Matyjek (Matyjek) Polşaya qarşı - 38184/03
Qərar 24.4.2007 [IV Bölmə]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
Siyasətçinin dövlət postlarından müvəqqəti kənarlaşdırılması ilə nəticələnən lüstrasiya prosesində iş materiallarının əldə edilməsi ilə bağlı məhdudiyyətlər: pozuntu
Faktlar - 1944 və 1990-cı illər arasında dövlət qulluğunda olanların Dövlət təhlükəsizlik orqanlarına işləməsi, orada xidmət etməsi və ya əməkdaşlıq etməsinin aşkar edilməsi haqqında 1997-ci il qanunu (Lüstrasiya Aktı) nəzərdə tuturdu ki, lüstrasiya məhkəməsi Akta əsasən hazırlanmış bəyannamənin həqiqətə uyğun olmadığını aşkar etdikdə, sanksiyaların tətbiq olunması ilə nəticələnə bilər. Bu sanksiyalara dövlət postlarından kənarlaşdırılma və müəyyən hüquqi və ya siyasi vəzifələrin tutulmasına on illik qadağa daxildir. Ayrıca bir qanunla bu şəxslərin məxfi məlumatlara çıxışına məhdudiyyət qoyulmuşdur.
Parlament üzvü olmuş ərizəçi kommunizm dövründə gizli xidmət orqanları ilə əməkdaşlıq etmədiyini bəyan etmişdir. 1999-cu ildə onun gizli xidmət orqanları ilə əməkdaşlığını inkar etdiyi bəyanatının həqiqətə uyğun olmadığı əsası ilə ona qarşı icraat başlanmışdır. İş materiallarını əldə etmək üçün ərizəçi lüstrasiya məhkəməsinin "gizli qeydiyyat" adlanan prosesində iştirak etməli idi. Ona sənədlərin surətini çıxarmaq və ya hər hansı qeydlər götürmək icazəsi verilməmişdi. Birinci instansiya lüstrasiya məhkəməsi qismində işə baxan Apellyasiya məhkəməsində qapalı keçirilən iclasın ardından onun 1999-cu ilin dekabr ayında verdiyi bəyanatının həqiqətə uyğun olmadığı və gizli xidmət orqanları ilə əməkdaşlıq etdiyi müəyyən edilmişdir. Qərarın operativ hissəsi ona təqdim olunmuş, lakin əsaslandırma hissəsi isə "gizli" olaraq saxlanılmışdır və ərizəçi onu yalnız "gizli qeydiyyat" zamanı görə bilərdi. 2000-ci ilin fevral ayında ikinci instansiya məhkəməsi kimi işə baxan eyni apellyasiya məhkəməsi ərizəçinin verdiyi şikayəti rədd etmişdir. Kassasiya şikayətindən sonra, Ali Məhkəmə qərarı ləğv etmiş və ərizəçi tərəfindən iki əlavə şahidin çağırılması barədə vəsatətin rədd edilməsini əsas gətirərək, işi ikinci instansiya lüstrasiya məhkəməsinə geri göndərmişdir. 2000-ci ilin sonunda, dövlət təhlükəsizlik bürosunun rəhbəri mövcud bütün iş materialları ilə əlaqədar məxfilik məhdudiyyətlərini aradan qaldırmışdır. 2001-ci ildə keçirilən açıq məhkəmə iclasının ardından apellyasiya məhkəməsi qərarı ləğv etmiş və işi birinci instansiya lüstrasiya məhkəməsinə yönəltmişdir. Qismən qapalı keçirilən prosesdən sonra məhkəmə ərizəçinın öz bəyanatında yalan danışdığını müəyyən edilmişdir. Ərizəçinın sonrakı şikayətləri rədd edilmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 3 ilə birgə götürülməklə Maddə 6 § 1: Lüstrasiya tədbirləri həyata keçirən dövlətlər zərərçəkmiş şəxslərin prosessual təminatlarının olmasını təmin etməlidir. Keçmiş kommunizm gizli rejimi zamanı tərtib olunan sənədlərin gizli saxlanılması ilə bağlı hər hansı vacib dövlət marağı ola bilər, lakin bu, yalnız sənədlər tərtib olunduqdan sonra müəyyən əhəmiyyətli müddət keçdikdə yarana bilər. Hər hansı fərdi halda Hökumət bu cür marağın mövcudluğunu sübut etməlidir. Məhkəmə işinin nəticəsinin keçmiş gizli xidmət orqanlarının fəaliyyətindən və bütün müvafiq sənədlərin gizli hesab olunmaqda davam etdiyi və sənədlərin gizliliyinin ləğv edilməsi qərarının hazırki gizli xidmət orqanlarının əlində olduğu sistem, əlaqədar şəxsi aşıq-aşkar əlverişsiz vəziyyətə salır. Dörd amil hazırki işdə adekvat təminatların olmadığına işarə edir. Birincisi, ərizəçinın işi ilə əlaqədar sənədlərin ən azı yarısı "tam məxfi" hesab olunurdu və bu məxfiliyin aradan qaldırılması səlahiyyəti yalnız dövlət təhlükəsizlik bürosunun rəhbərinə məxsus idi. Bu vəziyyət prosessual ədalət ilə ziddiyyət təşkil edirdi. İkincisi, məhkəmə prosesi başladıqdan sonra ərizəçiyə öz iş materiallarına baxmaq imkanı verilsə də, bu, bir sıra məhdudiyyətlər ilə müşayiət olunmuşdur: o, sənədlərin nüsxəsini çıxara bilməz və məxfi sənədlərlə ilə bağlı yalnız lüstrasiya məhkəməsinin gizli qeydiyyat prosesində baxa bilərdi. Qeydlər, sonradan möhürlənən və gizli qeydiyyatda saxlanılan və lüstrasiya məhkəməsində istifadə oluna bilməyən xüsusi dəftərlərdə edilə bilərdi. Bənzər qaydalar əksəriyyəti qapalı keçirilən iclaslar zamanı götürülən qeydlərə də şamil olunurdu. Eyni məhdudiyyətlər ərizəçinın vəkilinə də tətbiq edilirdi. Bəzi sənədlərin məxfiliyinin 2000-ci ilin dekabrında aradan qaldırılmasına baxmayaraq, məhdudiyyətlər işə yeni əlavə olunan sənədlərə tətbiq olunurdu. Lüstrasiya məhkəmə prosesində ərizəçi üçün hansı riskin olması - nüfuzu və on il ərzində dövlət postunda vəzifə tutmaq qadağası nəzərə alınaraq, onun sənədləri məhdudiyyətsiz əldə etməsi, qeydlərindən sərbəst istifadə etməsi və müvafiq sənədlərin nüsxələrini çıxarmaq imkanına malik olması əhəmiyyətli idi. Üçüncüsü, Hökumətin İctimai Maraq Komissarının məhkəmə zamanı məxfi sənədlərin əldə etməsinə eyni məhdudiyyət qoyulması barədə arqumenti də rədd edilmişdir, belə ki, yerli qanunvericiliyə əsasən o, keçmiş təhlükəsizlik xidməti tərəfindən tərtib olunmuş, şəxslərlə bağlı sənədlərə çatımlılıq da daxil olmaqla, dövlət prokuroru ilə eyni səlahiyyətə malik idi. Son olaraq, 1999-cu ilin dekabrı və onun parlamentdəki yerinin itirilməsinə səbəb olan 2000-ci ilin fevral qərarlarının ərizəçi üçün mühüm kəsb etdiyinə baxmayaraq, o yalnız qərarların operativ hissələri ilə tanış olmuşdur və əsaslandırma hissəsi ilə tanış olmaq istədikdə gizli qeydiyyata müraciət etməkdən başqa seçimi olmamışdır.
Sənədlərin məxfiliyi və ərizəçinın məhkəmə işi materillarına çatımlılığına məhdudiyyətlər, İctimai Maraq Komissarının məhkəmə prosesi zamanı imtiyazlı mövqeyi ərizəçinın ona qarşı olan iddiaları təkzib etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdır. Müvafiq olaraq, lüstrasiya prosesi və qaydaların kümulyativ tətbiqi ərizəçinın üzərinə təcrübədə qeyri-real yük qoymuş və tərəflərin bərabərliyi prinsipinə riayət edilməmişdir.
Nəticə: pozuntu (yekdilliklə).
Full & Egal Universal Law Academy