqi və kifayət qədər ciddi təhlükə yaratdığı halda qəbul edə bilər.
2. 1-ci bənddə istinad edilən qərar iqtisadi xarakterli mülahizələrə əsaslana bilməz.
3. Üzv Dövlətlər ölkədə uzunmüddətli əsasda yaşayan şəxsin ölkədən çıxarılması barədə qərarı qəbul etməzdən əvvəl aşağıdakı amilləri nəzərə almalıdır:
(a) şəxsin Üzv Dövlətin ərazisində yaşadığı müddət;
(b) şəxsin yaşı;
(c) şəxsin ölkədən çıxarılması barədə qərarın həmin şəxs və onun ailəsi üçün nəticələri;
(d) şəxsin qəbul edən ölkə ilə bağları və ya mənşə ölkəsi ilə bağlarının olmaması.
...”
41. İkinci sənəd Avropa İttifaqı vətəndaşının və onun ailə üzvlərinin Üzv Dövlətlərin ərazisi daxilində sərbəst şəkildə hərəkət etmək və yaşamaq hüququna dair Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 2004-cü il 29 aprel tarixli 2004/38/EC nömrəli Direktividir. Həmin Direktivdə aşağıdakılar nəzərdə tutulur:
Maddə 27
“Ümumi prinsiplər
1. Bu Fəslin müddəalarına riayət etməklə Üzv Dövlətlər Avropa İttifaqı vətəndaşının və onun ailə üzvlərinin vətəndaşlığından asılı olmayaraq ictimai qaydanı, ictimai təhlükəsizliyi və ya ictimai sağlamlığı təmin etmək üçün onların hərəkət etmək və ölkədə yaşamaq hüququnu məhdudlaşdıra bilər. İqtisadi məqsədlərə nail olmaq üçün bu əsaslara istinad edilə bilməz.
2. İctimai qaydanın və ya ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər mütənasiblik prinsipinə uyğun olmalı və yalnız müvafiq şəxsin davranışına əsaslanmalıdır. Şəxsin əvvəlki məhkumluqları öz-özlüyündə belə tədbirlərin həyata keçirilməsi üçün əsas ola bilməz.
Müvafiq şəxsin davranışı cəmiyyətin fundamental mənafelərindən hər hansı biri üçün həqiqi və kifayət qədər ciddi təhlükə yaratmalıdır. İşin halları ilə bağlı olmayan və ya ümumi profilaktikaya dair mülahizələrə əsaslanan dəlillər qəbul edilə bilməz.
...”
Maddə 28
“Ölkədən çıxarmaya qarşı müdafiə
1. Şəxsin yaşadığı Üzv Dövlət həmin şəxsin ictimai qayda və ya ictimai təhlükəsizlik ilə bağlı əsaslarla ölkədən çıxarılması barədə qərarı qəbul etməkdən əvvəl bu şəxsin ölkədə yaşadığı müddət, onun yaşı, sağlamlıq, ailə və iqtisadi vəziyyəti, sosial və mədəni cəhətdən yaşadığı ölkənin cəmiyyətinə inteqrasiya olunması və mənşə ölkəsi ilə bağlarının intensivliyi kimi amilləri nəzərə almalıdır.
2. İctimai qayda və ya ictimai təhlükəsizlik ilə bağlı ciddi əsasların mövcud olduğu hallar istisna olmaqla, Üzv Dövlət onun ərazisində daimi yaşamaq hüququ olan Avropa İttifaqı vətəndaşlarının və ya onların ailə üzvlərinin vətəndaşlığından asılı olmayaraq onların ölkədən çıxarılması barədə qərar qəbul edə bilməz.
3. Ölkədən çıxarma barədə qərarın üzv Dövlətlərin ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar müəyyən etdiyi ciddi əsaslara söykəndiyi hallar istisna olmaqla, Avropa İttifaqının vətəndaşları barəsində belə qərarın aşağıdakı hallarda qəbul olunmasına yol verilmir:
(a) əgər onlar qəbul edən üzv Dövlətdə son 10 il ərzində yaşamışlarsa; və ya
(b) əgər onlar yetkinlik yaşına çatmamışlarsa (ölkədən çıxarmanın “Uşaq hüquqları haqqında” BMT-nin 1989-cu il 20 noyabr tarixli Konvensiyada nəzərdə tutulduğu kimi uşağın ən yaxşı maraqlarının təmin edilməsi üçün zəruri olduğu hallar istisna olmaqla)”
42. Avropa Birliyinin Ədalət Məhkəməsinin presedent hüququ göstərir ki, şəxsə ölkəyə gəlmək üçün icazənin verilməməsi və ya onun ölkədən çıxarılması ilə bağlı tədbirlər həmin şəxsin davranışına, habelə onun ictimai qayda, ictimai təhlükəsizlik və ictimai sağlamlıq üçün təhlükə yaradıb-yaratmamasının qiymətləndirilməsinə əsaslanmalıdır.
43. Avropa Birliyinin Ədalət Məhkəməsi “Orfanopulos Baden-Vürtemberq Torpağına qarşı” və “Oliveri Baden-Vürtemberq Torpağına qarşı” 2004-cü il 29 aprel tarixli qərarında (C-482/01 və C‑493/01 nömrəli işlər, nəticəvi hissənin 3-5-ci bəndləri) aşağıdakıları bildirmişdir:
“3. 64/221nömrəli Direktivin 3-cü maddəsi digər Üzv Dövlətin vətəndaşının ölkədən çıxarılması barədə qərarın qanuniliyinin yoxlanılması zamanı milli məhkəmələrə səlahiyyətli orqanlar tərəfindən yekun qərar qəbul edildikdən sonra ortaya çıxmış və barəsində qərar qəbul edilmiş şəxsin davranışının ictimai qayda üçün yaratdığı həqiqi təhlükənin aradan qalxmasına və ya əhəmiyyətli dərəcədə azalmasına işarə edə bilən faktiki halları nəzərə almağa imkan verməyən milli təcrübəyə yol vermir.
4. Avropa Birliyinin təsis edilməsi haqqına sazişin 39-cu maddəsi və 64/221nömrəli Direktivin 3-cü maddəsi digər Üzv Dövlətin müəyyən cinayətlərin törədilməsinə görə konkret cəzaya məhkum edilmiş vətəndaşının ölkədən çıxarılması barədə qərarın, onun ailə vəziyyəti, şəxsi davranışı və ya ictimai qayda üçün yaratdığı təhlükə lazımi qaydada nəzərə alınmadan, sadəcə həmin şəxsin ölkədən çıxarılması zəruriliyinə əsaslanaraq qəbul edilməsinə imkan verən qanunvericiliyə və milli təcrübəyə yol vermir.
5. Avropa Birliyinin təsis edilməsi haqqına sazişin 39-cu maddəsi və 64/221 nömrəli Direktiv digər Üzv Dövlətin müəyyən cinayətlərin törədilməsinə görə konkret cəzaya məhkum edilmiş və bir tərəfdən ictimai təhlükəsizlik üçün həqiqi təhlükə yaradan, digər tərəfdən isə uzun illər ərzində qəbul edən Üzv Dövlətdə yaşayan və ailə vəziyyətini ölkədən çıxarmaya qarşı dəlil kimi gətirə bilən vətəndaşının ölkədən çıxarılmasını istisna etmir, bir şərtlə ki, milli orqanlar baxılmanın predmeti olan qanuni maraqlar arasında balansın müəyyən olunması ilə bağlı qiymətləndirməni hər bir halda fərdi qaydada Avropa Birliyi hüququnun ümumi prinsiplərinə uyğun olaraq, xüsusən ailə həyatının qorunması kimi fundamental hüquqları nəzərə almaqla həyata keçirsin.”
44. Avropa Birliyinin Ədalət Məhkəməsi “Avropa Birlikləri Komissiyası İspaniyaya qarşı” işi üzrə 2006-cı il 31 yanvar tarixli qərarında (C-503/03 nömrəli iş, nəticəvi hissənin 1-ci bəndi) bildirmişdir ki:
“... İspaniya Krallığı üçüncü ölkənin vətəndaşları və Üzv Dövlətin vətəndaşlarının həyat yoldaşları olan cənab Fərid və cənab Buşerin ölkədə olmasının cəmiyyətin əsas maraqları üçün həqiqi və kifayət qədər ciddi təhlükə yaratdığını ilkin olaraq yoxlamadan, sadəcə bu şəxslərin ölkəyə girmələrinə imtina etmək məqsədi ilə Şengen Məlumat Sisteminə xəbərdarlıq işarəsinin daxil edildiyini əsas götürərək cənab Fəridə 1985-ci il 14 iyun tarixində Şengen şəhərində imzalanmış Ümumi sərhədlərdə yoxlamaların tədriclə aradan qaldırılması haqqında Sazişə tərəfdar çıxmış Dövlətlərin ərazisinə girmək üçün icazə verməmək və həmin əraziyə girmək üçün cənab Fərid və cənab Buşerə viza verməkdən imtina etməklə “Xarici vətəndaşların hərəkəti və yaşaması ilə bağlı ictimai qayda, ictimai təhlükəsizlik və ictimai sağlamlıq mülahizələri ilə əsaslandırılan xüsusi tədbirlərin əlaqələndirilməsinə dair” Avropa İttifaqı Şurasının 1964-cü il 25 fevral tarixli 64/221 nömrəli Direktivinin 1-3-cü maddələrindən irəli gələn öhdəliklərini pozmuşdur.”
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
45. Ərizəçi onun ölkədən çıxarılması və ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərardan və onun həmin qərara əsasən ölkədən çıxarılmasından şikayət etmişdir. O, Konvensiyanın 8-ci maddəsinə istinad etmişdir. Bu maddənin müvafiq müddəaları aşağıdakıları nəzərdə tutur:
“1. Hər kəs öz şəxsi və ailə həyatına ... hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
A. Palatanın qərarı
46. Palata qeyd etmişdir ki, ərizəçinin şəxsi və ailə həyatına müdaxiləyə yol verildiyi mübahisələndirilməmişdir.
47. Palata razılaşmışdır ki, barəsində şikayət edilən tədbir milli hüquqa, daha dəqiq 1997-ci ildə qəbul edilmiş “Əcnəbilər haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinə əsaslanmış və həmin Qanunun 38-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndini tətbiq etməkdən imtina qanunsuz olmamışdır. İnzibati Məhkəmənin presedent hüququna uyğun olaraq, 38-ci maddənin 1-ci hissəsinin 4-cü bəndi yalnız üç yaşdan və ya daha erkən yaşdan qanuni əsaslarla Avstriyada yaşayan əcnəbilərin ölkədən çıxarılmasını qadağan edirdi. Bundan əlavə, Palata müdaxilənin qanuni məqsədə, daha dəqiq iğtişaş və ya cinayətin qarşısını almaq məqsədinə xidmət etməsinin mübahisələndirilmədiyini qeyd etmişdir.
48. Palata cinayətlərin törədilməsinə görə məhkum olunmuş əcnəbilərin ölkədən çıxarılması ilə əlaqədar Konvensiyanın 8-ci maddəsi üzrə formalaşmış presedent hüququna, o cümlədən Böyük Palatanın “Üner Niderlanda qarşı” işi (Üner v. the Netherlands ([GC], no. 46410/99, §§ 57-58, ECHR-2006-...) üzrə qərarına istinad edərək nəzərə alınmalı aşağıdakı meyarları müəyyən etmişdir:
– ərizəçinin törətdiyi cinayətlərin xarakteri və ağırlıq dərəcəsi;
– ərizəçinin ərazisindən çıxarıldığı ölkədə qalma müddəti;
– ərizəçi tərəfindən cinayətin törədilməsi ilə barəsində şikayət edilən tədbirin tətbiqi arasında keçmiş dövr və ərizəçinin həmin dövrdəki davranışı;
– ərizəçinin qəbul edən ölkə və ərazisindən çıxarıldığı ölkə ilə sosial, mədəni və ailə bağlarının möhkəmliliyi.
49. Palata qeyd edilən meyarları hazırkı işə tətbiq edərkən nəzərə almışdır ki, ərizəçi Avstriyaya ailəsi ilə altı yaşında gəlmiş, alman dilində danışmış və məktəb təhsilini bütövlükdə Avstriyada almışdır. Palata həmçinin nəzərə almışdır ki, ərizəçinin törətdiyi cinayətlər müəyyən dərəcədə ağır olsa da, yuvenal hüquq pozuntularının tipik nümunəsi idi və bir hal istisna olmaqla hər hansı zorakı əməllər və narkotik vasitələrin alveri ilə bağlı olmamışdır. Bundan əlavə, Palata ərizəçinin həbsdən azad edildiyi 2002-ci ilin mayından ölkədən deportasiya edildiyi 2003-cü ilin dekabrınadək olan dövr ərzindəki yaxşı davranışını, Avstriyadakı sosial, mədəni və ailə bağlarının möhkəm olmasını, habelə ərizəçinin mənşə ölkəsi olan Bolqarıstanda hər hansı bağlarının mövcud olmamasını nəzərə almışdır. Palata bütün bu elementləri nəzərə alıb belə qənaətə gəlmişdir ki, ərizəçinin ölkədən çıxarılması və 10 il müddətində ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərar, onun təsirinin vaxt baxımından məhdud olmasına baxmayaraq, xidmət etdiyi qanuni məqsədə mütənasib olmamışdır. Bu səbəbdən Palata hazırkı işdə Konvensiyanın 8-ci maddəsinin pozulduğunu müəyyən etmişdir.
B. Tərəflərin izahatları
1. Ərizəçi
50. Ərizəçi onun ölkədən çıxarılması və ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərar qəbul edildiyi zaman hələ yetkinlik yaşına çatmadığını və buna görə barəsində tətbiq edilmiş tədbirin ilk növbədə onun “ailə həyatı”na toxunduğunu vurğulamışdır.
51. Ərizəçi Palatanın qərarı ilə razılaşaraq qeyd etmişdir ki, Palata onun yetkinlik yaşına çatmadığı dövrdə cinayətlər törətməsi və bir hal istisna olmaqla həmin cinayətlərin qeyri-zorakı olması faktına düzgün olaraq əhəmiyyət vermişdir. Bununla yanaşı, o, narkotik aludəçisi tərəfindən törədilmiş cinayətlərin, məsələn, binalara qanunsuz daxil olmaqla cinayət törətmənin ağırlıq dərəcəsinə görə narkotik vasitələrin alveri ilə müqayisə edilə bilməsinə dair Hökumətin arqumenti ilə razılaşmamışdır. Bundan əlavə, ərizəçi ailə bağlarının möhkəmliyinə istinad edərək bildirmişdir ki, o, həbsxanadan buraxıldıqdan sonra valideynləri ilə yaşamış və hətta ölkədən çıxarıldıqdan sonra ilk həftələr ərzində ona kömək etmək üçün anası onunla Bolqarıstana getmişdir. O, həmçinin məktəb təhsilini bütövlükdə Avstriyada aldığını vurğulayaraq əlavə etmişdir ki, cinayətlər törətdiyi dövrdə məktəbi tərk etdiyi üçün azadlıqdan məhrum etmə cəzasını çəkərkən məktəb təhsilini bitirmişdir.
52. Nəhayət, ərizəçi iddia etmişdir ki, onun Bolqarıstanda hər hansı ailə və ya sosial bağları yox idi. Ərizəçi bolqar dilini bilib-bilməməsi məsələsi ilə əlaqədar bildirmişdir ki, onun ailəsi Bolqarıstanın türk azlığına mənsub olduğu üçün o, bolqar dilini bilməmişdir.
2. Hökumət
53. Hökumət ərizəçinin ölkədən çıxarılması və ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərarın onun şəxsi və ailə həyatına müdaxilə olmasını mübahisələndirməmişdir. Lakin Hökumət qeyd etmişdir ki, qərar qəbul edildiyi zaman ərizəçi yetkinlik yaşına çatmasa da, o, həmin qərarla bağlı sonrakı prosedurlar həyata keçirildiyi dövrdə yetkinlik yaşına çatmışdır. Hökumət həmçinin qeyd etmişdir ki, yetkinlik yaşına çatmış şəxs ilə onun valideynləri arasındakı münasibətlər heç də zəruri olaraq “ailə həyatı” hesab olunmur.
54. Hökumətin sonrakı izahatlarında əsas diqqət müdaxilənin zəruriliyi məsələsinə yetirilmişdir. Hökumət iddia etmişdir ki, Palata öz qərarında Məhkəmənin presedent hüququnda müəyyən olunmuş rəhbər prinsiplərin hazırkı işdə nəzərə alınıb-alınmamasının yoxlanılması ilə kifayətlənməyərək işin hallarına qiymət verməklə əslində milli hakimiyyət orqanlarının tərəflərin maraqlarının dəyərləndirilməsi üzrə funksiyasını yerinə yetirmiş, bununla da dövlətin təqdir səlahiyyətinə əhəmiyyət verməmişdir. Beləliklə, Avropa Məhkəməsi hazırkı işdə apellyasiya instansiyası məhkəməsinin və ya bəzən deyildiyi kimi, “dördüncü instansiya” məhkəməsinin rolunu oynamışdır.
55. Hökumət Məhkəmənin presedent hüququnu dəqiq və aydın olmadığına görə tənqid edərək bildirmişdir ki, Məhkəmənin presedent hüququnun dinamikası və Məhkəmənin müxtəlif palatalarının fərqli yanaşmaları və ya onların fərqli hüquqi aspektlərə əhəmiyyət verməsi ucbatından milli hakimiyyət orqanları üçün Konvensiyanın 8-ci maddəsinə zidd olmayan qərarların qəbul edilməsi çətin olmuşdur.
56. Hökumət iddia etmişdir ki, Palatanın qərarında “Bultif İsveçrəyə qarşı” (ərizə № 54273/00, § 48, ECHR 2001‑IX) və “Üner” işlərində müəyyən olunmuş meyarlar düzgün tətbiq edilməmişdir. Hökumət ərizəçinin ağır cinayətlər törətdiyini bildirmişdir. Burada söhbət narkotik aludəçisi tərəfindən törədilmiş cinayətlərdən gedir və onlara narkotik vasitələrlə bağlı cinayətlərə kimi yanaşılmalıdır. Bundan əlavə, ərizəçiyə təyin edilə biləcək maksimal cəzanın “Yetkinlik yaşına çatmayan şəxslərin işləri üzrə Məhkəmə haqqında” Qanunun 5-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq yarıya endirilməsi faktı nəzərə alınmaqla, ona təyin edilmiş cəza xüsusilə ağır olmuşdur. Hökumət həmçinin ərizəçinin valideynlərinin tərbiyəvi təsirindən kənarda qalmasına istinad edərək ailə bağlarının zəif olduğunu vurğulamışdır. Hökumət daha sonra “Butlif” və “Üner” işlərinin (hər ikisi yuxarıda qeyd edilmişdir) hallarından fərqli olaraq ərizəçinin öz ailəsini qurmadığını qeyd etmiş və onun məktəbi tərk etməsi, hər hansı texniki-peşə təhsili almaması və Avstriyada heç vaxt işləməsi səbəbindən onun sosial və bağlarının zəif olduğunu və cəmiyyətə inteqrasiya olunmadığını qeyd etmişdir.
57. Hökumət əvvəllər iddia edirdi ki, ərizəçi həyatının ilk altı ilini Bolqarıstanda keçirdiyi üçün o, bolqar dilini müəyyən dərəcədə bilməli idi. Lakin, Məhkəmədəki dinləmələrdə ərizəçinin bolqar dilini bilməməsi ilə əlaqədar verdiyi izahatları (bax yuxarıda 52-ci bəndə) mübahisələndirməmişdir.
58. Bundan əlavə, Hökumətin qaldırdığı prinsipial məsələ ondan ibarət idi ki, Palata öz qərarında milli orqanların yekun qərarından sonra meydana çıxmış faktlara, daha dəqiq ərizəçinin həbsdən azad edildiyi 2002-ci ilin mayından ölkədən deportasiya edildiyi 2003-cü ilin dekabrınadək olan dövr ərzindəki yaxşı davranışına əhəmiyyət vermişdir.
59. Hökumət “Kaya Almaniyaya qarşı” işi üzrə qərara (ərizə № 31753/02, § 57, 28 iyun 2007-ci il) istinad edərək iddia etmişdir ki, hazırkı işə aidiyyəti olan son tarix ölkədaxili icraat çərçivəsində Avstriyada yaşamağa qadağa ilə bağlı qəbul edilmiş yekun qərarın qüvvəyə minmə tarixi olmalıdır; nəticədə, Məhkəmə bu tarixdən sonra meydana çıxmış hər hansı faktları nəzərə almamalıdır. Milli orqanların yekun qərarından sonra ortaya çıxmış faktları nəzərə almağa imkan verən hər hansı digər bir şərh Konvensiyanın 35-ci maddəsini 1-ci hissəsində təsbit edilmiş dövlətdaxili hüquq vasitələrinin tükəndirilməsi tələbinin mahiyyətinə, yəni Razılığa gələn Dövlətin ehtimal olunan pozuntuya görə yalnız həmin pozuntunu öz hüquq sistemi vasitəsilə vəziyyəti düzəltmək imkanı olduqdan sonra cavabdehlik daşıması tələbinə zidd olardı. Həqiqətdə isə daxili hüquq ərizəçinin ölkədən çıxarılması və ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərarın ləğv olunması imkanını nəzərdə tuturdu; həmin qərarın söykəndiyi əsaslar aradan qalxdığı halda onun ləğvinə ərizəçinin vəsatəti, yaxud aidiyyəti dövlət orqanlarının təşəbbüsü ilə nail oluna bilərdi.
60. Hökumət hazırkı işin qeyri-adi olduğunu bildirmişdir, ona görə ki, ölkədən çıxarma barədə yekun qərarın qüvvəyə minmə tarixi ilə ölkədən çıxarmanın həyata keçirilməsi tarixi arasında bir qayda olaraq çox az vaxt keçir. Ərizəçinin işində isə əhəmiyyətli yubanma onunla izah olunmuşdur ki, müvafiq dövlət orqanları ərizəçini ölkədən çıxarmaq üçün onun yetkinlik yaşına çatmasını gözləyirdi.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ərizəçinin şəxsi və ailə həyatına hörmət hüququna müdaxilənin olub-olmaması
61. Məhkəmə hesab edir ki, ərizəçinin barəsində ölkədən çıxarma və ölkəyə girişə məhdudiyyət qoyulmasına dair qərarın qəbul və icra edilməsi onun “şəxsi və ailə həyatı”na hörmət hüququna müdaxiləni təşkil etmişdir. Məhkəmə bir daha qeyd edir ki, ərizəçinin 8-ci maddəsinin mənasında ailə həyatının olub-olmaması məsələsi ölkədən çıxarma barədə yekun qərar qüvvəyə mindiyi zaman mövcud vəziyyət nəzərə alınmaqla qiymətləndirilməlidir (bax: “El Bujaidi Fransaya qarşı” işi üzrə 1997-ci il 26 sentyabr tarixli qərar (El Boujaïdi v. France, Reports of Judgments and Decisions 1997-VI, p. 1990, § 33); “Ezzudi Fransaya qarşı” işi üzrə 2001-ci il 13 fevral tarixli qərar (Ezzouhdi v. France, no. 47160/99, § 25); “Yıldız Avstriyaya qarşı” işi üzrə 2002-ci il 31 oktyabr tarixli qərar (Yildiz v. Austria, no. 37295/97, § 34); “Mokrani Fransaya qarşı” işi üzər 2003-cü il 15 iyul tarixli qərar (Mokrani v. France, no. 52206/99, § 34) və yuxarıda qeyd edilmiş “Kaya” işi üzrə qərarın 57-ci bəndi).
62. Ərizəçinin barəsində ölkədən çıxarma və ölkəyə girişə məhdudiyyət qoyulmasına dair qərar qəbul edildikdə o, yetkinlik yaşına çatmamışdır. O, ölkədən çıxarma barədə qərar Konstitusiya Məhkəməsinin qərarından sonra 2002-ci ilin noyabrında qüvvəyə mindikdə yetkinlik yaşına, yəni 18 yaşına çatmışdır. Lakin ərizəçi hələ öz valideynləri ilə yaşamışdır. Hər halda, Məhkəmə öz ailəsini qurmamış yetkinlik yaşına çatmış gənclərlə bağlı bir sıra işlərdə belə qənaətə gəlmişdir ki, onlar ilə valideynləri arasındakı münasibətlər həmçinin “ailə həyatı”nı təşkil edir (bax: “Buşelkia Fransaya qarşı” işi üzrə 1997-ci il 29 yanvar tarixli qərar (Bouchelkia v. France, Reports 1997‑I, p. 63, § 41); yuxarıda qeyd edilmiş “El Bujaidi”, 33-cü bənd və “Ezzudi”, 26-cı bənd).
63. Bundan əlavə, Məhkəmə qeyd edir ki, məskunlaşmış miqrantların heç da hamısının, onların qəbul edən ölkədə hansı müddət ərzində yaşamalarından asılı olmayaraq, zəruri olaraq 8-ci maddənin mənasında “ailə həyatı” vardır. Lakin 8-ci maddə digər insanlar və ətraf aləm ilə münasibətlər qurmaq və inkişaf etdirmək hüququnu qoruyur və bəzən insanın şəxsiyyətinin sosial aspektlərini əhatə edə bilər; bu səbəbdən razılaşmaq lazımdır ki, məskunlaşmış miqrantlar ilə onların yaşadıqları cəmiyyət arasındakı sosial bağların məcmusu 8-ci maddənin mənasında “şəxsi həyat” konsepsiyasının tərkib hissəsini təşkil edir. Beləliklə, məskunlaşmış miqrantın “şəxsi həyatı”nın olub-olmamasından asılı olmayaraq, onun ölkədən çıxarılması şəxsi həyatına hörmət hüququna müdaxilə təşkil edir. Məhkəmə tərəfindən diqqətin “ailə həyatı” aspektində, yoxsa “şəxsi həyat” aspektində cəmləşdirilməsinin daha məqsədəuyğun olması konkret işin hallarından asılı olacaq (yuxarıda qeyd edilmiş “Üner” işi üzrə qərarın 59-cu bəndinə bax).
64. Beləliklə, barəsində şikayət edilən tədbirlər ərizəçinin həm “şəxsi həyatı”na, həm də onun “ailə həyatı”na müdaxilə təşkil etmişdir.
65. Belə müdaxilə Konvensiyanın 8-ci maddəsinin 2-ci hissəsinin tələblərinə cavab vermədikdə, yəni o, “qanunla nəzərdə tutulmadıqda”, 8-ci maddənin 2-ci hissəsində sadalanmış qanuni məqsədlərə xidmət etmədikdə və müvafiq məqsədə və ya məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri olmadıqda”, o, Konvensiyanın 8-ci maddəsinə zidd olur.
2. “Müdaxilənin qanunla nəzərdə tutulması”
66. Barəsində şikayət edilən tədbir milli hüquqa, daha dəqiq 1997-ci ildə qəbul olunmuş “Əcnəbilər haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinə əsaslanırdı. Ərizəçi İnzibati Məhkəmənin həmin Qanunun 38-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndini tətbiq etməkdən özbaşına imtina etməsi barədə arqumenti dəstəkləməmişdir. Palatanın öz qərarında qeyd etdiyi kimi, Böyük Palata həmçinin qeyd edir ki, İnzibati Məhkəmənin formalaşmış presedent hüququna uyğun olaraq “Əcnəbilər haqqında” Qanunun 38-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndi yalnız üç yaşdan və ya daha erkən yaşdan qanuni əsaslarla Avstriyada yaşayan əcnəbilərə tətbiq olunur (bax 31-ci və 47-ci bəndlərə). Ərizəçi Avstriyaya altı yaşında gəlmişdir. Böyük Palata Palatanın müdaxilənin “qanuna uyğun olması” barədə gəldiyi nəticədən fərqli nəticəyə gəlmək üçün səbəb görmür.
3. “Müdaxilənin qanuni məqsədə xidmət etməsi”
67. Tərəflər müdaxilənin qanuni məqsədə, daha dəqiq “iğtişaş və ya cinayətin qarşısının alınması”na xidmət etdiyini mübahisələndirmirlər.
4. “Müdaxilənin demokratik cəmiyyətdə zəruri olması”
(a) Ümumi prinsiplər
68. Əsas məsələ müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmamasını müəyyən etməkdən ibarətdir. Bu məsələ ilə bağlı fundamental prinsiplər Məhkəməmin presedent hüququnda öz əksini tapmış və bu yaxınlarda aşağıdakı şəkildə ümumiləşdirilmişdir (bax: yuxarıda qeyd edilmiş “Üner”, 54-55-ci və 57-58-ci bəndlər):
“54. Məhkəmə ilk növbədə bir daha təsdiq edir ki, Dövlətin beynəlxalq hüququn normalarına uyğun olaraq və tərəfdar çıxdığı müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla əcnəbilərin öz ərazisinə daxil olmaları və burada yaşamaları üzərində nəzarət keçirmək hüququ vardır (bir çox digər qərarlarla yanaşı bax: “Abdulaziz, Kabales və Balkandali Birləşmiş Krallığa qarşı” (Abdulaziz, Cabales and Balkandali v. the United Kingdom, judgment of 28 May 1985, Series A no. 94, p. 34, § 67), “Bujlifa Fransaya qarşı” (Boujlifa v. France, judgment of 21 October 1997, Reports of Judgments and Decisions 1997‑VI, p. 2264, § 42)). Konvensiya əcnəbinin konkret ölkəyə gəlmək və orada yaşamaq hüququna təminat vermir və Razılığa gələn Dövlətlərin ictimai qaydanın təmin edilməsi vəzifəsini həyata keçirərkən cinayətlər törətdiyinə görə məhkum olunmuş əcnəbiləri ölkədən çıxarmaq səlahiyyəti vardır. Lakin onların bu sahədə qəbul etdikləri qərarlar Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsində təminat verildiyi hüquqların birinə müdaxilə edə biləcəyinə görə qanuna uyğun və demokratik cəmiyyətdə zəruri olmalı, yəni ciddi ictimai tələbata əsaslanmalı və xüsusən xidmət etdiyi qanuni məqsədə mütənasib olmalıdır (bax: “Dalia Fransaya qarşı” (Dalia v. France, judgment of 19 February 1998, Reports 1998-I, p. 91, § 52); “Mehemi Fransaya qarşı” (Mehemi v. France, judgment of 26 September 1997, Reports 1997-VI, p. 1971, § 34); yuxarıda qeyd edilmiş “Bultif İsverçrəyə qarşı”, 46-cı bənd və “Slivenko Latviyaya qarşı” (Slivenko v. Latvia [GC], no. 48321/99, ECHR 2003-X, § 113)).
55. Məhkəmə hesab edir ki, həmin prinsiplər əcnəbinin qəbul edən ölkəyə yetkinlik yaşında və ya çox erkən yaşda gəlməsindən, yaxud hətta orada doğulmasından asılı olmayaraq tətbiq edilir. Məhkəmə bu kontekstdə uzunmüddətli immiqrantların ölkədən çıxarılmamasına dair 1505 (2001) nömrəli Tövsiyəyə istinad edir. Həmin sənəddə Avropa Şurasının Parlament Assambleyası Nazirlər Komitəsinə tövsiyə etmişdir ki, o, üzv Dövlətləri qəbul edən ölkədə doğulmuş və ya böyümüş uzunmüddətli immiqrantların heç bir halda ölkədən çıxarıla bilməyəcəyini təmin etməyi təklif etsin (yuxarıda 37-ci bəndə bax). Bir sıra Razılığa gələn Dövlətlər tərəfindən bu dövlətlərdə doğulmuş və ya onların ərazisinə erkən yaşda gəlmiş uzunmüddətli immiqrantların onların məhkumluqları əsasında ölkədən çıxarılmasına imkan verməyən qanunvericilik qəbul edilmiş və ya bu məqsədlə müvafiq siyasətlər həyata keçirilir (yuxarıda 39-cu bəndə bax), lakin ölkədən çıxarılmamaqla bağlı mütləq hüquq Konvensiyanın 8-ci maddəsindən irəli gəlmir. Belə ki, həmin maddənin 2-ci hissəsində bu maddənin birinci hissəsində təsbit edilmiş ümumi hüquqlarla bağlı müəyyən istisnaların mümkünlüyü açıq-aşkar nəzərdə tutulur.
...
57. Konvensiyanın 8-ci maddəsində əcnəbilərin hər hansı kateqoriyasının ölkədən çıxarılmamaqla bağlı mütləq hüququ təsbit olunmasa da, Məhkəmənin presedent hüququ aydın şəkildə nümayiş etdirir ki, əcnəbinin ölkədən çıxarılması müəyyən hallarda bu maddənin müddəalarının pozulmasına gətirib çıxaracaq (nümunə üçün bax: yuxarıda qeyd edilmiş “Mustakim Belçikaya qarşı” (Moustaquim v. Belgium), “Beldjudi Fransaya qarşı” və “Bultif İsveçrəyə qarşı”; həmçinin bax: “Amrollahi Danimarkaya qarşı” (Amrollahi v. Denmark, no. 56811/00, 11 July 2002); “Yılmaz Almaniyaya qarşı” (Yılmaz v. Germany, no. 52853/99, 17 April 2003) və “Keles Almaniyaya qarşı” (Keles v. Germany, 32231/02, 27 October 2005)). “Bultif” işində Məhkəmə ölkədən çıxarmanın demokratik cəmiyyətdə zəruri və xidmət etdiyi qanuni məqsədə mütənasib olmasını qiymətləndirmək üçün tətbiq ediləcək müvafiq meyarları işləyib hazırlamışdır. Hazırkı iş üzrə Palatanın qərarının 40-cı bəndində göstərilən bu meyarlar aşağıdakılardır:
– ərizəçinin törətdiyi cinayətin xarakteri və ağırlıq dərəcəsi;
– ərizəçinin ərazisindən çıxarıldığı ölkədə qalma müddəti;
– cinayətin törədilməsindən sonra keçmiş vaxt və ərizəçinin həmin dövrdəki davranışı;
– işə aidiyyəti olan müxtəlif şəxslərin vətəndaşlıqları;
– ərizəçinin ailə vəziyyəti, o cümlədən nikahda olma müddəti və onun ailə həyatının səmərəliliyini təsdiq edən digər amillər;
– ailə münasibətlərinin yaranması zamanı ərin (arvadın) ərizəçinin törətdiyi cinayət barədə xəbərdar olub-olmaması;
– nikahdan doğulan uşaqların olub-olmaması və varsa, onların yaşı; və
– ərizəçinin deportasiya olunduğu ölkədə onun ərinin (arvadının) üzləşə biləcəyi çətinliklərin nə dərəcədə ciddi olması.
58. Məhkəmə “Bultif” işi üzrə qərarında göstərilmiş meyarlardan irəli gələn iki meyarı qeyd etmək istərdi:
– uşağın mənafeləri və rifahı, xüsusən ərizəçinin uşaqlarının onun deportasiya olunduğu ölkədə üzləşə biləcəkləri çətinliklərin nə dərəcədə ciddi olması; və
– ərizəçinin qəbul edən ölkə və təyinat ölkəsi ilə sosial, mədəni və ailə bağlarının möhkəmliliyi.
Birinci bəndlə bağlı Məhkəmə qeyd edir ki, bu məsələ onun presedent hüququnda artıq əks olunmuş (nümunə üçün bax: “Şen Niderlanda qarşı” (Şen v. the Netherlands, no. 31465/96, § 40, 21 December 2001), “Tuquabo-Tekle və digərləri Niderlanda qarşı” (Tuquabo-Tekle and Others v. the Netherlands, no. 60665/00, § 47, 1 December 2005)) və həmin bənd Nazirlər Komitəsinin Ailələrinə qovuşmaq məqsədi ilə ölkəyə gəlmiş şəxslərin hüquqi statusuna dair Rec (2002)4 Tövsiyəsinə uyğundur (yuxarıda 38-ci bəndə bax).
İkinci bəndlə bağlı isə qeyd edilməlidir ki, “Butlif” işində ərizəçinin İsveçrəyə artıq yetkinlik yaşında gəlməsinə baxmayaraq, Məhkəmə belə qənaətə gəldi ki, “Butlif meyarları” qəbul edən ölkədə doğulmuş və ya erkən yaşda bu ölkəyə gəlmiş ərizəçilərə aid işlərdə daha da böyük dərəcədə (à plus forte raison) tətbiq edilməlidir (bax: “Mokrani Fransaya qarşı” (Mokrani v. France, no. 52206/99, § 31, 15 July 2003)). Həqiqətən, şəxsin qəbul edən ölkədə qalma müddətinin nəzərə alınmalı elementlərdən biri kimi qəbul edilməsinin məntiqi səbəbi belə ehtimala əsaslanır ki, şəxs nə qədər uzun müddət ərzində konkret ölkədə yaşayırsa, onun həmin ölkə ilə bağları o qədər möhkəm, mənşə ölkəsi ilə bağları isə o qədər zəif olacaq. Bu fonda tam aydın olur ki, Məhkəmə uşaqlığının əksər hissəsini və ya bütün uşaqlığını qəbul edən ölkədə keçirmiş, orada böyümüş və təhsil almış əcnəbilərin xüsusi vəziyyətini nəzərə alacaq.”
69. “Üner” işi üzrə qərarında, habelə yuxarıda qeyd edilmiş “Bultif” işi üzrə qərarında (48-ci bənd) Məhkəmə ölkədən çıxarmanın demokratik cəmiyyətdə zəruri və xidmət etdiyi qanuni məqsədə mütənasib olmasının qiymətləndirilməsi üçün tətbiq ediləcək meyarları göstərmişdir (həmin meyarlar o vaxta qədər onun presedent hüququnda birbaşa əks olunmamışdır).
70. Məhkəmə vurğulamaq istərdi ki, onun presedent hüququndan irəli gələn, “Üner” və “Bultif” işləri üzrə qərarlarında ifadə olunan meyarlar milli məhkəmələr tərəfindən ölkədən çıxarma ilə bağlı işlərə baxıldı zaman Konvensiyanın 8-ci maddəsinin tətbiqinin asanlaşdırılması məqsədinə xidmət etsə də, müvafiq meyarların çəkisi qaçılmaz olaraq hər bir işin konkret hallarına uyğun fərqlənəcək. Bundan əlavə, yadda saxlamaq lazımdır ki, ərizəçinin hüquqlarına 8-ci maddəyə əsaslanan müdaxilənin, hazırkı işdə olduğu kimi, “iğtişaşın və ya cinayətin qarşını almaq”dan ibarət qanuni məqsədə xidmət etdiyi hallarda (yuxarıda 67-ci bəndə bax) yuxarıda göstərilən meyarlar son nəticədə ərizəçinin nə dərəcədə iğtişaşa səbəb ola biləcəyini və ya cinayətkar fəaliyyətlə məşğul ola biləcəyini qiymətləndirməyə kömək edəcək.
71. Ölkədən çıxarılmalı şəxsin hələ öz ailəsini qurmamış yetkinlik yaşına çatmış gənc olduğu işlərdə (hazırkı işdə olduğu kimi) aidiyyəti meyarlar aşağıdakı kimi olacaq:
– ərizəçinin törətdiyi cinayətlərin xarakteri və ağırlıq dərəcəsi;
– ərizəçinin ərazisindən çıxarıldığı ölkədə qalma müddəti;
– ərizəçi tərəfindən cinayətin törədilməsi ilə barəsində şikayət edilən tədbirin tətbiqi arasında keçmiş dövr və ərizəçinin həmin dövrdəki davranışı;
– ərizəçinin qəbul edən ölkə və ərazisindən çıxarıldığı ölkə ilə sosial, mədəni və ailə bağlarının möhkəmliliyi.
72. Məhkəmə həmçinin izah etmək istərdi ki, yuxarıda göstərilən meyarların bəzilərinin tətbiqi üçün müvafiq şəxsin yaşı əhəmiyyət kəsb edir. Məsələn, ərizəçinin törətdiyi cinayətlərin xarakteri və ağırlıq dərəcəsi qiymətləndirilərkən ərizəçinin bu cinayətləri yetkinlik yaşına çatmaqdan əvvəl və ya ondan sonra törətməsi nəzərə alınmalıdır (nümunə üçün bax: “Mustakim Belçikaya qarşı” (Moustaquim v. Belgium, judgment of 18 February 1991, Series A no. 193, p. 19, § 44) və “Radovanoviç Avstriyaya qarşı” (Radovanovic v. Austria, no. 42703/98, § 35, 22 April 2004)).
73. Öz növbəsində, aydındır ki, ərizəçinin ərazisindən çıxarıldığı ölkədə qalma müddətinin və onun qəbul edən ölkə ilə sosial, mədəni və ailə bağlarının möhkəmliliyinin qiymətləndirilməsi zamanı vəziyyət müvafiq şəxsin ölkəyə uşaqlıq vaxtında və ya gənc yaşlarında gəlməsi, yaxud hətta orada böyüməsi, yoxsa onun bu ölkəyə yetkinlik yaşında gəlməsindən asılı olaraq fərqli olacaq. Bu tendensiya həmçinin Avropa Şurasının müxtəlif sənədlərində, o cümlədən Nazirlər Komitəsinin Rec (2001)15 və Rec (2002)4 nömrəli tövsiyələrində öz əksini tapmışdır ( yuxarıda 34-35-ci bəndlərə bax).
74. Konvensiyanın 8-ci maddəsində əcnəbilərin heç bir kateqoriyası (bax: yuxarıda qeyd edilmiş “Üner”, 55-ci bənd), o cümlədən qəbul edən ölkədə doğulmuş və bu ölkəyə erkən yaşda gəlmiş əcnəbilər üçün ölkədən çıxarılmaması ilə bağlı mütləq təminat nəzərdə tutulmasa da, Məhkəmə artıq belə qənaətə gəlmişdir ki, uşaqlığının əksər hissəsini və ya bütün uşaqlığını qəbul edən ölkədə keçirmiş, orada böyümüş və təhsil almış əcnəbilərin xüsusi vəziyyəti nəzərə alınmalıdır (bax: “Üner”, 58-ci bəndin axırıncı cümləsi).
75. Qısa olaraq, Məhkəmə hesab edir ki, uşaqlığının əksər hissəsini və ya bütün uşaqlığını qanuni əsaslarla qəbul edən ölkədə keçirmiş və orada məskunlaşmış miqrantın ölkədən çıxarılmasına bəraət qazandırmaq üçün çox ciddi əsaslar tələb olunur. Bu, xüsusən ölkədən çıxarmanın müvafiq şəxs tərəfindən cinayətin yetkinlik yaşına çatmaqdan əvvəl törədilməsinə görə tətbiq edildiyi hallara aiddir.
76. Nəhayət, Məhkəmə bir daha vurğulayır ki, milli hakimiyyət orqanları Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqların birinə müdaxilənin demokratik cəmiyyətdə zəruri və xidmət etdiyi qanuni məqsədə mütənasib olub-olmamasını qiymətləndirərkən təqdir səlahiyyətinə malikdir (bax: “Slivenko Latviyaya qarşı” (Slivenko v. Latvia [GC], no. 48321/99, § 113, ECHR 2003‑X) və “Berrehab Niderlanda qarşı” (Berrehab v. the Netherlands, judgment of 21 June 1988, Series A no. 138, p. 15, § 28)). Lakin Məhkəmə daim qeyd edirdi ki, onun məqsədi barəsində şikayət edilən tədbirlərin tətbiqi zamanı müvafiq maraqlar, yəni bir tərəfdən şəxsin Konvensiya ilə qorunan hüquqları, digər tərəfdən isə cəmiyyətin maraqları arasında balansa riayət olunub-olunmamasını müəyyən etməkdən ibarətdir (bir çox digər qərarlarla yanaşı bax: yuxarıda qeyd edilmiş “Bultif”, 47-ci bənd). Beləliklə, dövlətin təqdir səlahiyyəti həm qanunvericiliyi, həm də onun tətbiqi ilə bağlı qərarları, o cümlədən müstəqil məhkəmənin qəbul etdiyi qərarları əhatə edən Avropa nəzarəti ilə müşayiət olunur (bax mutatis mutandis: “Sosiete Kola Est və digərləri Fransaya qarşı” (Société Colas Est and Others v. France, no. 37971/97, § 47, ECHR 2002-III)). Bu səbəbdən Məhkəmənin ölkədən çıxarma ilə bağlı tədbirin Konvensiyanın 8-ci maddəsinə uyğunluğuna dair yekun qərar qəbul etmək səlahiyyəti vardır.
(b) Yuxarıda qeyd edilən prinsiplərin hazırkı işdə tətbiqi
(i) Ərizəçinin törətdiyi cinayətlərin xarakteri və ağırlıq dərəcəsi
77. Məhkəmə qeyd edir ki, sözügedən cinayətlər bir il üç ay ərzində, yəni 1998-ci ilin noyabrından 2000-ci ilin yanvarınadək olan dövr ərzində törədilmişdir (yuxarıda 14-15-ci bəndlərə bax). O vaxt ərizəçinin 14-15 yaşı var idi.
78. Ərizəçi birinci dəfə 1999-cu ilin sentyabrında ağırlaşdırıcı hallarda cinayətkar qrupun tərkibində binalara qanunsuz daxil olmaqla cinayət törətmə və bu cinayəti törətmək cəhdi, cinayətkar qrupun yaradılması, hədə-qorxu ilə tələb etmə, hücum və sahibin icazəsi olmadan avtomobilindən istifadə etmə ilə bağlı iyirmi iki epizod üzrə təqsirli bilinərək məhkum edilmişdir. O, on səkkiz ay müddətində azadlıqdan məhrum etməyə məhkum olunmuş, cəzanın on üç aylıq hissəsi şərti olaraq tətbiq edilmişdir. Bundan əlavə, ona narkomanlıqdan müalicə kursu təyin edilmişdir.
79. Ərizəçi ikinci dəfə 2000-ci ilin may ayında ağırlaşdırıcı hallarda cinayətkar qrupun tərkibində binalara qanunsuz daxil olmaqla cinayət törətmə və bu cinayəti törətmək cəhdi ilə bağlı on səkkiz epizod üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Ərizəçiyə on beş ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Ərizəçi narkomanlıqdan müalicə kursunu keçmədiyinə görə, birinci hökm üzrə şərti məhkum etmə məhkəmənin qərarı ilə ləğv olunmuşdur.
80. Məhkəmə Palata ilə razılaşır ki, ərizəçinin törətdiyi cinayətlər müəyyən qədər ağır olmuş və ona ümumilikdə iki il doqquz ay müddətində azadlıqdan məhrum etməni nəzərdə tutan ciddi cəza təyin edilmişdir. Hökumət iddia etmişdir ki, ərizəçi sözügedən cinayətləri narkotik aludəçisi kimi narkotik vasitələrin alınması üçün pul əldə etmək məqsədi ilə törətmiş və bu səbəbdən onun törətdiyi cinayətlər ağırlıq dərəcəsinə görə narkotik maddələrlə bağlı cinayətlər ilə bərabərləşdirilməlidir. Məhkəmə bu mövqe ilə razılaşmır. Həqiqətən, narkotik vasitələrin qanunsuz alveri ilə bağlı Məhkəmə bu bəlanın yayılmasında fəal iştirak edən şəxslərə münasibətdə milli orqanların sərt mövqeyini anladığını ifadə etmişdir (nümunə üçün bax: “Dalia Fransaya qarşı” (Dalia v. France, judgment of 19 February 1998, Reports 1998‑I, p. 92, § 54) və “Bağli Fransaya qarşı” (Baghli v. France, no. 34374/97, § 48, ECHR 1999‑VIII)). Lakin narkotik vasitələrin istehlakına görə məhkum olunmuş şəxslərə münasibətdə Məhkəmənin yanaşması fərqli olmuşdur (bax: yuxarıda qeyd edilən “Ezzudi”, 34-cü bənd).
81. Məhkəmənin fikrincə, hazırkı işin həlledici cəhəti ərizəçinin bu cinayətləri gənc yaşında törətməsindən və bir hal istisna olmaqla onların qeyri-zorakı olmasından ibarətdir. Bu cəhət hazırkı işi “Bultif” və “Üner” işlərindən (hər ikisi yuxarıda qeyd edilmişdir) aydın şəkildə fərqləndirir; həmin işlərdə zorakı cinayətlər – birinci halda yetkinlik yaşına çatmış şəxs tərəfindən törədilmiş soyğunçuluq, ikinci halda isə ehtiyatsızlıqdan adam öldürmə və hücum – ölkədən çıxarma barədə qərarın qəbul edilməsi üçün əsas olmuşdur. Ərizəçinin məhkum olunmasına gətirib çıxarmış davranışını nəzərdən keçirərkən Məhkəmə qeyd etmişdir ki, onun törətdiyi cinayətlərin əksəriyyəti ticarət avtomatlarına, avtomobillərə, mağazalara və ya restoranlara qanunsuz daxil olub pul və ya malların oğurlanmasından ibarət olmuşdur. Ərizəçinin törətdiyi yeganə zorakı cinayət yetkinlik yaşına çatmamış digər bir şəxsi döyməkdən ibarət olmuşdur. Məhkəmə həmin əməllərin ağırlığına və bu əməllərin nəticəsində vurulmuş ziyana lazımi qiymət verir, lakin eyni zamanda o, hesab edir ki, bu əməllər yuvenal hüquq pozuntularıdır.
82. Məhkəmə hesab edir ki, ölkədən çıxarma barədə qərarın yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilmiş cinayətlərə əsaslandığı halda uşağın mənafeləri nəzərə alınmalıdır. Məhkəmənin presedent hüququnda uşağın mənafelərini nəzərə almaq öhdəliyi müxtəlif kontekstlərdə (məsələn, uşaqlara qayğı sahəsində; bax: “Skotsari və Ciunta İtaliyaya qarşı” (Scozzari and Giunta v. Italy [GC], nos. 39221/98 and 41963/98, § 148, ECHR 2000‑VIII)), o cümlədən əcnəbilərin ölkədən çıxarılması kontekstində (bax: yuxarıda qeyd edilmiş “Üner”, 58-ci bənd) nəzərdən keçirilmişdir. “Üner” işində Məhkəmə uşaqların ölkədən çıxarılacaq şəxsin ailə üzvləri qismində vəziyyətini nəzərdən keçirmişdir. Məhkəmə vurğulamışdır ki, uşaqların mənafeləri və rifahı, xüsusən ərizəçinin uşaqlarının onun çıxarılacağı ölkədə üzləşə biləcəkləri çətinliklərin nə dərəcədə ciddi olması, ölkədən çıxarma ilə bağlı tədbirin demokratik cəmiyyətdə zəruri olub-olmamasının qiymətləndirilməsi zamanı nəzərə alınmalı meyarlardan biri olmuşdur. Məhkəmə hesab edir ki, uşağın mənafelərini nəzərə almaq öhdəliyi həmçinin ölkədən çıxarılan şəxsin özünün yetkinlik yaşına çatmayan şəxs olduğu hallarda və ya hazırkı işdə olduğu kimi, ölkədən çıxarma barədə qərarın ərizəçinin yetkinlik yaşına çatmadığı bir dövrdə törətdiyi cinayətlərə əsaslandığı hallarda tətbiq edilir. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, Avropa İttifaqının hüququnda həmçinin yetkinlik yaşına çatmayan şəxslərin ölkədən çıxarılmasına qarşı müəyyən müdafiə nəzərdə tutulur (bax: yuxarıda 41-ci bənd, 2004/38/EC nömrəli Direktivin 28-ci maddəsinin 3-cü bəndinin b yarımbəndi). Bundan əlavə, uşağın ən yaxşı mənafelərini nəzərə almaq öhdəliyi “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddəsində təsbit olunmuşdur (yuxarıda 36-cı bəndə bax).
83. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan hüquq pozucusu barəsində ölkədən çıxarma ilə bağlı tədbirlərin tətbiq edildiyi halda uşağın mənafelərini nəzərə almaq öhdəliyi həmçinin onun cəmiyyətə reinteqrasiyasına kömək etmək öhdəliyini əhatə edir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 40-cı maddəsində uşağın cəmiyyətə reinteqrasiyası yuvenal ədliyyə sisteminin xidmət etməli olduğu məqsədlərdən biri kimi təsbit olunmuşdur (yuxarıda 36-38-ci bəndlərə bax). Məhkəmənin fikrincə, bu məqsədə şəxsin ölkədən çıxarılması nəticəsində ailə və ya sosial bağlarının qırılması yolu ilə nail oluna bilməz; yetkinlik yaşına çatmayan hüquq pozucusunun ölkədən çıxarılması son zərurət tədbiri olmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Avstriyanın müvafiq dövlət orqanları bu mülahizələri lazımi dərəcədə nəzərə almamışdır.
84. Beləliklə, Məhkəmə ölkədə uzun müddət ərzində yaşamış miqrantın yetkinlik yaşına çatmadığı bir dövrdə əsasən qeyri-zorakı cinayətlər törətməsinə görə ölkədən çıxarılmasına bəraət qazandıra biləcək əsaslar görmür (bax: yuxarıda qeyd edilmiş “Mustakim”, 44-cü bənd, ərizəçinin yetkinlik yaşına çatmadığı dövrdə cinayətlər, daha dəqiq, ağırlaşdırıcı hallarda bir neçə oğurluq, oğurluq nəticəsində əldə edilmiş əmlakın saxlanması, nəqliyyat vasitəsinin məhv edilməsi, iki hücum və təhlükəli davranış ilə bağlı cinayətlər törətməsinə dair, habelə “Yakupoviç Avstriyaya qarşı” (Jakupovic v. Austria, no. 36757/97, § 27, 6 February 2003) – həmin işdə ölkədən çıxarma barədə qərar ərizəçinin yetkinlik yaşına çatmadığı dövrdə binalara qanunsuz daxil olub cinayət törətməsi ilə bağlı iki məhkumluğuna əsaslanırdı, bununla belə, ərizəçi ölkədən çıxarıldığı zaman hələ yetkinlik yaşına çatmamışdır).
85. Eyni zamanda, Məhkəmə aydın şəkildə göstərmişdir ki, xüsusilə ağır zorakı cinayətlər, onlar hətta yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədilmiş olsa da, ölkədən çıxarma haqqında qərarın qəbul edilməsinə bəraət qazandıra bilər (bax: yuxarıda qeyd edilmiş “Buşelkia”, 65-ci səhifə, 51-ci bənd; burada Məhkəmə ərizəçinin 17 yaşında ağırlaşdırıcı hallarda törətdiyi zorlama cinayəti ilə bağlı məhkumluğuna əsaslanan deportasiya barədə qərarın Konvensiyanın 8-ci maddəsini pozmadığını müəyyən etmişdir; “Hızır Kılıc Danimarkaya qarşı” (Hizir Kilic v. Denmark), ərizə № 20277/05) və “Ferhat Kılıc Danimarkaya qarşı” (Ferhat Kilic v. Denmark), ərizə № 20730/05) işləri üzrə 2007-ci il 22 yanvar tarixli qərarlarında Məhkəmə ərizəçilərin müvafiq olaraq 16 və 17 yaşlarında törətdikləri soyğunçuluğa cəhd, ağırlaşdırıcı hallarda hücum və ehtiyatsızlıqdan adam öldürmə cinayətləri ilə bağlı məhkumluqlarına əsaslanan ölkədən çıxarma haqqında qərarlardan verdikləri şikayətləri qəbuledilməz elan etmişdir)).
(ii) Ərizəçinin ərazisindən çıxarıldığı ölkədə qalma müddəti
86. Ərizəçi Avstriyaya 1990-cı ildə altı yaşında gəlmiş, uşaqlığının qalan hissəsi və gəncliyi orada keçmişdir. O, Avstriyada qanuni əsaslarla valideynləri, bacısı və qardaşı ilə yaşamış və 1999-cu ildə ona bu ölkədə daimi yaşamaq üçün icazə verilmişdir.
(iii) Cinayətlərin törədilməsindən sonra keçmiş vaxt və ərizəçinin bu dövrdəki davranışı
87. Yuxarıda qeyd olunduğu kimi, ərizəçi 2000-ci ilin yanvarından sonra yeni cinayətlər törətməmişdir. Palata cinayətlərin törədilməsindən sonrakı dövrdə ərizəçinin davranışına qiymət verərkən onun Avstriyadan çıxarıldığı 2003-cü ilin dekabrınadək olan dövrü nəzərə almışdır. Məhkəmə ərizəçinin həbsdən azad edildiyi 2002-ci ilin mayından başlayan dövr ərzində yaxşı davranışına əhəmiyyət verərək qeyd etmişdir ki, ərizəçi ölkədən deportasiya edilənədək, yəni bir il altı ay müddətində yeni cinayətlər törətməmişdir.
88. Hökumətin fikrinə görə, Palata milli orqanların yekun qərarının qüvvəyə minməsindən sonra meydana çıxmış faktları nəzərə almamalı idi (yuxarıda 58-59-cu bəndlərə bax). O, bildirmişdir ki, İnzibati Məhkəmə öz qərarını ərizəçi həbsxanadan buraxıldıqdan əvvəl qəbul etmişdir. Hər halda, həm İnzibati Məhkəmə, həm də Konstitusiya Məhkəməsi öz qərarını son instansiyalı inzibati orqanın müəyyən etdiyi faktlar əsasında qəbul etməli idi. Hazırkı işdə bu, Vyana Dövlət Təhlükəsizlik İdarəsinin 2001-ci il 19 iyul tarixli qərarı idi.
89. Məhkəmə qeyd edir ki, “Bultif” işi üzrə qərarında (yuxarıda qeyd edilmiş qərarın 51-ci bəndi) “cinayətlərin törədilməsindən sonra keçmiş vaxt və ərizəçinin həmin dövrdəki davranışı” nəzərə alınmalı meyar kimi müəyyən edilmişdir. Həmin işdə Məhkəmə cinayətlərin törədildiyi 1994-cü ildən ərizəçinin İsveçrədən deportasiya olunduğu 2000-ci ilədək olan bütün dövrü nəzərdən keçirmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəçinin həbsxanada nümunəvi davranışı və azad olunduqdan sonra işə düzəlməsi onun ictimai qayda və ictimai təhlükəsizlik üçün təhlükə yaratması qorxusunu müəyyən qədər azaltmışdır. Lakin, İsveçrə Federal Məhkəməsi tərəfindən 1999-cu ilin noyabrında yekun milli qərarın qəbul edilməsi ilə ərizəçinin “2000-ci ildə naməlum tarixdə” İsveçrəni tərk etməsi arasında hansı müddətin keçməsi bu işin faktlarından aydır görünmür. Sonrakı işdə Avstriya İnzibati Məhkəməsi tərəfindən 1996-cı ilin dekabrında qərarın qəbul edilməsi ilə ərizəçinin 1997-ci ildən ölkəni tərk etməsi arasında yeddi ay keçmişdir; bu işdə Məhkəmə ərizəçinin axırıncı dəfə məhkum edildiyi 1994-cü ildən iş üzrə icraata xitam verildiyi 1996-cı ilin dekabrınadək olan dövr ərzində onun yaxşı davranışını nəzərə almışdır (bax: yuxarıda qeyd edilmiş “Yildız”, 24-26-cə və 45-ci bəndlər).
90. Məhkəmənin “Bultif” işi üzrə qərarında (yuxarıda qeyd edilmiş qərarın 51-ci bəndi) qəbul etdiyi yanaşmaya uyğun olaraq, cinayətlərin törədilməsindən sonra ərizəçinin deportasiya olunmasınadək keçmiş kifayət qədər uzun dövr ərzində onun yaxşı davranışı bu şəxsin cəmiyyət üçün yaratdığı təhlükənin qiymətləndirilməsinə zəruri olaraq müəyyən təsir göstərəcək.
91. Bununla əlaqədar yadda saxlamaq lazımdır ki, Məhkəmənin Konvensiyanın 3-cü maddəsi üzrə formalaşmış presedent hüququna müvafiq olaraq, deportasiya Məhkəmə tərəfindən qərarın qəbul edilməsindən əvvəl həyata keçirildiyi təqdirdə, ərizəçinin deportasiya olunduğu ölkədə üzləşə biləcəyi risk Razılığa gələn Dövlətin deportasiya zamanı bildiyi və ya bilməli olduğu faktlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Əgər ərizəçi işə Məhkəmədə baxıldığı zaman hələ deportasiya olunmayıbsa, bu halda müvafiq vaxt kimi iş üzrə Məkəmədəki icraat vaxtı götürüləcəkdir (bax: “Saadi İtaliyaya qarşı” (Saadi v. Italy [GC]), ərizə № 37201/06, bənd 133, 2008-ci il 28 fevral tarixli qərar). Beləliklə, Məhkəmə bu cür işlərə baxarkən özünü milli orqanların ölkədən çıxarma barədə yekun qərarının qəbul edildiyi zaman mövcud vəziyyətin qiymətləndirilməsi ilə məhdudlaşdırmır.
92. Milli orqanların yekun qərarından sonra ortaya çıxmış faktların nəzərə alınmasının yolverilməzliyi barədə Hökumətin Konvensiyanın 35-ci maddəsinin 1-ci hissəsinə istinadən irəli sürdüyü dəlil Məhkəməni inandırmamışdır. Həqiqətən, bütün dövlətdaxili hüquq vasitələrinin tükəndirilməsi tələbinin məqsədi dövlətlərin ehtimal olunan pozuntuya görə yalnız həmin pozuntunu öz hüquq sistemi vasitəsilə vəziyyəti düzəltmək imkanı olduqdan sonra cavabdehlik daşımasının təmin edilməsindən ibarətdir (bax: “Akdivar və digərləri Türkiyəyə qarşı” (Akdivar and Others v. Turkey), 1996-cı il 16 sentyabr tarixli qərar, Reports 1996‑IV, 1210-ci səhifə, 65-ci bənd). Lakin, bu məsələ yalnız ölkədən çıxarma barədə qərarın qəbul edilməsi ilə deportasiyanın həyata keçirilməsi arasında kifayət qədər uzun müddət keçdiyi halda ortaya çıxacaq.
93. Bununla əlaqədar Məhkəmə göstərmək istərdi ki, onun vəzifəsi ərizəçinin ölkədən çıxarılması barədə yekun qərarın deyil, deportasiyanın özünün Konvensiyaya uyğunluğunu yoxlamaqdan ibarətdir. Mutatis mutandis, elə görünür ki, Avropa Ədalət Məhkəməsi də bu yanaşmanı tətbiq edir. O, “Orfanopulos və Oliveri” işi üzrə qərarında bildirmişdir ki, 64/221 nömrəli Direktivin 3-cü maddəsi digər Üzv Dövlətin vətəndaşının ölkədən çıxarılması barədə qərarın qanuniliyinin yoxlanılması zamanı milli məhkəmələrə səlahiyyətli orqanlar tərəfindən yekun qərar qəbul edildikdən sonra ortaya çıxmış faktiki halları nəzərə almağa imkan verməyən milli təcrübəyə yol vermir (yuxarıda 43-cü bəndə bax). Beləliklə, bu cür işlərdə öz hüquq sistemini yeni halları nəzərə almağa imkan verən qaydada təşkil etmək vəzifəsi məhz dövlət üzərinə düşür. Bu, milli orqanların ölkədən çıxarma barədə yekun qərarının qüvvəyə mindiyi vaxtdan sonra ərizəçinin “ailə həyatı”nın daha mövcud olmayacağına işarə edən hər hansı əlamətlər olmadıqda, onun qeyd edilən vaxtda “ailə həyatı”nın mövcud olub-olmamasının qiymətləndirilməsinə zidd deyildir (yuxarıda 61-cə bəndə bax). Hətta ərizəçinin ailə həyatının artıq mövcud olmadığı halda da o, Konvensiyanın 8-ci maddəsinin mənasında “ailə həyatı”na hörmət hüququnun müdafiə edilməsini tələb edə bilərdi (yuxarıda 63-cü bəndə bax).
94. Hökumət bununla əlaqədar göstərmişdir ki, ölkədən çıxarma barədə qərarın qəbul edilməsi üçün əsas olan halların hələ mövcud olmasının yoxlanılması ərizəçinin vəsatəti və yaxud müvafiq orqanların təşəbbüsü ilə aparıla bilərdi. Bundan belə nəticə çıxır ki, hazırkı işdə müvafiq milli orqanların vəziyyəti yenidən qiymətləndirmək imkanı var idi.
95. Beləliklə, Məhkəmə ərizəçinin axırıncı dəfə cinayət törətdiyi 2000-ci ilin yanvarından onun deportasiya olunduğu 2003-cü ilin dekabrınadək olan dövr ərzində onun davranışını nəzərdən keçirəcək. Ərizəçi üç il on bir ay davam edən bu dövrün iki il üç ay yarımlıq müddəti ərzində, daha dəqiq 2000-ci ilin fevralın 11-dən 2002-ci ilin mayının 24-dək həbsxanada cəza çəkirdi. Ərizəçi həbsxanadan çıxdıqdan sonra deportasiya edilməsi üçün həbs olunduğu 2003-cü ilin noyabrın 27-dək azadlıqda olduğu bir il yarımlıq müddət ərzində yeni cinayətlər törətməmişdir. Lakin, “Bultif” işindən (yuxarıda qeyd edilmiş qərarın 51-ci bəndi) fərqli olaraq, hazırkı işdə ərizəçinin həbsxanada cəza çəkdiyi dövr ərzindəki davranış barədə az məlumat var. Yalnız o məlumdur ki, o cəzadan vaxtından əvvəl azad edilməmişdir. Eyni zamanda, azad olunduqdan sonra onun həyat şəraitinin nə qədər dəyişməsi barədə isə daha az məlumat mövcuddur. Bu səbəbdən, Palatadan fərqli olaraq, Məhkəmənin Böyük Palatası hesab edir ki, “cinayətlərin törədilməsindən sonra keçmiş vaxt və ərizəçinin bu dövrdəki davranışı” meyarı digər meyarlar, xüsusən ərizəçinin yetkinlik yaşına çatmadığı dövrdə əsasən qeyri-zorakı cinayətlər törətməsi faktı ilə müqayisədə daha az çəkiyə malikdir.
(iv) Ərizəçinin qəbul edən ölkə və mənşə ölkəsi ilə sosial, mədəni və ailə bağlarının möhkəmliliyi
96. Məhkəmə qeyd edir ki, ərizəçi şəxsiyyətin formalaşdığı uşaqlıq və gənclik illərini Avstriyada keçirmişdir. O, alman dilində danışır və məktəb təhsilini bütün yaxın ailə üzvlərinin yaşadıqları Avstriyada bitirmişdir. Beləliklə, onun əsas sosial, mədəni və ailə bağları Avstriyadadır.
97. Ərizəçinin mənşə ölkəsi ilə bağları məsələsinə gəldikdə, Məhkəmə qeyd etmişdir ki, ərizəçi ailəsinin Bolqarıstanın türk azlığına mənsub olması səbəbinə görə onun Avstriyadan deportasiya edilməsi zamanı bolqar dilini bilmədiyini inandırıcı şəkildə izah etmişdir. Onun Bolqarıstanda heç vaxt məktəbə getməməsinə görə kiril əlifbasında oxuya və yaza bilməməsi mübahisələndirilməmişdir. Ərizəçinin mənşə ölkəsində hər hansı yaxın bağlarının olması sübuta yetirilməmiş və hətta ehtimal belə edilməmişdir.
(v) Ərizəçinin ölkədən çıxarılması və ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərarın qüvvədə olma müddəti
98. Nəhayət, Məhkəmə müdaxilənin mütənasibliyini qiymətləndirərkən ərizəçinin ölkədən çıxarılması və ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərarın qüvvədə olma müddətini nəzərdən keçirmişdir. Palata Məhkəmənin presedent hüququna istinadən düzgün olaraq göstərmişdir ki, ölkədən çıxarma və ölkəyə girişə məhdudiyyət qoyulması ilə bağlı tədbirin tətbiqi müddəti digərləri ilə yanaşı nəzərdən keçirilməli amillərdən biridir (ölkə ərazisində qeyri-məhdud müddətdə yaşamanın qadağan edilməsinin tədbirin qeyri-mütənasib olması nəticəsinə gəlməyə imkan verən amil kimi baxıldığı işlər ilə bağlı bax: yuxarıda qeyd edilmiş “Ezzouhdi”, 35-ci bənd; “Yılmaz Almaniyaya qarşı” (Yilmaz v. Germany), ərizə № 52853/99, 48-49-cu bəndlər, 2003-cü il 17 aprel tarixli qərar; yuxarıda qeyd edilmiş “Radovanovic”, 37-ci bənd; ölkə ərazisində müəyyən müddət ərzində yaşamanın qadağan edilməsinin tədbirin mütənasib olduğunu hesab etməyə imkan verən amil kimi qiymətləndirildiyi işlər ilə bağlı bax: yuxarıda qeyd edilmiş “Benhebba”, 37-ci bənd; “Yankov Almaniyaya qarşı” (Jankov v. Germany (dec.)), ərizə № 35112/92, 2000-ci il 13 yanvar tarixli qərar; yuxarıda qeyd edilmiş “Üner”, 65-ci bənd).
99. Məhkəmənin Böyük Palatası Palatanın bu mövqeyi ilə razılaşır ki, hazırkı işdə ölkədən çıxarma və ölkəyə girişə məhdudiyyət qoyulması barədə qərarının təsirinin vaxt baxımından məhdud olması həlledici rol oynamır. Ərizəçinin cavan olduğu nəzərə alınarsa, belə qənaətə gəlmək olar ki, onun Avstriyaya girməsinə 10 illik məhdudiyyət qoyulması barədə qərar onu təxminən burada keçirdiyi müddətə bərabər zaman ərzində və həyatının həlledici dövründə Avstriyada yaşamasını qadağan etmişdir.
(vi) Nəticə
100. Məhkəmə yuxarıdakı mülahizələri, xüsusən, ərizəçinin yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi cinayətlərin (bir hal istisna olmaqla) qeyri-zorakı xarakterini və dövlətin ərizəçinin cəmiyyətə inteqrasiyasına kömək etmək vəzifəsini, ərizəçinin Avstriyada qanuni əsaslarla yaşadığı müddəti, onun Avstriya ilə ailə, sosial və linqvistik bağlarını və mənşə ölkəsi ilə təsdiq edilmiş bağlarının olmamasını nəzərə alaraq, hesab edir ki, ərizəçinin barəsində ölkədən çıxarma və ölkəyə girişə məhdudiyyət qoyulması haqqında qərarın qəbul edilməsi, onun tətbiqi müddətinin məhdud olmasına baxmayaraq, bu tədbirin xidmət etdiyi qanuni məqsədə, yəni “iğtişaşın və ya cinayətin qarşısının alınması”na qeyri-mütənasib olmuşdur. Bu səbəbdən həmin tədbir “demokratik cəmiyyətdə zəruri” olmamışdır.
101. Beləliklə, hazırkı işdə Konvensiyanın 8-ci maddəsinin pozulmasına yol verilmişdir.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
102. Konvensiyanın 41-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə ədalətli kompensasiyanın ödənilməsini təyin edir.”
A. Ziyan
1. Palatanın qərarı
103. Palata müqayisə edilə bilən işləri (yuxarıda qeyd edilən “Yıldız”, 51-ci bənd; yuxarıda qeyd edilən “Yakupoviç”, 37-ci bənd; “Radovanoviç Avstriyaya qarşı” (Radovanovic v. Austria) (ədalətli kompensasiya ilə bağlı), ərizə № 42703/98, 11-ci bənd, 2004-cü il 16 dekabr tarixli qərar; və yuxarıda qeyd edilən “Mehemi”, 41-ci bənd) nəzərə alaraq qət etmişdir ki, Konvensiyanın pozulması barədə nəticəyə gəlmə özü özündə ərizəçinin çəkdiyi hər hansı mənəvi ziyana görə ədalətli kompensasiya təşkil etmişdir.
2. Tərəflərin izahatları
104. Ərizəçi öz ailəsindən ayrılması nəticəsində vurulmuş mənəvi ziyana görə ona 5000 avronun ödənilməsi barədə tələbini müdafiə etmişdir.
105. Hökumət iddia etmişdir ki, Konvensiyanın pozulması barədə nəticəyə gəlmə özü-özündə ədalətli kompensasiyanı təşkil edəcəkdi.
3. Məhkəmənin qərarı
106. Məhkəmə hesab edir ki, ərizəçi onun ölkədən çıxarılması nəticəsində əzab və narahatlıq keçirtmişdir. Məhkəmə ədalət prinsipinə əsasən qiymətləndirərək mənəvi ziyan başlığı altında ərizəçiyə hər hansı vergi tutmaları üstünə gəlməklə 3000 avro məbləğində kompensasiyanın ödənilməsini təyin edir (yuxarıda qeyd edilən “Mehemi”, 43-cü bənd).
B. Məhkəmə xərcləri
1. Palatanın qərarı
107. Palata işə milli məhkəmələrdə baxılması və Palata tərəfindən qərarın qəbul edilməsi daxil olmaqla işə Konvensiyaya əsasən baxılması ilə bağlı çəkilmiş məhkəmə xərcləri ilə əlaqədar olaraq ərizəçiyə əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 5759,96 avro məbləğində kompensasiyanın ödənilməsini təyin etmişdir. Bu məbləğə işə milli məhkəmələrdə baxılması ilə əlaqədar 3797,96 avro və işə Məhkəmədə baxılması ilə bağlı 1962 avro daxil idi.
2. Tərəflərin izahatları
108. Böyük Palatada ərizəçi işə milli məhkəmələrdə baxılması ilə bağlı öz tələblərini müdafiə etmişdir. İşə Konvensiyaya əsasən baxılması ilə əlaqədar o, ƏDV daxil olmaqla 12190,56 avro, o cümlədən işə Böyük Palatada baxılması ilə əlaqədar ƏDV daxil olmaqla 6879,84 avro məbləğinin ödənilməsini tələb etmişdir. Bundan əlavə, o, vəkilin məhkəmə iclasında iştirakı ilə əlaqədar yol və qalma xərclərinə görə 457,26 avro tələb etmişdir.
109. Hökumət qeyd etmişdir ki, işə Palatada baxılması ilə bağlı məhkəmə xərcləri Palata tərəfindən qəbul edilmiş və onların tam həcmdə, yəni 5759,96 avro məbləğində ödənilməsi təyin edilmişdir. Hökumət işə Böyük Palatada baxılması ilə əlaqədar məhkəmə xərclərinə dair hər hansı şərh verməmişdir.
3. Məhkəmənin qərarı
110. İşə milli məhkəmələrdə baxılması və Palata tərəfindən qərarın qəbul edilməsi daxil olmaqla işə Konvensiyaya əsasən baxılması ilə bağlı çəkilmiş məhkəmə xərcləri ilə əlaqədar olaraq Məhkəmə onların həqiqətən və zəruri olaraq çəkilməsi və məbləğ baxımından münasib olmasında Palata ilə razılaşaraq 5759,96 avro məbləğində təyin olunmuş kompensasiyanı təsdiq edir. işə Böyük Palatada baxılması ilə əlaqədar məhkəmə xərclərinə gəldikdə, Məhkəmə həmçinin hesab edir ki, onlar həqiqətən və zəruri olaraq çəkilmiş və məbləğ baxımından münasib olmuşdur. Buna görə də, Məhkəmə tələb olunan məbləğdə, ƏDV daxil olmaqla 6879,84 avro, üstünə gəl yol və qalma xərcləri ilə bağlı 457,26 avro, yəni cəmi 7337,10 avro məbləğində kompensasiyanın ödənilməsini təyin edir.
111. Nəticədə, məhkəmə xərcləri başlığı altında Məhkəmə ərizəçiyə 13097,06 avro məbləğində kompensasiyanın ödənilməsini təyin edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
112. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ
1. On altı səs lehinə və bir səs əleyhinə olmaqla hazırkı işdə Konvensiyanın 8-ci maddəsinin pozulduğunu qət edir;
2. On altı səs lehinə və bir səs əleyhinə olmaqla qərara alır:
(a) cavabdeh dövlət bu qərarın qəbul edilməsindən sonra üç ay ərzində ödənilməli olan vergilər də daxil olmaqla mənəvi ziya görə 3000 avro (üç min avro) və məhkəmə xərclərinə görə 13097 avro 6 sent (on üç min doxsan yeddi avro və altı sent) məbləğində vəsaiti ərizəçiyə ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
3. Ərizəçinin ədalətli kompensasiya ilə bağlı tələbinin qalan hissəsini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2008-ci il iyunun 23-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir
Vinsan BerjeJan-Pol Kosta
YuriskonsultSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq hakim Şteynerin xüsusi rəyi bu qərara əlavə edilir.
J.-P.K.
V.B.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
Full & Egal Universal Law Academy