Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Medvedev və başqaları Fransaya qarşı (Medvedyev and Others v. France [GC]), ərizə № 3394/03
29.03.2010-cu il tarixli qərar [Böyük Palata]
Maddə 1
Dövlətlərin yurisdiksiyası
Dövlətlərin məsuliyyəti
Açıq dənizdə xarici gəminin saxlanılması ilə bağlı ərazi yurisdiksiyası
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Azadlıqdan məhrum etmə
Qanunla müəyyən olunmuş qaydada həbs
Açıq dənizdə saxlanılmış xarici gəminin ekipajının azadlıqdan məhrum edilməsi: pozuntu baş verib
5-ci maddənin 3-cü bəndi
Tutulmuş və ya həbsə alınmış şəxsin dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilməsi
Açıq dənizdə saxlanılmış xarici gəminin ekipaj üzvlərinin ilk dəfə hakimin yanına ilkin həbslərindən on üç gün sonra gətirilməsi: pozuntu baş verməyib
Faktlar – Ukrayna, Rumıniya, Yunanıstan və Çili vətəndaşları olan ərizəçilər Kambocada qeydiyyata alınmış "Vinner" (Winner) ticarət gəmisinin ekipajının tərkibinə daxil idilər. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində Fransanın hakimiyyət orqanları məlumat aldılar ki, gəmidə çoxlu narkotik vasitələr ola bilər. 7 iyun 2002-ci il tarixli diplomatik notada Kamboca Fransanın hakimiyyət orqanlarının lazımi tədbirlər görməsinə icazə verdi. Müvafiq olaraq, Fransanın hərbi dəniz administrasiyası gəmini Yaşıl Burun adaları yaxınlığında dənizdə saxladı və Fransanın Brest limanına göndərdi.
10 iyul 2008-ci il tarixli qərarında Məhkəmənin Palatası 5-ci maddənin 1-ci bəndinin pozulduğunu yekdilliklə qərara aldı, belə ki, ərizəçilərin azadlıqdan məhrum edilməsi "qanunla müəyyən olunmuş qaydada" həyata keçirilməmişdi. Palata həmçinin üç səsə qarşı dörd səslə bu qənaətə gəldi ki, 5-ci maddənin 3-cü bəndi pozulmayıb. O, qeyd etdi ki, azad etmə və həbsə alma məsələlərini həll edən xüsusi hakim onların məhkəməyəqədər həbsi barədə qərar çıxaranadək ərizəçilər 15 və ya 16 gün ərzində həbsdə saxlanılıblar və 5-ci maddənin 3-cü bəndinin tələbinə zidd olaraq "dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilməyiblər". Bununla belə, Palata hesab etdi ki, ərizəçilərin belə uzun müddət ərzində həbsdə saxlanılmasına haqq qazandıran müstəsna hallar vardı.
Hüquqi məsələlər – Maddə 1: Fransa ən azından gəminin faktiki ələ keçirildiyi tarixdən "Vinner" gəmisi üzərində tam və müstəsna nəzarəti davamlı və fasiləsiz olaraq həyata keçirdiyinə görə ərizəçilər 1-ci maddədə nəzərdə tutulan mənada Fransanın yurisdiksiyası daxilində idilər.
Nəticə: ərizəçilər cavabdeh dövlətin yurisdiksiyasında idilər (yekdilliklə).
5-ci maddənin 1-ci bəndi: a) 5-ci maddənin 1-ci bəndinin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Ərizəçilər Fransanın xüsusi dəniz qüvvələrinin nəzarəti altında idilər və gəmi dənizdə üzdüyü bütün müddət ərzində azadlıqdan məhrum edilmişdilər, çünki gəminin hərəkət kursunu Fransanın xüsusi dəniz qüvvələri müəyyən edirdi. Gəmi ələ keçirildikdən sonra onların düşdüyü bu vəziyyət 5-ci maddədə nəzərdə tutulmuş azadlıqdan məhrumetməyə bərabər idi.
b) Şikayətin mahiyyəti – Açıq dənizdə narkotik qaçaqmalçılığına aid işlərdə beynəlxalq ümumi hüquqda belə bir prinsip qüvvədədir ki, gəmi hansı dövlətin bayrağı altında üzürsə, həmin dövlətin yurisdiksiyasındadır, hazırkı işdə bu dövlət Kamboca idi.
Monteqo-Bey Konvensiyası[1] gəminin Fransa hakimiyyət orqanları tərəfindən saxlanılması üçün hüquqi əsas təşkil etmirdi. Kamboca Monteqo-Bey Konvensiyasının iştirakçısı olmadığına görə 7 iyun 2002-ci il tarixli diplomat notanı verərkən həmin Konvensiyanın müddəalarına əsaslana bilməzdi. Fransanın əməkdaşlıq barədə Kambocaya müraciəti də bu Konvensiyanın tətbiq dairəsinə aid deyildi, çünki bu müraciət Fransa bayrağı altında üzən hər hansı gəmidə narkotik vasitələrin daşınması ilə bağlı Fransanın şübhəsinə əsaslanmırdı. Bundan başqa, dövlətlər arasında beynəlxalq adət hüququnun mövcudluğuna dəlalət edən daimi praktikanın bərqərar olması da müəyyən edilmədi, elə bir praktika ki, başqa dövlətin bayrağı altında üzən, narkotik vasitələrin qanunsuz daşınmasında əsaslı olaraq şübhəli sayılan gəmiyə hər hansı dövlətin müdaxiləsinə imkan yaratmış olsun. Həmçinin onu da iddia etmək olmazdı ki, gəminin hansı dövlətə məxsus olmasından asılı olmayaraq hərbi gəmi tərəfindən ələ keçirilməsi üçün əsaslı şübhə vardı, belə ki, işin halları bu fərziyyəni təsdiq etmir.
Fransanın müvafiq qanunvericiliyinə gəlincə, həmin qanunvericiliyin əsas məqsədinin beynəlxalq müqavilələrin və konkret olaraq Vyana Konvensiyanın[2] müddəalarını milli qanunvericiliyə daxil etməkdən ibarət olduğunu nəzərə alsaq, bu qanunvericilik müvafiq beynəlxalq müqavilələri və ya bayraq sahibi olan dövlətin gəminin üzərində yurisdikisyaya malik olması prinsipini ləğv edə bilməzdi. Beləliklə, Kamboca müvafiq milli qanunvericiliyə daxil edilmiş konvensiyaların iştirakçısı olmadığına, "Vinner" gəmisi Fransa bayrağı atında üzmədiyinə və gəmi ekipajının üzvlərindən heç biri Fransa vətəndaşı olmadığına görə bu gəmiyə Fransa qanunvericiliyini tətbiq etmək üçün əsas yox idi. Həmçinin iddia etmək olmazdı ki, Fransa qanunvericiliyi ümumi prinsip olan hüquqi müəyyənlik prinsipinə cavab verir, çünki aydınlıq və dəqiqlik tələblərinə cavab vermirdi: açıq dənizdə Kamboca bayrağı altında üzən gəminin ekipajı, hətta müvafiq hüquqi məsləhət alma vasitəsilə belə, konkret olaraq bu halda gəminin Fransanın yurisdiksiyasına aid edilə biləciyini öncədən görə bilməzdi. Bundan başqa, Monteqo-Bey Konvensiyası konkret olaraq dənizlə bağlı adət hüququnun məcəllələşdirilməsi və vahid hala salınması məqsədini daşısa da, onun açıq dənizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid müddəaları, habelə bu Konvensiyanı tamamlayan və bu sahədə beynəlxalq əməkdaşlığın təşkilini (hərçənd ki, bu əməkdaşlıq məcburi deyildi) nəzərdə tutan Vyana Konvensiyasının müddəaları bu məsələlərə dair beynəlxalq səviyyədə konsensusun və razılaşdırılmış aydın müddəaların olmadığını əks etdirirdi.
Lakin Monteqo-Bey və Vyana Konvensiyalarından və Fransa qanunvericiliyindən asılı olmayaraq Kamboca diplomatik nota ilə Fransanın hakimiyyət orqanlarının müdaxiləsinə icazə verdi. Baxmayaraq ki, Monteqo-Bey Konvensiyası bu işə tətbiq edilə bilməz, o, narkotik vasitələrin dənizlə daşınmasına qarşı mübarizədə dövlətlərin digər əməkdaşlıq formalarından istifadə etmələrinə mane olmur. Bundan başqa, diplomatik notalar müvafiq dövlət orqanları arasında razılaşmanı, konkret məsələyə ümumi yanaşmanı rəsmiləşdirirsə, yaxud hətta birtərəfli istəyi və ya öhdəliyi ifadə edirsə, bu halda onlar müqavilə və ya sazişlə müqayisə oluna bilən beynəlxalq hüquq mənbəyidir. Beləliklə, sözügedən diplomatik nota Kambocanın dövlət orqanlarının "Vinner" gəmisinin saxlanılmasına rəsmi razılığını ifadə edirdi. Diplomatik notada "Kamboca bayrağı altında üzən "Vinner" gəmisi" razılaşmanın yeganə obyekti kimi göstərilmişdi, bununla da gəminin saxlanılmasına, gəmiyə baxış keçirilməsinə və onun barəsində hüquqi tədbirlərin görülməsinə sanksiya verilirdi. Beləliklə, gəminin ekipajı barədə notada kifayət qədər aydın qeydlər yox idi, buna görə də ekipajın azadlıqdan məhrum edilməsinin iki dövlət arasında bağlanan və Avropa Məhkəməsinin presedent hüququ baxımından "kifayət qədər aydın qanun" sayıla bilən sazişin predmeti olub-olmadığı müəyyənləşdirilmədi.
Diplomatik nota "dəqiqlik" tələbinə də cavab vermirdi. Bundan başqa, Hökumət dəniz vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Kamboca ilə Fransa arasında cari və uzunmüddətli mübarizə praktikasının mövcud olduğunu və bu mübarizənin Kamboca bayrağı altında üzən gəmilərə şamil olunduğunu sübuta yetirmədi, əksinə, Kamboca müvafiq konvensiyaları ratifikasiya etməmişdi və iki dövlət arasında ikitərəfli və ya çoxtərəfli daimi müqavilə və ya saziş olmadığı bir şəraitdə diplomatik nota vasitəsilə xüsusi razılaşmadan istifadə edilməsi bu əməkdaşlığın istisna xarakteri daşıdığını və yalnız bu işdə tətbiq edilmiş birdəfəlik tədbir kimi nəzərdə tutulduğunu göstərirdi. İstənilən halda, hüquq pozuntusu törədən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət təqibinə məruz qalaca biləcəyini öncədən bilməsinin mümkünlüyünü müdaxilə üçün əsas qismində tətbiq edilmiş qanunun nəticələrini həmin şəxsin öncədən görə bilməsinin mümkünlüyü ilə qarışıq salmaq olmaz. Əks halda, cinayət sayıla bilən istənilən fəaliyyət dövləti tələb olunan keyfiyyətlərə, xüsusən də Avropa Konvensiyasının 5-ci maddəsinin tələb etdiyi keyfiyyətlərə cavab verən qanunlar qəbul etmək vəzifəsindən azad etmiş olardı və beləliklə də həmin maddəni mahiyyətindən məhrum etmiş olardı.
Bu problemin getdikcə daha çox qlobal əhəmiyyət daşıdığını nəzərə alsaq, təəssüfləndirici haldır ki, açıq dənizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı yönələn beynəlxalq səylər yaxşı koordinasiya olunmamışdı. Əgər bayraq sahibi olan dövlət hazırkı işdə Kambocanın nümunəsində olduğu kimi Monteqo-Bey və ya Vyana Konvensiyasının iştirakçısı deyilsə, regional və ya ikitərəfli təşəbbüslər üçün hər hansı real hüquqi nəticələr doğurmur. Mahiyyət etibarı ilə belə təşəbbüslər dövlətlər tərəfindən heç də həmişə dəstəklənmir, baxmayaraq ki, onlar dövlətlərə kifayət qədər aydın hüquqi baza əsasında hərəkət etmək imkanı verir. İstənilən halda, yuxarıda adı çəkilən konvensiyaların iştirakçısı olmayan dövlətlər üçün həll yollarından biri digər dövlətlərlə ikitərəfli və ya çoxtərəfli sazişlərin bağlanması olardı. Narkotik vasitələrin qanunsuz dövriyyəsi probleminin ciddiliyini və miqyasını nəzərə alsaq, beynəlxalq ümumi hüququn, o cümlədən "bayraq prinsipi"nin ("gəmi hansı dövlətin bayrağı altında üzürsə, həmin dövlətin yurisdiksiyasındadır" prinspinin) inkişafı sözügedən problemlə mübarizədə əhəmiyyətli addım olardı. Bu, narkotik qaçaqmalçılığı ilə mübarizəyə aid beynəlxalq hüquq normalarının dəniz quldurluğuna qarşı mübarizəyə aid uzun illərdən bəri mövcud olan normalara uyğunlaşdırılmasına gətirib çıxarardı.
Yuxarıdakı mülahizələri nəzərə alsaq, eləcə də nəzərə alsaq ki, bu işdə azadlıqdan məhrum edilmənin yalnız məhdud (dar) çərçivəli şərhi 5-ci maddənin 1-ci bəndinin məqsədinə uyğun idi, o halda gəmi ələ keçirildiyi andan Brestə gəlib çatanadək ərizəçilərin məruz qaldıqları azadlıqdan məhrum edilmə 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş "qanuni" həbs deyildi, çünki ümumi prinsip olan hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab verən hüquqi əsas mövcud deyildi.
Nəticə: pozuntu baş verib (yeddi səsə qarşı on səslə).
5-ci maddənin 3-cü bəndi: Ərizəçilərin yaxalanması və həbsə alınması 13 iyun 2002-ci ildə gəmi ələ keçirildiyi andan başlayıb. Ərizəçilər 26 iyun 2002-ci ildə Brestə çatdıqdan sonra polis təcridxanasına yerləşdirilmişdilər. Böyük Palatada icraat başlandığı andan ilk dəfə idi ki, Hökumət ərizəçilərin Brestə gətirildikləri gün işin istintaqını həyata keçirən hakimin yanına gətirildikləri barədə təfsilatlı məlumatlar təqdim edirdi. Faktiki olaraq ərizəçilər tutulduqdan sonra 13 gün ərzində 5-ci maddənin 3-cü bəndində nəzərdə tutulan mənada "hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin", yəni indiki halda işin istintaqını həyata keçirən hakimin yanına gətirilməmişdilər. "Vinner" gəmisi ələ keçirildiyi anda açıq dənizdə, Yaşıl Burun adaları yaxınlığında, yəni Fransa sahillərinin yanında idi. Onun Fransaya gətirilməsinə zəruri müddətdən artıq vaxt sərf olunduğuna dəlalət edən heç nə yox idi, belə ki, gəminin sürətli hərəkətini mümkünsüz edən pis hava şəraiti yox idi və gəminin texniki vəziyyəti qeyri-qənaətbəxş deyildi. Bundan başqa, ərizəçilər iddia etməyiblər ki, Fransadan daha yaxında yerləşən ölkənin hakimiyyət orqanlarına təhvil verilə və orada dərhal məhkəmə orqanının qarşısına çıxarıla bilərdilər. Onların Fransanın hərbi dəniz gəmisinə köçürülməsinin mümkünlüyünə gəlincə (bu, onların Fransaya daha tez çatmasına imkan yaradardı), Avropa Məhkəməsi bu işin halları baxımından bu cür əməliyyatın mümkünlüyünü qiymətləndirə bilməz. Nəhayət, Fransaya çatdıqdan sonra ərizəçilər hakimin yanına gətirilənə qədər polis təcridxanasında cəmi səkkiz-doqquz saat vaxt keçirmişdilər. Bu müddət 5-ci maddənin 3-cü bəndində və Məhkəmənin presedent hüququnda nəzərdə tutulmuş "dərhal gətirilmə" anlayışının tələbinə uyğun idi (bax: Riqopulos İspaniyaya qarşı (Rigopoulos v. Spain) (qərardad), ərizə № 37388/97, 12 yanvar 1999-cu il, 2 saylı Məlumat bülleteni).
Nəticə: pozuntu baş verməyib (səkkiz səsə qarşı doqquz səslə).
Maddə 41: Mənəvi ziyana görə hər bir ərizəçiyə 5.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Dəniz hüququ haqqında BMT Konvensiyası, 10 dekabr 1982-ci ildə Monteqo-Bey şəhərində imzalanıb və 16 noyabr 1994-cü ildə qüvvəyə minib.
[2] Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında BMT Konvensiyası, 20 dekabr 1988-ci ildə Vyanada imzalanıb və 11 noyabr 1990-cı ildə qüvvəyə minib.
Full & Egal Universal Law Academy