© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
KEÇMİŞ BEŞİNCİ BÖLMƏ
MİÇAUD FRANSAYA QARŞI İŞİ
(CASE OF MICHAUD v. FRANCE)
(12323/11 saylı ərizə)
QƏRAR
STRASBURQ
6 dekabr 2012
YEKUN
06/03/2013
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən yekun qərardır. Qərar redaktə məqsədilə təhlil edilə bilər.
Michaud Fransaya qarşı işinə,
Aşağıdakı tərkibdən:
Dean Spielmann, Sədr,
Mark Villiger,
Boštjan M. Zupančič,
Ann Power-Forde,
Angelika Nußberger,
Helen Keller,
André Potocki, hakimlər,
və Claudia Westerdiek, Bölmə Katibi,
ibarət Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi (keçmiş Beşinci Bölmə), 2 oktyabr 2012-ci il (fərqli tərkibdə; aşağıda 7-ci bənddə qeyd olunub) və 20 noyabr 2012 ci il tarixlərdə qapalı müşavirə keçirərək
sonuncu qeyd olunan tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarıb:
PROSES
1. İş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa İnsan Hüquqları Konvensiyasının (“Konvensiya”) 34-cü Maddəsinə əsasən Fransa Respublikasına qarşı Fransız vətəndaşı Cənab Patrick Michaud (“ərizəçi”) tərəfindən 19 yanvar 2011-ci il tarixdə Məhkəməyə təqdim edilmiş şikayət (No 12323/11) əsasında açılıb.
2. Ərizəçini Bordo şəhərində vəkillik fəaliyyəti ilə məşğul olan Cənab Bertrand Favreau təmsil edib. Fransa Hökumətini (“Hökumət”) öz nümayəndəsi, Xarici İşlər Nazirliyində Hüquq Məsələləri üzrə Direktor vəzifəsində çalışan Xanım Edwige Belliard təmsil edib.
3. 8 dekabr 2011-ci il tarixində ərizə Hökumətə kommunikasiya edilib.
4. Həm ərizəçi, həm də Hökumət Məhkəməyə ərizənin qəbuledilənliyi və mahiyyəti üzrə mülahizələrini təqdim edib.
5. Avropa Hüquq Cəmiyyətləri və Vəkillər Şurasına (“CCBE”), Brüsselin fransız dilli Vəkillər Kollegiyasına və İnsan Hüquqları üzrə Avropa Vəkillər İnstitutuna (“EBHRI”) öz yazılı rəylərini təqdim etmək üçün icazə verilib (Konvensiyanın 36-cı Maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 44-cü Qaydasının 3-cü bəndi).
6. Dinləmələr 2 oktyabr 2012-ci il tarixdə Strasburqda İnsan Huquqları Binasında açıq şəkildə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmə qarşısında çıxış etdi:
(a) Hökumətin adından
XanımA.F. TISSIER, İnsan Hüquqları Bölməsinin Sədri,
Hüquq Məsələləri Şöbəsi,
Xarici İşlər Nazirliyi, Həmnümayəndə ,
Xanım K. MANACH, Dəftərxana Katibi, İnsan
Hüquqları Bölməsi, Hüquq Məsələləri
Şöbəsi, Xarici İşlər Nazirliyi, Məsləhətçi,
Cənab oublot, Məhkəmə və Avropa Məhkəmə
Çəkişməsi Ofisinin Rəhbəri, Ədliyyə Nazirliyi, Məsləhətçi ,
Cənab Jariel, Peşəkar Nizamlama Ofisinin Rəhbəri,
Mülki və Məhkəmə İşləri Şöbəsi,
Ədliyyə Nazirliyi, Məsləhətçi,
Xanım F. Lifchitz, Tərtibetmə Katibi,
Peşəkar Nizamlama Ofisi,
Ədliyyə Nazirliyi, Məsləhətçi,
CənabR. Uguen-Laithier, Tərtibetmə Katibi,
Mütəşəkkil cinayətkarlıq, terrorizm və
çirkli pulların yuyulmasına qarşı mübarizə idarəsi,
Cinayət İşləri və Əvf Şöbəsi,
Ədliyyə Nazirliyi, Məsləhətçi,
Cənab X. Domino, Hüquqi Araşdırmalar və
Məlumat Mərkəzinin Rəhbəri, Dövlət Şurası, Məsləhətçi,
XanımS. Leroquais, Tədqiqatçı, Dövlət Şurası,Məsləhətçi,
XanımA. Cuisiniez, Məsləhətçi,
Avropa və Beynəlxalq Hüquq Ofisi,
İqtisadiyyat və Maliyyə Nazirliyi,Məsləhətçi;
(b) ərizəçinin adından
Cənab B. Favreau, Bordo Vəkillər Kollegiyasının vəkili,
Cənab M. Chauvet,Məsləhətçi.
Prosesdə ərizəçi özü də iştirak etdi. Məhkəmə Xanım Tissier və Cənab Favreau tərəfindən edilən çıxışları və onun (Məhkəmənin) suallarına verdikləri cavablarını dinlədi. O, həmçinin ərizəçini dinlədi.
7. Palata, hakimlər Dean Spielmann, Sədr Mark Villiger, Karel Jungwiert, Boštjan Zupančič, Ann Power-Forde, Angelika Nußberger və André Potocki və Katib Claudia Westerdiekdan ibarət idi. Sonda ehtiyat hakim Helen Keller, səlahiyyət müddəti 31 oktyabr 2012-ci il tarixdə bitən Hakim Jungwierti əvəz etdi.
FAKTLAR
I. İŞİN HALLARI
8. Ərizəçi 1947-ci ildə doğulub və Parisdə yaşayır. O, Paris Vəkillər Kollegiyasının və Vəkillər Şurasının üzvüdür.
9. O bildirib ki, Avropa İttifaqı, maliyyə sistemindən çirkli pulların yuyulması üçün istifadə edilməsinin qarşısının alınması məqsədilə ardıcıl olaraq üç Direktiv qəbul edib. Birinci Direktivin (91/308/EEC; 10 iyun 1991) hədəf qrupu maliyyə təsisatları və institutlarıdır. Bu, 4 dekabr 2001-ci il tarixli Direktivlə (2001/97/EC) dəyişdirilərək digər məsələlərlə yanaşı, “müstəqil hüquq peşələrinin üzvləri” də daxil olmaqla, maliyyə sektorundan kənarda olan peşələri də əhatə edərək hədəflərin əhatə dairəsini genişləndirib. Üçüncü Direktiv (2005/60/EC; 26 oktyabr 2005) 10 iyun 1991-ci il tarixli Direktivi dəyişikliklərlə birlikdə ləğv edərək, yeniləndirilib və məzmununa əlavələr edib. Bu Direktivlərin müddəalarının milli qanunvericiliyə tətbiq edilməsini təsbit edən qanunlar (10 iyun 1991-ci il tarixli Direktivin müddəaları 11 fevral 2004-cü il tarixli 2004-130 saylı (dəyişikliklər edilmiş) Qanun əsasında milli qanunvericiliyə tətbiq edilib) və bu qanunların tətbiqinə dair 26 iyun 2006-cı il tarixli 2006-736 saylı Dekretin müddəaları Valyuta və Maliyyə Məcəlləsinə daxil edilib (təfsilatlar üçün aşağıda III və IV bölmələrə bax: "Avropa İttifaqının müvafiq qanunvericiliyi" və "Müvafiq daxili qanunvericilik").
10. Bu mətnlər vəkillər üçün “şübhələrlə bağlı məlumat vermək öhdəliyi” yaradır ki, vəkillik peşəsi – vəkillik peşəsinin imtiyazına və vəkillə müştəriləri arasındakı məlumatın məxfiliyinə təhlükə kimi gördüyü üçün – bu halı hər zaman pisləyib və bunu xüsusilə Milli Vəkillər Şurası vasitəsilə edib.
11. Buna baxmayaraq, 12 iyun 2007-ci il tarixdə Milli Vəkillər Şurası “çirkli pulların yuyulması və terrorçuların maliyyələşdirilməsinə qarşı mübarizə öhdəliyinin yerinə yetirilməsi üçün daxili prosedurlarla bağlı qaydaları əks etdirən qərar və həmin prosedurların icra olunmasını təmin edən nəzarət mexanizmi” qəbul edib” (9 avqust 2007-ci il tarixdə Rəsmi Qəzetdə dərc olunub). Bu zaman o, faktiki olaraq müəyyən vəkillərin və hakimlərin peşə fəaliyyətlərində islahatları nəzərdə tutan 31 dekabr 1971-ci il tarixli Qanunun 21-1-ci maddəsini tətbiq edib ki, bu maddə də ona səlahiyyət verirdi ki, qüvvədə olan qanunları və hüquqi aktları nəzərə almaq şərti ilə, vəkil peşəsinin qaydalarının və praktikasının vahid formaya salınması (unifikasiyası) üçün ümumi tədbirlər görsün.
12. Yuxarıda qeyd olunan qərarın 1-ci maddəsində qeyd olunur ki, “Fransa Vəkillər Kollegiyasının üzvü olan bütün vəkillər” öz ixtisasları ilə bağlı fəaliyyətləri həyata keçirərkən, öz müştəriləri üçün və ya müştərilərinin adından hər hansı maliyyə və ya daşınmaz əmlak alqı-satqısı prosesində iştirak edərkən və ya: (1) daşınmaz əmlakın və ya qeyri-maddi aktivin alqı-satqısı; (2) müştəriyə məxsus olan fondların, qiymətli kağızların və ya digər əmlakın idarə olunması; (3) cari hesabların, əmanət hesablarının və qiymətli kağızlar hesabının açılması; (4) şirkətlərin yaradılması üçün tələb olunan yardımın təşkili; (5) şirkətlərin formalaşdırılması, idarə olunması və onlara nəzarət olunması; (6) xarici hüquqi sistem və ya hər hansı oxşar struktur tərəfindən idarə olunan kreditin formalaşdırılması, idarə olunması və onlara nəzarət olunması – kimi hallarla əlaqədar olan alqı-satqı işlərinin hazırlanması və ya icrası ilə bağlı öz müştərilərinə yardım edərkən, peşələri ilə bağlı bu qaydalara tabedirlər. Onlar, yuxarıda qeyd olunan bu və ya digər fəaliyyətlə bağlı “vəkil kimi və ya məhkəmə prosesi kontekstində fəaliyyət göstərərkən” bu qaydalara tabe deyillər (2-ci maddə).
13. Qaydalar xüsusilə müəyyən edir ki, vəkillər bu kontekstdə hər zaman “xüsusi səy göstərməli” və şübhələrlə bağlı məlumat verməklə bağlı nəzərdə tutulan (3-cü maddə), xüsusilə bu cür məlumatın əsaslandırılması üçün zəmin yarandıqda, əməl edilməli olan proseduru əks etdirən (7-ci maddə) qanun və qaydaları digər məsələlərlə yanaşı (inter alia) təmin etmək üçün “daxili prosedurlar müəyyən etdirməlidirlər”. Daha dəqiq desək, onlar atılacaq addımları izah edən yazılı qaydalar qəbul etməlidirlər (5-ci maddə). Onlar həmçinin qaydaların struktura uyğun şəkildə tətbiq edilməsini, həmçinin vəkillərin və heyətin konkret fəaliyyətlərinə uyğun zəruri məlumat almalarını və təlim keçmələrini (9-cu maddə) və daxili monitorinq sisteminin müəyyən edilməsini (10-cu maddə) təmin etməlidirlər. Eyni zamanda, qaydalar dəqiq şəkildə müəyyənləşdirir ki, “vəkillər hər bir halda peşəkar konfidensiallığı təmin etməlidirlər” (4-cü maddə).
14. Bu qaydaların yerinə yetirilməməsi intizam məsuliyyətinə və hətta kollegiyadan xaric edilməyə səbəb ola bilər (vəkillik peşəsini müəyyən edən 27 noyabr 1991-ci il tarixli 91-1197 saylı Dekretin 183 və 184-cü bölmələri).
15. 10 oktyabr 2007-ci il tarixdə ərizəçi, bunun vəkillərin öz peşələrini yerinə yetirmə azadlığını məhdudlaşdırdığını və bu peşəni tənzimləyən əsas qaydalara zidd olduğunu hesab edərək qərarın ləğv olunması ilə bağlı Dövlət Şurasına müraciət edib. O bildirib ki, Milli Vəkillər Şurasına çirkli pulların yuyulması kimi məsələlərlə bağlı nəzarətedici səlahiyyət verən hər hansı qanun və ya nizamnamə yoxdur. Bundan başqa, nəzərdə tutulan qərar vəkillərdən, şübhəli hallar barədə məlumat verilməsilə bağlı olan, intizam məsuliyyətinə səbəb ola bilən təlimatın yerinə yetirilməsini təmin etmək üçün daxili prosedurları müəyyən etməyi tələb edir, lakin “şübhələr” anlayışı müəyyən edilmir ki, bu da Konvensiyanın 7-ci maddəsində nəzərdə tutulan hüquqi müəyyənlik tələbinin pozuntusudur. Buna əlvə olaraq, o, Andre və Başqaları Fransaya qarşı (Andre and Others v. France) 24 iyul 2008-ci il tarixli (18603/03 saylı) qərara istinad edərək iddia edib ki, Milli Vəkillər Şurası tərəfindən qəbul edilən qaydalar Konvensiyanın 8-ci Maddəsinə ziddir, çünki “şübhələr barədə məlumat vermək öhdəliyi” hüquqi peşəkarlıq imityazını və vəkillə müştəri arasındakı məlumatın məxfiliyini təhlükə altına qoyur. Sonda, o, Avropa İttifaqı Sazişinin 267-ci maddəsi altında Dövlət Şurasından xahiş edib ki, məsələ ilə bağlı Avropa İttifaqı Ədalət Məhkəməsinə müraciət edərək “cinayət əməli ilə bağlı şübhənin elan olunması”nın Avropa İttifaqı Sazişinin 6-cı maddəsi və Konvensiyanın 8-ci maddəsinin tələblərinə cavab verib verməməsi barədə ilkin qərara nail olsun.
16. Dövlət Şurası 23 iyul 2010-cu il tarixli qərarında müraciətin əsas hissələrini rədd edib.
17. Qərarda Konvensiyanın 7-ci Maddəsinə istinadən təqdim olunmuş məsələyə münasibətdə bildirilib ki, mübahisə olunan qərarda nəzərdə tutulan “şübhələrlə bağlı məlumat verilməsi” məsələsi qeyri-müəyyən deyil, çünki bu məsələyə Valyuta və Maliyyə Məcəlləsinin L. 562-2-ci maddəsində (sonradan dəyişdirilərək maddə L. 561-15-lə əvəz olunub) istinad edilib. 8-ci maddə ilə bağlı tələbləri isə qərar aşağıdakı əsaslarla rədd edib:
“... əgər, ərizəçiyə görə, [dəyişikliklə birlikdə 91/308/EEC saylı Dekret] Konvensiyanın, digər hüquqlarla yanaşı peşəkar məxfilik kimi fundamental hüququ da müdafiə edən 8-ci maddəsinin tələblərinə uyğun deyilsə ... həmin maddə zəruri hallarda ictimai təhlükəsizlik naminə, cinayət və iğtişaşın qarşısını almaq məqsədilə hökumətə müdaxilə etmək səlahiyyəti də verir ...; ... bir tərəfdən çirkli pulların yuyulması ilə mübarizə və digər tərəfdən vəkillərin məhkəmə prosesi ilə bağlı olan peşə fəaliyyətləri çərçivəsində və ya vəkil kimi əldə etdikləri və ya qəbul etdikləri məlumatın istisna edilərək qorunmasını nəzərə aldıqda, son qeyd olunan halda, yəni vəkilin çirkli pulların yuyulmasında iştirak etməsi və ya çirkli pulların yuyulması məqsədilə hüquqi məsləhətlər verməsi və ya vəkilin, müştərinin çirkli pulların yuyulması ilə bağlı məsləhət almaq istədiyini bilməsi hallarında, vəkillər tərəfindən şübhələr barədə məlumat verilməsi öhdəliyi nəzərdə tutan qərar peşəkar məxfiliyə ciddi müdaxiləyə səbəb olmur; ... odur ki, məsələ ilə bağlı ilkin qərar çıxarılması üçün Avropa İttifaqı Ədalət Məhkəməsinə müraciət etməyə ehtiyac yoxdur və Konvensiyada nəzərdə tutulan normanın pozuntusu ilə bağlı müraciət rədd edilməlidir.”
II. ÇİRKLİ PULLARIN YUYLMASI İLƏ BAĞLI MALİYYƏ TƏDBİRLƏRİ ÜZRƏ İŞÇİ QRUPUN (FATF) TÖVSİYƏLƏRİ VƏ CİNAYƏT NƏTİCƏSİNDƏ ƏLDƏ OLUNMUŞ GƏLİRLƏRİN LEQALLAŞDIRILMASI, AŞKAR EDİLMƏSİ, GÖTÜRÜLMƏSİ VƏ MÜSADİRƏ EDİLMƏSİ VƏ TERRORÇULUĞUN MALİYYƏLƏŞDİRİLMƏSİ HAQQINDA AVROPA ŞURASI KONVENSİYASI
18. FATF tərəfindən qəbul edilmiş tövsiyələr maliyyə institutlarının üzərinə, digər məsələlərlə yanaşı (inter alia), vəzifə öhdəliyi qoyur və onlardan şübhəli əməliyyatlarla bağlı məlumat verməyi tələb edir.
12 saylı tövsiyə məlumatın verilməsi öhdəliyi ilə bağlı peşələrin dairəsini genişləndirərək, müştəriləri üçün aşağıdakı hallarla bağlı müvafiq əməliyyatları həyata keçirdikləri zaman “vəkillər, notariuslar, digər hüquq peşələri və mühasiblər”i də siyahıya daxil edib: daşınmaz əmlakın alqı-satqısı; müştəriyə aid pulun, qiymətli kağızların və digər əmlakın idarə olunması; bank, əmanətlər və qiymətli kağızların idarə olunması; şirkətlərin yaradılması, idarə olunması və onlara nəzarət olunması üçün yardımın göstərilməsi; hüquqi şəxslərin və ya təşkilatların yaradılması, idarə olunması və onlara nəzarət olunması və biznes müəssisələrinin alqı-satqısı. 16 saylı tövsiyə şübhəli əməliyyatlar barədə xəbər vermək öhdəliyinin dairəsini genişləndirdi və yuxarıda qeyd olunan əməliyyatlarla məşğul olduqda həmin peşələrə mənsub şəxsləri də həmin dairəyə daxil etdi, lakin vəkillik peşəsinin imtiyazı və peşəkar məxfiliklə əlaqədar şəraitdə əldə olunan müvafiq məlumatlar istisna edildi.
19. Cinayət Nəticəsində Əldə Olunmuş Gəlirlərin Leqallaşdırılması, Aşkar Edilməsi, Götürülməsi və Müsadirə Edilməsi və Terrorçuluğun Maliyyələşdirilməsi haqqında 16 may 2005-ci il tarixli Avropa Şurası Konvensiyası (1 may 2008-ci ildə qüvvəyə minib, lakin Fransa tərəfindən ratifikasiya olunmayıb) çirkli pulların yuyulması ilə bağlı aşağıdakı normaları nəzərdə tutub (13-cü maddənin 1 və 2-ci bəndləri):
“1. Tərəflərdən hər biri çirkli pulların yuyulmasının qarşısını almaq məqsədilə mükəmməl yerli nəzarət və idarəetmə xarakterinə və ya monitorinq rejiminə malik institut təsis etmək üçün zəruri qanunverici və digər tədbirlər qəbul etməlidir və bu istiqamətdə müvafiq beynəlxalq standartları, xüsusilə Çirkli Pulların Yuyulmasına dair Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupu (FATF) tərəfindən qəbul edilən tövsiyələri nəzərə almalıdır.
2. Bu məqsədlə, hər bir Tərəf xüsusilə, aşağıdakı hallar üzrə zəruri olan qanunverici və digər xarakterli tədbirləri görməlidir:
a. əsasən çirkli pulların yuyulması fəaliyyəti ilə məşğul olan və bu məqsədlə istifadə olunan və bu fəaliyyətlərin aşağıdakılarla bağlı olduğu hallarda hüquqi və fiziki şəxslərdən aşağıdakıları tələb etmək:
i. mümkün olduqda onların müştərilərinin və son benefisiar sahiblərininin şəxsiyyətini müəyyən etmək və yoxlamaq və riskli yanaşmanı nəzərə alaraq işgüzar əlaqələr üzrə lazımi işlər görmək;
ii. çirkli pulların yuyulması ilə bağlı tədbirlərin subyekti olan şübhələr barədə məlumat vermək;
iii. müştərilərin şəxsiyyəti və onlarla aparılan əməliyyatlar, heyətin təlimi və daxili siyasət və prosedurun təşkili və müvafiq hallarda onların miqyası və həyata keçirilən bizneslə bağlı qeydlərin aparılması kimi müdafiə xarakterli tədbirlər görmək;
b. a alt-bənddə istinad edilən şəxslərin, şübhəli əməliyyatla bağlı məlumatın və ya aidiyyatı olan məlumatın ötürülməsi və ya çirkli pulların yuyulması ilə bağlı araşdırmaların həyata keçirilməsi və ya keçirilə bilməsi ilə bağlı faktı aşkar etməsinə müvafiq şəkildə mane olmaq;
c. a alt-bənddə istinad edilən şəxslərin, riskli sahələrdə çirkli pulların yuyulmasına qarşı mübarizə tələblərinə cavab verdiklərindən əmin olmaq üçün, onların müşahidə və nəzarət subyekti olmalarını təmin edən səmərəli sistem təşkil etmək;
İzahlı hesabata əsasən, Konvensiyanı tərtib edənlər, FATF-ın 12 saylı Tövsiyəsində istinad edilən “qeyri-maliyyə peşələri”ni də əhatə etmək niyyətində olublar. Bundan əlavə, 2.a.ii bənddə qeyd olunan “tədbirlərin subyekti” ifadəsi müstəqil hüquq peşələri ilə əlaqədar olub, FATF-ın 16-cı Tövsiyəsində (və onun İzahlı Qeydlərində) nəzərdə tutulan “peşəkar sirr və vəkillik peşəsinin imtiyazından doğan” məhdudiyyətləri əhatə edir.
III. MÜVAFİQ AVROPA İTTİFAQI HÜQUQU
A. 91/308/EEC, 2001/97/EC və 2005/60/EEC saylı Dekretlər
1. 91/308/EEC and 2001/97/EC saylı Dekretlər
20. 10 iyun 1991-ci il tarixdə Avropa İttifaqı Şurası “maliyyə sistemindən çirkli pulların yuylması məqsədilə istifadənin qarşısının alınması” üzrə 91/308/EEC Dekret qəbul etdi. Məqsəd, kredit və maliyyə təsisatlarının üzərinə müştəriləri və 15.000 avrodan artıq məbləğdə əməliyyatları müəyyən etmə öhdəliyi qoymaq, çirkli pulların yuyulması ilə əlaqəsi olmasına şübhə edilən hər hansı şübhəli əməliyyatı “xüsusi diqqətlə araşdırmaq” və çirkli pulların yuyulması ilə bağlı hər hansı bir hal barədə müvafiq hakimiyyət orqanlarına məlumat vermək idi. Bu, 4 dekabr 2001-ci il tarixli 2001/97/EC saylı Dekretlə dəyişdirilərək yuyulma anlayışını genişləndirdi və maliyyə sektorundan kənar peşə sahiblərinin, xüsusilə “müstəqil hüquq peşəsi sahiblərinin” üzərinə qoyulan, müştərilərin müəyyən edilməsi və şübhəli əməliyyatlar barədə məlumat verilməsi kimi öhdəliklərin dairəsini genişləndirdi.
2. 2005/60/EC saylı Dekret
21. 91/308/EEC saylı Dekret, dəyişikliklərlə birlikdə 26 oktyabr 2005-ci il tarixli, “maliyyə sistemindən çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə olunmasının qarşısının alınması” barədə 2005/60/EC saylı Dekretlə ləğv olundu ki, həmin Dekret də öncəkinin mətninin yenidən hazırlanmış və əlavələr edilmiş formasıdır. 19-cu İzahatda qeyd olunur ki, “Üzv Dövlətlər tərəfindən müəyyən edildiyi kimi ... müstəqil hüquq peşələri”, “vergi məsələləri üzrə məsləhətlərin verilmsi də daxil olmaqla maliyyə və ya korporativ əməliyyatlarda iştirak etdikdə, həmin hüquq peşələrinin göstərdiyi xidmətin cinayət fəaliyyəti nəticəsində əldə olunmuş gəlirlərin yuyulması və ya terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə istifadə edilməsi” ilə bağlı ciddi risk olduqda Dekretdə nəzərdə tutulmuş normaların subyekti olur. 2-ci maddənin 1.(3) (b) bəndi qeyd edir ki, Dekret onlara o zaman şamil edilir ki, “onlar, öz peşə fəaliyyətlərini icra edərkən ya müştərilərinin adından, ya da müştəriləri üçün hər hansı əmlak xarakterli əməliyyat həyata keçirir və ya aşağıdakı hallarla bağlı əməliyyatların planlaşdırılması və icra olunmasında müştərisinə yardım edirlər: (i) real əmlakın və ya biznes müəssisəsinin alqı-satqısı; (ii) müştərinin puluna, qiymətli kağızlarına və digər əmlakına nəzarət edilməsi; (iii) bank, ehtiyatlar və qiymətli kağızlarla bağlı hesabların açılması və ya idarə olunması; (iv) şirkətlərin yaradılması, açılması və ya idarə olunması ilə bağlı zəruri yardımın təşkili; (v) kreditlərin, şirkətlərin və digər bənzər strukturların yaradılması, açılması və ya idarə olunması”.
22. Dekret bəzi hallarda müştərilərlə bağlı lazımi tədbirlər görməyə çağırır ki, bura müştərinin və benefisiar sahibin şəxsiyyətini yoxlamaq və müəyyən etmək və biznes əlaqələrinin məqsədi və nəzərdə tutulan xarakteri barədə məlumat toplamaq da daxildir (8-ci Maddənin 1-ci bəndinin (a), (b) və (c) yarımbəndləri). Aidiyyatlı təsisat və ya şəxs öhdəliklərə cavab verə bilmədikdə Üzv Dövlətlər prinsip etibarı ilə onlara qarşı aşağıdakı tələbləri irəli sürməyə məcburdurlar: “22-ci maddəyə əsasən, bank hesabları vasitəsilə əməliyyatlar həyata keçirə bilməzlər, biznes əlaqələri qura bilməzlər və ya əməliyyatlar həyata keçirə bilməzlər və ya biznes əlaqələrinə son qoymalıdırlar və maliyyə xidməti idarəsinə (FİU) hesabat verməyi nəzərə almalıdırlar”. Lakin bu öhdəliklər, “müstəqil vəkillik peşəsi sahibləri ... müştəriləri üçün hüquqi mövqe müəyyən etdikləri zaman və ya müştərilərini məhkəmədə və ya məhkəmə prosesi ilə əlaqədar, məhkəmə prosesinə cəlb olunmaq və ya prosesdən çəkinmək də daxil olmaqla, müdafiə etmək və ya təmsil etmək vəzifələrini yerinə yetirərkən” tətbiq olunmur (9-cu maddənin 5-ci bəndi).
23. Bu həmçinin, şübhələr barədə xəbər vermək öhdəliyi təsbit edir və bunu aşağıdakı kimi müəyyən edir: “Üzv Dövlətlər [aidiyyatlı təsisatlardan və şəxslərdən] tam şəkildə əməkdaşlıq etməyi tələb etməlidirlər”, “çirkli pulların yuyulması və ya terrorçuluğun maliyyələşdirilməsinin baş verməsi və ya buna cəhd edilməsi barədə şübhələr olduqda və ya şübhə üçün ağlabatan əasalar olduqda dərhal könüllü qaydada bu barədə FİU-nu məlumatlandırmalıdır” və “müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada FİU-nun xahişinə uyğun olaraq onu dərhal bütün zəruri məlumatla təmin etməlidir” (22-ci maddənin 1-ci bəndi).
24. Lakin, “müstəqil hüquq peşəsi sahibləri” ilə bağlı hallarda, “Üzv Dövlətlər ... sözügedən peşə sahibləri ilə bağlı müvafiq özünüidarə qurumu müəyyən edə bilər” və FİU-nun əvəzinə ilk instansiya kimi dövlət qurumu məlumatlandırılmalıdır və bu halda müəyyən edilmiş özünüidarə qurumu məlumatı dərhal və olduğu kimi FİU-ya ötürməlidir (23-cü maddənin 1-ci bəndi).
25. Üzv Dövlətlər 22-ci maddədə nəzərdə tutulan öhdəlikləri digər məsələlərlə yanaşı (inter alia) “müstəqil hüquq peşəsi sahiblərinə ... müştərisinin məhkəmədə mövqeyini müəyyən edərkən və ya məhkəmə prosesi ilə əlaqədar, məhkəmə prosesinə cəlb olunmaq və ya prosesdən çəkinməklə bağlı məsləhətin verilməsi də daxil olmaqla, müdafiə etmək və ya təmsil etmək vəzifələrini yerinə yetirərkən aldıqları məlumatı, həmin məlumatın prosesdən əvvəl, proses zamanı və ya prosesdən sonra alınmasından asılı olmayaraq” tətbiq etmirlər (23-cü maddənin 2-ci bəndi).
26. Sonda, 48-ci izaha əsasən, “Bu Dekretdə nəzərdə tutulan heç bir hal Avropa İnsan Hüquqları Konvensiyasına zidd şəkildə şərh və ya tətbiq olunmamalıdır”.
B. Avropa İttifaqı Ədalət Məhkəməsinin (Yuxarı Palata) Ordre des barreaux francophones et germanophone və Başqaları Nazirlər Şurasına qarşı (Ordre des barreaux francophones et germanophone and Others v. Conseil des ministres) işi üzrə 26 iyun 2007 ci il tarixli C‑305/05 saylı qərarı
27. 2005-ci il tarixdə bir sıra Belçika Vəkillər Kollegiyasının, 2001/97/EC saylı Dekretə dəyişikliklər nəzərdə tutan müəyyən bir hüquqi tədbirlərin həyata keçirilməsi ilə bağlı müraciəti rədd edildi, Belçika Konstitusiya Məhkəməsi aşağıdakı sualla bağlı ilkin qərar çıxarması üçün Avropa İttifaqı Ədalət Məhkəməsinə müraciət edib:
“2001/97 saylı Dekretin 1-ci maddəsi [2-ci bənd] ... [Konvensiyanın] 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnu pozurmu? ... Hazırda 91/308/EEC saylı Dekretə əlavə edilən 2-ci maddə [5-ci bənd] müstəqil hüquq peşələrini də – vəkillər istisna olunmamaqla – Dekretin əhatə dairəsinə daxil edir ki, həmin Dekret də müəyyən şəxslərdən və təsisatlardan çirkli pulların yuyulması ilə bağlı hər hansı ehtimal və şübhə olduğu hallarda çirkli pulların yuyulmasına qarşı mübarizə aparan hakimiyyət orqanlarına məlumat verməyi tələb edir (91/308/EEC saylı Dekretin 6-cı maddəsi, 2001/97/EC saylı Dekretin 1-ci maddəsi ilə [5-ci bənd] əvəz edilib)”
Vəkil kollegiyaları xüsusilə onu qeyd etdilər ki, vəkillərin üzərinə çirkli pulların yuyulması ilə bağlı olan hər hansı əməliyyat barədə məlumata sahib olduqları halda və ya belə əməliyyat barədə şübhələndikləri zaman dərhal hakimiyyət orqanlarına bu barədə xəbər vermə öhdəliyi qoyulursa, bu öhdəliyi yaradan qanunvericilik vəkilin peşəkar məxfiliyi və müstəqilliyi prinsipini pozur ki, bu prinsip də ədalətli məhkəmə araşdırması hüququ və müdafiə hüququ kimi fundamental hüquqların xarakterinə tamamilə ziddir.
28. Ədalət Məhkəməsi 26 iyun 2007-ci il tarixli qərarında bu iddia ilə razılaşmayıb.
29. İlkin olaraq Məhkəmə qeyd edib ki, üzv Dövlətlərin dəstəklədikləri konstitusiya ənənələrinə diqqət yetirdikdə, üzv dövlətlərin tərəf olduqları və ya əməkdaşlıq etdikləri və aralarında Avropa İnsan Hüquqları Konvensiyasının “xüsusi əhəmiyyət” kəsb etdiyi beynəlxalq insan hüquqlarının müdafiəsi üzrə müqavilələrdə əks olunan fundamental hüquqlar, onun müdafiə etdiyi qanunun ümumi prinsiplərinin ayrılmaz hissəsidir. Son olaraq Məhkəmə bildirib ki, digər məsələlərlə yanaşı (inter alia), Konvensiyanın 6-cı Maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququ, Avropa İttifaqının, Avropa İttifaqı Sazişinin 6-cı maddəsinin 2-ci bəndinin işığında dəstəklədiyi fundamental bir hüquqdur.
Daha sonra Məhkəmə bildirib ki, sözügedən Dekretə əsasən məlumat vermək və əməkdaşlıq etmək öhdəliyi vəkillərə yalnız müştərilərinə müəyyən əməliyyatların həyata keçirilməsi üçün, əsasən maliyyə və ya daşınmaz əmlakla bağlı əməliyyatlar həyata keçirərkən və ya bu tipli maliyyə və ya daşınmaz əmlak əməliyyatlarında müştəriləri üçün və ya müştərilərinin adından fəaliyyət göstərdikdə tətbiq olunur. O həmçinin qeyd edib ki, bu hallar bir qayda olaraq xarakterinə görə məhkəmə prosesi ilə əlaqədar olmadığından ədalətli məhkəmə araşdırması hüququna təsir etmir.
Ədalət Məhkəməsi daha sonra qeyd edib ki, vəkilin məhkəmədə müdafiə və ya təmsilçiliklə bağlı xidməti və ya prosesə cəlb olunmaq və ya prosesdən kənarda qalmaqla bağlı məsləhət verməsi ilə bağlı yardımı zamanı Dekret, vəkili məlumat vermə öhdəliyindən azad edir. Məhkəmə hesab edib ki, bu istisna müştərinin ədalətli məhkəmə araşdırması hüququnu müdafiə edir. Həmçinin qeyd olunub ki, ədalətli məhkəmə araşdırması hüququ sözügedən paraqrafda nəzərdə tutulan məsələlərlə bağlı məlumat verilməsi və əməkdaşlıq edilməsi öhdəliyini istisna etmir və bu öhdəlik “çirkli pulların yuyulmasının mütəşəkkil cinayətkarlığa olan təsirini və bunun Üzv Dövlətlərdə cəmiyyətə olan təhlükəsini nəzərə alaraq çirkli pulların yuyulmasına qarşı əlverişli mübarizə aparmaq ehtiyacı ilə əsaslandırılır”
IV. MÜVAFİQ YERLİ QANUNVERİCİLİK
A. Valyuta və Maliyyə Məcəlləsi
30. Yuxarıda adı çəkilən Qərarlar Fransa qanunvericiliyinə tətbiq edilib və Valyuta və Maliyyə Məcəlləsinə daxil edilib (və bir neçə dəfə dəyişdirilib).
31. Müştəri öhdəlikləri ilə bağlı məsələlər L. 561-5 - L. 561-14-2-ci maddələrdə və məlumat verməklə bağlı hallar isə L. 561-15 - L. 561-22-ci maddələrdə əks olunub (Məcəllənin hazırkı versiyasında).
32. Bu normalar Məcəllənin L. 561-2-ci maddəsində sadalanan müxtəlif təşkilatlara və peşələrə, eləcə də Dövlət Şurasının və Kasasiya Məhkəməsinin hüquqşünaslarına və apelyasiya məhkəmələrinin hüquqşünaslarına və avoués[1] adlı peşə sahiblərinə aşağıdakı hallarda tətbiq olunur: “onların biznes fəaliyyətləri ilə bağlı ... 1. Müştəriləri üçün və ya müştərilərinin adından hər hansı bir maliyyə və ya daşınmaz əmlak əməliyyatında və ya qəyyumluq fəaliyyətində iştirak etdikdə; 2. Aşağıdakı hallarla bağlı əməliyyatların həyata keçirilməsinə hazırlıq prosesində müştəriyə yardım etdikdə: (a) daşınmaz əmlak və ya qeyri-maddi aktivin alqı-satqısı; (b) müştəriyə mənsub olan pul vəsaitlərinin, əmanətlərin və digər əmlakın idarə olunması; (c) cari hesabların, əmanət hesablarının və ya qiymətli kağızlar hesabının və ya sığorta müqavilələrinin açılması; (d) şirkətlərin yaradılması üçün tələb olunan yardımın təşkili; (e) şirkətlərin yaradılması, idarə olunması və onlara nəzarət olunması; (f) Mülki Məcəllənin 2011-2013-cü maddələri ilə və ya xarici hüquq sistemi və ya hər hansı digər strukturlar tərəfindən idarə olunan əmanətlərin yaradılması, idarə olunması və onlara nəzarət olunması; (g) ianə fondlarının yaradılması və idarə olunması (L. 561-3 I-ci maddə). Lakin bu hallar, məlumatın prosesdən öncə, proses zamanı və ya prosesdən sonra alınmasından asılı olmayaraq və prosesə cəlb olunmaq və ya prosesdən çəkinməklə bağlı hallara dair məsləhətin verilməsi də daxil olmaqla, məhkəmə prosesilə bağlı fəaliyyətlərə tətbiq edilmir, bir şərtlə ki, məlumat çirkli pulların yuyulması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasın və ya vəkil, müştərinin bunu çirkli pulların yuyulması və ya terrorçuluğun maliyyələşdirilməsi məqsədilə alması ilə bağlı bilgisi olmasın” (Maddə L. 561-3 II).
33. R. 563-3-cü maddə hüquqi öhdəliklərin yerinə yetirilməsi üçün daxili prosedurların, müvafiq qaydada, nazirliyin qərarı və ya Nazir tərəfindən təsdiq edilmiş peşəkar qaydalar vasitəsilə yerinə yetirilməsini nəzərdə tutur.
1. Lazımi səy göstərilməsi
34. Lazımi qaydada yerinə yetirmə öhdəliyi, müştərilərilə işgüzar əlaqələrə girməzdən öncə aidiyyatlı şəxs və ya müəssisə müştərinin və lazım olduqda, işgüzar əlaqənin əlverişli benefisiarının kim olduğunu aydınlaşdırmalı və şəxsiyyətini müəyyən etməlidir (Maddə L. 561-5 I.). Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskinin az olduğu hallarda, istisna olaraq müştərinin və müvafiq hallarda əlverişli benefisiarın şəxsiyyəti işgüzar əlaqələrin yaradılması mərhələsində müəyyənləşdirilə bilər (Maddə L. 561‑5 II.). Işgüzar əlaqələrin obyekti və xarakterilə bağlı məlumatlar, eləcə də müştərilə bağlı hər hansı digər müvafiq məlumatlar, işgüzar əməliyyatların həyata keçirilməsindən öncə toplanmalıdır. Əlaqədar şəxslərdən, fəaliyyət müddəti ərzində işgüzar əlaqələrilə bağlı “lazımi səy göstərmək öhdəliyini” yerinə yetirmək və “həyata keçirilən əməliyyatları hərtərəfli araşdırmaq, həmin araşdırmaların müştərilərlə bağlı əldə olunan son məlumatlarla uyğunluğunu təmin etmək” tələb olunur (Maddə L. 561-6).
35. Əgər tərəf öz müştərisini müəyyən edə bilmirsə və ya işgüzar əlaqənin obyekti və xarakterilə bağlı məlumat əldə edə bilmirsə, şəraitdən asılı olmayaraq, hər hansı bir əməliyyat həyata keçirməməli və ya işgüzar əlaqələr yaratmamalı və ya icra etməməlidir. Əgər müştərisini müəyyən etmək mümkün olmayıbsa və ya işgüzar əlaqənin obyekti və xarakterilə bağlı məlumat əldə edilməyibsə və buna baxmayaraq L. 561-5-ci maddəyə uyğun olaraq əlaqələr qurulubsa, bu əlaqələrə son qoyulmalıdır (Maddə L. 561-8).
2. Hesabat vermək öhdəliyi
36. Əlaqədar şəxslər onlara bəlli olan məbləğ barədə və ya həmin məbləğə aid olan və onlara məlum olan əməliyyatlar barədə, bir ildən artıq müddətə cəza nəzərdə tutan cinayət əməli barədə şübhələr və ya şübhələnməyə əsas verən ciddi əsaslar olduğu halda və ya terrorçuluğun maliyyəşdirilməsilə bağlı şübhələr olduğu halda ölkələrinin Maliyyə Xidməti İdarələrinə (FİU) məlumat verməlidirlər (Maddə L. 561-15 I). Həmçinin, onlara bəlli olan və ya şübhələndikləri və ya şübhələnməyə ciddi əsas verən, D. 561-32-1 II – ci Maddədə nəzərdə tutulan aşağıdakı kriteriyalardan ən az birinin mövcud olduğu, vergi dələduzluğu ilə bağlı istifadə olunan məbləğlər və ya həyata keçirilən əməliyyatlar barədə də məlumat verməlidirlər:
“1. Bəyan etdiyi obyekti ilə fəaliyyəti uyğun olmayan və ya Fransa ilə vergi orqanlarının dərc etdiyi siyahıya uyğun vergi müqaviləsi olmayan və buna görə də bank məlumatlarına çıxışın mümkün olmadığı bir Dövlətin ərazisində və ya şübhəli əməliyyatlar həyata keçirməsi barədə şübhələr olan benefisiarlardan birinin şəxsi ünvanında və ya Ticarət Məcəlləsinin L. 123-11-ci Maddəsində nəzərdə tutulan mənada bir neçə biznesin icra olunduğu məkanlarda qeydiyyatdan keçmiş əlavə şirkətlərdən istifadə;
2. Nizamnaməsini tez-tez dəyişdirən və bu dəyişiklikləri iqtisadi durumla əsaslandırmayan şirkət tərəfindən həyata keçirilən əməliyyatlar;
3. Yalnız maliyyə əməliyyatlarına cəlb olunmuş şəxslər və ya şirkətlər üçün fəaliyyət göstərən vasitəçilərə müraciət;
4. Şirkətin daimi fəaliyyəti ilə uyğun gəlməyən maliyyə əməliyyatlarının və ya informasiya texnologiyaları, telefonlar, elektron alətlər, məişət texnikası, hi-fy və video kimi karusel tipli ƏDV dələduzluğuna yaxın həssas sahələrdə şübhəli əməliyyatların həyata keçirilməsi;
5. Yeni açılmış və ya müəyyən müddət ərzində fəaliyyətsiz olan hesabın qısa müddət içərisində qəfil, izahsız və kəskin şəkildə artması və bunun, əməliyyatların sayı və həcmi kəskin şəkildə artan, nizamnaməsi yaxın keçmişdə dəyişdirilən əvvəllər fəaliyyətsiz olan şirkətlərlə ehtimal olunan əlaqəsinin olması;
6. Maliyyə əməliyyatlarını əsaslandırmaq üçün təqdim olunan hesab-fakturalarında və ya sifariş formalarında anomaliyaların olması, məsələn, şirkətin qeydiyyat və ya SİREN və ya ƏDV nömrələrinin, hesab-faktura nömrələrinin, ünvan və tarixin olmaması;
7. Balansdakı məbləğin sıfıra yaxın olduğu halda, böyük məbləğdə debit və kredit əməliyyatları həyata keçirən tranzit hesabların açıqlanmamış istifadəsi;
8. Biznes hesabından tez-tez nəğd pulların çəkilməsi və ya hesaba əmanətin yatırılması və bu əməliyyatların iqtisadi fəaliyyətin həcmi və xarakteri ilə uyğun gəlməməsi;
9. Aralıq hesabların və ya qeyri-maliyyə hesablarının, məsələn, idarəçiliyi və inzibati mexanizmi gizli saxlayan tranzit hesabların və ya mürəkkəb hüquqi və maliyyə biznes strukturlarının istifadəsi nəticəsində son benefisiarini və ilkin və son fondlar arasındakı əlaqəni müəyyən etməkdə çətinliyin olması;
10. Hər hansı açıq hüquqi və iqtisadi əsası olmayan beynəlxalq maliyyə əməliyyatları bir çox hallarda, yuxarıda 1-ci bənddə istinad olunan Dövlətlər və ya ərazilərdən biri ilə əlaqədar olduqda, pul vəsaitlərinin bu və ya digər ölkədən və ya ölkəyə sadə tranziti ilə məhdudlaşır;
11. Müştərinin, qəbul edilmiş pul vəsaitinin mənbəyini və ya ödənişin əsaslandırılmasını sübut edə bilməməsi və ya bundan imtina etməsi;
12. Pul vəsaitinin xarici ölkəyə köçürülməsi və daha sonra onun borc şəklində repatriasiyası;
13. Açıq-aşkar və əsassız şəkildə qeyri-mütənasib olan satış qiymətilə əmlakın fiziki və ya hüquqi şəxslərə təcili satlması yolu ilə iflasın təşkili;
14. Fransada yaşayan və fəaliyyət göstərən şəxslər tərəfindən xarici şirkətlərə məxsus hesabların daimi istifadəsi;
15. Fiziki şəxsin bəlli fəaliyyətinə və ya əmlakına uyğun gəlməyən pul vəsaitinin depoziti;
16. Daşınmaz əmlakın çox aşağı qiymətə satışı.”
Onlar həmçinin, L. 561‑5-ci Maddəyə uyğun olaraq görülmüş tədbirlərə baxmayaraq, mülkiyyəti etibarnaməli idarəçiliyə verən şəxsin, yaxud maraqları naminə etibarnaməli idarəçiliyin həyata keçirildiyi şəxsin, yaxud mülkiyyəti xüsusi məqsəd üçün hər hansı digər formada etibar edən şəxsin kimliyi şübhəli olduqda, belə əməliyyatlar barədə Maliyyə Məlumatları Bölməsinə (MMB) bildiriş verməyə borcludurlar (Maddə L. 561-15 IV).
Dövlət Şurasının qərarında bu bildirişin tələb olunan forması göstərilir.
37. Müvafiq fiziki və hüquqi şəxslər yuxarıda qeyd edilən məlumatı təqdim edənə qədər çirkli pulların yuyulması və ya terrorizmin maliyyələşdirilməsi ilə əlaqəsi olmaqda şübhəli hesab edilən hər hansı əməliyyatı icra etməkdən çəkinməlidirlər (Maddə L. 561-16). Əgər barəsində L. 561-15-ci Maddədə qeyd edilən məlumatın təqdim edilməsi tələb olunan əməliyyat icrasının təxirə salınmasının qeyri-mümkün olması ucbatından, yaxud icrasının təxirə salınmasının çirkli pulların yuyulması və ya terrorizmin maliyyələşdirilməsi ilə əlaqəsi olmaqda şübhəli hesab edilən əməliyyata dair araşdırmaları çətinləşdirəcəyi səbəbindən artıq icra edilibsə, yaxud da əməliyyat icra edildikdən sonra həmin məlumatın təqdim edilməsi lazımlı hesab edilmirsə, həmin fiziki və ya hüquqi şəxs ləngimədən MMB-yə bu barədə məlumat verməlidir.
38. Bu qaydadan fərqli olaraq, Dövlət Şurasına və Kasasiya Məhkəməsinə təhkim olunmuş vəkillər və apelyasiya instansiyası məhkəməsindəki hüquq məsləhətçisi öz məlumatlarını MMB-yə deyil, müvafiq olaraq Dövlət Şurasının və Kasasiya Məhkəməsinin nəzdindəki vəkillər şurasının sədrinə, vəkilin mənsub olduğu Vəkillər Şurasının sədrinə, yaxud hüquq məsləhətçisinin üzv olduğu peşə qurumunun sədrinə göndərirlər. L. 561-3-cü Maddədə nəzərdə tutulmuş şərtlərə riayət etməklə, sözügedən orqanlar Dövlət Şurasının qərarında nəzərdə tutulmuş müddəalara uyğun olaraq məlumatı MMB-yə göndərirlər (maddə L. 561-17).
39. Müvafiq məlumat məxfidir. Onun mövcudluğu, məzmunu və nəticələri barədə məlumatların açıqlanması qadağandır. İnformasiyaların açıqlanmasına qoyulan qadağaya əhəmiyyət verilməməsi 22.500 avro məbləğində cərimə ilə cəzalandırılır (Maddə L. 574‑1; bu maddə Məcəlləyə 30 yanvar 2009-cu il tarixli 2009-104 saylı qərarla daxil edilib); müvafiq vəkillərin öz müştərilərini qanunsuz fəaliyyətdə iştirakdan çəkindirməyə cəhd etməsi qadağan olunmuş məlumatların açıqlanması hesab olunmur (Maddə L. 561‑19).
3. Milli Maliyyə Məlumatları Bölməsi (MMB)
40. "Milli Maliyyə Məlumatları Bölməsi" (MMB – Fransada "Tracfin" kimi tanınır) Maliyyə Nazirliyinin xüsusi seçilmiş əməkdaşlardan ibarət inzibati araşdırmalar şöbəsidir. Onun əsas məqsədi məlumatlarda göstərilən əməliyyatların məbləğlərinin mənşəyini və ya təyinatını və ya həmin əməliyyatların xarakterini müəyyənləşdirməyə imkan yarada biləcəyi güman edilən istənilən informasiyaları toplamaq, təhlil, tərtib və istifadə etməkdir. MMB-nin araşdırmaları bir ildən artıq müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilən cinayət nəticəsində əldə olunan çirkli pulların yuyulması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli olduğu güman edilən hərəkətləri aşkara çıxardıqda, o, məsələni baxılmaq üçün memorandum vasitəsilə prokurora göndərir (Maddə L. 561‑23).
41. MMB birbaşa müvafiq şəxslərdən tələb edə bilər ki, lazımi səy göstərmək vəzifəsi ilə əlaqədar olaraq saxladıqları sənədləri ona açıqlasınlar. Yuxarıdakı qaydadan fərqli olaraq, Dövlət Şurasına və Kasasiya Məhkəməsinə təhkim olunmuş vəkillərə, habelə apelyasiya instansiyası məhkəmələrinə təhkim olunmuş vəkillərə və hüquq məsləhətçilərinə təqdim edilmiş sənədlərin açıqlanması barədə müraciətlərini MMB müvafiq olaraq Dövlət Şurasının və Kasasiya Məhkəməsinin nəzdindəki Vəkillər Şurasının sədrinə, yaxud vəkilin və ya hüquq məsləhətçisinin mənsub olduğu vəkillər birliyinin və ya peşə qurumunun sədrinə göndərir. L. 561-3-cü Maddədə nəzərdə tutulmuş şərtlərə riayət edildiyinə əmin olduqdan sonra bu şəxslər göstərilən qaydada aldıqları sənədləri MMB-yə göndərirlər (Maddə L. 561-26).
4. Daxili prosedurlar və daxili təftiş
42. Müvafiq fiziki və hüquqi şəxslər çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi və aradan qaldırılması üçün sistemlər yaratmalı və lazımi səy göstərmək və məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsini təmin etmək üçün öz əməkdaşlarını mütəmadi təlimlərlə və məlumatlarla təchiz etməlidirlər (Maddə L. 561-32 və L. 561-33).
L. 563-3-cü Maddədə (bu Maddə 2 sentyabr 2009-cu il tarixli 2009-1087 saylı Dekretlə ləğv edilib) müvafiq nazirliyin qərarı ilə, müvafiq nazirlik tərəfindən təsdiq edilən peşə fəaliyyətinə dair norma və qaydalarla, yaxud maliyyə bazarına nəzarət edən orqanların ümumi qaydaları ilə müəyyən edilən daxili prosedurlar nəzərdə tutulmuşdu.
5. İntizam icraatı
43. Daxili təftiş prosedurlarının təşkili üçün lazımi dərəcədə səy göstərilməməsi və ya onların təşkilindən imtina edilməsi nəticəsində Dövlət Şurasına və ya Kasasiya Məhkəməsinə təhkim olunmuş vəkil, yaxud apelyasiya instansiyası məhkəmələrinə təhkim olunmuş vəkil və hüquq məsləhətçisi yuxarıdakı vəzifələrini yerinə yetirə bilmədikdə, səlahiyyətli nəzarət orqanı peşə fəaliyyəti qaydaları və inzibati qaydalar əsasında intizam icraatına başlayır və bu barədə Kasasiya Məhkəməsinə və ya müvafiq apelyasiya instansiyası məhkəməsinə təhkim olunmuş prokurora məlumat verir (Maddə L. 561-36 III).
B. Dövlət Şurasının 10 aprel 2008-ci il tarixli qərarı
44. Dövlət Şurası, 10 aprel 2008-ci il tarixli qərarında (№ 296845) 4 dekabr 2001-ci il tarixli 2001/97/EC saylı Dekreti və onun müddəalarının milli qanunvericiliyə tətbiq edilməsi barədə 11 fevral 2004-cü il tarixli Qanunu Konvensiyanın 6-cı və 8-ci maddələrinə uyğun hesab etdi.
45. Qərarla əlaqədar olaraq, Dövlət Şurası ilk növbədə qeyd etdi ki, Ordre des barreaux francophones et germanophone və Başqalarının işi (Ordre des barreaux francophones et germanophone and Others) üzrə qərarında Avropa İttifaqı Məhkəməsi bu qənaətə gəlib ki, məhkəmə prosesi ilə əlaqədar fəaliyyətlərinin gedişində vəkillərin əldə etdiyi məlumat əməkdaşlıq və məlumatlandırma vəzifəsinə uyğun olaraq açıqlanmalı olan məlumatlar sırasından xaric edildiyinə görə bu işdə Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnun tələbləri pozulmayıb. Elə həmin qərarda qeyd edilib ki, müştərisinin hüquqi vəziyyətini qiymətləndirərkən vəkilin əldə etdiyi məlumat da bu vəzifənin əhatə dairəsindən xaric edilib, lakin vəkil çirkli pulların yuyulması ilə bağlı fəaliyyətlərdə iştirak edirsə, yaxud hüquqi məsləhət çirkli pulların yuyulması məqsədi ilə verilirsə, yaxud da vəkil, müştərisinin çirkli pulların yuyulması məqsədi ilə hüquqi məsləhət almaq istədiyindən xəbərdardırsa, bu hallar istisna təşkil edir. Yuxarıda qeyd edilənləri və çirkli pulların yuyulmasına qarşı mübarizənin ümumi maraqlarını nəzərə alsaq, Qərarın müddəaları "Konvensiyanın 8-ci maddəsi ilə qorunan əsas hüququ – peşə məlumatlarının məxfiliyi hüququnu pozmayıb..., belə ki, bu maddə ictimai asayiş maraqları naminə və iğtişaşın və ya cinayətin qarşısını almaq üçün zəruri olan hallarda şəxsi və ailə həyatına hörmət edilməsi hüququna dövlət orqanları tərəfindən müdaxilə edilməsinə icazə verir".
46. Qanunvericiliklə əlaqədar olaraq, Dövlət Şurası bu qənaətə gəldi ki, Qərarın müddəaları milli qanunvericiliyə dəqiq şəkildə tətbiq edilib və bu hal özlüyündə Konvensiyanın 6-cı və 8-ci maddələri ilə təmin edilən əsas hüquqlara zidd deyil.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
47. Ərizəçi şikayət etdi ki, vəkillər şübhələndikləri əməliyyatlar barədə məlumat vermək öhdəliyi daşıdıqları üçün ondan, yanına məsləhət almaq üçün gələn şəxslər barəsində məlumat vermək tələb olunub və bu tələbin yerinə yetirilməməsinə görə isə intizam məsuliyyəti nəzərdə tutulub. O, bunun vəkillə müştəri arasındam qorunması prinsipinə zidd olduğunu hesab etdi. O, Konvensiyanın 8-ci maddəsinə istinad etdi. Həmin maddədə deyilir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir..”
48. Hökumət bununla razılaşmadı.
A. Qəbuledilənlik
1. Ərizəçinin qurban statusu
49. Hökumət əsasən bildirdi ki, ərizəçi, Konvensiyanın 34-cü maddəsi altında “qurban” olduğunu iddia edə bilməz. Hökumət, ərizəçinin qanunveiciliyin onun ziyanına tətbiq olunduğunu iddia etmədiyini vurğulayaraq, sadəcə olaraq onun öz işinin müvafiq qaydada və xüsusi daxili prosedurlara riayət etməklə görməli olduğunu bildirdi və qeyd etdi ki, təcrübədə ərizəçinin hüquqları pozulmayıb. Faktiki olaraq, ərizəçi Məhkəmədən yerli qanunvericiliyin Konvensiyaya uyğun olub olmadığını soruşub. Məhkəmə presedentlərinə əsasən onun “potensial qurban” statusuna gəlincə, Hökumət, bunun actio popularis üçün qapı açacağı, çoxsaylı müraciətlərə səbəb olacağı barədə xəbərdarlıq etdi və bildirdi ki, bu, Konvensiyanın müəlliflərinin nəzərdə tutduqları hallara zidd olub potensial ərizəçilərin sayını artıracaq və bütün daxili müdafiə vasitələrini tükəndirmək öhdəliyini yerinə yetirməyi çətinləşdirəcək. Onlar bildirdilər ki, Məhkəmə, çox istisna halları nəzərə almaqla qurban statusu anlayışını genişləndirə bilər. Hazırkı işdə belə bir hal yoxdur.
50. Ərizəçi Məhkəməni, onu Konvensiyanın iddia etdiyi pozuntusunun qurbanı kimi tanımağa çağırdı. O bildirdi ki, Məhkəmə presedentlərinə əsasən, əgər qanun şəxsdən fəaliyyətini dəyişdirməyi tələb edirsə və ya onun məxsus olduğu şəxslər qrupuna birbaşa təsir edirsə, o zaman şəxs həmin qanunun, ona qarşı hər hansı şəxsi tədbirlər nəzərdə tutmadığı halda belə, onun hüquqlarını pozduğunu iddia edə bilər. Bir vəkil olaraq o, qanunun birbaşa şamil edildiyi şəxslər qrupuna aid olub: o, məlumat verməklə bağlı lazımi səy göstərmək, fəaliyyətində dəyişikliklər etmək və işini xüsusi daxili prosedurlar tətbiq etməklə təşkil etmək öhdəliyi daşıyıb və bu öhdəliyi yerinə yetirməməyə görə isə qanun intizam cəzası nəzərdə tutub. Maliyyə və vergi hüququ sahəsində ixtisaslaşan bir vəkil kimi bu öhdəliklər ona birbaşa təsir edib və bu öhdəlikləri yerinə yetimədiyi təqdirdə isə hədə təhlükəsi altında qalıb.
51. Məhkəmə qeyd etdi ki, şəxs, Konvensiyanın 34-cü Maddəsinə uyğun olaraq ərizə ilə müraciət edə bilmək üçün Konvensiyada nəzərdə tutulan hüquqların pozuntusunun “qurbanı” olduğunu iddia edə bilməlidir: pozuntunun qurbanı olduğunu iddia etmək üçün şəxsə, mübahisə obyekti olan tədbir birbaşa təsir etməlidir. Konvensiya actio popularis halını onda nəzərdə tutulan hüquqların şərhi üçün nəzərdə tutmur və ya şəxslərə, hər hansı şəkildə onlara təsir etməyən daxili qanunvericilikdən, sadəcə Konvensiyaya zidd hesab etdikləri üçün şikayət etmələrinə icazə vermir (bax Norris Irlandiyaya qarşı (Norris v Ireland), 26 oktaybar 1988, Seriya A No 142, § 31, və digərlərilə yanaşı, Burden Birləşmiş Krallığa qarşı [GC], No 13378/05, § 33, AİHM 2008).
Lakin buna baxmayaraq, əgər qanun şəxsdən fəaliyyətini dəyişdirməyi tələb edirsə və ya onun məxsus olduğu şəxslər qrupuna birbaşa təsir edirsə, o zaman şəxs həmin qanunun, ona qarşı hər hansı şəxsi tədbirlər nəzərdə tutmadığı halda belə, onun hüquqlarını pozduğunu və Konvensiyanın 34-cü maddəsi altında “qurban” statusuna malik olduğunu iddia edə bilər (bax digərləri ilə yanaşı, Marckx Belçikaya qarşı (Marckx v. Belgium), 13 iyun 1979, Seriya A No 31, § 27; Johnston və Başqaları Irlandiyaya qarşı (Johnston and Others v Ireland), 18 dekabr 1986, Seriya A No 112, § 42; Norris, yuxarıda § 31-də qeyd edilib; və Burden, yuxarıda, § 34-cə qeyd edilib).
52. Hazırkı işdə Milli Vəkillər Şurasının 12 iyul 2007-ci il tarixli, “çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq məqsədilə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinin daxili prosedurları ilə bağlı qaydalar qəbul edilməsini və bu prosedurların yerinə yetirilməsini təmin edən daxili nəzarətçi mexanizmi” nəzərdə tutan qərarla hər hansı şəxsi tədbirə məruz qalmayıb.
Lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, 31 dekabr 1971-ci il tarixli Qanunun 21-1-ci maddəsinin tətbiqi ilə qəbul olunan və Milli Vəkillər Şurasına, qaydaların və hüquq peşəsi təcrübəsinin uyğunlaşdırılması üçün ümumi tədbirlər görülməsi səlahiyyəti verən sözügedən qərar hüquqi qüvvəyə malikdir. O, daha sonra qeyd edir ki, lazımi səy göstərilməsi və şübhələrlə bağlı məlumat verilməsi öhdəliyi bütün Fransa vəkillərinə təsir edib, odur ki, ərizəçi, bu qanunun birbaşa təsir etdiyi şəxslər qrupuna daxildir. Xüsusilə qeyd olunmalıdır ki, əgər o, şübhələrlə bağlı tələb olunduğu kimi, məlumat verməzsə, o zaman bu mətnə uyğun olaraq intizam məsuliyyətinə məruz qalacaq, hətta Vəkillər Şurasına üzvlükdən məhrum ediləcək. Məhkəmə həmçinin, vəkilin, maliyyə və vergi hüququ sahəsində ixtisaslaşdığı üçün bu öhdəliyin ona digər həmkarlarından daha çox təsir etdiyi və bu öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə bunun nəticələrinə məruz qalacağı barədə irəli sürdüyü fikri də ağlabatan hesab edir. Faktiki olaraq, ərizəçi, Məhkəmənin Dudgeon Birləşmiş Krallığa qarşı (Dudgeon v Unted Kingdom) (22 oktyabr 1981, Seriya A No 28, § 41) və Norris (yuxarıda § 30-34-də qeyd olunub) işlərində müəyyən etdiyi dilemma ilə mutatis mutandis müqayisə olunandır: o, ya qaydalara riayət edərək vəkil-müştəri arasında konfidensiallıq prinsipini bir kənara atır, ya da qaydalara məhəl qoymayaraq özünü intizam məsuliyyəti və hətta Vəkillər Şurasına üzvlükdən məhrum edilmə təhlükəsinə məruz qoyur.
53. Yuxarıda qeyd olunanların işığında Məhkəmə qəbul edir ki, sözügedən norma ərizəçiyə birbaşa təsir edib və ona görə də o, 8-ci maddənin güman edilən pozuntusunun “qurbanı” olduğunu iddia edə bilər.
2. Altı ay müddəti
54. Hökumət hesab etdi ki, hətta ərizəçinin “qurban” statusuna iddia edə bilməsi qəbul edilsə belə ərizə Konvensiyanın 35-ci Maddəsinin 1-ci bəndində nəzərdə tutulan altı ay müddət ötdükdən sonra verilib. Onlara görə, müddət 10 aprel 2008-ci il tarixli qərarın çıxarıldığı tarixdən başlayıb ki, həmin qərarda da Dövlət Şurası 4 dekabr 2001-ci il tarixli 2001/97/EC saylı Dekretin və onu dəyişdirən 11 fevral 2004-cü il tarixli Qanunun Konvensiyanın 8-ci Maddəsinə uyğun olduğu qərarına gəlmişdi.
55. Ərizəçi bildirdi ki, o, Konvensiyanın 35-ci Maddəsinin 1-ci bəndində nəzərdə tutulan altı ay müddətə riayət edib, çünki Dövlət Şurasının onun sözügedən qaydaların ləğv olunmasına dair müraciəti ilə bağlı çıxardığı 23 iyul 2010-cu il tarixli qərar çıxarıldığı müddətdən altı ay müddətində Məhkəməyə müraciət edib.
56. Məhkəmə bildirir ki, Konvensiyanın 35-ci Maddəsinin 1-ci bəndinə gəlincə, ərizəçi, bütün mümkün daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi yolu ilə, iddia edilən pozunutunun aradan qaldırılması və ya həll olunması üçün cavabdeh Dövlətə imkan verib və daha sonra yekun qərarın çıxarıldığı tarixdən sonra altı ay müddət ərzində Məhkəməyə ərizə ilə müraciət edib.
57. Məhkəmə qeyd edir ki, şübhələr barədə məlumat vermək öhdəliyi Milli Vəkillər Kollegiyasının 12 iyul 2007-ci il tarixli qərarında əks olunub və bu qərar nəzərdə tutulan qaydalara əməl etməyən vəkillər barədə intizam məsuliyyətinin tətbiq olunmasını nəzərdə tutub. 8-ci Maddə altında sözügedən qərarın ləğv edilməsi ilə bağlı Dövlət Şurasına müraciət edərək ərizəçi məhkəməyə şikayətə ilkin instansiya olaraq baxmaq imkanı verib və məhkəmə həqiqətən də işə ilkin instansiya olaraq baxıb (yuxarıda 44-46-cı paraqraflara bax). Odur ki, ərizəçi işin hallarına uyğun olaraq ölkədaxili müdafiə vasitələrini müvafiq qaydada tükəndirib. Dövlət Şurasının 23 iyul 2010-cu il tarixdə, bu proseslərin sonunda çıxardığı qərar altı aylıq müddətin məqsədinə uyğun olaraq müvafiq qaydada son instansiya hesab olunur. Ərizə 19 yanvar 2011-ci il tarixdə təqdim edildiyi üçün müəyyən olunmuş müddət həddini aşmayıb.
3. Yekun
58. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci Maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil və qəbuledilməyən sayıla bilməz. Buna görə də o, qəbuledilən sayılmalıdır.
B. Mahiyyət üzrə məsələlər
1. Tərəflərin arqumentləri
a) Ərizəçi
59. Hökumətin Konvensiyanın 8-ci Maddəsinin hüquq peşəsini müdafiə etdiyini inkar etmədiyini qeyd edən ərizəçi bildirdi ki, onun şikayət etdiyi norma həmin maddəyə müvafiq olaraq, “qanunvericiliyə uyğun” olmayıb. O bildirdi ki, sözügedən qaydalar aydın olmayıb: onlar “şübhələr” barədə məlumat verməyi tələb ediblər lakin bu terminin anlayışını açıqlamayıblar; onların tətbiq olunduğu “fəaliyyətlər”in məzmunu qeyri-müəyyən olub və vəkil üçün hərəkətlərin hansının bu kateqoriyaya aid edilib hansının edilmədiyini müəyyən etmək çətin olub. O həmçinin bildirib ki, vəkillə müştəri əlaqələrinin məxfiliyi prinsipi bölünməzdir: hüquq peşələrinə aid olan qanun həm müdafiə, həm də məsləhət xarakterli fəaliyyətə aid olub və vəkilin bütün fəaliyyətlərini və çalışdığı bütün işləri əhatə edib.
60. Ərizəçi, bu məsələ ilə bağlı müdaxilənin 8-ci Maddənin 2-ci bəndində nəzərdə tutulan məqsədlərdən birinə uyğun oldugunu inkar etmədi. Lakin o bildirdi ki, həmin məqsədə nail olmaq üçün bu halın tətbiq olunması “demokratik cəmiyyətdə zəruri” olmayıb.
61. Ərizəçi bildirdi ki, Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi İrlandiyaya qarşı (Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi v. Ireland) [GC] qərarda (No 45036/98, AİHM 2005‑VI) əks olunan ekvivalent müdafiə prezumpsiyası tətbiq olunmayıb.
O hesab etdi ki, onun işi Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi işindən və Məhkəmənin, Avropa İttifaqına üzvlüyün ekvivalent müdafiə nəzərdə tutduğunu qəbul etdiyi digər işlərdən fərqlənib, lakin həmin işlər Qərarın deyil, Nizamnamənin icrası ilə bağlı olub. O bildirdi ki, Nizamnamələrlə bağlı üzv Dövlətlərin mülahizə sərbəstliyi yoxdur, lakin Qərarlarla bağlı var. O, həmçinin bildirdi ki, Konvensiyadan fərqli olaraq, Avropa İttifaqının pozitiv hüququ, şəxslərə bir başa Lüksemburq Məhkəməsinə müraciət etmək imkanı verir.
62. Daha dəqiq desək, İttifaq hüququ mexanizmi, ərizəçinin Konvensiyanın 8-ci Maddəsi ilə Məhkəməyə verdiyi şikayətin xüsusi araşdırılmasına imkan verməyib. Birinci, Dövlət Şurası onun, ilkin qərarın çıxarılması üçün məsələnin Ədalət Məhkəməsinə yönəldilməsi haqqında müraciətini rədd edib. İkincisi isə, Ordre des barreaux francophones et germanophone və Başqaları Nazirlər Şurasına qarşı işində məhkəmə məsələni yalnız ədalətli məhkəmə araşdırması nöqteyi-nəzərindən araşdırıb. O etiraz edərək bildirdi ki, bu, onu göstərir ki, Avropa İttifaqı sistemi araşdırma və müdafiə ekvivalentini Konvensiyada nəzərdə tutulan qaydada nəzərdə tutmur.
63. Ərizəçi hesab etdi ki, “zərurilik” məsələsini araşdırarkən vəkillərin – Məhkəmə tərəfindən Konvensiyanın 10-cu Maddəsi kontekstində səciyyəviliyi xüsusi vurğulanan – rolunu və həmçinin onların peşəsinin icrası zamanı, vəkillə müştəri arasında etibarlılığı təmin edən məxfiliyin vacibliyini, eləcə də şəxsi azadlıq və məhkəmə sisteminin sərbəst şəkildə faəliyyət göstərməsini nəzərə almaq zəruri idi. Onun fikrinə görə, vəkillərə qarşı şübhələr barədə xəbər vermək tələbi irəli sürülməsi, onlardan, peşələrinin sosial məqsədinə zidd hərəkətlər etməyi tələb etmək və onların ənənəvi roluna şübhə yaratmaqdır.
O həmçinin bildirdi ki, Məhkəmə öz presedentləri ilə Konvensiyanın 8-ci Maddəsi əsasında vəkillərin professional məxfiliyini qorumaqla yanaşı, bunun həmçinin Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə də əhatə olunmasını nəzərdə tutub. O, Məhkəmənin də yuxarıda qeyd etdiyi André qərarında vurğuladığı, məxfiliklə, onların müdafiə etdikləri təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməməsi hüququ arasındakı əlaqəni xüsusilə diqqətə çatdırdı. O əlavə etdi ki, vəkillərdən şübhələr barədə xəbər verməyi tələb etmək – hansı ki, bu tələb 8-ci maddənin təsiri altına düşür – və bu barədə barəsində xəbər verilən şəxsə hər hansı məlumat verilməsini qadağan etmək, həmin şəxsi sadəcə məlumat almaq hüququndan deyil, həm də buna düzəliş etmək və ya şübhənin əsassız olduğunu sübut edərək onu aradan qaldırmaq imkanından məhrum edir. Odur ki, bu öhdəlik başqalarının fundamental hüquqları ilə bağlı nəticələr doğurur.
64. Ərizəçi çirkli pulların yuyulmasına qarşı mübarizənin zəruri olduğunu inkar etmədi, lakin o hesab etdi ki, bu məqsədə nail olmaq üçün vəkillərin üzərinə, öz müştərilərinin fəaliyyətləri ilə bağlı hər hansı şübhə barədə maliyyə xidməti idarəsinə (Tracfin) məlumat vermək öhdəliyi qoymaq və bu yolla da “özünə qarşı ifadə vermək” və məxfiliyi qorumaq vəzifəsinə əməl etməmək, qeyri-proporsionallıqdır.
65. Ərizəçinin sözlərinə görə, xəbər vermə öhdəliyi vəkilləri, maliyyə və vergi məlumatlarının mərkəzləşdirilməsinə yardım etməyə sövq edib ki, bu da onların nəzərdə tutulan legitim məqsəddən uzaqlaşdırılması deməkdir. O, müşahidələrindən sonra belə nəticəyə gəldi ki, vəkillərin məcburi olaraq verdikləri nominal məlumatın 98 faizi, cinayəti çəkindirmək məqsədilə deyil, məhz bu məqsədlə istifadə olunub. Bu fikrində o, FİU-nun (Tracfin) statistikalarına istinad edib ki, həmin statistikalara görə, 2010-cu ildə Tracfin 20.252 məlumat alıb, onlardan 19.208-i vəkillik peşəsi ilə məşğul olanların məlumatları bağlı olub ki bunlardan da yalnız 5.132-si –yəni 25 % - detallı şəkildə araşdırılıb və beləliklə sonda, sadəcə 404-ü (bunların da sadəcə dörddə birə qədəri çirkli pulların yuyulmasına dair şübhələr olub) araşdırılması üçün məhkəməyə göndərilib; digərlərinə isə araşdırma xidmətlərinə, vergi və polis sistemlərinə qeyd formasında baxılıb. Beləliklə, toplanan məlumat qeydə alınıb və Maliyyə Nazirliyinə tabe olan şöbədə saxlanılıb və həmin məlumatdan hansı formada istifadə olunması bəlli olmayıb. 19.208 məlumatdan sadəcə 404 məlumatın məhkəməyə yönləndirilməsi bu sistemin nə qədər səmərəsiz olduğundan xəbər verib; beləliklə də vəkil-müştəri münasibətinin məxfiliyi prinsipi, çirkli pulların yuyulması ilə mübarizədə çox az səmərəli ola biləcək bir vasitəyə qurban verilib.
66. Ərizəçinin sözlərinə görə, terrorçuluğa və çirkli pulların yuyulmasına qarşı mübarizədə daha səmərəli və insanların fundamental hüquqlarına daha az təsir göstərə biləcək alternativ yollar var ki, həmin yollarla müqayisədə bu müdaxilə çox qeyri-proporsional olub. 2001/97/EC saylı Qərarın 2-ci maddəsi üzv Dövlətləri çirkli pulların yuyulmasının qadağan olunmasını “təmin” etməyə çağırarkən, proporsional olan və əlaqədar peşələrin hər birinin xüsusiyyətinə uyğun olan hər növ vasitədən istifadə etməyə icazə verib. Çirkli pulların qadağan olunması haqqında qanunvericiliyin, ciddi hüquqi öhdəliklərin və maliyyə yoxlamalarının qarşısının alınması hallarının subyekti olduqları halda vəkillərin üzərinə şübhəli hallarla bağlı məlumat vermək öhdəliyi qoyulması açıq-aşkar qeyri-zəruri olub. Fransa cinayət qanunvericiliyi çirkli pulların yuyulmasını ciddi şəkildə cəzalandırıb və əgər vəkil müştərisini, peşəsi daxilində qadağan olunan, şübhəli maliyyə və pulla bağlı əməliyyatları yerinə yetirməkdən daşındırmağa cəhd etməyibsə o zaman cinayətə yardım və təhrik etməyə görə məsuliyyət daşıyıb.
67. Ərizəçi onu da bildirdi ki, şübhələr barədə məlumat vermə öhdəliyi, Birləşmiş Millətlər Təşkilatının Cinayətin Qarşısının Alınması və Cinayəti Törətmiş Şəxslərlə Davranış Qaydaları haqqında 27 avqust – 7 sentyabr 1990-cı il tarixlərində Kubanın Havana şəhərində keçirilən Konqresdə qəbul olunan “vəkillərin rolu barədə əsas prinsiplər”də nəzərdə tutulan vəkilin vəzifəsi və müştərisinə sadiqliyi prinsipinə və Avropa Şurası Nazirlər Komitəsinin vəkillik peşəsinin icrası azadlığı barədə 25 oktyabr 2000-ci il tarixli Tövsiyəsinə Rec(2000) ziddir. Odur ki, bu hal vəkilin roluna və məqsədinə ziddir və vəkillə müştəri arasındakı etibarı təhlükə altında qoyur.
68. Sonda vəkil onu da qeyd etdi ki, bir sıra Avropa İttifaqı ölkələrinin (İtalya, Estoniya, Belçika, Niderland, İrlandiya) və həmçinin İsveçrənin pozitiv hüququ peşəkar məxfiliyi Fransa hüququndan daha yaxşı qoruyur və Kanada və Birləşmiş Ştatlarda Vəkillər, şübhəli hallarla bağlı məlumat vermək kimi öhdəlik daşımırlar.
b) Hökumət
69. Hökumət Konvensiyanın 8-ci Maddəsinin hüquq peşəsini müdafiə etdiyini qəbul etdi. Lakin onlar bildirdilər ki, ərizəçi, ona şəxsən təsir edən hər hansı konkret haldan şikayət etmədiyinə görə, hökumət tərəfindən həmin maddənin ikinci bəndində nəzərdə tutulmuş mənada, ərizəçinin şəxsi həyatına, mənzilinə və ya yazışmalarına hörmət hüququna hər hansı “müdaxilə” baş verməyib.
70. Hətta müdaxilənin olduğunu güman etsək belə Hökumət bildirdi ki, bu, “qanunla nəzərdə tutulmuş qaydada” baş verib, yəni, Milli Vəkillər Şurasının Maliyyə Məcəlləsinin tənzimləyici müddəaları çərçivəsinə qəbul etdiyi qərar, 2001/97/EC saylı Qərara düzəlişlər edən və maliyyə sistemindən çirkli pulların yuyulması məqsədilə istifadə olunması barədə 91/308/EEC saylı Qərara dəyişikliklər edən 26 iyun 2006-cı il tarixli Qərarda nəzərdə tutulub.
Onlar daha sonra bildirdilər ki, Fransa qanunvericiliyi kifayət qədər aydın olub və hüquqi müəyyənlik prinsipinin hər hansı pozuntusu baş verməyib. Xüsusilə, “şübhələr” barədə məlumat vermək anlayışı tamamilə aydın olub: şübhələr müştərinin şəxsiyyəti və ya əməliyyatın benefisiarı, pul vəsaitlərinin mənbəyi, əməliyyatın qeyri-adi və ya mürəkkəb xarakteri və ya məqsədləri barədə ola bilərdi; Valyuta və Maliyyə Məcəlləsinin L. 561-15 – ci Maddəsinə əsasən, müvafiq peşə sahibi, açıq-aşkar və real məlumata əsaslanaraq pul vasitələrinin cinayət nəticəsində əldə olunduğunu bildikdə və ya əməliyyatların xarakteri və ya detallı məlumatların çatışmaması və məlumatların əksik olması nəticəsində lazımi məlumatları əldə edə bilməyərək çirkli pulların yuyulması ilə bağlı şübhələri yarandıqda və pul vəsaitlərinin qanuni mənbəyi barədə şübhələrə ciddi əsaslar olduqda bu şübhələr barədə məlumat verməlidir. Bundan başqa, Valyuta və Maliyyə Məcəlləsinin D. 561-32-1-ci Maddəsi vergi dələduzluqları ilə bağlı şübhələr barədə də - məsələn əlavə şirkətlərdən istifadə edilməsi – məlumat vermə öhdəliyi nəzərdə tutur çünki, bu hal şübhə yaradan təcrübənin göstəricidir. “Hüquq məsləhəti” anlayışına gəlincə, Hökumət bildirdi ki, bu anlayış həm nəzəriyyədə, həm də presedent hüququnda, eləcə də Vəkillər Şurasının Baş Assambleyası tərəfindən dəqiq müəyyən edildiyindən vəkillər bu anlayışın mənası haqqında ciddi şəkildə məlumatsız ola bilməzdilər (Vəkillər Şurasının Baş Assambleyası 18 iyun 2011-ci il tarixdə qəbul etdiyi nizamnamədə bunu, “nəzərdə tutulan sualla bağlı, məsələn qərar qəbul edilməsilə bağlı, hüququn aliliyinin tətbiq olunması üzrə məsləhət və ya şərh verilməsini nəzərdə tutan fərdi xarakterli intellektual xidmət” kimi müəyyən edib). Digər normalarla yanaşı, onlar həmçinin Kantoni Fransaya qarşı (Cantoni v. France) qərara (15 noyabr 1996-cı il tarixli Qərarlar üzrə Hesabat və 1996-V saylı Qərarlar) istinad edərək bidirdilər ki, mübahisə mövzusu olan hüquq normasının öncədən görülməsini qiymətləndirərkən bir məsələni yadda saxlamaq lazımdır ki, sözügedən qaydalar hüquq peşəsinin məqsədinə uyğundur.
71. Hökumət onu da əlavə etdi ki, bu qaydanın məqsədi çirkli pulların yuyulmasına və ona uyğun cinayətlərə qarşı mübarizə məqsədi daşıyıb ki, bu da 8-ci Maddənin 2-ci bəndində nəzərdə tutulmuş, kütləvi iğtişaş və cinayətin qarşısını almaqla bağlı legitim məqsədə uyğundur.
72. Onlar həmçinin hesab etdilər ki, ekvivalentlik prinsipi tətbiq olunub.
73. Birinci ona görə ki, öz peşələri kontekstində şübhələr barədə məlumat verməklə bağlı vəkillərin lazımi səy göstərməsi öhdəliyi, Şuranın 91/108/EEC saylı Qərarında və Avropa Parlamentinin 2001/97/EC saylı Dekretində nəzərdə tutulub və Fransa Şurasındakı qanunvericilik funksiyasını yerinə yetirən şəxslər sadəcə olaraq, Avropa İttifaqı qanunvericiliyinə uyğun şəkildə öz öhdəliklərini yerinə yetiriblər; onların bu məsələ üzrə faəliyyət sərbəstliyi, peşələrin özünü nizamlama qurumlarına “filtrləmə” rolunun tətbiq olunması kimi müvafiq praktik qaydalar çərçivəsində məhdudlaşıb.
İkincisi, hazırkı iş üzrə həmin prezumpsiyaya etiraz etmək üçün heç bir səbəb yox idi. Hökumət bildirdi ki, Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi qərarında publik hüquqda nəzərdə tutulan fundamental hüquqlara hörmət olunması ilə bağlı şərhlər nəzərə alınıb və Avropa İttifaqı Sazişinin 6-cı maddəsinin 3-cü bəndi Avropa İttifaqı hüququ sistemində Konvensiyaya xüsusilə istinad edib. Həmin qərarda Hökumət bildirdi ki, Məhkəmə İttifaqın insan hüquqları sistemini, həm mahiyyət, həm də prosedur təminatları baxımından, “şərtilik təyinatı” ilə tətbiq edib. Onlar daha sonra Ədalət Məhkəməsinin "AM & S Europe" məhdud məsuliyyətli şirkəti Avropa İttifaqı Komissiyasına qarşı 18 may 1982-ci il tarixli qərarına istinad edərək bildirdilər ki, peşəkar məxfilik Avropa İttifaqı hüququ ilə qorunub. Həmin işdə Ədalət Məhkəməsi qeyd etdi ki, “üzv Dövlətlərin qanunvericiliyində, vəkillərlə müştəriləri arasında yazılı kommunikasiyaların qorunmasına dair oxşar vəziyyətlərlə bağlı ümumi meyarlar tapıla bilər ki, həmin meyarlara görə, bir tərəfdən həmin kommunikasiyalar müştərinin müdafiə hüququnun və maraqlarının qorunması məqsədi daşıyır və digər tərəfdən isə bu kommunikasiyalarda vəkillər müstəqil olub müştəri ilə aralarında işgüzar əlaqələrə tabe deyillər”. Hökumət sonda əlavə etdi ki, Ordre des barreaux francophones et germanophone və Başqaları Nazirlər Şurasına qarşı işdə Baş Vəkil Miguel Poiares Maduro izah etdi ki, dəyişikliyə uğramış 91/108/EEC saylı Qərarı 17 saylı şərhinin işığında, peşəkar məxfiliyə sadəcə 6-cı maddənin deyil, həm də 8-ci maddənin məqsədlərinə müvafiq qaydada hörmət edilməsini nəzərdə tutur.
74. Hökumət qeyd etdi ki, hətta Məhkəmə hər bir halda müdaxilənin zəruri olub-olmadığını araşdırmaq qərarına gəlsə belə, həm vəkillərin üzərinə çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair səy göstərmək öhdəliyi qoymaq prinsipi və həm də bura aid olan fəaliyyətlərin siyahısı, üstəlik istisna kimi nəzərdə tutulan halların göstərilməsi, FATF tövsiyələrində əks olunan Avropa İttifaqı hüququnun olduğu kimi tətbiq olunmasından irəli gəlib. Onlar xüsusi olaraq çirkli pulların yuyulmasına istinad edərək əlavə etdilər ki, Məhkəmə özü yuxarıda qeyd olunan André qərarında qərara gəlmişdi ki, Konvensiya, müştəriləri ilə münasibətilə bağlı vəkillərin üzərinə müəyyən öhdəliklərin qoyulmasını istisna etmir, bir şərtlə ki, həmin tədbirlər diqqətlə öyrənilərək tətbiq edilsinlər.
Onlar həmçinin bildirdilər ki, məlumat verməklə bağlı xüsusi səy göstərmə və əməkdaşlıq öhdəliyi sadəcə siyahıda nəzərdə tutulan fəaliyyətlərlə bağlı olub ki, onlar da Ədalət Məhkəməsinin 26 iyun 2007-ci il tarixli qərarında müəyyən etdiyi kimi, hər hansı bir məhkəmə prosesilə əlaqədar olmayıb, sırf xarakterinə görə nəzərdə tutulan fəaliyyətlərdir. Vəkillər məhkəmə prosesi və ya “hüquq məsləhəti” ilə bağlı fəaliyyətlərini yerinə yetirərkən onların üzərlərinə belə bir öhdəlik qoyulmayıb. Bu istisna yalnız, vəkilin özünün çirkli pulların yuyulmasında iştirak etdiyi, hüquq məsləhətinin çirkli pulların yuyulması məqsədilə verildiyi və ya vəkilin, müştərinin hüquq məsləhətini çirkli pulların yuyulması məqsədilə aldığını bildiyi hallarda tətbiq olunmayıb.
Hökumət həmçinin “maksimal prosedur zəmanəti”nin təmin olunduğunu vurğuladı və bildirdi ki, Fransa hüququ dəyişiklərlə birlikdə 91/308/EEC saylı Dekretin 6-cı maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş imkanlardan istifadə edib və hüquq peşəsi üzrə özünü-idarə qurumları yaradaraq onların üzərinə, məlumat verən vəkillə hakimiyyət orqanları arasında “filtr” rolu qoyub və bu vəzifəni də Vəkillər Kollegiyasının sədrinə həvalə edib: əgər sədr, çirkli pulların yuyulması ilə bağlı şübhənin olmadığı qərarına gələrsə, həmin məlumatı hakimiyyət orqanlarına ötürməyəcək; faəliyyətlərlə bağlı verilən məlumatın, məlumat veriməsi və əməkdaşlıq edilməsi ilə bağlı xüsusi səy göstərmə öhdəliyi ilə bağlı istisna məlumatlar kateqoriyasına aid olduğu hallarda da eyni hal tətbiq olunur. Avropa İttifaqına üzv dövlətlərdən çox azı (Çex Respublikası, İspaniya, Danimarka, Portuqaliya) bu halı tətbiq edib, odur ki, Fransa hüququ Avropa İttifaqında vəkillik peşəsi üzrə məxfiliyə ən çox hörmət edən ölkələrdəndir.
Bundan əlavə, məlumatın saxlanma müddəti məhdudlaşdırılıb (məlumat məhkəmə sisteminə ötürülmədiyi halda maksimum 10 il), Tracfin tərəfindən toplanılan məlumat məxfi olub, onun açıqlanması qanunla ciddi şəkildə tənzimlənib və bununla bağlı qanunla müəyyən edilmiş qaydanın pozulması Cinayət Məcəlləsinin 226-13-cü maddəsi ilə cəzalandırılıb.
Sonda Hökumət bildirdi ki, vəkillər hər bir halda, hüquq peşələrinə nəzarət olunması ilə bağlı yerli qaydaların 1.5-ci maddəsi ilə ümumi ehtiyatlılıq vəzifəsi daşıyırlar və bu qaydalar, çirkli pulların yuyulması ilə mübarizəyə dair normalardan daha öncə qəbul olunub, sırf vəkillərin peşələri ilə bağlıdır.
2. Prosesdə üçüncü tərəf qismində iştirak edənlərin qeydləri
a) Avropa Vəkillər Birliklərinin və Hüquqşünas Cəmiyyətlərinin Şurası ("AVBŞ")
75. AVBŞ hesab etdi ki, çirkli pulların yuyulması əleyhinə Qərarlar və onların müddəalarının milli qanunvericiliyə tətbiq edilməsi üçün üzv dövlətlərin qəbul etdikləri qanunlar vəkillik peşəsinin mühüm dəyərlərini ciddi təhlükə altına alıb və onun rəyinə görə, bu təhlükə vəkillərin müstəqilliyinə, peşə sirlərinin qorunmasına və insanların şəxsi həyatlarına hörmət hüququna xələl gətirir.
O bildirdi ki, vəkillərin fəaliyyətləri bölünməzdir və mütəxəssis məsləhətlərinin verilməsi fəaliyyətləri ilə (şübhələr barədə məlumat vermək vəzifəsi bu fəaliyyətlərə şamil olunmur) digər fəaliyyətlər arasında fərq qoyulması hüquqi qeyri-müəyyənlik mənbəyidir, belə ki, vəkillərin məxfiliyi qorumaq vəzifəsini daşıdıqlarını düşünən insanlar ehtiyatsızlıq edərək özlərinə qarşı ittihama çevrilə biləcək məlumatlar verə bilərlər. Bu qeyri-müəyyənlik, eləcə də vəkillərin real hüquq pozuntuları barədə deyil, "şübhələri" barədə məlumat vermələrinin tələb olunması, müştəri ilə vəkil arasında fikir və məlumat mübadilələrinin məxfiliyinə və müştərilərin Konvensiyanın 8-ci Maddəsi ilə qorunan şəxsi həyatlarına hörmət hüququna ziddir. Müştərilərinin maraqlarına zidd hərəkət etməklə vəkil, faktiki olaraq "dövlətin agentinə" çevrilir. Lakin Kanadada və Birləşmiş Ştatlarda vəkillərin şübhəli əməliyyatlar barədə məlumat verməyə borclu olmaması faktı göstərir ki, bu yanaşma çirkli pulların yuyulması əleyhinə səylərin göstərilməsi üçün önəmli deyil.
76. AVBŞ-nin bildirdiyinə görə, sözügedən qaydalar şəxsi həyat sirrinin toxunulmazlığına dair Avropa normalarına ziddir, belə ki, həmin qaydalarda "tam aydın olmayan və qeyri-müəyyən" ifadələrin olması və məlumat vermək vəzifəsinin şamil olunmadığı "hüquqi məsləhət" fəaliyyətlərinin anlayışının verilməməsi məxfilik prinsipini məhdudlaşdırır. Vəkillər üçün bu cür qeyri-müəyyən vəziyyətlər yaratmaqla, onları intizam məsuliyyətinə və hətta vəkillər kollegiyasına üzvlükdən xaric edilməyə məruz qoymaqla bu qaydalar həm də vəkillik peşəsinin müstəqilliyinə xələl gətirib.
77. AVBŞ onun rəhbərliyi altında hazırlanmış "Avropa İttifaqı vəkillərinin davranış məcəlləsi"nə və "Avropa hüquqşünas peşəsinin əsas prinsiplərinə dair xartiya"ya, habelə yuxarıda qeyd edilən "vəkillərin roluna dair əsas prinsiplər"ə istinad etdi ki, bu sənədlərdə də vəkillik peşəsinin müstəqilliyinin mühafizə edilməsinin və peşə sirrinin qorunmasının, habelə vəkillərlə müştəriləri arasındakı fikir və məlumatın məxfiliyinin vacibliyi vurğulanır.
O, qeyd etdi ki, vəkillərin peşə fəaliyyətinin məxfiliyinin fundamental xarakter daşıması Məhkəmənin presedent hüququnda təsdiq edilib. Bundan başqa, "AM & S Europe" məhdud məsuliyyətli şirkəti Avropa İttifaqı Komissiyasına qarşı iş üzrə 18 may 1982-ci il tarixli (155/59) qərarında Avropa İttifaqı Ədalət Məhkəməsi vəkillə müştəri arasındakı fikir və məlumatın məxfiliyi prinsipini və dolayısı ilə vəkillik peşəsinin imtiyazı prinsipini bərqərar edib və daha sonra "Akzo Nobel Chemicals" və "Akros Chemicals" məhdud məsuliyyətli şirkətləri Avropa İttifaqı Komissiyasına qarşı iş üzrə 14 sentyabr 2010-cu il tarixli (C-550/07 P.) qərarında qeyd edib ki, vəkillik peşəsinin imtiyazı vəkilin müstəqilliyi prinsipinə əsaslanır. AVBŞ-nin bildirdiyinə görə, həmin işdə vəkillik peşəsinin müstəqilliyi məsələsinə Lüksemburq Məhkəməsinin yanaşması (o, bu yanaşmasına əsas etibarı ilə peşə intizamı qaydalarına istinad etməklə haqq qazandırırdı) vəkillərin şübhələri barədə məlumat vermələrini tələb edən qanunun mənasını anlamağı çətinləşdirir.
78. Nəhayət, AVBŞ qeyd etdi ki, M.S.S. Belçikaya və Yunanıstana qarşı iş üzrə Böyük Palatanın qərarından (ərizə № 30696/09, ECHR 2011) göründüyü kimi, Avropa İttifaqı qanunvericiliyinin müddəalarının tətbiqində dövlətlərə müəyyən mülahizə sərbəstliyi verildiyi hallarda Bosfor Hava Yolları Şirkətinin işində qeyd edilən prezumpsiya təkzib edilə bilər və hazırkı işdə sözügedən Qərarlarla əlaqədar olaraq məhz bu hal baş verib.
b) Brüsselin Fransızdilli Vəkillər Şurası
79. Brüsselin Fransızdilli Vəkillər Şurasının bildirdiyinə görə, vəkillik peşəsinin imtiyazının Konvensiyanın 6-cı və 8-ci Maddələri ilə qorunması faktı danılmazdır.
80. 8-ci Maddə vəkilin ofisinin, evinin, yazışmalarının, kompüter avadanlıqlarının və telefon xətlərinin toxunulmazlığını, habelə onun müştəri ilə münasibətlərinin məxfiliyini və peşə imtiyazını qoruyur. Bu, vəkilin şəxsi həyatına hörmət hüququnun (bu hüquq onun peşə fəaliyyətlərinə də aiddir), həmçinin onun müştərilərinin şəxsi həyatlarına hörmət hüququnun tərkib hissəsidir və bundan əlavə, müştərilər özlərinin ədalətli məhkəmə araşdırması hüququna əsaslanaraq vəkilləri ilə fikir və məlumat mübadilələrinin məxfi qalacağına etibar edə bilərlər. Bu sonuncu məsələ ilə əlaqədar olaraq Vəkillər Şurası qanunun aliliyi prinsipi ilə idarə olunan demokratik cəmiyyətdə vəkillərin oynadıqları mühüm rolu önə çəkərək qeyd etdi ki, vəkilin işinin məxfiliyi həmçinin ona əsaslanır ki, vəkilin müştərilərinin öz vəkillərinə etibar etdiyi hər hansı sirlərin üçüncü tərəfə açıqlanmayacağına inanmaları zəruridir.
Tibbi məlumatların məxfiliyi ilə əlaqədar olan M.S. İsveçə qarşı (M.S. v. Sweden) işdə (27 avqust 1997-ci il tarixli qərar, Hesabatlar 1997‑IV) Məhkəmə bu qənaətə gəldi ki, sağlamlıqla əlaqədar məlumatların məxfiliyi Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin hüquq sistemlərinin mühüm prinsipidir. O, təkcə xəstənin şəxsi həyatına hörmət edilməsi baxımından deyil, həm də onun tibb işçilərinə və bütövlükdə səhiyyə xidmətlərinə inamının qorunması baxımından önəmlidir. Fransızdilli Vəkillər Şurası bildirdi ki, müvafiq dəyişikliklə bu yanaşma vəkillərlə onların müştəriləri arasındakı fikir və məlumat mübadilələrinə də şamil olunur.
81. O daha sonra bildirdi ki, hüquqşünas peşəsinin imtiyazı Avropa İttifaqının qüvvədə olan qanunvericiliyində də öz əksini tapıb və bu məsələ ilə əlaqədar olaraq, o, "AM & S Europe" məhdud məsuliyyətli şirkətinin işi üzrə yuxarıda qeyd edilən qərara və xüsusən Ordre des barreaux francophones et germanophone və Başqalarının işi üzrə qərarda əks olunmuş baş hüquq məsləhətçisinin rəylərinə istinad etdi.
82. Bundan başqa, Fransa Dövlət Şurasının yuxarıda qeyd edilən 10 aprel 2008-ci il və 23 iyul 2010-cu il tarixli qərarları ilə həmahəng olan 23 yanvar 2008-ci il tarixli qərarında (№ 10/2008) Belçika Konstitusiya Məhkəməsi bildirib ki, vəkillik peşəsinin imtiyaza malik olması əsas hüquqlara hörmət edilməsinə yardım edən və Belçika Konstitusiyasının 10, 11 və 22-ci maddələrində və Konvensiyanın 6-cı və 8-ci Maddələrində təsbit olunan ümumi prinsipdir.
83. Vəkillər Şurası 8-ci Maddədə nəzərdə tutulmuş hüquqlara "müdaxilənin" baş verib-verməməsi ilə və ya ərizəçinin qurban statusu ilə əlaqədar hər hansı mövqe bildirməyərək qeyd etdi ki, əgər qanun şəxsin davranışını dəyişməsini tələb edirsə və əks halda onun məhkəmə təqibinə məruz qalacağını nəzərdə tutursa, yaxud şəxs həmin qanunun birbaşa təsirinə məruz qalan şəxslər kateqoriyasına mənsubdursa, həmin qanunun tətbiqinin birbaşa subyekti olmadığı təqdirdə şəxs bu qanunun onun hüquqlarını pozduğunu iddia edə bilər.
84. Ekvivalent müdafiə prezumpsiyasına gəlincə, o, Avropa Dekretinin müddəalarının milli qanunvericiliyə daxil edilməsi ilə əlaqədar olan bu işə tətbiq edilə bilməz. Bunu Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi üzrə yuxarıda qeyd edilən qərarın 157-ci bənd təsdiq edir. Fransızdilli Vəkillər Şurası, həmçinin yuxarıda qeyd edilən Kantoninin işinə (baxmayaraq ki, həmin işdə etiraz edilən tədbirlər sadəcə olaraq Dekretin müddəalarının Fransa qanunvericiliyinə daxil edilməsindən ibarət idi, Məhkəmə həmin tədbirləri ciddi şəkildə araşdırmışdı) və M.S.S.-in işi üzrə yuxarıda qeyd edilən qərara istinad etdi.
85. Nəhayət, Vəkillər Şurası Məhkəmənin diqqətini yuxarıda qeyd edilən 23 yanvar 2008-ci il tarixli qərara cəlb etdi, həmin qərarda Belçika Konstitusiya Məhkəməsi bildirib ki, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq məqsədi ictimai maraqlara xidmət edən qanuni məqsəd olsa da, vəkillik peşəsinin imtiyazının qeyd-şərtsiz və məhdudiyyətsiz olaraq aradan qaldırılmasına bəraət qazandıra bilməz, belə ki, vəkilləri cinayətlərin aşkar edilməsinə görə cavabdehlik daşıyan dövlət orqanları ilə qarışıq salmaq olmaz. Müvafiq olaraq, o, bu qənaətə gəlib ki, zəruri peşə fəaliyyətlərinin, o cümlədən 2005/60/EC saylı Dekretin 2-ci maddəsinin 1(3)(b) bəndində sadalanan fəaliyyətlərin, yəni ədalət mühakiməsinə aid məsələlərdə müştərilərə yardım göstərilməsinin, onların müdafiə edilməsinin və onlara hüquqi məsləhətlər verilməsinin gedişində vəkilin diqqətinə çatdırılan məlumatlara, hətta onlar məhkəmə prosesi kontekstindən kənarda çatdırılmış olsa belə, vəkillik peşəsinin imtiyazı şamil olunur və onlar dövlət orqanlarına açıqlana bilməz.
Bununla belə, Konstitusiya Məhkəməsi vəkillik peşəsinin imtiyazının qeyri-məhdud olduğunu hesab etməyib. Dekretin 20-ci maddəsinə istinadən o, qərarında qeyd edib ki, qanunsuz olduğunu bildiyi çirkli pulların yuyulması və ya terrorçuluğun maliyyələşdirilməsi əməliyyatını həyata keçirməkdən və ya bu əməliyyatda iştirak etməkdən müştərisini çəkindirə bilməyən vəkil, şübhələri barədə məlumat verməyə borclu olduğu hallarda sahib olduğu məlumatları dövlət orqanlarına təqdim edilmək üçün Vəkillər Kollegiyasının sədrinə çatdırmalıdır. Bu halda o, özü ilə müvafiq müştərisi arasındakı münasibətlərə xitam verməlidir, çünki vəkillə müştəri arasındakı münasibətlərin məxfiliyindən daha söhbət gedə bilməz.
c) Avropa Vəkillər Birliyinin İnsan Hüquqları İnstitutu ("AVBİHİ")
86. AVBİHİ bildirdi ki, peşə fəaliyyətlərinin məxfiliyi Fransada hüquqi öhdəlikdir və bu öhdəlik şəxsin statusu və ya peşəsi ilə əlaqədar olaraq, yaxud müvəqqəti missiyası və ya vəzifəsi nəticəsində əldə etdiyi məxfi məlumatların açıqlanmasını qadağan edir, bu qadağanın məqsədi müəyyən peşə fəaliyyətlərinin və ya funksiyaların həyata keçirilməsi üçün zəruri olan etimad münasibətlərinə şərait yaratmaqdır.
AVBİHİ əmin idi ki, bütün fəaliyyətlərində və sərəncamındakı bütün materiallara münasibətdə peşə sirrinin qorunması, vəkilin mütləq vəzifəsidir. Yuxarıda qeyd edilən Direktivlərin müddəalarının milli qanunvericiliyə daxil edilməsi ilə əlaqədar olaraq Milli Vəkillər Şurası bildirib ki: "cinayətkarlıqla və terrorçuluqla mübarizə aparmaq məqsədi qanuni olsa da, vəkillər sistemin xəbərçisi və ya polisi olmaqdan və içdikləri andın mahiyyətinə və özlərinin mühüm dəyərlərinə xəyanət etməkdən imtina edirlər; çirkli pulların yuyulması əleyhinə Dekretlər və nəticə etibarı ilə bizim daxili qanunvericiliyimiz vətəndaşlarımızın əsas hüquqlarına, vəkillərin müstəqilliyinə, vəkillə müştəri arasındakı məlumatın məxfiliyinə, vəkillik peşəsinin imtiyazına və təqsirsizlik prezumpsiyasına təhlükə yaradır; onlar müştəri ilə vəkili arasındakı zəruri etimadı aradan qaldırır; barəsində məlumat veriləcəyindən ehtiyat edən müştəri müəyyən informasiyaları gizlətməyə məcbur olur; vəkil işlə bağlı yetərincə məlumatlandırılmır və müştərisinə lazımi qaydada məlumat vermək və onun maraqlarını lazımınca müdafiə etmək imkanına malik olmur.
87. AVBİHİ daha sonra qeyd etdi ki, Məhkəmənin presedent hüququna əsasən, Konvensiyanın 8-ci maddəsi vəkillərlə müştəriləri arasındakı fikir və məlumatın məxfiliyini və vəkillik peşəsinin imtiyazını qoruyur, Avropa İttifaqı Ədalət Məhkəməsinin presedent hüququnda da analoji mövqe əks olunub.
88. AVBİHİ vurğuladı ki, 8-ci maddə ilə təmin edilən hüquqlara müdaxilənin "zəruriliyini" qiymətləndirmək üçün ilk növbədə "müdaxilənin dərəcəsini və nəticələrini" nəzərə almaq lazımdır. O, bununla əlaqədar dörd məqamı önə çəkdi. Birincisi, müştərinin susmaq hüququna da təhlükə yaranırdı. Şübhələri barədə məlumat vermək vəzifəsi vəkillərdən tələb edirdi ki, müştərilərini özlərinə qarşı ittihama çevrilə biləcək məlumatlar verməyə məcbur etsinlər. İkincisi, sözügedən qanunvericilik normalarının əsasını "şübhələr" anlayışı təşkil etsə də, bu anlayışın mənası göstərilməmişdi və "qanun" tələb olunan keyfiyyətə və dəqiqlik dərəcəsinə malik deyildi. Üçüncüsü, məxfilik tələbi jurnalistlərin məlumat mənbələrinin və tibbi məlumatların qorunmasını nəzərdə tutan Məhkəmənin presedent hüququnda xüsusilə önəmli idi; məlumat vermək vəzifəsinə baxmayaraq, hüquq peşəsinin imtiyazının qorunmasının zəruriliyi Kanadada və Birləşmiş Ştatlarda təsdiq edilmişdi, Avropa İttifaqının üzvü olan müəyyən dövlətlərin (İtaliya, Estoniya, Belçika, Niderland və İrlandiyanın), eləcə də İsveçrənin qüvvədə olan qanunvericiliyi də bu məsələdə daha çox qoruyucu xarakter daşıyırdı. Dördüncüsü, Kasado Koka İspaniyaya qarşı (Kasado Koka v Spain) iş üzrə qərarında (24 fevral 1994-cü il tarixli qərar, A seriyaları, № 285-A) Məhkəmə qeyd etmişdi ki, məhkəmələrin fəaliyyətinə ictimaiyyətin inamının qorunub saxlanmasında vəkil mühüm rol oynayır; buna görə də, insanların öz vəkillərinə etibar etmələrinə şərait yaradılmalıdır, bu o deməkdir ki, vəkillərin dövlət orqanlarından müstəqilliyi qorunmalı (sözügedən qanunvericilik normalarında nəzərdə tutulmuş Tracfinlə əlaqə onların müstəqilliyinə xələl gətirirdi) və onların sərəncamlarındakı məlumatlar məxfi olaraq qalmalıdır.
Müdaxilə həmçinin qarşıya qoyulan məqsədə, yəni çirkli pulların yuyulmasına və terrorçuluğa qarşı mübarizə məqsədinə mütənasib olmalıdır. Lakin Xavier Da Silveira Fransaya qarşı (Xavier Da Silveira v. France) iş üzrə qərarında (ərizə № 43757/05, 21 yanvar 2010-cu il tarixli qərar) Məhkəmə, konkret olaraq vəkilin ofisində axtarış aparılması və onun ofislərinə baş çəkilməsi ilə əlaqədar olan həmin işdə xüsusi prosessual təminatların zəruri olduğunu müəyyən etdiyi halda, hazırkı işdə nəzərdən keçirilən hüquq normalarında bu cür təminatlar nəzərdə tutulmayıb (Vəkillər Şurasının sədri konkret halda barəsində məlumat verilməli olan fəaliyyətin şübhəli fəaliyyət olmadığına əmin olsa belə, onun funksiyası sadəcə məsləhətçi rolu ilə məhdudlaşırdı). Bundan əlavə, Fransa vəkilləri cinayət qanunvericiliyinin çirkli pulların yuyulmasına dair xüsusilə sərt normalarının, eləcə də əsas etik davranış öhdəliklərinin (onlar həmin öhdəliklərə riayət etmədikdə məsuliyyətlə üzləşə bilərdilər) və maliyyə nəzarətinin tətbiqinə məruz qalırdılar. Çox kiçik məbləğlər istisna olmaqla onların nəğd pul əməliyyatlarını həyata keçirmələrinə icazə verilmirdi, bank pulköçürmələrini isə onlar, vəkillər üçün xüsusi ödəniş fondu vasitəsilə həyata keçirməli idilər.
89. Nəhayət, ekvivalent müdafiə prezumpsiyası məsələsi ilə əlaqədar olaraq AVBİHİ qeyd etdi ki, Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi işi cavabdeh dövlətin Avropa İttifaqı Qaydalarının müddəalarını tətbiq etmək öhdəliyi ilə əlaqədar idi və həmin müddəalar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məcburi qüvvəyə malik qətnaməsindən irəli gələn vəzifələrin icrasına yönəlmişdi. İndiyədək Məhkəmənin ekvivalent müdafiə prezumpsiyası məsələsini Avropa İttifaqının xeyrinə həll etdiyi işlər Dekretlərin müddəalarının yerinə yetirilməsi ilə əlaqədar olmayıb və Qaydaların müddəalarından fərqli olaraq, həmin müddəalar dövlətlərə mülahizə sərbəstliyi verir. Bundan başqa, çirkli pulların yuyulması ilə əlaqədar olan müəyyən Dekretlərdə Konvensiya müddəalarına istinad edilməsi, həmin Dekretlərin normalarının və substantiv (maddi-hüquqi) müdafiənin Konvensiyada nəzərdə tutulanlarla ekvivalent olduğunu təsdiq edə biləcək hal olsa da, şübhəsiz ki, Avropa İttifaqı sistemində fərdi şikayət hüququnun olmaması bu sistemdəki prosessual müdafiənin Konvensiya sistemindəkinin ekvivalenti olmadığına dəlalət edir. AVBİHİ həmçinin qeyd etdi ki, Məhkəmə beynəlxalq təşkilatların heyətlərinin mübahisələrinə aid işlərdə təmin edilən müdafiənin Konvensiya sistemindəki müdafiəyə ekvivalent olduğunu birmənalı olaraq ona görə təsdiq edib ki, onlar bütün zəruri təminatları təqdim edən məhkəmə orqanına fərdi qaydada birbaşa müraciət etmək hüququna malikdirlər (AVBİHİ bu işlər üzrə qərarlara istinad etdi: Buaven Avropa Şurasının üzvü olan 34 dövlətə qarşı (Boivin v. 34 member States of the Council of Europe) (qərardad), ərizə № 73250/01, AİHM 2008; Qasparini İtaliyaya və Belçikaya qarşı (Gasparini v. Italy and Belgium) (qərardad), ərizə № 10750/03, 12 may 2009-cu il; və Beyqo Avropa Şurasının üzvü olan 46 dövlətə qarşı (Beygo v. 46 member States of the Council of Europe), ərizə № 36099/06, 16 iyun 2009-cu il).
3. Məhkəmənin qiymətləndirməsi
a) Konvensiyanın 8-ci Maddəsilə qorunan hüquqa müdaxilənin olub olmaması
90. “Hər kəsin yazışmalarına” hörmət hüququnu təmin edən Konvensiyanın 8-ci Maddəsi, mahiyyətindən (idem., § 54) və formasından asılı olmayaraq “şəxsi yazışmaların” məxfiliyini (bax Frerot Fransaya qarşı (Frerot v France), No 70204/01, § 53, 12 iyun 2007) müdafiə edir. Bu o deməkdir ki, 8-ci maddə şəxslərin bir-birilə ünsiyyət məqsədilə mübadilə etdikləri hər hansı məlumatı müdafiə edir.
91. Odur ki, vəkillərdən, onların yanına fikir mübadiləsi üçün gələn şəxslər barəsində inzibati qurumlara məlumat vermək tələbi, onların üzərinə şübhələr barədə məlumat vermə öhdəliyi qoyulması, vəkillərin ünsiyyət məxfiliyinə hörmət edilməsi hüququna müdaxilədir. Bu həm də onların “şəxsi həyatına” hörmət hüququna müdaxilədir ki, bu hüquqa həm də peşəkar və biznes xarakterli fəaliyyətlər də daxildir (bax Niemietz Almaniyaya qarşı (Niemietz v Germany), 16 dekabr 1992, § 29, Seriya A No 251‑B).
92. Hazırkı işdə ərizəçi həqiqətən də bu cür şübhə barədə məlumat vermək öhdəliyinə və ya bu cür öhdəliyi icra etmədiyinə görə qaydalar əsasında intizam məsuliyyətinə məruz qaldığını iddia etməyib. Lakin, əvvəl də qeyd etdiyi kimi, o, aşağıda qeyd olunan dilemma qarşısında qalıb: ya o, ona deyildiyi kimi edir və bununla da vəkillə müştəri arasında paylaşılan məlumatın məxfiliyinə və hüquq peşəsinin vacib prinsipinə zidd hərəkət etmiş olur; və ya o bu tələbi yerinə yetirməkdən imtina edərək özünü intizam məsuliyyətinə, hətta vəkillikdən məhrum edilmək cəzasına məruz qoymuş olur. Bu səbəbdən də, Məhkəmə hesab edir ki, şübhələr barədə xəbər vermə öhdəliyi ərizəçinin vəkil kimi 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarına “davam edən müdaxilə”yə səbəb olub (bax mutatis mutandis, Dudgeon, yuxarıda § 41-də qeyd olunub və Norris, yuxarıda § 38-də qeyd olunub), hətta onun ən intim anlamda şəxsi hüquqlarına təsir etmiş olmasa belə, bu müdaxilə onun müştərisi ilə arasında peşəkar ünsiyyətə hörmət hüququna təsir edib.
93. Bu müdaxilə, “qanuna müvafiq halda” həyata keçirilməyibsə və ya 2-ci bənddə nəzərdə tutulan legitim məqsədlərdən birini əks etdirmirsə və nəzərdə tutulan məqsədə və ya məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri” deyilsə, o zaman 8-ci Maddəni pozmuş olur.
b) Müdaxilə əsaslandırılıbmı
i. Müdaxilə qanuna uyğun olubmu?
94. Məhkəmə bir daha qeyd edir ki, “qanuna uyğun”luq ilk olaraq müdaxilənin yerli qanunvericiliyə müvafiq qaydada əsası olduğunu nəzərdə tutur (bax Silver və Başqaları Birləşmiş Krallığa qarşı (Silver and Others v. the United Kingdom), 25 mart 1983, § 56-88, Seriya A No 61). Bu halın hazırkı işdə olması danılmazdır: vəkillər üçün şübhələr barədə məlumat vermə öhdəliyi Avropa Dekretində nəzərdə tutulub və Fransa qanunvericiliyində tətbiq olunub (xüsusilə dəyişikliklərin edildiyi 10 iyun 1991-ci il tarixli Dekretlə bağlı tətbiq olunan 2004-130 saylı 11 fevral 2004-cü il tarixli Qanun) və Pul və Maliyyə Məcəlləsində əks olunub; təcrübi formallıqlar icra təlimatlarında (onlarla bağlı normalar da məcəllələşdirilib) və həmçinin Milli Vəkillər Şurasının yuxarıda qeyd olunan 12 iyul 2007-ci il tarixli qərarında əks olunub.
95. Həmçinin “qanunun” kifayət qədər çatımlı– ki hazırkı işdə ərizəçi bunu inkar etmir – və müəyyən (ibid.) olması zəruridir. Ərizəçi iddia edir ki, sözügedən “qanun” aydın deyil çünki o, vəkillərdən “şübhələr” barədə məlumat verməyi tələb edir, lakin şübhə anlayışını müəyyən etmir və onun əhatə etdiyi fəaliyyətlərin dairəsi də qeyri-dəqiqdir.
96. Məhkəmə bu arqumentlə razılaşmır. Məhkəmə bir daha qeyd edir ki, norma, vətəndaşın hərəkətlərini nizamlamaq üçün kifayət qədər aydın şəkildə formalaşdırılmadığı halda “qanun” hesab edilmir: vətəndaş, edəcəyi hərəkətin nəticəsini müvafiq şəraitdə ağlabatan həddə qabaqacadan görə, ölçüb-biçə bilməlidir və ehtiyacı olduqda bu barədə məsləhət də almalıdır (ibid.). Lakin Məhkəmə artıq, qanunun mütləq müəyyənliyinin mümkünsüzlüyünü və müəyyənliyin axtarılmasının həddən artıq sərtliyə səbəb ola bilməsi riskini qəbul edib. Bir çox qanunların, az və ya çox dərəcədə qeyri-müəyyən terminlərdən ibarət olması və həmin terminlərin şərh olunması və tətbiq olunmasının təcrübə ilə bağlı olması qaçılmazdır (ibid.).
97. Məhkəmə hesab edir ki, “şübhə” ümumi fikrə bağlıdır və məsələn vəkillik peşəsinin sahibləri bunu anlamadıqlarını iddia edə bilməzlər çünki Hökumətin də izah etdiyi kimi, Valyuta və Maliyyə Məcəlləsi bu anlayışın səciyyəvi indikatorlarını dəqiq göstərir. Bundan başqa, şübhələr barədə Vəkillər Kollegiyasının sədrinə, Dövlət Şurasının (Conseil d’Etat ) Vəkillər Şurasının Prezidentinə və Kassasiya Məhkəməsinə məlumat vermək lazım olduqda, vəkil, müvafiq işdə “şübhə”nin olmasına tam əmin olmadıqda daha məlumatlı və təcrübəli həmkarından məsləhət ala bilər.
Şübhələr barədə məlumat vermə öhdəliyi ilə bağlı fəaliyyətin qeyri-müəyyən xarakterə malik olması iddiasına gəlincə, Məhkəmə hesab edir ki, sözügedən mətn (Məsələn, Milli Vəkillər Şurasının 12 iyul 2007-ci il tarixli qərarının 1-ci maddəsi; yuxarıda 12-ci paraqrafa bax) qeyd edir ki, öhdəlik vəkillərə, işgüzar əməliyyatlarında, öz müştəriləri üçün və ya onların adından hər hansı maliyyə və ya daşınmaz əmlakla bağlı əməliyyatlarda iştirak etdikdə və ya öz müştərilərinə müəyyən növ əməliyyatların hazırlanması və ya icra olunmasında yardım etdiklərində (daşınmaz əmlak və qeyri-maddi aktivlə bağlı alqı-satqı, müştəriyə məxsus pulların, qiymətli kağızların və digər əmlakların idarə olunması, cari hesabların, əmanət hesablarının və ya qiymətli kağız hesablarının açılması, şirkətlərin yaradılması üçün tələb olunan şərtlərin təşkili, şirkətlərin yaradılması, idarə olunması və onlara nəzarət olunması, xarici hüquqi sistem və ya hər hansı oxşar struktur tərəfindən kreditlərin təşkili, idarə olunması və onlara nəzarət olunması) tətbiq olunur. Mətndə həmçinin dəqiqləşdirilir ki, vəkillər sırf vəkil kimi və məhkəmə prosesilə bağlı yuxarıdakı fəaliyyətlərdən birini həyata keçirərkən həmin qaydalara tabe deyillər. Məhkəmə bildirir ki, bu norma kifayət qədər aydındır, xüsusilə nəzərə alınmalıdır ki, sözügedən norma vəkillər üçün nəzərdə tutulub və Hökumətin də qeyd etdiyi kimi, “vəkil” anlayışı difərləri ilə yanaşı (inter alia), Vəkillər Şurası tərəfindən müəyyənləşdirilib.
98. Son olaraq, müdaxilə, Konvensiyanın 8-ci Maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş mənada “qanuna uyğun” olub.
ii. Müdaxilənin legitim məqsədi olubmu?
99. Məhkəmə şübhə etmir ki, çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədilə tətbiq olunan müdaxilə 8-ci maddənin 2-ci bəndində nəzərdə tutulan iğtişaş və cinayətkarlığa qarşı mübarizə aparmaqla bağlı nəzərdə tutulan legitim məqsəd daşıyıb. Tərəflərdən heç birisi buna etiraz etməyib.
100. Bundan başqa, Məhkəmə təkrarən qeyd edir ki, razılığa gələn Yüksək Tərəflərin tətbiq etdiyi İttifaq hüququ ümumi maraqlara xidmət edən legitim məqsədi əks etdirir (bax Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi, yuxarıda § 150-151-də qeyd olunub).
iii. Müdaxilə zəruri olubmu?
α) Ekvivalent müdafiə prezumpsiyasının tətbiqi
101. Hökumət bildirdi ki, vəkillər üçün şübhələr barədə məlumat verməklə bağlı lazımi səy göstərmə öhdəliyi, Fransanın Avropa Birliyinə üzv olması səbəbi ilə Avropa Dekretlərini Fransa qanunvericiliyinə tətbiq etmək öhdəliyinin nəticəsi olub. Onlar, yuxarıda qeyd olunan Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi qərarına istinad edərək qeyd etdilər ki, məlum olduğu kimi, Avropa Birliyi Konvensiyada nəzərdə tutulan fundamental hüquqlara ekvivalent olan hüquqların qorunmasına çalışır və odur ki, Fransa da bu kontekstdə sadəcə olaraq öz öhdəliklərini yerinə yetirdiyinə görə onu Konvensiyanın tələblərinə cavab vermiş hesab etmək olar.
Ümumi prinsiplər
102. Məhkəmə təkrarən qeyd edir ki, Razılığa gələn Yüksək Tərəfləri, öz suverenliklərinin bir hissəsini güzəştə getdikləri və müvafiq öhdəliklərinə tabe olduqları beynəlxalq təşkilatlara üzvlükləri çərçivəsində öz Konvensiya öhdəliklərindən tamamilə azad etmək, Konvensiyanın məqsədinə uyğun deyil: Konvensiyanın təminatları üzv Dövlətlərin iradəsinə uyğun olaraq məhdudlaşdırıla və ya istisna edilə bilər, bu isə Konvensiyanı mütləq xarakterindən məhrum edir və onun təminatlarının səmərəli və praktik xarakterinə xələl gətirir. Başqa sözlə desək, Dövlətlər beynəlxalq hüquq öhdəliklərini yerinə yetirmək üçün müvafiq tədbirlər həyata keçirərkən, hətta bu tədbirlər onların suverenliklərinin bir hissəsi kimi transfer etdikləri beynəlxalq təşkilatlara üzvlüyündən doğan öhdəliklərdən irəli gəldikdə belə, Konvensiya qarşısında öhdəlik daşıyırlar (bax Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi, yuxarıda 154-cü paraqrafda qeyd olunub).
103. Lakin bu da həqiqətdir ki, Məhkəmə həmçinin bildirib ki, bu cür öhdəliklərlə bağlı fəaliyyətlərin həyata keçirilməsi müvafiq təşkilatın heç olmasa Konvensiyada nəzərdə tutulan təminatlara ekvivalent hesab oluna biləcək – məhz eyni deyil, ən az müqayisə oluna bilən – fundamental hüquqları müdafiə etdiyi, bu hüquqlara əsaslı təminatlar, eləcə də onların müşahidəsinə nəzarət edən mexanizmlər təklif edə biləcəyi hallarda, əsaslı sayıla bilər (bu mənada, istənilən bu cür “ekvivalentlik” anlayışı yekun sayıla bilməz və fundamental hüquqların müdafiəsində hər hansı müvafiq dəyişikliyin işığında nəzərdən keçirilir). Əgər bu cür ekvivalent müdafiənin təşkilat tərəfindən təmin olunması nəzərdə tutulursa, prezumpsiya ondan ibarət olacaq ki, Dövlət, təşkilata üzvlüyündən doğan hüquqi öhdəlikləri yerinə yetirdiyi üçün Konvensiyanın tələblərindən kənara çıxmayıb.
Lakin Dövlət, onun kəskin beynəlxalq öhdəliklərindən kənar, yəni müəyyən dərəcədə Dövlət sərbəstliyinə malik olduğu zaman bütün hərəkətlərinə görə Konvensiya qarşısında tam öhdəlik daşıyacaq (bax M.S.S. yuxarıda 338-ci paraqrafda qeyd olunub). Budan əlavə, əgər konkret işdə Konvensiyada nəzərdə tutulan hüquqların müdafiəsinin açıq aşkar həyata keçirilmədiyi məlum olarsa, o zaman bu prezumpsiya rədd oluna bilər. Bu cür hallarda, insan hüquqları sahəsində “Avropada ictimai asayişin konstitusion vasitəsi” sayılan Konvensiyanın rolu, beynəlxalq əməkdaşlığın maraqlarından üstün hesab ediləcək (bax Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi, yuxarıda 152-158-ci paraqraflarda qeyd edilib, və həmçinin, digər işlərlə yanaşı, M.S.S., yuxarıda 338-340-cı paraqraflarda qeyd olunub).
104. Bu ekvivalent müdafiə prezumpsiyasının əsas məqsədi ondan ibarətdir ki, Dövlət Tərəfi, Konvensiyaya üzv olmayan və suverenliyinin bir hissəsini güzəşt etdiyi beynəlxalq təşkilata üzvlüyündən doğan öhdəliklərini yerinə yetirərkən, bu üzvlükdən doğan hərəkətin və ya hərəkətsizliyin vis-à-vis Konvensiyaya uyğunluğunu əsaslandırmaq üçün dilemma qarşısında qalmasın. Bu həmçinin, Məhkəmənin hansı hallarda, beynəlxalq əməkdaşlığın maraqları naminə Tərəf Dövlətlərin Konvensiyadan doğan öhdəliklərini yerinə yetirməkləri ilə bağlı, Konvensiyanın 19-cu maddəsində nəzərdə tutulan, nəzarətçi rolunu azaltma imkanlarını müəyyən etməyə xidmət edir. Bu məqsədlərdən belə nəticəyə gəlmək olar ki, Məhkəmə bu tədbiri yalnız o zaman qəbul edə bilər ki, həmin tədbirlərin müdafiə etdiyi hüquqlar və təminatlar Məhkəmə ilə müqayisə edilə biləcək səviyyədə qorunsun. Əks halda, Dövlət Konvensiyadan irəli gələn öhdəliklərini yerinə yetirməmiş olacaq.
Avropa İttifaqı hüququ ilə müdafiə olunan fundamental hüquqlar
105. Avropa İttifaqı tərəfindən müdafiə olunan fundamental hüquqlara gəlincə, Məhkəmə, Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi qərarının (yuxarıda 160-165-ci paraqraflarda qeyd olunub) Konvensiya sistemilə nəzərdə tutulan ekvivalentlik prinsipinə uyğun gəldiyini hesab etdi.
106. Bu nəticəyə gəlmək üçün o, ilk öncə bildirdi ki, Avropa İttifaqı əsas təminatların qorunması üçün ekvivalent müdafiə təklif edib və qeyd etdi ki, sözügedən zamanda fundamental hüquqlara hörmət İttifaq fəaliyyətlərinin qanuniliyi üçün şərt olub və öz qərarlarında Ədalət Məhkəməsi Konvensiyanın müddəalarına və Məhkəmə yurispridensiyasına geniş şəkildə istinad edib (bax Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi, yuxarıda 159-cu paraqrafda qeyd olunub). 1 dekabr 2009-cu il, yəni Avropa İttifaqı Sazişinin 6-cı maddəsinin (düzəliş edilmiş variantda) qüvvəyə mindiyi tarixdən etibarən həmin maddə Avropa İttifaqının Fundamental Hüquqlar üzrə Xartiyasına qanun statusu verib və fundamental hüquqları Konvensiyada nəzərdə tutulduğu və üzv Dövlətlərin ümumi konstitusion ənənələrindən irəli gəldiyi şəkildə Avropa İttifaqı qanunvericiliyinin ümumi prinsiplərinə çevirib.
107. O zaman Məhkəmə eyni vəziyyətin, fundamental hüquqlara hörmət olunmasının müşahidə mexanizminə də aid olub-olmamasını nəzərdən keçirdi.
108. O bildirdi ki, şəxslərin Ədalət Məhkəməsinə çıxışı məhdud olub: Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi (ilkin olaraq Avropa İttifaqını təsis edən Sazişin 169 və 170-ci maddəsində nəzərdə tutulub) onlara açıq olmayıb, fəaliyyətlərin ləğv olunmasına və Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində həyata keçirilən fəaliyyətlərə çatımlılıq, eləcə də nəticədə baş verən qanunsuzluqlara qarşı etiraz imkanları məhdud olub (İlkin olaraq Müqavilənin 184-cü maddəsində nəzərdə tutulub) və bir şəxsin digər şəxsə qarşı müraciət etmək hüququ olmayıb (bax Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi, yuxarıda 161-162-ci paraqraflarda qeyd olunub).
109. Lakin Məhkəmə bildirdi ki, bu məsələdə də ekvivalent müdafiə mövcud olub, belə ki, nəzərə alsaq ki, İttifaq təsisatları və ya üzv Dövlət tərəfindən Ədalət Məhkəməsi qarşısında qaldırılan məsələlər İttifaq normalarının dolayı yolla şəxslərin xeyrinə tətbiq olunması ilə müşahidə olunub və təsisatların qeyri-müqavilə öhdəlikləri ilə bağlı məruz qaldıqları zərərlə bağlı AƏM-nə müraciət edə bilərlər (ilkin olaraq Müqavilənin 184-cü maddəsində nəzərdə tutulub) (bax Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi, yuxarıda 163-cü paraqrafda qeyd olunub).
110. O daha sonra qeyd etdi ki, İttifaq sistemi, əsasən vətəndaşların, İttifaq hüququnun pozulmasına görə üzv Dövlətə və ya digər vətəndaşlara qarşı müraciət etməsi üçün yerli müdafiə vasitələrini nəzərdə tutub.
Avropa İttifaqını təsis edən Sazişin müvafiq normaları, daha dəqiq (ilkin nömrələməyə istinadən), 189-cu (birbaşa tətbiqetmə anlayışı) və 177-ci maddələri İttifaqın əvvəldən idarə olunması mexanizmində yerli məhkəmələr üçün əlavə rol nəzərdə tutub, (ilkin istinad proseduru) və yerli məhkəmələrin İttifaq hüququnun həyata keçirilməsindəki rolu və onun fundamental hüquq təminatları, AƏM tərəfindən İttifaq hüququnun üstün qüvvəsi, birbaşa təsir, dolayı təsir və Dövlətin öhdəliyi kimi əhəmiyyətli anlayışların şərh edilməsi nəticəsində genişləndirilib.
Məhkəmə həm də bildirdi ki, Ədalət Məhkəməsi, Müqavilənin 177-ci maddəsində nəzərdə tutulan ilkin istinad proseduru da daxil olmaqla İttifaq hüququnun yerli məhkəmələr tərəfindən tətbiq olunmasına nəzarət edib ki, bunun da əsasında yerli məhkəmə prosesində iştirak edən tərəflər öz işlərilə bağlı müraciət edə biliblər. O həmçinin qeyd etdi ki, baxmayaraq ki, Ədalət Məhkəməsinin rolu yerli məhkəmələr tərəfindən Məhkəməyə yönləndirilən şərh istəyən və ya qanuniliklə bağlı suallara cavab verməkdən ibarət olub, cavab çox vaxt yerli prosedurun müəyyənləşdirilməsilə bağlı olub (Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi işində olduğu kimi (idem. § 164)).
111. Odur ki, baxmayaraq ki, şəxslərin, Ədalət Məhkəməsinə çıxışı Konvensiyanın 34-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada Məhkəməyə çıxışları ilə müqayisədə daha məhduddur, Məhkəmə qəbul edir ki, bütövlükdə, Avropa İttifaqı hüququnun nəzarətçi mexanizmi Konvensiyada nəzərdə tutulan müdafiə ilə müqayisə oluna bilən müdafiəni təmin edir. Birinci ona görə ki, vətəndaşlar, üzv Dövlətlər tərəfindən Ədalət Məhkəməsi qarşısında irəli sürülən işlərə baxılması yolu ilə İttifaq hüququ tərəfindən qorunur. İkinci ona görə ki, onların üzv Dövlətin İttifaq hüququnu pozub-pozmadığını müəyyən etmək üçün yerli məhkəmələrə müraciət etmək hüquqları var ki, bu halda da Ədalət Məhkəməsi tərəfindən həyata keçirilən nəzarət, yerli məhkəmələr üçün açıq olan ilkin istinad proseduru formasında icra olunur.
Ekvivalent müdafiə prezumpsiyasının hazırkı işdə tətbiqi
112. Hazırkı iş Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi işindən iki əsas səbəbə görə fərqlənir.
113. Birincisi, sonuncu iş üzv Dövlətlərdə birbaşa və tam şəkildə tətbiq olunan Əsasnamə ilə bağlı olduğu üçün, İrlandiyanın Avropa İttifaqına üzvlüyündən irəli gələn öhdəliklərini icra etməklə bağlı hər hansı manevr etmə sərbəstliyi yox idi.
Hazırkı işdə isə Fransa, nail olunacaq nəticəni üzv Dövlətlər üçün məcburi edən, lakin həmin nəticəyə nail olmaq üçün istifadə olunacaq vasitə və tədbirləri seçməyi Dövlətlərin öz ixtiyarına buraxan Dekreti icra edib. Belə olduğu təqdirdə, Fransanın, Avropa İttifaqına üzvlüyündən irəli gələn öhdəliklərini yerinə yetirərkən, ekvivalent müdafiə prezumpsiyasını tətbiq etməyə mane olan manevr sərbəstliyinin olub-olmaması sualı heç də qeyri-münasib deyil.
114. İkincisi və önəmlisi, Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi işində Avropa Birliyi hüququ tərəfindən həyata keçirilən nəzarət mexanizmi tam şəkildə icranı nəzərdə tutub. İrlandiya Ali Məhkəməsi, sonda ərizəçinin Məhkəməyə müraciət etdiyi, mülkiyyət hüququnun iddia olunan pozuntusu ilə bağlı ilkin qərarın çıxarılması üçün Ədalət Məhkəməsinə müraciət etdi.
Bunun əksinə olaraq, hazırkı işdə Dövlət Şurası vəkillərin şübhəli fəaliyyətlərlə bağlı məlumat vermə öhdəliyinin Konvensiyanın 8-ci maddəsinə uyğun olub olmaması ilə bağlı ilkin qərar çıxarması üçün ərizəçinin müraciətini Ədalət Məhkəməsinə yönləndirməkdən imtina edib, baxmayaraq ki, Ədalət Məhkəməsinin, nə digər işin kontekstində ilkin qərar çıxarmaq yolu ilə, nə də Avropa İttifaqına üzv Dövlətlər və ya təsisatlar üçün yuxarıda qeyd olunan hər hansı əməliyyatı həyata keçirmək yolu ilə sözügedən sualı araşdırmaq imkanı olmayıb. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan Ordre des barreaux francophones et germanophone və Başqaları işində (bax yuxarıda 27-29-cu paraqraflarda) Ədalət Məhkəməsi, vəkillərin şübhələr barədə məlumat vermə öhdəliyinin 6-cı Maddənin altında ədalət məhkəməsi hüququnun tələblərinə cavab verib-vermədiyini araşdırıb. Nəticədə vəkilin müştərisinin xeyrinə qərar çıxarıb. Lakin Konvensiyanın 8-ci Maddəsi bucağından baxarkən vəziyyət fərqlənir: burda məsələ sadəcə vəkilinin müştərisinin hüquqları deyil, eyni zamanda Kopp İsveçrəyə qarşı (Kopp v. Switzerland) (25 mart 1998, Hesabatlar 1998‑II), yuxarıda qeyd olunan André, və Wieser və Bicos Beteiligungen GmbH Avstriyaya qarşı (Wieser və Bicos Beteiligungen GmbH) (No 74336/01, AİHM 2007-IV), qərarlarda da rast gəlindiyi kimi, vəkilin öz hüquqlarıdır. Adı çəkilən işlər, müvafiq olaraq, telefon danışıqlarının dinlənilməsi, müştəri şirkətə qarşı məhkəmə prosesi ilə bağlı vəkilinin ofisində axtarışların aparılması və kompüter məlumatlarının ələ keçirilməsi ilə bağlı idi.
115. Odur ki, Məhkəmə qeyd etməlidir ki, Dövlət Şurası məsələni ilkin qərarın çıxarılması üçün Ədalət Məhkəməsinə yönləndirmədiyinə görə, (hətta baxmayaraq ki, həmin məhkəmə sözügedən məsələ üzrə Konvensiyada nəzərdə tutulan hüquqları heç vaxt araşdırmayıb) Dövlət Şurası işə, fundamental hüquqlara nəzarət edən müvafiq beynalxalq mexanizm olmadan (prinsip etibarı ilə Konvensiyada nəzərdə tutulanlara ekvivalent olan) baxıb. Həmin seçimin işığında ekvivalent müdafiə prezumpsiyası tətbiq olunmur.
116. Odur ki, Məhkəmədən, müdaxilənin Konvensiyanın 8-ci Maddəsində nəzərdə tutulmuş məqsədlər üçün zəruri olub-olmadığının müəyyən olunması tələb olunur.
ẞ) Məhkəmənin qiymətləndirməsi
117. Məhkəmə bununla bağlı bildirir ki, o, bir çox hallarda Konvensiyanın 8-ci Maddəsi çərçivəsində vəkillərin, peşələrinin icrası ilə bağlı şikayətlərinə baxıb. Məsələn, o, vəkilin ofisində və ya evində axtarış aparılması və müsadirə həyata keçirilməsinin (bax Niemietz, yuxarıda qeyd olunub; Roemen və Schmit Luksemburqa qarşı (Roemen and Schmit v. Luxembourg), 51772/99, AİHM 2003‑IV; Sallinen və Başqaları Finlandiyaya qarşı (Sallinen and Others v Finland), No 50882/99, 27 sentyabr 2005; André, yuxarıda qeyd olunub; və Xavier Da Silveira, yuxarıda qeyd olunub), vəkillə müştəri arasında ünsiyyətin qadağan olunması (bax Schönenberger və Durmaz İsveçrəyə qarşı (Schönenberger and Durmaz v. Switzerland), 20 iyun 1988, Seriya A No 137), vəkilin telefon danışıqlarını dinləmə (bax Kopp işinə, yuxarıda qeyd olunub) və hüquq şirkətindəki elektronik məlumatın axtarılması və ələ keçirilməsi (bax Sallinen və Başqaları və Wieser və Bicos Beteiligungen GmbH, hər ikisi yuxarıda qeyd olunub) kimi halların Konvensiyaya uyğun olub-olmamasını araşdırıb.
O, bununla əlaqədar qeyd etdi ki, 8-ci Maddənin işığında, vəkillə müştəri arasındakı ünsiyyət, məqsədindən asılı olmayaraq (ciddi peşə xarakterli ünsiyyət daxil olmaqla: bax Niemietz, yuxarıda 32-ci paraqrafda qeyd olunub), konfidensiallıqla bağlı olduqda xüsusi üstün statusa malikdir (bax Campbell Birləşmiş Krallığa qarşı (Campbell v. the United Kingdom), 25 mart 1992, § 46-48, Seriya A No 233; və həmçinin, digər işlərlə yanaşı, Ekinci və Akalın Türkiyəyə qarşı (Ekinci və Akalın v Turkey) No 77097/01, 30 yanvar 2007, § 47; bu, əvvəl də qeyd olunduğu kimi, vəkillə müştəri arasında hər növ ünsiyyətə şamil edilir). O həmçinin bildirdi ki, vəkillərin peşəkar konfidensiallıq hüququnun təhlükə altında qalması riskilə bağlı hallara “xüsusi əhəmiyyət verir”, çünki bunun, “məkəmə sisteminin idarə olunmasına təsiri” ola bilər (bax Wieser və Bicos, yuxarıda, 65 və 66-cı paraqrafda qeyd olunub; həmçinin bax Niemietz, yuxarıda 37-ci paraqrafda qeyd olunub, və André, yuxarıda 41-ci paraqrafda qeyd olunub) və peşəkar konfidensiallıq vəkillə müştəri arasındakı etibarlı münasibətin əsasını təşkil edir (bax André, yuxarıda 41-ci paraqrafda qeyd olunub, və Xavier Da Silveira, yuxarıda 36-cı paraqrafda qeyd olunub).
118. Gəlinən nəticə odur ki, 8-ci Maddə şəxslər arasında “ünsiyyətin” məxfiliyini qoruduğu halda, vəkillə müştəri arasındakı bu məxfiliyi daha da gücləndirilmiş şəkildə qoruyur. Bu, o faktla əsaslandırılır ki, vəkillər, müdafiəçi kimi demokratik cəmiyyətdə fundamental rola sahibdirlər. Lakin vəkillər, müdafiə etdikləri şəxslərə, mübadilə edilən məlumatın məxfiliyi barədə zəmanət verə bilmədikdə bu vacib rolun öhdəsindən gələ bilməzlər. Bu, nəzərdə tutulan missiyanın həyata keçirilməsi üçün onlar arasında etibarlı əlaqədir. Təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməmək hüququ da daxil olmaqla, ədalətli məhkəmə araşdırması hüququ, bundan dolayısı ilə, lakin əhəmiyyətli dərəcədə asılıdır.
119. 8-ci Maddədən irəli gələn vəkillə müştəri arasındakı məxfilik və onun əsasları, bu perspektivdən Məhkəməyə, əsas verir ki, hüquqi peşənin üstünlüyünü xüsusi olaraq bu Maddə ilə qorunmasını təmin etsin.
120. Odur ki, Məhkəmənin üzləşdiyi sual ondan ibarətdir ki, Fransada həyata keçirilən və legitim məqsədi olan, vəkillər üçün şübhələr barədə məlumat vermə öhdəliyi, hüquqi peşənin üstünlüyünə qeyri-proporsional müdaxiləyə səbəb olubmu.
Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 8-ci Maddəsinin məqsədinə müvafiq olaraq, zərurilik anlayışı, müdaxilənin sosial ehtiyaca uyğun olduğunu, xüsusilə də legitim məqsədə proporsional olduğunu nəzərdə tutur (bax, digər qərarlarla yanaşı, Campbell, yuxarıda 44-cü paraqrafda qeyd olunub)
121. Məhkəmə qeyd edir ki, Dövlət Şurası 23 iyul 2010-cu il tarixli qərarında (yuxarıda 17-ci paraqraf), Konvensiyanın 8-ci Maddəsinin “professional məxfiliyə olan fundamental hüquq”u müdafiə etdiyini qəbul etdikdən sonra bildirib ki, vəkillərdən şübhələr barədə məlumat vermənin tələb olunması həmin hüquqa, həddi aşan müdaxiləyə səbəb olmayıb. O, çirkli pulların yuyulmasına qarşı mübarizənin ümumi maraqlara xidmət etməsinə, həmçinin vəkillərin, məhkəmə prosesi ilə bağlı olaraq həmin məlumatları əldə etdiyi və ya vəkil kimi fəaliyyət göstərdiyi hallarda (sonuncu halla bağlı, vəkilin çirkli pulların yuyulmasında iştirak etdiyi və ya hüquq məsləhətinin, çirkli pulların yuyulması məqsədi üçün təmin olunduğu və ya vəkilin, müştərinin hüquq məsləhətini çirkli pulların yuyulması məqsədilə aldığını bildiyi hallar istisnaya aid edilmir) bu öhdəliyin istisna edilməsi faktına istinad edərək həmin nəticəyə gəlib.
122. Məhkəmə bu əsaslandırmanı qüsurlu hesab etmir.
123. Əvvəl də qeyd olunduğu kimi, hüquq peşəsinin üstünlüyü, həm vəkil və müştəri üçün və həm də məhkəmə sisteminin idarə olunması üçün olduqca vacibdir. Şübhəsiz ki, bu, demokratik cəmiyyətdə məhkəmə idarəçiliyinin söykəndiyi fundamental prinsiplərdən biridir. Lakin bu, toxunulmaz deyil və Məhkəmə artıq bununla bağlı qiymətləndirmə apararaq bildirib ki, o, bu halda, məsələn vəkilin söz azadlığı məsələsində güzəştə yol verə bilər (Mor Fransaya qarşı (Mor v France), No 28198/09, 15 dekabr 2011). Bunun zəruriliyi həm də, üzv Dövlətlərin, məsələn narkotika alveri ilə bağlı və ya beynəlxalq terrorçuluqla bağlı cinayət əməllərinin maliyyələşdirilməsi üçün istifadə olunan, davam edən canayət nəticəsində əldə olunan vəsaitlərin yuyulmasına qarşı mübarizə tətbirlərinin miqyası ilə müqayisə olunmalıdır (bax Grifhorst Fransaya qarşı (Grifhorst v France), No 28336/02, § 93, 26 fevral 2009). Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçinin şikayət etdiyi, şübhələr barədə məlumat vermə öhdəliyinin əks olunduğu Avropa Dekretləri, demokratiya üçün ciddi təhlükə yaradan əməllərin qarşısının alınmasını nəzərdə tutan beynəlxalq sənədlərin bir hissəsini təşkil edir (bax, məsələn, FATF tövsiyələri və yuxarıda 18 və 19-cu paraqraflarda qeyd olunan, Cinayət Nəticəsində Əldə Olunmuş Vasitələrin Leqallaşdırılması, Aşkar Edilməsi, Götürülməsi və Müsadirə Edilməsi və Terrorçuluğun Maliyyələşdirilməsi haqqında 16 may 2005-ci il tarixli Avropa Şurası Konvensiyası).
124. Ərizəçinin, məlumat vermə öhdəliyinin vacib olmadığı, çünki hər bir halda, vəkilin çirkli pulların yuyulmasına cəlb olunduğu təqdirdə cinayət məsuliyyəti daşıyacağı barədə arqumentinə gəlincə, Məhkəmə bu məsələyə laqeyd qalmır. O hesab edir ki, bu arqument Dövləti və ya Dövlətlər qrupunu, xüsusi çəkindirici xarakterli mexanizmlə qəbul olunan cəza tədbirləri tətbiq etməkdən çəkindirir.
125. Məhkəmə, Tracfin tərəfindən dərc olunan və ərizəçinin istinad etdiyi statistikanı, və xüsusilə həmin statistikanın aşağıdakı hissəsini qeyd edir: 2010-cu ildə Tracfin tərəfindən 20.252 məlumat qəbul edilib ki, onların sayına peşə sahibləri tərəfindən şübhə ilə bağlı daxil olan 19.208 məlumat da daxildir, bu məlumatlardan 5.132 ədədi detallı araşdırılıb və yalnız 404 ədədi prokurorluq orqanlarına göndərilib və onlardan da yalnız yüzə qədəri çirkli pulların yuuylması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olub. Ərizəçi bildirib ki, bu rəqəmlər, sistemin səmərəsiz və buna görə də müdaxilənin qeyri-zəruri olduğunun göstəricisidir. Bu arqument Məhkəməni qane etmir. O, hazırkı işdə Tracfinin fəaliyyət hesabatında əks olunan şübhələrlə bağlı 19.208 məlumatın heç birinin vəkillər tərəfindən təqdim olunmadığı halda, bu rəqəmlərdən hansı nəticə çıxarılması ilə bağlı bir fikrə sahib deyil. O hesab edir ki, bu hesabatlar deyilənlərin əksinə olaraq, pozitiv nəticəyə nail olunduğunu göstərir; faktiki olaraq FATF-ın qənaətinə görə, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə Fransa metodu dünyadakı ən səmərəli metodalardan biridir. O daha sonra bildirir ki, ərizəçi arqumentində sistemin fərqli təsirinə əhəmiyyət vermir.
126. Sonda və hər şeydən öncə, müdaxilənin proporsionallığını qiymətləndirərkən iki faktor Məhkəmə üçün həlledici xarakter daşıyır.
127. Birincisi, yuxarıda qeyd olunduğu kimi və Dövlət Şurasının da qeyd etdiyi kimi, vəkillər iki halda şübhələrlə bağlı məlumat vermək öhdəliyinin subyekti olublar: öz işgüzar fəaliyyətləri çərçivəsində, maliyyə və ya mülkiyyət əməliyyatlarında öz müştəriləri üçün və ya onların adından, iştirak etdikdə və eləcə də onların qəyyumu kimi çıxış etdikdə; və müvafiq əməliyyatlarla bağlı fəaliyyətlərin hazırlanması və ya həyata keçirilməsi (daşınmaz əmlakın və qeyri-maddi aktivlərin aqlı-satqısı; müştəriyə məxsus pul vəsaitlərinin, qiymətli-kağızların və digər əmlakın idarə olunması; cari hesabların, əmanət hesablarının və qiymətli kağızlar hesabının və ya sığorta müqavilələrinin açılması; şirkətlərin yaradılması üçün tələb olunan işlərin təşkili; şirkətlərin yaradılması, idarə olunması və onlara nəzarət olunması; borcların və digər bənzər strukturların yaradılması, idarə olunması və onlara nəzarət olunması; ianə fondlarının yaradılması və idarə olunması). Odur ki, şübhələr barədə məlumat vermə öhdəliyi vəkillərə, müştərilərini müdafiə edərkən oynadıqları rolla bağlı deyil, eyni öhdəliyin subyekti olan digər peşə sahiblərinə aid edilən vəzifələri həyata keçirərkən tətbiq olunur.
Bundan başqa, Valyuta və Maliyyə Məcəlləsi xüsusi olaraq nəzərdə tutur ki, vəkillər “sözügedən məsləhətin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə verildiyi və ya müştərinin məsləhəti çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar xahiş etdiyini bildiyi hallar istisna olmaqla, məhkəmə prosesilə bağlı, məlumatın prosesdən öncə və ya sonra əldə olunmasından asılı olmayaraq, eləcə də prosesə qatılmaq və ya prosesdən çəkinməklə bağlı verilən hər hansı məsləhət”ə görə öhdəlik daşımırlar (Maddə L. 561-3, Valyuta və Maliyyə Məcəlləsi; bax yuxarıda 32-ci paraqraf).
128. Odur ki, şübhələr barədə xəbər vermə öhdəliyi, yuxarıda da qeyd olunduğu kimi, vəkillərin, hüquq peşəsinin əsasını təşkil edən müdafiəçi rolunan əsas mahiyyətinə təsir etmir.
129. İkinci faktor ondan ibarətdir ki, qanunvericilik peşəkar imtiyazı müdafiə edən filtr müəyyən edib: vəkillər məlumatı birbaşa Tracfinə deyil, Dövlət Şurasının Vəkillər Kollegiyasının Prezidentinə və ya vəkilin üzvü olduğu Vəkillər Kollegiyasının sədrinə verir. Hazırkı mərhələdə belə hesab oluna bilər ki, vəkil, həm eyni qaydaların subyekti olan, həm digər vəkillər tərəfindən onların müdafiə etmək məqsədilə seçilən, özündən yüksək vəzifədə olan peşəkarla məlumatı paylaşırsa, bu peşəkar imtiyazın pozuntusu sayılmır. Hansı məlumatın müştəri-vəkil imtiyazı ilə əhatə olunduğunu və hansının əhatə olunmadığını müəyyən etmək üçün ən yaxşı mövqedə olan peşəkar, şübhələr barədə məlumatın yalnız Valyuta və Maliyyə Məcəlləsinin L. 561-3-ci Maddəsində nəzərdə tutulan şərtlərə cavab verdiyini müəyyən etdikdən sonra onu Tracfinə təqdim edir (Eyni Məcəllənin L. 561-17-ci Maddəsi; bax yuxarıda 38-ci paraqraf). Hökumət bununla bağlı qeyd etdi ki, əgər Vəkillər Kollegiyası çirkli pulların yuyulması şübhəsi olmadığını və ya məlumatın şübhələrlə bağlı xəbər vermə öhdəliyini istisna edən fəaliyyətlə bağlı olduğunu müəyyən edərsə, məlumatı ötürmür.
130. Məhkəmə artıq qeyd edib ki, Vəkillər Kollegiyası sədrinin oynadığı rol, vəkillik peşəsi imtiyazının müdafiəsinin zəmanətidir. André qərarında o bildirdi ki, Konvensiya, yerli qanunvericiliyin vəkilin ofisində, müvafiq müdafiə imkanları təmin olunmaqla, axtarış aparılmasına icazə verməsini qadağan etmir; daha ətraflı, o bildirdi ki, bir sıra hallarda, məsələn, çirkli pulların yuyulmasına qarşı mübarizə kontekstində vəkilin cinayətə cəlb olunması ilə bağlı açıq-aşkar sübutlar olduqda, ciddi nəzarət altında vəkillə müştəriləri arasındakı əlaqə ilə bağlı müvafiq öhdəliklər müəyyən edilə bilər. O daha sonra, axtarışın Vəkillər Kollegiyasının sədrinin iştirakı ilə aparılması faktını nəzərə aldı və bunu “xüsusi prosessual müdafiə” kimi qiymətləndirdi (§ 42 və 43). Eyni zamanda yuxarıda (§ 69) qeyd olunan Roemen və Schmit qərarında o, oxşar olaraq qeyd etdi ki, vəkilin işlədiyi məkanda axtarışın aparılması, Vəkillər Şurası Prezitentinin iştirakı da daxil olmaqla, “xüsusi prosessual müdafiə” yolu ilə müşaiyət olunub. Sonda, yuxarıda qeyd olunan (bax xüsusilə § 37 və 43) Xavier Da Silveira adlı işdə Məhkəmə 8-ci Maddənin pozuntusunu tanıdı, çünki vəkilin işlədiyi məkanda axtarış aparılarkən bu cür müdafiə təmin olunmamışdı.
131. Yuxarıda qeyd olunanların işığında Məhkəmə hesab edir ki, nəzərdə tutlan legitim məqsədi və bu məqsədin demokratik cəmiyyətdəki xüsusi əhəmiyyətini nəzərə alaraq, vəkillər üçün Fransada olduğu kimi, şübhələr barədə məlumat vermə öhdəliyinin müəyyən olunması, vəkillərin peşəkar imtiyazına qeyri-mütənasib müdaxilə hesab olunmur.
132. Odur ki, Konvensiyanın 8-ci Maddəsinin pozuntusu baş verməyib.
II. İDDİA EDİLƏN DİGƏR POZUNTULAR
133. Ərizəçi şikayət edərək bildirdi ki, 12 iyul 2007-ci il tarixli peşə nizamnaməsi vəkillərin üzərinə düşən öhdəliyi, intizam məsuliyyətinin subyektini kifayət qədər aydın şəkildə ifadə etməyib, çünki bu nizamnamədə “şübhələr barədə məlumat vermək” və “lazımi qaydada səy göstərmək” kimi anlaşılmaz və ümumi terminlərdən istifadə olunub. O iddia etdi ki, bu, Konvensiyanın 7-ci Maddəsində nəzərdə tutulan hüquqi müəyyənlik prinsipinin pozuntusudur.
Məhkəmə bir daha qeyd edir ki, 7-ci Maddə cinayət qanunvericiliyinin təqsirləndirilən şəxsin əleyhinə geriyə qüvvəsini qadağan edir və ümumiyyətlə, bu maddədə nəzərdə tutan prinsipə görə yalnız qanun cinayəti müəyyən edə və cəza təyin edə bilər və cinayət qanunu geniş formada və təqsirləndirilən şəxsin ziyanına şərh olunmamalıdır; bundan çıxış edərək, “cinayət qanunla aydın şəkildə müəyyən edilməlidir” (bax Kokkinakis Yunanıstana qarşı (Kokkinakis v Greece), 25 may 1993, Seriya A No 260-A, § 52). Konvensiyada nəzərdə tutulan mənada bu, yalnız “ittihama” səbəb olan və ya “cəza” təyin edən “cinayət” prosesi kontekstində tətbiq olunur. İndiki işdə, həttə 12 iyul 2007-ci il tarixli peşəkar nizamnamənin yerinə yetirilməməsinin səbəb olduğu intizam məsuliyyətinin “cinayət” prosesi kimi təsnifatlandırıldığını güman etsək belə, Məhkəmə qeyd edir ki, ərizəçiyə qarşı belə bir məsuliyyət tətbiq olunmayıb. Bu o deməkdir ki, o, 7-ci Maddənin iddia edilən pozuntusunun qurbanı olduğunu iddia edə bilməz. Odur ki, ərizənin bu hissəsi Konvensiyanın normalarına ratione personae uyğun deyil və Konvensiyanın 35-ci Maddəsinin 3 (a) bə 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
134. Ərizəçi Konvensiyanın 6-cı Maddəsinə istinad edərək şikayət etdi ki, vəkillərin, öz müştərilərinin mümkün qanunsuz hərəkətləri haqqında olan “şübhələr” barədə məlumat vermək öhdəliyi, həmin müştərilərin özlərinə qarşı ifadə verməmək hüququnun və təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu olub.
Məhkəmə bildirir ki, ərizəçinin şikayəti başqalarının hüquqlarının pozulması ilə bağlıdır. Odur ki, o, Konvensiyanın 34-cü Maddəsi əsasında qurban olduğunu iddia edə bilməz. Odur ki, ərizənin bu hissəsi Konvensiyanın normalarına ratione personae uyğun deyil və Konvensiyanın 35-ci Maddəsinin 3 (a) bə 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Bəyan edir ki, Konvensiyanın 8-ci Maddəsi altında şikayət qəbuledilən sayılır və digər şikayətlərlə bağlı ərizə qəbuledilməyəndir;
2. Qərara alır ki, Konvensiyanın 8-ci Maddəsinin pozuntusu baş verməyib.
Qərar fransız dilində tərtib edilib və 6 dekabr 2012-ci il tarixdə Strasburqda İnsan Hüquqları Binasında açıq iclasda çıxarılıb.
Claudia WesterdiekDean Spielmann
KatibSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
[1] Avoué vəzifəsi 1 yanvar 2012-ci ildə (apelyasiya məhkəmələrində təmsilçiliklə bağlı düzəlişlər nəzərdə tutan 25 yanvar 2011-ci il tarixli Qanunla) ləğv olunub.
Full & Egal Universal Law Academy