MELNİK (MELNIK) UKRAYNAYA QARŞI İŞ
(Ərizə Nº 72286/01)
QƏRAR
Strasburq
28 mart 2006-cı il
Bu qərarın qəti qərara çevriləcəyi tarix:
28.06.2006
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. Qərara redaktə xarakterli düzəlişlər edilə bilər.
Melnik Ukraynaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (İkinci Seksiya),
hakimlər:
Cənab J.-P. Kosta (J.-P.Costa), Sədr,
Cənab İ.Kabral Barreto (I.Cabral Barreto),
Cənab V.Butkeviç (V.Butkevych),
Xanım A.Mularoni (A.Mularoni),
Xanım E.Fura-Sandström (E.Fura-Sandström),
Xanım D.Josyen (D.Jočienė),
Cənab D.Popoviç (D.Popović)
və Seksiya katibinin müavini Cənab S.Neysmitdən (S.Naismith) ibarət tərkibdə Palatada iclas keçirərək,
7 mart 2006-cı ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Ukrayna vətəndaşı Cənab Aleksandr Vasilyeviç Melnik (“ərizəçi”) tərəfindən 14 noyabr 2000-ci ildə Məhkəməyə təqdim edilmiş Ukraynaya qarşı ərizə (Nº 72286/01) əsasında başlanmışdır.
2. Hüquqi yardım almış ərizəçini Vinnitsada vəkillik fəaliyyəti ilə məşğul olan cənab Şulgin təmsil etmişdir (Cənab V.M.Şulgin “Vinnitsa vilayətində insan hüquqlarının müdafiəsi üzrə Ümumukrayna Komitəsi” (bundan sonra “Komitə” adlandırılacaq) tərəfindən təyin edilmiş ictimai müdafiəçidir. Cənab Şulgin həmçinin Ukrayna Hüquqşünaslar İttifaqının (Спілка Юристів України) üzvüdür). Ukrayna Hökumətini (“Hökumət”) onun nümayəndəsi Xanım Zoryana Bortnovska təmsil etmiş, sonra onu Xanım Valeriya Lutkovska əvəz etmişdir.
3. 28 yanvar 2003-cü ildə Məhkəmə ərizə barədə Hökumətə məlumat verməyi qərara almışdır. 6 aprel 2004-cü ildə Məhkəmə Konvensiyanın 3-cü maddəsi üzrə əlavə şikayətlər barədə Hökumətə məlumat vermişdir. O, həmçinin ərizəyə prioritet vermiş və Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin müddəalarına əsasən, ərizənin mahiyyətinə onun qəbuledilənliyi məsələsi ilə birlikdə baxmağı qərara almışdır.
FAKTLAR
4. Ərizəçi, Cənab Aleksandr Vasilyeviç Melnik Ukrayna vətəndaşıdır, 17 may 1961-ci ildə anadan olmuşdur. Hazırda azadlıqdan məhrum edilmə cəzasını çəkir.
I. İŞİN HALLARI
A. Ərizəçiyə qarşı cinayət icraatı
5. 5 dekabr 1999-cu ildə M.O.D. (fiziki şəxs) opium paketi tapdı. M.O.D. üçün bir qədər sonra ərizəçinin razılığı ilə paketi onun evində gizlətdi ki, sonradan satsın və spirtli içki alsın.
6. 28 fevral 2000-ci ildə Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Vinnitsa rayon şöbəsinin (NMQDM) kapitanı açıqlanmayan mənbələrdən əldə edilmiş məlumat əsasında opiumun ərizəçidən satın alınması barədə qərar çıxardı. Bu qərar Vinnitsa rayon prokuroru və Vinntisa daxili işlər şöbəsi tərəfindən təsdiq edildi.
7. Eyni tarixdə C.İ.S. (ləqəb altında fəaliyyət göstərən gizli polis agenti) opium satın almaq üçün polis əməkdaşlarından (milis işçilərindən) təlimatlar aldı. O, bu məqsəd üçün 12 qrivna (2,3 avro) pul da aldı.
8. Elə həmin gün ərizəçi və M.O.D. C.İ.S.-ə narkotik maddə satdıqlarına görə yaxalandılar. Çəkisi 190 qram olan opium ərizəçinin C.İ.S.-dən aldığı nişanlanmış pullarla birlikdə polis tərəfindən müsadirə edildi. Polis narkotik maddənin operativ alışı, tapılması, müsadirəsi, çəkisinin ölçülməsi və alıcının üzərində axtarış aparılması haqqında qərarlar hazırladı. Cinayət Prosessual Məcəlləsinin müvafiq müddəalarının tələb etdiyi kimi, iki şahidin iştirakı ilə ifadələr alındı. Ərizəçi və M.O.D. həbsxanaya salınmadılar, onlar qaçıb gizlənməməyi öhdələrinə götürərək azad edildilər.
9. 9 və 10 mart 2000-ci ildə Daxili İşlər Nazirliyinin Vinnitsa rayon idarəsinin istintaq şöbəsinin (“Şöbə”) müstəntiqi iki şahidi (V.V.M.-i və P.Yu.M.-i) dindirdi. Onlar narkotik maddənin alışını təşkil etmiş və sonradan ərizəçi ilə M.O.D.-ni həbs etmiş NMQDM-dən olan polis əməkdaşları idilər.
10. 24 mart 2000-ci ildə Şöbənin müstəntiqi ərizəçiyə məlumat verdi ki, onun özünə vəkil tutmaq hüququ var. Cinayət Prosessual Məcəlləsinin 21, 44 və 45-ci maddələrinə istinad etdi. Ərizəçi bildirdi ki, vəkil vasitəsilə təmsil olunmaqdan imtina edir və bu qərar onun maliyyə vəziyyəti ilə əlaqədar deyil.
11. Eyni tarixdə Şöbənin müstəntiqi ərizəçini bir qrup şəxslə əlbir olaraq satış məqsədi ilə narkotik maddələrin əldə edilməsində, satılmasında və saxlanmasında (Cinayət Məcəlləsinin 229-1-ci maddəsi) təqsirləndirən qərar çıxardı. Ərizəçi təqsirləndirilən şəxs qismində müstəntiq tərəfindən dindirildi.
12. Ərizəçi iddia edir ki, istintaqın gedişində o və qohumları onun vəkillə təmsil olunması üçün müraciət ediblər.
13. 25 aprel 2000-ci ildə Vinnitsa vilayətinin Vinnitsa rayon məhkəməsi hazırlıq iclası keçirdi. O, işin öz icraatına qəbul etdiyini bildirdi və ərizəçinin vəsatəti əsasında məhkəmə iclası 22 may 2000-ci ilədək təxirə saldı. Ərizəçi məhkəməyə məlumat verdi ki, vəkillə təmsil olunmaq istəməyib və məhkəmədə özü-özünü təmsil etmək istəyir. Məhkəmə iclası həmçinin M.O.D.-nin vəsatəti əsasında təxirə salındı.
14. 22 may 2000-ci ildə məhkəmə işə baxılmasını davam etdirdi. Məhkəmə iclasında prokuror, ərizəçi, M.O.D., NMQDM-dən olan şahid polis əməkdaşı (S.V.V.) və ərizəçinin polis əməkdaşları tərəfindən həbs edilməsinin və pulların ondan müsadirə edilməsinin şahidi olmuş ərizəçinin qonşusu G.A.İ. iştirak edirdilər.
15. İclas zamanı məhkəmə ərizəçinin vəkillə təmsil olunmamaq barədə qərarı ilə razılaşdı. O, həmçinin qərara aldı ki, işə ittiham tərəfinin bəzi şahidlərinin (P.Yu.M.-in və V.V.M.-in) iştirakı olmadan baxılsın, onlara iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də onlar məhkəməyə gəlməmişdilər. Hakim həmçinin ərizəçiyə və onunla birlikdə təqsirləndirilən digər şəxsə məlumat verdi ki, təqsirlərini boyunlarına almaları məhkəmə tərəfindən yüngülləşdirici hal kimi qəbul edilə bilər.
16. 23 may 2000-ci ildə məhkəmə iclasında ərizəçi ona qarşı irəli sürülmüş ittihamlarda qismən təqsirini boynuna aldı. O, konkret olaraq bildirdi ki, opiumu saxlamaqda özünü təqsirli bilir. Məhkəmə araşdırmasını gedişində ərizəçi yenə də vəkil yardımından imtina etdi və bildirdi ki, öz arqumentlərini özü təqdim etmək istəyir və bu, onun maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar deyil.
17. Məhkəmə iclası zamanı ərizəçi və onunla birlikdə təqsirləndirilən digər şəxs hər hansı sübuta etiraz etməyə cəhd göstərmədilər və heç bir arqument irəli sürmədilər, yalnız öz təqsirlərini etiraf etdilər və cəzalarının yüngülləşdirilməsini xahiş etdilər. Eyni tarixdə Vinnitsa rayon məhkəməsi ərizəçini bir qrup şəxslə əlbir olaraq satış məqsədi ilə narkotik maddələrin qanunsuz alınması və saxlanması (keçmiş Cinayət Məcəlləsinin 229-1-ci maddəsi) ilə məşğul olmaqda təqsirli hesab etdi. O, ərizəçini beş il azadlıqdan məhrum edilmə cəzasına məhkum etdi və şəxsi əmlakının müsadirə olunması barədə qərar çıxardı. Vinnitsa rayon məhkəməsi konkret olaraq müəyyən etdi ki:
“... məhkəmə iclasının gedişində [ərizəçi] təqsirini qismən boynuna aldı. ...
... ibtidai istintaqın gedişində şahidlər [P.Yu.M.] və [V.V.M.] (polis əməkdaşları) izah etdilər ki, [C.İ.S.] Melnikin yaşadığı yerdə [opium] almalı idi. ...
Müttəhimin təqsirini ... digər sübutlar, xüsusən də narkotik maddənin satın alınması, alıcının üzərində axtarış aparılması haqqında protokol, gizli agent tərəfindən narkotik maddənin alınması haqqında protokol, narkotik maddənin müsadirəsi haqqında protokol, narkotik maddənin çəkisinin ölçülməsi haqqında protokol [və quru xaş-xaşın miqdarı haqqında] məhkəmə ekspertinin rəyi də təsdiq edir. ...
... məhkəmə hesab edir ki, A.V.Melnikin hərəkətlərində Cinayət Məcəlləsinin 229-1-ci maddəsində nəzərdə tutulmuş aşağıdakı cinayət tərkibini aşkar etmək olar: bir qrup şəxslə əlbir olmaqla satış məqsədi ilə narkotik maddələrin qanunsuz əldə edilməsi [və] saxlanması...”.
18. 29 may 2000-ci ildə ərizəçi məhkum edilməsinə qarşı Vinnitsa vilayət məhkəməsinə apellyasiya şikayəti verdi. O, konkret olaraq bildirdi ki, opiumu yalnız saxlayıb və onun cəzası azadlıqdan məhrum edilmə deyil, daha yüngül cəza olmalıdır.
19. 12 iyul 2000-ci ildə Vinnitsa vilayət məhkəməsi ərizəçinin iştirakı olmadan, prokurorun iştirakı ilə ərizəçinin apellyasiya şikayətini rədd etdi və 23 may 2000-ci il tarixli hökmü qüvvədə saxladı. Hökm qanuni qüvvəyə mindi.
20. 24 oktyabr 2000-ci ildə Komitə ərizəçinin arvadının şikayətini nəzərdən keçirdi, şikayətdə xahiş edilirdi ki, ona hüquqi nümayəndə təyin edilsin. Eyni tarixdə Komitə cənab Şulgini ərizəçini təmsil edən ictimai müdafiəçi təyin etdi.
21. 30 oktyabr 2000-ci ildə cənab Şulgin Vinnitsa rayon məhkəməsinin sədrinə müraciət edərək hökmə qarşı şikayət hazırlamaq üçün işin materialları ilə tanış olmasına və ərizəçi ilə görüşməsinə icazə verilməsini xahiş etdi.
22. 2 noyabr 2000-ci ildə Vinnitsa rayon məhkəməsinin hakimi onun müraciətini belə bir əsasa görə rədd etdi ki, qanun ictimai müdafiəçinin bu hərəkətləri etməsinə icazə vermir. Konkret olaraq, məhkəmə cənab Şulginə aşağıdakı məlumatları verdi:
“...Vinnitsa rayon məhkəməsi sizə məlumat verir ki, nəzarət qaydasında icraatda müttəhimi təmsil etməyiniz üçün cinayət işinin materiallarının sizə təqdim edilməsi barədə ... və müttəhimlə görüşməyinizə imkan yaradılması barədə 30 oktyabr 2000-ci il tarixli xahişinizə icazə verilə bilməz, çünki Ukrayna qanunvericiliyinə əsasən, ictimai müdafiəçi yalnız işə məhkəmə tərəfindən baxılmasında iştirak edə bilər və qanun ona məhkəmə hökmündən şikayət etmək hüququ verməyib.
Bundan başqa, Cinayət Prosessual Məcəlləsinin 384-cü maddəsində ... qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinə, verdiktlərinə və ya qərardadlarına qarşı protest vermək hüququna malik olan şəxslərin tam siyahısı verilir, Cinayət Prosessual Məcəlləsinin 31-ci maddəsində isə ... nəzarət qaydasında icraat prosedurunun əsasları nəzərdə tutulur...”.
B. Ərizəçinin həbsə alınması
23. 28 sentyabr 2000-ci ildə ərizəçi cəzasını çəkmək məqsədi ilə həbsə alındı və Vinnitsanın müvəqqəti həbsdə saxlanma mərkəzinə yerləşdirildi.
24. 29 sentyabr 2000-ci ildə ərizəçi Vinnitsanın 1 saylı həbsxanasına köçürüldü və 2000-ci il sentyabrın 29-dan oktyabrın 18-dək orada qaldı.
25. Vinnitsanın 1 saylı həbsxanasına gətirilən kimi ərizəçi həbsxananın tibb bölməsinin həkimləri tərəfindən müayinə olundu və ümumən sağlam hesab edildi.
26. 2 oktyabr 2000-ci ildə ərizəçinin döş qəfəsi rentgen müayinəsindən keçirildi. Bu müayinə heç bir xəstəlik əlamətini aşkar etmədi.
27. 2000-ci il sentyabrın 29-u ilə oktyabrın 18-i arasında ərizəçi həbsxana müdiriyyətinə üçüncü şəxslərlə yazışması ilə bağlı heç bir şikayət və ya vəsatət vermədi.
28. 2000-ci il oktyabrın 18-i ilə 31-i arasında ərizəçi Vinnitsanın 1 saylı həbsxanasından Mikolayev vilayətindəki 316/83 saylı Arbuzinsk islah müəssisəsinə (“316/83 saylı islah müəssisəsi”) köçürüldü.
29. 31 oktyabr 2000-ci ildə ərizəçi 316/83 saylı islah müəssisəsinə gətirildi. Lakin o, mümkün vərəm xəstəliyi ilə bağlı məcburi tibbi müayinədən keçirilmədi.
30. Ərizəçi 30 oktyabr 2000-ci ildən 23 aprel 2001-ci ilədək 316/83 saylı islah müəssisəsində saxlanıldı. O, məhbuslar üçün 10 saylı ümumi otaqda yerləşdirildi. Onun ayrıca çarpayısı və zəruri mebeli vardı, həmçinin geyimlə və yataq ləvazimatları ilə də təchiz edilmişdi. İslah evində ondan başqa 32 məhbus vardı, orada təbii ventilyasiya, geniş pəncərələr və elektrik enerjisi vardı.
31. Ərizəçi orada qaldığı müddətdə qohumları iki dəfə yanına gəlmişdilər: bir dəfə 7 dekabr 2000-ci ildə qardaşı və bir dəfə də 8 dekabr 2000-ci ildə arvadı ona baş çəkmişdi.
32. 2000-ci ilin oktyabrından 2001-ci ilin aprelinədək islah müəssisəsinin müdiriyyəti ərizəçinin kiməsə məktub göndərdiyini qeydə almadı. Bundan başqa, 2000-2001-ci illər üçün islah müəssisəsində vətəndaşların şikayətlərinin qeydə alındığı jurnaldakı qeydlərin arasında ərizəçinin nümayəndəsinin ərizəçi ilə görüşmək barədə hər hansı müraciəti də yox idi.
33. 13 aprel 2001-ci ildə ərizəçi ilk dəfə 316/83 saylı islah müəssisəsinin həkiminə müraciət edərək onda nəfəs çatışmazlığının və bəlğəmli öskürəyin olmasından şikayət etdi. Eyni tarixdə o, müayinə olundu və rentgen yoxlamasından keçdi. Müayinədən sonra Arbuzinsk mərkəzi rayon xəstəxanasının həkiminin diaqnozu belə oldu ki, ərizəçi pnevmoniyadan əziyyət çəkir və onda ağciyər xərçənginin olmasına dair şübhə var. Yekun diaqnozunun müəyyən edilməsi üçün daha bir rentgen müayinəsi haqqında qərar çıxarıldı.
34. 14 aprel 2001-ci ildə daha bir rentgen müayinəsi keçirildi. Arbuzinsk mərkəzi rayon xəstəxanasının rentgenoloqu bu nəticəyə gəldi ki, ərizəçi ağciyər xərçəngindən əziyyət çəkir.
35. 19 aprel 2001-ci ildə ərizəçi sonrakı tibbi müayinə və müalicə üçün 10 saylı Daryivska islah müəssisəsinin xəstəxanasına köçürüldü. 2001-ci il aprelin 19-dan iyunun 22-dək ərizəçi müalicə aldı və əlavə klinik müayinələr həyata keçirildi. Yekun diaqnozu belə oldu: “vərəmin ilkin mərhələləri”.
36. 23 aprel 2001-ci ildə ərizəçi Mikolayev vilayətindəki 5 saylı Sniqurivska islah müəssisəsinə (“5 saylı islah müəssisəsi” – məhkumlar üçün vilayətlərarası vərəm xəstəxanası) köçürüldü, orada vərəm diaqnozu təsdiq edildi.
37. 26 iyun 2001-ci ildə ərizəçi 5 saylı islah müəssisəsində sanitar müalicə aldı. Hökumət iddia etdi ki, o, İctimai Səhiyyə Nazirliyinin tövsiyələrində göstərilən bütün tibbi müalicələri alıb.
38. 4 iyun 2002-ci ildə sağlamlıq durumunun yaxşılaşması ilə əlaqədar olaraq ərizəçi ambulator müalicə rejiminə keçirildi. 11 avqust 2003-cü ildən başlayaraq ərizəçi xəstəliyin təkrarlanmaması üçün mütəmadi ambulator müalicə aldı. Lakin vərəmə qarşı uzunmüddətli müalicə zərərli effektlər verdi, məsələn, ərizəçinin görmə qabiliyyəti zəiflədi və onda başgicəllənməsi əmələ gəldi.
39. 12 mart 2004-cü ildən ərizəçi vərəmə qarşı klinik müalicə diaqnozu ilə 5 saylı islah müəssisəsində həbsdə saxlanıldı.
40. 5 saylı islah müəssisəsində yazışmaların qeydiyyatının aparıldığı jurnala əsasən, ərizəçi 12 noyabr 2002-ci ildə arvadına məktub göndərmişdi. O, başqa heç kimə məktub göndərməmişdi.
41. 20 dekabr 2001-ci ildə ərizəçiyə qardaşı ilə 24 saatlıq görüş üçün icazə verildi.
42. Hökumət iddia etdi ki, cəzasını çəkdiyi müddətdə ərizəçinin yanına nə vəkillər, nə də ictimai müdafiəçilər gəlib və onun özü də belə görüşlər üçün müraciət etməyib.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə şikayətlərlə bağlı müvafiq daxili qanunvericilik və praktika
1. Ukrayna Konstitusiyası
43. Ukrayna Konstitusiyasının 59-cu və 63-cü maddələrinin müvafiq hissələrində deyilir:
“Hər kəs hüquqi yardım almaq hüququna malikdir. Belə yardım qanunla nəzərdə tutulmuş hallarda pulsuz göstərilir. Hər kəs hüquqlarının müdafiəçisini seçməkdə azaddır...”.
“... Şübhəli, təqsirləndirilən və ya məhkəməyə verilən şəxs müdafiə hüququna malikdir...”.
2. Cinayət Prosessual Məcəlləsi (21 iyun 2001-ci tarixli dəyişikliyə qədər)
44. Cinayət Prosessual Məcəlləsinin müvafiq müddəalarında deyilir:
Maddə 21
Şübhəli, təqsirləndirilən və ya məhkəməyə verilən şəxslərin müdafiə hüququnun təmin edilməsi
“Şübhəli, təqsirləndirilən və ya məhkəməyə verilən şəxslərin müdafiə hüquqları təmin edilməlidir.
Təhqiqat aparan şəxslər, müstəntiqlər, prokurorlar, hakimlər və məhkəmələr şübhəli, təqsirləndirilən və ya məhkəməyə verilən şəxsə izah etməyə borcludurlar ki, o, ilk dindirmədən əvvəl müdafiəçinin yardımından istifadə etməkdən imtina etdikdə səlahiyyətli şəxslər ona vəkillə təmsil olunmaq hüququ barədə izahat verərək bu haqda sənəd tərtib etməli idilər. Onlar həmçinin şübhəli, təqsirləndirilən və ya məhkəməyə verilən şəxsə qanunla müəyyən edilmiş vasitələrlə özünü müdafiə etmək imkanı verməli və onun şəxsi və mülkiyyət hüquqlarının qorunmasını təmin etməlidirlər”.
Maddə 45[*]
Müdafiəçinin məcburi iştirakı
“Təhqiqatın, ibtidai istintaqın və cinayət işinə birinci instansiya məhkəməsində baxılmasının gedişində müdafiəçinin iştirakı məcburidir, Ukrayna Cinayət Prosessual Məcəlləsinin 46-cı maddəsi ilə müəyyən edilmiş prosedura uyğun olaraq şübhəli, təqsirləndirilən və ya məhkəməyə verilən şəxsin vəkillə təmsil olunmaqdan imtina etdiyi hallar istisna təşkil edir.
Maddə 46
Müdafiəçidən imtina
“Şübhəli, təqsirləndirilən və ya məhkəməyə verilən şəxs vəkillə təmsil olunmaq hüququndan imtina etmək hüququna malikdir. Bu cür imtina yalnız şübhəli, təqsirləndirilən və ya məhkəməyə verilən şəxsin təşəbbüsü ilə baş verə bilər və cinayət işində prokurorun və ya dövlət ittihamçısının, yaxud digər şübhəli, təqsirləndirilən və ya məhkəməyə verilən şəxslərin müdafiəçilərinin iştirakına mane olmur.
... Vəkillə təmsil olunmaqdan imtina edildikdə təhqiqat aparan şəxs və ya müstəntiq imtina edən şəxsə vəkillə təmsil olunmaq hüququ barədə izahat verərək bu haqda sənəd tərtib etməli və məhkəmə tərəfindən qərar çıxarılmalı, yaxud hakim tərəfindən qərardad qəbul edilməlidir...”.
Maddə 47
Müdafiəçinin təyin edilməsi proseduru
“Müdafiəçinin ... prosesdə iştirak etməsi üçün şübhəli, təqsirləndirilən və ya məhkəməyə verilən şəxs vəsatət verə, yaxud onların qanuni nümayəndələri, qohumları, yaxud da şübhəli, təqsirləndirilən və ya məhkəməyə verilən şəxs tərəfindən verilmiş vəkalətnamə əsasında digər şəxslər ərizə ilə müraciət edə bilərlər.
Maddə 370
Cinayət Prosessual Məcəlləsinin mühüm pozuntuları
“... Verdikt aşıdakı hallarda ləğv olunmalıdır:
... 4) qanunla müdafiəçinin məcburi iştirakı nəzərdə tutulan hallarda məhkəmə işə müdafiəçinin iştirakı olmadan baxdıqda”.
B. Həbsdə saxlanma şəraiti və vərəmlə bağlı müvafiq beynəlxalq hüquqi məruzələr və digər materiallar
1. Ukrayna Nazirlər Kabinetinin qərarı
45. Nazirlər Kabinetinin “Vərəmdən əziyyət çəkən və vərəm mikrobakteriyasına yoluxmuş şəxslərin qida rasionu haqqında” 27 dekabr 2001-ci il tarixli 1752 saylı qərarında nəzərdə tutulur ki, vərəmdən əziyyət çəkən yetkinlik yaşına çatmış hər bir məhkum hər gün qida rasionunda 3.198 kilokalori qida qəbul etməlidir.
46. Nazirlər Kabinetinin “məhkumların və məhkəməyə qədər həbsdə saxlanma yerlərində [istintaq təcridxanalarında], ayıltma məntəqələrində və polis kameralarında saxlanılan şəxslərin gündəlik qida rasionu normalarının təsdiqi haqqında” 16 iyun 1992-ci il tarixli 336 saylı qərarında və ona 1 saylı Əlavədə ( “İslah müəssisələrində saxlanılan məhkumların qida ilə təmin edilməsi haqqında” 1 saylı norma) nəzərdə tutulur ki, hər bir məhkum 3.026 kilokalori (ümumi norma) və 3.059,4 kilokalori (xüsusi pəhriz norması) qida qəbul etməlidir.
2. İşgəncələrin qarşısının alınması üzrə Komitə (İQAK)
47. 1 yanvar-31 dekabr 1991-ci il dövrünü əhatə edən İQAK-ın fəaliyyətlərinə dair 2-ci Ümumi Məruzənin (CPT/Inf (92) 3, 13 aprel 1992) müvafiq hissələrində deyilir:
“43. “Polis kamerasının (yaxud həbsə alınanların və məhbusların saxlandığı hər hansı digər növ yerin) ağlabatan ölçüsü nə qədər olmalıdır” sualı çətin sualdır. Belə qiymətləndirmə aparılarkən bir çox amillər nəzərə alınmalıdır. Bununla belə, İQAK-ın nümayəndə heyətləri bu sahədə təxmini prinsiplərə ehtiyac olduğunu düşünürlər. Hazırda bir adamın bir neçə saatdan artıq saxlanılması üçün nəzərdə tutulan polis kameralarının ölçüsünün qiymətləndirilməsində aşağıdakı meyardan istifadə edilir (bu, minimum standartdan daha çox, arzu olunan səviyyə hesab edilir): sahə – 7 kvadrat metr, divarlar arasında məsafə – 2 metr və ya daha artıq, döşəmə ilə tavan arasında məsafə – 2,5 metr”.
48. İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin “həbsxana kamerasında həddən artıq adamın saxlanması” ilə və “həbsxanalarda ümumi istifadə olunan yerlərlə” bağlı 7-ci Ümumi Məruzəsinin (CPT/Inf (97) 10) müvafiq hissələrində deyilir:
“28. Həbsxana kamerasında həddən artıq adamın saxlanması halı bütün Avropa boyunca penitensiar sistemlərə ziyan yetirməkdə davam edir və həbsdə saxlanma şəraitinin yaxşılaşdırılmasına yönələn səylərə ciddi şəkildə xələl gətirir. Həbsxana kamerasında həddən artıq adamın saxlanmasının mənfi nəticələri əvvəlki ümumi məruzələrdə artıq işıqlandırılmışdır. İQAK-ın fəaliyyət dairəsi bütün Avropa qitəsini əhatə etdiyinə görə Komitə çox böyük miqdarda həbsə alınma halları ilə üzləşmişdir ki, bunun nəticəsində həbsxana kameralarında adamların sayı həddən artıq çoxalmışdır. ...
29. İQAK-ın səfər etdiyi bir sıra ölkələrdə, xüsusən Mərkəzi və Şərqi Avropada çox vaxt həbsxanalarda məhbusların gündəlik istifadə etdikləri yerlərin hamısı və ya çoxu ümumi olur (məsələn, ümumi yataq və yaşayış yerləri və ayaqyolu yerləri). İQAK qapalı həbsxanalarda həbsdə saxlanma yerlərinin bu cür təşkil olunması prinsipinə etirazlarını bildirib və ümumi istifadə olunan həmin yerlərdə məhbusların çox zaman son dərəcə sıxıntılı vəziyyətdə və qeyri-sağlam mühitdə olduğu müəyyən edildikdən sonra həmin etirazlar daha da güclənir. Şübhəsiz ki, müxtəlif amillər (o cümlədən milli-mədəni amillər) ucbatından müəyyən ölkələrdə məhbuslar üçün kameralardansa çoxlu adamın məskunlaşdığı yerlərə üstünlük verilə bilər. Lakin onlarla məhbusun eyni məkanda yaşadığı və yatdığı belə yerlərin lehinə çox az şey söyləmək olar (amma əleyhinə çox şey demək olar).
Həbsxanalarda ümumi istifadə olunan yerlər labüd surətdə onu bildirir ki, məhbusların gündəlik həyatında onların şəxsi həyat sirləri qorunmur. Üstəlik təhdid və zorakılıq riski böyükdür. Belə yerlər cinayətkarlıq ənənələrinin inkişafına şərait yaratmağa və cinayətkar təşkilatların əlaqələrinin qorunub saxlanmasını asanlaşdırmağa meyllidir. Onlar həmçinin həbsxana personalının nəzarətini də son dərəcə çətinləşdirir (bəlkə də qeyri-mümkün edir); daha konkret desək, həbsxanada iğtişaşlar olduqda, əhəmiyyətli güc tətbiqindən istifadə edilməklə kənardan müdaxilələr olduqda onların qarşısını almaq çətin olur. Belə yerlərdə risklərin və tələbatların qiymətləndirilməsi əsasında ayrı-ayrı məhbusların müvafiq qaydada yerləşdirilməsi də, demək olar ki, qeyri-mümkün olur. Həbsdə saxlanılanların sayı ağlabatan həddi keçdikdə bütün bu problemlər şiddətlənir; bundan başqa, belə vəziyyətdə kommunal vasitələrin, məsələn, əlüzyuyanların və ya tualetlərin həddən artıq yüklənməsi və bu qədər insan üçün kifayət qədər ventilyasiyanın olmaması çox vaxt acınacaqlı nəticələrə gətirib çıxarır.
Bununla belə, İQAK qeyd etməlidir ki, həbsxanalarda ümumi istifadə olunan yerlərdən yaşamaq üçün nəzərdə tutulan kiçik kameralara keçilməsi elə tədbirlərlə müşayiət olunmalıdır ki, həmin tədbirlər məhbusların günün ağlabatan hissəsini yaşadıqları kameralardan kənarda müxtəlif xarakterli məqsədyönlü fəaliyyətlərə sərf etmələrini təmin etsin”.
49. 1 yanvar-31 dekabr 1996-cı il dövrünü əhatə edən İQAK-ın fəaliyyətlərinə dair 7-ci Ümumi Məruzənin (CPT/Inf (97), 22 avqust 1997-ci ildə dərc olunmuşdur, bu məruzədə 1 yanvar-31 dekabr 1991-ci il dövrünü əhatə edən İQAK-ın fəaliyyətlərinə dair 2-ci Ümumi Məruzənin [CPT/Inf (92) 3] 46-cı bəndinə istinad edilmişdir) müvafiq hissələrində deyilir:
“Həbsxanada həddən artıq adamın olması onların sıxıntılı və anti-gigiyenik mühitdə məskunlaşmasına; şəxsi həyat sirlərinin qorunmamasına (hətta təbii ehtiyacların ödənilməsi üçün sanitariya qovşağından istifadə edildikdə də); həbsxana personalının və müvafiq yerlərin çatışmaması ucbatından kameradankənar fəaliyyətlərin azaldılmasına; tibbi yardım xidmətlərinin həddən artıq yüklənməsinə; məhbuslar arasında, habelə məhbuslarla həbsxana personalı arasında gərginliyin artmasına və müvafiq surətdə, daha çox zorakılığın olmasına gətirib çıxarır. Bu sadalananlar heç də tam siyahı deyil. İQAK dəfələrlə bu qənaətə gəlib ki, həbsxanada həddən artıq adamın olmasının doğurduğu mənfi nəticələr həbsxanada qeyri-insani və ləyaqəti alçaldan şəraitin olmasına gətirib çıxarır”.
3. İQAK-ın Ukraynaya səfərinə dair 2002-ci il tarixli məruzəsi
50. İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin Ukraynaya səfərinə dair 2002-ci il tarixli məruzəsinin (CPT/Inf (2002)23) vərəmə aid hissəsində deyilir:
“... Əvvəlki iki məruzəsində İQAK Ukraynanın penitensiar sisteminə təsir göstərən bu əsas problemə ətraflı toxunub. 2000-ci ildə baş çəkilən yerlərdə vəziyyət vərəmlə mübarizənin və bu xəstəlikdən əziyyət çəkən məhbuslara qulluğun tələb olunduğu keçmiş dövrdəki kimi dəhşətli idi.
İQAK Ukraynanın hakimiyyət orqanlarını, onun verdiyi tövsiyələrə uyğun olaraq, penitensiar sistemin həbsxanada vərəmə qarşı səmərəli yoxlama və tədbirlər strategiyasını həyata keçirmək iqtidarında olan hala gətirilməsini təmin etməyə çağırır (1998-ci il tarixli səfərə dair məruzənin 153-cü və 154-cü bəndləri ilə və 1999-cu il tarixli səfərə dair məruzənin 51-ci bəndi ilə, habelə 104-cü bəndlə müqayisə et).
... Müşahidə edilmiş şərait xəstəliklərin yayılması üçün əlverişli zəmin yaradırdı və bu mənada pasiyentlərin sağlamlığına qarşı açıq-aydın təhlükə təşkil edirdi: konkret olaraq, təbii işıq və ya təmiz hava yox idi, gigiyena şəraiti lazımi səviyyədə deyildi.
... Bundan başqa, nümayəndə heyətinin çıxardığı digər nəticələrin işığında Komitə tövsiyə edir ki, bütün vərəmli pasiyentlər gündə ən azı bir saat açıq havada keçirsinlər.
... Tövsiyələr (tibbi yardım xidmətləri ilə bağlı):
- penitensiar müəssisələrin zəruri tibbi ləvazimatlarla yetərincə təchiz olunmasını təmin etmək üçün zəruri tədbirlər görülməli, xüsusən vərəmli xəstələrin müalicəsi üçün dərman təchizatına yüksək prioritet verilməlidir (104, 106 və 111-ci bəndlər);
- bütün penitensiar müəssisələrdə hər yeni gələn məhbusun gəlişindən sonra mümkün qədər tez bir zamanda həkim tərəfindən lazımınca dindirilməsi və fiziki müayinədən keçirilməsi təmin edilməlidir, müstəsna hallarda, xüsusən söhbət ibtidai həbs yerlərindən getdikdə, dindirilmə və fiziki müayinə şəxsin penitensiar müəssisəyə daxil olduğu gün keçirilməlidir (108-ci bənd);
- Ukraynanın hakimiyyət orqanları, Komitə tərəfindən verilmiş tövsiyələrə uyğun olaraq, penitensiar sistemin həbsxanada vərəmə qarşı səmərəli yoxlama və tədbirlər strategiyasını həyata keçirmək iqtidarında olan hala gətirilməsini təmin etməlidirlər (111-ci bənd);
- bütün vərəmli pasiyentlərə gündə ən azı bir saat açıq havada keçirmələri təklif edilməlidir (112-ci bənd)”.
4. Ümumdünya Səhiyyə Təşkilatının 2004-cü il tarixli məruzəsi
51. Ümumdünya Səhiyyə Təşkilatının Ukraynaya dair 2004-cü il tarixli məruzəsinin müvafiq hissələrində deyilir:
“... Vərəm Ukraynanın üzləşdiyi digər mühüm problemdir. 1993-cü ildən 1990-cı illərin sonlarınadək vərəmə qarşı peyvəndin təxminən 97%-ə qədər artmasına baxmayaraq, qeydə alınmış xəstələrin sayının nisbəti müstəqillikdən bəri iki dəfədən çox artmış (1991-ci ildə hər 100.000 nəfərə 32,2 xəstədən 2000-ci ildə hər 100.000 nəfərə 65,5 xəstəyədək), 2002-ci ildə isə xəstələrin sayının hesablanmış nisbəti hər 100.000 nəfərə 91,3 nəfər təşkil etmişdir. Həbsxanada olan insanların vəziyyəti xüsusilə ciddidir, onlar Ukraynada vərəm xəstəliyi olan pasiyentlərin təxminən 30%-ini təşkil edirlər. Hesablanmışdır ki, hazırda sayı 200.000 nəfər olan həbsxana sakinlərinin təxminən 14.000 nəfəri aktiv vərəm daşıyıcısıdır, bu hər 100.000 nəfərə 7.000 nəfər deməkdir. Üstəlik, verilən məlumatlara görə, həbsxanalarda ölüm hallarının 40-%-i vərəmli xəstələrin payına düşür. Eyni zamanda, dərmanlara qarşı müqavimətli olan vərəm virusu sürətlə yayılmaqdadır, bu isə səhiyyə sisteminin üzərinə əlavə yük qoyur, çünki onu sağaltmaq son dərəcə çətin, müalicəsi isə çox bahadır. Çerniqovda aparılmış araşdırma göstərir ki, vərəmlə yeni xəstələnmiş pasiyentlərin təxminən 50%-ində vərəm xəstəliyinin virusu ən azı bir dərmana qarşı, yeni xəstələnənlərin 10-15%-ində isə çoxlu dərmana qarşı müqavimətli olur...
Ukraynada vərəm epidemiyası ilə bağlı vəziyyətin vaxtı ilə qeyd edilmiş pisləşməsi bir sıra amillərlə izah edilib. Kifayət qədər vəsaitin olmaması vərəm müalicəxanalarının modernləşdirilməsinin və avadanlıqlarla təchiz olunmasının və ümumiyyətlə, ümumi müalicə xidmətlərinin qoruyub saxlanmasının baş tutmaması ilə nəticələnmişdir ki, bu da müalicə xidmətlərinə müraciətin azalmasına gətirib çıxarmışdır. Həmçinin HİV epidemiyasının meydana çıxması da vərəmin səviyyəsinin davamlı olaraq artmasına şərait yaratmışdır, məlumatlara görə 1997-ci ildə QİÇS-dən ölmüş yetkin yaşlı şəxslərin 50%-ində vərəm olmuşdur. Hazırda HİV-ə yoluxmuş vərəmli xəstələrin sayı əhalinin hər 100.000 nəfərinə 54 nəfər təşkil edir. Çoxlu dərmanlara qarşı müqavimətli olan vərəm virusuna yoluxma hallarının artması xəstələrin lazımi səviyyədə müalicə almaması və lazımi dərman təchizatının olmaması ilə nəticələnmişdir. Vərəm epidemiyasına qarşı cavab olaraq, Səhiyyə Nazirliyi “2002-2005-ci illərdə vərəmə qarşı mübarizə üzrə Milli Proqram” qəbul etmişdir. Dünya Bankı bu təşəbbüsə böyük dəstək verərək “Vərəmə və HİV/QİÇS-ə nəzarət layihəsi” üçün 60 milyon ABŞ dolları məbləğində borc ayırmışdır”.
5. Dünya Bankının Ukraynada vərəmlə bağlı məruzəsi
52. Dünya Bankının “Ölkələrə sektorlar üzrə yardım strategiyası”nın (sənəd Nº 20723-UA, 16 avqust 2000-ci il) müvafiq hissələrində deyilir:
“... Ukraynada vərəmə və digər yoluxucu xəstəliklərə nəzarət edilməsinin uzun tarixi vardır. İxtisaslı həkimlərə və digər tibb işçilərinə yaxşı təlim keçilmişdir və vərəmə nəzarət sistemi uzunmüddətli və şərəfli tarixə malikdir. Lakin iqtisadi qeyri-müəyyənlik dövrlərində bu sistemi qoruyub saxlamaq maliyyə cəhətdən çətin olmuşdur. Bütün ölkə ərazisində vərəmlə xəstələnmə hallarının tez və daha səmərəli aşkara çıxarılması üçün istər Səhiyyə Nazirliyində, istərsə də həbsxanalarda vərəm müalicəxanalarının, xüsusən laboratoriya xidmətlərinin modernləşdirilməsi tələb olunur. Müalicə rejimlərinin daha yaxşı monitorinq olunması və onlara daha yaxşı riayət edilməsi üçün ambulator xidmətlərin təkmilləşdirilməsinə ehtiyac vardır. Vərəm müalicəxanaları sektoruna aid məsələlərin əraflı təhlili “B” bölməsində verilir.
... Vərəmlə bağlı epidemioloji vəziyyət: vərəmə hərtərəfli və səmərəli nəzarət sisteminin nəticəsi olaraq, 1990-cı ildə Ukrayna müasir dövrdə onun tarixində ən az sayda vərəmlə xəstələnmə hallarının (16.465 xəstə) qeydə alındığı barədə məlumat verdi: əhalinin hər 100.000 nəfərinə 32 nəfər. Müstəqilliyini yeni qazanmış dövlətlərin çoxunda olduğu kimi, ölkə Sovet İttifaqından müstəqil olduqdan sonra Ukraynada vərəm kəskin dərəcədə artdı. 1999-cu ilədək xəstələnmə hallarının sayı 65,0 faizlik göstərici ilə 32.691-ə çatdı, bu, 19990-cı ildəki xəstələnmə faizindən iki dəfə çox idi. İnzibati bölgələrdə xəstələnmə faizi Kiyevdə 35,9 faizdən tutulmuş Zaporojye vilayətində 72,9 faizədək müxtəlifdir. Vərəmli pasiyentlərin təxminən 30 faizi həbsxanalarda və məhkəməyə qədər həbsdə saxlanma yerlərində (istintaq təcridxanalarında) olanlardır. Kameralarda həddən artıq adamın olması, pis qidalanma, gec diaqnoz qoyulması və dərmanların çatışmaması problemləri xüsusən həbsxanalarda yaxşı məlumdur və vərəmlə bağı situasiyanı daha da ağırlaşdırır. Ukraynada 200.000 məhbusdan 7.000 nəfəri aktiv vərəm daşıyıcısıdır (bu, hər 100.000 nəfərə 7.000 nəfər deməkdir ki, bu da astronomik göstəricidir). Həbsxanalarda ölüm hallarının qırx faizi vərəm ucbatından baş verir. Dərmanlara qarşı müqavimətli olan vərəm virusu da sürətlə yayılmaqdadır, onu sağaltmaq son dərəcə çətin, müalicəsi isə olduqca bahadır. İlkin nəticələr göstərir ki, bütün pasiyentlərin yarısında vərəm virusu ən azı bir dərmana qarşı müqavimətlidir, eyni zamanda, yeni xəstələnənlərin 10-15%-ində vərəm virusu isoniazid və rifampisin kimi dərmanlara qarşı müqavimətlidir (çoxlu dərmanlara qarşı müqavimətli vərəm virusları ilə bağlı 11-ci əlavəyə (“texniki terminlər”) bax).
... Ümumiyyətlə, vərəm hallarının 75-80 faizi 20-59 yaş qruplarında baş verir. Kişi və qadınlarda qeydə alınmış vərəm hallarının nisbəti 7-nin 1-ə nisbətinə bərabərdir. 1990-cı illə 1998-ci il arasında xəstəlik şəhər əhalisi arasında 141 faiz artmış, kənd əhalisi arasında isə bu artım 67,2 faiz olmuşdur. Ukraynada vərəm hallarının diaqnozu adətən dünyanın digər yerlərinə nisbətən xeyli sonra, xəstəliyin xeyli inkişaf etmiş mərhələsində qoyulur.
Epidemik vəziyyətin pisləşməsinə bir sıra amillərin kombinasiyası şərait yaradır. Epidemik vəziyyətin pisləşdiyi dövrdə davamlı müalicə xidmətləri göstərilməyib. Vilayət və rayon dispanserlərinin xidmətlərinin mərkəzsizləşdirilməsi ilə birlikdə tibbi yardıma müraciətlər də azalıb və müalicənin uğursuzluq dərəcəsi artıb, ... vərəm və HİV epidemiyalarının ilkin mərhələdəcə birləşməsi halları müşahidə olunub. 1997-ci ildə QİÇS diaqnozu qoyulmuş yetkin yaşlı şəxslərin təxminən 30 faizində və QİÇS-dən vəfat etmiş yetkin yaşlı şəxslərin 50 faizində vərəm xəstəliyi olub. Çoxlu dərmanlara qarşı müqavimətli olan vərəm virusunun çoxalması qeyri-adekvat müalicə ilə və dərman təchizatında çatışmazlıqlarla nəticələnib”.
6. ABŞ Dövlət Departamentinin məruzəsi (2004)
53. ABŞ Dövlət Departamentinin məruzəsinin müvafiq hissələrində deyilir:
“... Hesablamalara görə Ukraynada vərəmlə xəstələnənlərin sayına görə ildə əhalinin hər 100.000 nəfərinə 95 nəfər düşür, bu, Avropa və Asiyada səkkizinci yüksək nisbətdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məruzəsinə əsasən (“Qlobal vərəmə nəzarət: ÜST-ün 2004-cü il məruzəsi”), 2002-ci ildə Ukraynada 47.000-ə yaxın vərəmlə xəstələnmə halı baş vermişdir. Bunların təxminən yarısı (hər 100.000 nəfərə 43 nəfər) qatı bəlğəmli vərəm halları (SS+) olmuşdur. 2003-cü ildə Vərəmə Dövlət Nəzarəti Proqramı (NTP) çərçivəsində 40.271 SS+ halları (hər 100.000 nəfərə 76 nəfər) qeydə alınmışdır ki, bu da nisbətin iki dəfə artması deməkdir. Vərəmin müalicəsinə və nəzarətdə saxlanmasına ənənəvi və köhnəlmiş tibbi yanaşmaların nəticəsi olan vərəm xəstəliyinə qısamüddətli yanaşma Ukraynada ÜST-ün tövsiyə etdiyi birbaşa müşahidə terapiyasının həyata keçirilməsi yolunda mühüm əngəldir. Vərəm virusuna yoluxmanın göstəriciləri həmçinin 1990-cı illərin əvvəlində Sovet İttifaqı dağıldıqdan sonra Ukraynada səhiyyə sisteminin tənəzzülə uğradığını əks etdirir. Sovet İttifaqının dağılması keçmiş sovet respublikalarının çoxunda yoluxucu xəstəliklərin, o cümlədən vərəmin və çoxlu dərmanlara qarşı müqavimətli olan vərəm virusunun yayılmasını asanlaşdırmışdır. Ukrayna vərəmə qarşı əvvəlki infrastrukturu qoruyub saxlamaq iqtidarında olmamışdır və artmaqda olan vərəm problemləri ilə mübarizədə yeni yanaşmalara ehtiyac vardır”.
HÜQUQ MƏSƏLƏLƏRİ
I. İLKİN MÜLAHİZƏLƏR
A. Ərizəçinin nümayəndəsinin səlahiyyəti
54. Hökumət bildirdi ki, Cənab Şulgin Məhkəməyə icraatda ərizəçinin nümayəndəsi olduğunu sübut edən heç bir sənəd təqdim etməyib. Bundan başqa, Hökumət iddia etdi ki, cənab Şulgin “Razılığa gələn Tərəflərdən hər hansı birinin ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün qanuni səlahiyyətə malik deyil”, çünki o, sadəcə “Vinnitsa vilayətində insan hüquqlarının müdafiəsi üzrə Ümumukrayna Komitəsi” tərəfindən təyin olunmuş ictimai müdafiəçidir. Müvafiq surətdə, Hökumət təklif etdi ki, ərizə baxılmalı işlərin siyahısından çıxarılsın və bunu belə əsaslandırdı ki, ərizə Konvensiyanın qurbanı olduğu iddia edilən şəxs və ya lazımi qaydada vəkalət almış nümayəndə tərəfindən verilməyib. Hökumət həmçinin bildirdi ki, vəkalətnamə məktubunda 26 may 2003-cü il tarixi göstərildiyinə görə ərizə rədd edilməlidir, çünki ərizəçi Məhkəməyə ərizələrin təqdim edilməsi üçün təyin olunan altı aylıq müddətə əməl etməyib.
55. Ərizəçi bunlarla razılaşmadı. O, konkret olaraq bildirdi ki, ərizənin təqdim edildiyi ilk gündən (2 avqust 2001-ci ildən) Məhkəməyə ərizə verilməsindən xəbərdar idi və cənab Şulginin Məhkəmədə onu təmsil etməsinə razılıq vermişdi. Lakin o, vəkalətnamə məktubunu daha tez təqdim etmək imkanına malik deyildi, çünki 316/83 saylı islah müəssisəsinin müdiri onun imzasını təsdiq etməkdən imtina etmişdi. Bundan başqa, o, 5 saylı islah müəssisəsinin müdiri tərəfindən imzalanan və nümayəndəyə tam səlahiyyətlər verən 26 may 2003-cü il tarixli vəkalətnaməni Məhkəməyə təqdim edib.
56. Məhkəmə bir daha bildirir ki, Məhkəmə Reqlamentinin 36-cı Qaydasına əsasən, ərizəçi ərizəni təqdim etməyərək vəkillə təmsil olunmaq istədikdə, Məhkəmə Reqlamentinin 45-ci Qaydasının 3-cü bəndinə əsasən, nümayəndə Məhkəməyə onun səlahiyyətlərini təsdiq edən etibarnamə və ya yazılı vəkalətnamə təqdim etməlidir (bax: Uillis və başqaları Birləşmiş Krallığa qarşı (ərizənin qəbuledilənliyinə dair qərar), ərizə Nº 49764/99, 4 mart 2003). Məhkəmə qeyd edir ki, müəyyən sənədlər, məsələn, vəkillər birliyinin qəbul etdiyi qərar, orada ərizəçinin öz nümayəndəsinə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək tapşırığını verdiyi barədə konkret heç nə göstərilməsə belə, ərizəçinin olduğu situasiyanı düzəltmək üçün nümayəndənin hər hansı hüquqi hərəkəti etməyə, o cümlədən Məhkəməyə ərizə təqdim etməyə səlahiyyətli olduğunu düşünməyə əsas verə bilər (bax: Falkoviç Ukraynaya qarşı (ərizənin qəbuledilənliyinə dair qərar), ərizə Nº 64200/00, 29 iyun 2004). Məhkəmə həmçinin qeyd edir ki, cənab Şulgin “Vinnitsa vilayətində insan hüquqlarının müdafiəsi üzrə Ümumukrayna Komitəsinin” 24 oktyabr 2000-ci il tarixli qərarı əsasında icraatın ilkin mərhələlərindən başlayaraq ərizəçinin ictimai müdafiəçisi qismində onun adından hərəkət edib. Bundan başqa, işin materiallarından göründüyü kimi, o, cinayət məhkəmələrindəki icraatda ərizəçinin ictimai müdafiəçisi qismində iştirak etməyə cəhd göstərib və Məhkəmədəki icraatda vəkil kimi ərizəçini təmsil etmək hüququna malikdir.
57. Belə olan halda Məhkəmə hesab edir ki, 24 oktyabr 2000-ci il tarixli qərar və 26 may 2003-cü il tarixli vəkalət məktubu vəkilin Konvensiya üzrə icraatda ərizəçini təmsil etmək səlahiyyətlərinin etibarlı olduğunu təsdiq etmək üçün yetərlidir. Buna görə də nümayəndənin səlahiyyətlərinin olmaması və altı aylıq müddətə riayət edilməməsi barədə Hökumətin etirazları rədd edilməlidir.
B. Şikayət vermə hüququndan sui-istifadə
58. Hökumət iddia etdi ki, ərizəçinin vəkili Məhkəməyə təqdim etdiyi arqumentlərdə, xüsusən də 12 iyun 2001-ci il tarixli məktubda bilərəkdən qeyd edib ki, ərizəçi Vinnitsa vilayətinin Vinnitsa rayon məhkəməsinin hökmünə qarşı şikayət vermək imkanına malik olmayıb, çünki o, müdafiəçi ilə təmsil olunmamışdı və özünü müdafiə etmək üçün peşəkarlıq bacarığına malik deyildi. Hökumət bildirdi ki, faktları təsvir edərkən bilərəkdən mühüm əhəmiyyət kəsb edən hadisələrin ötürüldüyü bu ərizə prinsipcə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada şikayət vermə hüququndan sui-istifadə təşkil edir. Buna görə də Hökumət bu əsasa görə ərizənin rədd edilməsini təklif edir.
59. Ərizəçinin nümayəndəsi bildirdi ki, işin materialları ilə tanış olmaq üçün onun imkanları məhdud idi və hüquqi biliyi və təcrübəsi olmayan ərizəçi birinci instansiya məhkəməsindəki icraatda özü-özünü müdafiə edə bilməzdi. Bundan başqa, o, iddia etdi ki, işin materiallarına baxmaq və onları araşdırmaq barədə onun xahişləri bir neçə dəfə rədd edilib.
60. Məhkəmə tərəflərin arqumentlərini və bu məsələyə dair öz presedent hüququnu nəzərə alaraq (bax: Əl-Naşif Bolqarıstana qarşı, ərizə Nº 50963/00, b. 89, 20 yanvar 2002), hesab etmir ki, bu işdə ərizəçinin vəkili fərdi şikayət vermək hüququndan sui-istifadə edib, xüsusən nəzərə almaq lazımdır ki, işin materialları ilə onun tanış olmaq imkanları məhdud olub. Buna görə də Hökumətin etirazları əsassızdır və rədd edilməlidir.
C. Ərizə barəsində cavabdeh Hökumətə məlumat verildikdən sonra ərizəçinin yeni şikayətləri
61. Məhkəmə qeyd edir ki, Konvensiya əsasında təşkil edilmiş orqanlar bütövlükdə Konvensiyanın tələblərinin işığında ərizəçinin şikayət etdiyi halları araşdırmaq səlahiyyətinə malikdirlər. Bu vəzifəni yerinə yetirərkən Konvensiya orqanları əllərində olan sübutlar əsasında iş üzrə təsdiq edilmiş faktlara ərizəçinin verdiyi xarakteristikadan fərqli hüquqi xarakteristika veməkdə, yaxud ehtiyac olduqda, faktlara fərqli şəkildə baxmaqda sərbəstdirlər. Bundan başqa, onlar təkcə ilkin ərizəni deyil, həm də əvvəlki yanlışlıqları və ya qeydi-müəyyənlikləri düzəldərək ərizəni tamamlamaq məqsədi daşıyan əlavə sənədləri nəzərə almalıdırlar (bax: Ringeysen Avstriyaya qarşı, 16 iyul 1971, A seriyaları, c. 13, s. 40-41, b. 98; həmçinin müqayisə üçün bax: s. 34, b. 79; və s. 39-40, b. 96-97).
62. Məhkəmə qeyd edir ki, əlavə yeni şikayətlər Hökumətə ərizə barədə məlumat verildikdən sonra və ərizənin qəbuledilənliyi məsələsinə Hökumətin etirazlarına cavab olaraq verilmişdi və Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin iddia edilə pozuntusuna əsaslanırdı. Məhkəmə bir daha bildirir ki, onun presedent hüququna əsasən, “şəxsi həyat” anlayışı geniş anlayışdır və onu tam əhatə etmək mümkün deyil; o, şəraitdən asılı olaraq, şəxsin mənəvi və fiziki toxunulmazlığını əhatə edə bilər (bax: X və Y Niderlanda qarşı, 26 mart 1985, A seriyaları, c. 91, s. 11, b. 22; və Kastello-Roberts Birləşmiş Krallığa qarşı, 25 mart 1993, A seriyaları, c. 247-C, s. 60-61, b. 34 və 36). Məhkəmə xatırladır ki, 8-ci maddə azadlıqdan məhrum edilmə hallarına tətbiq edilə və şəxs həbsxanada 3-cü maddədə nəzərdə tutulmuş qəddarlıq dərəcəsinə çatmayan şəraitdə saxlandıqda onun müdafiəsini təmin edə bilər (bax: Ranninen Finlandiyaya qarşı, 16 dekabr 1997, Qərarlar toplusu, 1997-VIII, b. 63).
63. Lakin Məhkəmənin fikrincə, 8-ci maddə üzrə bu şikayətlər ərizəçinin həbsdə saxlandığı şəraitlə, yaxud və onun Məhkəməyə ilkin şikayətinin dəqiqləşdirilməsi ilə deyil (tərəflər artıq həmin şikayətlə bağlı fikirlərini bildiriblər), həbsxanada olduğu müddətdə yazışma hüququna dövlətin müdaxiləsi ilə bağlıdır. Buna görə də, Məhkəmə hesab edir ki, bu mərhələdə bu məsələləri müzakirə etmək məqsədəuyğun deyil (müqayisə et: Nuray Şen Türkiyəyə qarşı, 30 mart 2004, ərizə Nº 25354/94, b. 200; və Skubenko Ukraynaya qarşı (ərizənin qəbuledilənliyinə dair qərar), 30 mart 2004, ərizə Nº 41152/98, 6 aprel 2004).
II. ƏRİZƏNIN QƏBULEDİLƏNLİYİ
A. Konvensiyanın 3-cü maddəsi
64. Ərizəçi şikayət etdi ki, Konvensiyanın 3-cü maddəsi pozulmaqla qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalıb. O, konkret olaraq iddia etdi ki, cəzasını çəkdiyi müddətdə vərəmlə bağlı zəruri tibbi müalicə və yardım almayıb. O, həmçinin şikayət etdi ki, müxtəlif islah müəssisələrində həbsdə saxlandığı şərait (onun saxlandığı kameranın ölçüsü, kamerada saxlanılan şəxslərin sayı, yataq və gigiyena şəraiti, sanitariya və ventilyasiya şəraiti, qidalanma, açıq havada gündəlik gəzintilər, gün işığı almaq imkanı və s.) qənaətbəxş olmayıb. O, daha sonra iddia etdi ki, ona yazılmış zəruri dərmanlarla və tibbi vasitələrlə, habelə vərəmlə bağlı zəruri tibbi yardımla və qulluqla təmin edilməyib. 3-cü maddədə deyilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.
1. Tərəflərin arqumentləri
65. Hökumət hesab etdi ki, ərizəçi Məhkəməyə ərizə verməzdən əvvəl Ukrayna qanunvericiliyinə əsasən ixtiyarında olan daxili hüquqi müdafiə vasitələrini tükəndirməyib. O, konkret olaraq, Gennadi Naumenko Ukraynaya qarşı məhkəmə işinə istinad etdi (ərizə Nº 42023/98, b. 136, 10 fevral 2004), həmin işdə Məhkəmə müəyyən etmişdi ki, dövlət prokuroruna müraciət prinsipcə daxili qanunvericiliklə nəzərdə tutulmuş səmərəli hüquqi müdafiə vasitəsidir. Həmin iş üzrə qərarında Məhkəmə həmçinin müəyyən etmişdi ki, prokurora təqdim edilmiş şikayətlər üzrə qərarlardan daxili məhkəmələrə şikayət edilə bilər. Bundan başqa, Hökumət iddia etdi ki, ərizəçinin belə bir ayrıca seçim imkanı da vardı ki, o, maddi və ya mənəvi ziyana görə kompensasiya almaq üçün Məhkəmə Qərarlarının İcrası üzrə Dövlət İdarəsi tərəfindən həbsdə saxlandığı müddətdə hüquqlarının pozulması ilə bağlı mülki şikayətlər verə bilərdi. Hökumət Mülki Prosessual Məcəllənin 248-1, 248-3 və 248-7-ci maddələrinə və Mülki Məcəllənin 440-1, 442 və 455-ci maddələrinə istinad etdi. Hökumət daha sonra qeyd etdi ki, belə hüquqi müdafiə vasitələrinə müraciət etmək imkanını Dnepropetrovsk vilayətinin Çervonoqvardiysk rayon məhkəməsinin 1 noyabr 2001-ci il tarixli qərarı da təsdiq edirdi, həmin qərarla iddiaçının kompensasiya tələbləri rədd edilsə də, hər halda şikayətləri ətraflı araşdırılmışdı.
66. Ərizəçi bununla razılaşmadı.
2. Məhkəmənin qiymətləndirməsi
67. Məhkəmə bir daha bildirir ki, yalnız səmərəli olan hüquqi müdafiə vasitələri tükəndirilməlidir. Sözügedən vaxtda hüquqi müdafiə vasitələrinin səmərəli olduğuna, habelə nəzəri və praktiki cəhətdən real olduğuna Məhkəməni inandırmaq vəzifəsi onların tükəndirilmədiyini iddia edən Hökumətin üzərinə düşür. Əgər Hökumət bu vəzifənin öhdəsindən gələrsə, onda ərizəçi sübut etməlidir ki, Hökumət tərəfindən təqdim edilmiş hüquqi müdafiə vasitələrini tükəndirib, yaxud onlar işin konkret halları baxımından müəyyən əsaslara görə qeyri-adekvat və səmərəsiz olub, yaxud da işdəki xüsusi hallar ərizəçini həmin vasitələri tükəndirmək tələbini yerinə yetirməkdən azad edir (bax: Dankeviç Ukraynaya qarşı, ərizə Nº 40679/98, b. 107, 29 aprel 2003). Məhkəmə daha sonra vurğulayır ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi müəyyən dərəcədə dəyişkənliklə və həddən artıq formalizmə yol verilmədən tətbiq edilməlidir. Bundan başqa, daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi haqqında qayda nə mütləq qaydadır, nə də avtomatik tətbiq edilə bilər. Bu qaydaya riayət edilib-edildmədiyini yoxlayarkən müvafiq dövlətin hüquq sistemində formal hüquqi müdafiə vasitələrinin mövcud olub-olmaması, həmin vasitələrin istifadə edildiyi ümumi hüquqi və siyasi şərait, habelə konkret işin halları və ixtiyarında olan daxili hüquqi müdafiə vasitələrini tükəndirmək üçün ərizəçinin ondan əsaslı olaraq gözlənilə bilən hər şeyi edib-etməməsi nəzərə alınmalıdır (bax: Merit Ukraynaya qarşı, ərizə Nº 66561/01, b. 58, 30 mart 2004).
68. Məhkəmə qeyd edir ki, pis rəftara dair şikayətlə bağlı hüquqi müdafiə vasitəsinin səmərəliliyinin qiymətləndirilməsində həlledici sual ondan ibarətdir ki, ərizəçi Konvensiyanın 3-cü maddəsi ilə təmin edilən hüquqlarının sadəcə dolayı müdafiəsi üçün deyil, birbaşa və vaxtında müdafiə olunması məqsədi ilə bu şikayəti daxili məhkəmələr qarşısında qaldıra bilibmi? Hər hansı şəxslər həbsdə saxlanılarkən məruz qaldıqları pis rəftardan və ya həbsxanadakı şəraitdən şikayət edərkən hüquqi müdafiə vasitəsi həm pozuntuların qarşısını almağa, həm də kompensasiyanı təmin etməyə qadir olmalıdır.
69. Cinayət işlərində məhkəmə qərarlarının icrasının qanuniliyinə ümumi nəzarəti həyata keçirən dövlət prokuroruna şikayət verilməsinin mümkünlüyü barədə Hökumətin bildirdiyi birinci mülahizəyə gəldikdə, Məhkəmə hesab edir ki, daxili qanunvericilikdə prokurorun statusunun onun tərəfindən ərizəçinin şikayətlərinə müstəqil və qərəzsiz baxılacağına adekvat təminat vermədiyini nəzərə alsaq, bu, səmərəli və əlçatan hüquqi müdafiə vasitəsi sayıla bilməz (bax: Merit Ukraynaya qarşı, ərizə Nº 66561/01, b. 63, 30 mart 2004; müvafiq dəyişikliklərlə bax: Nevmerjitski Ukraynaya qarşı, ərizə Nº 54825/00, b. 116, AİHM 200-5... (çıxarışlar); və Salov Ukraynaya qarşı, ərizə Nº 65518/01, b. 58, 6 sentyabr 2005). Bundan başqa, Hökumət sübuta yetirmədi ki, həbsdə saxlanma müddətində pis rəftarla və ya həbsxanadakı şəraitlə bağlı prokurora edilən şikayət, yuxarıda qeyd edildiyi kimi, həm pozuntuların qarşısını ala, həm də kompensasiyanı təmin edə bilərdi.
70. Ərizəçinin verə biləcəyi, o cümlədən daxili məhkəmələrə təqdim edə biləcəyi digər şikayətlərə gəldikdə, Məhkəmə qeyd edir ki, bunu şübhə altına alan yoxdur ki, ərizəçi xəstəliyi barədə həbsxananın həkiminə şikayət etmişdi və həbsxana müdiriyyəti ərizəçinin vərəmə yoluxmasından xəbərdar idi. Beləliklə, dövlət orqanları ərizəçinin vəziyyətindən kifayət qədər xəbərdar idilər və onun həbsdə saxlanma şəraitini yoxlamaq və məqsədəuyğun olduqda ona yardım etmək imkanına malik idilər. Doğrudur, ərizəçi Hökumətin bildirdiyi kanallardan istifadə etməmişdi, amma buna baxmayaraq, Məhkəmə qeyd edir ki, həbsdə saxlanma şəraitindən irəli gələn problemlər və lazımi tibbi müalicənin olmaması açıq-aydın struktur xarakterli məsələlər idi və təkcə ərizəçinin şəxsi vəziyyəti ilə bağlı olan məsələlər deyildi (bax: Kalaşnikov Rusiyaya qarşı (ərizənin qəbuledilənliyinə dair qərar), ərizə Nº 47095/99, 18 sentyabr 2001). Bundan başqa, Hökumət, həbsxana müdiriyyətinin iqtisadi çətinliklərini nəzərə alaraq, daxili məhkəmələrin və ya digər dövlət orqanlarının ərizəçi üçün hansı müdafiəni təklif edə biləcəklərini göstərmədi.
71. Belə olan halda Məhkəmə hesab edir ki, ərizənin bu hissəsi daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsinə görə rədd edilə bilməz. Onu qəbul olunmayan elan etmək üçün hər hansı başqa əsas da müəyyən edilmədi.
72. Məhkəmə tərəflərin arqumentlərinin işığında belə hesab edir ki, ərizənin bu hissəsində Konvensiya üzrə ciddi faktiki və hüquqi məsələlər qaldırılır ki, onların həlli işə mahiyyəti üzrə baxılmasını tələb edir.
B. Konvensiyanın 13-cü maddəsi
73. Ərizəçi iddia etdi ki, Konvensiyanın 3-cü maddəsi üzrə şikayət etməsi üçün onun ixtiyarında Konvensiyanın 13-cü maddəsi ilə tələb olunan səmərəli hüquqi müdafiə vasitəsi olmayıb. Həmin maddənin bu işə aid hissəsində deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”.
74. Buna cavab olaraq Hökumət daxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyi barədə öz arqumentlərinə istinad etdi (yuxarıda 65-ci bəndə bax).
75. Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyi barədə Hökumətin etirazının Məhkəmə tərəfindən rədd edildiyini nəzərə alaraq, ərizəçinin Konvensiyanın 13-cü maddəsi üzrə şikayətləri qəbul olunan elan edilməlidir (yuxarıda 67-71-ci bəndə bax).
C. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 3-cü bəndinin “c” yarımbəndi
76. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 3-cü bəndinin “c” yarımbəndi üzrə (və dolayısı ilə 6-cı maddəsinin 3-cü bəndinin “d” yarımbəndi üzrə) şikayət etdi ki, birinci instansiya məhkəməsindəki araşdırmada hüquqi yardımdan məhrum edilib. Ərizəçi bildirdi ki, müdafiəçisinin olmaması ucbatından Vinnitsa rayon məhkəməsinin hökmünə qarşı şikayət verə bilməyib. O, iddia etdi ki, onun Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş məhkəməyə müraciət etmək hüququ pozulub. O, həmçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci üzrə bu şikayətini də bildirdi ki, polis əməkdaşları, o cümlədən agent-provokator, narkotik maddələrin operativ alışını təşkil etməklə onu cinayət törətməyə təhrik ediblər və onların hərəkətləri əvvəlcədən ərizəçini ədalətli məhkəmə araşdırması imkanından məhrum edib. O, eyni müddəaya istinad edərək bildirdi ki, onu haqsız olaraq məhkum ediblər. O, daha sonra şikayət etdi ki, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmayıb və məhkəmə araşdırmasında müəyyən şahidlər dindirilməyib. 6-cı maddədəki müvafiq müddəalarda deyilir:
“1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. ...
... 3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:
... b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
... c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək;
... d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malikdir; ...”.
1. Tərəflərin arqumentləri
77. Hökumət bildirdi ki, bu şikayət daxili hüquqi müdafiə vasitələri tükəndirilmədiyinə görə rədd edilməlidir. O, konkret olaraq iddia etdi ki, apellyasiya icraatı zamanı ərizəçi vəkillə təmsil edilmədiyi barədə məsələ qaldırmayıb və konkret şahidlərin dindirilməməsinə və ya öz müdafiə hüquqlarının pozulmasına etiraz etməyib. Bunun əvəzinə ərizəçi yalnız ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib.
78. Ərizəçi bunlarla razılaşmadı. O, bildirdi ki, özü-özünü müdafiə edə bilməzdi, çünki hüquqi biliklərə malik mütəxəssis deyildi və hüquqi nümayəndəsi də yox idi. Buna görə də o, polislər tərəfindən təqdim edilmiş sübutların qəbul edilməsinə, yaxud ibtidai istintaq və məhkəmə araşdırması mərhələsində vəkillə təmsil olunmamasına effektiv şəkildə etiraz edə bilməzdi. Bundan başqa, onun apellyasiya şikayətini özünün hazırladığını nəzərə alsaq, həmin şikayət olduqca ümumi ifadələrlə tərtib edilmişdi və yalnız ittiham hökmünün təxirə salınmasına və onun həbsdən azad edilməsinə aid idi. Ərizəçi yekun olaraq bildirdi ki, vəkillə təmsil olunmadan daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi haqqında tələbə riayət etmək imkanına malik deyildi, çünki şikayətlər olduqca texniki xarakterli idi və xüsusi hüquqi bilik tələb edirdi.
2. Məhkəmənin qiymətləndirməsi
79. Məhkəmə qeyd edir ki, ərizəçinin işi üzrə cinayət icraatı zamanı ona vəkil tərəfindən yardım göstərilməyib. Belə görünür ki, ərizəçi vəkillə təmsil olunmaqdan könüllü imtina edib, əks halda ona məcburi qaydada vəkil təyin edilərdi (yuxarıda 44-cü bəndə bax: keçmiş Cinayət Prosessual Məcəlləsinin (bundan sonra “CPM”) 45-ci maddəsi). Vinnitsa rayon məhkəməsinin 23 may 2000-ci il tarixli hökmündən Vinnitsa vilayət məhkəməsinə şikayət vermək imkanına gəldikdə (tərəflər bu məsələni qaldırıblar), Məhkəmə qeyd edir ki, daxili qanunvericilik bu cür şikayətin verilməsinə imkan verirdi və ərizəçi bu imkandan istifadə etdi. Vinnitsa vilayət məhkəməsi öz qərarında hökmün yüngülləşdirilməsi barədə ərizəçinin xahişini rədd etdi.
80. Məhkəmə qeyd edir ki, həmin vaxt qüvvədə olan Ukrayna qanunvericiliyinə əsasən, istintaq aparan şəxs və ya birinci instansiya məhkəməsi müttəhimə onun vəkillə təmsil olunmaq hüququnu izah etməli idi (yuxarıda 44-cü bəndə bax). Eyni zamanda, həmin qanunvericiliyə əsasən, səlahiyyətli orqanlar müttəhimə vəkillə təmsil olunmaq hüququ barədə izahat verərək bu haqda sənəd tərtib etməli idilər (yuxarıda 44-cü bəndə bax: CPM-in 21-ci maddəsi). Məhkəmə iclası zamanı bu izahatlar iclas protokoluna daxil edilməli idi. Müttəhim vəkillə təmsil olunmaqdan imtina etdikdə, bu barədə yazılı ifadə verərək sənədə imza atmalı idi (yuxarıda 44-cü bəndə bax: CPM-in 46-cı maddəsi). CPM-də həmçinin nəzərdə tutulur ki, bu şərtlərə əməl olunmaması hökmün apellyasiya məhkəməsi tərəfindən ləğv edilməsi ilə və işin yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə, yaxud da əlavə araşdırma aparmaq üçün istintaq orqanına qaytarılması ilə nəticələnə bilərdi (yuxarıda 44-cü bəndə bax: CPM-in 370-ci maddəsi).
81. Məhkəmə hesab edir ki, bu işdə bu prosessual təminatlara riayət edilib. Lakin demək olmaz ki, hər hansı mərhələdə ərizəçiyə hüquqi yardım göstərilməsindən imtina edilmişdi, belə ki, ərizəçi özü bu hüququndan açıq-aydın imtina etmişdi. İcraat bitdikdən sonra ərizəçinin arvadının istəyi ilə işə protest vasitəsilə yenidən baxılması üçün ictimai müdafiəçinin işlə tanış olmasına imkan verilməməsi Konvensiyanın 6-cı maddəsi üzrə cinayət ittihamının həll edilməsi ilə bağlı hüquqi yardımdan imtinaya səbəb olan hal deyildi (yuxarıda 20-22-ci bəndlərə bax).
82. Belə olan halda Məhkəmə vəkillə təmsil olunma ilə bağlı Hökumətin etirazını müdafiə edir; belə ki, ərizəçi bu məsələni daxili məhkəmə orqanları qarşısında heç vaxt qaldırmamışdı. Buna görə də daxili hüquqi müdafiə vasitələri tükəndirilmədiyinə görə ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
83. Məhkəmə ərizəçinin 6-cı maddə üzrə digər şikayətlərini də nəzərdən keçirdi, amma icraatın hər hansı mərhələsində onların forma və ya mahiyyət baxımından birinci instansiya və ya apellyasiya məhkəmələri qarşısında qaldırıldığının əlamətlərini aşkar etmədi. Belə olan halda Məhkəmə onları yuxarıda qeyd edilmiş eyni əsasa görə – daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsinə görə Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
D. Konvensiyanın 34-cü maddəsi
84. Ərizəçi şikayət etdi ki, dövlət onun məhkəməyə səmərəli müraciət hüququna müdaxilə edib. Konkret olaraq, dövlət orqanları ərizəçinin vəkilinin ərizəçi ilə görüşməsinə əsassız olaraq icazə verməyiblər. Bundan başqa, ərizəçinin işi üzrə icraatın ədalətliliyi məsələsi ilə və həbsdə saxlanma şəraiti ilə bağlı ərizəçinin Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməsi qarşısında maneələr yaradılıb. Ərizəçi Konvensiyanın 34-cü maddəsinə istinad etdi:
“Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər”.
85. Hökumət bu iddialara etiraz etdi. O, bildirdi ki, ərizəçinin işi üzrə icraatın ədalətliliyi məsələsi ilə və həbsdə saxlanma şəraiti ilə bağlı ərizəçinin Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməsinin qarşısı alınmayıb.
86. Məhkəmə xatırladır ki, Konvensiyanın 34-cü maddəsi ilə təmin olunan fərdi şikayət sisteminin səmərəli fəaliyyəti üçün son dərəcə vacibdir ki, ərizəçilər və ya potensial ərizəçilər şikayətlərini geri götürmələri və ya dəyişdirmələri üçün dövlət orqanları tərəfindən hər hansı təzyiqə məruz qalmadan Məhkəmə ilə sərbəst əlaqə yarada bilsinlər (bax: Akdivar və başqaları Türkiyəyə qarşı, 16 sentyabr 1996, Qərarlar toplusu, 1996-IV, s. 1219, b. 105; Kurt Türkiyəyə qarşı, 25 may 1998, Qərarlar toplusu, 1998-III, s. 1192, b. 159).
87. Bu kontekstdə “təzyiq” birbaşa məcburetməni və ya təhdid xarakterli birbaşa çəkindirici hərəkətləri deyil, həm də ərizəçiləri Konvensiya üzrə şikayət verməkdən daşındırmaq və ya çəkindirmək məqsədi daşıyan hüquqa zidd dolayı hərəkətləri və ya təmasları, məsələn, hüquqi nümayəndənin ona qarşı əsassız cinayət və ya intizam icraatına başlamaqla təhdid edilməsini bildirir (bax: Kurtun işi üzrə yuxarıda adı çəkilən qərar, s. 1192-1193, b. 160 və 164; Şarlı Türkiyəyə qarşı, ərizə Nº 24490/94, b. 85-86, 22 may 2001).
88. Hazırkı işdə ərizəçinin nümayəndəsi iddia etdi ki, onun ərizəçi ilə təmaslarına həbsxana müdiriyyəti tərəfindən əngəl törədilib. Lakin o, şikayətlərini təsdiq edən yetərli sübut təqdim etmədi. O, dörd məktub təqdim etdi, onlardan 25 mart və 2 may 2003-cü il tarixli iki məktubu Vinnitsa rayon məhkəməsindən, 26 mart 2003-cü il tarixli bir məktubu Vinnitsa vilayətinin apellyasiya məhkəməsindən və birini isə 316/83 saylı islah müəssisəsindən almışdı, məktublarda ona məlumat verilirdi ki, işin materialları ilə onun tanış olması mümkün deyil, çünki Cinayət Prosessual Məcəlləsinin tələb etdiyi vəkalət məktubu onda yoxdur, yaxud deyilirdi ki, ərizəçi başqa islah müəssisəsinə köçürülüb.
89. Məhkəmə hesab edir ki, bu imtinalar Konvensiyanın 34-cü maddəsinin mənası baxımından maneə kimi şərh oluna bilməz. Məhkəmə dəftərxanası ərizəçinin nümayəndəsini məhkəmə icraatı ilə bağlı zəruri sənədlərlə təmin etmişdi. Bu kontekstdə Məhkəmə qeyd edir ki, ərizəçi öz ərizəsini və izahatlarını təqdim etmək imkanına malik idi. O, həmçinin heç bir maneə olmadan Məhkəmə ilə yazışmaqda davam edirdi.
90. Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə hesab etmir ki, ərizəçinin fərdi şikayət vermək hüququnun pozulduğu sübuta yetirilib. Buradan belə nəticə çıxır ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq açıq-aydın əsassız şikayət kimi rədd edilməlidir.
E. Ərizənin qəbuledilənliyi bağlı nəticələr
91. Məhkəmə hesab edir ki, yuxarıda 71-72 və 75-ci bəndlərdə çıxarılmış nəticələrin işığında ərizəçinin Konvensiyanın 3-cü və 13-cü maddələri üzrə şikayətləri qəbul olunan elan edilməlidir. Ərizənin qalan hissəsi isə yuxarıda qeyd edilmiş əsaslara görə rədd edilməlidir (83-cü və 90-cı bəndlərə bax).
III. ƏRİZƏYƏ MAHİYYƏTİ ÜZRƏ BAXILMASI
A. Konvensiyanın 3-cü maddəsinə riayət edilib-edilməməsi
1. Məhkəmənin presedent hüququ
92. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 3-cü maddəsi şəraitdən və qurbanın davranışından asılı olmayaraq işgəncələri, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı mütləq ifadələrlə qadağan edir (nümunə üçün bax: Labita İtaliyaya qarşı [GC], ərizə Nº 26772/95, b. 119, AİHM 2000-IV). 3-cü maddənin tətbiq dairəsinə düşmək üçün pis rəftar minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Həmin minimal səviyyənin qiymətləndirilməsi nisbidir; o, işin bütün hallarından, məsələn, rəftarın nə qədər davam etməsindən, onun fiziki və mənəvi nəticələrindən və bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (digər qərarlar arasında bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978, A seriyaları, c. 25, s. 65, b. 162).
93. Çox vaxt azadlıqdan məhrum etmə ləyaqəti alçaldan elementləri özündə ehtiva edə bilər. Bununla belə, şəxsin məhkum edilməsindən sonra həbsxanaya salınmasının özlüyündə Konvensiyanın 3-cü maddəsi üzrə məsələləri qaldırdığını söyləmək olmaz. Eləcə də bu maddəni belə bir ümumi öhdəlik müəyyən edən maddə kimi şərh etmək olmaz ki, şəxs sağlamlıq durumu ilə əlaqədar olaraq həbsdən azad edilməli və ya spesifik tibbi müalicə ala bilməsi üçün mülki xəstəxanaya yerləşdirilməlidir. Bununla belə, bu maddəyə əsasən dövlət şəxsin həbsxanada insan ləyaqətinə uyğun şəraitdə saxlanmasını, cəza tədbirinin tətbiq edilmə üsulunun və metodunun onda həbs tədbirinə xas olan dərəcədən artıq iztirab və ya məhrumiyyət hissi doğurmamasını və azadlıqdan məhrum edilmə tədbirinin praktiki tələbləri nəzərə alınmaqla, onun sağlamlığının və əmin-amanlığının qorunmasını təmin etməlidir (bax: Kudlya Polşaya qarşı [GC], ərizə Nº 30210/96, b. 92-94, AİHM 2000-XI). Həbsdə saxlanma şəraitini qiymətləndirərkən həmin şəraitin kumulyativ nəticələri, eləcə də ərizəçinin konkret iddiaları nəzərə alınmalıdır (bax: Duqoz Yunanıstana qarşı, ərizə Nº 40907/98, b. 46, AİHM 2001-II).
94. Ərizəçinin səhhətinin onun həbsdə saxlanmasına imkan verib-verməməsi ilə bağlı üç konkret element nəzərdən keçirilməlidir: a) həbsdə saxlanma yerinin tibbi şəraiti; b) həbsdə saxlanma yerində göstərilən tibbi yardımın və qulluğun adekvatlığı; c) ərizəçinin sağlamlıq durumu baxımından həbs tədbirinin qüvvədə saxlanmasının məqsədəuyğunluğu (bax: Muisel Fransaya qarşı, ərizə Nº 67263/01, b. 40-42, AİHM 2002-IX).
2. Hökumətin arqumentləri
95. Hökumət bildirdi ki, lazımi səviyyədə qidalanmanın olmaması ilə bağlı ərizəçinin iddiaları əsassızdır. O, bildirdi ki, ərizəçi 1 saylı Vinnitsa həbsxanasında saxlandığı müddətdə qanunvericiliklə müəyyən edilmiş normaya uyğun olaraq qidalanıb, həmin vaxt, yəni 2000-ci ildə qidanın enerji tutumu 2.846,73 kilokalori olmalı idi. Sonradan onun qəbul etdiyi qida Nazirlər Kabinetinin 27 dekabr 2001-ci ildə təsdiq etdiyi normalara uyğun idi (yuxarıda 45-ci bəndə bax). Onun qidasının orta enerji tutumu gündə 3.100-3.150 kilokaloriyə bərabər idi.
96. Hökumət bildirdi ki, 316/83 saylı islah müəssisəsində saxlandığı müddətdə ərizəçi 15 nəfər başqa məhkumla birlikdə 44,7 kvadrat metr (“m²”) ölçüsü olan 26 saylı kamerada saxlanılırdı. Hər bir məhbusun 2,98 m² şəxsi məkanı vardı. Kameraya lazımi qaydada təmiz hava daxil olurdu və məhbuslar gün işığı ala bilirdilər. Ərizəçi hər gün açıq havada gəzirdi. O, həmçinin duşla təmin olunmuşdu və həftədə bir dəfə paltarlarını yuyurdu. Hökumət daha sonra bildirdi ki, ərizəçi həyətdə idman etmək və oyaq olduğu saatlarda istədiyi qədər aşıq havada gəzmək imkanına malik idi. Nazirlər Kabinetinin 16 iyun 1992-ci il tarixli 336 saylı qərarına (yuxarıda 46-cı bəndə bax) uyğun olaraq, ərizəçiyə verilən qidanın enerji tutumu gündə 2.900-3.000 kilokalori idi.
97. Hökumət iddia etdi ki, 5 saylı islah müəssisəsində saxlanıldığı müddətdə ərizəçi 12 nəfər başqa məhbusla birlikdə 1 saylı ümumi otaqda yerləşdirilmişdi. Ərizəçinin ayrıca çarpayısı və zəruri mebeli vardı. Ümumi otaqda gün işığının maneəsiz daxil olduğu 1,2x1,5 metr ölçüdə pəncərə, habelə təbii ventilyasiya və elektrik enerjisi vardı. Ərizəçi hər gün gəzintiyə çıxmaq və oyaq olduğu saatlarda istədiyi qədər aşıq havada gəzmək imkanına malik idi.
3. Ərizəçinin arqumentləri
98. Ərizəçi bildirdi ki, 2000-ci il sentyabrın 29-dan oktyabrın 18-dək 1 saylı Vinnitsa həbsxanasında olduğu müddətdə 24 nəfər üçün nəzərdə tutulan 26 saylı kamerada saxlanılıb. Lakin o, iddia etdi ki, orada təxminən 60 nəfər saxlanılırdı, onlardan bəziləri vərəm və QİÇS xəstələri idi. Onlar koyka tipli metal çarpayılarda yatırdılar. Məhbuslar növbə ilə yatırdılar. Kamera çirkli idi və həşəratlar, tarakanlar və taxtabitilərlə dolu idi. Ərizəçi gün işığı və təmiz hava almırdı və təxminən 1-1,5 m² şəxsi məkana malik idi. O, lazımi qida ilə təmin edilmirdi.
99. O, daha sonra iddia etdi ki, 2000-ci il oktyabrın 18-i ilə 31-i arasında 1 saylı Vinnitsa həbsxanasından 316/83 saylı islah müəssisəsinə köçürülərkən qatarda 12-15 nəfər üçün nəzərdə tutulmuş ümumi kupedə yerləşdirilmişdi. Tutulmuş şəxsləri və məhkum olunmuş məhbusları daşıyan xüsusi qatarlarda gün işığı və içməli su ilə lazımi təchizat yox idi. Bir az çörəkdən və sudan başqa heç bir yemək verilmirdi. O, iddia etdi ki, 316/83 saylı islah müəssisəsinə çatdıqdan sonra onu mümkün vərəm xəstəliyi ilə bağlı tibbi müayinədən keçirmədilər.
100. Ərizəçi şikayət etdi ki, məhkumlar üçün vilayətlərarası vərəm xəstəxanasına (5 saylı islah müəssisəsinə) köçürülənə qədər 31 oktyabr 2000-ci ildən 23 aprel 201-ci ilədək 316/83 saylı islah müəssisəsində saxlanıldığı müddətdə gündəlik qida rasionu onun faktiki tələbatlarına və ya qanunvericilikdə nəzərdə tutulmuş normalara cavab vermirdi. O, şikayət etdi ki, ərzaq məhsullarının çoxunu məhkumların qohumları gətirirdilər. Konkret olaraq, həbsdə olduğu üç il yarım müddətində ərizəçi 20 bağlama (hər biri 10 kiloqramadək) qəbul etmişdi. O, qohumlarından heç bir dərman almamışdı, çünki məhbuslara belə şeylərin verilməsi qadağan idi. Bundan başqa, 5 saylı islah müəssisəsində olduğu müddətdə müəyyən edilmişdi ki, o, qanında albuminin çox aşağı səviyyədə olmasından əziyyət çəkir, bu təsdiq edirdi ki, o, gündəlik qidasının tərkibində kifayət qədər ət, yağ, süd və s. qəbul etmir. O, bildirdi ki, dövlət məhbuslara verilən qida üçün 1,77 Ukrayna qrivnası (0,33 avro) məbləğində gündəlik maliyyə norması müəyyən etmişdi. Vərəmə yoluxmuş şəxslərə çəkilən tibbi xərclər 13 Ukrayna qrivnası (2 avro) məbləğində müəyyən edilmişdi.
4. Məhkəmənin qiymətləndirməsi
101. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə ərizəçinin Konvensiyanın 3-cü maddəsi üzrə şikayətlərinə mahiyyəti üzrə baxılması üçün üç mühüm element nəzərdən keçirilməlidir:
- birincisi, həbsxana kamerasında həddən artıq adamın olması ilə bağlı ərizəçinin şikayətləri;
- ikincisi, dövlət orqanları tərəfindən onun vərəm xəstəliyinin qarşısının vaxtında alınmaması, diaqnozunun vaxtında qoyulmaması və vaxtında müalicə edilməməsi ilə bağlı ərizəçinin şikayətləri;
- üçüncüsü, lazımi səviyyəli qidanın, ventilyasiyanın, gündəlik gəzintilərin, yaxud sanitariya-gigiyena şəraitinin olmaması ilə bağlı ərizəçinin şikayətləri.
a) Həbsxana kamerasında həddən artıq adamın olması
102. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçinin 1 saylı Vinnitsa həbsxanasında saxlanıldığı müddətdə, yəni 2000-ci il sentyabrın 29-dan oktyabrın 18-dək onun kamerasının ölçüsü 44.7 m² idi. Orada 15-dən (Hökumətin bildirdiyinə görə) 60-dək (ərizəçinin sözlərinə görə) məhbus saxlanılırdı. Hökumət və ərizəçi bildirdilər ki, məhbusların hər birinin 1-1,5 m²-dən (ərizəçinin bildirdiyinə görə) 2,98 m²-dək (Hökumətin bildirdiyinə görə) şəxsi məkanı vardı. 31 oktyabr 2000-ci ildən 19 aprel 2001-ci ilədək 316/83 saylı islah müəssisəsində ərizəçinin saxlanma şəraitinə gəldikdə, o, 32 nəfər başqa məhbusla birlikdə ümumi otaqda saxlanılırdı. Ərizəçinin həbsdə saxlanma şəraiti 5 saylı Sniqurivska islah müəssisəsində olduğu kimi idi. Bu islah müəssisələrində olduğu müddətdə o, təxminən 2-2,5 m² yaşayış məkanına malik idi (qanunvericilikdə müəyyən edildiyi kimi).
103. Məhkəmə kameraların konkret ölçüləri ilə bağlı Hökumətlə ərizəçi arasındakı fikir ayrılıqlarını həll etməyi zəruri hesab etmir. Təqdim edilmiş bu rəqəmlər belə düşünməyə əsas verir ki, ərizəçinin kamerasında bütün vaxtlarda hər məhbus üçün 1-2.5 m² məkan olub. Bununla bağlı Məhkəmə xatırladır ki, İQAK təxminən 7 m² sahəni, yəni 8 məhbus üçün 56 m² sahəni həbsxana kamerasının məqsədəuyğun ölçüsü kimi müəyyən etmişdir (yuxarıda 47-ci bəndə bax: 2-ci Ümumi Məruzə – CPT/Inf (92) 3, b. 43). Buna görə də, Məhkəmənin fikrincə, ərizəçinin saxlandığı kameralarda daim həddən artıq adam olub. Belə vəziyyət özlüyündə Konvensiyanın 3-cü maddəsi üzrə məsələni qaldırır (bax: Kalaşnikov Rusiyaya qarşı, ərizə Nº 47095/99, b. 97, AİHM 2002-VI).
b) Dövlət orqanları tərəfindən ərizəçinin vərəm xəstəliyinin qarşısının alınmaması, diaqnozunun qoyulmaması və müalicə edilməməsi
104. Məhkəmə qeyd edir ki, tərəflərin arqumentlərindən belə görünür ki, nəfəs çatışmazlığı və bəlğəmlə bağlı ərizəçinin şikayətindən təxminən iki ay yarım sonra həkim ona vərəmə yoluxmuş xəstə diaqnozu qoymuşdu (yuxarıda 33-cü bəndə bax). Məhkəmə hesab edir ki, 13 və 14 aprel 2001-ci il tarixli qeyri-düzgün ilkin diaqnozlar lazımi səviyyəli tibbi yardımın olmaması, ərizəçinin vərəm xəstəliyinin vaxtında müəyyən edilməməsi, yaxud onun təcrid olunaraq vaxtında və lazımi səviyyəli tibbi yardımla təmin olunmaması barədə ərizəçinin iddialarını təsdiq edir (yuxarıda 33-cü və 34-cü bəndlərə bax).
105. Bundan başqa, o, 316/83 saylı islah müəssisəsinə gəldikdən sonra mümkün vərəm xəstəliyi ilə bağlı zəruri tibbi yoxlamadan keçirilməyib (yuxarıda 29-cu bəndə bax). Həbsə alınana qədər ərizəçi hər hansı ağciyər xəstəliyindən əziyyət çəkmirdi (bunu tarixli 29 sentyabr 2000-ci il tarixli tibbi müayinə təsdiq edir; yuxarıda 25-ci bəndə bax). 2001-ci ilin iyununda vərəm diaqnozu qoyulduqdan sonra o, mütəmadi olaraq müayinədən keçirilib və vərəmdən əziyyət çəkən məhbuslar üçün xüsusi penitensiar müəssisəyə köçürülüb, orada o, xəstəliyi ilə bağlı və xəstəliyin residiv halına keçməməsi üçün 11 avqust 2003-cü ilədək müalicə olunub. Ərizəçinin səhhəti yalnız 2001-ci ilin oktyabrında yaxşılaşmağa başlayıb. Lakin vərəmə qarşı uzunmüddətli müalicə zərərli effektlərə səbəb olub, məsələn, ərizəçinin görmə qabiliyyəti zəifləyib və onda başgicəllənməsi əmələ gəlib (yuxarıda 38-ci bəndə bax).
106. Məhkəmənin fikrincə, xəstəliyin ciddiliyini və ərizəçinin sağlamlığı üçün doğurduğu nəticələri nəzərə alsaq, yuxarıda qeyd edilən hallar belə nəticəyə gəlməyə əsas verir ki, ərizəçi vaxtında və lazımi səviyyədə tibbi yardımla təmin edilməyib.
c) Lazımi səviyyəli qidanın, ventilyasiyanın, gündəlik gəzintilərin və lazımi sanitariya-gigiyena şəraitinin olmaması
107. Məhkəmə qeyd edir ki, 1 saylı Vinnitsa həbsxanasında ərizəçinin gündə bir saat həyətdə olmasına icazə verilsə də, o, günün qalan hissəsini kamerasında keçirirdi, onun kameradakı yeri də çox məhdud idi. Onun 5 saylı islah müəssisəsində həbsdə saxlanmasına gəldikdə, Məhkəmə qeyd edir ki, orada ərizəçinin açıq havaya çıxmaq imkanları qeyri-məhdud idi. Lakin ərizəçinin həddən artıq adamın olduğu yerdə saxlandığını nəzərə alsaq, onun yalnız həftədə bir dəfə duş altında yuyunmaq imkanına malik olması və yataq ləvazimatları ilə paltarlarının həftədə bir dəfə yuyulması faktı sanitariya-gigiyena şəraiti ilə bağlı narahatlıq doğurur. Bu cür şərait onun onsuz da yaxşı olmayan səhhətinin daha da ağırlaşması ilə nəticələnə bilərdi.
108. Lazımi səviyyədə qidanın olmaması ilə bağlı ərizəçinin şikayətlərinə gəldikdə, Məhkəmə qeyd edir ki, tərəflər artıq razılaşıblar ki, qidanın səviyyəsi qanunvericilikdə nəzərdə tutulmuş qida normalarına uyğun idi. Bunun əksinə dəlalət edən hər hansı sübut olmadığına görə, Məhkəmə hesab edir ki, ərizəçi lazımi səviyyədə qida qəbul edib. Onun qidasına qohumlarının göndərdiyi bağlamalar da əlavə olunub.
109. Yuxarıda qeyd edilən amilləri nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçinin saxlandığı sanitariya-gigiyena şəraiti qaneedici deyildi və onun onsuz da yaxşı olmayan səhhətinin daha da pisləşməsinə şərait yarada bilərdi.
d) Məhkəmənin gəldiyi nəticələr
110. Məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçini alçaltmaq və ya təhqir etmək, yaxud Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qoymaq niyyəti olmayıb. Lakin bu cür məqsədin olmaması 3-cü maddənin pozuntusunun müəyyən edilməsini istisna etmir (bax: Pirs Yunanıstna qarşı, ərizə Nº 28524/95, b. 74, AİHM 2001-III). Məhkəmə hesab edir ki, 28 sentyabr 2000-ci ildən bu günə kimi (beş ildən artıq) ərizəçinin həbsdə saxlanma şəraiti ona əhəmiyyətli dərəcədə mənəvi və fiziki əzab gətirə, onun insan ləyaqətini alçalda və onda acizlik və təhqir olunma kimi hisslər doğura bilərdi.
111. Kamerada həddən artıq adamın olması, lazımi səviyyəli tibbi yardımın olmaması və sanitariya-gigiyena şəraitinin lazımi səviyyədə olmaması ilə bağlı yuxarıda çıxardığı nəticələrin (yuxarıda 103, 106 və 109-cu bəndlər) işığında Məhkəmə hesab edir ki, ərizəçinin həbsdə saxlanma şəraiti, həbsdə saxlanmanın müddəti ilə birlikdə götürülməklə, ləyaqəti alçaldan rəftara bərabərdir.
112. Müvafiq surətdə, Konvensiyanın 3-cü maddəsi pozulmuşdur.
B. Konvensiyanın 13-cü maddəsinə riayət edilib-edilməməsi
113. Məhkəmə qeyd edir ki, Konvensiyanın 13-cü maddəsi Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqların mahiyyətcə həyata keçirilməsi üçün milli səviyyədə hüquqi müdafiə vasitələrinə əl atmaq imkanını təmin edir (dövlətdaxili hüquq qaydasında onların hansı formada nəzərdə tutulmasından asılı olmayaraq). Buna görə də, 13-cü maddənin məqsədi Konvensiya üzrə “əsaslı şikayətin” mahiyyəti ilə bağlı daxili hüquqi müdafiə vasitəsinin təmin olunmasını və məsələnin müvafiq qaydada həllini tələb etməkdir. İştirakçı dövlətlərin 13-cü maddə üzrə öhdəliklərinin hüdudları ərizəçinin şikayətindən asılı olaraq fərqlənir; hər halda 13-cü maddənin tələb etdiyi hüquqi müdafiə vasitəsi həm hüquqi, həm də praktiki baxımdan “səmərəli” olmalıdır (digər qərarlar arasında bax: Kudlyanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 157).
114. 13-cü maddədə nəzərdə tutulmuş öhdəliyin hüdudları ərizəçinin Konvensiya üzrə şikayətinin hüdudlarından asılı olaraq fərqlənir. Hər halda, 13-cü maddənin tələb etdiyi hüquqi müdafiə vasitəsi həm hüquqi, həm də praktiki baxımdan səmərəli olmalıdır .
115. Məhkəmə daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi ilə bağlı yuxarıdakı mülahizələrini nəzərə alaraq (yuxarıda 68-74-cü bəndlərə bax), hesab edir ki, Hökumət sübut edə bilmədi ki, Ukrayna qanunvericiliyinə əsasən ərizəçinin həbsdə saxlanma şəraitindən şikayət etməsi mümkün idi, yaxud onun ixtiyarında səmərəli, yəni pozuntuların baş verməsinin və ya davam etməsinin qarşısını ala biləcək və ya ərizəçini müvafiq kompensasiya ilə təmin edə biləcək hüquqi müdafiə vasitələri vardı.
116. Beləliklə, Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçinin həbsdə olduğu müddətdə ona qarşı rəftara və həbsdə saxlanma şəraitinə dair şikayətləri ilə bağlı daxili qanunvericilikdə səmərəli və əlçatan hüquqi müdafiə vasitəsi olmayıb, buna görə də Konvensiyanın 13-cü maddəsi pozulub.
IV. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
117. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Ziyan
118. Ərizəçi həbsdə olduğu müddətdə ona göndərilmiş bağlamaların dəyərinə istinad edərək maddi ziyana görə 3.000.000 (üç milyon) Ukrayna qrivnası (488.335 avro) tələb etdi. O, əmək haqlarını itirməsi və mənəvi iztirablara məruz qalması da daxil olmaqla mənəvi ziyana görə 483.625 Ukrayna qrivnası (78.723,6 avro) tələb etdi.
119. Hökumət bununla razılaşmayaraq bildirdi ki, bu tələblər əsassızdır və həddən artıq şişirdilib.
120. Məhkəmə qeyd edir ki, maddi ziyana görə ərizəçinin tələbində açıq-aydın səhv baş verib, belə ki, həmin tələb 3.000 Ukrayna qrivnası (488.34 avro) kimi oxunmalıdır. Lakin Məhkəmə xatırladır ki, ərizəçinin həbsdə olduğu müddətdə lazımi səviyyəli qida qəbul etdiyini artıq yuxarıda müəyyən edib (yuxarıda 108-ci bəndə bax) və bu məsələdə heç bir pozuntu aşkar etməyib (yuxarıda 109-cu və 111-ci bəndlərə bax). Buna görə də, o, ərizəçinin maddi ziyana görə tələbini rədd edir (müqayisə edərək tutuşdur: Nevmerjitski Ukraynaya qarşı, ərizə Nº 54825/00, b. 142, AİHM 2005-... (çıxarışlar)).
121. Mənəvi ziyana gəldikdə, Məhkəmə xatırladır ki, bu işdə Konvensiyanın 3-cü və 13-cü maddələrinin pozulduğunu yuxarıda müəyyən edib. Məhkəmə bu işlə müqayisə oluna bilən işlər üzrə presedent hüququnu nəzərə alaraq, bu bənd üzrə ərizəçiyə 10.000 avro təyin edir (müqayisə et: Pirs Yunanıstana qarşı, ərizə Nº 28524/95, b. 88, AİHM 2001-III; və Xoxliç Ukraynaya qarşı, ərizə Nº 41707/98, b. 228, 29 aprel 2003).
B. Məhkəmə xərcləri və digər məsrəflər
122. Ərizəçi Məhkəmənin hüquq yardımı sxemi əsasında onun nümayəndəsinin 400 avro aldığını və bu məbləğin yalnız yazışmalara və arqumentlərin hazırlanmasına kifayət etdiyini qeyd edərək, vəkilinin qonorarları üçün əlavə məbləğ istədi.
123. Hökumət bununla razılaşmadı.
124. Məhkəmə qeyd edir ki, aydın məsələdir ki, ərizəçi vəkilə qonorarlar ödəyib və aldığı hüquq yardımından əlavə müəyyən xərclər çəkib. Məhkəmə əlində olan məlumatları nəzərə alaraq və ədalət prinsipi əsasında qərar çıxararaq, məhkəmə xərclərinə və digər məsrəflərə görə ərizəçiyə əlavə 500 avro təyin edir.
C. İcranın gecikdirilməsinə görə faiz
125. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Konvensiyanın 3-cü və 14-cü maddələri üzrə ərizəçinin şikayətlərini qəbul olunan, qalan şikayətləri isə qəbul olunmayan elan edir;
2. Qərara alır ki, Konvensiyanın 3-cü maddəsi pozulub;
3. Qərara alır ki, Konvensiyanın 13-cü maddəsi üzrə pozulub;
4. Qərara alır ki:
a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəməli, həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə cavabdeh dövlətin milli valyutasına çevrilməlidir:
i. mənəvi ziyana görə – 10.000 (on min) avro;
ii. məhkəmə xərclərinə və digər məsrəflərə görə – 500 (beş yüz) avro;
iii. yuxarıdakı məbləğlərdən tutula biləcək hər hansı vergi məbləği.
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
5. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 28 mart 2006-cı ildə qərar barədə yazılı məlumat verilmişdir.
S.Neysmit (S.Naismith)
Katib
J.-P.Kosta (J.-P.Costa)Sədr
[*] Cinayət Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 21 iyun 2001-ci il tarixli Qanunla sonradan bu maddəyə dəyişiklik edilmişdir.
Full & Egal Universal Law Academy