İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
MİKAYIL MƏMMƏDOV AZƏRBAYCANA QARŞI
(Şikayət № 4762/05)
Q Ə R A R
STRASBURQ
17 dekabr 2009-cu il
Mikayıl Məmmədov Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Corcio Malinverni
Qeorqe Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
26 noyabr 2009-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSEDUR
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Mikayıl Səttar oğlu Məmmədovun («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 4762/05) iş 27 dekabr 2004-cü ildə başlanılmışdır.
2. Ərizəçini Bakıda vəkil işləyən cənab A.Q.Mustafayev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi xüsusilə Konvensiyanın 2-ci maddəsinə əsaslanaraq, həyat yoldaşının ölüm hadisəsində daxili orqanları təqsirləndirmişdir. O, eləcə də daxili orqanların onun həyat yoldaşının ölüm hallarının səmərəli araşdırılmasına etinasızlıq göstərməsini iddia etmişdir.
4. Birinci Bölmənin Sədri 15 may 2006-cı ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).
FAKTLAR
İŞİN HALLARI
5. Ərizəçi 1961-ci ildə Qubadlıda doğulmuş və hazırda Sumqayıtda yaşayır.
İşin tarixçəsi
6. Ərizəçi və ailəsi Qubadlıdan məcburi köçürülmüş şəxslərdir. 1993-cü ildə torpaqların erməni işğalçıları tərəfindən işğal edilməsi zamanı onlar daimi yaşayış məskənlərindən qaçmış və Sumqayıta gəlmişlər.
7. Qubadlıdan ayrılmalarından sonra ərizəçinin altı nəfərdən ibarət ailəsi (özü, həyat yoldaşı, üç uşağı və ərizəçinin qayınanası) müvəqqəti olaraq Sumqayıtın müxtəlif yerlərində yaşamışdır. Aşağıda qeyd edilən hadisələrdən birbaşa əvvəl onlar Dövlətə məxsus yataqxananın otağında yaşayırdılar.
8. 1999-cu il iyunun 17-dən iyulun 5-nə qədər ərizəçinin həyat yoldaşı Çiçək Məmmədova Sumqayıt Şəhər Təcili Xəstəxanasında “qapalı beyin daxili zədə, beyin silkələnməsi; yumşaq toxumaların kontuziyası; isterik psixoz” diaqnozu ilə müalicə almışdır.
9. 2003-cü ilin sonlarında ərizəçi artıq həmin binada yerləşməyən Sumqayıt Şəhər Hərbi Komissarlığına (orduya çağırış şöbəsi) məxsus köhnə inzibati binada üç boş otağın olduğunu öyrənmişdir. Binanın bir hissəsi müharibə veteranları birliyi tərəfindən tutulmuş, lakin ərizəçini maraqlandıran otaqlar boş və diqqətsiz vəziyyətdə idi. Otaqlar binanın arxa tərəfindən fərqli girişə sahib olan əlavə tikilidə yerləşmişdir. Ərizəçi həmin otaqlarda məskunlaşmış və üç ay müddətində əsaslı təmir işləri aparmışdır. Onun bildirdiyinə görə, binanın digər sakinləri onun apardığı işlərdən xəbərdar idi, lakin heç kəs ona etiraz etməmişdir. Görünür ki, heç bir dövlət orqanı onun apardığı təmir işlərinə etiraz etmirdi.
10. Təmir işlərinin bitməsindən sonra 2003-cü ilin sonlarında ərizəçi yataqxana otağını tərk etmiş və ailəsi ilə birgə yeni məskəninə köçmüşdür.
Ərizəçinin ailəsinin çıxarılması və həyat yoldaşının ölümü
11. 2004-cü il martın 26-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin (“SŞİH”) iki rəsmisi (E.Q. və Y.A.), yerli mənzil istismar idarəsinin işçisi (K.A.) və bir neçə polis əməkdaşı ərizəçinin yeni məskunlaşdığı yerə gəlmişlər. Onun oradan çıxarılması üçün onların məhkəmə qərarı yox idi.
12. Yuxarıda qeyd edilmiş rəsmilərin hadisə yerinə gəlməsindən sonra qeyri-müəyyən bir vaxtda ərizəçinin həyat yoldaşı Çiçək Məmmədova dövlət orqanlarının ailəsini çıxarmaq niyyətinə etiraz olaraq üzərinə kerosin tökərək onu alovlandırmışdır. Belə məlum olur ki, ən azı bir polis əməkdaşı ərizəçinin evində tapdığı yorğanla alovu söndürməyə çalışmışdır. Çiçək Məmmədovanın az sonra hadisə yerinə gələn qardaşı onu taksi ilə xəstəxanaya çatdırmışdır.
13. Bu hadisədən sonra polis ərizəçinin mülkünü yük avtomobilinə toplamış və onları ərizəçinin daha öncə məskunlaşdığı yataqxanaya göndərmişdir.
14. Ərizəçinin həyat yoldaşı bədənin 50%-ni əhatə edən çoxsaylı ikinci və üçüncü dərəcəli yanıqlara məruz qalmışdır. 2004-cü il martın 30-da o, həmin yaraların ağırlaşması nəticəsində xəstəxanada vəfat etmişdir. 2004-cü il aprelin 2-də cəsədin yarılması ölümün bədənin xaricindəki yaralardan baş verdiyini təsdiq etmişdir.
Hadisələrin ərizəçi tərəfindən təsviri
15. Ərizəçinin dediklərinə görə, 2004-cü il martın 26-dan öncə o, SŞİH rəsmiləri tərəfindən bir neçə dəfə görüşə çağırılmış və Komissarlığın binasını tərk etməsi tələbini almış, hətta orada yaşamağa davam edə bilməsi üçün rüşvət istənildiyini bildirmişdir.
16. 2004-cü il martın 26-da E.Q., Y.A. və çoxsaylı polis əməkdaşları ərizəçinin yeni məskəninə gəlmiş və ailəsi və ondan məkanı dərhal boşaltmağı tələb etmişlər. Ərizəçi polis əməkdaşlarının sayının təxminən iyirmi beş-otuz arasında olduğunu bildirmiş və çoxunun dəyənəklə silahlandığını qeyd etmişdir. Ərizəçi və ailə üzvlərinin etiraz etməsindən sonra polis ərizəçi və onun qayınanasına zor tətbiq etmişdir.
17. Həmin anda Çiçək Məmmədova şok və psixoloji narahatlıq keçirmişdir. O, üzərinə kerosin tökərək, polis əməkdaşlarının dərhal hadisə yerini tərk etməməsi halında yanğın törədəcəyi ilə hədələmişdir. Lakin SŞİH rəsmiləri və polis əməkdaşları onun hədələrini ciddi hesab etməmiş, hətta E.Q. istehzalı şəkildə onu sözünün üstündə durmağa və özünü yandırmağa sövq edərək, ona kibrit qutusu da təklif etmişdir.
18. Həmin anda ərizəçi çöldə qorxudan huşunu itirən uşağına kömək edirdi. Bu səbəbdən, ərizəçi həyat yoldaşının köməyinə dərhal gələ bilmədi. Ərizəçinin dediklərinə görə, polis əməkdaşlarından heç biri onu xilas etməyə cəhd etməmişdir. Belə ki, onlar hamısı ərizəçinin mülklərini daşımaq və yük maşınına toplamaqla məşğul idilər.
19. Çiçək Məmmədovanın qonşuluqda olan bacısı onun köməyinə gəlmiş və alovu söndürmüşdür. Yalnız bir polis əməkdaşı gecikmiş kömək təklif etmişdir. Bu zamana qədər Çiçək Məmmədova ağır yanıqlara məruz qalmışdır. Hadisədən az sonra gələn qardaşı onu taksi ilə xəstəxanaya çatdırmışdır.
Hadisələrin Hökumət tərəfindən təsviri
20. Hökumətin iddialarına görə, 2004-cü il martın 26-da səhər saat 11.00-da beş polis əməkdaşı ilə müşayiət edilən SŞİH-nin iki rəsmisi ərizəçi tərəfindən zəbt edilən məkana baş çəkmişdir. Görüşün məqsədi sadəcə olaraq ərizəçiyə ailəsinin həmin yerdə məskunlaşmasının qeyri-qanuni olmasını izah etmək idi. Ərizəçi bir övladı ilə birgə SŞİH rəsmiləri və polisə qarşı şikayət göndərmək məqsədilə dərhal poçt məntəqəsinə getmişdir. Ərizəçinin getməsindən sonra onun həyat yoldaşı ailəsinin zorla həmin məkandan çıxarılacağını düşünmüşdür. O, narahatçılıq keçirmiş və etiraz olaraq özünü yandırmışdır. Heç bir Dövlət rəsmisi onu buna sövq etməmişdir. Bir neçə dəqiqə sonra yaxın qohumları onu xəstəxanaya aparmışlar.
21. Bundan sonra rəsmilər hadisə yerindəcə ərizəçinin mülklərini öncə yaşadığı yataqxanaya göndərmək qərarına gəlmişlər.
Sumqayıt Şəhər Prokurorluğunun araşdırması
22. Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Çiçək Məmmədovanın ölüm hallarının araşdırılması ilə bağlı ibtidai araşdırma aparmışdır.
23. Belə məlum olur ki, müstəntiq ərizəçi, onun qayınanası, baldızı, bələdiyyə işçisi K.A., SŞİH rəsmiləri E.Q. və Y.A. və yeddi polis əməkdaşı (C.M., C.V., N.A., E.N., N.G., N.I. və S.S.) daxil olmaqla, çoxsaylı şahidləri dindirmişdir (baxın, aşağıda F bölməsində müvafiq şahid ifadələrinin məzmunu).
24. 14 may 2004-cü il tarixli qərarı ilə Sumqayıt şəhər prokurorluğunun müstəntiqi ərizəçinin həyat yoldaşının ölümü ilə əlaqədar cinayət işi başlamamaq qərarına gəlir.
25. Şahid ifadələrinə əsaslanaraq, müstəntiq ərizəçinin E.Q. və Y.A.-nın ərizəçinin məkanına daxil olması, E.Q.-nin Çiçək Məmmədovaya kibrit təklif etməsi, E.Q.-nin rüşvət tələb etməsi və ya hər hansı bir polis əməkdaşının Çiçək Məmmədovaya qarşı zor tətbiq etməsi iddialarını sübut edə biləcək dəlillərin olmaması qərarına gəlmişdir. Ərizəçinin həyat yoldaşının intihar etməsində məsuliyyət daşıya biləcək heç bir üçüncü şəxsin olmaması səbəbindən, cinayət işinin başlanılması üçün əsas olmamışdır.
26. Bu qərardan sonra ərizəçi Sumqayıt şəhər prokurorluğuna hadisədə iştirak edən SŞİH rəsmilərinin və polis əməkdaşlarının məsuliyyətinin üzə çıxarılması niyyəti ilə həyat yoldaşının ölüm halının araşdırılması məqsədilə bir neçə məktub göndərmişdir. Sumqayıt şəhər prokurorluğu 2004-cü il 15 iyul, 20 iyul, 03 sentyabr və 28 sentyabrda oxşar məzmunlu məktublarla cavab vermişdir. Həmin məktublarda Çiçək Məmmədovanın ölümünün intihar olması və ibtidai araşdırmanın onun ölümündə Dövlət rəsmilərinin məsuliyyətini müəyyənləşdirə bilməməsi qeyd edilmişdir. Bununla belə qeyd olunmuşdur ki:
“ ...Çiçək (Məmmədovanın) ölüm hallarının araşdırılması zamanı Şəhər İcra Hakimiyyəti rəsmilərinin və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının bir sıra pozuntulara yol verdiyi aşkarlanmışdır (rəsmi vəzifələrinin yerinə yetirilməsi ilə bağlı). Məsələ bu cür pozuntuların aradan qaldırılması və onların gələcəkdə təkrarlanmamasının təmin edilməsi, eləcə də pozuntulara yol verən şəxslərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə və Şəhər Polis İdarəsinin nəzərinə çatdırılmışdır...
...bundan əlavə, məhkəmə qərarı olmadan sizin qeyri-qanuni məskunlaşdığınız məkandan çıxarılmağınızla bağlı əməliyyatda iştirak etməklə, səlahiyyətlərini aşan Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə hesabat verilmişdir; müvafiq əməkdaşlar intizam qaydasında cəzalandırılmışlar”.
27. 2005-ci ilin martında ərizəçi Sumqayıt şəhər məhkəməsinə Sumqayıt şəhər prokurorluğunun 14 may 2004-cü il tarixli qərarından şikayət vermişdir. 2005-ci il aprelin 1-də Sumqayıt şəhər məhkəməsi ərizəçinin şikayətini rədd etmiş və 14 may 2004-cü il tarixli qərarı təsdiq etmişdir. O, istintaqın cinayət əməlinin törədilməsi ilə bağlı dəlil aşkarlamadığını və bu səbəbdən, 14 may 2004-cü il tarixli qərarın qanuni olduğunu qeyd etmişdir.
Binəqədi rayon prokurorluğunun istintaqı
28. 2005-ci il mayın 25-də Baş Prokuror Sumqayıt şəhər prokurorluğunun 14 may 2004-cü il tarixli qərarını cinayət işinin başlanılmaması səbəbindən ləğv etmişdir. 2005-ci il iyunun 14-də iş, işin hallarının araşdırılması ilə bağlı əlavə istintaqın keçirilməsi üçün Binəqədi rayon prokurorluğuna göndərilmişdir.
29. 2005-ci il iyunun 24-dən avqustun 12-ə qədər çoxsaylı şahidlər (əsasən daha öncə dindirilmiş olanlar) dindirilmiş və onların yazılı ifadələri alınmışdır (baxın, aşağıda F bölməsi).
30. 2005-ci il iyulun 20-də müstəntiq Çiçək Məmmədovanın ölümündən öncə ruhi vəziyyəti və bu vəziyyətinin hansı şəkildə onun əməllərinin intihara apara bilməsi ilə bağlı ekspert rəyi tələb etmişdir. 2005-ci il avqustun 10-da ekspert rəyində Çiçək Məmmədovanın tibbi arayışları və onu tanıyan şəxslərin rəyini alaraq, psixiatr bildirmişdir:
“Çiçək Məmmədovanın şəxsiyyəti və ruhi xüsusiyyətlərində onu intihara apara biləcək psixogenik-depressiv reaksiyanın heç bir simptomu müşahidə edilməmişdir. Bununla belə, Çiçək Məmmədova ölümündən öncə davranışına təsir edə biləcək dərəcədə mənəvi stres keçirmişdir”.
31. 2005-ci il avqustun 17-də müstəntiq cinayət işinin başlanılmasını rədd edən qərar qəbul etmişdir. Qərarda, inter alia, qeyd edilirdi:
“(2005-ci il avqustun 10-da tərtib edilən ekspert rəyinə müvafiq olaraq) Çiçək Məmmədovanın özünü yandırma əməli (ailəsinin yaşadığı sahədən çıxarılmasını) əngəlləmək cəhdi altında edilmişdir. Hadisə zamanı o, (ailəsi tərəfindən) zəbt edilmiş otaqlardan çıxarılma qarşısında qeyri-adi vəziyyətə düşmüş və ətrafındakıların diqqətini çəkəcəyini, onlarda özünə qarşı acımaq hissləri yaradacağını və üzləşdiyi mübahisəli vəziyyəti həll edəcəyini düşünüb qeyri-adekvat addım atmışdır. Ölümündən qabaqkı müddətdə Çiçək Məmmədova növbəti addımlarına təsir edə biləcək dərəcədə mənəvi stres keçirmişdir.
...əlavə araşdırma heç bir digər şəxsin Çiçək Məmmədovanı onunla pis rəftar edərək, şərəfini alçaldaraq və ya onu qorxudaraq, intihara sövq etmədiyini aşkar etmişdir.
(ərizəçinin) iddiaları əlavə araşdırmada öz təsdiqini tapmamışdır ... Rəsmilərin (SŞİH və polisin) vəzifələrini qanuni şəkildə yerinə yetirdiyi, qanuni təlimatlar verdiyi və həmin təlimatların yerinə yetirilməsində qanun pozuntularına yol vermədiyi və əməllərində heç bir corpus delicti-yə rast gəlinmədiyi təsbit edilmişdir.
Bu səbəbdən cinayət işinin başlanılması rədd edilməlidir.”
32. Görünür ki, həmin qərardan sonra ərizəçi həyat yoldaşının ölüm hadisəsinin araşdırılması ilə bağlı aparılan istintaqın qeyri-adekvat olmasına dair Baş Prokurorluğa çoxsaylı məktublar göndərmişdir. 2005-ci il sentyabrın 22-si və oktyabrın 10-da Baş Prokurorluq Binəqədi rayon prokurorluğunun apardığı araşdırmada dövlət rəsmilərinin əməllərində heç bir cinayət faktının aşkarlanmadığı və ərizəçinin Binəqədi rayon prokurorluğunun 17 avqust 2005-ci il tarixli qərarını məhkəmədə mübahisələndirə biləcəyi cavabını vermişdir. Ərizəçi məhkəməyə şikayət verməmişdir.
Cinayət icraatının başlanılması və cinayət işinin istintaqı
33. 2006-cı il iyunun 7-də Baş Prokurorun birinci müavini Binəqədi rayon prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi barədə 17 avqust 2005-ci il tarixli qərarını ləğv etmişdir. Əsas şahidlərin mübahisəli ifadələri və SŞİH və polis əməkdaşlarının mümkün hüquq pozuntuları nəzərə alınaraq, Baş Prokurorun birinci müavini istintaqın natamam olması qənaətinə gəlmiş və Cinayət Məcəlləsinin 125-ci maddəsinə müvafiq olaraq cinayət işi başlamışdır.
34. 2006-cı il iyunun 10-da ərizəçi “cinayət hadisəsinin qurbanının qanuni vərəsəsi” statusunu almışdır. 2006-cı ilin iyun və iyul aylarında ərizəçi müstəntiqə çoxsaylı ərizələrində müəyyən əlavə şahidlərin çağırılmasını və istintaq müddəti ərzində müəyyən SŞİH rəsmilərinin vəzifələrindən kənar edilməsini, inter alia, xahiş etmişdir. 2006-cı il avqustun 1-də müstəntiq bu ərizələri rədd etmişdir.
35. Görünür ki, müstəntiq əsasən daha öncə dindirilmiş şəxslərin ifadəsini almışdır (baxın, yuxarıda 22 və 23-cü paraqraflar və aşağıda F bölməsi).
36. 2006-cı il sentyabrın 7-də üç aylıq istintaq müddəti daha 2 ay uzadılmışdır.
37. 2006-cı il oktyabrın 1-də istintaq dayandırılmışdır. 2006-cı il noyabrın 14-də o, yenidən davam etdirilmişdir. Bu prosessual hərəkətlərlə bağlı işin materiallarında heç bir sənəd yoxdur.
38. 2006-cı il noyabrın 15-də Binəqədi rayon prokurorluğunun müstəntiqi istintaqı intihara sövq etmə “cinayət əməlini törədənin təsbit edilməsinin” mümkünsüzlüyü səbəbindən dayandırmışdır.
39. Ərizəçi müstəntiqin 15 noyabr 2006-cı il tarixli dayandırma qərarından məhkəməyə şikayət vermişdir. 2007-ci il martın 19-da Binəqədi rayon məhkəməsi mübahisələndirilən qərarı ləğv etmiş və Binəqədi rayon prokurorluğuna istintaqın davam etdirilməsi göstərişini vermişdir. Məhkəmə, inter alia, qeyd etmişdir:
“İş materiallarından məlum olur ki, cinayət istintaqı tam və əhatəli olmamış və cinayət istintaqının dayandırılması üçün heç bir əsas yox idi. Belə ki, şahidlərin üzləşdirilməsi aparılmamış və rəsmilərin (SŞİH və polislərin) yaşayış yerinə daxil olması və zərərçəkənin mülkiyyətini oradan çıxarmaq hüququnun olub-olmadığı, polis əməkdaşlarının hadisə yerinə profilaktik tədbirlərin keçirilməsi məqsədilə gedib-getmədiyi, belə profilaktik tədbirlərin qanuni olub-olmadığı və hadisə yerində olan dövlət rəsmilərinin səlahiyyətlərini aşıb-aşmadığı müəyyənləşdirilməmişdir”.
40. 2007-ci il aprelin 9-da istintaq davam etdirilmişdir. Lakin 2007-ci il aprelin 25-də Binəqədi rayon prokurorluğunun müstəntiqi yenidən istintaqı dayandırmaq qərarını çıxarmışdır. O, qərarında bildirmişdir ki, 2007-ci il aprelin 9-da istintaqın davam etdirilməsindən sonra “bir sıra istintaq addımları atılmışdır”, lakin yenə də intihara sövq etmə əməlini törədənin müəyyənləşdirilməsi qeyri-mümkün olmuşdur. Bu cür istintaq hərəkətlərinin mahiyyəti qeyd edilməmişdir.
41. Ərizəçi müstəntiqin 25 aprel 2007-ci il tarixli istintaqın dayandırılması qərarından məhkəməyə şikayət vermişdir. 2007-ci il iyunun 7-də Binəqədi rayon məhkəməsi ərizəçinin şikayətini rədd və müstəntiqin qərarını təsdiq etmişdir. 2007-ci il iyulun 4-də Apellyasiya Məhkəməsi Binəqədi rayon məhkəməsinin qərarını təsdiq etmişdir.
42. 2008-ci il sentyabrın 16-da Binəqədi rayon prokurorluğunun müstəntiqi Cinayət Məcəlləsinin 125-ci maddəsinə müvafiq olaraq ərizəçinin həyat yoldaşının özünü yandırması ilə nəticələnən hadisədə iştirak edən şəxslərin əməllərində corpus delicti-nin olmaması səbəbindən, cinayət işinin icraatına xitam verilməsi qərarını çıxarmışdır. Qərar, inter alia, aşağıdakıları özündə əsk etdirir:
“2004-cü il martın 5-dən SŞİH ərizəçi və ailəsinin öz iradəsi ilə yaşayış yerlərini Dövlətə məxsus qeyri-yaşayış binasına köçürməsindən xəbər tutmuşdur. Rəsmilər tərəfindən (SŞİH və polis) çoxsaylı xəbərdarlıq almasına baxmayaraq, ərizəçi və ailəsi həmin qeyri-yaşayış binasında yaşamağa davam etmişdir.
2004-cü il aprelin 26-da təxminən səhər saat 11.00-da SŞİH-nin rəhbərliyindən gələn təlimata müvafiq olaraq SŞİH rəsmiləri (E.Q. və Y.A.) və polis əməkdaşları (N.G., E.N., N.A., C.V.) Sumqayıt Şəhər Polis İdarəsi rəisinin müavini C.M. ərizəçi və ailəsi ilə profilaktik danışıqlar aparmaq məqsədilə yuxarıda qeyd edilən ünvana getmişlər.
Profilaktik danışıqlar zamanı Çiçək Məmmədova narahatlıq keçirmiş və ailəsinin məskunlaşdığı yerdən çıxarılacağını düşünərək, üzərinə kerosin tökmüş və onu alovlandırmışdır; nəticədə, hadisə yerində təzyiq artmışdır; Çiçək Məmmədova qohumları tərəfindən xəstəxanaya aparılmışdır; onun özü həyat yoldaşı Çiçək Məmmədovanın özünü yandırmasından öncə teleqram vasitəsilə şikayət göndərmək məqsədilə hadisə yerini tərk etmişdir; nəticədə, E.Q. və Y.A. tərəfindən hadisə yerindəcə verilən təlimata əsasən yaşayış yerindən çıxarılma prosesi başlanmışdır; polis əməkdaşları ərizəçinin əşyalarını yük maşınına yükləmiş və onları ərizəçinin ailəsinin daha öncə məskunlaşdığı yataqxanaya göndərmiş və onları yataqxana rəhbərliyinə (R.N.) təhvil vermişdir.
SŞİH-nin rəhbərliyi tərəfindən E.Q. və Y.A.-nın Dövlətə məxsus qeyri-yaşayış yerlərində qanunsuz olaraq məskunlaşmış məcburi köçkünlərin yaşayış yerlərini boşaltması məqsədilə profilaktik danışıqlar aparmaları üçün göndərildikləri və SŞİH-nin rəhbərliyinin məcburi köçkünlərin zorla çıxarılması qərarı vermədiyi müəyyən edilmişdir. Lakin ərizəçinin ruhi xəstəlik keçirən həyat yoldaşı Çiçək Məmmədova özünü yandırmış, E.Q. və Y.A. polis əməkdaşlarına ərizəçinin mülklərinin çıxarılması təlimatı vermiş, onların daşınması işini təşkil etmiş, onları R.N.-ə təhvil vermiş və təhvil aktını imzalamışdır. ...
Aşkar edilmişdir ki, SŞİH-nin şifahi təlimatına müvafiq olaraq polis əməkdaşları yuxarıda qeyd edilmiş ünvana Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün göndərilmiş və Çiçək Məmmədovanın özünü yandırmasından sonra ərizəçinin mülklərini daşımaq barədə E.Q. və Y. A. tərəfindən birbaşa təlimatlandırılmışlar.
(şahid ifadələrinin və ekspertizanın məzmunu aşağıda əks olunub).
21 may 1999-cu il tarixli “Məcburi köçkünlər və bərabər statuslu şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi üçün məsuliyyət daşıyır. Məcburi köçkünlər yalnız başqa şəxslərin qanuni maraqları və hüquqlarına xələl gətirilmədiyi müddətdə öz iradələri əsasında müvəqqəti olaraq məskunlaşa bilərlər. Əks təqdirdə, müvafiq icra hakimiyyəti orqanı məcburi köçkünlərin digər yaşayış yerinə köçürülməsini təşkil etməlidir.
Nazirlər Kabinetinin 4 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə qəbul edilmiş “Məcburi köçkunlərin digər yaşayış yerlərinə köçürülməsinin tənzimlənməsi haqqında” Qaydaların 4-cü bəndiinə müvafiq olaraq, məcburi köçkünün müvəqqəti yaşayış yerinin digər fərdlərin mənzil hüquqlarına toxunduğu təqdirdə, yerli icra hakimiyyəti orqanı birincini digər uyğun yaşayış yeri ilə təmin etməlidir.
Sumqayıt şəhər məhkəməsinin verdiyi bəyanata əsasən, ərizəçinin yaşayış yerindən çıxarılması ilə bağlı heç bir məhkəmə təlimatı verilməmişdir.
(Çiçək Məmmədovanın ruhi vəziyyəti ilə bağlı ekspert rəyi).
İstintaq ərizəçinin SŞİH rəsmilərinin ondan rüşvət istəməsi, səlahiyyətlərini aşması və ya sui-istifadə etməsi və ya ərizəçinin ailəsini qanunsuz olaraq çıxarması və ya polis əməkdaşlarının... səlahiyyətlərini aşması və ya sui-istifadə etməsi, ərizəçi və onun ailəsi və qayınanasına zor tətbiq etməsi ilə bağlı iddialarını təsdiqləyəcək dəlil aşkar etməmişdir. SŞİH rəsmiləri və polis əməkdaşlarının ərizəçi və ailəsinin qeyri-qanuni zəbt edilmiş yerlərlə əlaqədar qərarları və əməlləri qanuni idi və qanunvericiliklə təsbit edilmiş hədləri aşmırdı. SŞİH rəsmiləri və polis əməkdaşlarının əməlləri Cinayət Məcəlləsinin 308, 309, 311 və 125-ci maddələrində nəzərdə tutulan və ya digər cinayət pozuntuları elementlərini daşımır.
Bundan əlavə, istintaq Çiçək Məmmədovanın ləyaqətinin alçaldılması və ya hədələnməsi yolu ilə intihara sövq edilməsi ilə bağlı dəlil aşkar etməmiş və heç bir şəxsin bu əməldə məsuliyyəti müəyyən edilməmişdir. Heç bir şəxsin əməlində (bu hadisə ilə əlaqədar) Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan cinayətin elementi təsbit edilməmişdir.”
Şahid ifadələri
43. Aşağıda istintaq orqanları tərəfindən yuxarıda qeyd edilmiş cinayət icraatının gedişində müxtəlif zamanlarda dindirilmiş şahidlərin ifadələri yer alır. Bu ifadələrin xülasəsi ya Hökumət tərəfindən təqdim edilən şahid ifadələrinin nüsxələrindən və ya istintaq orqanlarının qərarlarının mətnləri və ya hər ikisindən götürülmüşdür. Bir sıra şahidlər bir neçə dəfə dindirilmişdir; belə hallarda xülasəyə onların ifadəsinin bütün məzmunu daxil edilmişdir.
Ərizəçi, onun qayınanası və baldızı
44. Ərizəçi ifadəsində bildirmişdir ki, 2006-cı il martın 26-na qədər o, bir neçə dəfə SŞİH-ə çağırılmış və Sumqayıt Komissarlığındakı yerləri boşaltma xəbərdarlığı almışdır. Bir dəfə o, SŞİH-ə polis əməkdaşı C.V.-nin müşayiəti ilə getmişdir. Ərizəçi iddia etmişdir ki, SŞİH rəsmiləri ilə bu görüşlərdə ondan rüşvət istənilmişdir.
45. 2004-cü il martın 26-da K.A. səhər saat 11.00-da ərizəçinin qapısını döymüş və gəlişinin əsl səbəbini açıqlamamışdır. Onun qapını açması ilə K.A. E.Q. ilə, onların ardından isə N.İ., S.S. və C.V. (ərizəçi onları adları ilə tanımışdır) və onun tanımadığı bir neçə polis əməkdaşı içəri daxil olmuşlar. Kimliyi bilinməyən polislərin əksəriyyəti çöldə qalmışdır. N.İ., S.S. və C.V. içəriyə daxil olduqları andan ərizəçiyə zor tətbiq etmişlər. Ərizəçinin buna şahid olan həyat yoldaşı polis əməkdaşlarından niyə bu şəkildə addım atdıqlarını soruşmuş və özünü yandıracağı ilə hədələmişdir. Cavabında E.Q. ona istehza ilə dediyini eləməyə sövq etmişdir. Həmin anda ərizəçi polislərdən qaçıb qurtularaq kömək üçün qohumlarına zəng etməyə getmişdir. Geri döndüyündə evin girişində yanmış yorğan görmüş və həyat yoldaşının özünü yandırdığını və xəstəxanaya aparıldığını öyrənmişdir. O, həyat yoldaşını görmək üçün xəstəxanaya getmişdir. Xəstəxanadan sonra o, müxtəlif orqanlara hadisədən şikayət etmək məqsədilə teleqram göndərməyə getmişdir. Poçtdan evinə gəldiyində mülklərinin götürüldüyünü görmüşdür.
46. Ərizəçinin qayınanasının ifadəsi əsasən ərizəçinin izahatı ilə üst-üstə düşmüşdür. Ondan fərqli olaraq, qayınanası bütün hadisə boyunca evdə olmuşdur. O, hadisədə iyirmi beş rəsminin və polisin iştirak etdiyini və onların hamısının içəriyə daxil olduğunu qeyd etmişdir. O, hətta müəyyən məqamda polis əməkdaşı N.İ.-nin ərizəçinin qollarını bağlayaraq, ona zor tətbiq etdiyini görmüşdür. O, E.Q.-nin yaşayış yerinə daxil olduğu və Çiçək Məmmədovaya kibrit qutusu təklif edərək, onu bu işə sövq etdiyini bildirmişdir. Bunun ardından Çiçək Məmmədova digər otağa getmiş və oradan alovun içində dönmüşdür. Polislərdən biri onun üzərinə yorğan və xalça ataraq, alovu söndürməyə çalışmışdır.
47. Ərizəçinin baldızı anasının ifadəsi ilə razı olmuşdur.
SŞİH rəsmisi, E.Q.
48. E.Q. ərizəçi və ailəsinə əməllərinin qeyri-qanuni olması barədə öncədən xəbərdarlıq edildiyi və Komissarlığın binasını boşaltmalarının istənildiyini bildirmişdir. 2004-cü il martın 25-də SŞİH-də idarə rəisi S.R. ona və onun digər həmkarına (F.K.) Komissarlıq binasının qeyri-qanuni zəbt edilməsi ilə bağlı növbəti gün keçiriləcək “profilaktik danışıqlarda” “müşahidəçi” qismində iştirak etmək təlimatı vermişdir. 2004-cü il martın 26-da o, Y.A. ilə həmin ünvana getmiş, F.K. isə onlara daha sonra qoşulmuşdur. Orada artıq qeyri-müəyyən sayda polis əməkdaşı var idi. Həmçinin, ərizəçinin qeyri-müəyyən və bilinməyən sayda qohumları və dostları hadisə yerində idi. Ərizəçi onu təhqir etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini də orada idi və binanın boşaldılması ilə bağlı ərizəçi ilə söhbət etmişdir.
49. E.Q. K.A.-nın ərizəçinin qapısını döydüyünü və qapının açılmasından dərhal sonra bir neçə polis əməkdaşının içəriyə daxil olduğu və ərizəçi ilə danışdığını bildirmişdir. E.Q. özü Y.A. ilə binanın xaricində, evin girişindən təxminən 40-50 metr uzaqlıqda idi. “Az müddət sonra” o, ərizəçinin evindən qışqırıq səsləri eşitmiş və polis əməkdaşlarının pis yanmış Çiçək Məmmədovanı çölə çıxardığını və xəstəxanaya götürdüklərini görmüşdür. Ərizəçi harasa getmişdir və bu zaman evdə deyildi. Çiçək Məmmədovanın uzaqlaşdırılmasından sonra ərizəçinin məskunlaşdığı yer və onun mülkləri ailəsi tərəfindən diqqətsiz qalmış və beləliklə, yük avtomobilinə yüklənmiş və “daha təhlükəsiz” yerə, yəni ərizəçinin daha öncə yaşadığı yataqxanaya aparılmışdır.
50. E.Q. hadisədən öncə ərizəçi ilə danışdığını və ondan rüşvət istədiyini təkzib etmişdir. O, həmçinin Çiçək Məmmədovaya kibrit təklif etdiyini inkar etmiş və həmin məqamda çöldə olduğunu dəfələrlə təkrar etmişdir. O, polis əməkdaşlarının nə ərizəçi, nə də onun ailəsinə zor tətbiq etmədiyini qeyd etmişdir. O, həmçinin ərizəçinin mülkiyyətinin evdən çıxarılması təlimatını verdiyini inkar etmiş və bu qərarın polis əməkdaşlarına aid olduğunu bildirmişdir.
SŞİH rəsmisi, Y.A.
51. Y.A. 2004-cü il martın 26-da həmkarları E.Q. və F.K.-nın ondan onları ərizəçinin qeyri-qanuni məskunlaşdığı yerlərə müşayiət etməsini istədiklərini bildirmişdir. Onlar hadisə yerinə gəldikdə orada artıq qeyri-müəyyən sayda polis əməkdaşı və ərizəçinin qohumları olmuşdur. O və E.Q. binanın kənarında ərizəçinin məskunlaşdığı yerin girişindən çox uzaqda durmuşdular. Az sonra onlar evin içərisində təşvişin artdığını və bir neçə polisin içəriyə qaçdığını görmüşlər. Sonuncular bir qadını çox pis yanmış vəziyyətdə çölə çıxarmış və onu xəstəxanaya göndərmişlər. Polis əməkdaşlarından biri E.N. alovun söndürülməsinə kömək etmiş və nəticədə, əlindən yanıq yarası almışdır (bununla belə, Y.A. digər ifadəsində yuxarıda qeyd edilmiş hadisələrin təsvirini azacıq dəyişmiş və K.A. və bir neçə polis əməkdaşının ərizəçinin qapısını döyməsindən sonra hamısının içəriyə daxil olduğunu bildirmişdir. Bir müddət sonra Y.A. içəridə səs-küy eşitmiş və polis əməkdaşlarının Çiçək Məmmədovanı çölə çıxardığını görmüşdür).
52. Bu zaman ərizəçi harasa getmiş və hadisə yerində qalmaqal və qarışıqlıq yaranmışdır. Bu səbəbdən, ərizəçinin əşyaları yük avtomobilinə yüklənmiş və “müvəqqəti saxlanmaq” üçün daha təhlükəsiz yerə (yataqxanaya) göndərilmişdir. Daha sonra ərizəçi mülkiyyətini geri tələb etmiş və qeyri-qanuni yaşadığı komissarlığa qaytarmışdır.
53. Y.A. özü və E.Q.-nin Çiçək Məmmədovanı özünü yandırması zamanı çöldə olduqları və E.Q.-nin ona kibrit qutusu təklif etmədiyi üzərində təkid etmişdir. O, polis əməkdaşlarının ərizəçi və ailəsinə zor tətbiq etmədiyini bəyan etmişdir.
SŞİH rəsmisi, F.K.
54. F.K. SŞİH-nin idarə rəisi S.R.-in ona və E.Q.-yə ərizəçinin qeyri-qanuni yerləşdiyi Komissarlıq binasında keçiriləcək “profilaktik tədbirlərdə” müşahidəçi kimi iştirak etmələri təlimatını verdiyini bildirmişdir. Lakin 2004-cü il martın 26-da o, başqa tapşırığı yerinə yetirməklə məşğul idi və hadisə yerinə yalnız Çiçək Məmmədova özünü yandırdıqdan sonra gələ bilmişdir. O, ərizəçinin mülkiyyətinin daşınılması və yataqxana rəhbərliyinə təhvil verilməsinə şahidlik etmişdir.
5. SŞİH rəsmisi, S.R.
55. S.R. məcburi köçkün ailəsinin Sumqayıt Komissarlığının inzibati binasında qeyri-qanuni məskunlaşdığını 2004-cü il martın əvvəlində öyrəndiyini bildirmişdir. Bundan sonra, ərizəçi onunla şəxsən görüşmək üçün SŞİH-ə gəlmiş və ailəsinin həmin binada qala bilməsi üçün icazə istəmişdir. S.R. isə bunun qeyri-qanuni olduğunu bildirərək rədd etmişdir.
56. O, bundan əlavə 2004-cü il martın 26-da E.Q. və Y.A-nı “profilaktik danışıqlar” aparmaq məqsədilə ərizəçinin yaşayış yerinə getməsi barədə təlimatlandırmasını bildirmişdir. O, həmçinin Sumqayıt Şəhər Polis İdarəsindən “insidentlərin qarşısının alınması” üçün bir neçə polis yollamasını istəmişdir. Bununla belə, S.R. nə E.Q., nə də Y.A.-ya ərizəçinin ailəsini zorla çıxarmaq təlimatını vermədiyini bildirmişdir. Ərizəçinin mülkiyyəti yalnız Çiçək Məmmədovanın özünü yandırmasından sonra SŞİH rəsmilərinin hadisə yerində yaranan qarışıqlıqda mülkiyyətin qarət edilməsinin önlənməsi məqsədilə hadisə yerindəcə qəbul etdikləri qərar əsasında çölə çıxarılmışdır.
6. Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini, C.M.
57. C.M. ərizəçinin ailəsi ilə “profilaktik danışıqlar” aparmaq və belə “profilaktik” tədbirlər zamanı ictimai asayişi qorumaq barədə təlimat aldığını bildirmişdir. Bu məqsədlə o, E.N. və N.G.-ni Komisslarlığın binasına yollamışdır. O özü oraya 2004-cü il martın 26-da günorta vaxtı getmiş və ərizəçi və artıq hadisə yerində olan SŞİH rəsmiləri ilə danışmışdır. Gəlişindən 5-10 dəqiqə sonra o, ərizəçinin evindən qışqırıq səsi eşitmiş və E.N. və N.G.-nin içəriyə daxil olduğunu görmüşdür. Sonuncu Çiçək Məmmədovanın alovunu söndürməyə və onu xəstəxanaya göndərməyə kömək etmişdir. Bu səbəbdən o, nizamı bərpa etmək və ərizəçinin mülkiyyətini qorumaq məqsədilə hadisə yerinə daha çox polis çağırmışdır.
Polis əməkdaşı, C.V.
58. C.V. 2004-cü il martın 26-da özü və həmkarı N.A.-nın dövlət orqanlarının ərizəçi ilə “profilaktik danışıqlar” aparacağından xəbər tutduğu və ictimai qaydanın qorunması məqsədilə Komissarlığa getməsi təlimatı aldığını bildirmişdir. Hadisə yerinə gəldiklərində orada daha dörd polis (C.M., E.N., N.G. və S.S.), eləcə də E.Q., Y.A. və K.A. var idi. K.A. qapını döymüş və ərizəçi qapını açmışdır. Ərizəçi ilə C.M. söhbət etmişlər. Özü də daxil olmaqla, digər polislər yaxınlıqda idilər. E.Q. və Y.A. yaşayış yerinin girişindən təxminən 30 metr uzaqlıqda idilər. Ərizəçi və C.M. söhbət etdikləri müddətdə C.V. içəridə qışqırıq səsləri eşitmişdir. O və digər iki polis (N.A. və E.N.) içəriyə girmiş və Çiçək Məmmədovanın arxa otaqdan alov içində gəldiyini görmüşdür. O və digər polislər onun üzərinə yorğan ataraq alovu söndürmüşlər. Bu zaman ərizəçi başqa yerə, ola bilsin poçt məntəqəsinə getmişdir. 15 dəqiqə sonra Çiçək Məmmədovanın qohumları gəlmiş və onu xəstəxanaya aparmışlar. Ərizəçinin ailəsindən yalnız yaşlı qayınanası hadisə yerində qalmış və qızının intihar cəhdindən şok vəziyyətinə düşmüşdür. Ərizəçinin ev əşyaları həmin məqamda diqqətdən kənar qalmış və bu səbəbdən yük avtomobilinə yüklənmiş və daha təhlükəsiz yerə göndərilmişdir.
59. C.V. ərizəçi və ya onun ailə üzvlərinə zor tətbiq edildiyini inkar etmişdir. O, ərizəçinin mülkiyyətinin daşınmasında iştirak etməmişdir.
Polis əməkdaşı, N.A.
60. N.A. 2004-cü il martın 26-da rəhbərlikdən ərizəçinin evdən çıxarılması zamanı ictimai qaydanın mühafizəsi məqsədilə Komissarlığa getmək təlimatı aldığını bildirmişdir. O, digər polis əməkdaşı C.V. ilə hadisə yerinə getmişdir. Müəyyən məqamda o, ərizəçinin evində səs-küy eşitmiş, o və digər polis əməkdaşı içəriyə qaçmış və Çiçək Məmmədovanı alovlar içərisində görmüşdür. Onlar alovu söndürməyə kömək etmiş və onu xəstəxanaya aparmışlar. O, ərizəçi və ya onun ailəsinə heç bir təzyiq, nə də güc tətbiq edilmədiyini bildirmişdir. Onun dediklərinə görə, E.Q. Çiçək Məmmədovanın özünü yandırması zamanı çöldə idi, ərizəçinin evinə daxil olmamış və ona kibrit təklif etməmişdir.
9. Polis əməkdaşı, E.N.
61. E.N. 2004-cü il martın 26-da dövlət orqanlarının ərizəçi ilə “profilaktik danışıqlar” aparacağından xəbər tutduğunu və ictimai qaydanın mühafizəsi məqsədilə Komissarlığa getmək təlimatı aldığını bildirmişdir. “Profilaktik danışıqların” məqsədi ərizəçini məskunlaşdığı yerdən öz iradəsi ilə çıxıb getməyə inandırmaq idi. Hadisə yerində cəmi beş polis var idi (özü daxil olmaqla, C.M., C.V., N.A. və N.G.). Həmçinin, E.Q. və Y.A. orada idi və ərizəçinin dostları və qohumları dayanmadan onları təhqir etdiyindən, yaşayış yerindən bir qədər uzaq durmuşdular. C.M.-in ərizəçi ilə söhbəti zamanı o, evdən qışqırıq səsi eşitmiş və dərhal oraya qaçmışdır. O, alovlar içərisində bir qadın görmüşdür. O, yorğanı götürmüş və alovu söndürmüşdür. Onun özünün də həmin vaxt əli yanmışdır.
62. E.N. ərizəçi və ailəsi üzərində hər hansı bir zor və ya təzyiq tətbiq edildiyini inkar etmişdir. O, həmçinin aldığı yaranın müalicəsi üçün dərman əldə etmək üçün hadisə yerindən ayrıldığına görə ərizəçinin mülkiyyətinin daşınmasında iştirak etmədiyini bildirmişdir.
Polis əməkdaşı, N.G.
63. N.G. 2004-cü il martın 26-da dövlət orqanlarının ərizəçi ilə “profilaktik danışıqlar” aparacağından xəbər tutduğunu və ictimai qaydanın mühafizəsi məqsədilə Komissarlığa getmək təlimatı aldığını bildirmişdir. O, oraya həmkarı E.N. ilə birgə getmişdir. Polis əməkdaşlarından birinin ərizəçi ilə söhbəti zamanı E.Q., Y.A. və bütün digər polis əməkdaşları (özü daxil olmaqla) çöldə idilər. Həmin anda o, yaşayış məskənindən səslər eşitmişdir. O və E.N. içəriyə getmişdir. E.N. Çiçək Məmmədovanın alovunu söndürmüş və bu prosesdə özünün əli yanmışdır. O, tibbi müalicəyə ehtiyacı olan E.N.-i xəstəxanaya müşayiət etmişdir. Çiçək Məmmədovanı qohumları xəstəxanaya aparmışdır. Bir saat sonra geri döndüyündə ərizəçinin mülkiyyətinin onun qohumları və dostları tərəfindən yük maşınına yükləndiyini görmüşdür. Polis əməkdaşları da arabir onlara kömək edirdilər.
64. N.G. ərizəçi və ya ailə üzvlərinə zor və ya təzyiq tətbiq edildiyini inkar etmişdir. O, Çiçək Məmmədovanın özünü yandırdığı anda bütün polis əməkdaşlarının ərizəçinin evindən uzaq durduğu üzərində təkid etmişdir. E.Q. və Y.A. da evdən xeyli aralıda idilər. Polis əməkdaşları N.İ. və S.S. Çiçək Məmmədovanın intihar cəhdi zamanı hadisə yerində deyildi və yalnız hadisədən sonra gəlmişdilər.
Polis əməkdaşı, N.İ.
65. N.İ. ərizəçi və qayınanasının onun adını çəkdiyi və ifadələrində onlara zor tətbiq etdiyini bildirdikləri polis əməkdaşı idi.
66. N.İ. 2004-cü il martın 26-da günorta vaxtı Komissarlığın binasında bir qadının özünü yandırdığı və böyük kütlənin oraya toplaşması haqqında məlumat aldığını bildirmişdir. O, Komissarlığın binasına getmiş və yük maşınına məişət əşyalarının toplandığını görmüşdür. O, hadisə yerində olan rəsmilərdən orada nəyin baş verdiyini soruşmuşdur. Daha sonra hadisə yerini tərk etmişdir.
67. N.İ. hadisədə iştirak etmədiyi və Çiçək Məmmədovanın intihar cəhdi zamanı hadisə yerində olmadığı, ərizəçi ilə daha öncə qarşılaşmadığı və ərizəçinin şikayətlərində onun adını çəkməsi səbəblərindən bixəbər olduğu üzərində təkid etmişdir.
Polis əməkdaşı, S.S.
68. S.S. ərizəçinin ifadəsində adını çəkdiyi və ona qarşı güc tətbiq etdiyini iddia etdiyi polis əməkdaşı idi.
69. S.S. 2004-cü il martın 26-da xidməti rabitə vasitəsilə Komissarlığın binasına getmək təlimatı aldığını bildirmişdir. Saat təxminən günorta 12.30 radələrində oraya getdiyində bir qadının özünü yandırdığını və xəstəxanaya aparıldığını öyrənmişdir. Digər polis əməkdaşları ona bütün hadisəni danışmışlar. Hadisə yerinə gəldikdən sonra o, yalnız ərizəçinin əşyalarının onun qohumları və dostları tərəfindən yük avtomobilinə yükləndiyinə şahid olmuşdur. Polis əməkdaşları arabir onlara kömək edirdilər. Ərizəçinin ailəsindən hadisə yerində yalnız yaşlı qayınanası var idi. Ərizəçi və onun övladı yox idi.
70. S.S. Çiçək Məmmədovanın intihar cəhdi zamanı hadisə yerində olmadığı və nə onun, nə də digər polis əməkdaşlarının ərizəçi və ya ailəsinə güc tətbiq etmədiyi üzərində təkid etmişdir.
1 saylı Mənzil-istismar idarəsinin əməkdaşı, K.A.
71. K.A. 2004-cü il martın 26-da 1 saylı Mənzil-istismar idarəsindəki həmkarı tərəfindən SŞİH-dən gələn təlimat əsasında ərizəçinin evinə göndərildiyini bəyan etmişdir. Oraya gəldiyində E.Q., Y.A. və beş və ya altı polis əməkdaşını görmüşdür. E.Q. və Y.A. qapını döymək üçün ona ehtiyac duyduqlarını bildirmiş və ondan bunu etməsini xahiş etmişlər. Qapı açıldığında hər iki polis əməkdaşı və SŞİH rəsmiləri dərhal içəriyə daxil olmuşlar. Qapını döyməsindən öncə Y.A. ona, həmçinin yük avtomobili tapması təlimatını vermişdir. Bu səbəbdən, o, qapını döydükdən dərhal sonra hadisə yerini tərk etmiş və ərizəçinin həyat yoldaşının özünü yandırması hadisəsinə şahidlik etməmişdir. Təxminən 30 dəqiqə sonra hadisə yerinə qayıtdıqdan sonra Çiçək Məmmədovanın intihar cəhdi və xəstəxanaya aparıldığından xəbər tutmuşdur. K.A.-dan evə daxil olması və yük avtomobilinə toplanacaq məişət əşyalarının siyahısını hazırlaması istənilmişdir. O, bunu etmək istəməmiş, lakin SŞİH rəsmilərinin məcburi göstərişləri altında buna əməl etmişdir.
1 saylı Mənzil-istismar idarəsinin əməkdaşı, B.İ.
72. B.İ. ərizəçinin evinə K.A. ilə birgə getdiyini və digər təcili işlər səbəbindən hadisələrin baş verməsindən öncə oranı tərk etdiyini bildirmişdir. Orada olduğu qısa müddətdə Komissarlıq binasının yanında beş və ya altı polis və E.Q. və Y.A.-nın daha aralıda durduğunu görmüşdür.
15. Televiziya müxbiri, T.M.
73. T.M. 2004-cü il martın 26-da təxminən günorta saat 13.00-da Komissarlıq binasında baş verən hadisələrdən xəbər tutduğunu bildirmişdir. O, kamera müxbiri ilə birgə dərhal oraya yollanmışdır. Lakin onlar gəldikdə artıq hər şey bitmiş və onlar müvafiq hadisələri videolentə yaza bilməmişlər. Bu səbəbdən o, Çiçək Məmmədovanın olduğu xəstəxanaya getmiş, lakin ondan müsahibə ala bilməmişdir.
16. Yataqxana rəhbəri, R.N.
74. R.N. ərizəçinin ailəsinin Komissarlıq binasına köçməsindən öncə yaşadığı Dövlətə məxsus yataqxananın rəhbəri idi. Onun dediklərinə görə, ərizəçinin ailəsi 1994-cü ildən 2004-cü ilin yanvarına qədər orada yaşamışdır. Ərizəçinin həyat yoldaşı “əsəb xəstəliyindən” əziyyət çəkirdi və “mənəvi qeyri-stabillik” keçirirdi. 2004-cü ilin yanvarında ərizəçinin ailəsi xəstəxanadan çıxmışdır. 2004-cü il martın 26-da SŞİH rəsmiləri və polis əməkdaşları ərizəçinin ev əşyalarını “müvəqqəti saxlamaq” (dediklərinə görə) üçün geri gətirmişlər. O, əşyaların siyahısını imzalamış və ərizəçinin mülkiyyətini ayrıca bir otaqda saxlamışdır. 2004-cü il aprelin 6-da ərizəçi mülkiyyətini geri istəmişdir.
17. Ərizəçinin tanışı, N.Q.
75. N.Q. bildirmişdir ki, ərizəçinin evindən çıxarılmasından öncə o, ərizəçi ilə birgə onun həmin yerdə yaşaya bilməsi üçün icazə almaq məqsədilə SŞİH-ə getmişdir. O, görüş zamanı SŞİH rəsmilərinin ərizəçiyə həmin yerə qeyri-qanuni məskunlaşdığını izah etməyə çalışdıqlarını qeyd etmişdir. Onlar ərizəçinin orada qala bilməsi üçün rüşvət istəməmişlər.
18. S.B.
76. S.B. Komissarlıq binasında yaşayan veteranlar birliyinin üzvü idi. O, ərizəçinin həmin yerdə apardığı təmir işləri barədə ümumi məlumat vermişdir. O, Dövlət rəsmilərinin ərizəçinin həmin təmir işlərini həyata keçirdiyi müddətdə heç nəyə etiraz etmədiklərini qeyd etmişdir.
MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
77. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Qanunun 2-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
“Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya davamlı atəş nəticəsində Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yerlərindən ölkənin ərazisi daxilində başqa yerlərə köçürülmüş şəxslər bu Qanunun müddəalarında məcburi köçkün kimi qiymətləndirilməlidir.”
78. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
“Müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti, QaçqınKom və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində) məcburi köçkünlərin yaşayış problemləri ilə məşğul olmalıdırlar. Yaşayış, inzibati və köməkçi, eləcə də digər binalar belə yaşayış məqsədləri üçün istifadə olunmalıdır. Belə binalarda məcburi köçkünlərin məskunlaşması mümkünsüz olduqda və ya konkret qəsəbədə əhali sıxlığı buna imkan vermədikdə, onlar məcburi köçkünlər üçün xüsusi salınmış qəsəbələrdə yerləşdirilməlidir. ...
Məcburi köçkünlərə öz iradələri ilə məskunlaşmasına yalnız o halda yol verilir ki, digər şəxslərin hüquq və qanuni maraqları pozulmasın. Əks halda, müvafiq icra hükimiyyəti orqanı məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir...”
79. Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndi nəzərdə tutur ki:
“Məcburi köçkünlərin müvəqqəti məskunlaşması digər fərdi şəxslərin mənzil hüquqlarını pozduqda, onlar başqa müvafiq yaşayış sahəsi ilə təmin edilməlidir.”
B. 2000-ci il tarixli Cinayət Məcəlləsi
80. Cinayət Məcəlləsinin 125-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
“Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə intihar və ya intihara cəhd həddinə çatdırma
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
81. Cinayət Məcəlləsinin 308, 309 və 311-ci maddələri müvafiq olaraq vəzifə səlahiyyətlərindən sui-istifadəyə, vəzifə səlahiyyətlərini aşmaya və rüşvət almaya həsr olunub.
C. 2000-ci il tarixli Cinayət-Prosessual Məcəlləsi
82. Cinayət-Prosessual Məcəlləsinin (“CPM”) 87.6-cı maddəsinə əsasən, “zərərçəkmiş” kimi tanınan şəxs, inter alia, aşağıdakı hüquqlara malikdir: cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün materiallar təqdim etmək; məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismində tanınmasını tələb etmək; vəsatətlər vermək; protokollarla və işdə olan sənədlərlə tanış olmaq; ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq; və prosessual hərəkət və ya qərarlardan şikayətlər vermək. Əksinə, icraatda şahid qismində iştirak edən şəxs yalnız ona aid protokollar və sənədlərlə tanış ola bilər (95.6.8-ci maddə).
83. Təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar (38.1-ci maddə). Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər (46.2-ci maddə).
84. Cinayət prosesi üzrə tərəflər (və belə icraata cəlb olunuuş CPM-də göstərilən digər şəxslər) cinayət təqibi orqanının prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər. Təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və sonuncunun hərəkətindən və ya qərarından yuxarı prokurora şikayət verilə bilər (122.2.1 və 122.2.2-ci maddələr). Bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş (təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun) hərəkətlərindən və ya qərarlarından birbaşa məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər (122.2.3-cü maddə).
85. Cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır (212.1-ci maddə). Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir (212.2-ci maddə). Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər (212.3-cü maddə). Nəzarət məhkəməsinə şikayət verildikdə, sonuncu (a) göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini CPM-in tələblərinin pozulmasına cəlb etməklə, bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud (b) cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır (212.4.2-ci maddə).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 2-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
86. Konvensiyanın 2, 3, 6 və 13-cü maddələrinə istinad edərək, ərizəçi şikayət etmişdir ki, Dövlət rəsmiləri və polis onun həyat yoldaşının ölümünə görə məsuliyyət daşıyırlar, çünki onlar onun ailəsinin yaşayış yerinə qanunsuz olaraq daxil olmuş, həddən artıq ifrat güc sərf etmiş və həyat yoldaşı özünü alova atarkən, onun həyatını xilas etmək üçün zəruri tədbirlər görməmişlər. O, daha sonra şikayət etmişdir ki, istintaq orqanları onun həyat yoldaşının ölümünün hallarını ətraflı araşdırmamışlar. Məhkəmə hesab edir ki, hazırki şikayət yalnız Konvensiyanın 2-ci maddəsi üzrə nəzərdən keçirilə bilər. Bu maddənin birinci cümləsində aşağıdakılar qeyd olunur:
“Hər kəsin yaşamaq hüququ qanunla qorunur. ...”
A. Məqbuliyyət
87. Hökumət bildirmişdir ki, ərizəçi mümkün daxili vasitələri tükəndirməmişdir. Onlar qeyd etmişdir ki, o, Sumqayıt şəhər məhkəməsinin müstəntiqin cinayət işi başlanmasının rədd edilməsi barədə qərarını qüvvədə saxlayan 1 aprel 2005-ci il tarixli qərarından apellyasiya şikayəti verməmişdir. Bundan əlavə, ərizəçi Binəqədi rayon prokurorluğunun müstəntiqinin ikinci araşdırmadan sonra cinayət işi başlanmasının rədd edilməsi barədə 17 avqust 2005-ci il tarixli qərarından hər hansı məhkəmə şikayəti verməmişdir.
88. Ərizəçi bildirmişdir ki, o, daxili vasitələrin tükəndirilməsi ilə bağlı bütün zəruri mərhələləri keçmişdir. Xüsusilə, CPM-in 212.3-cü maddəsi müstəntiqin qərarlarından şikayət vermək üçün iki halı nəzərdə tutur: yuxarı prokurora, yaxud da məhkəməyə şikayət verməyi. Cinayət işi başlanmasının rədd edilməsi barədə ikinci qərarın ardından ərizəçi Baş Prokurora şikayət ərizəsi göndərməklə, yuxarı prokurora şikayət verməyə üstünlük vermişdir. Sonuncu, müstəntiqin qərarını qüvvədə saxlamışdır. Ərizəçi qeyd etmişdir ki, digər alternativdən (yuxarı məhkəməyə şikayət vermək) istifadə etmək ona hər hansı uğur əldə etmək imkanı vəd etmirdi. Belə ki, məhkəmə prokurorluq orqanının qərarını araşdırmadan qüvvədə saxlamışdır. Bundan əlavə, ərizəçi iddia etmişdir ki, hər bir halda prokurorluq orqanlarının faktiki olaraq növbəti cinayət icraatına başlamasından etibarən o, cinayət işi başlanmasının rədd edilməsi haqqında keçmiş qərardan şikayət vermək vəzifəsindən azad olmuşdur. Daha sonra, cinayət istintaqı çərçivəsində o, müstəntiqlərin cinayət istintaqına xitam verən hər iki qərarından lazımi qaydada şikayət versə də, onun şikayətləri uğursuzluqla nəticələnmişdir.
89. Məhkəmə qeyd edir ki, Hökumətin etirazı ərizəçinin Sumqayıt şəhər prokurorluğunun və Binəqədi rayon prokurorluğunun müvafiq olaraq 14 may və 17 avqust 2005-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlarından yuxarı məhkəmələrə şikayət verməsi ilə bütün mümkün şikayətləri tükəndirməsi ilə bağlı iddia olunan hərəkətsizliyi ilə məhdudlaşdırılır. Məhkəmə onu qeyd edir ki, şikayətlər verildiyi və uğurlu olduğu halda, onlar müvafiq qərarın ləğv edilməsi və icraatın təzələnməsi ilə, cinayət işi başlanılması barədə qərarın qəbul edilməsi ilə nəticələnə bilərdi. Bununla belə, Məhkəmə qeyd edir ki, hər bir halda 07 iyun 2006-cı il tarixdə Baş Prokurorun müavininin qərarı əsasında hazırki iş üzrə cinayət icraatına həqiqətən başlanılmışdır. Hətta Hökumətin təklif etdiyi mərhələlərin səmərəli olacağını fərz edərək, Məhkəmə ərizəçinin arqumentini qəbul edir ki, cinayət icraatlarına başlanılması Hökumətin təklif etdiyi mərhələlər kimi ərizəçi üçün onların ardınca getmək əhəmiyyətinin zəruriliyini təmin etməyən eyni nəticəyə gətirib çıxarmışdır. Bundan əlavə, Məhkəmə qeyd edir ki, cinayət istintaqı çərçivəsində ərizəçi istintaq orqanları tərəfindən qəbul edilmiş müxtəlif prosessual qərarlardan məhkəmələr qarşısında davamlı şəkildə şikayət etmişdir, bu şikayətlərın hamısı eyni cür nəticələnmişdir. Belə ki, bütün bu mübahisələndirmələr eyni nəticələrə gətirib çıxarırdı, ona görə ki, istintaq davamlı olaraq dayandırılırdı və onun şikayətləri rədd edilirdi (məhkəmənin istintaq orqanlarının istintaqı təzələmələri üçün təlimatlandırdığı və bərpaedici tədbirlər tapşırdığı, lakin hər bir halda qısa müddət sonra istintaqın yenidən dayandırıldığı bir hal istisna olmaqla). Beləliklə, hər bir halda Məhkəmə inandırılmayıb ki, hazırkı iş üzrə əlavə hər hansı bir şikayət fərqli nəticəyə gətirib çıxara bilərdi.
90. Yuxarıda qeyd edilənlərə əsasən, ərizəçi Hökümətin göstərdiyi vasitələri tükəndirmək tələbindən azad olunmuşdur. Belə ki, Hökümət nəzəri və təcrübi baxımdan ərizəçi üçün əlçatan olan hər hansı digər xüsusi vasitə təklif etməmişdir. Bu səbəbdən, məsələ üzrə daha dərin araşdırmanın aparılması tələb olunmur.
91. Müvafiq olaraq, Məhkəmə Hökumətin etirazını rədd edir. O, əlavə olaraq qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və hər hansı başqa əsaslarla qeyri-məqbul deyildir.
B. İşin mahiyyəti
Tərəflərin dəlilləri
92. Hökumət iddia edib ki, prokurorluq orqanları tərəfindən Çiçək Məmmədovanın ölümündə onun özündən başqa digər hər hansı bir şəxsin iştirakının müəyyən edilməsi istiqamətində bütün zəruri addımlar atılmışdır. Bununla belə, daxili orqanlar tərəfindən həyata keçirilmiş təhqiqat və istintaq son olaraq müəyyən edib ki, ərizəçinin həyat yoldaşı digər hər hansı şəxsin iştirakı olmadan dünyasını dəyişmişdir. Hökumət onu bildirib ki, Dövlət ərizəçinin həyat yoldaşının ölümündə məsuliyyət daşımır və onun ölüm işinə görə rəsmi istintaq tam və hərtərəfli olmuşdur.
93. Ərizəçi bildirib ki, o və onun ailəsinin rəsmi icazə olmadan inzibati binada yerləşmələrinə baxmayaraq, onların hərəkətləri qanunsuz deyildir, ona görə ki, daxili qanunvericilik onlara digər şəxslərin mənzil hüquqlarını pozmadan öz istədiklərinə uyğun yaşayış yeri seçmələrinə icazə verir. Hər bir halda, ölkədə qaçqın və məcburi köçkünlərin sayının çox olmasını nəzərə alaraq, səlahiyyətli orqanlar adətən qaçqın və məcburi köçkünlərin müxtəlif inzibati və ya digər yaşayış məntəqələrdə öz iradələri ilə məskunlaşması hallarına tolerant yanaşırlar. Səlahiyyətli orqanlara və bu işdə SŞİH-yə aid olmuşdur ki, ərizəçini və onun ailəsini müvafiq yaşayış yeri ilə təmin etsinlər, lakin onlar bunu həyata keçirməmişdilər. Ona görə də, ərizəçi və onun ailəsi geniş ailə üçün əlverişli olan yaşayış yeri ilə təmin edilməyənədək yaşadıqları yerdən çıxarılmalı deyildilər.
94. Bundan başqa, ərizəçi bildirib ki, Dövlət əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat qanunsuz olmuşdur. Daxili dövlət orqanları və polisin daxili qanunvericiliyə uyğun olaraq məhkəmə qərarı olmadan hər hansı bir şəxsi zorla köçürməyə ixtiyarları olmamışdır. Hazırkı iş üzrə belə etməklə, SŞİH-nin rəsmiləri və polis əməkdaşları həyata keçirdikləri əməliyyatda öz səlahiyyət hədlərindən kənara çıxmışlar. Bu isə cinayət tərkibi yaradır. Bundan əlavə, Dövlət rəsmiləri məlumatlı olmuşlar ki, ərizəçinin ailəsi məcburi köçkündür və onların mənzil problemləri vardır. Ona görə də, onlar əvvəlcədən bilməli idilər ki, onların hərəkətləri ərizəçinin ailə üzvlərinin emosional reaksiyasına səbəb ola bilər. Əməliyyat başlayarkən, Dövlət rəsmiləri çox güman ərizəçinin yaşayış yerində tam nəzarətə malik olmuşlar. Çiçək Məmmədovanın ölüm təhlükəsi qeyri-adekvat görünə bilər, ancaq o bu vəziyyətdə “ən əlçatan və mümkün müdafiə yolu” olmuşdur. Orada Çiçək Məmmədovanın öz üzərinə ağ neft (kerosin) tökməsi anı ilə yandırması anı arasında dövlət rəsmiləri üçün kifayət qədər vaxt olmuşdur ki, ona tərəf hərəkət etsin və onun həyatını xilas etsinlər. Onlar, məsələn, yaşayış yerini tərk etməklə, əsəblərini sakitləşdirə və ya Çiçək Məmmədovanın ağ neftlə islanmış paltarlarını onun əynindən çıxarda, yaxud da ona özünü yandırmağa imkan verməyə bilərdilər. Buna baxmayaraq, onlar istehza ilə onu ələ salmış və ona kibrit qutusu uzadaraq bu işə təhrik etmişlər.
95. Çiçək Məmmədovanın ölüm faktını təhqiq edən istintaq səmərəli olmamışdır. O, yalnız vəfat etdikdən sonra cinayət araşdırmaları başlanılmışdır. Xəstəxanada olduğu üç gün ərzində danışdığı və ya digər vasitələrlə ünsiyyət saxladığı müddətdə heç kim ondan izahat almamışdır. Eyni zamanda, istintaq müddətində həmin hadisədə iştirak etmiş dövlət əməkdaşları, xüsusilə də onlara yaşayış sahəsinin içərisinə girmələri ilə bağlı suallarda yalan ifadə vermişlər. Nəticədə, şahid ifadələri arasında çoxlu ziddiyyətlər olmuş və hətta ayrı-ayrı Dövlət rəsmilərinin öz ifadələri arasında da ciddi uyğunsuzluqlar olmuşdur. Lakin müstəntiqlər bu ziddiyyətləri aradan qaldırmaq üçün üzləşmə kimi hər hansı səmərəli addım atmamışlar. Ərizəçi iddia edib ki, Dövlət rəsmilərinin bəzi yazılı ifadələri eyni xətlə yazılmış və “üslubca” müstəntiqlərdən birinə məxsus olmuşdur.
96. Ərizəçi bildirmişdir ki, ümumiyyətlə, istintaq “birtərəfli və qərəzli” olmuşdur. Bir neçə hal üzrə müstəntiqlər onu prosessual qərar və hərəkətlər barədə məlumatlandırmamışlar. Məhkəmənin bəzi qərarları ərizəçiyə gec göndərilmiş və ona görə də, o, onlardan şikayət verə bilməmişdir. Ərizəçiyə müstəntiqlər tərəfindən toplanılmış maddi sübutlarla tanış olmaq və onları nəzərdən keçirmək imkanı yaradılmamışdır. Müstəntiqlərin bəzi prosessual qərarlarının çatdırılma tarixləri müəyyən şəkildə “təhrif edilmişdir”. Ərizəçi daha sonra iddia edib ki, Hökümət istintaq materiallarının bir hissəsini Məhkəməyə göndərməmişdir.
97. Ərizəçi, həmçinin qeyd edib ki, onun tərəfindən Avropa Məhkəməsinə şikayət verilənədək səlahiyyətli orqanlar yalnız iki qısa və səthi cinayət icraatını həyata keçirmişdilər. Cinayət istintaqına isə yalnız səlahiyyətli orqanların Məhkəmə icraatı haqqında xəbərdar olmalarından sonra başlanılmışdır.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
(i) Yaşamaq hüququnun pozulmasının qarşısının alınmasına
aid prinsiplər: Konvensiyanın 2-ci maddəsinin maddi aspekti
98. Yaşamaq hüququna təminat verən və həyatdan məhrum edilmənin əsaslı olduğu halları müəyyən edən Konvensiyanın 2-ci maddəsi bu Konvensiyanın ən mühüm şərtlərindən biridir. Bu maddədən istisnalar Konvensiyanın 15-ci maddəsinə uyğun olaraq sülh dövründə yolverilməzdir. Konvensiyanın 3-cü maddəsi ilə birlikdə o, həmçinin Avropa Şurasına daxil olan demokratik cəmiyyətlərin əsas dəyərlərindən birini qoruyur. Buna görə, həyatdan məhrum etmənin əsaslı olduğu hallar dəqiq təfsir edilməlidir. Fərdi insanları müdafiə edən alət kimi Konvensiyanın obyekt və məqsədi, həmçinin tələb edir ki, 2-ci maddə öz təminatlarını praktiki və səmərəli edən kimi təfsir və tətbiq olunsun (baxın, MakKann və digərləri Birləmiş Krallığa qarşı, 27 sentyabr 1995-ci il, §§ 146-147, A Seriyaları, № 324).
99. Məhkəmə təkrar edir ki, 2-ci maddənin birinci cümləsi Tərəf Dövlətlərə nəinki həyatdan “qəsdən” məhrum etmə və yaxud bu maddənin ikinci bəndinin “a” və “c” yarımbəndlərində göstərilən qanuni məqsədlər üçün qeyri-mütənasib “güc tətbiq etmə”dən çəkinmək, həmçinin öz yurisdiksiyası daxilində olanların həyatlarını qorumaq üçün müvafiq addımlar atmaq öhdəliyini qoyur (baxın, L.C.B. Birləşmiş Krallığa qarşı, 09 iyun 1998-ci il, § 36, Qərar və Qərardadların Hesabatı, 1998-III). Bu Dövlətə cinayət törətmiş şəxsləri müəyyən etmək üçün səmərəli cinayət-hüququfərdi şəxsə qarşı cinayətlərin törədilməsindən çəkindirərək belə müddəaların pozulmasının qarşısının alınması, dəf olunması və cəzalandırılması üçün hüquqi-mühafizə orqanlarını saxlamaq onun ali vəzifələrinə daxildir. O, həmçinin müvafiq şəraitdə əhatə dairəsini genişləndirməklə, səlahiyyətli orqanların üzərinə pozitiv öhdəliklər qoyur ki, bir şəxsi digər şəxsdən qorusunlar, yaxud xüsusi hallarda onu özündən qorumaq üçün qoruyucu əməliyyat vasitələri tətbiq etsinlər (baxın, Osman Birləşmiş Krallığa qarşı, 28 oktyabr 1998-ci il, § 115, Hesabatlar, 1998‑VIII; Kinan Birləşmiş Krallığa qarşı, № 27229/95, § 89, ECHR 2001-III; and Renold Fransaya qarşı, № 5608/05, § 81, İHAM 2008‑...). Lakin belə bir öhdəlik səlahiyyətli orqanlara qeyri-mümkün və ya qeyri-mütənasib yük qoymamaqla, müasir cəmiyyətlərdə polis işinin çətinlikləri göz önünə gətirilməklə, insan hərəkətinin qabaqcadan gözlənilən olmamasını və prioritet və resurslar baxımından ediməli olan əməliyyat seçimlərini nəzərə almaqla təfsir edilməlidir. Müvafiq olaraq, hər bir həyat üçün risk iddiası səlahiyyətli orqanlar üçün həmin riskin reallaşdırılmasının qarşısını almaq üzrə Konvensiya tələbini yaratmır (baxın, yuxarıda qeyd olunmuş Osman, § 116).
100. Pozitiv öhdəliyin yerinə yetirilməsində uğursuzluq o zaman baş verə bilər ki, səlahiyyətli orqanlar üçüncü şəxslərin (bəzi hallarda özünə xəsarətdən) hərəkətlərindən şəxsin həyatına real və qəfil təhlükənin mövcud olduğu vaxtda məlumatlı olmaları və yaxud da məlumatlı ola bilmələri müəyyən olunsun və onların öz qüvvələri daxilində əsaslı hesab olunan və təhlükəni uzaqlaşdıra biləcək vasitələr tətbiq etməyə müvəffəq ola bilməmələri müəyyən olunsun (həmin yerdə; baxın, həmçinin, Branko Tomašić və digərləri Xorvatiyaya qarşı, № 46598/06, § 51, İHAM 2009‑...; özünə zərər vurmaqdan müdafiə üzrə pozitiv öhdəliyə aid baxın, həmçinin, mutatis mutandis, Tanribilir Türkiyəyə qarşı, № 21422/93, § 70, 16 noyabr 2000-ci il).
(ii) Yaşamaq hüququnun iddia olunan pozulması halında tələb olunan cavaba aid prinsiplər: Konvensiyanın 2-ci maddəsinin prosessual aspekti
101. Məhkəmə xatırladır ki, ölümün Dövlətin məsuliyyətini potensial olaraq cəlb etdiyi hallarda baş verdiyi təqdirdə, Konvensiyanın 2-ci maddəsi Dövlətin üzərinə öhdəlik qoyur ki, malik olduğu bütün vasitələrlə məhkəmə və ya digər qaydada adekvat cavabını versin ki, həyatı qorumaq üçün müəyyən olunmuş qanunverici və inzibati çərçivə lazımınca tətbiq edilsin və bu hüququn hər hansı pozuntusu dəf olunsun və cəzalandırılsın (baxın, Önəryıldız Türkiyəyə qarşı (BP), № 48939/99, § 91, İHAM 2004-XII və Serqey Şevçenko Ukraynaya qarşı, № 32478/02, § 63, 04 aprel 2006-cı il). Bununla bağlı Məhkəmə hesab edib ki, yaşamaq və ya fiziki toxunulmazlıq hüququnun pozulması qəsdən edilməyibsə, «səmərəli məhkəmə sisteminin» müəyyən edilməsinə dair pozitiv öhdəlik hər iş üzrə cinayət təqibinin başlanılmasını şərtsiz tələb etmir və ona o halda riayət oluna bilər ki, mülki, inzibati və ya hətta intizam vasitələri zərərçəkmiş şəxslərə əlçatan olsun (baxın, məsələn, Vo Fransaya qarşı (BP), № 53924/00, § 90, İHAM 2004-VII; Kalvelli və Kiclio İtaliyaya qarşı (BP), № 32967/96, § 51, İHAM 2002-I; Mastromatteo İtaliyaya qarşı (BP), № 37703/97, § § 90, 94 və 95, İHAM 2002-VIII). Belə sistem üçün minimum tələb odur ki, istintaqa məsuliyyət daşıyan şəxslər hadisələrə cəlb olunmuş şəxslərdən müstəqil olsunlar. Bu ierarxiya və ya institusional və həm də praktiki müstəqilliyi nəzərdə tutur (baxın, Pol və Odri Edvards Birləşmiş Krallığa qarşı, № 46477/99, § 70, İHAM 2002-II və yuxarıda qeyd olunmuş Mastromatteo işi, § 91).
102. Məhkəmə daha sonra xatırladır ki, fərdi şəxslərin gücdən istifadə nəticəsində öldürüldüyü halda, yaşamaq hüququnu qorumaq öhdəliyi səmərəliliyin müəyyən minimum standartlarına cavab verən müstəqil və qərəzsiz rəsmi istintaqın müəyyən formasını keçirsin (baxın, bir çox digər mənbələr arasında, Gül Türkiyəyə qarşı, № 22676/93, § 88, 14 dekabr 2000-ci il; Angelova Bolqarıstana qarşı, № 38361/97, § 136, İHAM 2002-IV; Makaratzis Yunanıstana qarşı (BP), № 50385/99, § 73, İHAM 2004-Xİ). Məhkəmənin qənaətinə görə, həmin standartlar, həmçinin Konvensiyanın 2-ci maddəsi üzrə Dövlətin pozitiv öhdəliyi işə düşdüyü fərdi şəxslərin şübhəli vəziyyətdə öldüyü hallara da tətbiq edilir (baxın, mutatis mutandis, Trubnikov Rusiyaya qarşı, № 49790/99, § § 87-88, 05 iyul 2005-ci il; yuxarıda qeyd olunmuş Pol və Odri Edvards Birləşmiş Krallığa qarşı, § 74; və Slimani Fransaya qarşı, № 57671/00, § 30, İHAM 2004-IX).
103. Xüsusən, belə istintaqın əsas məqsədi yaşamaq hüququnu müdafiə edən daxili qanunvericiliyin səmərəli tətbiqini və Dövlət işçilərini və ya orqanları cəlb edən işlərdə məsuliyyətləri ilə baş vermiş ölümlərə görə onların cavab vermələrini təmin etməkdir. Bu məqsədlərə nail ola bilən istintaqın növü işin hallarından asılı olaraq dəyişə bilər. Lakin hansı növün istifadə olunmasından asılı olmadan, məsələ barədə xəbərdar olduqlarından sonra dövlət orqanları öz mülahizələri ilə hərəkət etməlidirlər. Onlar bunu formal şikayət vermək və ya hər hansı istintaq hərəkətlərini həyata keçirmək üçün qohumların təşəbbüsünə buraxmamalıdırlar (baxın, digər mənbələr arasında, Tahsin Acar Türkiyəyə qarşı (BP), № 26307/95, § 221, İHAM 2004III).
104. İstintaq, həmçinin o mənada səmərəli olmalıdır ki, o, hadisənin baş verdiyi halları müəyyən etməyə və məsuliyyət daşıyan şəxslərin aşkarlanması və cəzalandırılmasına nail olmağa qadir olsun. Bu, nəticə deyil, vasitələr öhdəliyidir. Dövlət orqanları, inter alia, şahid ifadələri, ekspert rəyləri və zəruri olduqda, zədənin düzgün və tam qeydini və kliniki qənaətlərin obyektiv təhlilini təqdim edən meyitin yarılması daxil olmaqla, hadisəyə aid sübutları təmin etmək üçün istənilən ağlabatan addımları atmalıdırlar. Ölümün səbəbini və ya təqsirli şəxsi müəyyən etmək qabiliyyətini aradan qaldıran istintaq çatışmazlığı bu standartdan kənara çıxa bilər (baxın, MakKerr Birləşmiş Krallığa qarşı, № 28883/95, § 113, İHAM 2001-III və Oqnyanova və Çoban Bolqarıstana qarşı, № 46317/99, § 105, 23 fevral 2006-cı il).
105. Sürətlilik və ağlabatan tezlik tələbi bu kontekstdə nəzərdə tutulur. Qəbul edilməlidir ki, konkret vəziyyətdə istintaqın gedişinin qarşısını alan maneələr və ya çətinliklər ola bilər. Lakin şübhəli ölüm hadisələrinin istintaqında dövlət orqanlarının sürətli cavabı, ümumiyyətlə, onların qanunun aliliyinə qoşulmalarında, ictimai etimadın saxlanılmasında və qanunsuz hərəkətlərin törədilməsində sövdələşmələrin və ya buna razılıq vermələrinin hər hansı görüntüsünün qarşısının alınmasında əsas kimi qiymətləndirilə bilər (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş, MakKerr, § 114, sonrakı istinadlarla). Eyni səbəblərə görə, istintaqa və ya onun nəticələrinə ictimai nəzarətin elementi olmalıdır ki, nəzəriyyədə olduğu kimi təcrübədə də hesabatın verilməsi təmin olunsun. Tələb olunan ictimai nəzarətin dərəcəsi işdən işə fərqlənə bilər. Lakin hər bir halda ölmüş şəxsin qohumu onun qanuni maraqlarının təmin olunması üçün zəruri olan dərəcədə cinayət icraatına cəlb olunmalıdır (baxın, həmin yerdə, § 115, sonrakı istinadlarla).
(b) Hazırkı işə tətbiq
(i) Dövlət rəsmilərinin Çiçək Məmmədovanın ölümünə
məsuliyyət daşıyıb-daşımadığına dair
106. Çiçək Məmmədovanın ölümünün suisid nəticəsində baş verməsi mübahisəsizdir və hər hansı digər şəxs tərəfindən ölümə səbəb olan güc tətbiq edilməmişdir. Bütün müvafiq şahid ifadələrinə və ekspert rəylərinə görə, o, bunu ailəsi ilə yaşadığı yerdə polisin keçirdiyi əməliyyata cavab olaraq etmişdir. Bu mənada, tərəflər SŞİH rəsmilərinin və polis əməkdaşlarının (bundan sonra – zəruri olduqda bütövlükdə “Dövlət rəsmiləri”) Çiçək Məmmədovanın ölümünə gətirib çıxaran hadisəyə görə məsuliyyətlərinin dairəsinə aid ixtilafa düşmüşlər. Buna görə, Məhkəmə hesab edir ki, bu polis əməliyyatının təbiətini nəzərə almaq və sözügedən hadisələr üzərində dövlət orqanlarının keçirdikləri nəzarətin dərəcəsini müəyyən etmək lazımdır. Bundan başqa, işin hallarının Çiçək Məmmədovanın həyatına təhlükənin qarşısını almaq üçün Dövlət rəsmilərinin pozitiv öhdəliyinin yaranmasına səbəb olub-olmaması müəyyən edilməlidir.
107. İşin hallarından aydındır ki, ərizəçi və onun ailəsi özlərinin iradələri ilə müvafiq sahədə yerləşmiş və yaşayış məqsədləri üçün nəzərdə tutulmayan inzibati binanın daxilində məskunlaşmaq üçün rəsmi icazə almamışlar. Məhkəməyə məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistandan və münaqişə bölgəsindən daimi yaşayış yerlərini tərk etmiş yüz minlərlə qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayışı ilə bağlı davamlı problemlə üzləşmişdir. Bəzi qaçqınlar və məcburi köçkünlər üçün inzibati binaların bəzi hissələrini və ya hətta şəxsi mənzilləri zəbt etməklə, öz iradələri ilə yaşayış yeri tapmağa cəhd etmək qeyri-adi hal deyildir (müqayisə edin, Akimova Azərbaycana qarşı, № 19853/03, §§ 8-10, 27 sentyabr 2007-ci il).
108. Həmçinin, aydındır ki, ərizəçinin ailəsi tərəfindən sözügedən sahənin zəbt olunması SŞİH tərəfindən qanunsuz kimi qiymətləndirilmiş və sonuncu davamlı olaraq sahəni boşaltmağı tələb etmişdir. 26 mart tarixində ərizəçinin yaşadığı sahədə SŞİH və polis tərəfindən keçirilmiş əməliyyata gəldikdə, tərəflər onun təbiəti və məqsədinə aid ixtilafa düşmüşlər.
109. Dövlət orqanları (SŞİH, polis əməkdaşları, istintaq orqanları və hazırkı iş üzrə dəlillərində Hökumət) tərəfindən təqdim olunmuş yeganə məlumat ondan ibarət olmuşdur ki, bir neçə dövlət qulluqçuları və polis əməkdaşları “profilaktik tədbirlər” üçün ərizəçinin yaşadığı sahəyə göndərilmiş və onlar ərizəçinin ailəsini məcburi çıxarmaq niyyətində olmamışlar. Bundan başqa, dövlət orqanlarına görə, sözügedən sahədən ərizəçinin əşyalarını çıxarmaq qərarı yalnız Çiçək Məmmədova intihar etdikdən sonra yerində qəbul olunmuşdur ki, ərizəçi və onun ailəsinin yoxluğu şəraitində (onların hamısı Çiçək Məmmədovanı xəstəxanaya müşayiət etmək üçün getmişlər) onların əşyalarını qorumaq üçün edilmişdir. Lakin bu dəlillər Məhkəməni inandırmır. Məhkəmə qeyd edir ki, ən azı beş polis əməkdaşı və bir neçə dövlət rəsmiləri bu əməliyyata cəlb olunmuşlar. Bəzi şahidlər (baxın, məsələn, K.A.-nın ifadəsi, 71-ci paraqrafda) ifadə vermişlər ki, yük avtomobili gətirmək qərarı Çiçək Məmmədovanın özünə qəsd etmək cəhdindən əvvəl dövlət orqanlarının rəsmilərinin olay yerinə gəldiyi vaxtda qəbul olunmuşdur. Dövlət orqanlarının niyyətinin yalnız ərizəçi ilə “profilaktik müzakirə” aparmaq olduğu halda, bu sayda polis əməkdaşlarının və yük avtomobilinin hansı səbəbə görə hadisə yerinə gətirilməsinə dair hər hansı ağlabatan izah irəli sürülməmişdir. Bundan başqa, Çiçək Məmmədovanın özünə qəsd cəhdindən sonra sözügedən sahənin və ərizəçinin ailəsinin əşyalarının onlar tərəfindən tərk edilməsi güman olunsa belə, SŞİH-in rəsmiləri tərəfindən əşyaların sahədən götürülərək, çox güman dövlət hesabına digər yerə nəql olunması, eləcə də onların qorunmasının digər, daha asan vasitələrlə təmin olunmaması izah edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, bu qədər polis əməkdaşlarının cəlb olunmasının və yük avtomobilinin hadisə yerinə gətirilməsinin yeganə ağlabatan səbəbi ondan ibarət olmuşdur ki, başlandığı andan əməliyyatın məqsədi ya könüllü tərk etməyə inandırmaq və ya məcburi şəkildə çıxarmaq yolu ilə ərizəçinin ailəsinin həmin gündə sahədən çıxarılmasını təmin etmək olmuşdur. Bu qənaət o faktla təsdiq olunur ki, onların şəxsi əşyaları həqiqətən həmin gün sahədən çıxarılmışdır. Belə olan halda, Məhkəmə yalnız belə nəticəyə gələ bilər ki, sonradan istifadə olumuş “profilaktik tədbirlər” və ya “profilaktik söhbət” kimi müxtəlif qeyri-müəyyən terminlərə baxmayaraq, bu əməliyyatın real məqsədi sözügedən sahədən ərizəçinin ailəsini çıxarmaq olmuşdur.
110. Bundan başqa, bu əməliyyatın qanuni əsaslarla keçirilməsi mübahisəlidir. Hökumət SŞİH rəsmilərinin və polis əməkdaşlarının hazırkı işdə hərəkətləri üçün qanuni əsasa aid hər hansı izah gətirməmişdir. İşdə olan materiallardan görünür ki, SŞİH rəsmiləri və polis əməkdaşları SŞİH-in rəhbərliyindən irəli gələn qeyri-müəyyən ifadəli şifahi göstəriş əsasında hərəkət etmişlər. Ərizəçinin ailəsini çıxarmaq üçün SŞİH-ə və polisə icazə verən hər hansı məhkəmə qərarı olmamışdır. Əməliyyatın qiymətləndirilməsində daxili cinayət təqibi orqanlarının və məhkəmələrin qərarları vahid olmamışdır. Belə ki, bəziləri onların səlahiyyətləri daxilində hərəkət etdiklərini vurğulamış (baxın, 31 və 42-ci paraqraflar), digərləri isə, dövlət orqanlarının hərəkətlərinin qanuniliyinə şübhə ilə yanaşmışlar (baxın, 26, 33 və 39-cu paraqraflar).
111. Buna baxmayaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 2-ci maddəsi üzrə bu şikayətin məqsədləri üçün həmin əməliyyatın qanuni olub-olmaması həlledici məsələ deyildir. Məhkəmə hesab edir ki, ərizəçinin ailəsini çıxarmaq əməliyyatı keçirməklə (qanuni və ya qanunsuz), dövlət orqanları ərizəçinin həyatını qəsdən təhlükəyə qoyan və ya onun intihar etməsinə səbəb olan kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, ağlabatan şəkildə yanaşdıqda, qaçqınlar və ya məcburi köçkünlər kimi əhalinin xüsusilə incə təbəqəsini təşkil edən vəziyyətdə olsa belə, taktiki etiraz kimi özünü yandırma qanunsuz zəbt olunmuş sahədən çıxarılma kontekstində gözlənilən və ya ağlabatan davranış sayılmır. Ailəsini çıxarmaq məqsədilə ərizəçinin evinə polisləri göndərmək qərarını qəbul edərkən, dövlət orqanları ağlabatan şəkildə gözləyə bilməzdilər ki, ərizəçinin arvadı buna intihar etməklə reaksiya göstərəcək. Heç bir sübut təklif etmir ki, əməliyyatdan əvvəl ona cəlb olunmuş Dövlət rəsmiləri Çiçək Məmmədovanın mənəvi vəziyyətindən və ya onun iddia olunan özünü idarə etmək qabiliyyətini itirməsinə meyilli davranışından xəbərdar olmuş və ya olmalı idilər.
112. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə belə nəticəyə gəlir ki, sözügedən sahədən ərizəçinin ailəsini çıxarmaq barədə dövlət orqanlarının qərarı (qanuni olub-olmamasından asılı olmadan), özlüyündə Konvensiyanın 2-ci maddəsi üzrə Dövlətin məsuliyyətinə səbəb olmur. Bundan başqa, malik olduğu sübutları nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin iddialarına baxmayaraq, tələb olunan sübutetmə standartları baxımından, müəyyən etməyə kifayət qədər sübut yoxdur ki, cəlb olunmuş Dövlət rəsmiləri çıxarma prosesi gedişində Çiçək Məmmədovanı özünü yandırmağa təhrik və ya digər yolla sövq etmişlər.
113. Lakin Konvensiyanın 2-ci maddəsi üzrə Dövlətin məsuliyyəti yuxarıdakı qənaətlərlə məhdudlaşmır. Məhkəmə hesab edir ki, hazırkı işdə prinsipial məsələ o faktdan irəli gəlir ki, çıxarma prosesi gedişində hadisələr gözlənilməz şəkildə cərəyan etmiş və Dövlət rəsmilərinin qəflətən sahəni boşaltmaq tələbləri ərizəçinin özünü yandırmaq niyyəti ilə üzləşmişdir. Bu mənada, bu spesifik vəziyyətin Konvensiyanın 2-ci maddəsi üzrə Dövlətin pozitiv öhdəliyinə səbəb olub-olmadığını müəyyən etmək lazımdır; yəni, əməliyyatın müəyyən anında Dövlət rəsmilərinin Çiçək Məmmədovanın intihar etmək barədə real və mütləq təhlükədə olmasından xəbərdar olub-olmaması və ya bu barədə xəbərdar olmalı olduqlarına dair məsələ müəyyən edilməlidir və cavab müsbət olduqda, təhlükəni dəf etmək üçün onların üzərinə düşən bütün hərəkətləri edib-etməmələri aydınlaşdırılmalıdır.
114. Məhkəmə qeyd edir ki, ümumi qayda olaraq çıxarmaq məqsədilə keçirilən polis əməliyyatında, istənilən digər əməliyyatda olduğu kimi, polis hadisələrin müəyyən dərəcədə onun idarəsindən çıxa biləcəyini nəzərə almalıdır. Bundan başqa, hazırkı işdə Çiçək Məmmədovanın hərəkətləri nə qədər gözlənilməz və ya ağlasığmaz olsa belə, Dövlət rəsmilərinin tələb və hərəkətlərinə birbaşa cavab olmuşdur.
115. Məhkəmə hesab edir ki, Dövlət rəsmilərinin gözü qarşısında fərdi şəxs intihar etmək hədəsini bildirdiyi vəziyyətdə və bundan başqa, bu hədə Dövlət rəsmilərinin tələb və hərəkətlərinə birbaşa emosional cavab reaksiyası olduqda, sonuncular bu hədəni fərdi şəxsin həyatına qaçılmaz təhlükəni təşkil edən kimi qəbul edərək, onu fövqəladə ciddiliklə qarşılamalıdırlar. Məhkəmənin qənaətinə görə, hazırkı işdəki kimi vəziyyətdə Dövlət rəsmiləri bu hədə barədə kifayətedici vaxtda əvvəlcədən xəbərdar olduqda, Konvensiyanın 2-ci maddəsi üzrə ortaya çıxan pozitiv öhdəlik onlardan tələb edir ki, belə olan halda ağlabatan və yolverilən olan istənilən vasitələrlə bu hədənin gerçəkləşməsinin qarsısını alsınlar.
116. Hazırkı iş baxımından, Məhkəmə qeyd edir ki, praktiki imkanlar və Dövlət rəsmilərinin hədə barədə xəbərdar olduqları andan asılı olaraq, inter alia, Çiçək Məmmədovanı həyatına təhlükə olan hər hansı hərəkətlərdən daşındırmağı şifahi inandırmaqla vəziyyəti sakitləşdirmək və ya onu üzərinə kerosin tökməkdən fiziki çəkindirmək, yaxud da yandırmağın qarşısını fiziki yolla almaq və ya özünü yandırdıqdan sonra alovu söndürmək kimi bəzi gipotetik addımlar görülməli olan kimi qiymətləndirilə bilər. Belə addımlar həm də təcili tibbi yardım xidmətini çağırmaqla və ya zərərçəkmiş şəxsi xəstəxanaya aparmaqla, təcili tibbi yardım göstərməyi daxil etdirə bilər. Məhkəmə təsdiq edir ki, insan davranışının gözlənilməzliyi və müvafiq olaraq, şifahi hədə ilə özünü yandırma hərəkəti arasında qısa vaxtın olduğunu nəzərə alaraq, onlar həqiqətən məhdud vaxta malik ola bilərdilər və ağlabatan şəkildə hərəkət etmək üçün onların ixtiyarında məhdud vasitələr olmuşdur.
117. Lakin Məhkəmə qeyd edir ki, hazırkı işdə hadisənin özü ətrafında olan dəqiq faktiki hallar həddən artıq mübahisələndirilir və aydın olmaqdan uzaq olmaqla, qurbanın intihar etmək niyyəti barədə Dövlət rəsmilərinin əvvəlcədən xəbərdar olmalı olduğunu və belə olduqda, bu hallarda onlar tərəfindən hansı hərəkətlərin ağlabatan görülə biləcəyini müəyyən etməyi çətinləşdirir. Şahid ifadələrinin ziddiyyətli xarakterini nəzərə alaraq, Dövlət rəsmilərinin Çiçək Məmmədovanın həyatına təhlükədən nə vaxt xəbərdar olduğu dəqiq aydın deyildir. Daha spesifik olaraq, Çiçək Məmmədova özünü yandırmağa hazırlaşmağa başlamaqla özünü yandırdığı vaxtda bütün Dövlət rəsmilərinin ərizəçinin yaşadığı yerin daxilində və ya kənarında olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən, hər hansı Dövlət rəsmilərinin onun hədələrini eşidib-eşitməməsini, onun hazırlaşdığını görüb-görmədiyini və ya yalnız qarşısını almağa artıq gec olduqda bu barədə xəbərdar olduqlarını aydınlaşdırmaq mümkün olmadı. Dövlət rəsmilərindən içəridə olan olubsa, onların qurbandan nə qədər uzaq olduğu aydın deyildir. Bütün Dövlət rəsmiləri kənarda olublarsa, olduqları yerdən onların Çiçək Məmmədovanın müvafiq hərəkətlərini görüb-görmədikləri də aydın deyildir. Hədənin edildiyi anla onun özünü yandırdığı an arasında nə qədər vaxtın keçdiyi və onun nə qədər vaxtda yandığı da aydın deyildir. Bundan başqa, yaxında olanlar tərəfindən Çiçək Məmmədovaya tez və asan yetişməyə hər hansı fiziki maneələrin olub-olmamasını müəyyən etməyi mümkün edən sözügedən sahənin mərtəbə planına və onun daxili və xarici xüsusiyyətlərinə aid hər hansı məlumat yoxdur.
118. Eyni səbəblərə görə, hazırkı işin spesifik hallarında onun həyatını xilas etmək üçün Dövlət rəsmilərinin atmalı olduqları hər hansı spesifik addımları müəyyən etmək mümkün deyildir. Görünür ki, ən azı bir polis əməkdaşı, E.N., bəlkə digər polis əməkdaşlarının köməyi ilə Çiçək Məmmədova özünü yandırdıqdan sonra bədəni üzərindəki yanğını söndürməyə kömək edib. Lakin bu vaxtadək o, artıq həyat üçün təhlükəli olan zədələr almışdır. Daha sonra görünür və Məhkəmə xüsusilə narahatedici hal hesab edir ki, Dövlət rəsmilərindən heç biri təcili tibbi yardım çağırmamış və ya onu xəstəxanaya aparmaq üçün hər hansı kömək göstərməmişdir. Buna baxmayaraq, hadisənin dəqiq hallarına aid malik olduğu məlumatları qiymətləndirərək, Məhkəmə hesab edir ki, bu məlumatlar o qədər məhduddur ki, Çiçək Məmmədovanı intihar etmə təhlükəsindən yayındırmaq və ya ən azı onun aldığı zədələrin miqyasını azaltmaq üçün Dövlət rəsmilərinin görə biləcəyi hər hansı əlavə addımları müəyyən etmək mümkün deyildir.
119. Məhkəmə, həmçinin qeyd edir ki, hazırkı işdə olan vəziyyət, məsələn, həbsdə ölümlə bərabərləşdirilə bilməz. Belə ki, sonuncu halda yük tamamilə Dövlətin üzərinə düşür ki, qaneedici və inandırıcı izahatı təqdim etsin. Bu cür izahatlar olmadıqda, Dövlətin xeyrinə olmayan qənaətlər formalaşa bilər.
120. Göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, müvafiq faktiki detalların olmaması baxımından, Çiçək Məmmədovanın ölümü üçün məsuliyyətin ən azı bir qisminin dövlət orqanlarının üzərinə düşdüyünə dair şübhələr qalır. Lakin malik olduğu materialları qiymətləndirərək, Məhkəmə bu şübhələri müəyyən etməyə kifayət hesab etmir ki, dövlət orqanları yaşamaq hüququnu təmin etmək üçün pozitiv öhdəliklərə zidd hərəkət ediblər.
121. Belə nəticəyə gəlinir ki, iş üzrə bununla bağlı Konvensiyanın 2-ci maddəsi pozulmamışdır.
(ii) İstintaqın adekvat və səmərəli olub-olmamasına dair
122. Çiçək Məmmədovanın həyatının Dövlət rəsmilərinin məsuliyyətini potensial olaraq cəlb edən şəkildə itirildiyini nəzərə alaraq, Konvensiyanın 2-ci maddəsi üzrə pozitiv öhdəlik yaranmışdır ki, onun ölümünə səbəb olan hadisənin halları ilə bağlı səmərəli və adekvat istintaq keçirilsin (müqayisə edin, yuxarıda qeyd olunmuş Serqey Şevçenko, § 66 və yuxarıda qeyd olunmuş Trubnikov, § 89).
123. Məhkəmə hesab edir ki, hazırkı işdə daxili istintaq qeyri-adekvat olmuşdur, ona görə ki, o, hadisədə Dövlət rəsmilərinin rolu və məsuliyyətinin qiymətləndirilməsi üçün bütün müvafiq məsələlərə cavabları tapmamış və onların Çiçək Məmmədovanın həyatını qorumaq öhdəliyi altında olub-olmamasını aşkar etmək üçün zəruri faktiki detalları müəyyən etməmişdir.
124. Xüsusən, görünür ki, istintaq orqanları araşdırmalarını yalnız Dövlət rəsmilərinin Çiçək Məmmədovanın intihar etməsinə Cinayət Məcəlləsinin 125-ci maddəsinin mənasında təhrik edib-etməmələri, başqa sözlə, onun ölümünə səbəb olan hər hansı birbaşa hərəkət törədib-törətməmələri ilə məhdudlaşdırmışlar. Görünür ki, bu suala cavab tapdıqda, istintaq orqanları hər hansı digər istintaq hərəkətlərini zəruri saymamışlar. Lakin hazırkı işdə Dövlət rəsmilərinin müəyyən anda özünə qəsd barədə xəbərdar olub-olmamaları və konkret halda Çiçək Məmmədovanın həyatını qorumaq üçün bütün adekvat və mümkün addımları atıb-atmamaları da araşdırılmalıdır. Bununla belə, aşağıdakı təhlillərdən göründüyü kimi, bu işdə həmin tələblərə riayət edilməmişdir. İstintaqa belə bir səhv yanaşma hazırkı işdə bir çox həlledici faktorların aydınlaşdırılmamasına gətirib çıxarmışdır.
125. İşdə olan materiallardan görünür ki, ümumi qayda kimi şahidlərdən hadisələrin sadəcə olaraq yadda qalan şəkildə ardıcıllığını danışmaq soruşulmuş və yalnız Dövlət rəsmilərinin hər hansı təhrikedici hərəkətlər edib-etmədiyi üzərində ifadələr alınmışdır. İşin bu xüsusi hallarından başqa, istintaq orqanları digər əhəmiyyətli faktiki halların aydınlaşdırılmasına diqqət yetirməmiş və ya bununla bağlı istənilən başqa məlumatları əldə etmək üçün hər hansı əlavə spesifik suallar verməyə cəhd etməmişlər. Nəticədə, spesifik detalları olmayan qısa və abstrakt ifadələr alınmışdır. Hadisələrin ardıcıllığına dair istintaq orqanlarının faktiki qənaətləri çox səthi və qısa olmuş və bir çox vacib faktiki detalları əks etdirməmişdir.
126. Xüsusən, Məhkəmə, ilk növbədə qeyd edir ki, hadisə yerində əməliyyatın keçirilməsi tərzi hazırkı işdə prima facie problematik məsələdir və o, həqiqətən ərizəçinin şikayətlərinə dövlət orqanlarının ilkin reaksiyalarında bu cür qiymətləndirilmişdir (baxın, məsələn, yuxarıda 26-cı paraqraf). Bu məsələ Dövlət rəsmilərinin hərəkətlərinin adekvatlılığının Konvensiyanın 2-ci maddəsi üzrə qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmiş və buna görə, istintaq orqanları tərəfindən əsas narahatlıq məqamı təşkil etməli olmuşdur. Məhkəmənin qənaətinə görə, istintaq orqanları müvafiq polis rəislərindən əməliyyatın planlaşdırılmasına, yerində rəhbərlik ierarxiyasının necə qurulduğuna və olduğu halda, yerə çatdıqdan sonra fərdi polis əməkdaşlarına hansı spesifik əmrlərin verildiyinə aid daha təfsilatlı məlumatları tələb etməli olmuşlar. Bu cür məlumatlar hadisə ilə bağlı halların ümumi şəklini aydınlaşdırmağa kömək edərdi. Lakin bu addımlardan heç biri atılmamışdır.
127. İstintaqın başqa çatışmazlığı dövlət orqanları tərəfindən hadisələrin gedişinin və davamiyyətinin müəyyən edilməsinə və şahid ifadələrindəki ziddiyyətlərə münasibət bildirilməsinə cəhd edilməməsi olmuşdur. Məhkəmənin qənaətinə görə, aydındır ki, Çiçək Məmmədovanın həyatını qorumaq üçün Dövlət rəsmilərinin atdıqları addımların adekvatlılığını və müvafiqliyini müəyyən etmək üçün hazırkı işdə həddən artıq müəyyən etmək əhəmiyyətli olmuşdur ki, inter alia, olduğu halda, hansı konkret əməkdaşlar Çiçək Məmmədovaya yaxın olmuşlar, onlar xanımın ölümünün qarşısının alınmasına fiziki qadir olub-olmamışlar və onun ilkin hədə etməsi ilə öz üzərinə kerosin tökməsi və sonradan özünü yandırması arasında nə qədər vaxt keçmişdir.
128. Əlçatan olan şahid ifadələrində K.A. tərəfindən qapının döyülməsindən sonra nəyin dəqiq və hansı qaydada baş verdiyinə aid ciddi ziddiyyətlər vardır. Xüsusən, ərizəçi və onun ailəsi Dövlət rəsmilərinin daxil olması və Çiçək Məmmədova tərəfindən özünə qəsd barədə hədələri müşahidə etməsi iddia edildiyi halda, cəlb olunmuş Dövlət rəsmilərinin əksəriyyəti sahəyə daxil olmalarını ümumiyyətlə inkar etmiş və özünə qəsd hədələri barədə yalnız Çiçək Məmmədova özünü yandırdıqdan sonra bildiklərini təkid etmişlər. Digər tərəfdən, bəzi Dövlət rəsmiləri, o cümlədən E.Q., Y.A. və K.A., xüsusən iddia etmişlər ki, bir neçə polis əməkdaşları sahəyə daxil olmuşlar (baxın, yuxarıda, 49, 51 və 71-ci paraqraflar), baxmayaraq ki, bu ifadələrdən polis əməkdaşlarının Çiçək Məmmədovanın birbaşa yaxınlığında olub-olmamaları bilinmir. Hər bir halda, bu ifadələr ərizəçinin dediklərinin düzgünlüyünü gücləndirir.
129. Məhkəmə təkrar edir ki, Konvensiyanın 2-ci maddəsi üzrə prosessual öhdəlik konkret nəticəni əldə etmək öhdəliyi deyildir və elə hallar ola bilər ki, sübutların olmadığına və ya onların ziddiyyətli təbiətinə görə hadisələrin hallarının və gedişinin dəqiq müəyyən edilməsi obyektiv mümkünsüz olsun. Belə mümkünsüzlük hər bir halda hərtərəfli və tam istintaqla müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı işdə şahid ifadələrindəki ziddiyyətlərə baxmayaraq, istintaq orqanları hadisənin dəqiq hallarının müəyyən edilməsinin əhəmiyyətinə etinasız yanaşmış və müxtəlif şahidlərin ifadə vermədiyi və ya tam ifadə verə bilmədiyi məqamları aydınlaşdırmaq üçün hər hansı səmərəli addımlar atmamışlar. Buna nail olmaq üçün, inter alia, baş vermiş hadisələrin gedişi və müddətinin spesifik detallarının aydınlaşdırılması üçün şahidlərə spesifik sualların verilməsi, ziddiyyətli ifadələr vermiş şahidlərin üzləşdirilməsi və ərizəçinin qohumları və müvafiq ifadələrində Dövlət rəsmilərinin əksəriyyətinin qeyd etdiyi digər şahidlər kimi hadisəni müşahidə edənlərin müəyyən edilməsi və dindirilməsi təmin edilməmişdir. Qeyd olunan addımların istintaq orqanları tərəfindən atılmaması hadisənin tam və təfsilatlı faktiki təsvirini təqdim etmək üzrə istintaqın uğursuzluğuna töhfə vermişdir.
130. Bundan başqa, ibtidai cinayət araşdırılmasının dəqiq hansı tarixdə başlandığı iş materiallarından aydın deyildir. Lakin aydındır ki, ölümündən əvvəl üç gün xəstəxanada olarkən, Çiçək Məmmədova dindirilməmişdir. Baxmayaraq ki, ərizəçi onun həmin müddətdə danışmağa qadir olduğunu iddia edir. Aydındır ki, zərərçəkənin ifadəsinin alınması, mümkün olduğu halda, istintaqın səmərəliliyi üçün əvəzolunmazdır. Hadisədən sonra dövlət orqanlarına məlum olmuşdur ki, o, həyatda qalmağını qeyri-müəyyən edən həyat üçün təhlükəli zədələr almış və bu səbəbdən, onun ölümündən sonra əldə olunması mümkün olmayan ifadəni tez və düzgün qaydada almağa cəhd etməli olmuşlar. Bunun həyata keçirilməməsi üçün Hökumət və ya daxili istintaq orqanları tərəfindən hər hansı səbəblər irəli sürülməmişdir. Məhkəmənin qənaətinə görə, bu uğursuzluq istintaqın səmərəliliyini heçə endirmişdir (müqayisə edin, Esat Bayram Türkiyəyə qarşı, № 75535/01, § 49, 26 may 2009-cu il).
131. Yuxarıda göstərilənlər Məhkəməni istintaqın intensivliyi məsələsinə gətirib çıxarır. Qeyd edildiyi kimi, dövlət orqanları təcili hərəkətləri həyata keçirməmiş və mümkün olduqda, zərərçəkəni dindirməmişdir. İstintaqın bütövlükdə davamiyyətinə gəldikdə, Məhkəmə qeyd edir ki, iki “ibtidai” cinayət araşdırmaları mövcud olmuş və hazırkı işdə bu araşdırmalardan yalnız biri Konvensiyanın 2-ci maddəsinin prosessual aspektinin məqsədləri üçün bütövlükdə araşdırılmalıdır. Bu mənada, qeyd edilməlidir ki, daxili araşdırmaların ümumi davamiyyəti dörd ildən artıq olmuşdur. İstintaq, səmərəliliyində hər hansı aşkar proqres və görülmüş istintaq tədbirlərinin adekvatlılığında hər hansı əhəmiyyətli inkişaf olmadan bir neçə dəfə dayandırılmış və yenidən başlanılmışdır. Baxmayaraq ki, prokurorlar və ya məhkəmələr bir neçə dəfə istintaqda olan çatışmazlıqları tənqid etmiş və bərpaedici tədbirlərin görülməsini əmr etmişlər (baxın, məsələn, yuxarıda 33 və 39-cu paraqraflar), lakin bu göstərişlərə riayət edilməmişdir.
132. Eyni zamanda, Məhkəmə qeyd edir ki, cinayət araşdırmaları başlanılmış və ərizəçiyə cinayət icraatı üzrə zərərçəkmiş statusu 2006-cı ilin iyununda, yəni arvadının ölümündən iki ildən artıq müddət sonra verilmişdir. Bu səbəbdən o, həmin tarixdən əvvəl atılmış istintaq addımlarının gedişində səmərəli iştirak edə bilməmişdir (müqayisə edin, yuxarıda qeyd olunmuş Trubnikov, § 93 və mutatis mutandis, Muradova Azərbaycana qarşı, № 22684/05, § 130, 02 aprel 2009-cu il). Müvafiq olaraq, Məhkəmə bu nəticəyə gələ bilməz ki, istintaq qohumların qanuni maraqlarını təmin etməklə, ictimai hesabatı təmin etmək tələbinə tam riayət etmişdir.
133. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iş üzrə Çiçək Məmmədovanın ölümündə Dövlət rəsmilərinin məsuliyyət dairəsinin müəyyən olunması üçün Konvensiyanın 2-ci maddəsinə əsasən adekvat və səmərəli istintaq keçirmək üzrə öhdəliyi cavabdeh Dövlət tərəfindən pozulmuşdur.
II. KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI
Ərizəçi ilə iddia olunan pis rəftar
134. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi şikayət edib ki, o, 26 mart 2004-cü il hadisələri zamanı polis əməkdaşları tərəfindən döyülmüş və bundan başqa, arvadının ölümünə gətirib çıxarmış hadisələrin şahidi olmuş, ciddi əsəb və müsibət hissləri keçirmişdir.
135. Çıxarılma zamanı polis tərəfindən iddia olunan döyülməyə gəldikdə, Məhkəmə qeyd edir ki, şikayətin bu hissəsi ilə bağlı mövcud olan sübutlar ərizəçinin pis rəftara məruz qalıb-qalmadığının müəyyən edilməsi üçün kifayət deyildir.
136. Arvadının ölümü nəticəsində ərizəçinin çəkdiyi iddia olunan hisslərə gəldikdə, Məhkəmə təkrar edir ki, malik olduğu məlumatlat əsasında Dövlət rəsmilərinin onun arvadının ölümündə birbaşa və ya dolayısı ilə məsuliyyətli olub-olmamasını müəyyən etmək mümkün olmadı (müqayisə edin, məsələn, Ülkü Ekinci Türkiyəyə qarşı, № 27602/95, § 149, 16 iyul 2002-ci il). Arvadının ölümü ilə bağlı istintaqın qeyri-adekvatlılığının ərizəçidə əsəb və müsibət hisslərinin yaranmasına səbəb ola biləcəyinə baxmayaraq, Məhkəmə Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçiyə aid iddia olunan pozuntunun ayrıca araşdırılmasını əsaslandıran kifayətedici xüsusi məqamları hazırkı işdə görmür (müqayisə edin, mutatis mutandis, yuxarıda qeyd olunmuş Tahsin Acar, § 239; Uçar Türkiyəyə qarşı, № 52392/99, § 110, 11 aprel 2006-cı il və Çakıcı Türkiyəyə qarşı (BP), № 23657/94, §§ 98-99, İHAM 1999 IV).
137. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə müvafiq olaraq rədd edilməlidir.
Ərizəçinin qohumları ilə iddia olunan pis rəftar
138. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi şikayət edib ki, onun oğlu, qayınanası və arvadının bacısı da Çiçək Məmmədovanın ölümünə gətirib çıxaran hadısənin şahidi olmaqla, ciddi əsəb və müsibət hissləri keçirmişlər.
139. Məhkəmə qeyd edir ki, ərizəçinin özü bu şikayətlərin qurbanı olmamışdır. Bu şikayətin aidiyyəti olan qohumlarından heç biri hazırkı iş üzrə tərəf deyil və ya Məhkəməyə şəxsən şikayət verməmişlər. Belə nəticəyə gəlinir ki, Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında bu şikayət ratione personae Konvensiyanın müddəalarına ziddir və 35-ci maddənin 4-cü bəndinə müvafiq olaraq rədd edilməlidir.
C. Ərizəçinin şəxsi həyat və ev hüququnun iddia olunan pozuntusu
140. Konvensiyanın 8-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, məhkəmə qərarı olmadan onu və ailəsini sözügedən sahədən çıxarmaqla, daxili dövlət orqanları onun ev və şəxsi həyat hüququnu pozmuşlar.
141. Şikayət edilən bu məsələlərin Konvensiyanın 8-ci maddəsinin təsir dairəsinə düşdüyü və xüsusilə, sözügedən sahənin Konvensiyanın bu müddəasının mənasında ərizəçinin “evi” kimi qiymətləndirilməsi güman olunsa belə, Məhkəmə hesab edir ki, bu şikayət aşağıdakı səbəblərə görə qeyri-məqbuldur. Doğrudur ki, arvadının ölümü ilə bağlı halların cinayət istintaqı kontekstində ərizəçi dövlət orqanlarının hərəkətlərinin iddia olunan qanunsuzluğuna aid eyni və ya oxşar iddialar etmişdir. Lakin bu istintaqın dairəsi və ya kontekstində həmin iddialar yalnız arvadının ölümündə Dövlət rəsmilərinin məsuliyyətinin müəyyən edilməsi məqsədləri üçün müvafiq ola bilər. İstintaq orqanları bu məsələlərdən heç biri ilə bağlı bərpa etməni təqdim etmək səlahiyyətinə malik olmamışlar və ərizəçinin ev və şəxsi həyat hüququnun iddia olunan pozuntusu üçün lazımi vasitəni təşkil etmir. Məhkəmə qeyd edir ki, ərizəçi bu şikayəti hər hansı digər daxili dövlət orqanı və xüsusilə, bərpa etmənin daha müvafiq ünvanı kimi görünən və inter alia, zərələrə görə kompensasiya tələb edə biləcəyi daxili mülki məhkəmələr qarşısında qaldırmamışdır.
142. Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən daxili vasitələrin tükənməməsi səbəbindən rədd olunmalıdır.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
Zərər
Maddi zərər
144. Ərizəçi maddi zərərə aid aşağıdakı məbləğləri tələb etmişdir: (a) 20.025 avro arvadının dəfni ilə bağlı müxtəlif xərclər; (b) 3.740 avro arvadının ölümündən sonra evdə uşaqları ilə daha çox vaxt keçirməli olduğu üçün əldən çıxmış qazanc; 18.640 avro anasının ölümündən sonra psixiatrik problemlərə düçar olması iddia olunan oğlunun keçmiş və gələcək tibbi müalicəi və xüsusi təhsil xərcləri; 28.000 avro bacısının ölümündən sonra keçirdiyi “psixoloji şok” nəticəsində beyində inkişaf edilməsi iddia olunan şişlə bağlı arvadının bacısının tibbi müalicəsi ilə bağlı keçmiş və gələcək xərcləri.
145. Hökumət qeyd edib ki, ərizəçi iddia olunan maddi zərər üçün hər hansı sübut təqdim etməmişdir.
146. Məhkəmə qeyd edir ki, həqiqətən yuxarıdakı iddialar üçün hər hansı sübut təqdim edilməmişdir. Hər bir halda, Məhkəmə müəyyən olunmuş pozuntu ilə iddia olunan maddi zərər arasında hər hansı səbəbli əlaqə görmür. Buna görə, o, bütün yuxarıdakı tələbləri rədd edir.
Mənəvi zərər
147. Ərizəçi arvadının ölümü və qeyri-adekvat istintaq nəticəsində çəkdiyi mənəvi zərər üçün 80.000 avro; polis tərəfindən iddia olunan döyülmə nəticəsində çəkdiyi mənəvi zərər üçün 25.000 avro; ailə üzvlərinin çəkdikləri mənəvi zərər üçün 18.000 avro; və bütün yuxarıdakılara əlavə olaraq, “Hökuməti gələcəkdə insan hüquqlarına daha böyük hörmətlə davranmağa məcbur etmək üçün” Konvensiyanın bütün iddia olunan pozuntularına görə 92.000 avro tələb etmişdir.
148. Hökumət bildirib ki, tələb olunan məbləğlər həddən artıqdır və pozuntunun müəyyən edilməsi özlüyündə kifayətedici kompensasiyanı təşkil edir.
149. Yuxarıda (b) və (c) bəndlərində tələb olunan məbləğlərlə bağlı Məhkəmə qeyd edir ki, onlar qeyri-məqbul elan etdiyi şikayətlərə aiddir. Yuxarıda (d) bəndində tələb olunmuş məbləğə gəldikdə, Məhkəmə xatırladır ki, o, cəzalandırıcı zərərlər üçün istənilən tələbləri daim rədd etmişdir. Bu səbəblərə görə, Məhkəmə həmin tələbləri rədd edir.
150. Konvensiyanın 2-ci maddəsi üzrə öhdəliklərinə dövlət orqanları tərəfindən riayət edilməməsi nəticəsində çəkilmiş mənəvi zərərə aid tələblərin hissəsinə gəldikdə isə, Məhkəmə hesab edir ki, ərizəçinin çəkdiyi zərər sadəcə olaraq pozuntunun müəyyən edilməsi ilə kompensasiya oluna bilməz. Ədalətli əsaslarla qərar çıxararaq, Məhkəmə mənəvi zərərə görə ərizəçiyə 20.000 avro kompensasiya təyin edir.
Xərc və məsrəflər
151. Ərizəçi, həmçinin daxili araşdırmalarda çəkdiyi müxtəlif xərc və məsrəflərə görə 3.100 avro və Məhkəmə qarşısında xərclərə görə (hüquqi xidmətlər üçün 1.500 avro, tərcümə xərcləri üçün 800 avro və dəftərxana və poçt xərcləri üçün 200 avro daxil omaqla) 2.500 avro tələb etmişdir.
152. Hökumət qeyd edib ki, ərizəçi yalnız poçt xidmətləri hissəsinə aid sübutları təqdim etmiş və qalan tələblər üçün sübut təqdim etməmişdir.
153. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçi yalnız təxminən 70 avro məbləğində poçt qəbzləri qismində poçt xidmətləri hissəsinə aid sübutları təqdim etmişdir. Qalan tələblər hər hansı sənədlərlə təsdiq olunmamışdır. Daha sonra Məhkəmə qeyd edir ki, hazırkı işlə bağlı ərizəçi Avropa Şurasından hüquqi yardım kimi 85- avro almışdır. Müvafiq olaraq, malik olduğu məlumatları və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə hesab edir ki, xərc və məsrəflərə görə hər hansı əlavə məbləğin təyin edilməsinə əsas yoxdur.
C. Faiz dərəcəsi
154. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ
Konvensiyanın 2-ci maddəsi üzrə şikayətləri məqbul və şikayətin qalan hissəsini, yekdilliklə, qeyri-məqbul elan edir;
İş üzrə yaşamaq hüququnu müdafiə etmək üzrə pozitiv öhdəliyə aid Konvensiyanın 2-ci maddəsinin pozulmadığını, beş səslə iki səsə qarşı, qərara alır;
Çiçək Məmmədovanın ölümü üçün Dövlətin məsuliyyətinin dairəsinin müəyyən edilməsi üçün səmərəli istintaqın dövlət orqanları tərəfindən aparılmamasına aid iş üzrə Konvensiyanın 2-ci maddəsinin pozulduğunu, yekdilliklə, qərara alır;
4. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində Hökumət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə mənəvi zərərə görə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla 20.000 avro (iyirmi min avro);
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
5. Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 17 dekabr 2009-cu ildə göndərilib.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə reqlamentinin 74-cü qaydasının 2-ci bəndinə müvafiq olaraq, hakimlər Spilman və Malinverninin xüsusi rəyi bu qərara əlavə olunur.
HAKİMLƏR SPİLMAN VƏ MALİNVERNİNİN XÜSUSİ RƏYİ
Biz, Çiçək Məmmədovanın ölümünə görə Dövlətin məsuliyyət dairəsinin müəyyən edilməsi üçün səmərəli istintaqın dövlət orqanları tərəfindən aparılmamasına aid iş üzrə Konvensiyanın 2-ci maddəsinin pozulduğuna dair çoxluğun qənaəti raziyiq.
Lakin çoxluqdan fərqli olaraq, biz hesab edirik ki, bu işdə dövlət orqanları, həmçinin ərizəçinin arvadının həyatını qorumaq üçün Konvensiyanın 2-ci maddəsinə əsasən onların üzərində olan pozitiv öhdəliyə riayət etmədikləri üçün də məsuliyyət daşıyırlar.
Bununla bağlı, biz təkrar etmək istəyirik ki, Konvensiyanın 2-ci maddəsinin birinci cümləsi Tərəf Dövlətlərin üzərinə yurisdiksiyaları daxilində hər kəsin həyatını qorumaq üçün zəruri addımları atmaq öhdəliyini qoyur (baxın, L.C.B. Birləşmiş Krallığa qarşı, 09 iyun 1998-ci il, § 36, Qərar və Qərardadların Hesabatı, 1998 III). Bu, həmçinin müvafiq hallarda dövlət orqanlarının üzərinə pozitiv öhdəlik qoyur ki, fərdi şəxsi digər fərdi şəxsdən və ya xüsusi hallarda özündən qorumaq üçün qabaqlayıcı əməliyyat tədbirləri görsünlər (baxın, Osman Birləmiş Krallığa qarşı, № 27229/95, § 89, İHAM 2001 III; və Renold Fransaya qarşı, № 5608/05, § 81, 16 oktyabr 2008-ci il).
Özünə qəsd etməkdən konkret fərdi şəxsin həyatına real və birbaşa təhlükə barədə həmin anda dövlət orqanlarının xəbərdar olduğu və ya olmalı olduğu və imkanları dairəsində təhlükəni aradan qaldırmaq üçün ağlabatan hesab olunan tədbirlər görmədiyi müəyyən edildikdə, bu pozitiv öhdəlik riayət edilməmiş olar (baxın, Branko Tomaic və digərləri Xorvatiyaya qarşı, № 46598/06, § 51, İHAM 2009-., və Tanribilir Türkiyəyə qarşı, № 21422/93, § 70, 16 noyabr 2000-ci il).
Hazırkı işdə əsas məsələ əməliyyatın gedişinin müəyyən anında Dövlət rəsmilərinin Çiçək Məmmədovanın öz həyatına qəsd etməsinin real və birbaşa təhlükəsi barədə xəbərdar olduğu və ya olmalı olduğu halda, təhlükənin qarşısını almaq üçün onlar tərəfindən ağlabatan gözlənilən bütün addımların atılıb-atılmamasından ibarətdir.
Biz bildirmək istəyirik ki, ümumi qayda kimi istənilən polis əməliyyatında polis, nəzarəti altında olan hadisələrin gedişini idarə etməlidir. Fərdi şəxs Dövlət rəsmilərinin qarşısında özünə qəsd etməklə hədələyirsə və bu hədə Dövlət rəsmilərinin hərəkətlərinə emosional cavab olaraq edilirsə, sonuncular bu hədəni nə qədər gözlənilməz olmasından asılı olmadan fərdi şəxsin həyatına qaçılmaz təhlükə kimi ona fövqəladə ciddiliklə yanaşmalıdırlar.
Bizim fikrimizcə, hazırkı işdəki kimi vəziyyətdə Dövlət rəsmiləri belə hədədən kifayət qədər əvvəl xəbərdar olduqda, Konvensiyanın 2-ci maddəsi üzrə yaranan pozitiv öhdəlik onlardan tələb edir ki, ağlabatan və yolverilən olan istənilən vasitələrlə bu hədəni reallaşdırmağın qarşısını alsınlar.
Hazırkı iş baxımından, Dövlət rəsmiləri hədə barədə xəbərdar olan kimi Çiçək Məmmədovanı həyatına təhlükəli olan hər hansı hərəkətdən daşındırmağa şifahi inandırmaqla vəziyyəti sakitləşdirə bilərdilər.
Bundan sonra, yazıq qadın üzərinə kerosin tökən kimi onlar işə qarışmalı və onu özünü yandırmaqdan çəkindirməli idilər. Əvəzində, polis əməkdaşları onun hədələrini ciddi qarşılamamışlar. Onlardan biri hətta kibrit qutusunu ona təklif edərək, sözünü tutmağa və özünü yandırmağa çağırmışdır (baxın, 17-ci paraqrafa). Digər tərəfdən, bu detal, həmçinin onu göstərir ki, polis əməkdaıları həmin vaxtda onun yanında olmuşlar. Yalnız bir polis əməkdaşı Çiçək Məmmədovanı yorğanla bürüməklə, yanğını söndürməyə çalışmışdır.
Əlavə olaraq və bu hal xüsusilə narahatlıq doğurur ki, Dövlət rəsmilərindən heç biri təcili tibbi yardım çağırmağa və ya onu xəstəxanaya aparmaq üçün hər hansı kömək göstərməyə çalışmamışdır.
Bu çatışmazlıqlar bizi bu nəticəyə gətirir ki, polis əməkdaşları Konvensiyanın 2-ci maddəsi əsasında üzərlərində olan pozitiv öhdəliklərə riayət etməmişlər və buna görə, iş üzrə bu maddə pozulmuşdur.
Full & Egal Universal Law Academy