MAKKEY (McKAY) BİRLƏŞMİŞ KRALLIĞA QARŞI İŞ
(Ərizə Nº 543/03)
MƏHKƏMƏ QƏRARI
Strasburq
3 oktyabr 2006-cı il
Bu qərar qətidir, lakin ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Makkey Birləşmiş Krallığa qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi,
hakimlər:
Cənab X.Rozakis (C.Rozakis), Sədr,
Cənab J.-P.Kosta (J.-P.Costa),
Ser Nikolas Bratsa (Nicolas Bratza),
Cənab P.Lorensen (P.Lorenzen),
Xanım F.Tulkens (F.Tulkens),
Cənab J.Kasadevall (J.Casadevall),
Xanım N.Vajiç (N.Vajić),
Cənab M.Pellonpyaa (M.Pellonpää),
Cənab R.Maruste (R. Maruste),
Cənab K.Traya (K.Traja),
Xanım S.Botuçarova (S.Botoucharova),
Cənab J.Borreqo Borreqo (J.Borrego Borrego),
Xanım L.Mijoviç (L.Mijović),
Cənab E.Mayer (E.Myjer),
Cənab S.E.Cebens (S.E.Jebens),
Cənab J.Şikuta (J.Šikuta),
Xanım İ.Zimele (I.Ziemele)
və katib vəzifəsini icra edən Cənab V.Bergerdən (V.Berger) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
14 iyun və 13 sentyabr 2006-cı ildə qapalı müşavirə keçirərək,
yuxarıda göstərilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Britaniya vətəndaşı Cənab Mark Makkey (“ərizəçi”) tərəfindən 9 dekabr 2002-ci ildə Məhkəməyə təqdim edilmiş Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına qarşı ərizə (Nº 543/03) əsasında başlanmışdır.
2. Ərizəçini Belfastda vəkillik fəaliyyəti ilə məşğul olan xanım P.Makdermott təmsil etmişdir. Birləşmiş Krallıq Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Xarici İşlər və Birlik Ölkələri İdarəsinin təmsilçisi Cənab C.Qreynger təmsil etmişdir.
3. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə istinadən şikayət etmişdir ki, onun həbsindən sonra magistrat onu zəmanət müqabilində azad etmək səlahiyyətinə malik olmayıb.
4. Ərizə Dördüncü Seksiyanın icraatına verilmişdir. O, həmin Seksiyanın aşağıdakı hakimlərdən ibarət Palatası tərəfindən qəbul olunan elan edilmişdir: Cənab J.Kasadevall, Ser Nikolas Bratsa, cənab M. Pellonpyaa, Cənab R.Maruste, Cənab K.Traya, Xanım L.Mijoviç, Cənab J.Şikuta, habelə Seksiyanın katibi cənab M.O'Boyl. 17 yanvar 2006-cı ildə Palata Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina etmiş, tərəflərdən heç biri bu imtinaya etiraz etməmişdir (Konvensiyanın 30-cu maddəsi və Məhkəmə Reqlamentinin 72-ci Qaydası).
5. Böyük Palatanın təşkili Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyən edilmişdir.
6. Ərizəçi və Hökumət işin mahiyyəti üzrə yazılı izahatlarını təqdim etmişlər.
7. Dinləmə 14 iyun 2006-cı ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq şəkildə keçirilmişdir (Məhkəmə Reqlamentinin 59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
Cənab C.Qreynger, nümayəndə,
Cənab D.Perri, vəkil,
Cənab P.Maqyur, vəkil,
Cənab İ.Vimpress, məsləhətçi,
Xanım K.Mersey, məsləhətçi.
b) Ərizəçinin adından:
Cənab J.Larkin, Krallıq vəkili,
Cənab B.Torrens, vəkil,
Cənab P.Makdermott, solisitor.
Məhkəmə Cənab Perri və Cənab Larkinin müraciətlərini və hakimlərin verdikləri suallara onların cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
8. Ərizəçi 1993-cü ildə Banqorda (Kaunti qraflığı, Şimali İrlandiya) anadan olmuşdur və orada yaşayır.
9. 6 yanvar 2001-ci ildə, şənbə günü saat 22.00-da ərizəçi Banqorda yanacaqdoldurma stansiyasına soyğunçuluq məqsədilə basqında şübhəli bilinərək həbs edildi. Bazar günü, 7 yanvar 2001-ci ildə o, soyğunçuluğa görə məsuliyyət daşıdığını boynuna aldı. Saat 12.37-də ona ittiham elan olundu.
10. Bazar ertəsi, 8 yanvar 2001-ci ildə saat 10.00-da ərizəçi ilk dəfə magistrat məhkəməsinə gətirildi, orada o, vəkillərinə tapşırdı ki, onun zəmanət müqabilində azad edilməsi üçün vəsatət versinlər. Polis əməkdaşı sübutları məhkəməyə verərək bildirdi ki, soyğunçuluq terrorizmlə əlaqədar olmayıb və bütün şərtlərə riayət edilməsi şərti ilə ərizəçinin zəmanət müqabilində azad edilməsinə etiraz etmir. Ərazi aidiyyəti üzrə işə baxan magistrat vəsatəti rədd edərək qeyd etdi ki, bu cinayət xüsusi təhlükəli cinayətdir, buna görə də o, azad edilmə barədə qərar çıxarmaq səlahiyyətinə malik deyil (Terrorizm haqqında 2000-ci il tarixli Qanunun 67-ci maddəsinin 2-ci bəndi və Şimali İrlandiya (Fövqəladə müddəalar) haqqında 1996-cı il tarixli Qanunun 3-cü maddəsinin 2-ci bəndi).
11. 8 yanvar 2001-ci ildə ərizəçi zəmanət müqabilində azad edilmək üçün Yüksək Məhkəməyə müraciət etdi. 9 yanvar 2001-ci ildə Yüksək Məhkəmə onun vəsatətinə baxdı və onu təmin etdi.
12. 12 aprel 2001-ci ildə ərizəçi Krallıq Məhkəməsində soyğunçuluq cinayətində təqsirkar olduğunu boynuna aldı və cəzasını gənc cinayətkarlar üçün nəzərdə tutulmuş müəssisədə çəkməklə iki il həbs cəzasına məhkum edildi (bir illik sınaq müddəti ilə).
13. 9 yanvar 2001-ci ildə ərizəçi qərara məhkəmə tərəfindən yenidən baxılması üçün vəsatət verərək yuxarıda qeyd edilən qanunvericiliyin Konvensiyanın 5-ci və 14-cü maddələrinə zidd olduğunu bildirdi.
14. 3 may 2002-ci ildə Yüksək Məhkəmə ərizəçinin vəsatətini rədd etdi. Hakim Cənab Kerr bildirdi ki:
“5-ci maddənin mətnində və AİHM-in praktikasında belə şey yoxdur ki, tutulmuş şəxsin gətirilməli olduğu məhkəmə onu zəmanət müqabilində azad etmək səlahiyyətinə malik olan məhkəmə olmalıdır. O, dərhal hakimin və ya məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyətinə malik vəzifəli şəxsin yanına gətirilməlidir. Həmçinin ona imkan verilməlidir ki, zəmanət müqabilində azad edilmək üçün müraciət etsin. Lakin bu iki ayrıca və fərqli hüquqların eyni vaxtda və eyni məhkəmə tərəfindən təmin edilməsi vacib deyil. Tutulmuş şəxs həbsinin qanuniliyinə baxmaq səlahiyyətinə malik olan hakimin yanına dərhal gətirilibsə və əsassız gecikdirmə olmadan məhkəmə araşdırmasınadək azad edilmək üçün müraciət etmək imkanına malik olubsa, onda 5-ci maddənin 3-cü bəndinin tələblərinə əməl olunub.
Ərizəçi magistrat məhkəməsinə gecikdirilmədən, yəni həbsindən sonra 36 saat müddətində gətirilib. O, avtomatik olaraq məhkəməyə gətirilib və özü məhkəməyə gətirilmək barədə heç bir təşəbbüs irəli sürməyib. Ərazi aidiyyəti üzrə işə baxan magistrat ərizəçinin həbsinin qanuniliyinə baxmaq səlahiyyətinə malik idi... Bu halda magistrat tutulmuş şəxsin həbsə alınmasının qanuni əsaslarını nəzərdən keçirə bilər. O, əmin olmalıdır ki, şəxsin tutulması və həbsdə saxlanması qanunidir. Əgər o buna əmin deyilsə, tutulmuş şəxsin azad edilməsi barədə qərar çıxarmalıdır. Beləliklə, bu işdə ərizəçi tutulmasının və həbsdə saxlanmasının qanuni əsaslarının məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyətinə malik vəzifəli şəxs tərəfindən avtomatik olaraq dərhal yoxlanılması hüququna malik idi. Bundan başqa, o, zəmanət müqabilində azad edilmək barədə müraciətinə hakim tərəfindən dərhal baxılması hüququna (o cümlədən azad edilmək hüququna) malik idi”.
15. Hakim 14-cü maddə üzrə bu arqumentləri də rədd etdi ki, zəmanət müqabilində azad edilmək üçün müraciət etmiş təhlükəsizlik qüvvələrinin təqsirləndirilən üzvlərinə münasibət digər şəxslərə nisbətən daha güzəştli olmalıdır və ərizəçinin apellyasiya şikayəti vermək barədə xahişini rədd etdi.
16. 16 may 2002-ci ildə Dairə Məhkəməsi ərizəçinin Lordlar Palatasına şikayət vermək barədə xahişini rədd etdi, lakin təsdiq etdi ki, bu iş aşağıdakı hüquqi məsələlər baxımından ümumi ictimai əhəmiyyət kəsb edir: qanunvericiliyin Konvensiyaya uyğun olub-olmaması baxımından və 5-ci maddənin 3-cü bəndinə əsasən tutulmuş şəxsin gətirilməli olduğu məhkəmənin onu zəmanət müqabilində azad etmək səlahiyyətinə malik olmasını 5-ci maddənin tələb edib-etməməsi baxımından.
17. 4 dekabr 2002-ci ildə Lordlar Palatası ərizəçinin apellyasiya şikayəti vermək barədə xahişini rədd etdi.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. Xüsusi təhlükəli cinayətə görə zəmanət müqabilində azad etmə səlahiyyəti
18. Terrorizm haqqında 2000-ci il tarixli Qanunun (bu Qanun 19 fevral 2001-ci ildə qüvvəyə minmişdir) 67-ci maddəsinin 2-ci bəndi mahiyyət etibarı ilə Şimali İrlandiya (Fövqəladə müddəalar) haqqında 1996-cı il tarixli Qanunun (bu Qanun ərizəçi məhkəməyə gətirilən zaman qüvvədə idi) 3-cü maddəsinin 2-ci bəndi il eynidir; onun bu işə aidiyyəti olan hissəsində deyilir:
“6-cı və 7-ci yarımbəndlərin müddəalarından asılı olaraq, aşağıdakı şəxslərin verdiyi icazə istisna olmaqla, bu maddənin şamil olunduğu şəxsin zəmanət müqabilində azad edilməsinə icazə verilmir:
a) Yüksək Məhkəmənin və ya Apellyasiya Məhkəməsinin hakiminin; yaxud
b) xüsusi təhlükəli cinayətdə ittiham olunan şəxsin məhkəmə araşdırması təxirə salındıqda birinci instansiya məhkəməsinin hakiminin.
19. 1973-cü ildən başlayaraq xüsusi təhlükəli cinayətlərə dair işlərdə təqsirləndirilən şəxsi zəmanət müqabilində azad etmək səlahiyyəti yalnız Yüksək Məhkəməyə, Apellyasiya Məhkəməsinə və birinci instansiya məhkəməsinə verilmişdir və bu səlahiyyət Şimali İrlandiya (Fövqəladə müddəalar) haqqında 1973-cü il tarixli Qanunun ilkin müddəalarına əsaslanır. Bunun məntiqi izahı “Diplok məruzəsindən” (“Şimali İrlandiyada terror fəaliyyətləri ilə bağlı işlərə baxılması üçün hüquqi prosedurların nəzərdən keçirilməsi üzrə Komissiyanın məruzəsindən”) qaynaqlanır, məruzədə belə nəticə çıxarılmışdı ki, zəmanət müqabilində azad edilmək barədə vəsatətlərə baxan ərazi aidiyyəti üzrə magistratlar terrorizm təhlükəsinə və təhdidlərinə xüsusi şübhə ilə yanaşırlar (o vaxt bir magistrat güllə ilə qətlə yetirilmiş, digər ikisinin evi isə bomba ilə partladılmışdı). 2000-ci il tarixli Qanunda nəzərdə tutulur ki, bu mövqeyə hər il parlament tərəfindən yenidən baxılmalıdır. Qanunvericiliyin necə işləməsi barədə illik məruzələr bu məqsədlə parlamentə təqdim edilir.
20. 2002-ci ildə müstəqil araşdırıcı lord Karlayl (Berriew QC) zəmanət müqabilində azad edilmək barədə vəsatətlərin magistrat məhkəmələrinə qaytarılmasını tövsiyə edərək qeyd etdi ki, xüsusi təhlükəli cinayətlərə dair işlərdə zəmanət müqabilində azad edilmək barədə vəsatətlərin Yüksək Məhkəməyə verilməsi tələbi təcrübədə bəzi müttəhimlərin həbsxanada əlavə günlər keçirməsinə gətirib çıxarır, halbuki belə işlərin çoxuna xitam verilir, yaxud müttəhimlər azad edilir və ya onlara həbslə bağlı olmayan cəzalar verilir. O, tövsiyə etdi ki, bu səlahiyyət az sayda xüsusi təlim keçilmiş magistratlara verilsin. Lakin o, 2004-cü il tarixli məruzəsində qeyd etdi ki, ustalıqla həyata keçirilən terror cinayətlərinin doğurduğu təhlükə davam edir, terrorla və yarımhərbi mütəşəkkil cinayətkarlıqla sıx bağlı olan bir çox ciddi cinayətlər çoxalır və əhəmiyyətli dərəcədə təhdid təhlükəsi qalmaqdadır. O, ərazi aidiyyəti üzrə magistratlara zəmanət müqabilində azad edilmək barədə vəsatətlərə baxmaq səlahiyyəti verib-verməmək məsələsini nəzərdən keçirərkən daha əvvəlki tövsiyəsini təkrar etmədi və qeyd etdi ki, vəziyyətin təhlükəliliyinin qiymətləndirilməsi göstərir ki, magistratlara və onların yaxınlarına qarşı əhəmiyyətli dərəcədə təhdid və zorakılıq təhlükəsi qalmaqdadır. Bununla belə, o, razılaşdı ki, zəmanət müqabilində azad edilmək barədə vəsatətlərə həftəsonu istirahət günlərində də baxılmasına icazə verilməlidir və bu dəyişiklik dərhal qüvvəyə mindi.
21. Soyğunçuluq zamanı partlayıcı maddədən, odlu silahdan istifadə edilibsə, yaxud odlu silahın və ya cinayətin digər silahının imitasiyası yaradılıbsa, Terrorizm haqqında 2000-ci il tarixli Qanuna 9 saylı əlavənin 10(b) bəndinə əsasən belə əməl xüsusi təhlükəli cinayət sayılır.
B. Zəmanət müqabilində azad edilmək barədə vəsatətlərə Yüksək Məhkəmədə baxılması proseduru
22. Bu prosedur Yüksək Məhkəmənin Prosedur Qaydalarının (Şimali İrlandiya) 79-cu bölməsində (ona 1976-cı il tarixli 1 saylı Praktiki Təlimatla əlavələr edilmişdir) nəzərdə tutulmuşdur. Orada qeyd edilir ki, Yüksək Məhkəmə şənbə və bazar günlərindən başqa hər gün digər məsələlərə yanaşı zəmanət müqabilində azad edilmək barədə vəsatətlərə baxmaq məqsədi ilə iclaslar keçirir. Praktiki Təlimatda zəmanət müqabilində azad edilmək barədə vəsatətlərin verilməsi üçün son müddət nəzərdə tutulur, yəni vəsatət ona baxılan gündən bir gün qabaq saat 23.00-dək verilməlidir. 2000-ci ilin oktyabrında son müddət uzadılaraq günortaya keçirildi və məhkəmə həmçinin faksla göndərilən vəsatətlərin qəbulu praktikasına keçdi. Zəmanət müqabilində azad edilmək barədə vəsatətlərə baxan hakim müstəsna hallarda gecikmiş vəsatətlərə də baxmalı idi.
23. 31 yanvar 2004-cü ildən Yüksək Məhkəmə zəmanət müqabilində azad edilmək barədə vəsatətlərə baxmaq üçün şənbə günləri də iclaslar keçirməyə başladı.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 5-ci MADDƏSİNİN 3-cü BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
24. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə istinadən şikayət etdi ki, tutulduqdan sonra yanına gətirildiyi magistrat onu zəmanət müqabilində azad etmək səlahiyyətinə malik deyildi, həmin bənddə deyilir:
“Bu maddənin 1-ci bəndinin “c” yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.
Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin bu işə aidiyyəti olan hissəsində deyilir:
“1. Hər kəsin azadlıq və toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:
...
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn ... kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması; ...”.
A. Tərəflərin arqumentləri
1. Ərizəçi
25. Ərizəçi bildirdi ki, həbsin qanuniliyi yoxlamaq səlahiyyəti ilə zəmanət müqabilində azad etmə səlahiyyətini bir-birindən ayırmaq nə praktikada, nə də Strasburq orqanlarının presedent hüququnda var. Sonuncu səlahiyyət məhkəmə nəzarətinin daha praktiki aspektidir, çünki bir çox işlərdə tutulmuş şəxs ilk dəfə magistratın yanına gətirilərkən onun həbsi formal olaraq qanuni olsa da, onun zəmanət müqabilində azad edilməsinin əleyhinə heç bir əsas olmur. Yüksək ictimai təhlükəli cinayətlər rejimi terrorizmlə hətta zəif əlaqəsi belə olmayan bir çox işləri, o cümlədən bu işi əhatə edir və müvafiq surətdə, Hökumətin həmin rejimə haqq qazandırması üçün nə faktiki baxımdan, nə də siyasət baxımından heç bir əsas yoxdur. Terrorizmlə bağlı işlərdə magistratların təhdid edilməsi ehtimalı onların tutulmuş şəxsləri zəmanət müqabilində azad etmək səlahiyyətinin ləğv edilməsinə məntiqi cəhətdən haqq qazandıra bilməz (əgər onlar həbsə alınmanın qanuniliyini müəyyən etməyə və təqsirləndirilən şəxsi həbsdən azad etməyə qadirdirlərsə).
26. Ərizəçi iddia etdi ki, yanına təqsirləndirilən şəxsin gətirildiyi hakim məhkəmə hakimiyyətini bütünlüklə tətbiq etməli, sadəcə həbsin qanuniliyi məsələsinə yox, həm də həbsin obyektiv əsaslarının olub-olmaması məsələsinə mahiyyəti üzrə baxmalıdır. Məhkəmənin presedent hüququ göstərir ki, həbsin qanuniliyinə baxılması kifayət qədər geniş əhatəli məsələdir və həbsin lehinə və əleyhinə dəlalət edən müxtəlif halları əhatə edir. Baxmayaraq ki, həbsin qanuniliyi məsələsinə baxılması məntiqə görə zəmanət müqabilində azad edilmə məsələsinə baxılmasından əvvəl gəlir, presedent hüququnun zəmanət müqabilində azad etmə səlahiyyətinin ləğvinə icazə verdiyini düşünmək yanlış şərh olardı. Tutulmuş şəxsin məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyətinə, o cümlədən tutulmuş şəxsi zəmanət müqabilində azad etmək səlahiyyətinə malik vəzifəli şəxsin yanına dərhal və avtomatik olaraq gətirilməsini təmin etmək vəzifəsi qeyd-şərtsiz olaraq dövlətin üzərinə düşür.
27. Buna görə də ərizəçi bildirdi ki, onun işində 5-ci maddənin 3-cü bəndi pozulub, çünki magistrat onun zəmanət müqabilində azad edilməsi məsələsinə baxmaq səlahiyyətinə malik deyildi və ərizəçinin öz təşəbbüsü ilə zəmanət müqabilində azad edilmək barədə vəsatət qaldırması tələb olunurdu. Belə tələb xüsusən köməksiz vəziyyətdə olan, məsələn, əqli cəhətdən zəif və ya xəstə olan, həbsxanada pis rəftara məruz qalan və ya məhkəmənin dilində danışa bilməyən tutulmuş şəxslərə mənfi təsir göstərə bilərdi.
2. Hökumət
28. Hökumət bildirdi ki, 5-ci maddənin 3-cü bəndinin məqsədi təqsirləndirilən şəxsin həbsinin səbəblərinin müstəqil surətdə araşdırılmasını təmin etməklə və onun həbsdə qalması üçün əsas yoxdursa, azad olunmasını təmin etməklə özbaşına həbslərə qarşı qarantiyanı təmin etməkdir. Məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxs müstəqil olmalı və həbsdən azad edilmə barədə qərar çıxarmaq səlahiyyətinə malik olmalıdır. Lakin nə 5-ci maddənin mətni ilə, nə də Məhkəmənin praktikası ilə tələb edilmir ki, yanına tutulmuş şəxsin gətirildiyi hakim zəmanət müqabilində azad etmə səlahiyyətinə malik olan hakim olmalıdır. Tutulmuş şəxs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilməlidir; o, həmçinin zəmanət müqabilində həbsdən azad edilmək üçün müraciət etmək imkanına malik olmalıdır. Yalnız birinci məsələ avtomatik həyata keçirilməlidir, ikinci məsələ, yəni zəmanət müqabilində həbsdən azad edilmək məsələsi isə tutulmanın və ya həbsə alınmanın qanuni olduğu müəyyən edildikdən sonra qüvvəyə minir və həbsin qanuniliyi məsələsinə dərhal avtomatik olaraq mahiyyəti üzrə baxılmasının tərkib hissəsini təşkil etmir.
29. Beləliklə, Hökumət bildirdi ki, ərizəçinin işində 5-ci maddənin 3-cü bəndinə əməl olunub. Magistrat ərizəçinin həbsə alınmasının qanuniliyi məsələsinə baxmaq səlahiyyətinə malik idi və yoxlayıb əmin olmuşdu ki, onun tutulması və həbsə alınması qanunidir, buna görə də, bu tədbir hüquqa zidd deyil; əgər o buna əmin olmasaydı, onda ərizəçinin azad edilməsi barədə qərar çıxarmağa borclu idi. Beləliklə, ərizəçinin tutulmasının və həbsə alınmasının qanuniliyi hakim tərəfindən dərhal yoxlanılmışdı. O, həmçinin zəmanət müqabilində azad edilmək hüququ ilə bağlı məsələyə Yüksək Məhkəməsinin hakimi tərəfindən dərhal baxılması hüququna malik idi və bu hüququndan istifadə etmişdi. Hökumət dövlətin qiymətləndirmə sərbəstliyinə istinadən fikrini belə yekunlaşdırdı ki, qanunvericilikdə fərdin hüquqları ilə cəmiyyəti davam etməkdə olan terror cinayətlərindən və yüksək dərəcəli təhdidlərdən müdafiə etmək tələbləri arasında ədalətli balans gözlənilmişdi və qanunvericilik qanunun aliliyinin təşviqi sahəsində Konvensiyanın predmet və məqsədlərinə tamamilə uyğun idi.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
30. Konvensiyanın 5-ci maddəsi, 2, 3 və 4-cü maddələrlə birlikdə, fərdin fiziki toxunulmazlığını qoruyan əsas hüquqlar arasında birinci sırada durur (məsələn, onun 2-ci və 3-cü maddələrlə əlaqəsi ilə bağlı bax: Kurt Türkiyəyə qarşı (bu, şəxsin yoxa çıxarılması ilə bağlı olan işdir), 25 may 1998, Qərarlar toplusu, 1998-III, b. 123) və bu baxımdan onun əhəmiyyəti çox böyükdür. Onun əsas məqsədi şəxsin azadlıqdan özbaşına və ya əsassız olaraq məhrum edilməsinin qarşısını almaqdır (nümunə üçün bax: Lukanov Bolqarıstana qarşı 20 mart 1997, Qərarlar toplusu, 1997-II, b. 41; bax: Assanidze Gürcüstana qarşı [GC], ərizə Nº 71503/01, b. 171, AİHM 2004-II, b. 46; İlaşku və başqaları Moldova və Rusiyaya qarşı, [GC], ərizə Nº 48787/99, b. 461, AİHM 2004-VII). Bu sahədə Məhkəmənin presedent hüququna nəzər salarkən orada konkret olaraq üç cəhəti müəyyən etmək olar: 5-ci maddənin 1-ci bəndində sadalanan hallar tam (bitkin) xarakter daşıyır və məhdud çərçivədə şərh olunmalıdır (nümunə üçün bax: Çiulla İtaliyaya qarşı, 22 fevral 1989, A seriyaları, c. 148, b. 41) və həbs tədbirinin geniş şərh olunaraq digər maddələrlə (xüsusən Konvensiyanın 8-11-ci maddələri ilə) əsaslandırılmasına icazə vermir; həbsə almanın prosessual və maddi hüquq baxımından qanuniliyi dönə-dönə vurğulanır, qanunun aliliyinə ciddi riayət edilməsi tələb olunur (bax: Vinterverp Niderlanda qarşı, 24 oktyabr 1979, A seriyaları, c. 33, b. 39); zəruri məhkəmə nəzarətinin dərhal və təxirə salınmadan həyata keçirilməsinin (5-ci maddənin 3-cü və 4-cü bəndlərinə əsasən) əhəmiyyəti qeyd edilir.
31. 5-ci maddənin 3-cü bəndi özbaşına həbslərə qarşı təminatların hüquqi bazasının bir hissəsi olaraq struktur baxımından iki ayrıca şaxə ilə bağlıdır: tutulmadan sonrakı ilkin mərhələlər (bu zaman tutulmuş şəxs dövlət orqanlarının ixtiyarına verilir) və şəxsin cinayət məhkəməsi tərəfindən işinə baxılmasını gözlədiyi müddət (bu müddətdə şübhəli şəxs həbsdə saxlanıla, yaxud müəyyən şərtlərlə və ya qeyd-şərtsiz azad edilə bilər). Bu iki şaxə fərqli hüquqları nəzərdə tutur və məntiqi cəhətdən və ya zaman baxımından zahirən bir-biri ilə əlaqəli deyil (bax: T.W. Maltaya qarşı, ərizə Nº 25644/94, 29 aprel 1999, b. 49).
a. Həbsdə saxlanma müddəti
32. Birinci şaxənin ilkin mərhələsinə nəzər salsaq, Məhkəmənin presedent hüququ müəyyən edir ki, cinayət törətməkdə şübhəli bilinərək tutulmuş və ya həbsə alınmış şəxs məhkəmə nəzarəti vasitəsilə müdafiə olunmalıdır. Belə nəzarət pis rəftar riskinə qarşı (xüsusən həbsə alınmanın ilkin mərhələsində bu cür risklər böyük olur) və hüquq-mühafizə orqanlarının və ya digər dövlət orqanlarının əməkdaşlarına həvalə edilmiş səlahiyyətlərdən sui-istifadəyə qarşı səmərəli qarantiyaları təmin edir, belə ki, həbsə alınma yalnız məhdud məqsədlər üçün və qanunla nəzərdə tutulmuş prosedurlara ciddi şəkildə riayət edilməklə həyata keçirilməlidir. Məhkəmə nəzarəti aşağıdakı tələblərə cavab verməlidir.
i. Nəzarətin dərhal başlanması
33. Tutulmuş şəxs hakimin yanına ilk dəfə gətirildikdən sonra məhkəmə nəzarəti, hər şeydən əvvəl, dərhal başlanmalıdır, bu, hər hansı pis rəftar halını aşkara çıxarmağa və tutulmuş şəxsin azadlığına hər hansı əsassız müdaxiləni minimuma endirməyə imkan verir. Bu tələb məhkəmə nəzarətinin ən qısa müddətdə başlanmasını nəzərdə tutur, əks halda fərdin ziyanına olaraq prosessual təminatlar ciddi surətdə zəifləmiş olardı və 5-ci maddənin 3-cü bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirilmiş olardı (bax: Broqan və başqaları Birləşmiş Krallığa qarşı, 29 noyabr 1988, A seriyaları, c. 145-B, b. 62 – bu işdə tutulmuş şəxsin dörd gündən artıq müddətdən sonra hakimin yanına gətirilməsi 5-ci maddənin 3-cü bəndinin pozuntusu hesab edildi, baxmayaraq ki, həmin şəxs terror cinayətinin istintaqının aparıldığı bir şəraitdə tutulmuşdu).
ii. Nəzarətin avtomatik xarakteri
34. Məhkəmə nəzarəti avtomatik olmalı və tutulmuş şəxsin müraciətindən asılı olmamalıdır; bu baxımdan məhkəmə nəzarətini 5-ci maddənin 4-cü bəndinin müddəasından fərqləndirmək lazımdır, həmin müddəa tutulmuş şəxsə azad edilmək üçün müraciət etmək hüququ verir. Məhkəmə nəzarətinin avtomatik xarakteri 3-cü bəndin məqsədlərini həyata keçirmək üçün zəruridir, çünki pis rəftara məruz qalmış şəxs həbsinin qanuniliyi məsələsinə baxılması üçün hakimə vəsatət vermək iqtidarında olmaya bilər; eyni sözlər köməksiz vəziyyətdə olan tutulmuş şəxslər kateqoriyasına, məsələn, əqli çatışmazlığı olanlara və ya məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxsin dilini bilməyənlərə də aiddir (nümunə üçün bax: Akvilina Maltaya qarşı [GC], ərizə Nº 25642/94, b. 49, AİHM 1999-III).
iii. Məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxsin xarakteristikası və səlahiyyətləri
35. Məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxs icra hakimiyyətindən və tərəflərdən müstəqil olmalı və şəxsi dinlədikdən və onun tutulmasının və ya həbsə alınmasının qanuniliyi və əsaslılığı məsələsini yoxladıqdan sonra onu azad etmək səlahiyyətinə malik olmalıdır (nümunə üçün bax: Assenov Bolqarıstana qarşı, 28 oktyabr 1998, Qərarlar toplusu, 1998-VIII, b. 146). Bu yoxlamanın hüdudlarına gəldikdə, bu məsələ Məhkəmənin uzun müddətdən bəri bərqərar olmuş presedent hüququ əsasında müəyyən edilir və keçmiş dövrə aid işlərdən olan Şisser Avstriyaya qarşı məhkəmə işində (4 dekabr 1979, A seriyaları, c. 34, b. 31) ilk dəfə əks olunmuşdur:
“... 5-ci maddənin 3-cü bəndinə əsasən, həm prosessual, həm də maddi hüquqi tələb mövcuddur. Prosessual tələb məhkəmə hakimiyyətini həyata keçirən “vəzifəli şəxsin” üzərinə yanına gətirilən şəxsi şəxsən dinləmək vəzifəsini qoyur (müvafiq dəyişikliklərlə bax: Vinterverpin işi üzrə yuxarıda adı çəkilən qərar, s. 24, b. 60); maddi hüquqi tələb isə onun üzərinə həbsin qanuniliyinin lehinə və ya əleyhinə dəlalət edən halları nəzərdən keçirmək, habelə hüquqi meyarlara əsaslanmaqla həbsin əsaslarına haqq qazandırmağın mümkünlüyü məsələsini həll etmək və belə əsaslar olmadıqda şəxsin azad edilməsi barədə qərar çıxarmaq vəzifələrini qoyur (bax: İrlandiya Birləşmiş Krallığa qarşı, s. 76, b. 199)”.
Son dövrlərdə bu fikir aşağıdakı cümlə vasitəsilə ifadə edilmişdir: “Başqa sözlə, 5-ci maddənin 3-cü bəndi məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxsdən tələb edir ki, həbsə alınmanın mahiyyətini araşdırsın” (bax: T.W. Maltaya qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, b. 41; Akvilinanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 47).
36. Lakin bu işlərin araşdırılması belə nəticə çıxarmağa əsas vermir ki, məhkəmə nəzarəti, avtomatik vəzifə olaraq, həbsin qanuniliyindən və ya ərizəçinin cinayət törətdiyinə dair əsaslı şübhənin mövcud olub-olmamasından savayı hər hansı başqa əsaslara görə məhkəmə araşdırmasına qədər şəxsin müəyyən şərtlərlə və ya qeyd-şərtsiz azad edilməsini də əhatə edir. Yuxarıda adı çəkilən Şisserin işində zəmanət müqabilində azad edilmə barəsində bir söz deyilmir və yuxarıda qeyd edilən prinsipin ümumən həmin işdə bəyan edilməsi ilk baxışdan elə təəssürat yaradır ki, məhkəmə nəzarəti zəmanət müqabilində azad edilmə məsələlərini də əhatə edir, lakin İrlandiya Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə qərardan (18 yanvar 1978, A seriyaları, c. 25, b. 199) belə çıxır ki, belə düşünməyin heç bir əsası yoxdur. Həm də Şisserin işində zəmanət müqabilində azad edilmə əsasən rayon prokurorunun məhkəmə funksiyalarını yerinə yetirmək üçün “qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxs” anlayışına xas olan müstəqillik təminatlarına malik olub-olmaması məsələsi ilə əlaqədar idi (b. 33-35). Buna görə də Məhkəmə “həbsin lehinə və əleyhinə dəlalət edən müxtəlif halları” qeyd edərkən belə düşünmək üçün heç bir əsas yoxdur ki, o, məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin daxili qanunvericiliyə əsasən tutulmanın və həbsə alınmanın qanuniliyini yoxlamaq və onun 5-ci maddənin 1-ci bəndinin “c” yarımbəndinin tələblərinə uyğun olub-olmadığını nəzərdən keçirmək səlahiyyətindən savayı başqa bir şeyi də nəzərdə tutur.
37. Malta işlərinə gəldikdə (T.W.-nin və Akvilinanın yuxarıda adı çəkilən işləri), “həbsin mahiyyəti” ifadəsi həmin işlərin kontekstində oxunmalıdır. Hər iki işdə ərizəçilər dərhal məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilmişdilər, lakin Məhkəmənin müəyyən etdiyinə görə, nə ərizəçilərin öncə yanına gətirildikləri magistrat, nə də məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş hər hansı digər vəzifəli şəxs öz təşəbbüsü ilə 5-ci maddənin 1-ci bəndinin “c” yarımbəndinin tələblərinə riayət edilib-edilmədiyini yoxlamaq səlahiyyətinə malik idi. Malta Hökumətinin sözlərinə görə, azad edilmə barədə qərar o halda çıxarıla bilərdi ki, həbsə alınmış şəxsə qarşı irəli sürülən ittihamlar, Malta hüququna əsasən, onun hətta həbsə alınmasına belə imkan verməyən ittihamlar olsun. Lakin Məhkəmə qərara aldı ki, hətta bu halda da nəzarət səlahiyyətlərinin bu cür hüdudları 5-ci maddənin 3-cü bəndinin tələblərinə cavab vermək üçün açıq-aydın kifayət deyil, çünki Hökumətin etiraf etdiyi kimi, məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxs tutulmuş şəxsin cinayət törətdiyinə dair əsaslı şübhə olmadıqda onun azad edilməsi barədə qərar çıxarmaq səlahiyyətinə malik deyildi. Bundan başqa, Hökumətin istinad etdiyi fakt, yəni ərizəçilərin azad edilmək üçün müraciət etmək hüququna malik olmaları faktı da 3-cü bəndin tələblərinə cavab vermirdi, çünki bu halda azad edilmə tutulmuş şəxsin əvvəlcə müraciət etməsindən asılı idi, halbuki həbsin qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarəti 3-cü maddənin birinci cümləsinə əsasən avtomatik olmalıdır.
38. Böyük Palatanın bu qərarları sonrakı işdə – Sabyur Ben Əli Maltaya qarşı məhkəmə işində də (ərizə Nº 35892/97, 29 iyun 2000) təsdiq edildi, həmin işdə Məhkəmə ərizəçinin yuxarıdakı işlərlə analoji qaydada tutulmasının və həbsə alınmasının 5-ci maddənin 3-cü bəndinə uyğunluğunu yoxlayarkən Akvilinanın işindəki (yuxarıda adı çəkilən qərar, 47-ci bənd) müvafiq hissədən sitat gətirdi və müəyyən etdi ki, 3-cü bəndin tələbinə əməl olunmayıb, çünki “ərizəçi dövlətdaxili məhkəmə orqanının ona qarşı əsaslı şübhənin olub-olmadığına dair avtomatik qərar çıxarmasına nail ola bilməyib”.
39. Eynilə, S.B.C. Birləşmiş Krallığa qarşı məhkəmə işi (ərizə Nº 39360/98, 19 iyun 2001) üzrə son dərəcə inandırıcı qərar da göstərdi ki, birinci vəzifə, yəni tutulmuş şəxsi hakimin yanına gətirmək vəzifəsi onun zəmanət müqabilində azad edilməsi hüququnu özündə ehtiva etmir. Bu iş “Cinayət işləri üzrə ədalət mühakiməsi və ictimai asayiş haqqında” 1994-cü il tarixli Qanunla bağlı idi, həmin Qanunda nəzərdə tutulurdu ki, qəsdən və ehtiyatsızlıqdan adam öldürmə və ya zorlama kimi ciddi cinayətlərdə ittiham olunan və analoji cinayətə görə əvvəllər məhkum olunmuş şəxslərin zəmanət müqabilində azad edilməsi istənilən halda istisna olunur. Məhkəmə hesab etdi ki, bu şəxslərin məhkəməyə qədər həbsdə saxlandığı müddətdə məhkəmə nəzarətinin olmaması Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini pozmuşdur. Zəmanət müqabilində azad edilmək imkanından bu cür məhrum edilmə 3-cü maddənin ikinci cümləsində nəzərdə tutulmuş hüququn açıq-aydın pozulması idi. Kimsə düşünə bilər ki, zəmanət müqabilində azad etmə səlahiyyəti elə səlahiyyətdir ki, tutulmuş şəxslər həbsə alındıqdan sonra ilk dəfə magistratların yanına gətirilərkən magistratlar bu səlahiyyəti həyata keçirə bilməlidirlər, lakin Böyük Palata bu şərh ilə razılaşa bilməz.
40. Müvafiq surətdə, tutulmanın və həbsə alınmanın qanuniliyini ilk dəfə avtomatik olaraq yoxlayarkən məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxs qanunilik məsələlərini və şübhəli şəxsin cinayət törətdiyinə dair əsaslı şübhənin olub-olmadığını, başqa sözlə, həbsdə saxlanmanın 5-ci maddənin 1-ci bəndinin “c” yarımbəndi ilə icazə verilən halların əhatə dairəsinə düşüb-düşmədiyini yoxlamaq səlahiyyətinə malik olmalıdır. Əgər həbsdə saxlanma həmin halların əhatə dairəsinə düşmürsə və ya qanunsuzdursa, onda məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxs tutulmuş şəxsi azad etmək səlahiyyətinə malik olmalıdır.
b. Məhkəməyə qədər həbsdə saxlanmanın və ya həbs qətimkan tədbirinin müddəti
41. Hər hansı şübhə müttəhimin xeyrinə həll olunur. Nyumayster Avstriyaya qarşı məhkəmə işində (27 iyun 1968, A seriyaları, c. 8, s. 37, b. 4) müəyyən edildiyi kimi, 5-ci maddənin 3-cü bəndinin ikinci cümləsi məhkəmə orqanlarına təqsirləndirilən şəxsi ağlabatan müddət ərzində məhkəmə qarşısına çıxarmaqdan və ya məhkəmə araşdırmasına qədər onu şərti olaraq azadlığa buraxmaqdan savayı başqa seçim imkanı vermir. Təqsiri sübut edilənədək şəxs təqsirsiz sayılır və 3-cü bəndin məqsədi və tələbi mahiyyət etibarı ilə ondan ibarətdir ki, şəxsin həbsdə saxlanmasının əsas yoxdursa, o, şərti olaraq azad edilməlidir.
42. Buna görə də konkret halda şəxsin uzun müddət həbsdə saxlanmasına yalnız o halda haqq qazandırıla bilər ki, təqsirsizlik prezumpsiyasının mövcudluğuna baxmayaraq, həqiqi ictimai marağın Konvensiyanın 5-ci maddəsində təsbit olunmuş şəxsin azadlıq hüququna hörmət edilməsi haqqında normadan üstün tutulmasını tələb edən konkret əlamətlər mövcud olsun (digər qərarlar arasında bax: Kudlya Polşaya qarşı [GC] ərizə Nº 30210/96, 110-cu və ondan sonrakı bəndlər, AİHM 2000-XI).
43. Konkret halda təqsirləndirilən şəxsin məhkəməyə qədər həbsdə saxlanmasının ağlabatan müddət həddini aşmamasını təmin etmək vəzifəsi ilk növbədə dövlət orqanlarının üzərinə düşür. Bu məqsədlə onlar, təqsirsizlik prezumpsiyası prinsipinə lazımi diqqət yetirməklə, yuxarıda qeyd edilən və 5-ci maddənin müddəasından kənara çıxmağa haqq qazandıran ictimai maraq tələblərinin mövcudluğunun lehinə və əleyhinə dəlalət edən bütün faktları araşdırmalı və azad edilmək barədə vəsatətlərə dair qərarlarında onları göstərməlidirlər. Mahiyyət etibarı ilə Məhkəmə bu qərarlarda göstərilən səbəblər və şikayətlərində ərizəçinin qeyd etdiyi faktlar əsasında 5-ci maddənin 3-cü bəndinin pozulub-pozulmadığı barədə qərar çıxarır (nümunə üçün bax: Vaynştal Polşaya qarşı, ərizə Nº 43748/98, 30 may 2006, b. 50).
44. Tutulmuş şəxsin cinayət törətdiyinə dair əsaslı şübhənin mövcudluğu onun həbsdə saxlanmasının zəruri ilkin şərtidir, lakin zaman keçdikcə həmin şübhə həbsdə saxlanma üçün daha yetərli olmur, bu halda Məhkəmə şəxsin azadlıqdan məhrum edilməsi üçün dövlətdaxili məhkəmə orqanlarının gətirdikləri digər əsasların mövcud olub-olmadığını müəyyən etməlidir. Həmin əsaslar “münasib” və “yetərli” olduqda, Məhkəmə də əmin olur ki, milli hakimiyyət orqanları işin icraatının lazımi qaydada aparılması üçün “xüsusi səy” göstərilər (digər qərarlar arasında bax: Letelye Fransaya qarşı, 26 iyun 1991, c. 207, b. 35; Yağcı və Sərgin Türkiyəyə qarşı, 8 iyun 1995, A seriyaları, c. 319-A, b. 50).
45. Ümumiyyətlə, daxili məhkəmələr məhkəmə araşdırmasını gözləyən şəxslərin həbsdə saxlanması üçün əsasların olmasına nəzarət etməyə borcludurlar, burada məqsəd ondan ibarətdir ki, həmin şəxslərin daha azadlıqdan məhrum edilməsi üçün heç bir əsas olmadıqda, onların azad olunması təmin edilsin. Ən azı ilk vaxtlarda əsaslı şübhənin mövcudluğu şəxsin həbsdə saxlanmasına haqq qazandıra bilər, lakin sonra elə bir məqam gəlir ki, artıq həmin şübhə şəxsin həbsdə saxlanması üçün daha kifayət etmir. Həbsdə saxlanma müddətinin ağlabatan olub-olmaması məsələsi mücərrəd şəkildə qiymətləndirilə bilməz və hər bir konkret halın xüsusi cəhətlərinə uyğun olaraq qiymətləndirilməlidir, hər bir hala tətbiq edilə bilən, dəqiq müəyyən edilmiş hər hansı müddət yoxdur.
46. Bu kontekstdə məhkəməyə qədər həbsdə saxlanmanın ən ilkin mərhələsinin nəzərdən keçirilməsi halı Məhkəmənin presedent hüququnda olmamışdır, yəqin bunun səbəbi ondan ibarətdir ki, işlərin böyük əksəriyyətində şübhənin mövcud olması şəxsin həbsdə saxlanması üçün yetərli əsas təşkil etmişdir və bu mərhələdə zəmanət müqabilində azad edilmənin tez olduğuna ciddi etiraz edən olmamışdır. Lakin şübhə yoxdur ki, məhkəməyə qədər həbsdə saxlanılan şəxsin azad edilməsi məsələsi ilkin mərhələdə də məhkəmə tərəfindən nəzərdən keçirilməlidir, çünki hətta bu mərhələdə də elə işlər olur ki, cinayətin xarakteri və şübhəli şəxsin şəxsiyyətini səciyyələndirən hallar onun həbsdə saxlanmasını məntiqsiz və ya əsassız edir, yaxud həbsin zəruriliyi münasib və ya yetərli sübutlarla təsdiq olunmur. 5-ci maddənin 3-cü bəndindəki “dərhal” gətirilmə tələbi həmin andaca gətirilmə mənasını vermir. Amma hər halda hakimin yanına gətirilmə istər şəxsin vəsatəti əsasında, istərsə də hakimin öz təşəbbüsü ilə yubadılmadan baş tutmalıdır ki, şəxsin əsassız olaraq azadlıqdan məhrum edildiyi müddət yol verilə bilən minimuma endirilmiş olsun.
47. 3-cü bəndin təmin etdiyi hüququn nəzəri və xəyali deyil, praktiki və səmərəli olmasını təmin etmək üçün yaxşı olardı ki, həbsin qanuniliyi və şəxsin həbsdə saxlanması üçün əsasların mövcudluğu məsələsinə avtomatik olaraq baxılmasını ilk dəfə həyata keçirən məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxs zəmanət müqabilində azad edilmə məsələsinə baxmaq səlahiyyətinə də malik olsun, bu, yubadılmanı minimuma endirmək üçün təkcə müsbət təcrübə deyil, həm də son dərəcə arzu edilən hal olardı. Lakin bu, Konvensiyanın tələbi deyil və prinsipcə bu iki məsələnin hər birinə (həbsin qanuniliyinin yoxlanması və şəxsin azad edilməsi məsələlərinə) məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş iki vəzifəli şəxsin ayrıca baxmasına mane olan heç nə yoxdur. İstənilən halda, 3-cü bəndin şərhi ondan ibarətdir ki, həmin bənd həbsin qanuniliyi məsələsinə ilk dəfə avtomatik olaraq baxılmasından qabaq zəmanət müqabilində azad edilmə məsələsinə baxmağı tələb etmir, Məhkəmə birinci məsələ üçün ən çoxu dörd günlük müddət müəyyən etmişdir (bax: Broqan və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar).
2. Ümumi prinsiplərin bu işə tətbiqi
48. Məhkəmə xatırladır ki, ərizəçi 6 yanvar 2001-ci ildə saat 22.00-da yanacaqdoldurma məntəqəsinə soyğunçuluq məqsədi ilə basqın etdiyinə görə həbs edilmişdi. Ertəsi gün saat 12.37-də ona qarşı ittiham irəli sürülmüşdü. 8 yanvar 2001-ci ildə saat 10.00-da ərizəçi ilk dəfə magistrat məhkəməsinə gətirilmiş, həmin məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçmişdi. Tərəflər bunu şübhə altına almırlar ki, magistrat tutulmanın və ya həbsə alınmanın qanuniliyini və şəxsdən şübhələnmək üçün əsaslı səbəblərin olub-olmadığını araşdırmaq və bu tələblərə riayət edilmədiyi təqdirdə şəxsin azad edilməsi barədə qərar çıxarmaq səlahiyyətinə malik idi. Üstəlik, dövlət orqanlarının səlahiyyətlərindən sui-istifadə etmələrinə qarşı yetərli təminatlar vardı və tutulmuş şəxsin dərhal avtomatik olaraq məhkəmə hakimiyyətini həyata keçirən və lazımi səlahiyyətlərə malik olan vəzifəli şəxsin yanına gətirilməsini tələb edən 5-ci maddənin 3-cü bəndinin 1-ci cümləsinin tələbinə əməl olunması təmin edilmişdi.
49. Məhkəmə araşdırmasına qədər azad edilmə məsələsi fərqli və ayrıca məsələ idi və məntiqi cəhətdən yalnız həbsin qanuni əsasa malik olduğu və Konstitusiyaya uyğun olduğu müəyyən edildikdən sonra aktuallıq kəsb edirdi. Ərizəçinin işində onun zəmanət müqabilində azad edilmək haqqında vəsatətinə təxminən 24 saat sonra, 9 yanvar 2001-ci ildə Yüksək Məhkəmə tərəfindən baxılmış və həmin məhkəmə ərizəçinin vəsatətini təmin edərək onu azadlığa buraxmışdı. Azad edilmək barədə vəsatətə baxan məhkəmənin həbsin qanuniliyinə baxmış məhkəmə ilə eyni olmaması faktında və azad edilmə məsələsinə ərizəçinin təşəbbüsü əsasında baxılması faktında hər hansı sui-istifadə və ya qanunsuzluq elementi yoxdur. Ərizəçinin vəkili vəsatəti hər hansı maneə və ya çətinlik olmadan vermişdi; bu işdən heç də belə görünmür ki, fəaliyyətdə olan sistem zəif və ya köməksiz insanların bu imkandan istifadə etməsinin qarşısını alır, buna görə də bu qənaətə gəlmək doğru olmazdı.
50. Doğrudur, polis ərizəçinin zəmanət müqabilində azad edilməsinə etiraz etməmişdi və əgər magistrat onu zəmanət müqabilində azad etmək səlahiyyətinə malik olsaydı, ərizəçi bir gün əvvəl azad olunardı, amma bununla belə, Məhkəmə hesab edir ki, bu işdəki prosedur lazımi cəldliklə həyata keçirilmiş və ərizəçinin həbsə alınmasından təxminən üç gün sonra azadlığa buraxılması ilə nəticələnmişdi.
51. Müvafiq surətdə, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulmamışdı.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
Bir səsə qarşı on altı səslə qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulmayıb.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 3 oktyabr 2006-cı ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan edilmişdir.
Vinsent Bergber (Vincent Berger)
Katib
Xristos Rozakis (Christos Rozakis)
Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq, bu qərara aşağıdakı rəylər əlavə olunur:
a) Cənab Rozakis, Xanım Tulkens, Xanım Botuçarova, Cənab Mayer, Xanım Tulkens və Xanım Zimelenin birgə xüsusi rəyi;
b) Cənab Borreqo Borreqonun xüsusi rəyi;
c) Cənab Cebensin xüsusi rəyi.
HAKİMLƏR ROZAKIS, TULKENS, BOTUÇAROVA, MAYER, TULKENS VƏ ZIMELENIN XÜSUSI RƏYI
Biz işin nəticəsi ilə razı olsaq da, çoxluğun həmin nəticəni çıxarmaq üçün gətirdiyi əsaslarla razı deyilik.
1. Məhkəmə dəfələrlə bildirmişdir ki, tutulmuş şəxsin məhkəmə orqanına müraciət etmək imkanına malik olması faktı 5-ci maddənin 3-cü bəndinin əvvəlinci hissəsinə riayət edilməsi üçün kifayət deyil (bax: Pantea Rumıniyaya qarşı, ərizə Nº 33343/96, b. 231, AİHM 2003-VI). Məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxs icra hakimiyyətindən və tərəflərdən müstəqil olmalı və şəxsi dinlədikdən və onun tutulmasının və ya həbsə alınmasının qanuniliyi və əsaslılığı məsələsini yoxladıqdan sonra onu azad etmək səlahiyyətinə malik olmalıdır (nümunə üçün bax: Assenov Bolqarıstana qarşı, 28 oktyabr 1998, Qərarlar toplusu, 1998-VIII, s. 3298, b. 146: “... məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxs tutulmuş şəxsin azad edilməsi barədə məcburi qüvvəyə malik qərar çıxarmaq səlahiyyətinə malik olmalıdır”; Nikolova Bolqarıstana qarşı, [GC], ərizə Nº 31195/96, b. 99, AİHM 1999-II; H.B. İsveçrəyə qarşı, ərizə Nº 26899/95, b. 55, 5 aprel 2001; Şişkov Bolqarıstana qarşı, ərizə Nº 38822/97, b. 53, AİHM 2003-I; və Rahhbar-Paqard Bolqarıstana qarşı, ərizələr Nº 45466/99 və 29903/02, 6 aprel 2006, b. 49).
Bu yoxlamanın hüdudlarına gəldikdə, bu məsələ ilə bağlı Məhkəmənin uzun müddətdən bəri bərqərar olmuş presedent hüququ mövcuddur:
“... 5-ci maddənin 3-cü bəndinə əsasən, həm prosessual, həm də maddi hüquqi tələb mövcuddur. Prosessual tələb məhkəmə hakimiyyətini həyata keçirən “vəzifəli şəxsin” üzərinə yanına gətirilən şəxsi şəxsən dinləmək vəzifəsini qoyur (müvafiq dəyişikliklərlə bax: Vinterverp Niderlanda qarşı, 24 oktyabr 1979, A seriyaları, c. 33, s. 24, b. 60); maddi hüquqi tələb isə onun üzərinə həbsin qanuniliyinin lehinə və ya əleyhinə dəlalət edən halları nəzərdən keçirmək, habelə hüquqi meyarlara əsaslanmaqla həbsin əsaslarına haqq qazandırmağın mümkünlüyü məsələsini həll etmək və belə əsaslar olmadıqda şəxsin azad edilməsi barədə qərar çıxarmaq vəzifələrini qoyur (bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978, A seriyaları, c. 25, s. 76, b. 199)” (bax: Şisser İsveçrəyə qarşı, 4 dekabr 1979, A seriyaları, c. 34, s. 13-14, b. 31).
Son dövrlərdə bu fikir aşağıdakı cümlə vasitəsilə ifadə edilmişdir: “Başqa sözlə, 5-ci maddənin 3-cü bəndi məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxsdən tələb edir ki, həbsə alınmanın əsaslı olub-olmadığını araşdırsın” (bax: Panteanın işi üzrə yuxarıda adı çəkilən qərar, 231-ci bənd (fransız versiyası): “... que le magistrat se penche sur le bien-fondé de la détention”), yəni “həbsə alınmanın mahiyyətini araşdırsın” (bax: T.W. Maltaya qarşı [GC], ərizə Nº 25644/94, b. 41, 29 aprel 199; və Akvilina Maltaya qarşı [GC], ərizə Nº 25642/99, b. 47, AİHM 1999-III).
Bu fikirlər kifayət qədər geniş əhatəli olmaqla təkcə həbsin qanuniliyi və 5-ci maddənin 1-ci bəndinin “c” bəndi ilə tələb olunan əsaslı şübhənin mövcudluğu məsələsini deyil, həm də həbsdə saxlanmanın əsaslı olub-olmadığını və ya konkret işin halları baxımından zəruri olub-olmadığını əhatə edir.
2. Yuxarıdakı fikirləri S.B.C. Birləşmiş Krallığa qarşı məhkəmə işi də (ərizə Nº 39360/98, 19 iyun 2001) təsdiq etdi, həmin iş üzrə son dərəcə inandırıcı qərar göstərdi ki, birinci vəzifə, yəni tutulmuş şəxsi dərhal hakimin yanına gətirmək vəzifəsi onun zəmanət müqabilində azad edilməsi hüququnu özündə ehtiva etməlidir. Bu iş “Cinayət işləri üzrə ədalət mühakiməsi və ictimai asayiş haqqında” 1994-cü il tarixli Qanunla bağlı idi, həmin Qanunda nəzərdə tutulurdu ki, qəsdən və ehtiyatsızlıqdan adam öldürmə və ya zorlama kimi ciddi cinayətlərdə ittiham olunan və analoji cinayətə görə əvvəllər məhkum olunmuş şəxslərin zəmanət müqabilində azad edilməsi istənilən halda istisna olunur. Bu şəxslərin məhkəməyə qədər həbsdə saxlandığı müddətdə məhkəmə nəzarətinin olmaması Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu sayıldı.
Bundan başqa, məhkəməyə qədər uzun müddət həbsdə saxlanma məsələsinə aid işlərlə bağlı Məhkəmənin presedent hüququnda ümumiyyətlə hər hansı şübhənin müttəhimin xeyrinə həll olunduğu vurğulanır. İlk öncə Nyumayster Avstriyaya qarşı məhkəmə işində (27 iyun 1968, A seriyaları, c. 8, s. 37, b. 4) müəyyən edildiyi kimi, 5-ci maddənin 3-cü bəndinin ikinci cümləsi məhkəmə orqanlarına təqsirləndirilən şəxsi ağlabatan müddət ərzində məhkəmə qarşısına çıxarmaqdan və ya məhkəmə araşdırmasına qədər onu şərti olaraq azadlığa buraxmaqdan savayı başqa seçim imkanı vermir. Təqsiri sübut edilənədək şəxs təqsirsiz sayılmalıdır və 3-cü bəndin məqsədi və tələbi mahiyyət etibarı ilə ondan ibarətdir ki, şəxsin həbsdə saxlanmasının əsas yoxdursa, o, şərti olaraq azad edilməlidir (bax: Yablonski Polşaya qarşı, ərizə Nº 33492/96, b. 83, 21 dekabr 2000). Buna görə də konkret halda şəxsin uzun müddət həbsdə saxlanmasına yalnız o halda haqq qazandırıla bilər ki, təqsirsizlik prezumpsiyasının mövcudluğuna baxmayaraq, həqiqi ictimai marağın Konvensiyanın 5-ci maddəsində təsbit olunmuş şəxsin azadlıq hüququna hörmət edilməsi haqqında normadan üstün tutulmasını tələb edən konkret əlamətlər mövcud olsun (digər qərarlar arasında bax: Kudlya Polşaya qarşı [GC] ərizə Nº 30210/96, 110-cu və ondan sonrakı bəndlər, AİHM 2000-XI).
3. Doğrudur, məhkəməyə qədər həbsdə saxlanmanın ən ilkin mərhələsinin nəzərdən keçirilməsi halı Məhkəmənin presedent hüququnda olmamışdır, yəqin bunun səbəbi ondan ibarətdir ki, işlərin böyük əksəriyyətində şübhənin mövcud olması və davam edən istintaqa qarşı risk ehtimalı şəxsin həbsdə saxlanması üçün əsas təşkil etmişdir və bu mərhələdə zəmanət müqabilində azad edilmənin mümkün olmamasına ciddi etiraz edən olmamışdır. Lakin şübhə ola bilməz ki, məhkəməyə qədər həbsdə saxlanılan şəxsin azad edilməsi məsələsi ilkin mərhələdə də məhkəmə tərəfindən nəzərdən keçirilməlidir, çünki hətta bu mərhələdə də elə işlər olur ki, cinayətin xarakteri, istintaqın durumu və ya şübhəli şəxsin şəxsiyyətini səciyyələndirən hallar onun həbsdə saxlanmasını məntiqsiz və ya əsassız edir, yaxud həbsin zəruriliyi münasib və ya yetərli sübutlarla təsdiq olunmur.
5-ci maddənin 3-cü bəndindəki “dərhal” gətirilmə tələbi həmin andaca gətirilmə mənasını vermir. Amma hər halda hakimin yanına gətirilmə istər şəxsin vəsatəti əsasında, istərsə də hakimin öz təşəbbüsü ilə yubadılmadan baş tutmalıdır ki, şəxsin əsassız olaraq azadlıqdan məhrum edildiyi müddət yol verilə bilən minimuma endirilmiş olsun.
“Konvensiya, xüsusən də konkret olaraq 5-ci maddənin 3-cü bəndi hakimin istər öz təşəbbüsü ilə, istərsə də tutulmuş şəxsin vəsatəti əsasında tutulmuş şəxsi azad etmək vəzifəsini özündə ehtiva edir” formasında şərh fundamental məqsədə, yəni şəxsin azadlığının qorunması məqsədinə xidmət edir. 3-cü bəndin məhdud şəkildə, yəni həmin bənd əsasında hərəkət edən hakimin işin hallarının imkan verdiyi istənilən məqamda şəxsi azad etmək səlahiyyətinə mane olan şəkildə şərh edilməsi 3-cü bəndin əsas təminatlarına, yəni məhkəmə nəzarətinin vaxtında və cəld həyata keçirilməsi vasitəsilə şəxsin azadlığının lüzumsuz yerə məhdudlaşdırılmasının minimuma endirilməsinə xələl gətirmiş olardı.
4. Müvafiq surətdə, 3-cü bəndin təmin etdiyi hüququn nəzəri və xəyali deyil, praktiki və səmərəli olmasını təmin etmək üçün (bax: Artiko İtaliyaya qarşı, 13 may 1980, A seriyaları, c. 37, s. 15-16, b. 33 – Konvensiyanın şərhindən irəli gələn bu rəhbər prinsip ilk dəfə məhz bu işdə öz əksini tapmışdır) yaxşı olardı ki, həbsin qanuniliyi və şəxsin həbsdə saxlanması üçün əsasların mövcudluğu məsələsinə avtomatik olaraq baxılmasını ilk dəfə həyata keçirən məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxs zəmanət müqabilində azad edilmə məsələsinə baxmaq üçün tam səlahiyyətə malik olsun, yəni şəxsi müəyyən şərtlərlə və ya qeyd-şərtsiz azad etmək səlahiyyətinə də malik olsun.
Baxmayaraq ki, məhkəmə araşdırmasına qədər azad edilmə məsələsi fərqli və ayrıca məsələdir və məntiqi cəhətdən yalnız həbsin qanuni əsasa malik olduğu və Konstitusiyaya uyğun olduğu müəyyən edildikdən sonra aktuallıq kəsb edir, amma bununla belə, tutulmuş şəxs məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxsin yanına ilk dəfə gətirilərkən həmin məsələ həbsin qanuniliyinin ilk dəfə avtomatik olaraq yoxlanmasının tərkib hissəsi olmalıdır. Buna görə də, bizim fikrimizcə, yanına tutulmuş şəxsin gətirildiyi hakim prinsipcə nəinki şəxsin həbsi qanunsuz olduqda və ya ona qarşı əsaslı şübhə olmadıqda (yaxud müəyyən müddətdən sonra əsaslı şübhə şəxsin həbsdə saxlanması üçün kifayət etmədikdə), həm də şəxsin həbsdə saxlanılaraq azadlıqdan məhrum edilməsinin digər səbəblərə görə əsassız olduğunu və ya zəruri olmadığın hesab etdikdə təqsirləndirilən şəxsi azad etmək səlahiyyətinə malik olmalıdır.
5. Bizim fikrimizcə, tutulmuş şəxs məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxsin yanına ilk dəfə gətirilərkən zəmanət müqabilində azad edilmə məsələsinə avtomatik baxılması tələbinin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə uyğun olmadığı barədə çıxarılmış nəticə üçün çoxluğun gətirdiyi əsas bundan ibarətdir: məhkəmə nəzarətinin dərhal həyata keçirilməsi vasitəsilə cinayət törətməkdə şübhəli bilinərək tutulmuş və ya həbsə alınmış şəxsin müdafiə edilməsi və onun həbsdə saxlanmasına haqq qazandıran əsaslı şübhənin olmadığı müəyyən edildikdə (yaxud müəyyən müddətdən sonra əsaslı şübhə şəxsin həbsdə saxlanması üçün kifayət etmədikdə), yaxud onun həbsdə saxlanılaraq azadlıqdan məhrum edilməsinə haqq qazandıran və ya bunu zəruri edən heç bir əsas olmadıqda, yaxud da həmin əsaslar azadlıqdan məhrum edilməyə nisbətən daha yüngül tədbir görülməsinə, məsələn, zəmanət müqabilində azad edilməyə imkan verdikdə onun dərhal azad edilməsi. Yaxud başqa sözlə desək, çoxluq 5-ci maddənin 3-cü bəndi ilə birlikdə götürülməklə 5-ci maddənin 1-ci bəndində təsbit olunmuş belə bir prinsipi vurğulayır: tutulmuş şəxs məhkəməyə qədərki mərhələdə həbsdə saxlanmasının dərhal və bütünlüklə məhkəmə nəzarəti altında olması hüququna və onun həbsdə saxlanması üçün yetərli əsaslar yoxdursa, dərhal azad edilmək hüququna malikdir.
6. Bu işdə ərizəçi (o, cinayət əməli törətmiş gənc idi) 6 yanvar 2001-ci ildə saat 22.00-da yanacaqdoldurma məntəqəsinə soyğunçuluq məqsədi ilə basqın etməkdə şübhəli bilindiyinə görə həbs edilmişdi. Qeyd etmək lazımdır ki, onun törətdiyi cinayətin terror fəaliyyəti ilə heç bir əlaqəsi yox idi. Ertəsi gün saat 12.37-də ona qarşı ittiham irəli sürülmüşdü. 8 yanvar 2001-ci ildə saat 10.00-da ərizəçi ilk dəfə magistrat məhkəməsinə gətirilmiş, həmin məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçmişdi. Tərəflər bunu şübhə altına almamışlar ki, magistrat tutulmanın və ya həbsə alınmanın qanuniliyini və şəxsdən şübhələnmək üçün əsaslı səbəblərin olub-olmadığını araşdırmaq səlahiyyətinə malik idi, üstəlik, o, bu tələblərə riayət edilmədiyi təqdirdə şəxsin azad edilməsi barədə qərar çıxarmaq səlahiyyətinə də malik idi. Lakin o, tutulmuş şəxsi zəmanət müqabilində azad etmək səlahiyyətinə də malik deyildi, hərçənd ki, nə polis, nə də bir başqası buna etiraz etmirdi, nəticədə, ərizəçi əsassız olaraq həbsə saxlanıldı. Buna görə də magistratın yanına gətirildikdən sonra ərizəçinin məsələsinə bu qaydada baxılması Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin tələblərinə cavab vermirdi.
Amma bununla belə, ərizəçi Yüksək Məhkəməyə vəsatət verdikdən və həmin məhkəmə 9 yanvar 2001-ci ildə vəsatətə baxdıqdan sonra ərizəçi azad edildi. Bunun ərizəçinin həbsə alınmasından sonra 36 saatdan da az bir müddətdə baş verdiyini və Broqan və başqaları Birləşmiş Krallığa qarşı məhkəmə işində (29 noyabr 1988, A seriyaları, c. 145-B) müəyyən edilmiş dörd günlük maksimal müddətin hüdudları çərçivəsində olduğunu nəzərə alsaq, ərizəçi şikayət edə bilməz ki, onun tutulmasının və ya həbsinin qanuniliyi üzərində dərhal məhkəmə nəzarəti olmamışdır. Belə olan halda dərhal və gecikdirilmədən hakimin yanına gətirilmə tələbinə (bizim fikrimizcə, bu son dərəcə mühüm tələbdir) riayət edilmişdir. Məhz bu səbəbdən biz bu qənaətə gəldik ki, bu işdə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulmayıb.
HAKİM BORREQO BORREQONUN XÜSUSI RƏYI
Mən pozuntunun müəyyən edilməməsinin lehinə səs verdim. Amma mənim fikrimcə, bu ərizə açıq-aydın əsassız olduğuna görə (Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi) qəbul olunmayan elan edilməli idi.
Böyük Palata bu ərizəni qəbul olunmayan elan edə bilərdimi? Şübhəsiz ki, edə bilərdi. Məsələn, Azinas Kiprə qarşı məhkəmə işi üzrə qərarında Məhkəmə bildirmişdir ki, “Məhkəmə ərizənin qəbul olunan elan edilməsi haqqında qərara yenidən baxa bilər...”. Son dövrlərə aid olan Bleciç Xorvatiyaya qarşı məhkəmə işi üzrə qərarında Böyük Palata Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq, “... icraatın istənilən mərhələsində ərizənin qəbul olunan elan edilməsi haqqında qərara yenidən baxılmasının” mümkünlüyünü təsdiq etmişdir.
Bu işi araşdırmış Böyük Palatanın təşkili Məhkəmə Reqlamentinin 24-cü Qaydasının 2-ci bəndinə əsasən qərar alınmışdı. Müvafiq surətdə, ərizəni qəbul olunan elan etdikdən sonra yurisdiksiyasından imtina etmiş Palatanın üzvləri həm də Böyük Palatanın üzvü idilər. Lakin iş Konvensiyanın 43-cü maddəsində təsbit olunmuş prosedura əsasən Böyük Palataya verilirsə, Böyük Palata 24-cü Qaydasının 2-ci bəndinin “d” yarımbəndinə əsasən, həmin Qaydada sadalanan istisnalar nəzərə alınmaqla, ilkin Palatada eyni işə baxmış, işin mahiyyəti üzrə və ya ərizənin qəbul olunan elan edilməsi barədə qərar çıxarmış hakimləri öz tərkibinə daxil edə bilməz.
Buna görə də ərizə Konvensiyanın 43-cü maddəsinə əsasən Böyük Palataya verilibsə, bu zaman ərizənin 30-cu maddəyə əsasən Böyük Palataya verildiyi hala nisbətən ərizənin qəbuledilənliyi məsələsinə yenidən baxılması daha asan görünür, çünki sonuncu halda Böyük Palatanın tərkibinə ərizənin qəbuledilənliyi mərhələsindən sonra yurisdiksiyasından imtina etmiş Palatanın üzvləri də daxil olurlar. Lakin Böyük Palatanın təşkilindəki bu fərq, yəni hakimlərin öncə eyni işə baxıb-baxmaması (mən bunu bəlkə də məntiqə zidd adlandırardım) Məhkəmənin “icraatın istənilən mərhələsində” ərizəni qəbul olunmayan elan etməsinə mane olmur.
Bu ərizə açıq-aydın əsassız idimi? Mənim fikrimcə, bəli.
Qərarın 47-ci bəndində qeyd edildiyi kimi, Broqan və başqaları Birləşmiş Krallığa qarşı məhkəmə işində (A seriyaları, c. 145-B, 29 noyabr 1988) Məhkəmə tutulmuş şəxsin hakimin yanına gətirilənə qədər həbsdə saxlanıla biləcəyi maksimum müddəti dörd gün həddində müəyyən etmişdir. Bu işdə ərizəçinin həbsə alınması ilə (o, şənbə günü axşam həbsə alınmışdı) hakimin qərarı əsasında azad edilməsi arasında üç gündən az vaxt keçmişdir. Adətən həbsdə saxlanma müddəti bu işdə olduğu qədər qısa olduqda, ərizə Komitə tərəfindən qəbul olunmayan elan edilir.
Lakin bu işdə Böyük Palata bunu araşdırmaq qərarına gəldi ki, yanına birinci ərizəçinin gətirildiyi magistrat onun azad edilməsi barədə qərar çıxarmaq səlahiyyətinə malik idimi?
Burada mən iki məqamı qeyd etməliyəm. Birincisi, Məhkəmə “etiraz edilən qanunvericiliyi mücərrəd şəkildə araşdırmalı deyil və işə baxılmasını yalnız həmin işin halları ilə məhdudlaşdırmalıdır” (bax: Broqan və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, A seriyaları, c. 29-30, b. 53). Məncə, bu iş üzrə qərar daxili qanunvericiliyin mücərrəd şəkildə nəzərdən keçirilməsinin aydın nümunəsidir.
İkincisi, qərarda hüquqi qüvvəyə malik olan yeganə hissə qərarın nəticəvi hissəsidir. Bu işdə aydın məsələdir ki, pozuntunun baş vermədiyini müəyyən etmək üçün gətirilmiş əsas ərizəçinin həbsi alınması ilə onun zəmanət müqabilində azad edilməsi arasındakı vaxtın qısa olmasıdır. Qərarın qalan hissəsini yalnız ona görə önəmli saymaq olar ki, bu qərar Böyük Palata tərəfindən çıxarılıb, belə ki, qərarın nəticəvi hissəsini təşkil etməyən qalan fikirlər sadəcə olaraq rəylərin ifadəsidir və lüzumsuz şeylərdir. Eyni ilə, mən prosedurun vacibliyi ilə razılaşsam da, hesab edirəm ki, prosessual aspektin daim və bütün məqsədlər üçün təkrar-təkrar şişirdilməsi onu yeni pərəstiş obyektinə – “qızıl buzova” çevirir. Məncə bunun mənfi nəticələri uzaqlara gedib çıxa bilər.
Mən düşünmürəm ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının bütün diqqətini və vaxtını soyğunçuluqda təqsirli bilinən və həbsə alındıqdan üç gün sonra zəmanət müqabilində azad edilən şəxs tərəfindən təqdim edilmiş şikayətin araşdırılmasına sərf etdiyini geniş ictimaiyyətə, Avropa vətəndaşlarına izah etmək asan olardı. Mənim xüsusi rəyimin səbəbi də elə budur.
HAKİM CEBENSİN XÜSUSI RƏYI
Mən 5-ci maddənin 3-cü bəndinin 1-ci cümləsində nəzərdə tutulmuş həbsin qanuniliyi məsələsinə baxılmasının hüdudları ilə bağlı çoxluğun fikri ilə razı deyiləm, həmçinin azlığın faktlar əsasında çıxardığı belə bir nəticə ilə də razı deyiləm ki, məsələyə baxmış magistrat zəmanət müqabilində şəxsi azad etmək barədə qərar çıxarmaq səlahiyyətinə malik deyildi. Mən bu mövqeyimi əvvəlcə 5-ci maddənin 3-cü bəndinin tələblərinin əsaslarına nəzər salmaqla, sonra isə diqqəti bəzi faktual elementlərə cəlb etməklə və sonda pozuntunun olub-olmadığı məsələsini müzakirə etməklə aşağıdakı bəndlərdə izah edəcəyəm.
5-ci maddənin 3-cü bəndinin 1-ci cümləsi tutulmuş şəxsin “dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin” yanına gətirilməli olduğunu bəyan etməklə cinayət işlərində həbsə alınmanın ilkin olaraq nəzərdən keçirilməsini əks etdirir. Bu ifadə onu nəzərdə tutur ki, məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxs tutulmuş şəxsin azad edilməsi barədə qərar çıxarmaq səlahiyyətinə malik olmalıdır, lakin həmin ifadə həbsin qanuniliyi məsələsinə baxılmasının hüdudlarını müəyyən etmir. Bununla belə, Məhkəmə öz presedent hüququnda bu məsələyə aydınlıq gətirməyə çalışmışdır. O, bildirmişdir ki, məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxs “həbsdə saxlanmanın lehinə və ya əleyhinə dəlalət edən halları” nəzərdən keçirməli (bax: Şisser İsveçrəyə qarşı, 4 dekabr 1979, A seriyaları, c. 34, s. 13-14, b. 31), “həbsə alınmanın mahiyyətini araşdırmalı” (bax: T.W. Maltaya qarşı, ərizə Nº 25644/94, b. 41, 29 aprel 1999; Akvilina Maltaya qarşı [GC], ərizə Nº 25642/94, b. 47, AİHM 1999-III) və “həbsə alınmanın əsaslı olub-olmadığını araşdırmalıdır (bax: Pantea Rumıniyaya qarşı, ərizə Nº 33343/96, b. 231, AİHM 2003-VI).” Mənim fikrimcə, bu qəti surətdə onu göstərir ki, məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxs tutulmuş şəxsin məsələsinə baxılmasını həbsin qanuniliyi və əsaslı şübhə məsələləri ilə məhdudlaşdırmamalıdır. Bundan başqa, bu məsələyə baxılmasının hüdudlarının bu cür məhdudlaşdırılması bir çox işlərdə özünü doğrultmur, söhbət o işlərdən gedir ki, orada birinci dərəcəli məsələ əsaslı şübhənin olub-olmaması deyil, şəxsin gizlənməsi və ya başqa şəxslərlə sövdələşməsi ehtimalının, yaxud sübutları mühafizə etmək tələbatının, cinayətin qarşısını almaq və ya ictimai asayişi qorumaq zərurətinin olub-olmamasıdır. Tutulmuş şəxsin şəxsiyyəti ilə bağlı hallar, məsələn, onun çox gənc və ya çox yaşlı olması, xəstə və ya zəif olması da nəzərə alınmalıdır. Yalnız həbsin qanuniliyi ilə və əsaslı şübhənin olub-olmaması ilə məhdudlaşan baxış, mənim fikrimcə, asanlıqla əsassız həbslərə səbəb ola bilər.
Buradan belə nəticə çıxır ki, ilkin baxış əhatəli və avtomatik olmalıdır. Lakin zəmanət müqabilində azad edilmə işin halları baxımından həbsdə saxlanmanın aktual və realist alternativ deyilsə, məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxs zəmanət müqabilində azad edilmə barədə qərar çıxara bilməz. Buna görə də, zəmanət müqabilində azad edilmə məsələsi tutulmuş şəxsin və ya onun müdafiəçisinin bu barədə vəsatət verməsindən asılı olmalıdır. Müvafiq surətdə, adətən bu məsələ avtomatik baxışın tərkibinə daxil edilməməlidir.
Lakin bu işdə ərizəçi vəkillərinə tapşırmışdı ki, onun zəmanət müqabilində azad edilməsi üçün vəsatət versinlər və bu məqsədlə magistrata həqiqətən müraciət edilmişdi. Bundan başqa, tutulmuş şəxsi magistratın yanına gətirmiş polis əməkdaşı bütün şərtlərə riayət edilməsi şərti ilə zəmanət müqabilində azad edilməyə etiraz etməmişdi. Bununla belə, ərizəçinin zəmanət müqabilində azad edilmə barədə vəsatəti rədd edildi, çünki ərazi aidiyyəti üzrə magistrat həmin vəsatəti təmin etmək səlahiyyətinə malik deyildi, çünki Şimali İrlandiyada xüsusi təhlükəli cinayətlərə xüsusi normalar tətbiq olunurdu.
Ərizəçinin zəmanət müqabilində azad edilmə məsələsinə məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxs tərəfindən baxılmaması faktı o deməkdir ki, ərizəçi 5-ci maddənin 3-cü bəndi ilə təmin edilən hüququndan, yəni həbsi ilə bağlı məsələyə bütünlüklə baxılması hüququndan məhrum edilib. İndi onu müzakirə etmək qalır ki, ərizəçinin bir gün sonra Yüksək Məhkəmə tərəfindən azad edilməsi faktı bu qüsuru düzəldə bilibmi?
Azlıq bu fikirdədir ki, ərizəçi tutulması və həbsə alınması ilə bağlı zəruri məhkəmə nəzarəti ilə təmin edilməməsindən şikayət edə bilməz, çünki o, Broqan və başqaları Birləşmiş Krallığa qarşı məhkəmə işində (29 noyabr 1988, A seriyaları, c. 145-B, s. 33-34, b. 62) müəyyən edilmiş dörd günlük maksimal müddət çərçivəsində azad edilmişdir. Mənim fikrimcə, aşağıdakı səbəblərə görə bu fikir yerinə düşmür.
5-ci maddənin 3-cü bəndinin birinci cümləsində cinayət törətməkdə əsaslı olaraq şübhəli bilinib tutulan şəxslərin iki hüququ yer almışdır. Birinci hüquq “tutulmuş şəxsin dərhal hakimin və ya digər vəzifəli şəxsin yanına gətirilməsini” tələb edir, ikinci hüquq isə tələb edir ki, həmin vəzifəli şəxs “qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyətinə malik” olmalıdır. Bu hüquqlar bir-biri ilə bağlıdır, xüsusən ona görə ki, hər iki halda söhbət eyni vəzifəli şəxsdən gedir. Amma hər halda onlar ayrı-ayır hüquqlardır və müvafiq surətdə, ilkin məhkəmə nəzarətinin dərhal, avtomatik və hərtərəfli həyata keçirilməsini tələb edirlər. Bu hüquqlardan hər hansı birinə münasibətdə qüsura yol verildikdə digər hüququn təmin edilməsi belə həmin qüsuru düzəldə bilməz.
Bu işə gəldikdə, şübhə yoxdur ki, ərizəçi məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxsin yanına 5-ci maddənin 3-cü bəndinin birinci cümləsinin yol verdiyi müddət çərçivəsində gətirilmişdi. Lakin onun zəmanət müqabilində azad edilmək barədə müraciəti ərazi aidiyyəti üzrə işə baxan magistrat tərəfindən rədd edildi, çünki həmin magistratın buna səlahiyyəti çatmırdı. Zəmanət müqabilində azad edilmək üçün ərizəçi Yüksək Məhkəməyə müraciət etməli oldu. Başqa sözlə, o, zəmanət müqabilində azad edilmək barədə qərar çıxarılmasına nail olmaq üçün 5-ci maddənin 4-cü bəndi ilə təmin olunan və azadlıqdan məhrum edilmə hallarının hamısına şamil olunan həbs üzərində məhkəmə nəzarəti hüququnun təmin olunmasını tələb etmək məcburiyyətində qaldı.
Nə ərizəçinin şikayətindən sonra Yüksək Məhkəmənin ərizəçini zəmanət müqabilində azad etməsi, nə də bu qərarın ərizəçinin magistrat məhkəməsinə müraciət etməsindən bir gün sonra çıxarılması faktı, mənim fikrimcə, həbs məsələsinə ilkin baxış zamanı yol verilmiş qüsuru düzəldə bilər. Müvafiq surətdə, mən hesab edirəm ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulmuşdur.
Full & Egal Universal Law Academy