Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 36
Noyabr 2001-ci il
***
Makelhinni (McElhinney) İrlandiyaya qarşı [BP] – ərizə № 31253/96
21.11.2001 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət etmək hüququ
Xarici əsgərin hərəkətləri səbəbindən dəymiş ziyana görə qaldırılan iddiaya qarşı dövlətin immunitetə malik olması: pozuntu baş verməyib
Faktlar – İrlandiya polisinin əməkdaşı olan ərizəçi Şimali İrlandiyadan İrlandiya Respublikasına keçərkən avtomobili Britaniya ordusunun nəzarət-buraxılış məntəqəsindəki baryerin üzərinə sürərək qəza törətmişdi. Əsgər ərizəçiyə tərəf bir neçə atəş açmış, ərizəçi isə terror aktından ehtiyat edərək avtomobili sürüb getmişdi. O, avtomobili polis bölməsinə sürmüş, orada isə onu təqib edən əsgər əmr etmişdi ki, avtomobildən çıxsın və əllərini yuxarı qaldırıb üzü divara doğru dayansın. Ərizəçi ona polis əməkdaşı olduğunu izah etməyə çalışarkən əsgər silahından atəş açmağa cəhd etmiş, amma silah açılmamışdı. Ərizəçi həddindən artıq spirtli içki qəbul etdikdən sonra avtomobili idarə etməkdə şübhəli bilinərək İrlandiya polisi tərəfindən saxlanılmış və sonradan qan və ya sidik analizi verməkdən imtina etdiyinə görə məhkum edilmişdi. O, İrlandiya Yüksək Məhkəməsində əsgərə və Böyük Britaniyanın Şimali İrlandiya üzrə nazirinə qarşı iddia qaldırmışdı. Lakin suveren immunitet hüququnu əsas gətirən sonuncunun vəsatəti əsasında Yüksək Məhkəmə bu iddianı baxılmalı işlərin siyahısından çıxarmış və belə əsas gətirmişdi ki, ərizəçi İrlandiya məhkəmələrində xarici hökumət üzvünə qarşı iddia qaldırmaq hüququna malik deyil. Ərizəçinin apellyasiya şikayəti Ali Məhkəmə tərəfindən rədd edilmişdi. O, əsgərə qarşı məhkəmə iddiasını davam etdirməmişdi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Şəxsin ölkədaxili iddia tələbinin təmin edilməsinin mümkünlüyü məsələsi təkcə daxili qanunvericilikdə müəyyən edilmiş hüququn substantiv məzmunundan deyil, həm də prosessual maneələrin mövcudluğundan asılıdır. Konvensiya orqanlarının nəzarəti olmadan dövlətin bir sıra mülki iddiaları məhkəmələrin yurisdiksiyasından xaric etməsi, yaxud geniş qruplara və ya kateqoriyalara immunitet verməsi mümkün olsaydı, bu, qanunun aliliyinə və ya 6-cı maddənin 1-ci bəndinin kökündə duran təməl prinsipə zidd olardı. Hazırkı işdə ərizəçinin qaldırmaq istədiyi məhkəmə işi iddia tələbi üçün əsas təşkil edən, İrlandiya hüququnda məlum olan əməllərin, yəni şəxsə hücum etmə cəhdi, ehtiyatsızlıqdan hüquq pozuntusu törətmə və xidməti vəzifənin tələblərini pozma əməllərinin yetirdiyi ziyanla əlaqədar idi, cavabdehə immunitetin verilməsi isə substantiv hüquqla əlaqədar deyildi, məhkəmələrin bu hüquqla bağlı qərar vermək səlahiyyətinin qarşısını alan prosessual maneə ilə əlaqədar idi. Beləliklə, mülki hüquqlarla bağlı ciddi və həqiqi mübahisə mövcud idi və 6-cı maddə bu işə tətbiq edilə bilərdi.
Məhkəməyə müraciət etmək hüququna məhdudiyyətlər tətbiq edilə bilər, bu şərtlə ki, onlar bu hüququn mahiyyətinə xələl gətirməsin. Belə məhdudiyyətlər qanuni məqsəd daşımalı və həmin məqsədə mütənasib olmalıdır. Mülki işlərdə dövlətə suveren immunitetin verilməsi dövlətlər arasında ehtirama və xoş münasibətlərə şərait yaratmaq kimi beynəlxalq hüquq konsepsiyasına əməl etməkdən ibarət qanuni məqsəd daşıyır. Mütənasibliyə gəlincə, Konvensiya mümkün qədər beynəlxalq hüququn digər normalarına, o cümlədən dövlət immunitetinə aid normalara uyğun şəkildə şərh edilməlidir. Beləliklə, dövlət tərəfindən görülən və beynəlxalq ümumi hüququn hamılıqla tanınan normalarını əks etdirən tədbirlər prinsipcə məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib məhdudiyyətin tətbiqi hesab edilə bilməz. Bu baxımdan beynəlxalq və müqayisəli hüquqda dövlətin yurisdiksiyası daxilində olan hərəkət və ya hərəkətsizlik səbəbindən şəxsin ziyana məruz qaldığı işlərdə dövlətin immunitetinin məhdudlaşdırılması istiqamətində tendensiya müşahidə edilsə də, bu praktika qətiyyən universal xarakter daşımır və bu tendensiya ilk növbədə "sığortalana bilən" fərdi ziyana, yəni adi yol-nəqliyyat qəzalarından irəli gələn insidentlərə aiddir, amma dövlətin suverenliyi ilə bağlı mühüm məsələlərə, məsələn, xarici ölkə ərazisində əsgərin etdiyi hərəkətlərə aid deyil, belə ki, bu hərəkətlər öz xarakterinə görə dövlətlər arasındakı diplomatik münasibətlər və milli təhlükəsizlik kimi həssas məsələləri əhatə edə bilər. Şübhəsiz ki, İrlandiya immunitetin bu cür məsələlərə şamil olunduğunu hesab edən yeganə ölkə deyil və İrlandiya hüququnun beynəlxalq hüququn ümumi prinsiplərinə zidd olduğu qənaətinə gəlmək mümkün deyil. Üstəlik, hazırkı işdə ərizəçi Şimali İrlandiyada Böyük Britaniyanın müdafiə nazirinə qarşı iddia qaldırmaq imkanına malik idi. Belə olan halda demək olmaz ki, İrlandiya malik olduğu qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşıb.
Nəticə: pozuntu baş verməyib (beş səsə qarşı on iki səslə).
Full & Egal Universal Law Academy