Merabişvili (Merabishvili) Gürcüstana qarşı – ərizə № 72508/13
14.6.2016 tarixli qərar [IV Bölmə]
Maddə 18
Hüquqa zidd məqsədlər üçün hüquqların məhdudlaşdırılması
İddia edildiyinə görə ölkənin siyasi həyatından kənarlaşdırılması məqsədi ilə müxalif partiyanın rəhbəri olan siyasətçinin məhkəməyəqədər həbsə alınması: pozuntu baş verib
Faktlar – Ərizəçi əvvəllər yüksək dövlət vəzifələri tutmuş, o cümlədən daxili işlər naziri və baş nazir olmuş gürcüstanlı siyasətçi idi və ən güclü müxalif partiyanın rəhbəri idi. 2012-ci ilin oktyabrındakı parlament seçkisi nəticəsində baş vermiş hakimiyyət dəyişikliyindən az sonra 2012-ci il ilə 2013-cü il arasında onun barəsində hakimiyyət səlahiyyətdən sui-istifadə etmə və digər cinayətlərlə əlaqədar cinayət işi başlandı. Sonradan ərizəçi məhkəməyəqədər həbsə alındı. 2014-cü ildə ərizəçi onun əleyhinə irəli sürülmüş ittihamların çoxunda təqsirli bilinərək məhkum edildi.
Avropa Məhkəməsinə ərizəsində ərizəçi digər məsələlərlə yanaşı şikayət etdi ki, hakimiyyət orqanları onu ölkənin siyasi həyatından kənarlaşdırmaq məqsədi ilə barəsində cinayət təqibinin aparılmasından və həbsə alınmasından istifadə ediblər ki, bu da Konvensiyanın 18-ci maddəsinin pozuntusudur.
Hüquqi məsələlər – Məhkəmə yekdilliklə bu qənaətə gəldi ki, ərizəçinin məhkəməyəqədər həbsə alınmasında 5-ci maddənin 1-ci bəndi pozulmayıb, məhkəməyəqədər həbs barəsindəki ilkin məhkəmə qərarlarının qəbul edilməsində 5-ci maddənin 3-cü bəndi pozulmayıb, amma ərizəçinin həbsdə saxlanmasının ikinci dəfə məhkəmə tərəfindən yoxlanılması zamanı 5-ci maddənin 3-cü bəndi pozulub.
5-ci maddənin 1-ci bəndi ilə birgə götürülmüş halda 18-ci maddə: məhkəməyəqədər həbsinin qanunsuz olduğu barədə ərizəçinin 5-ci maddənin 1-ci bəndi üzrə verdiyi şikayət ilə əlaqədar heç bir pozuntu baş vermədiyinin Məhkəmə tərəfindən müəyyən edilməsi faktı həbsinin arxasında hüquqa zidd siyasi motivlərin olduğu barədə ərizəçinin iddialarının Məhkəmə tərəfindən araşdırılmasına mane olmur. Bununla əlaqədar olaraq Məhkəmə gəlmiş olduğu bu qənaəti qeyd etdi ki, məhkəməyəqədər həbsdə saxlanma əsaslı deyildi və 5-ci maddənin 3-cü bəndini pozmuşdu.
Ərizəçinin tutulmasından və həbsdə saxlanmasından sonra bir sıra beynəlxalq müşahidəçilər ona qarşı cinayət prosesindən rejimin hüquqa zidd və gizli niyyətlər üçün istifadə etməsi ehtimalı ilə bağlı narahatlıqlarını ifadə etdilər. Lakin Məhkəmənin araşdırması ərizəçinin müxalifət lideri olaraq siyasi motivlərdən qaynaqlanan təqibə məruz qalması barəsindəki ümumi mülahizəyə əsaslana bilməz və hüquqi baxımdan sübutlara və Məhkəmə tərəfindən işin müvafiq və konkret faktoloji hallarına verilən qiymətə əsaslanmalıdır. Yuxarıda qeyd edilənlər belə düşünməyə əsas verir ki, ərizəçinin həbsinin özünəməxsus fərqli xüsusiyyətləri var və bu, Məhkəməyə imkan verir ki, bu məsələyə ümumi siyasi kontekstdən ayrılıqda baxsın. Konkret olaraq, 2013-cü ilin dekabrında ərizəçi, özünün bildirdiyinə görə, gecə görüşü üçün kamerasından çıxarılmışdı və həmin görüşdə baş prokuror və həbsxana rəisi onun işinə aidiyyəti olmayan keçmiş baş nazirin ölümünün istintaqı ilə və həmçinin ölkənin keçmiş prezidenti ilə bağlı ondan ifadələr almaq üçün həbsindən təzyiq vasitəsi kimi istifadə etmişdilər. İnsidentə dair ərizəçinin versiyası xüsusilə mötəbər və inandırıcı idi və məsələyə aid bir sıra hallarla təsdiqlənirdi. Bundan başqa, hakimiyyət orqanları ərizəçinin və hətta müəyyən yüksək vəzifəli dövlət rəsmilərinin obyektiv və hərtərəfli araşdırma aparılması barədə dəfələrlə açıq şəkildə səsləndirdikləri çağırışların əleyhinə idilər.
Buna görə də insidentə dair ərizəçinin versiyası faktlara söykənən və doğruluğuna maksimum dərəcədə əminlik yaranan versiya idi. Beləliklə, iddia etmək olardı ki, ərizəçinin məhkəməyəqədər həbsindən təkcə hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı onun səlahiyyətli məhkəmə orqanı qarşısına çıxarılması məqsədi üçün deyil, həm də ona mənəvi təzyiq göstərmə vasitəsi kimi istifadə edilmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 4.000 avro təyin edildi.
(Həmçinin bax: Lutsenko Ukraynaya qarşı, 6492/11, 3 iyul 2012-ci il, 154 saylı məlumat bülleteni; Timoşenko Ukraynaya qarşı, 49872/11, 30 aprel 2013-cü il, 162 saylı məlumat bülleteni; İlqar Məmmədov Azərbaycana qarşı, 15172/13, 22 may 2014-cü il, 174 saylı məlumat bülleteni; Rəsul Cəfərov Azərbaycana qarşı, 69981/14, 17 mart 2016-cı il, 194 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy