Meyer (Meier) İsveçrəyə qarşı – ərizə № 10109/14
9.2.2016 tarixli qərar [III Bölmə]
Maddə 4
4-cü maddənin 3(a) bəndi
Həbsdə olan şəxsin yerinə yetirməli olduğu iş
Pensiya yaşına çatdıqdan sonra məhbusun işləməkdə davam etməsinin tələb olunması: pozuntu baş verməyib
Faktlar – Ərizəçi azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdu. O, həbsxanada ondan tələb olunan işləri (mandala təsvirlərini rəngləmək, kamerasını təmizlənmək və fiqurlar hazırlamaq) yerinə yetirməkdən azad edilməsi üçün vəsatət verdi, amma vəsatəti rədd edildi. 2012-ci ilin mayında ona daha ciddi həbs rejimi tətbiq olundu, o, kamerasından çıxmaq imkanından məhrum edildi, işləməkdən imtina etdiyinə görə televizoru və kompüteri iki həftəliyə əlindən alındı. Sonradan bu qərar ləğv edildi.
Avropa Məhkəməsindəki icraatda ərizəçi şikayət etdi ki, pensiya yaşına çatmasına baxmayaraq, cəza və sanksiya tədbirləri çərçivəsində işləməyə məcbur edilib.
Hüquqi məsələlər – 4-cü maddə: Bu birinci iş idi ki, Məhkəmə pensiya yaşına çatdıqdan sonra şəxsin həbsxanada işləri yerinə yetirmək vəzifəsi ilə bağlı məsələni araşdırırdı.
Ərizəçi ona həvalə olunmuş işi yerinə yetirməkdən imtina edərdisə itaətsizlikdə təqsirli bilinər və bunun nəticələri ilə üzləşə bilərdi, məsələn, ona daha sərt həbs rejiminin tətbiq edilməsi və televizorunun və kompüterinin iki həftəliyə əlindən alınması da bunu təsdiqləyirdi. Hətta bu qərar sonradan ləğv olunmuşdusa da, sanksiya yetərincə sərt görünürdü. İstənilən halda, Avropa Konvensiyasının 4-cü maddəsinin 2-ci bəndinin şərhi üçün əsas qismində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 29 saylı Konvensiyasında yer alan məcburi və ya icbari əməyin anlayışından istifadə etsək, şübhə yoxdur ki, ərizəçi işləri "cəza qorxusu altında yerinə yetirmişdi və buna könüllü razılıq verməzdi".
Bu sual açıq qalırdı ki, ərizəçinin yerinə yetirdiyi işlər "Konvensiyanın 5-ci maddəsinin müddəalarına müvafiq olaraq həbsdə olan şəxsin adətən yerinə yetirməli olduğu hər hansı iş" sayıla bilərdimi? Bu sual həmin işlərin məqsədi, xarakteri və həcmi baxımından araşdırılmalıdır.
Məhbusun pensiya yaşına çatdıqdan sonra işləməkdə davam etmək vəzifəsi azadlıqdan məhrumetmənin mənfi nəticələrini azaltmaq məqsədinə uyğundur. Münasib və ağlabatan iş yükü gündəlik həyat düzəninin nizamlanmasına və faydalı fiziki aktivliyin qorunub saxlanmasına xidmət edə bilər ki, bu da məhbusun uzunmüddətli sağlamlığı üçün önəmlidir. Pensiya yaşına çatmış məhbusların yerinə yetirməli olduğu işlərin xarakterinə gəlincə, bu vəzifə bütün məhbuslara eyni dərəcədə şamil olunmur, vəziyyətdən asılı olaraq onların imkanlarına və xüsusən əmək qabiliyyətinə və sağlamlıq durumuna uyğunlaşdırılır. Bundan başqa, psixi pozuntuları olan şəxslərə yalnız yüngül işlər həvalə olunur və adətən bu işlərin intensivliyi aşağı olur. Əmək qabiliyyətinin olmaması həkim tərəfindən təsdiq edildikdə məhbus məcburi işlərdən azad edilir. Belə görünür ki, ərizəçiyə həvalə olunmuş işlər bu prinsiplərə uyğun idi, belə ki, onun yalnız nəzarət altında müəyyən işləri yerinə yetirməsi, o cümlədən mandala təsvirlərini rəngləməsi, kamerasını təmizləməsi və taxtanı yonaraq fiqurlar düzəltməsi tələb olunurdu. Belə işlər onun yaşına və fiziki imkanlarına uyğun idi. Bundan başqa, o, gündə təxminən üç saat işləyirdi və "himayəyə ehtiyacı olan və pensiya yaşında olan şəxslər" kateqoriyasına aid edilmişdi və işinə görə pul alırdı.
Pensiya yaşına çatdıqdan sonra məhbusların işləməsinin tələb olunması məsələsində üzv dövlətlər arasında yetərincə konsensusun olmaması o deməkdir ki, milli hakimiyyət orqanları bu sahədə geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər. Avropa penitensiar qaydalarının 105-ci qaydasının 2-ci bəndinin müddəaları pensiya yaşına çatmış məhbusların işləməsini tələb etməyi iştirakçı dövlətə tam qadağan edən müddəalar kimi şərh olunmamalıdır. Müvafiq olaraq, ərizəçinin həbsdə olduğu zaman, o cümlədən pensiya yaşına çatdıqdan sonra yerinə yetirdiyi iş Konvensiyasının 4-cü maddəsinin 3(a) bəndində nəzərdə tutulan mənada "həbsdə olan şəxsin adətən yerinə yetirməli olduğu hər hansı iş" sayıla bilər və "məcburi və ya icbari əmək" deyil. Yuxarıdakı mülahizələri və ərizəçinin ona həvalə olunmuş işlərin təşkilindən şikayət etmədiyini nəzərə alsaq, Konvensiyasının 4-cü maddəsinin pozuntusu baş verməyib.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Full & Egal Universal Law Academy