Milo (Milhau) Fransaya qarşı – ərizə № 4944/11
10.7.2014 tarixli qərar [V Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsi
Mülkiyyətdən məhrumetmə
Əmlakın başqasının mülkiyyətinə verilməsi barədə qərar çıxarılarkən kompensasiya ödənişinin digər üsullarının nəzərdən keçirilməməsi: pozuntu baş verib
Faktlar – 2001-ci ildə ərizəçinin arvadı nikahın pozulması üçün məhkəməyə müraciət verdi. Məhkəmə təkcə ərizəçinin təqsirkar hesab edilməsi əsasında boşanma müraciətini təmin etdi. Daxili məhkəmələr qeyd etdilər ki, nikaha xitam verilməsi keçmiş ər-arvadın maddi vəziyyətində qeyri-bərabərlik yaradıb və bu vəziyyəti düzəltmək üçün ərizəçinin keçmiş arvadına maddi xarakterli kompensasiya ödənişi edilməlidir. Ərizəçinin çoxlu və müxtəlif növ əmlaklarının olduğuna baxmayaraq, daxili məhkəmələr qərara aldılar ki, kompensasiya ərizəçinin ayrıca mülkiyyətində olan villanın verilməsi formasında ödənilməlidir. Bu qərardan hüquqi məsələlərlə bağlı apellyasiya şikayəti verən ərizəçi konkret olaraq bildirdi ki, Mülki Məcəllənin 275-ci maddəsi hakimə mülkiyyətin başqasına verilməsi barədə qərar çıxarmaq səlahiyyəti versə də, həmin maddə kompensasiya xarakterli maliyyə ödənişi etməyə borclu olan şəxsin yalnız öz öhdəliyini başqa formada yerinə yetirməsi mümkün olmadığı təqdirdə tətbiq edilə bilərdi və bu şərtə riayət edilməməsi 1 saylı Protokolun 1-ci maddəsini pozmuş olub.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Tərəflər arasında bu məsələdə fikir ayrılığı yoxdur ki, mülkiyyətin məcburi şəkildə, bütünlüklə və qəti qərarla başqasına verilməsi "mülkiyyətdən məhrumetmə" təşkil edib. Məhkəmə bunu da sübuta yetirilmiş hesab etdi ki, ərizəçinin mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə baş verib. Bundan əlavə, məcburi kompensasiya tədbirinin hüquqi əsası vardı. Kompensasiyanın borclunun əmlakının məcburi qaydada başqasına keçməsi formasında ödənilməsi barədə məhkəmələrin qərar çıxarmasına icazə verən kompensasiya xarakterli maliyyə ödənişləri haqqında qanun kompensasiyanın birdəfəlik ödəniş formasında ödənilməsini nəzərdə tutan qanunverici orqanın ilkin niyyətindən sui-istifadə edilməsi hallarını aradan qaldırmağa yönəlmişdi. Bu tədbir qanuni məqsəd daşıyırdı, yəni boşanmanın maliyyə xarakterli nəticələrini tez bir zamanda nizamlamaq və boşanma elan olunduqdan sonra əlavə icraata ehtiyac yaranması ehtimalını azaltmaq məqsədini güdürdü. Beləliklə, müdaxilə cəmiyyətin ümumi maraqlarına uyğun idi.
Milli məhkəmələrin bu qanuna verdiyi şərh ondan ibarət idi ki, qanun onların kompensasiya xarakterli maliyyə ödənişi üsulu kimi ərizəçinin əmlaklarından birinin məcburi qaydada başqasına verilməsi barədə qərar çıxarmalarına və bu zaman onun sahib olduğu əmlakların ümumi dəyərini və ya ödəniş üsulu kimi onun başqa əmlakları təklif etmək istəyini nəzərə almamalarına icazə verir. Kompensasiya ödənişinin üsulu kimi villanın başqasına verilməsi barədə məhkəmələrin qərarı ərizəçinin borcu başqa üsullarla ödəmək iqtidarında olmamasına əsaslanmamışdı: rayon və apellyasiya məhkəmələrinin bu məsələni geniş şəkildə əsaslandırdıqları müxtəlif qərarlarından aydın olurdu ki, ərizəçi borcunu birdəfəlik ödəniş formasında ödəməsinə imkan verəcək qədər çoxlu əmlaka sahibdir. Müvafiq olaraq, barəsində ərizəçinin şikayət etdiyi tədbirə əl atmadan qanunun güddüyü qanuni məqsədə nail olmaq olardı. Bundan başqa, Mülki Məcəllənin müddəalarının Konstitusiyaya uyğunluğu məsələsi ilə bağlı Konstitusiya Şurası tərəfindən qəbul edilən, yəqin ki, araşdırılan dövrdən sonrakı vaxta təsadüf edən, amma məzmunu hazırkı işə tətbiq edilmə baxımından aktuallıq kəsb edən qərara əsasən ödəniş forması kimi əmlakın başqasına verilməsi variantı yalnız o halda etibarlı sayılırdı ki, birdəfəlik ödənişin məbləği kompensasiya ödənişini təmin etmək üçün yetərli hesab edilmədiyi hallarda bu sxemdən "alternativ" variant kimi istifadə edilmiş olsun.
Yuxarıdakıları nəzərə alsaq, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında təmin edilməli ədalətli balans gözlənilməyib. Hazırkı işdə ərizəçinin üzərinə "fərdi və həddən artıq ağır yük qoyulmuşdu" və bu hal yalnız o zaman qanuni sayıla bilərdi ki, onun qanuna əsasən borcunu sərəncamında olan digər üsullarla, yəni pul formasında, yaxud bir və ya bir neçə digər əmlakı üzərində hüquqlarını başqasına vermək yolu ilə ödəməsinə imkan yaradılsın.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 10.000 avro təyin edildi; maddi ziyanla bağlı tələb rədd edildi.
Full & Egal Universal Law Academy