© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
MIKALLEF MALTAYA qarşı İŞİ
(CASE OF MICALLEF v. MALTA)
(17056/06 saylı ərizə)
QƏRAR
STRASBURQ
15 oktyabr 2009-cu il
Bu qərar redaktə məqsədilə təhlil edilə bilər.
Micallef Maltaya qarşı işinə
Aşağıdakı tərkibdən:
Jean-Paul Costa, Sədr,
Christos Rozakis,
Françoise Tulkens,
Giovanni Bonello,
Corneliu Bîrsan,
Karel Jungwiert,
Anatoly Kovler,
Vladimiro Zagrebelsky,
Elisabet Fura-Sandström,
Khanlar Hajiyev,
Egbert Myjer,
David Thór Björgvinsson,
Dragoljub Popović,
Giorgio Malinverni,
András Sajó,
Zdravka Kalaydjieva,
Mihai Poalelungi, hakimlər,
və Michael O’Boyle, Katibin müavini,
ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi,
22 oktyabr 2008-ci il və 9 sentyabr 2009-cu il tarixlərində qapalı müşavirə keçirərək,
Sonuncu qeyd edilən tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. Bu iş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü Maddəsinə əsasən Malta vətəndaşı (“ərizəçi”) Cənab Joseph Micallef tərəfindən Məhkəməyə 15 aprel 2006-cı il tarixində Maltaya qarşı təqdim olunmuş (17056/06 saylı) ərizə əsasında açılmışdır.
2. Hüquqi yardımla təmin olunmuş ərizəçi Valettada işləyən hüquqşünas Dr T. Azzopardi tərəfindən təmsil olunmuşdur. Malta Hökuməti (“Hökumət”) isə həmin vaxt öz Nümayəndəsi olan Baş Hüquqşünas Dr S. Camilleri tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi iddia edir ki, bitərəf məhkəmə qarşısında çıxış etmək imkanı olmadığından, Konvensiyanın 6-cı Maddəsinə zidd olaraq xanım M.-in ədalətli məhkəmə araşdırması hüququ təmin edilməmişdir.
4. Ərizəyə Məhkəmənin Dördüncü Bölməsində baxıldı (Məhkəmə Reqlamentinin 52§1-ci Qaydası). 5 sentyabr 2006-cı il tarixində Bölmənin Sədri cənab N. Bratza, hakimləri c-b. J. Casadevall, c-b. G. Bonello, c-b. M. Pellonpää, c-b. L. Garlicki, x-m L. Mijović və c-b. J. Šikutadan ibarət Palata şikayətin apelyasiya icraatının ədalətliliyi və Apelyasiya Məhkəməsinin iddia olunan qərəzliliyi ilə bağlı hissəsi üzrə Hökumətlə kommunikasiyaya başlamaq barədə qərar qəbul etdi və ərizənin qalan hissəsinin qəbuledilməyən olduğunu elan etdi. Həmçinin, Konvensiyanın 29-cu Maddəsinin 3-cü bəndinə uyğun olaraq şikayətin qəbuledilənliyi ilə yanaşı ona mahiyyəti üzrə baxılması barədə də qərar qəbul olundu. 15 yanvar 2008-ci ildə həmin Bölmənin Sədri cənab N. Bratza, hakimləri c-b. G. Bonello, c-b. K. Traja, c-b. L. Garlicki, x-m L. Mijović, c-b. J. Šikuta və c-b. P. Hirvelädan ibarət Palatası əksəriyyətin razılığı ilə ərizənin qalan hissəsinin qəbuledilən olduğunu bəyan etdi və üç səsə qarşı dörd səslə qərara gəldi ki, Konvensiyanın 6-cı Maddəsi pozulmuşdur. C-b. G. Bonellonun əlavə rəyi və c-b. N. Bratza, c-b. K. Traja və xanım P. Hirvelänın birgə fərqli rəyi də qərara əlavə olunur.
5. 7 iyul 2008-ci il tarixində Böyük Palatanın paneli Hökumətin İşin Böyük Palatada baxılmasına dair tələbini Konvensiyanın 43-cü Maddəsinə uyğun olaraq təmin etdi.
6. Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci Maddəsinin 2-ci və 3-cü bəndlərinə və Məhkəmə Reqlamentinin 24-cü Qaydasına uyğun olaraq müəyyən edilmişdi.
7. Həm ərizəçi və həm də Hökumət işin qəbuledilənliyi və mahiyyəti üzrə öz müşahidələrini təqdim etdilər. Əlavə olaraq, yazılı qaydada qeydlərin bildirilməsi üçün Sədrin dəvəti əsasında Çexiya Respublikası Hökumətinin də üçüncü tərəf kimi şərhləri qəbul edildi (Konvensiyanın 36-cı Maddəsinin 2-ci bəndi və Qayda 44 § 2).
8. Dinləmə 22 oktyabr 2008-ci ildə Strasburqda İnsan Hüquqları Binasında ictimaiyyətə açıq formada həyata keçirildi (Qayda 59 § 3).
Məhkəmədə aşağıdakılar iştirak etmişlər:
(a) Hökumət adından
Dr Silvio Camilleri, Baş Hüquqşünas, Nümayəndə,
Dr Peter Grech,Baş Hüquqşünasın müavini, Məsləhətçi;
(b) Ərizəçilərin adından
Dr Tonio Azzopardi,Vəkil.
Məhkəmə Dr Tonio Azzopardi və Dr Silvio Camillerinin çıxışlarını və həmçinin onların Məhkəmə tərəfindən qoyulan suallara verdikləri cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
9. Ərizəçi 1929-cu ildə Vittoriosada anadan olmuşdur.
A. İş üzrə ümumi məlumat
10. Ərizəçi c-b. F.-in mənzilinin üstündəki bir mənzildə yaşamış x-m M.-in qardaşıdır.
11. 17 iyul 1985-ci ildə c-b. F. məhkəməyə müraciət edərək x-m M.-in onun mənzilinin həyəti üzərindən qurutmaq məqsədilə paltar asmasını qadağan etməyi xahiş etdi, belə ki, o, iddia edirdi ki, x-m M. bununla c-b. F.-in mülkiyyət hüquqlarına müdaxilə edirdi. C-b. F. bununla əlaqədar Malta Mülki Məcəlləsinin 403-cü Maddəsinin müddəalarına istinad edirdi.
12. Bir dəfə qadağa ilə bağlı məhkəmə baxışı bitdikdən və x-m M. və onun vəkili Dr A. məhkəmə zalından çıxdıqdan sonra məhkəməyə sədrlik edən hakim gələcək məhkəmə iclasının daha əvvəl müəyyənləşdirilmiş olan vaxtını dəyişdirdi. Nəticədə x-m M. iclasın yeni tarixini bilmədi və məhkəmə iclasında iştirak etmədi. 29 noyabr 1985-ci ildə onun iştirak etmədiyi məhkəmə iclasında məhkəmənin sədri c-b. F-in xeyrinə qadağanın təmin edilməsi barədə qərar verdi.
13. Həmin vaxt qüvvədə olan Malta qanunvericiliyinə əsasən, c-b. F. qadağa barədə qərarın qəbul edilməsindən sonra dörd gün ərzində mülkiyyət hüququ iddiasıyla bağlı icraatın başlanması üçün müraciət etməli idi; əks təqdirdə qadağa barədə qərar qüvvəsini itirəcəkdi. Bununla da, 5 dekabr 1985-ci il tarixdə c-b. F. icraatın başlanması üçün qarşı tərəfə çağırış göndərdi.
14. 6 mart 1992-ci ildə c-b. F.-in mülki iddiasına mahiyyəti üzrə baxan müvafiq məhkəmə x-m M.-in əleyhinə qərar çıxardı və ona qarşı daimi qadağa müəyyən etdi. 24 mart 1992-ci ildə apelyasiya şikayəti verilmədiyindən iş yekunlaşdırıldı.
B. Mülki Məhkəmədə adi yurisdiksiya çərçivəsində icraat
15. 6 dekabr 1985-ci ildə x-m M. qadağa barədə qərarın onun iştirakı olmadan və ifadə verməsi üçün ona imkan verilmədən qəbul edildiyini iddia edərək Mülki Məhkəmədə (Birinci Zalda) adi yurisdiksiya çərçivəsində icraat başlatdı (bax aşağıda 77-ci bənd).
16. 15 oktyabr 1990-cı il tarixli qərarı ilə Mülki Məhkəmə onun iddiasını təmin etdi. Məhkəmə müəyyən etdi ki, audi alteram partem (hər iki tərəfin dinlənilməsi) prinsipi qadağa barədə qərarın verilməsi proseduruna şamil edilir. Təşkilat və Mülki Prosessual Məcəllənin qadağa barədə qərarın məhkəmənin həmin qadağanın qəbul olunmasını istəyən şəxsin hər hansı hüququnun qorunması üçün zəruri olduğuna inandığı halda qəbul edilməli olduğunu müəyyən edən 873(2) - ci Maddəsinə (bax aşağıda 27-ci bənd) istinad edərək, Mülki Məhkəmə qərara aldı ki, müvafiq test məhkəmənin səlahiyyətində olan bir məsələdir. Bununla belə, əgər məhkəmə tərəfləri dinləməyi lazım bilərsə, tərəflər təbii ədalət prinsiplərinə uyğun olaraq lazımi qaydada dinlənilməlidirlər. Bu işdə məhkəmə qərara aldı ki, xanım M.-in özünün heç bir günahı olmadan onun dinlənilmək hüququ tanınmamışdır və buna görə də sözügedən qadağa etibarsızdır.
C. Apelyasiya Məhkəməsində icraat
17. C-b F. 15 oktyabr 1990-cı il tarixli qərardan apelyasiya şikayəti verdi. Birinci instansiyada c-b. F.-ə Dr U. yardım edirdi, lakin apelyasiya instansiyasında o sonuncunun oğlu, Dr C.-ni təyin etdi. Apelyasiya Məhkəməsinə iki digər hakimlə birlikdə işə baxan Məhkəmə Sədri rəhbərlik edirdi. Məhkəmənin Sədri Dr U.-nun qardaşı, Dr C.-nin əmisi idi.
18. 12 oktyabr 1992-ci il tarixli apelyasiya iclasında Məhkəmənin Sədri bir neçə sual soruşduqdan sonra bildirdi ki, c-b. F-in vəkilinin davranışı barədə heç bir əsas olmadan mübahisə etdiyindən Dr. A.-nın hərəkəti qeyri-etik olmuşdur. Birinci instansiya məhkəməsində c-b F.-in Məhkəmənin Sədrinin qardaşı tərəfindən müdafiə olunduğu qeyd olunanda, Məhkəmənin Sədri işi “səlahiyyətli orqanlara” yönləndirməklə hədələdi. Bundan əlavə, o aşağıdakı qeydi diktə etdi:
“Məhkəmə, birinci instansiyada məhkəmə iclasının tarixinin özünün və onun müştərisinin artıq məhkəmə zalını tərk etməsindən sonra dəyişdirilmiş olduğunu bəyan edən Dr A.-dan onun nə üçün məhkəmə iclasının tarixinin dəyişdirilməsinin məhz vəkilin tələbi əsasında edilmiş olduğu barədə təkid etdiyini soruşur. Dr A. cavab verir ki: “Mən bu cür deduktiv nəticəyə gəlirəm, çünki orada iki vəkil var idi: Dr U. və mən”.
... Xanım M.-in vəkili özü və müştərisi məhkəmə zalından çıxdıqdan sonra başqa bir vəkilin və hakimin həmin məhkəmə zalında etdikləri hərəkətlər haqqında faktları təsdiq edir və bu barədə fərziyyə söyləyir.”
19. Dr A. özünü müdafiə etmək üçün bir neçə söz dedi, lakin apelyasiya işinin mahiyyəti ilə bağlı heç bir şifahi təqdimat etmədi. Məhkəmənin Sədri işə baxılmasını dayandırdı və öz otağına getdi. Bir neçə dəqiqədən sonra hər iki tərəfin vəkilləri Məhkəmə Sədrinin otağına çağırıldılar. İzahatlar dinlənildi, lakin göründüyü qədərilə heç bir başqa tədbir görülmədi.
20. 5 fevral 1993-cü il tarixli qərarı ilə Apelyasiya Məhkəməsi x-m M.-in əleyhinə çıxdı və Mülki Məhkəmənin qərarını ləğv etdi. Məhkəmə müəyyən etdi ki, təbii ədalət prinsipləri məcburi deyil və mahiyyət etibarilə şərti və müvəqqəti xarakterli olan ilkin icraatlarda tətbiq oluna bilməzdi. Bundan əlavə, Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan, x-m M.-in məhkəmə iclasında iştirak etməməsinə gətirib çıxaran tarix dəyişikliyi məsələsi ilə də razılaşmadı. Nəticədə apelyasiya məhkəməsinin qərarında iclas ərzində diktə edilmiş qeydin bir hissəsi – “X-m M.-in vəkili, özü və müştərisi məhkəmə zalından çıxdıqdan sonra başqa bir vəkilin və hakimin həmin məhkəmə zalında etdikləri hərəkətlər haqqında faktları təsdiq edir və bu barədə fərziyyə söyləyir.” - təkrar edildi. Apelyasiya Məhkəməsi daha sonra x-m M.-in iddiasını dəstəkləyən və Mülki Məhkəmənin təyin etdiyi ədliyyə köməkçisinin tapıb çıxardığı hesabatın işin sənədləri arasından çıxarılması barədə göstəriş verdi.
D. Konstitusional yurisdiksiyası çərçivəsində Mülki Məhkəmə icraatları
21. 25 mart 1993-cü ildə x-m M. Mülki Məhkəmənin konstitusional yurisdiksiyası çərçivəsində (Birinci Zalda) icraat başlatdı. O, Konvensiyanın 6-cı Maddəsinə əsaslanaraq Apelyasiya Məhkəməsinin Sədrinin bitərəf olmadığını və bunun 12 oktyabr 1992-ci il tarixli insidentdən də aydın göründüyünü iddia etdi. O, daha sonra, Apelyasiya Məhkəməsinin artıq sübut olunmuş faktları tanımamasını müşahidə edərək, ədalətli mühakimə hüququnun pozulmuş olduğunu iddia etdi.
22. X-m M. 20 yanvar 2002-ci ildə, konstitusionallıq üzrə iddiasının müəyyən olunmasından əvvəl vəfat etdi. 22 may 2002-ci ildə ərizəçi iddiaçının qardaşı qismində Mülki Məhkəmə icraatına müdaxilə etdi.
23. 29 yanvar 2004-cü il tarixli qərarında Mülki Məhkəmə x-m M.-in iddiasını mənasız və xoşagəlməz hesab edərək təmin etmədi. İddiaçının Məhkəmə Sədrindən işə yekun qərarın elan olunmasından əvvəl xitam verməsini xahiş etmədiyini qeyd etməsinə baxmayaraq, məhkəmə Hökumətin adi hüquq müdafiə vasitələrinin tükəndirilməməsi barədə müraciətini rədd etdi və özünün konstitusional yurisdiksiyasını həyata keçirmək barədə qərar verdi. İşin mahiyyətinə gəldikdə isə, məhkəmə silahların bərabərliyi də daxil olmaqla, Konvensiyanın 6-cı Maddəsindən irəli gələn anlayışların və hüquqların dolğun təhlilini apardı, lakin xüsusi diqqətini Mülki Məhkəmənin bitərəf olması barədə tələbə yönəltdi. Bununla belə, məhkəmə 12 oktyabr 1992-ci il tarixli insidentlə 5 fevral 1993-cü il tarixli məhkəmə qərarının məzmunu arasında hər hansı bir əlaqə tapa bilmədi. Dr A.-nın özü tərəfindən də təsdiq olunduğu kimi, insidentin gərginliyi aradan qaldırılmışdı, lakin bu nə x-m M.-də, nə də onun vəkilində Apelyasiya Məhkəməsinin onların lehinə qərar verəcəyi barədə gözlənti yarada bilməzdi. Bundan əlavə, Apelyasiya Məhkəməsi insidentlə əlaqəsi olmayan başqa iki hakimdən də ibarət idi və şübhə yox idi ki, yaxşı əsaslandırılmış olduğu görünən qərar bütövlükdə məhkəmə heyəti tərəfindən verilmişdi .
E. Konstitusiya Məhkəməsində icraat
24. Ərizəçi Konstitusiya Məhkəməsinə müraciət etdi.
25. 24 oktyabr 2005-ci il tarixli qərarı ilə Konstitusiya Məhkəməsi müraciəti qəbul etmədi. Konstitusiya Məhkəməsi bir daha vurğuladı ki, Konstitusiyanın 46-cı Maddəsinin 5-ci bəndinə əsasən ərizənin mənasız və xoşagəlməz hesab olunaraq rədd edilməsi barədə qərardan apelyasiya şikayəti verilmir.
II. MÜVAFİQ DÖVLƏTDAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
26. Mülki Məcəllənin 403-cü Maddəsinə əsasən:
“(1) Çox mənzilli binalarda yuxarı mərtəbədəki evlərdən təbii qaydada gələn su və materialların axımı və ya düşməsi insanlardan asılı olmayaraq aşağı mərtəbədə olan evlərdən keçir.
(2) Aşağı mərtəbədə olan sakinlərin bu cür axımın və ya düşmənin qarşısını ala bilən hər hansı hərəkətlər etməsi qanunsuzdur.
(3) Yuxarı mərtəbədə olan sakinlərin də öz rahatlıqları üçün aşağı mərtəbədə yaşayan sakinlərin vəziyyətini çətinləşdirən hər hansı hərəkətlər etməsi qanunsuzdur.”
27. Təşkilat və Mülki Prosessual Məcəllənin (TMPM) 6-cı Fəslinin, 5-ci Bölməsinin qadağanedici göstərişlə bağlı 873-cü Maddəsinə əsasən:
“(1) Qadağanedici göstərişin məqsədi bir şəxsin həmin göstərişin verilməsini tələb edən digər bir şəxs üçün zərərli ola biləcək hər hansı hərəkət etməsinin qarşısını almaqdır.
(2) Məhkəmə qadağanın tətbiq olunmasının həmin qadağanı tələb edən şəxsin hər hansı hüququnun qorunması üçün zəruri olduğuna və həmin hüququn məhz həmin şəxsə mənsub olduğuna inanmırsa, hər hansı bu cür qadağanedici göstəriş verə bilməz.”
28. Hazırkı işin icraatda olduğu vaxt qüvvədə olan Malta qanunvericiliyinə əsasən, tərəflərdən birinin nümayəndəsi hakimin oğlu və ya qızı, əri/arvadı, atasi/anası, nənəsi/babası və s. olarsa hakim mübahisələndirilə və ya işə baxmaqdan imtina edə bilər. Sözügedən nümayəndə işə baxan hakimin qardaşı və ya qardaşı oğludursa həmin hakimin işə baxmasına heç nə mane olmurdu. TMPM-nin aşağıdakı müvafiq maddələrinə əsasən:
Maddə 733
“Aşağıda göstərilən səbəblərdən hər hansı biri olmadığı halda, hakimlər mübahisələndirilə, və ya məhkəməyə təqdim olunmuş və baxmaları üçün onlara təyin olunan işlərə baxmaqdan imtina edə bilməzlər.”
Maddə 734
“(1) Hakim aşağıdakı hallarda mübahisələndirilə və ya işə baxmaqdan imtina edə bilər -
...
(e) əgər onun və ya onun ərinin / arvadının birbaşa və ya dolayısı ilə iddiada marağı varsa;
(f) əgər hakim qarşısında çıxış edən vəkil və ya səlahiyyətli nümayəndə həmin hakimin oğlu və ya qızı, əri / arvadı, ata/anası, nənəsi/babası və s.-dirsə;”
29. TMPM-nin müvafiq maddəsinə daha bir əsasın əlavə olunması üçün 2007-ci ildə həmin maddəyə dəyişiklik edildi:
“(g) əgər hakim qarşısında çıxış edən vəkil və ya səlahiyyətli nümayəndə həmin hakimin qardaşı və ya bacısıdırsa”
30. Müvafiq olaraq, Malta Konstitusiyasının 39-cu Maddəsinin 2-ci bəndinə əsasən:
“Mülki hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya miqyasını müəyyənləşdirmək üçün qanunla nəzərdə tutulan hər hansı məhkəmə və ya digər mühakimə orqanı müstəqil və bitərəf olmalıdır;...”
III. MÜQAYİSƏLİ VƏ AVROPA BİRLİYİ HÜQUQU VƏ TƏCRÜBƏSİ
A. Milli sistemlər
31. Avropa Şurasının bir sıra Üzv Dövlətlərinin qanunvericiliyi ilə bağlı Məhkəmənin əlində olan materiallardan görmək olur ki, 6-cı Maddə ilə müəyyən olunan təminatların qadağanedici göstərişlər də daxil olmaqla müvəqqəti tədbirlərə tətbiq olunması üzrə geniş yayılmış konsensus mövcuddur. Bu nəticəyə konstitusiyanın mətnləri, mülki prosessual məcəllə və dövlətdaxili presedent hüququ əsasında gəlinmişdir. Əksər Dövlətlərin (Albaniya, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Estoniya, Fransa, Almaniya, Macarıstan, İrlandiya, İtaliya, Niderland, Polşa, Rusiya, San Marino, Serbiya, İspaniya, İsveç, İsveçrə və Birləşmiş Krallığın) qanunvericiliyi təklif edir ki, 6-cı Maddə ilə müəyyən olunan prosessual təminatlar (xüsusilə də bitərəfliklə bağlı tələb) müvəqqəti və qadağa icraatlarına da tətbiq olunsun. Çünki, həm qanunvericilik həmin təminatların tətbiq olunması ilə bağlı icraatın mərhələsi və ya növünə fərq qoymur (İspaniya, İtaliya, Yunanıstan və İsveçrə Konstitusiyaları kimi), həm də müvəqqəti tədbirlərlə bağlı spesifik müddəalar da hansısa formada 6-cı Maddədə təsbit olunan əsas təminatları əks etdirir. Misal üçün, işin mahiyyət üzrə icraatı tənzimləyən qanunvericilik mutatis mutandis qaydada (müvafiq dəyişikliklər nəzərə alınmaqla) qadağa icraatına da tətbiq olunur (Polşa), və ya başqa qayda müəyyən olunmamışdırsa qadağa icraatına da tətbiq olunur (Almaniya). Belçika məhkəmələri bu məsələ ilə ətraflı məşğul olmuş (bax Kasasiya Məhkəməsinin Greenpeace və Heyvanların Maraqları naminə Qlobal Fəaliyyət işləri üzrə 14 yanvar 2005-ci il tarixli qərarları) və müəyyən etmişdir ki, Konvensiyanın 6-cı Maddəsi prinsipcə müvəqqəti tədbirlərə də tətbiq oluna bilər (référé).
B. Avropa Birliyi
32. Avropa Birliyinin (“AB”) Əsas Hüquqlar haqqında Xartiyasının 47-ci Maddəsi ədalətli mühakimə hüququna təminat verir. Konvensiyanın 6-cı Maddəsindən fərqli olaraq, Xartiyanın həmin müddəası bu hüququ “mülki hüquq və öhdəliklər”lə bağlı mübahisələrlə və ya “hər hansı cinayət işi” ilə məhdudlaşdırmır və onların “müəyyənləşdirilməsinə” yönəltmir. Denilauler/Couchet Frères (AƏM, İş C 125/79, 21 may 1980-ci il) işində Avropa Ədalət Məhkəməsi (“AƏM”) müəyyən etdi ki, ex parte (yəni, tərəflərdən yalnız birinin iştirakı ilə) müdafiə tərəfinin fikrini dinləmədən qəbul olunmuş müvəqqəti tədbirlər AƏM-nin presedent hüququna əsasən tanına bilməz. Bu o deməkdir ki, bu cür təminatlar təkcə yekun qərarlarla bağlı icraata deyil, daha geniş kontekstdə tətbiq olunmalıdır.
HÜQUQİ MƏSƏLƏLƏR
33. Ərizəçi şikayətində bildirmişdir ki, Apelyasiya Məhkəməsi bitərəf olmamışdır və nəticədə x-m M.-ə öz fikirlərini bildirmək imkanı verilməmişdir ki, bu da onun Konvensiyanın 6-cı Maddəsi ilə təmin olunan ədalətli mühakimə hüququnun pozuntusudur. Konvensiyanın 6-cı Maddəsinə əsasən:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ..., qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.”
34. Hökumət bu arqumenti mübahisələndirdi.
I. HÖKUMƏTİN İLKİN ETİRAZLARI
35. Hökumət ərizənin qəbuledilənliyini Konvensiyanın 34-cü Maddəsi və 35-ci Maddəsinin 1-ci bəndi ilə müəyyən olunan bir sıra əsaslar üzrə mübahisələndirdi.
34-cü Maddəyə əsasən:
“Məhkəmə istənilən fiziki şəxsdən ... Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. ...”
35-ci Maddənin 1-ci bəndinə əsasən:
“Məhkəmə yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına müvafiq olaraq bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra işi baxılmağa qəbul edə bilər və iş üzrə son qərarın çıxarıldığı tarixdən altı ay keçənədək işə baxa bilər.”
A. Qurban statusu
1. Palatanın yekun rəyi
36. Palata x-m M.-in iddia etdiyi pozuntu ilə bağlı Məhkəməyə şikayət etmək niyyətində olduğunu güman edərək, məsələni öz vəsatəti əsasında qaldırdı və qeyd etdi ki, birbaşa qurban olan x-m M. iş dövlətdaxili müdafiə vasitələrində baxılarkən vəfat etmişdir. Palata daha sonra qeyd etdi ki, birbaşa qurbanın vəfatından sonra dövlətdaxili məhkəmələr ərizəçinin konstitusional icraatın başladılması ilə bağlı tələbini və daha sonra iddiaçının qardaşı qismində apelyasiya şikayəti verməsini rədd etmədi. Bundan əlavə, Məhkəmənin ərizəçinin qurban statusunu tanımaq və ümumi maraq kəsb edən məsələlərlə bağlı olduqda ərizənin araşdırılmasını davam etdirmək səlahiyyəti var. Palata bildirdi ki, dövlətdaxili qanunvericiliyə görə tərəfin vəkili ilə münasibətləri əsasında hakimin mübahisələndirilməsinin mümkünsüzlüyü kifayət qədər ictimai maraq kəsb edən məsələ idi. Palata bu məsələ ilə bağlı Hökumətin etiraz etmədiyini nəzərə alaraq qərara gəldi ki, ərizəçinin hazırkı ərizəni təqdim etmək hüququ vardır.
2. Hökumətin təqdimatları
37. Hökumət bildirdi ki, ərizəçi şikayət olunan icraatda tərəf olmadığından qurban statusuna malik deyildir. Yeganə birbaşa qurban onun bacısı olmuşdur ki, o da dövlətdaxili konstitusiya icraatı ərzində vəfat etmişdir. Hökumət mübahisə etdi ki, ərizəçinin bacısının əvəzinə konstitusiya icraatını başlatmasına icazə verilməsi düzgün olmamışdır. Malta qanunvericiliyinə əsasən bu varisliklə bağlı mülki hüquqi prinsipə əsaslanan standart təcrübədir ki, bu təcrübəyə görə varisin Konvensiya kontekstində qurban statusuna malik olub-olmamasından asılı olmayaraq o varisi olduğu şəxsin hüquqi statusunu da davam etdirir.
38. Bundan əlavə, Hökumət Məhkəmənin “kifayət qədər ümumi maraq” əsasında qurban statusu vermək səlahiyyəti ilə bağlı Palatanın etdiyi təfsiri də mübahisələndirdi. Hökumətin fikrincə bu təfsir Konvensiyanın 34-cü Maddəsinə uyğun deyil və actio popularis (ictimai əhəmiyyətli iş) həddinə çatır. Lakin, hətta bu belə olsaydı da hazırkı iş üzrə qanunvericilikdə Palata tərəfindən nəzərdə tutulan səlahiyyətin icra olunmasını əsaslandıran heç bir qüsur yox idi.
3. Ərizəçinin təqdimatları
39. Ərizəçi ilk olaraq iddia etdi ki, icraatın bu mərhələsində Hökumətin Məhkəməyə yeni arqument gətirməsi icraatdan sui-istifadədir və ardıcıllıq prinsipinə ziddir. Hökumət bu məsələni dövlətdaxili məhkəmələr və ya Palata qarşısında qaldırmadığından, ona bunu indi etməyə də imkan verilməməlidir.
40. İstənilən halda, ərizəçi bildirdi ki, birbaşa qurban iş dövlətdaxili müdafiə vasitələrinin icraatında olarkən vəfat etmişdir ki, o həmin müdafiə vasitələrini keçmədən Məhkəməyə müraciət edə bilməzdi. X-m M.-in vəfatından sonra milli məhkəmələr dövlətdaxili qanunvericiliyə uyğun olaraq ərizəçinin konstitusional icraat üzrə locus standiyə (yəni müraciət etmək hüququna) malik olduğunu qəbul etdilər. Bundan əlavə, ərizəçi dövlətdaxili məhkəmə icraatının iştirakçısı olduqdan sonra bacısı tərəfindən başladılmış konstitusional icraatın xərclərini də özü çəkdi və bu səbəbdən həm də maliyyə baxımdan zərərə məruz qaldı. Ərizəçinin fikrincə bu status bir dəfə əldə edildisə, geri alına bilməz.
41. Sonda, ərizəçi bildirdi ki, Konvensiyanın təfsiri və ya tətbiqinə təsir edən ciddi suallar doğurduğundan və ümumi əhəmiyyətli olan ciddi məsələ qaldırdığından ərizənin mənəvi tərəfi də vardır. Buna görə də, demək olmaz ki, Palata tərəfindən istinad edilən ümumi maraq meyarı bu işə tətbiq oluna bilməz.
4. Üçüncü Tərəf Hökumətin təqdimatları
42. Çexiya Respublikası Hökuməti bildirdi ki, Məhkəmə icraatı zamanı vəfat etmiş ərizəçinin yaxın qohumuna locus standi verilməsi həmin Məhkəmə üçün qəbuledilən idi. Bununla belə, əgər birbaşa qurban ərizəni təqdim etməzdən əvvəl vəfat etmişdirsə, qurban statusu yalnız müstəsna hal kimi tanınmalıdır. Bu o hallarda ola bilər ki, iddia edilən pozuntu birbaşa qurbanın özünün öz tələblərini irəli sürməsinə mane olmuş olsun (Bazorkina Rusiyaya qarşı, (Bazorkina v. Russia) no 69481/01, § 139, 27 iyul 2006-cı il) və ya qurban statusu almaq istəyən şəxslər, adətən varislər özləri də iddia edilən pozuntudan irəli gələn neqativ nəticələrin təsirinə məruz qalmış olsunlar (Ressegatti İsveçrəyə qarşı, (Ressegatti v. Switzerland) no 17671/02, § 25, 13 iyul 2006-cı il)
43. Bundan əlavə, Məhkəmənin şikayətin ümumi maraq kəsb edən məsələ ilə əlaqədar olması əsası ilə qurban statusu vermək səlahiyyəti yoxdur. Bununla belə, Konvensiyanın 37-ci Maddəsinin 1-ci bəndinə əsasən Məhkəmənin hətta vəfat etmiş ərizəçi tərəfindən başladılmış işin tamamlanmasını istəyən şəxsin iştirakı olmadan da, ərizəyə baxılmasını davam etdirmək səlahiyyəti vardır. Bu səlahiyyətin yuxarıda göstərilən müstəsnalıq meyarlarına uyğun gəlməyən yaxın qohumun təşəbbüsü ilə başladılmış icraata tətbiq olunması Məhkəməyə imkan verir ki, o öz seçimi əsasında hansı ərizələrə baxılmalı olmasını müəyyənləşdirsin.
5. Məhkəmənin qiymətləndirilməsi
44. Bir şəxsin, qeyri-hökumət təşkilatının və ya şəxslər qrupunun 34-cü Maddəyə uyğun olaraq məhkəməyə müraciət edə bilməsi üçün o, “Konvensiyada təsbit olunmuş hüquqların pozuntusunun qurbanı olduğunu” iddia edə bilməlidir. Pozuntunun qurbanı olduğunu iddia etmək üçün şəxs mübahisələndirilən tədbirin birbaşa təsirinə məruz qalmış olmalıdır (bax Burden Birləşmiş Krallığa qarşı (Burden v. the United Kingdom) [Böyük Palata], no: 13378/05, § 33, 29 aprel 2008-ci il).
45. Həmin kriteriya sərt, mexaniki və qeyri-çevik formada da tətbiq olunmamalıdır (bax Karner Avstriyaya qarşı, (Karner v. Austria) no 40016/98, § 25, ECHR 2003-IX). Məhkəmə bildirmişdir ki, ümumiyyətlə onun baxdığı insan hüquqları işlərinin həm də mənəvi tərəfi vardır və bu səbəbdən ərizəçiyə yaxın olan şəxslərin də, hətta ərizəçinin vəfatından sonra da ədalətin təmin olunmasını görməkdə legitim marağı ola bilər. Bu marağın olması işin qaldırdığı əsas məsələ şəxsin və ərizəçinin və onun varislərinin maraqlarını aşaraq digər şəxslərə də təsir edə bildiyi hallarda daha realdır (bax Malhous Çexiya Respublikasına qarşı (Malhous v. the Czech Republic) [Böyük Palata] (dec.), no 33071/96, ECHR 2000‑XII).
46. Məhkəmənin xüsusi hallarda Konvensiya və Protokollarda müəyyən olunan insan hüquqlarının işə baxılmasının davam etdirilməsini tələb edən tərəflərini tapmaq səlahiyyəti vardır (Konvensiyanın 37-ci Maddəsinin 1-ci bəndi). Bu səlahiyyət ümumi maraq kəsb edən bir məsələnin mövcudluğundan asılıdır (bax Karner, yuxarıda istinad olunub, § 27, və Marie-Louise Loyen və Bruneel Fransaya qarşı, (Marie-Louise Loyen and Bruneel v. France) no 55929/00, § 29, 5 iyul 2005-ci il). Ümumi maraq kəsb edən məsələ xüsusilə də ərizə cavabdeh Dövlətin qanunvericiliyi və ya hüquq sistemi və ya təcrübəsi ilə bağlı olanda ortaya çıxır (bax Altun Almaniyaya qarşı, (Altun v. Germany) Qərarlar və Hesabatlar no 36, § 32, və, mutatis mutandis, Karner, yuxarıda istinad olunub, §§ 26, 28).
47. Məhkəmə adətən əsl ərizəçinin ərizəni Məhkəməyə təqdim etməsindən sonra vəfat etdiyi halda yaxın qohumunun həmin ərizəni davam etdirməsinə o şərtlə icazə verir ki, həmin yaxın qohumun işdə kifayət qədər marağı olsun (bax Malhous [Böyük Palata] (dec.), yuxarıda istinad olunub). Bununla belə, birbaşa qurban şikayəti Məhkəməyə təqdim etməzdən əvvəl vəfat etdiyi halda vəziyyət başqa cür olur (bax Fairfield Birləşmiş Krallığa qarşı (Fairfield v. the United Kingdom (dec.), nömrə: 24790/04, ECHR 2005‑VI).
48. Hətta, ərizəçinin dövlətdaxili məhkəmə proseslərində tərəf olması faktına da diqqət yetirməli olmasına baxmayaraq, Məhkəmə “qurban” konsepsiyasını müstəqil və maraq və ya fəaliyyət qabiliyyəti kimi dövlətdaxili konsepsiyalardan asılı olmayaraq təfsir edir (bax Sanles Sanles İspaniyaya qarşı, (Sanles Sanles v. Spain) (dec.), no 48335/99, ECHR 2000‑XI). 6-cı Maddə üzrə olan şikayətlərlə bağlı Məhkəmə qohumun məhkəmə qarşısında çıxış etmək hüququnu ya şikayətlər ümumi maraq kəsb edəndə və ərizəçilər varis kimi ərizənin baxılmasının davam etdirilməsində legitim marağa malik olduqda (bax Loyen, yuxarıda istinad olunub, § 29, və, əksinə, Biç və Başqaları Türkiyəyə qarşı, (Biç and Others v. Turkey) no 55955/00, § 23, 2 fevral 2006-cı il), ya da işin ərizəçinin vərəsəlik hüquqlarına birbaşa təsirinin olması əsasında tanıyır (bax Ressegatti, yuxarıda istinad olunub, § 25).
49. Birinci instansiyada on ildən artıq davam etmiş hazırkı iş üzrə Məhkəmə qeyd edir ki, birbaşa qurban dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirmək üçün zəruri olan konstitusional icraat zamanı vəfat etmişdir. Konstitusional yurisdiksiya nə ərizəçinin iddiaçının qardaşı və varisi qismində icraata qoşulmasını və nə də onun apelyasiya şikayəti verməsini rədd etmişdir. Bundan əlavə, bacısı tərəfindən başladılmış icraatın xərcləri ona ödətdirilmişdir və buna görə də onun xərclərin əvəzini çıxmaq üçün maddi marağı olduğu hesab oluna bilər.
50. Bundan əlavə, Məhkəmə hesab edir ki, müvafiq qanunvericilikdə vəkilin hakimin qardaşı oğlu olması əsası ilə və ya baxılmaqda olan işin hakimin qardaşının fəaliyyəti ilə əlaqədar olması əsası ilə həmin hakimin mübahisələndirilməyinə imkan verməyən qüsurun olması məsələsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məsələlərini və buna görə də ümumi maraq kəsb edən vacib məsələni ortaya çıxarır.
51. Yekun olaraq, Palata kimi Böyük Palata da hesab edir ki, yuxarıda göstərilən hər iki əsas səbəbindən ərizəçinin hazırkı ərizəni təqdim etmək hüququ vardır. Bununla da Hökumətin bu barədə etirazı qəbul olunmur.
B. Dövlətdaxili müdafiə vasitələrinin tükəndirilməməsi
1. Palatanın yekun rəyi
52. Palata hesab edib ki, Malta qanunvericiliyinə uyğun olaraq və Appelyasiya Məhkəməsinin 12 oktyabr 1992-ci il tarixli iclasına əsasən hakimin məhkəmə qarşısına çıxan vəkillərdən birinin əmisi olması səbəbi ilə mübahisələndirilməsi üçün heç bir spesifik əsas olmamışdır və nəticə etibarilə x-m M. hakimin kənarlaşdırılmasını istəyə bilməzdi. Bundan əlavə, ərizəçi sözügedən insidentdən sonra şikayətini konstitusional yurisdiksiya çərçivəsində Mülki Məhkəməyə təqdim etdi və Mülki Məhkəmə Hökumətin adi hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı etirazını rədd etdi və işə mahiyyəti üzrə baxdı.
2. Tərəflərin təqdimatları
53. Hökumət bildirdi ki, 12 oktyabr 1992-ci il tarixli məhkəmə iclası zamanı x-m M. nə ona fikirlərini bildirmək imkanının veriməməsindən şikayət etmiş, nə də əlavə materialların təqdim olunması üçün vəsatət qaldırmışdı. Eynilə, o, icraatın hər hansı mərhələsində hakimi mübahisələndirməmiş və həmin icraatlarda müvafiq məhkəmələr qarşısında Konvensiyanın 6-cı Maddəsi ilə müəyyən olunan qərəzsiz məhkəmə araşdırması hüququnun pozulma ehtimalı ilə bağlı heç bir məsələ qaldırmamışdır. X-m M. heç vaxt Məhkəmə Sədrinin onun işinə baxmaqdan kənarlaşdırılmasını tələb etməmiş, yəni barəsində təkcə Məhkəmə Sədrinin deyil, işə baxan üç hakimin qərar vermiş olması ilə bağlı müraciət etməmişdir. Hökumətin fikrincə, x-m M. TMPM-nin nemo iudex in causa propria (heç kəs öz işində hakim ola bilməz) ümumi qaydasını əks etdirən 734(1)(e) Maddəsinə əsasən bu cür müraciət edə bilərdi (bax yuxarıda 28-ci bənd). Hökumət məhkəmələrin dönə-dönə ədalətin təkcə təmin edilməli deyil, həm də təmin edilməsinin əvvəlcədən görülən olmasının çox vacib olduğunu və bunun hakimin mübahisələndirilməsi və ya işdən kənarlaşdırılması üçün tanınan legitim əsas olduğunu göstərən müxtəlif dövlətdaxili qərarlara istinad etdi. Bununla belə, Böyük Palata tərəfindən işə baxılarkən Hökumət qəbul etdi ki, indiki işdə hakimin TMPM-nin 734(1)(e) Maddəsinə əsasən mübahisələndirilməsinin uğurlu ola biləcəyini təmin edən heç bir dövlətdaxili presedent hüququ yoxdur.
54. Ərizəçi bu məsələ ilə bağlı heç nə təqdim etmədi.
3. Məhkəmənin qiymətləndirməsi
55. Konvensiyanın 35-ci Maddəsinin 1-ci bəndinə əsasən Məhkəmə işə yalnız bütün dövlətdaxili müdafiə vasitələri tükəndirildikdən sonra baxa bilər. Bu qaydanın məqsədi Razılığa gələn Dövlətlərə onlara qarşı iddia olunan hüquq pozuntularının həmin iddialar Məhkəməyə təqdim olunmazdan əvvəl qarşısını almaq və ya onları yoluna qoymaq imkanı yaratmaqdır (bax, Selmouni Fransaya qarşı (Selmouni v. France) [Böyük Palata], no 25803/94, § 74, ECHR 1999-V). Beləliklə, Məhkəməyə təqdim olunan şikayət, ən azından mahiyyəti üzrə, dövlətdaxili qanunvericiliyin formal tələblərinə uyğun olaraq və qanunla müəyyən olunan müddətlər çərçivəsində öncə müvafiq milli məhkəmələrə təqdim olunmalı idi (bax Zarb Adami Maltaya qarşı (Zarb Adami v. Malta ) (dec.), no 17209/02, 24 may 2005-ci il). Bununla belə, dövlətdaxili müdafiə vasitələrinin tükəndirilməsi qaydası ərizəçinin milli hüquq sistemi çərçivəsində olan və iddia olunan hüquq pozuntularının aradan qaldırılması üçün qənaətbəxş və əlçatan olan müdafiə vasitələrinə normal çatımı olmasını tələb edir. Sözügedən müdafiə vasitələrinin mövcudluğu təkcə nəzəriyyədə deyil, təcrübədə də müəyyən olmalıdır, çünki, əks təqdirdə onlara çatımlılıq və onların səmərəliliyi olmayacaqdır. Ərizəçinin qeyri-adekvat və ya səmərəsiz olan müdafiə vasitələrinə müraciət etmək öhdəliyi yoxdur (bax Raninen Finlandiyaya qarşı, (Raninen v. Finland) 16 dekabr 1997-ci il, § 41, Qərarlar üzrə Hesabatlar 1997‑VIII).
56. Palata kimi, Böyük Palata da eynilə hesab edir ki, ərizəçi TMPM-nin 734-cü Maddəsinə əsaslanaraq Məhkəmə Sədrini mübahisələndirə bilməzdi (bax yuxarıda 28-ci bənd), çünki həmin vaxt vəkil ilə hakim arasında qardaş oğlu- əmi münasibəti hakimin mübahisələndirilməsi üçün tələb olunan əsasların sırasında yox idi. Maddə 734 (1) (f) spesifik şəkildə müəyyən ailə əlaqələrini göstərir (bax yuxarıda 28-ci bənd). Bununla belə, qanunverici istəsəydi qeyd oluna bilən bacı və qardaşlar və ya digər daha uzaq qohumlar istisna edilirdi. Bu münasibətlərlə bağlı qanunvericiliyin səssiz olması faktı bununla bağlı spesifik presedent hüququ olmadıqda qanunvericiliyin müvafiq müddəası ilə onların da əhatə edilə bilməsinin ehtimal olunması fikrini də dəstəkləmir. Hökumət də Maddə 734 (1) (e)-nin, yəni daha ümumi müddəanın bu cür müdafiənin əsası ola biləcəyini heç vaxt göstərməmişdir. Bundan başqa, bu məsələ ilə bağlı Hökumət açıqladı ki, hər hansı oxşar işdə hakimi Maddə 734(1)(e)-yə əsasən mübahisələndirməyin nə vaxtsa uğurlu olduğunu göstərən heç bir dövlətdaxili presedent hüququ olmamışdır. Bu o deməkdir ki, hazırkı işdə də ərizəçi bu yolla nəyə isə nail olmağı ağlabatan şəkildə gözləyə bilməzdi.
57. Ən vacibi o idi ki, Məhkəmə qeyd edir ki, mübahisəli qərarın ardından x-m M. ərizəçinin varisliyi ilə Apelyasiya Məhkəməsinin bitərəf olmamasını və ona mövqeyini bildirmək imkanı verilmədiyini əsas kimi gətirərək Konvensiyanın 6-cı Maddəsi ilə təmin olunan ədalətli mühakimə hüququnun pozulmasını iddia edərək Mülki Məhkəmədə (Birinci Zal) konstitusional icraat başlatdı. Bunun ardınca ərizəçi Mülki Məhkəmənin onun iddiasını rədd edən qərarından Konstitusiya Məhkəməsinə apelyasiya şikayəti verdi. Məhkəmə hesab edir ki, Hökumətin adi müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı etirazını rədd edən və iddianı prosessual əsaslarla rədd etməyən, sadəcə iddianın mahiyyətinə baxan dövlətdaxili konstitusional yurisdiksiya qarşısında bu iddianı qaldırmaqla ərizəçi çatımı olan və Avropa səviyyəsində şikayət olunan faktlarla əlaqədar olan müdafiə vasitələrindən normal istifadə etmişdir (bax, mutatis mutandis, Zarb Adami (dec.), yuxarıda istinad olunub).
58. Ərizəçinin iddia olunan hüquq pozuntusunu icraatın müxtəlif mərhələlərində alternativ yollarla da aradan qaldırmağa cəhd etməsinin mümkünlüyü və ya dövlətdaxili qanunvericilikdə icazə verildiyi kimi bu cür şikayət etmək üçün icraatın sonunu gözləməsi faktı da yekun qərarı dəyişdirmir. Formalaşmış presedent hüququna əsasən bir müdafiə vasitəsindən istifadə olunduqda mahiyyətcə eyni vəzifəyə malik olan digər bir müdafiə vasitəsindən istifadə olunması tələb olunmur (bax, inter alia, Kozacıoğlu Türkiyəyə qarşı (Kozacıoğlu v. Turkey) [Böyük Palata], no 2334/03, § 40, 19 fevral 2009-cu il).
59. Bununla da müəyyən edilir ki, ərizə dövlətdaxili müdafiə vasitələrinin tükəndirilməməsi əsası ilə rədd oluna bilməz və bu səbəbdən də Hökumətin etirazı təmin olunmur.
C. Ratione materiae uyğunsuzluq
1. Palatanın yekun rəyi
60. Əsas hərəkətdən irəli gələn qadağa icraatı ilə şikayət edilən icraatı fərqləndirərək Palata sonuncunu “qadağa sonrası icraat” hesab etdi və bildirdi ki, bu qadağa icraatının qüsurlarının mübahisələndirilə bildiyi yeni və fərqli icraatdır. Həm Birinci İnstansiya Məhkəməsi, həm də Apelyasiya Məhkəməsi x-m M.-in şikayətini mahiyyəti üzrə araşdırmış və buna görə də mübahisəni müəyyənləşdirmişdir, qadağa icraatında “dinlənilmək hüququ”nu deyil. Beləliklə də, ərizəçi ən azından icraatın 6-cı Maddəyə uyğun olması ilə bağlı mübahisəli əsaslar üzrə iddia qaldıra bilərdi. Bundan əlavə, nəhayət ərizəçi “qadağa sonrası icraatın” ədalətsiz olmasından şikayət etdikdə, konstitusional yurisdiksiya ərizəçinin Apelyasiya Məhkəməsinin bitərəfliyi ilə bağlı şikayətinə mahiyyəti üzrə baxdı və yekunda 6-cı Maddənin bu icraatlara da tətbiqini tanıdı. Palata xatırlatdı ki, Məhkəmənin Vilho Eskelinen Finlandiyaya qarşı (Vilho Eskelinen v. Finland) ([Böyük Palata], no 63235/00, 19 aprel 2007-ci il, § 61) işi üzrə qərarına əsasən Məhkəmənin 6-cı Maddəni müstəqil tətbiq etməsindən asılı olmayaraq, əgər dövlətdaxili sistem onu daha əvvəl tanımışdırsa, Məhkəmə də onun tətbiqini tanımalıdır: “əgər dövlətdaxili sistem məhkəməyə çatımı əngəlləyirsə, Məhkəmə Mübahisənin həqiqətən də 6-cı Maddə ilə müəyyən olunan təminatları istisna edib-etmədiyini yoxlamalıdır. Əgər mübahisə 6-cı Maddəni istisna etmirsə, onda heç bir sual olmadan 6-cı Maddənin 1-ci bəndi tətbiq olunmalıdır.” Bundan əlavə, Konvensiyanın 53-cü Maddəsinə uyğun olaraq 6-cı Maddənin 1-ci bəndi ilə nəzərdə tutulan “mülki hüquq” konsepsiyası dövlətdaxili qanunvericiliklə təmin olunan hüququ məhdudlaşdırmaq kimi təfsir oluna bilməz (bax Okyay və Başqaları Türkiyəyə qarşı, (Okyay and Others v. Turkey ) no 36220/97, § 68, ECHR 2005‑VII). Bu o demək idi ki, 6-cı Maddə hazırkı işə tətbiq olunur.
2. Hökumətin təqdimatları
61. Hökumət bildirdi ki, Böyük Palataya təqdim olunan sənədlərlə də sübut olunduğu kimi, onlar dövlətdaxili ilkin məhkəmə icraatında olmasa da, dövlətdaxili icraat zamanı 6-cı Maddənin tətbiq olunması məsələsini mübahisələndirmişdilər. Bununla belə, dövlətdaxili qanunvericiliyə əsasən onlar dövlətdaxili icraatın sonrakı mərhələsində də bu etirazı irəli sürməyi dayandırmamışdır. Bundan əlavə, dövlətdaxili məhkəmənin bu məsələyə baxmamasının yeganə səbəbi o olmuşdur ki, o işin mənasız və xoşagəlməz olması barədə arqumentə əsaslanaraq onların ilkin etirazını qəbul etmişdir.
62. Şikayət olunan icraat qadağa icraatı zamanı dinlənilmək hüququnun pozulmuş olması barədə iddia ilə bağlı idi. Birincisi, iddia olunan hər hansı hüquq və ya öhdəliyin mahiyyətinə varılmadan ilkin önləmə tədbirlərindən ibarət olduğundan qadağa icraatı 6-cı Maddə ilə əhatə olunmurdu. İddiaçının qadağanın əldə olunmasına nail olub-olmamasından asılı olmayaraq, o öz iddiasını mahiyyəti üzrə irəli sürmək üçün də müvafiq icraat başlada bilərdi. Burdan belə çıxır ki, qadağa icraatından irəli gələn hər hansı icraat da hər hansı hüquqları və ya öhdəlikləri müəyyənləşdirmirdi. Hətta əgər, prosessual qanunvericiliyə uyğun olaraq bu icraat ayrıca bir icraat formasında mahiyyəti üzrə başladılsa da, qadağaya qarşı apelyasiya şikayətinin ekvivalenti kimi qadağa icraatının davamı idi və buna görə də hər hansı formada ilkin iddianın mahiyyətini müəyyənləşdirə bilməzdi.
63. Bundan əlavə, qadağa icraatında dinlənilmək hüququ Malta qanunvericiliyi ilə müəyyən olunmamışdı. Dövlətdaxili presedent hüququna uyğun olaraq, bu cür icraatların sürətli olması kimi xüsusi tələblər səbəbindən bu cür təminatlardan yan keçilə bilərdi. Mülki Məhkəmənin (Birinci Zal) qadağa icraatı üzrə məhkəmə iclası təyin olunanda dinlənilmək hüququnun mövcud olduğunu qeyd edərək x-m M.-n lehinə qərar verməsi ərizəçinin mübahisələndirilə bilən arqumentə malik olması və 6-cı Maddənin bu cür icraata tətbiq oluna bilməsi üçün kifayət deyil, çünki bu mülki hüquqları müəyyən etmir.
64. Bu iş üzrə müxtəlif icraatlar zamanı ortaya çıxan yeganə mülki hüquq yuyulmuş paltarları asmaq hüququ idi ki, bu da əsas iddianın mahiyyətinin mərkəzi hissəsini təşkil edirdi və bununla bağlı da yekun qərar 6 mart 1992-ci il tarixində verilmiş və bu qərara qarşı apelyasiya şikayəti verilməmişdir. Əslində, Apelyasiya Məhkəməsinin də qeyd etdiyi kimi, qadağa icraatı zamanı dinlənilmək hüququ barədə arqumentlər asanlıqla mahiyyət üzrə olan icraat zamanı da təqdim oluna bilərdi və icraatlara qənaət edilməsi qaydası də məhz bunu tələb edirdi.
65. Eskelinen işinin və Konvensiyanın 53-cü Maddəsinin Palata tərəfindən təfsir olunmasına gəldikdə isə, Hökumət Palatanın üç hakiminin Palatanın qərarına əlavə olunmuş fərqli fikirləri və üçüncü tərəfin müşahidələri ilə razı olduğunu bildirdi.
3. Ərizəçinin təqdimatları
66. Ərizəçi bildirdi ki, qadağa barədə göstəriş verildikdən sonra qadağa həmin vaxtdan əvvəl ləğv olunmurdusa, icraat üzrə yekun nəticənin əldə olunmasına qədər qüvvədə olurdu. Buna görə də, nəticəsində qadağa barədə göstərişin verildiyi qadağa icraatı müəyyən müddətdə və müvəqqəti də olsa tərəflərin mülki hüquqlarına toxunmuşdur. Beləliklə, bu qadağanın geniş təsirləri nəzərə alınaraq, Konvensiyanın 6-cı Maddəsi, xüsusilə də Malta kontekstində tətbiq olunur.
67. Bununla belə, şikayət edilən icraat qadağa icraatından fərqlənirdi və həmin icraat da 6-cı Maddə ilə əhatə olunurdu. Həmin icraatlar məhkəməyə çağırış əsasında başladılan formal ad hoc icraatlardan ibarətdir, apelyasiya şikayəti ilə davam etdirilə bilər və birinci instansiyanın qərarı və apelyasiya üzrə qərarla yekunlaşır. Əslində həmin icraatlar qadağa icraatı üzrə qərar vermiş hakim tərəfindən deyil, fərqli məhkəmədə həyata keçirilirdi. Bu icraatlarda sözügedən mülki hüquq “eşidilmək hüququ” idi və işin xarakteri adi dövlətdaxili məhkəmələrdə baxılan hər hansı digər işlərdən fərqlənmirdi.
68. Ərizəçi bildirdi ki, yuyulmuş paltarları asmaq hüququ ilə bağlı əsas icraat 6 mart 1992-ci il tarixində yekunlaşsa da, bu şikayət olunan icraata praktiki təsirsiz olmadı. Əslində, apelyasiya şikayətini verən və əsas şikayətin mahiyyəti üzrə müəyyən olunmasından sonra da onu şikayətini geri götürmək istəməyən və bununla da bu icraatın faydasını və ayrıca olmasını təsdiq edən c-b F. olmuşdur. Bundan əlavə, Hökumət bu müraciəti dövlətdaxili icraatlar çərçivəsində düzgün qaydada etmədiyindən və dövlətdaxili məhkəmələr də bu məsələni öz vəsatətləri ilə qaldırmadığından, Hökumətə icazə vermək olmaz ki, o bu müraciəti indi etsin, əks təqdirdə o bütün iddiaları üzrə dövlətdaxili məhkəmələri tükəndirməli olmuş ərizəçiyə nisbətən daha əlverişli vəziyyətdə olacaqdır.
69. Ərizəçi bildirdi ki, hazırkı işdə Eskelinen işi üzrə qərara əsaslanmağa ehtiyac yoxdur, çünki, istənilən halda onsuz da yuxarıda göstərilən səbəblər əsasında 6-cı Maddə tətbiq olunur. Bundan əlavə, ərizəçi Palatanın Konvensiyanın 53-cü Maddəsinə verdiyi təfsirlə razılaşdı ki, həmin təfsirə əsasən hər hansı sahədə insan hüquqlarının müdafiəsi Məhkəmə qarşısında dövlətdaxili məhkəmələr qarşısında olduğundan aşağı səviyyədə olmamalıdır.
4. Üçüncü Tərəf Hökumətin təqdimatları
70. Çexiya Respublikası Hökuməti bildirdi ki, Məhkəmə özünün 6-cı Maddənin müvəqqəti tədbirlərlə bağlı icraatlara tətbiq olunmamasını müəyyən edən presedent hüququna sadiq qalmalıdır, çünki bunlar ancaq müvəqqəti xarakter daşıyır. Bildirdilər ki, müvəqqəti tədbirlərə müstəqil icraat kimi deyil, yalnız əsas icraatın kontekstində baxılmalıdır. Müvafiq olaraq, bu məsələdə Məhkəmənin yurisdiksiyasından kənara çıxılması o şərtlə qəbul oluna bilər ki, onun müvəqqəti xarakterli olması “icraatın həmin məsələ ilə bağlı hissəsinə” 6-cı Maddənin tətbiq olunmaması üçün etibarlı əsas yaratmır. Bu o deməkdir ki, 6-cı Maddə müvəqqəti tədbirlərə tətbiq oluna bilər, lakin, pozuntu o halda baş verir ki, müvəqqəti tədbirlər üzrə icraatda olan hər hansı çatışmazlıq bütün icraatın ədalətsiz olmasına səbəb olsun. Bu da o deməkdir ki, əsas icraatın tamamilə ayrı olduğu halda pozuntu tapılmasını təsəvvür etmək çətin olacaq.
71. Bundan əlavə, 6-cı Maddə yalnız o şərtlə tətbiq olunmalıdır ki, nəzərdə tutulan tədbir müvəqqəti olsa da, mülki hüquq və öhdəliklərin müəyyən olunması, mövcudluğu, əhatə dairəsi və ya şərləri ilə bağlı olsun (dinlənilmək hüququ kimi). Prosessual hüququn mülki hüquq hesab edilməsinin çətin olmasına baxmayaraq, eyni şey müvəqqəti tədbirlər üzrə icraatlara yardımçı icraatlara da şamil olunur.
72. Daha sonra bildirildi ki, Vilho Eskelinen işi üzrə qərar dövlət qulluqçuları ilə Dövlət arasında məhkəməyə müraciət hüququ ilə əlaqədar olan icraatlarla məhdudlaşdırılmışdı. Bundan əlavə, dövlətdaxili səviyyədə müdafiənin təmin edilməsi 6-cı Maddənin tətbiq oluna bilən olması anlamına gəlmirdi və dövlətdaxili icraatlarda tətbiq oluna bilənliyin mübahisələndirilib-mübahisələndirilməməsi Məhkəmə tərəfindən nəzərə alınmalı olan faktor deyildi.
73. Konvensiyanın 53-cü Maddəsinə gəldikdə isə Çexiya Respublikası bildirdi ki, bu müddəa müəyyən bir hüququn Konvensiya ilə təmin olunmaması əsası ilə insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş standartın səviyyəsinin aşağı salınmasının qarşısını almaq məqsədi ilə qəbul olunmuşdur. Təkrar vurğulandı ki, heç nə milli məhkəmələrin Konvensiya ilə müəyyən olunmuş standartlardan daha yaxşı müdafiə təmin etməsinə mane olmur.
5. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
74 Məhkəmə vurğuladı ki, 6-cı Maddənin 1-ci bəndinin “mülki” tərəfinin tətbiq olunması üçün ortada ən azı mübahisə oluna bilən əsaslarla, dövlətdaxili qanunvericiliklə tanınan, Konvensiya ilə də müdafiə edilib edilməməsindən asılı olmayaraq “mülki hüquqla” bağlı bir mübahisə olmalıdır. Həmin mübahisə həqiqi və ciddi olmalı, təkcə hüququn əslində mövcud olması ilə deyil, həm də onun əhatə dairəsi və həyata keçirilmə forması ilə bağlı olmalı və nəhayət icraatın nəticəsi birbaşa olaraq sözügedən hüquq üçün həlledici əhəmiyyət kəsb etməlidir, yəni sadəcə seyrək əlaqələr və ya uzaq nəticələr 6-cı Maddənin 1-ci bəndinin işə düşməsi üçün kifayət etmir (bax, digərləri ilə yanaşı (inter alia), Mennitto İtaliyaya qarşı (Mennitto v. Italy ) [Böyük Palata], nömrə: 33804/96, § 23, ECHR 2000 X; və Gülmez Türkiyəyə qarşı, (Gulmez v. Turkey) no 16330/02, § 28, 20 may 2008-ci il). Məsələnin necə müəyyənləşdirilməli olduğunu nizamlayan qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və məsələ üzrə yursidiksiyaya malik olan orqanın xarakteri (adi məhkəmə, inzibati orqan və s.) bu səbəbdən də nəticəyə az təsir edir (bax J.S. və A.S. Polşaya qarşı, (J.S. and A.S. v. Poland) no 40732/98, § 46, 24 may 2005-ci il).
75. Qadağa kimi bir müvəqqəti tədbir barədə qərarın verilməsi ilə bağlı ilkin icraatlar adətən mülki hüquq və öhdəlikləri müəyyən edən icraatlar hesab olunmur və buna görə də 6-cı Maddə ilə müdafiə olunmurlar (bax, digərləri ilə yanaşı (inter alia), Wiot Fransaya qarşı, (Wiot v. France ) (dec.), n0 43722/98, 15 mart 2001-ci il; APIS a.s. Slovakiyaya qarşı, (APIS a.s. v. Slovakia ) (dec.), no 39794/98, 13 yanvar 2002-ci il; Verlagsgruppe News GMBH Avstriyaya qarşı, (Verlagsgruppe News GMBH v Austria ) (dec.), no 62763/00, 16 yanvar 2003-cü il; və Libert Belçikaya qarşı, (Libert v Belgium ) (dec.), no 44734/98, 8 iyul 2004-cü il). Məhkəmə daha sonra bildirir ki, icraatı uzun çəkən işlərdə Məhkəmə 6-cı Maddəni müvəqqəti tədbirlər üçün ilkin tələblər edilməsindən deyil, işə mahiyyəti üzrə baxılması üçün müraciət olunmasından sonra tətbiq etmişdir (bax Jaffredou Fransaya qarşı Jaffredou v. France ) (dec.), no 39843/98, 15 dekabr 1998-ci il, və Kress Fransaya qarşı (Kress v. France) [Böyük Palata], no 39594/98, § 90, ECHR 2001‑VI). Buna baxmayaraq, müəyyən işlərdə Məhkəmə 6-cı Maddəni ərizəçinin mülki hüquqları üçün həlledici əhəmiyyət kəsb etməsi səbəbi ilə müvəqqəti tədbirlərlə bağlı icraatlara da tətbiq etmişdir (bax Aerts Belçikaya qarşı, (Aerts v. Belgium ) 30 iyul 1998-ci il, Hesabatlar 1998‑V, və Boca Belçikaya qarşı, (Boca v. Belgium ) no 50615/99, ECHR 2002‑IX). Bundan əlavə, məhkəmə qərara almışdır ki, müvəqqəti tədbir qəti olduqda, əsas icraatdan əhəmiyyətli dərəcədə ayrıldıqda və apelyasiya vasitəsilə ləğv olunmadığı halda tərəflərin hüquqlarına əhəmiyyətli müddət ərzində təsir edə bilərsə və bu səbəblərdən də müvəqqəti qərarın xarakteri müstəsna olaraq başqa cür tələb etdikdə 6-cı Maddənin tətbiq olunmaması prinsipi istisna olunmalıdır (bax Markass Car Hire Ltd Kiprə qarşı, (Markass Car Hire Ltd v. Cyprus ) (dec.), no 51591/99, 23 oktyabr 2001-ci il).
(b) Hazırkı iş üzrə icraatların təsnifatı
76. Hazırkı iş üzrə icraatlar dörd mərhələdən ibarətdir, i) qadağa barədə göstərişin verildiyi icraat; ii) qadağanın ədalətli olub-olmamasının mübahisələndirildiyi icraatlar (qərarından bu Məhkəməyə şikayət edilmiş apelyasiya); iii) Cənab F.-in iddiasıyla bağlı əsas icraatlar; və iv) konstitusional icraatlar.
77. Palatadan fərqli olaraq, Böyük Palata hesab edir ki, icraatları nəzərdən keçirərkən qlobal yanaşmadan istifadə etmək daha müvafiqdir. Qadağa barədə göstəriş ilkin tədbir kimi verilmiş və sonradan işin mahiyyəti üzrə əsas icraatla davam etdirilmişdi. Eyni zamanda, başqa bir dəst icraatlar da qadağa barədə verilmiş göstərişin ədalətli olub-olmamasının mübahisələndirilməsi üçün başladılmışdır. Hökumət kimi, Böyük Palata da qadağanın ədalətli olub-olmamasının mübahisələndirilməsi üçün başladılmış icraata digər yurisdiksiyalarda qadağaya qarşı apelyasiya hesab olunan icraatın analoqu kimi baxır. Hazırkı işə baxıldığı müddətdə Malta hüquq sisteminin bu cür qadağaya qarşı apelyasiyaya icazə vermədiyi mübahisə olunmamışdır. Bununla belə, qadağaların “yenidən” başladılan iki səviyyədə yurisdiksiyalar, daha dəqiq desək, adi yurisdiksiyası çərçivəsində Mülki Məhkəmə (Birinci Zal) və Apelyasiya Məhkəməsi səviyyəsində icraatlarla mübahisələndirilməsi mümkün idi. Beləliklə, qadağa üzrə icraatlar və onların ədalətli olub-olmamasının mübahisələndirilməsi üzrə icraatlar biri-birindən fərqli görünə bilməz. Bu icraatlar işin əsas icraatlar çərçivəsində müəyyənləşdiriləcək mahiyyəti ilə əlaqələndirilmiş bir icraat dəsti idi. İcraatların üç yurisdiksiya səviyyəsində həyata keçirilmiş olması o demək deyil ki, onlar ənənəvi qadağa icraatlarından başqa bir şey kimi nəzərə alınmalıdır. Müvafiq olaraq, bu əsasla Böyük Palata 6-cı Maddənin bu işə tətbiq oluna biləcəyi barədə qərar verəcəkdir.
(c) Presedent hüququnun inkişaf etdirilməsinə ehtiyacın olub-olmaması ilə bağlı
78. Məhkəmə bildirir ki, Avropa Şurasına üzv Dövlətlər arasında geniş yayılmış konsensus vardır ki, 6-cı Maddə ilə müəyyən olunan təminatlar ya dolayısı ilə, ya da birbaşa, qadağa da daxil olmaqla müvəqqəti tədbirlərə də tətbiq olunur (yuxarıda 31-ci bənddə izah olunduğu kimi). Oxşar şəkildə, presedent hüququndan da göründüyü kimi (bax yuxarıda 32-ci bənd) Avropa Birliyinin Ədalət Məhkəməsi (“AƏM”) də hesab edir ki, müvəqqəti tədbirlər ədalət mühakiməsi təminatlarına, xüsusilə də dinlənilmək hüququna uyğun olmalıdır.
79. Müvəqqəti tədbirlərin 6-cı Maddənin əhatə dairəsindən çıxarılması indiyədək o səbəblə əsaslandırılmışdır ki, onlar prinsipcə mülki hüquqları və öhdəlikləri müəyyən etmirlər. Bununla belə, Konvensiyanın iştirakçısı olan Dövlətlərin həddindən artıq uzun çəkən icraatlara gətirib çıxaran çox yüklənmiş ədliyyə sistemlərində əhəmiyyətli sayda işlərin yığılıb qalması ilə üzləşdiyi hallarda bir hakimin qadağa barədə qərarı tez-tez əhəmiyyətli bir müddət ərzində, hətta istisna hallarda həmişə iddianın mahiyyəti üzrə verilən qərara bərabər olur. Bu o deməkdir ki, tez-tez müvəqqəti və əsas icraatlarda eyni “mülki hüquqlar və ya öhdəliklər” barədə qərar verilir və onlar uzun vədədə və ya daimi olaraq eyni effektə malikdir.
80. Bu əsaslara qarşı Məhkəmə, qadağa icraatlarının avtomatik olaraq mülki hüquqları və ya öhdəlikləri müəyyənləşdirməyən icraat kimi xarakterizə olunmasını əsaslandırılmış hesab etmir. Məhkəmə həm də inanmır ki, bu cür icraatlarda yol verilən qüsur mütləq sonrakı mərhələdə, yəni 6-cı Maddə ilə tənzimlənən mahiyyət üzrə icraatlarda aradan qaldırılmalıdır. Çünki, eyni zamanda məruz qalınan hər hansı qərəzlilik nəticəsində yaranmış vəziyyəti bərpa etmək artıq həmin vaxt mümkün olmaya bilər və dəymiş ziyanı da aradan qaldırmaq üçün, pul kompensasiyasının mümkünlüyü istisna olmaqla, real imkan az ola bilər.
81. Bununla da, yuxarıda göstərilən səbəblər əsasında Məhkəmə hesab edir ki, presedent hüququnun dəyişdirilməsi zəruridir. Məhkəmənin əvvəlki işlər əsasında formalaşmış presedent hüququndan, ciddi səbəblər olmadan uzaqlaşmamasının hüquqi müəyyənlik, əvvəlcədən qiymətləndirmə və məhkəmə qarşısında bərabərlik baxımından əhəmiyyətli olması ilə yanaşı, Məhkəmənin dinamik və inkişaf edən yanaşmalardan istifadə etməməsi də onun islahat və ya təkmilləşmə imkanlarını məhdudlaşdırır (bax, mutatis mutandis, Mamatkulov və Askarov Türkiyəyə qarşı (Mamatkulov and Askarov v. Turkey) [Böyük Palata], no 46827/99 və 46951/99, § 121, ECHR 2005-I, və Vilho Eskelinen [Böyük Palata], yuxarıda istinad olunub, § 56). Yadda saxlanmalıdır ki, Konvensiya “nəzəri və ya illüzion hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etmək üçün” hazırlanmışdır (bax, digərləri ilə yanaşı (inter alia), Folgerø və Başqaları Norveçə qarşı (Folgerø and Others v. Norway) [Böyük Palata], no 15472/02, § 100, ECHR 2007‑..., və Salduz Türkiyəyə qarşı (Salduz v. Turkey) [Böyük Palata], no 36391/02, § 51, 27 noyabr 2008-ci il).
82. Bu əsaslarla onu demək olar ki, mülki hüquqları və ya öhdəlikləri də həmçinin müəyyən edən müvəqqəti qərarların Konvensiyanın 6-cı Maddəsi ilə müdafiə olunmaması yeni yanaşmanın tətbiq olunmasını tələb edir.
(d) Yeni yanaşma
83. Əvvəl də qeyd olunduğu kimi, 6-cı Maddə özünün mülki “tərəfi” ilə yalnız mülki hüquqları və ya öhdəlikləri müəyyən edən icraatlara tətbiq olunur. Heç də bütün müvəqqəti tədbirlər bu cür hüquqları və öhdəlikləri müəyyən etmir və 6-cı Maddənin tətbiq oluna bilməsi müəyyən şərtlərə əməl olunub-olunmamasından asılıdır.
84. Birincisi, həm əsas icraatlarda, həm də qadağa icraatlarında sözügedən hüquq anlayışın Konvensiyanın 6-cı Maddəsi ilə müəyyən olunan müstəqil mənası çərçivəsində “mülki” hüquq olmalıdır (bax, digərləri ilə yanaşı (inter alia), Stran Greek Refineries və Stratis Andreadis Yunanıstana qarşı, (Stran Greek Refineries və Stratis Andreadis v. Greece) 9 dekabr 1994-cü il, § 39, A Seriyası no 301‑B; König Almaniyaya qarşı, (König v. Germany ) 28 iyun 1978-ci il, §§ 89-90, A Seriyası no 27; Ferrazzini İtaliyaya qarşı (Ferrazzini v. Italy) [Böyük Palata], no 44759/98, §§ 24-31, ECHR 2001-VII; və Roche Birləşmiş Krallığa qarşı (Roche v. the United Kingdom) [Böyük Palata], no 32555/96, § 119, ECHR 2005‑X).
85. İkincisi, müvəqqəti tədbirin xarakteri, obyekti və məqsədi, həmçinin onun sözügedən hüquq üzərindəki effektləri öyrənilməlidir. Nə vaxt müvəqqəti tədbirin sözügedən mülki hüquq və ya öhdəliyi effektiv şəkildə müəyyən etdiyi hesab oluna bilərsə, onun qüvvədə olma müddətinin uzunluğundan asılı olmayaraq, 6-cı Maddə tətbiq oluna bilər.
86. Bununla belə, Məhkəmə qəbul edir ki, müstəsna işlərdə, yəni misal üçün nəzərdə tutulan tədbirin effektivliyinin sürətli qərar vermə prosesindən asılı olduğu işlərdə, 6-cı Maddənin bütün tələblərinə dərhal əməl olunması mümkün olmaya bilər. Buna görə də, bu cür spesifik işlərdə müvafiq məhkəmənin və ya hakimin müstəqilliyinin və bitərəfliyinin bu cür icraatların zəruri və ayrılmaz təminatı olması ilə yanaşı, sözügedən müvəqqəti tədbirlərin xarakteri və məqsədinə uyğun olduqca həmin icraatlara digər prosessual təminatlar da tətbiq oluna bilər. Məhkəmənin baxdığı hər hansı sonrakı icraatlarda verilən iş üzrə sözügedən icraatların məqsədi nəzərə alınmaqla, sözügedən müvəqqəti icraatın nəzərdə tutulan vəzifəsinə xələl gətirmədən, bir və ya daha çox prosessual təminatların həmin icraatlara tətbiq oluna bilməməsinin müəyyənləşdirilməsi işi Hökumətin üzərinə düşür.
(e) 6-cı Maddənin hazırkı işə tətbiqi ilə bağlı
87. Məhkəmə qeyd edir ki, əsas icraatlarda sözügedən hüququn mahiyyəti qonşuların Malta qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüquqlarından istifadə etməsi ilə və bu səbəbdən də həm dövlətdaxili qanunvericilik, həm də Məhkəmənin presedent hüququna uyğun olaraq mülki xarakterli hüquqla bağlıdır (bax, Ferrazzini İtaliyaya qarşı [Böyük Palata], yuxarıda istinad olunub, § 27, və Zander İsveçə qarşı, (Zander v. Sweden ) 25 noyabr 1993-cü il, § 27, A Seriyası no 279‑B). Qadağanın məqsədi, məhdud müddətdə olsa da, əsas icraatlarda mübahisələndirilən və dərhal qüvvəyə malik olan eyni hüququn müəyyən edilməsi idi. Buradan belə çıxır ki, hazırkı işdə qadağa icraatları 6-cı Maddənin tətbiq oluna bilməsi kriteriyalarına uyğundur və Hökumətin onun tətbiq olunması dairəsinin hər hansı formada məhdudlaşdırması üçün heç bir əsas göstərilməmişdir (yuxarıda 86-cı paraqrafa bax).
88. Məhkəmə bildirir ki, Ərizəçinin şikayəti mahiyyəti üzrə qərarın hələ 6 mart 1992-ci tarixində verildiyi iş üzrə 5 fevral 1993-cü il tarixli qərarla yekunlaşan apelyasiya icraatları ilə bağlıdır. Nəticə etibarilə, Məhkəməyə məlumdur ki, qərarın mübahisələndirildiyi vaxtda mübahisə olunan məsələ əslində artıq həll edilmişdi. Bununla belə, 1990-cı ildə, icraatların başladığı vaxt iddianın mahiyyəti hələ müəyyən olunmamışdı və yuxarıda da müəyyən olunduğu kimi prinsipcə 6-cı Maddə tətbiq oluna bilərdi. Məhkəmə 6-cı Maddənin sonrakı mərhələdə eyni icraatlara tətbiq olunmasının davam etdirilməmiş olmasına heç bir səbəb görmür. Bundan əlavə, Məhkəmə qeyd edir ki, həmin icraatların davam etdirilməsinin səbəbi xanım M.-in təqsiri deyildi, çünki, apelyasiya şikayəti cənab F. tərəfindən verilmişdi.
89. Bununla da Məhkəmə bildirir ki, 6-cı Maddə şikayət edilən icraatlara tətbiq oluna bilər və bu səbəbdən də Hökumətin etirazı təmin olunmamalıdır.
II. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU İLƏ BAĞLI
A. Palatanın yekun rəyi
90. Palata Məhkəmə Sədrinin şəxsi qərəzlilik göstərməsi ilə bağlı kifayət qədər sübutların olduğuna inanmadı. Bununla belə, Palata müəyyən etdi ki, qarşı tərəfin vəkili ilə hakim arasında yaxın ailə əlaqələrinin olması ərizəçinin məhkəməyə sədrlik edən hakimin bitərəf olmayacağı ilə bağlı qorxularına kifayət qədər obyektiv haqq qazandırır və hazırkı iş üzrə faktlar onu göstərir ki, ərizəçinin narahatlığının aradan qaldırılması üçün heç nə edilməmişdir. Bu səbəbdən də, Palata 6-cı Maddənin 1-ci bəndinin (məhkəmənin bitərəfliyi) pozuntusunu müəyyən etdi və qərara aldı ki, şikayətin məhkəmə qarşısında bərabər imkanlarla bağlı ayrıca araşdırılmasına lüzum yoxdur.
B. Ərizəçinin təqdimatları
91. Ərizəçi bildirdi ki, hazırkı iş Məhkəmə Sədrinin Konvensiyanın 6-cı Maddəsinə zidd olaraq həm subyektiv, həm də obyektiv qərəzliliyini əks etdirir. Məhkəmə Sədri ona görə qərəzli olmuşdur ki, onun qardaşı qadağa icraatları zamanı əks tərəfin vəkili olmuşdur. Onun qərəzliliyi paneldəki digər iki hakimin söz tapa bilmədiyi 12 oktyabr 1992-ci il tarixli insidentdən və həmçinin yekun qərardan aydın idi. Yekun qərar xanım M.-in əleyhinə çıxarıldı və həmin qərarda məhkəmə köməkçisinin hazırladığı, xanım M.-in xeyrinə olan və onun vəkilinin Məhkəmə Sədrinin qardaşına qarşı hərəkətlərinə istinad edildiyi hesabatların sənədlər arasından çıxarılması barədə göstəriş verildi (bax yuxarıda 20-ci bənd). Əslində, əksi sübut olunmayınca hakimin şəxsən bitərəf olması hesab edildiyindən, yuxarıda göstərilən hadisələr baş verənə qədər ərizəçinin hakimin işdən kənarlaşdırılmasını tələb etməyə heç bir əsası yox idi. Bununla belə, Məhkəmə Sədri özü bilməli idi ki, qardaşı ilə bağlı işə baxacaq və bu səbəbdən də öz təşəbbüsü ilə işə baxmaqdan kənarlaşmalı idi. Bundan əlavə, ərizəçi bildirdi ki, Məhkəmə Sədrinin insident vaxtı davranışı və bacı-qardaş əlaqəsi ayrı-ayrı məsələlər deyil, eyni qəpiyin iki üzü idi.
C. Hökumətin təqdimatları
92. Hökumət bildirdi ki, hazırkı işdə bitərəfliklə bağlı heç bir məsələ yoxdur. Əgər vəkil iddia etdiyi qərəzlilikdən narahat olsaydı, aydındır ki, hakimin işə baxmaqdan kənarlaşdırılmasını tələb etmiş olardı, bunu isə etməmişdir. Əksinə, vəkil qəbul etmişdir ki, Məhkəmə Sədri ilə onun otağında görüşdükdən sonra insidentin gərginliyi aradan qaldırılmışdı. Əslində, ərizəçi dövlətdaxili səviyyədə mühakiməsinin ədalətli olmaması ilə bağlı iddialarını Məhkəmə Sədrinin ailə əlaqələri səbəbi ilə onun məhkəmədə çıxış etmək hüququnun təmin olunmaması əsasında qurmamışdır. Ərizəçinin iddiası ilə hakimlə qarşı tərəfin qohum olması faktı arasındakı əlaqə yalnız bu Məhkəmə qarşısında qurulmuşdur. Bundan əlavə, Apelyasiya Məhkəməsinin qərarında Məhkəmə Sədrinin hər hansı qərəzliliyi barədə məlumat açıqlanmır və hətta açıqlansaydı da bu ex post facto məsələnin yaranmasına səbəb olmayacaqdı. Apelyasiya Məhkəməsi, həmin Məhkəmə Sədrinin xanım M.-in opponentinin vəkilləri ilə ailə əlaqələrinin olmasına baxmayaraq, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə müəyyən olunan mənada bitərəf idi.
D. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
93. Adətən bitərəflik dedikdə qabaqcadan əmələ gəlmiş yanlış fikrin və ya qərəzin olmaması başa düşülür və onun mövcud olub-olmadığı müxtəlif üsullarla yoxlanıla bilər. Məhkəmənin daimi presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi ilə müəyyən edilən mənada bitərəfliyin mövcudluğu subyektivlik testi ilə müəyyən olunmalıdır ki, həmin testdə əsas məsələ konkret bir hakimin şəxsi inamı və davranışı, yəni həmin hakimin baxdığı işlə bağlı qabaqcadan əmələ gəlmiş yanlış fikrə və ya qərəzə malik olub-olmamasıdır. Bitərəfliyin mövcudluğu həmçinin, obyektivlik testi ilə müəyyən olunur ki, bu testdə əsas məsələ məhkəmənin özünün, müxtəlif aspektləri ilə yanaşı onun tərkibinin onun bitərəfliyi ilə əlaqədar hər hansı legitim şübhənin yaranmasına imkan verməyəcək dərəcədə qənaətbəxş təminatlar təklif edib-etməməsidir (bax, digərləri ilə yanaşı (inter alia), Fey Avstriyaya qarşı, (Fey v. Austria ) 24 fevral 1993-cü il, A Seriyası no 255, §§ 27, 28 və 30, və Wettstein İsveçrəyə qarşı, (Wettstein v. Switzerland ) no 33958/96, § 42, ECHR 2000-XII).
94. Subyektivlik testinə gəldikdə, məhkəmənin qabaqcadan əmələ gəlmiş şəxsi yanlış fikirdən və tərəfkeşlikdən azad olması prezumpsiyası Məhkəmənin presedent hüququnda uzun müddətdir ki, formalaşmış bir prinsipdir (bax, misal üçün, Kyprianou Kiprə qarşı (Kyprianou v. Cyprus ) [Böyük Palata], no 73797/01, § 119, ECHR 2005‑...). Məhkəmə müəyyən etmişdir ki, əksi barədə sübut olmadıqca hakim bitərəf hesab olunmalıdır (bax Wettstein, yuxarıda istinad olunub, § 43). Tələb olunan sübutun tipinə gəldikdə isə, Məhkəmə, misal üçün, hakimin şəxsi səbəblərdən ədavət və ya pis münasibət nümayiş etdirib-etdirmədiyini müəyyənləşdirməyə çalışır (bax De Cubber Belçikaya qarşı, (De Cubber v. Belgium ) 26 oktyabr 1984-cü il, A Seriyası no 86, § 25).
95. Bitərəflik məsələsinin qaldırıldığı işlərin tam əksəriyyətində Məhkəmə obyektivlik testindən istifadə etmişdir. Bununla belə, subyektiv və obyektiv bitərəflik arasında keçilməz bölgü yoxdur, çünki hakimin fəaliyyəti təkcə kənar müşahidəçinin nöqteyi-nəzərinə münasibətdə bitərəfliklə bağlı obyektiv narahatlıq oyatmır (obyektivlik testi), həm də hakimin şəxsi inamı məsələsinə gəlib çıxa bilir (subyektivlik testi) (bax Kyprianou, yuxarıda istinad olunub, § 119). Bununla da, hakimin subyektiv bitərəfliyi prezumpsiyasının mübahisələndirilməsi üçün sübutların əldə olunması çətin ola bilən bir neçə işdə obyektiv bitərəflik tələbi daha vacib təminat vermək imkanı verir (bax Pullar Birləşmiş Krallığa qarşı, (Pullar v. the United Kingdom ) 10 iyun 1996-cı il, Hesabatlar, 1996-III, § 32).
96. Obyektivlik testinə gəldikdə, burada hakimin fəaliyyətindən tamamilə kənarda onun bitərəfliyi ilə bağlı şübhə yaradan faktların olub-olmadığı müəyyən edilməlidir. Bu o deməkdir ki, baxılan iş üzrə həmin işə baxan konkret bir hakimin və ya məhkəmə heyətinin bitərəfliyi ilə bağlı qorxu yaradan legitim bir səbəbin olub-olmadığını müəyyənləşdirərkən narahatlıq doğuran şəxsin mövqeyi vacibdir, amma həlledici deyil. Həlledici olan bu qorxunun obyektiv olaraq əsaslandırılmış hesab edilib-edilməməsidir (bax Wettstein, yuxarıda istinad olunub, § 44, və Ferrantelli və Santangelo İtaliyaya qarşı, (Ferrantelli and Santangelo v. Italy) 7 avqust 1996-cı il, Hesabatlar 1996-III, § 58).
97. Obyektivlik testi əsasən hakim və icraatların digər iştirakçıları arasındakı iyerarxik və ya digər əlaqələrlə bağlıdır (bax hərbi məhkəmə işləri, misal üçün, Miller və Başqaları Birləşmiş Krallığa qarşı, (Miller and Others v. the United Kingdom ) no 45825/99, 45826/99 və 45827/99, 26 oktyabr 2004-cü il; həmçinin hakimin ikili rolu ilə bağlı işlərə bax, misal üçün, Mežnarić Xorvatiyaya qarşı, (Mežnarić v. Croatia ) no 71615/01, 15 iyul 2005, § 36 və Wettstein, yuxarıda istinad olunub, § 47, bu işdə ərizəçinin opponentlərini təmsil edən vəkil nəticədə ərizəçini ayrıca və üst-üstə düşən icraatlarda mühakimə etmişdir) ki, həmin əlaqələr məhkəmənin bitərəfliyi barədə narahatlığın olmasına haqq qazandırır və bu səbəbdən də obyektivlik testi üzrə Konvensiya ilə müəyyən olunan standartlara cavab vermir (bax Kyprianou, yuxarıda istinad olunub, § 121). Ona görə də, hər bir ayrıca işdə sözügedən əlaqənin məhkəmənin bitərəfliyinin olmadığını göstərən xarakterdə və dərəcədə olub-olmadığı müəyyənləşdirilməlidir (bax Pullar, yuxarıda istinad olunub, § 38).
98. Bu mənada hətta görüntü də vacib əhəmiyyət kəsb edir və ya başqa sözlə desək, “ədalət təkcə təmin edilməli deyil, həm də onun təmin edilməsi görülməlidir” (bax De Cubber, yuxarıda istinad olunub, § 26). Burada əsas məsələ demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətə təlqin etməli olduğu inamdır. Buna görə də, bitərəfliyi ilə bağlı qorxu üçün legitim əsasların olduğu hər hansı hakim işə baxmaqdan kənarlaşdırılmalıdır (bax Castillo Algar İspaniyaya qarşı, (Castillo Algar v. Spain ) 28 oktyabr 1998-ci il, Hesabatlar 1998-VIII, § 45).
99. Bundan əlavə, məhkəmələrin ictimaiyyətə zəruri inamı təlqin edə bilməsi üçün onların daxili təşkili məsələsi də nəzərə alınmalıdır (bax Piersack, yuxarıda istinad edilib, § 30 (d)). Bitərəfliyin təmin edilməsi üçün milli prosedurların, yəni hakimlərin işə baxmaqdan kənarlaşdırılmasını tənzimləyən qaydaların mövcudluğu vacib bir amildir. Bu cür qaydalar milli qanunvericinin hakimin və ya məhkəmənin bitərəfliyi ilə bağlı bütün ağlabatan şübhələrin aradan qaldırılmasında maraqlı olduğunu və bitərəfliklə bağlı narahatlıq yaradan səbəbləri aradan qaldırmaqla bitərəfliyi təmin etmək cəhdini göstərir. Bundan əlavə, həqiqi qərəzin olmamasını təmin etmək üçün qaydalar hər hansı tərəfkeşlik təzahürünün aradan qaldırılmasına yönəldilir və bununla da demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətə təlqin etməli olduğu inamın təşviqinə xidmət edir (bax Mežnarić, yuxarıda istinad edilib, § 27). Məhkəmə mühakimənin bitərəf olub-olmadığı və o cümlədən, ərizəçinin bununla bağlı qorxularının obyektiv olaraq əsaslı hesab edilə bildiyi ilə bağlı öz dəyərləndirməsini edərkən bu cür qaydaları da nəzərə alacaqdır (bax, mutatis mutandis, Pescador Valero İspaniyaya qarşı, (Pescador Valero v. Spain) no 62435/00, §§ 24-29, ECHR 2003-VII).
2. Hazırkı işə tətbiq olunmaqla bağlı
100. Məhkəmə qeyd edir ki, hakimlərin mübahisələndirilməsi ilə bağlı spesifik müddəalar TMPM-nin 734-cü Maddəsində müəyyən olunmuşdur (bax yuxarıda 28-ci bənd). Palata kimi, Böyük Palata da müşahidə edir ki, hazırkı işin icraatda olduğu müddətdə qüvvədə olan Malta qanunvericiliyində iki səviyyədə çatışmazlıq olmuşdur. Birincisi, bitərəfliklə bağlı məsələ meydana çıxdığı halda hakimin işə baxmaqdan kənarlaşması ilə bağlı avtomatik öhdəlik yox idi ki, bu məsələ hazırda qüvvədə olan qanunvericilikdə də dəyişilməmiş qalır. İkincisi, hazırkı işin icraatda olduğu müddətdə qanunvericilik hakim ilə vəkil arasındakı bacı- qardaş münasibətlərini problem kimi tanımır və bunu hakimin mübahisələndirilməsi üçün əsas hesab etmirdi, nəinki əmilər/xalalar və ya bibilər/xalalar ilə qardaş/bacı oğlu və ya qardaş/bacı qızı arasında olan daha az dərəcəli qohumluq əlaqələrini. Buna görə də, Palata kimi, Böyük Palata da hesab edir ki, qanunvericilik özü-özlüyündə subyektiv və obyektiv bitərəfliyə adekvat təminatlar vermir.
101. Məhkəmə Məhkəmə Sədrinin şəxsi qərəzlilik nümayiş etdirdiyini göstərən kifayət qədər sübutların olduğuna inanmır. Buna görə də, Məhkəmə işin, daha çox zəmanət təmin edən obyektiv bitərəflik testi əsasında araşdırılmasına üstünlük verir.
102. Obyektivlik testinə gəldikdə isə, şikayətin bu hissəsi müvafiq qanunvericilikdə olan qüsura yönəldilib ki, həmin qüsur səbəbindən hakimin qarşı tərəfin vəkili ilə münasibəti əsasında, həmin münasibət birinci dərəcəli qan qohumluğu və ya qohumluq olmadığından, mübahisələndirilməsi mümkün olmamışdır (bax yuxarıda 28-ci bənd). Nəticə etibarilə, hazırkı işdə xanım M.-in işinə üzvlərindən birinin qarşı tərəfin vəkilinin əmisi və birinci instansiya icraatlarında çıxış edən və fəaliyyətindən apelyasiya şikayəti verilmiş vəkilin qardaşı olan üç hakimdən ibarət panel tərəfindən baxılmışdır. Böyük Palata hesab edir ki, qarşı tərəfin vəkili ilə Məhkəmə Sədri arasında yaxın ailə əlaqələrinin olması məhkəmə sədrinin bitərəf olmaması ilə bağlı qorxunun obyektiv əsaslandırılması üçün kifayət edir. Məsələyə elə baxmaq olmaz ki, Malta kiçik ölkədir və ailələrin bütövlüklə hüquqşünaslıq üzrə işləməsi adi fenomendir. Əslində Hökumət özü də bunun təkrar-təkrar qarşılaşılan və müvafiq qanunvericiliyə, hazırda kənarlaşdırılma üçün əsaslardan biri kimi bacı-qardaş münasibətlərinin daxil edildiyini nəzərdə tutan dəyişikliyin edilməsi zərurətini yaratmış məsələ oludğunu etiraf etmişdir (bax yuxarıda 29-cu bənd).
103. Yuxarıda nəzər yetirilənlər Məhkəməyə kifayət qədər imkan verir ki, məhkəmənin tərkibinin onun bitərəfliyini təmin etmədiyi və obyektivlik testinə əsasən məhkəmənin Konvensiya ilə müəyyən olunan standartlara cavab vermədiyi barədə qərar versin.
104. Bu səbəbdən də, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndinin pozulmuş olduğu müəyyən edilir.
105. Bu maddənin pozuntusunu müəyyən etməklə, Məhkəmə hesab edir ki, hakimin davranışının x-m M.-in məhkəmədə çıxış etmək hüququnu pozması ilə bağlı şikayət üzrə ayrıca qərar verilməsinə ehtiyac yoxdur.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI
106. Konvensiyanın 41-ci Maddəsinə əsasən:
“Əgər Məhkəmə Konvensiyanın və ya ona dair Protokolların müddəalarının pozulduğunu müəyyən edirsə və əgər Razılığa gələn Yüksək Tərəfin daxili hüququ yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
1. Palatanın qərarı
107. Palata hesab edir ki, pozuntunun müəyyən edilməsi özlüyündə ərizəçinin məruz qalmış ola bildiyi hər hansı qeyri-maddi zərərin əvəzinin ədalətli ödənilməsi üçün qənaətbəxşdir.
2. Tərəflərin təqdim etdikləri
108. Ərizəçi məruz qaldığı qeyri-maddi zərərə görə 5,000 avro (EUR) tələbində qaldı.
109. Hökumət bildirdi ki, Palatanın yekun rəyinə yenidən baxmağa heç bir əsas yoxdur.
3. Məhkəmənin qərarı
110. Böyük Palata hazırkı işin halları ilə əlaqədar yaşanan mənəvi zərərlə bağlı Palata ilə razılaşır ki, pozuntunun müəyyən edilməsi özlüyündə ərizəçinin məruz qalmış ola bildiyi hər hansı qeyri-maddi zərərin əvəzinin ədalətli ödənilməsi üçün qənaətbəxşdir (bax Chmelíř Çexiya Respublikasına qarşı, (Chmelíř v. the Czech Republic) no 64935/01, § 74, ECHR 2005-IV, və Coyne Birləşmiş Krallığa qarşı, (Coyne v. the United Kingdom ) 24 sentyabr 1997-ci il, Hesabatlar, § 64).
B. Xərclər və məsrəflər
1. Palatanın qərarı
111. Palata birinci instansiya və apelyasiya məhkəməsindəki icraatlara görə iddia olunan xərcləri təmin etmədi, çünki onlar Məhkəmə tərəfindən müəyyən olunmuş pozuntunun qarşısının alınması və ya aradan qaldırılması üçün çəkilməmişdi. Daha sonra Palata dövlətdaxili konstitusional icraatlar üçün göstərilmiş professional hüquq xidmətlərinə görə tələb olunan məbləğləri də təmin etmədi, çünki ərizəçi həmin xərclərin həqiqətən də çəkilmiş olduğunu sübut edə bilmədi. Bununla belə, Palata nəzərə aldı ki, ərizəçi Konvensiyanın pozuntusunu aradan qaldırmaq üçün həm dövlətdaxili, həm də Avropa səviyyəsində bəzi xərclər çəkmişdir və ərizəçinin həm dövlətdaxili məhkəmələrdə, həm də Avropa Məhkəməsi üçün çəkdiyi xərclərə görə ona 2,000 Avro məbləğində vəsaitin ödənilməsini müəyyən etdi.
2. Tərəflərin təqdimatları
112. Ərizəçi yazılı müraciətlərə görə 850 avro, sənədlərin tərcümə edilməsinə görə 250 avro və inzibati xərclərə görə 77 avro olmaqla ümumilikdə Palatada icraatlara görə 1,177 avro və yazılı təqdimatlara görə 850 Avro, hüquqi yardım üçün müraciətin hazırlanması ilə əlaqədar 350 avro, Böyük Palataya müraciətin hazırlanması ilə əlaqədar 300 avro, yazılı müraciətlərin tərcümə edilməsi üçün 250 avro, şifahi dinləmədə iştirak etmək üçün 300 avro və inzibati xərclər üçün 143 avro olmaqla ümumilikdə Böyük Palatada icraatlara görə 2,193 avro tələb etdi.
113. Hökumət bildirdi ki, Palatadakı icraatlara görə tələb olunan məbləğ Palatanın ödənilməsini müəyyən etdiyi məbləğdən azdır və Böyük Palatadakı icraatlara görə tələb olunan məbləğ həddindən artıqdır və müxtəlif məsələlər üzrə xərclər ikiqat hesablanıb.
3. Məhkəmənin qərarı
114. Böyük Palata qeyd edir ki, Palatanın müəyyən etdiyi məbləğ həm dövlətdaxili icraatların xərc və məsrəflərini, həm də Palatanın qərarınadək olan Konvensiya icraatlarının xərc və məsrəflərini əhatə edir və buna görə də Palatanın müəyyən etdiyi 2,000 Avro məbləği təsdiq edir.
115. Böyük Palatadakı icraatlarla bağlı xərc və məsrəflərə gəldikdə isə, Məhkəmə təkrar vurğulayır ki, Məhkəmənin presedent hüququna əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilmiş olsun. Hazırkı işdə, yuxarıda qeyd olunan kriteriyalara və əlində olan məlumatlara, yəni ərizəçinin öz tələbini əsaslandıran hər hansı sübut təqdim etməməsinə və iş saatlarının sayı və saat hesabı tarif barədə məlumatın olmamasına əsaslanaraq Məhkəmə Böyük Palatadakı icraatlarda çəkilən bütün xərclərin zəruriyyət qarşısında və ağlabatan kəmiyyətdə çəkilmiş olduğuna inanmır. Avropa Şurası tərəfindən Böyük Palatadakı icraatlarla bağlı hüquqi yardım üçün ödənilən 1,85486 Avro məbləği nəzərə alaraq Məhkəmə bu məsələ üzrə heç bir məbləğ təyin etmir.
116. Nəticə etibarilə, Məhkəmə Palatadakı icraatlara görə çəkilmiş xərclər və məsrəflər başlığı altında 2,000 Avro məbləğin təyin olunmasını təsdiq edir.
C. Qərarın icrasının gecikdirilməsinə görə faiz
117. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ
1. Altı səsə qarşı on bir səslə Hökumətin təqdim etdiyi ilkin etirazları rədd edir;
2. Altı səsə qarşı on bir səslə qərara alır ki, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi bitərəflik tələbi ilə bağlı pozulmuşdur;
3. Yekdilliklə qərara alır ki, ərizəçinin xanım M.-in məhkəmədə çıxış etmək hüququ ilə bağlı şikayətinə ayrıca baxmağa lüzum yoxdur;
4. Altı səsə qarşı on bir səslə qərara alır ki,
(a) cavabdeh dövlət üç ay ərzində ərizəçiyə xərclər və məsrəflərlə bağlı 2,000 (iki min) Avro və üstəgəl ərizəçidən tutula bilən hər hansı verginin məbləğini ödəməlidir;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir.
5. Ərizəçinin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hissəsini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 15 oktyabr 2009-cu il tarixində Strasburqda, İnsan Hüquqları Binasında keçirilən açıq məhkəmə iclasında təqdim olunmuşdur.
Michael O’BoyleJean-Paul Costa
Katibin MüaviniSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy